-------
| Áèáëèîòåêà iknigi.net
|-------
| Fyodor Mixayloviç Dostoyevski
|
| Seçilmiş əsərləri
-------
F. M. Dostoyevski
Seçilmiş əsərləri
BƏYAZ GECƏLƏR
…Bəlkə bundan ötrü yaranmışdı o:
Bütün həyatında yalnız bircə dəm
Olaydı qəlbinə ən yaxın həmdəm!..
İ.V.Turgenev
BİRİNCİ GECƏ
Gözəl bir gecə idi, elə gecə ki, sevimli oxucum, belə gecələri biz ancaq gəncliyimizdə hiss edə bilərik. Səma elə ulduzlu, elə parlaq idi ki, ona baxan qeyri-ixtiyari öz-özünə bu sualı verərdi: «Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?» Bu, yeni sualdır, sevimli oxucum, həm də çox yeni, ancaq allah eləsin ki, bu sual sizin qəlbinizdə tez-tez oyansın!.. Müxtəlif şıltaq xasiyyətli və acıqlı cənablar haqqında danışarkən mən, həmin gün ərzində özümün təmiz davranışımdan söhbət açmaya bilmərəm. Səhərdən nə isə, qəribə bir kədər mənə əzab verməyə başladı. Birdən mənə elə gəldi ki, hamı məni tərk edir, hamı məndən uzaqlaşır. Əlbəttə, haqlı olaraq soruşa bilərlər: «Hamı, yəni kim?» Bu ona görə haqlı sualdır ki, səkkiz ildən bəri Peterburqda yaşadığıma baxmayaraq, demək olar, özümə heç bir tanış tapa bilməmişəm. Lakin tanış mənim nəyimə lazımdır? Onsuz da bütün Peterburq mənə tanışdır bax, elə bunun üçündür ki, bütün Peterburq yığışıb yaylağa köçərkən mənə elə gəldi ki, hamı məni tərk edir. Tək qalmaq məni qorxutdu və nə üçün darıxdığımı bilmədən, dərin bir kədər içərisində düz üç gün şəhəri gəzdim. Nevskiyə, bağa, Sahil küçəsinə, xülasə, hara getdimsə, bütün il ərzində həmin yerdə, həmin saatda rast gəlməyə adət etdiyim adamların heç birini görə bilmədim. Onlar, şübhəsiz, məni tanımırdılar, amma mən onları tanıyıram. Yaxşı tanıyıram mən onların sir-sifətinə demək olar ki, öyrəşmişəm, onlar şən olanda mən də baxıb sevinirəm, qanları qara olanda isə qüssələnirəm. Mən allahın hər günü, müəyyən saatda Fontankada təsadüf etdiyim bir qoça ilə demək olar ki, dostlaşmışam. Onun sifəti təkəbbürlü və düşüncəlidir. Həmişə öz-özünə nə isə pıçıldayır və sol əlini havada yelləyir, sağ əlində isə uzun, qızıl dəstəli çəlik var. O da mənimlə mehribandır və ürəkdən mənə hörmət bəsləyir. Əgər müəyyən saatda Fontankanın həmin yerində qoca dostuma rast gəlməsəm, əminəm ki, o kədərlənər. Bax, buna görə də biz, bəzi hallarda, xüsusilə kefimiz yaxşı olanda bir-birimizə az qala baş əyib keçirik. Bu yaxınlarda, arada tam iki gün görüşməyib, üçüncü günü bir-birimizə rast gəldiyimiz zaman salamlaşmaq üçün papaqlarımızı çıxarmaq istəyirdik ki, xoşbəxtlikdən vaxtında ayıldıq, əllərimizi aşağı saldıq və təəssüflə bir-birimizin yanından ötüb-keçdik. Mənə evlər də tanışdır. Mən yol gedərkən tanıdığım hər bina sanki məndən qabağa yüyürüb, küçənin başında durur bütün pəncərələrindən mənə baxır və az qala deyir: «Salam! Necəsiniz? Mən də, allaha şükür, sağ-salamatam, may ayında üstümə bir mərtəbə də artıracaqlar», yaxud: «Əhvalınız necədir? Məni sabah təmirə verirlər», ya da: «Az qalmışdı ki, yanıb kül olum, özüm də bərk qorxmuşam» və ilaxirə. Onların içərisində mənim sevimli, yaxın dostlarım var; bu yay fəsli onlardan biri memarın yanında müalicə olunmaq fikrindədir. Mən hər gün qəsdən gedib yoxlayacağam ki, başdansovma müalicə eləməsinlər, pərvərdigara, sən özün onu hər bəladan saxla!.. Açıq-çəhrayı rəngli gözəl bir evciyin başına gələn hadisəni heç vaxt unutmaram. Bu, daşdan tikilmiş balaca bina, qonşuluğundakı kobud binalara elə məğrur-məğrur baxırdı ki, hər dəfə qabağından ötəndə məni elə mehriban-mehriban süzürdü ki, ürəyim fərəhlə dolurdu. Keçən həftə yenə tanış küçə ilə gedirdim, dönüb dostuma baxanda birdən qulağıma şikayətli qışqırıq gəldi: «Ah, məni sarı boya ilə rəngləyirlər!» Canilər! Vəhşilər! Onlar heç bir şeyə – nə sütunlara, nə qapı-pəncərə haşiyələrinə rəhm etmirlər, dostum başdan-ayağa bülbül kimi sapsarı idi. Bu hadisə kefimi elə pozdu ki, hirsimdən gözlərim yaşardı; mən, üzündə ölü rəngi çəkilmiş, eybəcər hala salınmış zavallı dostumla görüşməyə, ona baxmağa indi də cürət eləyə bilmirəm.
Oxucum! Artıq siz, mənim bütün Peterburqla necə tanış olduğumdan xəbərdarsınız.
Yuxarıda söylədiyim kimi, mən öz narahatlığımın səbəbini öyrənənə qədər üç gün əzab çəkdim. Küçəyə çıxanda bu əzab daha da artırdı. (O yoxdur, bu yoxdur, o birisi hara gedib!) Evdə də elə darıxırdım ki, özümə yer tapa bilmirdim. Bunun səbəbini öyrənmək üçün iki gecə fikirləşdim. Yaşadığım bu kiçik bucaqda nəyim çatışmır? Nə üçün evdə özümü pis hiss edirəm? Bu fikirlərlə dönüb, yaşıl rəngli, his basmış divarlara, Matryonanın çox işgüzarlığı sayəsində hörümçək torları ilə örtülmüş tavana heyrətlə baxırdım, ev şeylərini başdan-başa nəzərdən keçirirdim, hər kürsünü yoxlayırdım, bəlkə, deyirdim, darıxmağımın səbəbi bunlardır? (Bir kürsü həmişəki yerindən tərpənəndə dərhal əsəbiləşirdim.) Dəfələrlə pəncərədən boylanıb küçəyə tamaşa eləyirdim, ancaq əbəs yerə, heç bir yüngüllük duymurdum! Mən, hətta, Matryonanı çağırıb, hörümçək torlarını təmizləmədiyi və ümumiyyətlə səliqəsizliyi üçün onu məzəmmət etdim; o isə yalnız təəccüblə mənə baxdı və bir söz demədən çıxıb getdi, hörümçək torları indi də əvvəlki qayda ilə öz yerindən asılıb qalıb. Nəhayət, ancaq bu gün səhər işin nə yerdə olduğunu başa düşdüm. Axı, adamlar məni tək qoyub, yaylağa əkilirlər! Belə yersiz bir sözə görə sizdən üzr istəyirəm, lakin elə halda idim ki, dəbdəbəli sözlər heç yadıma düşmədi… Çünki hamı – Peterburqda olan hər kəs yaylağa köçmüşdü və ya köçməyə hazırlaşırdı; çünki özünə fayton tutan hər hansı mötəbər görkəmli, hörmətli ailə sahibinə çevrilirdi; bu cənab öz adi vəzifələrini yerinə yetirəndən sonra ailəsilə birlikdə xüsusi bağına köçürdü; çünki indi hər yoldan ötən şəxsin ayrıca bir görkəmi vardı, elə bil o, rast gəldiyi adamlara demək istəyirdi: «Cənablar! Biz burada elə-belə, müvəqqəti yaşayırıq, iki saatdan sonra yaylağa köçəcəyik!» Bir də görürdüm ki, kiminsə nazik, qar kimi ağ barmaqları tanıdığım bir evin pəncərəsini içəridən tıqqıldadır, sonra pəncərə açılır, gözəl bir qız küçəyə boylanır, gülsatanı çağırır, – o saat bilirdim ki, qız bu gülləri, şəhərin cansıxıcı bürküsündə baharın gözəlliyi və çiçəklərin ətrilə nəşələnmək xatirinə almır, ona görə alır ki, tezliklə o da yaylağa köçəcək və bu gülləri özü ilə aparacaqdır. Hələ bu bir yana dursun, mən, təbir caizsə, öz kəşflərimdə elə müvəffəqiyyətlər əldə etmişdim ki, kimin hansı yaylaqda yaşadığını bir baxışla, yanılmadan təyin eləyə bilirdim. Kamennı və Aptekarski adalarının, yaxud Peterqof yolu ətrafının sakinləri öz incə hərəkətləri, qəşəng yay geyimləri və şəhərə gəldikləri zaman mindikləri gözəl dilcanlarla başqalarından fərqlənirdilər. Parqolovoda və ondan bir az uzaqda yaşayanlar adamın diqqətini dərhal öz ehtiyatlı və təmkinli, ağır davranışları ilə «cəlb edirdilər»; Krestovski adasından gələnlərin üzü adətən həmişə sevincli olurdu. Bəzən küçədə dayanıb, yaylağa gedənlərə tamaşa edirdim; budur, köç arabalarının sürücüləri, əlləri cilovlu, uzun bir cərgəyə düzülüb, atların yanınca tənbəl-tənbəl yeriyirlər, arabalar hər cür əşya ilə – masa, kürsü, Türkiyədən, yaxud başqa yerdən gətirilmiş divan və qeyri ev müxəlləfatı ilə dağ kimi yüklənmişdir, hələ bu şeylər az imiş kimi, yükün üstündə arıq bir aşpaz qadın da əyləşib, ağasının malını göz bəbəyi kimi qoruyur; bu yanda isə ev avadanlığı ilə yüklənmiş qayıqlar Neva, ya da Fontanka sularında Qara çaya tərəf, yaxud adalara sarı üzürlər, – bu arabalara və qayıqlara baxdıqca onların sayı mənim gözlərimdə artır, onu, yüzü keçirdi, elə bil hər şey köç karvanlarına dönüb yaylaqlara axışırdı, sanki bütün Peterburq azacıq sonra boş bir səhraya çevriləcəkdi; nəhayət, bütün bunlar məni elə bir vəziyyətə gətirdi ki, varlığımı bürüyən həya, təhqir və kədər hisslərindən nə edəcəyimi bilmədim; yaylaqda mənim heç kəsim və heç nəyim yox idi. Mən qabağıma çıxan hər hansı bir arabada, hər hansı mötəbər görkəmli cənabın faytonunda getməyə hazırdım; lakin heç kəs, bəli, heç kəs məni dəvət eləmirdi; sanki məni unutmuşdular, sanki mən onların nəzərində həqiqətən yad bir adam olmuşdum!
Mən uzun müddət və çox gəzdim, belə ki, adətim üzrə, harada olduğumu tamamilə unutduğum vaxt birdən xəyalatdan ayılıb, özümü şəhər darvazasının yanında gördüm. Bir anda qəlbimə sevinc doldu və mən şəhər darvazasının o tərəfinə keçdim, şumlanmış çöllərin və yaşıl çəmənlərin arası ilə yeriməyə başladım, yorğunluğuma baxmayaraq, üstümdən bir yükün tədricən yox olub getdiyini duydum. Yoldan ötənlər mənə elə mehribanlıqla baxırdılar ki, guya bu saat baş əyib keçəcəkdilər; hamı nəyə isə sevinirdi, hamı bir nəfərədək, siqar çəkirdi. Məni də bu vaxta qədər hiss etmədiyim bir fərəh bürümüşdü. Elə bil mən, birdən-birə İtaliyaya gəlib çıxmışdım, təbiətin gözəlliyi mənə – Peterburqun evləri arasında az qala boğulan, yarımcan şəhərliyə bu dərəcədə qüvvətli təsir göstərmişdi!
Bahar gələrkən birdən-birə bütün qüdrətini, göylərin bəxş etdiyi bütün gözəlliyini aşkara çıxaran, yaşıllıqlardan məxmər don geyinən, rəngbərəng çiçəklərlə bəzənən Peterburq təbiətində nə isə təsirli bir şey var… Bu təbiəti seyr edərkən o mənə, qeyri-ixtiyari, xəstə və zəif bir qızı xatırladır; siz bu qıza təəssüflə, bəzən mərhəmət qarışıq bir məhəbbətlə baxırsınız, bəzən isə onu sadəcə görmürsünüz, lakin o birdən, ani olaraq, gözlənilmədən dəyişir, təsəvvürə sığmayan ilahi bir gözəllik kəsb edir, siz bu gözəllikdən son dərəcədə heyrətlənmiş, məst olmuş bir halda, qeyri-iradi, öz-özündən soruşursunuz: «Bu kədərli, düşüncəli gözləri belə parladan hansı qüvvədir? Necə oldu ki, bu solğun, batıq yanaqlara qızartı çökdü? Bu zərif cizgili sifətin ehtiraslı bir təbəssümlə örtülməsinə səbəb nədir? O nə üçün belə tez-tez nəfəs alır? Zavallı qızın çöhrəsini qəflətən qüvvət, həyat və gözəllik ifadələrilə dəyişən, belə şən bir gülüşlə canlandıran nə oldu?» Siz ətrafa baxıb kimi isə axtarır, bu sirri açmağa başlayırsınız… Lakin bu gözəllik ani bir surətdə parladığı kimi, ani olaraq da sönüb gedir. Ehtimal ki, ertəsi günü siz yenə həmin düşüncəli və dalğın baxışlara təsadüf edəcək, yenə qızın solğun çöhrəsini, hərəkətlərindəki itaətkarlıq və cəsarətsizliyi görəcək, hətta sizi dünən bir dəqiqə, yalnız bircə dəqiqə cəlb etdiyi yazıq qızın nə isə bir ruh düşkünlüyü, kədər və peşmançılıq əzabı içərisində çırpındığının şahidi olacaqsınız… və siz bu ani gözəlliyin belə tez və əbədilik solduğuna, aldadıcı bir parıltı ilə nahaq yerə şəfəq saçdığınız və nəhayət, bu qızı sevməyə belə vaxt tapmadığınıza təəssüflənəcəksiniz…
Bütün bunlara baxmayaraq, mənim gecəm gündüzümdən daha yaxşı keçdi. Əhvalat belə oldu:
Mən şəhərə döndüyüm zaman çox gec idi, yaşadığım mənzilə çatmağa bir az qalmışdı ki, saat onu vurdu. Mənim yolum Sahil küçəsindən keçirdi, gecənin bu vaxtında burada heç kəsə rast gəlməzsən. Şəhərin ən uzaq hissəsində yaşayırdım. Mən yeriyir və oxuyurdum; heç bir dostu və xeyirxah tanışı olmayan, şad dəqiqələrində öz sevincini heç kəslə bölüşə bilməyən başqa xoşbəxt adamlar kimi mən də xoşbəxt olduğum zaman mütləq bir mahnı zümzümə eləyirəm. Birdən başıma gözləmədiyim qəribə bir hadisə gəldi.
Kənarda, sahil boyu uzanan dəmir sürahiyə bir qadın söykənmişdi; deyəsən, çox diqqətlə çayın bulanıq suyuna baxırdı. Başında sarı, qəşəng bir şlyapa, çiyinlərində isə incə, qara bir mantilya [1 - Çiyin şalı] vardı. «Bu, gənc bir qızdır, özü də mütləq qarabuğdayıdır», – deyə düşündüm. O gərək ki, addımlarımın səsini eşitmədi, hətta mən, nəfəsimi saxlayıb, şiddətli bir ürək çırpıntısı ilə onun yanından ötdüyüm zaman belə tərpənmədi. «Çox təəccüblüdür, – deyə fikirləşdim, – görünür ki, nə haqdasa dərindən düşünür» və birdən yerimdə donub qaldım. Qulağıma boğuq bir hönkürtü gəldi. Bəli, mən yanılmamışdım: qız ağlayırdı. Həm də yanıqlı-yanıqlı hıçqırırdı. Pərvərdigara! Ürəyim bərk sıxıldı. Qadınlarla münasibətimdə nə qədər cəsarətsiz olsam da, belə bir dəqiqədə!.. Mən döndüm, ona tərəf yönəldim və: «Xanım!» – deyə çağırmaq istədiyim anda birdən bu sözün ali rus cəmiyyətlərinə məxsus romanlarda min dəfələrlə təkrar edildiyini xatırlayıb, özümü saxladım. Amma mən müvafiq bir söz axtarıb tapana qədər qız fikirdən ayıldı, özünü toxdadıb, gözlərini aşağı dikdi və yanımdan ötüb, Sahil küçəsilə getməyə başladı. Mən dərhal onun dalınca düşdüm, lakin o, fikrimi duydu, sahili tərk edib, küçənin o biri səkisinə keçdi. Mən isə o biri səkiyə keçməyə cürət eləmədim. Ürəyim tələyə düşən quş ürəyi kimi çırpındı. Qəfildən bir təsadüf köməyimə gəldi.
Səkinin o tərəfində, tanımadığım qadından azacıq kənarda bir cənab zahir oldu, əynində frak vardı, görünüşündən orta yaşlarında bir kişi idisə də, yerişindən bunu demək olmazdı. O, səndələyərək, divardan tuta-tuta yeriyirdi. Qız isə qorxaq addımlarla, ox kimi surətlə gedirdi. Gecə vaxtı evə müşayiət edilməsini xoşlamayan başqa qızlar kimi, yəqin bu qız da heç kəsin onu ötürməsini istəmirdi. Əlbəttə, özünü ayaq üstə güclə saxlayan fraklı cənab, qıza heç vəchlə çata bilməzdi, lakin mənim bəxtimdən o, ayılan kimi oldu, birdən nə isə düşünüb qızın dalınca qaçmağa başladı. Qız addımlarını daha da sürətləndirirdi, lakin səntirləyə-səntirləyə qızı təqib edən cənab artıq ona çatmaq üzrə idi, çatdı, qız qışqırdı və… Bu anda mən, sağ əlimdəki çəliyə görə taleyimə təşəkkür etdim. Bir saniyə keçməmiş özümü səkinin o tərəfində gördüm, çağırılmamış qonaq, yəni cənab dərhal məsələni başa düşdü, əgər qızdan əl çəkməsə, nəticənin pis olacağını fikirləşdi, dayandı, yalnız biz lap uzaqlaşandan sonra məni çox qəliz sözlərlə hədələməyə başladı. Lakin artıq biz onun səsini güclə eşidirdik.
– Əlinizi mənə verin, – deyə tanımadığım qıza müraciət etdim, – daha o sizə yaxınlaşa bilməz!
O heç bir söz demədən, qorxu və həyəcandan hələ də titrəyən əlini mənə verdi. Ah, çağırılmamış cənab! Mənim bu dəqiqədə sənə necə minnətdar olduğumu bilsəydin! Gözaltı qıza baxdım: o, gözəl və – səhv etməmişdim – qarabuğdayı idi, bayaqkı qorxudanmı, yaxud kim bilir, gizli bir kədərdənmi, qara kirpiklərində yaş damlaları parlayırdı. Lakin dodaqlarında artıq təbəssüm oynayırdı. O da gizlicə mənə baxdı, ötəri qızardı və başını aşağı saldı.
– Bax, görürsünüzmü? Siz əvvəlcə məndən nahaq yerə qaçdınız. Əgər yanınızda olsaydım, heç bir hadisə baş verməzdi.
– Axı, mən sizi tanımırdım, elə bilirdim ki, siz də…
– Məgər indi siz məni tanıyırsınız?
– Bir az. Məsələn, deyə bilərəm ki, siz nə üçün belə titrəyirsiniz.
– Ah, doğrudan da siz məni ilk görüşdə tanıdınız! – deyə heyrətlə cavab verdim, onun belə ağıllı olmağı məni sevindirdi. Ağıllı və gözəl olmaq böyük şeydir. – Bəli, siz ilk baxışda mənim necə bir insan olduğumu bildiniz. Yaxşı başa düşmüsünüz, mən qadınlara münasibətimdə çox cürətsizəm, mübahisə eləmirəm, bir dəqiqə bundan əvvəl naməlum cənab sizi qorxudarkən keçirdiyiniz həyəcanı indi mən də eyni ilə duyuram. Məni nə isə bir qorxu alıb. Elə bil yuxu görürəm, yox, heç yuxuda da ağlıma gəlməzdi ki, mən bir vaxtlar qadınla söhbət edəcəyəm.
– Necə? Ola bilməz…
– Bəli, əgər əlim titrəyirsə, bu o deməkdir ki, hələ indiyədək sizin əliniz qədər gözəl, xırda bir əl mənim əlimə dəyməyib. Mən qadınları tamam yadırğamışam, yəni əslinə baxsanız mən heç vaxt onlara yaxın olmamışam; axı, mən təkəm… Mən hətta qadınla danışmaq qaydasını da bilmirəm. Budur, elə indicə sizinlə söhbət edəndə, bəlkə də ləyaqətsiz danışmışam. Əgər danışmışamsa, açıq üzümə deyin, xəbərdarlıq eləyirəm, mən inciyən deyiləm…
– Yox, yox, əksinə. Ancaq madam ki, siz mənim açıq danışmağımı istəyirsiniz, onda qoyun deyim: qadınlara belə cürətsizlik xoş gəlir; əgər daha açığını bilmək istəyirsinizsə, sizin cürətsizliyiniz mənim də xoşuma gəlir, evə çatana qədər mən sizdən ayrılmayacağam.
Mən sevincimdən özümü lap itirdim.
– Siz mənimlə elə danışırsınız ki, çox keçmədən bu cürətsizlikdən heç əsər də qalmayacaq. O zaman mən sizinlə lap açıq olacağam…
– Açıq? Bu nə deməkdir? Bax, deyəsən, burada çaşdınız…
– Bağışlayın, bilmədim, ağzımdan qəfil çıxdı, axı belə bir dəqiqədə kim istəməz ki, hər vasitə ilə özünü sizə…
– Bəyəndirsin, eləmi?
– Bəli, bəli, əlbəttə, allah eşqinə, ürəyinizə başqa fikir gəlməsin, iltifat eləyin, görün mən kiməm! İyirmi altı yaşım var, lakin bu vaxtadək heç bir dostum olmayıb. İndi özünüz fikirləşin, mən hər sözü öz yerində, cəld və yaxşı danışa bilərəmmi? Siz yəqin ki, hər şeyi təfərrüatı ilə bilmək istəyirsiniz. Onda qulaq asın! Ürəyim dilə gəldiyi zaman mən susmağı bacarmıram. Eh, fərqi yoxdur… İnanırsınızmı, heç bir qadınla heç vaxt dost olmamışam! Ancaq bir arzu ilə yaşamışam ki, bəlkə, nəhayət, mənim də bəxtimə biri düşəcək. Ah, bu arzu ilə yaşaya-yaşaya neçə dəfə aşiq olduğumu bilsəydiniz!..
– Aşiq? Kimə?
– Heç kimə, öz-özlüyümdə uydurduğum xəyal pərisinə, həmin o pəriyə ki, gecələr yuxuma girir. Mən öz aləmimdə saysız-hesabsız romanlar yaradıram. Yox, siz hələ məni tanımırsınız? Əlbəttə, bu o demək deyil ki, mən ümumiyyətlə heç qadın görməmişəm, ikisini, üçünü görmüşəm, ancaq o da evdarlarını, belə qadınlar da ki… Nə isə, indi mən sizi güldürəcəyəm, məsələn, belə hadisələr olub: neçə dəfə cürətlənib, küçədən tək keçən kübar bir qadınla, əlbəttə, hörmətli, ədəbli və ehtiraslı bir dillə danışmaq istəmişəm; demək istəmişəm ki, mən tək-tənha məhv oluram, qoy o məni rədd eləməsin, qadınları tanımaq bacarığından məhrum olduğum üçün məni qınamasın; ona hətta öz qadınlıq vəzifəsini öyrətməyə çalışmışam, demişəm ki, qadın gərək mənim kimi bədbəxt bir adamın cəsarətsiz yalvarışlarına biganə qalmasın, nəhayət, mənim bütün tələblərim təkcə bundan ibarətdir ki, qadın məni, heç olmasa, bir qardaş kimi qəbul eləsin, mənimlə mehriban danışsın, halıma yansın, ilk addımda məni rədd etməsin, sözlərimə inansın, danışarkən diqqətlə qulaq assın, əgər kefi istəyirsə, mənə gülsün, ancaq ümidsiz qaytarmasın, ikicə kəlmə, yalnız ikicə kəlmə, təsəlli üçün, söz desin, sonra, əgər istəyirsə, bir daha mənimlə görüşməsin! Siz deyəsən, gülürsünüz. Əslinə baxsan, mən elə sizi güldürmək istəyirdim…
– İnciməyin, mən ona gülürəm ki, siz öz-özünüzə düşmənçilik edirsiniz, əgər siz, lap küçədə də olsa, sevdiyiniz bir qadına eşqinizi elan eləsəniz, elə bilirəm ki, məqsədinizə çatarsınız; belə işlərdə insan nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Elə bir xeyirxah qadın tapılmaz ki, – əgər o ağıllıdırsa və siz ona yaxınlaşdığınız dəqiqədə çox da əsəbi deyilsə – eşitmək istədiyiniz iki kəlməni sizə söyləməyə cəsarət etməsin… Mən isə o dəqiqədə, bəlkə də, sizi dəli zənn edərdim. Axı, mən özüm də belə vəziyyətə düşmüşəm. İnsanları az-çox tanıyıram!..
– Ah, təşəkkür edirəm, – deyə mən ucadan səsləndim, – siz öz sözlərinizlə mənə necə təsir etdiyinizi bilsəydiniz!..
– Yaxşı, yaxşı! Ancaq, deyin görüm, siz mənim belə bir qadın olduğumu… yəni sizin diqqətinizə və dostluğunuza ləyaqətlə cavab verəcək bir qadın olduğumu necə bildiniz? Bir sözlə, demək istəyirəm ki, mənim evdar adlandırdığınız qadınlardan olmadığımı necə təyin etdiniz? Nə üçün mənə yaxınlaşmaq qərarına gəldiniz?
– Necə nə üçün? Axı, siz tək idiniz, o cənab da həddən artıq cəsarət göstərirdi, bir tərəfdən də gecə vaxtı; özünüz deyin, məgər üzərimə düşən vəzifə…
– Yox, yox, ondan qabaq, mən sahildə dayananda… Siz deyəsən, mənə yaxınlaşmaq istəyirdiniz?
– Sahildəmi? Doğrusu, heç bilmirəm necə cavab verim? Qorxuram… Bilirsinizmi, mən bu gün çox xoşbəxt idim. Yol gedə-gedə oxuyurdum; şəhər kənarına çıxmışdım; heç bir zaman özümü belə xoşbəxt hiss etməmişdim. Siz… bəlkə də mənə elə gəldi… hər halda, yadınıza saldığım üçün məni bağışlayın… Mənə elə gəldi ki, siz ağlayırsınız, mən də davam gətirmədim… ürəyim elə sıxıldı ki… Aman, ya rəbbim! Məgər sizinlə danışmaq istədiyim üçün günah iş görmüşəm? Sizin dərdinizə qardaşcasına şərik olmaq qəbahətdirmi? «Sizin dərdinizə» dediyim üçün üzr istəyirəm… Bir sözlə, axı, mənim sizə yaxınlaşmağımda qəlbinizə toxunacaq nə var ki?
– Bəsdir, kifayətdir, daha danışmayın… – deyə qız gözlərini yerə dikdi və əlimi sıxdı. – Günah məndədir ki, bu söhbəti başladım; lakin mən sizin barənizdə yanılmadığıma çox şadam. Budur, artıq evə çatdım; bu döngədə oluruq, iki addımlıqdadır… Əlvida, təşəkkür edirəm…
– Məgər… məgər biz bir daha görüşməyəcəyik… Yoxsa tanışlığımız elə bu görüşlə bitir?
– Görürsünüzmü, – deyə qız güldü, – siz bir az bundan əvvəl yalnız ikicə sözlə kifayətlənirdiniz, indi isə… Lakin, bununla belə, mən sizə heç bir söz deyə bilməyəcəyəm… Kim bilir, bəlkə də görüşəcəyik…
Dərhal cavab verdim:
– Mən sabah bura gələrəm. Ah, məni bağışlayın, mən deyəsən, artıq tələb etməyə başlamışam…
– Bəli, siz çox səbirsizsiniz… Demək olar ki, tələb edirsiniz…
– Qulaq asın, qulaq asın, – deyə mən onun sözünü kəsdim. – Yenə xatirinizə dəyən bir söz desəm, məni bağışlayın… Amma məsələ belədir, mən sabah bura gəlməyə bilmərəm. Mən xəyalpərəstəm. Həqiqi həyatdan o qədər uzağam ki, bu xoşbəxt dəqiqələri ömrümün ən nadir anları hesab eləyirəm, belə dəqiqələri mən xəyalımda belə təkrar yaşamaya bilmərəm. Mən sizin haqqınızda bütün gecəni, bütün həftəni, bütün ili fikirləşəcəyəm, sabah mütləq bura gələcəyəm, özü də məhz bu dayandığımız yerə, elə bu saatda gələcəyəm, burada dayanıb, bu gecəni xatırlayacaq, yenidən xoşbəxt olacağam. Artıq bu yer mənə çox əzizdir. İndi Peterburqda mənim iki-üç belə əziz yerim var. Mən hətta bir dəfə xatirələrə dalıb, sizin kimi ağlamışam… Kim bilir, bəlkə siz də on dəqiqə bundan əvvəl olub-keçənləri yada salaraq ağlayırdınız… Bağışlayın, mən deyəsən, yenə mətləbdən uzaq düşdüm; bəlkə siz bu yerdə daha xoşbəxt dəqiqələr keçirmisiniz…
– Yaxşı, – deyə qız diləndi, – mən də sabah saat onda bura gələrəm. Görürəm ki, sizə gəlməyi qadağan edə bilməyəcəyəm… Ancaq iş belədir: mən mütləq bura gəlməliyəm, elə düşünməyin ki, sizinlə görüş təyin eləyirəm; yox, mən bura özüm üçün gəlməyə məcburam, siz isə… Açığını deyim ki, sizin də gəlməyiniz pis olmaz, əvvələn, ona görə ki, bəlkə yenə bu günkü kimi bir hadisə üz verdi, lakin bu o qədər də mühüm məsələ deyil… Xülasə, mən sizi görmək istəyirəm… Çünki sizə deyəcək iki kəlmə sözüm var. Ancaq xahiş edirəm, mənim haqqımda pis fikrə düşməyəsiniz, mənim belə asanlıqla görüş təyin etməyim sizi şübhəyə salmasın. Mən bu görüşü təyin etməzdim, əgər… Yaxşı, qoy bu mənim sirrim olsun! Amma qabaqcadan şərtim var…
– Şərt? Tez şərtinizi deyin, hər şeyi əvvəlcədən danışın, mən hamısına razıyam, hər şeyə hazıram, – deyə sevinclə səsləndim, – söz verirəm ki, sizə qulaq asım, özümü ləyaqətli aparım… Siz, axı, az da olsa, məni tanıyırsınız…
– Məhz sizi tanıdığım üçün də sabah görüşə gəlməyinizi istəyirəm, – qız gülə-gülə cavab verdi, – mən sizi lap yaxşı tanıyıram. Lakin görüşə gələrkən şərtimi unutmayın; birinci (çox xahiş edirəm dediklərimi yerinə yetirəsiniz, görürsünüz ki, sizinlə necə açıq danışıram) mənə aşiq olmayın… Bu, mümkün olan iş deyil, sizi inandırıram, dost olmağa hazıram, budur, bu da mənim əlim… Amma aşiq olmaq yaramaz, xahiş eləyirəm!..
– And içirəm.. – deyə onun əlindən tutdum.
– Yaxşı, and içməyin, mən sizi tanıyıram, siz barıt kimi alışmağa hazırsınız. Mənim belə danışmağımdan inciməyin, əgər bilsəydiniz… Mənim də söhbət etməyə, məsləhət istəməyə heç kəsim yoxdur. Əlbəttə, dostu küçədə axtarmazlar, lakin siz müstəsnasınız. Mən indi sizi elə tanıyıram ki, elə bil iyirmi ildir dostluq eləyirik. Belə deyilmi? Xəyanət etməzsiniz ki?..
– Özünüz görərsiniz… Ancaq mən heç bilmirəm, sabahkı görüşə qədər səbrim çatacaqmı?
– Bərk-bərk yatın. Gecəniz xeyrə qalsın, yadda saxlayın ki, mən artıq sizə inanmışam. Siz bir az bundan əvvəl gözəl sözlər danışırdınız, deyirdiniz ki, doğrudanmı insan hər bir hissi, hətta qardaşlıq məhəbbəti haqqında da başqasına hesabat verməyə borcludur? Bilirsinizmi, bu sözlər o qədər xoşuma gəldi ki, dərhal məndə sizə inam oyandı…
– Allah eşqinə, açıq danışın, siz məndən nə isə gizlədirsiniz, ancaq nə?
– Sabah söylərəm. Qoy hələlik bu sirr kimi qalsın. Bu sizin üçün daha yaxşıdır; öz xəyalınızda müxtəlif əhvalatlar uydurarsınız. Bəlkə mən sizə sabah hər şeyi danışdım, bəlkə də yox.. Biz gərək hələ lap yaxşı-yaxşı tanış olaq…
– Əlbəttə, mən özüm haqda nə varsa, sabah hamısını sizə danışaram! Lakin bu nədir? Mən heç özümdə deyiləm. Sanki möcüzə görürəm. İlahi, mən haradayam? Doğrudanmı, siz mənimlə tanış olarkən hirslənmədiyinizə, məni qovmadığınıza, – başqası bəlkə də bunu edərdi, – peşman deyilsiniz? İki dəqiqənin içərisində siz məni əbədi xoşbəxt etdiniz. Bəli, xoşbəxt; kim bilir, siz bəlkə məni yenidən həyata qaytarmısınız, şübhələrimi həll etmisiniz… Bəlkə də mənə belə görünür… Nə isə, mən sabah hər şeyi sizə danışaram, siz hər şeyi biləcəksiniz, hər şeyi…
– Yaxşı, özü də birinci siz başlarsınız…
– Razıyam.
– Sağ olun!
– Sağ olun!
Biz ayrıldıq. Mən bütün gecəni şəhəri gəzdim; evə qayıtmaq belə istəmirdim. Mən elə xoşbəxt idim ki… Deməli, sabaha qədər!..
İKİNCİ GECƏ
Gözləməyə səbriniz çatdı, deyilmi? – deyə o, gülə-gülə əllərimi tutub sıxdı.
– Mən iki saatdır ki, buradayam, bütün günü nə əzab çəkdiyimi bilsəydiniz!
– Bilirəm, bilirəm… Ancaq mətləbdən uzaq düşməyək. Bilirsinizmi, mən bura nə üçün gəlmişəm? Hər halda, dünənki kimi boş-boş danışmağa yox. Məsələ belədir: biz gərək indi özümüzü ağıllı aparaq. Mən bu barədə dünən çox düşünmüşəm.
– Neçə yəni özümüzü ağıllı aparaq? Mənim tərəfimdən arxayın olun, mən hər şeyə hazıram, amma onu da deyim ki, ömrümdə bundan da ağıllı hadisəyə rast gəlməmişəm.
– Doğrudanmı? Əvvələn, xahiş eləyirəm ki, əlimi belə bərk sıxmayasınız; ikincisi, sizə bildirmək istəyirəm ki, mən bu gün sizin haqqınızda dəfələrlə fikrimi dəyişmişəm.
– Bəs sonra? Nəhayət, bir nəticəyə gələ bildinizmi?
– Nəticə? Nəticə belə oldu, hər şeyi təzədən başlamaq lazımdır, çünki mən sizi hələ lazımınca tanımıram, özümü dünən bir uşaq kimi, balaca bir qız kimi apardım. Bunların da
Hamısına günahkar mənim xeyirxah qəlbimdir. Yəni özüm haqda danışanda, başqa adamlar kimi, özümü təriflədim. Bu səhvi düzəltmək üçün mən sizin barənizdə hər şeyi bütün incəliyinədək öyrənməyi qət eləmişəm. Bunu özgəsindən öyrənə bilməyəcəyəm, deməli, özünüz mənə bütün həqiqəti danışmağa məcbursunuz. Mən sizin necə bir insan olduğunuzu bilmək istəyirəm. Siz necə adamsınız? Tez olun, başınıza gələn sərgüzəştləri danışın…
– Sərgüzəşt? – deyə mən qorxu ilə soruşdum. – Sərgüzəşt! Axı, sizə kim deyib ki, mənim sərgüzəştlərim var? Mənim heç bir sərgüzəştim yoxdur..
Qız gülərək sözümü kəsdi:
– Bəs siz bu vaxta qədər sərgüzəştsiz necə yaşamısınız?
– Elə-belə, tamamilə sərgüzəştsiz-filansız yaşamışam! Necə deyərlər, öz xəyallarımla yaşamışam, yəni həmişə tək olmuşam, tamam tək, başa düşürsünüzmü? Tək!
– Necə yəni tək? Deməli, heç bir vaxt heç kəslə görüşmürsünüz?
– Yox, görüşməyinə görüşürəm, amma yenə də təkəm.
– Məgər heç kəslə söhbət eləmirsiniz?
– Heç kəslə yaxınlıq eləmirəm!
– Deyin görüm, axı, siz kimsiniz? Dayanın, deyəsən, özüm məsələni başa düşürəm; yəqin ki, sizin də mənim nənəm kimi bir nənəniz var. Mənim nənəm kordur, çoxdandır ki, məni heç bir yana buraxmır; mən demək olar ki, danışmağı belə yadırğamışam. İki il bundan əvvəl bir dəcəllik elədim, nənəm gördü ki, məni saxlaya bilməyəcək, tez yanına çağırdı, paltarımı sancaqla öz paltarına bənd elədi, o vaxtdan bütün günü beləcə otururuq; o, kor da olsa, corab toxuyur, mən isə onun yanında əyləşib, ya bir şey tikirəm, ya da onun üçün ucadan kitab oxuyuram. Bəli, çox qəribə adətdir, iki ildir ki, sancaqlanıb oturmuşam…
– Ya rəbbim! Nə böyük bədbəxtlikdir! Yox, mənim belə nənəm yoxdur.
– Əgər yoxdursa, evdə tək necə əyləşirsiniz?..
– Bura baxın, siz mənim kim olduğumu bilmək istəyirsiniz, eləmi?
– Bəs necə! Əlbəttə!
– Özü də, düzünü bilmək istəyirsiniz?
– Əlbəttə, düzünü bilmək istəyirəm.
– Çox yaxşı, mən tipəm.
– Tip, tip! Necə tip? – deyə qız ucadan elə qəhqəhə çəkdi ki„ sanki bir il idi gülməmişdi. – Amma yaman məzəli adamsınız ha! Bax, burada bir skamya var, gəlin əyləşək! Heç kəs bizi görməz, söhbətimizi eşitməz. Hə, sərgüzəştlərinizə baş-layın! Ola bilməz ki, başınıza bir hadisə gəlməsin, ancaq gizlədirsiniz; əvvəlcə məni başa salın görüm, tip nə deməkdir?
– Tip? Tip orijinal adam deməkdir, belə adamlar çox gülməli olur! – dedim və qız uşaq kimi güldükcə mən də ona qoşuldum. – Tip qəribə xasiyyətli adamdır, xəyalpərəstdir. Bilirsinizmi xəyalpərəst kimə deyirlər?
– Xəyalpərəst? Lap yaxşıca bilirəm. Mən özüm də xəyalpərəstəm. Nənəmin yanında əyləşəndə nələr, nələr haqqında düşünürəm?! Məsələn, birdən elə olur ki, xəyalımda Çin şahzadəsinə ərə gedirəm… Xəyala dalmaq çox yaxşı şeydir. – O, bir qədər susub, sonra ciddiyyətlə əlavə etdi: – Yox, bəlkə də yaxşı deyil, allah bilir! Bəzən adam elə halda olur ki, xəyal da yada düşmür.
– Çox gözəl. Madam ki, xəyalınızda da olsa, bir dəfə Çin şahzadəsinə ərə getmisiniz, deməli, mənim sözlərimi tamamilə başa düşəcəksiniz. Hə, qulaq asın… Lakin axı, mən heç sizin adınızı da bilmirəm.
– Axırı ki, soruşdunuz! Çox tez yadınıza düşüb.
– Vallah, adınızı öyrənmək ağlıma belə gəlməyib, mənim üçün elə-belə də xoş idi…
– Adım Nastenkadır.
– Nastenka? Elə bu?
– Elə bu! Yoxsa bu ad sizə az görünür? Belə də acgözlük olar?
– Əksinə, bu da mənə çoxdur, lap çoxdur; Nastenka, ilk görüşümüzdən mənim üçün Nastenka olmağınız göstərir ki, siz çox mərhəmətli qızsınız.
– Bax belə! İndi başlayın.
– Bəli, Nastenka, diqqətlə qulaq asın, sizə gülməli bir əhvalat danışacağam.
Mən onun yanında əyləşdim, ciddi və lovğa bir görkəm aldım, kitab oxuyurmuşam kimi sözə başladım:
– Nastenka, əgər bilmirsinizsə, məlumunuz olsun ki, Peterburqda çox qəribə yerlər var. Bütün Peterburq əhalisi üçün eyni bir şəfəqlə parlayan günəş sanki bu yerlərə işıq salmır. Elə bil bu yerlərin öz günəşi var; bu tamamilə başqa günəşdir, elə bil o, ayrıca olaraq, bu yerlər üçün sifariş edilmişdir, özünün də tamamilə xüsusi işığı var. Əziz Nastenka, bu yerlərdə həyat da tamam özgə şəkildədir, o, ətrafımızda qaynayıb-daşan həyata qətiyyən oxşamır, bu elə bir həyatdır ki, onu bizim indiki zəmanəmizdə – ciddi, çox ciddi zəmanəmizdə təsəvvürə gətirmək faydasızdır, belə həyat yalnız uzaq, xəyali bir səltənətdə ola bilər. Bax, həmin bu həyat tamamilə xəyali, çox yüksək və bunlarla birlikdə (əfsus ki, Nastenka!) tutqun, maraqsız, çox adi və bəlkə də həddən artıq qaba bir varlığın ifadəsidir.
– Fu! Müqəddiməyə bir bax, sən allah! Əcaib sözlər eşidirəm.
– Dinləyin, Nastenka (mənə elə gəlir ki, sizi ömrüm boyu Nastenka çağırsam yorulmaram), dinləyin və bilin ki, həmin bu yerlərdə qəribə adamlar – xəyalpərəstlər yaşayır. Xəyalpərəst, əgər bu sözün dəqiq izahını istəyirsinizsə, insan deyil, namüəyyən məxluqdur. O, həyatının çox hissəsini xəlvət, əlçatmaz bir guşədə keçirir, gündüz-günorta vaxtı elə bil işıqdan da gizlənir; bəzən öz qınına çəkilən ilbizi xatırladır, hər halda – evini arxasında daşıyan çanaqlı bağa adlı maraqlı heyvana daha çox oxşayır. Siz necə bilirsiniz? Nə üçün o, divarları mütləq usandırıcı yaşıl rəngə boyanmış, hisdən qaralmış, içərisi həmişə papiros tüstüsü ilə dolu qaranlıq otağını bu qədər sevir? Nə üçün bu gülməli cənab, tək-tək dostlarından biri onun yanına gələndə (axırda elə olur ki, bu dostlardan da bir əsər qalmır), bəli, nə üçün o, yəni bu gülməli cənab öz dostunu pərt halda qarşılayır, sifəti dərhal dəyişir və özünü itirir, sanki yaşadığı dörd divar içərisində nə isə, bir cinayət işlədib, elə bil saxta pul kəsib və yaxud bir-iki mənasız şeir quraşdırıb, gizli imzaynan qəzetə göndərib. Məktubda da yazıb ki, guya bu əsərlərin əsl müəllifi öldüyü üçün o, sədaqətli bir dost kimi mərhumun əsərlərini (bu əsərlər çox zəif olsa da) dərc etdirməyi özünə müqəddəs borc bilir. Nastenka, bir deyin görüm, bu iki müsahibin arasında gedən söhbət nə üçün baş tutmur? Başqa yerlərdə gülməyi, hazırcavab olmağı, qadınların gözəlliyindən və qeyri şeylərdən şirin-şirin danışmağı xoşlayan qonaq, xəyalpərəst dostunun otağına gələn kimi nə üçün susur, gülmür, hazırcavablıq eləmir, karıxmış bir halda hərəkətsiz əyləşir? Xəyalpərəstlə çox ehtimal ki, yaxınlarda tanış olmuş və onun yanına birinci dəfə gələn, daha doğrusu, birinci və axırıncı dəfə gələn qonaq, nəhayət, hazırcavablığına və şən xasiyyətinə baxmayaraq (əgər bu xasiyyətlər həqiqətən onda varsa), ev sahibinin dəyişmiş sifətini gördükdə nə üçün pərt olur? Ev sahibi isə, tamamilə özünü itirərək, səmərəsiz bir cidd-cəhdlə söhbəti qızışdırmağa, ali cəmiyyətlə yaxşı tanış olduğunu göstərməyə, gözəl qadınlar haqqında fikir söyləməyə və heç olmasa belə bir itaətkarlıqla özünü, səhvən onun yanına qonaq gəlmiş yoxsul dostuna bəyəndirməyə çalışır. Ən nəhayət, nə üçün qonaq birdən şlyapasını götürüb, vacib bir işi olduğunu bəhanə edərək, ayağa qalxır və onu yaxşı qarşılamadığına görə indi peşmançılıq çəkdiyini isbata çalışan, səhvini düzəltməyə nahaq yerə cəhd edən, üst-üstdən onun əlini sıxan ev sahibilə tələsik vidalaşıb gedir? Nə üçün qonaq küçəyə çıxıb qəhqəhə ilə gülür və oradaca özünə söz verir ki, bir daha bu axmağın yanına gəlməsin (hərçənd bu axmaq əsasən çox yaxşı oğlandır), eyni zamanda, təsəvvüründə, bir az bundan əvvəlki müsahibini, uşaqların döydüyü, qorxutduğu, qəflətən ələ keçirib, başına min oyun açdığı və amansızcasına incitdiyi pişik balası ilə müqayisə eləyir; zavallı körpə pişik, nəhayət, uşaqların əlindən canını qurtarıb, kürsünün altında, qaranlıqda gizlənir və orada bir saat tüklərini qabardıb fınxırır, özünü yalayır, əzilmiş sir-sifətini pəncələrilə tez-tez yuyur, bu əhvalatdan sonra uzun müddət təbiətə və həyata düşmən gözü ilə baxır, hətta rəhmdil qulluqçu qadının, ağaların naharından qısdırıb gətirdiyi bir nəlbəki xörəyə də qorxudan yaxın düşmək istəmir.
Mən danışdıqca təəccübdən gözləri alacalanan və ağzı açıq qalan Nastenka birdən sözümü kəsdi:
– Bura baxın, danışdığınız hadisələrin necə baş verdiyini bilmirəm və bilmirəm ki, siz bu gülünc sualları mənə nə üçün verirsiniz; lakin qəti əminəm ki, bütün bu sərgüzəştlər əvvəldən axıradək məhz sizin başınıza gələn hadisələrdir.
Mən çox ciddi bir tərzlə cavab verdim:
– Şübhəsiz.
– Əgər belədirsə, onda gerisini söyləyin, – deyə Nastenka məni tələsdirdi, – çünki mən bunların nə ilə qurtaracağını mütləq bilmək istəyirəm.
– Demək siz, əziz Nastenka, bizim qəhrəmanın öz qaranlıq yuvasında nə ilə məşğul olduğunu, daha doğrusu, mənim, – madam ki, haqqında danışdığım qəhrəman mən özüməm, – təzə dostumun gözlənilməz gəlişindən nə üçün belə həyəcana düşdüyümü və özümü itirdiyimi bilmək istəyirsinz? Qapı birdən açılarkən nə üçün diksinib qızardığımı, qonağı layiqincə qarşılamadığıma görə xəcalətimdən gizlənməyə yer axtardığımı bilmək istəyirsiniz, eləmi?
– Hə, hə. əlbəttə! – deyə Nastenka cavab verdi. – Hər şeyi, hər şeyi bilmək istəyirəm. Ancaq bir xahişim var: siz çox gözəl danışırsınız, olmazmı ki, belə gözəl danışmayasınız? Elə bil lap kitab oxuyursunuz.
Mən özümü gülməkdən güclə saxlayıb, təşəxxüs və ciddiyyətlə dedim:
– Nastenka! Əziz Nastenka, gözəl danışdığımı özüm yaxşı bilirəm, lakin üzr istəyirəm, başqa cür danışmağı bacarmıram. İndi, əziz Nastenka, mən qırx il küp içində, yeddi möhür altında qapalı qalmış, nəhayət bu yeddi möhür qoparılıb atılandan sonra əsirlikdən azad olmuş Süleyman şahın ruhuna bənzəyirəm. Əziz Nastenka, biz uzun ayrılıqdan sonra yenə görüşdük, mən sizi çoxdan tanıyırdım, Nastenka, mən həmişə, hər yerdə kimi isə axtarmışam, indi başa düşdüm ki, axtardığım adam məhz elə siz imişsiniz. Bizim görüşümüz buna ən yaxşı sübutdur, bu görüş məni o qədər sevindirib ki, Nastenka, elə bil çoxdan bəri qəlbimdə yığılıb qalmış sözlər indi coşğun bir fəvvarəyə çevriləcək. Mən danışmalıyam, danışmasam nəfəsim tutular. Xahiş eləyirəm, Nastenka, sözümü kəsməyəsiniz, sakit əyləşib dinləyəsiniz, yoxsa, yoxsa susub, bir daha danışmaram!
– Yox, yox! Tez olun başlayın. Siz danışarkən qətiyyən dinməyəcəyəm.
– Davam edirəm: əziz dostum Nastenka, ömrümün hər keçən günündə bircə saat var ki, mən onu həddən artıq sevirəm. Bu, demək olar ki, bütün işlərin, vəzifələrin və borcların yerinə yetirilib qurtardığı, hər kəsin öz evinə, nahara, istirahətə tələsdiyi, hələ küçə ilə gedərkən axşam və gecə boş qalan vaxtını şən keçirmək üçün müxtəlif əyləncələr düşündüyü bir saatdır. Həmin bu saatda bizim qəhrəman da, – Nastenka, müsaidənizlə üçüncü şəxsin dilindən danışım, ona görə ki, bütün bunları öz adımdan danışmaq mənim üçün olduqca ağırdır, utanıram, – bəli, həmin bu saatda bizim qəhrəman da işini qurtarıb başqalarına qoşulur. Onun ağarmış və bir qədər də yorğun sifətində qəribə bir şadlıq ifadəsi var. O, soyuq Peterburq köylərində axşam günəşi şəfəqlərinin tədricən necə sönüb getdiyinə həyəcanla baxır, yox, mən yalan danışıram, o baxmır, çox yorğun olan, eyni zamanda daha maraqlı bir məşğuliyyət tapan və buna görə də ətrafa ancaq hərdənbir, qeyri-ixtiyari, gözucu nəzər salan adamlar kimi o da günəşin qürubunu şüursuz bir halda seyr edir. O, cansıxıcı işlərdən sabaha qədər xilas olduğuna sevinir; dərsini qurtarıb yenə də öz oyunları ilə məşğul olmaq və dəcəllik eləmək üçün küçəyə qaçan məktəbli kimi o da sevinir. Nastenka, siz ona diqqətlə baxsanız, dərhal görəcəksiniz ki, sevinc hissi doğrudan da onun zəif sinirlərinə, xəstə və əsəbi xəyalına yaxşı təsir bağışlayıb. Budur, o nə haqdasa dərin fikrə gedir… Bəlkə elə zənn edirsiniz ki, o, nahar barədə düşünür? Bəlkə də bu axşam nə ilə məşğul olacağını indidən qərarlaşdırmaq istəyir? O belə diqqətlə hara baxır? Bəlkə onun nəzərini cəlb edən bu gözəl geyimli cənabdır? Bəlkə o, bu cənabın, küçədən sürətlə keçən, köhlən atlar qoşulmuş yaraşıqlı karetadakı xanıma incə bir hərəkətlə necə salam verdiyinə tamaşa eləyir?! Yox, Nastenka, belə xırda şeylər indi onu cəlb edə bilməz! İndi o, bütün varlığı ilə, yalnız ona məxsus olan ayrıca bir həyat aləmindədir; bu həyat onun öz xüsusi sərvətidir: o, bu həyatın qoynuna atılan kimi birdən-birə dəyişib, zəngin bir adam olur, qürub edən günəşin öz vida şəfəqlərilə onun gözləri qarşısında belə şən bir parıltı saçması və isinmiş qəlbində min bir təəssürat oyatması əbəs deyildir. İndi o, həmişə keçib getdiyi və buradakı hər xırda şeyin onu təəccübə saldığı tanış küçə ilə qətiyyən maraqlanmır. Artıq «Xəyal ilahəsi» (əziz Nastenka, əgər Jukovskini oxumuşsunuzsa) öz qəşəng, incə əllərilə qızıl ərişlərini toxuyub qurtarmış, indi də bizim qəhrəmanın gözləri önündə qeyri-adi və gözəl bir həyatın zərif naxışlarını hörməyə başlamışdır; kim bilir, bəlkə də o, burada qranit kimi möhkəm, parlaq büllur səkilərlə öz evinə gedir. Siz əgər indi birdən onu saxlayıb, harada olduğunu, hansı küçələrdən keçdiyini soruşsanız, o yəqin ki, heç bir şeyi – hara ilə getdiyini, harada durduğunu yadına sala bilməyəcək, pərtləşib qızaracaq və ağır vəziyyətdən çıxmaq üçün mütləq bir yalan danışacaq. Bax, buna görədir ki, qoca və mötəbər bir qadın, azdığı yolu bizim qəhrəmandan xəbər almaq üçün səkinin ortasında nəzakətlə onu saxlayanda o, bərk diksindi, az qaldı ki, çığırsın, qorxu ilə ətrafına baxdı. Sonra qəhrəmanımız acığından qaşlarını çatıb, yenə yola düzəldi. O, yan-yörəsindən ötənlərin onun arxasınca baxaraq, necə gülümsədiklərini çətin görürdü; balaca bir qız, öz-özünə danışa-danışa, gülə-gülə əllərini yelləyərək, yanından keçən bu qəribə adamdan əvvəlcə qorxub kənara qaçdı, sonra gözlərini iri-iri açıb qəhqəhə ilə gülməyə başladı. Xəyalpərəst bunu da görmədi. Onu bürüyən xəyal sürətlə uçaraq, qoca qadını, yoldan ötən və bizim qəhrəmana maraqla baxan adamları, qəhqəhə çəkən qızcığazı, öz yük gəmilərilə Fontanka çayını dolduran və bu gəmilərdə yatıb səhəri gözləyən (fərz edək ki, qəhrəmanımız Sahil küçəsindən keçdiyi zaman axşam idi) kəndliləri oynaq qanadlarına qaldırıb, uzaqlara apardı, hörümçək milçəyi tora salan kimi, bu nadinc xəyal da hər şeyi toxumaqda olduğu parçanın üzərinə tikdi, əcaib xəyalpərəst də, qəlbində yeni hisslər, öz fərəhli yuvasına daxil oldu, nahar etmək üçün masa arxasında əyləşdi, naharını yeyib qurtardı, nəhayət, həmişə düşüncəli və kədərli olan qulluqçu Matryona süfrəni yığışdırıb, qəlyanını gətirən vaxt xəyalatdan ayıldı və indicə nahar elədiyini fikirləşərkən onu heyrət aldı, naharı necə yediyini, xörəyin dadını heç cür xatırlaya bilmədi. Otaq getdikcə qaranlıqlaşırdı, indi onun qəlbində kədərlə dolu bir boşluq vardı; gözəl xəyallardan qurduğu əzəmətli saray onun ətrafında, heç bir iz buraxmadan, səssiz-səmirsiz uçulub dağılır, yuxu kimi sürətlə əriyib gedirdi; o isə bir az bundan əvvəl nələr düşündüyünü, nə xəyallar etdiyini yadına sala bilmirdi. Lakin bizim qəhrəmanın ürəyini yüngülcə sızıldatmağa və həyəcanlandırmağa başlayan nə isə dumanlı bir duyğu, nə isə yeni bir arzu yenə də şirnikləndirici bir qıcıqlanma ilə onun xəyalını yerindən oynadır, yenə də onun ətrafını sehrli kölgələr bürüyür. Kiçik otaqda sükut hökm sürür; tənhalıq və tənbəllik bizim qəhrəmanın xəyalını oxşayır, bu xəyal yavaşca alovlanır, mətbəxdə arxayınca qəhvə hazırlayan qoca Matryonanın qəhvədanındakı su kimi ahəstə qaynamağa başlayır. Budur, qəhvə yavaş-yavaş qabarcıqlanır; budur, mənim xəyalpərəstimin, heç bir məqsəd güdmədən, və fərqinə varmadan, kitab dolabından götürdüyü kitab sürüşüb əlindən düşür; bu kitabı o, yalnız üçüncü səhifəsinədək oxuya bilmişdir. Onun xəyalı yenidən pərvazlanmış, yenidən coşmuşdur; budur, birdən onun gözləri qarşısında yeni bir aləm yaranır, gözlərini yeni, cazibəli bir həyat qamaşdırır. Yeni röya, yeni səadət! Şərbət kimi şirin, xoş zəhəri! Ah, bizim yaşadığımız bu həyatda indi onu maraqlandıracaq nə var? Onun aldadılmış, satın alınmış nəzərlərində indi biz ikimiz də, Nastenka, tənbəl, çox ağır və cansız bir ömür sürürük; taleyimizdən elə narazı, həyatımızdan elə bezarıq ki!.. Axı, bu doğrudan da belədir, Nastenka, bunu lap ilk baxışda görmək mümkündür, bizim həyatımızda hər şey soyuq, tutqun və elə bil acıqlıdır… «Zavallılar!» – deyə mənim xəyalpərəstim fikirləşir. Onun belə fikirləşməsi heç də təəccüblü deyildir! Siz, cazibədar, şıltaq, səliqəsiz və oynaq hərəkətlərlə bir yerə toplaşan, onun gözləri önündə cürbəcür sehrli və canlı şəkillərə düşən füsunkar kölgələrə baxın; əlbəttə, bunların arasında lap ilk sırada duran birinci şəxs o özüdür – bizim xəyalpərəstimizdir; o burada öz ayrıca yolu ilə gedir, öz xüsusi həyatı ilə yaşayır. Diqqətlə baxın, görün burada nə qədər müxtəlif sərgüzəşt, ardı-arası kəsilməyən, təntənəli xəyal var. Bəlkə indi siz, onun nə haqqında düşündüyünü bilmək istəyirsiniz? Bunu bilməyə nə var ki! O indi hər şey haqqında düşünür… Məsələn, əvvəlcə cəmiyyət tərəfindən rədd edilən, sonralar isə böyük şöhrət qazanan bir şair onun xəyalında canlanır, bunun arxasınca o, Qofmanla dostluq etməyi fikirləşir, daha sonra onun xəyalından müxtəlif səhnələr və insanlar gəlib keçir: Varfolomey gecəsi, Diana Venon, Qazan şəhərinin alınmasında İvan Vasilyeviçin göstərdiyi qəhrəmanlıq, Klara Movbray, Yevfiya Dens, proletar kilsəsi, onların da qarşısında Qus, «Robert»də ölülərin qiyamı (musiqi ilə oxunan bu sözləri xatırlayırsınızmı: «Məzar qoxusu gəlir!»), Minna və Brenda, Beryozina yaxınlığında vuruşma, qrafinya V–Y–D-yın yanında poemanın oxunuşu, Danton, Kleopatra, ei Sout amanti [2 - Və onun aşnaları (italyana)], Kolomna şəhərində evcik, balaca sığınacaq, qış gecəsi bizim xəyalpərəst bir bucaqda oturub, hərarətlə nə isə danışır və indi siz, mənim gözəl mələkciyim Nastenka, mənə diqqətlə qulaq asdığınız kimi, qəhrəmanın yanındakı sevimli xilqət də heyrət və həyəcanla onu dinləyir… Yox, Nastenka, sizinlə birlikdə sevdiyimiz bu həyatda ona, bəli, ona – o xəyalpərəstə həssas və tənbəl insana xoş gələcək heç bir şey yoxdur! O düşünür ki, bu, yoxsul və acınacaqlı bir həyatdır və belə düşünərkən onun heç ağlına gəlmir ki, bir gün bu acınacaqlı həyat onu da dərdə sala bilər, o zaman bizim qəhrəman bu həyatın bircə gününü şirin xəyallar aləmində keçirdiyi uzun illərə dəyişməz, hətta ona üz verən dərdi, peşmançılıq hissini və ağır kədəri öz qəlbindən yox etmək üçün sevinc və xoşbəxtlik axtarmaq belə yadına düşməz. Lakin bu təhlükəli gün hələ uzaqdadır, indi onun heç bir arzusu yoxdur; çünki o, bütün arzulardan yüksəkdədir, çünki indi hər şey onun ixtiyarındadır. O elə doyub ki, könlü artıq heç bir şey istəmir, çünki indi öz həyatının yaradıcısı yalnız o özüdür, hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir. Doğrudan da, bu əfsanəvi-xəyali aləm necə də asan, necə də təbii yaranır! Elə bil ki, bütün bunlar heç də xəyal deyil! Bəzən adam bütün bu həyatın həyəcanlı hisslərdən, yalançı təsəvvürlərdən doğan xəyali bir aləm olduğunu unudub, onu bir həqiqət, canlı bir varlıq kimi qəbul edir! Bəs nə üçün, Nastenka, nə üçün belə dəqiqələrdə insanın ruhu sıxılır? Nə üçün, hansı bir sehrin, hansı bir cadunun təsiriləsə nəbzin döyüntüsü şiddətlənir, xəyalpərəstin gözlərində yaş damlaları parlayır, ağarmış və göz yaşları ilə islanmış yanaqları od tutub yanır və necə olur ki, onun bütün varlığı coşğun bir fərəhlə həyəcanlanır? Tükənməz sevinc və xoşbəxtliklə dolu gecələr nə üçün belə tez, bir an içərisində keçib-gedir, yalnız dan yeri sökülərkən, günəş şəfəqləri çəhrayı bir atəşlə pəncərələrdə əks edəndə və otağı bürüyən qaranlıq, ümumiyyətlə Peterburqda olduğu kimi, şübhəli və xəyali bir işıqla aydınlaşanda bizim xəyalpərəst yorğun və əzgin bir halda yatağa yıxılır, xəstə ruhunun ona bəxş etdiyi bir sevinc və eyni zamanda qəlbinə əzab verən şirin bir ağrı ilə yuxuya gedir, nə üçün?.. Bəli, Nastenka, yad bir insan kənardan ona baxarkən aldanır və qeyri-iradi həqiqi və dərin bir ehtirasın onun qəlbində oyandığına, mənasız xəyallarında isə canlı bir varlığın çırpındığına inanır! Lakin bütün bunların hamısı həqiqətdə yalandır, həm də necə yalan! Məsələn, öz tükənməz sevinci və ağrıları ilə indicə onun ürəyinə hakim kəsilən sevgi haqqında nə deyə bilərsiniz? Bunun necə bir sevgi olduğunu bilmək üçün bizim xəyalpərəstin üzünə diqqətlə baxmağınız kifayətdir! Siz ona baxarkən, əziz Nastenka, inanırsınızmı ki, o, belə coşğun və hərarətli bir eşqlə sevdiyi qadının kim olduğunu bu vaxtadək bilmir? Doğrudanmı o öz sevgilisini ancaq gözəl xəyallar aləmində görmüş və yalançı ehtirasa qapılmışdır. Doğrudanmı onlar əl-ələ verib, ömrün ağır illərini birlikdə keçirməmiş, bütün dünyadan üz çevirərək, iki könül dünyasında, tənha, yalnız ikilikdə xoşbəxt həyat sürməmişlər? Doğrudanmı o qadın gecəyarı, bayırda get-gedə şiddətlənən tufana, sınıq pəncərədən içəri dolub, onun qara kirpiklərindəki yaş damlalarını özü ilə aparan küləyə etina etmədən, hicran dəqiqələrinin yaxınlaşdığı bir vaxtda sevgilisinin sinəsinə sıxılıb, hönkür-hönkür ağlamamışdır? Doğrudanmı bütün bunların hamısı ancaq bir xəyaldır? Onların tez-tez ikilikdə gəzdikləri, düşündükləri, darıxdıqları, uzun zaman, bəli, «uzun zaman və çox incə bir məhəbbətlə» bir-birini sevməyə and içdikləri bu kiçik bağça, – indi ot basmış, cığırları itib getmiş, xarabaya dönmüş bu kədərli bağça da yoxsa xəyaldır? Bəs bu köhnə, ata-babadan qalmış ev? Onun sevgilisi bu evdə öz qoca, qaşqabaqlı, həmişə qaradinməz və acıqlı ərilə xeyli müddət tək yaşamışdı. Onlar məyus və ümidsiz bir halda öz məhəbbətlərini bir-birindən gizlədərək, qocadan uşaq kimi qorxurdular. Onların necə əzab çəkdiyini, necə qorxduğunu, öz sevgisində necə günahsız və təmiz, insanların isə (bu aydın bir məsələdir, Nastenka) neçə qəddar olduğunu bilirsinizmi? Ya rəbbim! Doğrudanmı bir neçə vaxt sonra bizim xəyalpərəst sevgilisini vətəndən uzaqda, yad bir ölkədə, gözəl mənzərəli bir şəhərdə, şən musiqi ilə aşıb-daşan çilçıraqlı bir sarayda (bəli, sarayda), sarmaşıqlara və çiçəklərə bürünən eyvanda görmüşdü? Doğrudanmı bu zaman sevgilisi onu tanıyıb, üzörtüyünü tələsik çıxarmış və: «Mən indi azadam», – deyə pıçıldadıqdan sonra bütün vücudu ilə titrəyərək, ağlayaraq, onun qucağına atılmışdı və onlar coşğun bir sevinclə bir-birinə sıxılıb, hər şeyi – kədəri, ayrılıq dərdini, əziyyəti, köhnə ata-baba evini, qaşqabaqlı qoca qrafı, qəmgin bağçanı, son dəfə qucaqlaşıb üzərində əyləşdikləri skamyanı və ehtiraslı bir öpüşdən sonra qadının, onu hərarətlə qucaqlayan qüvvətli qollar arasından necə sıçrayıb qaçmasını bir anda unutmuşdular… Ah, əziz Nastenka, belə təsəvvür edin ki, məktəbli bir uşaq qonşu bağdan oğurladığı almanı tez cibində gizlədib, evlərinə qaçmışdır, bu zaman hündürboy, sağlam, şən və zarafatcıl bir oğlan – bu çağırılmış qonaq birdən qapını açıb, heç bir şey olmamış kimi çığırır: «hə, dostum, mən də elə bu saat Pavlovskdan gəlirəm!» həmin anda uşağın nə hala düşdüyünü fikirləşirsinizmi? O, yerindən sıçrayır, özünü itirir və oğurladığı alma kimi qızarır… sən bir taleyin amansızlığına bax! Qoca qrafın və hər iki aşiq üçün sərbəst, xoşbəxt bir həyatın başlandığı bir vaxtda Pavlovskdan gələn adamlar bu xoşbəxtliyi pozacaq, yenidən onlara əzab verəcəklər!
Mən bu yerdə birdən susdum. Əsəbi bir qızğınlıqla başladığım söhbəti yarımçıq kəsdim. Yadımdadır, mən şiddətli bir qəhqəhə ilə gülmək istəyirdim, hiss edirdim ki, ürəyimdə mənə düşmən olan bir iblis duyğusu oyanmağa başlayır, boğazım qəhərlənir, çənəm əsir, gözlərimi dolduran yaş getdikcə artır… Mən, ağıllı gözlərini üzümə dikərək, söhbətimi diqqətlə dinləyən Nastenkanın indicə uşaq kimi şən bir qəhqəhə ilə güləcəyini gözləyir və öz söhbətimdə həddən ziyadə uzağa getdiyim, çoxdan qəlbimdə qaynayıb-daşan duyğuları «kitabdan oxuyurmuş kimi» bütün təfərrüatı ilə Nastenkaya danışdığım üçün peşmançılıq əzabı çəkirdim; çünki mən özüm öz taleyimi artıq mühakimə etmiş və hökmümü çoxdan vermişdim; budur, indi özümü saxlaya bilməyib, bu hökmü Nastenkaya oxudum və oxuyarkən onun məni başa düşəcəyini ağlıma belə gətirmədim, lakin söhbətimi kəsən kimi Nastenkanın susduğunu görüb heyrətləndim. O, kiçik bir fasilədən sonra yavaşca əlimi sıxdı və nə isə, cəsarətsiz bir mərhəmətlə soruşdu:
– Siz doğrudanmı bütün həyatınızı beləcə keçirmisiniz?
– Bütün həyatımı, Nastenka, – deyə cavab verdim, – bütün həyatımı. Kim bilir, bəlkə ömrümün axırına kimi belə yaşayacağam?
O, həyəcanla sözümü kəsdi:
– Yox, bu ola bilməz, belə şey olmayacaq; onda demək, mən də bütün ömrümü nənəmin yanında tənha keçirəcəyəm? Axı, belə yaşamaq heç yaxşı deyil, siz ki, bunu məndən gözəl bilirsiniz!
– Bilirəm, Nastenka, bilirəm! – deyə mən, qeyri-iradi, ucadan səsləndim. – Mən indi həmişəkindən çox bilirəm, indi bilirəm ki, ömrümün ən yaxşı illərini həqiqətən itirmişəm! İndi mən bunu bilirəm, düşünürəm və düşündükcə ürəyim daha bərk ağrıyır; çünki siz, bütün bunları mənə söyləmək və sübuta yetirməkdən ötrü allah tərəfindən yanıma göndərilən xeyirxah bir mələksiniz! İndi, sizin yanınızda əyləşdiyim və sizinlə söhbət elədiyim bu sevincli dəqiqələrdə gələcəyi xatırlamaq mənə çox dəhşətli görünür, ona görə ki, gələcək yenə də tənhalıqdan, kəsalətli, lüzumsuz həyatdan ibarətdir; bir də, siz mənimlə yanaşı oturduğunuz və məni xoşbəxt etdiyiniz belə bir zamanda başqa bir şey haqqında düşünməyin mənası varmı? Mənim sizə nə qədər minnətdar olduğumu bilsəydiniz; minnətdaram ona görə ki, əziz Nastenka, məni rədd etmədiniz, həyatımda heç olmasa iki gecə insan kimi yaşadım…
– Ah, yox, yox! – Nastenka çığırdı və gözləri yaşla doldu. – Yox, bir daha belə olmayacaq; biz ayrılmayacağıq! İnsan ömrü üçün, axı, iki gecə nədir ki?
– Nastenka! Nastenka! Siz məni öz taleyimlə yenidən barışdırdınız! Bilirsinizmi, mən, əvvəllər olduğu kimi, öz haqqımda bir daha pis fikirlərə düşməyəcəyəm. Həyatımda etdiyim cinayət və günahlar üçün bir daha vicdan əzabı çəkməyəcəyəm. Ona görə ki, bu cür yaşamağın özü cinayət və günahdır. Bir də, Nastenka, elə düşünməyin ki, guya mən həyatımı sizə danışanda bir çox əhvalatı həddən artıq şişirdirəm, allah eşqinə belə düşünməyin. Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki… belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir vaxt özümə həqiqi həyat qura bilməyəcəyəm, buna mənim qabiliyyətim yoxdur, mənə elə gəlir ki, Yer üzündə həqiqət adına nə varsa, hər şeyin ölçüsünü itirmişəm, həqiqi varlığı duymaq, dərk eləmək iqtidarından məhrum olmuşam; nəhayət, mən öz-özümə nifrət eləyirəm; çünki yuxusuz keçirdiyim şirin, xəyali gecələrdən sonra mən artıq ayılmağa başlayıram, bunun necə bir dəhşət olduğunu düşünürsünüzmü? Ayılıb görürsən ki, dörd tərəfini bürüyən insan kütləsi həyat burulğanı içərisində mütəmadiyən fırlanır, uğuldayır, hara isə baş alıb gedir; insanların necə gözüaçıq, işgüzar yaşadıqlarını görürsən və eşidirsən, onlar sifarişlə yaşamırlar, onların həyatı bir yuxu, bir kölgə kimi keçib getməyəcək, bu həyat həmişə gəncdir, tez-tez dəyişir, yeniləşir, hər ötən saat özündən sonrakı saata oxşamır… Puç bir xəyalın məhsulu olan həyat isə son dərəcə qaba və yekrəngdir; o, dumanlı kölgələrin, qarışıq fikirlərin əksidir; günəşin üzünü qəflətən örtən qara bulud qədər cansıxıcıdır, bu buluda baxarkən, öz sevimli günəşini görməyən əsl Peterburq sakininin ürəyi kədərdən sıxılır, – belə kədərli insandan nə xəyal gözləmək olar?! Sən onun, bu tükənməz xəyalın ağır bir gərginlik içərisində, nəhayət, yorulduğunu, tükəndiyini hiss edirsən, çünki sən artıq əvvəlki adam deyilsən, yetişib möhkəmlənmisən, köhnə fikir və arzularından uzaqlaşmısan; onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdır; əgər başqa bir həyat yoxdursa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa məcbursan. Lakin, bununla bərabər, insanın qəlbi nə isə daha yeni bir həsrətlə döyünür və xəyalpərəst öz köhnə arzularını soyumuş kül kimi əbəs yerə eşələyir, heç olmasa kiçik bir qığılcım tapıb, nəfəsilə onu yenidən alovlandırmaq, beləliklə, soyumuş qəlbini yenidən isindirmək və keçmişdə ona əziz olan, onun ruhunu oxşayan, qanını coşduran, gözlərinə sevinc yaşları gətirən, yalanla da olsa, ürəyinə təskinlik verən hər şeyi yenidən xəyalında canlandırmaq üçün əbəs yerə bu külün içərisində qurdalanır. Nastenka, nəhayət, mənim öz fikirlərimdə hansı nəticəyə gəlib çıxdığımı bilirsinizmi? Bilirsinizmi ki, mən indi öz xəyallarımın, arzularımın ildönümünü qeyd eləmək məcburiyyəti qarşısındayam, əslində həyatda olmayan bütün bu xəyal və arzular əvvəllər də mənim üçün çox qiymətli idi, – mən bu ildönümünü qeyd edərkən bir daha o mənasız və puç arzular aləminə qayıtmalı olacağam, hər bir köhnəlmiş arzu yenidən oyana bilər, lakin bu, mənim çürük və səfeh arzularıma aid deyildir, axı, onları yenidən canlandırmaq üçün əlimdə heç bir vasitə yoxdur. Mən, bir zamanlar özümü xoşbəxt hiss elədiyim yerləri indi də xatırlamağı və ara-sıra seyrə çıxmağı çox sevir, – indiki həyatımı bir daha geri dönməyəcək keçmiş həyatıma uyğun bir şəkildə qurmağı fikirləşirəm. Bəzən də heç bir səbəb və məqsəd güdmədən, kədərli və qüssəli bir halətlə, bir kölgə kimi Peterburq küçələrini və döngələrini gəzməyə çıxıram, bu zaman nələr, nələr haqqında düşünmürəm! Məsələn, bir il bundan əvvəl həmin bu yerdə, bu saatda, həmin bu səkinin üstündə tək-tənha, qəmli-qəmli gəzişdiyimi xatırlayıram. Yadıma düşür ki, onda da məni hər tərəfdən qüssəli xəyallar bürümüşdü, lakin bu xəyallar nə qədər ağır və qüssəli olsa da, hiss eləyirəm ki, o zaman həyat elə bil indikinə nisbətən yüngül və rahat idi, indi varlığımı incidən bu qara düşüncələr, gecə-gündüz mənə rahatlıq verməyən bu ağır və sonsuz əzab – bu vicdan əzabı o zaman yox idi. Bunları düşünərkən öz-özünə deyirsən: «İllər necə də surətlə gəlib-keçir!» Yenə də özündən soruşursan: «Axı, nə elədin ki, bu uzun illər belə» tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?» «Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə-öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək…» Ah, Nastenka! Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, hər şeydən, hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən, hər şeydən ümidini üzmək doğrudan da dəhşətdir! Çünki, onsuz da, itirdiklərimin hamısı əslində mənasızlıqdan, axmaqlıqdan, bir sözlə, ancaq boş bir xəyaldan başqa bir şey deyildir!
– Yaxşı, bəsdir, ürəyimi üzməyin! – Nastenka gözünün yaşını sildi – İndi hər şey mənə aydındır. Biz indi həmişə bir yerdə olacağıq; başıma nə hadisə gəlsə də, sizdən ayrılmayacağam. Qulaq asın, mən sadə bir qızam, nənəmin mənim üçün müəllim tutmasına baxmayaraq, az oxumuşam, lakin mən sizi başa düşürəm, çünki söylədiklərinizin çoxu ilə mən də tanışam, nənəm mənim paltarımı öz paltarına sancaqladığı gündən mən də əzab çəkirəm. Əlbəttə, mən heç bir zaman öz həyatımı sizin kimi gözəl danışa bilmərəm, mən oxumamışam – Nastenka bu sözləri utana-utana təkrar etdi; görünür, mənim coşğun bir ilham və gözəl ifadə ilə danışdığım sözlərin təsirindən hələ də özünə gəlməmişdi. – Ancaq siz öz həyatınız haqqında belə açıq danışdığınıza görə mən çox şadam. İndi mən sizi tanıyıram, tamamilə tanıyıram. Bilirsinizmi nə var? Mən də öz həyatımı sizə danışmaq istəyirəm, heç bir şey gizlətməyəcəyəm, çünki mənə məsləhət və kömək lazımdır. Siz çox ağıllı adamsınız, mənə öz məsləhətinizlə kömək edəcəyinizə söz verirsinizmi?
– Ah, Nastenka, – dedim, – hərçənd mən ömrümdə məsləhətçi, həm də ağıllı məsləhətçi olmamışam, amma indi hiss eləyirəm ki, əgər biz gələcəkdə də belə yaşamalı olsaq, çox ağıllı iş görərik və bir-birimizə öz ağıllı məsləhətimizlə tez-tez kömək eləyərik; yaxşı, mənim mehriban Nastenkam, deyin görüm sizə necə məsləhət lazımdır? Açıq deyin, indi mən elə şən, elə xoşbəxt, cürətli və ağıllıyam ki, söz üçün məəttəl qalmaram.
– Yox, yox! – deyə Nastenka gülə-gülə sözümü kəsdi. – Mənim istədiyim təkcə ağıllı məsləhət deyil, mənə qardaşlıq məsləhəti, dost köməyi gərəkdir; elə təsəvvürünüzə gətirin ki, siz bir qardaş kimi yüz ildir məni sevirsiniz. Mən sevinclə çığırdım:
– Razıyam, Nastenka, hər şeyə razıyam. Əgər mən sizi iyirmi illik bir məhəbbətlə sevsəydim belə, bu sevgi indi, qəlbimdə odlanan məhəbbətdən artıq olmayacaqdı!
Nastenka dedi:
– Əlinizi mənə verin!
– Budur, bu da mənim əlim! – əlimi ona verdim.
– Deməli, indi də mən öz sərgüzəştimə başlayıram.
NASTENKANIN SƏRGÜZƏŞTİ
Bu sərgüzəştin yarısını artıq siz bilirsiniz, yəni bilirsiniz ki, mənim qoca bir nənəm var…
– Əgər söhbətinizin ikinci yarısı da belə qısadırsa… – deyə mən gülərək onun sözünü kəsdim.
– Susun və qulaq asın. Qabaqcadan şərtim var: sözümü kəsməyin, yoxsa özümü itirib çaşaram. Hə, sakit əyləşin, diqqətlə qulaq asın.
Mənim qoca bir nənəm var. Lap balaca olanda atam-anam ölüb, o vaxtdan nənəmin yanındayam. Görünür ki, nənəm keçmişdə dövlətli olub, çünki o, keçmiş və yaxşı günlərini tez-tez xatırlayır. Mənə fransız dilini nənəm öyrədib, sonralar mənim üçün bir müəllim də tutmuşdu. Mən on beş yaşına çatanda (indi on yeddi yaşım var) oxumağı qurtardım. Elə bu vaxtlar mən bir dəcəllik elədim, ancaq nə elədiyimi sizə danışmayacağam; hər halda günahım çox da böyük deyildi. Amma bir səhər nənəm məni yanına çağırdı və dedi ki, kor olduğu üçün məndən muğayat ola bilməyəcək. Bu sözlərdən sonra bir sancaq götürüb, paltarımı paltarına sancaqladı və» dedi ki, əgər mən özümü yaxşı aparmasam, bütün ömrümü onun yanında beləcə əyləşib qalacağam. Xülasə, əvvəl günlər doğrudan da onun yanından tərpənmək qeyri-mümkün idi; elə bu vəziyyətdə həm işləyir, həm oxuyur, həm də yazırdım. Mən bir dəfə nənəmi aldatmaq fikrinə düşdüm və Fyoklaya yalvarıb, onu öz əvəzimə nənəmin yanında əyləşdirdim. Fyokla bizim qulluqçumuzdur, özü də kardır. O mənim yerimdə oturdu; bir azdan nənəm əyləşdiyi yumşaq kürsüdə yatdı, mən isə yaxınlıqda yaşayan rəfiqəmin yanına getdim. Nəticəsi çox pis oldu. Nənəm məndən sonra oyanıb nə isə soruşur, elə bilir ki, mən öz yerimdə sakit əyləşmişəm. Fyokla, nənəmin ondan nə isə soruşduğunu görürsə də, eşitmir, fikirləşir ki, nə eləsin, axırda sancağı açıb qaçmağa üz qoyur…
Bu yerdə Nastenka dayanıb qəhqəhə ilə gülməyə başladı. Mən də ona qoşuldum. Nastenka o saat gülməyini kəsdi. .
– Siz mənim nənəmə çox da gülməyin. Ancaq mən gülə bilərəm.. Nə eləyim, nənəm hərdən elə gülməli işlər görür ki, özümü saxlaya bilmirəm, hər halda mən onu bir az sevirəm. Hə, bu hərəkətim mənə çox baha oturdu. Dərhal məni yenə öz yerimdə əyləşdirdilər və bundan sonra heç bir yana tərpənə bilmədim.
Mən bir məsələni sizə danışmağı unutmuşam; bizim, yəni nənəmin öz evi, üç pəncərəli balaca bir evi var, bu, taxtadan tikilmiş, nənəmin özü kimi çox qoca, köhnə bir evdir; bu evin üstündə yarımmərtəbə var, bir gün həmin otağa təzə bir kirayənişin köçdü…
Mən özümü saxlaya bilməyib, yenə Nastenkanın sözünü kəsdim:
– Deməli, bundan qabaq da kirayənişin varmış?
– Bəli, vardı, – deyə Nastenka cavab verdi, – özü də susmağı sizdən yaxşı bacarırdı. Doğrusu dili ağzında güclə fırlanırdı. Sümükləri çıxmış, lal, kor və axsaq bir qoca idi. Nəhayət elə hala düşdü ki, yaşamağa ümidi qalmadı və öldü; bizə isə mütləq bir kirayənişin lazım idi, onsuz yaşaya bilməzdik: biz nənəmin aldığı təqaüd və kirayə pulu ilə dolanırdıq, bütün gəlirimiz ancaq bundan ibarət idi. Tərs kimi, təzə kirayənişin gənc idi, buralı deyildi, ayrı yerdən gəlmişdi. O, başqaları kimi qiymət barəsində uzunçuluq eləmədi, nənəm otağı ona verdi, sonra məni çağırıb soruşdu: «hə, Nastenka, təzə kirayənişin qocadır, yoxsa cavan?» Mən yalan danışmaq istəmədim. «Nənə, – dedim, – demək olmaz ki, çox cavandır, hər halda qoca deyil». «Üzdən necədir? Yəqin ki, yaraşıqlıdır, hə?» – deyə nənəm soruşdu. Mən yenə yalan danışmaq istəmədim. «Bəli, ay nənə, – dedim, – yaraşıqlıdır!» Nənəm isə bunun cavabında dedi: «Vay, vay! Heç yaxşı olmadı. Qızım, bunu ona görə deyirəm ki, sən bu adama çox baxmayasan. Eh, qəribə zəmanədir! Miskin bir kirayənişin, özü də yaraşıqlı! Ah, keçən günlər, keçən günlər!»
Nənəm yenə hər şeyi keçmişlə bağlayırdı! Onun sözlərindən belə çıxırdı ki, əsl cavanlıq keçmişdə olub, günəş keçmişdə indikindən yaxşı qızdırardı, hətta qaymaq da keçmişdə belə tez turşumazdı, – xülasə, nənəm keçmiş haqqında danışmaqdan yorulmurdu. Oturub susuram. Düşünürəm ki, nənəm məndən kirayənişinin gözəl, cavan olduğunu soruşanda, deməli, özü də bilmədən mənə yol göstərir… Lakin mən bu fikri çox tez yaddan çıxardım, yenə də nənəmin yanında əyləşib, ilmə saymağa, corab toxumağa başladım.
Bir gün təzə kirayənişin bizə gəldi və soruşdu ki, onun otağının divarlarına nə vaxt kağız çəkəcəklər. Nənəm deyəsən bu barədə ona söz vermişdi. Söz-sözü çəkdi, söhbət uzandı, nənəm çoxdanışan idi, nəhayət mənə dedi: «Nastenka, get mənim yataq otağımdan sayğacı gətir». Mən tez ayağa qalxdım, özüm də səbəbini bilmədən qızardım və sancaqlanmış halda əyləşdiyimi, ayağa durmamışdan əvvəl, kirayənişin görməsin deyə, sancağı yavaşca açmağı unutmuşdum, – qəflətən elə dartındım ki, nənəmin yumşaq kürsüsü də ardımca süründü. Mən kirayənişinin bu hadisəni görməsindən pərt olub lap qızardım, yerimdə donub qaldım, birdən ağlamağa başladım, o dəqiqədə özümü elə yazıq, elə köməksiz hiss elədim ki, dünya gözlərimdə qaraldı. Nənəm çığırdı: «Niyə dayanmısan?» Mən daha da bərkdən ağlamağa başladım… Kirayənişin məni belə görəndə dərhal xudahafizləşib getdi.
O vaxtdan dəhlizdə bir ayaq tappıltısı eşidən kimi özümü lap itirirdim. Elə bilirdim ki, gələn kirayənişindir, ehmalca sancağı açırdım. Lakin o görünmürdü, daha gəlmirdi. İki həftə keçdi; bir gün kirayənişin Fyokla ilə xəbər göndərdi ki, onun fransız dilində çoxlu kitabı var, hamısı da yaxşı kitabdır, oxumaq olar, nənəm darıxmasın deyə, mən bu kitabları ona oxuya bilərəm. Nənəm öz təşəkkürünü bildirib razı oldu, amma onu da soruşdu ki, kitablar əxlaqidir, ya yox? Əgər qeyri-əxlaqidirsə, Nastenka, sənə oxumaq yaramaz, pis şeylər öyrənərsən.
– Axı, nə öyrənərəm, ay nənə? O kitablarda nə yazılıb ki?
– Hə, o kitablarda gənc oğlanların tərbiyəli qızları necə yoldan çıxardıqları təsvir olunur. Onlar bu qızlara evlənəcəklərini yalandan deyib, yazıqları özlərilə aparırlar, sonra bu bədbəxtləri taleyin ümidinə tapşırıb qaçırlar, yazıq qızlar da beləcə, yaman bir halda məhv olub gedirlər. Mən belə kitabları çox oxumuşam, hamısı da elə gözəl yazılıb ki, gecə yuxusuz qalıb, səhərə qədər oxuyursan, əl çəkə bilmirsən. Sən belə kitabları, Nastenka, məbadə oxuyasan. Yaxşı, onun göndərdiyi kitablar necə kitabdır?
– Nənə, hamısı Valter Skottun romanlarıdır.
– Valter Skottun romanları! Burada bir kələk olmasın? Bax, gör, onların arasında sənə elani-eşq məktubu yoxdur ki?
– Yox, ay nənə, heç bir məktub yoxdur!
– Eh, sən kitabın cildinə bax, bu quldurlar bəzən belə məktubları cildin altında gizlədirlər.
– Yox, nənəcan, cildin altında da heç bir şey yoxdur.
– Hə, bu ayrı məsələ!
Bəli, biz o gündən Valter Skottun romanlarını oxumağa başladıq və bir ayın içində bu romanların demək olar ki, yarısını oxuyub qurtardıq. O isə elə hey kitab göndərirdi. Bunların arasında Puşkinin də kitabı vardı. Axırda elə oldu ki, mən daha kitabsız keçinə bilmirdim, bir az sonra Çin şahzadəsinə ərə getmək fikrini də tamam yadımdan çıxardım.
Belə bir vaxtda, nənəm məni bir dəfə hara isə qulluğa göndərəndə, pilləkənin üstündə kirayənişinlə üz-üzə gəldim. O dərhal dayandı, mən qızardım, o da qızardı; lakin bir az keçməmiş güldü, mənimlə salamlaşdı, nənəmin halını xəbər aldı. Sonra soruşdu: «hə, kitabları oxudunuz?» Mən cavab verdim: «Oxudum». O yenə də soruşdu: «Ən çox hansı kitab xoşunuza gəldi?» Mən də dedim: «İvanqoye»1, (V. Skottun “Ayvenqo” romanı) bir də Puşkin hamısından çox xoşuma gəldi». Söhbətimiz bununla da qurtardı.
Bir həftə sonra biz yenə pilləkəndə bir-birimizə rast gəldik. Bu dəfə nənəmin tapşırığı ilə yox, özüm nə üçün isə bayıra çıxmışdım. Gündüz saat üç idi, kirayənişin həmişə bu vaxtlar evə qayıdırdı. «Salam!» – deyə mənimlə salamlaşdı. Mən də ona cavab verdim: «Salam!» O mənimlə söhbət etməyə başladı.
– Bütün günü nənənizlə bir yerdə oturmaqdan darıxmırsınızmı?
Elə ki, o məndən bunu soruşdu, bilmirəm nə üçün, amma bərk qızardım, utandım, incidim, yəqin ki, yad bir adamın mənimlə bu barədə söhbət etməsi məni karıxdırmışdı. Hətta cavab vermədən dönüb getmək istədim, ancaq yerimdən tərpənməyə qüvvəm qalmamışdı. O isə danışırdı:
– Bura baxın, siz xeyirxah qızsınız! Sizinlə belə danışdığıma görə məni bağışlayın, lakin inandırıram ki, mən sizə nənənizdən artıq yaxşılıq eləmək istəyirəm. Məgər sizin elə bir rəfiqəniz yoxdur ki, onun yanına qonaq gedəsiniz?
Cavab verdim ki, yoxdur. Bircə Maşenka idi, o da Pskova gedib.
– Mənimlə teatra getmək istəyirsinizmi? – deyə soruşdu.
– Teatra? Bəs nənəm necə olsun?
– Siz yavaşca nənənizin yanından…
– Yox, mən nənəmi aldatmaq istəmirəm. Sağ olun!
Yaxşı, sağ olun! – Kirayənişin bunu deyib, dinməzcə uzaqlaşdı.
Ancaq nahardan sonra, bizə gəldi; əyləşib nənəmlə xeyli ot elədi: «Nə üçün çıxıb gəzmirsiniz? Qohumlarınızdan, tanışlarınızdan bir kəsiniz yoxdurmu?» – deyə soruşdu və bir birdən dedi: «Mən bu gün operaya loja bileti almışam. Sevilya bərbəri»ni göstərəcəklər; tanışlarım var, onlar getmək istəyirdilər, sonra necə oldusa fikirlərini dəyişdilər, aldığım biletlər də məndə qaldı!»
– «Sevilya bərbəri»? – deyə nənəm sevinclə çığırdı. – Bu, keçmişdə göstərilən həmin «Bərbər»dir?
– Bəli, özüdür ki, var. – Kirayənişin bu sözləri deyib mənə baxdı. Mən artıq məsələni başa düşmüş, qıpqırmızı qızarmışdım, ürəyim səbirsizliklə çırpınırdı.
– Yadımdadır, – deyə nənəm dilləndi, – lap yaxşı yadımdadır. Keçmişdə evimizdə tamaşalar verərdik, mən özüm «Bərbər»də Rozinanı oynamışam! Kirayənişin dedi:
– Onda bu axşam tamaşaya getmək istəyirsinizmi? Yoxsa biletlərim batar.
– Hə, yaxşı olar, gedək, – deyə nənəm cavab verdi, – niyə getməyək? Nastenka üçün lap maraqlı olar. O, heç teatr görməyib.
Ya rəbbim! Mənim neçə sevindiyimi təsəvvürünüzə gətirin!
O saat yığışdıq, geyindik və teatra getdik. Nənəm kor da olsa, musiqini eşitmək istəyirdi, bir də, o, əslində mehriban arvaddır; özündən artıq məni düşünürdü, belə fürsəti əldən vermək olmazdı, özümüzə qalsa idi, heç bir zaman teatra gedə bilməyəcəkdik. «Sevilya bərbəri»ndən aldığım təəssüratı sizə danışmayacağam, ancaq tamaşa qurtarana qədər kirayənişinimiz gözlərini məndən çəkmədi; o mənə elə şəfqətlə baxır, mənimlə elə yaxşı danışırdı ki, birdən səhər onun mənə elədiyi təklif yadıma düşdü, bildim ki, mənim onunla təklikdə gəzməyə çıxmağımı nə üçün xahiş edirmiş. Nə isə, sevincimin hədd-hüdudu yox idi. Elə məğrur, elə şən idim, ürəyim elə döyünürdü ki, evə qayıdıb yatağıma uzananda vücudumda zəif bir üşütmə hiss elədim, bütün gecə «Sevilya bərbəri» fikrimdən çıxmadı.
Mən düşünürdüm ki, bu hadisədən sonra bizə tez-tez gələcək . Lakin belə olmadı. O bizə demək olar ki, heç gəlmirdi. Biz onun üzünü ayda bir dəfə görürdük. Bizi yalnız teatra aparmaq istədiyi zaman yanımıza gəlirdi. Biz sonra iki dəfə də teatra getdik. Amma mən belə görüşlərdən çox narazı idim. Görürdüm ki, o bunu ancaq mənə yazığı gəldiyindən edir, çünki mən nənəmin yanında əsir idim. Bəli, ancaq yazığı gəldiyindən, vəssalam! Elə darıxmağa başladım ki, nə bir yerdə əyləşə bilirdim, nə kitab oxuyurdum, nə də əlim işə yatırdı; bəzən gülürdüm və heç bir şeydən nənəmi əsəbiləşdirirdim, bəzən səbəbsiz yerə ağlayırdım. Nəhayət, mən elə arıqladım ki, xəstəhal oldum. Opera mövsümü keçdi, kirayənişinin ayağı bizim evdən tamam kəsildi. Görüşdüyümuz vaxtlarda isə, – məlum şeydir ki, yenə də pilləkən üstündə görüşürdük, – o, sakitcə mənə baş əyib keçirdi, özü də bunu elə ciddi eləyirdi ki, guya mənimlə heç danışmaq da istəmirdi, heç bir şey olmamış kimi, pilləkəndən düşüb gedirdi. Mən isə pilləkənin ortasında quruyub qalırdım, üzüm od tutub yanırdı, çünki hər dəfə onunla qarşılaşanda elə bil bütün bədənimin qanı başıma vururdu.
Hələ bu harasıdır? Dalına qulaq asın. Düz bir il bundan əvvəl, may ayında kirayənişin bizə gəldi və nənəmə dedi ki, burada işlərini görüb qurtardığından bir il müddətinə Moskvaya gedir. Mən bunu eşitcək kətan kimi ağardım, dizlərimin taqəti getdi, özümü saxlaya bilməyib, ölü kimi kürsünün üstünə yıxıldım. Nənəm heç nə hiss eləmədi. Kirayənişin isə tezliklə yola düşəcəyini bildirib, nəzakətlə baş əydi və getdi.
Mən nə edəydim? Fikirləşdim, fikirləşdim, əzab çəkdim, nəhayət, qəti qərara gəldim. O, sabah yola düşəcəkdi. Mən isə axşam nənəmi yuxuya verəndən sonra düşündüyüm kimi də eləyəcəkdim. Belə də oldu. Mən lazım olan paltarlarımı, camaşırımı bir yerə yığıb bağladım, qoltuğumda bağlama kirayənişinin otağına getdim. Halım özümdə deyildi. Mənə indi elə gəlir ki, pilləkəni bir saata ancaq qalxa bildim. Kirayənişinin otağının qapısını açdığım zaman o məni görüb heyrətdən çığırdı. Əvvəlcə elə bildi ki, onu qara basır, sonra mənim ayaq üstə güclə dayandığımı görüb, irəli atıldı və su verdi. Ürəyim elə döyünürdü ki, başım ağrıyırdı, heç bir şey fikirləşə bilmirdim. Nəhayət, huşumu itirdim. Ayılanda isə heç bir söz demədən bağlamanı onun yatağının üstünə qoydum, özüm də oradaca oturdum, sonra üzümü əllərimlə örtdüm və hönkürtü ilə ağlamağa başladım. O, gərək ki, hər şeyi başa düşmüşdü, üzü ağarmışdı, qarşımda hərəkətsiz durub mənə elə qüssəli baxırdı ki, ürəyim parçalanırdı.
– Qulaq asın, – deyə o, nəhayət, sözə başladı, – qulaq asın. Nastenka! Mən indi sizin üçün heç bir şey eləyə bilmərəm„ mən yoxsul bir adamam; hələlik heç bir şeyim, hətta yaşamaqdan ötrü layiqli bir yerim belə yoxdur. Axı, mən sizə bu halda evlənsəm, həyatımız necə olar? .
Biz çox danışdıq, axırda mən qəzəblənib dedim ki, artıq nənəmin yanında yaşaya bilməyəcəyəm, qaçacağam, nənəmin paltarına sancaqlanmış halda yaşamaq məni təngə gətirib; sonra dedim ki, mən də onunla Moskvaya getməyi qət eləmişəm, çünki onsuz yaşaya bilməyəcəyəm. Bu dəqiqələrdə mənim səsimdə həm həya, həm sevgi, həm də qürur vardı, – hamısı birdən dilə gəlmişdi, özümü saxlaya bilməyib tir-tir əsirdim. Yatağa yıxıldım. Onun məni rədd edəcəyindən elə qorxurdum ki!
O, bir neçə dəqiqə hərəkətsiz oturdu, sonra ayağa durub mənə yaxınlaşdı və əlimdən tutdu.
– Qulaq asın, mənim mehriban, əziz Nastenkam, – deyə gözləri yaşlı sözə başladı, – qulaq asın! Sizə and içirəm ki, əgər bir vaxt evlənməli olsam, mənim gələcək xoşbəxtliyim ancaq siz olacaqsınız; inanın ki, bundan sonrakı xoşbəxtliyim yalnız sizin əlinizdədir. Yaxşı qulaq asın. Mən indi Moskvaya gedirəm və düz bir il orada qalacağam. Əminəm ki, öz işlərimi sahmana salacağam. Geri döndüyüm zaman isə, əgər siz öz sevginizə sadiq qalsanız, and içirəm ki, biz xoşbəxt olacağıq. İndi mümkün deyil, heç bir şey eləyə bilmərəm, elə vəziyyətdəyəm ki, sizə qəti söz vermək imkanından da məhrumam. Lakin yenə də təkrar eləyirəm: əgər bir ildən sonra da bu iş düzəlməsə, hər halda, ya gec, ya da tez siz mənim olacaqsınız. Əlbəttə, bir şərtlə ki, siz başqa birisini məndən üstün tutmayasınız, ona ərə getməyəsiniz; mən quru, boş sözlə sizin sərbəstliyinizi əlinizdən alıb, əl-ayağınızı bağlamaq istəmirəm və buna haqqım da yoxdur:
Bəli, bu sözləri mənə deyəndən sonra, ertəsi günü yola düşdü. Belə şərtləşmişdik ki, nənəmə bu barədə bir söz deməyək. O özü bunu məndən xahiş elədi. Budur, demək olar ki, mənim sərgüzəştim qurtardı. O vaxtdan düz bir il keçib. O, Moskvadan qayıdıb. Üç gündür ki, buradadır və… və…
Mən əhvalatın sonunu eşitmək üçün səbirsizliklə soruşdum:
hə, sonra?
– Bu vaxta qədər yanıma gəlməyib! – deyə Nastenka güclə danışırdi. – Heç bir xəbər-ətər yoxdur.
Söhbət bura çatanda o susdu, bir az danışmadı, başını aşağı saldı və birdən əllərilə üzünü örtüb elə hönkürdü ki, parçalandı.
Mən onun başına gələn hadisələrin belə nəticə ilə bitəcəyini gözləmirdim.
