-------
| Áèáëèîòåêà iknigi.net
|-------
|  Fyodor Mixayloviç Dostoyevski
|
|  UTANCAQ QIZ
 -------

   Fyodor Dostoyevski
   UTANCAQ QIZ


 //-- Ô¸äîð Äîñòîåâñêèé --// 
 //-- ÊÐÎÒÊÀß --// 


   Bakı, Qanun nəşriyyatı, 2020, 80 səh.
   Tərcüməçi: Mehdi Mirkişiyev
   Mətn dizaynı: Günay Seyidova
   Qapaq dizaynı: Rafael Qasım
   Qanun Nəşriyyatı
   Bakı, AZ 1102, Tbilisi pros., 76
   Tel: (+994 12) 431-16-62; 431-38-18
   Mobil: (+994 55) 212 42 37
   e-mail: info@qanun.az
   www.qanun.az
   www.fb.com/Qanunpublishing
   www.instagram.com/Qanunpublishing
   AB 022051 / İN 0242
   © QANUN nəşriyyatı, 2020
   © Gənclik, 1985


   Müəllifdən

   Oxucularımdan üzr istəyirəm: bu dəfə onlara həmişəki adicə “gündəlik” əvəzinə hekayə verirəm. Ancaq, doğrusu, mən ayın çox qismini bu hekayəyə sərf etmişəm. Hər halda, gərək oxucularım təqsirimdən keçələr.
   İndi də hekayə barədə. Özüm hekayəni son dərəcə real hesab eləsəm də, mən ona “fantastik” deyirəm. Ancaq hekayədə əslində fantastiklik də var, özü də fantastiklik məhz hekayənin formasının özündədir; bu səbəbdən də qabaqcadan izahata ehtiyac duyuram.
   Məsələ burasındadır ki, bu nə hekayədir, nə də qeyd. Təsəvvürünüzə bir kişi gətirin, bu kişinin arvadı azacıq əvvəl özünü pəncərədən atıb öldürmüşdür, indi onun meyiti stolun üstünə uzadılmışdır. Kişi özünü itirmişdir və hələ ağlını başına cəm eləməyə macal tapmamışdır. Otaqlarda var-gəl eləyir, olub-keçənləri dərk eləməyə, “fikrini bir nöqtəyə cəmləməyə” çalışır. Üstəlik də o, bədbinlik iliyinə-qanına yerimiş, öz-özüylə danışan adamlardandır. Ona görə də öz-özüylə söhbət eləyir, əhvalatı danışır, olub-keçənləri ayırd eləmək, aydınlaşdırmaq istəyir. Söhbəti zahirən ardıcıl, rəvan görünsə də o həm məntiq, həm də hiss sarıdan dönə-dönə öz-özünü dolaşdırır. Kişi özünü təmizə çıxardır və qızı təqsirləndirir, uzun-uzadı təfərrüata varır: bu təfərrüatda fikir kobudluğu da, daşürəklilik də, üstəlik dərin hiss də var. Yavaş-yavaş kişi doğrudan da məsələni aydınlaşdırır və “fikrini bir nöqtəyə” cəmləyir. Yadına düşən bir sıra xatirələr, nəhayət, gətirib onu sarsılmaz həqiqətə çıxarır; həqiqət onu şübhədən qurtarır, ağlını və qəlbini ucaldır. Hətta hekayənin əvvəlində dağınıq görünən ahəng də axıra yaxın nisbətən dəyişir. Bu bədbəxt insan həqiqəti aydın, aşkar görür, hər halda ona belə gəlir.
   Mövzu belədir. Əlbəttə, hekayədə təsvir olunan əhvalat bir neçə saat davam eləyir; qırıq-qırıq, ara-bərəli, dolaşıq formada: o gah əhvalatı öz-özünə danışır, gah da üzünü elə bil ki, qaibanə bir dinləyiciyə, hakimə tutur. Əslində belə hallarda həmişə elə bu cür də olur. Əgər bir stenoqraf xəlvəti onun danışığına qulaq assa və ağzından çıxanları olduğu kimi qələmə ala bilsə, söhbət mənim təsvir elədiyimdən daha köntöy, yonulmamış çıxardı, ancaq psixoloji ardıcıllıq, düzüm, mənə elə gəlir ki, bəlkə də elə bu sayaq qalardı. Bu hekayədə mənim fantastiklik hesab elədiyim də elə həmin o hər şeyi qələmə almış stenoqraf gümanıdır (Əlbəttə, mən onun yazdıqlarını sonra işləyib düzəldərdim). Ancaq onu da deyim ki, bu cür əhvalat incəsənətdə, ədəbiyyatda dönə-dönə olmuşdur: məsələn, Viktor Hüqo özünün “Ölüm məhbusunun son günü” şah əsərində, demək olar ki, bu sayaq bir ustadan istifadə eləmişdir, ancaq o, stenoqrafın obrazını yaratmasa da, daha böyük uydurmaçılığa yol vermişdir, belə güman eləmişdir ki, ölümə, məhkum olunan insan ölümünün son günü, hətta son saatı, həqiqi mənada son dəqiqəsi də qeydlər eləyə bilər (buna onun vaxtı da var). Lakin Hüqo bu fantaziyaya uymasaydı, bu əsər – yazdığı bütün əsərlərin hamısından ən gerçək, ən inandırıcı, həqiqətə ən yaxın əsər də olmazdı.


   BİRİNCİ FƏSİL


   I

 //-- MƏN KİMDİM, O QIZ KİMDİ --// 
   Hələ ki buradadır, birtəhər keçinirəm: dəqiqəbaşı yaxınlaşıb baxaram; amma sabah gəlib aparacaqlar, bəs onda, tək-tənha qalanda, mənim halım necə olacaq? O indi böyük otaqda, bir-birinin yanına qoyulmuş qumar stollarının üstündədir, tabutu sabah gətirəcəklər, ağ, ağappaq qrodenapl… Xülasə, sözüm onda deyil… Mən var-gəl eləyə-eləyə bir şeyi başa düşmək istəyirəm. Altı saatdır ki, başa düşməyə çalışıram, amma heç cür fikrimi bir nöqtəyə cəmləşdirə bilmirəm. Məsələ burasındadır ki, mən elə hey gəzişirəm, gəzişirəm, gəzişirəm… Əhvalatı olduğu kimi danışacağam. Bir-bir, qaydaylı danışacağam (qaydayla!). Cənablar, mən əsla yazıçı-zad deyiləm, bunu özünüz də görürsünüz, ancaq yazıçı olmayanda nə olar; danışacağam, özüm bildiyim kimi… Mənim bədbəxtliyim orasındadır ki, hər şeyi başa düşürəm!
   Əgər bilmək istəsəniz, yəni əgər əhvalatı lap əvvəlindən bilmək istəsəniz, onda deməliyəm ki, bu qız o vaxtlar “Qolos”da dərc etdirdiyi elanın xərcini ödəmək üçün mənim yanıma elə-belə, bir şey girov qoymağa gəlirdi; guya mürəbbiyəydi, başqa yerə də getməyə razıydı, evlərdə dərs deyə bilərdi və sairə və sairə. Lap əvvəl belə idi, mən də söz yox ki, onu başqa müştərilərdən ayırmırdım. Hamı kimi gəlir və sairə. Sonra gözüm onu aldı. Çox zəif, sarışın, ortaboylu bir qızdı; mənimlə danışanda özünü itirirdi, elə bil utanırdı (mən elə bilirəm, bütün yad adamlarla belə davranırdı, mən də söz yox ki, onun gözündə başqalarından fərqlənmirdim, əlbəttə, bir sələmçi kimi yox, insan kimi). Pulunu aldımı, dərhal dönür, çıxıb gedirdi. Həmişə də dinməzcə. Başqaları çənə döyür, yalvarır, çox almağa çalışırdı, amma bu yox, nə verirdin, onu da alırdı… Deyəsən, əhvalatı dolaşdırdım. Bəli, əvvəlcə məni təəccüb qoyan onun gətirdiyi şeylər oldu; qızıl suyuna salınmış gümüş sırğalar bir qara qəpiyə dəyməyən medalyon – hamısının iki şahı qiyməti vardı. Qız özü də bilirdi ki, malı iki qara şahıya dəyməz, ancaq üzündən görürdüm ki, bunlar onun aləmində çox qiymətli daş-qaş kimi bir şeydir: doğrudan da ata-anasından qalan şey elə bunlardı, bunu mən sonralar öyrəndim. Tək bircə dəfə gətirdiyi şeylərə baxanda, istehza ilə gülümsündüm. Doğrusu, mən ömrümdə belə iş tutmaram camaatla centlmen kimi rəftar eləyirəm: az danışıram, nəzakətli, ciddi oluram. “Ciddi, ciddi, ciddi”. Ancaq o bir cavandır (həqiqi mənada), köhnə, dovşan dərisindən gödəkcə gətirmişdi, mən özümü saxlaya bilmədim, birdən ona nə isə guya məzəli bir söz dedim. İlahi, necə qızardı! Onun iri, ala dalğın gözləri necə alovlandı! Amma bircə kəlmə də danışmadı, cır-cındırını yığıb getdi. Bu vaxt mən ilk dəfə ona əməlli-başlı fikir verdim və ürəyimdən bir fikir keçdi, yəni ağlıma yaxşı bir niyyət gəldi. Bəli, onun bağışladığı təəssürat, yəni bilmək istəsəniz, yaxşı təəssürat, gəldiyim nəticə də yadımdadır: fikirləşdim ki, çox gəncdir, lap uşaqdır, on dörd yaşı var. Amma o vaxt qızın on altı yaşının tamamına üç ay qalmışdı. Əslində mən bunu demək istəmirəm, gəldiyim nəticə heç də bu deyildi. Ertəsi gün yenə gəldi. Sonralar öyrəndim ki, bu dovşan dərisini o, Dobronravovun da, Mozerin də yanına aparıb; ancaq onlar qızıldan başqa heç nə götürmürdülər, ona görə də qızla heç danışmaq istəməyiblər. Amma mən bir dəfə ondan çox qiymətsiz bəzək şeyləri qəbul eləmişdim, sonra fikirləşəndə, özüm də təəccüb qaldım: axı mən də qızıl-gümüşdən başqa heç nə götürmürdüm, amma onun bəzək şeylərini götürmüşdüm. Yadımdadır, onda qız barədə ikinci dəfə düşünmüşdüm.
   Bu dəfə, Mozerə göstərəndən sonra, mənə o, bir kəhrəba müştük gətirmişdi, babat şeydi, müştərisi olardı, ancaq bizim aləmimizdə heç nəyə dəyməzdi, çünki biz ancaq qızıl götürürdük. Dünənki qiyamdan sonra mən onu ciddi qarşıladım. Ciddilik mənim aləmimdə quruluq deməkdir. Ancaq yenə də iki manatını verəndə, özümü saxlaya bilmədim, bir az əsəbi halda dedim: “Bunu sizin xatirinizə götürürəm, belə şeyi Mozer götürməz”. Sizin xatirinizə sözünü xüsusi qeyd elədim, özü də müəyyən mənada. Acıqlı idi. Bu sözü eşidəndə yenə qıpqırmızı qızardı, ancaq dinmədi, pulu tullamadı, götürdü – kasıblığın üzü qara olsun! Amma necə qızardı! Başa düşdüm ki, sancmışam. Qız bayıra çıxandan sonra öz-özümdən soruşdum: onu pərt eləməyim iki manata dəyər? Hi, hi, hi! Yadımdadır, bu sualı iki dəfə təkrar elədim: “Dəyər? Dəyər?” Gülə-gülə özlüyümdə bu suala müsbət cavab verdim. O vaxt kefim yaman durulmuşdu. Ancaq ürəyimdə pis niyyət yox idi; sınamaq istəyirdim, çünki birdən beynimdə bu qız barədə bəzi fikirlər dolaşmağa başlamışdı. Üçüncü dəfə idi ki, mən onun haqqında əməlli-başlı düşünürdüm.
   …Elə bütün əhvalatlar da o vaxt başladı. Söz yox ki, mən dərhal qız barədə hər şeyi xəlvətcə öyrənmişdim və indi çox səbirsizliklə gəlişini gözləyirdim. Ürəyimə dammışdı ki, o tezliklə gələcəkdir. Gələn kimi, çox nəzakətli, şirin-şirin söhbətə başladım. Axı mən yaxşı tərbiyə görmüş adamam, özümü aparmağı bacarıram. Bəli. Söhbət əsnasında başa düşdüm ki, o, xeyirxah, utancaq qızdır. Xeyirxah və utancaq qızlar isə çox yumşaq, yolayaxın olurlar, ürəklərini tamam açmasalar da, yaxalarını söhbətdən heç cür qurtara bilmirlər. Qısa da olsa, cavab verirlər, getdikcə də dilləri açılır, təki sən özün yorulmayasan; əlbəttə, əgər buna ehtiyac varsa. Aydın məsələdir ki, qız özü o vaxt mənə heç nə demədi. “Qolos” məsələsini də, başqa şeyləri də mən sonra öyrəndim. O vaxt qız dalbadal elanlar verirdi, əvvəllər söz yox ki, özünü tox tuturdu: “Mürəbbiyəyəm, başqa yerə getməyə də razıyam, şərtlərinizi zərfə qoyun, göndərin”, amma sonra dəyişdi: “Hər şeyə razıyam, dərs də deyərəm, başqa işlər də görərəm, ev işlərinə də əl yetirərəm, xəstəyə də qulluq eləyərəm, əlimdən paltar tikmək də gəlir” və sair və sair… Bu qaydada sadalayırdı! Aydın məsələdir ki, bunları qız hər dəfə elan verəndə bir-bir əlavə edirdi, axırda, ümidini tamam itirəndə, hətta “maaşsız, bir qarın çörəyə” də razı oldu. Amma iş tapa bilmədi! Mən onda qızı son dəfə sınamaq qərarına gəldim: həmin gün çıxmış “Qolos”u götürüb, ona bir elan göstərdim: “Atadan-anadan yetim cavan bir qız, yaşlı dul kişi uşaqlarına mürəbbiyəlik yeri axtarır. Ev-eşik işlərinə də kömək eləyə bilər”.
   Yenə qıpqırmızı qızardı, yenə gözlər od tutub yandı, dərhal döndü, çıxıb getdi. Hərəkəti çox xoşuma gəldi. Ümumiyyətlə, mən o vaxt çox arxayındım, heç nədən qorxmurdum: bilirdim ki, müştükləri heç kim qəbul etməyəcək. Halbuki onun müştüyü də qurtarmışdı. Fikirləşdiyim kimi də oldu, üçüncü gün gəldi, bəti-bənizi qaçmışdı, həyəcanlı idi, mən başa düşdüm ki, evdə nə isə bir hadisə olub, doğrudan da elə idi. Bu saat əhvalatı açıb danışaram, ancaq hələlik o zaman qəflətən necə əliaçıqlıq elədiyimi və onun gözündə necə ucaldığımı xatırlamaq istəyirəm. Bu fikir ağlıma qəfil gəlmişdi. Məsələ burasındadır ki, o, bir ikona gətirmişdi (nəhayət ürək eləyib gətirmişdi)… Hə, hə, qulaq asın! Qulaq asın! İndi gəldim mətləb üstünə, yoxsa bayaqdan elə hey çaşıram… Məsələ burasındadır ki, mən indi bütün olub-keçənləri yadıma salmaq istəyirəm, hər şeyi, bütün təfərrüatı, bütün cizgiləri ilə. Ha çalışıram fikrimi bir nöqtəyə cəmləşdirim, bacarmıram, amma o cizgilər, o cizgilər…
   Məryəm ananın surəti idi, qucağı körpəli Məryəm ananın; ev-ailə surəti idi, qədim şeydi, qızıl suyuna salınmış gümüş cübbəsi vardı, necə deyim, altı manata dəyərdi. Gördüm ki, qız surəti çox əziz tutur, onu bütöv, cübbəsini çıxartmadan girov qoymaq istəyir. Dedim ki, yaxşı olar cübbəni çıxarıb mənə verəsiniz, surəti isə götürüb aparasınız, yoxsa surət, necə deyərlər hər halda…
   – Məgər qadağandır?
   – Xeyr, məsələ qadağan məsələsi deyil, elə-belə, bəlkə sizin özünüzə…
   – Yaxşı çıxardın.
   Bir qədər fikirləşib dedim:
   – Bilirsiniz nə var, cübbəni çıxarmayacağam, bax ora, ikona saxlanan şkafa, başqa ikonaların yanına, qəndilin altına qoyacağam (kassanı açan gündən dükanımda həmişə qəndil yanardı), elə-belə on manat verərəm.
   – Mənə on manat lazım deyil, beş manat verin, sonra mütləq borcunuzu qaytarıb surəti alacağam.
   Yenə gözlərinin parıldadığını görüb dedim:
   – On manat istəmirsiniz? Surəti bu qiymətə dəyər. – Qız dinmədi. Mən çıxarıb ona beş manat verdim.
   – Heç kimə nifrət eləməyin, mən özüm də bu çətinlikləri, hətta bundan da betərini görmüşəm, indi məni bu işlə məşğul görürsünüz… amma buna qədər başım çox bəlalar görüb, çox əziyyətlər görmüşəm…
   – Siz cəmiyyətdən qisas alırsınız? Hə? – Birdən o çox acı istehza ilə mənim sözümü kəsdi, ancaq onun bu istehzasından hədsiz məsumluq vardı (daha doğrusu, məsumluğa oxşar bir şey vardı, çünki o zaman bu qız mənimlə başqalarına qətiyyən fərq qoymurdu, ona görə, çox güman, ürəyimə toxunmaq istəmirdi). “Aha – öz-özümə fikirləşdim, – sən beləymişsən, yavaş-yavaş xasiyyətini, hansı yuvanın quşu olduğunu büruzə verirsən”.
   Mən dərhal yarızarafat, yarımüsəmalı cavab verdim:
   – Bilirsiniz nə var, “mən elə bir bəndəyəm ki, pislik eləmək istəyəndə də pisliyim dönüb yaxşılıq olur”.
   Qız cəld başını qaldırıb, çox maraqla üzümə baxdı, ümumiyyətlə, onun marağında hədsiz uşaqlıq vardı:
   – Dayanın… bu nə fikirdir? Haradandır? Mən bunu haradasa eşitmişəm…
   – Başınızı sındırmayın, bu ifadəni Mefistofel Faustla tanış olanda deyir. “Faust”u oxumusunuz?
   – Elə-belə, səthi.
   – Daha doğrusu, heç oxumamısınız. Oxumaq lazımdır. Amma mən yenə sizin dodaqlarınızda istehza görürəm. xahiş edirəm, məni çox zövqsüz adam saymayın, elə hesab eləməyin ki, sələmçi rolumu bəzəmək üçün özümü Mefistofel kimi təqdim eləyirəm. Sələmçi elə sələmçidir. Bilirəm.
   – Siz nə isə qəribə adamsınız… Mən qətiyyən belə şey demək fikrində olmamışam…
   Qız demək istəyirdi: mən sizin savadlı adam olduğunuzu bilmirdim, ancaq demədi, bununla belə mən onun fikrini duydum; qızın ürəyindən xəbər vermişdim.
   Mən dedim:
   – Bilirsinizmi, hər işdə yaxşılıq eləmək olar. Mən əlbəttə, özüm barədə danışmıram, mənim, tutalım ki, əlimdən pislikdən savayı ayrı iş gəlmir, ancaq…
   O, cəld başını qaldırıb, diqqətlə üzümə baxdı və dedi:
   – Əlbəttə, hər sahədə yaxşılıq eləmək olar… Məhz hər sahədə, – deyə qəflətən əlavə etdi. Yaxşı yadımdadır, bu anların hamısı yadımdadır! Bir də əlavə eləmək istəyirəm ki, bu gənclər, sevimli gənclər, ağıllı, mənalı bir şey demək istəyəndə, qəflətən sifətləri çox səmimi və məsum ifadə alır, elə bil deyirlər; “görürsünüzmü, mən indi sizə ağıllı, mənalı söz deyirəm”, – özü də bunu bizim kimi şöhrətpərəstlik xatirinə eləmirlər, elə-belə eləyirlər, həm də duyursan ki, gənclər özləri bütün bunları çox əziz tutur, onlara inanır, ehtiram göstərir və fikirləşirlər ki, siz də bütün bunların hamısına eynilə onlar kimi ehtiram göstərirsiniz. Ah, səmimilik! Elə bununla da onlar qalib gəlirlər. Bu səmimilik o qıza nə qədər yaraşmırdı!
   Yadımdadır, heç bir şeyi unutmamışam! O, bayıra çıxan kimi mən dərhal qərara gəldim. Elə həmin gün axırıncı axtarışlara başladım və onun barəsində qalan cari sirləri də öyrəndim; əvvəlki sirlərin hamısını mən bir gün əvvəl ələ aldığım Lukeriyadan öyrənmişdim. Lukeriya o vaxt onların ev qulluqçusu idi. Bu elə dəhşətli sirdi ki, mən heç cür başa düşə bilmirdim: bundan sonra necə gülmək olar, özü belə dəhşət içində ola-ola, necə olmuşdu ki, o bayaq Mefistofelin sözləri ilə maraqlanmışdı? Gənclik! O zaman mən qızın barəsində qürurla, sevinə-sevinə məhz belə fikirləşmişdim, çünki burada, axı alicənablıq da var: yəni uçurum kənarında olsa da, Hötenin dahiyanə sözləri diqqətini cəlb edir! Gənclikdə həmişə, cüzi də olsa, yanlışlıq da olsa, alicənablıq var. Daha doğrusu, mən onun barəsində, yalnız onun barəsində danışıram. Başlıcası isə, o zaman mən ona öz arvadım kimi baxırdım və qüdrətimə şəkk-şübhəm yox idi. Bilirsinizmi, şəkk-şübhədən uzaq olanda, bu fikir çox şirnikdirici olur.
   Mənə nə olub? Əgər belə getsə, fikrimi nə vaxt cəmləşdirə bilərəm? tələsmək, tələsmək lazımdır – məsələ heç də bunda deyil, ah, ilahi!