Cürətsiz və titrək səslə sözə başladım:
– Nastenka! Nastenka! Allah eşqinə, ağlamayın! Axı, siz onun qayıtdığını haradan bilirsiniz? Bəlkə hələ heç gəlməyib…
– Yox, o buradadır, buradadır! – deyə Nastenka sözümü kəsdi. – O buradadır, mən bilirəm. Biz elə o vaxt, onun getdiyi gündən bir gün əvvəl, həmin axşam aramızda şərt qoymuşduq: indicə sizə söylədiyim kimi, hər şeyi bir-birimizə danışandan sonra şərtləşmişdik ki, bura, bax, elə bu Sahil küçəsinə gəzməyə çıxaq. Saat on idi; biz həmin bu skamyanın üstündə əyləşmişdik, mən daha ağlamırdım, onun söhbətini böyük bir ləzzətlə dinləyirdim… Dedi ki, Moskvadan qayıdan kimi bizə gələcək və əgər mən onu rədd eləməsəm, hər şeyi nənəmə danışacaq. İndi o qayıdıb, mən bunu bilirəm, lakin yanıma gəlmir ki, gəlmir!
Nastenka təzədən ağlamağa başladı.
– İlahi! Doğrudanmı bu dərdə çarə tapmaq çətindir?! – deyə ucadan səsləndim və məyus bir halda ayağa qalxdım. – Nastenka, mən onun yanına getsəm, necə olar?..
Nastenka birdən başını qaldırdı:
– Bu mümkündürmü?
– Yox, əlbəttə, mümkün deyil, – deyə mən özümü ələ aldım. – Yaxşı, gəlsənə ona məktub yazasınız, hə?
– Yox! Bu, heç mümkün deyil, olmaz! – Bu sözləri qətiyyətlə deyib, mənə baxmadan yenə başını aşağı dikdi.
Mən bu fikirdən əl çəkmək istəmədim:
– Necə yəni olmaz? Nə üçün olmasın? Ancaq Nastenka, bilirsinizmi necə məktub? Tamamilə başqa bir məktub və… Ah, Nastenka, elə-belədir ki, var! İnanın mənə, inanın! Mən sizə pis məsləhət vermərəm. Bu işi düzəltmək olar. Siz özünüz ilk addımı atmısınız, indi də nə olar ki, yenə…
– Olmaz, olmaz!.. Elə çıxar ki, guya özümü zorla ona sevdirmək istəyirəm…
– Ah, mənim xeyirxah Nastenkam! – deyə mən onun sözünü kəsdim və gülümsündüm. – Nahaq yerə təşvişə düşürsünüz, lap nahaq yerə. Haqlısınız, çünki o sizə söz verib. Söhbətinizdən mənə aydın oldu ki, o tərbiyəli adamdır, çox düzgün hərəkət eləyib. – Mən öz məntiqi fikirlərimdən və inandırıcı sübutlarımdan get-gedə daha artıq vəcdə gəlirdim – Yəni necə hərəkət eləyib? O sizə söz verib, deyib ki, əgər evlənməli olsa, sizdən başqa heç kəsi almayacaq, sizə isə tam sərbəstlik verib, yəni istəsəniz lap indicə onu rədd eləyə bilərsiniz… Madam ki, belədir, siz yenə cəsarətlə ilk addımı ata bilərsiniz, sizin buna haqqınız var, sizin ixtiyarınız onunkundan artıqdır; məsələn, sizdə elə ixtiyar var ki, bu saat onu öz sözündən imtina etməyə məcbur eləyə bilərsiniz…
– Bura baxın, siz mənim yerimə olsaydınız, necə yazardınız?
– Nəyi?
Dediyiniz məktubu.
– Bax, mən belə yazardım: «Mərhəmətli cənab…»
– Yəni mütləq belə yazılmalıdır: «Mərhəmətli cənab»?
– Mütləq! Nə üçün də yazılmasın? Mən belə düşünürəm ki…
– Hə, hə! Sonra?
– «Mərhəmətli cənab! Bağışlayın ki, mən…» Yox, heç bir üzr-filan lazım deyil. Məsələnin özü hər şeyə bəraət qazandırır, sadəcə belə yazmaq olar: «Bu məktubu mən yazıram. Səbirsizlik etdiyimə görə məni bağışlayın, lakin mən bir il idi ki, xoşbəxt bir ümidlə yaşayırdım; məgər indi bir günlük şübhəyə dözə bilmədiyim üçün günahkarammı? Siz qayıtmısınız, bəlkə də öz fikrinizi dəyişmisiniz? O zaman bu məktubdan duyarsınız ki, mən şikayət eləmirəm və sizi də müqəssir bilmirəm. Bəli, qəlbinizə hakim olmadığım üçün sizi təqsirləndirə bilməyəcəyəm! Nə eləyim? Mənim taleyim belədir. Siz xeyirxah adamsınız. Əminəm ki, mənim bu tələsik yazılmış sətirlərimə gülməyəcək və peşmançılıq hiss etməyəcəksiniz. Yadınıza salın ki, bunları zavallı bir qız yazır, o təkdir, öyrənmək və məsləhət almaq üçün onun heç bir kəsi yoxdur, o, heç bir zaman öz qəlbinin hakimi olmayıb. Lakin bir anlıq da olsa, sizdən şübhələndiyim üçün məni bağışlayın. Siz, xəyalən belə, sizi sevən və sevməkdə davam edən qızı incitmək istəməzsiniz».
– Hə, hə! Bax, mən də elə-belə fikirləşirdim! – deyə Nastenka qışqırdı və onun gözləri sevinclə parladı. – Ah, siz məni şübhələrdən qurtardınız, allah özü sizi mənim köməyimə göndərib! Təşəkkür eləyirəm, təşəkkür eləyirəm!
– Axı, nəyə görə? Ona görə ki, məni allah göndərib? – Mən fərəhlə onun gülər üzünə baxdım.
– Tutaq ki, lap buna görə…
– Eh, Nastenka! Biz bəzən başqa adamlara ona görə təşəkkür eləyirik ki, onlar bizimlə yanaşı yaşayırlar. Mən ona görə təşəkkür eləyirəm ki, mənə rast gəlmisiniz; bütün həyatım boyu sizi unutmayacağam!
Yaxşı, bəsdir, bəsdir! Hə, indi isə məsələ belədir, qulaq asın: şərtimiz belə idi ki, o, səfərdən qayıdan kimi gəldiyini bildirmək üçün mənim adıma bir məktub yazıb, tanışlarımdan birinin evində qoyacaq; mənim bu tanışlarım çox mehriban və sadə adamlardır, bu məsələ haqqında da bir şey bilmirlər; əgər mənə məktub yazmağa imkan tapmasa, – axı, məktubda hər vaxt, hər şeyi yazmaq çətindir, – o zaman səfərdən qayıtdığı günün axşamı saat onda bura, görüş üçün seçdiyimiz bu yerə gələcək. Onun gəldiyini mən artıq bilirəm, lakin budur, üç gündür ki, nə özü var, nə də məktubu. Səhər tezdən nənəmdən uzaqlaşmaq mümkün deyil. Bu məktubu sabah dediyim xeyirxah adamlara verərsiniz, onlar da ona göndərərlər: əgər cavab olsa, siz onu axşam saat onda mənə yetirərsiniz.
– Yaxşı, bəs məktub? Axı, əvvəlcə ona məktub yazmaq lazımdır. Yoxsa heç iki günə də cavab gəlməz!
– Məktub… – deyə Nastenka bir qədər tutularaq cavab verdi. – Məktub… ancaq…
O, sözünü qurtarmadı, üzünü yana çevirdi, qızılgül kimi qızardı və mən birdən ovcumda kağız hiss elədim, məktub idi, çoxdan yazılmış, zərfə qoyulmuş, ağzı bağlanmışdı. Xəyalımdan nə isə yaxın, əziz və gözəl bir xatirə gəlib keçdi.
– Rosina! – deyə hər ikimiz birdən oxuduq, mən sevincimdən az qala onu qucaqlayacaqdım, o yenə qızardı və qara kirpiklərində mirvari dənələri kimi parlayan göz yaşları arasından yavaşca güldü.
– Hə, yaxşı, yetər! İndi isə əlvida! – deyə o, tez-tez danışmağa başladı. – Bax, bu məktub, bu da məktubu verəcəyiniz yerin ünvanı. Əlvida! Sağ olun! Sabaha qədər!
O, əllərimi möhkəm sıxdı, başını yellədi və bir göz qırpımında döngənin arxasında yox oldu.
Mən xəyalımda bir neçə dəfə təkrar elədim: «Sabaha qədər! Sabaha qədər!».
ÜÇÜNCÜ GECƏ
Bu gün hava çox kədərli, yağmurlu və mənim qocalıq günlərim kimi günəşsiz idi. Qəribə fikirlər, dumanlı duyğular, qarışıq suallar qəlbimi elə sıxırdı ki, onları həll eləməyə məndə nə qüvvə, nə də həvəs vardı. Yox, mən onları həll etməkdə aciz idim.
Bu gün biz görüşməyəcəkdik. Dünən ayrılarkən göy üzünü bulud bürümüş və duman qalxmışdı. Mən demişdim ki, sabah pis hava olacaq, o cavab verməmişdi, özü öz ümidini puça çıxarmaq istəməmişdi, onun nəzərində, nə olursa-olsun, bu gün hava işıqlı və aydındı, heç bir bulud onun xoşbəxtliyini örtə bilməyəcəkdi.
– Əgər yağış yağsa, biz görüşməyəcəyik! – deyib üzümə baxmışdı. – Mən gəlməyəcəyəm.
Bununla belə, mən onun bugünkü yağışa etina etməyəcəyini düşünmüşdüm. Lakin o gəlmədi.
Dünən bizim üçüncü görüşümüz idi, üçüncü bəyaz gecəmiz…
Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur! Dünən onun sözlərində elə bir fərəh duyulurdu ki, mənimlə elə mehriban danışırdı ki… Məni əyləndirmək üçün elə hey gülür, nəvazişlə ruhumu oxşayır, mənə təskinlik verir, məni sevindirməyə çalışırdı. Ah, xoşbəxtliyin nə şirin naz-qəmzəsi olurmuş! Mən isə… Mən isə o dəqiqələrdə bunu düşünməmişdim, onun bu halına başqa məna vermişdim! Elə fikirləşmişdim ki…
Lakin ya rəbbim, bu fikir mənim ağlıma haradan gəlmişdi? Hər şeyin başqasına aid olduğu bir zamanda mənim korluğuma səbəb nə idi? Hətta onun mənə bu mehribanlığı, qayğısı, məhəbbəti, bəli, mənə bu məhəbbəti, bunların hamısı başqası ilə tez görüşmək sevincindən və həmin sevinclə mənim də könlümü açmaq arzusundan ibarət deyildimi? Kirayənişin gəlmədiyi və biz nahaq yerə onu gözlədiyimiz zaman məgər kədərlənən, özünü itirən və nədənsə qorxan Nastenka deyildimi? Bu vaxt onun hərəkətləri, sözləri öz əvvəlki təravətini, sərbəstliyini, şənliyini itirməyə başlamadımı? Qəribə burasıdır ki, bu anlarda onun mənə diqqəti daha da artmışdı. Elə bil Nastenka, arzusuna çata bilməyəcəyi təqdirdə ona üz verəcək fəlakətə indidən məni də hazırlamaq, sövqi-təbii ilə bu fəlakəti aramızda bölüşmək istəyirdi! Mənim Nastenkam elə ürkək və qorxaq bir hala düşdü ki, deyəsən, nəhayət, mənim də əzab çəkdiyimi, onu sevdiyimi duydu, qəlbimdə gizlətdiyim bu zavallı eşqə acıdı. Bəli, biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir…
Mən onun yanına gələndə ürəyim dolu idi, görüş saatını gözləməyə səbrim çatmırdı. Mən bu görüşümüzün necə olacağı, mənə necə təsir edəcəyi haqda qabaqcadan düşünməmişdim və hadisənin tamam başqa şəkildə qurtara biləcəyini heç ağlıma gətirməmişdim. O, böyük bir şadlıq içində idi, cavab gözləyirdi. Bu cavab isə onun sevgilisində idi. O gəlməli idi, Nastenkanın çağırışını eşidib, mütləq gəlməli idi. Nastenka görüş yerinə məndən bir saat əvvəl gəlmişdi. Qabaqca o, hər şeyə gülürdü, ağzımdan çıxan hər söz onu güldürürdü. Mən danışmaq istəyirdim, ancaq bacarmırdım. Nastenka dedi:
– Bilirsinizmi, mən nə üçün belə şadam? Nə üçün sizi görərkən belə sevinirəm? Nəhayət, nə üçün mən sizi bu gün belə sevirəm?
– Nə üçün? – deyə soruşdum və ürəyim əsdi.
– Mən sizi ona görə sevirəm ki, siz məni sevmədiniz, mənə aşiq olmadınız. Başqası sizin yerinizdə yəqin ki, mənə rahatlıq verməzdi, məni təngə gətirərdi, ah-uf eləyərdi, xəstələnərdi… Siz isə elə mehribansınız ki…
Bu sözləri deyib, əlimi elə sıxdı ki, ağrıdı az qala qışqıracaqdım. O güldü.
– İlahi! Hansı dost sizin kimi ola bilər! – dedi və bir az sonra çox ciddiyyətlə sözə başladı: – Bəli, sizi mənə allah göndərib. İndi yanımda olmasaydınız, nə eləyərdim? Siz nə qədər təmənnasız adamsınız! Necə də məni ürəkdən sevirsiniz! Mən ərə gedəndən sonra bizim dostluğumuz daha da möhkəmlənəcək, bacı-qardaşdan artıq olacağıq. Mən sizi demək olar ki, lap onun kimi sevəcəyəm…
Bu anda nə üçünsə yaman kədərləndim, lakin bununla belə ürəyimdə sevincə oxşar bir hiss də oyandı.
– Siz xəstəsiniz, – deyə mən diqqətlə ona baxdım, – siz qorxursunuz, fikirləşirsiniz ki, o gəlməyəcək.
Nastenka:
– Siz allah, bəsdir! – dedi. – Əgər mən çox xoşbəxt olmasaydım, sizin bu etimadsızlığınızdan və tənəli sözlərinizdən bəlkə də ağlardım. Sizin gümanınız, deyəsən, düzdür, məni də şübhəyə saldınız, lakin bu barədə sonra fikirləşərəm. Bəli, etiraf eləyim ki, siz həqiqəti söyləyirsiniz… Bəli! Mən özümü çox yaxşı hiss eləmirəm; bütün varlığım səbirsizlik içində çırpınır və hər deyilənə nədənsə tez inanıram. Eh, hissiyyata qapılmaq haqqında çox danışmışıq, yetər!
Bu zaman ayaq səsi eşidildi və qaranlıq içərisindən çıxan bir nəfər bizə tərəf gəlməyə başladı. İkimiz də titrədik. Nastenka az qala çığıracaqdı. Mən onun əlini buraxıb getməyə hazırlaşdım. Lakin biz aldanmışdıq. Gələn o deyildi.
– Nədən qorxursunuz? Nə üçün əlimi buraxdınız? – deyə o yenə əlini mənə verdi. – Tutaq ki, lap elə o özüdür, nə olsun?
Biz onu birlikdə qarşılarıq… Mən istəyirəm ki, o bizim bir-birimizi necə sevdiyimizi görsün.
Özümü saxlaya bilməyib, onun sözlərini ucadan təkrar etdim:
– Bizim bir-birimizi necə sevdiyimizi?!
Ah, Nastenka, Nastenka! – deyə sonra fikirləşdim. – Sən bu sözlərinlə mənə necə təsir etdiyini bilsəydin! Belə sevgidən bəzi vaxt ürək buz kimi soyuyur və dözülməz bir ağırlıq altında əzilir. Sənin əlin soyuqdur. Mənim əlim isə isti, od kimidir. Nə üçün sən bunu hiss eləmirsən, Nastenka? Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birisinə necə də ağır təsir eləyirmiş! Amma mən sənin haqqında bunu deyə bilmərəm, Nastenka!..»
Ürəyim elə dolmuşdu ki, nəhayət, dözə bilmədim:
– Bura baxın, Nastenka! – deyə çığırdım. – Mənim bütün günü nə halda olduğumu bilirsinizmi?
– Yox, necə? Tez danışın! Nə üçün bu vaxtadək susurdunuz?
– Əvvəla, Nastenka, mən sizin tapşırığınızı yerinə yetirəndən, yəni xeyirxah tanışlarınızgilə gedib, məktubu verəndən sonra… Sonra evə qayıdıb yatdım.
– Elə bu? – Nastenka sözümü kəsib güldü.
– Bəli, demək olar ki, elə bu qədər! – deyə canımı dişimə tutub, cavab verdim, çünki yenə gözlərimi mənasız yaş örtməyə başlamışdı. – Görüşümüzə bir saat qalmış yuxudan oyandım, mənə elə gəldi ki, heç yatmamışam. Mənə nə olduğunu heç özüm də bilmirdim. Bu əhvalatı sizə söyləməyi qət elədim; elə bil zaman öz hərəkətini məndən ötrü dayandırmışdı, sanki bu andan etibarən məndə ancaq vahid bir təəssürat, vahid bir duyğu əbədi olaraq qalmalı idi, elə bil bu təəssürat və duyğunun məndə oyandığı dəqiqə əbədiyyətə çevrilməli idi və nəhayət, sanki həyat mənim üçün inkişafdan qalmış, bir yerdə donmuşdu… Yuxudan oyananda mənə elə gəldi ki, çoxdan tanış olduğum, harada isə dinlədiyim, lakin unutduğum gözəl bir musiqini yenidən xəyalımda eşidirəm. Mənə elə gəldi ki, bu musiqi bütün ömrüm boyu ürəyimdə əsir olub qalmış, azadlığa çıxmağa yol axtarmış və yalnız indi…
– Ah, pərvərdigara! – deyə Nastenka sözümü kəsdi. – Bütün bunlar nə deməkdir? Mən bircə söz də başa düşmürəm.
Mən şikayətlə və ürəyimdə gizlənən şübhəli bir ümidlə cavab verdim:
– Əziz Nastenka! Mənə üz verən bu qəribə düşüncələri birtəhər sizə anlatmaq istəyirdim…
Nastenka birdən yenə sözümü kəsdi:
– Bəsdir, daha danışmayın, bəsdir! – Şeytan qız bir anda məsələni başa düşmüşdü.
Birdən o, tamam dəyişdi, həddən artıq çox danışmağa, zarafat eləməyə, mənə sataşmağa başladı. Nə isə düşünüb qolunu qoluma keçirdi; indi o gülür, məni də güldürməyə çalışır və utandığımdan münasibətsiz dediyim hər söz onu xeyli güldürürdü. Axırda mənim əsəbiləşdiyimi görüb, özünü naza qoydu.
– Qulağınız məndə olsun, – deyə sözə başladı, – sizin mənə aşiq olmamağınız məni bir az acıqlandırmışdı, gəl indi bundan sonra insanları tanı! Lakin hər halda, cənab xəyalpərəst, məni sadə bir qız olduğuma görə tərifləməyə bilməzsiniz. Mən hər şeyi, hər şeyi, beynimdə oyanan ən axmaq fikirləri belə sizə açıq danışıram!..
Uzaqdan şəhər qülləsinin ahəngdar zəng səsləri eşidildi. Mən dedim:
– Eşidirsiniz? Gərək ki, saat on biri vurur.
O, birdən dayandı, gülüşünü kəsdi və saymağa başladı.
– Hə, saat on birdir, – deyə qorxa-qorxa, qətiyyətsiz bir səslə cavab verdi.
Mən onu saat zənglərini saymağa məcbur eləyib qorxutduğum üçün peşman oldum və mənasız yerə hirsləndiyimə görə özümü lənətlədim. Onun əvəzinə kədərləndim və bilmədim ki, bu səhvi necə düzəldim. Ona təsəlli verməyə, sevgilisinin görüşə nə üçün gəlmədiyinə səbəblər axtarmağa, müxtəlif sübutlar gətirməyə başladım. Mən bu dəqiqələrdə heç kəsi belə asanca aldada bilməzdim, ümumiyyətlə belə dəqiqələrdə hər kəs, ona təsəlli ola biləcək hər hansı sözü sevinclə eşitməyə hazırdır və ümidinə bəraət qazandıracaq ən xırda sübut belə ona böyük təsir göstərir.
– Belə hadisəyə ancaq gülmək olar, – deyə mən, öz sübutlarımın aydınlığından getdikcə coşaraq və həvəslənərək danışırdım, – axı, o, belə tezlikdə gələ bilməzdi; siz məni elə çaşdırdınız ki, vaxtın hesabını da itirmişəm… Özünüz fikirləşin, məktub ancaq bu gün ona çatar; tutaq ki, vacib bir işi var, gələ bilməyəcək, əvəzində cavab yazacaq, deməli, biz onun məktubunu sabahdan tez almarıq. Mən də sabah səhər tezdən gedib cavabı öyrənərəm və dərhal sizə yetirərəm. Bundan başqa min cür iş ola bilər. Təsəvvürünüzə gətirin ki, məktub gələn zaman o evdə yox imiş. Bəlkə indiyədək məktubu oxuya bilməyib. Hər şey ola bilər.
– Hə, hə! – deyə Nastenka dilləndi. – Mən heç bunu fikirləşməmişəm, əlbəttə, hər şey ola bilər. – O, nədənsə çox tez-tez danışır və səsində nə isə, başqa kədərli bir şey hiss olunurdu. Azacıq susub sözünə davam elədi: – Yaxşı, dediyiniz kimi də eləyin, səhər tezdən gedərsiniz və əgər bir cavab alsanız, o saat mənə bildirərsiniz. Siz ki, mənim harada yaşadığımı bilirsiniz.
Nastenka öz ünvanını təkrar mənə verdi. Sonra onun mənimlə rəftarı elə zərif, elə cürətsiz oldu ki… İlk baxışda sanki mənim sözlərimə diqqətlə qulaq asırdı, lakin sözarası mən ondan bir şey soruşanda, cavab vermir, özünü itirir və üzünü yana çevirirdi. Nəhayət, mən onun gözlərinə baxdım, yanılmamışdım: o ağlayırdı.
– Yox, bu olmadı, bu olmadı! Siz lap körpə imişsiniz ki! Uşaqlıq eləməyin… Bəsdir!
O gülümsəmək, özünü sakitləşdirmək istədi, amma onun çənəsi hələ də əsir, sinəsi tez-tez enib-qalxırdı.
– Mən sizin haqqınızda düşünürəm, – deyə bir dəqiqəlik sükutdan sonra cavab verdi, – siz elə mehribansınız ki, bunu hiss etməmək üçün gərək mən daş olaydım… Bilirsinizmi indi mənim ağlıma nə fikir gəldi? Mən sizin ikinizi də bir-birinizlə müqayisə elədim. Nə üçün siz o deyilsiniz? Nə üçün o, sizin kimi deyil? Mən onu sizdən artıq sevsəm də, o, sizdən pisdir.
Mən cavab vermədim. Lakin o, deyəsən, mənim danışmağımı gözləyirdi.
– Əlbəttə, bəlkə mən onu hələ tamam başa düşməmişəm, yaxşı tanımıram. Bilirsinizmi, sanki mən ondan həmişə qorxmuşam; o, həmişə elə ciddi, elə məğrur idi ki… Mən başa düşürəm ki, o ancaq zahirən belə görünür, onun ürəyi mənimkindən də mehribandır… Mən onun yanına bağlama ilə gəldiyim zaman – xatırlayırsınızmı? – mənə necə baxdığı yaxşı yadımdadır; amma hər halda, mənim ona böyük, çox böyük hörmətim var, bəlkə ona görə ki, biz bir-birimizin tayı deyilik?.
– Yox, Nastenka, yox, – deyə cavab verdim, – bu o deməkdir ki, siz onu dünyada hamıdan artıq sevirsiniz, hətta özünüzdən də artıq.
Sadədil Nastenka bu sözlərin cavabında dedi:
– Yaxşı, tutaq ki, belədir. Mənim başıma yenə təzə bir fikir gəlib. Ancaq mən indi onun barəsində yox, elə-belə, ümumiyyətlə danışacağam; mən bunu çoxdan fikirləşmişəm. Qulaq asın, nə üçün biz hamımız bir-birimizlə, qardaş qardaşla dolanan kimi dolanmayaq? Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir, ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur…
Bu dəqiqədə mən də hər kəsdən artıq öz hisslərimi ürəyimdə gizlədiyim halda, Nastenkanın sözünü kəsdim:
– Ah, Nastenka, siz doğru deyirsiniz; bunun bir çox səbəbi var.
– Yox, yox! – deyə Nastenka həyəcanla cavab verdi. – Məsələn, siz başqaları kimi deyilsiniz. Mən, doğrusu, bilmirəm ki, öz fikirlərimi, duyğularımı sizə necə danışım; mənə elə gəlir ki, siz…bax, lap elə bu saat…mənə elə gəlir ki, siz məndən ötrü nəyi isə qurban verirsiniz. – Nastenka bu sözləri utana-utana deyib, gözaltı mənə baxdı. – Belə danışdığım üçün məni bağışlayın, axı, mən sadə bir qızam, dünyada çox az şey görmüşəm və bəzən heç danışmağı da bacarmıram. – O, hansı gizli duyğununsa təsirilə, səsi titrəyə-titrəyə bu sözləri dedi və gülümsəməyə çalışaraq davam elədi: – Lakin mən öz təşəkkürümü sizə bildirmək istəyirdim, bütün bunları mən də duyuram. Bu yaxşılığınız üçün allah sizi xoşbəxt eləsin! İndi hiss edirəm ki, öz xəyalpərəstiniz haqqında dediklərinizin heç birisi doğru deyilmiş, yəni demək istəyirəm ki, bunlar qətiyyən sizə aid ola bilməz. Siz getdikcə sağalırsınız, ilk görüşümüzdə özünüzü mənə tanıtdırdığınız kimi deyilsiniz, tamamilə başqa adamsınız. Əgər bir vaxt sevməli olsanız, allahdan sizə böyük bir xoşbəxtlik istəyirəm. Sevgiliniz üçün isə heç bir şey arzu eləmirəm; çünki onsuz da o, sizinlə xoşbəxt olacaq. Mən bunu bilirəm, mən özüm də qadınam və siz, mənim dediklərimə inanmalısınız.
O susdu və əlimi bərk sıxdı. Mən də həyəcandan bir söz deyə bilmədim. Bir neçə dəqiqə keçdi.
– Hə, görünür bu gün gəlməyəcək! – deyə Nastenka, nəhayət, başını qaldırdı. – Gecdir!…
Mən möhkəm və qəti bir səslə dedim:
– O, sabah gələcək! Nastenka sevinclə dilləndi:
– Bəli, onun sabah gələcəyini mən də yəqin eləmişəm. Hə, sağ olun, sabaha qədər! Əgər yağış yağsa, ola bilsin ki, mən gəlməyim. Amma o birigün gələcəyəm; necə olursa-olsun gələcəyəm, siz də mütləq burada olun, mən sizi görmək istəyirəm, hər şeyi sizə danışacağam.
Vidalaşdığımız zaman Nastenka əlini mənə verdi və aydın gözlərini üzümə zilləyib dedi:
– Biz indi həmişə bir yerdəyik, doğru demirəmmi?
Ah, Nastenka, Nastenka! İndi sən mənim necə yalqız olduğumu bilsəydin!
Saat doqquzu vuranda mən artıq otaqda əyləşə bilmədim, geyindim və havanın tutulduğuna baxmayaraq, evdən çıxdım. Həmin yerə gəldim, həmişə əyləşdiyimiz skamyada oturdum. Hətta Nastenkagilin yaşadığı döngəyə getmək fikrinə də düşdüm, lakin utandım və evlərinə iki addım qalmış, pəncərələrinə tərəf belə baxmadan, geri qayıtdım. Evə döndüyüm zaman elə kədərli idim ki, heç vaxt belə olmamışdım. Hər yer necə də nəmli, neçə də cansıxıcı idi! Əgər hava yaxşı olsaydı, bütün gecəni orada gəzişərdim…
Lakin hələ sabaha qədər, sabaha qədər gözləməliyəm! Sabah o, hər şeyi mənə danışacaq.
Kirayənişin oğlandan bu gün də məktub olmadı. Bəlkə artıq buna ehtiyac da yoxdu; elədir ki, var, indi onlar bir yerdədirlər.
DÖRDÜNCÜ GECƏ
İlahi! Bütün bu hadisələrin belə nəticə ilə bitəcəyini kim gözlərdi?! Mən saat doqquzda görüş yerinə gəldim. Nastenka artıq orada idi. Mən hələ uzaqdan onu gördüm; o, lap birinci görüşümüzdə olduğu kimi, sahil boyu uzanan sürahiyə söykənib durmuşdu, mənim ona yaxınlaşdığımı da hiss etmədi. Həyəcanımı güclə boğmağa çalışaraq çağırdım:
– Nastenka!
O cəld mənə tərəf döndü.
– Hə! – dedi. – Hə, tez olun! Mən heyrətlə ona baxırdım.
– Hə, məktub hanı? Məktubu gətirdinizmi? – deyə o, sürahidən bərk-bərk tutub təkrar etdi.
Mən nəhayət, cavab verdim:
– Yox, məndə məktub yoxdur, məgər o özü sizin yanınıza gəlməyib?
Nastenka ağappaq ağardı və bir xeyli hərəkətsiz durub, gözlərini üzümdən çəkmədi. Mən onun son ümidini də qırmışdım.
– Özü bilsin, öz allahı bilsin, – deyə o, nəhayət, titrək səslə dilləndi, – madam ki, o, məni belə tək qoyur, özü bilsin, öz allahı bilsin!
O, gözlərini yerə dikdi, sonra yenidən mənə baxmaq istədisə də, bacarmadı. Daha bir neçə dəqiqə həyəcanını boğa bildi, sonra birdən üzünü yana çevirdi, yenə sürahiyə söykəndi və ağlamağa başladı.
– Bəsdir, kifayətdir! – deyə ona təsəlli vermək istədim, amma bir şey çıxmadı; bir də, axı, indi mən ona nə deyə bilərdim?
Nastenka ağlaya-ağlaya sözə başladı:
– Mənə təsəlli verməyin, onun haqqında mənə heç bir söz deməyin, deməyin ki, o gələcək, deməyin ki, o məni guya belə amansızcasına atmayıb, mənimlə belə rəhmsiz rəftar eləməyib! Axı, nə üçün? Nəyə görə? Bəlkə mənim məktubumda, mənim başıbəlalı məktubumda onun qəlbini incidən bir söz yazılıbmış?..
Hıçqırtılar onun səsini kəsdi; ona baxdıqca ürəyim parçalanırdı.
– Ah, mərhəmətsiz, zalım insan! – deyə yenidən danışmağa başladı. – Bir sətir, bircə sətir belə cavab yazmır! Bəlkə mən ona lazım deyiləm, bəlkə məni daha sevmir? Heç olmasa, bu barədə yazaydı! Üç gündür ki, bir kəlmə də cavab göndərmir. Bütün günahı yalnız onu sevməkdən ibarət olan zavallı, köməksiz bir qızı təhqir eləmək onun üçün nə qədər də asan imiş. Ah, mənim bu üç gündə nələr çəkdiyimi bilsəydiniz! Pərvərdigara! İlk dəfə onun yanına getdiyimi, qarşısında alçaldığımı, ağladığımı, məni az da olsa sevməsi xatirinə ona yalvardığımı xatırlayanda… Belə bir hadisədən sonra…Bura baxın, – deyə Nastenka birdən yenə mənə sarı döndü, qara gözlərində sanki şimşək çaxdı, – yox, məsələ belə deyil! Belə ola bilməz; bu qeyri-təbiidir! Ya siz, ya da mən, ikimizdən birimiz aldanmışıq, bəlkə o, heç mənim məktubumu almayıb? Bəlkə o, indiyədək heç nə bilmir? Axı, necə ola bilər? Özünüz fikirləşin, allah eşqinə, mənə də izah eləyin, anlaya bilmirəm, necə ola bilər ki, o, mənimlə belə vəhşicəsinə, belə kobud rəftar eləsin? Bir kəlmə də yazmasın? Axı, bəzən ən pis adama da mərhəmətlə yanaşırlar. Bəlkə o, yaman bir xəbər eşidib, bəlkə məndən ona pis söz deyən olub? – Nastenka bir az susub soruşdu: – Necə bilirsiniz?
– Nastenka, mən sabah sizin adınızdan onun yanına gedərəm.
– Sonra?
– Mən ondan hər şeyi öyrənərəm, hər şeyi ona danışaram.
– Sonra, sonra?
– Siz bir məktub yazarsınız… Etiraz eləməyin, Nastenka, etiraz eləməyin. Mən onu sizə hörmətlə yanaşmağa məcbur eləyərəm; hər şeydən xəbərdar olar və əgər…
– Yox, dostum, yox, – deyə Nastenka sözümü kəsdi, – yetər! Artıq mən ona bir kəlmə, bircə kəlmə, bircə sətir də yazmayacağam, yetər! Mən onu tanımıram, mən onu artıq sevmirəm, onu yaddan… çı-xa-ra-ca-ğam…
O, sözünü qurtara bilmədi.
– Sakit olun, sakit olun! Əyləşin, Nastenka! – Mən onu skamyada əyləşdirdim.
– Mən sakitəm, lap sakitəm… Göz yaşlarıma baxmayın, quruyar! Elə bilirsiniz ki, özümü məhv edəcəyəm, çaya atıb boğacağam?
Ürəyim dolu idi, danışmaq istəyirdim, lakin bacarmırdım.
– Qulaq asın, – deyə əlimdən tutdu və sözünə davam etdi: – Siz yəqin ki, belə etməzdiniz. Özü sizin yanınıza gələn zavallı qızı atmazdınız, onun zəif iradəsinə, axmaq məhəbbətinə gülməzdiniz, deyilmi? Onu müdafiə edərdiniz! Düşünərdiniz ki, o təkdir, özünü qorumağı bacarmır, özünü məhəbbət bəlasından qurtara bilmir, nəhayət, onun heç bir günahı yoxdur, bəli, o günahsızdır… Pis iş görməyib… Ah, ya rəbbim, ya rəbbim!..
Mən, axır ki, dözə bilməyib, ucadan dedim:
– Nastenka! Nastenka! Siz mənə əzab verirsiniz. Ürəyimi yaralayırsınız, məni öldürürsünüz, Nastenka! Mən susa bilmirəm. Mən, nəhayət, danışmalıyam, bu vaxta qədər burada, qəlbimdə yığılıb qalmış nə varsa, hamısını sizə açmalıyam…
Bunu deyib, skamyadan qalxdım. O, yenə də əlimdən tutdu və heyrətlə üzümə baxdı.
– Sizə nə olub? – deyə soruşdu. Mən qətiyyətlə sözə başladım:
– Dinləyin! Diqqətlə dinləyin, Nastenka! İndi mən sizə hər nə desəm bilin ki, hamısı boş, mənasız və axmaq sözdür. Mən əminəm ki, bu iş heç bir vaxt baş tutmayacaq, lakin susa bilmirəm. Əzab çəkdiyiniz müqəddəs eşqin xatirinə sizə yalvarıram, xahiş eləyirəm ki, məni bağışlayasınız…
– Hə, yaxşı, sonra? – O, ağlamağını kəsdi və zənlə üzümə baxdı, mən onun gözlərində qəribə bir marağın ifadəsini oxudum. – Axı, sizə nə olub?
– Bu, mümkün olan şey deyil, amma mən sizi sevirəm, Nastenka! Vəssalam! İndi siz hamısını bilirsiniz, – deyə mən ümidsizliklə əlimi yellədim. – Görək bundan sonra mənimlə indiki kimi danışa biləcəksinizmi, sizə deyəcəyim sözləri indiki kimi dinləyə biləcəksinizmi?
Nastenka sözümü kəsdi:
– Bu nə deməkdir? Bu sözlər nə üçündür? Axı, mən sizin məni sevdiyinizi çoxdan bilirdim, lakin elə bilirdim ki, siz məni elə-belə, ötəri bir məhəbbətlə sevirsiniz… Pərvərdigara, bizə rəhmin gəlsin!
– Nastenka, mənim sizə məhəbbətim əvvəlcə, doğrudan da ötəri idi, amma indi, indi… Siz öz bağlamanızla onun yanına gedəndə nə halda idinizsə, indi mən də eləyəm! Yox, ondan da pis haldayam, Nastenka! Çünki o zaman o heç kəsi sevmirdi, siz isə sevirsiniz.
– Bu nə sözdür deyirsiniz? Mən heç nə başa düşmürəm. Yaxşı, siz nə üçün… yox, nə üçün yox, siz nəyə əsasən belə, birdən-birə… İlahi! Mən nə səfehləyirəm! Lakin siz…
Nastenka tamam çaşıb qaldı. Yanaqları qızardı, gözlərini aşağı dikdi.
– Mən nə eləyim, Nastenka, nə eləyim? Mən günahkaram, mən qəsdən, acığımdan… Yox, ox, Nastenka, günahkar deyiləm; bilirəm, hiss eləyirəm ki, heç bir günahım yoxdur, ürəyim deyir ki, haqlıyam, ona görə ki, mən sizi heç vaxt incitməmişəm, təhqir etməmişəm, edə də bilməzdim! Mən sizin dostunuz idim, indi də dostunuzam; mən dəyişməmişəm, bu dostluğa xəyanət etməmişəm. Budur, mən artıq göz yaşlarımı saxlaya bilmirəm, Nastenka! Qoy axsın, sel kimi axsın, bu yaşlar heç kəsə mane olmur! Onlar quruyacaq, Nastenka!..
– Əyləşin, tez əyləşin, – deyə o, məni skamyaya oturtdu, – aman allah! İndi mən nə eləyim?
– Yox, Nastenka, mən oturmayacağam, artıq burada dayana bilmərəm, siz bir də məni görməyəcəksiniz, indi hər şeyi danışıb gedəcəyəm. Mən ancaq onu demək istəyirəm ki, siz heç bir zaman mənim sizi sevdiyimi bilməyəcəkdiniz! Mən öz sirrimi qəlbimdə məzara aparacaqdım. Mən indi, bu dəqiqə, öz xudpəsəndliyimlə sizə əzab verməyəcəkdim. Yox! Mən susa bilməzdim, buna səbrim çatmazdı, siz özünüz bu haqda birinci söhbətə başladınız, günahkar sizsiniz, bütün günahlar sizdədir, mən isə günahkar deyiləm. Siz məni öz yanınızdan qova bilməzsiniz…
Zavallı Nastenka pərtliyini bacardığı qədər gizlətməyə çalışaraq dedi:
– Yox, vallah yox, mən sizi qovmaram!..
– Deməli, siz məni qovmursunuz?! Mən isə sizin yanınızdan qaçmaq istəyirdim. Hər halda gedəcəyəm, lakin əvvəlcə hər şeyi danışmalıyam, çünki siz danışarkən mən yerimdə sakit əyləşə bilmirdim, siz ağlarkən, bəli, rədd edilmiş, yəni, necə deyim (mən açıq danışacağam, Nastenka), rədd edilmiş məhəbbətinizin əzabı ilə çırpınıb ağlarkən mən ürəyimdə sizə elə bir sevgi, Nastenka, elə böyük bir sevgi hiss elədim ki… Mən öz məhəbbətimlə sizə kömək eləyə bilmədiyim üçün içərimdə elə müdhiş bir ağrı duydum ki, guya bu saat ürəyim parça-parça olacaqdı və mən, mən susa bilmədim, mən danışmağa məcbur idim, Nastenka, mən danışmalı idim!..
– Hə, hə! Siz elə bu cür də danışın! – deyə Nastenka qəribə bir səslə cavab verdi. – Mənim bu xahişim sizə bəlkə də təəccüblü görünsün, lakin… danışın! Mən də sonra danışaram, hər şeyi sizə danışaram!
– Sizin mənə yazığınız gəlir, Nastenka; siz mənim halıma, sadəcə acıyırsınız, əziz dostum! Nə isə, keçənə güzəşt deyərlər. Söz atılan ox kimidir, bir də geri qayıtmaz. Belə deyilmi? Hə, demək siz indi hər şeyi bilirsiniz. Elə buradan başlayaq. Belə yaxşı olar. Bunların hamısı çox gözəldir; ancaq qulaq asın. Siz ağlayanda mən düşünürdüm… (səbir eləyin, Nastenka, bu saat nə düşündüyümü deyəcəyəm), düşünürdüm ki (əlbəttə, Nastenka, bu, qətiyyən mümkün olan iş deyil), belə fikirləşirdim ki, siz… düşünürdüm ki, bəlkə siz birtəhər… necə deyim, bəlkə siz, tamamilə, başqa bir səbəbə görə artıq onu sevmirsiniz. O zaman, – Nastenka, mən bu haqda dünən də, srağagün də fikirləşmişəm, – o zaman mən elə edərdim ki, mütləq elə edərdim ki, məni sevəsiniz; axı, siz özünüz məni sevdiyinizi etiraf etmişdiniz. Sonra, sonra da… daha nə sonra? Mən elə bunu demək istəyirdim; yox, yenə bir sözüm qalıb; əgər siz məni sevsəydiniz, nə olacağını təsəvvürünüzə gətirirsinizmi? Vəssalam! Demək istədiyim axırıncı söz bu idi! Dinləyin, dostum, – hər halda siz mənim dostumsunuz, – mən, əlbəttə, sadə, yoxsul və əhəmiyyətsiz bir adamam, amma məsələ bunda deyil (mən həmişə əsl mətləbdən uzaq düşürəm, bu pərtlikdəndir, Nastenka!), mən sizi elə dərindən, elə gizli bir eşqlə sevərdim ki, əgər siz bundan sonra onu, o tanımadığınız insanı sevməkdə davam etsəydiniz belə, mənim sizə məhəbbətimin ağırlığını yenə də duymazdınız. Siz yalnız hər an yaxınlığınızda çırpınan xeyirxah, mehriban və hərarətli bir qəlbin həyəcanlı döyüntüsünü eşidər, hiss edərdiniz, elə bir ürək ki, sizin üçün… Ah, Nastenka, Nastenka! Məni nə hala saldığınızdan xəbəriniz varmı?!
– Yaxşı, ağlamayın, mən istəmirəm ki, siz ağlayasınız! – deyə Nastenka skamyadan qalxdı. – Gedək, durun mənimlə gedək, ağlamayın, siz allah, ağlamayın! – O bu sözləri deyərkən yaylığı ilə gözlərimin yaşını sildi. – Hə, indi gedək, mənim sizə yenə deyiləsi sözüm var… Əgər o (mənim hələ də onu sevdiyimə baxmayaraq), məni atmışsa, məni unutmuşsa, deməli, artıq… Əgər mən sizi sevsəydim, yəni misal üçün deyirəm, əgər… Of! Əziz dostum, zavallı dostum, məni sevmədiyinizə görə sizi təriflədiyimi, sizin məhəbbətinizə güldüyümü, sizi təhqir etdiyimi yadıma saldığım zaman… Ah, pərvərdigara, necə olub ki, mən bunu qabaqcadan duymamışam, mən o vaxt neçə də axmaq olmuşam, lakin… Yaxşı, mən artıq qət eləmişəm, hər şeyi sizə deyəcəyəm…
– Bura baxın, Nastenka, bilirsinizmi nə var? Hamısından yaxşısı budur ki, mən sizdən tamam uzaqlaşım. Yoxsa sizə əzabdan başqa bir şey verməyəcəyəm. Budur, siz bir vaxt mənə güldüyünüzə görə indi vicdan əzabı çəkirsiniz, mən isə istəmirəm, bəli, istəmirəm ki, öz dərdinizdən başqa… Mən, əlbəttə, günahkaram, Nastenka! Ancaq əlvida!..
– Dayanın, mənə qulaq asın, siz gözləyə bilərsinizmi?
– Nəyi? Necə?
– Mən onu sevirəm, lakin bu sevgi sönüb gedəcək, o sönməlidir, ola bilməz ki, sönməsin, artıq sönür, mən bunu hiss eləyirəm… Kim bilir, bəlkə elə lap bu gün tamam sönüb gedəcək, çünki mən ona nifrət eləyirəm, çünki siz mənimlə burada ağlarkən o, yəqin ki, mənə gülürmüş, çünki siz heç bir zaman məni onun kimi rədd etməzdiniz, çünki siz sevirsiniz, o isə sevmir, nəhayət, mən özüm sizi sevirəm… Bəli, sevirəm! Siz məni sevən kimi sevirəm; axı, mən özüm bunu sizə çoxdan demişəm, – özünüz eşitmisiniz; mən sizi ona görə sevirəm ki, siz ondan yaxşısınız, ondan mehribansınız, çünki, çünki…
Yazıq qızı bürüyən həyəcan o qədər şiddətli idi ki, sözünü qurtara bilmədi, əvvəlcə başını çiynimə, sonra sinəmə söykəyib acı-acı ağladı. Mən ona təsəlli verir, dilə tutur, ancaq o, sakit ola bilmirdi; tez-tez əlimi sıxır və onu boğan hönkürtü arasından deyirdi: «Səbir eləyin, darıxmayın, bax, bu saat dayanacağam! Mən sizə demək istəyirəm ki… Siz elə düşünməyin ki, bu göz yaşları elə-belə, zəiflikdəndir, səbir eləyin, indi keçər…» Nəhayət, o, ağlamağını kəsdi, gözlərini sildi və bir qədər sakit oldu. Mən danışmaq istədim, lakin o; susmağımı xahiş elədi və biz uzun müddət sükuta daldıq. Sonra o cürətlənib, zəif və titrək səslə danışmağa başladı… Onun səsi nə isə yeni, kəskin bir ifadə ilə cingildədi, düz ürəyimə sancıldı və orada şirin bir ağrı ilə əks-səda tapdı…
– Məsələ belədir, elə xəyal etməyin ki, mən mütərəddid və yelbeyin bir qızam, elə düşünməyin ki, mən öz məhəbbətimi belə tez unudaram və onu başqasına dəyişərəm… Mən bütün ili onu sevdim və allaha and içirəm ki, heç bir vaxt, bəli, heç bir vaxt, hətta xəyalən belə ona xain çıxmamışam. O buna əhəmiyyət vermədi; mənə istehza ilə güldü, özü bilər, allah bilər! O mənə ağır bir yara vurub, eşqimi təhqir eləyib. Mən, mən onu sevmirəm, çünki mən ancaq məni başa düşən, alicənab, xeyirxah bir insanı sevə bilərəm, çünki mən özüm belə bir insanam, o mənə layiq deyil; allah bilər! Yaxşı oldu ki, onun neçə bir adam olduğunu belə tez öyrəndim, sonra gec olardı… Nə isə, artıq hər şey bitib. Lakin, mənim mehriban dostum, kim bilir, – deyə o, əlimi sıxaraq, sözünə davam etdi: – kim bilir, bəlkə mənim məhəbbətim öz hisslərimin, öz düşüncələrimin sadəcə məni aldatmasından başqa bir şey deyilmiş? Bəlkə həmişə nənəmin nəzarəti altında böyüdüyüm üçün mənim məhəbbətim belə dəcəl və mənasız olub? Bəlkə mən onu yox, başqasını sevməliyəm, bəlkə bu başqası mənə rəhm eləyəcək və və… Hə, bu barədə heç danışmayaq. – həyəcandan boğulan Nastenka bir qədər susdu, sonra yenə sözə başladı: – Mən ancaq sizə demək istəyirəm ki… demək istəyirəm ki, onu sevdiyimə baxmayaraq (yox, mən onu sevirdim), bəli, buna baxmayaraq, əgər siz yenə də… əgər siz öz sevginizin bu qədər böyük olduğunu, nəhayət, bu sevginin ürəyimdəki keçmiş məhəbbətə qalib gələcəyini,, onu sıxışdırıb atacağını hiss edirsinizsə… Əgər sizin mənə yazığınız gəlirsə, əgər siz məni tək-tənha, təsəllisiz və ümidsiz, taleyin hökmünə tapşırmaq istəmirsinizsə və əgər həmişə məni indi sevdiyiniz kimi sevəcəksinizsə, and içirəm ki, mən də öz təşəkkürümlə… öz məhəbbətimlə sizin eşqinizə cavab verəcəyəm… Budur, bu da mənim əlim, razısınızmı?
– Nastenka! – deyə mən nəfəsimi kəsən qəhərdən güclə qışqıra bildim. – Nastenka!.. Ah, Nastenka!..
– Yaxşı, artıq yetər, bəsdir, bəsdir! İndi doğrudan da bəsdir! – Həyəcanlanmış Nastenka da bu sözləri çox çətinliklə deyə bildi. – Bəli, indi bizə hər şey aydındır, deyilmi? Hə, siz də, mən də, ikimiz də xoşbəxtik, artıq bir kəlmə də bu haqda danışmayaq, xahiş eləyirəm, mənə yazığınız gəlsin… Allah eşqinə, başqa bir şey haqqında danışın!..
– Hə, Nastenka, hə! Bəsdir bu haqda danışdıq, indi mən xoşbəxtəm, mən… Yaxşı, Nastenka, söhbəti dəyişək, başqa şey barədə danışaq, tez-tez danışaq; hə, mən hazıram…
Biz nə danışacağımızı bilmirdik, gülürdük, ağlayırdıq, min cür rabitəsiz və mənasız söz deyirdik, gah səki ilə gedir, gah geri dönüb küçəni o tərəfə keçirdik, birdən dayanıb yenə sahilə tərəf gəlirdik, özümüzü lap uşaq kimi aparırdıq…
– Mən indi tək yaşayıram, Nastenka, – deyə, nəhayət, sözə başladım. – Sabah isə… Əlbəttə, Nastenka, özünüz bilirsiniz ki, mən kasıbam, ildə cəmisi min iki yüz manat gəlirim var, amma bunun eybi yoxdur…
– Hə, eybi yoxdur, nənəm də təqaüd alır, o bizə mane olmaz, onu da yanımızda saxlarıq.
– Bəs necə, onu tək qoymaq olmaz… Ancaq Matryona…
– Hə, axı, bizim də bir Fyoklamız var!
– Matryona mehriban arvaddır, ancaq bir eybi var: düşünmək qabiliyyətindən məhrumdur, tamamilə məhrumdur, amma mənə elə gəlir ki, bunun da eybi yoxdur.
– Nə fərqi varmış, ikisi də bir yerdə yaşaya bilər. Ancaq siz sabah bizə köçməlisiniz.
– Neçə yəni sizə? Yaxşı, mən hazıram…
– Hə, siz əvvəlcə bizim kirayənişinimiz olarsınız. Yuxarı mərtəbədə otaq var, özü də boşdur, orada qoca, kübar bir qadın yaşayırdı, indi o yoxdur, nənəm də bu otağı cavan bir adama vermək istəyir, bunu yaxşı bilirəm, səbəbini soruşanda dedi ki: «Elə-belə, mən artıq qocalmışam, sən də elə fikirləşmə ki, səni ərə verməkdən ötrü bu otağa gənc bir kirayənişinin köçməsini istəyirəm». Lakin mən başa düşmüşəm ki, o, məhz elə bunun üçün çalışır…
– Ah, Nastenka! İkimiz də güldük.
– Yaxşı, bu da belə! Bəs siz harada yaşayırsınız? Bir dəfə ünvanınızı demişdiniz, unutmuşam.
– Mən orada, körpünün yanında, Barannikovun evində oluram.
– Böyük evdir, eləmi?
– Hə, böyük evdir.
– Bilirəm, bilirəm, yaxşı evdir, ancaq bilirsiniz, oradan tez köçüb bizə gəlin…
– Lap sabah köçərəm, Nastenka, elə günü sabah! Orada bir az kirayə borcum qalıb, eybi yoxdur, bu da düzələr… Mən bu yaxında maaş alacağam…
– Bilirsinizmi, bəlkə mən müəllimliyə getdim; əvvəlcə özüm oxuyub öyrənərəm, sonra müəllimlik eləyərəm!..
– Yaxşı olar… Mən də bu günlərdə pul mükafatı alacağam, Nastenka!
– Deməli, sabahdan siz mənim kirayənişim olacaqsınız!
– Hə, bir gün yığışıb, «Sevilya bərbəri»nə tamaşa etməyə gedərik, bu yaxınlarda onu yenə göstərəcəklər.
– Əlbəttə gedərik, – deyə Nastenka güldü, – yaxşısı budur «Bərbərə» yox, başqasına baxaq…
– Hə, yaxşı, qoy başqası olsun, başqası yaxşıdır, mənim heç ağlıma gəlməyib…
Biz tüstüyə, dumana bürünmüş kimi, ətrafımızdan xəbərsiz halda, danışa-danışa gedirdik. Bəzən dayanıb, bir yerdə xeyli söhbət eləyirdik, sonra yenə yola düzəlirdik və allah bilir hansı küçələrdən keçirdik, yenə də gülüş, yenə də göz yaşları… Hərdən Nastenka evə qayıtmaq istəyirdi, mən də etiraz etməyə cürət göstərməyib, onu lap qapılarına qədər ötürməyi qət eləyirdim; biz yola davam edirdik və on beş dəqiqə keçməmiş özümüzü birdən Sahil küçəsində, həmin skamyanın yanında görürdük. Bəzən o, dərindən ah çəkir, gözləri yaşarırdı, mən bu anlarda susur, qəlbimdə soyuq bir gizilti duyurdum… Lakin o, birdən yenə əlimi sıxır və biz yenə gəzir, danışır, gülürdük…
– Evə getmək vaxtıdır, gecdir, – deyə nəhayət, Nastenka dilləndi, – bəsdir uşaqlıq elədik!
– Elədir, Nastenka, amma mən bu gecə yatmayacağam, evə də getməyəcəyəm.
– Mən də deyəsən, yatmayacağam, ancaq siz məni əvvəlcə ötürərsiniz.
– Bu nə sözdür? Əlbəttə!
– Bu dəfə yolumuz mütləq evə tərəf olmalıdır.
– Şübhəsiz.
– Doğrudanmı?.. Yoxsa belə gəzsək, səhərə qədər evə qayıda bilmərik.
– Yox, bu dəfə qayıdacağıq, – deyə mən güldüm.
– Hə, gedək!
– Gedək. Nastenka, siz bir köyə baxın. Sabah gözəl hava olacaq, səma nə qədər də mavi, ay necə də parlaqdır! Ora baxın, indicə bu sarı bulud ayın üzünü örtəcək, baxın, baxın… Yox, yan keçdi. Baxın, baxın!..
Lakin Nastenka buluda baxmırdı, o dinmədən, heykəl kimi hərəkətsiz dayanmışdı, bir dəqiqə sonra o, qeyri-ixtiyari, bərk-bərk mənə sıxılmağa başladı. Onun xırdaca əli mənim ovcumda titrədi, mən diqqətlə ona baxdım… O mənə daha da möhkəm sıxıldı…
Bu anda yanımızdan bir gənc keçdi. Birdən dayandı, gözlərini üzümüzə zillədi və sonra yoluna davam eləyib, bir neçə addım uzaqlaşdı. Ürəyim əsdi…
– Nastenka, – deyə yavaşca soruşdum, – o kimdir, Nastenka?
– Bu odur! – Nastenka pıçıltı ilə cavab verdi, bütün vücudu titrədi, mənə lap sıxıldı… Mən ayaq üstə güclə dururdum.
– Nastenka! Nastenka! Bu sənsənmi?! – deyə arxamızdan bir səs gəldi və həmin gənc sürətlə bizə yaxınlaşdı…
Pərvərdigara!.. Eşitdiyim qışqırıq nə idi? Nastenka necə də diksindi! Necə də çılğın bir qüvvə ilə qollarımın arasından çıxıb, sevgilisinə tərəf yüyürdü!.. Mən ildırım vurmuş kimi yerimdə donub onlara baxırdım. Nastenka birdən mənə sarı çevrildi, yenicə əl verdiyi, yenicə qucağına atıldığı sevgilisindən ayrılıb, bir külək, bir şimşək sürətilə mənə yaxınlaşdı və mən hələ özümə gəlməmiş, qollarını boynuma dolayıb, məni bərk-bərk və hərarətlə öpdü. Sonra bir söz demədən, yenidən ona tərəf atıldı, əllərindən tutdu və ardınca çəkib apardı…
Mən bir müddət durduğum yerdə qalıb, onların arxasınca baxdım… Nəhayət, ikisi də gözlərimdən itdi.
SƏHƏR
Mənim gecələrim səhərlə qurtardı. Hava yaxşı deyildi. Yağış yağır və damlalar ürəksıxan bir səslə pəncərəmi döyürdü. Otaq qaranlıq, bayır isə dumanlı idi. Başım ağrıyır və hərlənirdi, bədənimdə bir üşütmə duyurdum.
– Sənə məktub var, əzizim! İndicə poçtalyon gətirdi. – Matryonanın lap başımın üstündə dediyi bu sözlər məni xəyaldan ayırdı.
– Məktub? Kimdən? – deyə qışqırıb kürsüdən qalxdım.
– Mən savadsızam, əzizim, haradan bilim ki, kimdəndir? Özün bax, bəlkə üstündə yazılıb?
Mən möhürü qırdım. Məktub Nastenkadan idi. Yazmışdı: «Ah, bağışlayın, bağışlayın məni! Qarşınızda diz çöküb-yalvarıram: bağışlayın məni. Mən sizi də, özümü də aldatdım. Bu bir yuxu, bir xəyal idi… Sizin əvəzinizə bu gün nə əzab çəkdiyimi bilsəydiniz! Bağışlayın, bağışlayın məni!..
Məni günahlandırmayın, çünki mən dəyişməmişəm, sizin üçün yenə əvvəlki Nastenkayam, mən sizi sevdiyimi demişdim. İndi də sevirəm, daha artıq sevirəm! Pərvərdigara! Əgər sizin ikinizi də birdən sevə bilsəydim! Ah, əgər siz onun yerində olsaydınız!»
– «Ah, əgər o sizin yerinizdə olsaydı!» – Bu sözlər qulağımda yenidən səsləndi, öz-özümə pıçıldadım: «Bunu da sən demisən, Nastenka!»
«İndi mən sizin üçün nələr etməzdim, buna allah şahiddir! Mən yaxşı bilirəm ki, indi sizin vəziyyətiniz çox ağır və kədərlidir. Mən sizi təhqir elədim, lakin bilirsinizmi, sevgiyə təhqir yoxdur. Siz isə məni sevirsiniz!
Təşəkkür edirəm! Bəli, bu sevginiz üçün sizə təşəkkür edirəm. Bu sevgi yuxudan oyanandan sonra uzun müddət xatırladığım şirin bir röya kimi yadımdan çıxmayacaq; çünki mən, bir qardaş kimi öz qəlbinizi mənə açdığınız, mənim isə yaralanmış qəlbimi yenidən sağaltmaq, qorumaq, cana gətirmək xatirinə onu bir hədiyyə kimi qəbul etdiyiniz dəqiqəni ömrüm boyu unutmayacağam… Əgər siz məni bağışlasanız, o zaman sizin xatiriniz mənim qəlbimdə daha böyük, əbədi və xeyirxah duyğuya çevriləcək, heç bir vaxt oradan silinməyəcəkdir… Mən bu xatirəni bir xəzinə kimi saxlayacağam, ona xəyanət etməyəcəyəm, bəli, öz qəlbimə xəyanət etməyəcəyəm; qəlbim bu zəngin xatirə ilə birlikdə öz yerində sabit qalacaq. Mən onu yenidən və əbədi olaraq, öz sahibinə qaytarmışam.
Biz görüşəcəyik; bizə gələrsiniz, bizi tək qoymazsınız, siz mənim on yaxın dostum və qardaşım olarsınız… Siz məni görərkən əlinizi mənə verəcəksiniz, deyilmi? Siz artıq məni bağışlamısınız, deyilmi? Siz yenə məni əvvəlki kimi sevirsiniz, doğrudurmu?
Ah, sevin məni, məni atmayın, çünki mən də sizi sevirəm, sizin sevginizə layiqəm, mən onu öz ləyaqətimlə qazanmışam…
Mənim əziz dostum! Gələn həftə ona ərə gedirəm. O məni sevir, heç bir zaman məni unutmayıb… Onun haqqında sizə yazdığım üçün hirslənməyin. Lakin mən onunla birlikdə sizin yanınıza gəlmək istəyirəm, siz onu sevəcəksiniz, deyilmi?..
Bizi bağışlayacağınıza, sevəcəyinizə və xatırlayacağınıza əmin olan sizin Nastenka».
Mən məktubu bir neçə dəfə oxudum, gözlərim yaşla dolmuşdu. Nəhayət, məktub əlimdən düşdü və mən əllərimlə üzümü örtdüm.
Matryonanın səsi eşidildi:
– Gülüm! Ay mənim gülüm!
– Nə deyirsən, qarı?
– Bax, gör hörümçək torlarını necə təmizləmişəm, indi lap evlənə də bilərsən, qonaq da çağıra bilərsən, əvvəlki kimi…
Mən diqqətlə Matryonaya baxdım… Bu, hələ gümrah, qıvraq bir qarı idi. Lakin nədənsə o, mənim gözlərimdə dəyişib, sönük baxışlı, üzü qırışıqlı, beli əyilmiş, əldən düşmüş çox qoca bir qarıya çevrildi… Nədənsə otağım da öz görkəmini dəyişib, bu qocanın sifəti kimi mənə pis təsir bağışladı. Divarların və döşəmənin boyası getdi. Hər şey solğun bir rəng aldı. Hörümçək torları daha da artdı. Pəncərədən küçəyə baxarkən mənə elə gəldi ki, bizim evlə üzbəüzdəki bina da birdən-birə dəyişdi, o da rəngini itirdi, sütunlarının suvağı qopub töküldü, damının haşiyələri qaraldı, çatladı və tünd sarı rəng çəkilmiş divarlarının boyası gedib, ala-tala oldu.
Günəş yavaş-yavaş görünüb tez də gizləndi, yenə qara buludların arasında yox oldu və mənim gözlərimdə hər şey yenidən qaraldı, bütün gələcəyim xəyalıma bu dumanlı hava kimi gəldi, mən özümü on beş ildən sonra düşəcəyim vəziyyətdə gördüm: budur, qocalmış, beli bükülmüş halda həmin bu otaqda tək-tənha, o vaxtdan bəri ağıllanmayan həmin Matryona ilə əyləşmişəm…
Bütün bunlar hamısı bəlkə düşündüyüm kimi də olacaq? Bəlkə də olmayacaq. Lakin bir həqiqət varsa, o da budur ki, sənin məni necə incitdiyini unutmuşam, Nastenka! Mən öz kədərli xəyallarımla heç bir zaman sənin aydın, qayğısız bəxtiyarlığını qara bulud kimi örtməyəcək, xoş dəqiqələrində keçmişi yada salıb, sənin qəlbini vicdan əzabı ilə ağrıtmayacaq, nikah günü onunla birlikdə mehrab qarşısında dayanarkən qara saçlarına taxdığın zərif çiçəklərin gizlincə keşiyini çəkəcək, onlardan bircəsinin belə ayaq altına düşməsinə yol verməyəcəyəm!.. Heç bir zaman, heç bir zaman! Qoy sənin tale səhərin həmişə parlaq, incə təbəssümün isə həmişə aydın və saf olsun, ömrü tənhalıqda keçən zavallı bir insanın nəcib və xeyirxah qəlbinə bəxş etdiyin sevinc və xoşbəxtlik dəqiqəsi üçün həmişə bəxtiyar yaşayasan, Nastenka!
Pərvərdigara! Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!
NETOÇKA NEZVANOVA
I
Atam yadıma gəlmir. Mən iki yaşında olanda o ölüb. Anam ikinci dəfə ərə gedib. O, ikinci dəfə sevib getmiş olsa da, bu nikah onun başına çox müsibətlər gətirmişdi. Atalığım musiqiçi idi. Qəribə taleyi vardı, tanıdığım adamların hamısından daha qəribə, daha gözəl insan idi. Mənim uşaqlıq illərimin ilk təəssüratına onun böyük təsiri olmuşdur, belə ki, bu təəssüratın bütün həyatım boyu mənim üçün böyük əhəmiyyəti olmuşdur. Hekayətim aydın olmaq üçün, hər şeydən əvvəl, atalığımın tərcümeyi-halını danışmaq istəyirəm. İndi söyləyəcəyim şeylərin hamısını sonralar, atalığımın gənclik yoldaşı və yaxın dostu olan məşhur skripkaçı B.-dən öyrənmişəm.
Atalığımın familiyası Yefimov idi. O, varlı bir mülkədarın kəndində, kasıb musiqiçi ailəsində anadan olmuşdu. Atası uzun illər avaralanıb sərsəri dolaşdıqdan sonra həmin mülkədarın kəndinə gəlib, onun saxladığı orkestrdə qulluğa girmişdi. Mülkədar çox dəbdəbəli bir həyat keçirirdi, özü də dünyada hər şeydən çox musiqini sevirdi. Bu onda bir ehtirasa çevrilmişdi. Danışırlar ki, guya ömründə öz kəndindən kənara çıxmayan, hətta Moskvada belə olmayan mülkədar günlərin bir günü xarici ölkələrdən birinə, müalicə suları olan yerə getmək qərarına gəlir. Özü də cəmi bir neçə həftəliyə gedir. Onun gözlənilmədən səyahətə çıxmasının yeganə səbəbi, qəzetlərin bildirdiyinə görə həmin müalicə yerində məşhur bir skripkaçının üç konsert verəcəyi xəbəri olur. Onun özünün yaxşı bir orkestri varmış. Mülkədar öz malikanəsindən götürdüyü gəlirin demək olar ki, hamısını bu orkestrə sərf edirmiş. Atalığım da həmin orkestrdə klarnet çalırmış. İyirmi iki yaşında ikən qəribə bir adamla tanış olur. Həmin mahalda varlı bir qraf yaşayırmış. O öz mülkündə böyük bir teatr heyəti saxladığı üçün müflis olur. Həmin qraf öz orkestrinin kapelmeysteri olan bir italiyalını əxlaqsızlığına görə vəzifədən qovur. Kapelmeyster, doğrudan da, pis adam imiş. O, vəzifədən qovulandan sonra tamamilə alçalıb düşkünləşmiş, kənd meyxanalarını gəzərək əyyaşlığa başlamış, hətta bəzən sədəqə də istəyirmiş.
Bu səbəbdən də o böyüklükdə vilayətdə heç kəs onu qulluğa götürmək istəmirmiş. Atalığım da həmin bu adamla dostlaşıbmış. Onların arasındakı bu münasibət çox anlaşılmaz və qəribə görünürmüş, çünki atamın özünü yoldaşına oxşadığını, azacıq da olsun dəyişdiyini heç kəs hiss etmirmiş, hətta əvvəllər italiyalı ilə oturub-durmağı ona qadağan edən mülkədarın özü belə, sonralar bu dostluğa əhəmiyyət vermirmiş. Nəhayət, bir gün kapelmeyster qəflətən ölür. Səhər tezdən onu kəndlilər bəndin yaxınlığındakı xəndəkdə tapırlar. İstintaq başlanır və məlum olur ki, onu iflic vurmuşdur. İtaliyalının şeyləri atalığımın yanında imiş. Atalığım o saat sübut göstərir ki, bu şeylər ona çatacaqdır: mərhum öz əli ilə kağız yazıbmış. Bu kağızda deyilirmiş ki, öləndən sonra onun yeganə varisi Yefimov olmalıdır. Mərhumdan yalnız özünə yeni qulluq tapmaq ümidi ilə qoruyub saxladığı qara frak və zahirən çox adi görünən bir skripka miras qalıbmış. Heç kəsin bu mirasa iddiası yox imiş. Lakin bu əhvalatdan bir qədər keçəndən sonra qraf orkestrinin birinci skripkaçısı mülkədarın yanıma gəlir, qrafdan ona bir məktub verir. Qraf bu məktubda Yefimovdan xahiş edib, onu dilə tuturmuş ki, italiyalıdan qalan skripkanı satsın. Qraf bu skripkanı öz orkestri üçün almaq istəyirmiş. O, skripkanın əvəzində üç min manat pul təklif edir və deyirmiş ki, Yeqor Yefimovun dalınca bir neçə dəfə adam göndərib, onu öz yanına dəvət edibmiş ki, məsələni şəxsən danışıb qurtarsın, ancaq o gəlməyib. Nəhayət, qraf məktubun sonunda deyirmiş ki, skripkanın əsl qiymətini verir, bir qəpik də kəsmir, buna görə də Yefimovun belə inad göstərməsi onu təhqir eləyir. Ona elə gəlir ki, bu alverdə Yefimov qrafın onun sadəliyindən və naşılığından istifadə etmək istədiyindən şübhələnir. Buna görə də mülkədardan xahiş edirmiş ki, onun başına ağıl qoysun.
Mülkədar o dəqiqə adam göndərib atalığımı çağırtdırıb, ondan soruşur:
– Sən niyə o skripkanı satmaq istəmirsən? O ki sənə lazım deyil. Sənə üç min manat pul verirlər, bu skripkanın əsl qiymətidir, əkər onu bundan da baha satmaq ümidindəsənsə. Yanılırsan. Qraf səni aldatmaz.
Yefimov cavabında deyir ki, öz xoşuna qalsa qrafın yanına getməyəcək, yox, əkər onu məcbur edib göndərsələr, başqa məsələ, bu ağanın öz işidir: skripkanı da qrafa satmayacaq, yox, əkər onu zorla almaq istəsələr, yenə də ixtiyar ağanındır.
Aydın məsələdir ki, o belə cavab verməklə mülkədarın zəif damarına toxunur. Məsələ burasındadır ki, mülkədar həmişə qürurla deyirmiş ki, öz musiqiçiləri ilə rəftar etməyi qaydasını bilir, çünki onların hamısı əsl mənada artistdir. Onların sənətkarlığı sayəsində onun orkestri nəinki qrafınkından yaxşıdır, hətta paytaxt orkestrindən də geri qalmır
– Yaxşı! – mülkədar cavab verir, – mən qrafa xəbər göndərərəm ki, sən skripkanı satmaq istəmirsən, bu sənin öz işindir, onu satıb-satmamaq sənin öz ixtiyarındadır, başa düşdünmü? İndi mən özüm səndən soruşuram, axı o skripka nəyinə lazımdır? Pis çalsan da hər halda, sənin çalğı alətin klarnetdir. Skripkanı mənə sat. Mən də üç min verərəm. Kimin ağlına gələrdi ki, bu belə qiymətli şeydir.
Yefimov gülümsünür, deyir:
– Xeyr, cənab, onu sizə də satmayacağam. Əlbəttə, ixtiyar sahibisiniz…
– Məgər mən səni sıxışdırıram, məgər mən Səni məcbur eləyirəm?! – mülkədar özündən çıxaraq qışqırır. Çünki söhbət qrafın göndərdiyi musiqiçinin yanında gedirmiş. O, söhbətdən mülkədar orkestrində işləyən musiqiçilərin vəziyyəti haqqında pis nəticə çıxara bilərdi. Rədd ol, nankor! Bu kündən etibarən közümə görünmə! Mən olmasaydım heç fərli-başlı çala bilmədiyin o klarnetlə özünə nə gün ağlayacaqdın? Amma mənim orkestrimdə qarnın tox, üst-başın abırlı, üstəlik donluq da alırsan, özün də əsil-nəcabətli adamlar cərgəsindəsən, çünki artistsən, amma sən bunları başa düşmürsən; duymursan. Rədd ol közümdən, məni əsəbiləşdirmə!
Mülkədar qəzəblənəndə, özünə etibarı olmadığı üçün hirsini tutduran adamları qovarmış. Özünün «artist» adlandırdığı musiqiçilərinə heç vəchlə ağır cəza vermək istəməzmiş.
Alver baş tutmur. Belə çıxır ki, məsələ bununla da qurtarıb gedib. Ancaq bir ay sonra qrafın skripkaçısı çirkin bir işə əl atır: açıq imza ilə atalığımdan donos yazır ki, guya italiyalının ölümünə atalığım bais olmuşdur. Özü də onu tamahkarlığı üzündən öldürmüşdür ki, çoxlu var-dövlətinə sahib olsun. O, məktubunda sübut edirmiş ki, guya vəsiyyətnamə zorla yazdırılmışdır, bunu sübut etmək üçün şahidləri vardır. Atalığımı müdafiə edən qraf və mülkədarın xahişləri, nəsihətləri çuğulçunu yolundan döndərə bilmir. Onu başa salırmışlar ki, mərhum kapelmeysterin meyitini tibbi müayinədən keçiriblər. Bəlkə də qrafın onun üçün almaq istədiyi qiymətli çalğı alətinin ona qismət olmadığından qəzəbləndiyi və buna təəssüf etdiyi üçün çuğulçu həqiqətin əksinə gedir. Musiqiçi dediyindən dönmür, and içib qəsəm edir ki, haqlıdır, təkidlə deyir ki, italiyalı içkidən deyil, zəhərdən iflic olub ölmüşdür, buna görə də yenidən istintaq aparılmasını tələb edir. İlk nəzərdə onun gətirdiyi sübutlar ciddi görünür, yenidən iş başlanır. Yefimovu tutub şəhər həbsxanasına göndərirlər. Elə bir iş başlanır ki, bütün quberniyanı maraqlandırır. Ancaq iş çox sürətlə başa çatır. Nəticədə qrafın musiqiçisi böhtan yazmaqda təqsirləndirilir. Ona haqlı cəza verirlər. Ancaq o, axıra qədər sözündən dönmür, «mən haqlıyam» deyib durur. Nəhayət, əlində heç bir sübutu olmadığını etiraf edir, deyir ki, göstərdiyi sübutların hamısını özü uydurmuşdur, lakin bunları uydurduqda təxmin– güman əsasında hərəkət etmişdir. Çünki bu günün özünə qədər, hətta ikinci dəfə istintaq aparıldıqdan, Yefimovun günahsızlığı rəsmən sübut olunduqdan sonra belə, o yenə də qəti əmindir ki, bədbəxt kapelmeysterin ölümünə Yefimov səbəb olmuşdur: ancaq ola bilsin ki, onu zəhərlə deyil, başqa bir vasitə ilə öldürmüşdür. Lakin məhkəmənin hökmünü yerinə yetirməyə macal tapmırlar: qrafın musiqiçisi qəfildən beyin sətəlcəminə tutulur, dəli olur və həbsxana xəstəxanasında ölür.
Məhkəmə işinin davam etdiyi müddətdə mülkədar əsl mənada alicənablıq göstərir. O, doğma oğlu üçün çalışırmış kimi, atalığıma can yandırır. Bir neçə dəfə həbsxanaya gəlib onunla görüşür, təskinlik verir, pul bağışlayır. Yefimovun papiros çəkdiyini bilib, ona bahalı siqarlar gətirir, atalığım bəraət qazanandan sonra isə bütün orkestr heyəti üçün şənlik məclisi qurur. Mülkədar Yefimovun işinə, bütün orkestrə aid bir iş kimi baxırmış. Çünki o öz musiqiçilərinin əxlaqına istedadlarından artıq olmasa da, hər halda onların istedadları qədər əhəmiyyət verirmiş. Bu əhvalatdan bir il keçəndən sonra birdən-birə xəbər yayılır ki, vilayət mərkəzinə məşhur bir fransız skripkaçısı gəlmişdir. Yolüstü burada bir neçə konsert vermək fikrindədir. Mülkədar o dəqiqə nə vasitə ilə olursa-olsun onu evinə qonaq çağırmaq üçün səy edir. İş düzəlirmiş, fransız söz veribmiş ki, gələcək. Artıq onun gəlişi üçün hər şey hazırdı, demək olar ki, mahalın hamısı məclisə dəvət edilmişdi. Lakin birdən hər şey alt-üst olur.
Bir gün səhər mülkədara xəbər verirlər ki, Yefimov hara isə yox olmuşdur. Axtarış başlanır, ancaq iz-tozu da tapılmır. Orkestrin vəziyyəti olduqca çətinləşir: klarnet çalan yox idi, lakin Yefimov itəndən üç gün sonra mülkədar fransızdan bir məktub alır. Məktubda o, mülkədarın dəvətindən təkəbbürlə imtina edərək, eyhamla yazırdı ki, gələcəkdə şəxsi musiqiçilər orkestri saxlayan cənablarla yaratdığı əlaqədə son dərəcə ehtiyatlı olacaqdır, həqiqi istedad sahibi olan bir sənətkarın onun qiymətini bilməyən bir şəxsin tabeçiliyində olmasını qeyri-estetik hesab edir; axırda da əlavə edirdi ki, Rusiyada rast gəldiyi ən yaxşı skripkaçı və əsl artist Yefimovun timsalı onun sözlərinin haqlı olduğunu sübut edir.
Mülkədar məktubu oxuyub son dərəcə təəccüblənir, o, ürəkdən inciyir. Necə? Yefimov, qayğısını çəkdiyi, böyük hamilik göstərdiyi həmin Yefimov onu Avropadan gəlmiş bir artistin, fikrinə yüksək qiymət verdiyi bir adamın yanında amansızcasına, vicdansızcasına ləkələmişdir!? Bundan başqa məktubun başqa bir anlaşılmaz cəhəti də vardı: məktubda deyilirdi ki, Yefimov əsl istedada malik bir artistdir, skripkaçıdır, ancaq onun istedadına biganə qalmış və onu başqa bir musiqi alətində çalmağa vadar etmişlər. Bütün bunlar mülkədarı elə sarsıtmışdı ki, o, bilaixtiyar yığışıb şəhərə getmək və fransızla görüşmək qərarına gəlir. Elə bu vaxt qrafdan bir məktub alır. Qraf onu bilatəxir öz evlərinə dəvət edir və xəbərdar edirdi ki, məsələnin nə yerdə olduğunu bilir, çünki əcnəbi skripkaçı Yefimovla bərabər onun evindədir. O, Yefimovun həyasızlığı və böhtançılığından heyrətə gələrək, onu evdən buraxmamağı əmr etmişdir.
Qraf məktubun sonunda deyirdi ki, Yefimovun ittihamı hətta qrafın özünə də aid olduğu üçün mülkədarın gəlməsi vacibdir. Bu çox mühüm məsələdir və onu mümkün qədər tez aydınlaşdırmaq lazımdır.
Mülkədar tələsik qrafgilə gedir, elə o saat fransızla tanış olub, atalığımın bütün əhvalatını ona danışır, axırda da deyir ki, Yefimovun böyük bir istedad olduğunu heç ağlına belə gətirməmişdir, əksinə, Yefimov onun orkestrində çox pis klarnet çalandır, onun yanından özbaşına çıxıb getmiş musiqiçinin skripka çalan olduğunu, guya birinci dəfə eşidir. Mülkədar əlavə edir ki, Yefimov tamamilə azaddır, həmişə və hər vaxt tam azad olmuşdur– əgər, doğrudan da, şəraiti pis olsaydı, istədiyi vaxt çıxıb gedə də bilərdi. Fransız mülkədarın bu sözlərinə çox təəccüb edir. Yefimovu çağırırlar. Onu heç tanımaq olmurmuş. Özünü çox ötkəm aparır, istehza ilə cavab verir və fransıza dediyi sözlərin haqlı olduğunu israr edirmiş. Bütün bunlar qrafı son dərəcə hirsləndirir, buna görə də o, atalığımı açıq-açığına əclaf və böhtançı aldandıraraq, onun ən pis cəzaya layiq olduğunu söyləyir.
– Narahat olmayın, zati-aliləri, mən sizinlə kifayət qədər tanışam və sizi yaxşı tanıyıram, – atalığım cavab verir, – sizin mərhəmətiniz sayəsində cinayət cəzasından yaxamı güclə qurtara bildim. Sizin keçmiş musiqiçiniz, Aleksey Nikiforıçin kimin fitvası ilə məndən donos yazdığını da bilirəm.
Qraf belə bir dəhşətli ittihamı eşidəndə lap qəzəblənir, özünü güclə saxlayır. Qrafın yanına başqa bir iş üçün gəlmiş və bu söhbət zamanı təsadüfən salonda olan bir məmur deyir ki, bu məsələni o, başlı-başına qoya bilməz. Yefimovun təhqiramiz kobudluğunda pis, əsassız bir ittiham vardır, bu böhtandır, buna görə də onu elə bu dəqiqə, qrafın evindəcə həbs etmək üçün acizanə surətdə icazə istəyir. Fransız da qəzəblənib belə bir alçaq nankorluğun mənasını başa düşmədiyini bildirir. Belə olduqda atalığım bərk hirslənir: – Son dərəcə yoxsul olduğuma görə əvvəllər çıxıb getməyə imkan tapmamışam. Mülkədarın orkestrində keçirdiyim ağır güzərandansa məhkəməyə düşmək, cəza almaq, yenidən cinayət istintaqına dözmək daha yaxşıdır, – deyib onu həbsə alan məmurla birlikdə salondan çıxır. Onu qıraq otaqlardan birinə salıb qapısını bağlayır və hədələyirlər ki, günü sabah şəhərə göndərəcəklər.
Gecənin yarısı məhbusun qaldığı otağın qapısı açılır. Mülkədar içəri girir. Onun əynində xələt, ayağında məst, əlində də yanan bir fənər varmış. Görünür, gözünə yuxu getməmiş, ona əzab verən bir qayğı gecənin bu vaxtı onu yataqdan qalxmağa məcbur edibmiş. Yefimov da yatmayıbmış. O, içəri girən mülkədara təəccüblə baxır. Mülkədar fənəri yerə qoyub, dərin həyəcan içində onunla üzbəüz oturur.
– Yeqor, – deyir, – sən niyə mənim qəlbimi sındırdın? Yefimov cavab vermir. Mülkədar sualını təkrar edir. Onun sözlərində nə isə dərin bir hiss, nə isə qəribə bir kədər duyulurdu.
– Vallah, heç özüm də bilmirəm sizi niyə belə incitdim, cənab! – Nəhayət, atalığım cavab verib əlini yelləyir, – görünür, şeytan əməlinə uymuşam! Özüm də bilmirəm ki, məni bu yola təhrik eləyən nə oldu! Eh, sizin yanınızda mənim günüm gün deyil… Elə bil şeytanın özü beynimə girib!
– Yeqor! – mülkədar yenidən sözə başlayır, – gəl qayıt yanıma; hər şeyi unudaram, bütün təqsirlərindən keçərəm. Qulaq as: sən mənim musiqiçilərimin birincisi olarsan. Donluğun da o birilərinkindən çox olar…
– Yox, cənab, yox, heç bu haqda danışmayın da; mən daha sizin yanınıza qayıtmayacağam! Sizə deyirəm ki, şeytan ağlınızımı oğurlayıb. Qalsam, gec-tez evinizi yandıracağam. Bəzən mənə elə qüssə üz verir ki, deyirəm kaş heç yerli-dibli dünyaya gəlməyəydim! İndi heç özüm də özümə cavabdeh deyiləm: yaxşısı budur, cənab, məndən əl çəkin. O iblis mənimlə qardaş olan gündən bu vəziyyətə düşmüşəm…
– Kim? – mülkədar soruşur.
O, it kimi gəbərən. O adam ki, bütün dünya ondan üz döndərmişdi. O italiyalı.
– Yeqor, əzizim, çalmağı sənə o öyrədib?
– Hə! O mənə çox şey öyrədib, evimi yıxıb, kaş heç onu görməyəydim.
Məgər o da skripkada mahir çalan idi? Yox, çalmağı bir şey deyildi, amma yaxşı öyrədirdi. Mən özüm öyrənmişəm; o ancaq göstərirdi, – bu elmi öyrəndiyim yerdə kaş əlim quruyaydı. İndi nə istədiyimi heç özüm də bilmirəm. Bax, cənab, soruşun ki: «Yeqor, nə istəyirsən? Sənə hər şey verə bilərəm», amma mən, cənab, cavabında sizə heç nə deyə bilmərəm, çünki nə istədiyimi özüm də bilmirəm. Yox, cənab, yaxşısı budur məndən əl çəkin, ikinci dəfə deyirəm. Yoxsa özümə elə bir şey eləyərəm ki, ölüm, canım qurtarsın. Bununla da hər iş bitsin!
– Yeqor! – mülkədar bir anlıq sükutdan sonra davam edir, – mən səni bu vəziyyətdə qoymaram. İndi ki, yanımda qulluq eləmək istəmirsən, onda get. Axı, sən azadsan, səni zorla saxlaya bilmərəm: ancaq indi səndən elə-belə əl çəkməyəcəyəm. Öz skripkanda mənim üçün bir şey çal, Yeqor! Sən allah, çal! Sənə əmr eləmirəm, məni başa düş, mən səni məcbur eləmirəm, mən səndən acizanə xahiş edirəm: mənim üçün bir şey çal. Yeqor can, sən allah, o fransıza çaldığını mənim üçün də çal! Ürəyini boşalt! Sən tərssənsə, mən də tərsəm, görünür, mənim tərs damarım var, Yeqor can! Mən səni yaxşı başa düşürəm, sən də məni başa düş. Sən öz istəyinlə, öz arzunla o fransıza çaldığın havanı mənim üçün çalmasan, ürəyim partlayar.
– Yaxşı, qoy siz deyən olsun! – Yefimov razılaşır. Mən, cənab, and içmişdim ki, sizin üçün heç nə çalmayım, ancaq indi ürəyim yumşaldı. Sizin üçün çalaram, ancaq bu birinci və axırıncı dəfə olacaq, sonralar, cənab, mənə min manat da versəniz, heç yanda və heç vaxt mənim çalğımı eşitməyəcəksiniz.
Bu sözlərdən sonra o, skripkasını götürüb rus mahnıları əsasında bəstələdiyi variasiyalarını çalmağa başlayır. B.-nin dediyinə görə bu variasiyalar onun skripka üçün yazdığı ilk və ən yaxşı pyes idi, guya o heç bir əsəri bu pyes qədər yaxşı və ilhamla çalmamışdı. Onsuz da musiqini dinlərkən laqeyd qala bilməyən mülkədar bu variasiyaları eşidəndə hönkür– hönkür ağlayır. Yeqor çalıb qurtarandan sonra mülkədar ayağa qalxıb cibindən üç yüz manat pul çıxarır və atalığıma verərək deyir:
– İndi get, Yeqor. Səni burdan buraxıram. Qalan məsələləri də özüm qrafla yoluna qoyaram, ancaq sözümə qulaq as: daha bir də gözümə görünmə. Qarşında geniş yol var. Əgər biz bu yolda bir də üz-üzə gəlsək, sənə də ağır olacaq, mənə də. Di sağlıqla qal!.. Dayan, yol üstündə sənə bir məsləhətim də var, bircə məsləhətim: içmə, öyrən, çalış, çox öyrən: lovğalanma! Elə bil bu sözləri sənə doğma atan deyir. Bax, yenə deyirəm, öyrən, qədəhə yaxın durma, dərd üz versə, bircə dəfə içsən, (dərdin isə çox olacaq!) onda məhv olub gedəcəksən, hər şey alt-üst olacaq, ola bilsin ki, sən də, sənin o italiyalın kimi xəndəkdə gəbərəcəksən. Hə, əlvida! Dayan, məni öp!
Onlar öpüşürlər, sonra atalığım çıxıb gedir.
Atalığım sərbəstliyə çıxan kimi, elə o saat yaxındakı mahal şəhərində ən çirkin, natəmiz əyyaşlar dəstəsinə qoşularaq, üç yüz manatın hamısını xərcləyib qurtarır, axırda da çarəsiz və köməksiz qalıb, səyyar əyalət teatrının vecsiz orkestrinə birinci, bəlkə də ola bilsin yeganə skripkaçı vəzifəsinə girməyə məcbur olur. Əlbəttə, bu məsələ onun ilk məqsədinə, tezliklə Peterburqa çatmaq, orada musiqi təhsili almaq, yaxşı bir vəzifə tapıb mükəmməl bir sənətkar kimi yetişmək arzusuna o qədər də müvafiq gəlmirdi. Lakin kiçik orkestrdə işləyib yaşamaq da ona nəsib olmur. Atalığım tezliklə səyyar teatrın antreprenyöru ilə savaşaraq teatrdan gedir. O tamamilə ruhdan düşdükdən sonra, hətta qüruruna dərin yara vuran bir işə əl atmalı olur. O bizə məlum olan mülkədara məktub yazır, öz vəziyyətini təsvir edərək, pul istəyir. Məktub kifayət qədər sərbəst yazıldığına baxmayaraq, ona cavab gəlmir. Belə olduqda atalığım ikinci dəfə məktub yazır. Bu məktubda ən yaltaq ifadələrlə pul istəyir, mülkədarı öz xeyirxahı adlandırır, ona böyük incəsənət pərəstişkarı deyir, yenə də ondan kömək istəyir. Nəhayət cavab gəlir. Mülkədar yüz manat pul göndərir və öz xidmətçisinin əli ilə bir neçə kəlmə cavab yazır. Deyir ki, daha bundan sonra belə xahişlərlə ona müraciət etməsin. Atalığım bu pulları alan kimi, elə o dəqiqə Peterburqa yola düşmək istəyir. Ancaq borclarını verib qurtarandan sonra pulu elə az qalır ki, daha yola düşmək barəsində heç fikirləşməyi belə ağlına gətirmir. O yenə də əyalətdə qalmalı olur, təzədən başqa bir əyalət orkestrinə qulluğa girir, yenə də orada yola gedə bilmir, beləliklə, tez bir zamanda Peterburqa çatmaq niyyəti ilə bir yerdən başqa yerə keçir, bu minval ilə altı il əyalətdə qalmalı olur. Nəhayət, onu dəhşət bürüyür, ümidsizlik içində görür ki, daimi nizamsız həyat və dilənçilik onun istedadını getdikcə söndürür, buna görə də bir gün səhər öz antreprenyörunu tərk edərək, skripkasını götürüb, demək olar ki, sədəqə toplaya-toplaya Peterburqa gəlib çıxır. O, evlərdən birinin çardağında özünə məskən tapır və elə burada da Almaniyadan təzə gəlmiş və özünə karyerə düzəltmək arzusunda olan B. ilə rastlaşır. Tezliklə onlar dostlaşırlar. B. indi bu tanışlığı dərin hisslə yad edir. Onların ikisi də cavanmış, ikisi də eyni arzularla yaşayırmış, hər ikisi eyni məqsədə xidmət edirmiş. Lakin B. lap cavandı: o, nisbətən daha az yoxsulluq və dərd çəkmişdi; bundan başqa, hər şeydən onu demək lazımdır ki, o, alman olduğuna görə məqsədinə çatmaq üçün inadla səy göstərir, müntəzəm çalışır, öz qüvvəsinə yaxşı bələd olduğu üçün, demək olar ki, əvvəldən necə musiqiçi olacağını bilirdi, – yoldaşının isə artıq otuz yaşı vardı, yorulmuşdu, üzülmüşdü, hövsələsi daralmışdı, bir parça çörək tapmaq üçün əyalət teatrlarında və mülkədarların orkestrində işləyib yeddi il sərsəri gəzmək onun bütün sağlamlığını sarsıtmışdı. Bu müddət ərzində onu yaşadan, ona təskinlik verən bir qüvvə varsa, o da əbədi, dəyişilməyən surətdə beynində yaşayan bir ideya – birtəhər çalışıb bu ağır vəziyyətdən qurtarmaq, pul yığıb Peterburqa getməkdi. Lakin bu ideya dumanlı və qeyri-müəyyəndi. Bu, nə isə dəfediməz daxili bir çağırışdı, o da nəhayət, illər keçdikcə Yefimovun öz gözündə də ilk parlaqlığını itirirdi, arzu etdiyi səyahət barəsində fikirləşmək bir adət şəklinə düşdüyü üçün, Peterburqa gələndən sonra da, demək olar ki, qeyri-şüuru hərəkət edirdi, paytaxtda nə etməli olacağını heç özü lazımınca təsəvvür edə bilmirdi. Onun göstərdiyi həvəs nə isə əsəbi, zəhərli və qeyri-müntəzəmdi, sanki o, bu həvəsi ilə özünü aldatmaq istəyirdi, bu vasitə ilə özünü inandırmağa çalışırdı ki, hələ ilk gənclik qüvvəsi, hərarəti, ilhamı sönməmişdir. Bu tükənməz həvəs və sevinc soyuq təbiətli, çalışqan B.-ni sarsıdıb gözlərini qamaşdırdığı üçün atalığımı gələcəyin böyük musiqi dühası kimi təbrik edirdi. O öz yoldaşının gələcək taleyini başqa cür təsəvvür edə bilmirdi. Lakin tezliklə B.-nin gözləri açılır və o, yoldaşının neçə adam olduğunu aydın başa düşür. O, açıq-aşkar görür ki, bütün bu qızğınlıq, ehtiras və səbirsizlik– sönmüş istedadın xatirəsindən doğan qeyri-şüuri bir ümidsizlikdir: hətta, bəlkə də, istedad başlanğıcda belə o qədər böyük deyilmiş, onun yersiz arxayınlıqdan, ilk vaxtlarda özündən razı qalmasından və öz dühası haqqında sonsuz xülya və xəyallardan gözləri qamaşmışdı. «Lakin B. soyləyirdi ki, mən yoldaşımın qəribə xasiyyətinə təəccüblənməyə bilmirdim. Mənim gözlərim qarşısında əsəbiliklə gərginləşmiş bir iradə ilə daxili gücsüzlük arasında açıq-açığına ümidsizliklə dolu qızğın bir mübarizə gedirdi. Bədbəxt yeddi ilin ərzində özünün gələcək şöhrəti haqqındakı şirin xəyallara elə dalmışdı ki, hətta bizim sənətimizdə zəruri olan ilk xüsusiyyəti, bizim işimizin hətta ən adi mexanizmini necə itirdiyini belə hiss etməmişdi. Halbuki onun dağınıq təsəvvüründə hər dəqiqə gələcək haqqında nəhəng planlar yaranırdı. O nəinki birinci dərəcəli dahi olmaq, dünyanın ən birinci skripkaçılarından biri olmaq istəyirdi; o nəinki özünü artıq dahi hesab edirdi, – hələ üstəlik də kontrapunkt haqqında təsəvvürü belə olmadığı halda, bəstəkar olmaq iddiasında idi. Lakin məni hər şeydən artıq o təəccübləndirirdi ki, bu adam tamam iqtidarsız olsa da, sənətin texnikası haqqında çox cüzi məlumatı olsa da, onda incəsənəti dərindən, aydın, hətta deyə bilərəm ki sövqi-təbii ilə başa düşmək xüsusiyyəti var idi. O, musiqini elə dərindən hiss edirdi ki, daxilən o dərəcədə başa düşürdü ki, heç təəccüblü deyil ki, özünü incəsənəti dərindən, sövqi-təbii ilə hiss edən bir tənqidçi hesab etməkdənsə, səhv edərək özünü incəsənət xadimi və dahi zənn edirdi. Bəzən o öz kobud və elmə yad olan sadə dili ilə mənə elə dərin həqiqətlər açırdı ki, mən çıxılmaz vəziyyətdə qalırdım və başa düşə bilmirdim ki, ömründə heç bir şey oxumamış, heç vaxt təhsil almamış bu adam bu şeyləri necə dərk etmişdir. Mən ona çox minnətdaram. – B. əlavə edirdi, – mən özümün belə təkmilləşməyim üçün ona və onun məsləhətlərinə çox minnətdaram. O ki qaldı mənim özümə, – deyə B. davam edirdi, – mən özüm barədə arxayın idim. Mən də incəsənəti dərin ehtirasla sevirdim, özüm də həyat yolumun lap başlanğıcından bilirdim ki, mənə çox şey lazım deyil, mən sözün əsl mənasında, incəsənətdə qara fəhlə olacağam: lakin mən onunla fəxr edirəm ki, təbiətin mənə bəxş etdiyini tənbəl bir qul kimi torpağa gömməmişəm, əksinə, çalışıb onu yüz qat artırmışam. İndi əgər mənim çalğımdakı aydınlığı tərifləyirlərsə, çalğı texnikamın yüksəkliyinə təəccüblənirlərsə, bunun səbəbi mənim dinclik bilmədən əbədi zəhmətim, öz qüvvəmə yaxşı bələd olmağım, könüllü surətdə özümü qurban verdiyim vaxtından əvvəl özündən razı qalmağı və özündən müştəbehliyin təbii məhsulu olan tənbəlliyə qarşı düşmən kəsildiyimdir».
B. öz növbəsində ilk vaxtlarda tabe olduğu yoldaşına xeyirli məsləhətlər verməyə çalışırmışsa da, nahaq yerə onu hirsləndirirdi. Onların arası get-gedə soyuyurdu. Bir qədərdən sonra B. görür ki, onun yoldaşı ket-kedə daha tez-tez biganə olur, kədərlənib darıxır, əvvəlki həvəs get-gedə daha az görünür, hətta iş o yerə gəlib çatır ki, bunlardan sonra qorxunc və dəhşətli bir ümidsizlik başlanır. Nəhayət, Yefimov skripkasından uzaqlaşmağa başlayır. Hətta həftələrlə ona əl dəymir. Onun tamamilə düşkünləşməsinə çox az qalır və tezliklə bədbəxt bütün çirkinliklər içərisində batıb qalır. Mülkədarın ona xəbərdarlıq edib dediyi sözlər düz çıxır: o, hədsiz dərəcədə içməyə başlayır. B. onun bu hərəkətlərindən dəhşətə gəlmişdi. Verdiyi məsləhətlər də təsir göstərmirdi. Bir də ki, o, söz deməyə də qorxurdu. Get-gedə Yefimov lap həyasızlaşır, o, B-nin hesabına yaşamaqdan heç utanmırdı. Hətta bəzən özünü elə aparırdı ki, guya buna tam ixtiyarı vardı. Bu minval ilə onların pulu yavaş-yavaş qurtardı. B. musiqi dərsləri verməklə, ya da tacirlərin, almanların, yoxsul məmurların məclislərində çalmaqla birtəhər gününü yola verirdi. Bu adamlar az da olsa heç olmasa pul verirdilər. Yefimov sanki yoldaşının necə ehtiyac içində yaşadığını hiss etmək istəmirdi; o, yoldaşı ilə çox sərt davranır, bəzən həftələrlə onunla kəlmə kəsmirdi. Bir gün B. çox mülayim tövrdə ona deyir ki, çalğını yadırğamamaq üçün skripkasından belə uzaq gəzməsin; Yefimov bu sözlərdən hirslənərək deyir ki, acıqca bundan sonra skripkasını çalmayacaq. Elə təsəvvür edir ki, ayaqlarına düşüb ona yalvaran olacaq. Başqa bir vaxt məclisdə çalmaq üçün B-yə bir yoldaş lazım olur. O, Yefimovu dəvət edir. Yoldaşının bu dəvəti Yefimovu bərk qəzəbləndirir. O, qeyzlə bildirir ki, küçə çalğıçısı deyil və B. kimi alçalmaq, onun məharətini və istedadını başa düşməyən alçaq usta-mustaların qarşısında çalmaq istəmir. B. yoldaşının bu sözlərinə cavab vermir. Lakin yoldaşı gedəndən sonra Yefimov fikirləşib özlüyündə belə bir qənaətə gəlir ki, bu təklif onun B-nin hesabına yaşadığına eyhamdır, guya bildirmək istəyir ki, o da pul qazanmağa cəhd göstərməlidir. B. qayıdandan sonra Yefimov onu alçaq hərəkətdə məzəmmət etməyə başlayır və deyir ki, bundan sonra bir dəqiqə də onunla bir yerdə qalmayacaqdır. Doğrudan da, iki gün hara isə yoxa çıxır, lakin üçüncü gün yenə də heç bir şey olmamış kimi, qayıdıb əvvəlki həyatını davam etdirir.
Yalnız neçə vaxtdan bəri adət və dostluq etdiyindən, bir də ki, onun bu məhv olmuş insana rəhmi gəldiyindən bu biabırçı həyata son qoymağa və yoldaşından birdəfəlik ayrılmağa B-nin ürəyi gəlmir. Nəhayət, onlar ayrılırlar. B-nin bəxti gətirir: o, haradansa özünə nüfuzlu bir hami tapır və gözəl konsert verir. Bu vaxt artıq o, mahir bir artist idi, tezliklə artan şöhrəti ona opera teatrının orkestrində işə girməyə imkan verir. Orada tamamilə əsaslı olaraq müvəffəqiyyət qazanır. Yefimovdan ayrılarkən ona pul verir və ağlaya-ağlaya xahiş edir ki, ətəyindən daşı töküb düz yola qayıtsın. B. indi də onu xatırlayanda mütəəssir olurdu. Yefimovla tanışlığı onun gənclik dövrünün ən dərin təəssüratlarındandı. Onların ikisi də sənət aləminə eyni vaxtda atılmışdılar, bir-birinə möhkəm bağlanmışdılar. Hətta Yefimovun ən kobud və kəskin nöqsanları B-nin ona daha möhkəm bağlanmasına səbəb olmuşdu. B. onu başa düşür. B. Yefimovun üzünə baxanda nə cür adam olduğunu görür, onun aqibətinin necə olacağını hiss edirdi. Onlar ayrılarkən qucaqlaşıb ağlayırlar. Yefimov göz yaşları tökərək hıçqıra-hıçqıra deyir ki, o məhv olmuş bədbəxt bir insandır, bunu özü də çoxdan başa düşmüşdür, indi isə tam aydınlığı ilə dərk edir.
– Mənim istedadım yoxdur! – o, meyit kimi ağararaq bildirir.
Yoldaşının bu sözləri B.-yə bərk təsir edir.
– Qulaq as, Yeqor Petroviç, – o, yoldaşına müraciət edir, – gör bir sən öz başına nələr gətirirsən? Axı sən bu ümidsizliyinlə özünü məhv edirsən. Səndə nə hövsələ, nə də mərdlik var. İndi ümidsizliyə qapılıb deyirsən ki, istedadın yoxdur. Doğru deyil! İstedadın var, mən səni əmin edirəm. İstedadın var. Mən bunu sənin musiqini necə hiss edib başa düşdüyündən görürəm. Sənin istedadlı olduğunu öz həyatınla sənə sübut edə bilərəm. Axı sən öz keçmiş həyatını mənə danışmısan. O vaxt da qeyri-şüuru olaraq, bu ümidsizlik səni təqib edirmiş. Onda sənin ilk müəllimin, haqqında mənə çox danışdığın o qəribə adam istedadını görüb, ilk dəfə səndə incəsənətə məhəbbət oyatmışdı. Sən bunu onda da indiki kimi böyük bir qüvvə və ağırlıqla hiss etmişdin. Ancaq o vaxt sən qəlbində nələr baş verdiyini dərk eləmirdin və nə istədiyini özün də başa düşmürdün. Təəssüf ki, müəllimin çox vaxtsız öldü. O səni qeyri-müəyyən arzularla qoyub getdi. Başlıcası da odur ki, sənin necə bir adam olduğunu sənin özünə də anlada bildi. Sən hiss edirdin ki, sənə başqa, daha geniş bir yol lazımdır, sən başqa məqsədlərə xidmət eləməlisən, ancaq bunun üçün nə etmək lazım gəldiyini başa düşmürdün. Buna görə də qüssədən o vaxt səni əhatə edən mühitə nifrət bəsləyirdin. Sənin altı il çəkdiyin yoxsulluq və dilənçilik əbəs yerə keçməmişdir. Sən oyrənirdin, fikirləşirdin, özünü və öz qüvvəni dərk edirdin, indi isə sən həm incəsənəti, həm də öz vəzifələrini başa düşürsən. Dostum, bunun üçün səbir və mətanət lazımdır. Səni məndən də parlaq bir tale gözləyir: sən məndən yüz qat artıq sənətkarsan, ancaq kaş allah mənim səbrimin onda birini sənə verəydi. Sənin o mərhəmətli mülkədarın demişkən, öyrən və içki içmə, başlıcası isə – təzədən, lap əlifbadan öyrən. Sənə əzab verən nədir? Yoxsulluq, dilənçilik? Onu bil ki, sənətkarı yaradan yoxsulluq və dilənçilikdir. Onlar əzəldən əkizdir. Sən hələlik indi heç kimə lazım deyilsən, heç kim səni tanımaq istəmir; dünyanın işi belədir. Bir dayan, hələ gör, sənin istedadını duyan kimi nələr olacaq. Paxıllıq, ən xırda alçaqlıqlar, insanların axmaqlığı isə səni dilənçilikdən daha artıq sıxacaqdır. İstedad rəğbət tələb edir, istedad tələb edir ki, onu başa düşsünlər. Amma sən öz məqsədinə bir balaca çatan kimi necə simaların səni əhatə etdiyini görəcəksən. Onlar sənin ağır zəhmət, məhrumiyyət, aclıq, yuxusuz gecələr bahasına qazandığın bir şeyi heç yerinə qoyacaqlar, ona nifrətlə baxacaqlar. Onlar, sənin gələcək yoldaşların, səni həvəsləndirməyəcək, sənə təskinlik verməyəcəklər: onlar sənə xas olan yaxşı cəhətləri göstərməyəcəklər, əksinə, məhz səndəki pis cəhətləri qeyd edəcək, səhvlərini gözə soxacaqlar, zahiri soyuqqanlılıq pərdəsi altında və nifrətlə sənin hər səhvini görüb toy-bayram edəcəklər (dünyada səhvi olmayan kimdir?). Amma sən ötkəmsən, çox vaxt yersiz qürurunu göstərirsən. Buna görə də miskin və xudpəsənd bir adamı təhqir edə bilərsən, onda bədbəxtçilik üz verəcək– sən tək olacaqsan, onlar çox; onlar səni didim-didim edəcəklər. Mən də bunu öz üzərimdə hiss edirəm. Özünə toxtaqlıq ver! Sən o qədər də yoxsul deyilsən, yaşaya bilərsən, qara işə xor baxma, elə zənn elə ki, çalmırsan, odun yarırsan, mən yoxsul ustaların məclislərinə gedib çalmaq əvəzinə odun yarmırdım?! Ancaq sən səbirsizsən, bu səndə bir xəstəlikdir, səndə sadəlik də azdır. Həddən artıq hiylə işlədirsən, həddən artıq fikirləşirsən, beyninə çox zəhmət verirsən; dildən acısan, ancaq kamanı ələ götürmək lazım gələndə canına qorxu düşür. Xudpəsəndsən, ancaq cürətin azdır. Cürətli ol, gözlə, öyrən, əgər öz qüvvənə etibarın yoxdursa, onda bəxtəbəxt get; səndə ehtiras, hiss vardır. Bəlkə də məqsədinə çatdın, çatmasan da bəxtinə güvən: hər nə olursa-olsun uduzmazsan, əksinə, uduşun çox böyük olacaq. Bu işdə, qardaş, bəxt böyük məsələdir!
Yefimov oz keçmiş dsstuna dərin hisslə qulaq asır. Lakin o danışdıqça onun rəngi yavaş-yavaş özünə qayıdır, yanaqlarına qızartı çökür; onun gözlərində qeyri-adi bir cürət və ümid qığılcımı parlayır. Tezliklə bu nəcib cürət hissi müştəbehliyə çevrilir, sonra adi ötkəmlik olur, nəhayət, B. məsləhətini qurtarana yaxın artıq Yefimov ona yaxşı qulaq asmır və səbirsizlik göstərir. Buna baxmayaraq, o, yoldaşının əlini möhkəm sıxır, ona təşəkkür edir və adəti üzrə dərin özünütənqid və ümidsizlikdən asanlıqla ifrat təkəbbür və kobudluğa keçərək, lovğalıqla bildirir ki, dostu onun taleyindən nigaran qalmasın, o öz gələcəyini necə qurmağı yaxşı bilir və ümidvardır ki, tezliklə özünə bir hami tapıb konsert verəcək və beləliklə də birdən-birə həm şöhrət, həm də pul qazanacaq. B. çiyinlərini çəkib keçmiş dostuna etiraz etmir( onlar ayrılırlar. Ancaq şübhəsiz, bu ayrılıq uzun çəkmir. Yefimov yoldaşından aldığı pulları tezliklə xərcləyib qurtarır, sonra pul almaq üçün ikinci dəfə onun yanına gəlir, bundan sonra üçüncü dəfə, sonra dördüncü dəfə, sonra da onuncu dəfə gəlməli olur, nəhayət B.-nin hövsələsi tükənir və bir dəfə gələndə tapşırır desinlər ki, evdə yoxdur. O vaxtdan sonra B. yoldaşını daha görmür.
Bir neçə il keçir. Bir dəfə B. məşqdən qayıdarkən döngələrin birində üfunətli bir meyxananın qapısında pis geyimli, kefli bir adamla rastlaşır. Bu adam onu adı ilə çağırır. Bu, Yefimov idi. O, çox dəyişmiş, saralmış, sifəti şişmişdi; bu yaramaz həyat onun sifətinə silinməz bir damğa vurmuşdu. B. onu görəndə çox sevinir. Heç iki kəlmə söz danışmamış Yefimov ona meyxanaya dartır, o da yoldaşının dalınca içəri girir. O, içəridə küncdəki kiçik və hisli bir otaqda yoldaşını yaxından gözdən keçirir. O, demək olar ki, çır-cındır içindəydi, ayaqqabıları cırıq idi, didim-didim olmuş döşlüyü tamam çaxıra bulanmışdı. Başı ağarmağa başlamış, tükləri tökülmüşdü.
B. ondan soruşur:
– Sənə nə olub? İndi sən harda yaşayırsan?
Yefimov pərt olur, hətta əvvəlcə bir qədər özünü itirir, rabitəsiz və qırıq-qırıq cavab verir. B.-yə elə gəlir ki, Yefimov ağlını itirib. Nəhayət, Yefimov etiraf edir ki, əgər ona araq verməsələr, heç bir şey danışa bilməyəcək. Bu meyxanada artıq neçə vaxtdır ki, ona etibar etmirlər. Bu sözləri deyəndə o qızarır və əlinin cəld bir hərəkəti ilə özünə ürək vermək istəyir, lakin bu hərəkət çox ədəbsiz, süni və yersiz görünür. Belə ki, bu çox acınacaqlı görünüb mərhəmətli B.-nin qəlbində özünə rəğbət hissi oyadır. O görür ki, ehtiyat etdiyi şey həqiqətə çevrilib. Buna baxmayaraq, araq gətirtdirir. Yefimovun minnətdarlıq hissindən sifətinin ifadəsi də dəyişir. Özünü elə itirir ki, ağlamsınıb öz hamisinin əlini öpmək istəyir. Yemək zamanı B. öyrənir ki, bu bədbəxt evlidir. O, çox təəccüblənir. Ancaq onun bu bədbəxtliyinə və dərdinə arvadı bais olduğunu, evləndikdən sonra istedadının tamam söndüyünü eşidəndə B. daha da təəccüblənir.
– Axı bu neçə olub? – B. ondan soruşur.
– Mən, qardaş, iki ildir ki, əlimə skripka almıram. Arvadım aşpazdır, savadsızdır, kobuddur. Eh, onu görüm!..
İşimiz, peşəmiz, savaşmaqdır, əlimizdən başqa iş gəlmir.
– İndi ki belə idi, onda niyə evlənirdin?
– Yeməyə bir şeyim yox idi. Tanış oldum; min manatacan pulu vardı; mən də gözümü yumub evləndim. Axı o mənə vurulmuşdu. Özü yaxamdan əl çəkmədi. Kim onu məcbur eləyib! Pullar da xərcləndi, içkiyə verildi, qardaş, daha nə istedadbazlıqdır! Hər şey məhv olub getdi!
B. görür ki, Yefimov nə isə onun qarşısında özünü doğrultmağa tələsir.
– Hər şeyi, hər şeyi tullamışam, – o əlavə edir. Söhbət bu yerə çatanda o, yoldaşına deyir ki, son zamanlar, demək olar ki, çalmağı mükəmməl öyrənmişdir. Hətta B.-nin şəhərdə ən birinci skripkaçılardan sayılmasına baxmayaraq, istəsə elə eləyər ki, heç onun əlinə su tökməyə də yaramaz.
– Bəs onda sənə nə mane olur? – B. təəccüblə soruşur. – Onda özünə bir yer axtaraydın da!
– Mənası yoxdur, – Yefimov əlini yelləyir. – Axı, orda sizin hansınız bir şey qanırsınız? Siz nə bilirsiniz? Əlinizdən nə gəlir ki! Baletdə-maletdə bir oyun havası dınqıldadırsınız, vəssalam. Siz əslində nə yaxşı skripkaçı görmüsünüz, nə də eşitmisiniz. Sizə nə baş qoşum: öz əliniz, öz başınız!
Yefimov yenə əlini yelləyib oturduğu yerdə səndələyir, çünki keflənmişdi. Sonra o, B.-ni öz evlərinə aparmaq istəyir; ancaq B. boyun qaçırır, onun ünvanını götürüb, söz verir ki, sabah hökmən gələcək. Yefimov artıq tox olduğundan öz keçmiş yoldaşına istehza ilə baxır və çalışır ki, bir vasitə ilə onu sancsın. Onlar ayağa qalxıb getmək istəyəndə Yefimov B.-nin bahalı xəzdən tikilmiş kürkünü götürüb, aşağı pillədə duran bir adam kimi ona təqdim edir. Onlar meyxananın qabaq otağından keçəndə Yefimov dayanıb B.-nin bütün paytaxtda birinci və yeganə skripka çalan kimi meyxana xidmətçilərinə və camaata təqdim edir. Bir sözlə – bu dəqiqədə o özünü son dərəcə çirkin aparır.
Buna baxmayaraq, ertəsi gün səhər B. onu bizim hamımızın son dərəcə yoxsul bir vəziyyətdə yaşadığımız çardaqda axtarıb tapdı. O vaxt mənim dörd yaşım vardı. Artıq iki il idi ki, anam Yefimova ərə getmişdi. O, çox bədbəxt qadın idi. Əvvəllər o, mürəbbiyə idi, yaxşı təhsil almışdı, özü də göyçək idi. Yoxsul olduğu üçün qoca bir məmur olan atama ərə getmişdi. Onunla cəmi bir il yaşamışdı. Atam qəflətən öləndən sonra, onun qoyduğu az varidat varislər arasında bölünmüşdü, anam onun payına düşən bir qədər pulu götürüb mənimlə tək qalmışdı. Əliuşaqlı olduğu üçün təzə mürəbbiyə yeri tapmaq çətin idi. Bu vaxt o, təsadüfən Yefimovla rastlaşmış və doğrudan da ona vurulmuşdu. Anam çox çalışqan, xəyalpərvər bir adam idi. Yefimovun simasında bir dahi görürdü, onun parlaq gələcək haqqında gurultulu sözlərinə inanmışdı; dahi bir insanın dayağı, rəhbəri olmaq kimi şərəfli bir tale xəyalı izzət-nəfsini oxşadığı üçün ona ərə getmişdi. Elə birinci ay onun bütün arzu və ümidləri puça çıxmışdı. Onun gözləri qarşısında acı bir həqiqət açılmışdı. Yefimov, həqiqətən anamla onun min manata qədər pulu olduğu üçün evlənmişdi və bu pullar qurtarana kimi boş-bekar oturub, əlini ağdan qaraya vurmamışdı. Sonra da deyəsən əlinə bəhanə düşdüyündən sevinirdi, kimə rast gəlirdisə, deyirdi ki, evlənməyi onun istedadını məhv etmişdir. O, ağır havalı otaqda, ac ailəsi ilə üzbəüz oturub işləyə bilmir, belə bir vəziyyətdə mahnı və musiqi yadına düşmür, axır sözü də bu oldu ki, görünür, bu bədbəxtlik anadan olanda alnına yazılmışdır. Deyəsən, sonralar özü də bu sözlərə inanıb təzə bəhanə tapdığına sevinirdi. Sanki bu bədbəxt, istedadı sönmüş adam zahiri bir təsadüf axtarırdı ki, öz uyğunsuzluq və çətinliklərini onun üstünə yıxa bilsin. Özünün incəsənət üçün artıq çoxdan və birdəfəlik məhv olması kimi dəhşətli bir fikirlə, xəstəlikdən doğan sayıqlama kimi, bütün qüvvəsi ilə mübarizə aparırdı. Nəhayət, həqiqət güc gələn məqamlarda, gözləri açılan dəqiqələrdə hiss edirdi ki, dəhşətdən dəli olmaq dərəcəsinə çatmışdır. O, uzun müddət həyatının mənasını təşkil edən bir şeyin artıq məhv olduğuna belə asanlıqla inanmaq istəmir, son dəqiqəyədək elə fikirləşirdi ki, hələ gec deyil. Şübhələndiyi vaxtlarda əyyaşlığa qurşanır, əyyaşlıq eybəcər bayğınlıq içində dərdini unudurdu. Bir də ki, ola bilsin, o vaxt arvadının ona necə lazım olduğunu heç özü də yaxşı başa düşmürdü. O, canlı bir bəhanə idi. Doğrudan da, bu fikri atalığımı az qala dəli edəcəkdi, ona elə gəlirdi ki, onu məhv edən arvadını basdırandan sonra hər şey yenə öz yoluna düşəcəkdir. Yazıq anam onu başa düşə bilmirdi. O, xəyalpərvər bir adam olduğu üçün onlara düşmən kəsilmiş varlığa ilk addımdan dözə bilmədi: o, dəymədüşər, acıdil, deyingən oldu, dəqiqəbaşı əri ilə savaşırdı, elə hey qovurdu ki, get işlə, əri isə elə bil onu incitməkdən həzz alırdı. Lakin anamın dəlisovluğu atalığımın gözlərini pərdələmişdi, o demək olar ki, hissiz və rəhmsiz bir adam olmuşdu. Buna görə də elə hey gülür və and içirdi ki, arvadı ölməyincə əlinə skripka almayacaq, bu sözləri də amansızcasına arvadının üzünə deyirdi. Anam bütün bu işgəncələrə, atalığımı ömrünün sonunadək ehtirasla sevsə də, dözə bilmədi. O, həmişə xəstə olurdu. Həmişə əziyyət çəkirdi. Daima əzab içində yaşayırdı. Hələ bu dərddən əlavə ailənin çörək pulunu çıxartmaq kimi ağır bir qayğı da onun üzərinə düşmüşdü. Anam bu məqsədlə aşpazlıq eləməyə başladı. O, əvvəlcə yeməyə gələn adamlar üçün xörək hazırlayırdı. Ancaq əri altdan-altdan onun pullarını götürürdü. Buna görə də arvad çox vaxt yemək bişirtdirən adamların göndərdiyi qabları boş qaytarmalı olurdu. B. bizə gələndə anam paltar yumaq və köhnə paltarları boyamaqla məşğul idi. Beləliklə, biz çardaqda birtəhər gün keçirirdik.
Bizim bu dilənçi vəziyyətimiz B.-ni sarsıtdı.
– Buna bax, sənin dediklərin hamısı boş şeymiş, – o, atalığımı məzəmmət elədi, – sənin istedadını bu niyə öldürür? O ki sənə çörək verir, bəs sən nə eləyirsən?
– Eh, heç nə! – atalığım cavab verdi.
Ancaq B. anamın çəkdiyi əziyyətlərin hamısını bilmirdi. Atalığım evə gələndə çox vaxt yanınca bir dəstə dələduz və davakar da gətirirdi. Onda görəydin ki, evdə nələr olurdu!
B. öz keçmiş yoldaşını xeyli dilə tutdu, onu başa salmağa çalışdı, nəhayət, ona dedi ki, əgər düzəlmək istəməsə onda ona heç bir köməklik etməyəcəkdir; açıq-açığına dedi ki, ona pul verməyəcək, çünki pulları aparıb içəcək, nəhayət, xahiş etdi ki, ona nə kimi bir iş tapmaq lazım olduğunu bilmək üçün, skripkada bir şey çalsın. Atalığım skripkasını gətirməyə gedəndə B. xəlvəti anama pul vermək istədi, ancaq o götürmədi. Çünki həyatında ilk dəfə sədəqə götürməli olurdu! Onda B. pulları mənə verdi. Yazıq arvad hönkürtü çəkib ağladı. Atalığım skripkasını gətirdi, ancaq dedi ki, əvvəlcə araq gəlsin, araqsız çala bilməyəcək. Araq gətirdilər. O içib açılışdı.
– Keçmiş dostluğumuz xatirinə sənə oz əsərlərimdən birini çalacağam, – o, kamodun altından üstünü toz basmış qalın bir dəftər çıxartdı. – Bunların hamısını özüm yazmışam, – dəftəri göstərdi. – İndi görərsən! Bu, qardaş, sizin o baletlərdən deyil!
B. bir söz demədən dəftərin bir neçə səhifəsini nəzərdən keçirtdi: sonra yanındakı notları açıb atalığımdan xahiş etdi ki, öz əsərlərini bir tərəfə qoyub, onun gətirdiyi notlardan bir şey çalsın.
Atalığım bir qədər incisə də bu yeni himayədarından əli üzüləcəyindən qorxaraq, B.-nin sözünə əməl elədi. B. gördü ki, keçmiş yoldaşı evləndiyi gündən əlinə skripka almadığını deyib lovğalansa da, əslində çoxlu məşq etmiş və xeyli şey öyrənmişdi. Gərək o vaxt yazıq anamın necə sevindiyini görəydiniz. O, ərinə baxır və yenidən onunla fəxr edirdi. Mərhəmətli B. ürəkdən sevindi, atalığıma iş tapmaq qərarına gəldi. O vaxt onun böyük imkanı vardı, atalığımı istədiyi işə düzəldə bilərdi. Ona görə də atalığımdan əvvəlcə özünü yaxşı aparmağı barədə söz aldı, öz yoxsul yoldaşını işə düzəltməyə girişdi. Hələlik öz hesabına onun əyin-başını düzəltdi və bəzi məşhur adamların yanına apardı. Çünki iş bu adamlardan asılı idi. Məsələ burasında idi ki, Yefimov ancaq üzdə lovğalanırdı, əslində isə öz köhnə dostunun təklifini böyük sevinclə qəbul etmişdi. B. danışırdı ki, atalığım onun mərhəmətindən məhrum olacağından qorxaraq çalışırmış ki, ona yaltaqlansın. Alçaqcasına pərəstiş göstərsin. B. onun bu ədalarını görəndə özlüyündə xəcalət çəkirmiş. Atalığım başa düşürdü ki, onu yola çəkirlər, hətta içməyi də tərgitmişdi. Nəhayət, ona teatr orkestrində yer tapdılar. O bir ay səylə çalışıb il yarım işsiz qaldığı müddətdə itirdiyi çalğı qabiliyyətini yenidən bütünlüklə bərpa etdiyi üçün imtahandan yaxşı çıxdı və söz verdi ki, gələcəkdə də səylə çalışacaq, yenə vəzifəsini yaxşı və səliqə ilə yerinə yetirəcək. Ancaq ailəmizin vəziyyəti yaxşılaşmadı. Atalığım aldığı maaşdan bir qəpik də olsun anama vermirdi, hamısını özü xərcləyir, təzə tapdığı dostları ilə yeyib-içirdi. Dostlar da bir dəstə idi. O, əsas etibarilə teatr xidmətçiləri ilə, xorda oxuyanlarla, rəqs edənlərlə, bir sözlə, əsl mənada istedadlı olmayan özündən aşağı adamlarla oturub-dururdu. O, bu adamlarda özünə hörmət oyada bilmişdi, o saat onların beynini doldurmuşdu ki, hələ özünü tanıtdıra bilməmişdir, guya o, böyük istedad sahibidir, onu arvadı bu günə salmışdır. Bundan başqa deyirdi ki, kapelmeysterlərinin musiqidən başı çıxmır. O, orkestrin artistlərini ələ salır, göstərilən pyesləri məsxərəyə qoyur, axırda operaların müəlliflərini də dolayırdı. Nəhayət, o yeni bir musiqi nəzəriyyəsi ortalığa çıxartdı, bir sözlə, bütün orkestrin zəhləsini tökdü, yoldaşları ilə savaşıb küsdü, kapelmeysterlə də arası dəydi, teatrın müdiriyyətinə qarşı kobudluq elədi, beləliklə də ən narahat, boşboğaz, eyni zamanda miskin və mənasız bir adam kimi ad qazandı, axırda iş o yerə çatdı ki, heç kim onun bu hərəkətlərinə dözə bilmədi.
Doğrudan da, belə bir əhəmiyyətsiz, pozğun, lazımsız ifaçının və tənbəl musiqiçinin bu dərəcədə iddialı, lovğa, özündən müştəbeh və kobud adam olması, son dərəcə təəccüblü görünürdü.
Axırda iş o yerə gəlib çatdı ki, atalığım B. ilə də savaşıb küsdü. Onun haqqında iyrənc bir şayiə uydurub bir həqiqət kimi camaat arasında yaydı. Nəhayət, altı aylıq intizamsız xidmətdən sonra onu öz vəzifəsinə səhlənkarlıq və işə kefli gəlmək üstündə orkestrdən çıxartdılar. Lakin o, öz iş yerindən tezliklə əl çəkmədi. Bir azdan onu yenə əvvəlki cır-cındır paltarda gördülər. Çünki yaxşı paltarların hamısını satmış və girov qoymuşdu. O, yenə də keçmiş iş yoldaşlarının yanına gəlir, onlar bu qonağın gəlişinə sevinsələr də, sevinməsələr də, müxtəlif qiybət qırır, ağzına gələni danışır, öz güzəranından şikayətlənir, hamını evlərinə dəvət edirdi ki, gəlib onun yaramaz arvadını görsünlər. Əlbəttə, ona qulaq asan adamlar tapılırdı, hətta elə adamlar da vardı ki, işdən qovulmuş yoldaşlarını içirib ağzına gələni danışdırmaqdan həzz alırdılar. Bir də ki, o həmişə kəskin və ağıllı danışırdı. Öz sözlərinə acı istehza ilə baxırdı və müəyyən xasiyyətli dinləyicilərin xoşuna gələn müxtəlif ədəbsiz ədalardan çıxırdı. Ona dəlisov bir təlxək kimi baxırdılar və bəzən bekarçılıqdan danışdırıb həzz alırdılar. Onun yanında gəlmə bir skripkaçıdan söz salıb tərifləməklə onu hirsləndirməyi də sevirdilər. Yefimov bunu eşidəndə sir-sifəti dəyişir, özünü itirirdi. Tez soruşurdu ki, kim gəlib və bu yeni istedad kimdir. O dəqiqə bu şöhrət qazanmış adama paxıllığı tuturdu. Deyəsən, onun həqiqətən müntəzəm dəliliyi – heç olmasa Peterburqda birinci skripkaçı olduğu, lakin bəxtinin gətirmədiyi, müxtəlif çəkişmələrə düşüb incidildiyi, buna görə də şöhrət qazana bilmədiyi dəyişməz ideyası elə o vaxtdan başlanmışdı. Sonuncu məsələ hətta onun izzət-nəfsini oxşayırdı, çünki elə adamlar var ki, özlərini incidilmiş və zülm edilmiş saymağı çox sevirlər, özlərinin başqaları tərəfindən təsdiq edilməmiş böyüklüklərinə sitayiş edərək, bu barədə ucadan şikayətlənir, ya da daxildə özlərinə təskinlik verirlər. O, Peterburqun bütün skripkaçılarını adbaad tanıyırdı və özlüyündə onların heç birini özünə bərabər tutmurdu. Bu bədbəxt dəlisovu tanıyan musiqiçilər və musiqi həvəskarları onun yanında tanınmış, istedadlı bir skripkaçıdan söz salmağı və beləliklə də onu danışmağa məcbur etməyi sevirdilər. Onlar Yefimovun hirslənməsini, onun acı sözlərini sevirdilər, onun öz uydurma rəqiblərini tənqid edərək dediyi qiymətli və ağıllı sözəri xoşlayırdılar. Çox vaxt onu başa düşməsələr də əmin idilər ki, dünyada heç kəs dövrün məşhur musiqi xadimlərinin karikaturasını onun qədər məharətlə və qabarıq çəkə bilmir. Hətta onun ələ saldığı artistlər də bir qədər ondan qorxurdular, çünki onun acıdilliyini bilir, hücumlarının haqlı olduğunu dərk edirdilər. Bilirdilər ki, birini pisləmək lazım gələndə onun mülahizələri həmişə düz olur. Artıq onu teatrın koridorlarında və səhnə arxasında görməyə alışmışdılar. Teatr xidmətçiləri onu lazımlı bir adam kimi sözsüz-sovsuz hər yerə buraxırdılar. Buna görə də o, bir nov ev Fersiti olmuşdu. Bu həyat iki, ya üç il davam etdi; nəhayət o, sonuncu rolunda da hamının zəhləsini tökdü. Bundan sonra onu rəsmi surətdə qovdular. Daha son iki ildə atalığım elə bil yoxa çıxmışdı. Onu daha heç yerdə görən olmadı. Bircə B. ona iki dəfə rast gəlmişdi. Özü də onu elə acınacaqlı vəziyyətdə görmuşdü ki, yenə də rəhm nifrət hissinə qalib gəlmişdi. O, atalığımı səsləmişdi. Ancaq atalığım ondan incimiş, özünü eşitməməzliyə vurub, əzilib görkəmini itirmiş köhnə şlyapasını gözlərinin üstünə basaraq ötüb-keçmişdi. Nəhayət, böyük bayramların birində səhər-səhər B.-yə xəbər verirlər ki, keçmiş yoldaşı Yefimov onu təbrik etməyə gəlmişdir. B. onun qabağına çıxır. Yefimov kefli halda əyilib təzim edir, az qala onun ayaqlarına düşmək istəyirdi. Dodaqlarını tərpədib nə isə demək istəyirdi. B. onu nə qədər içəri dəvət edirdisə də, inad edib otağa getmək istəmirdi. O öz hərəkəti ilə demək istəyirdi ki, yəni bizim kimi istedadsız adamlara sizin kimi adlı-sanlı şəxsiyyətlərlə oturub-durmaq nə yaraşır, bizim kimi dənə-dünə adamlara nökər yeri də bəs eləyər ki, bayramınızı təbrik edə bilək, baş əyib çıxıb gedək. Bir sözlə, onun hərəkətləri çox ədəbsiz, axmaq və son dərəcə iyrənc idi. O vaxtdan etibarən B. uzun müddət, bu kədərli, iztirablı və əyyaş həyatın faciə ilə nəticələndiyi günə qədər onu görməmişdi. Bu həyat dəhşətlə nəticələndi. Bu fəlakət nəinki mənim uşaqlıq illərimin ilk təəssüratı ilə, hətta mənim bütün həyatımla sıx bağlıdır. Bu hadisə belə baş verdi… Ancaq əvvəlcə mən uşaqlıq dövrümü, ilk təəssüratımda belə əzablı izlər buraxan və bədbəxt anamın ölümünə səbəb olan həmin adamın mənim üçün nə dərəcədə əhəmiyyətli olduğunu izah etməliyəm.
II
Mən öz həyatımı çox gec, yalnız doqquz yaşımdan xatırlamağa başlamışam. Bilmirəm, nədənsə, o vaxta qədər başıma gələnlər barədə məndə heç bir aydın təsəvvür qalmamışdır ki, onları indi xatırlaya bilim. Ancaq doqquz yaşında olan vaxtdan mən hər şeyi tam aydınlığı ilə xatırlayıram, sonralar nə olubsa, hamısı elə bil dünən olmuşdur. Əvvəl olanları da mən yuxu kimi xatırlaya bilirəm: misal üçün otağın qaranlıq küncündəki ikonanın qabağında işıqlanan buxurdanı; bir dəfə küçədə atın məni necə basdığını xatırlayıram. Sonralar mənə danışırdılar ki, xəstələnib üç ay yatmışam; bir də ki, bu xəstəlik zamanı anamla bir yerdə yatarkən gecələr yuxudan ayılmağımı, pis yuxu görəndə gecənin sakitliyindən necə vahimələndiyimi, evin küncündə döşəməni cırmaqlayan siçanların məni neçə qorxutduğunu, bütün gecəni qorxudan əsə-əsə yorğanı başıma çəkib anamı oyatmağa cürət etmədiyimi xatırlayıb belə nəticə çıxarıram ki, hər şeydən çox anamdan qorxurdum. Ancaq özümü xatırlamağa başladığım dəqiqədən mən gözlənilməz bir sürətlə inkişaf etməyə başladım və uşaqlara xas olmayan bir çox təəssürat mənim üçün dəhşətli dərəcədə aydınlıq kəsb etdi. Mənim qarşımda hər şey aydınlaşdı, hər şey fövqəladə bir sürətlə aydın oldu. Mən özümü yaxşı xatırlamağa başladığım dövr məndə çox dərin və kədərli təəssürat buraxmışdır: bu təəssürat sonralar hər gün təkrar olunaraq, günbəgün artırdı: o, mənim valideynlərimlə bir yerdə yaşadığım vaxtda, bununla da mənim bütün uşaqlıq illərimə tutqun və qəribə bir səciyyə vermişdir.
İndi mənə elə gəlir ki, birdən-birə sanki dərin yuxudan oyanmışam (şübhəsiz, o vaxtlar bu məsələ mənə o qədər də təəccüblü görünmürdü). Gözümü açıb özümü alçaq tavanlı, ağır havalı və natəmiz bir otaqda gördüm. Otağın divarlarına bozumtul çirkli rəng çəkilmişdi, küncdə böyük rus peçi vardı: otağın pəncərələri küçəyə yox, qabağındakı binanın damına açılırdı. Pəncərələr yarıq kimi alçaq və enli idi. Pəncərənin içi döşəmədən elə hündür idi ki, yadımdadır, pəncərəyə çıxmaq üçün ayağımın altına stul, skamya qoymalı olurdum: evdə anam olmayanda çıxıb pəncərənin içində oturmağı sevirdim. Otağımızdan şəhərin yarısı görünürdü: biz altı mərtəbəli böyük bir binanın çardağında yaşayırdıq. Otağımızın avadanlığı üzərinə müşəmbə çəkilmiş bir divanın toz və tiftik içində olan qalıqlarından, adi taxtadan qayrılmış stoldan, iki stuldan, anamın yatağından, içinə nə isə qoyulmuş küncdəki balaca şkafdan, bir böyrü üstə əyilmiş kamoddan və didilib tökülmüş kağız şirmadan ibarət idi.
Yadımdadır, şər qarışmışdı; otaqda hər şey səliqəsiz və dağınıq idi: fırçalar, müxtəlif cır-cındır, taxta qablarımız, sınıq şüşə, bilmirəm daha nələr vardı. Yadımdadır anam çox həyəcanlı idi və nəyə görəsə ağlayırdı. Atam da əynində həmişəki cırıq sürtuk, küncdə oturmuşdu. O nə isə anama istehzalı təbəssümlə cavab verirdi. Onun bu hərəkəti anamı daha da hirsləndirirdi. Bunun üçün də fırçalar və qab-qacaq yenə döşəməyə vızıldandı. Mən ağlayıb qışqırdım, onların üstünə yüyürdüm. Bərk qorxduğum üçün anamın atdığı şeylərdən atamı qorumaq niyyəti ilə ona sarıldım. Allah bilir nədənsə mənə elə gəlirdi ki, anam ona nahaq yerə acıqlanır, onun heç bir təqsiri yoxdur; mən onun əvəzinə üzr istəməyə, onun əvəzində hər cür cəza almağa hazırdım. Anamdan bərk qorxduğum üçün mənə elə gəlirdi ki, elə hamı ondan qorxur. Anam əvvəlcə təəccübləndi, sonra qolumdan tutub, şirmanın dalına çəkdi. Əlim çarpayıya toxunub bərk ağrıdı; ancaq qorxu hissi ağrıdan daha üstün olduğu üçün heç üz-gözümü belə qırışdırmadım. Yadımdadır ki, anam ürək ağrısı və qızğınlıqla atama nə isə deyib, məni göstərirdi, (mən bundan sonra da öz hekayətimdə ona ata deyəcəyəm, çünki onun mənə doğma olmadığını xeyli sonra öyrənmişdim). Bu səhnə iki saata qədər davam etdi, mən də intizar içində titrəyərək onun nə ilə qurtaracağını bütün səyimlə bilməyə çalışırdım. Nəhayət, ara soyudu, anam hara isə çıxıb getdi. Atam məni çağırıb öpdü, başımı sığalladı, qaldırıb dizi üstündə oturtdu. Mən nəvazişlə bərk-bərk onun köksünə sıxıldım. Ola bilsin ki, bu valideynlərimdən gördüyüm ilk nəvaziş idi, bəlkə də, həmin gündən hər şeyi belə aydın xatırlamağım elə bu səbəbdəndir. Mən hiss etdim ki, atamın bu nəvazişini ona tərəfdar çıxdığım üçün qazanmışam. Elə bu vaxt, deyəsən ilk dəfə, ağlıma belə bir fikir gəldi ki, o, anamın əlindən çox əzab çəkir, çox dərd çəkir. O vaxtdan etibarən bu fikir başımdan çıxmadı. Günlər keçdikcə məni daha artıq qəzəbləndirdi.
Həmin dəqiqədən qəlbimdə atama qarşı intəhasız bir məhəbbət yarandı. Ancaq bu çox qəribə, özü də deyəsən, heç uşaq hissinə bənzəməyən bir məhəbbət idi. Mən deyə bilərəm ki, bu daha çox rəhmdil ana hissi idi. Bəli, əgər bu uşaq üçün bir qədər gülməli görünməsə, mənim məhəbbətimi belə mənalandırmaq olar. Atam həmişə mənə o qədər acınacaqlı, o qədər zülm çəkmiş, o qədər tapdalanmış, o qədər əziyyət çəkmiş kimi görünürdü ki, onu bütün qəlbimlə sevməmək, ovundurmamaq, ona nəvaziş göstərməmək, bütün qüvvəmlə onun qayğısına qalmamaq mənə son dərəcə qorxunc və qeyri-təbii görünürdü. Ancaq heç indiyə qədər də bilmirəm ki, atam nə üçün mənə bu qədər əzabkeş, dünyada bu qədər bədbəxt adam kimi görünmüşdür. Bu fikri kim mənə təlqin etmişdi? Axı mən uşaq ola-ola onun şəxsi uğursuzluqlarından nə başa düşə bilərdim? Ancaq mən öz xəyalımda onları dəyişdirib başqa cür mənalandırsam da, hər halda başa düşürdüm. Ancaq indinin özünə qədər bu təəssüratın məndə necə yarandığını heç təsəvvür edə bilmirəm. Kim bilir, bəlkə də anam mənə qarşı çox tələbkar olduğundan mən atama bağlanmışdım, çünki mənim fikrimcə atam da mənimlə birlikdə eyni dərəcədə əziyyət çəkən bir məxluq idi.
Mən artıq uşaqlıq yuxusundan ilk dəfə necə oyandığımı, həyatında ilk hərəkətin necə başlandığını danışdım. İlk andan ürəyim yaralanmışdı. Elə buna görə də ağlagəlməz, yorucu bir sürətlə inkişaf etməyə başlamışdım. Mən artıq yalnız zahiri təəssüratla kifayətlənə bilmirdim. Buna görə də fikirləşməyə, mülahizələr yürütməyə və müşahidə etməyə başlamışdım; lakin bu müşahidələr o qədər tez və qeyri-təbii başlanmışdı ki, mən gördüklərimi öz təsəvvürümdə özüm bildiyim kimi dəyişdirməyə bilmirdim, buna görə də birdən-birə nə isə yalnız özümə aid olan bir aləmə düşdüm. Ətrafımda hər şey atamın mənə danışdığı əfsanəvi bir nağılda olan aləmə bənzəyirdi; Atam bu nağılı mənə tez-tez danışardı və mən onun danışdıqlarını bir həqiqət kimi qəbul edirdim. Məndə qəribə anlayışlar meydana çıxdı. Mən çox yaxşı bildim ki, – amma bunun necə olduğunu deyə bilmərəm, – qəribə bir aləmdə yaşayıram və valideynlərim, nədənsə bəzən rast gəldiyim həmin adamlara heç də oxşamırlar. «Nə üçün, – fikirləşirdim, – görəsən, nə üçün zahirən belə valideynlərimə bənzəməyən başqa adamlar görürəm? Nə üçün görəsən mən başqalarının simasında təbəssüm görürdüm və niyə o dəqiqə təəccüblənirdim ki, bizim evdə heç vaxt gülmürlər, heç vaxt sevinmirlər?» Görəsən hansı qüvvə, hansı bir səbəb məni, doqquz yaşlı bir uşağı məcbur edirdi ki, axşamlar əynimdəki cır-cındırın üstünü örtmək məqsədilə anamın sırıqlısını çiynimə atıb mis pullara bir neçə quruşluq qənd, çay və çörək almaq üçün dükana gedəndə evimizin pilləkənində, ya da küçədə rastıma gələn adamlara belə diqqətlə fikir verib, onların hər sözünə qulaq asırdım. Heç özüm də bilmirəm neçə başa düşdüm ki, bizim evdə nə isə əbədi, dözülməz bir dərd vardır. Mən başımı sındırıb onun nə üçün belə olduğunu anlamağa çalışırdım: heç bilmirəm ki, hansı bir qüvvə bu məsələni özüm bildiyim kimi başa düşməyə mənə kömək etdi: mən anamı təqsirləndirirdim, onu atamın zülmkarı hesab edirdim. Yenə də deyirəm: bilmirəm, belə bir dəhşətli fikir mənim təsəvvürümdə haradan yaranmışdı. Buna görə də atama nə qədər bağlanmışdımsa, bir o qədər də bədbəxt anama düşmən kəsilmişdim. Bu şeyləri xatırlayanda indi də dərin və acı bir vicdan əzabı çəkirəm. Ancaq digər bir hadisə də baş verdi. Bu birinciyə nisbətən atamla olan bu qəribə yaxınlığımın daha da artmasına imkan yaratdı. Bir dəfə axşam saat onda anam məni xəmir mayası almaq üçün dükana göndərdi. Atam evdə yox idi. Mən dükandan qayıdanda küçədə yıxıldım və mayanın hamısını dağıtdım. Başıma gələn ilk fikir o oldu ki, anam bilsə yaman hirslənəcək. Bunu da deyim ki, sol əlim bərk ağrıyırdı və yerdən qalxa bilmirdim. Yoldan keçənlər ətrafıma toplaşdı; bir qarı əyilib məni qaldırmağa başladı. Yüyürə-yüyürə yanımdan keçən bir oğlan uşağı isə əlindəki açar ilə başımdan vurdu. Axır ki, birtəhər məni ayağa qaldırdılar. Mən qabın sınıqlarını yığıb ayaqlarımı güclə çəkə-çəkə, səndələyə-səndələyə yoluma davam etdim. Elə bu vaxt atamı gördüm. O, bizimlə üzbəüz olan zəngin bir evin qabağına toplaşmış adamların arasında dayanmışdı. Bu, adlı-sanlı şəxslərdən birinin evi idi. Özü də çox gözəl işıqlandırılmışdı. Artırmanın qabağında xeyli karet dayanmışdı. Pəncərələrdən musiqi səsi gəlirdi. Mən atamın ətəyindən yapışıb qabın sınıqlarını ona göstərdim, ağlaya-ağlaya dedim ki, anamın yanına getməyə qorxuram. Nədənsə, onun məni müdafiə edəcəyinə əmin idim. Ancaq mən buna nə üçün əmin idim, bunu mənə kim demişdi, məni kim öyrətmişdi ki, o məni anamdan daha artıq istəyir? Görəsən nə üçün mən ona qorxmadan yanaşdım? O, əlimdən tutub məni ovundurmağa başladı, sonra dedi ki, mənə nə isə göstərmək istəyir. O, məni əlləri üstdə yuxarı qaldırdı. Mən heç nə görə bilmirdim, çünki o, əzilmiş əlimdən tutduğu üçün bərk ağrıyırdı. Ancaq onun qanını qaralda biləcəyimdən qorxub qışqırmadım. O, elə hey soruşurdu ki, bir şey görürəm, ya yox? Mən də bütün qüvvəmlə çalışıb onu razı salmaq istəyirdim. Buna görə də dedim ki, qırmızı pərdələr görürəm. O məni küçənin o biri tərəfinə, evə daha yaxın bir yerə aparmaq istəyəndə bilmirəm, nədənsə ağlamağa başladım, onu qucaqlayıb yalvardım ki, tez yuxarı, anamın yanına getmək istəyirəm. Yadımdadır, o vaxt atamın nəvazişi mənə çox ağır təsir bağışlayırdı. Mən heç dözə bilmirdim ki, ürəkdən sevmək istədiyim adamlardan biri məni oxşayıb sevir, ancaq mən o birisinə yaxınlaşmağa cürət etmirəm, qorxuram. Ancaq anam, demək olar ki, heç hirslənmədi. Məni yatmağa göndərdi. Yadımdadır ki, qolumun ağrısı get-gedə artırdı, hətta qızdırmam da vardı. Ancaq məsələnin belə asanlıqla qurtarmasına mən xüsusilə sevinirdim. Buna görə də bütün gecəni yuxuda pəncərələrində qırmızı pərdələr olan qonşu evi gördüm.
Səhər də yuxudan oyananda ilk fikrim, ilk qayğım həmin qırmızı pərdəli ev idi. Anam həyətdən çıxan kimi mən cəld pəncərəyə dırmaşıb o evə tamaşa etməyə başladım. Bu ev çoxdan idi ki, mənim uşaqlıq marağımı oyatmışdı və nura qərq olmuş evin pəncərələrindəki lay şüşələr dalından qan kimi xüsusi bir parıltı ilə bərq vuran pərdələrə tamaşa etməyi çox sevirdim. Demək olar ki, həmişə evin artırmasına bəzəkli minik arabaları yanaşırdı. Bu minik arabalarına gözəl, qızğın atlar qoşulmuş olurdu. Hər şey məndə maraq oyadırdı; qışqırıq səsləri, qapının qabağındakı vurnuxma, karetlərin əlvan fənərləri, bu karetlərdə qonaq gələn bəzəkli qadınlar. Bütün bunlar mənim uşaq təsəvvürümdə nə isə şahanə bir dəbdəbə və nağıllardakı əfsanələr kimi qəribə bir şəkil alırdı. Həmin evin qabağında atamla görüşəndən sonra bu ev mənim nəzərimdə daha da qəribə və müəmmalı görünməyə başladı. Mən heyrətdən sarsıldığım üçün təsəvvürümdə nə isə qəribə anlayışlar və fərziyyələr yaranmağa başlayırdı. Mən heç də təəccüb etmirəm ki, həyatda anam və atam kimi qəribə adamlar yaşayır, mənim özüm də belə qəribə və xəyalpərvər uşaq olmuşdum. Onların xasiyyətindəki təzad məni nə isə xüsusilə təəccübləndirirdi. Misal üçün, bizim yoxsul evimizdə anamın həmişə qayğı göstərib çalışması, həmişə hamının yerinə bircə özünün işləyib can yandırdığını deyərək atamı məzəmmət etməsi məni çox təəccübləndirirdi. Buna görə də qeyri-ixtiyari olaraq özümə belə bir sual verirdim: görəsən atam niyə heç ona kömək eləmir, niyə görəsən o özünü bizim evdə yad adam kimi aparır? Anamın dediyi bir neçə söz bu məsələni mənim üçün aydınlaşdırdı və mən atamın artist olduğunu eşidəndə çox təəccübləndim (Bu sözü yadımda saxladım.), guya atam istedadlı adamdır, bu səbəbdən də təsəvvürümdə elə bir anlayış yarandı ki, guya artist nə isə başqalarına bənzəməyən xüsusi bir adamdır. Kim bilir, bəlkə də məndə belə bir fikir oyanmasına atamın davranışı səbəb olmuşdur, ya da ola bilsin ki, başqa bir şey eşitmişdim, ancaq indi xatirimdən çıxıb, lakin atamın bir dəfə xüsusi bir hisslə dediyi sözlərdə mənim üçün nə isə qəribə bir aydınlıq vardı. Atamın dediyi sözlər bundam ibarət idi ki, «vaxt gələr, o da dilənçiliyin daşını atar, bir ağa və varlı adam olar, nəhayət, anam öləndən sonra yenidən dirçəlib başını qaldırar». Yadımdadır, əvvəlcə bu sözlər məni bərk qorxutdu. Otaqda qala bilməyib soyuq dəhlizə yüyürdüm, orada pəncərəyə dirsəklənib üzümü əllərimlə örtərək hönkür-hönkür ağladım. Lakin sonralar mən hər dəqiqə bu barədə fikirləşərkən, atamın bu dəhşətli arzusuna alışdıqdan sonra birdən xəyalım köməyimə gəldi. Elə mənim özüm də qeyri-müəyyənlik içində qalıb uzun müddət özümə əziyyət verə bilmirdim. Mütləq müəyyən bir mülahizəyə gəlməli idim. Budur, heç özüm də bilmirəm bu necə başlandı, – nəhayət, mən belə bir nəticəyə gəldim ki, anam öləndən sonra atam bu cansıxıcı mənzildən çıxacaq, məni də götürüb hara isə gedəcək. Ancaq hara? Mən son dəqiqəyə qədər bunu aydın təsəvvür edə bilmirdim. Bircə o yadımdadır ki, gedəcəyimiz yeri (mən əmin idim ki, biz bir yerdə gedəcəyik), xəyalımda yarada bildiyim nə ki parlaq, bəzəkli və gözəl şey varsa hamısı ilə bəzəyirdim, xəyalımda nə vardısa hamısını hərəkətə gətirmişdim. Mənə elə gəlirdi ki, biz o dəqiqə varlanacayıq; daha mən şey almaq üçün dükana getməyəcəyəm. Bu mənə çox ağır gəlirdi, çünki evdən çıxan kimi qonşuluqda yaşayan uşaqlar məni incidirdilər. Mən də bundan çox qorxurdum. Xüsusilə süd, yaxud da yağ alanda qorxurdum, bilirdim ki, əgər dağıtsam məni bərk cəzalandıracaqlar, sonra xəyalımda qət etdim ki, atam o saat özünə yaxşı paltar tikdirəcək, biz gözəl bir evdə yaşayacağıq. Bu dəqiqələrdə küçədə atama rast gəldiyim və onun mənə nə isə göstərmək istədiyi qırmızı pərdəli gözəl ev elə bil xəyalımda köməyimə gəlirdi. O saat fikirləşirdim ki, biz məhz bu evə köçəcəyik və orada nə isə əbədi bir bayram və əbədi bir kef içində yaşayacağıq. O vaxtdan etibarən axşamlar evimizin pəncərəsindən mənim üçün əfsanəvi olan o binaya gərgin bir maraqla tamaşa edir, qonaqların yığışmasını, hələ indiyə qədər təsadüf etmədiyim bir zənginliklə geyinmiş qonaqları təsəvvürümdə canlandırmağa başlayırdım: hətta pəncərələrdən yayılan şirin musiqi sədaları belə qulağıma gəlirdi; mən qonaqların pəncərələrdən asılmış pərdələrə düşən kölgələrinə diqqət edir, otağın içərisində nələr baş verdiyini fikirləşib tapmağa çalışırdım, mənə elə gəlirdi ki, ora cənnətdir və əbədi bir bayram içindədir. Buna görə də mən öz yoxsul məskənimizə, əynimdəki köhnə cındır paltarlara nifrət etməyə başlamışdım. Günlərin bir günündə adətim üzrə çıxıb pəncərədə oturduğum vaxt anam üstümə qışqırıb əmr etdi ki, aşağı düşüm. O vaxt ağlıma o saat belə bir fikir gəldi ki, anam mənim bu evə baxmağımı istəmir, istəmir ki, mən bu barədə fikirləşim, çünki bizim xoşbəxtliyimiz ona ağır gəlir, elə buna görə də mane olmağa çalışır… Bütün axşam anama diqqət və şübhə ilə baxırdım.
Heç bilmirəm ki, daima məşəqqət içində olan anama qarşı məndə belə bir kin haradan yaranmışdır? Mən onun əziyyətli həyatını yalnız indi başa düşürəm və hər dəfə o əzabkeş arvadı yadıma salanda ürəyim ağrıyır. Hətta o vaxt, o qəribə uşaqlığımın dumanlı dövründə, həyatımın elə qeyri-təbii inkişaf etdiyi bir zamanda, çox vaxt ürəyim ağrı və qüssədən sıxılırdı, narahatlıq, dilxorçuluq və şübhə ürəyimdə dərin kök salmışdı. Hələ o vaxt vicdan əzabı çəkir, çox zaman anama qarşı ədalətsiz olduğumu əzab və əziyyətlə hiss edirdim. Ancaq nədənsə biz bir-birimizdən uzaq gəzirdik, bir dəfə də olsun ona yaxınlaşıb nəvaziş göstərdiyim heç yadıma gəlmir. İndi ən kiçik xatirə belə qəlbimi yaralayır və varlığımı sarsıdır. Yadımdadır, bir dəfə (əlbəttə, indi danışacağım olduqca miskin, xırda və kobuddur, ancaq məhz bu qəbildən olan xatirələr mənə xüsusilə əziyyət verir və xatirimdə acı izlər buraxmışdır), – bir axşam atam evdə olmayanda anam məni onun üçün çay və qənd almaqdan ötrü dükana göndərmək istədi. Ancaq nədənsə qət eləyə bilmir, elə hey fikirləşir və əlindəki mis pulları ucadan sayırdı. Onun var-yoxu bu azacıq qara pullardan ibarət idi. Yalan olmasın, yarım saata qədər götür-qoy elədi. Yenə də hesabını qurtarmadı. Özü də, güman ki, dərdinin çoxluğundan, bəzən elə bil ağlı çaşırdı. İndiki kimi yadımdadır: o, pulları saydıqca nə isə yavaşdan, aram-aram, özündən asılı olmayaraq sözlər ağzından tökülürmüş kimi öz-özünə danışırdı. Onun dodaqları və yanaqları solğun idi, əlləri daima əsirdi, öz-özünə fikirləşəndə başını həmişə yırğalayırdı.
– Yox, lazım deyil, – o mənə baxdı, – yaxşısı budur, uzanım yatım, hə? Yatmaq istəyirsənmi, Netoçka?
Mən susurdum: anam başımdan tutub qaldırdı və mənə elə sakit, elə nəvazişlə baxdı ki, onun eyni açılıb elə bil analıq təbəssümü ilə işıqlandı. Ürəyim sızıldayıb quş kimi çırpındı. Bir də o məni Netoçka deyə çağırmışdı. Bu o demək idi ki, bu dəqiqələrdə məni xüsusilə sevir. Bu adı onun özü kəşf etmişdi. Anna adını dəyişib nəvazişlə Netoçka deyirdi. O məni belə adlandıranda bu o demək idi ki, məni oxşamaq, nazlamaq istəyir. Mən çox mütəəssir oldum; istədim ki, onu qucaqlayım, köksünə qısılıb onunla bir yerdə ağlayım. Yazıq arvad xeyli vaxt başımı sığalladı, bəlkə də artıq bunu qeyri-iradi edirdi. Başımı sığalladığını unudub yavaşca deyirdi: «Mənim balam, Anneta, Netoçka!» Az qala gözümdən sel kimi yaş axacaqdı, ancaq özümü saxlayıb ağlamırdım. Mən inad göstərib daxilən əziyyət çəksəm də hisslərimi büruzə vermirdim. Bəli, qəlbimdəki bu kin heç cür təbii ola bilməzdi. O mənə qarşı göstərdiyi tələbkarlıqla özünə qarşı qəlbimdə belə kin doğura bilməzdi. Yox, məni korlayan atama bəslədiyim əfsanəvi, fövqəladə məhəbbət hissi idi. Bəzən evin küncünə salınmış qısa yataqda soyuq adyalın altında gecələr oyanırdım. Həmişə də nədənsə qorxurdum. Yuxulu-yuxulu fikirləşirdim ki, son zamanlara qədər, bir az balaca olanda anamla bir yerdə yatırdım və gecə oyanıb qorxacağımdan o qədər də ehtiyat etmirdim: elə ki, oyanırdım anama qısılıb gözlərimi bərk-bərk örtürdüm və onu qucaqlayırdım, elə o saat da təzədən yatırdım. Mən ürəyimdə hiss edirdim ki, onu gizli bir məhəbbətlə sevməyə bilmərəm. Sonra mən bir çox başqa uşaqların da son dərəcə laqeyd olduqlarını gördüm. Belə uşaqlar bir adama mehr saldılarmı, onu fövqəladə bir məhəbbətlə sevirdilər. Mən də belə idim.
Bəzən həftələrlə evimizdə sakitlik olurdu. Atamla anam savaşmaqdan yorulurdular, mən də onların arasında əvvəlki kimi səssiz-səmirsiz yaşayır, elə hey fikirləşir, qüssə çəkir və öz xəyallarımda nəyə isə çatmağa çalışırdım. Mən onların ikisinə də fikir verərək, bir-birinə olan münasibətlərini kifayət qədər başa düşdüm: onların arasındakı dərin, daimi düşmənçiliyi anladım, evimizdə kök salmış qanun-qaydasız həyatın gətirdiyi kədər və pozğunluğu hiss etdim. Əlbəttə, bunların səbəbini və nəticəsini dərk etmirdim. Bunu ancaq öz qüvvəm daxilində özüm bildiyim kimi başa düşürdüm. Bəzən uzun qış axşamlarında otağın bir küncünə qısılıb saatlarla onlara göz qoyurdum, atamın üzünə diqqət edirdim və onun nə barədə fikirləşdiyini, fikrinin nə ilə məşğul olduğunu başa düşməyə çalışırdım. Anam isə məni sarsıdıb qorxudurdu. O özü də hiss etmədən otaqda saatlarla var-gəl edir, hətta çox vaxt gecələr yata bilməyib yerindən qalxaraq otaqda tək imiş kimi nə isə pıçıldaya-pıçıldaya gəzir, gah əllərini geniş açır, gah da döşündə çarpazlayır, bəzən də dəhşətli və tükənməz bir qüssə içində əllərini ovuşdurub barmaqlarını şaqqıldadırdı. Bəzən göz yaşı yanaqlarından süzülüb axırdı. Ancaq, deyəsən, çox vaxt ağladığını özü hiss etmirdi, çünki belə dəqiqələrdə özünü unudurdu. Onun nə isə ağır bir xəstəliyi var idi, ancaq heç canının qeydinə qalmırdı.
Yadımdadır. Mənim bu kimsəsizliyim və özümdən rədd edə bilmədiyim qaradinməzliyim get-gedə mənim üçün daha ağır olurdu. Artıq bir il idi ki, mən şüurlu həyat sürürdüm, özü də elə hey fikirləşir, xəyala dalır və anbaan beynimdə yaranan naməlum, qeyri-müəyyən arzulardan əzab çəkirdim. Mən, meşədə yaşayırmış kimi, get-gedə vəhşiləşir, adamayovuşmaz olurdum. Nəhayət, əvvəlcə atam mənə diqqət verib yanına çağırdı və soruşdu ki, niyə mən ona belə zənlə baxıram. Ona nə cavab verdiyim yadımda deyil: bircə onu xatırlayıram ki, o, nədənsə fikrə getdi, nəhayət başını qaldırıb mənə baxıb dedi ki, sabah əlifba kitabı gətirib mənə oxumaq öyrədəcək. Mən o əlifba kitabını səbirsizliklə gözləyirdim və əlifbanın nə demək olduğunu aydın təsəvvür etmədiyim üçün bütün gecəni xəyal içində keçirtdim. Nəhayət, ertəsi gün atam, doğrudan da, mənə oxumaq öyrətməyə başladı. Bir kəlmə deyilən kimi məndən nə tələb olunduğunu başa düşərək, dərsləri tez və sürətlə qavrayırdım, çünki bununla atamı razı salacağımı bilirdim. Bu mənim o vaxtkı həyatımda ən xoşbəxt anlardı. O məni zehinli olduğuma görə tərifləyib, başımı sığallayaraq öpdüyü zaman şadlığımdan ağlamağa başlayırdım. Yavaş-yavaş atam da məni sevdi, mən artıq onunla danışmağa cürətlənirdim, biz çox vaxt yorulmadan, saatlarla oturub söhbət edirdik. Ancaq bəzən onun dediklərindən bir kəlmə də olsun başa düşə bilmirdim. Bunu isə büruzə vermirdim, nədənsə ondan qorxurdum, qorxurdum ki, onun yanında darıxdığımdan ehtiyat edib daha danışmasın. Buna görə də bütün qüvvəmlə çalışır, özümü elə tuturdum ki, guya hər şeyi başa düşürəm. Nəhayət, axşamlar mənimlə bir yerdə oturmaq onda adət şəklinə düşdü. Hava qaralmağa başlayan kimi o, evə qayıdırdı, mən də o dəqiqə əlifba kitabımı götürüb ona yaxınlaşırdım. O məni qarşısındakı skamyada oturdur, dərslərim qurtarandan sonra nə isə başqa bir kitab oxumağa başlayırdı. Mən bir şey başa düşməsəm də, onun ürəyi şad olsun deyə qəhqəhə çəkib gülürdüm. Doğrudan da, mən onu əyləndirirdim, o, güldüyümü görüb sevinirdi. Elə həmin vaxtlarda həyatımda eşitdiyim ilk nağıl idi. Mən ovsunlanmış kimi oturaraq, səbirsizlik içində nağılın gedişini izləyirdim. Özüm də nə isə qəribə bir aləmdə idim. Nağılın axırına yaxın böyük sevinc keçirirdim. Məsələ nağılın təsirində deyildi, – yox, mən eşitdiklərimin hamısını həqiqət kimi qəbul edib, elə o dəqiqə xəyalən qanadlanaraq uydurma ilə həqiqəti bir-birinə qarışdırırdım. Elə həmin dəqiqə pəncərələrindən qırmızı pərdələr asılmış bina xəyalımda canlanırdı: elə buradaca, mənə nağıl danışan atam da qəribə bir tərzdə xəyalımda canlandırdığım hadisələrin iştirakçısı kimi ortalığa çıxırdı, bizim hara isə getdiyimizə mane olan anam da burda olurdu, – nəhayət, daha doğrusu, hər şeydən əvvəl,– mən özüm də qəribə arzularımla, ağlagəlməz, qeyri-mümkün fikirlərlə burada iştirak edirdim, – bütün bunlar ağlımda bir-birinə elə qarışırdı ki, tezliklə eybəcər bir dolaşıqlıq yaranırdı, buna görə də mən bir müddət həqiqət, gerçəklik hissini itirərək ağlagəlməz bir aləmdə yaşadım. Belə dəqiqələrdə səbirsizlikdən az qala partlamağa gəlirdim, bizi irəlidə nələr gözlədiyini, onun özünün nə kimi arzularla yaşadığını və nəhayət, biz bu çardağı tərk etdikdən sonra məni özü ilə hara aparacağını atama danışmaq istəyirdim. Mən öz tərəfimdən əmin idim ki, bütün bu şeylər tezliklə həyata keçəcəkdir, ancaq necə və nə şəkildə həyata keçəcəyini bilmirdim. Buna görə də özümə əziyyət verib, bu barədə fikirləşir, baş sındırırdım. Bəzən – xüsusilə axşam çağlarında – mənə elə gəlirdi ki, atam bu saatda mənə xəlvəti göz vuracaq, dəhlizə çağıracaq. Mən də anamdan gizli əlifba kitabını və bir də özümlə aparmaq istədiyim divardakı köhnə və ucuz latoqrafiya şəklini götürüb çıxacağam, biz hara isə gizli qaçacayıq. Daha bir də evə, anamın yanına qayıtmayacayıq. Bir dəfə anam evdə olmayanda, mən fürsət tapıb atamın xüsusilə şən olduğu bir dəqiqədə, – bir az şərab içəndə belə şən olurdu, – atama yaxınlaşdım, onunla kənar bir məsələdən söhbət saldım, ki, sonra tez sözü dəyişib arzusunda olduğum mövzuya keçim. Nəhayət, mən onu güldürməyə nail oldum, atamı belə görəndə onu bərk-bərk qucaqlayıb ürəyim döyünə-döyünə, sanki gizli və dəhşətli bir şey danışacaqmış kimi, sözləri dolaşdıra-dolaşdıra, qırıq-qırıq soruşmağa başaladım: biz hara gedəcəyik, tezmi gedəcəyik, özümüzlə nə aparacayıq, necə yaşayacayıq, nəhayət, biz qırmızı pərdəli evə gedəcəyikmi?
– Ev? Qırmızı pərdələr? Necə, necə? Nə sayıqlayırsan, ay səfeh?
Atamın bu sözlərindən sonra mən daha artıq qorxaraq, onu başa salmağa çalışdım ki, anam öləndən sonra biz bu çardaqda yaşamayacayıq, o məni hara isə aparacaq, ikimiz də varlı və xoşbəxt olacayıq, axırda da dedim ki, bunları onun özü mənə vəd etmişdir. Mən onu inandırmağa çalışanda əvvəllər atamın mənə bu sözləri dediyinə qəti surətdə əmin idim, hər halda bu mənə belə gəlirdi.
– Anan öləndə? Anan nə vaxt öləcək? – atam sifətinin ifadəsini dəyişərək dən düşmüş qalın qaşlarını çatıb, mənə təəccüblə baxa-baxa təkrar edirdi. – Nə danışırsan, ay yazıq, ay səfeh…
Atam məni danlamağa başladı, dedi ki, mən ağılsız bir uşağam, guya mən heç bir şey başa düşmürəm… Onun daha nələr dediyi yadımda deyil, ancaq onu bilirəm ki, bərk qanı qaralmışdı.
Onun məzəmmətlə dediyi sözlərdən birini də başa düşmədim, o qəzəb və qüssənin təsiri altında anama dediyi sözlərə qulaq asdığımdan, onları öyrəndiyimdən və bu barədə çox fikirləşməyimin ona necə ağır təsir bağışladığını da başa düşməmişdim. Həqiqətən onun özü o vaxtlar necə adam olursa-olsun, onun öz dəlisovluğu nə qədər güclü olsa da, hər halda, çox təbiidir ki, bu əhvalat ona dərin təsir bağışlamışdı. Mən onun hirsləndiyini başa düşməsəm də, nədənsə çox kədərlənib qüssələndim: ağladım; mənə elə gəldi ki, ağılsız bir uşaq olduğum üçün bizi gələcəkdə gözləyən şeylər haqqında, mənim üçün bu dərəcədə mühüm olan şeylər haqqında fikirləşməməli, danışmağa cürət etməməliyəm. Bundan əlavə, onun sözlərini əvvəlcə başa düşməsəm də, dumanlı şəkildə də olsa hiss etdim ki, mən nə isə anam barədə pis fikirdə olmuşam. Buna görə də məni qorxu və dəhşət bürüdü, şübhələnməyə başladım. Atam ağlayıb əzab çəkdiyimi görəndə məni ovundurmağa başladı, köynəyinin qolu ilə gözümün yaşını silib dedi ki, daha ağlamayım. Ancaq ikimiz də bir müddət lal-dinməz oturub danışmadıq; o, qaşlarını çatmışdı, deyəsən nə barədə isə fikirləşirdi; sonra yenə də üzünü mənə tutub danışmağa başladı: ancaq mən diqqətimi nə qədər cəmləşdirirdimsə də onun bütün dedikləri mənə son dərəcə anlaşılmaz görünürdü. Bu söhbətin indiyə qədər yadımda qalan bəzi sözlərindən belə bir nəticə çıxarıram ki, o, özünün kim, necə böyük bir artist olduğunu, heç kimin onu başa düşmədiyini və özünün böyük istedad sahibi olduğunu mənə izah edirmiş. Bir də yadımdadır ki, o məndən başa düşüb-düşmədiyimi soruşdu, şübhəsiz, müsbət cavab alanda məni məcbur etdi ki, o, «istedadlıyammı?» – deyə soruşanda mən də: «istedadlısan» – deyə cavab verim. Mənim bu cavabımdan yüngülcə gülümsündü. Çünki ola bilsin ki, söhbətimizin axırlarına doğru belə bir ciddi məsələ haqqında mənimlə danışması özünə də gülməli görünmüşdü. Karl Fyodorıç gəlib söhbətimizi kəsdi. Atam onu göstərib mənə deyəndə ki:
– Bax, amma Karl Fyodorıçın bir qəpiklik də istedadı yoxdur, mən qəhqəhə çəkib güldüm. Fikrim tamam dağıldı.
Karl Fyodorıç çox məzəli adamdı. Mən həmin illərdə o qədər az adam görürdüm ki, onu heç unuda bilmirdim. İndi mən onu özüm üçün necə təsəvvür edirəm: o alman idi, familiyası da Meyer idi. Almaniyada anadan olmuşdu. Peterburqdakı balet truppasına daxil olmağa böyük həvəsi olduğu üçün Rusiyaya gəlmişdi. Ancaq çox pis rəqqas idi, buna görə də heç fiqurantlığa da qəbul edilməmişdi, yalnız tamaşalarda təsadüfdən-təsadüfə kütləvi səhnələrdə çıxış edirdi. Misal üçün Forqinbrasın dəstəsindən olan sözsüz rollarda və ya iyirmisi birdən kartondan kəsilmiş qılınclarını qaldırıb: «Kralın yolunda ölməyə hazırıq!» – deyə bağıran Verona cəngavərlərindən birini oynayırdı. Onu da deyim ki, Karl Fyodorıç qədər oynadığı rollara ürəkdən bağlı olan başqa bir aktyor tapmaq çox çətindi. Onun həyatında ən böyük bədbəxtlik və dərd onun balet truppasına daxil ola bilməməsi idi. O, balet sənətini dünyada bütün sənətlərdən yüksək hesab edirdi. Atam skripkaya necə bağlı idisə, o da balet sənətinə elə bağlı idi. Onlar hələ atam teatrda işlədiyi vaxt dost olmuşdular. O vaxtdan bəri keçmiş fiqurant ondan əl çəkmirdi. Onlar bir-birilə tez-tez görüşür, ikisi də öz talelərindən şikayət edib deyirdilər ki, insanlar tərəfindən qiymətləndirilməmişlər. Alman çox həssas, çox incə adam idi. Atama da olduqca qızğın, qərəzsiz dostluq hissləri bəsləyirdi: ancaq deyəsən, atam ona o qədər də bağlı deyildi, yalnız başqa dostları olmadığı üçün onun yaxınlıq göstərməsinə dözürdü. Bundan başqa, atam qeyri-adi bir adam olduğu üçün, balet sənətinin də incəsənət olduğunu heç cür başa düşə bilmir, bununla da yazıq almanı ağlamaq dərəcəsinə çatdırırdı. Zəif damarını tapdığı üçün həmişə ona sataşar və Karl Fyodorıç qızışıb atamın dediklərinə etiraz edəndə onun bədbəxtliyinə gülərdi. Sonralar B.-dən bu Karl Fyodorıç haqqında çox şeylər eşitdim. O, Karl Fyodorıçı Nürenberqdən gəlmiş hoqqabaz adlandırardı. B. onun atamla olan dostluğu haqqında da çox şeylər danışdı; doğrudan da, onlar tez-tez görüşüb, bir az içəndən sonra öz talelərindən şikayətlənib deyirdilər ki, qiymətləndirilməmişlər. Bu görüşlər mənim xatirimdədir, hətta o iki səfehə qulaq asanda özümün də nədənsə doluxsunub ağladığımı yaxşı xatırlayıram. Belə görüşlər həmişə anam evdən gedəndən sonra olurdu: alman anamdan bərk qorxurdu. Həmişə görürdüm ki, o gəlib əvvəlcə dəhlizdə dayanır, gözləyir ki, içəridən bir adam çıxsın, anamın evdə olub-olmadığını öyrənsin. Anamın evdə olduğunu eşidən kimi, o saat yüyürə-yüyürə pillələrdən aşağı enirdi. Həmişə gələndə özü ilə alman şeirləri də gətirərdi, onları ucadan oxuyub get-gedə qızışardı, sonra da əzbər deyər, başa düşməyimiz üçün rus sözlərini təhrif edə-edə tərcümə edərdi. Onun hərəkəti atama ləzzət verərdi. Mən də gözümdən yaş gələnə qədər gülərdim. Bir dəfə onlar rus ədiblərindən biri tərəfindən yazılmış əsər tapdılar. Əsərin qəhrəmanı onların ikisinə də çox oxşadığı üçün bundan sonra görüşəndə həmişə onu oxuyurdular. Yadımdadır, bu məşhur bir rus ədibinin şeirlə yazdığı drama idi. Mən bu kitabın ilk misralarını elə yaxşı yadımda saxlamışdım ki, sonralar, artıq bir neçə ildən sonra, təsadüfən o kitab əlimə düşəndə onu çox asanlıqla tanıdım. Bu dram əsərində Cenaro, ya da ki, Cakobo adlı böyük bir rəssamın başına gələn bədbəxtliklərdən danışılırdı. O görürdün ki, əsərin bir səhifəsində qışqırırdı: «Mənə qiymət vermirlər!», başqa bir səhifədə isə: «Məni qiymətləndirirlər!» – deyə bağırırdı, ya da: «Mən istedadsızam» – deyir, bir neçə sətirdən sonra isə: «Mən istedadlıyam»! – deyə qışqırırdı. Əsər çox pis qurtarırdı. Şübhəsiz bu da əsəri olduqca bayağılaşdırırdı, ancaq çox qəribə idi– əsərin baş qəhrəmanı ilə özləri arasında böyük oxşarlıq görən oxucuların hər ikisinə son dərəcə sadəlövh və faciəvi bir təsir bağışlayırdı. Yadımdadır, Karl Fyodorıç bəzən elə qızışırdı ki, yerindən sıçrayıb otağın qarşıdakı küncünə yüyürür, atamdan və məndən xahiş edir, – o mənə «madmazel» deyərdi – gözləri yaşarmış halda inadla, ürəkdən yalvarıb deyirdi ki, elə buradaca onun taleyini həll edək. O elə həmin dəqiqə oynamağa başlayır, müxtəlif palar göstərir və qışqırırdı ki, onun artist olub-olmadığını və ya istedadsız olduğunu deyək. Atamın o dəqiqə kefi açılırdı, altdan-altdan mənə göz vurub xəbərdarlıq edirdi ki, bu saat almanı ələ salacaq. Məni də yaman gülmək tuturdu, ancaq atam barmağı ilə məni hədələyirdi. Mən gülməkdən boğulsam da, özümü saxlayırdım. Hətta indinin özündə belə, yadıma salanda gülməyə bilmirəm. Yazıq Karl Fyodorıç indi də gözümün qabağındadır. Onun boyu çox balaca idi, cılız bir adamdı, saçları ağarmışdı, burunotu hopmuş donqar qırmızı burnu vardı, ayaqları da xamut kimi əyri idi: buna baxmayaraq, deyəsən, öz ayaqlarından çox razı olduğu üçün, dar şalvar geyərdi. O son dəfə sıçrayaraq rəqqasələrin səhnədə oynayıb qurtarandan sonra təbəssümlə dayandıqları bir vəziyyətdə durub, gülə-gülə əllərini bizə tərəf uzadanda atam bir müddət susar, sanki fikir deməyə çətinlik çəkərdi, özü qəsdən tamaşaçılar tərəfindən qiymətləndirilməmiş bu rəqqası eyni vəziyyətdə saxlatdırardı. O da bir ayağı üstündə qalıb yerində səndələyər, bütün qüvvəsini toplayaraq müvazinətini itirməməyə çalışardı. Nəhayət, atam çox çiddi bir nəzərlə mənə baxır, sanki məni ədalətli bir şahid kimi fikir deməyə dəvət edərdi, rəqqas da bunu görəndə mənə müti və yalvarıcı nəzərlərlə baxardı.
– Yox, Karl Fyodorıç, vallah səninlə heç cür razılaşa bilmirəm, – atam, nəhayət, dillənir və özünü elə tuturdu ki, guya bu acı həqiqəti demək onun özünə də çətin gəlir. Atamın bu sözlərini eşidəndə Karl Fyodorıçın köksündən yanıqlı bir inilti qopurdu; lakin bir an sonra yenidən ruhlanır, əlinin tələsik hərəkətləri ilə təzədən diqqətli olmağımızı tələb edir, bizə deyirdi ki, başqa üsulla rəqs etmişdir və yalvarıb xahiş edirdi ki, ona yenidən rəy söyləyək. Bu dəfə otağın başqa bir küncünə yüyürüb bəzən elə canfəşanlıqla atılıb-düşürdü ki, hətta başı tavana dəyib bərk ağrıyırdı. Lakin o, qədim spartalılar kimi ağrıya qəhrəmancasına dözür, yenidən pozada dayanaraq gülümsünə-gülümsünə titrək əllərini bizə tərəf uzadıb öz taleyinin necə həll ediləcəyini gözləyirdi. Lakin atam çox rəhmsiz idi. O yenə də əvvəlki kimi qaşqabaqlı deyirdi:
– Yox, Karl Fyodorıç, görünür taleyin belədir: səninlə heç cür razılaşa bilmirəm!
Söhbət bu yerə çatanda mən daha davam gətirmir, uğunub gedirdim, atam da mənə qoşulurdu. Nəhayət, Karl Fyodorıç onu məsxərəyə qoyduğumuzu başa düşür, qəzəbindən qıpqırmızı qızarır, gözləri yaşarmış halda, gülməli də olsa, dərin qəzəb hissi ilə pörtürdü. Onun bu vəziyyəti sonra mənim vicdan əzabı çəkməyimə səbəb olurdu. Karl Fyodorıç atama deyirdi: – Sən satqın dostsan!
Sonra şlyapasını qapıb yüyürə-yüyürə otaqdan çıxır və and içirdi ki, bir daha buralara gəlməyəcək. Ancaq onun bizdən inciməyi uzun çəkmirdi: bir neçə gündən sonra yenə qayıdıb gəlirdi. Onlar o məşhur dram əsərini yenidən oxuyur, göz yaşları tökürdülər, sonra sadəlövh Karl Fyodorıç yenə öz adəti üzrə bizdən xahiş edirdi ki, onun istedadına düzgün qiymət verək, ancaq yalvarırdı ki, bu dəfə əsl dostlar kimi özümüzü ciddi aparaq, onu ələ salmayaq.
Bir dəfə anam məni dükana göndərmişdi, nəsə almaq lazım idi. Qayıdan baş dükançının qaytardığı xırda gümüş pulu ovcumda möhkəm-möhkəm sıxmışdım. Pilləkənə çatanda atamla rastlaşdım. O, həyətdən çıxırdı. Onu görəndə hisslərimi gizlədə bilmədiyim üçün üzünə baxıb güldüm. O da əyilib məni öpmək istəyəndə əlimdəki gümüş pulu gördü… Atamın üzünün ifadəsindən ürəyindən nələr keçirdiyini başa düşməyə adət etdiyimi sizə deməyi unutmuşdum. İlk nəzərdən onun nə istədiyini hiss edirdim. O, gözümə qüssəli görünəndə ürəyim az qala qəmdən partlayırdı. O həmişə pulu olmayan vaxtlarda, bunun üçün də dilinə bir gilə də olsun adət etdiyi şərabdan dəymədikdə, hər şeydən artıq qüssələnirdi. Lakin onunla pilləkən üstündə görüşdüyüm dəqiqələrdə mənə elə gəldi ki, onun ürəyində nəsə xüsusi bir şey baş vermişdi. Onun dumanlanmış gözləri hədəqəsindən çıxmışdı: əvvəlcə o məni görmədi, ancaq əlimdə parıldayan gümüş pulu görən kimi birdən-birə qızardı, sonra saraldı, pulu məndən almaq üçün əlini uzatdı. Ancaq elə o dəqiqə geri çəkdi. Görünür, onun daxilində mübarizə gedirdi. Nəhayət, deyəsən, o özünü ələ ala bildi, mənə dedi ki, tez yuxarı gedim, özü də bir neçə pillə endi, ancaq birdən dayandı və tələsik məni səslədi:
O çox pərt idi.
– Bura bax, Netoçka, – o mənə müraciət etdi, – o pulları ver mənə, sonra sənə qaytararam. hə? Sən o pulları atana verirsən, elə deyilmi? Axı sən mehriban qızsan, Netoçka!
Mən sanki bunu əvvəlcədən hiss etmişdim. Lakin ilk anlarda, anam hirslənəcəyi üçün, cürətsizlik və hər şeydən artıq özümün, eləcə də atamın yerinə xəcalət çəkməyim pulu ona verməyimə mane oldu. O, bir anda bunu hiss etdi və tələsik dedi:
– Yaxşı, lazım deyil, lazım deyil!..
– Yox, yox, ata, al! Deyərəm ki, itirmişəm, qonşunun uşaqları əlimdən alıblar.
– Hə, yaxşı, yaxşı, elə mən bilirdim ki, sən ağıllı qızsan, – deyə o, dodaqları titrəyə-titrəyə gülümsündü və pulu öz əlində hiss etdikdə sevindiyini gizlətmədi. – Sən mərhəmətli qızsan, mənim mələyimsən! Qoy sənin əlindən öpüm!
O, əlimdən tutub öpmək istədi, ancaq mən tez əlimi çəkdim. Qəlbimdə ona qarşı böyük bir mərhəmət hissi oyandı. Ancaq bir tərəfdən də xəcalət hissi mənə get-gedə daha artıq əzab verirdi. Heç onunla sağollaşmadan yuxarı yüyürdüm. Otağa girəndə yanaqlarım od tutub yanırdı, ürəyim də o vaxta qədər mənə məlum olmayan üzücü bir hissin təsirindən çırpınırdı. Ancaq mən anama ürəklə yaxınlaşıb pulu əlimdən qarın içinə saldığımı və çox axtarıb tapa bilmədiyimi dedim. Anamın məni deyəcəyini gözləyirdim, ancaq belə olmadı. Doğrudur, anam əvvəlcə çox dilxor oldu, çünki biz dəhşətli dərəcədə yoxsul idik. Mənim üstümə qışqırdı, ancaq elə bil həmin dəqiqə fikrini dəyişib daha məni danlamadı, bircə onu dedi ki, mən çox fərasətsiz, bacarıqsız qızam. Görünür onu az istəyirəm, belə olmasaydı, onun malına belə pis baxmazdım. Anamın bu tənəli sözləri mənə döyülməkdən də artıq təsir etdi. Anam artıq mənə bələd olmuşdu. O mənim çox vaxt xəstə bir əsəbiliyə qədər çatan həssaslığımı görmüşdü. Buna görə də onu sevmədiyimi deyərək, acı töhmətlərlə məni gələcəkdə daha ehtiyatlı olmağa sövq etmək istəyirdi.
Axşam hava qaralanda, atam evə qayıdan vaxtlar, mən hər dəfə onu dəhlizdə gözləyirdim. Bu dəfə nədənsə bərk xəcalət çəkirdim. Çəkdiyim ağır vicdan əzabı bütün hisslərimi təlatümə gətirmişdi. Nəhayət, atam qayıtdı, mən onun gəlişinə çox sevindim. Elə bil o öz gəlişi ilə mənə təskinlik gətirəcəkdi. Kefli idi, ancaq məni görən kimi, sirli və utancaq bir görkəm aldı, məni küncə çəkdi, qorxa-qorxa otağın qapısına baxaraq, bazardan aldığı şirin qoğalı cibindən çıxarıb mənə verdi və pıçıltı ilə dedi ki, daha bundan sonra, bir də anamdan gizli pul götürməyim, bu pis şeydir, ayıbdır, yaxşı deyil: bu dəfəlik daha keçib, atama pul çox lazım olduğu üçün belə eləmişik, ancaq o, pulu qaytaracaq, onda anama deyə bilərəm ki, pul tapıldı. Amma anadan xəlvət pul götürmək ayıbdır, bunu bir daha gərək heç ağlına gətirməyəm, gələcəkdə yenə də ona qulaq assam, o mənə yenə şirin qoğal alacaqdır; axırda o, hətta dedi ki, anana yazığın gəlsin, anan çox xəstədir, o yazıq bizim hamımızın əvəzinə təkbaşına işləyir. Mən qorxu içində dayanıb bütün bədənim əsə-əsə qulaq asırdım, gözlərim yaşla dolmuşdu. Mən elə sarsılmışdım ki, bir kəlmə də olsun danışa bilmirdim, elə bil yerə mıxlanmışdım. Nəhayət, o, otağa girdi və mənə tapşırdı ki, daha ağlamayım, özüm də bu barədə anama bir söz deməyim. Mən görürdüm ki, onun özü də yaman pərtdir. Bütün axşamı dəhşətli vəziyyətdə keçirdim. İlk dəfə idi ki, atamın üzünə baxmağa cürət etmir, ona yaxınlaşa bilmirdim. Görünür o da mənim nəzərlərimdən yayınırdı, anam isə otaqda var-gəl eləyir və özünü unutmuş kimi, adəti üzrə nə isə öz-özünə danışırdı. O gün anam özünü daha pis hiss edirdi. Hətta axırda nədənsə ürəyi getdi. Daxili iztirablardan bədənimə titrətmə düşdü. Gecə yata bilmədim. Məni qara basırdı. Nəhayət, bu əziyyətə dözə bilmədim, hönkür-hönkür ağlamağa başladım. Anam səsimə oyandı, məni səsləyib nə üçün ağladığımı soruşdu. Mən cavab verməyib daha da bərkdən ağladım. Anam qalxıb şamı yandırdı, mənə yaxınlaşıb nə isə yuxu görüb qorxduğumu zənn edərək, məni sakit etməyə başladı. «Ay səni, səfeh qız! – dedi, – bu yaşında da yuxu görəndə ağlayırsan? Di bəsdir, ağlama…» O məni öpüb dedi ki, gəlib onun yanında yatım. Ancaq mən istəmirdim, çünki onu qucaqlamağa, onun yanına getməyə cürət etmirdim, buna görə də ağlagəlməz əzablar içində yanırdım. İstəyirdim ki, hər şeyi açıb ona danışam. Hətta sözüm dilimin ucunda idi, ancaq atamı gözümün qabağına gətirdim və onun qadağan etdiyini xatırlayanda sözüm ağzımda qaldı. «Eh, nə yazıq uşaqsan, Netoçka! – anam isitməli adamlar kimi bədənimin əsdiyini görüb məni yatağa uzatdı və öz köhnə salopunu [3 - gen qadın paltosu] üstümə saldı, – deyəsən, elə sən də mənim kimi canından bezar olacaqsan!» O mənə elə kədərlə baxdı ki, baxışlarına dözə bilməyərək gözümü yumub üzümü yana çevirdim. Necə yatdığım yadımda deyil, məni huş apardı, yazıq anamın məni necə ovundurduğunu uzun müddət eşidirdim. O vaxta qədər mən bundan böyük əzab çəkməmişdim. Ürəyim ağrıdan sıxılırdı. Ertəsi gün səhər vəziyyətim bir az yüngülləşdi. Atamla danışmağa başladım, ancaq dünənki əhvalatı yada salmadım, çünki əvvəldən duymuşdum ki, bu əhvalatı yada salmamağım xoşuna gələcək. Atamın o dəqiqə eyni açıldı; bir az əvvəl mənə baxanda qaşqabağını tökürdü. İndi isə mənim də üzümün güldüyünü görəndə çox sevindi, hətta, demək olar ki, uşaq kimi sevindi. Bir azdan anam çıxıb getdi. Atam daha özünü saxlaya bilmədi. O məni elə öpürdü ki, sevincimdən dəli kimi olmuşdum, həm ağlayır, həm də gülürdüm. Axırda o dedi ki, mənə nə isə yaxşı bir şey göstərmək istəyir. Mən o şeyi görəndə çox sevinəcəyəm. Onu, mənə belə ağıllı və mərhəmətli qız olduğum üçün göstərir. O, jiletinin düymələrini açıb, boynundan qara qaytanlı açarı çıxartdı, sonra zənnincə alacağım zövqü gözlərimdən oxumaq istəyirmiş kimi, altdan-altdan mənə baxaraq sandığı açdı və onun içindən qəribə formalı qara bir qutu çıxartdı. Mən bu qutunu indiyə qədər görməmişdim. O, birdən-birə dəyişərək, qutunu ehtiyatla götürdü; sifətindəki təbəssüm əlamətləri yox oldu, onun əvəzində nə isə məğrur bir ifadə yarandı. Nəhayət o, açarla bu sirli qutunu açdı və oradan ömrümdə görmədiyim qəribə bir şey çıxartdı, – bu şeyin ilk nəzərdə çox qəribə görkəmi vardı. O, həmin şeyi böyük bir ehtiyat və hörmətlə əlinə alıb dedi ki, bu skripkadır, onun çalğı alətidir. Elə buradaca mənə qürurla nə isə uzun-uzadı danışmağa başladı, ancaq onun nə dediyini başa düşmürdüm. Xatirimdə yalnız mənə məlum olan ifadələri saxlamışam, – o artistdir, onun istedadı vardır, vaxt gələcək bu skripkada çalacaq, nəhayət bizim hamımız varlanacayıq və böyük xoşbəxtliyə çatacayıq. Onun gözləri yaşla doldu və yanaqlarına süzüldü. Mən çox mütəəssir olmuşdum. Nəhayət o, skripkanı öpdü və məni də öpməyə məcbur etdi. O, skripkaya yaxından baxmaq istədiyimi görəndə məni anamın yatağına tərəf aparıb skripkanı əlimə verdi; ancaq mən onun qorxudan necə əsdiyini, skripkanı sındıracağımdan ehtiyat etdiyini görürdüm. Mən skripkanı əlimə alıb, simlərinə toxundum, simlər yavaşdan səsləndi.
– Bu musiqidir! – deyib mən atama baxdım.
– Hə, hə, musiqidir! – O sevinə-sevinə əllərini ovuşdurdu, – sən ağıllı uşaqsan, sən mərhəmətli uşaqsan! – O məni tərifləyib sevinsə də skripkası üçün əsdiyini görürdüm, buna görə də qorxmağa başladım, – tez skripkanı qaytardım. O, skripkanı alıb əvvəlki kimi ehtiyatla qutuya qoydu, qutunun da ağzını bağlayıb sandığa qoydu; sonra gəlib başımı sığallayaraq dedi ki, əgər həmişə indiki kimi ağıllı, mərhəmətli və itaətkar olsam, skripkanı hər dəfə mənə göstərəcəkdir. Beləliklə, skripka bizim ümumi dərdimizi dağıtdı. Ancaq atam axşam evdən gedəndə yenə qulağıma pıçıldadı ki, dünənki sözləri yadımdan çıxarmayım.
Mən beləcə, öz kasıb otağımızda böyüyürdüm və mənim məhəbbətim, – yox, daha doğrusu, ehtirasım, çünki atama bəslədiyim qarşısıalınmaz, hətta mənim özüm üçün də əziyyətli hissi tam mənasında ifadə edə biləcək başqa bir kəsərli söz bilmirəm, – get-gedə nə isə xəstə bir əsəbilik dərəcəsinə çatdı. Mənim yeganə zövq aldığım bir şey vardısa, o da atam haqqında fikirləşmək, onun haqqında xəyallara dalmaqdı; bircə arzum vardısa, o da atamı bir balaca da olsa razı salan bir iş görmək, əlimdən gələni etmək arzusu idi. Elə olurdu ki, dəfələrlə pilləkənlərin üstündə dayanıb, çox vaxt soyuqdan gömgöy olub əsə-əsə, onun gəlişini gözləyirdim. Çalışırdım ki, onun gəldiyini bircə an əvvəl görüm və ona mümkün qədər tez baxa bilim. Hərdən o məni azacıq da olsa oxşayanda, sevincimdən dəli kimi olurdum. Bununla belə, çox vaxt yazıq anama bu dərəcədə inadla soyuqqanlılığım mənə əziyyət verirdi: elə dəqiqələr olurdu ki, ona baxanda kədər və mərhəmətdən sarsılırdım. Mən onların daimi düşmənçiliyinə laqeyd qala bilməzdim, mütləq birinin tərəfinə keçməli idim. Buna görə də o, yarısərsəm adamın tərəfinə keçmişdim, yalnız ona görə ki, o mənim nəzərimdə son dərəcə miskin və alçaq görünsə də, ilk vaxtlarda xəyalıma ağlasığmaz dərəcədə təsir bağışlaya bilmişdi. Ancaq kim deyə bilər? – Bəlkə də mən məhz görkəmi son dərəcə qəribə olduğu üçün, anam kimi ciddi və qaşqabaqlı deyil, demək olar ki, dəli kimi olduğu, bəzən də nə isə özünü arsızlığa vurması, uşaq kimi hərəkətlər etməsi və nəhayət, anama nisbətən ondan daha az qorxduğum və daha az hörmət etdiyim üçün ona bu dərəcədə bağlanmışdım? O nə isə mənə daha yaxın idi. Hətta get-gedə hiss edirdim ki, mən ondan daha üstünəm, onu yavaş-yavaş özümə tabe edirəm, mən artıq onun üçün bir zəruriyyət oluram. Mən daxilən bununla fəxr edirəm, daxilən sevinirəm və onun üçün zəruriyyət olduğumu başa düşdüyümdən, hətta bəzən ona naz satıram. Doğrudan da, mənim bu qəribə bağlılığım hətta müəyyən dərəcədə eşq macərasına bənzəyirdi. Ancaq tale elə gətirdi ki, bu macəra uzun sürmədi, tezliklə mən atamı da, anamı da itirdim. Onların həyatı dəhşətli bir faciə ilə nəticələndi. Bu faciə xatirimdə ağır və əzablı izlər buraxdı. Əhvalat belə oldu.
III
Bu vaxt Peterburqda fövqəladə bir xəbər hamını həyəcanlandırmışdı. Xəbər yayılmışdı ki, məşhur S-ts gəlir. Peterburqda musiqi ilə əlaqədar nə vardısa hamısı hərəkətə gəlmişdi. Müğənnilər, artistlər, şairlər, rəssamlar, musiqi həvəskarları və hətta ömürlərində musiqiyə həvəs göstərməyən, özləri qürrələnə-qürrələnə bir notdan da baş çıxarmadıqlarını deyənlər də yaman əl-ayağa düşmüşdülər, bilet tapmağa çalışırdılar. Biletə iyirmi beş manat vermək iqtidarında olan həvəskarların heç ondan birini də tamaşa salonu tuta bilməzdi; lakin bütün Avropada məşhur olan S-tsın adı, onun şöhrət çələngləri ilə bəzənmiş qocalığı, istedadının solmaz təravəti, bir də ki, son zamanlarda tamaşaçılar qarşısında az-az çıxış etməsi və bu səfərinin Avropaya son qastrol səfəri olması, bundan sonra daha çalmayacağı haqqında yayılmış xəbər öz təsirini göstərmişdi. Bir sözlə, təsir çox güclü və dərindi.
Mən irəlidə demişdim ki, şəhərə gələn hər bir skripka çalan, az-çox şöhrət qazanmış sənətkar atalığıma çox pis təsir göstərirdi. O, həmişə gəlmə artistə hamıdan əvvəl qulaq asmağa çalışırdı ki, onun sənətkarlıq səviyyəsini görsün. Çox vaxt o, təzə gəlmiş artistin ünvanına eşitdiyi təriflərin təsirindən naxoşlayırdı, yalnız təzə skripkaçının çalğısında nöqsan tapdıqdan sonra sakitləşər və öz fikrini bacardığı yerlərdə istehzalı sözlərlə yayırdı. Bu bədbəxt səsləri dünyada bircə istedadlı adam tanıyırdısa, yeganə artist tanıyırdısa, o da, əlbəttə ki, onun özü idi. Lakin musiqi dahisi hesab olunan S-tsın gəlişi haqqında xəbərlər ona nə isə sarsıdıcı təsir göstərdi. Onu da deyim ki, son on ildə Peterburqa az-çox məşhur istedadlı çalğıçı, hətta S-ts ilə az da olsa ayaqlaşa bilən bir adam belə gəlməmişdi. Buna görə də atamın Avropada yaşayan mahir artistlərin çalğısı haqqında heç bir təsəvvürü yox idi.
Mənə danışırdılar ki, S-tsın şəhərə gələcəyi haqqında ilk xəbəri eşidən kimi atamı yenə teatrın səhnəsi dalında görmüşdülər. Deyirdilər ki, guya o, son dərəcə həyəcanlı imiş və böyük bir narahatlıqla S-ts və onun verəcəyi konsertlər haqqında məlumat toplayırmış. Çoxdan idi ki, onu səhnə dalında görməmişdilər. Buna görə də onun gəlişi hətta böyük təsir göstərmişdi. Kim isə onu acıqlandırmaq niyyəti ilə ötkəm deyirmiş: «İndi siz, əzizim Yeqor Petroviç, balet musiqisi deyil, elə bir şey eşidəcəksiniz ki, bu gen dünya başınıza dar olacaq!» Deyirlər ki, guya bu istehzanı eşidəndə onun rəngi qaçıb, lakin əsəbiliklə gülümsəyərək deyib: «Baxarıq, uzaqdan hər şey adama xoş gəlir; S-ts ancaq Parisdə olub, fransızlar onu göylərə qaldırıblar, şükür allaha, fransızın nə demək olduğunu bilirsiniz!» və i. a. Ətrafdakılar qəhqəhə ilə gülüblər. Yazıq inciyib, ancaq özünü ələ alaraq, bircə onu deyib ki, hələlik heç nə söyləyə bilməz, baxarıq, görərik, birisi gün uzaqda deyil, tezliklə bütün məsələlər aydınlaşar.
B. danışır ki, elə həmin axşam, şər qarışanda, məşhur musiqi həvəskarı, incəsənəti dərindən başa düşən və ürəkdən sevən knyaz X. ilə görüşmüşdü. Onlar təzə gələn artist haqqında söhbət edə-edə gedirmişlər. Birdən küçələrdən birinin tinində B. atamı görür. O dayanıb mağaza pəncərəsinin içərisinə vurulmuş afişanı diqqətlə nəzərdən keçirirmiş. Afişada S-tsın konserti haqqında məlumat verilirdi.
– Bu adamı görürsünüzmü? – B. atamı göstərir.
– O kimdir ki? – knyaz soruşur.
– Siz onun barəsində eşitmisiniz. Mən sizə onun haqqında dəfələrlə danışmışam. Hətta siz ona vaxtı ilə kömək də eləmisiniz. Bu, həmin Yefimovdur.
– Doğrudan da maraqlıdır! – knyaz cavab verir. – Onun haqqında mənə çox danışmısınız. Deyirlər ki, çox məzəli adamdır. Bir onun söhbətinə qulaq asmaq istərdim.
– Mənası yoxdur, – B. cavab verir. – Çox ağır olar. Sizi deyə bilmərəm, amma mən ona qulaq asanda həmişə ürəyim sıxılır, onun həyatı dəhşətli, eybəcər bir faciədir. Mən onu dərindən başa düşürəm, o nə qədər çirkin olsa da, yenə ona qarşı rəğbətim sönməmişdir. Siz deyirsiniz ki, knyaz, o, maraqlı adam olmalıdır. Bu doğrudur, lakin o çox ağır təsir bağışlayır. Əvvəla o dəlidir; ikincisi də bu dəlinin vicdanında üç cinayət vardır, çünki özündən başqa daha iki adamı məhv etmişdir: arvadını və qızını. Mən onu tanıyıram; o tutduğu cinayətləri dərk etmiş olsa, elə yerindəcə bağrı çatlayar. Lakin, bütün dəhşət ondadır ki, bu adam səkkiz ildən bəri tutduğu cinayəti, demək olar ki, dərk edir və səkkiz il sərasər öz vicdanı ilə mübarizə aparır ki, bu cinayətə bütünlüklə inansın.
– Deyirsiniz o yoxsuldur? – knyaz soruşur.
– Bəli, ancaq yoxsulluq onun üçün, demək olar ki, xoşbəxtlikdir, çünki onun əlinə bəhanə verir. O, indi hamını inandıra bilir ki, ona mane olan yalnız yoxsulluqdur. Əgər o varlı olsaydı vaxtı olardı, çörək pulu dərdi çəkməzdi. Onda onun necə artist olduğunu görərdilər. O, evlənəndə də çox qəribə bir ümidlə evlənib ki, arvadında olan min manat pul bəlkə onun dirçəlməsinə kömək edə. O, xəyalpərvər, şair kimi hərəkət etmişdir. Elə əslində bütün həyatı boyu belə olmuşdur. Bilirsinizmi, o, səkkiz ildən bəridir ki, yorulmadan nə deyir? Onun dediyinə görə bütün fəlakətlərin baisi arvadıdır, ona mane olur, o əllərini qoynuna qoyub işlətmək istəmir. Ancaq bu arvadı onun əlindən alsanız, o, dünyada ən bədbəxt bir məxluq olar. Neçə ildən bəridir ki, əlinə skripka almır, – bilirsinizmi nə üçün? Çünki hər dəfə kamanı əlinə götürəndə özü daxilən inanmağa məcbur olur ki, heç bir şeydir, artist deyil. İndi isə kaman bir tərəfdə yatıb qaldığı üçün onun qəlbində heç olmasa balaca ümid qığılcımı yanır ki, bu doğru deyil. O, xəyalpərvər adamdır: ona elə gəlir ki, guya birdən-birə nə isə bir möcüzə ilə, birdəfəlik dünyada ən məşhur adam olacaqdır. Onun bir şüarı var: Aut Caesar, Aut Nihil! [4 - Ya Sezar ol, ya da heç bir şey], guya birdən-birə, bir anda Sezar olmaq mümkündür. Onun bir ehtirası vardısa, o da şöhrətdir. Əgər artisti yaşadan əsas və yeganə hərəkətetdirici qüvvə bu hissdirsə, onda o artist deyil, çünki, o deməli əsas bədiiyyat sövqi-təbiəti olan incəsənətə məhəbbət hissini itirmişdir. Halbuki onu məhz ayrı şey deyil, incəsənət olduğu üçün sevmək lazımdır, çünki sənətkarlıqla şöhrət tamamilə başqa-başqa şeylərdir. S-ts isə əksinə: kamanı əlinə alanda musiqidən başqa dünyada hər şeyi unudur. Onun nəzərində kamandan sonra ən əhəmiyyətli məsələ puldur. Şöhrət isə deyəsən, üçüncü yeri tutur. Ancaq o, bu barədə az fikirləşir. Heç bilirsinizmi, indi bu bədbəxti düşündürən nə məsələdir? – B. Yefimovu göstərərək əlavə edir. – bu saat dünyada ən axmaq, ən miskin, ən acınacaqlı və ən gülməli bir məsələ məşğul edir. O düşünür ki, görəsən o, S-tsdən yüksəkdir, yoxsa S-ts ondan. İndi başqa bir şey onun beyninə girmir, çünki o, bütün dünyada birinci musiqiçi olduğuna hələ də əmindir. Onu artist olmadığına inandıra bilsəniz, sizi əmin edirəm ki, ildırım vurmuş kimi yerindəcə ölər, çünki bütün həyatını qurban verdiyi daimi bir ideyadan ayrılmaq onun üçün çox dəhşətli olar. Əslində bu ideyanın dərin və ciddi əsası da vardır, sözün düzünə qalsa, ilk vaxtlarda onun həqiqətən istedadı vardı.
– Maraqlıdır, görəsən o, S-tsın çalğısını eşidəndən sonra özünü necə hiss edəcək? – deyə knyaz soruşdu.
– Bəli, – B. fikirli halda cavab verir. – Yox, o dəqiqə ayılacaq; onun dəliliyi həqiqətdən güclüdür, elə o saat fikirləşib bir bəhanə uyduracaq.
– Yəni sizin zənninizcə belə eləyəcək? – knyaz soruşdu.