   II

 //-- ELÇİLİK --// 
   Bu qız barədə öyrəndiyim “sirri” bircə kəlmə ilə deyəcəyəm: ata-anası çoxdan, üç il əvvəl ölmüşdü, o, səliqə-sahmansız; xalalarının yanında qalırdı. Doğrusu, onlara səliqə-sahmansız demək az idi. Xalasının biri dul idi, çoxuşaqlı idi, altı uşağı vardı, hamısı da bir-birindən balaca, ikinci xalası qarımış qızdı, kaftarlaşmışdı, xasiyyəti də ağır idi. İkisi də pis adamdı. Atası məmur olmuşdu, mirzəlik eləyirmiş, yalnız adi zadəgandı, bir sözlə: hamısı mənə əl verirdi. Mən, belə çıxırdı ki, ali zümrədənəm: hər halda şöhrətli polkdan istefaya çıxmış ştaps-kapitan idim, əsilli-köklü zadəgandım, heç kimdən asılı deyildim və sair, sələmçiliyə gəldikdə isə, onun xalalarının gözündə bu yalnız yaxşı iş olmalı idi. Qız üç il xalalarının yanında kölə vəziyyətində olmuşdu, ancaq yenə də harasa imtahan vermişdi, fürsət tapıb vermişdi, gündəlik ağır işdən göz açıb imtahan verə bilmişdi, bu isə onun az da olsa, ümdə və nəcib bir işə doğru can atdığına dəlalət edirdi! Mən nədən ötəri evlənirdim? Mənim barəmdə danışmağa dəyməz, bu barədə sonra… Məgər iş bundadırmı? Xalasının uşaqlarına dərs deyirdi, paltar tikirdi, axırı iş o yerə çatmışdı ki, paltar tikmək nədir, elə zəif bir qız döşəmə də yuyurdu. Xalaları onu döyürdülər, verdikləri bir tikə çörəyi başına vururdular. Nəhayət, onu satmaq fikrinə düşmüşdülər. Tfu! Belə çirkin söhbətlərin üstündən keçirəm, müfəssəl danışmıram. Bunları sonra o özü mənə ətraflı danışmışdı. Qonşuluqdakı kök dükançı düz bir il olardı ki, bütün bunlara göz qoyurdu, ancaq bu adi dükançı deyildi, onun iki baqqal dükanı vardı. O iki arvad basdırmışdı, indi üçüncüsünü axtarırdı, bu qızı gözaltı eləmişdi, fikirləşirdi ki, “sakitdir, yoxsulluq içində böyüyüb, mən də elə yetimlərimin xatirinə evlənirəm”. Doğrudan da onun yetimləri vardı. Elçi göndərir, qızın xalaları ilə danışmağa başlayır; onu da deyim ki, kişinin əlli yaşı vardı; qız dəhşətə gəlir. Buna görə o tez-tez mənim yanıma qaçır, “Qolos”da elan verməyə çalışırdı. Axırı xalalarına yalvarmağa başlayır ki, mənə bir az möhlət verin, fikirləşim. Ona bir az möhlət verirlər, ancaq çox az, tez-tez başının üstünü alıb təngə gətirirlər: “Özümüz yeməyə şey tapmırıq, sən də bir yandan boğazımıza şərik çıxmısan”. Mən bunların hamısını bilirdim, ona görə həmin gün, səhərki söhbətdən sonra qəti qərara gəldim. Axşam baqqal gəldi, bir girvənkə də yarım manatlıq konfet gətirmişdi; qız kişinin yanında oturmuşdu, mən mətbəxdən Lukeriyanı çağırtdırıb tapşırdım: qızın yanına gəlib qulağına pıçıldasın ki, darvazanın ağzındayam, ona deyiləsi çox vacib sözüm var. Mən özümdən çox razı idim. Ümumiyyətlə, həmin gün kefim çox kök idi.
   Elə burada, darvazanın ağzında, onu bura çağırdığıma görə mat qalmış qıza dedim ki, əgər mənə gəlsə, özümü xoşbəxt hesab edərəm, bunu özümə şərəf sayaram… İkincisi, mənim bu hərəkətimə, sözümü darvazanın ağzında deməyimə təəccüblənməsin deyə, əlavə etdim: “Mən sözü açıq deyən adamam, vəziyyəti hər tərəfli öyrənmişəm”. Həm də mən yalan demirdim. Doğrudan da sözü açıq deyən adamam. Cəhənnəm olsun bunlar. Mən nəinki ədəb-ərkanla danışırdım, yəni özümü tərbiyə görmüş adam kimi aparırdım, həm də orijinallıq eləyirdim, bu isə böyük işdir. Yəni bunu etiraf eləmək günah işdir? Öz-özümü mühakimə eləmək istəyirəm və eləyirəm də. Mən pqo və sontra [1 - Lehinə və əleyhinə (latınca).] deməliyəm və deyirəm də. Mən, axmaqlıq olsa da elə sonralar da bunu məmnuniyyətlə xatırlayırdım: mən onda qıza açıqca, utanıb çəkinmədən dedim ki, çox da istedadlı, ağıllı, bəlkə də çox xeyirxah adam deyiləm, çox xudpəsənd adamam (bu ifadə yaxşı yadımdadır, onu mən yol gedəndə fikirləşib tapmışdım və özüm özümdən çox razı qalmışdım), həm də çox, ola bilər ki, olduqca çox başqa pis xüsusiyyətlərim də var. Bunların hamısını mən xüsusi qürurla dedim. Əlbəttə, mən ədəb-ərkan gözləyib, qüsurlarımı söyləyəndən sonra ləyaqətlərimi sadalamadım: “Guya onun müqabilində filan-filan məziyyətlərim var”. Mən hiss eləyirdim ki, o hələlik yaman qorxur, ancaq yumşalmadım, hələ bu da azmış kimi, onun qorxduğunu görüb, sözü qəsdən daha da şişirtdim; açıq dedim ki, doyunca yeyəcək, bəzək-düzək, teatr, şənlik məsələsinə gəldikdə isə – bunların heç biri olmayacaq. Sonralar, məqsədimə çatandan sonra isə, baxarıq işlər necə olar. bu sərt danışıq mənim yaman xoşuma gəlirdi. Üstəlik mən mümkün qədər ötəri tərzdə əlavə etdim ki, əgər bu işə qurşanmışamsa, yəni sələmçilik eləyirəmsə, yalnız bircə məqsədim var, guya bunun bir səbəbi var… Axı, mənim bu cür danışmağa haqqım vardı: mənim doğrudan da məqsədim vardı, buna bir səbəb vardı. Dayanın, cənablar, ömrüm boyu mənim hər şeydən çox sələmçilikdən zəhləm gedib, amma əslində, öz-özümə müəmmalı danışmaq gülməli çıxsa da, axı, mən doğrudan da, doğrudan da, doğrudan da “cəmiyyətdən intiqam alırdım”! Buna görə də onun həmin səhər “intiqam” barədə məni sancması, ədalətsizlikdi. Daha doğrusu, bilirsinizmi, mən ona açıq desəydim ki: “Bəli, mən cəmiyyətdən intiqam alıram”, o, dünən səhərki kimi, qəhqəhə çəkib gülərdi, özü də bu doğrudan da gülməli çıxardı. Amma dolayısı ilə, eyhamla, müəmmalı danışanda, məlum oldu ki, təxəyyülü aldatmaq olar. Üstəlik də mən o zaman heç nədən qorxmurdum: axı bilirdim ki, yoğun baqqal hər halda onun gözündə məndən pisdir və mən darvazanın ağzında onun xilaskarı kimi dayanmışam. Axı mən bunu başa düşürdüm. İnsan əclaflığı xüsusilə yaxşı başa düşür! Ancaq bu əclaflıqdırmı? Burada adamı mühakimə eləmək olar? Məgər mən hələ o vaxt bu qızı sevmirdimmi?
   Dayanın: aydın məsələdir ki, mən o zaman qıza, xeyirxahlıq niyyətim barədə bircə kəlmə də deməmişdim, əksinə, tamam əksinə: “guya o mənə xeyirxahlıq eləyirdi, mən ona yox”. Mən bunu hətta dilimə də gətirdim, özümü saxlaya bilmədim, buna görə bəlkə də yersiz düşdü, çünki ötəri dodağının qaçdığını hiss elədim. Ümumiyyətlə isə, üstəlik tamam mənim tərəfimdə idi. Dayanın, bir halda ki, bütün bu çirkin söhbətləri xatırlayıram, onda sonuncu heyvanlığımı, sarsaqlığımı da danışım: mən dayanıb öz-özümə fikirləşirdim: sənin boyun ucadır, qədd-qamətlisən, yaxşı tərbiyə görmüsən, nəhayət, lovğalıq olmasın, sən, qəşəngsən. Mənim başımdan belə-belə fikirlər keçirdi. Söz yox ki, qız elə buradaca, darvazanın ağzında mənə “hə” dedi. Ancaq… ancaq mən bir şeyi də əlavə eləməliyəm: o, buradaca, darvazanın ağzında “hə” deyənə kimi xeyli fikirləşdi. Elə fikrə getmişdi, elə fikirləşirdi ki, mən az qala özümü saxlaya bilməyib soruşacaqdım: “Hə, nə oldu?” Hətta özümü saxlaya bilmədim, ədabaz-ədabaz soruşdu: “Hə, nə oldu?” – Ağzımdan belə bir səfeh söz çıxdı.
   – Dayanın, qoyun fikirləşim.
   Özü də elə ciddi idi ki, elə ciddi idi ki, o zaman fikrini sifətindən oxuya bilərdim! Onun belə fikirləşməyi qəlbimə toxunurdu: “Doğrudanmı o məni, ya baqqalı seçəcəyini götür-qoy eləyir?” Ah, onda mən hələ başa düşmürdüm! Mən o vaxt hələ heç nə, heç nə başa düşmürdüm! Bu günə kimi başa düşmürdüm! Yadımdadır, mən çıxıb getməyə hazırlaşanda, Lukeriya dalımca yüyürdü, məni yolda saxladı və tələsik dedi: “Allah əvəzini versin ağa, yaxşı eləyirsiniz bizim qəşəng xanımı alırsınız, ancaq bunu onun üzünə vurmayın, o çox məğrur qızdır”.
   Nə olsun məğrurdur! Mən özüm də məğrur qadınları sevirəm. Məğrur qadınlar xüsusilə o vaxt yaxşı olurlar ki, özünün onlardan üstün olduğuna şəkk-şübhən olmur, deyilmi? Ah alçaq, kobud insan! Mən nə qədər məmnun idim. Bilirsinizmi, o vaxt qız darvazanın qabağında dayanıb, mənə “hə” demək üçün fikrə gedəndə, mən bilirsinizmi, onun ağlına belə bir fikir gələ biləcəyinə təəccüb eləyirdim: “Madam ki, həm orada, həm də burada xoş gün görməyəcəyəm, bəlkə yaxşı olar elə ən pisini, yəni yoğun baqqalı seçim, qoy bu əyyaş döyə-döyə məni tez öldürsün!” Hə? Necə bilirsiniz, o belə fikirləşə bilərdimi?
   Heç indi də başa düşmürəm, indi də heç bir şeydən baş aça bilmirəm! İndicə bu dəqiqə dedim ki, ağlına belə fikir gələ bilərdi: iki bədbəxtlikdən ən pisini seçsin, yəni baqqalı, hə? Bəs o vaxt onun gözündə kim daha pis idi – mən, ya baqqal? Baqqal, ya Hötedən sitat gətirən sələmçi? Bu hələ məlum deyil! Necə məlum deyil? Bunu da dərk eləmirsən; cavabı stolun üstə tabutdadır, amma sən deyirsən ki, məlum deyil! Bir də ki, mən cəhənnəm! Söhbət heç də məndən getmir… İndi söhbətin mənə dəxli oldu-olmadı, nə əhəmiyyəti var? Bunu heç cür müəyyənləşdirə bilmirəm. Yaxşısı budur uzanım yatım. Başım ağrıyır…