Bu vaxt onlar atamın durduğu yerə çatırlar. O xəlvəti ötüb-keçmək istəyir, lakin B. onu dayandırıb danışmağa başlayır. B. ondan S-tsın konsertinə gəlib-gəlməyəcəyini soruşur. Atam da laqeydliklə cavab verir ki, bilmir, onun konsertdən də və bütün gəlmə sənətkarlardan da mühüm işi vardır. Ancaq hər halda çalışacaq, işinə baxacaq, əgər boş vaxtı olsa niyə də gəlib qulaq asmasın? Vaxt tapıb gələr. O, B-lə knyaza iti və narahat bir nəzər salaraq inamsızlıqla gülümsəyir, sonra şlyapasını qaldıraraq tələsdiyini bəhanə gətirərək baş əyib gedir.
Mən hələ bir gün əvvəl atamın nə barədə fikirləşdiyini bilirdim. Ona əzab verən şeyin nə olduğunu bilmirdim. Ancaq görürdüm ki, o, dəhşətli bir narahatlıq içindədir: hətta anam da bunu hiss etmişdi. Anam bu vaxt nə isə özünü daha çox məyus hiss edirdi. Ayaqlarını güclə sürüyürdü. Atam dəqiqəbaşı gah evə girir, gah da çıxıb gedirdi. Səhər səhnə yoldaşlarından üç-dörd nəfəri onun yanına gəldi. Bu məni çox təəccübləndirdi. Çünki Karl Fyodorıçdan başqa evimizdə, demək olar ki, heç vaxt kənar adam görməmişdim, atam teatrdan çıxandan sonra hamı bizdən üz döndərmişdi, nəhayət, Karl Fyodorıç da tövşüyə-tövşüyə gəlib, bir afişa gətirdi. Mən danışılan sözlərə diqqətlə qulaq asır, onlara fikir verirdim, bütün bunlar məni elə narahat edirdi ki, guya atamın sifətində oxuduğum narahatlıq və təşviş hisslərinin baisi bircə mən idim. Onların nə danışdıqlarını başa düşməyə çalışırdım. İlk dəfə S-tsın adını eşitdim.. Sonra başa düşdüm ki, həmin bu S-tsı, görmək üçün azı on beş manat pul lazımdır. O da yadımdadır ki, atam özünü saxlaya bilməyib, əlini yelləyərək dedi ki, o, xaricdən gələn bu ecazkarlar, nadir istedadları yaxşı tanıyır. S-tsa da yaxşı bələddir, guya bütün bu həngamə cuhudların fırıldağıdır, girləyib rusların pulunu əllərindən almaq istəyirlər, çünki boş-boş şeylərə inanmaq rusların adətidir, o ki qaldı fransızlar, küyə salırlar. Mən artıq «istedadı yoxdur» sözünün nə demək olduğunu başa düşürdüm. Qonaqlar gülüşməyə başladılar və atamı dilxor halda qoyub tezliklə-çıxıb getdilər. Mən başa düşdüm ki, o, nədənsə həmin o S-tsın əlindən bərk hirslidir. Buna görə də ona xoş gəlmək və dərdini dağıtmaq niyyətilə stola yaxınlaşıb afişanı götürdüm və S-tsın adını höccələyə-höccələyə ucadan oxumağa başladım. Sonra fikirli halda oturan atama baxaraq gülə-gülə dedim: «Yəqin elə bu da Karl Fyodorıç kimi bir şeydir: yəqin ki, onunla da heç cür razılaşmaq olmaz». Atam qorxmuş adam kimi diksinib, afişanı əlimdən dartıb aldı, qışqırıb ayaqlarını yerə döydü, sonra da şlyapasını götürüb otaqdan çıxdı, ancaq o dəqiqə geri dönüb məni dəhlizə çağırdı, öpdü, nə isə təşvişlə dizli bir qorxu hissi ilə dedi ki mən ağıllı qızam, mərhəmətli qızam, yəqin ki, onu incitmək fikrində olmayacağam, o məndən nə isə böyük bir yaxşılıq gözləyir, ancaq nə kimi yaxşılıq gözlədiyini mənə demədi. Onu da deyim ki, atamın sözlərinə qulaq asmaq mənə çox ağır gəlirdi. Çünki onun sözlərinin və nəvazişlərinin qeyri-səmimi olduğunu görürdüm, bu müşahidəm məni başdan-başa sarsıtdı. Daxili bir əzab içində onun nigarançılığını çəkməyə başladım.
Ertəsi gün nahar vaxtı – bu artıq konsert günü ərəfəsindəydi – atam tamamilə kefsiz idi, çox süst görünürdü. O son dərəcə dəyişmişdi və aramsız gah mənə, gah da anama baxırdı. Nəhayət o, anamla nə barədə isə danışmağa başlayanda mən təəccübləndim. Atam, demək olar ki, heç vaxt anamla danışmazdı. Nahardan sonra o, mənə xüsusilə nəvaziş göstərməyə başladı; dəqiqəbaşı müxtəlif bəhanələrlə məni dəhlizə çağırır, başqa bir adamın onun hərəkətlərini görəcəyindən ehtiyat edirmiş kimi ətrafına boylana-boylana mənim başımı sığallayır, tez-tez öpür, elə hey deyirdi ki, mən mərhəmətli qızam, mən üzüyola qızam, yəqin ki, atamı sevirəm, şübhəsiz ki, məndən nə xahiş eləsə yerinə yetirəcəyəm. Atamın bu hərəkətləri qəlbimdə dözülməz kədər hissi doğururdu. Nəhayət, o məni onuncu dəfə pilləkən başına çağıranda məsələ aydın oldu. Atam tamamilə heydən düşmüş halda kədərlə, narahatlıqla ətrafına baxıb məndən soruşdu: anamın dünən səhər gətirdiyi iyirmi beş manatın harda olduğunu bilirəmmi? Mən bu sualı eşidəndə yerimdəcə donub qaldım. Lakin bu vaxt səs eşidildi, atam qorxudan məni tək qoyub yüyürə-yüyürə çıxıb getdi. O bir də axşamüstü, pərt, kədərli, qayğılı halda qayıdıb heç bir söz demədən stul çəkib oturdu və nədənsə qorxa-qorxa mənə baxdı. Mənim də canımı qorxu almışdı. Buna görə də çalışıb nəzərlərimi ondan yayındırmağa səy edirdim. Nəhayət, bütün günü yataqda olan anam məni yanına çağırdı, bir neçə qara pul verib, çay və qənd almaq üçün dükana göndərdi. Biz çox nadir hallarda çay içərdik, vəsaitimiz çox cüzi olduğu üçün anam belə şeyə yalnız xəstə və qızdırmalı olduğu vaxtlarda yol verirdi. Mən pulları götürüb dəhlizə çıxdım. Elə o dəqiqə arxadan qovub mənə çatacaqlarından qorxurmuş kimi yüyürməyə başladım. Lakin mənim əvvəlcədən hiss etdiyim şey baş verdi: atam küçədə mənə çatdı və yenidən geri qaytardı. O, titrək səslə mənə müraciət edərək dedi:
– Netoçka! Əzizim! Qulaq as: o pulları mənə ver, mən lap günü sabah…
– Ata can! Ata can! – Mən qışqırıb onun qarşısında diz çökdüm və yalvarmağa başladım, – ata can, eləyə bilmərəm! Olmaz, anam çay içməlidir… Anamdan bu pulları almaq olmaz, heç cür mümkün deyil! Başqa bir vaxt verərəm…
– Deməli istəmirsən? İstəmirsən, – deyə o, dəli kimi pıçıldadı, – deməli, sən məni sevmək istəmirsən? Heç eybi yoxdur. Onda mən də səndən üz döndərərəm. Elə isə qal anan ilə, mən də çıxıb gedərəm, səni özümlə aparmaram. Eşidirsənmi, pis qız? Eşidirsənmi?
– Ata can! – Dəhşət içində qışqırdım, – al pulları, götür! Bəs indi mən nə eləyim? – Onun ətəyindən tutaraq dartışdırdım, – anam ağlayacaq, anam məni yenə danlayacaq!
O, deyəsən məndən belə müqavimət gözləmirdi, ancaq buna baxmayaraq pulları götürdü, nəhayət, daha şikayət və hıçqırıqlarıma dözməyərək məni pilləkənlərin üstündə qoyub aşağı yüyürdü. Mən yuxarı qalxdım, ancaq qapımıza çatanda lap taqətdən düşdüm; içəri girməyə cürət etmirdim, içəri girə bilmirdim, bütün daxilim, bütün qəlbim alt-üst olub sarsılmışdı. Mən üzümü əllərimlə örtüb, ilk dəfə atamın dilindən anamın ölümünü istədiyini eşitdiyim vaxtda olduğu kimi, pəncərəyə tərəf atıldım. Mən özümü itirərək donub qalmışdım, pilləkənlərdə eşidilən ən kiçik hənirtiyə belə diqqətlə qulaq asaraq diksinirdim. Nəhayət, kimin isə tələsik yuxarı qalxdığını eşitdim. Gələn atam idi; onun yerişinə yaxşı bələddim.
– Sən burdasan? – o pıçıldadı.
Mən özümü onun üstünə atdım.
– Al! – qışqırıb pulları ovcuma basdı, – al! Götür! Mən daha sənin atan deyiləm, eşitdinmi? Daha sənin atan olmaq istəmirəm! Sən ananı məndən çox istəyirsən, get ananın yanına! Mən səni heç tanımaq istəmirəm. O məni itələdi və yenə yüyürə-yüyürə pillələri endi. Mən də ağlaya-ağlaya onun dalınca götürüldüm.
– Ata can! Mənim mərhəmətli atam! Mən sənə qulaq asacağam! – deyə arxadan qışqırdım, – mən səni anamdan çox istəyirəm! Götür pulları, götür!
Ancaq artıq o məni eşitmirdi: o, gözdən itmişdi. Mən bütün axşamı özümü ölü kimi hiss elədim və xəstə adam kimi titrətmə içində əsdim. Yadımdadır, anam mənə nə isə deyir, öz yanına çağırırdı; ancaq mənim fikrim elə dağınıq idi ki, heç bir şey eşitmir, heç nə görmürdüm; anam qorxdu, bilmədi nə etsin. O məni aparıb öz yanında yatırtdı. Mən onun boynunu qucaqlamışdım, nədənsə qorxur, tez-tez diksinirdim, nə vaxt yuxuya getdiyimi heç özüm də bilmədim. Beləliklə, gecə keçdi. Ertəsi gün mən çox gec oyandım, yerimdən qalxanda anam artıq evdə yox idi. Həmişə bu vaxtlar öz işlərinin dalınca gedirdi. Atamın yanında kənar bir adam var idi, onlar nə barədə isə ucadan danışırdılar. Mən birtəhər dözüb qonağın getməsini gözlədim. Biz otaqda tək qalan kimi ağlaya-ağlaya atamın üstünə yüyürdüm, yalvarıb xahiş etdim ki, dünənki günahımdan keçsin.
O, sərt bir ahənglə soruşdu:
– Sən yenə də əvvəlki kimi ağıllı qız olacaqsanmı?
– Olacağam, ata can, olacağam! – deyə təsdiq etdim. – Anamın pullarının harada olduğunu sənə deyəcəyəm. Pullar bu siyirtmədə olur, dünən mücrünün içindəydi.
– Mücrünün içində idi? Harada? – o, diksinib qışqırdı və stuldan qalxdı. – Haradaydı?
– Siyirtmə bağlıdır, ata can! – cavab verdim. – Səbir elə axşam anam məni pulu xırdalamağa göndərəcək, çünki xırda pullar qurtarıb, mən özüm görmüşəm.
– Mənə on beş manat lazımdır. Netoçka! Eşidirsənmi? Ancaq on beş manat! Bu gün mənim üçün onu düzəlt; sabah gətirib qaytararam. Bu saat gedib sənin üçün şirni alacağam, qoz alacağam… Kukla da alacağam… Sabah… yaxşı qız olsan, hər gün sənin üçün sovqat gətirəcəyəm!
– Lazım deyil, ata, lazım deyil! Mən sovqat istəmirəm; mən heç nə yeməyəcəyəm; sənin özünə qaytaracağam! – deyə qışqırıb göz yaşı tökdüm, çünki bir anda ürəyim bərk sızıldadı. Mən o dəqiqə başa düşdüm ki, onun mənə yazığı gəlmir, o məni sevmir, çünki onu necə sevdiyimi görüb hiss etmir, o, elə güman edir ki, mən ona sovqat xatirinə qulluq göstərirəm. Bu dəqiqələrdə mən uşaq da olsam, onu yaxşı başa düşür və artıq hiss edirdim ki, bu qənaətim qəlbimdə ölənə qədər iz buraxacaqdır, artıq mən onu sevə bilməyəcəyəm, əvvəlki atacığımı həmişəlik itirmişəm. O isə mənim vədimdən qəribə bir vəcdə gəlmişdi; o görürdü ki, onun yolunda mən hər şeyə hazıram, onun üçün hər şey edərəm, ancaq allah şahiddir ki, bu «hər şey» o vaxt mənə necə baha otururdu. Çünki bu pulların yazıq anam üçün nə demək olduğunu mən başa düşürdüm; bilirdim ki, pullar əlindən çıxsa o, fikirdən xəstələnə bilər, buna görə də daxilən çəkdiyim peşmançılıq mənə böyük əziyyət verirdi. Ancaq atam bunları duymurdu; o məni üç yaşlı bir uşaq zənn edirdi. Halbuki mən hər şeyi başa düşürdüm. Onun vəcdinin intəhası yox idi; o məni öpür, dilə tutur, deyirdi ki, ağlamayım, vəd edirdi ki, elə bu gün anamı qoyub çıxıb gedərik, – görünür o mənim həmişəki xəyalpərvərliyimi nəzərdə tutub mənə xoş gəlməyə çalışırdı. Nəhayət o, cibindən bir afişa çıxardıb məni inandırmağa başladı ki, bu gün yanına getmək istədiyi adam onun düşmənidir, ən qorxunc düşmənidir, ancaq düşmənləri ona heç bir şey edə bilməyəcək. O mənimlə öz düşmənləri barəsində söhbətə başlayanda məndən daha çox özü uşağa bənzəyirdi. Mənim, əvvəllər olduğu kimi, onunla danışarkən gülümsədiyimi, sakitcə dayanıb dinlədiyimi görəndə şlyapasını götürüb otaqdan çıxdı, çünki hara isə tələsirdi, ancaq məni bir də öpdü. Sanki məndən nigaran idi, deyəsən, məni öz fikrimdən dönməməyə çalışırmış kimi, gülümsünüb başını tərpədərək getdi.
Mən bayaq dedim ki, o lap dəli kimi olmuşdu; bu hələ bir gün əvvəl də hiss olunurdu. Pul ona konsertə bilet almaq üçün lazım idi, bu konsert onun müqəddəratını həll etməli idi.
Sanki onun özü də əvvəlcədən hiss etmişdi ki, bu konsert onun müqəddəratını həll edəcəkdir, buna görə də başını elə itirmişdi ki, dünən xırda pulları əlimdən almaq istəyirdi, guya bu pullarla özünə bilet ala biləcəkdi. Onun qəribəliyi nahar zamanı bir daha özünü büruzə verdi. Yerində qərar tuta bilmir, yeməyə əl vurmur, dəqiqəbaşı gah qalxır, gah da fikrini dəyişirmiş kimi otururdu; gah çıxıb getmək istəyirmiş kimi şlyapasını götürür, gah da qəribə bir dalğınlığa qapılaraq, öz-özünə nə isə pıçıldayırdı, sonra birdən mənə baxır, göz vurur, nə isə işarələr edir, elə bil pulları ələ keçirmək üçün tələsir və mənim indiyəcən nə üçün pulları götürmədiyimdən hirslənirdi. Hətta anam da onun bu qəribəliyini görüb təəccüblə ona baxırdı. Mən ölüm cəzasına məhkum edilmiş adama bənzəyirdim. Nəhayət, nahar qurtardı; mən qızdırmalı adamlar kimi əsə-əsə otağın küncünə çəkilib, anamın adəti üzrə məni nə vaxt şey almaq üçün göndərəcəyini gözləyirdim. Həyatımda bu qədər əzablı saatlar keçirməmişdim: bu, ömrüm boyu xatirimdən silinməyəcək. O anlarda mən daha nələr keçirmədim! Elə dəqiqələr var ki, illərdən də artıq düşünürsən. Mən pis hərəkət etdiyimi başa düşürdüm: o özü ilk dəfə zəiflik göstərib məni pis əmələ təhrik edəndən sonra özü də bu işdən qorxmuşdu, mənim təmiz təbiətimə köməklik etmişdi, məni başa salmışdı ki, pis iş görmüşəm. Görəsən, doğrudanmı o, dünyada çox xeyir və şər görmüş, gördüklərini başa düşməyə çalışan bir adamı aldatmağın çətin olduğunu başa düşmürdü? Mən başa düşürdüm ki, məni ikinci dəfə belə bir pis əmələ əl atmağa və beləliklə də mənim yazıq, köməksiz körpə qəlbimi qurban verməyə, hələ möhkəmlənməmiş vicdanımı bir də sarsıtmağa, görünür, onu sonsuz ehtiyac məcbur edir. İndi də mən küncə qısılaraq öz-özümə fikirləşirdim: görəsən, öz xoşumla qərara gəldiyim bir şey üçün niyə o mənə hədiyyə vəd edir? Bu vaxta qədər mənə məlum olmayan yeni hisslər, yeni arzular, yeni suallar qəlbimdə baş qaldırırdı və mən bu suallardan olmazın əziyyətlər çəkirdim. Sonra mən birdən-birə anam haqqında fikirləşdim. Öz əlinin zəhməti ilə qazandığı son qəpik-quruşun itdiyini biləndə necə əziyyətlər çəkəcəyini, necə kədərlənəcəyini təsəvvürümə gətirdim. Nəhayət, candərdi gördüyü işi yarımçıq qoyub anam məni yanına çağırdı. Mən titrəyə-titrəyə ona yaxınlaşdım. O, kamoddan pulu çıxarıb verərək dedi: «Get, Netoçka, ancaq, allah xatirinə, fikir ver ki, səni aldatmasınlar, keçən dəfəki kimi itirmə». Mən yalvarıcı nəzərlə atama baxdım, ancaq o, razılıqla başını tərpədərək mənə baxıb gülümsündü və səbirsizlikdən əllərini ovuşdurdu. Saat altını vurdu, konsert isə yeddidə başlanırdı. Əslində elə atamın özü də belə bir üzücü intizara dözmək üçün çox əziyyət çəkmişdi.
Mən pilləkəndə ayaq saxlayıb, onu gözlədim. O elə həyəcanlı və səbirsiz idi ki, heç bir ehtiyat gözləmədən elə o dəqiqə dalımca yüyürdü. Pulları ona verdim: pillələr qaranlıq olduğu üçün onun üzündəki ifadəni görə bilmirdim, ancaq hiss edirdim ki, pulu məndən alanda əlləri əsirdi. Mən yerimdə quruyub qalaraq, tərpənə bilmirdim. Nəhayət, o məni şlyapasını gətirmək üçün yuxarı göndərmək istəyəndə yuxudan ayılıbmış kimi, özümə gəldim. O, bir də otağa qayıtmaq istəmirdi.
– Ata! Məgər… Sən də mənimlə yuxarı çıxmayacaqsan! – mən həyəcandan səsim tutula-tutula soruşdum, son ümidim ona idi ki, o da mənimlə gedib mənə dayaq olar.
– Yox… Sən tək get… hə? Dayan, dayan! – O özünə gələrək qışqırdı, – dayan, gedib bu saat sənə hədiyyə gətirim, ancaq əvvəlcə sən get mənim şlyapamı gətir.
Sanki buzlu bir əl qəlbimi sıxdı. Mən qışqırıb onu özümdən kənar edərək yuxarı yüyürdüm. Otağa girəndə sifətimin rəngi ağappaq idi, belə halda pulu itirdiyimi desəydim, anam şübhəsiz mənə inanardı. Ancaq mən o dəqiqədə heç bir şey deyə bilmədim. Dəhşətli bir ümidsizlik içində özümü anamın yatağına yıxıb əllərimlə üzümü örtdüm. Bir dəqiqə sonra qapı yavaşca cırıldadı və atam içəri girdi. O, şlyapasını götürməyə gəlmişdi.
– Hanı pul? – Anam o saat nə isə qeyri-adi bir şey baş verdiyini hiss edərək qışqırdı. – Hanı pul? De! Tez ol, de! – O məni yataqdan qaldırıb otağın aralığına çəkdi.
Mən başımı aşağı salıb susurdum. O anda nələr keçirdiyimi və mənimlə nə etdiklərini, demək olar ki, heç başa düşmürdüm.
– Pul hanı? – Anam məndən əl çəkib birdən şlyapasını götürən atama tərəf çevrildi. – Hanı pul? – O, təkrar etdi.
– Hə! Pulu sənə verib? Ay allahsız! Zalım! Məni məhv etdiyin bəs deyil, bunu da məhv eləyirsən! Uşağı! Onu, onu da?! Yox e, yox! Sən bunu belə asanlıqla edə bilməyəcəksən!
O, bir anda qapıya tərəf atılıb, onu içəridən bağladı və açarı götürdü.
– De! Boynuna al! – O, həyəcandan güclə eşidiləcək bir səslə mənə müraciət etdi. – Hamısını boynuna al! De görüm, danış! Yoxsa… heç özüm də bilmirəm ki, sənə nə eləyəcəyəm!
O, qollarımdan tutub bura-bura məni danışmağa məcbur etmək istəyirdi. Arvad lap dəli kimi olmuşdu. O anlarda öz-özümə and içdim ki, susum, atam barəsində bir söz deməyim ancaq qorxa-qorxa başımı qaldırıb son dəfə ona baxdım.. Əgər o, bir baxışla, bircə kəlmə sözlə qəlbimdəki arzularıma, daxili yalvarışlarıma cavab vermiş olsaydı, – bütün əziyyətlərə, işgəncələrə baxmayaraq özümü xoşbəxt hesab edərdim… Pərvərdigara? O, tamamilə laqeyd, təhdidedici bir hərəkətlə mənə əmr etdi ki, susum, elə bil o anlarda mən bir adamın təhdidindən qorxa bilərdim. Qəhərləndim, nəfəsim tutuldu, dizlərim büküldü və mən bayılıb yerə sərildim… Dünənki əsəb tutması yenidən təkrar olundu.
Mən bir də qapımız doyüləndə özümə gəldim. Anam qapını açdı, mən əyninə liverya geymiş bir adamın içəri girdiyini gördüm: bu adam təəccüblə ətrafına və bizə baxdı, sonra da musiqiçi Yefimovu soruşdu. Atam özünü nişan verdi. Nökər ona bir məktub verib, B. tərəfindən göndərildiyini dedi, əlavə etdi ki, B. indi knyazın yanındadır. Zərfin içində S-tsın konsertinə bir dəvətnamə vardı.
Bəzəkli paltar geymiş nökərin gəlişi, öz ağası olan knyazın yoxsul musiqiçi Yefimovun yanına xüsusi adam göndərməsi – bütün bunlar bir anda anama böyük təsir bağışladı. Mən hekayətimin əvvəllərində demişdim ki, yazıq arvad hələ də atamı sevirdi. İndi də, səkkiz ildən bəri çəkdiyi qüssə və əziyyətlərə baxmayaraq, hələ də ürəyi dəyişməmişdi: o hələ də atamı sevə bilərdi! Allah bilir, bəlkə də o, ərinin bəxtinin açıldığını zənn etmişdi. Çünki ən cüzi ümid hissi belə ona təsir göstərə bilərdi. Nə bilmək olar, – bəlkə elə onun özü də dəlisov ərinin dərin müştəbehliyinin müəyyən dərəcədə təsiri altına düşmüşdü! Həqiqətən də belə bir zəif qadına bu müştəbehlik heç olmasa bir balaca təsir etməyə bilməzdi, buna görə də knyazın bu diqqəti onun qəlbində min cür plan doğura bilərdi. Beləliklə, bir anda o, dəyişib yenə ona müraciət edə bilər, həyatında çəkdiyi əzabları, hətta onun son cinayətini – yeganə balasını qurban verdiyini ölçüb-biçərək qəlbində baş qaldıran yeni ümidlərin təsiri altında ərinin bu cinayətini məcburi dilənçilikdən, çirkin həyatdan və ümidsiz vəziyyətdən doğan adi bir xəta dərəcəsinə endirməyə hazır idi. Onun təbiətində hər şey hisslər üzərində qurulmuşdu, elə onun üçün də həmin anlarda o, yenə də öz məhv olmuş ərinin günahından keçməyə və ona sonsuz rəğbət bəsləməyə hazır idi.
Atam əl-ayağa düşdü; knyazla B-nin göstərdiyi bu diqqət onu da təəccübləndirmişdi. O, anamın özünə müraciət etdi, nə isə qulağına pıçıldadı, o da otaqdan çıxdı. İki dəqiqədən sonra qayıdıb xırda pul gətirdi. Atam o dəqiqə nökərə bir manat gümüş pul verdi, nökər nəzakətlə baş əyib getdi. Bu vaxt anam da gedib ütü gətirdi. Ərinin ən yaxşı yaxalığını çıxarıb ütüləməyə başladı. Sonra atamın ağ batisdən tikilmiş qalstukunu götürüb öz əli ilə onun boynuna bagladı. Bu qalstuk çoxdan idi ki, şkafda atılıb qalmışdı. Atamın teatrda qulluğa girdiyi vaxt tikdirdiyi qara frak da burada idi. Frak çox nimdaş idi. Atam geyinib qurtarandan sonra şlyapasını götürdü, ancaq otaqdan çıxanda bir stəkan su istədi. Onun rəngi tamam qaçmışdı, heysiz halda stulda oturdu. Suyu mən gətirdim; deyəsən anamın qəlbində atama bəslədiyi düşmənçilik hissi yenidən baş qaldırıb, onun ilk vaxtlarda göstərdiyi məhəbbəti soyutmuşdu.
Atam getdi, biz tək qaldıq. Mən yenə küncə qısılıb səsimi çıxarmadan anama baxırdım: Mən onu heç belə həyəcanlı görməmişdim; dodaqları səyriyirdi, solğun yanaqları birdən-birə qızarmışdı, bəzi xoflu adamlar kimi diksinir, bütün bədəni lərzəyə gəlirdi. Nəhayət onun bütün kədəri boğuq hıçqırtı və şikayətə çevrildi.
– Mənəm, mənəm təqsirkar, ay bədbəxt! – öz-özünə danışırdı. – Onun başına nələr gələcək? Mən öləndən sonra o nə günlərə qalacaq? – Otağın ortasında o, ildırım vurmuş adam kimi dayanmışdı. – Netoçka, mənim balam! Mənim yazıq balam! Bədbəxt balam! – Əllərimdən tutub məni bərk-bərk qucaqladı. – Mən heç sağlığımda sənə baxa bilmirəm, tərbiyənlə məşğul olmağı bacarmıram, bəs mən öləndən sonra kimin ümidinə qalacaqsan? Ah, məni başa düşmürsən! Başa düşürsənmi? İndi sənə dediyim sözləri yadında saxlaya biləcəksənmi, Netoçka? Bundan sonra da yadında qalacaqmı?
– Qalacaq, qalacaq, ana can! – mən əllərimi birləşdirib ona yalvarırdım.
O məndən əbədilik ayrılacağından qorxurmuş kimi bir xeyli məni qucağından buraxmadı. Ürəyim elə bil parça-parça olurdu.
– Ana can, ana! – mən hıçqırmağa başladım. – Axı sən niyə… Nə üçün atamı sevmirsən? – hıçqırıq məni boğduğu üçün sözümü qurtara bilmədim.
Anamın qəlbindən yanıqlı bir ah qopdu. Sonra o, yeni dəhşətli bir kədər içində otaqda var-gəl etməyə başladı.
– Yazıq, mənim yazıq balam! Heç onun necə böyüdüyünü də hiss eləməmişəm! O bilir, hər şeyi başa düşür! İlahi! Gör yadında nələr qalacaq, gör nələr görüb götürür! – Yenə ümidsizliklə əllərini ovuşdurdu.
Sonra təzədən mənə yaxınlaşıb çılğın bir məhəbbətlə üzümdən, əllərimdən öpüb, əllərimi göz yaşları ilə isladaraq, günahlarından keçməyimi xahiş edirdi… Mən hələ heç kimin belə əziyyət çəkdiyini görməmişdim… Nəhayət o, lap əldən düşüb huşunu itirən kimi oldu. Bir saat beləcə keçdi. Sonra o, yorğun və süst halda ayağa qalxıb mənə dedi ki, gedim yatım. Mən öz yerimə girib adyalı üstümə örtdüm. Ancaq yata bilmədim. Anam da mənə əziyyət verirdi, atam da. Atamın qayıtmasını səbirsizliklə gözləyirdim. Onun haqqında fikirləşəndə qəlbimi dəhşət bürüyürdü. Yarım saatdan sonra anam şamı götürüb yatıb-yatmadığımı yoxlamaq üçün mənə yaxınlaşdı. Onu sakit eləmək xətrinə gözlərimi bərk-bərk yumub özümü yuxuluğa vurdum. O mənə nəzər salıb ehtiyatla şkafa yaxınlaşdı, qapısını açıb özünə bir stəkan şərab tökdü. Şərabı içəndən sonra stolun üstündəki şamı yana-yana qoyub, qapını bağlamadan yatağına uzandı. Atam gec qayıdanda həmişə qapını açıq qoyurduq.
Mən sanki özümü unutmuşdum, ancaq yata bilmirdim. Bir balaca xumarlanan kimi, o dəqiqə qara basan adamlar tək diksinib gözlərimi açırdım. Qəlbimdəki kədər hissi get-gedə artırdı. Bəzən qışqırmaq istəyirdim, ancaq boğazım tutulurdu. Nəhayət, gecədən xeyli keçmiş qapımızın açıldığını eşitdim. Nə qədər vaxt keçdiyi yadımda deyil. Ancaq gözlərimi tamam açanda atamı gördüm. O mənə dəhşətli dərəcədə solğun göründü. Qapının yanında stulda oturub nə isə fikrə getmişdi. Otaqda dərin bir sükut vardı. Yanıb ərimiş piy şamının zəif işığı bizim bu məskənimizə kədərli görkəm verirdi.
Mən xeyli baxdım, ancaq atam heç qımıldanmırdı; başını aşağı salıb, əllərini əsəbiliklə dizlərinə söykəyərək eyni vəziyyətdə hərəkətsiz oturmuşdu. Mən bir neçə dəfə onu səsləmək istədim, ancaq bacarmadım. Əvvəlki kimi donub qalmışdım. Nəhayət, o birdən ayıldı, başını qaldırıb ayağa qalxdı. Bir neçə dəqiqə otağın ortasında dayandı, sanki nə isə qəti bir qərara gəlmək istəyirdi; sonra birdən anamın yatağına yaxınlaşıb diqqətlə qulaq asdı, onun yatdığına qəti inanandan sonra skripka qoyulmuş sandığa tərəf getdi. Sandığı açdı, qara qutunu çıxarıb stolun üstünə qoydu. Sonra yenidən ətrafına boylandı; onun nəzərləri çox dumanlı idi. Gözləri hədəqəsindən çıxmışdı. Mən onu heç vaxt bu vəziyyətdə görməmişdim.
Skripkanı götürdü. Lakin o dəqiqə yerə qoydu, gedib qapını bağladı. Sonra şkafın qapısının açıq olduğunu görüb ehtiyatla ona yaxınlaşdı, stəkan və şərab görcək töküb içdi. O, üçüncü dəfə skripkanı götürdü, ancaq bu dəfə də yerə qoydu və anamın yatağına yaxınlaşdı. Mən qorxudan yerimdə donaraq, daha nələr olacağını gözləyirdim.
O, nə isə uzun müddət qulaq asdı, sonra birdən anamın üzünə çəkilmiş yorğanın ucunu qaldırdı və əli ilə onun sifətini yoxlamağa başladı. Mən diksindim. O, bir də əyildi və demək olar ki, başını onun sinəsinə qoydu; ancaq son dəfə qalxanda deyəsən, onun meyit kimi ağarmış sifətində bir təbəssüm göründü. O, ehtiyat və qayğı ilə anamın üstünü örtdü, hətta başını, ayaqlarını da bürüdü… Mən anlaşılmaz bir qorxu içində titrəməyə başladım; anam üçün qorxurdum, onun belə dərin yuxuya getməsindən qorxurdum. Adyalın altından hiss olunan hərəkətsiz cizgilərə narahatlıqla baxırdım… Dəhşətli bir fikir beynimdən ildırım kimi ötüb keçdi.
Atam bu işləri qurtarandan sonra yenə şkafa yaxınlaşıb qalan çaxırı da içdi. O, stola yaxınlaşanda tir-tir titrəyirdi. Elə solğun idi ki, tanımaq olmurdu. O yenə skripkanı götürdü, bu skripkanı görmüşdüm və onun nə olduğunu bilirdim, indi isə dəhşətli qorxulu və qəribə bir şey gözləyirdim… Doğrudan da, onun səsini eşidən kimi diksindim. Atam çalmağa başladı. Ancaq səs nə isə qırıq-qırıq çıxırdı; o nəyi isə xatırlamağa çalışırmış kimi, tez-tez dayanırdı. Nəhayət, o, iztirablı və əzgin halda kamanı yerə qoydu və qəribə bir nəzərlə anamın yatağına baxdı. – Nə isə onu narahat edirdi. O yenə də yatağa yaxınlaşdı… dəhşətli bir hissdən nəfəsim tutula-tutula onu izləyir, bir hərəkətini də nəzərimdən qaçırmırdım.
Birdən o, əlləri ilə nəyi isə tələsik axtarmağa başladı: yenə də eyni dəhşətli fikir ildırım kimi məni sarsıtdı. Fikirləşdim: görəsən, anam niyə belə bərk yatıb? Görəsən, atam əli ilə onun üzünü yoxlayanda nə üçün oyanmadı. Sonra gördüm ki, atam bizim nə ki pal-paltarımız var hamısını töküşdürdü: anamın salopunu, özünün sürtukunu, xələti, hətta əynimdən çıxartdığım paltarı da götürdü və bu şeylərin hamısını anamın üstünə atdı. Anamı pal-paltarın altında tamam basdırdı; anam isə hərəkətsiz halda uzanıb heç qımıldanmırdı.
O çox dərin yuxuya getmişdi!
Atam bu işi qurtarandan sonra deyəsən yüngülləşib, asudə nəfəs aldı. Daha ona mane olan bir şey yox idi, ancaq nədənsə yenə də narahat idi. O, şamın yerini dəyişdi, yatağa baxmamaq üçün üzünü qapıya tərəf döndərdi. Nəhayət, skripkanı götürdü və qəribə bir qətiyyətlə kamanı simlərə çəkdi… Musiqi başlandı…
Lakin bu musiqi deyildi… Mən son dəqiqəyə qədər hər şeyi aydın xatırlayıram; o vaxt məni heyran edən hər şey yadımdadır. Yox, bu musiqi mənim sonralar eşitdiyim musiqilərə bənzəmirdi! Bu heç skripka səsinə də oxşamırdı, sanki bizim qaranlıq otağımızda kim isə dəhşətli bir səslə qışqırırdı. Bilmirəm, bəlkə də o vaxt mənim təəssüratım düzgün deyildi, xəstə təəssürat idi, ya da hissiyyatım elə sarsılmışdı ki, dəhşətli hadisələrin şahidi olduğum üçün mən daxilən qorxunc, son dərəcə əzablı təəssüratlar üçün hazırlanmışdım, – ancaq mən qəti surətdə əminəm ki, insan qışqırığı, fəryad və ağlamaq səsi eşidirdim; bu səslərdə sonsuz bir ümidsizlik duyulurdu, nəhayət, dəhşətli final akkordu eşidiləndə, bu səsdə hər şey– göz yaşından doğan dəhşətlər, əziyyətlərdən doğan ağrı və kədərdən doğan ümidsizlik eşitmək olardı, – bütün bunlar sanki bir yerə toplaşmışdı… mən davam gətirə bilmədim, – bədənim yarpaq kimi əsdi, gözlərimdən yaş axdı və dəhşətli, qorxunc bir qışqırıqla atamın üstünə atılıb onu qucaqladım. O diksinib skripkanı əlindən yerə saldı.
O, bir dəqiqə çaşıb qaldı. Nəhayət, onun gözləri yenə də hədəqəsindən oynadı və o, ətrafa göz gəzdirdi; sanki nə isə axtarırdı. Birdən skripkanı götürüb başımın üstünə qaldırdı… Bir an da keçsəydi, bəlkə məni yerimdəcə öldürəcəkdi.
– Ata can, – deyə qışqırdım,– ata can!
O mənim səsimi eşidəndə yarpaq kimi əsdi və iki addım geri çəkildi.
– Ah! Hələ sən sağsan! Deməli, hələ hər şey qurtarmamışdır! Deməli, sən mənimlə qalmısan! – Qışqırıb çiyinlərimdən tutaraq məni havaya qaldırdı.
– Ata can! – Yenə qışqırdım, – sən allah, məni qorxutma! Mən qorxuram! Ay!
Ağlamağım onu sarsıtdı. O, ehtiyatla məni yerə qoyub bir dəqiqəyə qədər səssiz dayandı, üzümə baxdı, sanki məni tanımağa başlayır və nəyi isə xatirinə salırdı. Nəhayət, birdən sanki onun varlığını nə isə alt-üst etdi, nə isə dəhşətli bir fikir onu sarsıtdı, – dumanlanmış gözlərindən yaş axdı; o mənə tərəf əyilib, diqqətlə üzümə baxmağa başladı.
– Ata can! – Qorxudan bağrım yarıla-yarıla onu səsləyirdim, – Elə baxma, ata can! Gedək burdan! Tez çıxıb gedək! Gedək, qaçaq!
– Hə, qaçaq, qaçaq! Vaxtdır! Gedək, Netoçka! Tez ol, tez ol! – O, sanki nə etmək lazım gəldiyini indi başa düşmüşdü, vurnuxurdu. Tələsik ətrafa nəzər salıb anamın şalını yerdə görəndə qaldırıb cibinə qoydu, sonra çepçikini gördü– onu da götürüb qoynunda gizlətdi, o, uzaq yola hazırlaşırmış kimi özünə lazım olan şeyləri bir-bir yığırdı.
Mən də o dəqiqə paltarımı geyib tələsə-tələsə yol üçün vacib hesab etdiyim şeyləri yığışdırmağa başladım.
Atam soruşdu:
– Hər şeyi götürdünmü, yaddan çıxan şey yoxdur ki? Bütün şeylər hazırdımı? Tez ol, tez ol!
Mən tələsik boğçanı bağladım, şalı başıma örtüb evdən çıxmaq istəyəndə divardakı şəkli də götürmək lazım gəldiyini fikirləşdim. Atam da o saat fikrimlə razılaşdı. İndi artıq o sakitləşmişdi, pıçıltı ilə danışır və məni tələsdirirdi. Şəkil çox hündürdən asılmışdı. Biz ikilikdə stul gətirdik, stulun üstünə də kətil qoyduq, sonra da onun üstünə çıxıb uzun əziyyətdən sonra şəkli çıxartdıq. Artıq yola düşmək üçün hər şey hazır idi. O, əlimdən yapışdı, elə getmək istəyirdik ki, birdən atam məni saxladı. O dayanıb bir xeyli alnını ovuşdurdu. Sanki nəyi isə yadına salmaq istəyirdi. Nəhayət, deyəsən, lazım olan şeyi yadına saldı, anamın yastığı altındakı açarları axtarıb tapdı, kamodun gözünü tələsik eşələməyə başladı. Nəhayət, yanıma qayıdıb yeşikdən tapdığı pulları da gətirdi.
– Al, götür, yaxşı saxla, – deyə pıçıldadı, – itirmə ha, yadından çıxartma, yadından çıxartma!
O, əvvəlcə pulları ovcuma qoydu, sonra götürüb qoynumda gizlətdi. Yadımdadır, gümüş pullar ətimə dəyəndə diksindim. Sanki pulun nə demək olduğunu ancaq indi başa düşdüm. İndi biz hazır idik, ancaq birdən atam yenə məni saxladı.
– Netoçka! – O, zorla fikrini toplayırmış kimi çətinliklə danışmağa başladı, – mənim balam, lap yadımdan çıxdı… Nə deyəcəkdim?.. Görüm nə lazım idi?.. Yadımdan çıxdı… hə, hə! Tapdım, yadıma düşdü!.. Bura kəl, Netoçka!
O, əlimdən tutub məni evin müqəddəs surət asılmış küncünə gətirdi və dedi ki, diz çöküm.
– Dua elə, mənim balam, dua elə! Bir qədər yüngülləşərsən… Düz deyirəm, yüngülləşərsən, – o, əli ilə müqəddəs surəti göstərərək qəribə bir tərzdə üzümə baxır, pıçıldayırdı. – Dua elə, dua elə? – O, yalvarıcı bir səslə xahiş edirdi.
Mən diz çökdüm, əllərimi sinəmdə daraqlayıb varlığıma hakim kəsilmiş dəhşət və ümidsizlik içində döşəməyə yıxılıb nəfəsimi qısaraq, bir neçə dəqiqə beləcə qaldım. Mən dua edərkən bütün fikirlərimi və hisslərimi toplamağa çalışırdım. Lakin qorxu hissi mənə üstün gəlirdi. Nəhayət, kədərdən üzülmüş halda dikəldim. Mən artıq onunla getmək istəmirdim, ondan qorxurdum, mən qalmaq istəyirdim. Bayaqdan bəri məni əldən salan və mənə əziyyət verən sözlər qeyri-ixtiyari qəlbimdən qopub dilimə gəldi:
– Ata, – mən gözümün yaşını tökə-tökə soruşdum – bəs anam necə olacaq? O hardadır? Hanı mənim anam?
Daha sözümün dalını deyə bilmədim. Göz yaşları məni boğdu.
O da ağlaya-ağlaya mənə baxırdı. Sonra əlimdən tutub yatağın yanına gətirdi, anamın üstünə töküşdürdüyü paltarları dağıdaraq yorğanı qaldırdı. Pərvərdigara! O, artıq ölmüşdü, bədəni bumbuz soyuyub göyərmişdi. Mən bihuş halda özümü anamın üstünə ataraq meyitini qucaqladım. Atam məni diz çökdürdü.
– Ona baş əy, qızım! – dedi, – onunla vidalaş…
Mən baş əydim. Atam da mənimlə birlikdə təzim etdi. O son dərəcə solğun idi, dodaqları tərpənir, nə isə pıçıldayırdı.
– Bunu mən eləməmişəm. Netoçka, mən eləməmişəm, – deyə əlləri əsə-əsə meyiti göstərdi. – Eşidirsənmi, mən eləməmişəm, mənim təqsirim yoxdur. Yadında saxla, Netoçka!
– Ata, gedək, – mən qorxu içində pıçıldadım. – Vaxtdır!
– Hə, daha vaxtdır, çoxdan vaxtdır! – O, əlimdən bərk-bərk yapışıb evdən çıxmağa tələsdi. – Hə, indi yola düşə bilərik. Şükür allaha, şükür allaha, daha hər şey qurtardı!
Biz pilləkənləri endik; dalandar yarıyuxulu halda şübhə ilə bizə baxaraq darvazanı açdı. Atam onun sual verəcəyindən qorxmuş kimi, yüyürərək darvazadan əvvəl özü çıxdı, mən arxadan özümü ona güclə yetirdim. Biz öz küçəmizi keçib kanalın sahilinə çıxdıq. Axşamdan yağan qar küçənin daşlarını örtmüşdü. İndi də narın qar yağırdı. Soyuq idi, iliyimə kimi donmuşdum, əllərim üşüyə-üşüyə atamın frakının ətəyindən möhkəm tutub, onun dalınca yüyürdüm. Skripka qoltuğunda idi. Tez-tez ayaq saxlayıb skripkanın qutusunu düzəldirdi.
On beş dəqiqəyə qədər yol getdik; nəhayət o, səkinin kanala tərəf olan enişindən düşüb, kanalın lap kənarındakı sonuncu tumbanın üstündə oturdu. Bizdən iki addım aralı, kanalın buz bağlamış səthində dəlik açılmışdı. Ətrafda kimsə yox idi. Pərvərdigara! O vaxt varlığımı bürüyən dəhşətli bir hissi bugünkü kimi xatırlayıram! Nəhayət, bir ildən bəri xəyalına daldığım arzularım həyata keçirdi. Biz yoxsul məskənimizdən çıxıb gedirdik… Lakin mən bunumu gözləyirdim, belə şeymi arzu edirdim, mənim uşaqlara xas olmayan bir məhəbbətlə sevdiyim adamın səadəti haqqında niyyət etdiyim zamanlar uşaq xəyalımda bumu yaranmışdı? O dəqiqələrdə mənə hər şeydən çox əzab verən anam idi. «Biz niyə onu tək-tənha qoyub gəldik? – deyə fikirləşirdim. – Onun meyitini niyə lazımsız bir şey kimi atıb gəldik?» Yadımdadır, bu fikir mənə hər şeydən çox əzab verir və incidirdi.
– Ata can! – Mən bu əzablı hisslərimi gizlində saxlaya bilmədim, – ata can!
– Nə var? – O, sərt bir ifadə ilə məndən soruşdu. Mən ağlaya-ağlaya dedim:
– Ata can, biz niyə anamı orda qoyduq? Nə üçün onu atıb gəldik? Ata can! Gəl geri qayıdaq! Bir adam tapıb onun yanında qoyaq.
– Hə, hə, – o birdən diksinib qışqırdı, ayağa qalxdı. Elə bil birdən-birə ağlına onun şübhələrinə son qoyan təzə bir fikir gəlmişdi. – Hə, Netoçka, belə yaramaz; ananın yanına getməliyik; orda ona soyuqdur! Get onun yanına, Netoçka, get, ora qaranlıq deyil, orda şam var; qorxma, bir adam tapıb onun yanında qoy, sonra da qayıt yanıma; tək get, mən isə səni burda gözləyərəm, mən heç yana getmərəm.
Mən o dəqiqə getdim, ancaq səkiyə çıxan kimi elə bil nə isə ürəyimə sancıldı… Dönüb gördüm ki, o artıq kanalın o biri sahilinə keçərək, belə bir dəqiqədə məni tərk edib gedir, tək qoyub qaçır. Mən gücüm çatdıqca qışqırdım və dəhşətli bir qorxu içində onun dalınca yüyürdüm. Nəfəsim tutulurdu, o getdikcə sürətini artırırdı…Yavaş-yavaş gözdən itirdi. Yolda onun şlyapasını gördüm, qaçanda başından düşmüşdü, əyilib şlyapanı götürdüm və yenə də yüyürməyə başladım. Nəfəsim tutulur, dizlərim bükülürdü… Hiss edirdim ki, başıma nə isə çox pis bir iş gəlmişdir, mənə elə gəlirdi ki, bu yuxudur, hətta bəzən məndə yuxuda olduğu kimi, bir təəssürat oyanırdı. Bəzən yuxuda görürdüm ki, mən kiminsə əlindən qaçıb qurtarmaq istəyirəm, ancaq dizlərim bükülür, arxadan mənə çatırlar və mən huşumu itirərək yıxılıram. Bu dəhşətli təəssürat varlığımı sarsıdırdı. Ona yazığım gəlirdi, onun şinelsiz, şlyapasız məndən, öz sevimli balasından qaçdığını təsəvvürümə gətirəndə ürəyim sızıldayır və ağrıyırdı. Mən yalnız bir də, bir də onu bərk-bərk öpmək və ona demək istəyirdim ki, məndən qorxmasın, onu arxayın etmək, onun dalınca qaçmadığımı deyib sakitləşdirmək istəyirdim, demək istəyirdim ki, əgər mənim onunla getməyimi istəmirsə, eybi yoxdur, anamın yanına tək qayıdaram. Bəli, mən yalnız bunun üçün ona çatmağa tələsirdim. Nəhayət gördüm ki, küçələrdən birinə döndü. Həmin küçəyə çatanda mən də atamın dalınca döndüm, hələ onu irəlidə seçə bilirdim… Ancaq bu vaxt taqətdən düşdüm; ağlamağa, qışqırmağa başladım. Yadımdadır, yüyürərkən yoldan keçən iki adama toxundum. Onlar səkinin ortasında dayanaraq, dönüb ikimizə də təəccüblə baxırdılar.
– Ata can! Ata can! – Son dəfə qışqırdım, birdən ayağım sürüşdü, evin darvazasının qabağında yerə yıxıldım. Sifətimin büsbütün qan içində olduğunu hiss etdim. Bir an sonra huşumu itirdim.
Ayılanda özümü isti, rahat bir otaqda gördüm. Ətrafımda toplaşmış gülərüzlü, mehriban adamlar ayılmağıma sevindilər. Mən burnunun üstündə çeşmək olan bir qarı və mənə dərin rəğbət hissi ilə baxan hündürboy bir cənab gördüm; sonra da gözəl və cavan bir xanım, nəhayət əlimdən tutub saata baxan ağsaçlı bir qoca gördüm. Mən yeni həyata qədəm qoymaq üçün ayılmışdım. Qaçdığım zaman rastıma çıxan adamlardan biri knyaz X. idi. Mən onların evinin qapısında yıxılmışdım. Onlar uzun axtarışlardan sonra mənim kim olduğumu öyrənmişdilər. Atam üçün S-tsın konsertinə bilet göndərən knyaz bu qəribə hadisədən sarsılaraq, məni öz evlərinə gətirmək və balaları ilə bir yerdə tərbiyə etmək qərarına gəlmişdi. Onlar atamı axtarmağa başlamış və məlumat almışdılar ki, kimsə onu şəhərdən kənarda dəli olub özündən çıxmış halda tutmuşdu. Onu xəstəxanaya aparmışdı. Orada iki gündən sonra ölmüşdü.
O ölmüşdü, çünki belə bir ölüm zəruri idi, onun bütün həyatının təbii nəticəsi idi. O, belə də ölməli idi. Ona həyatda toxtaqlıq verən şeylərin birdən-birə tar-mar olub röya kimi, cansız və puç bir xülyaya çevrildiyi anda məhz belə də ölməli idi. Onun son ümidi puça çıxmışdı, həyatı boyu öz-özünü aldatması, özünə boş yerə toxtaqlıq verməsi bir anda aşkara çıxmışdı, bunu o, tam aydınlığı ilə dərk etdikdən sonra ölmüşdü. Həqiqət öz dözülməz parıltısı ilə onun gözlərini kor etmişdi. Başqaları üçün yalan olan bir şey onun üçün də yalan olmuşdu. O özünün son saatında ecazkar bir dühanın səsini eşitmişdi, bu düha onun özünü özünə tanıtmış, birdəfəlik hökmünü vermişdi, – S-tsın skripkasından qopan son musiqi sədalarını eşidəndə incəsənətin bütün sirləri onun üçün açılmışdı və həmişə gənc, qüdrətli və həqiqi düha öz həqiqətinin gücü ilə onu əzmişdi. Sanki ömrü boyu çəkdiyi sirli və sezilməz işgəncələrdə ona əzab verən şeylər bu vaxta qədər bəzən ona agah olsa da həyatın saxta təəssüratı ilə özündən kənar etdiyi, yalnız röyalarda görüb, xəyalında canlandıraraq ağrısını çəkdiyi hissedilməz, duyulmaz şeylər, – bir sözlə, əvvəlcədən hiss etdiyi və qorxduğu nə vardısa hamısı birdən-birə işıqlanıb onun gözləri qarşısında parladı, o gözlərin ki, indiyə qədər işığı işıq, zülməti isə zülmət kimi qəbul etmək istəmirdi. Lakin olub-keçənləri, hazırki vəziyyəti və onu qarşıda nələr gözlədiyini ilk dəfə açıq-aydın görməyə başlayan bu gözlər üçün belə nagahan həqiqət parıltısı dözülməz idi, bu onu kor edib ağlını külə döndərdi. Bu həqiqət onu amansız bir ildırım kimi vurdu. Onun ömrü boyu qorxu və hürkü ilə gizlədiyi bir hadisə baş verdi. Sanki ömrü boyu onun başı üzərində sıyrılmış bir qılınc varmış, o, ömrü boyu diləgəlməz əzablar içində hər an qılıncın enəcəyini gözləyirmiş və nəhayət bu qılınc öz zərbəsini endirmişdi! Zərbə ölümcül idi. O öz məhkəməsindən qaçıb canını qurtarmaq istəyirdi, ancaq qaçmağa yer yoxdu; son ümidi puça çıxmış, son bəhanəsi kəsilmişdi. O adam ki, neçə illərdən bəri öz həyatı ilə onu sıxırdı, onun gününü qara eləyirdi, özünün kor-koranə inamına görə, ölümü ilə ona bir anda yeni həyat bəxş edəcəkdi, həmin adam artıq ölmüşdü. Nəhayət, o tək qalmışdı, artıq heç kim onun əl-ayağına dolaşmırdı; nəhayət, o azad idi! O, çıxılmaz bir ümidsizlik içində son dəfə ədalətli və qərəzsiz bir hakim kimi özü özünü amansızcasına və ciddiyyətlə mühakimə etmək istəyirdi, lakin onun titrək kamanı dahinin çaldığı əsərin yalnız son musiqi cümləsini mif bir şəkildə təkrar edə bilmişdi… Elə bu vaxt on ildən bəri onu izləyən dəlilik öz labüd hökmünü verdi.
IV
Mən yavaş-yavaş sağalırdım; ancaq tamamilə sağalıb yataqdan qalxandan sonra da heç bir şey dərk etmirdim, buna görə də başıma nələr gəldiyini uzun müddət anlaya bilmədim. Bəzən elə olurdu ki, bütün gördüklərim mənə yuxu kimi gəlirdi, sanki yuxu görürdüm, yadımdadır, bunların, doğrudan da, yuxu olmasını arzulayırdım! Gecə yatanda ümid edirdim ki, oyanıb yenə özümü yoxsul otağımızda, ata-anamla bir yerdə görəcəyəm… Ancaq vaxt gəldi, vəziyyətim mənə agah oldu, yavaş-yavaş başa düşdüm ki, tək qalmışam və yad adamlarla yaşayıram. O vaxt ilk dəfə yetim qaldığımı hiss etdim.
Məni belə gözlənilmədən əhatə edən yeniliklərə hərisliklə diqqət verirdim. İlk vaxtlarda hər şey mənə çox qəribə, birtəhər gəlirdi, hər şeydən utanırdım: yeni adamlardan da, təzə gördüyüm adətlərdən də! Hətta knyazın qədim evi də mənə birtəhər gəlirdi – indiki kimi yadımdadır. Geniş, hündür, zəngin avadanlıqlı otaqlar mənə çox tutqun, cansıxıcı görünürdü, xatirimdədir, hətta mənə çox uzun görünən zaldan keçməyə də qorxurdum. Mənə elə gəlirdi ki, zala girsəm itəcəyəm. Xəstəliyim hələ tamam keçməmişdi, buna görə də təəssüratım ağır, üzücü, bir sözlə, bu təmtəraqlı və ürəksıxan mənzillə həmahəng idi. Bundan başqa, heç özümə də aydın olmayan bir qüssə kiçik qəlbimdə get-gedə artır və məni sıxırdı. Mən dayanıb şəkillərdən birinə, aynaya, qəribə naxışlar vurulmuş buxarıya və ya qəsdən dərin bir taxçanın içində gizlənərək mənə daha yaxşı göz qoymaq istəyirmiş kimi görünən heykələ təəccüblə baxırdım, sonra da nə üçün dayandığımı, nə istədiyimi, nə barədə fikirləşdiyimi birdən unudurdum. Özümə gələndə bəzən qorxu və təşvişdən ürəyim bərk döyünürdü.
Heç xəstə olduğum vaxt arabir yanıma baş çəkməyə gələn adamlardan, qoca həkimdən başqa, məni hamıdan çox bir kişi valeh etmişdi. Bu, yaşlı, ciddi görkəmli, lakin mərhəmətli bir adam idi. O mənə rəğbət hissi ilə baxırdı! Onun sifəti mənə o birilərindən daha xoş gəlirdi. Elə hey istəyirdim ki, onunla danışam, ancaq ürək eləmirdim; o, üzdən həmişə kədərli görünürdü, qırıq-qırıq və az danışırdı. Bir dəfə də olsun gülümsədiyini görməmişdim. Bu məni tapan və öz evində saxlayan knyaz X. idi. Mən sağalmağa başlayanda, o daha az-az görünürdü. Nəhayət, o son dəfə yanıma gələndə mənə konfet və bir şəkilli kitab gətirdi, məni öpdü, üzümə xaç çəkdi və xahiş etdi ki, özümü şən saxlayım. O mənə təsəlli verərək dedi ki, tezliklə özüm kimi bir rəfiqəm də olacaq, bu onun qızı Katyadır, ancaq indi Moskvadadır. Sonra uşaqlarının dayəsi olan qoca fransız qadını ilə və mənə qulluq eləyən qızla nə isə danışdı, məni göstərib çıxıb getdi. O gündən düz üç həftə onu görmədim. Knyaz öz evində hamıdan uzaq yaşayırdı. Evin böyük bir hissəsini knyazın arvadı tutmuşdu: elə onun özü də bəzən həftələrlə knyazla görüşməzdi. Sonralar hiss etdim ki, evdəki başqa adamlar da onun barəsində az danışırlar, elə bil, o heç bu evdə yaşamır. Ancaq hamı ona hörmət eləyirdi. Hətta onu sevdikləri də hiss olunurdu, bununla belə ona qəribə və qeyri-adi bir adam kimi baxırdılar. Deyəsən, öz qəribəliyini, başqa adamlara oxşamadığını knyazın özü də başa düşürdü, buna görə də adamların gözünə mümkün qədər az görünməyə çalışırdı… Gələcəkdə mən onun haqqında daha geniş və ətraflı danışmalı olacağam.
Bir səhər mənə təmiz və nazik alt paltarı, üstdən də ar zolaqlı qara şal paltar geydirdilər. Mən paltarımın bu zolaqlarına çox qəmgin bir təəccüblə baxdım. Saçlarımı darayandan sonra aşağı, knyaginyanın otağına apardılar. Məni onun yanına gətirəndə yerimdəcə donub qaldım; hələ mən ətrafımda belə dövlət və gözəllik görməmişdim. Lakin bu təəssüratım bir an sürdü, knyaginyanın səsini eşidəndə rəngim qaçdı. O əmr etdi ki, məni onun yanına gətirsinlər. Hələ məni geyindirəndə fikirləşirdim ki, məni əziyyətli bir iş üçün hazırlayırlar. Allah bilir, bu fikir başıma hardan gəlmişdi. Ümumiyyətlə, mən yeni həyata qədəm qoyanda ətrafımda nə görürdümsə, hamısına qəribə bir inamsızlıqla baxırdım. Knyaginya məni çox yaxşı qarşıladı və üzümdən öpdü. Mən ürəklənib cəsarətlə ona baxdım. Bu, huşa gəlib gözümü açarkən ilk dəfə gördüyüm həmin gözəl qadın idi. Ancaq onun əlindən öpəndə bədənim əsirdi. Suallarına cavab vermək üçün özümü ələ ala bilmirdim. O, əmr etdi ki, yanındakı alçaq kətilin üstündə oturum. Deyəsən, bu yeri əvvəlcədən mənim üçün hazırlamışdılar. Görünür, knyaginya məni ürəkdən sevmək, nazlamaq və mənə tam mənasında analıq eləmək fikrində idi. Ancaq qəribə bir vəziyyətə düşüb, knyaginyanın xoşuna gəlməyəcəyimi heç ağlıma belə gətirməzdim: onun rəğbətini qazana bilməmişdim. Mənə qəşəng və şəkilli bir kitab verib dedilər ki, götürüb məşğul olum. Knyaginya da kiməsə məktub yazırdı, arabir qələmi yerə qoyub yenə mənimlə danışırdı; mənim dilim dolaşır, özümü itirdiyim üçün əməlli-başlı bir cavab verə bilmirdim. Bir sözlə, mənim başıma gələn əhvalat qeyri-adi olsa da, bu hadisələrdə əsas rolu taleyim, tutaq ki, sirli qüvvələr oynasa da, ümumiyyətlə, burada çox maraqlı, anlaşılmaz, hətta əfsanəvi bir xüsusiyyət olmuş da olsa, belə çıxırdı ki, mənim özüm bu melodramatik vəziyyətə rəğmən ən adi, gözü qorxmuş, aciz, hətta axmaq bir uşağam. Sonuncu xüsusiyyət knyaginyanın heç xoşuna gəlmirdi, deyəsən, elə buna görə də tezliklə onu yordum. Bunda da ancaq özümü təqsirkar bilirəm. Saat üç radələrində vizitlər başlandı, bu zaman knyaginya birdən-birə mənə daha diqqətli və nəvazişkar oldu. Gələnlər mənim haqqımda soruşanda deyirdi ki, fövqəladə maraqlı əhvalatdır, sonra isə fransız dilində danışmağa başlayırdı. O danışarkən qonaqlar mənə baxır, başlarını yırğalayır və heyrətlə səslənirdilər. Cavan bir oğlan əlindəki lorneti mənə tərəf yönəltdi, ətirlənmiş qoca bir kişi məni hətta öpmək istədi, mən isə rəng verib-rəng alırdım. Başımı aşağı salaraq, əsə-əsə oturub qımıldanmağa belə qorxurdum. Ürəyim sızıldayır, ağrıyırdı. Qeyri-ixtiyari keçmiş günləri yada salır, çardağımızı, atamı, uzun və səssiz axşamlarımızı, anamı xatırlayırdım. Anam yadıma düşəndə gözlərim yaşla doldu, qəhərləndim, mən yerimdən durub qaçmaq, gözdən itmək, tək qalmaq istəyirdim… Vizitlər qurtarandan sonra knyaginyanın sifəti yenə də tutuldu. O, artıq mənə qaşqabaqla baxır, sərt danışırdı, onun nüfuzediçi qara gözləri məni xüsusilə qorxudurdu. O, nazik dodaqlarını bərk-bərk sıxıb, bəzən on beş dəqiqə gözlərini mənə zilləyirdi. Axşam məni yenə yuxarı otaqlara apardılar. Qızdırmalı adamlar kimi yuxuya getdim, gecə oyandım. Gördüyüm pis yuxuların təsirindən qüssə içində ağladım. Səhər yenə həmin əhvalatlar təkrar olundu, məni təzədən knyaginyanın yanına apardılar. Deyəsən, mənim başıma gələnləri qonaqlara danışmaq onun özünü də yormuşdu. Qoca bir arvad ondan soruşanda ki, «Bəs, bu uşaqla darıxmırsan?» Knyaginya cavab vermişdi ki, bu, sadəlövh olmayan adi bir uşaqdır. Bir axşam məni onun yanından apardılar ki, daha bir də gətirməsinlər. Bununla da mənə göstərilən iltifat qurtardı; ancaq mənə istədiyim yerə getməyə, istədiyim qədər gəzməyə icazə verilmişdi. Mən də dərin və üzüntülü qüssənin təsiri altında bir yerdə otura bilmirdim. Sevinirdim ki, nəhayət, aşağıdakı böyük otaqlarda hamının gözündən uzaq gəzəcəyəm. Yadımdadır, mən evdəki adamlarla danışmaq istəyirdim, ancaq onları hirsləndirəcəyimdən elə qorxurdum ki, tək qalacağımı daha üstün tuturdum. Mənim ən sevimli məşğələm künclərin birində, ya da mebellərdən birinin dalında gizlənib başıma gələnləri yada salmaq və bu barədə fikirləşmək idi. Qəribə idi! Mən sanki valideynlərimin yanında olarkən başıma gələn o son dəhşətli əhvalatı unutmuşdum. Mənim gözümün qabağında, ayrı-ayrı lövhələr canlanır, yadıma yalnız ayrı-ayrı hadisələr düşürdü. Doğrudur, hər şey yadımda idi– gecə də, skripka da, atam da, hətta onun üçün pul tapdığım da yadımdan çıxmamışdı; lakin bu hadisələri dərk etməyi, aydınlaşdırmağı nə isə bacarmırdım… Bircə anamın meyiti qarşısında diz çöküb dua etdiyim dəqiqələri yadıma salanda ürəyim çox sıxılırdı. Bədənimdən vicvicə keçirdi; məni titrətmə tuturdu, yavaşca qışqırırdım, sonra nəfəsim elə tutulurdu ki, bütün sinəm ağrıyırdı, ürəyim bərk çırpınırdı, mən qorxu içində cəld küncdən çıxırdım. Ancaq mən düz demədim. Məni tək qoymurdular; mənə daima göz qoyurdular və knyazın əmrini diqqətlə yerinə yetirirdilər. O tapşırmışdı ki, mənə azadlıq versinlər, məni sıxışdırmasınlar, ancaq bununla bərabər bir dəqiqə də olsun gözdən qoymasınlar. Hiss edirdim ki, bəzən evdəki adamlardan və ya qulluqçulardan biri mən olan otağa gəlir, bir söz demədən yenə çıxıb gedirdi. Onların mənə göstərdikləri bu diqqət məni çox təəccübləndirir və bir qədər narahat edirdi. Bunun nə üçün edildiyini başa düşə bilmirdim. Mənə elə gəlirdi ki, məni nə üçünsə qoruyurlar və sonra mənə nə isə edəcəklər. Yadımdadır. Mən o vaxt mümkün qədər içərilərə getməyə çalışırdım ki, sonralar lazım olanda gizlənməyə yer tapım. Bir dəfə pilləkənin üstünə çıxdım. Pillələr başdan-başa mərmərdən idi. Geniş pillələrə xalılar döşənmişdi. Hər iki tərəfdə çiçəklər və gözəl vazlar qoyulmuşdu. Pillələrin hər meydançasında iki nəfər hündürsboylu adam oturmuşdu. Onlar son dərəcə ala-bəzək paltar geymiş, əllərinə əlcək və boyunlarına ağ qalstuk taxmışdılar. Mən onlara təəccüblə baxır, bu adamların nə üçün burada oturub susduqlarını və ancaq bir-birinə baxmaqdan başqa heç bir işlə məşğul olmadıqlarını başa düşə bilmirdim.
Mənim bu tək gəzintilərim get-gedə daha çox xoşuma gəlirdi. Bundan əlavə, aşağı otaqlara qaçmağımın başqa bir səbəbi də vardı. Yuxarı otaqlarda knyazın qoca xalası yaşayırdı. O, demək olar ki, bayıra çıxmır və heç yerə getmirdi. Bu qarı mənim xatirimdə dərin izlər buraxmışdır. O, demək olar ki, evdə ən mötəbər şəxsiyyət idi. Ev adamları onunla xüsusi nəzakətlə rəftar edirdilər. Hətta qürurlu və hokmürəvan bir adam olan knyagniyanın özü belə təyin olunmuş günlərdə, həftədə iki dəfə, yuxarı çıxıb xalası ilə görüşürdü. O, adətən səhərlər gəlirdi, onların söhbətləri maraqsız olurdu. Çox vaxt aralığa dərin sükut çökürdü. Bu vaxtlar qarı ya dua oxuyar, ya da təsbeh çevirərdi. Qarının özü rüsxət verməyincə görüş qurtarmırdı. Axırda o qalxıb knyaginyanın dodaqlarından öpər və bununla da, görüşün qurtardığını bildirərdi. Əvvəllər knyaginya öz qohumuna gündə baş çəkməli olurdu; lakin sonralar qarının arzusu ilə onun vəziyyəti yüngülləşdirildi. Knyaginya həftənin qalan beş günündə hər səhər mütləq adam göndərib qarının əhvalını soruşmalı idi. Ümumiyyətlə, demək lazımdır ki, qoca knyaz qızı müqəddəs həyat keçirirdi. O, qarımış qız idi. Otuz beş yaşı tamam olanda monastıra getmişdi. Orada on yeddi il yaşamasına baxmayaraq, monaxlığa daxil olmaq üçün saçlarını vurdurmamışdı; sonra monastırı tərk edib, qraf L.-in dul arvadı olan bacısı ilə birlikdə yaşamaq üçün Moskvaya gəlmişdi. Çünki bacısının səhhəti ildən-ilə pozulurdu. Bundan başqa, iyirmi ildən bəri küsülü qaldığı başqa bir bacısı– knyaz qızı X. ilə də barışmaq fikrində idi. Lakin deyilənlərə görə, qarılar bir günü də yaxşı yola getməmişdilər. Onlar azı min dəfə ayrılmaq istəmiş, ancaq bunu da edə bilməmişdilər. Çünki başa düşmüşdülər ki, bir-birlərinə darıxmaqdan və qocalıqdan mühafizə etmək üçün çox lazımdırlar. Lakin onların həyatındakı bu xoşagəlməyən cəhətlərə və Moskvadakı evlərində hökm sürən darıxdırıcı bir sükuta baxmayaraq, bütün şəhər əhli bu üç bacının görüşünə gəlməyi özünə borc bilirdi. Onlara kübarlıq adətlərini və rəvayətlərini mühafizə edən, əsl boyarlıq tarixinin canlı salnaməsi kimi baxırdılar. Qrafinya öləndən sonra özü haqqında gözəl xatirələr qoymuşdu. O, doğrudan da, yaxşı qadın idi. Peterburqdan Moskvaya gələnlər əvvəl-əvvəl onların görüşünə gedirdilər. Kim onların evində qəbul edilsəydi, onun üzünə bütün qapılar açıq olurdu. Lakin qrafinya vəfat etdi, qalan bacılar da ayrıldılar. Böyük bacı – knyajna X. sonsuz olan qrafinya öləndən sonra öz payına düşən var-dövlətə yiyələnmək üçün Moskvada qaldı. Monastırdan gələn kiçik bacısı isə Peterburqa, bacısı oğlu knyaz X-ın yanına köçdü. Bunun əvəzində knyazın iki uşağı – knyajna Katya ilə Aleksandr nənələrini əyləndirmək və ona təskinlik vermək üçün Moskvada onun yanında qonaq qalmışdılar. Öz uşaqlarını çox məhəbbətlə sevən knyaginya yas saxlanılan müddətdə uşaqlarından ayrılanda qorxudan heç ağzını açıb yox deyə bilməmişdi. Mən knyazın evinə gələndə yas hələ də davam edirdi; lakin yaxın vaxtlarda yas qurtarırdı.
Qoca knyajna həmişə qara rəngli sadə şal paltar geyərdi, boynuna da nişastalanmış ağdan qırçınlı yaxalıq taxardı. Bu yaxalıq ona rahibə görkəmi verirdi. O, təsbehi heç vaxt əlindən yerə qoymazdı, hər səhər təntənə ilə kilsəyə ibadətə gedərdi, lazım olan günlərdə pəhriz saxlayardı, öz evində müxtəlif ruhaniləri və mömin adamları qəbul edər, müqəddəs kitablar oxuyar, ümumiyyətlə, rahibə həyatı keçirərdi. Yuxarıda dözülməz bir sakitlik hökm sürürdü; qapını belə cırıldatmaq olmazdı; qarı on beş yaşlı qız kimi qulaqdan çox iti idi; səs eşidən kimi, hətta qapı cırıldayanda da adam göndərərdi ki, gedib səbəbini öyrənsin. Hamı pıçıltı ilə danışar, barmaqlarının ucunda gəzərdi. Qoca arvad olan yazıq fransız dayə də axırda öz sevimli dikdaban ayaqqabılarından imtina etməli olmuşdu. Ayaqqabıların dabanlarını çıxartdırmışdılar. Mənim gəlişimdən iki həftə sonra qoca knyajna mənim barəmdə məlumat toplamağa adam göndərmişdi: mən kiməm, nəkarəyəm, bu evə necə düşmüşəm və i. a. Ona bilatəxir və hörmətlə məlumat verdilər. Fransız dayənin yanına ikinci dəfə adam gəldi. Bu dəfə knyajna soruşurdu ki, nə üçün məni indiyədək ona göstərməmişlər? O dəqiqə hamı bir-birinə dəydi; başımı daramağa, əl-üzümü yumağa başladılar. Onsuz da əllərim təmiz idi. Sonra da qarıya necə yaxınlaşmaq, baş əymək, xoş sifət göstərmək və danışmaq lazım gəldiyini öyrətdilər. Sözün qısası, məni yaman əldən saldılar. Sonra bizim tərəfimizdən adam gedib təklif etdi: yetimi görmək istəyirlərmi? Rədd cavabı gəldi, ancaq sabah ibadətdən sonra görüş üçün vaxt təyin edildi. Mən bütün gecəni yata bilmədim, sonralar deyirdilər ki, o gecə səhərə kimi sayıqlamışam, yuxuda knyajnaya yaxınlaşır, ondan nə barədə isə üzr istəyirmişəm. Nəhayət, qarı ilə tanış olacağım vaxt gəlib çatdı. Mən böyük bir kresloda əyləşmiş balacaboylu, arıq qarını gördüm. O, başının hərəkəti ilə məni yanına dəvət edib gözlüyünü taxdı. Yadımdadır, onun heç xoşuna gəlmədim. O dedi ki, mən vəhşi kimi bir şeyəm. Nə əməlli başlı təzim edə bilirəm, nə də ki, öpməyi bacarıram. Bundan sonra sorğu-sual başlandı. Mən zorla cavab verirdim, ancaq söhbət ata-anama çatanda özümü saxlaya bilməyib ağladım. Mənim belə hissiyyata qapılmağım qarıya çox təsir bağışladı, ancaq o məni sakit edib dedi ki, ümidimi allaha bağlayım; sonra son dəfə nə vaxt kilsədə olduğumu soruşdu. Valideynlərimin tərbiyəmə fikir vermədiklərinə görə qarının nə demək istədiyini çətinliklə başa düşdüm. Qarı mənim cavabımdan dəhşətə gəldi. O saat adam göndərib knyaginyanı çağırtdırdı. Məsləhət verdi və tapşırdı ki, elə birinci bazar günü məni kilsəyə aparsınlar. Knyajna vəd etdi ki, mən kilsəyə gedənə qədər mənim əvəzimə özü dua edəcəkdir. Sonra da mənim aparılmağımı əmr etdi. Onun sözlərindən belə çıxırdı ki, ona ağır təsir bağışlamışam. Burada heç bir təəccüblü şey yoxdu, elə-belə də olmalı idi. Açıq görünürdü ki, mən qarının əsla xoşuna gəlməmişəm: elə həmin gün qarı adam göndərib mənim çox şuluqluq etdiyimi, səsimin bütün evdə eşidildiyini bildirdi. Halbuki mən bütün günü sakit oturub heç tərpənməmişdim. Bu, qarının uydurması idi. Lakin sabah da eyni xəbərdarlıq edildi. Mən təsadüfən həmin vaxt əlimdəki fincanı salıb sındırmışdım, fransız dayə və bütün xidmətçi qızlar qorxudan başlarını itirmişdilər. Məni o dəqiqə ən uzaq otaqlardan birinə köçürdülər. Özləri də dəhşət içində dalımca gəldilər.
Sonra məsələnin nə ilə qurtardığından xəbərim yoxdur. Elə buna görə də aşağı mərtəbəyə enib, tək-tənha böyük otaqda gəzmək xoşuma gəlirdi. Bilirdim ki, burada heç kəsi narahat etməyəcəyəm.
Yadımdadır, bir neçə dəfə mən aşağıdakı zalların birində oturmuşdum. .Başımı aşağı salıb üzümü əllərimlə örtərək, heç özüm də bilmirəm, neçə saat bu vəziyyətdə qalmışdım. Mən aramsız olaraq fikirləşirdim: hələ püxtələşməmiş şüurum kədərimi dağıtmaq iqtidarında deyildi. Buna görə də qəlbimdə get-gedə daha böyük ağırlıq hiss edir, qüssədən darıxırdım. Birdən başımın üstündə kim isə səsləndi:
– Sənə nə olub, zavallı balam?
Başımı qaldırdım: knyaz idi; onun sifətində dərin bir rəğbət və rəhm oxunurdu; mən ona elə ümidsiz və məzlum-məzlum baxdım ki, onun iri mavi gözləri yaşardı.
– Zavallı yetim! – O, başımı sığalladı.
– Yox, yox ,yetim deyiləm! Yox! – Mən etiraz etdim. Köksümdən bir ah qopdu, bütün varlığım həyəcanla təlatümə gəldi. Mən yerimdən qalxıb, onun əlini tutdum, öpdüm, köz yaşlarımla onun əlini islada-islada yalvarıcı bir səslə təkrar etdim: – Yox, yox, yetim deyiləm! Yox!
– Əziz balam, sənə nə olub, mənim əzizim, zavallı Netoçka! Sənə nə olub?
– Hanı mənim anam? Anam hanı? – Mən hönkürərək ucadan qışqırdım, qüssəmi gizlədə bilməyərək taqətsiz halda onun qarşısında diz çökdüm. – Anam hanı? Əzizim, de görüm, anam hardadır?
– Məni bağışla, əziz balam!.. Ah, zavallı, onu sənin yadına saldım… Bu nə iş idi mən gördüm! Gəl, gəl mənimlə gedək, Netoçka! Gedək mənimlə.
O, əlimdən tutub tələsik öz dalınca dartdı. O, qəlbinin dərinliklərinədək mütəəssir olmuşdu. Nəhayət, biz hələ mənim görmədiyim bir otağa gəldik.
Bura müqəddəs surətlər otağı idi. Hava yavaş-yavaş qaralırdı. Buxurdanların işığı surətlərin qızıldan düzəldilmiş paltarlarında və qiymətli qaş-daşlarda əks olunurdu. Parlaq bəzəklərin altından müqəddəs adamların surətləri görünürdü. Burada hər şey o biri otaqlarda gördüyüm şeylərdən o dərəcə fərqlənirdi ki, burada elə bir əsrarəngizlik və tutqunluq var idi ki, mat qalmışdım, anlaşılmaz bir qorxu hissi ürəyimi bürüdü. Bir də ki, mən ruhən xəstə idim! Knyaz tələsik məni müqəddəs Məryəm ananın surəti qarşısında diz çökdürdü, özü də mənimlə yanaşı diz çökdü…
– Dua et, qızım, dua et; gəl ikimiz də dua eləyək! – deyə o, yavaş və həyəcanlı səslə pıçıldadı.
Lakin mən dua edə bilmirdim, mən sarsılmışdım, hətta qorxmuşdum: mən o son gecədə anamın meyiti qarşısında atamın söylədiyi sözləri xatırladım. Buna görə də məndə əsəb tutması başlandı. Təzədən xəstələnib yorğan-döşəyə düşdüm, bu dəfə ölümdən qurtardım; bu hadisə belə oldu.
Bir səhər tanış bir adamın adını eşitdim. Bu, S.-tsın adı idi. Evdəki adamlardan biri mənim yatağımın yanında dayanıb onun adını çəkirdi. Mən diksindim; xatirələrim bir axın kimi yenidən canlandı. Mən baş vermiş hadisələri yadıma sala-sala xəyala dalaraq, əziyyət içərisində uzanmışdım. Bu halda neçə saat qaldığım yadımda deyil. Yuxudan çox gec oyandım; ətrafım qaranlıq idi, gecədən yanan lampa sönmüşdü. Otağımda oturan qız da yox idi. Birdən uzaqdan musiqi səsi eşitdim. Bəzən səs tamamilə kəsilir, bəzən də yaxınlaşırmış kimi, get-gedə ucalırdı. Qəlbimdə nə kimi bir hissin baş qaldırdığı, xəstə beynimdə nə kimi bir məqsədin oyandığı xatirimdə deyil. Heç bilmirəm bu qüvvəni necə tapdım, yatağımdan qalxıb tez qara paltarımı geydim, əl havasına otaqdan çıxdım. Nə ikinci, nə də üçüncü otaqda qabağıma adam çıxdı. Nəhayət, koridora çatdım. Musiqi get-gedə daha aydın eşidilirdi. Koridorun ortasında aşağı mərtəbəyə enən pillələr vardı; mən həmişə bu pillələrlə böyük otaqlara enirdim. Pillələrdə gur işıq yanırdı; aşağıda gediş-gəliş vardı; məni görməsinlər deyə, küncə qısılıb dayandım. Fürsət düşən kimi aşağı enib ikinci koridora keçdim. Musiqi səsi aralıqdakı zaldan gəlirdi; oradan səs-küy, danışıq eşidilirdi. Sanki minlərlə adam toplaşmışdı. Koridorda zala açılan qapılardan birinin qabağına al-qırmızı məxmərdən böyük ikiqat pərdə tutulmuşdu. Mən pərdələrdən birini qaldırdım və iki pərdənin arasında durdum. Ürəyim elə çırpınırdı ki, ayaq üstə güclə dayanırdım. Lakin bir neçə dəqiqədən sonra həyəcanımı boğdum. Nəhayət, cürətimi toplayıb, ikinci pərdənin də qırağını bir qədər araladım… İlahi! Mənim içəri girməyə cürət etmədiyim böyük və qaranlıq zal indi başdan-başa nur içində idi. Sanki mən işıq dənizinə qərq oldum. Qaranlığa öyrəşmiş gözlərim ilk anda qamaşıb ağrıdı. Ətirli hava isti külək kimi üzümə vurdu. Saysız-hesabsız adamlar irəli-geri hərəkət edirdi; hamının üzündə şənlik və sevinc duyulurdu. Qadınların əynində elə zəngin və əlvan paltarlar var idi ki, daha nə deyim. Hara baxırdımsa, kimə baxırdımsa, razılıqla parlayan gözlər görürdüm. Mən əfsunlanmış kimi dayanmışdım. Mənə elə gəlirdi ki, bütün bunların hamısını nə vaxt isə, harada isə yuxuda görmüşəm… Axşamın qaranlığı yadıma düşdü, çardağımız, hündür pəncərəmiz, küçədəki parıldayan fənərlər, qarşıda ucalan binanın qırmızı pərdəli pəncərələri, qapının qabağındakı saysız karetlər, harın atların fınxırtısı və tappıltısı, qışqırıq, səs-küy, pəncərələrdə görünən kölgələr və uzaqdan eşidilən musiqi… Hər şey gəlib gözümün qabağında durdu. Deməli, o cənnət burdadır! – deyə fikirləşdim. – Deməli, bədbəxt atamla mən bura gəlmək istəyirdik… Belə məlum olur ki, o boş xəyal deyilmiş!.. Bəli, mən vaxtı ilə öz xəyal və röyalarımda da hər şeyi belə təsəvvür etmişdim. Xəstəlikdən daha da şiddətlənən xülyalarım yenidən qanadlandı. Gözlərim anlaşılmaz bir sevinc yaşları ilə doldu. Nəzərlərimlə atamı axtarmağa başladım: «O burda olmalıdır, o burdadır» – deyə– fikirləşirdim. Ürəyim intizarla döyünürdü… Nəfəsim tutulurdu. Lakin musiqi kəsildi, səs-küy qalxdı, bütün zala pıçıltı düşdü. Mən qabağımdan keçən adamların üzünə diqqətlə baxıb, axtardığım adamı tanımaq istəyirdim. Birdən zalda qeyri-adi bir həyəcan başlandı. Mən zalın hündür yerində uca-boy, arıq bir qoca gördüm. Onun solğun sifətində təbəssüm vardı. O hər tərəfə baş əyirdi; qocanın əlində skripka vardı. Aralığa dərin bir sükut çökmüşdü. Sanki adamların hamısının nəfəsi kəsilmişdi. Hamının gözü qocada idi. Hamı intizarla gözləyirdi. O, skripkasını qaldırıb kamanı simlərə toxundurdu. Musiqi başlandı. Hiss etdim ki, nə isə ürəyimi sıxdı. Nəfəsimi dərib sonsuz bir kədər içində bu səsə qulaq asdım; qulağımda nə isə tanış səslər eşidilirdi, elə bil mən bu səsləri hardasa eşitmişdim; bu səslərdə adamın qəlbinə nə isə bir xal salan hiss çırpınırdı. Sanki bu səslər mənim qəlbimdə də əks-səda tapan, dəhşətli, qorxunc bir şeydən xəbər verirdi. Nəhayət, skripka daha da ucadan səsləndi; daha sürətlə və zil səslər eşidildi. Budur, sanki kim isə ümidsizliklə fəryad etdi, inilti ilə ağladı, zaldakı adamların arasında kiminsə əbəs yalvarış səsləri ucalıb iniltiyə çevrildi, sonra da ümidsizlik içində əriyib yoxa çıxdı. Bu səslər get-gedə qəlbimə daha tanış gəlirdi. Lakin ürəyimdə buna inana bilmirdim. Mən inildəməmək üçün dişlərimi bir-birinə sıxdım. Yıxılmayım deyə pərdələrdən yapışdım… bunu yuxu zənn edərək bəzən gözlərimi yumur və bir qədər sonra açırdım, elə bilirdim ki, mənə tanış olan bu dəhşətli dəqiqədə yenidən oyanacağam, guya mən yuxuda həmin o son gecəni görür, həmin səsləri eşidirdim. Mən gözlərimi açıb buna inanmaq məqsədilə zaldakı adamlara diqqətlə baxırdım, yox, bunlar tamamilə başqa adamlar, başqa sifətlər idi… Mənə elə gəlirdi ki, başqaları da mənim kimi nəyin isə intizarındadır, mənim kimi dərin bir kədərdən əzab çəkirlər; sanki hamı qışqıracaq, onların qəlbini didən bu dəhşətli inilti və fəryadlara son qoyulmasını tələb edəcək. Lakin fəryad və iniltilər get-gedə gah böyük kədər, yalvarışla səslənir, daha da uzanırdı. Birdən sonuncu dəfə qorxunc və uzun bir qışqırıq eşidildi. Bütün bədənim təlatümə gəldi… Şübhə yoxdur! Bu həmin qışqırıqdı! Mən onu tanıdım, mən onu eşitmişdim, bu qışqırıq o vaxt , o gecə olduğu kimi, indi də qəlbimə işlədi. «Ata! Ata! – Bu fikir ildırım sürətilə beynimdən keçdi. – O burdadır, odur, o məni çağırır, bu onun skripkasıdır!» Sanki zaldakıların hamısının köksündən bir inilti qopdu. Gurultulu alqışlar zalı lərzəyə gətirdi. Köksümdən yanıqlı bir hönkürtü qopdu. Artıq dözə bilmədim. Pərdəni qaldırıb zala yüyürdüm.
– Ata, ata! Sənsən! Hardasan? – Nə elədiyimi başa düşmədən qışqırdım.
Özümü o ucaboy qocanın yanına necə yetirdiyimi bilmirəm; mənə yol verirdilər, qabağımdan çəkilirdilər. Mən dəhşətli bir qışqırıqla onun üstünə atıldım; elə bilirdim ki, atamı qucaqlayıram… Bir də gördüm ki, kim isə uzun və sümüklü əlləri ilə məni tutub havaya qaldırdı. Kimin isə qara gözləri mənə zillənib, elə bil öz parıltısı ilə məni yandırmaq istəyirdi. Mən qocaya baxırdım. «Yox! Bu atam deyil; bu onun qatilidir!» – deyə fikirləşdim. Mən nə isə bir çılğınlıq içindəydim, birdən mənə elə gəldi ki, o, başımın üzərində qəhqəhə çəkib gülür, bu qəhqəhə ümumi bir qışqırıq kimi zalda əks-səda tapdı. Mən huşumu itirdim.
V
Bu, mənim xəstəliyimin ikinci və sonuncu dövrü oldu.
Gözümü açanda mənə tərəf əyilmiş bir uşaq üzü gördüm, o da mən yaşda olardı, hərəkətə gələn kimi əlimi ona uzatdım. İlk nəzərdən sanki bütün qəlbim sevinc, şirin bir hiss ilə doldu. Siz təsəvvürünüzə insanı heyran edən, parlaq gözəllik nümunəsi olan, son dərəcə qəşəng bir uşaq sifəti gətirin. Elə bir sifət ki, onu görəndə ürəyindən vurulmuş kimi, xoş bir utancaqlıqla yerindəcə donub qalırsan. Sən onun varlığına sevinirsən, sevinirsən ki, onu görmüsən, o sənin yanından ötüb. Bu, knyazın qızı Katya idi; o, Moskvadan təzəcə qayıtmışdı. Katya mənim hərəkətimi görüb gülümsündü. Şirin bir sevinc hissindən zəif əsəblərim sızıldadı.
Knyajna iki addımlıqda dayanıb həkimlə söhbət edən atasını çağırdı.
– Hə, şükür allaha, şükür allaha! – deyə knyaz əlimdən tutdu. Onun üzündə səmimi bir hiss əks etdi, – çox şadam, – o, adəti üzrə tez-tez təkrar etdi. – Bu da mənim qızımdır, adı da Katyadır, tanış olun, bu da sənin rəfiqən. Tezliklə sağal, Netoçka, yaman qızsan, məni bərk qorxutdun!..
Mən sürətlə sağalmağa başladım. Bir neçə gündən sonra artıq durub gəzirdim. Hər gün səhər Katya təbəssümlə, gülə-gülə yanıma gəlirdi. Onun gəlişini mən bir səadət kimi gözləyirdim; mən onu qucaqlayıb öpmək istəyirdim! Lakin bu şıltaq qız yanımda bir neçə dəqiqədən artıq qalmırdı; çünki bir yerdə rahat otura bilmirdi. həmişə hərəkət etmək, yüyürmək, tullanmaq, səs salıb gurultu qoparmaq onun üçün bir zəruriyyət idi. Elə buna görə də ilk gəlişindən mənə bildirdi ki, yanımda oturmaqdan çox darıxır. Buna görə də gec-gec gələcək, bunu da ancaq mənə yazığı gəldiyi üçün eləyir, – daha çarəsi yoxdur, gəlməsə olmaz, ancaq sağalandan sonra işlərimiz yaxşı olacaq. Bunun üçün də hər səhər yanıma gələndə ilk sözü bu olurdu:
– Hə, sağalmısanmı?
Mən hələ çox arıq və solğun olduğumdan qəmli sifətimdə təbəssüm güclə sezilirdi, buna görə də knyajna o dəqiqə qaşlarını çatıb, başını bulayaraq, təəssüflə ayağını yerə vururdu:
– Axı mən sənə dünən dedim ki, yaxşılaşasan! Necə? Olmaya sənə yemək vermirlər?
– Hə, az verirlər, – deyə qorxa-qorxa cavab verirdim, çünki özümü onun yanında itirirdim. Mən bütün varlığımla çalışırdım ki, mümkün qədər ona xoş gəlim, buna görə də hər sözümdən, hər hərəkətimdən ehtiyat edirdim. Onun gəlişi məni get-gedə daha artıq sevindirirdi. Gozlərimi ondan çəkmirdim. Hətta o gedəndən sonra belə bəzən əfsunlanmış kimi gözlərimi onun dayandığı yerə zilləyirdim. O mənim yuxuma da girməyə başladı. Oyaq olan vaxtlarımda isə o olmayanda xəyalən onunla söhbət edir, onun yoldaşı olur, onunla bir yerdə nadinclik eləyir, bir şeyin üstündə bizi danlayanda onunla birlikdə ağlayırdım. – Bir sözlə, aşıq olmuş adamlar kimi, bütün xəyallarım onunla idi. Mən tezliklə sağalmaq və onun məsləhət etdiyi kimi kökəlmək arzusunda idim.
Buna görə də görürdün ki, Katya səhər yüyürə-yüyürə yanıma gəlib: «Hələ sağalmamısan? Yenə də arıqsan!» – deyə qışqıranda mən təqsirkar adam kimi qorxurdum. Mənim bir günün ərzində sağalıb dura bilmədiyimi görən Katyanın təəccübündən də ciddi bir şey yox idi; bu səbəbdən də axırda o, təngə gəlib, doğrudan da hirslənməyə başlamışdı.
– Yaxşı, istəyirsən bu gün sənin üçün piroq gətirim? – deyə o bir dəfə məndən soruşdu. – Ye, onda tezliklə kökələrsən.
– Gətir, – dedim, mən onu bir də görəcəyimə sevindim. Knyajna halımı soruşandan sonra, adətən qarşımdakı stulda oturur və qara gözlərini mənə zilləyirdi. Elə birinci gündən, mənimlə tanış olan kimi, o hər dəqiqə məni təpədən-dırnağa qəribə bir sadəlovhlüklə süzürdü. Ancaq nədənsə söhbətimiz tutmurdu. Mən ürəyimdə onunla söhbət etmək həsrətində olsam da Katyanı görəndə sıxılır və onun kəskin hərəkətlərindən özümü itirirdim.
– Niyə danışmırsan? – Katya bir qədər susandan sonra soruşdu.
– Atan neyləyir? – Mən söhbətə başlamağa bir söz tapdığım üçün sevindim.
– Pis deyil. Atam yaxşıdır. Mən bu gün bir fincan əvəzinə iki fincan çay içmişəm. Bəs sən neçəsini içmisən?
– Birini.
Yenə susdu.
– Bu gün Falstaf az qala məni qapacaqdı.
– O, itdir?
– hə, itdir. Məgər görməmisən?
– Yox, görmüşəm.
– Bəs onda niyə soruşursan?
Mən nə cavab verəcəyimi bilmədim. Knyajna mənə təəccüblə baxdı.
– Necə məgər? Mən səninlə söhbət edəndə xoşuna gəlir?
– Hə, çox xoşuma gəlir, tez-tez gəl.
– Elə mənə də deyirdilər ki, sənin yanına gəlsəm, ürəyin açılar. Onda tez dur də! Bu gün sənə hökmən piroq gətirəcəyəm. Bəs niyə danışmırsan?
– Elə-belə.
– Yəqin sən çox fikirləşirsən?
– Hə, çox fikirləşirəm.
– Amma mən deyirlər ki, guya çox danışıram, az fikirləşirəm. Məgər danışmaq pisdir?
– Yox. Sən danışanda mən sevinirəm.
– Hə, madam Leotardan soruşaram, o hər şeyi bilir. Bəs sən nə barədə fikirləşirsən?
Mən bir qədər fikirləşib dedim:
– Sənin barəndə fikirləşirəm. Xoşuna gəlir?
– Hə.
– Deməli, məni sevirsən?
– Hə.
Amma mən hələ səni sevmirəm. Yaman arıqsan! Sənə hökmən piroq gətirəcəyəm. Yaxşı, sağlıqla qal! Knyajna məni tələsik öpüb otaqdan çıxdı. Ancaq nahardan sonra, doğrudan da, piroq gətirdi. O, yüyürə-yüyürə otağa girdi. Özü də mənim üçün qadağan edilmiş yemək gətirə bildiyinə görə, sevincindən dəli kimi qəhqəhə çəkirdi.
– Çox ye, yaxşı-yaxşı ye, bu mənim piroqumdur, özüm yeməyib sənə gətirdim. De sağlıqla qal! – deyib bir anda gözdən itdi.
Başqa bir dəfə, yenə nahardan sonra, qeyri-adi vaxtda yüyürə-yüyürə yanıma gəldi. Elə bil qara tellərini külək vurub dağıtmışdı, yanaqları lalə kimi yanırdı, gözləri parıldayırdı, bu o demək idi ki, azı iki saatdan çox yüyürüb, atılıb-düşmüşdü:
– Sən volan [5 - Oyun aləti] oynaya bilirsən? – O, tövşüyə-tövşüyə tələsik soruşdu.
– Yox, – deyə cavab verdim. Mən çox təəssüf edirdim ki, hə deyə bilmirəm.
– Ay səni! Eybi yoxdur. Sağalandan sonra öyrədərəm. Elə bunun üçün gəlmişdim. İndi madam Leotarla oynayıram. Sağlıqla qal, məni gözləyirlər.
Nəhayət, mən yataqdan qalxdım, ancaq hələ zəif və gücsüz idim. İlk məqsədim o idi ki, daha bir də Katyadan ayrılmayım. Ona baxmaqdan doymurdum. Bu, Katyanı təəccübləndirirdi. Ona olan meylim elə güclü idi ki, mən bu hissimi elə qızğınlıqla büruzə verirdim ki, Katya bunu hiss etməyə bilməzdi, buna görə də mənim bu hissim ilk vaxtlarda ona çox qəribə görünürdü. Yadımdadır, bir dəfə biz bir oyun oynayırdıq, mən dözə bilməyib onun boynunu qucaqladım və öpməyə başladım. O, qollarımın arasından çıxıb, əllərimdən yapışdı, qaşlarını çatdı, elə bil onu incitmişdim. O məndən soruşdu:
– Nə eləyirsən? Məni niyə öpürsən?
Mən pərt oldum. Təqsirkar adamlar kimi onun bu tələsik suallarından diksindim və heç nə deyə bilmədim. Knyajna təəccüb əlaməti olaraq, çiyinlərini dartdı (bu hərəkət onda bir adət şəklinə düşmüşdü), yumru dodaqlarını ciddi bir dövrdə büzüb oyunu buraxaraq, divanın küncündə oturdu. Oradan nə haqda isə fikirləşə-fikirləşə xeyli məni süzdü, sanki başında gözlənilmədən yaranmış yeni bir məsələni həll etməyə çalışırdı. O, çətinliyə düşəndə həmişə belə edərdi. Bu da onun adətlərindən biri idi. Mən də onun xasiyyətindəki bu kəskin dönüşlərə uzun müddət alışa bilmirdim.
İlk vaxtlarda mən özümü təqsirləndirirdim, deyirdim ki, həqiqətən də məndə qəribə cəhətlər çoxdur. Bu, doğru olsa da, hər halda bir sirr mənə əzab verirdi: görəsən, niyə mən ilk dəqiqədən Katya ilə dostlaşa bilmədim, nə üçün ona əvvəldən xoş gələ bilmədim. Bu müvəffəqiyyətsizliyim mənə böyük əzab verirdi, məni təhqir edirdi. Buna görə də Katyanın düşünmədən dediyi hər sözdən, onun hər şübhəli baxışından ağlamaq istəyirdim. Lakin mənim dərdim günbəgün deyil, saatbasaat artırdı. Çünki Katya hər işdə belə sürətli və cəld idi. Bir neçə gündən sonra mən hiss etdim ki, tamamilə gözündən düşmüşəm. Hətta mənə nifrət etməyə başlamışdı. Bu qızın bütün işləri belə tələsik və kəskin olurdu. Hətta bəzən deyə bilərdim ki, kobud olurdu. Şübhəsiz, əgər onun bu ildırım sürətli dəyişikliklərində əsl nəcib bir gözəllik olmasaydı, buna kobudluq demək olardı. Əvvəlcə o məndən şübhələnməyə başladı, bir az sonra nifrət etdi. Deyəsən, bunun səbəbi mənim heç bir oyun oynaya bilməməyim idi. Knyajna oynamağı, yüyürməyi çox sevirdi, o, sağlam, dəcəl və cəld bir qız idi; mən isə tamamilə əksinə. Mən hələ xəstəlikdən sonra çox zəif idim, sakit və dalğın olurdum: oyun mənə ləzzət vermirdi; bir sözlə, məndə Katyanın xoşuna gələn heç bir xüsusiyyət yox idi. Bundan başqa, məndən bir adamın xoşu gəlməyəndə heç özüm də buna dözə bilmirdim; o dəqiqə kədərlənirdim, ruhdan düşürdüm, daha öz səhvimi düzəltməyə və özüm haqda yaranmış pis rəyi aradan qaldırmağa gücüm qalmırdı, – bir sözlə, tamamilə məhv olub gedirdim. Bunu Katya heç cür başa düşə bilmirdi. İlk vaxtlarda o hətta məndən qorxurdu, mənə təəccüblə baxırdı, bəzən görürdün ki, öz adəti üzrə bir saat əlləşib mənə volan oynamağı öyrətməyə çalışır, ancaq heç nə çıxmırdı. Mən də o dəqiqə kədərlənib doluxsunduğum üçün iki-üç dəfə mənim haqqımda fikirləşdikdən sonra nə məndən, nə də öz fikirlərindən bir aydınlıq hasil edərək, nəhayət, məni tamam atdı və özü tək oynamağa başladı. O daha məni oynamağa çağırmırdı, hətta elə vaxt olurdu ki, səhərdən axşamacan bir kəlmə də olsun mənimlə danışmırdı. Bu mənə elə ağır təsir bağışlayırdı ki, mən onun etinasızlığına güclə davam gətirirdim. Bu kimsəsizlik mənə əvvəlkindən daha ağır gəlirdi, buna görə də mən yenə qüssələnməyə, fikir çəkməyə başladım, ürəyimə yenə də cürbəcür qara fikirlər doldu. Bizə nəzarət edən madam Leotar bizim münasibətimizdə əmələ gəlmiş dəyişikliyi hiss etdi. Onun qarşısına ilk dəfə mən çıxdığım üçün və mənim bu təkliyim onu təəccübləndirdiyi üçün o, birbaşa knyajnaya müraciət etdi, onu anlamağa başladı ki, mənimlə rəftar edə bilmir. Knyajna qaşlarını çatdı və çiyinlərini ataraq dedi ki, mənimlə onun heç bir işi yoxdur, mən oynaya bilmirəm, elə hey nə barədə isə fikirləşirəm. Buna görə də Moskvadan qayıtmalı olan qardaşı Saşanı gözləyəcəkdir. O gələndən sonra hər ikisinin günü xoş keçəcəkdir.
Lakin madam Leotar knyajnanın bu cavabından razı qalmadı, ona dedi ki, hələ xəstə ola-ola məni tək qoyur, mən onun kimi şən və çevik ola bilmərəm, əslinə qalsa, elə bu daha yaxşıdır, çünki Katya həddən artıq şuluq salır, nə bilim filan şey eləyir, behman şey eləyir, üç gün əvvəl buldoq az qala onu parçalayacaqdı, – müxtəsər, madam Leotar o ki var, onu danladı; axırda da ona əmr edib yanıma göndərdi ki, gəlib bilatəxir mənimlə barışsın.