   III

 //-- İNSANLARIN ƏN NƏCİBİ, AMMA ÖZÜM DƏ BUNA İNANMIRAM --// 
   Yatmamışam. Bir də necə yatmaq olar, başımda bir damar elə hey atır. Bütün olub-keçənləri, bu çirkin işi dərk eləmək istəyirəm. Ah, çirkin iş! Mən o vaxt onu necə çirkabın içindən çəkib çıxartmışdım! Axı o bunu başa düşməli idi, mənim yaxşılığımı bilməli idi. Mənim də qəribə fikirlərdən xoşum gəlirdi; məsələn, fikirləşirdim ki, mənim qırx bir yaşım var, onun cəmisi on altı. Bu yaş fərqini duymaq məni əsir eləmişdi, bu çox şirin, çox şirin şeydir.
   Mən, məsələn, ingilissayağı toy eləmək istəyirdim, yəni biz ikicəciyimiz, ikicə nəfər də şahid, onların da biri Lukeriya olsun; sonra dərhal minək vaqona, gedək lap elə Moskvaya (yeri gəlmişkən, mənim orada işim də vardı), düşək mehmanxanaya, iki nəfərliyə. O etiraz elədi, razılıq vermədi, ona görə mən onun möhtərəm xalalarının yanına getməli oldum, təzə qohum kimi, axı mən qızı onların evindən aparmışdım. Güzəştə getdim, xalalarına əməlli-başlı hörmət elədim. Hətta bu alçaqların hərəsinə yüz manat pul da bağışladım, hələ vəd elədim ki, yenə verəcəyəm; qıza, söz yox ki, bu barədə bir kəlmə də demədim, çünki xalalarının rəzil işlərinə görə onun qanını qaraltmaq istəmədim. Xalaları o saat inək kimi yumşaldılar. Cehiz üstündə də mübahisə düşdü: onun heç nəyi yox idi, demək olar, heç nəyi, ancaq özü də heç nə istəmirdi. Mən birtəhər ona sübut elədim ki, heç bir şeysiz yaramaz, cehizi də mən düzəltdim, çünki mən eləməsəm, kim eləyəcəkdi? Hə, söhbət məndən getmir, mən cəhənnəm. Ancaq yenə də o vaxt mən bəzi ideyalarımı onun başına yeridə bilmişdim, ona görə ki, heç olmasa xəbəri olsun. Bəlkə də tələsmişdim. Başlıcası isə, qız lap əvvəldən, özünü nə qədər möhkəm saxlasa da, mehrini mənə salmışdı, axşamlar yanına gələndə sevinə-sevinə qabağıma çıxırdı, şirin-şirin (məlahətli, məsum!) uşaqlıq, körpəlik çağlarından, doğma evlərindən, atasından, anasından danışırdı. Ancaq mən dərhal onun kefini pozurdum, elə bil üstünə soyuq su tökürdüm. Elə məqsədim də bu idi. O sevinəndə, şadlananda mən susurdum, əlbəttə, ədəb-ərkanla… ancaq yenə də qız tezliklə başa düşdü ki, biz müxtəlif adamlarıq, məni başa düşmək çətin məsələdir. Elə mən də özümü belə tanıtmaq istəyirdim. Bəlkə də mən bu sarsaq işlərin hamısını elə onu dolaşdırmaq üçün eləmişdim! Əvvəla, sərt davranırdım – elə onu evimə gətirəndə də təmkinimi pozmamışdım. Bir sözlə, o vaxt mən, əməlimdən razı olsam da, evimdə ayrı cür qayda-qanun yaratmışdım. Ah, hamısı da heç bir ciddi-cəhdsiz, öz-özünə yaranmışdı. Bir də başqa cür mümkün deyildi, mən bu qayda-qanunu bir ciddi məsələyə görə yaratmalı idim, – bu nədir, mən niyə öz-özümə böhtan deyirəm! Yaratdığım qayda-qanun yaxşı idi. Yox, qulaq asın, əgər birini mühakimə etmək lazımdırsa, gərək işdən xəbərdar olasan… Qulaq asın!
   Bilmirəm söhbətə haradan başlayım, çünki bu çox müşkül məsələdir. Çətinliyi orasındadır ki, özünü təmizə çıxarmaq istəyirsən. Bilirsiniz nə var, məsələn, gənclər pula nifrət eləyirlər, amma mən əksinə, işə elə puldan başlamışdım; işimi pul üstündə qurmuşdum. Həm də özümü elə aparırdım ki, qız getdikcə qaradinməz olurdu. İri gözlərini bərəldib qulaq asır, baxır və susurdu. Bilirsinizmi, gənclər alicənab olurlar, əlbəttə, mən yaxşılarını deyirəm, alicənab və coşqun, ancaq çox səbirsiz olurlar, bir şey azacıq ürəklərindən olmadımı, nifrət eləyirlər. Amma mən vüsət istəyirdim, özü də istəyirdim ki, bu onun ürəyinə yol tapsın, o səmimi olsun, düz demirəmmi? Bir bayağı misal çəkim: məsələn, mən o xasiyyətdə adama necə başa salım ki, niyə sələmçilik eləyirəm? Əlbəttə, mən söhbətə əsl mətləbdən başlamadım, yoxsa elə çıxardı ki, sələmçilik elədiyim üçün xəcalət çəkirəm, ondan üzr istəyirəm, halbuki mən, necə deyərlər, özümü məğrur tuturdum, demək olar ki, ürəyimdə danışırdım. Mən belə danışmağın ustasıyam, ömrüm boyu öz-özümə danışmışam, özü də dinməzcə, özlüyümdə çox müsibətlər çəkmişəm. Ah, axı mən də bədbəxt olmuşam! Hamı məndən üz döndərib, unudub, heç kimin də bundan xəbəri yoxdur! Amma birdən bu on altı yaşlı qız pis adamlardan mənim həyatımda olub-keçənləri müfəssəl öyrəndi, özü də elə bilirdi ki, hər şeydən xəbərdardır, amma əslində əsl sirr mənim ürəyimdə qalmışdı!.. Mən susurdum, onun yanında heç dinib-danışmırdım, dünənə kimi susmuşdum – niyə susurdum? Guya məğrur adam idim. Mən istəyirdim ki, qız özü öyrənsin, mənsiz öyrənsin, amma pis adamların söz-söhbətində yox, məni özü dərk eləsin, başa düşsün. Onu evimə gətirəndə istəyirdim ki, əməlli-başlı hörmətimi saxlasın. İstəyirdim ki, qarşımda dayanıb, çəkdiyim müsibətlərə görə mənə səcdə eləsin – mənim buna haqqım vardı. Mən həmişə məğrur olmuşam, mən həmişə arzu eləmişəm ki, istəyim ya əməlli-başlı olsun, ya da yerli-dibli olmasın! Məhz ona görə ki, yarımçıq xoşbəxtlik istəməmişəm, əməlli-başlı xoşbəxtlik istəmişəm, elə məhz bu səbəbdən mən o vaxt da belə hərəkət eləməyə məcbur olmuşam: “Özün başa düş, qədrimi bil!” Çünki, özünüz başa düşün, əgər mən özüm ona izahat versəydim, başa salsaydım, quyruq bulayıb, hörmət eləməsini xahiş etsəydim, bu, heç fərqi yoxdur, sədəqə istəmək kimi bir şey çıxardı… Xülasə… bir də axı mən bunları niyə danışıram!
   Axmaqlıq, axmaqlıq, yenə də axmaqlıq! Mən o vaxt açıq və rəhmsizcəsinə (rəhmsizcəsinə sözünü xüsusi qeyd eləyirəm) ona ikicə kəlmə ilə başa saldım ki, cavanların alicənablıq eləmələri çox gözəl işdir, ancaq bir qara qəpiyə dəyməz. Niyə dəyməz? Çünki bu onlara ucuz başa gəlir, tər tökmürlər, bunların hamısı, necə deyərlər, “ilk həyat təsəvvürüdür”, amma zəhmət çəksəniz, onda hamınızı görərəm! Ucuz alicənablıq asan işdir, ölümə getmək də asan işdir, çünki qanın qaynayır, qüvvəni bilmirsən nəyə sərf eləyəsən, gözəllik həsrəti ilə yaşayırsan! İndi də çətin başa gələn sakit, sözsüz-söhbətsiz, sönük, dedi-qodulu, məhrumiyyətlərlə dolu, tamam şöhrətsiz alicənablığa fikir verin: siz gül kimi adamsınız, amma hamının gözündə əclafsınız, halbuki siz bütün dünyadakı adamların hamısından təmizsiniz – hə, əgər hünəriniz var, belə rəşadətə girişin, yox əgər yoxdursa, onda kənara durun! Amma mən, mən bütün ömrüm boyu bu rəşadət arzusunda olmuşam. Əvvəl qız mübahisəyə başladı, ilahi, necə mübahisə eləyirdi, amma sonra yavaş-yavaş susdu, yalnız gözlərini, iri, çox iri, diqqətli gözlərini bərəldib qulaq asırdı. Bir də… bir də bundan əlavə, mən qəflətən onun gülümsədiyini gördüm, o, inamsız, dinməz-söyləməz, pis-pis gülümsəyirdi. Mən onu öz evimə bax elə üzündə bu cür təbəssümlə gətirdim. Burası da düzdür ki, onun getməyə daha başqa yeri yox idi…


   IV

 //-- PLANLAR, PLANLAR --// 
   Onda söhbəti əvvəl hansımız başladıq?
   Nə mən, nə də o. Elə öz-özünə, birdən başlandı. Mən dedim ki, onu gətirəndə evimdə çox ciddi qayda-qanun yaratmışdım, amma elə lap əvvəldən güzəştə getdim, hələ nişanlı vaxtı onu başa salmışdım ki, girov qəbul eləmək və pul verməklə məşğul olacaq, özü də qız o vaxt heç bir söz deməmişdi (bunu yadınızda saxlayın). Üstəlik də can-başla işə girişdi. Əlbəttə, məzəli, mebeli dəyişmədik, əvvəlki qaldı. Mənzilimiz iki otaqlı idi: biri böyük otaqdı, bir hissəsini ayırıb kassa eləmişdim, ikincisi də böyük otaqdı, bizim ikimizin otağımızdı, yataq otağımız da bu idi. Mebelim ucuz mebel idi: hətta onun xalalarının mebeli də mənimkindən yaxşı idi. Üstünə qəndil qoyulmuş sandıqçam, kassa olan otaqda idi; mənim otağımda isə bir şkaf vardı, bu şkafa bir neçə kitab qoymuşdum, girov qoyulan şeyləri də bura yığırdım, şkafın açarını özümdə saxlayırdım; yorğan-döşək, stollar, stullar da bu otaqda idi. Bir də qıza demişdim ki, xərcimiz, yəni mənim, onun və toplaşdırıb gətirdiyim Lukeriyanın gündəlik yemək-içmək xərci, bir manat olmalıdır, bundan artıq olmaz: “Mən, guya, üç ildə otuz min manat pul toplamalıyam, artıq xərcləsəm, toplaya bilmərəm”. Qız etiraz eləmədi, ancaq mən özüm xərci otuz qəpik də artırdım. Teatrı da üstəlik. Mən qıza demişdim ki, teatra getməyəcəyik, amma sonra belə qərara gəldim ki, ayda bir dəfə gedək, özü də əməlli-başlı gedək, kreslolarda əyləşək. Bir yerdə gedirdik, üç dəfə getmişdik, “Xoşbəxtlik ardınca”, bir də deyəsən, “Çalıquşuna” baxmışdıq. (Ah, cəhənnəm olsun bunlar!) Dinməzcə gedir, dinməzcə də qayıdırdıq. Niyə, niyə biz lap əvvəldən susmağı qət eləmişdik? Axı əvvəllər aramızda söz-söhbət olmamışdı, amma yenə də dinib-danışmırdıq! Yadımdadır, qız o vaxt nədənsə elə hey xəlvətcə, gözaltı mənə baxırdı; mən bunu duyan kimi daha da qaradinməz oldum. Doğrudur, susmağımıza bais o deyil, mən idim. Qız bir, yaxud iki dəfə özünü saxlaya bilmədi, üstümə atılıb, məni qucaqladı: ancaq bu hiss xəstə, dəli hissi idi, mən isə əməlli-başlı səadət istəyirdim; istəyirdim ki, o mənə hörmət eləsin, ona görə də qıza soyuqluq göstərirdim. Belə eləməkdə haqlı idim: hər dəfə bu əhvalatın səhəri günü aramızda dava-dalaş düşürdü.
   Dava-dalaş deyəndə, savaşmırdıq, ancaq yenə qaradinməz olurduq, getdikcə də o təkəbbürlü olurdu. “Qiyam və müstəqillik” – o bunu istəyirdi, amma əlindən heç nə gəlmirdi. Bəli, sifətindən mütilik yağan bu qız getdikcə daha dikbaş olurdu. İnanırsınızmı, yavaş-yavaş məndən iyrənirdi, axı mən ona yaxşı bələd idim. Buna da şübhə yox idi ki, o bəzən hiddətlənib ani olaraq özündən çıxırdı. O cür zir-zibilin içindən çıxasan, dilənçilikdən, qulluqçuluqdan, döşəmə yumaqdan qurtarasan, sonra birdən bizim kasıb güzəranımızı bəyənməyəsən, donquldanasan, belə də iş olar! Bilirsinizmi: kasıb deyəndə, kasıb deyildik, qənaətlə dolanırdıq, lazımi şeylərimiz isə, məsələn, dəyişək, gen-bol idi, təmizliyə fikir verirdik. Mən həmişə əvvəllər də bu fikirdə olmuşam ki, kişinin təmizliyi arvadın xoşuna gələr. Ümumiyyətlə, o mənim kasıblığımdan yox, guya xərc məsələsində simicliyimdən narazı idi: “Guya məqsədi var, möhkəm xasiyyətli adam olduğunu göstərmək istəyir”. Birdən özü teatra getməkdən imtina elədi. Getdikcə də tez-tez dodaqları istehza ilə büzülürdü… Mənsə daha qaradinməz olmuşdum, daha çox susurdum.
   Özümü təmizə çıxarmağın nə mənası? Burada işlərin hamısı sələmçiliklə bağlı idi. Bağışlayın: mən bilirdim ki, qadın, onda da on altı yaşlı qız ola, kişiyə tamamilə tabe olmaya bilməz. Qadınlarda orijinallıq yoxdur, bunu sübut eləməyə dəyməz, elə indi də mən bu fikirdəyəm! Nə olsun ki, o, otaqda uzanıb, olacağa çarə yoxdur və bu məsələdə heç Millin özünün də əlindən heç bir iş gəlməz! Sevən qadın isə, ah sevən qadın – sevdiyi adamın qüsurlarını da, hətta qatilliyini də göylərə qaldırır. O adam özünü təmizə çıxarmaq üçün, qadının onu təmizə çıxarmaq üçün dediyi sözləri tapıb deyə bilməz. Bu, alicənablıqdır, ancaq orijinal deyil. Qadını məhv eləyən yalnız qeyri-orijinal olmasıdır. İndi siz, yenə təkrar edirəm, o stolun üstünə qoyulan tabutdakını mənə niyə göstərirsiniz? Məgər o stolun üstündəki orijinaldırmı? İlahi!
   Qulaq asın: o vaxt qızın məni sevdiyinə əmindim. Axı o vaxt özünü üstümə atır, boynuma sarılırdı. Deməli, sevirdi, daha doğrusu, sevmək istəyirdi, sevməyə çalışırdı. Başlıca məsələ isə budur ki, burada elə bir qatillik də yox idi ki, o məni doğrultmağa çalışmalı olsun. Siz deyirsiniz, sələmçisən, bunu elə hamı deyir. Sələmçi olanda nə olar? Əgər insanların ən nəcibi sələmçilik eləyirsə, onda, deməli, bunun bir səbəbi var. Bilirsinizmi, cənablar, elə ideyalar var… yəni, başa düşürsünüzmü, elə ideyalar var ki, dilinə gətirsən, sözlə ifadə eləmək istəsən, çox sarsaq çıxar. Elə çıxar ki, özün utanarsan. Niyə? Elə-belə. Ona görə ki, biz hamımız zibilik, özümüzün də həqiqətən zəhləmiz gedir, ya da ola bilsin, mənim heç nədən başım çıxmır. Mən indicə “insanların ən nəcibi” sözünü işlətdim. Gülməli çıxır, amma yenə də əslində belə də var. Bu həqiqətdir, daha doğrusu, əsl həqiqətdir. Bəli, mənim o vaxt özümü təmin eləmək arzusunda olmağa, sələmçilik eləməyə haqqım vardı: “Siz məndən üz döndərdiniz, siz, yəni insanlar, məni nifrət dolu sükutla qovdunuz. Mən ürəkdən sizə yaxınlaşmaq istəyirəm, amma siz qəlbimə elə toxundunuz ki, ömrüm boyu yadımdan çıxmaz. İndi, deməli, mənim sizdən tamam uzaqlaşmağa, bu otuz min manat pulu toplayıb, Krımın bir yerində, Cənub sahilində, dağlarda, üzümlüklərin arasında bu pula alınmış malikanəmdə, başlıcası isə, sizin hamınızdan uzaqda, ancaq ürəyimdə sizə qarşı kin-küdurət olmadan, idealım, ürəyimə yatan qadınım, Allah qismət eləsin ailəmlə ətrafdakı adamlara kömək eləyə-eləyə yaşamağa haqqım var”. Yaxşı ki, indi mən onları özlüyümdə deyirəm, əgər bunu o vaxt qıza danışmış olsaydım, çox axmaq çıxardı: Bax, mən buna görə məğrur-məğrur susurdum, bax, buna görə dinməzcə otururduq. Ona görə ki, axı o nə başa düşəcəkdi? On altı yaş hələ ilk gənclikdir, uşaqlıq dövrüdür, o mənim özümü doğrultmaq üçün dediklərimi, mənim çəkdiyim müsibətləri necə başa düşəcəkdi? O gördüyünə inanırdı, özünün ucuz gənclik əqidələri vardı, həyatdan bixəbərdi, gözü hələ açılmamışdı, “gözəl qəlblər” sözünə inanırdı, ən başlıcası isə ortada sələmçilik sözü vardı, ona görə də heç danışmağa dəyməzdi (halbuki məgər mən sələmçi kimi insafsızdımmı, məgər o görmürdümü ki, mən adamları soymuram, artıq almıram). Ah, Yer üzündə həqiqət necə dözülməzdir! Bu gözəl, bu həyalı qız, bu ilahə – mənim o qənimim, qəlbimi parçalayan qənimim, başıma bəla idi. Bunu deməsəm, öz-özümə böhtan atmış olaram. Siz elə bilirsiniz ki, mən onu istəmirdim? Kim deyə bilər ki, mən onu sevmirdim? Bilirsinizmi, həyat və taleyim mənim amansızcasına ələ saldı! Biz bədbəxt doğulmuşuq, ümumiyyətlə, insanlar bədbəxtdirlər (Xüsusilə mən)! Mən axı indi başa düşürəm ki, bu işdə nə isə bir səhvə yol vermişəm! Nə isə lazımi qaydada olmayıb. Hər şey aydın idi, mənim planım aydın idi, buludsuz səma kimi: “Sərtəm, məğruram, heç kimin əxlaq dərsinə, təsəllisinə ehtiyacım yoxdur, dinməzcə əzab çəkirəm”. Necə deyirdim, elə indi, yalan demirdim, yalan demirdim! “Sonra özü görər ki, nəciblik eləyirəm, – ancaq o bunu görə bilmədi, duymadı, – bir vaxt bunu başa düşəndə qədrimi on qat artıq bilər, xəcalətindən yerə girər, qarşımda səcdə qılar”. Planım belə idi. Ancaq burada mən nəyi isə unutmuşdum, yaxud nəzərdən qaçırmışdım. İndi kimdən əfv diləyəsən? Bitdi, hər şey beləcə bitdi. Cəsarətli ol, insan, məğrur ol! Səndə günah yoxdur!..
   Nə eləmək olar, mən düzgün deyəcəyəm, mən həqiqətlə üz-üzə dayanmaqdan çəkinmirəm: təqsirkar özüdür, müqəssir özüdür!..


   V

 //-- UTANCAQ QIZ DİKBAŞLIQ ELƏYİR --// 
   Aramıza söz-söhbət ona görə düşdü ki, birdən qız başladı pulu istədiyi kimi verməyə, şeylərə baha qiymət qoymağa, hətta iki dəfə bu barədə mənimlə mübahisəyə də girişmişdi. Mən onun fikrinə şərik olmadım. Elə bu ara bir kapitan arvadı gəldi.
   Qoca kapitan arvadı bir medalyon gətirmişdi – mərhum əri bağışlamışdı, aydın məsələdir ki, yadigardı. Mən onu otuz manata götürdüm. Başladı sızıldaya-sızıldaya yalvarmağa ki, bunu satmayın, saxlayın, – mən əlbəttə saxlayacaqdım. Sözün qısası, beş gündən sonra bir qolbaq gətirdi ki, onu qoyub medalyonu aparsın, amma qolbağı heç səkkiz manata da dəyməzdi; mən, aydın məsələdir ki, razı olmadım. Yəqin qarı elə o vaxt arvadımın gözlərindən nəsə oxumuşdu; sonra mən evdə olmayanda qarı bizə gəlmiş və arvadım da qolbağı alıb medalyonu ona vermişdi.
   Mən elə həmin gün əhvalatdan xəbər tutub, sıxıla-sıxıla, ancaq qəti və dəlil-sübutla sözümü dedim. O, yatağın üstündə oturmuşdu, sağ ayağının ucunu xalçaya vura-vura (xasiyyəti idi) yerə baxır, səfeh-səfeh gülümsünürdü. Onda mən, qətiyyən səsimi ucaltmadan, sakitcə dedim ki, pul mənimdir və istədiyim kimi hərəkət eləməyə, haqqım var, mən səni evimə gətirəndə səndən heç nə gizlətməmişəm, hə şeyi açıq demişəm.
   Qız birdən sıçrayıb ayağa qalxdı, tir-tir titrədi, – siz bilən nə eləsə yaxşıdır, – birdən ayağını yerə döyüb üstümə yeridi; vəhşiləşmişdi, dəli kimi olmuşdu; dəli olmuş vəhşi heyvana oxşayırdı. Mən heyrətdən quruyub qalmışdım; onun bu cür hərəkət edə biləcəyini heç ağlıma gətirməzdim. Ancaq özümü itirmədim, hətta yerimdən də tərpənmədim, yenə əvvəlki qaydada, sakit-sakit dedim ki, bu gündən ona mənim işlərimə qarışmağı qadağan eləyirəm. Bu sözü eşidəndə qəhqəhə çəkdi və evdən çıxdı.
   Məsələ burasındadır ki, onun evdən çıxmağa ixtiyarı yoxdu. Mənsiz heç yerə gedə bilməzdi, hələ evimə gətirməmişdən belə şərt kəsmişdim. Axşam qayıdıb gəldi; mən ona bir kəlmə də olsun bir söz demədim.
   Ertəsi gün səhər yenə getdi, o biri gün yenə getdi. Mən kassanı bağlayıb, xalalarıgilə yollandım. Onlarla əlaqəni toy günündən kəsmişdim, nə evimə çağırırdım, nə də özüm onlara gedirdim. Maraqla söhbətimə qulaq asdılar, sonra gözümün içinə güldülər; dedilər ki, “Sizə hələ bu da azdır!” Ancaq onların güləcəklərini qabaqcadan bilirdim. Elə həmin dəqiqə kiçik xalasını, ərə getməyəni, yüz manat boyun olub ələ aldım, iyirmi beş manatını da qabaqcadan verdim. İki gündən sonra o yanıma gəlib dedi: “Burada bir zabitin – sizin keçmiş alay yoldaşınız poruçik Yefimoviçin əli var”. Mən mat qaldım. Bu Yefimoviçin polkda mənə çox pisliyi keçmişdi, bir ay bundan əvvəl isə utanıb-qızarmadan bir-iki dəfə, guya şey girov qoymaq bəhanəsi ilə yanıma gəlmişdi, yadımdadır, onda arvadımla deyib-gülürdülər. O vaxt mən Yefimoviçə yaxınlaşıb dedim ki, bir də cəsarət eləyib ayağını mənim evimə basmasın. O bizim münasibətimizi yadına salsın; ancaq belə bir iş tutacağı ağlıma da gəlməzdi, elə belə fikirləşirdim ki, həyasız adamdır. İndi qızın xalası birdən xəbər verirdi ki, arvadım onunla görüşməlidir, həm də aləmi bir-birinə qarışdıran xalaların bir keçmiş tanışı, dul qadın, polkovnik arvadı Yuliya Samsonovnaydı. Xalası dedi: “İndi sizin arvadınız o polkovnik arvadının yanına gedir”.
   Əhvalatın bu yerini müxtəsər eləmək istəyirəm. Cəmisi üç yüz manata qədər xərcim çıxdı, amma ikicə gündə işi elə qurdum ki, mən qonşu otaqda qapının dalında dayanacaq, arvadımla Yefimoviçin ilk görüşdə olan söhbətlərini eşidəcəkdim. Görüşdən bir gün əvvəl isə aramızda çox qısa, lakin mənim üçün çox ibrətamiz səhnə baş verdi.
   Axşam evə qayıtdım, yatağın üstündə oturub, istehza ilə üzümə baxa-baxa ayağını xalçaya şappıldatmağa başlatdı. Ona nəzər salanda qəflətən ağlıma bir fikir gəldi. Düşündüm ki, bu axırıncı ayda, yaxud həmin əhvalatdan iki həftə əvvəl, o, əsl xasiyyətini qətiyyən büruzə vermirdi, demək olar ki, tamam başqa xasiyyətli adam idi: o yavaş-yavaş dəli, adamın üstünə hücum çəkən quduz, həyasız olmasa da, öcəşkən, qalmaqal axtaran bir xilqətə çevrilirdi. Dava-dalaş axtarırdı. Ancaq utancaqlığı buna mane olurdu. Beləsi dəliliyə başlayanda, həddini aşsa da, hiss eləyirsən ki, bu işi zorla görür, özünü məcbur eləməyə çalışır, ismətini, həyasını ilk dəfə özü ata bilmir. Bu səbəbdən də belələri bəzən hədlərini elə aşır, elə ağ eləyirlər ki, adam gördüyünə, eşitdiyinə inana bilmir. Əxlaqsızlığa alışmış adam isə, əksinə, həmişə işini əlaltından görür, əməli daha iyrənc olur, ancaq bunu elə qayda-qanun və ədəb qılığına salır ki, dili sizin üstünüzdə uzun olur.
   – Doğrudanmı sizi polkdan qorxaqlıq eləyib duelə çıxmadığınıza görə qovublar? – deyə qız qəflətən soruşdu və gözləri parıldadı.
   – Doğrudur; bu əhvalatdan qabaq istefaya çıxmaq barədə ərizə vermişdim, ancaq mənə, zabitlərin hökmü ilə polkdan getməyi təklif elədilər.
   – Qorxaq adam kimi qovdular?
   – Bəli, onlar məni qorxaq hesab eləmişdilər. Ancaq mən dueldən, qorxaq olduğuma görə imtina eləməmişdim, ona görə imtina etmişdim ki, onların qəddar qanunlarına tabe olub, inciklik, təhqir duymadan duelə çıxmaq istəmirdim. Bilirsinizmi nə var, – bu yerdə mən özümü saxlaya bilmədim, – bu cür qəddarlığa qarşı çıxmaq, üsyan qaldırmaq duelə çıxmaqdan qat-qat böyük mərdlik göstərmək deməkdir.
   Mən özümü saxlaya bilmədim, bu sözü deməklə, elə bil, özümü təmizə çıxarmağa çalışırdım. Ona da elə bu lazım idi, məni alçaltmaq istəyirdi. Qız acı-acı güldü.
   – Doğrudurmu ki, siz sonra üç il Peterburqun küçələrində avara-sərgərdan dolanıb, sədəqə dilənmisiniz, bilyardların altında yatmısınız?
   – Mən Sennayada, Vyazemskinin evində də gecələmişəm. Bəli, doğrudur; mən həyatda sonralar, polkdan qovulandan sonra, çox rüsvayçılıq görmüşəm, alçalmışam, ancaq şəxsiyyətimi uca tutmuşam, çünki hətta o vaxt da öz hərəkətimə hamıdan qabaq mən özüm nifrət etmişəm. Bu yalnız iradəsizliyimin, ağılsızlığımın nəticəsi idi, yalnız onun nəticəsi idi ki, ümidsizliyə qapılmışdım. Ancaq bu keçib getdi…
   – Hə, indi siz böyük şəxsiyyətsiniz – maliyyəçisiniz!
   Mənim sələmçiliyimə işarə vururdu. Ancaq mən dərhal özümü ələ aldım. Görürdüm ki, o məni adamı alçaldan söhbətlərə çəkmək istəyir, ona görə də buna imkan vermədim. Bir də xoşbəxtlikdən müştəri zəng çaldı və onun yanına, böyük otağa keçdim. Bir saatdan sonra o, geyinib evdən çıxanda, qarşımda dayanıb dedi:
   – Amma siz, toydan qabaq, bu barədə mənə bircə kəlmə də deməmisiniz!
   Mən cavab vermədim, o çıxıb getdi.
   Ertəsi gün cibimdə tapança, həmin otaqda qapının dalında dayanıb, taleyimin necə həll olunacağını gözləyirdim. Arvadım geyimli-kecimli, stolun arxasında oturmuşdu. Yefimoviç isə onun qabağında özünü göstərirdi. Nə olsa yaxşıdır: əhvalat eyni ilə mənim ürəyimə daman kimi, güman elədiyim kimi oldu; amma mən ürəyimə damanı və güman elədiyimi dərk eləmirdim. Bilmirəm, fikrimi aydın deyə bildimmi?
   Əhvalat belə oldu. Mən düz bir saat nəcib və ülvi bir qadının, kübar cəmiyyətdən çıxmış pozğun, küt, yaltaq təbiətli bir kişi ilə çarpışmasının şahidi oldum. Mən mat-məəttəl öz-özümə fikirləşirdim: bu sadəlövh, utancaq, qaradinməz qız bunların hamısını haradan bilir? Ən mahir kübar məzhəkənəvisi də belə gülməli səhnə yarada bilməz, belə saf gülüş, qüsurlara belə hədsiz nifrət doğura bilməzdi. Onun sözləri qısa, danışmağı nə qədər aydın idi; yeyin cavabı nə qədər kəskin idi, mühakiməsi nə qədər doğru idi! Eyni zamanda danışığı məsum, sadəlövh idi. Qız onun elani-eşqini, davranışını, təkliflərini gözünün içinə ələ salırdı. İşə hazırlıqsız, qəflətən girişmiş, müqavimətə rast gələcəyini güman eləməyən Yefimoviç quruyub qalmışdı. Mən əvvəlcə fikirləşə bilərdim ki, qız sadəcə naz-qəmzə satır, – “özünü ucuz satmamaq üçün, əxlaqsız da olsa, ağıllı qadın naz-qəmzəsi”. Ancaq belə deyildi, həqiqət günəş kimi işıq saçdı və şübhəyə yer qalmadı. Acığından, təcrübəsiz qadın bu görüşə mənə nifrət elədiyinə görə, elə-belə gəlmişdi, ancaq mətləb üstünə gələn kimi dərhal gözü açılmışdı. Bu insan məni hər necə olsa təhqir etmək üçün vurnuxurdu, ancaq belə çirkin iş tutmağı, pozğunluq, şərəfsizlik eləməyi mənliyinə sığışdıra bilmirdi. Bu məsum, pak qadını Yefimoviç, yaxud kübar xilqətdən kim yoldan çıxara bilərdi? Əksinə, Yefimoviç gülünc vəziyyətə düşmüşdü. Qızın qəlbində həqiqət baş qaldırmış və qəzəbi ürəkdən gələn amansız istehzaya çevrilmişdi. Təkrar edirəm, bu təlxək axıra yaxın lap tutulmuşdu, büzüşüb oturmuşdu, güclə cavab verirdi, ona görə mən hətta qorxuya düşdüm ki, intiqam almaq üçün onu təhqir etmək fikrinə düşər. Bir də təkrar eləyirəm, bu söhbəti mən, demək olar ki, sakit dinlədim. Elə bil, bir tanış hadisə görürdüm. Elə bil buraya bu əhvalatı görməyə gəlmişdim. Cibimdə tapança olsa da, heç bir şeyə inanmırdım, günah işlənəcəyini ağlıma gətirmirdim, düzü belə idi! Məgər mən onu başqa cür təsəvvür eləyə bilərdimmi? Mən onu niyə sevirdim, niyə onu əziz tuturdum, niyə evlənmişdim? Doğrudur, o zaman məndə şübhə yeri qalmadı, qəti mən inandım ki, məndən zəhləsi gedir, ancaq onun təmizliyini də gördüm. Mən qəfil qapını açıb, səhnəyə son qoydum. Yefimoviç sıçrayıb ayağa qalxdı, mən arvadımın qolundan tutub, buradan çıxmağı təklif etdim. Yefimoviç özünə gəldi və birdən ucadan qəhqəhə çəkib güldü:
   – Etiraz eləmirəm, bu sizin müqəddəs ərlik haqqınızdır, aparın, aparın! – Sonra da ardımca qışqırdı: – Özü də bilirsinizmi nə var, abırlı adam sizinlə atışmaz, ancaq arvadınızın xatirinə, mən sizin qulluğunuzda hazıram… Əgər siz buna ürək eləsəniz…
   Mən arvadımı bir anlığa kandarda saxlayıb dedim:
   – Eşidirsinizmi!
   Sonra evə çatanacan bircə kəlmə də danışmadım. Mən onu qolundan yapışıb aparırdım, o da dartınmırdı. Əksinə, yaman sarsılmışdı, ancaq bu biz evə çatana kimi davam etdi. Evə girəndə o, stulda oturdu və gözünü mənə zillədi. Bət-bənizi tamam qaçmışdı; dodaqları dərhal istehza ilə büzülsə də, indi o mənə təntənə ilə, sərt, meydan oxuyurmuş kimi baxırdı, həm də deyəsən, ilk dəqiqələr qəti əmindi ki, mən onu tapança ilə vurub öldürəcəyəm. Ancaq mən dinməzcə tapançanı cibimdən çıxartdım və stolun üstünə qoydum. Qız gah mənə, gah tapançaya baxırdı. (Yadınızda saxlayın: bu tapança ona tanış idi. Onu mən sələmçiliyə başladığım gün almış və doldurmuşdum. Sələmçiliyə başlayanda mən belə qərara gəlmişdim ki, nə yekə itlər, nə də, məsələn, Mozer kimi qolu zorlu nökər saxlayacağam. Müştəri gələndə qapını qulluqçu açırdı. Ancaq bizim peşənin sahibləri hər ehtimala qarşı, özünü qorumaq üçün, gərək ehtiyatını əldən verməsin, ona görə mən də yanımda dolu tapança saxlayırdım. Qız, ilk günlər, evimə gələndən sonra, bu tapança ilə çox maraqlanırdı, məni sorğu-suala tuturdu, mən də ona hətta tapançanın quruluşu barədə izahat verirdim, üstəlik hələ bir dəfə də dilə tutub atdırmışdım. Bunların hamısını yadınızda saxlayın.) Mən onun qorxuya düşməsinə əhəmiyyət vermədən, yarısoyunmuş yatağa uzandım. Tamam haldan düşmüşdüm: saat on birə az qalırdı. Qız bir saat da elə oturduğu yerdə hərəkətsiz qaldı, sonra şamı söndürdü, sonra da elə paltarlı, divarın dibindəki divanda uzandı. İlk dəfə idi ki, ayrı yatırdıq, bunu da yadınızda saxlayın…