Katya madam Leotara diqqətlə qulaq asır, sanki onun verdiyi məsləhətlərdə, doğrudan da nə isə yeni və ədalətli bir şey olduğunu başa düşürdü. O, zalda diyirlətdiyi böyük taxta diyircəyi kənara atıb mənə yaxınlaşdı, ciddiyyətlə və təəccüblə soruşdu:
– Məgər siz oynamaq istəyirsiniz?
– Yox. – Mən həm özüm, həm də Katya üçün qorxuya düşdüm. Doğrudan da madam Leotar onu danlayanda mən qorxmuşdum.
– Bəs onda nə istəyirsiniz?
– Oturmaq istəyirəm; yüyürmək mənim üçün ağırdır, amma siz məndən inciməyin, Katya, çünki mən sizi çox sevirəm.
– Onda gedib tək oynayaram, – Katya aram-aram astadan cavab verdi və təqsirkar olmadığı qənaətinə gələrək təəccübləndi. – Onda sağlıqla qalın, mən sizdən incimirəm.
– Salamat qal, – mən ayağa qalxıb ona əl verdim.
– Bəlkə siz mənimlə öpüşmək istəyirsiniz? – o, bir qədər fikrə gedəndən sonra soruşdu. Görünür, aramızda olan bayaqkı hadisəni yadına salaraq, mənə mümkün qədər xoş gəlməyə və mümkün qədər tez razılıq almağa çalışırdı.
– Özünüz bilin, – ümidsizliklə cavab verdim.
O mənə yaxınlaşdı və çox ciddi, hətta gülümsəmədən məni öpdü. Beləliklə, ondan tələb olunan hər şeyi, yazıq bir qızı mümkün qədər daha çox razı salmaq üçün ondan tələb olunan hər şeyi, artıqlaması ilə yerinə yetirərək, razı halda yüyürə-yüyürə qaçıb getdi. Tezliklə otaqlarda onun gülüşü və hay-küyü eşidildi. O qədər oynadı ki, axırda yorğun-yorğun nəfəsini güclə çəkərək, yeni qüvvə toplamaq üçün divanın üstünə yıxıldı. O, bütün axşamı mənə şübhə ilə baxırdı: görünür, mən ona çox gülməli və qəribə görünürdüm. Hiss olunurdu ki, mənimlə nə barədə isə danışmaq istəyir, qəlbində baş qaldırmış bir anlaşılmazlığı aydınlaşdırmağa çalışır; ancaq nədənsə bu dəfə özünü saxladı. Adətən, səhərlər Katya dərs oxuyurdu. Madam Leotar ona fransız dili öyrədirdi. Dərs– qrammatikanı təkrar etməkdən və Lafontenin əsərlərini oxumaqdan ibarət idi. Ona çox şey öyrətmirdilər, çünki gündə iki saat kitab oxumağa güclə razı sala bilmişdilər. O bu işə atasının xahişi və anasının əmrilə razılıq verdiyi üçün dərsinə çox diqqətlə baxırdı. Çox istedadlı uşaq idi; hər şeyi asanlıqla başa düşür və mənimsəyirdi. Lakin bu sahədə də onda xırda qəribəliklər var idi; bir şeyi başa düşməyəndə o saat bu barədə özü fikirləşməyə başlayırdı. Heç vaxt başqasından izahat istəməyə getmirdi, – o, nə isə bundan xəcalət çəkirdi. Deyirdilər ki, guya bəzən günlərlə başını sındırır, başa düşmədiyi bir şeyi özü üçün aydınlaşdırmağa çalışır. Təkbaşına öhdəsindən gələ bilməyəndə hirslənirdi. Ancaq tamamilə yorulub əldən düşəndən sonra çarəsiz qalıb, madam Leotarın yanına gedir və ona kömək etməsini xahiş edirdi. O, hər bir hərəkətində belə idi. İlk nəzərdə gözə çarpmasa da, əslində o çox fikirləşirdi. Bununla bərabər onda yaşına uyğun olmayan bir sadəlövhlük də var idi. Bəzən görürdün tamamilə mənasız bir şey soruşur; bəzən də verdiyi cavablarda incə bir uzaqgörənlik və hiyləgərlik duyulurdu. Nəhayət, vəziyyətim yaxşılaşdığı üçün mən də bir işlə məşğul ola bilərdim. Buna görə də madam Leotar məni imtahan edib, biliyimi yoxladı və belə bir qənaətə gəldi ki, oxumağım yaxşıdır, yazım isə çox pisdir. O mənim bilatəxir fransız dili öyrənməyimi son dərəcə vacib bildi. Mən etiraz etmədim. Buna görə də bir səhər Katya ilə birlikdə dərs stolunun dalında oturdum. O gün Katya, tərs kimi, son dərəcə kütlük göstərdi, fikri çox dağınıq idi, iş o yerə çatmışdı ki, madam Leotar heç onu tanıya bilmirdi. Mən isə, demək olar ki, bir dərsdə fransız dilinin bütün əlifbasını öyrəndim. Çalışırdım ki, madam Leotarı razı salım. Dərsin axırında madam Leotar Katyanın əlindən lap hirsləndi.
Bir ona baxın, – deyə məni göstərdi, – xəstə uşaqdır, birinci dəfədir ki, dərs oxuyur, ancaq bizdən on dəfə artıq iş gördü. Heç utanırsınız?
O məndən çox bilir?! – Katya təəccüblə soruşdu, – o ki hələ əlifbanı öyrənir!
– Siz əlifbanı neçə dərsə öyrəndiniz?
– Üç dərsə.
– Amma o, bir dərsə. Deməli, o sizdən üç dəfə tez başa düşür və tezliklə, sizi ötüb-keçəcək. Belə deyilmi?
Katya bir qədər fikrə getdi. Madam Leotarın haqlı olduğu qənaətinə gələndən sonra qıpqırmızı qızardı. Hər dəfə müvəffəqiyyətsizliyə uğrayanda nəyə isə təəssüf edəndə ilk əvvəl o, qıpqırmızı qızarır, xəcalətindən pörtərdi. Onu şuluqluq üstə danlayanda, qüruruna toxunanda həmişə belə olardı, – müxtəsər, bütün hallarda belə idi. Bu dəfə də o doluxsundu. Amma bir söz demədi. Ancaq mənə elə bir nəzərlə baxdı ki, sanki bircə baxışda məni yandırmaq istəyirdi. Mən o dəqiqə məsələnin nə yerdə olduğunu başa düşdüm. Yazıq, qız çox məğrur və son dərəcə xudpəsənd idi. Biz madam Leotardan ayrılandan sonra onun fikrini dağıtmaq məqsədilə madamın dediyi sözlərdə mənim təqsirim olmadığını bildirmək üçün danışmaq istədim. Ancaq Katya mənim sözlərimi eşitmirmiş kimi, cavab vermədi.
Bir saatdan sonra Katya mənim otağıma gəldi. Mən əlimdə kitab, Katya haqqında fikirləşirdim. Onun mənimlə danışmaq istəməməsindən həm də qorxmuşdum. O, altdan-altdan mənə baxaraq, adəti üzrə divanda oturdu və yarım saata qədər gözlərini məndən çəkmədi. Nəhayət, mən davam gətirə bilməyib sualedici nəzərlə ona baxdım.
– Siz rəqs etməyi bacarırsınızmı? – Katya soruşdu.
– Yox, bacarmıram.
– Amma mən bacarıram. Sükut.
– Bəs fortepiano çala bilirsinizmi?
– Yox, bilmirəm.
– Amma mən bilirəm. Bunu öyrənmək çox çətindir.
Mən susdum.
– Madam Leotar deyir ki, siz məndən ağıllısınız. Mən dedim:
– Madam Leotar sizə acığı tutduğu üçün belə deyir.
– Məgər atam da mənə acıqlanacaq?
– Bilmirəm, – dedim.
Yenə sükut çökdü; knyajna balaca ayağını səbirsizliklə döşəməyə döyürdü.
– Belə çıxır ki, dərsi məndən yaxşı başa düşdüyünüz üçün mənə güləcəksiniz? – Nəhayət, o özünü saxlaya bilməyib soruşdu.
– Ah, yox, yox! – Mən qışqıraraq onun üstünə atılıb qucaqlamaq üçün yerimdən sıçradım.
– Knyajna, belə fikirlərə düşmək, belə suallar vermək sizin üçün eyib deyilmi? – Birdən madam Leotarın səsi eşidildi. Sən demə beş dəqiqədən bəri o dayanıb bizə baxırmış və söhbətimizi eşidirmiş. – Utanın! Siz zavallı bir uşağa paxıllıq edirsiniz. Onun yanında lovğalanırsınız ki, rəqs etməyi, fortepiano çalmağı bacarırsınız. Eyibdir; mən hamısını knyaza deyəcəyəm.
Knyajna qızardı.
– Bu heç yaxşı iş deyil. Siz öz suallarınızla onun qəlbinə toxunursunuz. Onun valideynləri yoxsul olduğu üçün ona müəllimə tuta bilməmişlər, o, oxumağı özü öyrənirmiş, çünki çox incə, mərhəmətli qəlbi var. Siz onu sevməkdənsə, küsməyə çalışırsınız. Utanın, utanın! Axı o, yetimdir. Axı onun heç kimi yoxdur. Elə bir o qalıb ki, siz knyajna olmağınızla onun qarşısında lovğalanasınız. Mən sizi tək qoyub gedirəm. Sizə dediklərim barədə fikirləşin və səhvinizi düzəldin.
Knyajna düz iki gün fikirləşdi! İki gün evdə onun gülüşü və səs-küyü eşidilmədi. Gecə vaxtı oyanıb qulaq asanda görürdüm ki, yuxuda sayıqlayır, madam Leotarla danışır. O, hətta bu iki gün içində bir balaca sınıxmışdı da, aydın çöhrəsində əvvəlki kimi daha təravətli qızartı yox idi. Nəhayət, üçüncü gün biz ikimiz də aşağıdakı böyük otaqda görüşdük, knyajna anasının yanından gəlirdi. Məni görəndə ayaq saxladı, yaxında, mənimlə üzbəüz oturdu. Mən nə olacağını qorxu ilə gözləyirdim, bütün bədənim əsirdi.
– Netoçka, sizin üstünüzdə məni nə üçün danlayırlar? – O nəhayət soruşdu.
– Mənim üstümdə danlamırlar, Katenka, – özümü doğrultmaq üçün tələsik cavab verdim.
– Axı madam Leotar deyir ki, guya mən sizi incitmişəm.
– Yox, Katenka, yox, siz məni incitməmisiniz.
Knyajna təəccüb əlaməti olaraq çiyinlərini atdı. Bir qədər susandan sonra soruşdu: Bəs onda niyə ağlayırsınız?
Mən ağlaya-ağlaya cavab verdim:
– İstəyirsinizsə ağlamaram. Yenə çiyinlərini atdı.
– Siz əvvəllər də belə ağlayırdınız?
Mən cavab vermədim.
Knyajna bir qədər susandan sonra birdən-birə soruşdu:
– Siz nə üçün bizdə yaşayırsınız?
Mən təəccüblə ona baxdım, elə bil nə isə ürəyimi sancdı. Nəhayət, özümü toplayıb dedim:
– Çünki yetiməm.
– Sizin ata-ananız var idi?
– Vardı.
– Məgər onlar sizi sevmirdilər?
Yox… Sevirdilər, – mən güclə cavab verə bildim.
– Onlar yoxsul idilər?
– Bəli.
– Çox yoxsul idilər?
– Bəli.
– Bəs onlar sizə heç nə öyrətməyiblər?
– Oxumaq öyrədirdilər.
– Sizin oyuncaqlarınız vardı?
– Xeyr.
– Pirojna verirdilər?
– Xeyr.
– Neçə otağınız vardı?
– Bir.
– Bir otaq?
– Bəli, bir otaq.
– Bəs nökərləriniz necə, vardımı?
– Xeyr, nökərlərimiz yox idi.
– Bəs sizə kim xidmət eləyirdi?
– Mən özüm şey almağa gedirdim.
Knyajnanın sualları qəlbimdə köz bağlamış yaramı qanadaraq təzələyirdi. Xatirələrimi, kimsəsizliyim və knyajnanın təəccübü – bütün bunlar onsuz da qara qanlar keçən qəlbimi sarsıdır və məni incidirdi. Mən həyəcandan titrəyir, göz yaşlarımdan boğulurdum.
– Deməli, belə çıxır ki, bizdə yaşamağınıza sevinirsiniz?
Mən susdum.
– Sizin yaxşı paltarınız vardı?
– Xeyr.
– Pis idi?
– Bəli.
– Mən sizin paltarınızı görmüşəm, onu mənə göstəriblər.
– Onda daha məndən niyə soruşursunuz? – Mən tamam yeni, mənə məlum olmayan bir hissin təsirindən titrəyə-titrəyə ayağa qalxdım. – Daha məndən niyə soruşursunuz? – deyə qəzəbimdən pörtdüm. – Niyə məni ələ salırsınız?
Knyajna da qızarıb ayağa qalxdı, ancaq bir anda öz həyəcanını boğdu.
– Yox… Mən sizi ələ salmıram, – deyə cavab verdi. – Mən ancaq sizin ata-ananızın, doğrudan da, yoxsul olub-olmadığını bilmək istəyirdim.
– Niyə ata-anamı yadıma salırsınız? – Mən ürəyimin ağrısından ağladım. – Axı niyə onların haqqında belə sözlər soruşursunuz? Onlar sizə nə eləyiblər, Katya?
Katya pərt halda dayanıb, nə cavab verəcəyini bilmirdi.
Elə bu vaxt knyaz içəri girdi. O mənə baxıb ağladığımı görən kimi soruşdu.
Sənə nə olub, Netoçka? Sənə nə olub? – O, yanaqları od kimi yanan Katyaya baxdı. – Nə barədə danışırdınız? Siz niyə savaşmısınız? Netoçka, niyə savaşmısınız?
Mən cavab verə bilmirdim. Knyazın əlindən tutub gözümün yaşı ilə islada-islada əlini öpürdüm.
– Katya, düzünü de. Nə olub?
Katya yalan danışmağı bacarmırdı.
Ona dedim ki, ata-anası ilə yaşadığı vaxtlarda geydiyi paltarın necə pis olduğunu görmüşəm.
Onu sənə kim göstərib? Kim cürət edib?
– Mən özüm görmüşəm, – Katya qətiyyətlə cavab verdi.
– Yaxşı, eybi yoxdur! Səni tanıyıram, başqalarını ayağa verməyəcəksən. Sonra nə olub?
– O da ağlayıb dedi ki, nə üçün mən onun ata-anasını ələ salıram.
– Deməli, belə çıxır ki, sən onları ələ salmısan?
Katya əslində ata-anama gülməsə də, görünür belə bir fikri varmış, bunu mən qabaqcadan duymuşdum. Çünki bir, kəlmə də olsun atasına cavab vermədi; deməli, təqsirini boynuna alırdı.
– Bu saat get ondan üzr istə, – deyə knyaz məni göstərdi. Knyajna kətan kimi ağarıb yerindən tərpənmədi.
– Tez ol! – Knyaz onu tələsdirdi.
– İstəmirəm, – deyə nəhayət, Katya yavaşca, lakin qəti bir ahənglə dilləndi.
– Katya!
– Yox, istəmirəm, istəmirəm! – O, birdən gözlərini parıldadaraq ayağını yerə döyüb qışqırdı. – Ata, ondan üzr istəməyəcəyəm. Mən onu sevmirəm. Mən onunla bir yerdə yaşamayacağam… Mən təqsirkar deyiləm ki, o səhərdən axşamacan ağlayır. İstəmirəm! İstəmirəm!
– Gedək, – knyaz onun əlindən yapışıb öz kabinetinə apardı. – Netoçka, sən də çıx yuxarı.
Mən knyazın üstünə atılıb xahiş etmək istəyirdim ki, Katyanın təqsirindən keçsin, lakin knyaz ciddi bir görkəm ilə əmrini təkrar etdi. Mən də qorxudan meyit kimi bumbuz kəsilərək yuxarı çıxdım. Otağımıza gələn kimi üzümü əllərımlə örtüb divana yıxıldım. Katyanın nə vaxt qayıdacağını səbirsizliklə gözləyərək dəqiqələri sayırdım; istəyirdim ki, gələn kimi ayaqlarına yıxılım. Nəhayət o qayıtdı, mənə bir söz demədən yanımdan ötüb küncdə oturdu. Gözləri qızarmışdı, ağlamaqdan sifəti şişmişdi. Mən bir anda bayaqkı qətiyyətimi itirdim. Dayanıb ona qorxu ilə baxırdım. Qorxudan yerimdən tərpənə bilmirdim.
Mən yalnız özümü təqsirləndirir, çalışırdım ki, təqsirlərin hamısını özümdə olduğunu sübut edəm. Azı min dəfə Katyaya yaxınlaşmaq istəyir və məni necə qarşılayacağını bilmədiyim üçün hər dəfə ayaq saxlayırdım. Beləliklə, bir-iki gün keçdi. O biri günün axşamı Katya yenə də şən halda öz taxta diyircəyini otaqdan-otağa diyirlədərək yüyürürdü. Ancaq tezliklə bu əyləncəsindən əl çəkib, yenə də tək-tənha küncdə oturdu. Yatmamışdan qabaq birdən o mənimlə danışmaq istədi, hətta mənə tərəf bir-iki addım atdı, ağzını doldurub nə isə demək istədi, lakin dayandı, geri qayıdıb yatağına uzandı. Bundan sonra bir gün də keçdi. Katyanın bu hərəkətindən təəccüblənən madam Leotar nəhayət onu sorğu-suala tutdu: ona nə olub? Niyə belə səs-səmiri, çıxmır, xəstə deyil ki? Katya nə isə cavab verdi, yenə də volanının əlinə götürdü, lakin madam Leotar üzünü döndərən kimi, qızarıb ağlamağa başladı. Ağladığını mən görməyim deyə yüyürüb otaqdan çıxdı. Beləliklə, məsələ bununla qurtardı; savaşmağımızdan düz üç gün keçmişdi, o, nahardan sonra otağıma gəlib çəkinə-çəkinə mənə yaxınlaşdı.
– Atam tapşırıb ki, sizdən üzr istəyim, – deyə o mənə müraciət etdi, – siz məni bağışlayırsınızmı?
Mən cəld Katyanın əllərindən yapışıb həyəcandan boğula-boğula dedim:
– Hə! hə!
– Atam tapşırıb ki, sizinlə öpüşüm: siz məni öpərsinizmi?
Bunun cavabında gözümün yaşını tökə-tökə onun əllərini öpməyə başladım. Mən başımı qaldırıb Katyaya baxanda onun qəribə bir hal keçirdiyini gördüm. Dodaqları azca səyirirdi. Çənəsi də əsirdi, gözləri yaşarmışdı. Ancaq o, tez həyəcanını boğdu və bir an gülümsünən kimi oldu.
– Onda qoy gedim atama deyim ki, sizi öpüb üzr istəmişəm, – o öz-özü ilə danışırmış kimi yavaşdan əlavə etdi, – üç gündür onu görməmişəm, mənə tapşırıb ki, əmrini yerinə yetirməyincə gözünə görünməyim.
Katya bu sözləri deyən kimi nədənsə çəkinə-çəkinə fikirli halda aşağı endi. Elə bil atasının onu necə qarşılayacağına hələ əmin deyildi.
Bir saatdan sonra yuxarıda qışqırıq, səs-küy, qəhqəhə, Falstafın hürüşü eşidildi, nə isə yerə düşüb sındı, kitablardan bir neçəsi də döşəməyə töküldü, taxta diyircək yenə də diyirlənə-diyirlənə otaqlarda taqqıltı saldı, – bir sözlə, başa düşdüm ki, Katya atası ilə barışmışdır, sevincimdən ürəyim əsirdi.
Ancaq o mənə yaxınlaşmırdı, görünür, mənimlə söhbət etməkdən çəkinirdi. Bunun əvəzində mən onda özümə qarşı bir maraq oyatmaq şərəfinə nail ola bilmişdim. O mənə daha yaxşı tamaşa etmək üçün gəlib tez-tez mənimlə üzbəüz otururdu. Onun müşahidələri getdikcə daha sadəlövh bir şəkil alırdı: bir sözlə, evdə hamının misilsiz bir xəzinə kimi bəsləyib nazlandırdığı ərköyün, hökmürəvan bir qız heç cür başa düşə bilmirdi ki, mənimlə görüşmək istəmədiyi halda necə olur ki, mən dəfələrlə onun qarşısına çıxıram. Lakin onu gözəl, mərhəmətli balaca qəlbi vardı, o bu qəlbi ilə instinktiv olaraq özünə həmişə düzgün yol seçə bilirdi. O, atasını böyük bir məhəbbətlə sevdiyi üçün hamıdan çox onun sözünə qulaq asırdı. Anası onu dəlicəsinə sevsə də, özünü çox zabitəli aparırdı. İnadkarlıqda, məğrurluqda və sərtlikdə Katya anasına çəkmişdi. Anasının mənəvi müstəbidlik dərəcəsinə çatan bütün şıltaqları ona keçmişdi. Knyaginya tərbiyənin nə demək olduğunu çox qəribə başa düşürdü. Buna görə də Katyanın tərbiyəsində sonsuz şıltaqlıqla amansız tələbkarlıq qəribə bir təzad təşkil edirdi. Misal üçün, dünən icazə verilən bir şey bu gün birdən-birə, heç bir səbəb olmadan qadağan edilirdi. Buna görə də Katyanın qəlbindəki ədalət hissi təhqir edilirdi. Lakin bu məsələdən hələ sonra danışacayıq… Ancaq onu deyim ki, uşaq artıq anası ilə atasına olan münasibətini müəyyənləşdirməyi bacarırdı. O, atasından heç bir şey gizlətməz, bütün qəlbini açıb ona danışardı. Anası ilə isə əksinə – ona yaxınlaşmazdı, etibar eləməzdi və qətiyyən sözündən çıxmazdı. Bu itaət, səmimiyyət və inamdan doğmurdu. Bu zəruri bir məcburiyyət idi. Bu məsəni sonra izah edəcəyəm. Yeri gəlmişkən deməliyəm ki, mənim Katyam, nəhayət, anasının xasiyyətini yaxşı başa düşmüşdü və ona itaət göstərəndə anasının sonsuz məhəbbətini dərk etmişdi. Knyaginyanın bu məhəbbəti bəzən xəstə bir çılğınlıq dərəcəsinə çatırdı, – çoxbilmiş knyajna da anasının bu xüsusiyyətini nəzərə almışdı. Çox təəssüf! Bu çoxbilmişliyin sonralar çılğın qıza köməyi az oldu.
Mənə nə olduğunu, demək olar ki, başa düşmürdüm. Məni nə isə yeni anlaşılmaz hisslər narahat edirdi və əgər bu yeni hisslərdən ruhən iztirab çəkdiyimi, darıxdığımı desəm mübaliğə etmiş olmaram. Qərəz ki, – qoy bu sözü mənə əfv etsinlər-mən Katyaya vurulmuşdum. Bəli, bu, məhəbbət idi. Həqiqi məhəbbət, göz yaşları və sevinc gətirən, ehtiraslı məhəbbət. Məni ona sövq edən nə idi? Bu məhəbbət nədən yaranmışdı?
Bu hiss mənim qəlbimdə ilk nəzərdən, mələk kimi gözəl bir uşağı görəndə duyduğum şirin hisslərdən yaranmışdı. Onda hər şey gözəl idi; ondakı qüsurların heç biri anadangəlmə deyildi, – onların hamısı qıza sonradan aşılanmışdı və hamısı mübarizə vəziyyətində idi. Onun xasiyyətinin hər cəhətində müvəqqəti saxta don geymiş gözəl bir bünövrə, əsas vardı; onda hər şey, hətta daxilində gedən bu mübarizə də gözəl gələcəkdən xəbər verirdi, hər şeydən onun gələcəyinin çox gözəl olacağı duyulurdu. Tək mən yox, hamı ona tamaşa edir, hamı onu sevirdi. Bizi saat üç radələrində gəzməyə aparanda, küçədən keçənlər onu görən kimi heyrətlə yerlərində donub qalırdılar. Çox vaxt bu xoşbəxt uşağın ardınca heyrətlə səslənirdilər. O, xoşbəxtlik içində doğulub, xoşbəxtlik üçün doğulub, – onunla görüşəndə adamın başına gələn ilk fikir bu olurdu! Kim bilir, bəlkə də ilk dəfə mənim estetik duyğularımın, gözəllik hisslərimin oyanmasına ilk anda o – onun bu gözəlliyi səbəb olmuşdu. Elə bilirəm ki, qəlbimdəki məhəbbətin səbəbi bundadır. Knyajnanın ən böyük qüsuru, daha doğrusu, onun xasiyyətinin əsasını təşkil edən cəhət, qürur hissi idi. Əlbəttə, bu hiss hələ müəyyənləşməmişdi, öz təbii şəklinə düşmək üçün böyük mübarizələr keçirirdi. Bu qürur hissi ən xırda, sadəlövh təfərrüata qədər varır, onun izzət-nəfsinə elə təsir edirdi ki, misal üçün, hər necə olursa-olsun, ona zidd çıxdıqda bu vəziyyət onu incitmir. Hirsləndirmir, yalnız təəccübləndirirdi. O heç cür dərk edə bilmirdi ki, bir şey onun istədiyi kimi yox, başqa cür necə ola bilər? Lakin ədalət hissi həmişə qəlbində üstün idi. Əgər o özünün haqlı olmadığına inanırdısa, həmin dəqiqə verilən hökmə dinməz-söyləməz tabe olurdu. Buna görə də bizim aramızda olan münasibətdə öz xasiyyətinin əksinə gedirdisə, bunu yalnız knyajnanın mənə qarşı duyduğu anlaşılmaz bir nifrətlə izah etmək olardı. Bu hiss müvəqqəti olaraq onun varlığındakı ahəng və tənasübü pozmuşdu. Belə də olmalı idi; çünki o, həmişə böyük bir ehtirasla öz hisslərinə qapıldığı üçün yalnız həyati bir misal, təcrübə onu düzgün yola gətirib çıxarırdı. Onun başladığı işlərin nəticəsi həmişə gözəl və təbii olurdu, lakin bunlar çoxlu əyinti və səhvlər bahasına başa gəlirdi.
Katya tezliklə üzərimdə apardığı müşahidələri qurtardı və nəhayət, məni sakit buraxmaq qərarına gəldi. O özünü elə aparırdı ki, guya mən heç yerli-dibli evdə yoxam; bir kəlmə də olsun artıq söz demirdi, hətta lazım olan sözləri də deməməyə çalışırdı; məni öz oyunlarından kənar etmişdi. Özü də mən zorla deyil, guya öz xoşumla buna razılıq vermişdim.
Dərslərimiz öz qaydası ilə gedirdi, bəzən məni xasiyyətimin sakitliyi və zehnimin aydınlığına görə ona nümunə gostərirdilərsə də, daha onun qüruruna toxunmaq şərəfinə nail olmurdum, halbuki o belə şeylərdə çox həssas idi, o dərəcədə həssas idi ki, hətta itimiz ser Con Falstaf belə onun qüruruna toxuna bilərdi. Falstaf çox soyuqqanlı və tənbəl idi, ancaq onu hirsləndirəndə pələng kimi qəzəbli olurdu, hətta elə qəzəblənirdi ki, öz sahibinə belə tabe olmurdu. Onun bir xüsusiyyəti də vardı: o, qəti surətdə heç kəsi sevmirdi; lakin onun ən qəddar, təbii düşməni, şübhəsiz, qoca knyajna idi. Ancaq bu barədə biz hələ gələcəkdə danışacayıq. Xüdpəsənd Katya hər vasitə ilə çalışır ki, Falstafın adamayovuşmazlığına qalib gəlsin, evdə tək, yeganə bir heyvanın onun nüfuzu ilə hesablaşmaması, onun qüvvəsinə tabe olmaması, ona boyun əyməməsi, onu sevməməsi Katyaya pis təsir bağışlayırdı. Buna görə də knyajna özü Falstafa hücum etmək qərarına gəlmişdi. O hamıya hökm etmək və hakim olmaq arzusunda idi; Falstaf bu taledən necə yaxa qurtara bilərdi? Lakin tərs buldoq təslim olmaq istəmirdi.
Bir dəfə nahardan sonra, biz ikimiz də aşağıdakı böyük zalda olduğumuz vaxt buldoq otağın ortasına sərələnib yeməkdən sonra tənbəl-tənbəl kef eləyirdi. Bu vaxt knyajna onu özünə tabe etmək fikrinə düşdü. O, əlindəki oyunu yarımçıq qoyub Falstafı ən incə adlarla, gülə-gülə, əli ilə öz yanına çağıraraq, ona nəvazişlə sözlər deyə-deyə barmaqlarının ucunda ehtiyatla itə yaxınlaşdı, lakin Falstaf hələ uzaqdan qorxunc dişlərini ağartdı; knyajna dayandı. Onun məqsədi idi ki, Falstafa yaxınlaşıb onu tumarlasın. Falstaf isə knyaginyadan başqa heç kimə ona əl vurmağa icazə vermirdi. Katya onu tumarlamaq, sonra da öz dalınca gəlməyə məcbur etmək istəyirdi, bu, əlbəttə, ciddi təhlükə ilə əlaqədar olan çətin bir qəhrəmanlıq idi; çünki onun əlini qapmaq, ya lazım bilsə, parça-parça eləmək Falstaf üçün çətin məsələ deyildi. O, ayı kimi güclü idi. Buna görə də mən narahat və qorxu ilə uzaqdan Katyanın hərəkətlərinə fikir verirdim. Lakin onu öz fikrindən döndərmək o qədər asan deyildi.
Hətta Falstafın yersiz-səbəbsiz ağaran dişləri belə onun üçün kifayət qədər təsirli xəbərdarlıq deyildi. Knyajna itə ilk dəfədən yaxınlaşmaq mümkün olmadığını görüncə, çaşqın– çaşqın öz düşməninin dövrəsinə dolandı. Falstaf yerindən tərpənmədi. Katya ikinci dəfə dövrə vurdu, bu dəfə dairəni xeyli azaltdı, sonra üçüncü dəfə dövrə vurdu, nəhayət, Falstafın sərhəd hesab etdiyi məsafəyə çatanda it yenə dişlərini ağartdı. Knyajna ayağını yerə vurub, təəssüflə, fikir içində geri qayıtdı və divanda oturdu.
On dəqiqədən sonra o, yeni bir vasitəyə əl atdı. Katya o dəqiqə otaqdan çıxıb krendel [6 - bulka növü] və pirojki gətirdi, – bir sözlə, silahını dəyişdi. Lakin Falstaf yenə də əhvalını dəyişmədi, çünki görünür tox idi. O, qabağına atılan krendel parçasına heç fikir vermədi; knyajna bu dəfə də Falstafın sərhəd hesab etdiyi yerə yaxınlaşdı, it öz etirazını bildirdi, özü də bu dəfə birinci dəfəkindən daha kəsərli. Falstaf başını qaldırdı, dişlərini ağardıb yavaşdan mırıldadı və yerindən sıçramaq istəyirmiş kimi azca tərpəndi. Knyajna qəzəbindən qıpqırmızı qızardı. Gətirdiyi piroşkini tullayıb yenə öz yerində oturdu.
O bərk həyəcan keçirirdi. Ayağını döşəmədəki xalçaya vururdu, yanaqları pörtmüşdu, acığından hətta gözləri belə yaşarmışdı. O, təsadüfən mənə baxdı. – Elə bil qan beyninə vurdu. Qətiyyətlə yerindən sıçrayıb, möhkəm addımlarla düz dəhşətli itin üstünə getdi.
Kim bilir, bəlkə bu dəfə qızın bu cür hərəkəti Falstafı daha artıq təəccübləndirmişdi. Hər nə isə o, düşməni sərhəd xəttindən içəri buraxdı, cəmi iki addım qalanda ağılsızlıq eləyən Katyanı qorxulu mırıltı ilə qarşıladı. Katya bir an ayaq saxladı, yalnız bircə an, sonra inamla irəli yeridi. Mən qorxudan quruyub qalmışdım. Knyajna mənim indiyə qədər görmədiyim bir həyəcan keçirirdi, onun gözləri qələbə hissi ilə parıldayırdı. Ona baxıb gözəl bir şəkil çəkmək olardı. Knyajna qəzəblənmiş buldoqun düz gözlərinin içinə baxaraq, onun dəhşətlə açılmış ağzından qorxmadı; it yerindən qalxdı. Onun tüklü sinəsindən qorxunc bir səs çıxdı; bir dəqiqə də keçsəydi, qızı parça-parça edəcəkdi. Lakin knyajna balaca əlini qürurla onun üstünə qoyub şəstlə üç dəfə kürəyini sığalladı. Bir an buldoq tərəddüd içində qaldı. Bu ən qorxulu bir andı; lakin o birdən yerindən qalxıb gərnəşdi və uşaqlara baş qoşmağın yersiz olduğunu başa düşübmüş kimi sakit-sakit otaqdan çıxdı. Knyajna şəstlə iti qovduğu yerdə dayanıb anlaşılmaz bir tərzdə mənə baxdı. Onun baxışlarında qazandığı qələbədən doğmuş ifrat bir razılıq hissi oxunurdu. Ancaq mən kətan kimi ağarmışdım; Katya bunu görüb gülümsündü. Artıq onun da yanaqlarına meyit rəngi çökmüşdü. O özünü zorla divana yetirib, yarı bayılmış halda onun üstünə yıxıldı.
Lakin ona olan meylin intəhası yox idi. Bu gündən etibarən, onun üçün bu qədər qorxu çəkdikdən sonra daha mən özümü ələ ala bilmirdim. Qüssədən ürəyim sızıldayırdı, gündə azı min dəfə istəyirdim ki, onun boynunu qucaqlayım, lakin qorxu ayağımı bağlayırdı, yerimdən tərpənə bilmirdim. Yadımdadır, həyəcanımı qıza bildirməmək üçün ondan uzaq gəzməyə çalışırdım, lakin o, təsadüfən gizləndiyim otağa gələndə diksinirdim, ürəyim elə şiddətlə vururdu ki, başım gicəllənirdi. Mənə elə gəlirdi ki, şıltaq sevgilim bunu hiss edir. Buna görə də bir-iki gün özü də qəribə bir təklik içində idi. Lakin tezliklə buna da adət etdi. Beləliklə, bir ay keçdi, bu ayı mən daxili bir əzabla keçirdim. Əgər təbir caizdirsə, deyə bilərəm ki, hisslərim nə isə izahedilməz qəribə bir tərzdə uzanırdı; mən son dərəcə dözümlüyəm. Buna görə də hisslərimin gözlənilmədən partlayış kimi aşkara çıxması son dəqiqələrdə olur. Onu da deyim ki, bu müddət ərzində Katya ilə beş kəlmədən artıq söz danışmamışıq. Lakin mən get-gedə çətinliklə seçilən bəzi nişanələrdən hiss edirdim ki, Katya bunu məni unutduğu ücün, mənə qarşı laqeyd olduğu üçün deyil, nə isə qəsdən edir, sanki məni müəyyən çərçivədə saxlamağa özünə söz vermişdi. Lakin mən gecələr yata bilmir, gündüzlər isə öz pərtliyimi, hətta madam Leotardan belə gizlədə bilmirdim. Katyaya məhəbbətim hətta qəribə xüsusiyyətlər kəsb edirdi. Bir dəfə mən xəlvəti onun yaylığını götürdüm, başqa bir dəfə hörüklərinə bağladığı lenti götürdüm, sonra da gecə səhərə qədər ağlaya-ağlaya bu şeyləri öpdüm. İlk vaxtlarda Katyanın laqeydliyi mənə çox əziyyət verirdi; indi isə artıq qəlbimdə hər şey qarışmışdı; nələr keçirdiyimi heç özüm də başa düşmürdüm. Beləliklə, yavaş-yavaş təzə təəssüratlar köhnələri sıxışdırıb aradan çıxartdı və mənim qəmli keçmişim haqqındakı xatirələrim öz acı kəskinliyini itirib, qəlbimdə yeni bir həyatla əvəz olundu.
Yadımdadır. Mən bəzən gecələr oyanıb yatağımdan qalxaraq barmaqlarımın ucunda knyajnaya yaxınlaşardım. Saatlarla dayanıb gecə lampasının zəif işığında Katyaya tamaşa edərdim; bəzən də onun çarpayısında oturub üzünə tərəf əyilərdim, onun isti nəfəsini duyardım. Ehtiyatla, qorxudan əsə-əsə onun əllərini, çiyinlərini, saçlarını, hətta yorğanın altından ayağı görünürdüsə, ayağını da öpərdim. Aydan bəri gözlərimi ondan çəkmədiyim üçün onun xasiyyətinin yavaş-yavaş dəyişdiyini hiss edirdim. – Katya günü-gündən daha fikirli görünürdü, xasiyyətindəki rəvanlığı get-gedə itirdi; bəzən görürdün ki, bütün günü səsini çıxarmırdı, bəzən də elə səs-küy salırdı ki, belə şey heç vaxt onda görünməmişdi. O çox əsəbi, tələbkar olmuşdu, tez-tez qızarır və hirslənirdi. Hətta məni bəzən xırda şeylər üstündə sancırdı; bir də görürdün ki, məndən iyrənirmiş kimi, yanımda əyləşib xörək yemək istəmirdi; bəzən də onsuz çox qüssələndiyimi hiss etdiyi üçün, bütün günü anasının yanında olurdu; bəzən də saatlarla oturub gözlərini mənə zilləyirdi, mən də çox utanır, qızarır, rəng verib-rəng alırdım, heç bilmirdim ki, harda gizlənim, durub qonşu otağa keçməyə isə cürətim çatmırdı. Artıq ikinci dəfə idi ki, Katya qızdırmadan şikayətlənirdi. Halbuki, əvvəllər onda elə şeylər olmazdı. Nəhayət, günlərin bir günündə xüsusi bir əmr gəldi, knyajnanın təkidi ilə o, aşağı, anacığazının yanına köçürülürdü. Katyanın qızdırdığını görən knyaginyanın qorxusundan az qala bağrı partlayacaqdı. Onu da deyim ki, Katyanın xasiyyətində əmələ gəlmiş dəyişikliklərə görə, knyaginya məndən çox narazı idi. Bu dəyişikləri o da hiss edirdi və knyaginyanın dili ilə desək, mənim adamayovuşmazlığım qızının da xasiyyətinə təsir edirdi. Ona qalsaydı, bizi çoxdan ayırardı, ancaq knyazla böyük mübahisəyə girişməli olacağını hiss etdiyi üçün bu niyyətini təxirə salırdı. Doğrudur, knyaz bütün məsələlərdə ona güzəştə getsə də, bəzən sərtlik göstərir və çox inadkar olurdu. Knyaginya ərinin xasiyyətinə yaxşı bələd idi, onun mənə münasibətini də bilirdi.
Knyajnanın aşağı köçürülməsi mənə çox ağır təsir bağışladı, mən düz bir həftə xəstəymiş kimi gərgin bir hal keçirtdim. Qüssə içində hey fikirləşirdim ki, görəsən, Katyanın mənə nifrətinə səbəb nədir? Qüssədən ürəyim parça-parça olurdu və ədalətsizliyə qarşı təhqir olunmuş qəlbimdə qəzəb hissi baş qaldırırdı. Gözlənilmədən məndə nə isə bir qürur yaranmışdı, buna görə də bizi gəzməyə aparanda Katya ilə görüşərkən ona elə sərbəst, elə ciddi baxırdım ki, bu mənim əvvəlki münasibətimə qətiyyən bənzəmirdi. Hətta bu hal onda təəccüb doğururdu. Doğrudur, belə dəyişiklik məndə hərdənbir görünürdü. Sonra ürəyim yenə də yumşalır, get-gedə daha artıq ağrımağa başlayır və mən getdikcə daha artıq zəiflik və iradəsizlik göstərirdim. Nəhayət, bir gün səhər mənim böyük təəccübümə və sevincdən doğan utancaqlığıma rəğmən, knyajna yenə yuxarı qayıtdı. Əvvəlcə o, dəlicəsinə gülə-gülə madam Leotarın boynunu qucaqlayıb bildirdi ki, yenə bizim yanımıza köçür, sonra başının hərəkəti ilə mənə salam verdi və icazə aldı ki, bu gün səhər dərs oxumayaq. O, səhər ancaq oynayıb yüyürməklə məşğul oldu. Onu indiyə kimi bu qədər oynaq və sevincək görməmişdim. Ancaq axşam tərəfi yenə də sakitləşib fikrə getdi. Yenə, nədənsə onun gözəl çöhrəsinə bir kədər pərdəsi endi. Axşam knyaginya ona baş çəkməyə gələndə Katya özünü qəsdən şən göstərməyə çalışdı. Lakin anası gedəndən sonra, tək qalan kimi, birdən gözlərinin yaşını axıtdı. Mən lap mat qalmışdım. Knyajna ona diqqətlə baxdığımı görüb otaqdan çıxdı. Bir sözlə, onun daxilində nə isə gözlənilməz mənəvi bir böhran başlanırdı. Knyaginya həkimlərlə məsləhətləşir, hər gün madam Leotarı yanına çağırıb Katyanın vəziyyəti haqqında ən kiçik təfərrüata qədər məlumat alırdı. Leotara tapşırmışdı ki, qızın hər bir hərəkətinə göz qoysun. Həqiqəti isə bircə mən hiss edirdim. Buna görə də qəlbim ümidlə çırpınırdı.
Bir sözlə, bu kiçik macəra sona çatırdı, onun həll olacağı dəqiqə yaxınlaşırdı. Katyanın yuxarı qayıtmasından üç gün sonra gördüm ki, o bütün səhəri çox xoş və uzun nəzərlərlə mənə baxır… Bizim nəzərlərimiz bir neçə dəfə rastlaşdı, hər dəfə ikimiz də qızarıb bir-birimizdən xəcalət çəkirmiş kimi başımızı aşağı saldıq. Nəhayət, knyajna gülə-gülə məndən uzaqlaşdı. Saat üçü vurdu, bizi gəzməyə çıxmaq üçün geyindirməyə başladılar. Birdən Katya mənə yaxınlaşdı.
– Başmağınızın qaytanı açılıb, – deyə o mənə müraciət etdi, – qoyun bağlayım.
Katyanın axır ki, mənimlə danışdığını görəndə qıpqırmızı qızarıb özüm əyilmək istədim.
– Dayan! – O, gülə-gülə və səbirlə tələb etdi. Sonra əyilib ayağımdan yapışaraq zorla qaldırıb dizinin üstünə qoydu və ayaqqabımın qaytanını bağlamağa başladı. Həyəcandan nəfəsim tutulurdu; knyajnanın bu hərəkətindən duyduğum şirin bir qorxu hissindən nə edəcəyimi bilmirdim. O, ayaqqabımın bağını bağlayandan sonra ayağa qalxıb, məni təpədən-dırnağa süzdü.
– Bax, boğazın da açıqdır, – o, barmağıyla boğazımın ətinə toxundu. – Dayan, qoy özüm bağlayım.
Mən etiraz etmədim. O, yaylığımı açıb özü bildiyi kimi bağladı.
– Yoxsa, soyuqlayarsan, – deyə o, qara və yaşarmış gozlərini parıldadaraq, bic-bic gülümsündü.
Mən sevincimdən yerə-göyə sığmırdım; mənə nə üz verdiyini və Katyanın qəlbində nələr baş qaldırdığını anlaya bilmirdim. Ancaq şükür allaha ki, gəzintimiz tez qurtardı. Yoxsa davam gətirə bilməyib elə onu küçədəcə bağrıma basıb öpəcəkdim. Pillələri qalxanda fürsət tapıb xəlvəti onun çiynindən öpdüm. O hiss edib diksindi, ancaq heç nə demədi. Axşam onu bəzəndirib aşağı apardılar. Knyaginyanın yanına qonaqlar gəlmişdi. Həmin axşam evdə böyük qarışıqlıq oldu.
Katyada əsəb tutması başlamışdı. Knyaginya qorxudan başını itirmişdi. Həkim də gəlib qəti bir söz deyə bilmədi. Şübhəsiz, hər şeyi uşaq xəstəlikləri ilə, Katyanın yaşı ilə əlaqələndirirdilər. Ancaq mən ayrı fikirdə idim. Ertəsi gün Katya yenə də həmişəki kimi yanaqları qırmızı, şən və son dərəcə gümrah yanımıza qayıtdı. Ancaq onda elə qəribəliklər və şıltaqlıqlar əmələ gəlmişdi ki, biz əvvəllər onda belə şeylər görməmişdik.
Əvvəla o, bütün səhəri madam Leotara qulaq asmadı. Sonra gözlənilmədən qoca knyajnanın yanına getmək fikrinə düşdü. Öz bacısı nəvəsindən zəhləsi gedən, həmişə küsülü olan və onu görmək belə istəməyən qarı bu dəfə nədənsə qızın onun yanına gəlməsinə icazə verdi. Əvvəlcə, hər şey yaxşı keçdi, birinci saatı onlar səmimiyyətlə başa vurdular. Hiyləgər Katya vəziyyəti belə görüb bütün əməllərinə, nadincliyinə, səs-küy salıb knyajnanın rahatlığını pozduğuna görə günahından keçməsini xahiş etmək fikrinə düşdü. Qoca knyajna da qızın bu xahişindən mütəəssir olaraq gözləri yaşarmış halda onun bütün günahlarını səxavətlə bağışladı. Lakin bu şıltaq qız bununla kifayətlənməyib, daha dərinlərə getmək fikrinə düşdü. O, hələ yalnız fikrində olduğu, gələcəkdə eləmək istədiyi nadincliklər haqqında danışmağa başladı. Katya özünü əməllərindən peşman olmuş, günahlarını başa düşərək, mütiləşmiş adamlar kimi aparırdı; qərəz ki, özünü mömin kimi göstərən qarı şadlığından yerə-göyə sığmırdı, bundan başqa evin ziynəti, bütün ev adamlarının büt kimi sitayiş etdiyi, hətta öz anasını belə bütün şıltaqlarını yerinə yetirməyə məcbur edə bilən Katya üzərindəki qələbə onun izzət-nəfsini oxşayırdı.
Nadinc qız əvvəla, etiraf etdi ki, knyajnanın paltarına vizit kartoçkası yapışdırmaq fikrində imiş; sonra istəyirmiş ki, Falstafı onun çarpayısının altına salsın; sonra da gözlüyünü sındırsın, onun bütün kitablarını aparıb, əvəzində anasının fransız romanlarını gətirsin, nə bilim, sonra guya fikri varmış ki, gətirib otağına bir neçə tarakan atsın, sonra cibinə bir dəstə oyun kartı qoysun və ilaxır və sairə. Bir sözlə, qızın saydığı bu əməllər bir-birindən daha ağır, daha pis idi. Qarı özündən çıxır, qəzəbindən rəng verib-rəng alırdı; nəhayət, Katya daha davam gətirə bilmədi, qəhqəhə ilə gülüb xalasının yanından qaçdı. Qarı o dəqiqə adam göndərib knyaginyanı çağırtdırdı. Böyük bir həngamə başladı, knyaginya düz iki saat ağlaya-ağlaya qoca qohumundan üzr istəyib, xahiş etdi ki, Katyanın günahından keçsin və onun xəstə olduğunu nəzərə alıb, bu dəfə icazə versin qızı cəzalandırmasın. Knyajna heç nə eşitmək istəmirdi, deyirdi ki, elə günü sabah çıxıb gedəcək, axırda knyaginya deyəndə ki, qızın cəzalandırılmasını təxirə salar, onun sağalmasından sonraya saxlayar, sağalan kimi qoca knyajnanın haqlı tələbini yerinə yetirər, qarı bir qədər yumşaldı. Buna axmayaraq, Katyanı bərk danladılar. Onu aşağı, knyaginyanın yanına apardılar.
Ancaq nadinc qız nahardan sonra yaxasını qurtarıb qaça bilmişdi. Mən aşağı düşəndə onunla pillələrdə rastlaşdım. O, qapını aralayıb Falstafı çağırırdı. Mən o saat başa düşdüm ki, qız nə isə qorxunc bir qisas almaq fikrindədir. Məsələ belə idi.
Qoca knyajnanın Falstafdan böyük düşməni yox idi. İt heç kimə yovuşmaz, heç kimi sevməzdi, özü də olduqca lovğa və son dərəcə təkəbbürlü idi. Özü heç kəsi sevməsə də ehtimal ki, hamıdan özünə qarşı hörmət tələb edirdi. Əslində hamı ona hörmət edirdi və bu hörmətdə müəyyən qədər qorxu hissi də vardı. Lakin qoca knyajna bu evə köçəndən sonra hər şey dəyişmişdi: Falstafın qüruruna toxunmuşdular. Daha doğrusu, onun yuxarı mərtəbəyə çıxması rəsmən qadağan edilmişdi.
Əvvəlcə Falstaf bu təhqirdən özünə yer tapa bilmirdi və bir həftə sərasər yuxarı otaqdan aşağıya uzanan pillələrin başındakı qapını pəncəsi ilə cırmaqlamışdı. Tezliklə o, bu sürgünə kimin bais olduğunu başa düşmüş və elə ilk bazar ünü qoca knyajna kilsəyə getmək üçün otaqdan çıxanda Falstaf zingildəyib hürə-hürə yazıq qarının üstünə atılmışdı. Onu təhqir olunmuş köpəyin qorxunc qisasından güclə xilas edə bilmişdilər. Çünki həqiqətən köpək knyajnanın əmrinə görə qovulmuşdu. Qarı demişdi ki, iti görmək belə istəmir. O vaxtdan etibarən Falstafın yuxarı mərtəbəyə qalxması qəti qadağan edilmişdi, buna görə də knyajna aşağı mərtəbəyə enəndə iti ən uzaq otaqlardan birinə qovurdular. Bu işin məsuliyyəti xidmətçilərin üzərinə düşürdü. Lakin kinli köpək iki-üç dəfə yuxarı qalxmaq üçün imkan tapa bilmişdi. O özünüü pilləkənlərə salan kimi, bir-birinin içinə açılan otaqlardan keçib düz qarının yatdığı otağa yüyürürdü. Onun qabağında heç kəs dura bilmirdi. Xoşbəxtlikdən qarının qapısı həmişə bağlı olurdu. Buna görə də adamlar gəlib onu aşağı qovana qədər, Falstaf qapının qabağında qalıb ulamaqdan başqa bir şey edə bilmirdi. Knyajna isə, tərs köpək qapı dalında olduğu müddətdə, ətini kəsirlərmiş kimi qışqırırdı və hər dəfə bundan sonra qorxudan bərk xəstələnirdi.
Qoça knyajna bir neçə dəfə knyaginyaya ultimatum vermişdi. Hətta bir dəfə fikirləşmədən demişdi ki, kərək bu evdən ya Falstaf çıxsın, ya da mən; lakin knyaginya Falstafdan ayrılmağa razı olmamışdı.
Knyaginyanın ürəkdən sevdiyi adamlar o qədər də çox deyildi, lakin uşaqlarından sonra dünyada hər şeydən artıq sevdiyi Falstaf idi. Bunun da səbəbi vardı. Bir dəfə, təqribən altı il əvvəl, knyaz gəzintidən qayıdanda özü ilə bir çirkli, xəstə, çox acınacaqlı görkəmi olsa da, cins buldoq küçük gətirmişdi. Knyaz onu ölümdən xilas etmişdi. Lakin evin təzə sakini özünü ədəbsiz və kobud apardığı üçün knyaginyanın təkidi ilə onun boynuna ip bağlayıb dal həyətə aparmışdılar. Knyaz buna etiraz etməmişdi. İki il sonra bütün ev əhli yaylaqda olarkən Katyanın kiçik qardaşı, balaca Saşa Neva çayına yıxılmışdı. Knyaginya qışqırıb oğlunun dalınca suya atılmaq istəmişdi. Onu ölümdən güclə xilas edə bilmişdilər. Bu vaxt çayın surətli axını uşağı çəkib aparır, suyun üzündə yalnız onun paltarı görünürdu. Tələsik qayığı açmağa başlayırlar. Lakin uşağın xilas edilməsi artıq möcüzə kimi bir şeydi. Birdən nəhəng buldoq özünü çaya atıb, artıq boğulmaqda olan oğlana tərəf çəpəki üzməyə başlayır! Uşağı dişlərinə alıb qürurla sahilə çıxır. Knyaginya yaş və çirkli iti öpməyə başlayır. Lakin hələ o vaxtlar son dərəcə sadə və plebey adı daşıyan Falstaf heç kəsin nəvazişinə dözə bilmirdi. Buna görə də knyaginyanın onu qucaqlayıb öpməsinə cavab olaraq, onun çiynini qapmışdı. Knyaginya bu yaradan ömrü boyu əziyyət çəksə də, itə minnətdarlığının hüdudu yox idi. Bundan sonra Falstaf içəri otaqlara gətirilmiş, yuyulmuşdu, hələ üstəlik yüksək sənətkarlıqla naxışlar vurulmuş bir gümüş boyunluq da almışdı. O, knyaginyanın kabinetindəki gözəl ayı dərisinin üstündə yatırdı. Tezliklə iş o yerə çatdı ki, knyaginya bilatəxir cəza alacağından ehtiyat etməyərək, onu sığallamağa da başlamışdı. Öz sevimlisinin Friksa adlandırıldığını eşidəndə knyaginya dəhşətə gəlmişdi və həmin dəqiqə– it üçün mümkün qədər qədim, münasib bir ad axtarmağa başlamışdılar. Lakin Hektor, Tserber və başqa adlar çox çeynənmişdi. Evin sevimlisinə layiq təzə bir ad tələb edilirdi. Nəhayət, knyaz Friksanın çox acgöz olduğunu nəzərə alaraq təklif etdi ki, buldoqun adını Falstaf qoysunlar. Bu ad böyük məmnuniyyətlə qəbul edilmiş və həmişəlik buldoqun üstündə qalmışdı. Bundan sonra Falstaf özünü çox yaxşı aparırdı: əsl ingilis kimi qaradinməz və qaşqabaqlı idi. Heç kəsin üstünə əvvəlcə atılmazdı. Ancaq tələb edirdi ki, onun ayı dərisi üstündəki yerindən uzaq gəzsinlər. Ümumiyyətlə, ona lazımi hörmət göstərsinlər. Bəzən elə bil onun tutması tuturdu, sanki havalanırdı, belə dəqiqələrdə Falstaf təəssüflə xatırlayırdı ki, onun düşməni, onun hüquqlarını tapdalayan barışmaz düşməni hələ də cəzalandırılmamışdır. Onda o, xəlvəti pillələrə yaxınlaşır və qapının həmişəki kimi bağlı olduğunu görüb yaxın bir yerdə uzanırdı, ya da küncdə gizlənib pusurdu, gözləyirdi ki, otaqdan çıxan adamlardan biri nə vaxt fikir verməyib qapını açıq qoyacaq. Bəzən kinli köpək üç gün pusquda dururdu. Lakin, xidmətçilərə ciddi göstəriş verilmişdi ki, qapıya fikir versinlər. Buna görə də iki ay olardı ki, Falstaf yuxarıda görünmürdü.
– Falstaf! Falstaf! – Knyajna qapını açıb şirin dillə iti aldadıb pillələrə çıxartmaq istəyirdi.
Bu vaxt Falstaf qapının açıldığını hiss edərək, qadağan edilmiş sərhədi keçmək üçün atılmağa hazırlaşdı. Lakin knyajnanın bu çağırışı onun üçün o dərəcədə qeyri-mümkün göründü ki, it bir neçə dəqiqə qulaqlarına inanmadı. O, pişik kimi hiyləgər idi. Qapını açan adamın diqqətsizliyini gördüyünü büruzə verməmək üçün əvvəlcə pəncərəyə yaxınlaşdı. Öz qüvvətli pəncələrini pəncərənin taxtasına söykəyib, dal ayaqları üstə dikəldi və üzbəüz binaya baxmağa başladı, -bir sözlə, özünü tamamilə yad, gəzintiyə çıxmış və yolda gördüyü gözəl memarlıq nümunəsi olan qonşu evə tamaşa etmək üçün bir anlıq ayaq saxlayan adamlar kimi aparırdı. Əslində isə onun ürəyi xoş bir intizarla çırpınırdı. Qapını onun üzünə taybatay açanda, hələ bir üstəlik onu içəri dəvət edəndə, hətta yuxarı qalxıb bilatəxir özünün haqlı qisasını almaq üçün yalvaranda onun təəccübünün, sevincinin, ifrat dərəcəyə çatan sevincinin hədd-hüdudu yox idi! Falstaf sevincindən zingildəyərək dişlərini ağartdı, dəhşətli, yenilməz bir əzmlə ox kimi yuxarı atıldı.
O, belə qüvvətlə irəli atıldı ki, qabağına çıxan stula toxunanda stul bir sajın o yana düşüb çevrildi. Falstaf topdan çıxmış mərmi kimi uçurdu. Bunu görən madam Leotar dəhşətlə qışqırdı, lakin Falstaf arzuladığı qapıya çatıb, pəncələri ilə qapını itələdi. Lakin qapını aça bilməyib məğlub olmuş kimi ümidsizliklə zingildədi. Bunun cavabında içəridən qarımış qızın dəhşətli fəryadı eşidildi. Lakin artıq hər tərəfdən dəstə-dəstə düşmən gəlirdi, evin bütün adamları yuxarı çıxmışdı. Buna görə də Falstaf, o dəhşətli Falstaf, başına ağızlıq keçirilmiş və ayaqlarına örkən dolanmış halda döyüş meydanını şərəfsizliklə tərk etməli oldu.
Knyaginyanı çağırtdırmaq üçün elçi göndərildi.
Bu dəfə knyaginya bağışlamaq və günahdan keçmək fikrində deyildi; lakin o, kimi cəzalandırsın? Məsələnin nə yerdə olduğunu, kimin təqsirkar olduğunu o bir anda başa düşdü; onun nəzərləri Katyaya sataşdı… Elədir ki, var; Katya sapsarı saralmışdı, qorxudan titrəyirdi. Yazıq qız öz nadincliyinin nə ilə nəticələnə biləcəyini yalnız indi başa düşmüşdü. Evdə heç bir təqsiri olmayan xidmətçilərdən şübhələnə bilərdilər. Buna görə də Katya həqiqəti açıb deməyə hazır idi.
– Sənsən günahkar? – Knyaginya ciddiyyətlə soruşdu. Mən Katyanın meyit kimi ağardığını gördüm, irəli yeriyərək qətiyyətlə dedim:
– Falstafı mən buraxmışam… Təsadüfən, – deyə əlavə etdim. Çünki knyaginyanın qəzəbli baxışları altında bütün cəsarətim o dəqiqə qeybə çəkildi.
– Madam Leotar, onu yaxşıca cəzalandırın! – deyə knyaginya otaqdan çıxdı.
Mən Katyaya baxdım: o, karıxmış halda dayanmışdı; əlləri yanına düşmüşdü; sapsarı saralıb, başını aşağı dikmişdi.
Knyazın uşaqlarına verilən yeganə cəza onların boş otağa salınmasından ibarətdi. Boş otaqda bir-iki saat oturmaq o qədər də çətin deyildi. Lakin uşağı zorla otağa aparıb, ona azadlıqdan məhrum edildiyini dedikdə cəza böyük əhəmiyyət kəsb edirdi. Adətən, Katyanı, ya da onun qardaşını otağa iki saatlığa salırdılar. Məni isə törətdiyim cinayətin ağırlığını nəzərə alaraq, dörd saatlığa saldılar. Mən, knyajna haqqında fikirləşirdim. Ona qalib gəldiyimi bilirdim. Lakin dörd saat əvəzinə səhər saat dördə qədər oturdum. Bu belə olmuşdu.
Mən otağa salınandan iki saat sonra madam Leotara qızının Moskvadan gəldiyini xəbər verirlər, üstəlik madam qızının xəstə olduğunu və onu görmək istədiyini də eşidir. Buna görə də məni yaddan çıxarıb, qızın yanına gedir. Bizə xidmət eləyən qız elə zənn edir ki, məni otaqdan buraxıblar. Katya isə aşağı çağırılır və axşam saat on birə qədər anasının yanında oturmağa məcbur olur. O geri qayıdanda mənim yataqda olmadığımı görüb, çox təəccüblənir. Xidmətçi qız onu soyundurub yerinə salır, knyajna isə mənim barəmdə heç bir şey soruşmur. Çünki bunun üçün knyajnanın öz əsasları vardı. O, yatağına uzanıb məni gözləyir, çünki dörd saatlıq həbsə alındığımı bildiyindən elə zənn edir ki, dayəmiz gedib məni gətirəcək. Nastya isə tamamilə məni unudur. Çünki mən həmişə özüm soyunardım. Beləliklə, mən gecəni həbs otağında keçirməli oldum.
Gecə saat dörddə kiminsə otağın qapısını döydüyünü və itələyib açmaq istədiyini eşitdim. Mən döşəmənin üstündə birtəhər uzanıb yatmışdım. Oyanıb qorxudan qışqırdım. Lakin o dəqiqə Katyanın səsini eşitdim. Çünki o, hamıdan bərk qışqırırdı. Sonra da madam Leotarın səsi gəldi, qorxuya düşmüş Nastyanın səsini eşitdim, nəhayət, açarçı qadının səsi gəldi. Axır ki, qapını açdılar. Madam Leotar ağlaya-ağlaya məni qucaqladı, məni unutduğu üçün üzr istədi. Mən ağlaya-ağlaya onun boynunu qucaqladım. Soyuq sümüklərimə işləmişdi. Quru döşəmənin üstündə yatdığım üçün bütün sümüklərim ağrıyırdı. Mən ətrafa göz gəzdirib Katyanı axtardım. Ancaq o, yataq otağımıza qaçıb uzanmışdı, mən içəri girəndə o artıq yatmışdı, ya da ki, özünü yuxuluğa vurmuşdu. Katya axşamdan yolumu gözləyərək özü də hiss etmədən yuxuya getmiş və səhər saat dördə qədər yatmışdı. Ancaq oyanan kimi elə səs-küy, elə həşir qaldırmışdı ki, evə qayıtmış madam Leotarı, dayəni, bütün xidmətçi qızları ayağa qaldırıb məni azad etdirmişdi.
Səhər başıma gələn əhvalatı hamı bildi; hətta knyaginyanın özü belə dedi ki, mənimlə həddən artıq sərt rəftar etmişlər. O ki qaldı knyaz, həmin gün mən onu birinci dəfə hirslənmiş gördüm. O, səhər saat onda həyəcanlı halda yuxarı qalxdı.
– İnsafınız olsun, – deyə o, madam Leotara müraciət etdi, – siz nə eləyirsiniz? Bu yazıq uşağın başına nə gətirmisiniz? Bu ki, vəhşilikdir, xalis vəhşilik, yırtıcılıqdır! Xəstə, zəif, uşağı, belə xəyalpərvər, səksəkəli, xülyaçı bir qızı bütün gecə tək otağa salmaqmı olar?! Bu onu məhv etmək deməkdir! Məgər siz onun macərasını bilmirsiniz? Xanım, yenə təkrar edirəm ki, bu vəhşilik, insaniyyətsizlikdir, belə cəza olarmı? Bu cəzanı kim çıxarıb, belə cəzanı kim çıxara bilər?
Zavallı madam Leotar, pərt olub gözləri dolmuş halda məsələni ona izah etməyə başladı, dedi ki, qızı yanına gəldiyi üçün məni unutmuşdur. Cəza isə əgər çox davam etmirsə, özlüyündə yaxşı şeydir. Hətta Jan Jak Russo da buna bənzər bir şey demişdi.
– Xanım, Jan Jak Russodan danışmayın! Jan Jak elə şey deyə bilməz. Jan Jak nümunə ola bilməz. Jan Jak Russo tərbiyə barəsində danışmağı cürət etməzdi, onun belə şeyə haqqı yoxdur. Çünki, xanım, Jan Jak Russo öz doğma balalarından imtina etmişdir! Jan Jak əxlaqsız adamdır, xanım!
– Jan Jak Russo! Jan Jak əxlaqsız adamdır! Knyaz! Knyaz! Nə danışırsınız?
Madam Leotar qıpqırmızı pörtdü.
Madam Leotar çox yaxşı qadın idi, özü də inciməyi sevməzdi; lakin onun sevdiyi adamlardan birinə toxunulduqda, Kornelin, Rassinin klassik kölgələrini narahat etdikdə, Volteri təhqir etdikdə, ya da ki, Jan Jak Russonu əxlaqsız, vəhşi adlandırdıqda – pərvərdigara! Madam Leotarın gözlərindən yaş axdı; qarı həyəcanından tir-tir əsirdi. Nəhayət, o özünü saxlaya bilməyib dedi:
– Siz nə danışdığınızı bilmirsiniz, knyaz! Knyaz o dəqiqə özünü ələ alıb üzr istədi, sonra da mənə yaxınlaşıb mehriban-mehriban öpdü, üzümə xaç çəkdi və otaqdan çıxdı.
– Pauvre prince! [7 - Yazıq knyaz (fransızca)] – Madam Leotar Knyazın bu hərəkətindən mütəəssir oldu. Sonra biz dərs keçilən stolun arxasında oturduq.
Lakin knyajna çox diqqətsiz oxuyurdu. Biz nahara getməmişdən əvvəl Katya mənə yaxınlaşıb qızarıb pörtərək təbəssümlə qarşımda dayandı, çiyinlərimdən tutub, nədənsə xəca lət çəkirmiş kimi tələsik dedi:
– Hə, necədir, dünən mənim əvəzimə yaxşı cəza çəkdin? Nahardan sonra zala oynamağa gedərik.
Kim isə yanımızdan ötdü. Buna görə də knyajna tez məndən uzaqlaşdı.
Nahardan sonra, hava qaralanda, ikimiz də əl-ələ tutub aşağıdakı böyük zala endik. Knyajna bərk həyəcan içində idi. O, ağır-ağır nəfəs alırdı. Mən isə indiyə qədər bu cür sevincək və xoşbəxt olmamışdım.
Məndən soruşdu:
– Top-top oynamaq istəyirsən? Onda burda dur! O məni zalın bir küncündə dayandırdı. Özü isə kənara çəkilib, topu mənə atmaqdansa üç addımlığımda durub mənə baxdı, birdən qızarıb əlləri ilə üzünü örtərək divana yıxıldı. Ona tərəf irəlilədim. Ancaq Katya elə bildi ki, mən getmək istəyirəm.
– Getmə, Netoçka, yanımda qal– dedi, – bu dəqiqə keçər.
O bir anda yerindən sıçrayıb pörtmüş halda, ağlaya-ağlaya boynumu qucaqladı. Onun yanaqları yaş idi, dodaqları albalı kimi şişmişdi, saçları çiyninə dağılmışdı. O, görünməmiş bir çılğınlıqla üzümdən, gözlərimdən, dodağımdan„ boynumdan, əllərimdən öpürdü; o, tutmalı adamlar kimi hönkür-hönkür ağlayırdı; mən onun sinəsinə qısıldım və biz dost, uzun müddət görüşməmiş məşuqələr kimi şirin-şirin sevinc içində qucaqlaşıb oturduq. Katyanın ürəyi elə çırpınırdı ki, onun hər zərbəsini eşidirdim.
Elə bu vaxt qonşu otaqdan səs gəldi. Katyanı knyaginyanın yanına çağırırdılar.
– Ah, Netoçka! Yaxşı, axşam, gecə görüşünə qədər! Get yuxarı, məni gözlə.
O məni son dəfə ehmalca, səssiz, lakin bərk öpüb Nastyanın yanına yüyürdü. Mən təzədən dirilmiş adamlar kimi yuxarı yüyürdüm, divanın üstünə yıxılıb başımı yastığın altında gizlədərək sevincimdən ağlamağa başladım. Ürəyim bərk çırpınırdı, sanki köksümü deşib çıxmaq istəyirdi. Heç özüm də bilmirəm gecəyə qədər necə sağ qaldım. Nəhayət, saat on biri vurdu, mən soyunub yatağıma girdim. Knyajna ancaq saat on ikidə qayıtdı; o, uzaqdan mənə gülümsündü, lakin heç bir söz demədi. Nastya onu soyundurmağa başladı. Elə bil qəsdən yavaş-yavaş soyundururdu.
– Tez ol, tez ol, Nastya! – Katya onu tələsdirirdi. Nastya soruşdu:
– Sizə nə olub, knyajna, görünür pillələri yüyürə-yüyürə çıxmısınız, ürəyiniz niyə belə döyünür?..
– Eh, ilahi, Nastya, lap darıxdım! Tez ol, tez ol! – Knyajna təəssüflə ayağını yerə vurdu.
– Pah, nə yaman ürəyiniz var! – Knyajnanın ayaqqabısını çıxardan Nastya onun ayağından öpdü.
Nəhayət, knyajna soyunub qurtardı və yatağına uzandı, Nastya da otaqdan çıxdı. Katya bir anda yerindən sıçrayıb özünü üstümə atdı. Mən də yerimdən qalxıb sevincdən qışqırdım.
– Gedək yanıma, mənimlə uzan! – O məni yataqdan qaldırdı. Bir göz qırpımında onun yatağında oldum, bir-birimizi bərk-bərk qucaqlamışdıq. Knyajna məni öpməkdən doymurdu.
– Gecələr məni neçə öpdüyün yadımdadır! – deyə knyajna lalə kimi qızardı
Mən hönkür-hönkür ağlayırdım.
Katya da gözlərinin yaşını tökərək pıçıldadı:
– Netoçka! Mənim mələyim, axı mən də səni çoxdan, lap çoxdan sevirəm! Heç bilirsən nə vaxtdan?
– Nə vaxtdan?
– Yadındamı, atam əmr etdi ki, səndən üzr istəyim, Netoçka, öz atanı müdafiə etdiyin vaxtı deyirəm… Mənim zavallı yetimim! – Katya yenə də məni öpməyə başladı. O həm gülür, həm də ağlayırdı.
– Ah, Katya!
– Hə, nə var? Nə deyirsən?
– Axı biz niyə belə uzun müddət… Belə gec… – sözümü deyib qurtara bilmədim. Biz qucaqlaşıb üç dəqiqəyə qədər danışmadıq.
– Bura bax, mənim barəmdə nə fikirdə idin? – Knyajna soruşdu.
– Eh, o qədər fikir eləmişəm, Katya! Elə hey fikirləşirdim, səhər fikir, axşam fikir…
– Gecələr də yuxuda məndən danışırdın, eşidirdim.
– Doğrudan?
– Neçə dəfə ağlamısan.
– Bax, görürsən! Bəs niyə belə özünü çəkirdin?
– Axı ağlım kəsmirdi, Netoçka. Tərs damarım tutdumu, daha qurtardı getdi. Sənin əlindən bərk hirslənmişdim.
– Nəyə görə?
– Ona görə ki, səfeh idim. Əvvəlcə sənin məndən yaxşı olmağına hirslənmişdim, sonra da atamın səni daha çox istəməsinə. Atam mehriban adamdır, Netoçka, elə deyilmi?
– Hə, hə! – Mən göz yaşları içində knyazı xatırlayıb cavab verdim.
– Yaxşı adamdır, – Katya ciddi bir tərzdə əlavə etdi, – onunla neyləyə bilərəm? Xasiyyəti belədir… Sonra da səndən üzr istəyəndə az qaldım ki, ağlayam. Bu məni lap hirsləndirdi.
– Elə mən də gördüm, gördüm ki, ağlamaq istəyirsən.
– Yaxşı, səsini kəs, səfeh, ağlayanın böyüyü özünsən! – Katya üstümə qışqırıb əli ilə ağzımı tutdu. – Bilirsən, mən səni çox sevmək istəyirdim, ancaq sonra birdən elə olurdu ki, səndən zəhləm gedirdi, elə zəhləm gedirdi ki…
– Axı niyə?
– Çünki əlindən bərk hirslənmişdim. Heç bilmirəm nə üçün! Sonra gördüm ki, mənsiz yaşaya bilmirsən. Öz-özümə fikirləşdim: eybi yoxdur. Gör səni necə incidəcəyəm!
– Ah, Katya!
– Əzizim! – Katya əlimdən öpdü. – Hə, sonra da səninlə heç danışmaq istəmirdim, qətiyyən danışmaq istəmirdim. Yadındamı, Falstafkanı necə tumarlayırdım?
– Yaman qoçaq qızsan!
– Eh, heç bilirsən necə qor-xur-dum… – Knyajna səsini uzatdı. – Bilirsən ona nə üçün yaxınlaşdım?
– Nə üçün?
– Çünki sən baxırdın. Elə ki, gordüm sən baxırsan, dedim ki, eh, cəhənnəmə, nə olur-olsun, yaxınlaşacağam. Səni qorxutdum, hə? Mənim üçün qorxurdun?
– Yaman qorxurdum.
– Görürdüm. Falstafka gedəndə heç bilirsən necə sevinirdim! İlahi, o çıxıb gedəndən sonra canıma elə qorxu düşmüşdü ki! Yırtıcının biri yırtıcı. Canıma yaman qorxu salmışdı!
Knyajna bu sözləri deyə-deyə əsəbiliklə gülürdü; sonra başını hövl ilə qaldırıb, diqqətlə mənə baxdı. İnci dənəsi kimi göz yaşları onun uzun kirpiklərində titrəyirdi.
– Axı səndə nə var, nə üçün mən sənə belə vurulmuşam? Sən allah buna bax, sifətinin qanı qaçıb, saçları sapsarı, özü də ki, axmaq, ağlağan, gözləri gömgöy, mənim zavallı ye…ti…mim!!!
Katya yenə də əyilib məni dönə-dönə öpməyə başladı. Gözlərinin yaşından bir neçə damcı yanaqlarıma düşdü. O, son dərəcə həyəcanlı idi.
– Bir tərəfdən səni bərk sevirdim, o biri tərəfdən də fikirləşirdim ki, yox, qətiyyən yox! Ona deməyəcəyəm, yaman tərslik eləyirdim! Heç bilmirdim nə üçün səndən qorxurdum, niyə səndən xəcalət çəkirdim! Bir bax, gör indi ikimiz də necə yüngülləşmişik!
– Katya! Bilsəydin mənim üçün neçə ağırdır! – Sevincimdən dəli olmuş kimi dilləndim. – Ürəyim parça-parça olur!
– Hə, Netoçka! Dalına qulaq as… hə, bura bax, kim sənin adını Netoçka qoyub?
– Anam!
– Sən anan barəsində hər şeyi mənə danışacaqsanmı?
– Hər şeyi, hər şeyi, – mən sevinclə cavab verdim.
– Bəs sən mənim iki krujevalı yaylığımı neyləmisən? Lentimi niyə götürmüsən? Ay səni, utanmaz! Axı mən bunu bilirəm.
Mən güldüm, qızarıb doluxsundum.
– Dedim ki, yox, onu incidəcəyəm, qoy dözsün. Bəzən də öz-özümə fikirləşirdim: mən ki, onu heç sevmirəm, ondan lap zəhləm gedir. Amma sən yaman dilsiz-ağızsızsan, mənim balaca quzum! Heç bilirsən necə qorxurdum, qorxurdum ki, mənim axmaq olduğumu fikirləşəsən! Sən ağıllısan. Netoçka, axı sən çox ağıllısan. Elə deyilmi? hə?
– Eh, nə danışırsan, Katya! – Mən az qala ondan inciyəcəkdim.
– Yox, sən ağıllısan, – Katya qətiyyət və ciddiyyətlə təkrar etdi. – Bunu mən bilirəm. Ancaq bir gün səhər yuxudan duranda birdən-birə səni elə sevdim ki, daha nə deyim. Gecəni səhərə qədər yuxuda səninlə əlləşmişdim. Fikirləşirdim ki, anamdan xahiş edəcəyəm həmişəlik onun yanında qalım. Deyirdim ki, Netoçkanı sevməyəcəyəm, istəmirəm! O biri axşam isə yatanda fikirləşirdim; kaş o yenə gələydi, kaş keçən gecəki kimi yenə yanıma gələydi, sən də gəldin! Ah, biz nə yaman utanmazıq, Netoçka!
– Axı sən niyə məni sevmək istəmirdin?
– Elə-belə… Eh, gör nə deyirəm! Axı, mən səni həmişə sevmişəm! Həmişə! Axırda lap səbrim tükənmişdi. Öz-özümə deyirdim ki, onu öpə-öpə boğacağam, ya da ki, çimdikləyə-çimdikləyə öldürəcəyəm. Bax belə, axmağın biri axmaq!
Knyajna məni çimdiklədi.
– Yadındamı, ayaqqabının bağını bağlayırdım?
– Yadımdadır.
– Mənim də yadımdadır; xoşun gəlirdimi? Sənə baxa-baxa fikirləşirdim: nə yaxşı qızdır, qoy onun ayaqqabısını bağlayım, görəsən, nə fikirləşəcək! Elə mənim özümdə yüngülləşdim. Vallah, səninlə öpüşmək istəyirdim… Ancaq nədənsə öpmədim. Sonra öz hərəkətlərim özümə elə gülməli gəldi ki, elə gülməli gəldi ki, daha nə deyim! Yolda da, gəzdiyimiz vaxt, öz-özümə qəhqəhə çəkib gülmək istəyirdim. Sənə baxa bilmirdim, çox gülməli idi. Mənim əvəzimdə səni zindana salanda bilirsən necə sevinirdim!
Boş otağa «zindan» deyirdilər.
– Qorxurdun?
– Yaman qorxurdum.
– Məni sevindirən təqsiri öz boynuna götürməyin deyildi, sevinirdim ki, mənim əvəzimdə zindana sən salınacaqsan? Oturub fikirləşirdim: indi yəqin gözünün yaşını tökür, amma mən onu çox sevirəm! Sabah onu elə öpəcəyəm ki, elə öpəcəyəm ki! Ancaq ağlasam da, sənə heç yazığım gəlmirdi, vallah yazığım gəlmirdi.
– Amma mən heç ağlamırdım, sevinirdim!
– Ağlamırdın? Ay pis qız! – Knyajna qışqırıb məni bərk öpdü.
– Katya, Katya! İlahi, sən nə yaxşı qızsan!
– Doğru demirəmmi? Hə, indi nə istəsən mənə eləyə bilərsən! İncit, çimdiklə! Sən allah, çimdiklə! Əzizim, çimdiklə!
– Ay nadinc!
– Sonra nə deyirsən?
– Axmaq…
– Sonra?
– Sonra isə məni öp.
Biz də öpüşür, ağlayır, gülürdük. O qədər öpüşdük ki, axırda dodaqlarımız şişdi.
– Netoçka! Əvvəla, yatmağa həmişə mənim yanıma gələcəksən. Sən öpüşməyi sevirsənmi? Onda öpüşəcəyik. İkincisi də sənin belə kədərli olmağını istəmirəm. Sən niyə darıxırdın? Mənə danışacaqsanmı? Hə?
– Hər şeyi danışacağam! Ancaq mən daha darıxmıram, çox şadam.
– Görərsən, sənin də yanaqların mənimki kimi qırmızı olacaq. Ah, kaş səhər tez açılaydı! Sən yatmaq istəyirsənmi, Netoçka?
– Yox.
– Onda gəl söhbət eləyək.
Biz, beləliklə, bir-iki saat da söhbət elədik. Allah bilir ki, daha nələr danışdıq! Əvvəla, knyajna özünün bütün gələcək planlarını və indiki vəziyyətini mənə danışdı. Bildim ki, o atasını hamıdan artıq, hətta demək olar, məndən də artıq istəyir. Sonra ikimiz də danışıb qərara gəldik ki, madam Leotar çox yaxşı qadındır, özü də qətiyyən tələbkar deyil. Bundan sonra da sabah, o biri gün nələr edəcəyimizi, ümumiyyətlə, iyirmi ilə qədər gələcəkdə görəcəyimiz işləri məsləhətləşib qərarlaşdıq. Katya deyirdi ki, biz belə yaşamalıyıq: guya, bir gün o əmr edəcək, mən tabe olacağam, ertəsi gün əksinə – mən əmr edəcəyəm, o dinməz-söyləməz itaət edəcəkdir; sonra isə ikilikdə bir-birimizə, bərabər əmr edəcəyik. Əgər ikimizdən birimiz qəsdən itaətdən çıxsa, onda əvvəlcə elə-belə, yalandan küsəcəyik, sonra da tələsik bir bəhanə tapıb barışacağıq. Qərəz ki, irəlidə bizi sonsuz bir səadət gözləyirdi. Nəhayət, danışmaqdan yorulduq, mən yavaş-yavaş xumarlanmağa başladım. Katya gülüb məni ələ salırdı ki, yaman yatağanam, amma özü məndən tez yatdı. Səhər ikimiz də birdən oyandıq. Tələsik öpüşdük, çünki otağa gələn vardı, sonra mən tez qaçıb öz çarpayıma uzandım.
Biz, sevindiyimizdən bütün günü bir-birimizlə necə rəftar edəcəyimizi bilmirdik. Gizlənir, hamıdan qaçır, daha çox yad nəzərlərdən qorunurduq. Nəhayət, mən öz əhvalatımı açıb ona danışmağa başladım. Katya mənim hekayətimdən sarsılıb göz yaşı tökürdü.
– Sən nə yaman pis qızsan! Bəs bunu niyə mənə əvvəlcədən danışmamısan? Səni elə sevərdim, elə sevərdim ki! Küçədəki oğlanlar səni bərk vururdular?
– Hə, bərk vururdular. Onlardan yaman qorxurdum!
– Ah, pis uşaqlar! Bilirsənmi, Netoçka, mən bir oğlanın başqasını necə döydüyünü küçədə öz gözümlə görmüşəm. Sabah Falstafın şallağını xəlvəti götürəcəyəm. Küçədə elə uşaqlardan biri qabağıma çıxsa, o qədər döyəcəyəm ki, gücüm çatana qədər!
Qəzəbdən onun gözləri parıldayırdı.
İçəri bir adam girəndə biz diksinirdik. Qorxurduq ki, bizi öpüşən yerdə görərlər. O gün biz ən azı yüz dəfə öpüşmüşdük. Beləliklə bu gün də, sabah da ötüb-keçdi. Qorxurdum ki, sevincimdən bağrım çatlaya, xoşbəxtlikdən nəfəsim tutulurdu. Ancaq bizim bu xoşbəxtliyimiz uzun sürmədi.
Madam Leotar knyajnanın hər bir hərəkəti barədə məlumat verməli idi. O bizə üç gün nəzarət yetirdi, bu üç günün ərzində danışmaq üçün çox söz topladı. Nəhayət, o, knyaginyanın yanına gedib müşahidə etdiklərinin hamısını ona danışdı, – xəbər verdi ki, üç gündür dəli kimi olub bir-birimizdan ayrılmırıq, dəqiqəbaşı öpüşürük, ağlayırıq, sərsəm adamlar kimi qəhqəhə çəkib gülürük, yorulmaq bilmədən danışırıq, halbuki, əvvəllər belə şeylər yox idi, buna görə də bunun mənasını yozmaqda çətinlik çəkir, lakin ona elə gəlir ki, knyajna nə isə əsəbi bir böhran keçirir, nəhayət, onun məsləhətinə qalsa, biz az-az görüşsək yaxşı olar.
– Mən özüm də elə çoxdan bu fikirdəyəm, – knyaginya cavab verdi. – Mən bilirdim ki, bu qəribə yetim qızın əziyyəti çox olacaq. Onun haqqında, onun keçmiş həyatı haqqında mənə danışılanlar dəhşətdir, böyük bir dəhşət! O, Katyaya açıq-açığına təsir göstərir. Deyirsiniz ki, Katya onu çox sevir?
– Misilsiz dərəcədə.
Knyaginya acığından qızardı. O, artıq öz qızını mənə qısqanırdı.
– Bu təbii hal deyil, – o davam etdi. – Əvvəllər onlar bir-birinə çox yad idilər, onu da etiraf edim ki, bu hal məni sevindirirdi. O, yetimçə nə qədər balaca olsa da mən ona etibar edə bilmərəm. Məni başa düşürsünüzmü? Çünki o öz tərbiyəsini, öz vərdişlərini, kim bilir, bəlkə də həyat qanunlarını ana südü ilə əmib. Heç başa düşə bilmirəm ki, knyaz bu qızda nə görüb? Min dəfə təklif etmişəm ki, onu pansiona versinlər.
Madam Leotar məni müdafiə etmək fikrinə düşsə də knyaginya bizi bir-birimizdən ayırmağı qət etdi. O dəqiqə Katyanın dalınca adam göndərdi və elə aşağıdaca ona bildirdi ki, gələn bazar gününədək, yəni düz bir həftə məni görməyəcəkdir.
Məsələnin nə yerdə olduğunu axşam öyrəndim və dəhşətə gəldim; Katyanın fikrini çəkirdim, mənə elə gəlirdi ki, o bizim bu ayrılmağımıza dözə bilməyəcəkdir. Qüssənin, kədərin gücündən mən lap dəli olmuşdum. Bunun nəticəsində gecə xəstələndim; ertəsi gün səhər knyaz yanıma gəlib qulağıma pıçıldadı ki, ümidimi itirməyim. Doğrudan da o, vəziyyəti düzəltmək üçün bütün qüvvəsini sərf etdi, lakin əbəs idi, knyaginya qərarından dönmədi. Mən get-gedə ümidsizləşməyə başladım, dərddən az qalırdı bağrım çatlasın.
Üçüncü gün səhər Nastya Katyadan mənə məktub gətirdi. Katya karandaşla, özü də tələsik cızma-qara yazmışdı:
«Mən səni çox sevirəm. Maman-ın yanında oturub, hey fikirləşirəm ki, sənin yanına necə qaçım. Ancaq qaçacağam– dedim vəssalam, ona görə də ağlama. Yaz görüm məni necə sevirsən. Mən bütün gecəni yuxuda səni qucaqlamışam, çox əziyyət çəkmişəm, Netoçka. Sənə konfet göndərirəm. Əlvida».
Mən də elə bu səpkidə cavab verdim. Bütün günü Katyanın məktubuna baxıb ağladım. Madam Leotar öz nəvazişilə məni lap əldən salmışdı. Axşam eşitdim ki, o, knyazın yanına gedib, əgər Katya ilə görüşməsəm, mütləq üçüncü dəfə xəstələnəcəyimi demişdi. Məsələnin nə yerdə olduğunu knyaginyaya xəbər verməsinə də peşman olduğunu bildirmişdi. Mən elə hey Nastyadan soruşurdum, Katya necədir? O mənə deyirdi ki, Katya ağlamır, ancaq rəngi yaman solğundur.
Ertəsi gün səhər Nastya qulağıma pıçıldadı:
– Zati-alilərinin kabinetinə gedin. Sağ tərəfdən pillələrdən enərsiniz.
Əvvəlcə ürəyimə dolan sevinc hissi məni dirçəltdi. İntizardan nəfəsim tutula-tutula aşağı yüyürüb kabinetin qapısını açdım. O, yox idi. Birdən Katya arxadan məni qucaqlayıb çılğınlıqla öpdü. Gülüş, göz yaşları… Katya bir anda mənim qollarımın arasından çıxıb mişovul kimi atasının çiyinlərinə dırmaşdı, ancaq özünü saxlaya bilməyib divanın üstünə atlandı. Knyaz da divana yıxıldı. Knyajna sevincindən ağlayırdı.
– Ata, sən nə yaxşı adamsan, ata!
– Ay, sizə nə deyim, nadinclər! Axı sizə nə olub? Bu nə dostluqdur? Bu nə məhəbbətdir?
– Sus, ata, sən bizim işlərdən xəbərdar deyilsən. Biz yenə də atılıb bir-birimizi qucaqladıq.
Mən onu yaxından nəzərdən keçirməyə başladım. Üç günün içində qız sınıxmışdı. Yanaqlarının qızartısı çəkilmişdi. Bənizi solmuşdu. Mən kədərimdən özümü saxlaya bilməyib ağlamağa başladım.
Nəhayət, Nastya qapını tıqqıldatdı. Bu o demək idi ki, Katyanı axtarırlar, onun harada olduğunu soruşurlar. Katya meyit kimi saraldı.
– Bəsdir, uşaqlar. Biz hər gun belə görüşəcəyik. Sağlıqla qalın, allah köməyiniz olsun! – Knyaz bizi ötürdü.
O bizim hərəkətlərimizi görüb mütəəssir olmuşdu. Ancaq o, hər şeyi nəzərə ala bilməmişdi. Axşam Moskvadan xəbər gəldi ki, balaca Saşa qəflətən xəstələnib və çox ağır haldadır. Knyaginya günü sabah yola düşmək qərarına gəlmişdi. Bu elə gözlənilməz olmuşdu ki, mən knyajna ilə görüşüb vidalaşana qədər heç bir şeydən xəbər tutmamışdım. Bizim görüşməyimizi knyazın özü təkid etmiş, knyaginya da məcbur olub razılıq vermişdi. Knyajna ölü kimi süst idi. Mən başımı itirərək, aşağı yüyürüb onun boynuna atıldım. Səfər kareti artıq qapıda gözləyirdi. Katya məni görən kimi qışqırıb özündən getdi. Mən özümü onun üstünə atıb öpməyə başladım. Knyaginya onu huşa gətirməyə çalışırdı. Nəhayət, o ayılıb məni yenidən qucaqladı.
– Sağlıqla qal, Netoçka! – O, anlaşılmaz bir ifadə ilə güldü. – Məndən nigaran qalma, boş şeydir; mən xəstə deyiləm, bir aydan sonra qayıdacağam. Onda artıq bir-birimizdən ayrılmayacayıq.
– Daha bəsdir, – knyaginya sakitcə bildirdi. – Gedək! Lakin knyajna bir də qayıtdı. O məni qucaqlayıb bərk-bərk bağrına basdı.
– Mənim həyatım! – O məni qucaqlayaraq pıçıldadı. – Salamat qal!
Biz son dəfə öpüşdük və knyajna getdi, uzun müddətə çıxıb getdi. Bizim yenidən görüşməyimiz səkkiz il çəkdi!
Mən özüm uşaqlıq illərimdə baş vermiş bu epizodu, Katyanın ilk dəfə mənim həyatıma daxil olmasını qəsdən belə ətraflı danışdım. Ancaq onu da deyim ki, bizim talelərimizi bir-birindən ayırmaq olmaz. Onun macərası mənim macəramdır. Sanki onunla görüşmək, mənim alnıma yazılmışdı; elə bil ki, məni axtarıb tapmaq da onun taleyinə yazılmışdı. Bundan başqa şirin uşaqlıq illərini bir daha xatırlamaq mənə zövq verirdi… İndi mənim hekayətim sürətlə gedəcək. Həyatım gözlənilmədən nə isə bir sakitliyə uğradı, on altı yaşım tamam olandan sonra mən sanki yenidən ayıldım…
Ancaq əsas məsələyə keçməmişdən əvvəl, knyazın ailəsi Moskvaya köçəndən sonra, başıma nələr gəldiyini bir neçə sözlə nəql etmək istəyirəm.
Mən madam Leotarla qaldım.
İki həftədən sonra Moskvadan adam gəlib, xəbər verdi ki, "Peterburqa qayıtmaq məsələsi qeyri-müəyyən bir vaxtadək təxirə salınmışdır. Madam Leotar ailə vəziyyətinə görə Moskvaya gedə bilmədiyi üçün kynazın evindəki işi də, bununla qurtardı, lakin o həmin ailədə qaldı. Daha doğrusu, knyaginyanın böyük qızı Aleksandra Mixaylovanın yanına köçdü.
Mən hələ Aleksandra Mixaylovna haqqında heç bir söz deməmişəm, çünki onu cəmi bircə dəfə görmüşəm. O, knyaginyanın birinci ərindəndi. Knyaginyanın əsil-nəsəbi o qədər də məlum deyildi; onun birinci əri tacirdi. Knyaginya ikinci dəfə ərə gedəndə böyük qızını nə edəcəyini bilmirdi. Əlbəttə, onu yaxşı bir yerə ərə vermək haqqında düşünmək əsassız idi. Ancaq cehizi pis deyildi. Nəhayət, dörd il əvvəl onu varlı və mənsəbli bir adama ərə verə bilmişdilər. Beləliklə, Aleksandra Mixaylovna tamamilə başqa bir cəmiyyətə düşüb, ətrafında başqa bir adam gördü. Knyaginya ildə iki dəfə onun yanına görüşə gedirdi; atalığı knyaz isə Katya ilə birlikdə hər həftə ona baş çəkirdi. Lakin son zamanlar knyaginya nədənsə Katyanı bacısının yanına qoymaq istəmirdi. Buna görə də knyaz onu xəlvəti aparırdı. Katya bacısını çox sevirdi. Lakin onlar tamam başqa xasiyyətli adamlar idilər. Aleksandra Mixaylovna iyirmi iki yaşlı, sakit, nəvazişkar və səmimi bir qadın idi; onun sifətinin gözəl cizgilərinə nə isə gizli bir qüssə, nə isə daxili bir ürəkağrısı sərt ifadə verirdi. Bu, ciddilik və sərtlik, uşağa yas yaraşmayan kimi, onun da mələk simasına heç yaraşmırdı. Ona bir dəfə baxan kimi dərin bir rəğbət hiss etməmək mümkün deyildi. O çox solğun idi, deyirdilər ki, guya mən onu ilk dəfə görən vaxtlarda hətta verəm xəstəliyi qorxusu da varmış. O çox tənha yaşayardı və başına qonaq-qara toplamağı sevməzdi, özü də rahibələr kimi adam arasına çıxmazdı. Uşaqları da yox idi. Yadımdadır. Bir dəfə o, madam Leotarın yanına gəlmişdi. Mənə yaxınlaşıb dərin bir hiss ilə məni öpdü. Onun yanında arğaz və xeyli yaşlı bir kişi vardı. O məni görəndə gözləri yaşardı. Bu skripkaçı B. idi.. Aleksandra Mixaylovna məni qucaqlayıb soruşdu ki, onun yanında yaşamaq və onun qızı olmaq istəyirəmmi? Üzünə baxan kimi mənim Katyamın bacısını tanıyıb, bütün köksümü sızıldadan dərin bir ürək ağrısı ilə onu qucaqladım… Sanki kim isə başımın üstündə dayanıb yenidən deyirdi: «Yetimçə!..» Bu sözlərdən sonra Aleksandra Mixaylovna knyazın göndərdiyi məktubu mənə göstərdi. Məktubda mənə də bir neçə sətir yazılmışdı. Mən knyazın sözlərini oxuyub boğuq bir səslə hıçqırdım. O mənə xeyir-dua verib uzun ömür və xoşbəxtlik arzulayırdı. Xahiş edirdi ki, onun o biri qızını da sevim, Katya da mənə bir neçə sətir yazmışdı. O deyirdi ki, daha anasından ayrılmır!
Beləliklə, axşam mən başqa bir ailəyə, başqa bir evə, yeni adamların yanına köçdüm, ikinci dəfə mənim üçün əziz və doğma olan şeyləri ürəyimdən qoparıb atmalı oldum. Mən ora gələndə qüssədən ürəyim parçalanırdı, lap əldən düşmüşdüm. Bundan sonrakı söhbətimdə tamamilə yeni bir əhvalatdan danışacağam.
VI
Mənim yeni həyatım elə qayğısız və sakit keçirdi ki, sanki rahibələr arasında yaşayırdım… Mən tərbiyəçilərimin evində səkkiz ildən artıq yaşadım, ancaq bu müddət ərzində cəmi bir neçə dəfədən artıq bu evdə qonaqlıq, xüsusi nahar görmədim, eləcə də qohumların, dostların və tanışların tez-tez gəlib getdiyini də görmürdüm. Hərdənbir gəlib baş çəkən iki-üç nəfər, evin yaxın adamı hesab olunan musiqiçi B. bir də ki, Aleksandra Mixaylovnanın ərinin yanına, demək olar ki, həmişə iş üçün gələn adamlardan başqa bizim evdə heç kəs görünməzdi. Aleksandra Mixaylovnanın əri həmişə işlə, qulluq elədiyi idarə ilə məşğul idi, buna görə də çox nadir hallarda boş vaxtı olurdu, bu vaxtı da o, yarıbayarı ailəsinə və ali cəmiyyətə sərf edirdi. Onun tanışları çox idi, özü də bu adamlara hörmət eləmək lazım gəlirdi, buna görə də o, tez-tez cəmiyyətdə görünməli idi. Demək olar ki, hər yerdə onun sonsuz şöhrətpərəstliyi haqqında söhbətlər gedirdi; lakin o, işgüzar, ciddi bir adam kimi tanındığı üçün, həm də görkəmli bir mövqe tutduğu üçün, bəxti açıq və uğurlu bir adam olduğu üçün ali cəmiyyət ona lazımi dərəcədə rəğbət göstərirdi. Hətta bir az da artıq. O hamı tərəfindən xüsusi bir qayğı ilə qarşılanırdı, onun arvadına isə, əksinə, heç kəs rəğbət bəsləmirdi. Aleksandra Mixaylovna tamamilə tənha bir həyat sürürdü; ancaq o sanki buna sevinirdi. Bu, sakit xasiyyətli qadın sanki abidlik həyatı üçün yaranmışdı.
O, bütün qəlbi ilə mənə bağlı idi, məni öz doğma balası kimi sevirdi, mən də Katyadan ayrılmağıma görə axıtdığım göz yaşları qurumamış, hələ də ürəyim sızıldaya-sızıldaya, öz himayədarımın ana ağuşuna atılmışdım. Həmin vaxtdan ona bəslədiyim qızğın məhəbbət soyumamışdı. O mənim üçün həm ana, həm bacı, həm də dost idi, dünyada mənim üçün hər şeyi əvəz eləmiş və mənim gəncliyimin pasibanı olmuşdu. Bundan başqa mən bir sövqi-təbii ilə hiss etmişdim ki, zahirən sakit, rahat görünən həyatına, aldadıcı sərbəstliyinə, çöhrəsini işıqlandıran qayğısız aydın təbəssümünə baxmayaraq, onun günü o qədər də xoş deyil. Buna görə mən günbəgün inkişaf etdikcə himayədarımın taleyində yeni bir şey kəşf edir, elə əlamətlər görürdüm ki, bunları ancaq yavaş-yavaş, ürək ağrısı ilə duyurdum. Bunları kədərlə dərk etdikcə ona olan bağlılığım da get-gedə artır və möhkəmlənirdi.