   VI

 //-- DƏHŞƏTLİ XATİRƏ --// 
   İndi bu, dəhşətli xatirə olub…
   Mən səhər, deyəsən, saat səkkizə işləyəndə, yuxudan ayrıldım, hava demək olar, tamam işıqlanmışdı. Mən ağlım başımda, birdən yuxudan ayıldım və gözümü açdım. Qız əlində tapança stolun yanında dayanmışdı. O mənim ayıldığımı və ona baxdığımı bilmirdi. Birdən gördüm ki, o, əlində tapança yavaş-yavaş mənə tərəf gəlir. Tez gözümü yumdum; guya bərk yuxuya getmişdim.
   Arvadım yatağa yaxınlaşıb, başımın üstündə dayandı. Mən hər şeyi eşidirdim; otağa məzar sükutu çökmüşdü, amma mən bu sükutun da səsini eşidirdim. Bu yerdə qıc olmaya oxşar bir hal baş verdi, mən özümü saxlaya bilmədim. Qeyri-iradi birdən gözümü açdım. Qız mənə, düz gözümün içinə baxırdı, tapança da gicgahıma söykənmişdi. Ancaq biz bir-birimizə yalnız bircə an baxdıq. Mən yenə gözümü bərk-bərk yumdum və dərhal qəti qərara gəldim ki, daha tərpənməyəcəyəm, başıma nə iş gələcək gəlsin, gözümü açmayacağam.
   Doğrudan da, bəzən elə hallar olur ki, dərin yuxuda olan adam birdən gözünü açır, hətta bir saniyəliyə başını qaldırır və otağa göz gəzdirir, bir an keçəndən sonra yenə huşsuz halda başını balıncın üstünə qoyanda heç bir şey xatırlamadan yuxuya gedir.
   Mən onunla göz-gözə gəlib, tapançanı gicgahımda hiss eləyəndə, təzədən gözümü yumub, dərin yuxuda olan adam kimi quruyanda, o, doğrudan da elə güman eləyə bilərdi ki, mən həqiqətən yatmışam, heç bir şey görməmişəm, üstəlik də ona görə ki, mənim gördüyümü görüb, gözünü təzədən yummaq ağlabatan iş deyildi.
   Bəli, ağlabatan iş deyildi. Ancaq o, həqiqəti də duya bilərdi, – elə həmin an birdən mənim ağlımdan bu fikir də keçdi. Ah, bir andan da az müddətdə beynimdən necə fikir, hiss qasırğası keçdi, yaşasın insan beyni elektriki! Əgər beləydisə (mən bunu hiss elədim), əgər o həqiqəti duymuşdusa, mənim yatmadığımı bilirdisə, onda mən ölümdən çəkinməməyimlə onu sarsıtmışdım və indi ola bilsin ki, əli əsirdi. Yeni qeyri-adi təəssürat əvvəlki qətiyyəti poza bilərdi. Deyirlər ki, yüksəkdə dayananlar özləri aşağıya, uçuruma can atırlar. Mən bu fikirdəyəm ki, intiharların və ölümlərin çoxu yalnız ona görə baş verir ki, tapançanı əlinə alan atmalıdır. Bu da uçurumdur, qırx beş dərəcə yamacdır, burada sürüşməmək mümkün deyil, ona görə də sizi nə isə qarşısıalınmaz bir şey tətiyi çəkməyə təhrik edir. Lakin mənim hər şeyi görməyim, hər şeyi bilməyim, dinməzcə ölümü gözləməyim və qızın bunu dərk etməsi, onu fikrindən daşındıra bilərdi.
   Sükut davam edirdi; birdən mən gicgahıma, saçlarıma soyuq dəmir toxunduğunu hiss etdim. Siz soruşa bilərsiniz: mən xilas olacağıma çoxmu əmin idim? Elə hesab eləyin ki, Allahın hüzurunda cavab verirəm: heç bir ümidim yox idi, yalnız yüz təsadüfdən birinə ümidim ola bilərdi. Bəs onda niyə ölümə gedirdim? Onda mən də sizdən soruşuram: canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi? Bundan əlavə, mən bütün varlığımla hiss edirdim ki, həmin bu an aramızda mübarizə gedir, yoldaşları tərəfindən qorxaqlığına görə qovulmuş dünənki qorxaq, dəhşətli ölüm-dirim mübarizəsi aparır. Mən bunu bilirdim, o da bunu bilirdi – əgər mənim yatmadığımı duymuşdusa, həqiqəti bilirdi.
   Bəlkə də belə deyildi, bəlkə də o vaxt mən belə düşünmürdüm, ancaq hər halda, fikrimdən keçməsə də, belə olmalı idi, ona görə ki, sonra mən ömrüm boyu hər saat yalnız bu barədə düşünürdüm.
   Ancaq siz məndən yenə soruşa bilərsiniz: niyə onu bu cinayətdən çəkindirmək istəmədim. Sonralar mən bu sualı, hər dəfə həmin anı xatırlayanda, kürəyimi buz kimi soyuq tər basanda, öz-özümə min dəfə vermişəm. Ancaq o vaxt qəlbimi ümidsizlik bürümüşdü: mən məhv olurdum, özüm məhv olurdum, belə olan halda mən kimi xilas edə bilərdim? Birdə siz nə bilirsiniz ki, mən o vaxt birisini xilas etmək istəyirdim? Nə bilirsiniz ki, mən onda nə hiss edə bilərdim?
   Hər halda beynimdə fikirlər qaynayırdı; saniyələr keçirdi, məzar sükutu davam edirdi; qız hələ də başımın üstünü kəsdirmişdi – qəfil qəlbimə dolan bir ümiddən səksəndim! Tez gözümü açdım. Qız otaqda yox idi. Mən yataqdan qalxdım; qalib gəlmişdim, o isə ömürlük məğlub olmuşdu!
   Samovar qoyulmuş otağa keçdim. Bizim evdə samovarı həmişə birinci otağa qoyurdular, özü də çayı həmişə o özü süzürdü. Mən süfrə başında əyləşdim, onun süzüb mənə uzatdığı çayı aldım. Beş dəqiqədən sonra başımı qaldırıb üzünə baxdım. Bət-bənizi ağappaq idi, dünənkindən də ağ idi, özü də mənə baxırdı. Qız birdən ona baxdığımı gördü, ağarmış dodaqlarını büzüb gülümsündü, gözlərində ürək sual oxunurdu. “Belə çıxır ki, hələ də şübhə eləyir və öz-özündən soruşur: bilir, ya bilmir, gördü, ya görmədi?” Mən laqeyd-laqeyd üzümü kənara çevirdim. Çaydan sonra kassanı bağladım, bazara getdim, bir dəmir çarpayı və bir pərdə aldım. Evə qayıdandan sonra, tapşırdım ki, çarpayını böyük otağa qoysunlar, pərdəni də qabağına çəksinlər. Çarpayını ona almışdım, ancaq mən ona heç bir söz demədim. Deməsəm də çarpayını görəndə başa düşdü ki, “hamısını görmüşəm, hər şeyi bilirəm”, şübhədən tamam çıxdı. Axşam tapançanı həmişəki kimi, stolun üstünə qoydum. Gecə o dinməzcə təzə yatağına uzandı, kəbinimiz pozuldu, “məğlub edildi, ancaq bağışlanmadı”. Gecə sayıqlamağa başladı, səhər qızdırmadan od tutub yanırdı. O, altı həftə xəstə yatdı.