O, yumşaq xasiyyətli, həm də çox cürətsiz adam idi. Çöhrəsinin aydın və sakit cizgilərinə baxanda ilk nəzərdə adama elə gəlirdi ki, onun saf qəlbini heç bir həyəcan narahat edə bilməz. Təsəvvür etmək olmazdı ki, o, birisini sevməyə bilər; onun qəlbində doğan rəhm hətta nifrət hissinə də qalib gəlirdi, ancaq buna baxmayaraq, o yalnız bəzi dostlarına ürəkdən bağlı idi və tamamilə tənha həyat keçirirdi… O, təbiətcə ehtiraslı və tez mütəəssir olan bir adamdı, lakin bununla bərabər sanki öz təəssüratlarından qorxur, hər an öz iradəsini nəzarət altında saxlayırdı ki, hətta xəyala dalıb belə özünü unutmasın. Bəzən mən ən xoşbəxt dəqiqələrdə onun gözlərinin yaşardığını görürdüm; sanki onun vicdanını gəmirən nəgahani, ağır bir xatirə qəlbində yenidən canlanmışdı; sanki nə isə ona düşmən kəsilərək, səadətini nəzarət altında saxlamışdı. Buna görə də onun ən xoşbəxt, sakit və aydın görünən dəqiqələrində, tutmalı adamlarda olduğu kimi, bu qüssə üzünü bürüyür, gözlənilməz kədər və göz yaşları üstünə kölgə salırdı. Səkkiz ilin ərzində mən bir ayın belə sakit keçdiyini xatırlamıram. Zənnimcə, əri onu çox sevirdi; o da ərinə ürəkdən bağlı idi. Lakin ilk nəzərdə görünürdü ki, onların arasında sanki nə isə hələ deyilməmiş bir söz var. Onun taleyində nə isə bir sirr var idi, hər halda mən ilk dəqiqələrdən şübhələnmişdim…
Aleksandra Mixaylovnanın əri ilk vaxtlarda mənə qaşqabaqlı adam kimi görünmüşdü. Bu təsəvvür məndə uşaqlıq illərindən yarandığı üçün indi də xatirimdən silinmir. O, ucaboylu, arıq bir kişi idi, sanki nəzərlərini gizlətmək üçün özü qəsdən yaşıl şüşəli iri gözlük taxırdı. O, az danışan, quru bir adam idi, hətta arvadı ilə tək qalanda belə, sanki danışmağa söz tapmırdı. Görünür, adamlar onu darıxdırırdı. O mənə heç fikir verməzdi, mən isə axşamlar üçümüz də Aleksandra Mixaylovnanın qonaq otağına çay içməyə yığılanda onun yanında özümü itirirdim. Altdan-altdan Aleksandra Mixaylovnaya baxır və qüssə ilə hiss edirdim ki, sanki o da hər hərəkətini ölçüb-biçir, ərinin xüsusilə sərt və qaşqabaqlı olduğunu görəndə, rəngi qaçır, ya da ərinin dediyi sözlərdə bir eyham olduğunu hiss edirmiş kimi qıpqırmızı qızarırdı. Əri ilə bir yerdə oturmağın onun üçün ağır olduğunu hiss edirdim. Lakin eyni zamanda mənə elə gəlirdi ki, o bir dəqiqə də olsun ərindən ayrı yaşaya bilməz. Ərinin hər sözünə, hər hərəkətinə son dərəcə diqqətli olması məni heyrətə salırdı; sanki o bütün qüvvəsilə onu razı salmağa çalışırdı və sanki öz arzusuna çata bilmədiyini hiss edirdi. O, elə bil ərinin razılığını bir sədəqə kimi qəbul etməyə də hazır idi; onun xəfif təbəssümü, ötəri xoş bir sözü kifayət idi – özünü xoşbəxt hiss edirdi; sanki bu dəqiqələr hələ ilk, naümid bir məhəbbət dəqiqələri idi. O, ərinə ağır xəstələrə baxan kimi qulluq edirdi. Mənə elə görünürdü ki, ərinin Aleksandra Mixaylovnaya rəğbətlə baxması ona ağır gəlir, bu səbəbdən də o, arvadının əlini sıxıb, nəhayət, kabinetinə gedəndən sonra Aleksandra Mixaylovna tamam dəyişirdi. Onun hərəkətləri və danışığı o saat daha şən, daha sərbəst olurdu. Lakin əri ilə hər dəfə görüşəndən sonra o hələ uzun müddət qəribə bir sıxıntı çəkirdi. O dəqiqə ərinin dediyi sözləri bir-bir yadına salırdı. Sanki onun hər sözünü ölçüb-biçirdi. Çox vaxt görürdün ki, məndən soruşub bilmək istəyir: sözü düzmü eşitmişəm. Pyotr Aleksandroviç belə dedimi? – O, ərinin sözlərində nə isə başqa bir məna da axtarıb tapmağa çalışırdı. Yalnız bir saata qədər vaxt keçəndən sonra ərinin ondan tamamilə razı qaldığına əminmiş kimi və nahaq yerə narahat olduğuna yəqinlik hasil etdikdən sonra tamamilə özünə gəlirdi. Belə vaxtlarda o, birdən-birə çox mərhəmətli, şən və sevincək olurdu, məni öpürdü,-mənimlə gülüb-danışırdı, ya da fortepianonu açıb, iki saata qədər improvizasiya edirdi. Lakin bəzən də onun bu sevinci birdən-birə pozulurdu; ağlamağa başlayırdı. Mən də təşviş, pərtlik və qorxu ilə ona baxanda o saat bizi kənar bir adamın eşidəcəyindən ehtiyat edirmiş kimi pıçıltı ilə inandırmağa çalışırdı ki, elə-belə ağlayır, çox şəndir, mən ondan nigaran qalmayım. Bəzən də görürdün ki, əri evə gec gələndə o, nigarançılıq çəkməyə, soraqlaşmağa başlayırdı, narahat olurdu; adam göndərirdi ki, gedib onun nə etdiyini görsün; öz qulluqçusundan atların nə üçün qoşulduğunu və onun hara getmək fikrində olduğunu, xəstə olub-olmadığını, şən və yaxud tutqun olduğunu, nə danışdığını və i. a. soruşub öyrənirdi. Sanki ərinin nə iş gördüyünü, nə ilə məşğul olduğunu özü soruşmağa cürət etmirdi. Bəzən əri ona bir məsləhət verəndə və ya bir söz soruşanda ona elə diqqətlə və itaətlə qulaq asır, özünü elə itirirdi ki, guya onun qulu idi. Əri onun bir hərəkətini, onda gödüyü bir şeyi, kitabı, ya da ki, bir əl işini tərifləyəndə o çox sevinirdi, sanki bununla qürrələnir və o saat kefi açılırdı. Bəzən əri təsadüfən (bu çox nadir hallarda olardı) iki balaca uşağını əzizləyəndə Aleksandra Mixaylovnanın sevincinin hüdudu olmazdı. Onun sifəti dəyişərdi, üz-gözündən xoşbəxtlik yağardı, belə dəqiqələrdə bəzən hətta ərinin qabağında öz sevincini həddən artıq büruzə verərdi. Misal üçün, bəzən o dərəcədə cürətlənərdi ki, onun təklifini gözləmədən özü öz başına, söz yox ki, çox cürətsiz və titrək bir səslə deyirdi ki, özünün aldığı təzə bir musiqiyə qulaq assın, ya da ki, müəyyən bir kitab haqqında fikir desin, hətta həmin gün ona xüsusilə böyük təsir bağışlayan müəllifin əsərindən bir-iki səhifəyə qulaq assın. Bəzən əri mərhəmət göstərib onun arzusunu yerinə yetirər, hətta gülümsünərdi. Adətən şıltaq bir uşağın sadə səmimiyyətini ehtiyatsızlıq edib vaxtından əvvəl korlamaq istəməyən valideynlərin bəzən onun qəribə şıltaqlığını yerinə yetirərkən gülümsündükləri kimi gülümsəyirdi. Ancaq bu təbəssüm, bu təkəbbürlü güzəşt, onların arasındakı bu bərabərsizlik nədənsə mənə son dərəcə ağır təsir bağışlayırdı; mən susur, özümü saxlayırdım. Yalnız bir uşaq marağı ilə də olsa, lakin yaşıma uyğun olmayan sərt bir fikirlə onlara diqqətlə göz qoyurdum. Bəzən də hiss edirdim ki, o birdən-birə qeyri-ixtiyari olaraq, özünü ələ alır, sanki ayılırdı; belə ki, birdən-birə, zorla və iradəsinin əksinə olaraq nə isə ağır, dəhşətli, labüd bir şeyi xatirinə salıb fikirləşməyə başlayırdı; belə vaxtlarda o güzəştli təbəssüm onun dodaqlarından silinir, nəzərləri gözlənilmədən özünü itirən arvadına zillənirdi. O, yenə də arvadına elə rəğbət hissi ilə baxırdı ki, mən bunun təsirindən diksinirdim, indi də dərk edirəm ki, əgər o mənə həmin nəzərlərlə baxsaydı, yəqin dözə bilməyib üzülərdim. Həmin dəqiqə Aleksandra Mixaylovnanın simasındakı sevinc yox olurdu. Musiqi və ya qiraət yarımçıq kəsilirdi. Onun rəngi ağappaq ağarırdı, lakin özünü saxlayıb susurdu. Aralığa xoşagəlməz, darıxdırıcı bir sükut çökürdü. Bu sükut bəzən uzun sürürdü. Nəhayət, əri sükutu pozurdu. O, yerindən qalxıb sanki daxilində baş qaldıran təəssüf və həyəcanı zorla boğaraq qaş-qabağını tökür, otaqda bir neçə dəfə var-gəl edir, sonra arvadının əlini sıxaraq dərindən köksünü ötürür və aydın sezilən bir pərtliklə qırıq-qırıq bir neçə söz deyirdi. Bu sözlərdən belə başa düşmək olurdu ki, guya o, arvadına təskinlik vermək istəyir. Bundan sonra otaqdan çıxırdı. Aleksandra Mixaylovna isə gözünün yaşını tökür, ya da ki, uzun sürən dəhşətli bir qəm dəryasına qərq olurdu. Çox vaxt o, axşamlar arvadından ayrılarkən ona bir uşaq kimi xeyir-dua verir, üzünə xaç çəkirdi. O da ərinin xeyir-dualarını minnətdarlıq adlandıran göz yaşları və böyük məmnuniyyətlə qəbul edirdi. Ancaq mən evimizdə keçirdiyimiz bir neçə axşamı indiyə qədər unuda bilmirəm (səkkiz ilin ərzində iki-uç dəfə belə olmuşdu, artıq yox). O axşamlar Aleksandra Mixaylovna sanki birdən-birə dəyişirdi. Onun son dərəcə sakit görünən simasında ərinə bəslədiyi həmişəki özünüalçaltma və pərəstiş hissi nə isə bir qəzəb, nə isə bir böyük narazılıq ifadəsilə əvəz olunurdu. Bəzən görürdüm ki, tufan başlanmamışdan bir saat əvvəl hazırlıq gedirdi; bu vaxtlar onun əri daha qaradinməz, sərt və qaşqabaqlı olurdu. Nəhayət, zavallı qadının xəstə ürəyi sanki buna davam gətirmirdi. O, həyəcandan səsi tutula-tutula danışmağa başlayırdı. Əvvəlcə, kəsik-kəsik rabitəsiz danışırdı. Sözləri acı eyham və işarələrlə dolu olurdu; sonra qəlbindəki qüssəyə dözə bilmirmiş kimi, birdən-birə hönkürtü çəkib ağlayırdı. Göz yaşlarından sonra isə narazılıq, məzəmmət, şikayət başlanırdı, – onda sanki xəstə bir tutma başlanırdı. Belə anlarda ərinin necə hövsələ ilə, necə bir qayğıkeşliklə arvadına təskinlik verməyə çalışdığını, onun əllərini öpdüyünü, hətta, nəhayət, özü də ona qoşulub ağlamağa başladığını görməyə göz istəyirdi; bundan sonra arvad elə bil ayılan kimi olurdu, sanki vicdanı onun üstünə qışqırıb, bir cinayətdə təqsirləndirirdi. Ərinin göz yaşları onu sarsıdırdı, o da başını itirərək, hıçqırtı ilə ağlaya-ağlaya əllərini qaldırır, ərinin qarşısında diz çökərək günahının bağışlanmasını xahiş edirdi, ər o dəqiqədəcə onun günahından keçirdi. Buna baxmayaraq, vicdan əzabı, göz yaşları hələ uzun çəkirdi. O yenə də ərindən xahiş edir, bağışlanmasını yalvarırdı və özünü aylar uzunu ərinin yanında daha səssiz-səmirsiz, daha müti aparırdı. Mən bu məzəmmət və tənələrdən heç nə başa düşmürdüm, bir də ki, məni belə vaxtlarda, xəcalət çəkdiklərindən, otaqdan bayıra çıxarırdılar. Lakin bu əhvalatı məndən tamam gizlədə bilmirdilər. Mən fikir verirdim, köz qoyurdum, hiss edirdim. Buna görə də lap ilk vaxtlardan məndə nə isə pis bir şübhə oyanmağa başlamışdı, mənə elə gəlirdi ki, burada nə isə bir sirr var, təhqir olunmuş qəlbin bu gözlənilməz partlayışları– sadəcə əsəb pozğunluğu deyil, kişinin də həmişə belə qaşqabaqlı olması səbəbsiz deyil. Onun zavallı və xəstə arvadına qarşı bəslədiyi bu iki mənalı rəğbət hissi, arvadın da onun qarşısında hiss etdiyi qorxu və cürətsizlik, ərinin hüzurunda büruzə verməyə cürət etmədiyi bu qəribə və müti məhəbbət, bu tənhalıq, bu monastır həyatı, bu gözlənilməz qızartılar və eləcə də gözlənilmədən ərinin qarşısında rəng verib-rəng almaq səbəbsiz deyil.
Lakin o öz ərinə qarşı çox nadir hallarda belə hərəkət eləyirdi, keçirdiyimiz həyat çox yeknəsəqdi və mən bu həyata yaxşı bələd olmuşdum, nəhayət, mən çox sürətlə böyüyürdüm, inkişaf edirdim, bu səbəbdən də məndə hələlik şüursuz da olsa baş qaldıran bir çox yeni hisslər məni müşahidələrimdən ayırırdı, nəhayət, mən bu həyata, əhatəmdə olan bu adət və insan xasiyyətlərinə alışmışdım. Şübhəsiz, bəzən mən Aleksandra Mixaylovnaya baxanda fikirləşməyə bilməzdim. Lakin mən qəti bir nəticəyə gəlməyi bacarmırdım. Mən ona çox sevdiyim və onun kədərinə hörmətlə baxdığım üçün öz marağımla onun həssas qəlbinə toxuna biləcəyimdən ehtiyat edirdim. O məni yaxşı başa düşürdü və bu səmimiyyətimə görə mənə dəfələrlə təşəkkür etməyə hazır idi. Bəzən ona necə qayğı göstərdiyimi görüb, göz yaşları arasından gülümsünür və tez-tez ağlamasını özü də ələ salıb gülürdü: bəzən də mənə danışırdı ki, həyatından çox razıdır, çox xoşbəxtdir. Hamı ona qayğı ilə yanaşır, bu vaxta qədər tanıdığı adamların hamısı onu seviblər. Pyotr Aleksandroviçin daima onun ruhən sakit olması üçün fikir çəkməsi ona çox əziyyət verir. Halbuki əri nahaq yerə narahat olur. Əksinə, o xoşbəxtdir, olduqca xoşbəxtdir! Belə vaxtlarda o məni elə dərin bir hisslə qucaqlayardı ki, onun sifəti elə bir məhəbbətlə işıqlanırdı ki, əgər təbir caizsə, ürəyimdən qara qanlar axırdı.
Onun sifətinin cizgiləri heç vaxt yadımdan çıxmayacaqdır. Bu cizgilər çox düzgün idi, onun ağırlığı və solğunluğu isə sanki onun ciddi gözəlliyinin məlahətini daha da artırırdı. Hamar daranmış sıx qara saçları onun çöhrəsinə qatı və kəskin bir kölgə salırdı; bununla kəskin təzad təşkil edən iri, uşaq gözləri kimi aydın, mavi gözlərinin məsum baxışı, ürkək təbəssümü, ümumiyyətlə, sonsuz dərəcədə sadəlövhlük, cürətsizlik, kimsəsizlik oxunan, hətta öz hisslərindən, ürək döyüntülərindən ani sevincdən və çox vaxt qəlbini bürüyən dilsiz kədərdən belə qorxduğunu əks etdirən həlim və solğun bənizi daha dərin heyrət doğururdu. Lakin bəzi xoşbəxt, sakit dəqiqələrdə ürəyə işləyən bu baxışlarda nə qədər aydın, gün kimi işıqlı və pak hisslər əks olunurdu! Bu səma kimi mavi gözlər elə bir məhəbbətlə parlayır, elə nəvazişlə baxırdı ki, onlarda nəcib məhəbbətə möhtac olan, ürək ağrısı tələb edən bütün şeylərə qarşı dərin bir rəğbət hissi oxunurdu; – bu baxışlar insanın qəlbini özünə ram edirdi, insan istər-istəməz bütün varlığı ilə onlara cəzb olunurdu, adama elə gəlirdi ki, bu baxışlardakı aydınlıq, bu ruhi sakitlik, mütilik və məhəbbət sənə də sirayət etmişdir. Bəzən mavi səmaya baxanda adama elə gəlir ki, saatlarla onu seyr edə bilər, özü də seyr etdikcə adam daha da yüngülləşir, ürəyi sakitləşir. Sanki sakit su uzərində əzəmətli köy qübbəsi əks edir. Bu ilhamlı dəqiqələrdə onun yanaqları qızarır, köksü həyəcanla enib-qalxdıqda – belə hallar tez-tez olurdu – gözləri şimşək kimi parıldayır, sanki qığılcım saçırdı, elə bil gözəlliyin təmiz atəşini bakir bir hisslə qoruyub saxlaya bilmiş varlığı gözlərində əks olunurdu. Bu anlarda o başdan-başa bir ilham mücəssəməsinə çevrilirdi. Belə gözlənilməz ilhamlı dəqiqələrdə, sakit, ürkək əhvali-ruhiyyədən birdən-birə işıqlı, yüksək vəcdlə, pak və ciddi hisslərlə yaşamaqla bərabər, bu adamda eyni zamanda o qədər sadəlövh, uşaqcasına tələsiklik, körpə inamı var idi ki, mən bilən, rəssamlardan hər biri bu parlaq vəcdi, bu ilhamlı surəti çəkdiyi tabloda əks etdirə bilmək üçün ömrünün yarısını verərdi.
Mən bu evə kələndə ilk günlərdən görürdüm ki, mənim gəlişimə hətta sevinir. O vaxt hələ onun bir uşağı vardı, bir ildi ki, ana olmuşdu. Lakin elə mənə də öz doğma qızı kimi baxırdı. Mənimlə öz uşağı arasında heç bir fərq qoymurdu. O necə də həvəslə məni tərbiyə etməyə başladı! İlk vaxtlarda elə tələsirdi ki, hətta madam Leotar ona baxanda qeyri-ixtiyari gülümsünürdü. Doğrudan da, biz hər şeyə birdən başladıq, buna görə də bəzən bir-birimizi başa düşmürdük. Misal üçün, özü mənə dərs deməyə başladı. Birdən-birə o qədər dərs keçirdi ki, elə müxtəlif şeylərdən danışırdı ki, bunun nəticəsi ancaq tələsiklik, qızğınlıq, məhəbbətdən doğan səbirsizlikdən başqa bir şey deyildi, mənə də xeyri çox az olurdu. Əvvəlcə öz bacarıqsızlığından məyus oldu; lakin biz onun hərəkətlərinə güləndən sonra yenidən başladı. Aleksandra Mixaylovna hətta özünün ilk müvəffəqiyyətsizliyinə baxmayaraq, madam Leotarın üsuluna qarşı cürətlə etiraz edirdi. Onlar gülə-gülə mübahisə edirdilər, lakin mənim yeni tərbiyəçim hər hansı bir üsula qarşı qəti surətdə düşmən kəsilərək deyirdi ki, biz əsl yolu qarasına, fəhmlə tapacayıq. Başımı müxtəlif quru məlumatla doldurmağın mənası yoxdur. Bütün müvəffəqiyyət ancaq mənim daxili meyllərimin tapılıb aşkara çıxarılmasındadır və məndə təhsilə maraq, həvəs oyadılmasındadır, – o haqlı idi, çünki, doğrudan da, müvəffəqiyyət qazanırdı. Əvvəla, elə başlanğıcdan şagirdlə tərbiyəçi rolları tamam aradan götürüldü. Biz iki rəfiqə kimi məşğul olurduq. Hətta bəzən elə olurdu ki, mən onun qurduğu hiyləni başa düşməyərək, özüm Aleksandra Mixaylovnanı öyrətməyə başlayırdım. Beləliklə, çox vaxt aramızda mübahisə düşürdü. Mən qızışır, gücüm gəldikcə çalışırdım ki, özüm başa düşdüyümü sübut eləyim. Bu qayda Aleksandra Mixaylovna hiss edilmədən gətirib məni doğru yola çıxarırdı. Ancaq elə olurdu, biz həqiqəti aşkara çıxaran kimi Aleksandra Mixaylovnanın hiyləsini başa düşürdüm. Çox vaxt saatlarla çəkən məşğələlərin, onun göstərdiyi səyi, saatlarla vaxtını mənə qurban verməsini ölçüb-biçərək, hər dərsdən sonra min-nətdarlıq hissi ilə onun boynuna atılır və bərk-bərk qucaqlayırdım. Mənim bu həssaslığım onu təəccübləndirir və son dərəcə mütəəssir edirdi. O mənim keçmişimlə maraqlanır, başıma gələnləri öz dilimdən eşitmək istəyirdi və hər dəfə mənim hekayətimdən sonra mənə qarşı daha nəvazişkar və ciddi olurdu; ona görə ciddi olurdu ki, mənim bədbəxt uşaqlığım onda rəğbət hissindən başqa, deyəsən, nə isə bir hörmət hissi də doğururdu. Mənim etiraflarımdan sonra biz adətən oturub uzun-uzadı söhbət edirdik, bu söhbətlər vaxtı o mənim keçmişimi özümə izah edirdi, buna görə də mən həqiqətən öz həyatımı sanki yenidən yaşayır və bir çox təzə şeylər öyrənirdim. Madam Leotar çox vaxt bu söhbətləri həddən artıq ciddi hesab edirdi və mənim qeyri-ixtiyari göz yaşlarımı görəndə, belə söhbətlərin tamamilə yersiz olduğunu deyirdi. Mən isə tamamilə əksinə düşünürdüm, çünki bu dərslərdən sonra nə isə yüngülləşir və xoşhallıq duyurdum, sanki həyatımda heç bir bədbəxtlik olmamışdı. Bundan əlavə, gündən-günə özünü mənə daha çox sevdirdiyi üçün Aleksandra Mixaylovnaya böyük minnətdarlıq hiss edirdim. Madam Leotarın heç ağlına da gəlməzdi ki, əvvəllər qəlbimdə baş qaldıran yanlış və coşqun hisslər yavaş-yavaş düzəlib ahəngdarlaşır, başdan-başa yara içində olan uşaq qəlbimi sonsuz dərəcədə ağrıdan, yersiz-səbəbsiz kin-küdurətlə dolduran zərbələrin hansı tərəfdən dəydiyini başa düşmədiyimdən mənə qanlı göz yaşları tökdürən hissləri yavaş-yavaş unuduram.
Biz səhər açılan kimi ikimiz də uşaq otağına gələr, körpəni yuxudan oyadar, geyindirər, yerini təmizləyər, yedizdirər, əyləndirər və ona danışmaq öyrədərdik. Nəhayət, uşaqdan ayrılıb işə başlayardıq. Biz çox şeylər öyrənirdik, ancaq bunun nə kimi bir elm olduğunu demək çətin idi. Burada hər şey vardı, ancaq eyni zamanda da müəyyən bir şey də yoxdu. Biz oxuyurduq, bir-birinə təəssüratlarımızı danışırdıq, sonra kitabı bir yana qoyub, musiqiylə məşğul olurduq. Beləliklə də saatlar hiss edilmədən ötüb-keçirdi. Axşamlar Aleksandra Mixaylovnanın dostu B., madam Leotar gəlirdilər; çox vaxt incəsənət, həyat (bizim mühitdə həyatı yalnız başqalarının sözündən bilirdik) varlıq, ideallar, keçmiş və gələcək haqqında qızğın söhbətlər edirdik və gecə yarısına qədər otururduq. Mən də diqqətlə qulaq asır və başqaları ilə birlikdə qızışır, gülür, ya da mütəəssir olurdum. Elə atama və ilk uşaqlıq illərimə aid olan məsələləri təfsilatı ilə mən bu söhbətlər vaxtı öyrənmişdim. Beləliklə, get-gedə böyüyürdüm; mənə müəllimlər tuturdular, əlbəttə, Aleksandra Mixaylovna olmasaydı, mən o müəllimlərdən heç bir şey öyrənə bilməyəcəkdim. Misal üçün, əgər coğrafiya müəlliminə qalsaydı, mən xəritədə şəhər və çayları axtara-axtara kor olacaqdım. Aleksandra Mixaylovna ilə isə biz elə səyahətlərə çıxırdıq ki, elə ölkələrdə olurduq ki, o qədər qəribə şeylər görürdük ki, elə sevincli dəqiqələr, əfsanəvi saatlar keçirirdik və ikimizin də həvəsi o qədər çox idi ki, nəhayət, onun oxuduğu kitablar bizim bu səyahətlərimizə qətiyyən bəs eləmirdi; yeni kitablar oxumağa məcbur olurduq. Tezliklə mən özüm coğrafiya müəlliminə xəritədəki yerləri göstərirdim. Ancaq hər halda etiraf etməliyəm ki, o, sona qədər məndən bir cəhətdən üstün qaldı. Bu da en və uzunluq dairələri haqqındakı mükəmməl və qəti məlumat idi. O, hansı şəhərin hansı en dairəsində olduğunu və burada neçə min, neçə yüz, hətta neçə adam yaşadığını dəqiq bilirdi. Tarix müəlliminin də pulu vaxtlı-vaxtında verilirdi; ancaq o gedən kimi biz Aleksandra Mixaylovna ilə tarixi öz bildiyimiz kimi öyrənməyə başlayırdıq; kitabları götürüb bəzən gecə yarısına kimi oxuyurduq, daha doğrusu, Aleksandra Mixaylovna oxuyurdu. Çünki senzor kimi lazım bildiyi yerləri oxumurdu. Mən bu oxunuşlardan sonra böyük bir sevinc hiss edirdim. İkimiz də elə fərəhlənirdik ki, sanki o qəhrəmanlar biz özümüz idik. Əlbəttə, biz sətirlərdən daha çox bu sətirlərin arxasındakı mənanı oxuyurduq; Aleksandra Mixaylovnanın bir də çox gözəl nağıl etmək qabiliyyəti vardı, elə danışardı ki, sanki oxuduqlarımızın hamısını öz gözü ilə görmüşdü. Nə eybi var, qoy mənim kimi bir uşaqla həyatında böyük ağrılar çəkmiş, qəlbi yaralanmış bir qadının gecə yarısına qədər oturub belə həvəslə kitab oxuması gülünc görünsün! Mən bilirdim ki, o, yanımda olanda dincəlir. Yadımdadır, bəzən onun üzünə baxır, qəribə tərzdə fikrə gedirdim, mən hiss edirdim, elə əvvəllər də ağlım bir şey kəsməyə başlayandan qabaq da həyatda baş verən bir çox hadisələri başa düşə bilirdim.
Nəhayət, on üç yaşım tamam oldu. Ancaq Aleksandra Mixaylovnanın səhhəti get-gedə pisləşirdi. O, daha çox əsəbi olmuşdu, kədərləndiyi vaxtlar olduqca uzun çəkirdi, əri də onunla artıq tez-tez görüşməyə gəlirdi. O, arvadının yanında, şübhəsiz, əvvəllər olduğu kimi, demək olar ki, danışmır, sərt və qaşqabaqlı otururdu. Özü də get-gedə daha çox otururdu. Onun taleyi məni daha artıq maraqlandırmağa başlamışdı. Artıq mənim uşaqlıq dövrüm qurtarırdı, məndə bir çox yeni təəssürat, müşahidə, maraq və hisslər oyanırdı; aydın məsələdir ki, bu ailədə olan sirr mənə get-gedə daha artıq əzab verirdi. Bəzən mənə elə gəlirdi ki, sirrin hansı cəhətini isə başa düşürəm. Bəzən də mən tamamilə biganə və süst olurdum, hətta məndə bir təəssüf hissi baş qaldırırdı və heç bir nəticəyə gələ bilmədiyim üçün marağımı unudurdum. Bəzən bu get-gedə daha tez-tez olurdu – məndə qəribə bir zəruriyyət əmələ gəlirdi. İstəyirdim ki, tək qalıb elə hey fikirləşim; mənim bu dəqiqələrim hələ vaxtı ilə valideynlərimin yanında yaşayarkən, hələ atama yaxınlaşmamışdan əvvəl, tamam bir il evimizin bir bucağında oturub fikirləşdiyim, düşünüb-daşındığım və nəhayət, özümün yaratdığım əfsanəvi təsəvvürlərin təsiri ilə vəhşiləşib adamayovuşmaz olduğum vaxtları xatırladırdı. Fərq bircə orasında idi ki, indi daha çox səbirsiz, daha kədərli, daha çox yeni şüursuz meyllər, daha çox hərəkətdə olmaq həsrəti var idi, daha çox kövrək olmuşdum. Buna görə də əvvəllərdə olduğu kimi indi bir məsələ ətrafında fikrimi toplaya bilmirdim. Aleksandra Mixaylovna da öz tərəfindən sanki get-gedə məndən uzaqlaşırdı. Bu yaşda mən artıq ona rəfiqə ola bilməzdim. Mən uşaq deyildim, mən həddən artıq çox şeylər soruşurdum və bəzən ona elə baxırdım ki, qabağımda başını aşağı salmalı olurdu. Bəli, qəribə dəqiqələr olurdu. Onun göz yaşlarına dözə bilmirdim. Çox vaxt ona baxanda gözlərim yaşla dolurdu. Özümü onun üstünə atıb qızğınlıqla qucaqlayırdım. O mənə nə cavab verə bilərdi? Mən hiss edirdim ki, artıq ona əziyyət verirəm. Lakin bir başqa vaxt bu çox ağır və kədərli vaxt idi – onun özü, nə isə bir ümidsizlik içində, əsəbiliklə məni qucaqlayır, sanki tənhalığına dözə bilmirmiş kimi məndə təskinlik axtarardı. Sanki mən onun nələr çəkdiyini başa düşürdüm, sanki bizim ikimiz də bir yerdə əziyyət çəkirdik. Buna baxmayaraq hələ də aramızda sirr qalırdı, bu aydın məsələ idi, belə dəqiqələrdə mən özüm ondan uzaqlaşmağa başlayırdım. Onunla bir yerdə qalmaq mənim üçün ağır idi. Bir də ki, musiqidən başqa bizi bir-birimizə bağlayan daha heç bir şey qalmamışdı. Lakin həkimlər ona musiqi ilə məşğul olmağı da qadağan etdilər. Bəs kitab? Bu ən çətin məsələ idi. O mənim üçün nə oxuyacağını qətiyyən bilmirdi. Şübhə yox idi ki, biz elə kitabın birinci səhifəsindəcə ilişib qalacaqdıq; çünki orada hər söz eyham, hər əhəmiyyətsiz bir cümlə müəmma kimi görünəcəkdi. Bizim hər ikimiz təklikdə qızğın, səmimi söhbətdən qaçırdıq.
Elə bu vaxt tale qəflətən və gözlənilmədən mənim həyatımı fövqəladə qəribə bir tərzdə dəyişdi. Mənim diqqətim, mənim hisslərim, qəlbim və beynim – hamısı gərgin bir qüvvə ilə, hətta, demək olar ki, əzmlə, birdən tamamilə başqa gözlənilməz bir fəaliyyətə başladı, mən özüm bunu hiss etmədən tamamilə yeni bir aləmə düşmüşdüm. Daha geriyə baxmağa, ətrafıma göz gəzdirməyə, fikrimdən dönməyə vaxtım yox idi; mən məhv ola bilərdim, hətta bunu hiss edirdim; lakin tamah qorxu hissindən daha güclü idi, buna görə də mən gözüyumulu, bəxtəbəxt hərəkət edirdim. Beləliklə, mənə əziyyət verməyə başlayan və böyük bir hərislik və uğursuzluqla çıxış yolu axtardığım həqiqətdən uzun müddət uzaqlaşdım. Məsələ bundan ibarət idi və özü də belə baş vermişdi.
Yemək otağının üç qapısı var idi: qapılardan biri böyük otaqlara, ikincisi mənim və uşaq otaqlarına, üçüncüsü də kitabxanaya açılırdı. Kitabxanadan da başqa bir yol vardı. Mənim otağımla bu yol arasında bircə iş kabineti yerləşirdi. Bu kabinetdə də adətən Pyotr Aleksandroviçin köməkçisi, eyni zamanda onun kağızlarının surətini çıxaran, onun əlinin altında işləyən, eyni zamanda həm katib, həm də vasitəçi hesab olunan adam otururdu. Kitabxananın və şkafların açarı onda olurdu. Bir dəfə nahardan sonra, o evdə olmayanda, mən həmin açarı yerdən tapdım. Qəlbimi maraq bürüdü. Tapıntımın köməyi ilə kitabxanaya girdim. Bura çox böyük, işıqlı bir otaq idi. Kitabla dolu səkkiz böyük şkaf düzülmüşdü. Kitablar olduqca çox idi. Onların əksəriyyəti Pyotr Aleksandroviçə, deyəsən, kimdənsə miras qalmışdı. Qalan hissəsini isə Aleksandra Mixaylovna toplamışdı. O həmişə kitab alırdı. Bu vaxta qədər oxumaq üçün mənə verilən kitabları böyük ehtiyatla seçirdilər, buna görə də çox şeyin mənə qadağan edildiyini və bir çox məsələlərin mənim üçün sirr kimi qaldığını asanlıqla başa düşdüm. Elə buna görə də mən qarşısıalınmaz bir maraqla, böyük qorxu və sevinc içində, nə isə xüsusi və anlaşılmaz bir hisslə birinci şkafı açdım və əlimə keçən ilk kitabı çıxartdım. Bu şkafa romanlar yığılmışdı. Onlardan birini götürüb şkafı bağladım, kitabı isə elə qəribə bir hiss, elə bir ürək döyüntüsü və təşvişlə öz otağıma apardım ki, sanki həyatımda böyük bir dəyişikliyin baş verdiyini əvvəlcədən hiss edirdim. Otağıma girən kimi qapını bağlayıb romanı açdım. Ancaq kitabı oxuya bilmirdim; çünki məni başqa bir fikir məşğul edirdi: mən əvvəlcə elə etməli idim ki, kitabxana həmişə mənim əlimdə qalsın, özü də heç kəsin xəbəri olmadan istədiyim vaxt, istədiyim kitabı götürməyə imkan olsun. Buna görə də mütaliədən alacağım zövqü daha münasib bir vaxta saxlayıb, kitabı aparıb yerinə qoydum, açarı isə gizlətdim. Mən açarı gizlətdim, bu həyatımda tutduğum ilk pis əməl idi. Mən bunun nəticəsini gözləyirdim; məsələ son dərəcə asanlıqla həll olundu; Pyotr Aleksandroviçin katibi və köməkçisi bütün axşamı və gecənin bir hissəsini əlində şam döşəmənin üstündə açarı axtardı, nəhayət, səhər çilingər çağırtdırmaq qərarına gəldilər. Usta da özü ilə gətirdiyi bir top açarın arasından yeni bir açar seçdi. Bununla da məsələ qurtardı, daha açarın itməsi barəsində heç kim bir söz eşitmədi: mən isə işi ehtiyat və hiyləgərliklə aparırdım: yalnız bir həftədən sonra, məndən heç kəsin şübhələnmədiyinə qəti əmin olandan sonra, kitabxanaya getdim. Əvvəla mən elə vaxt seçdim ki, katib evdə olmasın; ikincisi də kitabxanaya yemək otağından keçdim, çünki Pyotr Aleksandroviçin köməkçisi açarı cibində gəzdirsə də heç vaxt kitablara toxunmazdı. Buna görə də kitablar olan otağa girməzdi.
Mən böyük bir hərisliklə mütaliəyə başladım və tezliklə mütaliə tamam başımı qarışdırdı. Mənim bütün yeni tələbatım, son zamanlardakı meyllərim, mənim son dərəcə erkən inkişafımla əlaqədar tələbkarlıqla baş qaldıran, qəlbimdə belə narahatlıq və təlatümlə üsyan edən, yeniyetməlik dövrü ilə əlaqədar olan hələ qeyri-müəyyən arzularım, – bütün bunlar birdən-birə başqa, gözlənilmədən qarşımda açılan uzunmüddətli çıxış yoluna döndü, sanki bu yeni qida ilə tamamilə kifayətləndi, sanki özünə doğru yol tapdı. Tezliklə qəlbim və beynim elə məftun oldu ki, xəyalım o dərəcədə geniş qol-qanad açdı ki, elə bil bu vaxta qədər məni əhatə edən aləmi tamamilə unutdum. Sanki taleyin özü məni can atdığım, gecə-gündüz həsrətində olduğum yeni həyatın astanasına çıxartmışdı. Özü də məni bu əsrarəngiz yola çıxarmazdan əvvəl yüksəklərə qaldıraraq qarşımda duran gələcəyin əfsanəvi mənzərəsini, cəzbedici parlaq perspektivini göstərdi. Mən bu gələcəyi əvvəlcə kitablardan öyrənməli, arzularımda, ümidlərimdə və coşqun ehtiraslarımda, gənc qəlbimin şirin həyəcanlarında yaşamalı idim. Mən kitabları seçmir, əlimə keçən ilk əsərləri oxuyurdum, lakin tale məni qoruyurdu; bu vaxta qədər öyrəndiklərim və gördüklərim o qədər nəcib, ciddi idi ki, indi kitablarda təsadüf etdiyim hər hansı natəmiz bir səhifə məni yoldan çıxarda bilməzdi. Məni uşaqlıq sövqi-təbii, yaşımın azlığı və keçmiş həyatım mühafizə edirdi. İndi sanki şüurum birdən-birə keçmiş həyatımı işıqlandırırdı. Doğrudan da, demək olar ki, oxuduğum hər səhifə bir növ mənə tanış kimi gəlirdi, sanki burada yazılanları mən artıq çoxdan yaşayıb keçmişdim; sanki bütün bu ehtirasları, qarşımda belə gözlənilməz şəkildə, belə əfsanəvi tablolarda açılan bütün bu ehtirasları, bütün bu həyatı mən artıq keçirmişdim.
Doğrudan da, oxuduğum hər kitabda yeni taleyin qanunları, insan həyatına hökm eləyən, lakin bu həyatın müəyyən bir əsas qanunundan irəli gələn, insanın xilası, mühafizəsi və səadəti üçün şərt olan eyni macəraçılıq ruhu əks olunduğu halda, mən necə də həmin varlıqdan ayrılıb hissiyyata qapılmayaydım! Elə mən də bütün varlığımla elə bil özümü müdafiə hissindən yaranan bütün instinktlərimlə ürəyimə dammış bu qanunu tapıb aşkar etməyə çalışırdım. Elə bil ürəyimə nə isə bir şey dammışdı. Elə bil kim isə məni xəbərdar edirdi. Ürəyimdə baş qaldıran ümidlər gündən-günə daha da möhkəmlənirdi. Bununla bərabər hər gün oxuduğum kitablar incəsənətə xas olan böyük bir qüvvə ilə məni heyran edirdi. Dediyim kimi, xəyal aləmi mənim səbirsizliyim üzərində həddən artıq hakim kəsilmişdi. Açığını desəm, elə buna görə də mən ancaq xəyallarımla cürətli ola bilirdim, əslində isə instinktiv olaraq öz istiqbalımdan ehtiyat edirdim. Bunun üçün də əvvəlcədən öz-özümlə sazişə gəlmiş kimi, şüursuz olaraq hələlik yalnız xəyal aləmində, xülyalar içində yaşamaqla kifayətlənirdim. Çünki burada hakim özüm idim, bu aləm yalnız tamah, yalnız sevincdən ibarət idi, bəzən bədbəxtliyə də təsadüf edilirdisə bu ancaq qeyri-fəal, keçici şirin təzadlar yaratmaq və taleyin gözlənilməz dönüşləri üçün, beynimdə yaranan coşqun romanların xoşbəxt sonluğu üçün lazım idi. İndi mən o vaxtkı əhvali-ruhiyyəmi yalnız bu şəkildə başa düşə bilirəm.
Təsəvvür edin ki, əfsanədən ibarət olan belə bir həyat, məni əhatə edən varlıqdan tamamilə ayrılmış bir həyat düz üç il davam etmişdi.
Bu həyat mənim sirrimdir, düz üç il keçəndən sonra da bilmirdim ki, bu həyatım aşkara çıxsa qorxmalıyam, ya yox. Bu üç ilin ərzində keçirdiklərim mənə olduqca doğma və yaxındı. Bu xəyalların hamısında mən özüm böyük bir qüvvə ilə əks olunmuşdum. Hətta iş o dərəcəyə çatmışdı ki, əgər bir adam ehtiyatsızlıq edib qəlbimə girə bilsəydi, mənə təsadüfən nəzər salsaydı, bu yad nəzərdən özümü itirib, qorxa bilərdim. Bir də ki, evimizdəki adamların hamısı elə tənha, ictimaiyyətdən kənar, monastırda olduğu kimi elə sakit yaşayırdılar ki, qeyri-ixtiyari hər birimizdə özünə diqqət hissi inkişaf etməli, müstəqil nəticə çıxarmaq ehtiyatı yaranmalı idi. Mən də belə olmuşdum. Bu üç ilin ərzində ətrafımda heç bir şey dəyişməmişdi, hər şey əvvəlki kimi qalırdı. Yenə keçmişdə olduğu kimi, ailəmizdə cansıxıcı bir yeknəsəqlik var idi. İndi də öz-özümə fikirləşirəm ki, əgər mən öz sirrimlə məşğul olmasaydım, başım gizli fəaliyyətə qarışmasaydı, yəqin ki, bu yeknəsəqlik qəlbimi didim-didim edəcək və məni bu süst, cansıxıcı aləmdən canımı qurtarmaq üçün naməlum və narahat bir nəticəyə gətirib çıxaracaqdı. Ola bilsin ki, bu nəticə məni məhv edəcəkdi. Madam Leotar qocalmışdı və demək olar ki, öz otağından çıxmırdı; uşaqlar hələ balaca idi; B. son dərəcə darıxdırıcı adam idi. Aleksandra Mixaylovnanın əri isə yenə də əvvəlki kimi sərt, yenə də adamayovuşmaz, yenə də əvvəlki kimi fikri-zikri öz aləmi idi. Onunla arvadı arasındakı əvvəlki sirli münasibət yenə də davam edirdi. İndi bu münasibət mənim nəzərimdə get-gedə daha qorxunc, daha sərt bir şəkildə canlanır və Aleksandra Mixaylovnanın vəziyyəti məni get-gedə daha artıq qorxutmağa başlayırdı. Onun sevincsiz, rövnəqsiz həyatı gözlərimin qabağında get-gedə sönürdü. Səhhəti gündən-günə pisləşirdi, sanki onun qəlbinə bir ümidsizlik hakim kəsilmişdi; görünür o, nə isə anlaşılmaz, qeyri-müəyyən bir hissin ağırlığı altında idi, bu hissin nədən ibarət olduğunu heç onun özü də aydın dərk etmirdi, nə isə, bu dəhşətin ağırlığını hiss etsə də onun mənasını başa düşmür, lakin bunu məhkum həyatının labüd bir amili kimi qəbul edirdi. Nəhayət, onun qəlbi bu dəruni əziyyətlərin təsiri altında amansızlaşırdı; hətta onun təfəkkürü belə öz istiqamətini dəyişmiş, nə isə anlaşılmaz olmuş və kədərlənmişdi. Bu müşahidə mənə xüsusilə güclü təsir bağışlamışdı; mənə elə gəlirdi ki, mən yaşa dolduqca o məndən get-gedə daha çox uzaqlaşırdı, hətta onun məndən sirr saxlaması nə isə qəlbimdə dözülməz bir təəssüf hissi doğururdu. Hətta mənə bəzən elə gəlirdi ki, o məni heç sevmir; sanki ona mane oluram. Mən dedim ki, özüm qəsdən ondan uzaqlaşmağa başlamışdım və uzaqlaşdıqca elə bil mən də ondan sirr saxlamaq xəstəliyinə tutulmuşdum. Məhz buna görə də üç ilin ərzində başıma gələnləri qəlbimdə, arzularımda və ümidlərimdə, aldığım məlumatda və keçirdiyim coşqun həyəcanlarda yaranmış bütün şeylərin hamısını özümdə saxlayıb büruzə vermirdim. Beləliklə, biz bir-birimizdən sirr saxladığımız üçün, onu get-gedə daha çox sevsəm də sonra bir daha biz onunla yaxınlaşmadıq. Onun mənə nə dərəcədə bağlı olduğunu, qəlbindəki məhəbbət xəzinəsinin incilərini mənə necə sərf etməsini və mənə ana olmaq əhdini axıracan yerinə yetirməyə neçə çalışdığını xatırlayanda gözlərim yaşarır. Doğrudur, öz dərdi bəzən uzun müddət onun diqqətini məndən yayındırırdı, sanki məni unudurdu, bir də ki, mən özüm də onun nəzərlərindən yayınmağa çalışırdım. Elə buna görə də on altı yaşa necə çatdığımı, sanki heç kəs hiss etməmişdi. Lakin fikri aydınlaşanda və ətrafa daha iti nəzərlərlə baxanda Aleksandra Mixaylovna birdən-birə mənim barəmdə narahat olmağa başlayırdı; o tələsik məni otağımdan çağırtdırır, bütün günü məndən ayrılmadan, məni yoxlayıb öyrənmək istəyirmiş kimi, dərs və məşğələlərimə dair müxtəlif suallar verir, arzularımı, qəlbimdə baş qaldıran meylləri hiss edərək; görünür ki, yaşımın bu mərhələsinə çatmasından nigaran qalıb hazırkı dəqiqələrim, gələcəyim haqqında düşünürdü. Tükənməz bir məhəbbətlə, nə isə böyük bir pərəstişkarlıqla mənə kömək etməyə hazırlaşırdı. Lakin o məndən çoxdan ayrıldığı üçün bəzən çox sadəlövhcəsinə hərəkət edirdi, belə ki, mən onun məqsədini çox yaxşı başa düşür və hiss edirdim. Misal üçün, on altı yaşında ikən o, kitablarımı araşdırıb, nə oxuduğum barədə sorğu-sual edəndən sonra belə bir nəticəyə gəldi ki, mənim şüurum on iki yaşlı uşaq səviyyəsindədir, mən hələ bu səviyyədən yuxarı qalxa bilməmişəm, özü də deyəsən, bu vəziyyət onu qorxutdu. Mən məsələnin nə yerdə olduğunu başa düşdüm və diqqətlə ona fikir verməyə başladım. Düz iki həftə o, bir növ məni hazırlayır, sınaqdan çıxarır, biliyimin və tələblərimin nə kimi səviyyədə olduğunu müəyyən edirdi. Nəhayət, qəti bir qərara gəldi, Valter Skottun «İvanqoye» kitabını gətirib stolumuzun üstünə qoydu. Mən bu kitabı çoxdan, özü də azı üç dəfə oxumuşdum. O, əvvəlcə səksəkəli bir intizarla kitabdan aldığım təəssürata fikir verir, sanki alacağım təəssüratdan ehtiyat edirmiş kimi, onları ölçüb-biçirdi; axırda aramızdakı açıq-aşkar hiss olunan bu gərginlik yox oldu, ikimiz də ürəkləndik, mən çox sevinirdim, sevinirdim ki, daha onun yanında hisslərimi gizlətməyəcəyəm. Bir romanı oxuyub qurtarandan sonra o mənə heyran olmuşdu. Oxunuş zamanı elədiyim hər bir qeyd doğru çıxırdı. Hər bir təəssürat düzgün olurdu. Onun nəzərinə mən əməlli-başlı inkişaf etmiş bir adam kimi görünürdüm. O buna heyrət edərək, məndən razı qalıb yenə də həvəslə tərbiyəmlə yaxından məşğul olmağa başladı, – o daha məndən ayrılmaq istəmirdi, lakin bu onun özündən asılı deyildi. Tale tezliklə bizi bir-birimizdən ayırdı və yaxınlaşmağımıza mane oldu. Bunun üçün onun xəstəliyinin yenidən şiddətlənməsi, həmişəki kədərin başlanması kifayət idi. Bundan sonra yenə ayrılıq, sirlər, inamsızlıq başlandı. Hətta ola bilsin ki, əvvəlkinə nisbətən daha sərtləşdi.
Lakin belə vaxtlarda da bəzən hisslərimiz özümüzdən asılı olmurdu, mütaliə, bir neçə xoş söz, musiqi – bu kifayət edirdi, biz hər şeyi unudub ürəyimizi açırdıq, bəzən həddindən artıq açıqlıq eləyirdik. Bundan sonra bir-birimizin gözünə baxmaq ikimizə də ağır gəlirdi. Özümüzü ələ alıb, qorxmuş adamlar kimi, şübhəli bir maraq və inamsızlıqla bir-birimizə baxırdıq. Aramızdakı yaxınlıqda hərəmizin öz həddi var idi. Biz ürəkdən istəsək də bu həddi aşıb keçə bilmirdik.
Bir axşam, qaranlıq düşməmişdən əvvəl, mən fikirli-fikirli Aleksandra Mixaylovnanın kabinetində oturub kitab oxuyurdum. O da pianonun arxasında əyləşib, italyan musiqisindən, sevdiyi havalardan birini sərbəst improvizə edirdi. Nəhayət o, ariyanın əsl melodiyasını çalmağa başlayanda, qəlbimin dərinliklərinə qədər işləyən musiqinin təsiri altında ehtiyatla, yavaşca zümzümə etməyə başladım. Tezliklə musiqiyə tamam qapıldığımdan yerimdən qalxıb pianoya yaxınlaşdım; Aleksandra Mixaylovna mənim nə etmək istədiyimi başa düşübmüş kimi akkomponamentə keçərək oxuduğum havanın hər notuna diqqət verirdi. Sanki o, səsimdəki zəngin imkanlara heyran qalmışdı, mən indiyə qədər onun yanında oxumamışdım. Əslində heç səsim olduğunu özüm də əməlli-başlı bilmirdim. İndi birdən-birə ikimiz də həvəsə gəlmişdik. Mən get-gedə səsimi ucaldırdım; daxilimdə nə isə bir qüvvə, ehtiras yüksələrək, Aleksandra Mixaylovnanı get-gedə daha artıq sevindirir, təəccübləndirirdi. Mən bunu onun çaldığı müşayiət musiqisinin hər taktından hiss edirdim. Nəhayət mən, mahnını elə müvəffəqiyyətlə, vəcd və qüvvə ilə qurtardım ki, o, fərəhlə əllərimdən yapışıb sevinclə mənə baxdı:
– Anneta! Sənin gözəl səsin var, – dedi. – Pərvərdigara! Bəs mən bunu niyə indiyə qədər hiss etməmişəm?
– Elə mən özüm də indicə hiss etdim, – sevincimdən yerə-göyə sığmırdım.
– Allah köməyin olsun, mənim əziz, sevimli balam! Sən bu nemət üçün ona min dəfə şükür eləməlisən! Kim bilir.. Ah, ilahi, ilahi!
O bu gözlənilməz əhvalatdan elə mütəəssir olmuşdu ki, elə dəlicəsinə bir sevinc hiss edirdi ki, mənə nə deyəcəyini, necə nəvaziş göstərəcəyini bilmirdi. Çoxdandı ki, bizim aramızda belə açıq, qarşılıqlı rəğbət, yaxınlıq dəqiqəsi olmamışdı. Bir saatdan sonra elə bil evə şənlik gəldi. Bilatəxir B.-nin dalınca adam göndərdilər. O, gələnə qədər biz mənə tanış olan başqa bir musiqinin notlarını açdıq və yeni ariya oxumağa başladıq. Bu dəfə mən qorxudan titrəyirdim. Çünki müvəffəqiyyətsizliyə uğrayıb ilk təəssüratı pozmaq istəmirdim. Lakin tezliklə səsim köməyimə gəldi, məni ruhlandırdı. Elə özüm də səsimin qüvvəsinə get-gedə daha çox heyran olmağa başlayırdım. Bu ikinci sınaq bütün şübhələrimizi aradan qaldırdı. Aleksandra Mixaylovna sevincə qapılaraq, tez uşaqların dalınca adam göndərdi, hətta uşaq-ların dayəsini də çağırtdırdı, nəhayət, elə həvəsləndi ki, ərinin kabinetinə gedib onu da çağırdı. Başqa vaxtlarda belə bir iş görməyi ağlına da gətirməzdi. Pyotr Aleksandroviç bu yeniliyə rəğbətlə yanaşdı, məni təbrik etdi və hətta hamıdan qabaq bildirdi ki, mənə musiqi təhsili verilməlidir. Aleksandra Mixaylovna onun üçün çox böyük bir iş görülmüş kimi sevinc içində, minnətdarlıqla ərinin əlini öpdü. Axır ki, B. gəlib çıxdı, qoca çox sevindi. O məni çox sevirdi, atamı xatırladı, keçmiş günləri yada saldı. Nəhayət, iki-üç dəfə də oxuyandan sonra o ciddi, qayğıkeş bir görkəmlə, hətta bir nov sirli səslə bildirdi ki, səs imkanlarına şübhə yoxdur, hətta ola bilsin ki, istedad da var. Buna görə mənə musiqi təhsili verilməlidir. Lakin elə o dəqiqəcə, fikirlərindən dönüblərmiş kimi, onların ikisi də dedilər ki, əvvəlcədən məni tərifləmək yersizdir. Onların xəlvəti bir-birinə necə göz vurduqlarını gördüm. Buna görə də mənə qarşı qurduqları bu hiylə çox sadəlövh və yersiz göründü. Sonra mən təzə mahnılar oxuduqda özlərini necə ciddi saxlamağa çalışdıqlarını, hətta buraxdığım səhvləri qəsdən necə ucadan qeyd etdiklərini gördükcə özlüyümdə gülürdüm. Lakin onlar özlərini çox saxlaya bilmədilər. Sevincindən mütəəssir olaraq əvvəlcə B. hisslərini büruzə verdi. Mən heç vaxt ağlıma gətirməzdim ki, o məni bu dərəcədə sevir. Bütün axşamı son dərəcə dostcasına, olduqca səmimi söhbətlə keçirdik. B. bir neçə məşhur müğənni və artistin tərcümeyi-halını danışdı. O, əsl sənətkar kimi, böyük pərəstiş və təsirlə danışırdı. Sonra atamdan söhbət salaraq mənim üzərimdə dayandı, uşaqlığımdan, knyazdan, knyazın bütün ailəsindən söhbət getdi. Mən bu ailədən ayrılandan sonra onların haqqında çox az eşitmişdim. Lakin Aleksandra Mixaylovnanın özü də onların haqqında az bilirdi. Hamıdan çox B.-nin məlumatı vardı, çünki dəfələrlə Moskvaya gedib-gəlmişdi. Lakin bu yerdə söhbət nə isə sirli, müəmmalı bir istiqamət aldı, bir-iki məsələ, xüsusilə knyaza aid olan məsələlər mənim üçün qaranlıq qaldı. Aleksandra Mixaylovna Katyadan söz saldı. Lakin B. onun haqqında da xüsusi bir şey danışmadı, sanki qəsdən onun haqqında danışmaq istəmirdi. Bu məni çox təəccübləndirdi. Mən nəinki Katyanı unutmamışdım, nəinki ona qarşı qəlbimdəki məhəbbət hissi soyumamışdı, əksinə, mən heç bir dəfə də olsun ağlıma gətirməmişdim ki, Katyanın həyatında da balaca bir dəyişiklik baş verə bilər. Bu uzun ayrılıq illərini, bir-birimizdən ayrı yaşamağımızı, bu ayrılıq zamanı bir-birimizə heç bir xəbər göndərmədiyimizi, tərbiyəmizin də, xasiyyətimizin də başqa-başqa olduğunu bu vaxta qədər nəzərə almamışdım. Nəhayət, onu da deyim ki, Katya xəyalən həmişə mənimlə olmuşdu; sanki hələ də mənimlə yaşayırdı; xüsusilə arzularımda, macəralarımda və əfsanəvi sərgüzəştlərimdə əl-ələ verib həmişə bir yerdə hərəkət etmişdik. Mən, hər dəfə özümü oxuduğum romanın qəhrəmanı zənn edərək, həmin saat rəfiqəm knyajnanı yanımda oturdur və romanı iki hissəyə bölürdüm. Öz sevimli müəlliflərimin əsərlərini amansızcasına oğurlamış olsam da, bu hisslərdən birini, şübhəsiz mən yaradırdım. Nəhayət, ailə üzvləri yığışıb qərara aldılar ki, mənim üçün musiqi müəllimi dəvət edilsin. B. məşhur və ən yaxşı müəllimlərdən birini məsləhət gördü. Ertəsi gün D. adlı italiyalı bizə gəldi, mənə qulaq asandan sonra öz dostu B.-nin fikri ilə şərik olduğunu bildirdi. Lakin oradaca əlavə etdi ki, başqa şagird qızlarla bir yerdə onun yanına gəlib təhsil almaq mənim üçün daha faydalı olar. Çünki şagirdlər arasındakı müsabiqə, bir-birindən görüb-götürmə, əlimin altında olan bir çox başqa imkanlar səsi-min daha güclənməsinə kömək edər. Aleksandra Mixaylovna razılaşdı, o vaxtdan etibarən mən həftədə düz üç dəfə saat səkkizdə, xidmətçi qadının müşayiəti ilə konservatoriyaya getməyə başladım.
İndi mənə son dərəcə güclü təsir bağışlayan və yaşımın bu dövründə kəskin dönüş yaradan qəribə bir macəranı danışacağam. O vaxt on altı yaşım tamam olmuşdu. Bununla əlaqədar olaraq, məndə anlaşılmaz bir süstlük, biganəlik yaranmışdı; məndə heç özümün də başa düşmədiyim nə isə dözülməz, kədərli bir sakitlik başlamışdı. Bütün xəyallarım, arzularım birdən-birə sönüb getmişdi, sanki bu heysizlikdən xəyalpərvərliyim də yox olmuşdu. Qəlbimdəki bakir coşqunluğu soyuq bir laqeydlik əvəz etmişdi. Hətta sevdiyim adamların hamısının böyük ruh yüksəkliyilə təsdiq etdiyi istedadım da nəzərimdən düşmüşdü, mən laqeydliklə ona sərf-nəzər edirdim. Heç bir şey məni əyləndirmirdi, hətta iş o yerə çatmışdı ki, Aleksandra Mixaylovnaya qarşı da nə isə soyuq bir biganəlik duyurdum, bunda mən özüm özümü təqsirləndirirdim, çünki bunu etiraf etməyə bilməzdim. Bu süstlük, anlaşılmaz qüssə gözlənilməz göz yaşları ilə nəticələnirdi. Mən həmişə təklik axtarırdım. Bu qəribə dəqiqələrdə qəribə bir təsadüf bütün varlığımı sarsıdaraq bu durğunluğu əsl mənada fırtınaya çevirdi. Mənim qəlbim yaralanmışdı… Bu hadisə belə olmuşdu.
VII
Mən kitabxanaya girdim (bu dəqiqə, mənim heç vaxt yadımdan çıxmayacaqdır) və Valter Skottun «Sen-Ronan suyu» romanını götürdüm. Mən Valter Skottun bircə bu kitabını oxumamışdım. Yadımdadır, nə isə acı və əsassız bir qüssə qəlbimi didib parçalayırdı, ağlamaq istəyirdim. Qürub edən günəşin çəpəki şüaları hündür pəncərələrdən içəri dolaraq, parıldayan parketin üstünə düşürdü. Buna görə də otaq çox işıqlı idi, sakitlikdi; ətrafdakı otaqlarda da heç kim yox idi. Pyotr Aleksandroviç evdə deyildi. Aleksandra Mixaylovna isə xəstə olduğundan yatırdı. Mən həqiqətən ağlayırdım, kitabın ikinci hissəsini açıb səhifələri mənasızcasına vərəqləyərək oxuduğum qırıq-qırıq cümlələrdə, gözümün qabağından gəlib-keçən sözlərdə bir məna tapmağa çalışırdım. Sanki başqaları kimi mən də kitabın səhifələrində fal açırdım. Bəzən elə dəqiqələr olur ki, insanın bütün zehni və ruhi qüvvəsi xəstəlik dərəcəsinə qədər gərginləşir, sanki şüur gur bir işıqla parlayır, bu dəqiqələrdə insanın sarsılmış ağlına nə isə peyğəmbəranə bir fikir gəlir. Sanki insanın qəlbi gələcəkdə baş verəcək bir hadisəni əvvəlcədən duyub sızlayır. Belə anlarda insanda həyat eşqi artır, adam bütün varlığı ilə həyata can atır, ən qızğın, ən ağlagəlməz ümidlə yaşayır, gələcəyə – onun sirlərinə, gizli, boranlı, tufanlı cəhətlərinə baxmayaraq gələcəyə can atır. Mən də belə hal keçirirdim.
Yadımdadır, kitabı örtdüm ki, sonra təsadüfi səhifəni açıb falıma baxım bəxtimə çıxan səhifəni oxuyum. Lakin kitabı açanda mən bir vərəq üstü yazılı poçt kağızı gördüm, kağız dördqat bükülmüşdü. Elə yastılanıb qat kəsmişdi ki, sanki neçə ildən bəri idi kitabın arasında qalıb unudulmuşdu. Mən tapdığım kağızı böyük maraqla gözdən keçirməyə başladım. Bu, məktub idi, ünvanı yazılmamışdı, özü də iki baş hərfləri – S. O. hərflərilə imzalanmışdı. Diqqətim ikiqat artdı; az qala bir-birinə yapışmış kağız qatlarını açdım. Məktub kitabın arasında uzun müddət qaldığı üçün səhifələrdə ağ iz buraxmışdı. Məktubun qat kəsmiş yerləri pozulmuşdu. Görünür, vaxtilə bu məktubu dönə-dönə oxumuşdular, onu qiymətli bir şey kimi qoruyurmuşlar. Məktub çoxdan yazıldığından mürəkkəbin rəngi də bozarmışdı. Məktubdakı sözlərdən bir neçəsi təsadüfən gözümə dəydi. Ürəyim intizarla döyündü. Mən karıxmış halda məktubu əlimdə o tərəf-bu tərəfə çevirib, sanki onu oxumaq üçün vaxtı qəsdən uzadırdım. Təsadüfən onu işığa tutdum; elədir ki, var! Sətirlərin üzərində qurumuş göz yaşlarının izi vardı; kağızda ləkələr qalmışdı; bəzi yerlərdə isə göz yaşı hərfləri silib pozmuşdu. Görəsən, bu, kimin gözlərinin yaşıdır? Nəhayət, mən intizar içində donub qalaraq birinci səhifənin yarısını oxudum. Köksümdən heyrətli bir qışqırıq qopdu. Mən kitabı yerinə qoyub şkafı bağladım və məktubu örtüyümün altında gizlədib, öz otağıma yüyürdüm. Qapını bağlayıb, məktubu yenidən oxumağa başladım. Lakin ürəyim elə döyünürdü ki, sözlər və hərflər gözümdən qaçırdı. Uzun müddət heç bir şey başa düşə bilmədim. Məktubda yeni bir kəşf, daha doğrusu, bir sirrin başlanğıcı açılırdı; bu məsələ məni ildırım kimi vurdu, çünki məktubun kimə yazıldığını başa düşdüm. Demək olar ki, məktubu oxumaqla cinayət işlətdiyimi yaxşı başa düşürdüm; lakin o anda keçirdiyim hisslər şüurumdan daha güçlü idi! Məktub Aleksandra Mixaylovnaya yazılmışdı.
Məktub budur; indi onu görəcəksiniz. Ö vaxt məktubun məzmununu o qədər aydın başa düşməsəm də, sirrin açılması məsələsi haqdakı ağır düşüncələrim xeyli vaxt yadımdan çıxmadı. Sanki bu dəqiqədən etibarən həyatımda kəskin bir dönüş yarandı. Qəlbən sarsılmış və uzun müddət rahatlığımı itirmişdim. Demək olar ki, bu hiss qəlbimdə əbədi yaşayırdı. Çünki məktubdan çox şeylər aydın olmuşdu. Mən öz gələcəyim üçün düzgün yol açmışdım.
Bu məktub son, dəhşətli, ayrılıq məktubu idi; məktubu oxuyandan sonra-ürəyim elə ağrıyıb sızıldadı ki, sanki mən özüm nə isə itirmişdim. Sanki bütün arzu və xəyallarımı əbədi olaraq əlimdən almışdılar. Sanki artıq lazımsız görünən həyatımdan başqa heç bir şeyim qalmamışdı. Görəsən, bu məktubu yazan kimdi? Görəsən, sonra onun həyatı neçə keçmişdi? Məktubda o qədər eyham, o qədər əsas var idi ki, səhv etmək mümkün deyildi, eyni zamanda müəmmalı sözlər də vardı, müxtəlif fərziyyələr arasında çaşıb qalmamaq da olmurdu. Lakin mən, demək olar ki, səhv etmədim; bundan başqa məktubun yazı üslubu da mənə çox şey deyirdi, onların arasındakı münasibətin necə olduğunu və bu münasibət nəticəsində iki qəlbin necə nakam qaldığını mənim üçün aydınlaşdırdı. Məktubu yazan adamın bütün fikir və hissləri çılpaqcasına aydın idi. Bunlar son dərəcə fərqlənirdilər, dediyim kimi, mənə çox şey deyirdilər, həmin məktub budur, onu başdan-ayağa, olduğu kimi yazıram:
«Dedin ki, sən məni unutmayacaqsan, inanıram, buna görə, bu gündən etibarən mənim bütün həyatım bu sözlə bağlıdır. Biz ayrılmalıyıq, vaxt çatmışdır! Mən bunu çoxdan bilirdim, mənim sakit, mənim qəmgin gözəlim, ancaq həqiqi mənasını indi başa düşdüm. Bizə aid olan vaxtlarda, bütün o müddət ərzində, sənin məni sevdiyin vaxtlarda, qəlbim ağrıyıb məhəbbətimiz üçün sızlayırdı, inanırsanmı? İndi xeyli yüngülləşmişəm! Axırımızın belə olacağını çoxdan bilirdim, bu hökm bizdən də qabaq verilmişdir! Bu taledir! Mənə qulaq as, Aleksandra, biz bir-birimizə tay deyildik; mən bunu həmişə, həmişə hiss edirdim! Mən sənə layiq deyildim, buna görə də təkcə özüm, yalnız özüm keçirdiyim səadətin cəzasını çəkməli idim! De görüm: sən məni tanıyana qədər sənin müqabilində mən nə idim? İlahi! Artıq iki il keçmişdir, indiyə qədər özümə gələ bilməmişəm, sanki yaddaşımı əlimdən alıblar, nə üçün məni sevdiyini indi də başa düşə bilmirəm! Başa düşə bilmirəm, bizim münasibətimiz necə oldu ki, bu yerə gəlib çıxdı, nədən başladı. Yadındadırmı, sənin müqabilində mən nə idim? Mən sənə layiqdimmi, hansı cəhətim sənin xoşuna gəldi, məndə nə kimi bir xüsusiyyət var idi. Səninlə görüşənə qədər çox kobud və əhəmiyyətsiz adam idim, görkəmim də çox cansıxıcı və qaşqabaqlı idi. Könlümdən başqa həyat keçmirdi, heç bu barədə fikirləşmirdim də, o həyatı axtarmırdım, heç axtarmaq belə istəmirdim. Nə isə, bütün varlığım sanki ağır yük altında idi, dünyada mənim üçün adi, gündəlik işimdən başqa mühüm və vacib bir şey yox idi. Bir qayğım var idisə, o da sabahkı gün idi; ona da laqeyd idim. Qabaqlar, çox keçmiş zamanlarda, yuxuda bəzi şeylər görərdim, axmaq adamlar kimi arzularla yaşayırdım. Lakin o vaxtdan çox keçmişdir, mən tənha, sərt, sakit həyat keçirməyə başlamışdım. Hətta ürəyimi buz kimi edən soyuğu da hiss etmirdim. Sanki ürəyim yuxuya getmişdi, mən bilirdim və elə qərara gəlmişdim ki, mənim üçün başqa bir günəş doğmayacaq, buna inanırdım, ona görə də heç bir şeydən şikayətlənmirdim, bilirdim ki, belə də olmalıdır. Axı sən mənim yanımdan ötəndə mən başa düşmürdüm ki, sənə baxmağa cürət edə bilərəm. Mən sənin qarşında bir qul kimi idim. Sənin yanında olanda qəlbim titrəmirdi, sızlamırdı, sənin barəndə mənə heç bir şey pıçıldamırdı; o çox sakit idi. Ruhumun da ruhundan xəbəri yox idi, doğrudur, o sənin gözəl ruhundan işıq alsa da, ondan xəbəri yox idi. Bunu mən bilirəm; qəlbimin dərinliklərindən olsa da hiss etmişdim. Bunu mən başa düşə bilərdim, çünki allahın nuru ən kiçik otu belə işıqlandırır, yanındakı gözəl çiçək kimi onu da qızındırıb əzizləyir. Mən məsələdən xəbərdar olandan sonra – yadındadırmı, həmin o axşamdan, ruhumu sarsıdıb təlatümə gətirən o sözlərdən sonra, – mən kor kimi olmuşdum, ağlımı itirmişdim, daxilimdə hər şey alt-üst olmuşdu, bilirsənmi? Mən elə bir heyrət içində idim ki, nə özümə, inanırdım, nə də səni başa düşürdüm! Mən bu barədə sənə heç vaxt bir kəlmə də olsun deməmişəm. Sən heç bir şey bilmirdin; mən əvvəllər sən gördüyün kimi deyildim, əgər mən deyə bilsəydim, buna cürətim çatsaydı, çoxdan hər şeyi etiraf edərdim. Ancaq mən susurdum, indi isə hər şeyi danışacağam, ona görə danışacağam ki, kimdən əl çəkdiyini, necə bir adamdan ayrıldığını biləsən! Səni əvvəllər necə başa düşdüyümü bilirsənmi? Ehtiras alov kimi bütün varlığımı bürüdü, zəhər kimi damarlarıma yayıldı: o mənim bütün fikirlərimi, hisslərimi bir-birinə qarışdırdı, mən sərxoş kimi olmuşdum, qəribə bir duman içində olduğum üçün sənin pak, rəhmdil məhəbbətinə bərabərhüquqlu adamlar kimi deyil, sənin pak məhəbbətinə layiq olan bir adam kimi deyil, şüursuz və ürəksiz bir adam kimi cavab verirdim. Mən səni başa düşməmişdim. Mən sənin məhəbbətinə, özünü unudaraq mənim səviyyəmə enmiş bir qadının məhəbbəti kimi baxırdım, amma sən əksinə, məni öz yüksəkliyinə qaldırmaq istəyirdin. Bilirsənmi nədən şübhələnirdim, «mənim səviyyəmə enmiş» nə demək olduğunu bilirsənmi? Yox, öz etirafımla səni təhqir edirəm; sənə ancaq bir söz deyim: məni sevməkdə böyük səhv etmisən. Səni başa düşəndən sonra mən sənə ancaq hədsiz məhəbbətlə əlçatmaz məsafədən, uzaqdan-uzağa tamaşa edə bilərdim. Ancaq bununla da öz günahlarımı yuya bilməzdim. Sən mənim ehtirasımı nə qədər nəcibləşdirsən də, bu məhəbbət deyildi, mən məhəbbətdən qorxurdum; mən səni sevməyə cürət etmirdim. Məhəbbət qarşılıqlı, bərabər olmalıdır. Mən isə bunlara layiq deyildim… Heç özüm də bilmirəm ki, mənə nə olmuşdu! Ah! Bunları sənə necə danışım, necə deyim ki, məni başa düşəsən!.. İlk vaxtlar mən inanmırdım… Ah! Yadındamı, ilk həyəcanım ötəndə, baxışlarım aydınlaşanda, yalnız pak, təmiz bir hiss qalandan sonra, – ilk növbədə mən ancaq təəccübləndim, pərt oldum, qorxdum. Yadındamı, mən birdən-birə hönkürə-hönkürə ayaqlarına yıxıldım? Yadındamı, sən utanıb qorxmuş halda göz yaşı tökərək soruşurdun: sənə nə olub? Mən susurdum, cavab verə bilmirdim, lakin qəlbim parça-parça olurdu; səadətim ağır bir yük kimi başımdan basırdı. Göz yaşlarım isə mənə deyirdi: «Axı bu səadət nə üçün mənə verilib? Mən buna nə üçün layiq olmuşam? Axı bu səadəti nəyin bahasına qazanmışam? Bacım, mənim bacım! Ah! Dəfələrlə– sənin bundan xəbərin yoxdur, – dönə-dönə xəlvəti sənin paltarını öpmüşəm, sənə layiq olmadığımı bildiyim üçün bunu xəlvəti edirdim. Bu anlarda nəfəsim tutulurdu, ürəyim aram-aram, lakin zərblə vururdu. Sanki həmişəlik susmaq istəyirdi. Sənin əlindən tutduqda ağappaq ağarırdım, bütün bədənim əsirdi; sən öz pak qəlbinlə məni xəcil edirdin. Ah, ürəyimdəkilərin hamısını sənə açıb danışa bilmirəm, çox şeylər danışmaq istəyirəm. Bilirsənmi, sənin rəhmliliyin, həmişəki nəvazişin mənə çox əziyyət verir, çox ağır gəlirdi. Sən məni öpəndə (bu cəmi bir dəfə oldu, onu heç vaxt unutmayacağam) gözlərim dumanlandı, bütün varlığım sızıldadı. Axı mən nə üçün elə o dəqiqə sənin ayaqlarının altında ölmədim? Sən bunu çoxdan tapşırmağına baxmayaraq, mən ilk dəfədir ki, sən deyə müraciət edirəm. Nə demək istədiyimi başa düşəcəksənmi? Hər şeyi açıb demək istəyirəm, bunu da deyəcəyəm; bəli, məni çox sevirdin, sən, bacı qardaşı sevən kimi sevirdin; sən məni özün yaratdığın bir məxluq kimi sevirdin, çünki mənim qəlbimi diriltmiş, təfəkkürümü oyatmışdın. Köksümü şirin bir arzu ilə doldurmuşdun; mən isə bacarmıram, cürətim çatmırdı, mən hələ indiyə qədər səni öz bacım hesab etməmişəm, ona görə ki, sənə qardaş ola bilməzdim, çünki biz bir-birimizə tay deyildik, ona görə ki, sən mənim haqqımda yanılmışdın!
Görürsənmi, bu ağır bədbəxtlik dəqiqələrində sənə hər şeyi açıq yazıram, mən yalnız özümü düşünürəm, baxmayaraq ki, sən mənim dərdimi çəkirsən. Ah, mənim üçün əzab çəkmə, əziz dostum! Sən bilirsənmi indi mən öz nəzərimdə nə qədər alçalmışam! Bu məsələnin üstü açılanda necə səs-küy qalxdı? Mənim üstümdə səndən üz döndərəcəklər, sənə nifrət edəcəklər, tənə vuracaqlar, çünki onların nəzərində mən çox alçaq bir şeyəm! Ah, sənə layiq ola bilmədiyim üçün nə qədər təqsirkaram! Əgər mən onların gözündə mühüm, xüsusi qiymətə malik bir adam olsaydım, onların nəzərində hörmətə layiq bir şəxsiyyət olsaydım, onlar səni bağışlayardılar! Lakin mən rəziləm, miskinəm, gülüncəm. Gülünclükdən isə aşağı heç bir şey ola bilməz. Axı qışqıran kimdir? Məhz onlar qışqırmağa başladıqları üçün mən qorxub ümidsizləşdim, onsuz da mən həmişə zəif adam olmuşam. İndi mənim nə vəziyyətdə olduğumu bilirsənmi? Özüm-özümə gülürəm, mənə elə gəlir ki, onlar haqlıdırlar, çünki mən özüm öz nəzərimdə belə gülünc və nifrətəlayiq bir adamam. Mən bunu hiss edirəm; mənim hətta öz sifətimdən, qiyafəmdən belə zəhləm gedir, bütün adətlərimə, qeyri-nəcib hərəkətlərimə nifrət edirəm, mən bunlara həmişə nifrət etmişəm. Ah, mənim bu kobud ah-vayımı bağışla! Hər şeyi açıb danışmağı sən özün mənə öyrətmisən. Mən səni məhv etdim, onun üçün də nifrət və gülüşə səbəb oldum, çünki sənə layiq deyildim.
Bax mənə əziyyət verən də elə bu fikirdir, o mənim beynimi deşir, aramsız olaraq didib dağıdır və qəlbimi yaralayır. Mənə elə gəlir ki, sən mənim simamda görmək istədiyin adamı sevməmisən, sən yanılmısan; məni incidən, mənə əziyyət verən bax, budur. Bu fikir ya məni gora aparacaq, ya da ki, dəli edəcəkdir!
Əlvida, əlvida! İndi, məsələnin üstü açılandan sonra, onlar səs-küy qaldırıb söz-söhbəti (mən bu söhbətləri eşitmişəm!) yayandan sonra, mən alçalıb özüm öz gözümdən düşdüyüm bir zamanda, özüm üçün, hətta sənin etdiyin səhv üçün xəcalət çəkdiyim bir zamanda, özümə lənətlər yağdıraraq aradan çıxıb yox olmalıyam ki, bəlkə sən rahatlıq tapa biləsən. Bunu məndən tələb edirlər, bunun üçün də sən məni bir daha heç vaxt görməyəcəksən! Bu lazımdır, taleyimiz belə gətirib! Tale mənə çox şey bəxş etmişdi; o, səhv etmişdi; indi səhvini düzəldib hər şeyi əlimdən alır. Biz görüşdük, bir-birimizi tanıdıq – indi də gələcək görüşə qədər ayrılırıq! Bu görüş harada, nə vaxt olacaq! Ah, mənim əzizim, de görüm biz harda görüşəcəyik, səni harda axtarıb tapım, səni necə tanıyım, o vaxt sən məni tanıyacaqsanmı? Sən bütün qəlbimə hakimsən. Axı bu işlər nə üçün bizim başımıza gəldi? Axı biz nə üçün ayrılırıq? Mənim başıma bir ağıl qoy – axı mən başa düşə bilmirəm, mən bunu heç cür anlaya bilmirəm – öyrət görüm həyatı necə parçalayıb iki yerə bölmək olar? Ah, səni bir daha görməyəcəyim, bir də heç vaxt görməyəcəyim haqda necə düşünə bilərəm!..
Pərvərdigara, onlar necə səs-küy qaldırmışdılar! Bilsən sənin taleyindən necə nigaranam! Mən indicə sənin ərinə rast gəldim; bizim heç birimiz, günahımız olmasa da ona layiq deyilik. O hər şeyi bilir; o bizi başa düşür; əvvəllər də hər şey ona gün kimi aydın imiş, o hər şeyi anlayır. O səni qəhrəmancasına müdafiə etdi; o səni xilas edəcək; o səni bütün söz-söhbətdən və səs-küydən müdafiə edəcəkdir; o səni sonsuz dərəcədə sevir və sənə hörmət edir; mən səni darda qoyub qaçdığım halda o səni xilas etməyə çalışır!.. Mən onu görən kimi üstünə atılıb əlini öpmək istədim!.. O mənə dedi ki, bilatəxir çıxıb gedim. Qərar qətidir! Deyirlər ki, o sənin üstündə onların hamısı ilə savaşmışdır; onların hamısı sənin əksinədir! Onu qeyrətsizlikdə və zəiflikdə təqsirləndirirlər. Pərvərdigara! Onlar sənin haqqında nələr demirlər! Onlar heç bir şey bilmirlər. Axı məsələnin əsl mahiyyətini başa düşməyə onların iqtidarı yoxdur. Onlar bunu bacarmazlar! Mənim zavallım, mən onların günahından keçdiyim kimi, sən də onları bağışla; onlar sənə elədiklərindən daha çox mənə eləyiblər.
Ağlım heç başımda deyil, sənə nə yazdığımı da bilmirəm. Dünən ayrılarkən sənə nə deyirdim? Axı mən hər şeyi unutmuşam. Mən heç özümdə deyildim, sən ağlayırdın… Bu göz yaşlarına səbəb olduğum üçün məni bağışla. Mən nə qədər zəif, nə qədər cürətsizəm!
Sənə nə isə yenə demək istəyirəm… Ah! Kaş bircə dəfə sənin əllərini göz yaşlarımla islada bilsəydim – bax bu yazdığım məktubu islatdığım kimi! Kaş bir dəfə də sənin ayaqlarına yıxıla biləydim! Sənin hisslərinin nə qədər yüksək olduğunu kaş onlar da biləydilər! Lakin onlar kordurlar; onlar daş qəlbli və təkəbbürlüdürlər, onlar heç bir şeyi görmürlər və ömürlərinin axırına kimi də görməyəcəklər. Çünki görmək qabiliyyətləri yoxdur! Onlar məhkəmə qarşısında, bütün dünya and içsə belə, sənin günahsız olduğuna inanmayacaqlar. Onlar belə şeyləri başa düşməyə qabildirlərmi? Onlar sənə necə əl qaldıra biləcəklər? Görəsən qalxan ilk əl kimin olacaqdır? Yox, onlar heç çəkinməyəcəklər. O əllər səni daş-qalaq edəcəkdir! Bunu hökmən edəcəklər, çünki belə şeyləri necə etmək lazım gəldiyini yaxşı bilirlər. Daşı hamısı birdən qaldırıb deyəcəklər ki, özləri günahsızdır və səni öldürməklə günaha batacaqlar! Ah, onlar nə etdiklərini bilsəydilər! Heç bir şey gizlətmədən hər şeyi açıb onlara danışmaq mümkün olaydı, – görəydilər, eşidəydilər, başa düşüb inanaydılar! Yox, yox, onlar mən deyən qədər də əzazil deyillər. Mən bu saat başımı itirmişəm, bəlkə də onlara böhtan atıram! Bəlkə də özüm qorxduğum üçün sənin də canına qorxu salıram! Qorxma, əzizim, onlardan qorxma! Səni başa düşərlər; axı səni artıq bir adam başa düşmüşdür; ümidini üzmə – o sənin ərindir!
Əlvida, əlvida! Sənə təşəkkür etmirəm! Əbədi əlvida!
S. O.»
Özümü elə itirmişdim ki, mənə nə olduğunu uzun müddət başa düşə bilmədim. Mən sarsılmış və qorxmuşdum. Gözlənilmədən açılan bu həqiqət üç ildən bəri arzularla keçirdiyim yüngül həyatı birdən-birə sarsıtmışdı. Mən qorxu içində hiss edirdim ki, əlimə böyük bir sirr keçmişdir və bu sirr mənim bütün varlığıma hakim kəsilmişdir. Necə? Mən hələ özüm də dərk edə bilmirdim. Ancaq hiss edirdim ki, məhz-bu dəqiqədən etibarən mənim üçün yeni bir gələcək başlanır. İndi mən özümdən asılı olmadan, mənim üçün bütün dünyanı təşkil edən bu insanlar arasındakı münasibətin olduqca yaxın bir iştirakçısına çevrilmişdim. Buna görə də özümdən qorxurdum. Axı mən bu həyata necə daxil ola bilərdim, axı mən çağırılmamışdım, yad idim! Mən onlara nə kimi yenilik gətirəcəkdim? Məni özgələrinin sirrinə bağlayan, bu zəncir necə açılacaqdı? Nədən bilim? Kim bilir, bəlkə də mənim bu yeni vəziyyətim həm mənim üçün, həm də onlar üçün əziyyətli olacaq? Axı mən susa bilməzdim, bu rolu qəbul etməyə bilməzdim. Bildiyimi birdəfəlik ürəyimdə gizlədə bilməzdim. Bəs mənim başıma nələr gələcək? Mən nə edəcəyəm? Axı bir də ki, mənim öyrəndiyim nə idi? Bunlardan da qarışıq, qeyri-müəyyən minlərlə sual qarşımda durur və qəlbimi dözülməz dərəcədə sıxırdı. Mən əli hər yerdən üzülmüş bir adama bənzəyirdim.
Yadımdadır, sonra yeni, qəribə, o vaxta qədər keçirmədiyim təəssüratlarla dolu yeni dəqiqələr başlandı. Hiss edirdim ki, sanki nə isə qəlbimdə öz həllini tapmışdır, əvvəlki qüssəm birdən-birə yox olmuş və qəlbimi nə isə yeni bir şey doldurmağa başlamışdı. Bu elə bir şey idi ki, onun nə olduğunu hələ aydın dərk edə bilmirdim, – bilmirdim ki, bunun üçün kədərlənim, ya sevinim? Mənim keçirtdiyim bu dəqiqə son zamanlara qədər rahat, qayğısız yaşadığı bir evi əbədi tərk etməyə hazırlaşan adamın vəziyyətinə bənzəyirdi. Bu cür adam uzun və naməlum bir yola çıxmazdan əvvəl, son dəfə ətrafına göz gəzdirərək, xəyalən öz keçmişi ilə vidalaşır. Eyni zamanda onun qəlbi qarşıdakı naməlum gələcəkdən doğan bir qüssə ilə sıxılır. Kim bilir, bəlkə də bu gələcək çox sərt və qorxulu olacaqdır. Nəhayət, qəlbimdən kəsik-kəsik hıçqırtılar qopdu, qəlbimdəki ağrılar göz yaşlarına dönüb axdı. Mən bir adamı görməli, eşitməli idim, onu bərk-bərk qucaqlamalı idim. Mən artıq tək qala bilmirdim, tək qalmaq da istəmirdim; buna görə də Aleksandra Mixaylovnanın yanına yüyürüb bütün axşamı onunla keçirtdim. Biz tək idik, ondan xahiş etdim ki, çalmasın. O, nə qədər yalvardısa da, oxumadım. Nədənsə birdən-birə hər şey mənə ağır gəldi. Heç bir şeyə qərarım gəlmirdi. Hətta, deyəsən, onunla ağladıq da, yadımdadır, onu lap qorxutmuşdum. O məni dilə tutub sakit etməyə çalışırdı, deyirdi ki, "narahat olmayım. Ö, qorxu içində mənə diqqət verib deyirdi ki, özümə baxmıram, xəstələnmişəm. Axır ki, tamamilə üzülmüş və heysiz halda ondan ayrılıb getdim. Elə bil sayıqlayırdım, qızdırma içində yatağa uzandım.
Bir neçə gün keçdi, axır ki, mən özümə gəlib vəziyyətimi daha aydın dərk etməyə başladım. Bu vaxt bizim ikimiz də, mən və Aleksandra Mixaylovna tamamilə tək yaşayırdıq. Pyotr Aleksandroviç Peterburqda deyildi. O, nə üçün isə Moskvaya getmiş və orada üç həftə qalmalı olmuşdu. Ayrılığın çox qısa olmasına baxmayaraq, Aleksandra Mixaylovna bərk qüssə çəkirdi. Bəzən o, nisbətən sakit görünürdü, lakin otağa girib qapını bağlayırdı. Görünür, mən onu darıxdırırdım, bir də ki, elə mən özüm də təklik axtarırdım. Başım nə isə xəstə bir gərginliklə işləyirdi; elə bil duman içində idi. Bəzən saatlarla əzabverici fikirlərə dalırdım; mənə elə gəlirdi ki, sanki kim isə mənə gülür, kim isə beynimə girib fikirlərimi bir-bir dağıdıb zəhərləyir. Mən qara xəyallardan yaxa qurtara bilmirdim, məni qara basırdı, gözlərimin qabağına min cür şey gəlir və mənə rahatlıq vermirdi. Gözlərimin qarşısında uzun, çıxılmaz əziyyətlər, işgəncələr, mütilik, lakin mənasız verilmiş qurbanlar canlanırdı. Mənə elə gəlirdi ki, xatirinə qurban verilmiş adam bu qurbana nifrət edir, ona gülür. Mənə elə gəlirdi ki, mömin bir insanın günahından keçən canini görürəm. Buna görə də ürəyim parça-parça olurdu! Eyni zamanda mən bu şübhələri özümdən uzaqlaşdırmağa çalışırdım; o adama lənətlər yağdırırdım, öz-özümdən zəhləm gedirdi ki, fikirlərim qəti deyil, yalnız fərziyyədir, öz təəssüratımı öz gözümdə doğrulda bilmirdim.
Sonra xəyalımda məktubun son cümlələrini, o qorxunc ayrılıq məktubunun son fəryadını canlandırırdım. O adamı – özünü məhəbbətə layiq bilməyən adamı təsəvvürümə gətirməyə çalışırdım; mən bu «tay deyiləm» sözünün acı mənasını başa düşməyə çalışırdım. Bu ah-vaylı əlvida. «Mən gülüncəm, məni intixab etməyindən özüm xəcalət çəkirəm». Görəsən, bu nə deməkdir? Bunlar necə adamlar idi? Onlar nəyin qüssəsini eyləyirlər, nəyin əzabını çəkirlər, nə itirmişlər? Mən özümü ələ alaraq, mənim üçün mənası bu qədər qəribə, bu qədər anlaşılmaz olan, insan qəlbini ümidsizliyə uğradaraq, parça-parça edən bu məktubu böyük həyəcan içində dönə-dönə oxuyurdum. Amma məktub əllərimdən düşürdü, iztirablı bir həyəcan ürəyimi getdikcə daha böyük qüvvətlə bürüyürdü… Nəhayət, bu işə bir əncam çəkilməli idi, mən isə çıxış yolu görmürdüm və ya ondan qorxurdum!
Bu gün Moskvadan qayıdan Pyotr Aleksandroviçin faytonunun səsi həyətdə eşidiləndə mən, demək olar ki, tamam xəstə idim. Aleksandra Mixaylovna sevincindən çığırıb ərini qarşılamaq üçün irəli atıldı, mən isə mıxlanmış kimi yerimdə donub qaldım. Yadımdadır, bu gözlənilməz həyəcanım məni dəhşətə salmışdı. Mən davam gətirə bilməyib, öz otağıma çəkildim. Başa düşmürdüm ki, nə üçün birdən belə vahiməyə düşdüm, amma bu vahiməyə görə qorxurdum. On beş dəqiqədən sonra məni çağırıb knyazın məktubunu verdilər. Qonaq otağında mən Pyotr Aleksandroviçlə birlikdə Moskvadan gəlmiş naməlum bir adamla qarşılaşdım. Eşitdiyim bir neçə sözdən bildim ki, o bizim evdə hələ çox qalacaq. O, knyazın müvəkkili idi, knyaz ailəsinin bəzi mühüm işlərini yoluna qoymaq üçün Peterburqa gəlmişdi. Uzun müddət idi ki, bu işlərə Pyotr Aleksandroviç baxırdı. Naməlum adam knyazın göndərdiyi məktubu mənə verib, əlavə etdi ki, knyajna da mənə kağız yazmaq istəyirdi; son dəqiqəyədək deyirdi ki, məktub mütləq yazılacaq, amma onu boş əllə yola salıb, xahiş etmişdi mənə çatdırsın ki, yazmağa elə bir şey yoxdur, məktubda heç nə yazmaq olmur, o düz beş vərəq kağız korlamış və sonra hamısını didik-didik etmişdir, nəhayət, bir-birimizə yazmaq üçün təzədən dostlaşmaq lazımdır. Sonra o, yaxın vaxtlarda onunla görüşəcəyinə məni əmin etməyi tapşırmışdı. Naməlum cənab mənim səbirsiz sualıma cavab verib dedi ki, tezliklə görüşəcəyimiz haqqında xəbər həqiqətən doğrudur və bütün ailə lap yaxınlarda Peterburqa gəlməyə hazırlaşır. Mən bu xəbəri eşidəndə şadlığımdan nə edəcəyimi bilmədim, cəld öz otağıma gedib qapını bağladım və göz yaşları içində knyazın məktubunu açdım. Knyaz yaxın vaxtlarda onunla və Katya ilə görüşəcəyimi vəd edir və istedadıma görə məni dərin bir hisslə təbrik edirdi; nəhayət o, gələcəyim üçün mənə xeyir-dua verir və köməklik göstərəcəyini söyləyirdi. Mən bu məktubu oxuduqca ağlayırdım; amma şirin göz yaşlarıma elə bir dözülməz kədər qarışırdı ki, yadımdadır, özümə görə vahiməyə düşürdüm; mənə nə olduğunu özüm də bilmirdim. Bir neçə gün keçdi. Otağın yanında, əvvəllər Pyotr Aleksandroviçin kargüzarı oturan otaqda təzə müsafir hər səhər, çox vaxt isə axşamdan gecə yarıyadək işləyirdi. Onlar tez-tez Pyotr Aleksandroviçin otağına çəkilib qapını bağlayır və birlikdə işləyirdilər. Bir dəfə nahardan sonra Aleksandra Mixaylovna ərinin kabinetinə gedib bizimlə çay içib-içməyəcəyini soruşmağı məndən xahiş etdi. Kabinetdə heç kəsi tapa bilmədim, ancaq Pyotr Aleksandroviçin tezliklə gələcəyini güman etdim. Buna görə də dayanıb onu gözlədim. Divardan onun portreti asılmışdı. Yadımdadır, bu portreti görəndə birdən sarsıldım və qəribə bir həyəcan içində onu diqqətlə nəzərdən keçirməyə başladım. Portret divarın lap yuxarısından asılmışdı, həm də bura çox qaranlıqdı. Mən portreti daha yaxşı görmək üçün stul çəkib, onun üstünə çıxdım. Mən nə isə axtarırdım, sanki şübhələrimə cavab tapmağa ümid bəsləyirdim; yadımdadır, hər şeydən əvvəl portretin gözləri məni heyrətə saldı. Mən heyrətləndim ki, bu adamın gözlərini əslində heç vaxt görməmişəm; o həmişə gözlərini eynəyinin arxasında gizlədirdi.
Mən hələ uşaqlıqdan beynimə işləmiş anlaşılmaz, qəribə fikrə görə onun baxışını sevmirdim, amma indi elə bil ki, bu fikir həqiqət olmuşdu. Təsəvvürüm canlanmışdı. Birdən mənə elə gəldi ki, o hiyləgər gözlərini mənim iti, nüfuzedici baxışlarımdan yayındırmağa çalışır; bu gözlərdə yalan və hiylə gizlənmişdir; mənə elə gəldi ki, düzgün tapmışam və bu fərziyyənin ürəyimdə necə bir gizli sevinc oyatdığını başa düşmürəm. Sinəmdən həzin bir fəryad qopdu. Bu zaman arxamda xışıltı eşitdim. Dönüb baxdım: Pyotr Aleksandroviç dayanıb diqqətlə mənə baxırdı. Mənə elə gəldi ki, o birdən qızardı. Mən pörtdüm və stuldan yerə atıldım.
– Siz burada nə edirsiniz? – O ciddi səslə soruşdu. – Niyə bura gəlmisiniz?
Mən nə cavab verəcəyimi bilmirdim. Bir qədər özümə gəlib, Aleksandra Mixaylovnanın dəvətini birtəhər ona çatdırdım. Onun mənə nə cavab verdiyini, kabinetdən necə çıxdığımı xatırlamıram; amma Aleksandra Mixaylovnanın yanına girəndə onun gözlədiyi cavabı tamam unutdum və qarasına dedim ki, Pyotr Aleksandroviç gələcək.
O soruşdu:
– Bəs sənə nə olub, Netoçka? Qıpqırmızı qızarmısan, bir özünə bax! Sənə nə olub?
– Mən bilmirəm… tez-tez gəlmişəm. O həyəcanla sözümü kəsdi:
– Pyotr Aleksandroviç sənə nə dedi ki?
Mən cavab vermədim. Bu zaman Pyotr Aleksandroviçin addım səsləri eşidildi, mən tez otaqdan çıxdım. Böyük kədər içində düz iki saat gözlədim. Nəhayət, gəlib məni Aleksandra Mixaylovnanın yanına çağırdılar. Aleksandra Mixaylovna dinib-danışmırdı, fikirli idi. Mən içəri girəndə cəld sınayıcı nəzərlərlə mənə baxdı, amma o saat gözlərini yerə dikdi. Mənə elə gəldi ki, onun sifətində nə isə bir pərtlik var. Tezliklə mən hiss etdim ki, onun qanı qaradır; o az danışır, mənim üzümə baxmır və B.-nin qayğıkeş suallarına cavab olaraq baş ağrısından şikayətlənirdi. Pyotr Aleksandroviç həmişəkindən söhbətcil idi, amma yalnız B. ilə danışırdı.
Aleksandra Mixaylovna dalğın halda fortepianoya yaxınlaşdı.
B. üzünü mənə tutub dedi:
– Bizim üçün bir şey oxuyun.
Aleksandra Mixaylovna guya bu bəhanəyə sevinib onun sözünə qüvvət verdi.
– Hə, Anneta, təzə öyrəndiyin ariyanı oxu.
Mən nəzərlərimi ona sarı çevirdim; o, səbirsiz intizarla mənə baxırdı.
Amma mən özümə qalib gələ bilmirdim. – Fortepianoya yaxınlaşıb heç olmasa birtəhər oxumaq əvəzinə utandım, özümü itirdim, heç bir bəhanə tapa bilmədim: nəhayət, lap pərt oldum və qəti imtina etdim.
Aleksandra Mixaylovna mənalı-mənalı mənə baxdı və eyni zamanda ani nəzərlə ərini süzüb dedi:
– Axı sən nə üçün oxumaq istəmirsən?
Bu iki baxış səbrimi tükətdi. Mən tamam karıxmış halda stolun arxasından qalxdım, amma karıxdığımı qətiyyən gizlətmədən və nə isə narahat, təəssüflü duyğudan titrəyə-titrəyə, qızğınlıqla təkrar etdim ki, istəmirəm, bacarmıram, xəstəyəm. Bu sözləri deyərkən hamının gözünün içinə baxırdım, amma allah bilir ki, həmin dəqiqədə necə də öz otağımda olmaq və hamıdan gizlənmək istəyirdim.
B. təəccüblənmişdi. Aleksandra Mixaylovna hiss edilə biləcək dərəcədə kədərli idi və bir kəlmə də danışmırdı. Lakin Pyotr Aleksandroviç birdən stuldan qalxıb dedi ki, bir işi yadından çıxarıb və görünür, lazım olan vaxtı itirdiyindən kədərlənmiş halda tələsik otaqdan çıxdı; o, xəbərdarlıq etdi ki, bəlkə sonra gələ bildi, amma hər ehtimala qarşı vidalaşmaq əlaməti olaraq B.-nin əlini sıxdı.
B. məndən soruşdu:
– Bircə deyin görək, axı sizə nə olub? Üzdən, doğrudan da xəstəyə oxşayırsınız.
– Bəli, xəstəyəm, bərk xəstəyəm, – səbirsizliklə cavab verdim.
– Doğrudan da, rəngi qaçıb, bayaq isə sifətin od tutub yanırdı, – Aleksandra Mixaylovna söhbətə qarışdı və birdən dayandı.
Mən ona yaxınlaşıb, dik gözlərinin içinə baxaraq dedim:
– Bəsdir, yetər! – Yazıq qadın baxışıma davam gətirə bilmədi, müqəssir kimi gözlərini yerə dikdi, onun solğun yanaqları xəfifcə qızardı. Mən onun əlini tutub öpdüm. Aleksandra Mixaylovna səmimi, sadəlövh bir sevinclə üzümə baxdı. Mən təəssüflə ona dedim:
– Məni bağışlayın, bu gün özümü çox pis, səfeh uşaq kimi aparmışam. Amma mən həqiqətən xəstəyəm. Acığınız tutmasın, icazə verin gedim…
O, ehtiyatla gülümsünərək dedi:
– Biz hamımız uşağıq. Elə mən özüm də uşağam, səndən də pis, çox pis uşağam, – qulağıma pıçıldadı. – Əfv et, salamat qal. Ancaq allah xatirinə, məndən incimə.
– Nəyə görə? – soruşdum. Belə sadəlövh etiraf məni heyrətə salmışdı.
– Nəyə görə? – O, müdhiş sıxıntı içində, hətta elə bil qorxmuş kimi təkrar etdi, – nəyə görə? Bax, görürsənmi, mən necəyəm, Netoçka? Bir gör sənə nələr demişəm? Əfv et! Sən məndən ağıllısan… Mən isə uşaqdan da pisəm.
Mən mütəəssir olmuş halda, nə deyəcəyimi bilmədən səsləndim.
– Yaxşı, bəsdir. – Mən bir daha onu öpüb tələsik otaqdan çıxdım.
Mən yaman pərt və qəmgin idim. Həm də ehtiyatsızlığıma və özümü aparmağı bacarmadığımı hiss etdiyimə görə özümə bərk acığım tutmuşdu. Mən nədənsə hədsiz utanırdım, buna görə də dərin kədər içində yuxuya getdim. Amma ertəsi gün səhər yuxudan oyananda ağlıma gələn birinci fikir bu oldu ki, bütün dünənki axşam – əsl kabus, xəyal idi, biz bir-birimizi aldadırmışıq, tələsirmişik, mənasız şeyləri bütöv macəra kimi qələmə verirmişik və bütün əhvalatlar bizim təcrübəsizliyimiz, zahiri təsirləri qavramağa adət etməyimiz üzündən baş vermişdir. Mən hiss edirdim ki, bütün günahlar bu məktubdadır, o məni həddən artıq narahat edir, mənim təsəvvürüm pozulmuşdur, axırda belə qərara gəldim ki, daha bundan sonra hər şeyi ürəyimə salmayım. Mən bütün kədərimi belə qeyri-adi asanlıqla həll etdim, qəti yəqin etdim ki, öz qərarımı da beləcə asanlıqla yerinə yetirəcəyəm. Bundan sonra tamamilə şən halda nəğmə dərsinə yollandım.
Səhər havası başımı tamam ayıltdı. Mən səhərlər müəllimimin yanına gedən vaxtları çox sevirdim. Saat doqquza yaxın tamamilə canlanan və öz adi həyatına başlayan şəhərin küçələri ilə addımlamaq necə də xoş idi. Biz adətən ən izdihamlı və gur küçələrdən keçirdik. Artistlik həyatımın belə başlanması gündəlik adi məsələlərlə, başdan-başa adamla dolu olan böyük binanın üçüncü mərtəbəsində məşğul olduğum incəsənət arasındakı təzaddan çox xoşum gəlirdi. Bu böyük binada yaşayan adamlar musiqi ilə qətiyyən maraqlanmırdılar. Təsəvvür edin ki, mən qoltuğumda not dəftərləri işgüzar, qaşqabaqlı adamların arası ilə gedirəm. Məni hər dəfə müşayiət edən Natalya qarı heç özü də mənasına varmadan elə hey məndən soruşur ki: «Tap görüm mən nə barədə fikirləşirəm?» – Nəhayət, yarı italyan, yarı fransız müəllimim – qəribə müəllimim bəzən öz sənətinə böyük həvəs göstərən, çox vaxt isə vasvasılıq eləyən, əslində isə xəsis bir adam olan müəllimim– saydıqlarının hamısı məni çox əyləndirir, gülməyə və ya düşünməyə məcbur edirdi. Bununla bərabər mən cəsarətsiz də olsa ehtiraslı bir ümidlə öz sənətimi sevir, səma qəsrləri ucaldır, öz gələcəyimə ən parlaq boyalar vurur və çox vaxt evə qayıdarkən elə bilirdim ki, öz xəyallarımın alovu içindəyəm. Bir sözlə, həmin saatlarda mən, demək olar ki, xoşbəxt idim.
Bu dəfə də, saat onda dərsdən evə qayıdarkən belə xoşbəxt bir dəqiqəni yaşayırdım. Mən hər şeyi unutmuşdum, yadımdadır, nə barədə isə xoş xəyala dalmışdım. Amma birdən pilləkənə çatanda sarsıldım. Sanki başıma qaynar su tökdülər, pillələri enən Pyotr Aleksandroviçin səsini eşitdim. Qəlbimə hakim kəsilmiş acı hiss o qədər böyük idi ki, dünənki hadisəni xatırlamaq məni elə sarsıtmışdı ki, kədərimi heç cür gizlədə bilmədim. Mən astaca ona baş əydim, görünür, bu an üzüm elə ifadəli imiş ki, Pyotr Aleksandroviç təəccüblə qarşımda dayandı. Onun addımladığını görüb qızardım və sürətlə yuxarı qaçdım. O arxamca nə isə söyləndi və öz yolu ilə getdi.