   İkinci fəsil


   I

 //-- MƏĞRURLUQ YUXUSU --// 
   Lukeriya indicə mənə xəbərdarlıq elədi ki, mənim evimdə qalmayacaq, xanımını dəfn eləyən kimi çıxıb gedəcəkdir. Diz çöküb beş dəqiqə dua oxudum, əslində bir saat dua oxumaq istəyirdim, ancaq elə hey fikirləşirdim, fikirləşirdim, özü də xəstə fikirlər, xəstə baş, – belə olan halda duanın nə faydası – başdan-ayağa günahdır! Bir də qəribə idi ki, yuxum gəlmirdi: böyük bədbəxtlik üz verəndə, çox böyük bədbəxtlik üz verəndə, ilk güclü partlayışdan sonra adamı həmişə yuxu basır. Ölümə məhkum edilmiş adamlar, deyirlər ki, axırıncı gecə çox möhkəm yatırlar. Belə də olmalıdır, təbiətin qanunudur, yoxsa insan tab gətirməz… Mən divanda uzandım, ancaq yata bilmədim…
   Xəstə yatdığı altı həftə ərzində biz – mən, Lukeriya, bir də pulla tutduğum oxumuş qadın, xəstəxana baxıcısı – gecə-gündüz ona qulluq eləyirdik. Mən xəsislik eləmirdim, hətta ona pul xərcləmək istəyirdim, həkim Şrederi çağırırdım, hər gəlişinə də on manat verirdim. Huşu özünə gələndən sonra gözünə az-az görünməyə çalışdım. Xülasə, təsvir eləməyə dəyməz. Tamam sağalıb ayağa qalxandan sonra dinməzcə, sakitcə mənim otağıma keçib xüsusi stolun, xəstə olduğu vaxt onun üçün aldığım stolun arxasında əyləşdi… Bəli, doğrudur, biz qətiyyən dinib-danışmırdıq; daha doğrusu, sonra söhbətə başladıq, ancaq ordan-burdan danışırdıq. Mən, əlbəttə, qəsdən söz-söhbət salmırdım, ancaq çox yaxşı hiss eləyirdim ki, o artıq söz-söhbət olmamasına sevinir. Onun bu hərəkəti mənə çox təbii gəlirdi, fikirləşirdim ki, “çox sarsılıb, yaman məğlub olub, əlbəttə, elə eləmək lazımdır ki, yadından çıxsın, yavaş-yavaş toxtasın”. Bu qayda ilə biz susurduq, ancaq mən hər dəqiqə özlüyümdə gələcəyə hazırlıq görürdüm, fikirləşirdim ki, o da mən vəziyyətdədir, ona görə də maraqlanırdım: görəsən, indi o özlüyündə məhz nə barədə düşünür?
   Bir söz də deyim: xəstə olduğu müddətdə mənim nələr çəkdiyimdən, başının üstündə nə qədər sızıldadığımdan heç kimin xəbəri yoxdu. Mən ürəyimdə sızıldayırdım, bunu hətta Lukeriyadan da gizlədirdim. Mən onun əhvalatdan xəbərsiz öləcəyini təsəvvürümə gətirə bilmirdim, hətta bunu ağlıma sığışdıra bilmirdim. Elə ki, təhlükə sovuşdu, yavaş-yavaş səhhəti yaxşılaşmağa başladı, yadımdadır, tezliklə tamam sakitləşdim. Hələ üstəlik, qərara gəldim ki, taleyimizin həllini mümkün qədər uzadım, sonraya saxlayım, vəziyyət hələlik necə varsa elə də qalsın. Bəli, onda nə isə qəribə, xüsusi halda idim, buna başqa ad tapa bilmirəm: qalib çıxmışdım və təkcə bunu dərk eləməyim mənə kifayət idi. Qışı bu cür başa vurduq. Mən həyatımdan razı idim, ömrümdə həyatımdan belə razı olmamışdım, bütün qış belə keçdi.
   Bilirsinizmi, mənim həyatımda bir dəhşətli əngəl vardı, bu əngəl, o vaxta qədər, yəni arvadımla aramız dəyənə kimi, hər gün, hər saat mənə əzab verirdi, mənə əzab verən hörmət-izzətimi itirməyim, polkdan qovulmağım idi. İkicə kəlmə ilə desəm: mənə qarşı ağlasığmaz haqsızlıq eləmişdilər. Doğrudur, xasiyyətim ağır olduğuna görə, bəlkə də gülməli xasiyyətimə görə yoldaşlarım məni sevmirdilər, ancaq çox vaxt elə olur ki, sizə ülvi, müqəddəs, səcdəyə layiq görünən bir şey, nədənsə bir dəstə yoldaşınıza gülməli gəlir. Mənim, heç vaxt, hətta məktəbdə də sevməyiblər. Mən heç vaxt, heç yerdə sevilməmişəm. Məni Lukeriya da sevə bilməzdi polkda başıma gələn əhvalat sevilməməyimin nəticəsi olsa da, heç şübhə yoxdur ki, təsadüfi işdi. Sözü ona gətirirəm ki, dünyada, bulud kimi ötüb-keçə biləcək axmaq təsadüfün, bir-birinin dalınca gələn bədbəxtliyin qurbanı olmaqdan da ağır, dözülməz iş yoxdur. Bu, ziyalı adam üçün təhqirdir. Əhvalat belə olmuşdur.
   Teatrda, fasilə vaxtı, bufetə getdim. Qusar A-v qəflətən içəri girib, zabitlərin və camaatın yanında ucadan iki qusar yoldaşına dedi ki, bizim polkun kapitanı Bezumtsev elə indicə koridorda dava salmışdı, “özü də deyəsən, sərxoşdu”. Söhbət baş tutmadı, bir də qusar səhv eləyirdi, çünki kapitan Bezumtsev sərxoş deyildi, heç dava-zad da olmamışdı. Qusarlar söhbəti dəyişdilər və danışıq beləcə qurtardı, ancaq ertəsi gün əhvalat bütün polkda yayıldı, dərhal söz-söhbət başladı ki, bufetdə bizim polkdan təkcə mən olmuşam, qusar A-v kapitan Bezumtsev haqqında hərzə-hərzə danışanda mən A-va yaxınlaşıb onun ağzından vurmamışam. Ancaq mən niyə onun ağzından vurmalıydım? Əgər onun Bezumtsevlə ədavəti vardısa, bu onların öz işləri idi, daha mən niyə onların işinə qarışmalıydım? Ancaq zabitlər belə nəticəyə gəldilər ki, bu, şəxsi iş deyil, polka da dəxli var, bizim polkun zabitlərindən orada yalnız mən olduğum üçün, bufetdəki zabitlərə və camaata göstərmişəm ki, bizim polkda özünün və polkun şərəfini o qədər də uca tutmayan zabitlər var. Onların bu fikri ilə razılaşa bilməzdim. Məni başa saldılar ki, gec də olsa, A-v ilə rəsmiyyət xatirinə danışmaq istəsəm, hələ işi yoluna qoymaq mümkündür. Mən buna razı olmadım və hirsləndim onların təklifini qəti rədd elədim. Sonra dərhal istefaya çıxdım, – əhvalat bax belə olmuşdu. Mən əyilmədim, ancaq ruhən əzildim. Mən iradəmi və ağlımı itirmişdim. Elə bu vaxt məlum oldu ki, yeznəm Moskvada bizim azacıq var-yoxumuzu, o cümlədən mənim də cüzi payımı satıb dağıdıb; mən qəpiksiz qaldım. Bir idarəyə işə girə bilərdim, ancaq girmədim: o cür gözəl mundirdən sonra dəmir yoluna işə girə bilməzdim. Xəcalət, rüsvayçılıq, düşkünlük, özü də nə qədər pis olsa, bir o qədər yaxşıdır – mən bax, bunu seçdim. Üç il bu cür məşəqqət çəkdim. Vyazemskinin evində oldum. İl yarım bundan əvvəl Moskvada bir varlı qohumum, xaç anam vəfat elədi, o, başqaları ilə bərabər mənə də üç min manat vəsiyyət eləmişdi. Mən götür-qoy elədim və elə o vaxt özümə həyat yolu seçdim. Mən heç bir şeyi vecimə almadan, sələmçilik eləmək qərarına gəldim: pul, sonra ev-eşik və əvvəlki xatirələrdən uzaqda yeni həyat – planım belə idi. Ancaq rüsvayçı keçmişim və ad-sanımın, namusumun ləkəli olması hər saat, hər dəqiqə mənə əzab verirdi. Bu ara mən evləndim. Bu, təsadüfi evlənmə idimi, ya yox, – bilmirəm. Amma mən onu evimə gətirəndə fikirləşirdim ki, evimə dost gətirirəm, mənim dosta çox ehtiyacım vardı. Ancaq mən görürdüm ki, bu dostu hazırlamaq, kəm-kəsirini düzəltmək, hətta onun inadını sındırmaq lazımdır. İndi deyin görüm, mən bu on altı yaşlı, özündən bədgüman qıza dərhal nəyi açıb deyə bilərdim? Məsələn, təsadüfən tapançanın köməyi ilə baş vermiş dəhşətli hadisə olmasaydı, onu necə inandıra bilərdim ki, məni qorxaq kimi qələmə verməkdə ədalətsizlik eləyiblər? Amma həmin hadisə yerinə düşdü. Tapançadan qorxmadığım üçün, mən bütün keçmiş rüsvayçılıqların qisasını aldım. Doğrudur, bunu heç kim bilmədi, ancaq qız bildi, bu da mənim üçün hər nəyə desən dəyərdi, çünki onu canım-ciyərim hesab eləyirdim, özümdən ayırmırdım, arzularımda o mənim gələcəyim, ümidim idi. O mənə lazım olan yeganə insan idi, mənə başqa adam lazım deyildi – indi o hər şeyi bilirdi; hər halda bilirdi ki, düşmənlərimlə birləşməyə tələsməkdə ədalətsiz iş tutub. Bu fikir məni göylərə qaldırdı. Mən indi onun gözündə alçaq adam ola bilməzdim, olsa-olsa məni o qəribə adam hesab edə bilərdi, ancaq bu fikir, indi, bütün olub-keçən əhvalatlardan sonra, mənə o qədər də ağır gəlmirdi, qəribəlik qüsur deyil, əksinə, qəribəlik bəzən qadınların xoşuna gəlir. Sözün qısası, mən işin axırını qəsdən uzadırdım, ləngidirdim: baş verən əhvalat hələlik mənim sakitləşməyim üçün kifayət idi, hətta artıqdı, üstəlik də bu mənə xəyala dalmaq üçün həddindən çox lövhələr, material vermişdi. Elə işin pis tərəfi o idi ki, mən xəyalpərəst idim: materialım kifayətdi, qız barədə isə fikirləşirdim ki, hələ vaxt var.
   Beləcə qışı nigarançılıq, intizar içində başa vurduq. O bəzən öz stolunun arxasında əyləşəndə, mən xəlvətcə ona tamaşa eləməyi sevirdim. O, iş görürdü, tikiş tikirdi, axşamlar isə bəzən mənim şkafımdan götürdüyü kitabları oxuyurdu. Şkafa yığılmış kitablar da mənə kömək eləməli idi. O, demək olar ki, evdən bayıra çıxmırdı. Mən hər gün nahardan sonra, hələ şər qovuşmamış, onu gəzməyə, başmaq seyrinə çıxarırdım: özü də biz əvvəllər olduğu kimi lal-dinməz gəzmirdik, söhbət eləyirdik. Mən özümü elə göstərirdim ki, guya biz susmuruq, mehriban-mehriban söhbət eləyirik, ancaq bayaq dediyim kimi, ikimiz də elə eləyirdik ki, söhbət dərinə getmirdi. Mən bunu qəsdən eləyirdim. Onun barəsində isə fikirləşirdim: “möhlət vermək lazımdır”. Əlbəttə, bir qəribə əhvalat da vardı; mən xəlvəti ona tamaşa eləməyi sevirdim, amma o tək bircə dəfə də olsun, başını qaldırıb üzümə baxmırdı, bunu mən, ta qış çıxana kimi qətiyyən duymamışdım! Fikirləşirdim ki, bu onun utancaqlığından irəli gəlir. Üstəlik də xəstəlikdən sonra o çox zəifləmişdi, çox ürkək, həlim görkəmi vardı. Fikirləşirdim ki, yaxşısı budur gözləyim: “axırı bir gün qəflətən özü mənə yaxınlaşacaq…”
   Bu fikir məni yaman qanadlandırırdı. Bir şeyi də əlavə eləyim: bəzən mən, elə bil qəsdən, öz-özümü qızışdırır, əqlən və ruhən elə hala düşürdüm ki, özümü doğrudan da ondan incimiş kimi hiss eləyirdim. Bir müddət belə davam elədi. Ancaq mənim nifrətim heç vaxt möhkəmlənə, qəlbimdə kök sala bilməzdi. Üstəlik, mən özüm də hiss eləyirdim ki, bu, deyəsən, yalnız oyundur. O zaman mən çarpayı və pərdə almaqla nikahımızı pozmuş olsam da, heç vaxt ona cinayətkar kimi baxa bilməmişdim. Həm də ona görə yox ki, işlədiyi cinayət barədə səthi düşünürdüm. Ona görə ki, onu tamam bağışlamaq, elə birinci günü, hətta çarpayını almamışdan da qabaq bağışlamaq fikrində idim. Bir sözlə, bu mənim tərəfimdən qəribəlik idi, çünki davranış məsələsində mən çox sərt idim. Əksinə, onun alçalması fikri bəzən çox xoşuma gəlsə də, hərdən gözümə elə məğlub, elə alçalmış, elə əzilmiş görünürdü ki, ona yazığım gəlirdi, ürəyim ağrıyırdı. Bizim qeyri-bərabərliyimiz xoşuma gəlirdi…
   Mən həmin qış qəsdən bir neçə xeyirxah iş görmüşdüm. İki adamın borcunu bağışlamışdım, bir yoxsul qadına girovsuz-filansız pul vermişdim. Arvadıma da bu barədə bir söz deməmişdim. Həm də ona görə yox ki, özünün xəbər tutmasını istəyirdim, yox, elə-belə eləmişdim; ancaq o arvad minnətdarlıq eləməyə gəldi, özü də az qaldı ayağıma yıxılsın. Bu qayda ilə məsələ aşkar oldu: mənə elə gəlirdi ki, arvada elədiyim yaxşılıqdan xəbər tutanda, bu işim doğrudan da xoşuna gəldi.
   Ancaq bahar gəlirdi. Aprelin ortaları idi, biz pəncərələrin ikiqat çərçivələrini çıxarmışdıq. Günəşin gur şüaları sakit otaqlarımızı nura qərq eləyirdi. Amma mənim elə bil gözümə pərdə gəlmişdi, ağlım azmışdı. Müdhiş dəhşətli pərdə! Necə oldu ki, pərdə birdən çəkildi, gözüm açıldı, mən hər şeyi başa düşdüm. Bu, təsadüfmü idi, ya möhlət günümü belə tez gəlmişdi, yaxud günəş şüaları kütləşmiş zehnimi oyatmış, məni ayıltmışdı? Yox, fikrin, ayrılmağın dəxli yox idi, ölmüş bir damar qəflətən tərpənmişdi, Silkinib dirilmiş və mənim daşa dönmüş qəlbimin, mənliyimi işıqlandırmışdı. O vaxt mən, elə bil, qəflətən yerimdən sıçradım. Özü də bu hal qəflətən və gözlənilmədən gəldi. Bu, axşam üstü yeməkdən sonra saat beşdə oldu.