Mən dilxorluqdan az qala ağlayacaqdım və bütün bunların nə demək olduğunu başa düşə bilmirdim. Günortayadək özümdə deyildim və hər şeyə tezliklə son qoymaq üçün nə etməli olduğumu bilmirdim. Mən azı min dəfə söz verirdim ki, ağıllı olum, amma hər dəfə taleyimdən nigaran qaldığım üçün ürəyim qorxudan titrəyirdi. Mən hiss edirdim ki, Aleksandra Mixaylovnanın ərini görən gözüm yoxdur, eyni zamanda özüm üçün də qorxub dəhşətə gəlirdim. Bu dəfə daimi həyəcandan mən həqiqətən xəstələndim və heç cür özümü ələ ala bilmədim. Hamının əlindən dilxor idim; səhər açılandan öz otağımdan çıxmadım, hətta Aleksandra Mixaylovnanın yanına da getmədim. O özü gəldi. Məni görəndə az qaldı ki, çığırsın. Rəngim elə qaçmışdı ki, güzgüyə baxanda özüm özümdən qorxdum. Aleksandra Mixaylovna düz bir saat yanımda oturdu və uşaq kimi mənə qulluq etdi.
Lakin onun diqqəti məni o qədər kədərləndirir, nəvazişi mənə o qədər ağır əgsir bağışlayır, üzümə baxması mənə elə əziyyət verirdi ki, nəhayət, məni tək buraxmasını xahiş etdim. O məndən nigaran getdi. Nəhayət, göz yaşlarımdan və tutmadan sonra qəmginliyim keçdi. Axşama yaxın vəziyyətim yüngülləşdi…
Özümü ona görə yaxşı hiss edirdim ki, Aleksandra Mixaylovnanın yanına getməyi qərara almışdım. Mən onun qarşısında diz çökmək, itirdiyi məktubu ona vermək və hər şeyi etiraf etmək qərarına gəlmişdim; mən keçirdiyim bütün iztirabları, bütün şübhələrimi boynuma alacaq, qəlbimdə ona, mənim cəfakeşimə bəslədiyim sonsuz məhəbbətlə onu qucaqlayacaq və deyəcəkdim ki, mən onun övladıyam, onun dostuyam və mənim ürəyim onun qarşısında açıqdır; qoy ürəyimə nəzər salıb ona qarşı ən alovlu, ən yenilməz hisslər olduğunu görsün. Aman allah! Mən bilirdim, mən hiss edirdim ki, onun ürəyinin sirrini aça biləcəyi axırıncı adamam; amma mənə elə gəlirdi ki, qurtuluş daha düz olardı, mənim sözüm bir o qədər təsirli ola bilərdi… Mən onun kədərini qaranlıq, natamam da olsa başa düşürdüm; fikirləşəndə ki, o mənim qarşımda, mənim mühakiməm qarşısında qızara bilər, ürəyim qəzəblə coşurdu… Eh, mənim zavallım, həmin o günahkar qadın sənsənmi? Bax, onun ayaqları altında göz yaşları axıdaraq bu sözləri deyəcəyəm. Qəlbimdə ədalət hissi coşub-daşdı, mən hiddətlənmişdim. Bilmirəm bu vaxt mən nələr edərdim; amma yalnız sonra təsadüfi hadisə, demək olar ki, birinci addımda yolumu kəsib məni və onu məhv olmaqdan xilas edən vaxt özümə gəldim. Məni dəhşət bürümüşdü. Onun işgəncələrə düçar olmuş ürəyi ümid eşqi ilə dirçələ bilərdimi? Mən bircə zərbə ilə onu məhv edə bilərdim!
Əhvalat belə oldu: onun kabinetinə çatmağıma iki otaq qalmışdı ki, Pyotr Aleksandroviç yan qapıdan çıxdı və burada olduğumu hiss etmədən qabağıma addımladı. O da Aleksandra Mixaylovnanın yanına gedirdi. Mən yerimdə quruyub qaldım; bu dəqiqədə onunla rastlaşacağımı hər şeydən az gözləyirdim. Mən getmək istədim, amma maraq gözlənilmədən məni durduğum yerdə saxladı.
O, bir dəqiqəliyə güzgünün qabağında dayandı. Saçlarını düzəltdi və təəccüblüdür ki, birdən mən onun hansı mahnını isə zümzümə etdiyini eşitdim. Uşaqlıq dövrümün qaranlıq, uzaq xatirəsi bir anda gözlərimin qarşısında canlandı. Həmin dəqiqədə hiss etdiyim qəribə duyğu aydın olsun deyə, mən bu xatirəni danışıram. Hələ bu evə gəldiyimin birinci ilində baş verən və yalnız indi şüurumu nurlandıran bir hadisə mənə dərin təsir bağışladı, çünki mən yalnız indi, yalnız bu dəqiqə həmin adama bəslədiyim anlaşılmaz nifrətimin başlanğıcını başa düşdüm! Artıq, xatırlatdığım kimi, hələ o zaman onun yanında həmişə özümü narahat hiss edirdim. Mən artıq demişəm ki, onun qaşqabaqlı, qayğılı siması, sifətinin çox vaxt qəmgin və pərişan ifadəsi mənə çox ağır təsir edirdi; Aleksandra Mixaylovnanın çay stolu arxasında birlikdə keçirdiyimiz saatlardan sonra özümü çox pis hiss edirdim və nəhayət, artıq başlanğıcda xatırlatdığım ağır səhnələrin iki və ya üç dəfə az qala şahidi olduğum iztirablı bir kədər ürəyimi parçalayırdı. Vəziyyət elə gətirdi ki, o zaman mən elə indiki şəraitdə, həmin bu otaqda, bu saatda, o da mənim kimi Aleksandra Mixaylovnanın yanına gedəndə rastlaşdım. Mən tək-tənha ona rast gələndə uşaq cəsarətsizliyi hiss etdim və buna görə də müqəssir kimi küncə qısılıb taleyimə yalvardım ki, o məni görməsin. O, elə indiki güzgünün qabağında dayandı və mən nə isə namüəyyən, uşaqlara xas olmayan hissdən sarsıldım. Mənə elə gəldi ki, o, sanki sifətini dəyişdirir. Hər halda o, güzgüyə yaxınlaşmazdan qabaq üzündəki təbəssümü görmüşdüm: mən onun üzündə əvvəllər heç vaxt gözümə dəyməyən bir gülüş görmüşdüm, çünki o (yadımdadır, bu məni hər şeydən çox heyrətləndirdi) Aleksandra Mixaylovnanın qarşısında heç vaxt gülməzdi. Birdən, güzgüyə baxan kimi onun sifəti tamam dəyişdi. Təbəssüm elə bil kiminsə əmri ilə yox oldu və onun əvəzində, sanki qeyri-iradi olaraq, zorla ürəkdən qopan acı bir hiss, hər cür alicənablıq cəhdinə baxmayaraq insanın gizlətməyə qadir olmadığı bir hiss onun dodaqlarını əydi, nə isə ürpərdici bir ağrı alnını qırışlarla doldurdu və qaşlarını çatdı. Onun tutqun baxışı çeşməyin altında gizləndi, bir sözlə, sanki, o bir anda kiminsə əmri ilə tamam başqa adam oldu. Yadımdadır ki, mən uşaq olduğuma görə, gördüyüm bu dəhşətli mənzərənin mənasını dərk etdiyim üçün qorxudan titrədim və o vaxtdan bəri ağır, acı təəssürat həmişəlik ürəyimdə qaldı. O, bir dəqiqəyə qədər güzgüyə baxdıqdan sonra, adətən Aleksandra Mixaylovnanın yanına getdiyi vaxtlarda olduğu kimi, başını aşağı saldı, donqarlaşdı və barmaqlarının ucunda onun kabinetinə doğru addımladı. Məni heyrətə salan xatirə elə bu idi.
İndiki kimi o vaxt da belə düşünürdü ki, təkdir. Buna görə də həmin güzgünün qarşısında dayandı. O zaman olduğu kimi, indi də qəlbimdə coşan nifrət hissi ilə onun yaxınlığında durmalı oldum. O, zümzümə edirdi, (ondan belə şey gözləmək olmazdı.) heyrətimdən yerimdə donub qaldım. Bu vəziyyət mənim uşaqlıqda keçirdiyim anlardan birini xatırlatdı, onda, qəlbimin necə sancdığını sözlə ifadə edə bilmirəm. Mənim bütün əsəblərim titrədi və bu qəmgin mahnıya cavab olaraq qəhqəhə çəkib elə güldüm ki, yazıq müğənni çığırdı, güzgüdən iki addım geri atıldı, bənizi ölü kimi solğun, biabırcasına cinayət başında tutulmuş oğru kimi dəhşətdən, təəccübdən və hiddətindən özündən çıxmış halda mənə baxdı. Onun baxışı mənə ağır təsir etdi. Mən ona əsəbi gülüşlə cavab verdim, gülə-gülə yanından ötdüm və qəhqəhəmi saxlamadan Aleksandra Mixaylovnanın kabinetinə keçdim. Mən bilirdim ki, o, pərdənin arxasında dayanmışdı, bəlkə də içəri girməyə ürək eləmirdi, bilirdim ki, hiddət və qorxaqlığından o, yerindəcə donub qalmışdı; hər halda nə isə əsəbi bir səbirsizliklə onun nə qərara gələcəyini gözləyirdim; mən mərcləşməyə hazır idim ki, o içəri gəlməyəcəkdir və mən qalib gəldim. O ancaq yarım saatdan sonra gəldi. Aleksandra Mixaylovna uzun müddət dərin heyrətlə mənə baxdı. Amma başıma gələnlər haqqında nahaq yerə məni sorğu-suala tuturdu. Mən cavab verə bilmirdim, nəfəsim gizlənirdi. Nəhayət, o başa düşdü ki, mənim əsəb tutmam başlamışdır. O, narahatlıqla mənə baxırdı. Mən dincəldikdən sonra onun əllərini tutub öpməyə başladım. Mən yalnız indi ayıldım və yalnız indi ağlıma gəldi ki, əgər əri ilə rastlaşmasaydım, onun ölümünə səbəb ola bilərdim. Mən ona yenidən dünyaya gəlmiş adam kimi baxırdım. Pyotr Aleksandroviç gəldi.
Mən gözucu ona nəzər saldım: o elə baxırdı ki, sanki aramızda heç bir şey olmamışdı, yəni həmişəki kimi sərt və qaşqabaqlı idi. Amma onun solğun çöhrəsindən və titrəyən dodaqlarından hiss etdim ki, həyəcanını zorla gizlədir. O, Aleksandra Mixaylovna ilə soyuq salamlaşdı və dinməzcə öz yerində oturdu. Fincanını götürəndə əli əsirdi. Müdhiş bir hadisə baş verəcəyini əvvəlcədən duyan adamlar kimi, bütün varlığımı qorxu bürümüşdü. Mən artıq getmək istəyirdim, amma ərinə baxan kimi sifəti dəyişən Aleksandra Mixaylovnanı tək qoymaq istəmirdim. O da nə isə pis şey hiss etmişdi. Nəhayət, mənim böyük qorxu ilə gözlədiyim hadisə baş verdi.
Dərin sükut içində gözlərimi qaldırdım və Pyotr Aleksandroviçin düz mənə tərəf yönəlmiş eynəyini gördüm. Bu elə gözlənilməz oldu ki, mən diksindim, gözlərimi aşağı dikdim, az qala qışqıracaqdım. Aleksandra Mixaylovna mənim yerimdən tərpəndiyimi gördü.
Pyotr Aleksandroviçin kəskin və kobud səsi eşidildi.
– Sizə nə olub? Nə üçün qızardınız?
Mən susurdum; ürəyim elə çırpınırdı ki, dilim söz tutmurdu.
O, həyasızcasına məni göstərib, üzünü Aleksandra Mixaylovnaya tutaraq soruşdu:
– O nə üçün qızardı? O nə üçün həmişə qızarır? Qəzəbdən ürəyim düşdü. Mən yalvarıcı baxışlarımı Aleksandra Mixaylovnaya yönəltdim. O məni başa düşdü. Onun solğun yanaqları pörtdü. O heç gözləmədiyim ciddi bir səslə mənə dedi:
– Anneta, get otağına; bir dəqiqədən sonra sənin yanındayam; axşamı birlikdə keçirərik…
– Mən sizdən soruşuram, eşitdiniz, ya yox? – Pyotr Aleksandroviç səsini daha da ucaldıb onun sözünü kəsdi, elə bil arvadının dediklərini eşitməmişdi. – Nə üçün mənimlə görüşəndə siz həmişə qızarırsınız? Cavab verin!
– Ona görə ki, siz onu da, məni də qızarmağa məcbur edirsiniz, – deyə Aleksandra Mixaylovna həyəcandan səsi titrəyə-titrəyə cavab verdi.
Mən təəccüblə Aleksandra Mixaylovnaya baxdım. Onun özündən çıxmasının səbəbini, əvvəlcə başa düşə bilmədim.
– Sizi qızarmağa məcbur edirəm mən? – Pyotr Aleksandroviç, görünür, heyrətdən özünü itirərək və mən sözünü xüsusi təbirlə söyləyərək cavab verdi. – Siz mənə görə qızarırsınız? Məgər mən özümə görə qızarmağa sizi məcbur edə bilərəmmi? Mən yox, siz qızarmalısınız, necə bilirsiniz?
Bu kəlmə mənim üçün elə aydın idi ki, o elə amansız, acı istehza ilə deyilmişdi ki, mən dəhşətdən çığırdım və Aleksandra Mixaylovnaya tərəf atıldım. Onun ağappaq ağarmış üzündə heyrət, ağrı, məzəmmət və dəhşət əks olunmuşdu. Mən yalvarıcı görünüşlə əllərimi sinəmə qoyub, Pyotr Aleksandroviça baxdım. Mənə elə gəldi ki, o özü birdən ayıldı, amma onun dilindən bu kəlməni qoparıb çıxaran hiddət hələ soyumamışdı. Lakin o mənim dilsiz yalvarışımı görüb utandı. Mənim hərəkətim aydın göstərirdi ki, indiyədək onların arasında sirr kimi qalan əhvalatların çoxunu bilirəm və onun sözlərini yaxşı başa düşmüşəm.
– Anneta, öz otağına get, – Aleksandra Mixaylovna stuldan qalxıb astadan, lakin qətiyyətlə təkrar etdi, – mən mütləq Pyotr Aleksandroviçlə danışmalıyam…
Görünür o, sakit idi; lakin mən hər cür həyəcandan çox bu sakitlikdən qorxurdum. Sanki onun sözlərini eşitmirdim və dayandığım yerdən tərpənmirdim. Bu an içində onun qəlbində baş verənləri üzündən oxumaq üçün bütün qüvvələrimi gərginləşdirdim. Mənə elə gəlirdi ki, o, nə işarəmi, nə də ürəyimdən qopan nidanı başa düşdü.
– Görün siz nə etdiniz, xanım! – Pyotr Aleksandroviç mənim əlimdən tutub arvadını göstərdi.
Aman allah! İndi bu ölümcül sifətdə oxuduğum ümidsizliyi heç vaxt görməmişdim. O, əlimdən tutub məni otaqdan çıxartdı. Son dəfə onlara baxdım. Aleksandra Mixaylovna buxarıya dirsəklənmiş və hər iki əli ilə başını tutaraq dayanmışdı. Onun duruşundan, dərin əzab keçirdiyi hiss olunurdu. Mən Pyotr Aleksandroviçin əlindən tutub möhkəm sıxdım. Kəsik-kəsik dedim:
– Allah xatirinə! Allah xatirinə! Rəhm edin. O, qəribə nəzərlərlə mənə baxıb dedi:
– Qorxmayın, qorxmayın! Elə bir şey yoxdur, bu tutmadır. Di yaxşı, gedin, gedin.
Mən öz otağıma gəlib divanın üstünə yıxıldım və əllərimlə üzümü örtdüm. Mən düz üç saat bu vəziyyətdə qaldım və əsl cəhənnəm əzabı çəkdim. Nəhayət, davam gətirə bilmədim və adam göndərdim soruşsunlar ki, Aleksandra Mixaylovnanın yanına gedə bilərəmmi? Madam Leotar onun cavabını gətirdi. Pyotr Aleksandroviç xəbər göndərmişdi ki, tutma ötüb keçmişdir, qorxulu bir şey yoxdur, amma Aleksandra Mixaylovna dincəlməlidir. Mən səhər saat üçədək yatağa uzanmadım, otaqda var-gəl edərək öz-özümə düşündüm. Mənim vəziyyətim həmişəkindən müəmmalı idi, amma mən özümü bir nov sakit hiss edirdim: bəlkə bu ona görə belə idi ki, hamıdan çox özümü günahkar hesab edirdim. Mən səbirsizliklə sabahın açılmasını gözləyərək yatağa uzandım.
Lakin ertəsi gün heyrətli olsa da, Aleksandra Mixaylovnada bir soyuqluq hiss etdim. Əvvəlcə mənə elə gəldi ki, dünən istər-istəməz şahidi olduğum səhnədən sonra bu saf, nəcib ürəkli qadın məndən xəcalət çəkir. Mən bilirdim ki, bu uşaqcığaz mənim qarşımda qızara bilər və dünənki bədbəxt səhnənin bəlkə də qəlbimi təhqir etdiyinə görə məndən üzr istəyə bilər. Amma çox keçmədən mən onda güclə gizlədilən başqa bir qayğı və peşmançılıq hiss etdim: gah mənə quru və soyuq cavab verir, gah da birdən mənimlə çox incə rəftar edir, sanki ürəyinə yad bu sərtliyə görə xəcalət çəkir və onun mehriban, sakit sözləri məzəmmət kimi səslənirdi. Nəhayət, mən ondan açıq soruşdum ki, ona nə olub və mənə deməyə sözü yoxdur ki? Mənim tələsik verilən sualımdan bir qədər tutuldu, amma o saat da iri, sakit gözlərini qaldırıb üzümə baxdı, zərif-zərif gülümsündü:
– Heç bir şey olmayıb, Netoçka, amma bilirsənmi, sənin qəfil sualın məni bir az karıxdırdı. …İnandırıram səni, yalnız buna görə. Amma qulaq as, mənə düzünü de, mənim balam: bəlkə sənin ürəyində elə bir şey var ki, bu barədə qəfil və gözlənilmədən sual veriləndə sən də bu cür tutularsan?
– Yox, – mən onun üzünə dik baxdım.
– Hə, onda lap yaxşı! Əzizim, bilsən ki, bu gözəl cavaba görə sənə necə minnətdaram. Əlbəttə, mən hər hansı bir pis işə görə heç vaxt səndən şübhələnmərəm! Mən bu barədə düşünməyi belə özümə bağışlamaram. Ancaq qulaq as: mən səni evimizə gətirəndə uşaq idin, indi isə on yeddi yaşındasan. Sən özün görmüsən ki, mən xəstəyəm, uşaq kimiyəm, hələ mənim özümə də qulluq edən gərəkdir. Ürəyimdə sənə qarşı tükənməz məhəbbət olduğuna baxmayaraq, ananın yerini verə bilmərəm. Əgər indi fikir məni belə incidirsə, aydın məsələdir ki, sən yox, mən özüm günahkaram. Həm verdiyim suala görə, həm də səni atam evindən gətirərkən sənə və atama verdiyim vədlərin hamısına bəlkə də qeyri-ixtiyari olaraq əməl edə bilmədiyimə görə məni bağışla. Bu məni çox narahat edir və çox vaxt narahat etmişdir, əziz dost.
Mən onu qucaqlayıb ağladım. Onun əllərini köz yaşlarımla isladaraq dedim:
– Ah, təşəkkür edirəm, mənə etdiyin bütün yaxşılıqlara görə sizə təşəkkür edirəm. Belə deməyin, ürəyimi parçalamayın. Siz mənə anadan da artıq olmusunuz, mənə, yazıq və tənha bir qıza etdiyiniz yaxşılıqlara görə allah sizi və knyazı xoşbəxt eləsin! Mənim zavallım, mənim əzizim!
– Bəsdir, Netoçka, bəsdir! Məni yaxşı qucaqla: bax belə, bərk-bərk qucaqla! Bilirsən nə var? Allah bilir, nədənsə mənə elə gəlir ki, sən məni axırıncı dəfə qucaqlayırsan.
Mən uşaq kimi hönkürtü ilə ağlayaraq dedim:
– Yox, yox, belə şey ola bilməz! Siz xoşbəxt olacaqsınız!.. Hələ irəlidə görməli günlər var. İnanın ki, biz xoşbəxt olacağıq.
– Məni belə çox sevdiyinə görə, sağ ol! İndi mənim adamlarım azalmışdır; hamı məni tərk etmişdir!
– Kim tərk etmişdir? Onlar kimdir?
– Əvvəllər mənim dostlarım çox idi; sən bilirsən, Netoçka. Onların hamısı məni tərk etdi, hamı çıxıb getdi, elə bil kabus idilər. Amma mən onları necə də gözləyirdim, bütün həyatım boyu gözləyirdim; onları allaha tapşırıram! Bir bax, Netoçka, görürsən, payızın axırlarıdır; yaxınlarda qar yağacaq: qar yerə düşən kimi mən öləcəyəm, bəli; amma mən qüssələnmirəm də. Əlvida!
Onun sifəti solğun və artıq idi; yanaqları od kimi yanırdı; titrək dodaqları daxili hərarətdən quruyub çatlamışdı.
O, fortepianoya yaxınlaşdı və bir neçə akkord vurdu; bu an sim qırıldı və uzun, cingiltili sızıltı qopdu…
– Eşidirsən, Netoçka, eşidirsən? – O, birdən fortepianonu göstərdi, səsində nə isə həyəcan duyulurdu. – Bu sim çox, həddən çox gərilmişdi, davam gətirməyib öldü. Səsin necə yanıqlı-yanıqlı öldüyünü eşidirsənmi?!
O çətinliklə danışırdı. Çöhrəsində qəlbini bürüyən küt ürək ağrısı əks olundu, gözləri yaşla doldu.
– Yaxşı, bu barədə bəsdir, Netoçka, əzizim, kifayətdir; uşaqları yanıma gətir.
Mən onları gətirdim. O, uşaqları görcək sanki dincəldi, bir saatdan sonra onları buraxdı.
– Mən öləndən sonra onları tək qoymayacaqsan, eləmi, Anneta? – Pıçıltı ilə dedi, elə bil qorxurdu ki, söhbətimizi birdən eşidən olar.
– Yetər, siz məni öldürəcəksiniz! – Mən onun cavabında yalnız bunları deyə bildim.
O bir qədər sükutdan sonra gülümsəyib dedi:
– Axı mən zarafat edirdim. Sən də inandın? Axı bəzən mən, allah bilir, nələr danışıram. İndi mən uşaq kimiyəm. Gərək mənim hər hərəkətimi bağışlasınlar.
Bu sözlərdən sonra o, ürkək-ürkək mənə baxdı, elə bil nəyi isə söyləməkdən çəkinirdi. Mən gözləyirdim.
Nəhayət, onun üzünə xəfif bir qızartı çökdü, gözlərini aşağı dikib, güclə eşidəcəyim sakit səslə dedi:
– Gözlə onu hürkütməyəsən.
– Kimi? – Təəccüblə soruşdum.
– Ərimi. Yəqin sən hər şeyi yavaş-yavaş ona danışarsan.
– Axı nə üçün, nə üçün? – Mən daha da təəccüblənib təkrar edirdim.
Dodaqlarında eyni sadə təbəssüm görünməsinə və sifətinin getdikcə qızarmasına baxmayaraq, o, mümkün olduqca daha hiyləgər nəzərlərlə mənə baxmağa çalışıb cavab verdi:
– Amma, bəlkə də, hər şeyi açıb demədin, kim bilir! Yaxşı, daha bəsdir; axı mən zarafat edirəm.
Ürəyim getdikcə daha böyük ağrı ilə sıxılırdı.
– Bircə sözümə qulaq ver, mən öləndən sonra onları sevəcəksən, eləmi? – Qətiyyətlə və yenə də sanki müəmmalı şəkildə əlavə etdi. – Öz doğma uşaqların kimi sevəcəksən, hə? Yadında saxla: mən səni həmişə özümə doğma bilmişəm və balalarımdan ayırmamışam.
– Bəli, bəli, – mən nə danışdığımı bilmədən, göz yaşlarımdan və həyəcandan boğula-boğula cavab verdim.
Mən geri çəkilənədək o, hərarətlə əlimi öpdü, heyrətdən dilim tutulurdu.
Başımdan bu fikirlər keçdi: «Ona nə olub? O nəyin fikrini çəkir? Dünən, görən, aralarında nə olub?»
Bir dəqiqə sonra o, yorğunluqdan şikayətlənməyə başladı.
– Mən artıq çoxdan xəstəyəm, ancaq sizin heç birinizi qorxutmaq istəmirdim, – dedi. – Axı sizin ikiniz də məni sevirsiniz, eləmi?.. Sağ ol, Netoçka, məni tək burax, axşam isə mütləq yanıma gəl. Gələcəksənmi?
Mən söz verdim; getməyimə isə sevinirdim. Mən daha dözə bilmirdim. Mən hıçqıra-hıçqıra deyirdim:
– Zavallı, zavallı! Səni qəbrə yola salan hansı şübhədir? Sənin ürəyini yaralayan, üzüb əldən salan və haqqında danışmağa güclə cəsarət etdiyin yeni bəla nədir? Aman allah! İndi artıq hamısını əzbər bildiyim bu uzun iztirab, bu işıqsız həyat, bu cəsarətsiz, heç bir şey tələb etməyən məhəbbət; hətta indi, ağrıdan ürək parçalanan bir vaxtda, demək olar ki, ölüm yatağında olarkən belə o, cinayətkar kimi ən xırda narazılıqdan, şikayətdən qorxur, – o, özündən yeni bir dərd uydurmuş, artıq ona tabe olmuş, onunla barışmışdır!
Axşam, qaş qaralanda mən Ovrovun (Moskvadan gələnin) evdə olmamasından istifadə edib, kitabxanaya getdim, şkafı açdım və Aleksandra Mixaylovnaya oxumaq üçün kitab seçməyə başladım. Mən onu qara fikirlərdən ayırmaq və nə isə şən, yüngül kitab tapmaq istəyirdim… Mən uzun müddət və dalğın halda axtarırdım. Qaranlıq get-gedə qatılaşırdı: onunla birlikdə kədərim də artırdı. Səhifəsi eyni yerdə açılmış həmin kitab yenə əlimə düşdü; mən indi də bu səhifədə o vaxtdan bəri qoynumda qalan məktubun izlərini gördüm. Bu məktub varlığımın sanki dəyişib yenidən başlanmasına və hələ indi də uzaqdan böyük sərtliklə məni hədələyən bu qədər soyuq, naməlum, sirli, kəmiltifat yellərin üzümə əsməsinə səbəb olmuşdu… «Bizim axırımız necə olacaq, – deyə düşünürdüm, – mənim üçün isti, gen-bol olan guşə boşalır. Gəncliyimi qoruyan təmiz, parlaq ruh məni tərk edir. Qarşıda məni nə gözləyir?» Mən nə isə bihuş halda indiki kimi ürəyimə yaxın olan keçmişim üzərində dayanmışdım, sanki irəlini, məni hədələyən naməlum aləmi görməyə cəhd edirdim… Mən bu dəqiqəni xatırladıqca elə bil onu yenidən yaşayıram. O mənim hafizəmdə çox dərin nəqş olunmuşdu.
Mən məktubu və açıq kitabı əlimdə tutmuşdum; göz yaşlarım üzümü islatmışdı. Birdən qorxudan diksindim: başımın üzərində tanış bir səs eşitdim. Elə həmin an hiss etdim ki məktubu əlimdən qapdılar. Mən qışqırdım və dönüb baxdım. Pyotr Aleksandroviç qarşımda dayanmışdı. O, əlimdən möhkəm yapışıb, məni yerimdən tərpənməyə qoymurdu; sağ əli ilə məktubu işığa tutdu və ilk sətirləri oxumağa cəhd etdi… Mən çığırdım, məktubu onun əlində qoymaqdansa ölməyə hazır idim. Bədxah təbəssümdən anladım ki, o, ilk sətirləri oxuya bilmişdir. Mən başımı itirmişdim…
Bir an sonra mən, demək olar ki, özümü unudaraq onun üstünə atıldım və məktubu əlindən aldım. Bütün bu hadisə elə sürətlə baş verdi ki, məktubun yenidən necə əlimə keçdiyini heç özüm də başa düşə bilmədim. Amma onun məktubu yenidən əlimdən almaq istədiyini hiss edib, dərhal qoynumda gizlətdim və üç addım geri çəkildim.
Biz yarım dəqiqəyədək dinmədən bir-birimizə tamaşa etdik. Mən hələ də qorxudan tir-tir əsirdim; o isə ağappaq ağarmışdı, qəzəbdən göyərmiş dodaqları titrəyirdi; sükutu birinci o pozdu. Həyəcandan zəifləmiş səsi ilə:
– Bəsdir! – dedi, – yəqin ki, siz mənim zor işlətməyimi istəmirsiniz; öz xoşunuzla məktubu mənə verin.
Yalnız indi ağlım başıma gəldi, həqarət, həya, kobud zorakılığa qarşı hiddət nəfəsimi kəsdi. İsti göz yaşları od kimi yanan yanaqlarımdan axırdı. Bütün bədənim həyəcandan titrəyirdi; mən bir müddət kəlmə kəsib danışa bilmədim.
O mənə iki addım yaxınlaşıb dedi:
– Eşitdinizmi?
– Əl çəkin, məndən əl çəkin! – Ondan uzaqlaşaraq qışqırdım. – Siz alçaq, nanəcib hərəkət etdiniz. Siz həddinizi aşmısınız!.. Buraxın məni!..
– Necə? Bu nə deməkdir? Siz bu işdən sonra belə hikkə ilə danışmağa cəsarət də edirsiniz.... Verin deyirəm sizə!
O, bir daha mənə tərəf addımladı, amma üzümə baxıb gözlərimdə elə bir qətiyyət gördü ki, fikrə getmiş kimi dayandı.
– Yaxşı! – Nəhayət o, soyuq tərzdə, sanki bir qərar üzərində dayanmış kimi, lakin hələ də güclə özünü saxlayaraq dilləndi. – Bu öz yerində, amma əvvəlcə…
Bu vaxt o, ətrafına baxdı.
– Siz… Sizi kitabxanaya kim buraxıb? Bu şkafın qapısı niyə açıqdır? Açarı hardan almısınız?
– Mən sizə cavab verməyəcəyəm, mən sizinlə danışa bilmərəm, buraxın məni, buraxın!
Qapıya tərəf addımladım.
O, əlimdən tutub saxladı və dedi:
– Dayanın, siz belə çıxıb gedə bilməzsiniz! Mən dinməzcə, yenə də qapıya tərəf dartınırdım.
– Yaxşı. Amma mən yol verə bilmərəm ki, siz öz sevgililərinizdən məktub alasınız, mənim evimdə…
Mən vahimədən çığırdım və pərişan nəzərlərlə ona baxdım.
– Buna görə də…
– Dayanın! – deyə çığırdım. – Siz belə sözləri necə dilinizə gətirirsiniz? Siz nə cəsarətlə mənə belə dediniz? Aman allah! Aman allah!
– Nə? Siz hələ məni hədələyirsiniz də?
Mən sapsarı saralıb, ümidsizlikdən başımı itirmiş halda ona baxırdım. Aramızdakı səhnə, mənim başa düşə bilmədiyim son mərhəmətsizlik dərəcəsinə çatmışdı. Mən baxışlarımla ona yalvarırdım ki, daha sözünü davam etdirməsin. Danışmaması üçün, məni təhqir etdiyinə görə onu bağışlamağa belə hazır idim. O, diqqətlə məni süzür və görünür, tərəddüd edirdi.
– Məni hövsələdən çıxarmayın, – deyə dəhşət içində pıçıldadım.
Nəhayət o, fikrindən dönmüş kimi səsləndi:
– Yox, buna son qoymaq lazımdır! Etiraf edirəm ki, mən bu baxışdan az qala tərəddüd edəcəkdim, – deyə o, qəribə təbəssümlə sözünü davam etdirdi. – Amma bədbəxtlikdən məsələ tamamilə aydındır. Mən məktubun əvvəlini oxuya bildim. Bu, məhəbbət məktubudur. Siz məni fikrimdən daşındıra bilməzsiniz! Yox, bunu beyninizdən çıxarın! Əgər mən bir anlığa şübhəyə düşdümsə, deməli, sizin bütün gözəl keyfiyyətlərinizə əla yalan danışmaq bacarığını da əlavə etməliyəm, buna görə də təkrar edirəm ki…
O danışdıqca üzü hiddətdən daha eybəcər şəklə düşürdü. Ağappaq ağarmışdı; dodaqları əyilmişdi, əsirdi, belə ki, o axırıncı sözləri çətinliklə söylədi. Hava qaralırdı. Mən qadını təhqir edə biləcək bir adamın qarşısında köməksiz və tək-tənha dayanmışdım. Belə görünür ki, bunların hamısının günahı məndə idi; mən həya edirdim, özümü itirmişdim, bu adamın hiddətinin səbəbini başa düşə bilmirdim. Mən ona cavab vermədən dəhşət içində otaqdan bayıra atıldım və Aleksandra Mixaylovnanın kabinetinin qapısına çatanda ayıldım. Bu an onun da addım səsləri eşidildi; mən artıq otağa keçmək istəyirdim ki, birdən ildırım vurmuş kimi dayandım.
Başımdan bu fikirlər keçdi: «Görəsən, onun başına nə gələcək? Bu məktub!.. Yox, nə olursa-olsun, amma bu son zərbə onun ürəyinə endirilməsin». Mən geri çəkildim. Lakin artıq gec idi; o yanımda dayanmışdı:
Mən onun əlindən yapışıb pıçıltı ilə dedim:
– Hara istəyirsinizsə gedək, amma burada yox, burada yox! Ona rəhminiz gəlsin! Mən yenə də kitabxanaya və ya… hara istəsəniz gələrəm! Siz onu öldürərsiniz!
– Onu siz öldürərsiniz! – deyə o, məni kənara itələdi. Bütün ümidlərim puça çıxdı. Mən hiss edirdim ki, o, bütün səhnəni Aleksandra Mixaylovnanın otağında keçirmək istəyir. Mən bütün qüvvəmlə onu saxlamağa çalışıb dedim:
– Allah xatirinə!
Elə bu an pərdə qalxdı və Aleksandra Mixaylovna qarşımızda dayandı. O, təəccüblə bizə baxırdı. Sifəti həmişəkindən solğun idi. Ayaq üstə güclə dayanırdı. Aydın görünürdü ki, səsimizi eşidəndə yanımıza gəlmək üçün böyük qüvvə sərf etmişdi.
Son dərəcə heyrətlə bizə baxıb soruşdu:
– Burda kim var? Siz burda nədən danışırdınız?
Sükut bir neçə an davam etdi və o, kətan kimi ağardı. Mən onun ağuşuna atılaraq, möhkəm qucaqladım və geriyə, kabinetə tərəf çəkdim. Pyotr Aleksandroviç mənim arxamca içəri girdi. Mən üzümü Aleksandra Mixaylovnanın sinəsində gizlədib, intizar içində onu daha möhkəm qucaqdadım.
Aleksandra Mixaylovna yenidən soruşdu:
– Sizə nə olub? Sizə nə olub?
– Ondan soruşun. Siz hələ dünən onu necə müdafiə edirdiniz? – Pyotr Aleksandroviç ağır-ağır kresloya çökdü.
Mən Aleksandra Mixaylovnanı qollarım arasında daha möhkəm sıxırdım.
O, vahimə içində səsləndi:
– Aman allah, bu nə əhvalatdır? Siz necə də hirslənmisiniz; o, qorxmuşdur, ağlayır, Anneta, aranızda nə olmuşsa hamısını mənə söylə.
– Yox, qoyun əvvəlcə mən danışım, – deyə Pyotr Aleksandroviç bizə yaxınlaşdı, mənim əlimdən tutub Aleksandra Mixaylovnadan uzaqlaşdırdı və otağın ortasını göstərib əlavə etdi: – burada dayanın. Mən, sizə analıq edən adamın yanında sizi mühakimə etmək istəyirəm. Siz isə sakit olun, əyləşin, – deyə o, Aleksandra Mixaylovnanı kresloya oturda-oturda sözünə davam etdi. – Təəssüf edirəm ki, sizi bu ağır izahatdan xilas edə bilmədim; amma o, zəruridir.
– Aman allah! Bu nə deməkdir? – Aleksandra Mixaylovna dərin kədər içində gah mənə, gah da ərinə baxırdı. Mən son dəqiqənin yaxınlaşdığını hiss edib, əllərimi ovuşdurdum. Mən artıq ondan aman gözləmirdim.
– Bir sözlə, – deyə Pyotr Aleksandroviç sözünə davam etdi, – mən istəyirdim ki, siz məsələni mənimlə birlikdə ayırd edəsiniz. Siz həmişə (heç özüm də bilmirəm nə üçün, bu sizin xəyallarınızdan biridir), siz həmişə, məsələn, elə dünən, düşünürdünüz, deyirdiniz ki… heç özüm də bilmirəm necə deyim, sizin ehtimalınız məni qızarmağa məcbur edir… Bir sözlə, siz onu müdafiə edirdiniz, siz mənə hücum edirdiniz, siz məni yersiz ciddilikdə təqsirləndirirdiniz; siz, guya məni bu yersiz ciddiliyə sövq edən nə isə başqa bir hissə də işarə edirdiniz; siz… amma özüm də başa düşmürəm ki, nə üçün sizin ehtimallarınız haqqında düşünərkən həyəcanımı boğa bilmirəm, üzümdəki qızartını gizlədə bilmirəm; nə üçün mən həmin ehtimallar haqqında açıq-aşkar onun yanında danışa bilmirəm… Bir sözlə, siz…
Aleksandra Mixaylovna həyadan alışıb yanaraq bərk həyəcan içində qışqırdı:
– Ah, siz bunu etməyəcəksiniz! Yox, siz bunu deməyəcəksiniz! Yox, siz onu bağışlayacaqsınız. Hər şeyi mən özümdən uydurmuşam! İndi mənim heç bir şübhəm yoxdur. O şübhələrə görə məni bağışlayın; bağışlayın. Mən xəstəyəm, mənim nöqsanlarımı bağışlamaq lazımdır, amma ona heç nə deməyin, yox… Anneta, – deyə o mənə yaxınlaşdı, – Anneta, get burdan, tez ol, tez ol! O, zarafat edirdi; bütün təqsirlər məndədir; bu, yersiz zarafatdır…
Pyotr Aleksandroviç onun intizarla dolu baxışlarına cavab olaraq amansızcasına dedi:
– Bir sözlə, siz məni ona qısqanırdınız.
Aleksandra Mixaylovna çığırdı, rəngi ağardı, o, ayaq üstə güclə dayanırdı, kresloya söykənmişdi.
– Allah özü sizin günahınızdan keçsin! – O, nəhayət, zəif səslə dilləndi. – Onun hərəkətinə görə məni bağışla, Netoçka, bağışla, bütün günahlar məndədir. Mən xəstə idim, mən…
– Lakin bu qəddarlıqdır, həyasızlıqdır, alçaqlıqdır! – Mən, nəhayət, bir şeyi, onun niyə məni arvadının yanında mühakimə etmək istədiyini başa düşüb qəzəblə qışqırdım. – Bu nifrətə layiq hərəkətdir; siz…
– Anneta! – Aleksandra Mixaylovna dəhşətlə mənim əllərimdən yapışaraq çığırdı.
Pyotr Aleksandroviç son dərəcə həyəcanlı halda bizə yaxınlaşaraq dedi:
– Komediya! Bu, komediyadır, vəssalam! – O, diqqətlə və məşum təbəssümlə arvadına baxaraq sözünə davam etdi. – Komediyadır deyirəm sizə və bütün bu komediyada aldadılan təkcə sizsiniz. – O, boğula-boğula və məni göstərərək əlavə etdi. – İnanın ki, biz belə izahatdan qorxmuruq; inanın, biz o qədər də ismətli deyilik ki, belə işlər haqqında bir söz eşidəndə inciyək, qızaraq və qulaqlarımızı tutaq. Bağışlayın, mən sadə, açıq, bəlkə də kobud danışıram, amma belə lazımdır. Xanım, siz bu qızın özünü ədəbli apardığına əminsinizmi?
Aleksandra Mixaylovna qorxudan donub qaldı, meyit rəngi aldı və dedi:
– Aman allah! Sizə nə olub? Siz özünüzdə deyilsiniz!
Pyotr Aleksandroviç nifrətlə onun sözünü kəsdi:
– Xahiş edirəm, gurultulu sözlərə əl atmayasınız. Mən bunu sevmirəm. Bu sadə, açıq, ən bayağı məsələdir. Mən sizdən onun davranışını soruşuram; siz bilirsinizmi ki…
Amma mən sözünü qurtarmağa ona imkan vermədim və əllərindən yapışıb güclə kənara çəkdim. Bir an da keçsəydi bütün ümidlər itirilə bilərdi. Mən cəld pıçıltı ilə dedim:
– Məktub barədə danışmayın. Siz onu yerindəcə öldürə bilərsiniz. Məni danlamaq, eyni zamanda onu danlamaq deməkdir. O, məni mühakimə edə bilməz, çünki mən hər şeyi bilirəm… Başa düşürsünüzmü, mən hər şeyi bilirəm!
O, diqqətlə, vəhşi bir maraqla mənə baxdı və tutuldu; üzü alışıb-yandı.
– Mən hər şeyi bilirəm, hər şeyi! – deyə təkrar etdim.
O hələ tərəddüd edirdi. Dodaqlarında bir sual oxunurdu. Mən xəbərdarlıq etdim:
– Məsələ belə olmuşdur, – mən əslində qorxaq və kədərli təəccüb içində bizə baxan Aleksandra Mixaylovnaya üz tutub ucadan səsləndim. – Bütün günahlar məndədir. Artıq dörd ildir ki, mən sizi aldadıram. Kitabxananın açarını mən götürmüşəm və dörd ildir ki, asta-asta oradakı kitabları oxuyuram. Bir dəfə Pyotr Aleksandroviç əlimdə bir kitab gördü… O kitabı mən götürməməli idim, ona baxmamalı idim. O, kitabın mənə pis təsir göstərəcəyindən ehtiyat elədiyinə görə məsələni belə şişirdir. Lakin mən özümü təmizə çıxartmaq istəmirəm, (mən Pyotr Aleksandroviçin dodaqlarındakı istehzalı təbəssümü görüb tələsdim): bütün günahlar məndədir. Maraq mənə güc gəldi, şirnikdirdi və mən bir dəfə günah işlətdikdən sonra təqsirimi etiraf etməyə utandım.... Aramızdakı bütün əhvalat bundan, demək olar ki, bundan ibarətdir…
Aleksandra Mixaylovna məni axıradək diqqətlə dinlədi, lakin sözümə inanmadığı üzündən hiss olunurdu. O, növbə ilə gah mənə, gah da ərinə baxırdı. Araya sükut çökdü. Mən güclə nəfəs alırdım. O, başını sinəsinə əydi, nə isə düşünərək və görünür, mənim söylədiyim hər bir sözü ölçüb-biçərək, əli ilə gözlərini örtdü. Nəhayət, başını qaldırdı və iti nəzərlərlə mənə baxdı.
– Netoçka, – dedi, – mənim balam, mən bilirəm ki, sən yalan danışmağı bacarmırsan. Baş verən bütün əhvalat elə budurmu?
– Bəli, – deyə cavab verdim. O, ərinə müraciətlə soruşdu:
– Doğrudanmı budur?
– Bəli, budur, – deyə o, güclə cavab verdi, – budur! Mən rahat nəfəs aldım.
– Sən mənə sez verirsənmi, Netoçka?
– Bəli, – mən o dəqiqə cavab verdim.
Amma davam gətirməyib, Pyotr Aleksandroviçə baxdım. O mənim necə söz verdiyimi eşidib gülürdü. Qızarıb pörtdüm, bu həyəcanımı zavallı Aleksandra Mixaylovna hiss etdi. Onun üzündə məyus və əzablı bir qəmginlik əks olundu. O kədərli halda dedi:
– Bəsdir. Mən sizə inanıram. Mən sizə inanmaya bilmərəm. Pyotr Aleksandroviç dedi:
– Zənnimcə, belə etirafla kifayətlənmək olar. Siz eşitdinizmi? İndi buyurun görək necə edək?
Aleksandra Mixaylovna cavab vermirdi. Səhnə getdikcə daha da ağırlaşır və cansıxıcı olurdu.
Pyotr Aleksandroviç sözünə davam edərək dedi:
– Mən günü sabah bütün kitabları yoxlayaram. Bilmirəm, bəlkə orada başqa bir şey də var; amma…
– Bəs o hansı kitabı oxuyurdu? – deyə Aleksandra Mixaylovna soruşdu.
– Hansı kitabı! Siz cavab verin, – deyə o mənə müraciət etdi. – Siz məsələni məndən yaxşı izah edə bilirsiniz. Onun sözlərində gizli istehza duyulurdu.
Mən tutuldum və bir kəlmə də danışa bilmədim. Aleksandra Mixaylovna qızardı və gözlərini aşağı dikdi. Bir müddət heç kəs danışmadı. Pyotr Aleksandroviç pərt halda otaqda var-gəl edirdi.
Nəhayət, Aleksandra Mixaylovna cəsarətsizliklə sözə başladı:
– Sizin aranızda nə olduğunu bilmirəm. Əgər elə bu iş olmuşsa, – o, ərinə baxmamağa çalışsa da, onun hərəkətsiz baxışından tutulmuş halda, sözlərinə xüsusi məna verməyə cəhd edərək davam etdi, – əgər elə bu iş olmuşsa, mən bilmirəm nə üçün biz hamımız qüssələnək və belə ruhdan düşək. Hamıdan günahkar mənəm, təkcə mənəm və bu məni çox incidir. Mən onun tərbiyəsinə etinasız yanaşmışam, odur ki, hər şeyə özüm cavab verməliyəm. O mənim laqeydliyimi bağışlamalıdır, mən isə onu mühakimə edə bilmərəm və etmərəm. Amma yenə də, nə üçün biz ümidsizliyə qapılaq? Təhlükə ötüb keçmişdir. – O getdikcə daha da şövqə gələrək və ərini sınayıcı nəzərlərlə süzərək dedi: – Bir ona baxın: məgər onun ehtiyatsız hərəkətinin hər hansı bir nəticəsi olmuşdurmu? Məgər mən onu, öz balamı, mehriban qızımı tanımırammı? Məgər mən bilmirəm ki, onun ürəyi təmiz və nəcibdir, bu gözəl başdakı ağıl aydın və ləkəsizdir, onun vicdanı isə yalandan qorxur… – deyə o, məni əzizləyərək və özünə doğru çəkərək sözünə davam etdi. – Bəsdir, mənim əzizlərim! Bu söhbəti bir kənara qoyaq! Yəqin bizim qəmginliyimizdə nə isə başqa bir şey gizlənmişdir; bəlkə də bizim ürəyimizə ani olaraq düşmən kölgəsi düşmüşdür. Amma biz onu məhəbbət və səmimi dostluq vasitəsi ilə qovarıq və aramızdakı anlaşılmazlığı yox elərik. Bəlkə də bizim aramızda deyilməmiş çox söz var və mən birinci olaraq günahımı boynuma alıram. Mən birinci olaraq sirrimi sizdən gizlətmişəm, mən birinci olaraq, allah bilir necə şübhələrə düşmüşəm; bu şübhələrin günahı mənim xəstə başımdadır. Amma… amma biz artıq qismən də olsa açıq danışmışıqsa, siz hər ikiniz məni bağışlamalısınız, çünki… çünki, nəhayət, mənim şübhələrimdə çox da böyük günah yoxdur…
Bu sözlərdən sonra o cəsarətsiz halda və qızara-qızara ərinə baxdı, kədərlə onun nə deyəcəyini gözləməyə başladı. Pyotr Aleksandroviç onu dinlədikcə dodaqlarına istehzalı bir təbəssüm qonurdu. Ö, ayaq saxladı və əllərini dalına qoyub düz Aleksandra Mixaylovnanın qarşısında dayandı. Görünür, onun çaşqınlığını nəzərdən keçirir, müşahidə edir və bundan həzz alırdı; Aleksandra Mixaylovna onun iti baxışlarını duyaraq tutuldu. O sanki daha nə isə gözləyərək bir anlığa susdu. Aleksandra Mixaylovnanın çaşqınlığı daha da artdı. Nəhayət, o darıxdırıcı səhnəni sakit, uzun davam edən, acı gülüşü ilə pozdu.
Nəhayət, o, gülməyini saxlayıb acı və ciddi səslə dedi: – Zavallı qadın, mənim sizə yazığım gəlir! Siz öhdəsindən gələ bilməyəcəyiniz bir rolu üzərinizə götürmüsünüz. Sizin fikriniz nə idi! Siz məni cavab verməyə məcbur etmək, yeni şübhələrlə və ya düzünü desək, söylədiyiniz sözlərdə gizlədə bilmədiyiniz köhnə şübhə ilə alışdırmaq istəyirdiniz? Sizin sözlərinizin mənası budur ki, ona acıqlanmaq lazım deyildir, o, ədəbsiz kitabları oxuduqdan sonra da yaxşı qız olaraq qalır, nəhayət, siz ona görə özünüz cavab verirsiniz, belədirmi? Siz bunu izah etdikdən sonra nə isə başqa bir şeyə işarə vurursunuz; sizə elə gəlir ki, mənim şübhələrim və təqiblərim nə isə başqa bir hissdən doğur. Siz hətta dünən mənə işarə vururdunuz ki, – xahiş edirəm sözümü kəsməyin, mən açıq danışmağı sevirəm – siz hətta dünən işarə vururdunuz ki, bəzi adamlarda (yadımdadır, sizin dediyinizə görə bu adamlar daha çox təmkinli, sərt, ciddi, ağıllı, güclü olurlar, allah bilir ki, siz alicənablıq ehtirası içində daha hansı təriflər vermədiniz!), bəzi adamlarda, təkrar edirəm, məhəbbət (allah bilir, siz bunu nə üçün uydurmusunuz!) yalnız sərt, ehtiraslı, kəskin, əksər hallarda şübhələr və təqiblərlə təzahür edir. Dünən sizin məhz belə danışdığınızı yaxşı xatırlamıram… Xahiş edirəm, sözümü kəsməyəsiniz; mən sizin tərbiyə verdiyiniz adamı yaxşı tanıyıram; o hər şeyi eşidə bilər, hər şeyi, yüzüncü dəfə sizə təkrar edirəm – hər şeyi. Siz aldanmısınız.
Amma bilmirəm nə üçün siz təkid edirsiniz ki, mən məhz belə adamam! Nə üçün mənə bu təlxək paltarını geydirmək istədiyinizi allah bilir. Bu qıza məhəbbət bəsləmək mənim yaşıma yaraşmaz, bəli, nəhayət, mənə inanın, xanım, mən öz vəzifəmi bilirəm və siz məni necə alicənablıqla bağışlasınız da həmişəki sözümü deyəcəyəm, deyəcəyəm ki, cinayət həmişə cinayət olaraq qalır, siz alçaq hissləri nə qədər yüksəklərə qaldırmaq istəsəniz də cinayət həmişə cinayət kimi, günah isə ayıb, mənfur və nanəcib bir əməl olaraq qalacaqdır! Di bəsdir! Bəsdir! Mən bir daha belə murdar hərəkətlər haqqında eşitmək istəmirəm.
Aleksandra Mixaylovna ağlayırdı.
Nəhayət o, hıçqırıqlar içində məni qucaqlayaraq dedi:
– Qoy bütün bunlar mənim boynuma düşsün, bütün bu sözlər mənə aid olsun! Qoy mənim şübhələrim biabırçı olsun, siz də belə sərtliklə onlara gülün! Amma sən, mənim zavallım, nəyə görə sən belə təhqirləri eşitməyə məhkum olmusan? Mən də səni müdafiə edə bilmirəm! Mənim səsim alınmışdır! Aman allah! Mən susa bilmirəm, cənab! Mən buna dözə bilmirəm… Siz düşüncəsiz hərəkət edirsiniz!..
Mən onu sakitləşdirməyə çalışaraq, ağır məzəmmətlərinin Pyotr Aleksandroviçi haldan çıxaracağından qorxaraq pıçıldadım:
– Bəsdir, bəsdir! – Mən hələ də ona görə qorxu çəkdiyim üçün əsirdim.
– Amma, siz korsunuz! – deyə o çığırdı, – amma siz bilmirsiniz, siz görmürsünüz ki…
O bir anlığa dayandı, üzünü mənə tutaraq və əlimi Aleksandra Mixaylovnanın əllərindən qopardaraq dedi:
– Ondan uzaq olun! Mən sizin arvadıma toxunmağınıza razı olmaram: siz onu ləkələyərsiniz, siz öz iştirakınızla onu təhqir edərsiniz! Amma… amma danışmaq lazım olduğu bir vaxtda məni susmağa məcbur edən nədir? – deyə o ayağını yerə vurub qışqırdı. – Mən deyəcəyəm, mən hər şeyi deyəcəyəm. Xanım, sizin nəyi bildiyinizdən və məni nə ilə hədələmək fikrində olduğunuzdan xəbərim yoxdur, bunu heç bilmək də istəmirəm. Qulaq asın! – O, üzünü Aleksandra Mixaylovnaya tutaraq sözünə davam etdi, – qulaq asın!
Mən irəli atılıb qışqırdım:
– Susun. Susun, bir kəlmə də danışmayın.
– Qulaq asın!..
– …xatirinə susun.
– Nəyin xatirinə, xanım? – deyə o cəld və iti nəzərlərlə gözlərimin içinə baxıb sözümü kəsdi, – nəyin xatirinə? Bilin ki, mən onun əlindən sevgilisinin məktubunu dartıb almışam!
Görün bizim evimizdə nələr olur! Görün sizin yanınızda nələr olur! Bax, siz bunu görməmisiniz, hiss etməmisiniz!
Mən yerimdə güclə dayanmışdım. Aleksandra Mixaylovnanın rəngi tamam qaçdı.
– Belə şey ola bilməz, – o, güclə eşidiləcək bir səslə pıçıldadı.
– Mən həmin məktubu görmüşəm, xanım, o mənim əlimdə idi, mən ilk sətirləri oxudum və səhv etmədim, məktub onun sevgilisindən gəlmişdi. O, məktubu əlimdən dartıb aldı. İndi məktub ondadır, – bu aydındır, bu belədir, buna şübhə ola bilməz, əgər siz hələ də şübhə edirsinizsə ona nəzər salın və sonra heç olmasa ən kiçik şübhəyə belə ümid bəsləməyə cəhd edin.
Aleksandra Mixaylovna mənə tərəf atılaraq qışqırdı:
– Netoçka! Amma yox, danışma, danışma! Əhvalatın nədən ibarət olduğunu, necə baş verdiyini mən bilmirəm… aman allah, aman allah!
O, əlləri ilə üzünü örtüb hönkürdü.
– Amma yox! Belə şey ola bilməz! – O bir daha qışqırdı. Sonra ərinə diqqətlə baxaraq dedi: – Siz səhv etmisiniz. Bunun… bunun nə demək olduğunu mən bilirəm! Siz… mən… bacarmadım, sən məni aldatmazsan, sən məni aldada bilməzsən! Hər şeyi, hər şeyi, gizlətmədən mənə danış: o, səhv etmişdirmi? O, səhv etmişdir, doğru deyilmi? Onun gözünə ayrı şey görünmüşdü, o çaşmışdır? Bəli, doğru deyilmi? Doğru deyilmi? Qulaq as, Anneta, mənim balam, mənim doğma balam, nə üçün mənə hər şeyi danışmayasan?
Mən başım üzərində Pyotr Aleksandroviçin səsini eşitdim:
– Cavab verin, cavab verin! Mən sizin əlinizdə məktubu görmüşəm, ya yox?
Mən:
– Bəli! – həyəcandan boğularaq cavab verdim.
– Bu məktubu sizə sevgiliniz göndərmişdir?
– Bəli! – Mən cavab verdim.
– Onunla əlaqəniz indi də davam edir?
Mən bu vəziyyətin sona çatmasına nail olmaq üçün bütün suallara müsbət cavab verib, özümü unudaraq: – bəli, bəli, bəli! – deyirdim.
– Siz onu eşitdiniz. Hə, indi nə sözünüz var? Mərhəmətli, həddən artıq sadəlövh ürəkli adam, – deyə o, arvadının əlindən tutub əlavə etdi. – Mənə inanın, onda xəstə təsəvvürünüzün doğurduğu bütün şeylər haqqında rəyinizi dəyişərsiniz. İndi siz bu qızın kim olduğunu görürsünüz… Mən yalnız mümkünsüz bir şeyi sizin şübhələrinizlə yanaşı qoymaq istəyirdim. Mən bütün bunları artıq çoxdan hiss etmişdim və şadam ki, nəhayət, onu sizin qarşınızda ifşa etdim. Onu sizin yanınızda, sizin ağuşunuzda, bizimlə bir stol arxasında, nəhayət, evimdə görmək mənim üçün ağır idi. Sizin korluğunuz məni qəzəbləndirirdi. Bax, elə yalnız buna görə də mən ona diqqət yetirib, onu izləyirdim; həmin bu diqqət sizin gözlərinizə çarpmışdı və siz, allah bilir, hansı şübhədənsə yapışıb bu tor üzərində, allah bilir, nələr toxumusunuz. Amma indi məsələ həll edilmişdir, hər cür şübhəyə son qoyulmuşdur və günü sabahdan, xanım, günü sabahdan siz mənim evimdə olmayacaqsınız! – deyə o mənə müraciət edərək sözünü qurtardı.
Aleksandra Mixaylovna stuldan qalxaraq:
– Dayanın – dedi. – Mən bütün bu səhnəyə inanmıram. Mənə elə qorxunc nəzərlərlə baxmayın. Mənə gülməyin. Mən sizi də öz fikrimin mühakiməsinə çağırıram. Anneta, mənim balam, yaxın gəl, əlini ver, bax belə. Biz hamımız günah işlətmiş adamlarıq! – O, göz yaşlarından titrəyən səsilə danışdı və itaətlə ərinə baxdı. – Bizim hansımız hər hansı bir adamın əlini rədd edə bilər? Anneta, mənim mehriban balam, əlini mənə ver, mən səndən ləyaqətli, səndən yaxşı deyiləm; sən öz iştirakınla məni təhqir edə bilməzsən, çünki mən də, mən də günahkaram.
– Xanım! – Pyotr Aleksandroviç heyrət içində qışqırdı. – Xanım! Dayanın! Unutmayın ki!..
– Mən heç şeyi unutmuram. Sözümü kəsməyin, qoyun hamısını deyim. Siz onun əlindəki məktubu görmüsünüz, siz hətta onu oxumusunuz, siz deyirsiniz, o özü də etiraf edir ki, bu məktubu sevdiyi adam yazmışdır. Amma bu onun cinayət işlətdiyini sübut edirmi? Məgər bu, onunla belə rəftar etməyə, arvadınızın gözləri qarşısında onu belə incitməyə haqq verirmi? Bəli, cənab, arvadınızın gözləri qarşısında. Məgər siz bu işi ayırd etmisinizmi? Məgər siz bunun necə olduğunu bilirsinizmi?
– Mənim qaçıb ondan üzr istəməkdən başqa çarəm qalmır. Siz bunu istəyirsinizmi? – Pyotr Aleksandroviç qışqırdı. – Mən sizi dinlədikcə hövsələdən çıxdım! Siz nədən danışdığınızı düşünürsünüz? Siz bilirsinizmi nədən danışırsınız? Siz nəyi və kimi müdafiə etdiyinizi bilirsinizmi? Axı mən hər şeyi yaxşı anlayıram.
– Ən vacib şeyi isə görmürsünüz, çünki qəzəb və vüqar gözlərinizi tutur. Siz mənim nəyi müdafiə etdiyimi və nədən danışmaq istədiyimi görmürsünüz. Mən pis əməlləri müdafiə etmək fikrində deyiləm. Amma siz fikirləşmisinizmi ki, – ətraflı düşünsəniz aydın görərsiniz, – fikirləşmisinizmi ki, bəlkə də o uşaq kimi pakdır! Əgər lazım bilirsinizsə, yenə də təkrar edə bilərəm: mən pis əməlləri müdafiə etmək fikrində deyiləm. Bəli, əgər o, qadın, ana olsaydı və öz vəzifəsini unutsaydı, onda mən sizinlə razılaşardım… görürsünüzmü, mən qabaqcadan qeyd-şərt etdim. Bunu nəzərə alın və mənə tənə vurmayın. Bəlkə o, məktubu yaxşı niyyətlə almışdır? Bəlkə o, təcrübəsizdir, hissə qapılmışdır və heç kəs onu çəkindirməmişdir? Bəlkə hamıdan çox mən təqsirkaram, çünki onun ürəyindən xəbər tuta bilməmişəm? Bəlkə bu birinci məktubdur? Bəlkə siz öz kobud şübhələrinizlə onun bakir, incə hissini təhqir etmisiniz? Bəlkə siz bu məktub haqqında ədəbsiz dedi-qodularınızla onun təsəvvürünü korlamısınız? Bəlkə siz onun üzündə nur saçan, məsumluq kimi təmiz olan bu həyanı, indi mənim gördüyüm, o pərişan, üzgün halda, nə deyəcəyini bilmədən və kədərdən üzülərək sizin bütün rəhmsiz suallarınıza etirafla cavab verəndə gördüyüm bu həyanı görməmisiniz? Bəli, bəli! Bu insafsızlıqdır, bu amansızlıqdır; mən sizi tanıya bilmirəm; mən bunu sizə heç vaxt bağışlamaram!
Mən onu qollarım arasında sıxaraq qışqırdım:
– Rəhm edin, mənə rəhm edin! Rəhm edin, inanın, məni özünüzdən uzaqlaşdırmayın…
Mən Aleksandra Mixaylovnanın qarşısında diz çökdüm.
– Əgər, – nəfəsi tutula-tutula sözünə davam etdi, – əgər mən onun yanında olmasaydım, əgər siz öz sözlərinizlə onu qorxutmasaydınız, əgər o zavallı qız günahkar olduğuna özü də inansaydı, əgər siz onun vicdanını və ruhunu təşvişə salsaydınız və ürək rahatlığını pozsaydınız… Aman allah! Sin onu evdən qovmaq istəyirsiniz! Heç bilirsinizmi kiminlə belə rəftar edərlər? Siz bilirsiniz ki, onu qovsanız, bizi birlikdə qovmuş olarsınız. Hər ikimizi, – məni də qovmuş olarsınız. Siz dediklərimi eşitdinizmi, cənab?
Onun gözləri parıldayırdı; sinəsi enib-qalxırdı; onun iztirablı gərginliyi son həddinə çatdı. Nəhayət, Pyotr Aleksandroviç qışqırdı:
– Bu qədər söz eşitdiyim bəsdir, xanım! Bəsdir! Mən əflatun ehtirasların da mövcud olduğunu bilirəm, – özü də çox təəssüf ki, bilirəm, xanım, eşidirsinizmi? Bu mənim bədbəxtliyimdir. Amma mən, günaha nə qədər bəzək vurursan vur, yenə də onu qəbul edə bilmərəm, xanım! Mən bunu başa düşmürəm. Rədd olsun zahiri bəzək! Əgər siz özünüzü günahkar bilirsinizsə, əgər öz günahınızdan xəbərdarsınızsa (bunu yadınıza salmaq mənim işim deyil, xanım), nəhayət, mənim evimi tərk etmək fikri xoşunuza gəlirsə… mən yalnız deyə bilərəm ki, xatırlada bilərəm ki, öz məqamında, əsl vaxtında… il bundan əvvəl nahaq yerə öz niyyətinizi yerinə yetirməyi unutmusunuz… Yadınızdan çıxıbsa, mən sizə xatırladaram…
Mən Aleksandra Mixaylovnaya baxdım. O, ruhi kədərdən üzülmüş, tükənməz əzabdan gözləri yarımyumulu halda təlaş içində mənə söykənmişdi. Bir an keçsəydi, o yıxılacaqdı.
– Ah, allah xatirinə, heç olmasa bu dəfə ona rəhminiz gəlsin! Son sözünüzü söyləməyin, – mən Pyotr Aleksandroviçin qarşısında diz çökərək və özümə xəyanət etdiyimi unudaraq qışqırdım. Lakin gec idi. Mənim sözlərimə cavab olaraq zəif bir çığırtı eşidildi və zavallı qadın bayğın halda döşəməyə sərildi.
– Hər şey bitdi! – dedi. – Siz onu öldürdünüz! Adamları çağırın, onu xilas edin! Mən sizi kabinetinizdə gözləyirəm. Mənim sizə sözüm var, bütün onları sizə danışaram…
– Nəyi? Nəyi?
– Sonra!
Bayğınlıq və tutmalar iki saat davam etdi. Bütün ev qorxu içində idi. Doktor şübhə ilə başını tərpədirdi. Mən iki saatdan sonra Pyotr Aleksandroviçin kabinetinə gəldim. O, arvadının yanından yenicə qayıtmışdı, dırnaqlarını gəmirərək, rəngi ağarmış, pərişan halda otaqda var-gəl edirdi. Mən onu heç vaxt bu vəziyyətdə görməmişdim.
O, sərt, kobud səslə soruşdu:
– Siz mənə nə demək istəyirsiniz? Siz nə isə demək istəyirdiniz?
– Əlimdən aldığınız məktub budu. Siz onu tanıya bilirsinizmi?
– Bəli.
– Alın bu məktubu.
O, məktubu alıb işığa tutdu. Mən diqqətlə onun hərəkətlərini izləyirdim. Bir neçə dəqiqədən sonra o tez dördüncü səhifəni çevirib imzanı oxudu. Qan beyninə vurdu. O, heyrətdən donub qalaraq məndən soruşdu:
– Bu nədir?
– Mən bu məktubu üç il bundan əvvəl bir kitabın içindən tapmışam. Mən onun unudulduğunu anladım, axıradək oxudum və hər şeyi öyrəndim. O vaxtdan bəri məktubu həmişə yanımda gəzdirirəm, çünki onu verməyə adam tapmırdım. Onu Aleksandra Mixaylovnaya verə bilmirdim. Sizə? Amma siz həmin məktubun məzmununu bilməmiş deyildiniz, orada isə bütün bu kədərli əhvalatlar təsvir edilmişdir. Sizin bu riyakarlığınızın mənasını anlamıram. Hələlik bu mənim üçün qaranlıqdır. Mən hələ sizin qaranlıq qəlbinizi aydın görə bilmirəm. Siz ondan üstün olmaq istəyirsiniz və üstün də oldunuz. Amma nə üçün? Onun yanıldığını və özünüzün ondan günahsız olduğunuzu sübut etmək üçün kabusa, xəstə qadının pozulmuş təsəvvürünə üstün gəlmək üçün! Siz məqsədinizə nail oldunuz, çünki onun bu şübhəsi – sönməkdə olan zəkanın hərəkətsiz ideyası, bəlkə də sınıq qəlbi sizin də tərəfdar olduğunuz insan hökmünün ədalətsizliyindən olan son şikayəti idi. (Nə olsun ki, siz məni sevmisiniz?) O belə deyirdi, o sizə bunu sübut etmək istəyirdi. Sizin şöhrətpərəstliyiniz, sizin qısqanc xudbinliyiniz amansız idi. Sağ olun! İzahat lazım deyildir! Amma bilin ki, mən sizi çox yaxşı tanıyıram, bütün niyyətlərinizi yaxşı anlayıram, bunu heç vaxt unutmayın!
Mən başıma gələni güclə xatırlayaraq öz otağıma getdim. Qapının yanında Pyotr Aleksandroviçin köməkçisi Ovrov məni saxladı. O nəzakətlə təzim edib dedi:
– Mən sizinlə danışmaq istəyirdim.
Mən onun nə dediyini güclə başa düşərək, üzünə baxırdım. Nəhayət, onun yanından ötüb-keçərək cavab verdim:
– Sonraya qalsın, məni bağışlayın, xəstəyəm.
– Demək sabah, – deyə o, nə isə ikimənalı təbəssümlə vidalaşdı.
Bu bəlkə də mənə belə göründü. Bütün bunlar sanki gözlərim qarşısından ötüb-keçdi.
DƏYYUS
I
VELÇANİNOV
Yay girdi və Velçaninov heç gözləmədiyi halda Peterburqda qalmalı oldu. Onun Rusiyanın cənubuna səfəri pozulmuşdu, işin isə ucu-bucağı görünmürdü. Bu iş – malikanə çəkişməsi – getdikcə pis şəkil alırdı. Üç ay əvvəl, o çox asan və az qala, mübahisəsiz bir məsələ kimi görünürdü; lakin birdən hər şey dəyişdi. «Ümumiyyətlə, işlər getdikcə xarablaşır!» – bu cümləni Velçaninov acı bir istehza ilə öz-özünə tez-tez təkrar edirdi. O, pul əsirgəmirdi, güclü pula zirəng, yaxşı məşhur bir vəkil tutmuşdu. Lakin hövsələsizlikdən və nigarançılıqdan işə özü də qarışırdı; vəkilin bir ucdan ləğv elədiyi kağızları oxuyur, yazır, lazımi yerlərə baş çəkir, məlumatlar toplayır və güman ki, hər şeyə mane olurdu, buna görə də vəkil gileylənir və onu yaylağa qovurdu. Lakin o yaylağa getmək qərarına da gələ bilmirdi. Toz-tozanaq, bürkü və əsəbləri pozan bəyaz Peterburq gecələri – onun indi Peterburqda həzz aldığı şeylər bunlardan ibarət idi. Bu yaxınlarda kirayələdiyi mənzil Böyük teatrın həndəvərində idi, o da ürəyindən deyildi. «Heç bir işim düz gətirmir!» Pərişanlığı gündən-günə artırdı; əslinə baxsan o, pərişanlığa çoxdan tutulmuşdu.
O görüb-götürmüş, gen-bolluqla həyat sürmüş və gənclik yaşı ötmüş, otuz səkkiz, bəlkə də otuz doqquz yaşlarında bir adam idi. Özünün dediyi kimi, bu «qocalıq» onu «demək olar ki, qəfil» haqlamışdı. Ancaq özü başa düşürdü ki, o, kəmiyyət etibarilə deyil, necə deyərlər, illərin keyfiyyəti etibarilə qocalmışdır. Və əgər onda taqətsizlik başlayıbsa, bu xaricən deyil, daxiləndir. Üzdən o indi də cavan görünürdü. Hündürboylu, qıvraq, sarışın, gursaçlı bir kişi idi, bircə tükü də ağarmamışdı, sinəsinə düşən kürən saqqalı vardı. İlk nəzərdə bir az yöndəmsiz, düşkün kimi görünürdü, ancaq diqqətlə baxanda görərdin ki, bu, vaxtı ilə ən kübar ailədə tərbiyə almış və özünə əla baxmış, yaxşı qalmış bir ağadır. Sonradan kökəlmiş, kobudlaşmış olsa da hərəkət və davranışı indi də sərbəst, qıvraq və hətta gözəl idi. Hətta indi də kübar adamlar kimi, çox həyasız, sırtıq, özündən bədgüman idi, ağıllı hətta bəzən dərrakəli olmasına baxmayaraq, bədgümanlığının həddini özü də bilmirdi. Ağ-çəhrayı sifəti keçmişdə qadın üzü kimi zərif idi və qadınların diqqətini cəlb edirdi; elə indi də bəziləri ona baxanda deyirdilər: «Gör necə sağlamdır, yanaqlarından qan damır!» Lakin bu «sağlam» adam dəhşətli pərişanlığa tutulmuşdu.
İri ala gözləri on il qabaq çox cazibədar idi. Elə işıqlı, elə güləş və qayğısız gözləri vardı ki, qarşısına çıxan hər bir adamı biixtiyar cəzb edirdi. İndi, qırx yaşlarına yaxın, xırda qırışlarla əhatə olunmuş bu gözlər, işığını, gözəlliyini itirmişdi. Bu gözlərdə ədəbsiz və yorğun adama xas bir həyasızlıq, məkr, tez-tez özünü göstərən bir istehza və süstlik də əvvəllər onda olmayan yeni bir əlamət– kədər və ağrı əlaməti – boş, bir nov dalğın, lakin güclü kədər vardı. Tək olanda bu kədər özünü xüsusilə büruzə verirdi. Çox qəribə idi; cəmi iki il əvvəl həmişə deyib-gülən, gülərüz, qayğısız və çox məzəli əhvalatlar danışan bu adam indi tək-tənha qalmağı hər şeydən artıq sevirdi. O, tanışlarının çoxundan qəsdən uzaqlaşmışdı, halbuki maliyyə işlərinin tamamilə pozulmasına baxmayaraq, hətta indi də onlardan uzaqlaşmaya bilərdi. Doğrudur, bu işdə şöhrətpərəstliyin də rolu olmuşdu; onun kimi şöhrətpərəst, vasvası adam əvvəlki dost-aşnaları ilə yola gedə bilməzdi. Lakin tənhalıqda şöhrətpərəstliyi də yavaş-yavaş dəyişirdi. Bu şöhrətpərəstlik nəinki azalmış, əksinə artmışdı, indi başqa sayaq şöhrətpərəstliyə, əvvəllər onda olmayan bir şöhrətpərəstliyə çevrilmişdi; o bəzən əvvəllər baş verən adi səbəblər üzündən deyil, tamamilə başqa, gözlənilməz və əvvəllər heç ağlına gəlməyən səbəblərdən, bu vaxtacan olan səbəblərdən «daha ali» səbəblər üzündən iztirab çəkməyə başlayırdı. «Əgər təbir cayizsə, əgər həqiqətən ali və kiçik səbəblər varsa»… Bu sözləri o özü əlavə edirdi.
Bəli, o bu dərəcəyə çatmışdı; indi o əvvəllər heç ağlına gəlməyən ali səbəblərlə çırpışırdı. O özlüyündə heç cür rişxənd edə bilmədiyi bütün səbəbləri (özü təəccüb eləsə də), öz xəyalında və vicdanən ali səbəblər adlandırırdı. Belə rişxənd etmə halları indiyədək onda özünü göstərməmişdi, əlbəttə, öz-özlüyündə, cəmiyyətdə isə başqa məsələ! O yaxşı bilirdi ki, vəziyyət dəyişən kimi, elə ertəsi gün, öz vicdanının əsrarəngiz və alicənab qərarına baxmayaraq, bütün bu «ali səbəblərdən» uzaqlaşar və onlara birinci özü, əlbəttə, heç bir şeyi etiraf etmədən, rişxənd edərdi. Bu vaxtadək onu bürüyən «kiçik səbəblərdən» bir qədər, hətta xeyli fikir müstəqilliyi qoparmasına baxmayaraq, bu, həqiqətən belə idi. Neçə dəfələrlə o, səhərlər yatağından qalxarkən, yuxusuz gecə ərzində keçirdiyi hisslərdən və ağlına gələn fikirlərdən xəcalət çəkmişdi. (O, son vaxtlar yaman yuxusuzluğa tutulmuşdu.) Çoxdan hiss etmişdi ki, hər şeydə, mühüm məsələlərdə də, xırda məsələlərdə də getdikcə həddindən artıq vasvası olur, buna görə də özünə mümkün qədər az inanmaq qərarına gəlmək istəyirdi. Lakin bəzən elə işlər olurdu ki, onu mövcud hadisə kimi etiraf etməmək mümkün deyildi. Son zamanlar bəzən gecələr onun fikir və duyğuları həmişəkinə nisbətən, demək olar ki, tamam dəyişirdi və çox vaxt günün birinci yarısında başına gələn fikirlərə qətiyyən oxşamırdı. Bu onu dəhşətə gətirirdi, o hətta tanımadığı məşhur bir həkimlə də bu barədə məsləhətləşmişdi. Əlbəttə, onunla söhbətə zarafatyana başlamışdı. Cavab almışdı ki, gecələr yuxusuzluq zamanı, ümumiyyətlə, gecələr fikir və hisslərin dəyişməsi və hətta haçalanması «çox fikirləşən və çox hiss edən» insanlar arasında ümumi haldır ki, bütün həyat inamı bəzən qəflətən gecənin və yuxusuzluğun malxulyası təsiri altında dəyişir; birdən heç bir səbəb olmadan qəti qərarlar alınır; əlbəttə, müəyyən ölçü daxilində. Və əgər insan özündə bu haçalanmanı həddindən artıq hiss edirsə, bu onu iztiraba aparıb çıxarır və şübhə yoxdur ki, bu xəstəliyin başlanması əlamətidir. Deməli, təcili tədbir görülməlidir. Hər şeydən yaxşısı budur ki, həyat tərzini kökündən dəyişəsən, pəhrizini dəyişəsən, ya da hətta səyahətə çıxasan. Qarın işlətmə dərmanı da xeyirlidir.
Velçaninov daha həkimin söhbətinin gerisinə qulaq asmadı; lakin xəstəliyi ona sübut olunmuşdu.
O hərdən öz-özünə acı-acı söylənirdi: «Bütün bunlar ancaq xəstəlikdir, bütün bunlar «ali» bir xəstəlikdir, vəssalam!» Ancaq o bu fikirlə razılaşmaq istəmirdi.
Çox keçmədi ki, yalnız gecələr baş verənlər səhərlər də təkrar olunmağa başladı, ancaq gecəyə nisbətən daha ağır, peşmançılıq əvəzinə qəzəblə, riqqət əvəzinə istehza ilə təkrar olunurdu. Mahiyyət etibarilə bütün bunlar «qəflətən və allah bilir, nə üçünsə» onun keçmiş, çoxdan ötüb-keçmiş həyatından xüsusi bir tərzdə tez-tez yadına düşən macəralar idi. Misal üçün, Velçaninov artıq çoxdan yaddaşının korlanmasından şikayətlənirdi; o tanış adamların sifətlərini unudurdu, küçədə rast gələndə bu adamlar inciyirdilər. Yarım il qabaq oxuduğu bir kitab bu müddətdə tamam yadından çıxmışdı. Sonra nə olsa yaxşıdır? Yaddaşının hər gün belə açıqdan-açığa xarablaşmasına baxmayaraq, (bu, onu çox narahat edirdi) çoxdan olub-keçmiş, on-on beş il müddətində-unudulub getmiş bütün hadisələr bəzən birdən yadına düşürdü, özü də elə dəqiq təəssürat və təfərrüatla düşürdü ki, sanki onları yenidən yaşayırdı. Yadına düşmüş faktlardan bəziləri elə unudulmuşdu ki, onları xatırlaya bilməsi Velçaninova möcüzə kimi görünürdü. Ancaq bu hələ hamısı deyildi: axı firavan yaşamış adamlardan kimin xatirələri olmamışdır? Lakin məsələ orasında idi ki, bütün bu xatırlanan hadisələr indi elə bil birisi tərəfindən hazırlanmış, tamamilə yeni, gözlənilməz və əvvəllər ağıla gəlməyən şəkildə geri qayıdırdı. Nə üçün bəzi xatirələr indi ona cinayət kimi görünürdü? Həm də məsələ yalnız onun ağlının hökmlərində deyildi; dumanlı və xəstə ağlına inanmaya da bilərdi, lakin bəzən vəziyyəti zahirən olmasa da daxilən elə dəhşətli dərəcəyə çatırdı ki, az qalırdı ağlasın. Onun bir vaxt ağlayacağını iki il qabaq söyləyən olsaydı, o buna inanmazdı. Əvvəlcə onun yadına hissi hadisələr deyil, acı hadisələr düşürdü; kübar cəmiyyətdəki bəzi uğursuzluqlarını, təhqirləri xatırlayırdı; məsələn, «bir araqarışdıranın ona necə böhtan atması», (bunun nəticəsində də onu bir evdə daha qəbul etməmişdilər) ya da məsələn, elə bu yaxınlarda camaatın yanında bərk təhqir olunmasını, lakin həmin adamı duelə çağırmamasını xatırlayırdı. Bir dəfə də gözəl qadınların yanında onu kəskin bir həcvlə yerində oturtmuşdular, o isə heç cavab verə bilməmişdi. Hətta qaytarmamış olduğu iki-üç borcu da yadına düşürdü, doğrudur, bunlar boş şeylərdi, ancaq arada qeyrət məsələsi vardı, həm də o adamlara borclu idi ki, onlardan uzaqlaşmışdı, onların haqqında artıq pis fikirdə idi. Səfeh-səfeh xərcləyib puç etdiyi iki məbləği xatırlaması da (ancaq ən qəzəbli dəqiqələrdə) ona əzab verirdi. Bu məbləğlərin hər birisi xeyli miqdarda idi. Lakin tezliklə «ali» məsələləri də xatırlamağa başladı.
Məsələn, birdən «heç nədən», unutduğu, tamamilə unutduğu xeyirxah, çalsaçlı, gülünc, qoca məmuru xatırlayırdı. Bu qocanı o vaxtı ilə, lap çoxdan, camaat qarşısında günahsız yerə, yalnız öz lovğalığı üzündən, təhqir eləmişdi; ancaq ona görə ki, gülməli və müvəffəqiyyətli bir lətifə boşa çıxmasın və sonra adamlar onun haqqında danışsınlar, o şöhrətlənsin. Bu hadisənin nə şəraitdə baş verdiyini bütün aydınlığı ilə dərhal xatırladığı halda, hadisə o dərəcədə yadından çıxmışdı ki, qocanın familiyasını da heç cür xatırlaya bilmirdi. Aydın xatırlayırdı ki, qoca o zaman onunla birlikdə yaşayan və şəhərdə haqqında cürbəcür şayiələr gəzən bakirə qızını müdafiəyə qalxmışdı. Qoca cavab vermək, qəzəblənmək istəyirdi, ancaq birdən bütün camaatın qarşısında hönkürtü ilə ağladı və hətta bəzi təsir də bağışladı. Məsələ onunla qurtardı ki, gülmək üçün qocaya çoxlu şampanski içirtdilər və onu ələ salıb gülməyə başladılar. İndi Velçaninov qocanın körpə uşaq kimi üzünü tutaraq, necə hıçqırdığını «heç nədən» xatırlarkən, ona elə gəldi ki, bu əhvalatı heç zaman unutmamışdır. Özü də qəribədir: o zaman ona bütün bunların hamısı çox gülməli görünmüşdü, indi isə əksinə, ona məhz təfərrüat, qocanın əlləri ilə üzünü örtməsi gülünc gəlirdi… Sonra, yalnız zarafat xatirinə, bir məktəb müəlliminin qəşəng arvadına necə qara yaxdığını xatırladı. Böhtan qadının ərinə çatmışdı. Velçaninov tezliklə çıxıb bu şəhərdən getdi və böhtanının nə ilə nəticələndiyini bilmədi. İndi isə bunun nə ilə nəticələnəcəyini təsəvvür etməyə başladı. Və əgər daha yaxın olan bir hadisəni, bir qız əhvalatını xatırlamasaydı, allah bilir xəyalı haralara gedib çıxacaqdı; bu sadə meşşan qızlardan biri idi, qız əslində Velçaninovun heç xoşuna gəlmirdi, ancaq açığı, qızla günaha batmış və qızdan qeyri-qanuni uşağı olmuşdu, sonra qızla vidalaşmadan (doğrusu, vaxtı olmamışdı), onu uşağı ilə birlikdə atıb Peterburqdan getmişdi. Bu qızı o sonralar düz bir il axtardı, lakin heç cür tapa bilmədi. Belə xatirələr az qala yüzdən çox idi, həm də elə bil, xatirələr bir-birini çəkib gətirirdi. Yavaş-yavaş onun şöhrətpərəstliyi də iztiraba çevrildi.
Biz əvvəldə demişdik ki, onun şöhrətpərəstliyi qəribə tərzdə dəyişirdi. Bu haqlı söz idi. O bəzən (az-az hallarda) özünü elə unudurdu ki, ekipajının olmamasından, idarələrə piyada getməsindən, üst-başının səliqəsizliyindən də xəcalət çəkmirdi, küçədə köhnə tanışlarından birisi onu istehzalı baxışlarla süzəndə, yaxud onu görməməzliyə qoyanda, özünü sındırmır, üz-gözünü turşutmurdu. Yalnız əda üçün deyil, əslində üz-gözünü doğrudan da turşutmurdu. Əlbəttə, belə hallar az-az olurdu, bu yalnız özünü unudanda, əsəbiləşəndə olurdu. Lakin hər halda onun şöhrətpərəstliyi yavaş-yavaş dəyişir və müttəsil onun ağlına gələn bir məsələ ətrafında cəmləşirdi.
Bəzən satirik düşünməyə başlayırdı (o demək olar ki, həmişə özü barədə satirik düşünürdü). «Axı, orada kimsə mənim mənəviyyatımın islah edilməsi haqqında düşünür və bu məlun xatirələri və «peşmançılıq göz yaşlarını» mənə göndərir. Qoy olsun, ancaq əbəs yerə! Axı, güllələrin hamısı boşdur! Axı mən yəqin, yəqindən də artıq bilmirəm ki, bütün bu peşmançılıq göz yaşlarına və öz-özünü ittihama, səfeh-səfeh qırx il ömür sürməyimə baxmayaraq, məndə zərrə qədər müstəqillik olmamışdır. Əgər sabah da belə bir fürsət düşsə, məsələn, vəziyyət yenə elə gətirsə, müəllim arvadının məndən mükafat alması barədə şayiə yaymaq mənim üçün əlverişli olsa, mən yəqin ki, bu şayiəni yayardım, heç uf da deməzdim, birinci dəfəkindən daha pis, daha murdarcasına şayiə yayardım, çünki bu dəfə artıq birinci dəfə deyil, ikinci dəfə olacaqdı. Əgər anasının yeganə oğlu olan və on bir il qabaq ayağından yaraladığım knyaz balası məni yenə təhqir etsəydi, dərhal onu çağırıb, divara dirərdim. Ancaq güllələr boş deyilmi, nə mənası var! Və bunları niyə xatırlayım ki, azca da olsa özümü ləyaqətlə apara bilmirəm!»
Müəllim arvadı əhvalatı təzədən təkrar olmasa da, heç kəsi divara dirəməsə də, fürsət düşsə, bunun mütləq təkrar oluna biləcəyi fikri bəzən onu demək olar ki, məhv edirdi… Axı, doğrudan da həmişə xatirələrlə əzab çəkmək olmaz ki, tənəffüslərdə istirahət etmək və gəzib-dolaşmaq lazımdır.
Velçaninov belə də edirdi: o, tənəffüs zamanı gəzib-dolaşmağa hazır idi; ancaq bununla belə Peterburqda onun güzəranı getdikcə pisləşirdi. Artıq iyul yaxınlaşırdı. Bəzən ürəklənib qət eləyirdi ki, hər şeyi, lap məhkəmə çəkişməsini də atıb, arxasına baxmadan bir yerə, birdən, gözlənilmədən, misal üçün, lap Krıma çıxıb getsin. Lakin adəti üzrə, bir saatdan sonra artıq o öz fikrinə nifrət edir və ona gülürdü: «Bu axmaq fikirlər heç cənubda da məndən uzaqlaşan deyil, bir halda ki, bu fikirlər başlayıb, əgər mən heç olmasa bir az ləyaqətli adamamsa, onlardan qaçmağın mənası yoxdur və qaçmaq lazım deyil».
«Niyə də qaçım, – deyə o, dərd əlindən filosofluq edirdi, – bura tozlu-tozanaqlı, bürküdür, bu evdə hər şey çirklidir; veylləndiyim bu divanxanalarda, bütün bu işgüzar adamların arasında nə qədər mənasız vurnuxmalar, nə qədər qayğı qələbəliyi vardır, bütün bu camaatda, səhərdən axşamadək gördüyüm bu sifətlərdə, onların bütün xudbinliyi, onların sadəlövh həyasızlığı, qorxaqlığı, sərçə ürəkliyi sadəlövhcəsinə, açıqdan-açığa oxunur, doğrusu, bura ipoxondrik üçün cənnətdir! Hər şey açıq, hər şey aydındır, heç kim ağalarımızın yaylaqlarında, yaxud əcnəbi ölkələrin sularında olduğu kimi, gizlənməyi lazım bilmir, deməli, hamı təkcə açıq-saçıqlıq və sadəlik üçün böyük hörmətə layiqdir… Heç yerə getməyəcəyəm! Burada ölərəm, ancaq heç yerə getmərəm!..»
II
ŞLYAPASI KREPLİ CƏNAB
İyulun üçü idi. Bürkü və istiyə dözmək mümkün deyildi. Bu gün Velçaninov həmişəkindən çox yorulmuşdu: səhər tezdən ora-bura baş çəkmişdi, bu gün axşam isə o, lazımlı bir cənabı, əlindən iş gələn bir adamı, mülki müşaviri harada isə Qara çayın kənarında, öz bağında qəfil yaxalamalı idi. Saat altıda nəhayət, Velçaninov Neva prospektində Polis körpüsünün yanında bir restorana (çox şübhəli restorandı, amma fransız restoranı idi) gəldi. Həmişə oturduğu küncdə, öz stolunun arxasında əyləşib, hər gün yediyi yeməyi sifariş elədi.
O hər gün bir manatlıq yemək yeyirdi, şərabın pulunu isə ayrıca verirdi, bunu o öz pozulmuş işlərinə düşüncəli surətdə verdiyi qurban hesab edirdi. O təccüblənirdi ki, bu cür zibili necə yemək olar, ancaq onu son tikəsinədək, özü də elə iştahla ötürürdü ki, sanki üç gündü dilinə heç bir şey vurmamışdı. Bəzən necə iştahla yediyini fikirləşəndə öz-özünə mızıldanırdı: «Bu nə isə xəstəlikdir». Bu dəfə isə çox pis bir əhvali-ruhiyyədə oturmuşdu, şlyapasını hirslə bir tərəfə tullayaraq, stola dirsəkləndi və fikrə getdi. Onunla yanaşı oturub, xörək yeyən qonşusu söhbətə başlasaydı, ya da ona xidmət edən oğlan onu ilk sözündən başa düşməsəydi, bu nəzakətli olmağı bacaran, lazım gəldikdə özünü çox təmkinli aparan adam, indi yəqin ki, yunker kimi hay-küy qaldırıb, biabırçılıq eləyərdi.
Ona şorba gətirdilər, qaşığı əlinə aldı, lakin elə xörəyə tərəf aparmaq istəyirdi ki, birdən yerə tulladı və az qaldı ki, özü də sıçrayıb stuldan qalxsın. Onun ağlına qəflətən gözlənilməz bir fikir gəldi: bu anda, allah bilir hansı yollasa, kədərinin, xüsusi kədərinin, onu artıq bir neçə gün dalbadal əzaba salan, onu, allah bilir, necə çulğamış və heç cür yaxasından əl çəkməyən kədərinin səbəbini aydın başa düşdü. İndi hər şeyi dərhal gördü və başa düşdü. Vəcdə gəlmiş kimi mızıldadı:
– Hər şeyə bais bu şlyapadır! Hər şeyə bais yalnız, matəm krepi bağlanmış bu girdə, sovxaya qalmış şlyapadır!
O düşünməyə başladı, ancaq düşündükcə qəmginləşir və «bütün əhvalat» gözündə çox qəribə şəkil alırdı.
«Lakin… axı burada nə əhvalat var? – deyə inamsızlıqla özü-özünə etiraz etmək istədi. – Burada əhvalata oxşar bir şey varmı?»
Bütün məsələ bundan ibarət idi: iki həftə əvvəl, dürüst yadında deyildi, ancaq deyəsən, iki həftə olardı, küçədə, Podyaçeskaya və Meşşanskaya küçələrinin tinində o, şlyapası krepli bir cənab görmüşdü. Bu cənab başqaları kimi adi bir adamdı və heç nəyi ilə başqalarından fərqlənmirdi, çox yeyin gedirdi, lakin o Velçaninova diqqətlə baxdı və nədənsə dərhal onun nəzərini möhkəm cəlb etdi. Hər halda onun sifəti Velçaninova tanış gəldi. Yəqin onu bir vaxt harada isə görmüşdü. «Ancaq həyatda mən minlərcə adama rast gəlmişəm, hamısını yadımda saxlaya bilərəmmi!» İyirmi addım aralansa da, ona elə gəldi ki, ilk təəssürata baxmayaraq, bu adamı unudur. Lakin təəssürat bütün günü yadında qaldı və özü də çox orijinal şəkildə, səbəbsiz, xüsusi bir qəzəb şəklində. İndi, iki həftə keçəndən sonra, bütün bunları aydın xatırlayırdı; onu da xatırlayırdı ki, o zaman qətiyyən bilmirdi ki, qəzəbinin səbəbi nədir, hətta dərəcədə bilmirdi ki, özünün iyrənc əhvali-ruhiyyəsini o axşam bir dəfə də olsun səhərki görüşlə bağlaya, uyuşdura bilmirdi. Lakin ertəsi gün cənab öz-özünü xatırlatdı. O, Nevski prospektində Velçaninovla yenə üz-üzə gəldi və yenə onu qəribə tərzdə süzdü. Velçaninov tüpürdü və həmin dəqiqə tüpürməyinə təəccübləndi. Doğrudur, elə insanlar var ki, adamda dərhal səbəbsiz və məqsədsiz nifrət oyadır. O, görüşdən yarım saat sonra fikirli-fikirli mızıldandı: «Bəli, mən onu doğrudan harada isə görmüşəm». Sonra bütün axşamı yenə pis əhvali-ruhiyyədə oldu, hətta gecə pis yuxu gördü, ancaq yenə ağlına gəlmədi ki, bu yeni və xüsusi kədərin səbəbi yalnız bir az əvvəl gördüyü yaslı cənabdır, halbuki həmin axşam onu bir neçə dəfə xatırlamışdı. Hətta qəzəblənmişdi ki, «belə zibilin» biri uzun müddət onun xatirəsindən çıxmır, ancaq yenə də bütün həyəcanlarını onun ayağına yazmaq ağlına gəlsəydi, bunu özü üçün təhqir hesab edərdi. İki gün sonra yenə görüşdülər, izdihamın içində, Neva gəmilərinin birindən düşəndə. Bu üçüncü dəfə Velçaninov and içə bilərdi ki, matəm şlyapalı bu cənab onu tanıdı və onu sıxışdıran, yolunu kəsən camaatın arasından ona tərəf can atırdı, deyəsən, hətta «cəsarət eləyib» əlini də ona tərəf uzatdı, bəlkə çığırıb, onu çağırdı da.. Doğrudur, Velçaninov çağrıldığını aydın eşitməmişdi, ancaq… «axı, bu cüvəllağı kimdir, əgər məni doğrudan da tanıyırsa və mənə yaxınlaşmaq istəyirsə, nə üçün yaxınlaşmır?» – deyə qəzəblə düşündü və faytona minərək, Smolnı, monastırına yola düşdü. Yarım saatdan sonra o, vəkili ilə çığıra-çığıra mübahisə edirdi, axşam və gecə isə yenə çox pis və fantastik bir kədərə qapıldı. O, aynaya baxa-baxa vasvasılıqla öz-özündən soruşdu: «Bəlkə ödüm dağılır?»
Bu, üçüncü görüş idi. Sonra beş gün «heç kim» gəlmədi. «Cüvəllağını» görmədi. Ancaq yenə də şlyapası krepli cənabı hərdənbir xatırlayırdı. Velçanniov təəccüblə öz-özünə deyirdi: «Onu görəndə ürəyim bulanır, nədir? hm!.. Görünur, onun da Peterburqda çoxlu işləri var, görəsən, kimə yas saxlayır? Görünür, o məni tanıyıb, amma mən onu tanıya bilmirəm. Bu adamlar nə üçün krep bağlayırlar? Onlara heç yaraşmır… Mənə elə gəlir ki, ona yaxından baxsam, tanıyaram…»
Onun xatirində, deyəsən tanış, lakin birdən nə üçünsə – unudulmuş və bütün qüvvəsi ilə xatırlamağa çalışdığı bir söz hərəkətə gəlməyə başladı; adam bu sözü çox yaxşı bilir və onu bildiyini də bilir; bilir ki, bu söz nə ifadə edir, o sözün yan-yörəsində hərlənir ancaq başını nə qədər sındırırsa, heç cür xatırlaya bilmir!
«Bu əhvalat… Çoxdan olmuşdu… harada isə olmuşdu… Orada… orada… – sovxaya qalsın, hamısı!.. – Birdən o, qəzəblə çığırdı – bu Cüvəllağı haqqında bu qədər fikirləşməyə, alçalmağa dəyərmi!..» O bərk hirsləndi: axşam isə bir az əvvəl hirsləndiyini, həm də «bərk hirsləndiyini» xatırlayanda çox dilxor oldu. Elə bil bir pis iş üstündə yaxalanmışdı. Pərt olub təəccübləndi:
«Yəqin bu hirslənməyimin bir səbəbi var… səbəbsiz-filansız təkcə xatırlamaqla…» – O, fikrini tamamlaya bilmədi.
Ertəsi gün daha bərk qəzəbləndi, lakin bu dəfə ona elə gəldi ki, qəzəblənməyinə bir səbəb var və o haqlıdır: «Bu həddindən artıq həyasızlıqdır» məsələ burasında idi ki, onlar dördüncü dəfə görüşmüşdülər. Krepli cənab yenə, elə-bil birdən-birə yerdən çıxmışdı. Velçaninov ona lazım olan həmin mülki müşaviri indicə küçədə yaxalamışdı. Onu heç olmasa bağında qəfil tutmaq istəyirdi, çünki Velçaninovun az tanıdığı , lakin işindən ötrü ona lazım olan bu cənab ələ keçmirdi, gizlənir, bütün qüvvəsi ilə çalışırdı ki, Velçaninov ilə görüşməsin. Velçaninov axır ki, onunla rastlaşdığına sevinərək, tələsik onunla yanaşı addımlaya-addımlaya diqqətlə gözlərinə baxır və bütün qüvvəsini toplayaraq, bu qoca kələkbazı söhbətə çəkmək istəyirdi ki, bəlkə ondan söhbət zamanı istədiyi və çoxdan gözlədiyi bir sözü birtəhər qopara bilsin. Lakin qoca kələkbazın ağılı başında idi, o gülümsəyir və susurdu. İşin bu çətin yerində Velçaninov o biri səkidə şlyapası krepli cənabı gördü. O durub, oradan diqqətlə onların hər ikisini süzürdü. Bu adam onları güdürdü, bu lap aydın sezilirdi, hətta deyəsən, gülümsəyirdi də.
Lənətə gələsən! – Velçaninov məmuru yola salıb, özünün bütün uğursuzluğunu bu «sırtığın» qabağına çıxması ilə izah etdi, – lənətə gələsən, o məni güdür, nədir? Görünür, məni güdür! Bəlkə məni güddürürlər?.. Allaha and olsun ki, güdür: vallah onun qol-qabırğasını sındıracağam… Ancaq heyf ki, əsasız gəzirəm! Əsa alacağam! Bu işi belə qoymaram! O kimdir, axı? Mən onun kim olduğunu mütləq öyrənmək istəyirəm!»
Nəhayət, bu dördüncü görüşdən düz üç gün sonra, biz Velçaninovu çox həyəcanlanmış, hətta azca karıxmış halda məğrur olmasına baxmayaraq, bunu o özü də etiraf etməyə bilməzdi, təsvir etdiyimiz restoranda görürük. O, vəziyyəti götür-qoy eləyib, nəhayət, belə qət etməyə məcbur oldu ki, bütün xiffətinin, bütün bu xüsusi kədərinin və düz iki həftə həyəcanlanmasının səbəbi, «miskinliyinə baxmayaraq» həmin bu yaslı cənabdır.
«Tutaq ki, mən ipoxondrik olmuşam, – deyə Velçaninov düşünürdü, – ona görə də milçəyi fil eləyirəm, lakin bütün bunların bəlkə də yalnız fantaziya olduğunu fikirləşməklə mən rahatlıq tapa bilərəmmi? Əgər hər bir belə fırıldaqçı adamı yerindən oynatmağa qabildirsə, axı bu… axı bu…»
Doğrudan da Velçaninovu belə təşvişə salan bugünkü (beşinci) görüşdə fil, demək olar ki, milçək olmuşdu, bu cənab əvvəlki kimi onun yanından sovuşub keçdi, lakin bu dəfə daha Velçaninova baxmadı və guya onu tanıdığını əvvəlki kimi büruzə vermədi, əksinə, başını aşağı dikdi, sanki istəmirdi ki, onun üzünü görsünlər. Velçaninov geri qanrıldı və bərkdən çığırdı.
– Ey, şlyapası krepli! İndi gizlənirsiniz? Dayanın, siz kimsiniz?
Sual (və çığırtı) mənasızdı, lakin Velçaninov bunu, çığırandan sonra başa düşdü. Cənab səsə çevrildi, bir dəqiqəliyə durdu, özünü itirdi, gülümsədi, nə isə demək, bir şey etmək istədi. – Görünür, bir dəqiqəliyə dəhşətli qətiyyətsizlik içində qalmışdı. – Və birdən çönüb dalına baxmadan qaçmağa başladı. Velçaninov təəccüblə onun arxasınca baxdı.