   II

 //-- Pərdə qəfil çəkildi --// 
   İkicə kəlmə bu əhvalatdan qabaq olub-keçənlər barədə deyim. Hələ bir ay əvvəl onda qərib bir dalğınlıq duymuşdum. Bu qaradinməzlik deyildi, dalğınlıqdı. Mən bunu da qəti duymuşdu. Onda o oturub iş görürdü, başını aşağı salıb tikiş tikirdi. Mənim ona tamaşa elədiyimi görmürdü. Birdən onun belə nazildiyini, arıqladığını, bət-bənizinin çəkildiyini, dodaqlarının ağardığını görəndə mat qaldım. Bütün bunlar üstəlik də onun qəfil və həddin artıq dalğınlığı əhvalımı pozdu və məni təəccübləndirdi. Mən əvvəllər də onun, xüsusən, gecələr arabir quru öskürəyini eşitmişdim. Mən dərhal ayağa qalxdım və ona deməmiş, Şrederi çağırmağa getdim.
   Şreder ertəsi günü gəldi. Qız çox təəccüb qaldı. O gah Şrederə, gah da mənə baxırdı.
   Qız qəribə tərzdə gülümsünüb dedi:
   – Mən tamam, tamam sağlamam.
   Şreder ona yaxşı baxmadı (bu həkimlər bəzən çox laqeyd olurlar), ancaq o biri otaqda mənə dedi ki, bu onda xəstəlikdən sonra qalıb, yaxşı olardı ki, baharda dəniz sahilinə, yaxud bu mümkün deyilsə, elə-belə bağa köçəsiniz. Qısası, heç nə demədi, yalnız dedi ki, zəifdir, daha nə bilim nə olub. Şreder gedəndən sonra o birdən üzümə çox ciddi baxa-baxa yenə dedi:
   – Mən qətiyyən, qətiyyən xəstə deyiləm.
   Ancaq sözünü bitirən kimi, yəqin utandığından, qıpqırmızı qızardı. Görünür, bu, utancaqlıq idi. İlahi, mən indi başa düşürəm: o utanırdı ki, mən hələ də həqiqi əri kimi qayğısına qalıram. Ancaq o zaman mən bunu başa düşmədim və qızarmasını mütilik əlaməti hesab edirdim.
   İndi, həmin əhvalatdan bir ay sonra, saat beşdə, aprel ayında, günəşli bir gündə, mən kassada oturub haqq-hesab çəkirdim. Birdən qulağıma dəydi ki, o bizim otağımızda, öz stolunun arxasında, iş görə-görə astadan… zümzümə eləyir. Bu yenilik məni yaman sarsıtdı, heç indi də baş aça bilmirəm ki, nə işdi. O vaxta qədər mən onun oxumasını, demək olar ki, heç eşitməmişdim, yalnız ilk günlər, evimə təzə gətirdiyim vaxtlar, nişan qoyub, tapança ata-ata şıltaqlıq elədiyimiz vaxt oxuyardı. O vaxt səsi hələ güclü idi, əsəbi olsa da, cingiltili idi, amma çox xoş, təmiz səsi var idi. İndi isə mahnı çox zəif çıxırdı, – oxuduğu kədərli mahnı deyildi (nə isə bir romans oxuyurdu), ancaq elə bil boğazında nə isə qırılmışdı, elə bil səsi çatmırdı, sanki mahnı özü də xəstə idi. Qız astadan oxuyurdu, səs birdən ucaldı və qırıldı, çox zəif, çox yazıq-yazıq; qız öskürürdü, sonra yenə də astadan, çox astadan oxumağa başladı.
   Mənim həyəcanlanmağıma güləcəklər, lakin heç vaxt, heç kim mənim niyə həyəcanlandığımı bilməyəcək! Yox, mənim ona hələ yazığım gəlmirdi, bu nə isə başqa bir şey idi. Əvvəlcə, hər halda, ilk dəqiqələr, birdən çaşqınlıq, dəhşətli təəccüb, dəhşətli və qəribə, xəstə, intiqama oxşar bir hiss məni bürüdü: “Oxuyur, özü də mənim yanımda! Olmaya məni adam yerinə qoymur?”
   Mən tamam sarsılmış halda oturmuşdum, sonra birdən ayağa qalxdım, şlyapamı götürüb, özüm də nə elədiyimi bilmədən, bayıra çıxdım. Hər halda niyə belə elədiyimi, hara gedəcəyimi bilmirdim. Lukeriya paltomu tutdu.
   Mən qeyri-ixtiyari Lukeriyadan soruşdum:
   – Oxuyur?
   Lukeriya sualımı başa düşmədi, üzümə baxdı, ancaq yenə heç nə başa düşmədi: əslində, məni başa düşmək, doğrudan da çətindi.
   – Ömründə birinci dəfə oxuyur?
   Lukeriya dedi:
   – Xeyr, siz evdə olmayanda hərdən oxuyur.
   Hamısı yadımdadır. Pilləkənlə aşağı endim, küçəyə çıxdım, baş alıb getdim. Tinə çatanda bir səmtə baxdım. Yanımdan keçən adamlarla toqquşurdum, ancaq mən bunu hiss eləmirdim. Bir fayton səslədim; minib polis körpüsünə getmək istəyirdim, özüm də bilmirdim niyə. Sonra fikrimi dəyişdim. Faytonçuya bir abbası verib:
   – Bunu sənə narahat elədiyim üçün verirəm, – dedim və boş-boş üzünə hırıldadım. Ancaq qəflətən qəlbimdə nə isə bir fərəh baş qaldırdı.
   Mən yeyin-yeyin evə tərəf qayıtdım. Kökdən düşmüş miskin, qırılmış səs birdən qəlbimə yenə çağladı. Nəfəsim təngişirdi. Gözümdən pərdə çəkilirdi! Bir halda ki, yanımda oxuyur, deməli, məni adam yerinə qoymur – bax mənə aydın olan, məni dəhşətə gətirən bu idi. Bu, ürəyimə dammışdı. Lakin fərəh qəlbimdə aşıb-daşır, qorxunu üstələyirdi.
   Taleyin istehzasına bax! Axı bütün qışı mənim qəlbimdə həmin bu fərəhdən savayı heç nə olmamışdı və ola da bilməzdi. Bəs bütün qışı mən özüm haradaydım? Mən çox tələsik pilləkənləri qalxdım, heç bilmirəm içəri necə girdim. Təkcə bu yadımdadır ki, elə bil döşəmə ləpələnirdi, mən də sakit çayda üzürdüm. Mən otağa girdim, o əvvəlki yerində oturmuşdu, başını aşağı salıb tikiş tikirdi, ancaq daha oxumurdu. Ötəri, elə-belə, soyuq-soyuq üzümə baxmaq istədi, ancaq bu baxış deyildi, adi laqeyd hərəkət idi, içəri bir adam girəndə belə eləyərlər.
   Mən dəli adam kimi, düz gedib onun yanında, lap yanında, stula əyləşdim, o qorxmuş kimi tez başını qaldırıb üzümə baxdı; mən onun əlini əlimə aldım, nə dediyim yadımda deyil, daha doğrusu, demək istədiyim, çünki mən hətta əməlli-başlı danışa da bilmirdim. Səsim titrəyirdi, dilim söz tutmurdu. Nə deyəcəyimi bilmirdim, nəfəsim təngimişdi.
   Birdən mən kəkələyə-kəkələyə nə isə axmaq bir söz dedim.
   – Gəl söhbət eləyək… bilirsənmi… bir şey danış!
   Məgər fikirləşməyə, ağıllı danışmağa məndə hal var idi? Qız yenə səksəndi, bərk qorxub, mənim üzümə baxa-baxa geri çəkildi, ancaq birdən gözlərində ciddi təəccüb gördüm. Bəli, təəccüb, özü də ciddi. O, gözlərini bərəldib mənə baxırdı. Bu ciddilik, bu ciddi təəccüb məni birdən yerlə yeksan elədi, o sussa da, bu təəccüb elə bil deyirdi: “Sən hələ də məhəbbət barədə düşünürsən? Məhəbbət barədə?” Ancaq mən bunların hamısını, hamısını onun gözlərində oxudum. Bütün varlığım lərzəyə gəldi, mən onun ayaqlarına yıxıldım. Qız tez sıçrayıb ayağa qalxdı, ancaq mən çox bərk-bərk, ikiəlli ondan yapışıb buraxmadım.
   Mən vəziyyətimin ümidsiz olduğunu yaxşı bilirdim, başa düşürdüm! Ancaq inanırsınızmı, qəlbimdə fərəh elə aşıb-daşırdı, elə çağlayırdı ki, fikirləşirdim öləcəyəm. Mən onun ayaqlarını öpürdüm, məst idim, xoşbəxt idim. Bəli, xoşbəxtdim, hədsiz-hüdudsuz xoşbəxtdim, özü də vəziyyətimin tamam ümidsiz olduğunu bilə-bilə! Mən ağlayırdım, nə isə deyirdim, ancaq bir şey çıxmırdı. Birdən onun üzündəki qorxu və təəccüb yox oldu, yerini qayğılı fikir tutdu, bu üzdə sual vardı, o mənə çox qəribə baxırdı, hətta vəhşi kimi baxırdı, tez bir şey başa düşmək istəyirdi, ona görə də gülümsündü. O, ayaqlarını öpdüyümə görə yaman utanırdı, ona görə də ayaqlarını çəkirdi, ancaq mən dərhal ayaqlarının yerini öpürdüm. O bunu görürdü, birdən utandığından gülməyə başladı (adamın utandığından güldüyünü bilirsiniz). Ürəkkeçməsi başlayırdı, bunu görürdüm, əlləri əsirdi, – mən buna fikir vermirdim, elə hey mızıldayırdım ki, mən səni sevirəm, ayağa qalxmayacağam, “qoy paltarının ətəyini öpüm… beləcə ömrüm boyu sənə səcdə eləyim…” Bilmirəm, yadıma gəlmir necə oldu – birdən o hönkürdü, əsdi; dəhşətli əsəb tutması başlandı. Mən onu qorxutmuşdum.
   Götürüb yatağına qoydum. Tutması keçəndən sonra, diksinib yatağının üstündə oturdu, bət-bənizi tamam qaçmış halda, mənim əllərimi tutub yalvardı ki, sakitləşim: “Bəsdir, özünüzü üzməyin, sakit olun!” – Sonra yenə ağladı. Həmin gecə mən ondan uzaqlaşmadım. Mən dalbadal ona deyirdim ki, səni Bulona, dənizə çimməyə aparacağam, indi, bu saat, iki həftədən sonra, deyirdim ki, bayaq eşitmişəm, səsin yaman xarab olub; deyirdim ki, kassanı bağlayacağam. Dobronravova satacağam, hər şeyi dəyişəcəyik, başlıcası isə, Bulona, Bulona gedəcəyik! O qulaq asır, getdikcə vahimələnirdi. Getdikcə daha çox qorxurdu. Ancaq mən buna o qədər də əhəmiyyət vermirdim, qəlbimdə getdikcə güclənən, qarşısıalınmaz bir arzu vardı: yenə onun ayaqlarına yıxılmaq, yenə onun ayaqlarının yerini öpmək, öpmək və ona səcdə eləmək; mən dəqiqəbaşı təkrar eləyirdim: “səndən bundan artıq heç nə, heç nə istəməyəcəyəm, mənə cavab vermə, məni heç görmə, yalnız icazə ver xəlvətcə sənə tamaşa eləyim, cansız bir şeyin, küçüyün olaram…” O ağlayırdı.
   – Amma mən elə bilirdim ki, siz məni bu vəziyyətdə qoyacaqsınız, – bu söz onun ağzından qeyri-iradi, qəfil çıxdı, elə qeyri-adi çıxdı ki, çox güman, özü də nə dediyini qətiyyən bilmədi, əslində isə bu onun ən başlıca, ən qəti və mənim həmin axşam ən aydın başa düşdüyüm sözü idi; bu sözü eşidəndə elə bil ürəyimə bıçaq sancıldı! O hər şeyi, hər şeyi mənə başa saldı, ancaq nə qədər ki, yanımda idi, gözümün qabağında idi, mən ümidimi itirməmişdim və hədsiz xoşbəxt idim. Həmin axşam mən onu yormuşdum, özüm də bunu bilirdim, ancaq elə hey fikirləşirdim ki, indicə hər şeyi dəyişdirəcəyəm! Nəhayət, gecəyarısına yaxın, tamam haldan düşdü, mən onu dilə tutub yatırtdım, dərhal bərk yuxuya getdi. Mən gözləyirdim ki, sayıqlayacaq, sayıqladı da, ancaq çox yüngül. Gecə dəqiqəbaşı yerimdən qalxır, ayağımda gecə çəkməsi, sakitcə yaxınlaşıb baxırdım. Mən bu ucuz, o zaman üç manata aldığım dəmir çarpayıda uzanmış xəstə insana baxa-baxa əsəbiliklə əllərimi ovuşdururdum. Mən diz çökürdüm, ancaq yuxuda, ayaqlarını (ondan icazəsiz!) öpməyə cürət eləmirdim. Mən Allaha dua eləmək üçün diz çökürdüm, amma yenə sıçrayıb ayağa qalxırdım. Lukeriya mənə göz qoyurdu, tez-tez mətbəxdən çıxırdı. Mən onun yanına gəlib dedim ki, uzan yat, sabah işlər “tamam dəyişəcək”.
   Mən buna kor-koranə, dəli kimi yaman inanırdım. İlahi, fərəh məni necə götürmüşdü! Mən yalnız sabahı gözləyirdim. Başlıcası isə mən əlamətləri olmasına baxmayaraq, fəlakət baş verəcəyinə inanmırdım. Gözümdən pərdə çəkilsə də, ağlı hələ başıma tamam gəlməmişdi, özü də uzun müddət gəlməmişdi, həmin günə kimi, həmin günün özünə kimi gəlməmişdi! Birdə ağlım o zaman başıma necə gələ bilərdi: axı onda o sağ idi, axı bax, burada, qabağımda idi, mən də onun qabağımda: “Sabah o ayılacaq və mən hər şeyi ona danışacaqdım, o hər şeyi görəcəkdi”. Mən o zaman belə fikirləşirdim, sadə və aydın; ona görə də fərəhli idim! Burada əsas məsələ Bulon səfəri idi. Mən nədənsə elə hey fikirləşirdim ki, Bulon – hər şeydir, Bulonda nə isə qəti bir şey var. “Bulona, Bulona!” Mən səbirsizliklə səhərin açılmağını gözləyirdim.


   III

 //-- ÇOX YAXŞI BAŞA DÜŞÜRƏM --// 
   Axı bu danışdıqlarım cəmisi bir neçə gün, beş gün, cəmisi beşcə gün əvvəl, keçən çərşənbə axşamı olmuşdu: yox, yox, bir azca da səbir eləsəydi, lap azca gözləsəydi, mən hər şeyi aydınlaşdıracaqdım! Məgər o sakitləşməmişdi? Ertəsi gün o mənə qulaq asanda, çaşqın olsa da, gülümsəyirdi… Başlıca məsələ budur ki, bütün bu beş günü o ya çaşqın olurdu, ya da utanırdı. O da qorxurdu, çox qorxurdu. Mən mübahisə eləmirəm, mən dəli adamlar kimi baş-ayaq danışmaq istəmirəm: qorxurdu, bir də axı, o, necə qorxmaya bilərdi? Axı, biz xeyli vaxt idi ki, bir-birimizə yad olmuşduq, bir-birimizdən soyumuşduq, indi birdən bütün bunlar… Ancaq mən onun qorxmasına fikir vermirdim, yenilik gözümü qamaşdırırdı!.. Doğrudur, tamamilə doğrudur, mən səhv iş tutmuşdum. Bəlkə də çox səhv bir iş tutmuşdum. Mən ertəsi gün yuxudan qalxanda, elə səhər-səhər (çərşənbə günü idi) dərhal səhvə yol verdim: mən birdən onu özümə dost elədim. Mən tələsdim, çox, çox tələsdim, ancaq tövbə lazım idi, tövbə nədir, ondan da böyük iş lazım idi! Mən hətta bütün ömrüm boyu özümdən gizlətdiyim işləri də gizlətmədim. Mən açıq dedim ki, bütün qışı fikrim-zikrim onun məhəbbətinə əminlik olub. Mən onu başa saldım ki, sələmçilik yalnız iradəmin zəifliyinin, öz-özümün tənbehin və özümdən müştəbehliyin nəticəsidir. Mən onu başa saldım ki, onda bufetdə doğrudan da qorxmuşdum, xasiyyətimin ucbatından, vasvasılıqdan: şərait çaşdırdı, bufet çaşdırdı, məni çaşdıran bu oldu ki, birdən mənim duelə çıxmağım sarsaq iş olmazmı? Dueldən qorxmurdum, onun sarsaq iş olacağından qorxurdum… Sonra isə etiraf eləmək istəmirdim, ona görə də hamıya əziyyət verirdim, elə onu da buna görə incidirdim, onu da elə buna görə almışdım ki, incidim. Ümumiyyətlə, mən çox vaxt qızdırmalı adam kimi danışırdım. Qız özü qolumdan tutur, susmağı xahiş edirdi: “Siz şişirdirsiniz… siz özünüzə əziyyət verirsiniz”. – Sonra yenə başlayırdı ağlamağa; daha bu barədə heç nə deməyim, xatırlamayım.
   Mən onun yalvarmağına baxmırdım, ya da az əməl eləyirdim: bahar, Bulon! Orada günəş var, bizim yeni günəşimiz, mən yalnız bunu deyirdim! Mən kassanı bağladım, işləri Dobronravova verdim. Mən qıza qəflətən təklif elədim ki, nəyim varsa hamısını yoxsullara paylasın, xaç anamdan qalmış üç min manatdan başqa, biz bu pulla Bulona gedəcəkdik, sonra isə qayıdıb alnımızın təri ilə dolanacaqdıq. Belə də qət eləmişdik, çünki o heç bir söz demirdi, o yalnız gülümsünürdü. Özü də deyəsən, məni pərt eləməmək üçün daha çox nəzakət xatirinə gülümsünürdü. Axı, mən görürdüm ki, ona əziyyət verirəm; elə fikirləşməyin ki, mən çox axmaq, çox xudpəsənd adamam, bunu görmürdüm. Mən hər şeyi görürdüm, bütün incəliklərinə qədər görürdüm, hamıdan yaxşı görür və bilirdim; mənim tamam ümidsizliyim göz qabağında idi!
   Mən ona özüm barədə, onun özü barədə hər şeyi danışdım! Lukeriya barədə də danışdım. Dedim ki, ağlayırdım… Bəzən mən söhbəti dəyişirdim, axı mən özüm də bəzi şeyləri xatırlamaq istəmirdim. Axı, o hətta bir, ya iki dəfə dirçəldi, axı bu mənim yadımdadır, yadımdadır! Niyə siz deyirsiniz ki, mən baxır, amma heç nə görmürdüm? Əgər bu əhvalat olmasaydı, hər şey dəyişəcəkdi. Axı üç gün əvvəl, söhbət mütaliədən, onun bu qış ərzində oxuduqlarından düşəndə, Jil-Blazla arxiyepiskop Qrenadski əhvalatını xatırlayanda o danışır və gülürdü. Özü də lap uşaq kimi, məsum-məsum, əvvəllər, təzə gəlin gəldiyi vaxtlarda olduğu kimi gülürdü (Bir an! Bir an!); mən nə qədər şad idim! Bu, arxiyepiskop əhvalatı məni yaman heyran qoydu: bir halda ki, o, qışda oturub bu gözəl əsəri oxuyanda gülmüşdü, deməli, ruhən kifayət qədər sakitləşmişdi, xoşbəxt idi. Deməli, tamam arxayınlaşırmış, inanırmış ki, mən onu bu vəziyyətdə qoyacağam. “Mən fikirləşirdim ki, siz məni bu vəziyyətdə qoyacaqsınız”, – onda, çərşənbə axşamı, axı o belə demişdi! İlahi, on yaşlı qız belə fikirləşə bilər! Axı o inanırdı, inanırdı ki, doğrudan da hər şey bu vəziyyətdə qalacaq: o öz stolu arxasında, mən də öz stolumun arxasında, ikimiz də altmış yaşımıza kimi beləcə keçinəcəyik. Amma qəflətən mən, əri, ona yaxınlaşdım, mən məhəbbət istəyirdim! Ah, bu böyük səhv idi, mən kor idim!
   Mən ona heyran-heyran baxmaqda da səhv eləmişdim; gərək özümü saxlayaydım, çünki heyrətim onu qorxudurdu. Mən ki, indi özümü saxlayırdım, daha onun ayaqlarını öpmürdüm. Bircə dəfə də onun əri olduğumu büruzə vermədim, bunu heç ağlıma da gətirmirdim, mən yalnız dua eləyirdim! Axı tamam susmaq da olmazdı. Mən ona dedim ki, söhbətindən həzz alıram, onu özümdən qat-qat, müqayisə edilməz dərəcədə savadlı və ağıllı hesab eləyirəm. Qız yaman qızardı və pərt olub dedi ki, mən şişirdirəm. Bu yerdə mən sarsaqlıqdan özümü saxlaya bilmədim, o vaxt qapının dalında dayanıb, onun çarpışmasını, məsum insanın o həşəratla çarpışmasını dinləyəndə necə heyrətləndiyimi, ağlına, hazırcavablığına, özü də o cür uşaq sadəlövhlüyü ilə, necə mat qaldığımı danışdım. O elə bil bərk səksəndi, kəkələyə-kəkələyə yenə: siz şişirdirsiniz, – demək istədi, ancaq birdən sifəti bulud kimi tutuldu, əlləri ilə üzünü tutub hönkür-hönkür ağladı. Bu yerdə mən də özümü saxlaya bilmədim: yenə qabağında yerə sərildim, yenə başladım ayaqlarını öpməyə, onu yenə, çərşənbə axşamı olduğu kimi, ürəkkeçməsi tutdu. Bu, dünən axşam olmuşdu, səhəri isə…
   Səhəri?! Ay ağılsız, axı əhvalat bu gün səhər, bayaq, bayaq olmuşdu!
   Eşidin və agah olun: bayaq biz samovarın başına toplaşanda (dünənki ürəkkeçmədən sonra) onun çox sakit olduğunu görüb mat qalmışdım, bax işlər belə idi! Mən dünənki əhvalata görə qorxudan bütün gecəni əsmişdim. Ancaq birdən o mənə yaxınlaşdı, qarşımda diz çökdü və əllərini sinəsinin üstünə qoyub (bayaq, bayaq!) dedi ki, cinayətkardır, bunu özü də bilmir, işlədiyi cinayət bütün qışı ona əzab vermişdir, elə indi də əzab çəkir… mənim alicənablığımı çox uca tutur… “Mən sizin sadiq arvadınız olacağam, mən sizə hörmət edəcəyəm…” Bu yerdə mən sıçrayıb qalxdım, onu dəli kimi qucaqladım! Mən onu öpürdüm, onun üzünü, dodaqlarını öpürdüm, əri kimi, uzun ayrılıqdan sonra ilk dəfə öpürdüm. Axı mən bayaq niyə evdən çıxıb getdim, özü də cəmisi ikicə saatlığa… bizim xarici pasportlarımız… İlahi! Kaş beş dəqiqə, cəmisi beş dəqiqə tez qayıdaydım!.. Bu yandan da bizim darvazanın qabağına toplaşmış camaat, mənə zillənmiş nəzərlər… Pərvərdigara!
   Lukeriya deyir (bu əhvalatdan sonra mən Lukeriyanı hər necə olursa-olsun buraxan deyiləm, o hər şeyi bilir, bütün qışı yanımızda olub, o bütün olub-keçənləri mənə danışacaq), o deyir ki, mən evdən çıxandan sonra, qayıtmağıma cəmisi iyirmi dəqiqə qalmış, yadımda deyil, nə isə bir şey soruşmaq üçün qəflətən xanımın yanına gedir, bizim otağımıza girir və görür ki, ikonanı (həzrət Məryəmin həmin surətini) çıxardıb, stolun üstünə, qabağına qoyub, elə bil indicə bu dəqiqə ikonanın qabağında dua eləyirmiş. “Sizə nə olub, xanım?” – “Heç bir şey, Lukeriya, get… Dayan, Lukeriya”, – Lukeriyaya yaxınlaşıb onu öpmüşdü. “Xanım, siz xoşbəxtsiniz? – “Xoşbəxtəm, Lukeriya”. – “Xanım, ağa gərək çoxdan yanınıza gəlib üzr istəyəydi… Allaha çox şükür ki, barışdınız”. – “Yaxşı, Lukeriya, get, Lukeriya”, – sonra gülümsünmüşdü. Elə qəribə gülümsünmüşdü ki, Lukeriya on dəqiqədən sonra ona baxmağa gəlmişdi: “Lap pəncərənin qabağında, divarın dibində dayanmışdı, əlini divara, başını da qoluna söykəyib beləcə fikrə getmişdi. Beləcə dayanıb elə dərin fikrə gəlmişdi ki, mənim dayanıb ona tamaşa elədiyimi duymadı. Gördüm ki, elə bil gülümsünür, dayanıb fikirləşir və gülümsünür. Mən ona baxdım, səssizcə dönüb otaqdan çıxdım, öz-özümə fikirləşirdim, birdən pəncərənin açıldığını eşitdim. Mən dərhal qayıtdım deyim ki, “Xanım, hava soyuqdur, özünüzü soyuğa verərsiniz”, birdən gördüm ki, pəncərəyə çıxıb, açıq pəncərədə, arxası mən tərəf, əlində ikona dümdüz dayanıb. Bunu görəndə ürəyim elə bil qırıldı, qışqırdım: “Xanım, xanım!” Səsimi eşitdi, mənə tərəf dönmək istəyirmiş kimi tərpəndi, ancaq dönmədi, ikonanı bağrına basıb, irəli yeridi, pəncərədən tullandı”.
   Yalnız bu yadımdadır ki, mən darvazadan içəri girəndə o hələ isti idi. Başlıcası isə, onların hamısı mənə baxırdı. Əvvəlcə qışqırışırdılar, amma birdən səslərini kəsdilər, aralanıb mənə yol verdilər… o qucağında ikona yerə sərilmişdi. Dumanlı şəkildə yadımdadır, dinməzcə yaxınlaşıb xeyli baxdım, adamlar məni dövrəyə almışdılar, nə isə deyirdilər. Lukeriya burada idi, amma mən onu görmədim. Deyir ki, mənimlə danışıb. Yalnız mən meşşan kimi, yadımdadır, elə hey qışqırırdı: “O, bir ovuc qan qusdu, bir ovuc, bir ovuc!” – Özü də daşın üstünə tökülmüş qanı göstərirdi. Mən, deyəsən, barmağımı qana vurdum, barmağım batdı, barmağıma baxdım (bu yadımdadır), o kişi isə elə hey mənə deyirdi: “Bir ovuc, bir ovuc!”
   Deyirlər ki, mən səsim gəldikcə:
   – Bir ovuc nədir? – deyə bağırıb, əllərimi yuxarı qaldırmış və həmin kişinin üstünə cummuşam…
   Ah, vəhşilik, vəhşilikdir! Baş açılası, inanılası, mümkün olası iş deyil!


   IV

 //-- CƏMİSİ BEŞCƏ DƏQİQƏ GECİKDİM --// 
   Belə də iş olar? Məgər inanılası işdir? Məgər demək olar ki, bu mümkün işdir? O qadın axı niyə, nə səbəbə öldü?
   Ah, mənə inanın, mən hər şeyi başa düşürəm; amma yenə də ortaya bir sual çıxır – axı o niyə öldü? Mənim məhəbbətimdən qorxdu, ürəyində öz-özünə götür-qoy elədi: qəbul eləsin, ya eləməsin, suala cavab tapa bilmədi, dözmədi, ölməyi üstün tutdu. Bilirəm, bilirəm, baş sındırmağa dəyməz: çox böyük vədlər vermişdi, qorxdu ki, vədlərinə əməl eləyə bilməyəcək, məsələ aydındır. Burada çox dəhşətli bir neçə məsələ var.
   Axı o niyə öldü? Hər halda sual cavabsız qalır. Sual mənim beynimi dəlir. Mən onu, əgər o vəziyyətdə qalmaq istəsəydi, elə o vəziyyətdə də saxlayardım. O buna inanmadı, bax, məsələ belədir! Yox, yox, mən yalan danışıram, qətiyyən elə deyil. Sadəcə ona görə ki, mənimlə təmiz dolanmaq lazımdı; sevsə gərək əməlli-başlı sevsəydi, daha o, taciri sevdiyi kimi yox. O çox ağıllı və təmiz olduğu üçün taciri təmin edəcək məhəbbətə razı olmadı, ona görə də məni aldatmaq istəmədi. Çox təmiz idi, bax məsələ belədir! O vaxt geniş qəlblilik eləmək istəyirdi, yadınızdadırmı? Qəribə fikirdir. Çox maraqlıdır: o mənə hörmət eləyirdimi? Bilmirəm, mənə nifrət eləyirdi, ya yox? Ağlım kəsmir nifrət eləsin. Çox qəribədir: niyə bütün qış ərzində bircə dəfə də ağlıma gəlməyib ki, o mənə nifrət eləyir? Mənə o zaman ciddi, təəccüblə baxana qədər tamam əksini düşünürdüm. Məhz ciddi, təəccüblə baxana qədər. Bu vaxt mən dərhal başa düşdüm ki, o mənə nifrət eləyir. Qəti, ömürlük başa düşdüm! Ah, eybi yoxdu, qoy nifrət eləyəydi, lap ömrü boyu, ancaq kaş sağ olaydı, yaşayaydı! Hələ bayaq gəzirdi, danışırdı. Heç başa düşə bilmirəm, o pəncərədən necə atılıb?! Axı beş dəqiqə qabaq mən bunu necə ağlıma gətirə bilərdim? Mən Lukeriyanı çağırdım. Mən indi Lukeriyanı necə olursa-olsun buraxası deyiləm, heç bir vəchlə buraxan deyiləm!
   Ah, biz hələ bir-birimizlə dil tapa bilərdik. Biz yalnız qış ərzində bir-birimizdən yaman soyumuşduq, ancaq təzədən isinişmək mümkün deyildimi? Niyə, niyə biz təzədən əl-ələ verib, başqa sayaq yaşaya bilməzdik? Mən alicənabam, o da nəcibdi, bax, bu bizi birləşdirə bilərdi! Bir neçə kəlmə, ikicə gün, artıq yox, o hər şeyi başa düşərdi.
   Mənə ağır gələn odur ki, bunların hamısı təsadüfdür – adi, vəhşiyanə, cahilanə təsadüflər! Bax, bu, adama ağır gəlir! Beşcə dəqiqə, cəmisi beşcə dəqiqə gecikmişdim! Beş dəqiqə tez gəlsəydim – o an bulud kimi ötüb yan keçərdi. Sonra bu fikir heç vaxt onun ağlına gəlməzdi. Axırda o hər şeyi başa düşərdi. Amma indi yenə otaqlar boşdur, mən yenə tək-tənhayam. Odur, saatın kəfgiri tıqqıldayır, onun nə vecinə, heç nəyə heyfsilənmir. Kimsəsizəm, ən böyük bəla da elə budur.
   Mən elə hey gəzişirəm. Bilirəm, bilirəm, yadıma salmayın: mənim təsadüfdən və beş dəqiqədən şikayətlənməyim sizə gülməli gəlir? Ancaq məsələ göz qabağındadır. Bir şeyi fikirləşin: o hətta, hamı eləyən kimi, bir kağız da yazıb qoymayıb ki, “mənim ölümümdə heç kimi təqsirləndirməyin”. Məgər ağlına gəlmirdimi ki, hətta Lukeriyanı da incidə bilərdilər: “Yanında tək sən olmusan, onu sən itələyib yıxmısan”. Əgər fligelin pəncərəsindən və həyətdən dörd adam onun əlində ikona pəncərədə dayandığını, özü tullandığını görməsəydi, heç olmasa təqsiri olmaya-olmaya onu xeyli get-gələ salacaqdılar. Axı adamların orada dayanması və bunu görməsi də təsadüfdür. Yox, bunların hamısı bir anın işidir, yalnız bircə anın, ağıl azan anın! Qəfil olan işdir, fantaziyadır! İkonanın qabağında dua eləyəndə nə olar? Bu, ölümqabağı dua demək deyil. Hamısı bir an çəkib, bəlkə cəmisi onca dəqiqə çəkib, məsələ məhz divarın dibində dayanıb, başını qoluna söykədiyi vaxt, gülümsəyəndə həll olunub. Fikir beyninə dolub, başını gicəlləndirib, o da bu fikrin qabağında dayana bilməyib.
   Nə deyirsiniz deyin, burada aşkar dolaşıqlıq var. Mənimlə yaşamaq hələ mümkün idi. Bəlkə qanazlığı varmış, onda necə? Bəlkə sadəcə qanazlığı, həyat enerjisinin tükənməsi səbəb olub? O, qışdan yorulub, məsələ belədir…
   Gecikdim!
   Tabutda o nə qədər zəif görünürdü, nazik burnu necə də uzanmışdı! Qaşları ox kimi dümdüzdü. Özü də elə yıxılıb ki, heç bir yeri əzilməyib, sınmayıb! Yalnız bircə “ovuc qan”. Yəni bir xörək qaşığı. Ürəyi partlamışdı. Qəribə fikirdir: kaş basdırmamaq mümkün olaydı! Çünki… əgər onu aparsalar, onda… yox, apara bilməzlər! axı mən bilirəm ki aparmalıdırlar, ağlım başımdan çıxmayıb, sayıqlamıram da, əksinə, heç vaxt beynim belə açıq olmayıb, – ancaq necə oldu ki, evim yenə boş qaldı, yenə iki otaq, tək mən, bir də girovlar. Sayıqlama, sayıqlama, bax, budur sayıqlama! Mən onu üzmüşdüm – məsələ, bax, belə idi.
   İndi sizin qanunlarınız mənim, mənim nəyimə gərəkdir? Sizin adətlərinizin, sizin vərdişlərinizin, həyatınızın, hökumətinizin, etiqadınızın mənim üçün nə əhəmiyyəti var? Qoy məni sizin hakiminiz mühakimə etsin, qoy məni məhkəməyə aparsınlar, sizin açıq məhkəmənizə mən deyəcəyəm ki, heç bir şeyi boynuma almıram. Hakim qışqıracaq: “Susun, zabit!” Mən də onun üstünə qışqıracağam: “Səndə indi hanı elə bir qüvvə ki, məni susdura, tabe eləyə bilsin? Niyə amansəz cəhalət dünyada hər şeydən əziz bir insanı tələf elədi? İndi sizin qanunlarınız mənim nəyimə gərəkdir? Mən sizdən uzaqlaşıram”. Ah, mənim üçün heç fərqi yoxdur!
   Kordur, kor! Ölü eşitməz! Bilmirsən, sənin üçün necə cənnət yaradacaqdım. Qəlbimdə cənnət vardı, mən onu sənin dörd tərəfinə çəpər çəkəcəkdim! Tutalım ki, sən məni sevmirdin, – nə eybi vardı, nə olardı? Hər şey o vəziyyətdə olardı, hər şey o vəziyyətdə qalırdı. Yalnız mənimlə bir dost kimi söhbət edərdin, elə bu kifayətdi, bir-birimizin gözünə baxa-baxa sevinərdik, deyib gülərdik. Beləcə yaşardıq. Əgər bir başqasını sevsəydin, eybi yoxdu, nə olsun! Sən onunla gəzərdin, gülərdin; mən də küçənin o biri səkisindən sənə tamaşa eləyərdim… Kaş o, bircə dəfə gözünü açaydı! Bir anlığa, yalnız bircə anlığa! Üzümə baxaydı, bayaq qabağımda dayanıb, sədaqətli arvadım olacağına and içdiyi vaxt olduğu kimi! Ah, bircə dəfə baxmaqla hər şeyi başa düşərdi!
   Cəhalət! Ah, təbiət! İnsanlar. Yer üzündə yalqızdırlar – bəla da, bax, budur! Rus bahadırı qışqırır: “Meydanda sağ qalan varmı?” Mən də qışqırıram, mən bahadır deyiləm, ancaq səsimə səs verən yoxdur, deyirlər ki, günəş kainata həyat verir. Günəş doğanda, ona baxın – məgər o ölü deyilmi? Hər şey ölüdür, hər tərəf cəsəddir. İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur – bax, Yer üzü belədir! “İnsanlar, bir-birinizi sevin!” – Bunu kim demişdir? Bu kimin vəsiyyətidir? Saatın kəfgiri hissiyyatsız, zəhlətökən tərzdə tıqqıldayır. Gecə saat ikidir. Onun çəkmələri çarpayısının qabağındadır, sanki sahibini gözləyir… Yox, ciddi deyirəm, sabah onu aparandan sonra, mən nə edəcəyəm?