Öz-özünə fikirləşdi: «Bəlkə doğrudan da o mənə deyil, əksinə, mən ona dolaşıram, bəlkə iş bu yerdədir?»
Xörəyini yeyib, tez bağa, məmurun yanına yola düşdü. Məmuru evdə tapmadı: ona cavab verdilər ki, «səhərdən gəlməyib, çətin ki, bu gün gecə saat üçdən, yaxud dörddən qabaq gəlsin, çünki şəhərdə ad günündə olacaqdır». Bu ona elə «ağır gəldi ki», əvvəla qəzəblənib ad gününə getmək istədi və hətta doğrudan da yola düşdü; lakin yolda ağ elədiyini düşünüb, faytonu buraxdı və evinə, Böyük teatradək piyada gəldi. O, gəzintiyə ehtiyac hiss edirdi. Yerindən oynamış əsəblərini sakitləşdirmək üçün, necə olursa-olsun, yuxusuzluğa mübtəla olsa da yatmalı idi: yatmaq üçün isə, heç olmasa yorulmalı idi. Beləliklə o, evinə on birin yarısında çatdı, çünki xeyli yol idi və doğrudan da çox yorulmuşdu.
Mart ayında kirayələdiyi bu mənzili bəyənməsə də, pisləsə də, öz-özündən üzr istəyərək, «hər şeyin səfər üstə olduğunu» söyləsə də və bu «lənətə gəlmiş məhkəmə çəkişməsi üzündən» təsadüfən Peterburqda «ilişib qalmasından» şikayətlənsə də, mənzili o qədər də pis, səliqəsiz deyildi. Giriş doğrudan da bir az qaranlıq idi və darvazanın ağzı «zibillənmişdi». Lakin mənzilin özü ikinci mərtəbədə iki böyük, işıqlı və hündür otaqdan ibarət idi, otaqları bir-birindən qaranlıq dəhliz ayırırdı; beləliklə, biri küçəyə, o biri isə həyətə baxırdı. Pəncərələri həyətə açılan otağın böyründə kiçik bir kabinet vardı ki, yataq otağı üçün nəzərdə tutulmuşdu. Burada Velçaninovun kitab və kağızları səliqəsiz halda yerə səpələnmişdi, özü isə pəncərələri küçəyə açılan böyük otaqda yatırdı. Yerini divanın üstündə salırdılar. Mebeli köhnə olsa da yaxşı idi. Bundan başqa, mənzilində bəzi qiymətli şeylər də vardı; bunlar kübar həyatının nişanələri idi: çini və bürünc oyuncaqlar, iri əsl Buxara xalıları, hətta iki babat şəkil də vardı. Ancaq hamısı səliqəsizdi, öz yerində deyildi, toz basmışdı. Xidmətçi qız Pelageya onu tək qoyub Novoqoroda, qohumlarına baş çəkməyə gedəndən sonra ev bu kökə düşmüşdü. Hələ də centlmenlik iddiasında olan subay və kübar bir adamın yanında tək bir qızın qalması kimi qəribə bir fakt Velçaninovu, demək olar ki, qızarmağa məcbur edirdi, amma o, Pelageyadan çox razı idi. O, bu qızı baharda, həmin mənzili tutduğu vaxt, xaricə gedən tanış, ailəli bir adamın evindən gətirmiş və qız mənzildə sahman yaratmışdı.
Lakin Pelageya gedəndən sonra o, başqa xidmətçi qadın tutmamışdı. Qısa müddətdə nökər tutmağa da dəyməzdi, bir də o, nökər saxlamağı sevmirdi. Beləliklə, onun otaqlarını hər səhər süpürgəçinin bacısı Mavra təmizləyirdi. Velçaninov həyətdən çıxanda açarı ona verirdi. O isə pulu alıb heç bir iş görmürdü və deyəsən, oğurluq da eləyirdi. Velçaninov hər şeyə göz yumurdu və hətta indi evdə tamam yalqız qalmasından razı idi. Lakin hər şeyin bir ölçüsü vardı, bəzən əsəbilik dəqiqələrində onun əsəbləri bu «alçaqlığa» tab gətirmir və evə qayıdarkən, demək olar ki, hər dəfə içəri iyrənə-iyrənə girirdi.
Lakin bu dəfə soyunan kimi, çarpayıya yıxıldı və əsəbi halda qət etdi ki, heç bir şey barədə düşünməsin və necə olursa-olsun «o dəqiqə» yuxuya getsin. Qəribə orasıdır ki, başı yastığa dəyən kimi, dərhal yuxuya getdi. Bir ay olardı ki, o belə yuxuya getməmişdi.
0, üç saatdan sonra yuxudan təlaş içində ayıldı; qızdır-malı adamlar kimi qəribə yuxular görmüşdü; guya o nə isə bir cinayət iş tutmuşdu və bunu gizlədirdi; haradansa gəlmiş adamlar isə içəri doluşub ağız-ağıza verib, onu ittiham edirdilər. Başına xeyli adam toplaşmışdı, ancaq yenə də gəlirdilər, ona görə qapı bağlanmırdı, taybatay açıq idi. Lakin onun bütün diqqəti axırı qəribə bir adama yönəldi; bu adamı o tanıyırdı və vaxtında ona çox yaxın olmuşdu, o ölmüşdü, ancaq indi nədənsə o da yanına gəlmişdi. Ən əzablı cəhət orası idi ki, Velçaninov bu adamın kim olduğunu bilmirdi, adını yaddan çıxarmışdı və heç cür xatırlaya bilmirdi, ancaq onu bilirdi ki, bu adamı bir vaxt çox sevirdi. İçəri girən başqa adamlar da sanki bu adamın həlledici sözünü gözləyirdilər; Velçaninov ya müqəssir edilməli, ya da bəraət qazanmalı idi, ona görə hamı intizarda idi. Ancaq o stolun arxasında hərəkətsiz oturub, susur və danışmaq istəmirdi. Səs-küy kəsilmir, əsəbilik daha da artırdı, dinmədiyi üçün Velçaninov birdən qeyzlə ona bir yumruq endirdi və bu ona ləzzət verdi. Bu hərəkətindən ürəyi dəhşət və iztirab içində dondu, lakin ona ləzzət verən də elə bu iztirab idi. Ağlını itirmək dərəcəsinə çatan, lakin qəzəb və qorxudan məst olmuş halda, o qeyzlə ikinci və üçüncü zərbəni endirdi. O indi daha zərbələrini saymırdı, əlini saxlamadan vururdu. Bütün bu şeyləri dağıtmaq istəyirdi. Birdən nə isə oldu: hamı dəhşət içində çığırışıb, qapıya tərəf döndü və nə isə gözləməyə başladı, elə bu an üç dəfə bərkdən zəng səsi eşidildi, bu səs elə güclü idi ki, sanki zəngi yerindən qopartmaq istəyirdilər. Velçaninov bir an içində yuxudan ayıldı, ildırım sürəti ilə yatağından qalxıb, qapıya cumdu. O tamamilə əmindi ki, zəngin səsini yuxuda eşitməmişdi, bu dəqiqə kim isə doğrudan da çalmışdı. «Belə aydın, həqiqi, təsirli səsi yuxuda eşitmişəmsə, bu həddindən artıq qeyri-təbii haldır!»
Lakin çox təəccüblü olsa da, zəng səsini yuxuda eşitmişdi. Qapını açdı, dəhlizə çıxdı, hətta pilləkənlərin üstünə də baxdı, heç kəs yox idi. Zəng də hərəkətsiz halda yerindən asılıb dururdu. O heyrət içində, həm də sevinc hissi ilə otağa qayıtdı. Şamı yandırarkən xatırladı ki, qapının cəftəsi vurulmamış qalıb, açarla bağlanmayıb, ancaq örtülü imiş. O qabaqlar da evə qayıdarkən, gecə qapını bağlamağı tez-tez yadından çıxarırdı, buna əhəmiyyət verməzdi. Bundan ötrü Pelageya onu bir neçə dəfə məzəmmət etmişdi. O, qapını bağlamaq üçün dəhlizə qayıtdı və bir də açdı, dəhlizə baxdı, sonra cəftəni vurdu, açarla bağlamağa isə tənbəllik etdi. Saat üçün yarısını vurdu. Demək, o, üç saat yatmışdı.
«Yuxu onu elə həyəcanlandırmışdı ki, dərhal uzanmaq istəmədi, yarım saat otaqda gəzişmək qərarına gəldi, «siqar çəkmək vaxtıdır». Tez geyinib, pəncərəyə yaxınlaşdı, qalın pərdəni, sonra da ağ nazik pərdəni açdı. Bayır artıq tamam işıqlaşmışdı. Peterburqun aydın yay gecələri onun əsəblərini həmişə təxərrüşə gətirirdi və son zamanlar onun yuxusuzluğunu daha da artırmışdı. Buna görə iki həftə əvvəl bu qalın pərdələri almışdı ki, onları aşağı salanda içəri işıq düşməsin. Otaq işıqlanandan sonra o şamı söndürməyi yadından çıxardıb, hələ də nə isə ağır və xəstə bir hisslə otaqda gərdiş etməyə başladı. Yuxunun təsiri hələ getməmişdi. O adama əl qaldıra bilməsi və onu vurması ilə çəkdiyi əzab hələ də davam edirdi.
– Axı, belə adam yoxdur və heç zaman olmayıb, hamısı yuxudur, nə üçün özümü üzürəm?
Sanki bütün qayğılarının cəmləşdiyi bir qeyzlə fikirləşdi ki, o, qəti xəstədir, «xəstə adamdır».
Qocaldığını, ya da zəiflədiyini etiraf etmək ona həmişə ağır gəlirdi və özünü cinlətmək üçün ağır dəqiqələrdə qəzəblə qocaldığını və zəiflədiyini qəsdən şişirdirdi.
– Qocalıq! Lap qocalmışam – deyə gəzişə-gəzişə mızıldandı – huşum azıb, məni qara basır, yuxu görürəm, qulağıma zəng səsi gəlir… Lənətə gələsən! Təcrübəmdən bilirəm ki, belə yuxular görəndə məni qızışma tutur… Mən əminəm ki, bu krepli adam «əhvalatı» da çox güman, yoxdur. Dünən ağlıma çox doğru fikir gəlib, o mənə deyil, mən, mən ona dolaşıram! Mən onun haqqında əhvalat uydurmuşam, özüm isə qorxudan stolun altına girirəm. Mən niyə ona cüvəllağı deyirəm? Bəlkə abırlı adamdır? Doğrudur, sifətində çirkin bir şey yoxdur, ancaq sifəti xoş da deyil, o da başqaları kimi geyinir. Ancaq baxışları birtəhərdir… Mən yenə də tutduğumu buraxmıram! Yenə də onun barəsində düşünürəm! Axı, onun baxışları mənim nəyimə lazımdır? Mən onsuz yaşa bilmirəm, nədir… bu yaramazsız?
Başına dolan başqa fikirlərlə yanaşı, bir fikir də ona çox əzab verirdi: o nədənsə birdən-birə belə qənaətə gəlmişdi ki, bu krepli cənabla bir vaxt dost və tanış olmuşdur, indi isə rastlaşarkən bu adam ona gülür, çünki onun nə isə bir keçmiş sirrini bilir və indi onu belə həqarətli vəziyyətdə görür. O qeyri-ixtiyari pəncərəyə yaxınlaşdı, onu açmaq və gecə havası almaq istədi; birdən bərk səksəndi: ona elə gəldi ki, gözlərinin qarşısında qeyri-adi və dəhşətli bir hadisə baş verdi.
O, pəncərəni açmağa macal tapmamış, tez küncə sıxılıb gizləndi: qarşıdakı boş səkidə, evlə üzbəüz, şlyapası krepli cənabı gördü. Cənab səkidə üzü onun pəncərələrinə tərəf durmuşdu, lakin görünür, onu sezməmişdi, maraqla, elə bil nə isə fikirləşirmiş kimi, evə tərəf baxırdı. Sanki nə isə fikirləşir və bir qərara gəlmək istəyirdi; əlini qaldırdı, elə bil barmağını alnına qoydu. Nəhayət, bir qərara gəldi: tez ətrafına nəzər saldı və pəncələri üstə oğrun-oğrun, tələsik küçəni keçməyə başladı. Elədir ki, var, onların darvazasından içəri keçdi (bu qapı yayda bəzən saat uçədək cəftələnmirdi). «O mənim yanıma gəlir» fikri ani olaraq Velçaninovun ürəyindən keçdi və birdən sürətlə elə onun kimi pəncələri üstə dəhlizə, qapıya qaçdı və dinməzcə qapının yanında durub, gözləməyə başladı; titrəyən sağ əlini ehmalca cəftənin üstünə qoyub, bütün qüvvəsini toplayaraq, pillələrdə eşidiləcək səsə qulaq kəsildi.
Ürəyi elə döyünürdü ki, pəncələri üstə gələn yad adamın ayaq səsini eşidə bilməyəcəyindən qorxurdu. Faktı başa düşmürdü, lakin hər şeyi on qat artıq hiss edirdi. Elə bil, bayaqkı yuxu həqiqətə qovuşurdu. Velçaninov təbiətən cəsarətli idi. O bəzən qorxu gözlədiyi anlarda, hətta ona heç kəs baxmadıqda yalnız öz-özünə məftunluqla cəsurluğunu göstərməyi sevirdi. Ancaq indi başqa bir şey də vardı: bayaqkı ipoxondrik və vasvası, zarıyan adam, tamam dəyişmişdi; bu tamamilə o adam deyildi. Sinəsindən əsəbi və eşidilməz bir gülüş qopurdu. Qapanmış qapının dalından o yad adamın hər bir hərəkətini duyurdu.
«Hə-ə! budur, qalxır, qalxdı, ətrafına boylanır, pilləkənin aşağısına qulaq verir, yavaş nəfəs alır, gizlənir!.. Dəstəkdən yapışır, dartır, yoxlayır! Belə hesab eləyib ki, qapını bağlamamışam! Demək bilir ki, mən bəzən qapını bağlamağı yaddan çıxarıram. Yenə də dəstəyi dartır; hə, o elə bilir ki, cəftə sıçrayıb düşəcək. Ayrılmağa heyfsilənir! Boş-boşuna getmək istəmir?»
Doğrudan da, hər şey yəqin onun düşündüyü kimi olmalı idi; doğrudan da kimsə qapının dalında durub, dəstəyi özünə tərəf çəkir, sakitcə, səssiz-səmirsiz qıfılı yoxlayırdı. «Yəqin ki, bir məqsədi vardır». Lakin Velçaninov nə edəcəyini bilirdi, o vəcdlə bu anı gözləyir, girəvə axtarır, ölçüb-biçirdi; o çox istəyirdi ki, birdən cəftəni qaldırsın, qapını taybatay açsın və «bədheybətlə» üz-üzə dayansın. «Mərhəmətli cənab, siz burda nə qayırırsınız?»
Elə də oldu: fürsət tapıb birdən cəftəni qaldırdı. Qapını itələdi və demək olar ki, şlyapası krepli cənabla burun-buruna gəldi.
III
PAVEL PAVLOVİÇ TRUSOTSKİ
Gələn adam elə bil yerindəcə quruyub qalmışdı. Hər ikisi astanada bir-birinin qarşısında durmuşdu, hər ikisi bir-birinin gözünün içinə baxırdı. Bir neçə an beləcə keçdi, ancaq birdən Velçaninov qonağını tanıdı.
Eyni zamanda qonaq da, deyəsən, başa düşdü ki, Velçaninov onu tanımışdı; bu, onun gözlərindən bilinirdi. Bir anlığa bütün sifətini xoş bir təbəssüm bürüdü.
– Mən, deyəsən, Aleksey İvanoviçlə danışmaq şərəfinə nail olmuşam? – dedi; onun səsi bu şəraitdə çox gülünc çıxırdı, elə bir oxuyurdu.
– Siz doğrudanmı Pavel Pavloviç Trusotskisiniz? – deyə Velçaninov nəhayət çaşqın-çaşqın dilləndi.
– Biz sizinlə doqquz il qabaq T.-də tanış olmuşduq. Və əgər xatırlamağa icazə versəniz, dost olmuşuq.
– Bəli… tutaq elədir… ancaq indi gecə saat üçdür, özü də siz düz on dəqiqədir ki, qapımın bağlı olub-olmadığını bilmək istəyirsiniz…
– Saat üç! – Qonaq saatını çıxararaq kədərli halda təəccübləndi– elədir ki, var: üçdür! Bağışlayın, Aleksey İvanoviç, mən gərək içəri girəndə bunu fikirləşəydim, hətta xəcalət çəkirəm. Bu günlərdə gəlib başa salaram, indi isə…
– Yox, yox! Əgər bir sözünüz varsa, elə indicə, bu dəqiqə deyin! – Velçaninov əl-ayağa düşdü, – xahiş edirəm astanadan içəri, otağa zəhmət çəkəsiniz. Siz, əlbəttə, özünüz də otağa girmək arzusundaydınız, yoxsa gecənin bu vaxtı qıfılı əlləşdirməyə gəlməmisiniz…
O həm həyəcanlanmış, həm də özünü itirmişdi, hiss edirdi ki, özünü ələ ala bilmir. Hətta xəcalət çəkirdi– xəyalları boşa çıxmışdı– nə sirr, nə də təhlükə vardı, yalnız Pavel Pavloviç adlı bir səfeh peyda olmuşdu. Bununla belə, o hər şeyin belə asanlıqla ötüb-keçəcəyinə inanmırdı, dumanlı halda və qorxu içərisində hiss edirdi ki, nə isə baş verəcəkdir. Qonağı kresloda oturtdu, özü də səbirsizlik içində kreslonun bir addımlığında, yatağının üstündə əyləşdi. Əllərini dizinə söykəyib, qabağa əyildi; o, əsəbi halda qonağın nə vaxt sözə başlayacağını gözləyirdi. Qonağı hərisliklə süzür və xatırlayırdı. Ancaq qəribə idi: qonaq heç dinmirdi, elə bil dərhal danışmağa «borclu olduğunu» başa düşmürdü. Əksinə, o özü intizar dolu nəzərləri ilə ev sahibinə baxırdı. Bəlkə də o, münasibətsiz gəlişini duyaraq, tələyə düşmüş siçan kimi, sadəcə utanırdı, Velçaninov qəzəbləndi:
– Hə, dillənin! – deyə çığırdı. – Axı zənnimcə, siz nə fantaziya, nə də yuxusunuz! Buraya ölü oyunu oynamağa gəlmişsiniz, nədir? Başlayın, atam!
Qonaq qımıldandı, gülümsədi və ehtiyatla sözə başladı: – Mən görürəm ki, sizi, hər şeydən qabaq, mat qoyan mənim bu vaxt, bu cür gəlməyimdir… Buna görə bütün keçmişləri və bizim necə ayrıldığımızı xatırlayanda, mənə indi qəribə gəlir… Onu da deyim ki, mən gəlmək fikrində deyildim, əgər iş belə gətirməsəydi, nagəhani…
– Necə yəni nagəhani? Mən sizin, küçəni pəncəsi üstə qaça-qaça necə keçdiyinizi pəncərədən gördüm!
– Belə de, siz görmüsünüz! Demək, siz bu barədə mənim deyəcəyimdən çox bilirsiniz! Lakin mən sizi yalnız əsəbiləşdirirəm… Məsələ belədir: mən üç həftədir ki, işimdən ötəri buraya gəlmişəm… Mən axı Pavel Pavloviç Trusotskiyəm, siz özünüz də məni tanıdınız. Mənim işim ondan ibarətdir ki, başqa quberniyaya, başqa işə, bir az yüksək vəzifəyə keçməyə çalışıram… Ancaq onu deyim ki, bu da hələ əsas məsələ deyil… Əgər bilmək istəsəniz, əsas məsələ, ondan ibarətdir ki, artıq üç həftədir burada veyllənirəm, deyəsən, özüm bilə-bilə öz işimi, yəni dəyişilmə məsələsini uzadıram. Doğrusu, bu məsələ düzəlsə də, düzəlməmiş kimi hesab edəcəyəm, belə əhvali-ruhiyyə ilə sizin Peterburqu tərk etməyəcəyəm. Veyllənirəm, elə bil nəyə gəldiyimi unutmuşam, hətta sevinirəm ki, unutmuşam. …Mənim belə əhvali-ruhiyyədə…
– Hansı əhvali-ruhiyyədə? – Velçaninov qaşqabağını tökdü.
Qonaq başını qaldırdı, şlyapasını götürdü və təmkinlə krepi göstərdi.
– Bax, belə əhvali-ruhiyyə!
Velçaninov ifadəsiz baxışlarla gah krepə, gah da qonağın sifətinə baxırdı. Birdən onun yanaqları pörtdü və bərk həyəcanlandı.
– Natalya Vasilyevnamı?
– Bəli! Natalya Vasilyevna? Bu ilin martında… Vərəmdən. Demək olar ki, birdən getdi, iki-üç ayın içində. Mən də gördüyünüz kimi tək qaldım.
Qonaq bunu deyib, qollarını ehtizazla yana açdı və sol əlində krepli şlyapasını tutduğu halda, daz başını azı bir on saniyə aşağı dikib durdu.
Bu görkəm və bu hərəkət Velçaninovu sanki birdən dirçəltdi; dodaqlarında istehzalı və hətta adama toxunan bir təbəssüm dolaşdı, lakin hələlik ancaq bir anlığa. Bu xanımın (o bu xanımla çoxdan tanışdı və çoxdan da onu unutmuşdu) ölüm xəbəri ona gözlənilməz dərəcədə sarsıdıcı təsir elədi.
– Belə şey olar! – deyə o, dilinə gələn ilk sözü mızıldadı, – bəs nə üçün birbaşa gəlib xəbər eləmirdiniz?
– Dərdimə şərik olduğunuz üçün təşəkkür edirəm, bunu mən görürəm və qiymətləndirirəm… ancaq…
– Nə ancaq?
– Çoxdan ayrılmağımıza baxmayaraq, siz mənim dərdimə şərik oldunuz və hətta mənə elə yanaşdınız ki, sizə minnətdaram. Mən elə bunları demək istəyirdim. Məsələ onda deyil ki, mən dostlarımdan şübhələnirdim, mən burada da, hətta indi də ən səmimi dostlarımı axtarıb tapa bilərəm. Elə təkcə Stepan Mixayloviç Baqautovu götürün, lakin sizinlə tanışlığımızdan, Aleksey İvanoviç, doqquz il keçmişdir, bir dəfə də bizə gəlməmisiniz, məktublaşmamışıq da…
Qonaq tutuquşu kimi ötürdü, başını aşağı dikmişdi, amma yuxarıları da görürdü. Ev sahibi də artıq özünə gəlmişdi.
O getdikcə artan çox qəribə bir maraqla Pavel Pavloviçə baxır, qulaq asırdı; Pavel Pavloviç sözünü kəsib dayandıqda, onun başına birdən çox müxtəlif və gözlənilməz fikirlər doldu.
– Bəs nə üçün mən sizi bu vaxtadək tanımamışam? – deyə o, hərəkətə gələrək çığırdı, – biz küçədə beş-altı dəfə rastlaşmışıq!
– Bəli, bu da yadımdadır. Tez-tez qarşıma çıxırdınız, iki dəfə, hətta üç dəfə…
– Daha doğrusu, mən yox, siz həmişə mənim qabağıma çıxırdınız.
Birdən Velçaninov ayağa qalxdı və gözlənilmədən bərkdən güldü. Pavel Pavloviç səsini kəsdi və diqqətlə ona baxdı, lakin yenə də sözünə davam etdi:
– Əvvəla siz məni ona görə tanımadınız ki, yadınızdan çıxmış olaram, nəhayət, bu müddətdə mən çiçək çıxarmışam və sifətimdə bəzi izləri qalıb.
– Çiçək? Doğrudan da siz çiçək çıxarmısınız! Necə olub ki, sizi....
– Yaxalamışdır, demək istəyirsiniz? Çox şeylər olur, Aleksey İvanoviç, yaxalayanda yaxalayır!
– Hər halda çox gülməlidir. Davam edin, davam edin, əziz dost!
– Mən sizə rast gəlirdim, ancaq…
– Dayanın! Nə üçün siz «yaxalamışdır» dediniz? Mən daha ədəblə danışmaq istəyirdim. Hə, davam edin, davam edin!
Nədənsə getdikcə onun kefi durulurdu. Sarsıdıcı təsir tamam yox olmuşdu.
O, sürətli addımlarla otaqda var-gəl eləyirdi.
– Mən də hərçənd sizə rast gəlirdim, hətta buraya Peterburqda yola düşəndə, sizi mütləq axtarmaq fikrindəydim, lakin təkrar edirəm, mən indi elə əhvali-ruhiyyədəyəm ki… bir sözlə mart ayından ağlım çaşıb…
– Belə de! Mart ayından… Dayanın, siz papiros çəkmirsiniz ki?
– Axı, siz bilirsiniz, Natalya Vasilyevnanın sağlığında…
– Bəli, bəli; bəs mart ayından sonra?
– Bir dənə ola-olmaya.
– Buyurun, papiros çəkin və sözünüzə davam edin! Davam edin, siz məni lap…
Velçaninov siqar yandırıb, tez yenə yatağında oturdu. Pavel Pavloviç dedi:
– Ancaq siz çox həyəcanlısınız, xəstə deyilsiniz ki?
– Eh, xəstəliyim cəhənnəm olsun! – Birdən Velçaninov qəzəbləndi. – Davam edin!
Qonaq da öz növbəsində ev sahibinin həyəcanlandığını görüb razı qaldı və ürəkləndi.
– Nəyi davam etdirim? – O yenə sözə başladı. – Aleksey İvanoviç, əvvəla, məhv olmuş, daha doğrusu, sadəcə məhv olmuş yox, iyirmi illik ər-arvadlıqdan sonra həyatı dəyişmiş, avara-avara tozlu küçələrdə, unutqanlıq içərisində, elə bil, çöldə veyllənən və bu unutqanlıqda hətta bəzi nəşə tapan bir adamı təsəvvürünüzə gətirin. Aydındır ki, bəzən tanış, yaxud səmimi bir dosta rast gələndə, bilə-bilə ötüb-keçirəm ki, bu dəqiqədə unutqanlıq içərisində ona yaxınlaşmayım. Ancaq elə vaxt da olur ki, hər şeyi xatırlayır, ötüb-keçmiş gözəl keçmişin bir şahidini və iştirakçısını görməyə can atıram və ürəyim bu zaman elə çırpınır ki, yalnız gündüz deyil, gecə də, hətta bunun üçün onu saat dörddə oyatmalı olsam da, dostumun ağuşuna atılmaq istəyirəm. Mən yalnız saatı səhv salmışam, dostluqda yanılmamışam, zira bu dəqiqə mükafatımı aldım. Saata gəldikdə isə düzünü deyim ki, mən belə əhvali-ruhiyyədə elə bilmişəm ki, saat on ikidir. Öz kədərini içirsən, sanki nəşə alırsan, hətta bu kədər deyil, içimdə əmələ gəlmiş məhz yeni əhvali-ruhiyyədir…
– Siz nə qəribə danışırsınız! – deyə birdən yenə çox ciddi görkəm almış Velçaninov dərdli-dərdli söyləndi.
– Bəli, qəribə danışıram…
– Siz… zarafat eləməyin!
– Zarafat edirəm! – Pavel Pavloviç dərdli-dərdli dedi, – xəbər verdiyim anlarda da…
– Eh, xahiş edirəm, bu barədə susun!
Velçaninov ayağa qalxdı və yenə otaqda gəzişməyə başladı.
Beş dəqiqə belə keçdi. Qonaq da ayağa qalxmaq istəyirdi, Velçaninov çığırdı: «Oturun, oturun!» O da müticəsinə kresloya çökdü.
– Amma siz çox dəyişmisiniz! – Velçaninov birdən onun qabağında dayandı. Elə bil bu fikir onu sarsıtmışdı. – Çox dəyişmisiniz! Çox! Tamam başqa adam olmusunuz!
– Təəccüblü bir şey yoxdur, doqquz ildir…
– Yox, yox, məsələ ildə deyil, siz zahirən o qədər də dəyişməmisiniz, başqa cəhətdən dəyişmisiniz!
– Buna da səbəb yəqin doqquz ildir.
– Yaxud da mart ayından sonra belə dəyişmisiniz!
– Xe, xe, – Pavel Pavloviç məkrlə güldü. – Sizdə bir fikir oynaqlığı var… Lakin cəsarət edib soruşuram, bu dəyişiklik nədən ibarətdir?
– Bunu bilməyə nə var ki! Əvvəllər Pavel Pavloviç mötəbər, ləyaqətli adam idi, Pavloviç çox ağıllı idi… indi isə Pavel Pavloviç lap vaurien1 (avara, veyl-fransızca) olub.
Velçaninov o dərəcədə əsəbiləşmişdi ki, belə halda ən təmkinli adamlar belə bəzən artıq-əskik danışırlar.
– Vaurien! Belə güman eləyirsiniz? Daha «ağıllı» deyiləm, ağıllı deyiləm! – Pavel Pavloviç ləzzətlə pıqqıldadı.
– Nə «ağıllıbazlıqdır!» İndi tamam ağıllısınız. Velçaninov hey fikirləşirdi:
«Mən həyasızam, bu cüvəllağı isə məndən də həyasızdır!. Onun məqsədi nədir?»
Qonaq birdən çox həyəcanlandı və kresloda qurcalandı:
– Eh, əziz, hörmətli Aleksey İvanoviç. Axı, bizə nə var ki? Axı, indi biz kübar deyilik, kübar cəmiyyətdə deyilik ki! Biz iki köhnə, səmimi dost, necə deyərlər, səmimi şəraitdə görüşüb, ikilikdə o xoş günləri, bizi bir-birimizə bağlayan mərhum arvadımı xatırlayırıq.
O elə hissə qapılmışdı ki, bayaqkı kimi, yenə başını aşağı dikdi, sifətini şlyapası ilə örtdü. Velçaninov ona nifrət və narahatlıqla göz qoyurdu.
«Bəlkə o sadəcə təlxəkdir! – Fikri başından keçdi. – Yox, yox! Deyəsən, o sərxoş da deyil, bəlkə də sərxoşdur, sifəti qıpqırmızıdır. Sərxoş olsa da, nə fərqi var? O nə demək istəyir? Bu cüvəllağıya nə lazımdır!».
Pavel Pavloviç şlyapasını yavaş-yavaş üzündən çəkdi və sanki daha dərin xatirələrə qapılaraq dedi:
– Yadınızdadırmı, yadınızdadırmı… bizim şəhər ətrafına səfərlərimizi, şənliklərimizi qonaqpərvər Semyon Semyonoviç zati-alilərinin evindəki rəqs və oyun məclislərini xatırlayırsınızmı? Bəs bizim üçlükdə axşam qiraətimiz? Sizinlə olan ilk tanışlığımızı hələ demirəm, öz işinizə aid arayış almaq üçün səhər yanıma gələndə, hətta çığırmağa başladınız, birdən Natalya Vasilyevna çıxdı və on dəqiqədən sonra siz düz bir illiyə bizim evin ən səmimi dostu oldunuz, eynən cənab Turgenevin «Əyalət qadını» pyesində olduğu kimi…
Velçaninov ağır-ağır gəzişir, yerə baxır, səbirsiz və nifrətlə qulaq asırdı, lakin diqqətlə qulaq asırdı.
– «Əyalət qadını» mənim heç ağlıma gəlməyib, – deyə azca özünü itirərək qonağın sözünü kəsdi, – qabaqlar siz heç zaman belə cır səslə və belə… yad üslubda danışmazdınız. Bu nə üçündür?
– Mən doğrudan da əvvəllər çox susurdum, yəni qaradinməz idim, – deyə o, tez Velçaninovun sözünə qüvvət verdi, – bilirsinizmi, əvvəllər mərhum arvadımın danışığına qulaq asmağı çox xoşlayırdım. Yadınızdadırmı, o necə ağıllı danışırdı… O ki qaldı «Əyalət qadını»na və xüsusən «Stupendyev» məsələsinə bunda siz haqlısınız, çünki siz gedəndən sonra biz bəzən, sakit dəqiqələrdə, sizi xatırlarkən, ilk görüşümüzü həmin bu pyesə oxşadırdıq… Çünki axı doğrudan da oxşayırdı… Xüsusən «Stupendyev» məsələsində.
– Lənətə gələsən, axı bu hansı «Stupendyev»dir? – Velçaninov qışqırdı, hətta ayağını yerə vurdu, «Stupendyev» sözünü eşidəndə o, əndişəyə düşdü, özünü tamam itirdi.
– «Stupendyev» – teatrda roldur. «Əyalət qadını» pyesində «ər» roludur, – deyə Pavel Pavloviç yaltaq-yaltaq mızıldandı, – lakin bu artıq bizim gözəl xatirələrimizin başqa silsiləsinə aiddir, siz gedəndən sonra, Stepan Mixayloviç Baqautovun eynən sizin kimi, bizə bəxş etdiyi beş illik dostluq dövrünə aiddir.
Birdən Velçaninov yerindəcə donub qaldı:
– Baqautov? Nə deyirsiniz? Hansı Baqautov?
– Stepan Mixayloviç Baqautov, sizdən düz bir il sonra… elə sizin kimi bizimlə dostluq eləyən…
– Ah, pərvərdigara, axı mən bunu bilirəm! – Velçaninov, nəhayət, fikrini toplaya bildi– Baqautov! Axı, o sizin yanınızda qulluq eləyirdi…
Bəli bəli! Qubernatorun yanında! Peterburqun ən ali cəmiyyətindəndi, çox gözəl gəncdi. – Pavel Pavloviç vəcdlə çığırdı.
– Bəli, bəli! Mənə bax ha! Axı o da… .
– Bəli o da, o da! – Pavel Pavloviç ev sahibinin ehtiyatsızcasına dediyi sözdən yapışıb, eyni vəcdlə təkrar etdi– O da! Biz qonaqpərvər Semyon Semyonoviç cənablarının evində, ev teatrında, «Əyalət qadını»nı oynadıq. Stepan Mixayloviç «qrafı» mən «əri», mərhum arvadım isə «əyalət qadınını» oynayırdı. Lakin mərhum arvadımın təkidi ilə «ər» rolunu məndən aldılar, guya oynaya bilmirdim.
– Siz haradan Stupendyev oldunuz! Siz Stupendyev deyil, hər şeydən əvvəl Pavel Pavloviç Trusotskisiniz! – Velçaninov kobudcasına, ədəb gözləmədən, əsəbilikdən az qala əsə-əsə danışırdı, – bağışlayın, deyəsən axı həmin Baqautov burada, Peterburqdadır; mən özüm görmüşəm, baharda! Bəs siz niyə onun da yanına getmirsiniz?
" – Allahın verən günü gedirəm, düz üç həftədir. Qəbul eləmir! Xəstədir, qəbul eləyə bilmir! Özü də mötəbər mənbələrdən öyrənmişəm ki, doğrudan da çox ağır xəstədir! Altı ilin dostudur! Eh, Aleksey İvanoviç, sizə dedim, yenə də təkrar edirəm, adam belə əhvali-ruhiyyədə lap istəyir ki, yer ayrılsın, girsin yerə; bəzən elə dəqiqələr də olur ki, məhz keçmiş tanışlardan, necə deyərlər, o hadisələrin şahidi və iştirakçılarından birini bağrına basmaq istəyirsən, təkcə ona görə ki, ağlayasan, başqa bir şeydən ötrü yox, yalnız ağlamaq üçün!.. Velçaninov sərtliklə dedi:
– Hə, bəsdir, bu günlük kifayətdir, deyilmi?
– Kifayətdir, həddindən çox kifayətdir! – Pavel Pavloviç dərhal ayağa qalxdı, – saat dörddür, özü də sizi kobudcasına narahat etdim…
– Qulaq asın: mən özüm sizin yanınıza gələrəm, mütləq; o zaman güman edirəm ki… Mənə düzünü deyin, açıq-açığına; bu gün siz sərxoş deyilsiniz ki?
– Sərxoş? Qətiyyən yox…
– Bura gələndə, ya da ondan qabaq içməmisiniz?
– Bilirsinizmi, Aleksey İvanoviç, siz qızdırmalısınız.
– Günü sabah gələrəm, səhər saat birədək…
– Mən çoxdan hiss edirəm ki, siz az qala gəzə-gəzə sayıqlayırsınız, – Pavel Pavloviç məmnuniyyətlə onun sözünü kəsdi və möhkəm bu mövzudan yapışdı, – doğrudur, mən vicdanən əzab çəkirəm ki, öz kobudluğumla… ancaq gedirəm, gedirəm! Siz uzanın, dincəlin!
– Axı, siz demədiniz ki, harada yaşayırsınız? – Velçaninov birdən ayılan kimi oldu və onun dalınca çığırdı.
– Məgər demədim? Pokrov mehmanxanasında…
– Bu nə Pokrov mehmanxanasıdır?
– Pokrovun lap yanında, burada, döngədədir, ancaq yadımdan çıxarmışam hansı döngədir, nömrəsi də yadımdan çıxıb, ancaq Pokrovun lap yaxınlığındadır…
– Taparam!
– Əziz qonağın gözüm üstə yeri var.
O, artıq pilləkənin üstünə çıxmışdı.
– Dayanın! – Velçaninov yenə onu çağırdı. – Qaçmazsınız ki?
– Necə yəni «qaçmazsınız»? – Pavel Pavloviç üçüncü pillədən geri qanrıldı və gözlərini bərəldərək gülümsədi.
Velçaninov cavab vermək əvəzinə qapını bərk çırpdı, onu səylə bağlayıb cəftəsini vurdu. Otağına girəndə, nədənsə iyrənirmiş kimi tüpürdü.
Beş dəqiqəyədək otağın ortasında hərəkətsiz dayandı, sonra paltarını soyunmamış yatağa yıxıldı və bir an içərisində yuxuya getdi. Yadından çıxmış şam stolun üstündə axıradək yanıb qurtardı.
VI
ARVAD, ƏR VƏ OYNAŞ
O çox bərk yatdı və düz onun yarısında oyandı. Dərhal qalxdı və yatağında oturub, «o qadının ölümü» barədə düşünməyə başladı.
Bu ölüm barədə qəfil xəbər dünən ona sarsıdıcı təsir bağışlamışdı, bundan, hətta təlaş və ağrı da duymuşdu. Bu təlaş və ağrını o, dünən, Pavel Pavloviçin yanında, yalnız bir qəribə fikirlə müvəqqəti olaraq boğmuşdu. Ancaq indi səhər yuxudan oyanan kimi, doqquz il qabaq baş vermiş əhvalat birdən onun qarşısında fövqəladə bir parlaqlıqla açıldı. Bu qadını, mərhum Natalya Vasilyevnanı, «bu Trusotskinin arvadını o sevirdi və onun oynaşı olmuşdu. Bu o zaman olmuşdu ki, Velçaninov öz işindən ötrü (bu da bir miras işi münasibətilə idi) T. şəhərində düz bir il qalmışdı, halbuki iş onun orada bu qədər çox qalmasını tələb etmirdi. Əsl səbəb bu qadınla əlaqə idi. Bu əlaqə və məhəbbət onu o qədər möhkəm çulğamışdı ki, sanki Natalya Vasilyevnaya əsir düşmüşdü və əgər bu qadının ən xırdaca bir şıltaqlığı tələb etsəydi, o ən ecazkar və ən mənasız iş tutmağa hazır idi. Nə əvvəl, nə də sonralar onda belə şey görünməmişdi. İlin axırında, qısa müddətə olsa da, ayrılmaq lazım gəldikdə, yaman ümidsizliyə qapıldı. Natalya Vasilyevnaya ərinin yanından qaçmağı, hər şeyi tullayıb onunla birlikdə həmişəlik xaricə getməyi təklif etdi. Bu xanımın yalnız istehza və inadı onu fikrindən daşındırdı və onu tək getməyə məcbur etdi. Qadın əvvəlcə bu layihəni bəyənmişdi, görünür, bunu darıxdığından, ya da gülmək üçün etmişdi. Axırı nə oldu? Ayrılıqdan heç iki ay keçməmişdi ki, Peterburqda o özünə onun üçün həmişəlik həll edilməmiş qalan bu sualı verdi: o doğrudanmı bu qadını sevirdi, ya da bu yalnız bir «xəyal» idi? Onda bu sual heç də yelbeyinlikdən, ya da yeni ehtirasın təsirindən doğmamışdı; Peterburqda keçirdiyi bu ilk iki ayı o, haldan çıxmışdı və çətin ki, bu müddətdə o bir qadına uya biləydi, halbuki o dərhal əvvəlki cəmiyyətinə qovuşmuş və yüzlərcə qadına rast gəlmişdi. Ancaq bununla belə o, əla bilirdi ki, əgər yenə T. şəhərinə düşsə, bütün bu suallara baxmayaraq, təzədən o qadının üzücü füsunkar təsiri altına düşəcəkdi. Hətta beş ildən sonra da o həmin bu əqidədə idi. Lakin beş il keçəndən sonra o artıq bunu qəzəblə etiraf edir və hətta «bu qadını» nifrətlə yad edirdi. T-də keçirdiyi il üçün xəcalət çəkirdi; Velçaninov niyə belə «səfeh» bir ehtirasa qapılmasının səbəbini başa düşə bilmirdi! Bu ehtirasla əlaqədar xatirələr onun üçün rüsvayçılığa çevrilmişdi; o qıpqırmızı pörtür, vicdan əzabı çəkirdi. Doğrudur, bir neçə il də keçəndən sonra bir qədər sakitləşdi. O çalışırdı ki, bütün bunları unutsun və demək olar ki, buna müvəffəq də olmuşdu. Ancaq budur, doqquz il keçəndən sonra, Natalya Vasilyevnanın ölümü barədə dünənki xəbərdən sonra bütün bunlar yenə də qəflətən çox və qəribə şəkildə gözlərinin qarşısında təzədən canlanmışdı.
İndi o, başında qarışıq fikirlər, yatağının üstündə oturduğu vaxt, yalnız bir şeyi hiss edir və aydın dərk edirdi: dünənki xəbərin doğurduğu «sarsıdıcı təəssürata baxmayaraq, hər halda qadının ölümü onu narahat eləmirdi. Öz-özündən soruşurdu: «Doğrudanmı, mən onun ölümünə heyfsilənmirəm?» Doğrudur, indi ona nifrət bəsləmirdi və onun barəsində insafla, daha ədalətli mühakimə yürüdə bilərdi. Onda çoxdan, bu doqquz illik ayrılıq müddətində, əmələ gəlmiş rəyə görə Natalya Vasilyevna «yaxşı» əyalət cəmiyyətindən olan adi əyalət xanımı idi. Və «bəlkə», kim bilir, bu elə-belə imiş, yalnız mən onu «göylərə» qaldırmışam?» Lakin o həmişə şübhələnirdi ki, bu rəyində yanıla bilər; bunu indi də hiss edirdi. Faktlar da bir-birinə zidd idi: Bu Baqautov da bir neçə il onunla əlaqədə olmuş və deyəsən, o da «bu qadının füsunkarlığının» təsiri altına düşmüşdü. Baqautov doğrudan da Peterburqun ən yaxşı cəmiyyətindən olan bir gənc idi, Və o «boş adam» olduğu üçün (Velçaninov onun haqqında belə deyirdi) yalnız Peterburqda karyera qazana bilərdi. Lakin o, Peterburqa, daha doğrusu, öz mənafeyinə biganəlik göstərib beş ilini T.-də yalnız bu qadının xətrinə itirmişdi. Nəhayət, Peterburqa, bəlkə də ona görə qayıtmışdı ki, onu da «yırtıq başmaq» kimi bayıra tullamışdılar. Demək, bu qadında nə isə qeyri-adi bir cazibə, əsarət altına almaq və hökmranlıq qabiliyyəti vardı!
Ancaq adama elə gəlirdi ki, onda cəzb etmək və əsarət altına almaq üçün elə bir şey yoxdur: «nəinki gözəl deyildi, hətta bəlkə sadəcə çirkin idi». Velçaninova rast gələndə onun iyirmi səkkiz yaşı vardı. Çox da gözəl olmayan sifəti bəzən xoş bir şəkildə canlanırdı, lakin gözləri yaxşı deyildi; baxışlarında nə isə hədsiz sərtlik vardı. O çox arıq idi. Savadı az idi, heç şəksiz ağıllı və dərrakəli idi, ancaq demək olar ki, mühakiməsi həmişə birtərəfli idi. Əyalət kübar xanımlarına xas ədaları vardı, gözəl zövq sahibi idi, xüsusilə geyim sarıdan. Qətiyyətli, zabitəli idi, onunla bir şey barəsində yarılığa sazişə gəlmək mümkün deyildi; «ya hamısı, ya da heç nə». Çətin işlərdə qəribə qətiyyət və səbat göstərirdi. Alicənablıqla hədsiz dərəcədə ədalətsizlik onda həmişə yanaşı dururdu. Bu xanımla mübahisə etmək mümkün deyildi. İki dəfə ikinin onun üçün heç zaman və heç bir əhəmiyyəti yoxdu. O heç zaman və heç nədə özünü ədalətsiz, yaxud günahkar saymırdı. Ərinə etdiyi daimi və saysız-hesabsız xəyanətlər vicdanını zərrə qədər narahat etmirdi. Velçaninovun özü ilə müqayisədə o, özünün doğrudan da həzrət Məryəm olduğuna hədsiz inanan «xlıst həzrət Məryəmi» idi. Natalya Vasilyevna öz hərəkətlərinin düzgünlüyünə son dərəcə inanırdı. Oynaşlarına sadiq idi, ancaq ürəyini vurana kimi. O öz oynaşlarına əziyyət verməyi sevirdi, lakin mükafatlandırmağı da sevirdi. Ehtiraslı, qəddar və həssas idi. O, pozğunluğa nifrət edirdi və hədsiz bir qızğınlıqla pisləyirdi, amma özü də pozğun idi. Heç bir fakt onu pozğunluğunu dərk etməyə gətirib çıxara bilmirdi. Velçaninov hələ T.-də olduğu zaman onun barəsində fikirləşirdi: «O, yəqin pozğunluğunu doğrudan da bilmir». (Yeri gəlmişkən qeyd edək ki, bu pozğunluqda o özü iştirak edirdi.) «Bu, sanki sədaqətsiz arvad olmaq üçün doğulmuş qadınlardandır. Belə qadınlar heç zaman qız vaxtı pozulmurlar. Onların təbiət qanununa görə, pozğunluğu ər evində eləmək lazımdır. Ər onun ilk oynaşıdır, ancaq mütləq nikahdan sonra. Heç kim onlar kimi bacarıqla və asanlıqla ərə gedə bilməz. İlk dəfə oynaş tapmasına bais həmişə əri olur və hər şey son dərəcə səmimi şəraitdə keçir. Onlar axıradək özlərini ədalətli və əlbəttə, tamamilə məsum hiss edirlər».
Velçaninov bu əqidədə idi ki, doğrudan da belə qadınlar vardır. Ancaq buna da inanırdı ki, bu cür qadınlara yaraşan kişilər də mövcuddur, bunların yeganə vəzifəsi ancaq ondan ibarətdir ki, belə qadınlara uyğun gəlsinlər. Onun fikrincə, belə ərlərin vəzifəsi, necə deyərlər «həmişəlik ər» olmaqdı, yaxud yalnız onların adı ər idi, vəssalam. «Belə adam ancaq evlənmək üçün doğulur və inkişaf edir, evləndikdən sonra dərhal hətta öz xüsusi möhkəm xarakteri olsa da arvadına əlavə bir varlığa çevrilir. Belə ərin başlıca əlaməti – ancaq məlum yaraşıqdır. Günəş işıq saçmaya bilmədiyi kimi, o da qurumsaq olmaya bilməz. Lakin o bu haqda nəinki heç zaman bir şey bilmir, hətta, təbiətin qanunlarına əsasən heç zaman bilməyəcək də». Velçaninov möhkəm inanırdı ki, bu iki tip mövcuddur və T.-də olan Pavel Pavloviç Trusotski onların ən bitkin nümayəndəsidir. Dünənki Pavel Pavloviç aydın məsələdir ki, T.-dən ona tanış olan Pavel Pavloviç deyildi. O görürdü ki, Pavel Pavloviç çox dəyişmişdir, lakin Velçaninov bilirdi ki, o dəyişməyə bilməzdi, bütün bunlar tamamilə təbii idi. Cənab Trusotski yalnız arvadının sağlığında əvvəlki adam ola bilərdi. İndi isə yalnız bütöv bir varlığın birdən-birə başlı-başına buraxılmış bir hissə idi, daha doğrusu, heç bir şeyə oxşamayan qəribə bir şey idi.
T.-də olan Pavel Pavloviçə gəldikdə isə, Velçaninovun onun barəsində yadında qalan və indi xatırladığı bunlar idi.
«Əlbəttə, T.-də olan Pavel Pavloviç ancaq ər idi, başqa heç bir şey. Misal üçün, əgər o bundan əlavə məmurluq da eləyirdisə, ancaq ona görə eləyirdi ki, xidmət də onun ərlik borcu idi. O, arvadı üçün, onun T.-də kübar mövqeyi üçün işləyirdi, halbuki çox çalışqan məmur idi. O vaxt onun otuz beş yaşı vardı və müəyyən qədər, hətta xeyli var-dövlət sahibi idi. Xidmətdə xüsusi bir istedad göstərməmiş, amma istedadsızlıq da göstərməmişdi. Əyalət kübar cəmiyyətinin yuxarılarında gəzib-dolaşırdı və yaxşı ad qazanmışdı. T.-də Natalya Vasilyevnaya çox hörmət edirdilər. O isə bunu heç qiymətləndirmirdi, sanki ona hörmət etmək borcları idi. Evində isə adamları həmişə yaxşı qəbul etməyi bacarırdı. Üstəlik də Pavel Pavloviçi o elə öyrətmişdi ki, hətta ən ali əyalət adamlarını qəbul edərkən, özünü çox nəcib aparırdı. Bəlkə də (Velçaninova belə gəlirdi) o ağıllı idi, lakin Natalya ərinin çox danışmasını sevmədiyi üçün onun ağıllı olub-olmadığını başa düşmək mümkün deyildi. Bəlkə başqa pis keyfiyyətlərilə yanaşı anadangəlmə yaxşı keyfiyyətləri də vardı. Lakin yaxşı keyfiyyətlərinin elə bil üstünə pərdə çəkilmişdi, pis niyyətləri isə demək olar ki, birdəfəlik söndürülmüşdü. Misal üçün, Velçaninovun yadındadır ki, cənab Trusotski bəzən öz yaxın adamlarına gülmək istəyirdi, ancaq bunu ona qəti qadağan etmişdilər. O bəzən bir şey danışmağı sevirdi, ancaq buna da göz qoyurdular; ona ancaq əhəmiyyətsiz və qısa bir şey danışmağa icazə verilirdi. O, evdən kənar dostluq etməyə, hətta dostları ilə içməyə də meyl göstərirdi; lakin bu sonuncu arzusu ona yerli-dibli qadağan olunmuşdu. Lakin belə halda kənardan baxan heç zaman deməzdi ki, bu ər təpik-altı olub. Baxana elə gələrdi ki, Natalya Vasilyevna çox müti qadındır və hətta bəlkə özü də buna əmindi. Ola bilsin ki, Pavel Pavloviç Natalya Vasilyevnanı dəlicəsinə sevirdi; lakin bunu heç kəs sezə bilməzdi və sezmək də mümkün deyildi. Ehtimal ki, bu da Natalya Vasilyevnanın evdəki sərəncamının nəticəsi idi. Özünün T.-də keçirdiyi günlər ərzində Velçaninov bir neçə dəfə öz-özündən soruşmuşdu: görəsən, bu ər mənim onun arvadı ilə olan yaxınlığımdan heç şübhələnirmi? O bu barədə bir neçə dəfə Natalya Vasilyevnanın özündən də ciddi soruşmuş və hər dəfə azca dilxorluqla cavab almışdı ki, əri heç bir şey bilmir və heç zaman da bilməyəcəkdir, həm də «arada olan bütün bu işlərin ona heç dəxli yoxdur». Qadının» bir cəhətini də qeyd edək: O Pavel Pavloviça heç zaman gülməzdi və onun hərəkət və danışığında nə gülünc və nə də pis bir şey görərdi, hətta birisi ona hörmətsizlik etmək cəsarətində olsaydı, ərini möhkəm müdafiəyə qalxardı. Uşağı olmadığından təbii ki, çox vaxt, kübar cəmiyyətdə dolanmalı idi; lakin öz evi də ona lazımdı. Kübar cəmiyyət əyləncələri ona heç zaman tam hakim kəsilə bilməmişdi, evdə o təsərrüfatla və əl işləri ilə məşğul olmağı sevirdi. Pavel Pavloviç dünən onların T-də birlikdə kitab oxumalarını xatırlatdı: belə qiraətlər keçirilirdi: Velçaninov oxuyurdu, Pavel Pavloviç də oxuyurdu. Pavel Pavloviç hündürdən çox yaxşı oxuyurdu, bu da Velçaninovu təəccübləndirirdi. Natalya Vasilyevna bu zaman nə isə toxuyur və dinməzcə qulaq asırdı. Dikkensin romanlarını, rus jurnallarından bəzi şeylər, bəzən isə «ciddi» ədəbiyyat oxuyurdular. Natalya Vasilyevna Velçaninovun biliyini yüksək qiymətləndirirdi, lakin olub bitmiş, qət edilmiş və haqqında daha deyiləsi bir şey qalmayan iş kimi sükutla qiymətləndirirdi, ümumiyyətlə o, kitabla və biliklə əlaqədar hər şeyə xeyirli olsa da tamam yad bir şey kimi etinasız idi; Pavel Pavloviç isə bəzən bu barədə hərarətlə danışırdı.
Velçaninov tərəfindən ən yüksək zirvəyə, hətta demək olar ki, dəlilik dərəcəsinə çatdırılmış T. əlaqələri birdən-birə kəsildi. Onu birdən-birə sadəcə olaraq qovdular, ancaq hər şey elə qurulmuşdu ki, özünün «köhnə, vecsiz başmaq kimi» tullandığından xəbərsiz çıxıb getdi. O getməmişdən ay yarım qabaq T.-yə gənc bir topçu zabit gəlmişdi. Korpusdan yenicə buraxılmış bu zabit Trusotskilərə ayaq açmışdı. Üç nəfər dörd nəfər olmuşdu. Natalya Vasilyevna oğlanı iltifatla qəbul edirdi, lakin onunla bir uşaq kimi davranırdı. Velçaninovun ağlına qətiyyən heç bir şey gəlmirdi. Bir də onun bu barədə fikirləşməyə halı da yox idi, çünki qəflətən demişdilər ki, ayrılmaq lazımdır. Onun mütləq və tezliklə çıxıb getməsi barədə Natalya Vasilyevnanın irəli sürdüyü yüzəcən bəhanənin biri də bu idi ki, qadın hamilə olduğunu güman edirdi. Buna görə də Velçaninov, təbii ki, tezliklə mütləq üç, yaxud dörd aylığa aradan çıxmalı idi ki, əgər sonralar bir böhtan araya çıxsa, doqquz aydan sonra əri şübhələnməsin. Olduqca ciddi dəstavuz idi. Velçaninov Parisə, yaxud Amerikaya qaçmaq barədə möhkəm təkidindəgn sonra, təkbaşına «şübhəsiz, yalnız bir dəqiqəliyə» başqa sözlə desək, üç aydan çox olmamaq şərti ilə Peterburqa getdi. Əks təqdirdə, heç bir səbəb və dəlilə baxmayaraq getməyəcəkdi. Düz iki aydan sonra Peterburqda Natalya Vasilyevnadan bir məktub aldı. Bu məktubda Natalya Vasilyevna xahiş edirdi ki, o daha qayıtmasın. Çünki indi başqasını sevir; hamiləliyi barədə isə xəbər verirdi ki, səhv etmişdir. Bu səhv barədə xəbər verməyə də bilərdi, çünki hər şey ona aydın idi. O, zabiti xatırladı. Bununla da hər şey birdəfəlik bitdi. Sonralar bir neçə ildən sonra eşitdi ki, Baqautov oraya getmişdir və beş il orada qalmışdır. Əlaqənin belə uzun sürməsini o özlüyündə, yeri gəlmişkən, onunla izah edirdi ki, Natalya Vasilyevna, yəqin qocalmışdır, buna görə də indi özü adamlardan əl çəkmir.
O, bir saatadək çarpayının üstündə oturdu; nəhayət, özünə gəldi, Mavranı çağırdı, qəhvə gətirtdi. Tələsik içdi, geyindi və düz on birdə Pokrov mehmanxanasını axtarmaq üçün Pokrova yola düşdü. Pokrov mehmanxanası barədə onda indi xüsusi, səhərki təəssürat yaranmışdı. Yeri gəlmişkən deyək ki, o, Pavel Pavloviçlə dünənki rəftarı üçün bir az əzab çəkirdi, bunu indi ayırd eləmək lazımdı.
Dünənki qıfıl əhvalatını o, bir təsadüflə, Pavel Pavloviçin sərxoş olması, bir də bəzi şeylərlə izah edirdi. Ancaq əslində heç özü də bilmirdi ki, nə üçün köhnə ərlə təzədən əlaqə yaratmağa gedir, halbuki onların arasında hər şey öz-özünə, təbii şəkildə bitmişdi. Onu nə isə cəzb edirdi, arada nə isə xüsusi bir təəssürat vardı, bu təəssürat onu çəkirdi…
V
LİZA
Pavel Pavloviç «qaçmağ»ı heç ağlına gətirmirdi, bir də allah bilir, Velçaninov dünən bu sualı ona niyə vermişdi; əslində özü fikrini dolaşdırmışdı. Pokrovdakı xırdavat dükanında soruşan kimi, Pokrov mehmanxanasını ona göstərdilər, döngənin iki addımlığında idi. Mehmanxanada onu başa saldılar ki, cənab Trusotski elə buradaca, həyətdə, fligeldə, Mariya Sısoyevanın mebelli otaqlarına «düşmüşdür». O, fligelin yaş və çox çirkli daş pilləkəni ilə otaqların yerləşdiyi ikinci mərtəbəyə qalxdı və birdən qulağına ağlamaq səsi gəldi. Elə bil yeddi-səkkiz yaşında uşaq ağlayırdı, ağlayan boğulur və ara-sıra hıçqırırdı. Bununla yanaşı ağlayan adam ayaqlarını yerə döyür, boğuq-boğuq, qəzəblə bağırırdı. Lakin bu artıq yaşlı adam idi. Bu yaşlı adam, görünür, uşağı susdurmağa, çalışırdı, istəmirdi ki, uşağın səsini eşitsinlər, lakin özü ondan bərk səs-küy qoparırdı. Qəddarcasına çığırtıların müqabilində uşaq sanki yalvarırdı ki, onu bağışlasınlar. Velçaninov hər iki tərəfində iki qapı olan kiçik dəhlizə girəndə, səliqəsiz ev paltarında, hündür və yoğun bir qadınla rastlaşdı və Pavel Pavloviçi xəbər aldı. O, barmağı ilə arxasından ağlamaq səsi gələn qapını göstərdi. Qırx yaşlı bu qadının ətli qırmızı sifəti nə isə qəzəbli idi.
– Deyəsən bundan həzz alır! – Qadın yoğun səslə bunu astadan deyib, pilləkənə tərəf getdi. Velçaninov qapını döymək istədi, ancaq fikrindən daşındı və Pavel Pavloviçin qapısını açdı, Pavel Pavloviç yarı soyunmuş halda, sürtuksuz və jiletsiz çoxlu sadə mebel yığılmış kiçik otağın ortasında durmuşdu. Sifəti əsəbilikdən qıpqırmızı qızarmışdı. Çığırmaq, əl-qolunu ölçməklə (bəlkə də Velçaninova elə gəldi) və dümsükləyərək kasıb geyinmiş, əynində qara yun parçadan qısa paltar olan səkkiz yaşlı qızı susdurmaq istəyirdi. Qız elə bil ağlını itirmişdi, o dəlicəsinə hıçqıra-hıçqıra qollarını Pavel Pavloviça uzadır, sanki onu tutub saxlamağa, qucaqlamağa çalışır, yalvarıb nə barədə isə xahiş etmək istəyirdi. Bir an içərisində hər şey dəyişdi. Qonağı görən kimi qız çığırıb, balaca qonşu otağa cumdu, bir anlığa karıxmış Pavel Pavloviç isə dərhal elə dünən Velçaninov qapını açarkən gülümsədiyi kimi gülümsədi.
– Aleksey İvanoviç! – deyə o çox təəccüblə səsləndi. – Heç gözləməzdim… Bax, buraya, buraya zəhmət çəkin! Burada, divanda, ya da kresloda oturun. Mən isə…O tez sürtukunu geyindi, jiletini unutdu.
– Narahat olmayın, paltarınızı dəyişməyə dəyməz, – deyə Velçaninov stulda oturdu.
– Xeyr, icazə verin, özümü səliqəyə salım, hə, bax belə. Niyə küncdə oturmusunuz? Bax, burada, kresloda, stola yaxın oturun… Hə, heç gözləməzdim, heç gözləməzdim!
O, toxunma stulun qırağında əyləşdi, lakin «gözlənilməz» qonaqla yanaşı oturmadı. Velçaninovla üzbəüz olmaq üçün stulun tinini qabağa verdi.
– Nə üçün gözləmirdiniz? Dünən axı dedim ki, bu gün bu vaxt sizin yanınıza gələcəyəm.
– Fikirləşdim ki, gəlməzsiniz. Səhər oyananda dünənkiləri fikirləşən kimi, tamam əlimi üzdüm. Dedim ki, sizi bir daha görə bilməyəcəyəm.
Bu ara Velçaninov ətrafı nəzərdən keçirdi. Otaq səliqəsizdi, çarpayının üstü yığışdırılmamışdı, paltarlar hara gəldi atılmışdı, qəhvə içilmiş stəkanlar, çörək qırıntıları, yarıyadək içilmiş ağzıaçıq şampanski butulkası və yanında da stəkan stolun üstündə qalmışdı. O, gözünün ucu ilə qonşu otağa nəzər saldı, orada sakitlikdi, qız gizlənib susmuşdu.
Velçaninov şampanski şüşəsini göstərib dedi:
– Bunu indi içirsiniz?
– Artıq qalandır, – deyə Pavel Pavloviç pərt oldu.
– Siz yamanca dəyişmisiniz!
– Birdən pis vərdişlərə qurşandım. Doğrudur, o vaxtdan qalmadır. Yalan demirəm! Özümü saxlaya bilmirəm. Daha narahat olmayın, Aleksey İvanoviç, mən indi sərxoş deyiləm və dünənki kimi cəfəngiyat danışmayacağam. Sizə düzünü deyirəm. Hamısı o vaxtdan qalmadır. Yarım il qabaq biri mənə desəydi ki, indi olduğu kimi pozulacağam, aynada özümü özümə göstərsəydilər inanmazdım.
– Demək dünən siz sərxoş idiniz?
– Sərxoş idim. – Pavel Pavloviç xəcalət çəkə-çəkə başını aşağı dikərək, yavaşdan etiraf etdi. – Bilirsinizmi, sərxoş deyəndə, bir az sonra sərxoş oldum… Mən bunu ona görə deyirəm ki, sonra halım daha pis oldu. Bir az xumarlanan kimi, məndə qəddarlıq başlayır, ağlımı itirirəm, dərdim artır. Bəlkə elə dərddən içirəm. Belə halda hətta səfeh-səfeh şuluqluq da sala bilərəm, təhqir də edərəm. Yəqin, dünən özümü sizin yanınızda qəribə aparmışam, hə?
– Məgər yadınızda qalmayıb?
– Necə qalmayıb, hamısı yadımdadır… Velçaninov sakitləşdirici bir tərzdə dedi:
– Bilirsinizmi, Pavel Pavloviç, mən də elə-belə düşünürdüm və belə qət eləmişdim. Üstəlik mən özüm də dünən sizinlə bir az əsəbi danışdım… nahaq yerə səbirsizlik elədim, bunu ürəkdən etiraf edirəm. Mən bəzən özümü heç də yaxşı hiss etmirəm və sizin gecə qəflətən gəlməyiniz…
– Bəli, gecə, gecə! – Pavel Pavloviç təəccüblə və öz-özünə məzəmmətlə başını buladı, – bu necə olub! Əgər siz özünüz qapını açmasaydınız, mən heç cür içəri girməyəcəkdim, elə qapıdan qayıdacaqdım. Aleksey İvanoviç, bir həftə qabaq yanınıza gəlmişdim, sizi tapmadım, sonra bəlkə daha bir də gəlməzdim. Mən hər halda, az da olsa təkəbbürlüyəm. Aleksey İvanoviç, heç olmasa, belə halda, özüm də bilirəm… Biz küçədə rastlaşanda həmişə fikirləşirdim: necə tanısın, necə üz döndərməsin, doqquz il zarafat deyil, ona görə yaxınlaşmağa cəsarət etmirdim. Dünən isə Peterburq tərəfdə veyllənirdim, saatı unutmuşdum, hamısı bundan irəli gəlir, (butulkaya işarə elədi) bir də hissiyyatdandır. Səfeh işdir! Çox! Əgər sizin kimi bir adam olmasaydı, – hətta dünənki hadisədən sonra da keçmişi xatırlayaraq yanıma gəlmisiniz – dostluğumu ehya edə biləcəyimə ümidimi kəsmişdim.
Velçaninov onu diqqətlə dinləyirdi. Bu adam, deyəsən, səmimi, hətta bir qədər ləyaqətlə danışırdı. Bununla belə, onun otağına girdiyi dəqiqədən heç nəyə inanmırdı.
– Pavel Pavloviç, siz burada, deyəsən, tək yaşamırsınız? Bayaq sizin yanınızda gördüyüm o qız kimdir?
Pavel Pavloviç, hətta təəccübləndi də, qaşları dartıldı, lakin çox aydın və xoş nəzərlərlə Velçaninova baxdı.
– Necə yəni kimdir? Lizadır da! – dedi və mehriban-mehriban gülümsədi.
– Hansı Liza? – deyə Velçaninov mızıldandı və birdən içərisi elə bil nəşəyə gəldi. Belə bir təəssürat həddindən artıq gözlənilməz idi. Bayaq içəri girərkən Lizanı gördükdə təəccüblənsə də heç bir şey duymamışdı, ağlına heç nə gəlməmişdi.
– Bizim Liza, qızımız Liza! – Pavel Pavloviç gülümsəyirdi.
– Necə yəni qızımız? Məgər sizin Natalyadan… mərhum Natalya Vasilyevnadan uşağınız vardı? – Velçaninov çox yavaş bir səslə, inamsızcasına və qorxa-qorxa soruşdu:
– Bəs neçə? Ah, pərvərdigara, axı, doğrudan da, siz bunu kimdən eşidə bilərdiniz? Bir mənə bax ha! Bunu sizdən sonra allah bizə bəxş etdi.
Pavel Pavloviç həyəcanlı halda, (bu da yenə xoş idi) stulundan sıçradı.
– Mən heç bir şey eşitməmişəm, – Velçaninovun rəngi ağardı.
– Doğrudan da, doğrudan da siz kimdən eşidə bilərdiniz! – deyə Pavel Pavloviç zəif, mütəəssir bir səslə təkrar etdi, – axı biz rəhmətliklə ümidimizi tamam üzmüşdük, sizin də xatirinizdədir; birdən allahın bizə rəhmi gəldi, o zaman mən nə çəkdim, təkcə ona məlumdur. Deyəsən, sizdən düz bir il sonra, yox, bir il yox, bir il yox, icazə verin, əgər hafizəm məni aldatmırsa, siz bizdən oktyabrda, hətta, noyabrda getmişdiniz, eləmi?
– Mən T.-dən sentyabrın əvvəlində, sentyabrın on ikisində getmişdim, yaxşı yadımdadır…
– Doğrudan sentyabrda? Hm… bəs mən necə olub ki… – Pavel Pavloviç təəccübləndi, əgər, doğrudan da belə isə, onda icazə verin; siz sentyabrın on ikisində getmisiniz, Liza isə mayın on ikisində anadan olub. Demək, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, səkkiz ay neçə gündən sonra! Əgər siz bilsəydiniz ki, mərhum necə…
– Göstərin onu mənə, çağırın onu, – Velçaninovun səsi titrəyir, dili dolaşırdı.
– Mütləq! – Pavel Pavloviç əl-ayağa düşdü, demək istədiyi sözün üstündən, lazım olmayan bir şey kimi tez ötüb-keçdi. – Bu saat, bu saat sizə təqdim edərəm! – Tez o biri otağa Lizanın yanına keçdi.
Üç-dörd dəqiqə keçmişdi, o biri otaqda tez-tez pıçıldaşırdılar, Lizanın səsi güclə eşidilirdi. Yəqin «qız xahiş edir ki onu qonaq otağına aparmasın» – deyə Velçaninov fikirləşdi. Nəhayət, gəldilər.
Pavel Pavloviç dedi:
– Utanır, çox utancaqdır, təkəbbürlüdür… hər şeydə rəhmətliyə oxşayıb!
Liza daha ağlamırdı, gözlərini aşağı dikmişdi, atası onu əlindən tutub gətirirdi. Liza hündürboylu, zərif, çox qəşəng qız idi. O, iri göy gözlərini tez qaldırıb, yetikliklə, lakin qaşqabaqlı halda qonağa baxdı və gözlərini dərhal yenə yerə dikdi. Onun baxışlarında, yad adamla tək qaldıqda bir küncə çəkilərək, oradan onlarda heç zaman olmamış təzə qonağa təkəbbür və inamsızlıqla baxan uşaqlara xas bir vüqar vardı; ancaq ola bilsin, uşaqlara xas olmayan başqa bir fikir də vardı. – Velçaninova belə gəlirdi. Atası onu lap yaxına gətirdi.
– Bax, bu əmi əvvəllər ananı tanıyırdı, bizim dostumuz idi, utanma, əl ver.
Qız azca əyilərək, qorxa-qorxa əlini uzatdı.
– Natalya Vasilyevna ona salamlaşanda çöməlməyi öyrətməyib, beləcə ingilissayağı azca əyilib, əlini qonağa uzadır. – Pavel Pavloviç gözünü Velçaninova zilləyib, izahat verdi.
Velçaninov bilirdi ki, Pavel Pavloviç gözünü ona zilləyib lakin həyəcanını gizlətməyin qayğısına qətiyyən qalmırdı. O, stulda hərəkətsiz oturub, Lizanın əlini ovcunda tutaraq diqqətlə qıza baxırdı. Liza isə fikirli idi, əlinin qonağın əlində olduğunu unudaraq, gözlərini atasından çəkmirdi. O atasının danışıqlarına qorxa-qorxa qulaq asırdı. Bu iri gözləri Velçaninov dərhal tanıdı, lakin onu heyrətə salan qızın sifətinin qəribə, qeyri-adi zərif bəyazlığı və saçlarının rəngi idi.– Bu əlamətlər onun üçün çox əhəmiyyətli idi. Sifətinin quruluşu, dodaqları isə, əksinə, Natalya Vasilyevnanı çox xatırladırdı. Bu ara Pavel Pavloviç hərarət və coşqunluqla nə isə nağıl etməyə başlamışdı, Velçaninov isə qətiyyən onu eşitmirdi. Onun ancaq axırıncı cümləsini tuta bildi:
– Bəli, Aleksey İvanoviç, allah bunu bəxş eləyəndə bizim necə sevindiyimizi təsəvvür edə bilməzsiniz! Onun dünyaya gəlməsi mənim üçün hər şey idi, əgər allah-taalanın buyruğu ilə mənim sakit səadətim pozuldusa, güman edirəm ki, Liza mənə qalacaqdır; heç olmasa, bunu qəti bilirəm!
Velçaninov soruşdu:
– Bəs Natalya Vasilyevna?
Pavel Pavloviç üz-gözünü turşutdu:
– Natalya Vasilyevnamı? Axı siz onu yaxşı tanıyırdınız, xatirinizdədir, o çox danışmağı sevmirdi, ancaq ölüm yatağında onunla vidalaşarkən… hər şeyi açıb dedi! Mən sizə indi «ölüm yatağında» dedim; ancaq o, ölümündən bir gün qabaq həyəcanlanır, hirslənir, deyirdi ki, onu dərmanla əldən salırlar, xəstəliyi sadəcə olaraq titrəmə-qızdırmadır, həkimlərin ikisi də heç bir şey bilmir, Kox qayıdan kimi, (bizim qoca ştab həkimi yadınızdadırmı?) iki həftədən sonra o, ayağa qalxacaqdır! Bu hələ harasıdır, ölməmişdən beş saat qabaq yadına düşdü ki, üç həftədən sonra mütləq xalanın, Lizanın xaç anasının malikanəsinə onun ad gününə getmək lazımdır…
Velçaninov qızın əlini buraxmadan birdən stuldan qalxdı. Bu ara ona elə gəldi ki, qızın atasına zillənmiş odlu baxışında nə isə bir tənə var.
– Qız xəstə deyil ki? – deyə Velçaninov tələsik qəribə bir tərzdə soruşdu.
– Yox, deyəsən… ancaq burada şəraitimiz yaxşı deyil. – Pavel Pavloviç dərdli-dərdli, qayğıkeşliklə dilləndi, – uşaq çox qəribə olub, onsuz da əsəbi idi, anasının ölümündən sonra iki həftə xəstələndi, isteriya… Bayaq siz içəri girəndə gördünüz necə ağlayırdı, eşidirsən, Liza, eşidirsən? Axı nəyin üstündə? Ondan ötrü ki, gedirəm, onu evdə tək qoyuram, buradan da elə nəticə çıxarır ki, guya onu anasının sağlığında sevdiyim kimi sevmirəm. Məni, bax, bunda təqsirləndirir. Oyuncaqla oynamalı olan bir uşağın başına görün, necə fantaziya gəlir! Burada bir uşaq da yoxdur ki, onunla oynasın.
– Bəs siz… məgər siz burada ancaq ikinizsiniz?
– Tamamilə tək-tənhayıq. Xidmətçi qadın gündə ancaq bir dəfə gəlib, yır-yığış eləyir.
– Siz gedəndə, onu tək qoyub gedirsiniz?
– Bəs necə olsun? Dünən gedəndə isə onu o otağa salıb bağlamışdım, elə buna görə bu gün belə göz yaşı tökür. Özünüz deyin, nə edə bilərəm? Üç gün əvvəl mənsiz aşağı düşüb, bir oğlan uşağı da başına daş vurub. Bəzən də ağlayır, həyətdə hamıdan soruşur ki, mən haraya getmişəm. Axı, bu yaxşı deyil. Məndə də az yoxdur; bir saatlığa gedirəm, ertəsi gün səhər qayıdıram, dünən də belə oldu. Yaxşı ki, ev sahibəsi, mənsiz qapını açıb, çilingər çağırtdırıb, qıfılı açdırıb, biabırçılıqdır, öz-özümü vəhşi hesab edirəm, bütün bunlar hamısı ondan əmələ gəlir ki, ağlım çaşıb…
– Ata can, – qız çəkinə-çəkinə, narahatlıqla söylədi.
– Bax, yenə başladı! Yenə tutduğunu buraxmırsan? Mən bayaq sənə nə dedim?
– Daha eləmərəm, daha demərəm! – Liza qorxu içərisində əllərini atasının qabağında bir-birinin üstünə qoyub, təkrar etdi.
– Bu cür şəraitdə, belə davam edə bilməz. – Velçaninov aramla, amiranə bir səslə dedi – Axı siz… axı siz varlı adamsınız! Belə niyə – əvvəla fligeldə, belə şəraitdə?
– Deyirsiniz niyə fligelə düşmüşük? Bəlkə bir həftədən sonra getdik. Varlı olsaq da xərcimiz çox çıxıb…
– Yaxşı, bəsdir, bəsdir, – Velçaninov getdikcə artan bir səbirsizliklə onun sözünü kəsdi, o sanki açıq-açığına deyirdi: «Demək lazım deyil, nə deyəcəyini bilirəm və onu da bilirəm ki, hansı niyyətlə deyirsən!» – Qulaq asın, mən sizə təklif edirəm: siz indicə dediniz ki, bir həftə qalacaqsınız, bəlkə də iki həftə. Burada bir ev var, daha doğrusu, yaxşı bir ailə var. Mən iyirmi ildir, orada özümü öz evimdəki kimi hiss edirəm. Bu, Poqoreltsevlərin ailəsidir. Aleksandr Pavloviç Poqoreltsev, dövlət müşaviridir, hətta sizə köməyi də dəyər. Onlar indi bağdadırlar. Çox zəngin bağları var. Klavdiya Petrovna Poqoreltseva mənim üçün bir bacı, bir ana kimidir. Onların səkkiz uşaqları var. Lizanı verin, elə bu saat onlara aparım… ona görə deyirəm ki, vaxtı itirməyək. Onlar qızı məmnuniyyətlə qəbul edərlər, burada qalacağınız müddətdə onu doğma qızları kimi əzizlərlər.
Onun səbri tamam tükənmişdi və bunu gizlətmirdi. Velçaninova elə gəldi ki, Pavel Pavloviç üz-gözünü turşutdu, müsahibinin gözlərinə baxıb dedi:
– Deyəsən, bu mümkün olmayacaq.
– Nə üçün? Nə üçün mümkün olmayacaq?
– Axı mən uşağı birdən-birə, deyək ki, elə sizin kimi səmimi, xeyirxah bir adamla hara buraxım, mən o mənada demirəm, hər halda tanımadığım evdir, özü də kübar ailə, hələ bilmirəm ki, onu neçə qəbul eləyəcəklər.
Velçaninov az qala qəzəblə çığırdı:
– Axı mən sizə dedim ki, elə bil öz evimdir. Klavdiya Petrovna mənim hər sözümü məlhəm kimi qəbul edir, o ki, mənim qızım ola… lənətə gələsən, siz özünüz bilirsiniz ki, ancaq boş-boş danışırsınız, burada aydın olmayan nə var ki! O hətta ayağını yerə vurdu.
– Mən onu demək istəyirəm ki, qəribə çıxmaz ki? Hər halda mən onu bir neçə dəfə yoluxmalıyam, yoxsa atasız deyil ki? Hi… hi… özü də belə təşəxxüslü ailədə.
– Çox sadə ailədir, «təşəxxüslü»-zad deyil. – Velçaninov çığırdı, – sizə deyirəm ki, uşaqları çoxdur. Orada qız dirçələr… bunun üçün orada hər şey var… Sizi isə istəsəniz, sabah özüm təqdim edərəm. Bəli, hətta mütləq oraya gedib, minnətdarlıq eləmək lazımdır; əgər istəsəniz hər gün gedərik…
– Axı birtəhər çıxır…
– Boş şeydir! Başlıca məsələ budur ki, siz özünüz bunu bilirsiniz! Mənə baxın, bu gün axşam mənim yanıma gəlin, gecələyərsiniz də, sübh tezdən yola düşərik ki, saat on ikidə orada olaq.
– Mənim xeyirxahım! Hətta sizdə gecələmək… – Pavel Pavloviç birdən riqqətlə razılaşdı, – hədsiz iltifat göstərirsiniz… hardadır onların bağı?
– Onların bağı Lesnoydadır.
– Bəs onun paltar məsələsi necə olsun? Elə məşhur bir evə, özü də bağa, özünüz bilirsiniz də… Ata ürəyidir!
– Paltar nədir? O yaslıdır. Məgər başqa paltar geyə bilər? Çox abırlıdır, bundan yaxşısı olmaz! Ancaq alt paltarı təmiz olsun, ləçəyi təmiz olsun… (Ləçəyi və paltarının altından görünən alt paltarı doğrudan da çox çirkli idi).
Pavel Pavloviç əl-ayağa düşdü:
– Bu saatca, paltarını dəyiş. Başqa lazımlı alt paltarlarını da biz indicə yığışdırarıq, onları yumaq üçün Mariya Sısoyevnaya vermişik.
Velçaninov onun sözünü kəsdi:
– Tapşırın kolyaska dalınca getsinlər, əgər mümkünsə, tez eləyin.
Lakin burada ortaya bir əngəl çıxdı. Liza qəti etiraz edirdi, o bütün bu müddətdə deyilənləri qorxu içərisində dinləyirdi və əgər Velçaninovun Pavel Pavloviçi dilə tutarkən, qıza göz qoymağa imkanı olsaydı, onun sifətindəki dərin ümidsizliyi görərdi.
O qətiyyətlə və yavaşca dedi:
– Mən getməyəcəyəm.
– Görürsünüz də, tamam anasına çəkib!
– Mən anama çəkməmişəm, mən anama çəkməmişəm! – Liza kiçik əllərini ovuşdura-ovuşdura elə çığırdı ki, sanki onun anasına çəkməsi barədə atasının məzəmmətini rədd etməyə çalışırdı, – ata can, ata can, əgər sən məni atsan…
Qız birdən, qorxuya düşmüş Velçaninovun üstünə atıldı:
– Əgər siz məni aparsanız, mən…
Ancaq qızın sözü yarımçıq qaldı. Pavel Pavloviç qızın qolundan yapışaraq, açıq bir qəzəblə onu kiçik otağa çəkdi. Orada yenə bir neçə dəqiqə pıçıldaşma getdi. Boğuq ağlama səsi eşidilirdi. Velçaninov oraya getmək istəyirdi ki, Pavel Pavloviç otaqdan çıxdı, istehzalı bir təbəssümlə bildirdi ki, qız indicə çıxacaqdır. Velçaninov çalışırdı ki, Pavel Pavloviçə baxmasın, ona görə nəzərlərini kənara dikmişdi.
Mariya Sısoyevna, bayaq onun dəhlizdə rast gəldiyi qadın, içəri girdi və qızın alt paltarlarını Lizanın kiçik, qəşəng çantasına yığmağa başladı.
– Cənab, qızı aparırsınız? – deyə o Velçaninova müraciət etdi. – Ailəniz var? Yaxşı eləyirsiniz, cənab, sakit uşaqdır, bu çığır-bağırdan canı qurtarar.
– Siz də Mariya Sısoyevna… – deyə Pavel Pavloviç mızıldandı.
– Nə Mariya Sısoyevna salmısan! Məni hamı belə çağırır. Çığır-bağır olmur? Başa düşən uşaqdır, yaxşıdır belə biabırçılığı görmək? Sizin üçün kolyaska gəlib, cənab, Lesnoya gedirsiniz?
– Bəli, bəli.
– Hə, salamat gedin.
Liza rəngi ağarmış, başı aşağı otaqdan çıxdı və çantasını götürdü. Velçaninov tərəfə bir dəfə də nəzər salmadı. O toxtamışdı, hətta vidalaşarkən belə, bayaqkı kimi atasının üstünə atılmadı. Görünür, ona heç baxmaq da istəmirdi. Atası nəzakətlə onun alnından öpdü və saçlarını oxşadı. Bu zaman qızın dodaqları sıxıldı və çənəsi əsdi, lakin yenə gözlərini qaldırıb, atasına baxmadı. Pavel Pavloviçin rəngi, deyəsən, qaçmışdı, əlləri əsirdi, bunu, var qüvvəsi ilə ona baxmamağa, çalışsa da, Velçaninov aydın sezirdi. O, buradan tez çıxıb getmək istəyirdi. «Burada mənim nə təqsirim var? – deyə fikirləşdi– Belə də olmalı idi». Aşağı endilər, burada Mariya Sısoyevna ilə Liza öpüşdülər, qız kolyaskaya əyləşən kimi, atasına baxdı və birdən əllərini uzadıb çığırdı, bircə an da keçsəydi, o, kolyaskadan atasının üstünə atılacaqdı, lakin atlar artıq tərpənmişdi.
VI
AVARA ADAMIN YENİ FANTAZİYASI
Özünüzü pis hiss etmirsiniz ki? – Velçaninov qorxuya düşdü. – Deyim, saxlasınlar, deyim, su gətirsinlər…
Qız başını qaldırıb, ona tərs-tərs, məzəmmətlə baxdı.
– Siz məni haraya aparırsınız? – O sərt, qırıq-qırıq danışırdı.
– Liza, getdiyimiz yer çox yaxşı evdir. İndi onlar gözəl bir bağdadırlar; orada çoxlu uşaq var, orada sizi sevəcəklər, onlar yaxşı adamlardır… acığınız tutmasın, Liza, mən sizə yaxşılıq eləmək istəyirəm…
Əgər bu dəqiqədə tanışlarından onu görən olsaydı, Velçaninov onlara qəribə görünərdi.
Liza göz yaşlarından boğula-boğula, qəşəng, qəzəbli gözlərini ona zilləyərək dedi:
– Siz necə, siz necə… siz necə… siz necə qəddar adamlarsınız!
– Liza, mən…
– Siz qəddarsınız, qəddarsınız, qəddarsınız, qəddarsınız! – O, əllərini ovuşdururdu. Velçaninov özünü tamam itirmişdi.
– Liza, əzizim, bilsəniz necə ürəyimə toxunursunuz!
– Doğru deyirsiniz, o, sabah gələcək? Doğrudur? – deyə qız amiranə tərzdə soruşdu.
– Doğrudur, doğrudur! Mən özüm onu gətirəcəyəm. Özüm onu götürüb gələcəyəm.
Liza gözlərini aşağı dikərək pıçıldadı:
– O aldadacaq.
– O məgər sizi sevmir?
– Sevmir.
– O sizi incidir? İncidir?
Liza ona qaşqabaqlı baxıb dinmədi. Qız yenə üzünü ondan çevirdi və başını aşağı dikdi. Velçaninov onu dilə tutmağa başladı, özü də hərarətlə danışırdı, əsirdi. Liza inamsız halda, düşmən kimi qulaq asırdı, ancaq qulaq asırdı. Onun belə diqqətlə qulaq asması Velçaninovu həddindən artıq sevindirdi; o hətta qıza izah etməyə başladı ki, içən adam nə deməkdir. O qıza dedi ki, özü də onu sevir və atasına göz-qulaq olacaqdır. Liza, nəhayət, başını qaldırdı və gözlərini Velçaninova zillədi. Velçaninov onun anasını tanıdığını nağıl etməyə başladı və belə sözlərlə qızı maraqlandırdığını gördü. Liza yavaş-yavaş onun suallarına cavab verməyə başlayırdı, lakin çox ehtiyatla, bir kəlmə ilə, inadla. Əsas suallara isə ondan cavab çıxmadı, atası ilə əvvəlki münasibətinə aid bütün məsələlərdə inadla susurdu. Velçaninov qızla danışarkən onun əlini bayaqkı kimi əlinə alıb, buraxmır, qız da əlini çəkmirdi. Liza həmişə susmurdu; o hər halda açıq cavab verməsə də, deyirdi ki, atasını anasından çox istəmişdir, çünki əvvəllər atası da onu çox sevirdi, anası isə əvvəllər onu az sevirdi, lakin anası ölərkən, onu çox öpmüş və ağlamışdı, hamı otaqdan çıxdıqdan sonra onlar tək qalmışdılar… indi isə onu hamıdan və dünyada hər şeydən artıq sevir. Hamıdan artıq onu sevir. Qız doğrudan da məğrur idi, birdən ağzından söz qaçırdığını başa düşüb, yenə susaraq qaradinməz oldu. Hətta onu danışmağa məcbur edən Velçaninova nifrətlə baxdı. Yol qurtarana yaxın qızın əsəbiliyi, demək olar ki, sovuşub keçmişdi, lakin o çox dalğın idi, vəhşi kimi qaşqabaqlı, qəmgin-qəmgin, düşünülmüş bir inadla baxırdı. Tanımadığı və heç zaman olmadığı bir evə aparılmasına gəldikdə isə bu onu hələlik, deyəsən, az narahat edirdi. Ona əziyyət verən başqa şey idi, bunu Velçaninov görürdü; o, başa düşürdü ki, qız ondan xəcalət çəkir ki, atası çox asanlıqla onu Velçaninova tapşırmışdı, sanki onu Velçaninovun qolları üstə atmışdı.
«O xəstədir, – Velçaninov fikirləşirdi– bəlkə də bərk xəstədir; ona əzab veriblər… Eh, sərxoş əclaf! Mən indi onu başa düşürəm!» O sürücünü tələsdirdi; ümidini bağa, havaya, uşaqlara, qıza tanış olmayan həyata bağlamışdı, sonra isə… sonra nə olacağına o, zərrə qədər şübhə eləmirdi. Sonrası yaxşı olacaqdı. Yalnız bir şeyi o yaxşı bilirdi: indi duyduğu hissi heç zaman duymamışdı və bunu ömrü boyu unutmayacaqdı! «Məqsəd budur, həyat budur!» – deyə o vəchlə düşünürdü.
Onun başına indi çox fikir gəlirdi, lakin o bunların üzərində durmur, təfərrüatdan qaçırdı; təfərrüatsız da hər şey aydınlaşırdı, hər şey pozulmazdı. Onun başlıca planı öz-özünə yaranmışdı: «Əlbir olub bu əclafa təsir etmək olar. Lizanı heç olmazsa, əvvəlcə müvəqqəti olaraq Peterburqa, Poqoreltsevgildə qoyub gedər; Liza mənə qalar; vəssalam, bundan artıq nə ola bilər? O özü də bunu arzulayır; əgər belə deyilsə bəs niyə qıza əzab verir?». Nəhayət, gəlib çatdılar. Poqoreltsevlərin bağı doğrudan da səfalı bir yer idi; hamıdan qabaq onları bağın artırmasına çıxmış hay-küylü uşaqlar qarşıladılar. Velçaninov çoxdandı ki, burada olmamışdı, ona görə uşaqların sevinci aşıb-daşırdı, onu sevirdilər.
O hələ kolyaskadan çıxmamış nisbətən yaşlılar çığırdılar:
– Çəkişmənin axırı necə oldu? Çəkişməniz neçə oldu? – deyə kiçiklər də böyüklərə qoşuldular və gülüşə-gülüşə çığırışmağa başladılar. Ona burada məhkəmədə çəkişdiyinə görə sataşırdılar. Lakin Lizanı görən kimi dərhal onu dövrəyə alıb, səssizcə, uşaq marağı ilə süzməyə başladılar. Klavdiya Petrovna, onun dalınca da əri bayıra çıxdı. Klavdiya Petrovna və əri də ağızlarını açan kimi, gülə-gülə çəkişməni soruşdular.
Klavdiya Petrovna otuz yeddi yaşında, dolu, təravətli və çəhrayı sifətli hələ də gözəl bir xanım idi. Əri əlli beş yaşında ağıllı və məkrli, lakin hər şeydən qabaq, xeyirxah adamdı. Onların evi Velçaninovun dediyi kimi, onun «öz evi» idi. Lakin burada bir xüsusi məsələ də vardı: iyirmi il qabaq həmin bu Klavdiya Petrovna az qala Velçaninova ərə gedəcəkdi. Velçaninov o zaman, demək olar ki, cavan oğlan idi, tələbə idi. Bu məhəbbət ilk, dəliqanlı, məzəli və gözəl bir məhəbbət idi. Klavdiya Petrovnanın Poqoreltsevə ərə getməsilə bu məhəbbət bitmişdi. Beş ildən sonra onlar yenə görüşdülər və hər şey aydın və sakit bir dostluğa çevrildi. Onların münasibətlərində həmişəlik olaraq bir səmimilik və bu əlaqələri nurlandıran bir işıq qaldı. Bu məsələdə Velçaninovun xatirələri təmiz və qüsursuz idi, bəlkə də elə buna görə, yeganə təmiz münasibət olduğuna görə, bu, onun üçün çox qiymətliydi. Burada, bu ailədə o, sadə, təmiz, mehriban idi, uşaqları əzizləyirdi, özünü heç zaman çəkmirdi, hər şeyi etiraf edir, hər şeydə ürəyini açırdı. O dəfələrlə poqoreltsevlərə and içmişdi ki, bir qədər keçəndən sonra, həmişəlik onların yanına köçəcək və həmişəlik onlarla bir yerdə yaşayacaqdır. Özlüyündə də bu barədə ciddi düşünürdü.
O, Liza barədə nə lazımsa, hamısını təfsilatı ilə onlara danışdı: lakin izahatsız da onun bircə xahişi kifayət idi. Klavdiya Petrovna «yetimçəni» öpdü və əlindən gələni edəcəyini vəd elədi. Uşaqlar Lizanı götürüb, bağa oynamağa apardılar. Yarım saat söhbətdən sonra Velçaninov ayağa qalxdı və xudahafizləşməyə başladı. O elə bərk həyəcan içərisində idi ki, bunu hamı duydu. Hamı təəccübləndi: üç həftədir ki, burada olmayıb, indi isə yarım saat oturub gedir. O gülümsəyərək and içirdi ki, sabah gələcək. Həddindən artıq təşvişdə olduğunu ona bildirdilər; o birdən Klavdiya Petrovnanın qolundan tutaraq, onu başqa otağa apardı, bəhanə elədi ki, ona nə isə mühüm bir məsələni deməyi unutmuşdur.
– Yadınızdadırmı, mən sizə, ancaq sizə, hətta əriniz də bunu bilmir, həyatımın T. illəri barədə demişdim?
– Lap yaxşı yadımdadır; siz tez-tez bu barədə danışardınız.
– Mən danışardım sizə, ancaq sizə ürəyimi açardım! Mən bu qadının familiyasını heç zaman sizə deməmişdim. O, Trusotskaya idi, bu Trusotskinin arvadı. Trusotskaya ölmüşdür, onun qızı Liza isə mənim qızımdır.
– Bunu yəqin bilirsiniz? Səhv etmirsiniz ki? – Klavdiya Petrovna həyəcanla soruşdu.
Velçaninov fərəhlə dedi:
– Qətiyyən, qətiyyən səhv etmirəm!
O tələsik və bərk həyəcanlı halda hər şeyi bacardığı qədər qısaca danışdı. Klavdiya Petrovna əvvəllər də bunu bilirdi, ancaq qadının familiyasını bilmirdi. Velçaninov onu tanıyanlardan birisinin bir vaxt Trusotskayaya rast gələ biləcəyini və onun bu qadını belə sevə bilməsini düşünəcəyini xəyalına gətirəndə, dəhşətə gəlirdi. O hətta yeganə dostu Klavdiya Petrovnaya da «bu qadının» adını indiyədək deməyə cəsarət etməmişdi.
Klavdiya Petrovna ona qulaq asaraq soruşdu:
– Atası da bir şey bilmir?
– Y-ox, o bilir… Mənə də əzab verən elə odur ki, bəzi şeylərdən xəbərsizəm. – Velçaninov odlu-odlu sözünə davam etdi. – O bilir, bilir; bunu mən bu gün və dünən sezmişəm. Lakin mən bilməliyəm ki, onun bu barədə məhz nə qədər məlumatı var? İndi buna görə tələsirəm. Bu gün axşam o gələcəkdir. Ancaq təəccüb edirəm ki, o haradan bilir, daha doğrusu, hamısını haradan bilir? Baqautov haqqında o hər şeyi bilir, buna şübhə ola bilməz. Mənim haqqımda necə? Siz bilirsinizmi, belə hallarda arvadlar öz ərlərini necə inandırırlar! Əgər göydən mələk ensə, ər ona inanmaz, amma arvadına inanır! Başınızı bulamayın, məni qınamayın, mən özüm özümü qınayıram və çoxdan, lap çoxdan bütün əməllərimə görə qınayıram! Bilirsinizmi, bayaq onun yanında, hər şeyi bildiyinə elə əmin idim ki, özümü büruzə verdim. İnanırsınızmı, onu dünən pis qarşıladığım üçün xəcalət çəkirəm. (Mən bunu sizə sonra təfsilatı ilə danışaram!) O dünən mənim yanıma qarşısıalınmaz qəzəb dolu bir arzu ilə kəlmişdi, bildirmək istəyirdi ki, o təhqir edildiyini bilir və təhqir edən də ona məlumdur. Onun sərxoş halda səfeh gəlişinin səbəbi bu idi. Ancaq onun tərəfindən bu hərəkət çox təbii çıxır. O məhz tənə vurmaq üçün gəlmişdi. Ümumiyyətlə, mən dünənki və bir az bundan qabaqkı görüşümüzü çox əsəbi keçirdim. Ehtiyatsız, səfehcəsinə! Özüm özümü ələ verdim! Niyə o belə pərişan vaxtımda gəlib çıxdı? Sizə deyirəm, o, Lizaya da əzab verir, uşağa ona görə əzab verir ki, heç olmasa danlamaqla acığın uşaqdan çıxmaq istəyir. Bəli, o qeyzlənmişdi ki, nə qədər rəzil olsa da qeyzlənmişdi; həddindən artıq. Öz-özlüyündə təlxəkdən başqa bir şey deyil, ancaq qabaqlar, allah haqqı, az-çox abırlı adama oxşayırdı, ancaq onun yolunu azması da təbiidir! Buna, əzizim xristian gözü ilə baxmaq lazımdır! Bilirsənmi, əzizim, mənim mehribanım, mən ona qarşı münasibətimi tamam dəyişmək istəyirəm, mən onun ürəyini almaq istəyirəm. Bu, hətta mənim tərəfimdən «xeyirxah bir iş» olar. Çünki mən, hər halda, onun qarşısında günahkaram! Mən sizə bir şeyi də deyim: bir dəfə T.-də mənə birdən dörd min manat pul lazım oldu, o, bir dəqiqənin içərisində bu pulu mənə verdi, sənədsiz-zadsız, karıma gəldiyinə görə yaman sevinirdi, axı, bu pulu o vaxt mən almışdım, onun əlindən almışdım, bir dost kimi.
Bu sözlərdən sonra Klavdiya Petrovna narahatlıqla dedi:
– Ancaq ehtiyatlı olun, siz çox sevinirsiniz, doğrusu, mən sizin üçün qorxuram! Əlbəttə, Liza indi mənim də qızımdır, ancaq burada hələ çox düyünlü məsələlər var! Başlıcası isə indi gərək ehtiyatlı olasınız; siz mütləq ehtiyatlı olmalısınız, madam ki, siz belə səadət və sevinc içərisindəsiniz; siz səadət içərisində olduğunuz zaman həddindən artıq alicənabsınız, – deyə qadın təbəssümlə əlavə etdi.
Hamı Velçaninovu ötürməyə çıxdı; uşaqlar bağçada birgə oynadıqları Lizanı da gətirdilər. Onlar elə bil qıza bayaqkından daha böyük təəccüblə baxırdılar. Velçaninov hamının yanında onu öpərək xudahafizləşdi, sabah atası ilə gələcəyini təkrar edərkən Liza lap sıxıldı. Axırıncı dəqiqə-yədək o susur və ona baxmırdı, lakin birdən Velçaninovun qolundan yapışıb, kənara çəkdi, yalvarıcı nəzərlərini üzünə zillədi, o, Velçaninova nə isə demək istəyirdi. Velçaninov tez qızı o biri otağa apardı.
– Nə olub, Liza? – deyə mehriban-mehriban və ruhlandırıcı bir tərzdə soruşdu, lakin qız ürkək nəzərlərlə ətrafına baxınaraq, onu bir az da uzağa, küncə apardı; o hamıdan gizlənmək istəyirdi.
– Nə olub, Liza, nə olub?
O susurdu. Ürək eləmirdi, göy gözləri onun gözlərinə zillənmişdi, sifətinin bütün cizgilərində yalnız dəhşətli bir qorxu ifadə olunurdu.
– O… ozünü asacaq! – deyə qız sayıqlayırmış kimi pıçıldadı. Velçaninov qorxu içərisində soruşdu:
– Kim özünü asacaq?
– O, o! Gecə özünü asmaq istəyirdi! – deyə qız tələsik və boğula-boğula dilləndi. – Mən özüm gördüm! O bayaq da özünü asmaq istəyirdi, bunu mənə o özü deyirdi! O qabaqlar da özünü asmaq istəyirdi, həmişə istəyir özünü assın… Mən gecə gördüm…
Velçaninov heyrət içərisində pıçıldadı:
– Ola bilməz!
Qız birdən onun əllərini öpməyə başladı; o ağlayırdı, hıçqırırdı, az qala boğulurdu, xahiş edir, yalvarırdı, Velçaninov isə onun dili dolaşa-dolaşa dediyi sözlərdən heç bir şey başa düşə bilmirdi. Dəhşətli bir qorxu içərisində və son ümidlə ona baxan bu əzabkeş uşağın üzgün baxışı sonralar həmişəlik onun xatirəsində həkk olub qalmışdı, onun gözünün qabağına gəlir, yuxusuna girirdi.
«Doğrudanmı, doğrudanmı qız onu belə sevir? – deyə Velçaninov şəhərə dönərkən əsəbi səbirsizlik içində, qısqanclıqla və həsədlə düşünürdü. – Bayaq özü dedi ki, anasını çox sevirdi… bəlkə qız ona nifrət edir, onu yerli-dibli sevmir».
«Necə yəni özünü asacaq? O nə deyirdi? O səfeh özünü asacaq… Öyrənmək lazımdır: mütləq öyrənmək lazımdır! Bacardıqca hər şeyi tez həll etmək lazımdır– qəti həll etmək lazımdır!»
VII
ƏR VƏ OYNAŞ ÖPÜŞÜRLƏR
O «öyrənməyə» çox tələsirdi. «Bayaq məni elə karıxdırmışdı, heç fikirləşməyə macal tapmadım, – Velçaninov Liza ilə ilk görüşünü xatırlayaraq fikirləşirdi, – indi isə öyrənmək lazımdır». Tez öyrənmək üçün o səbirsizliklə karetanı birbaşa Trusotskinin yanına sürdürmək istədi, lakin dərhal fikrindən daşındı: «Yox, yaxşısı budur ki, o özü mənim yanıma gəlsin, mən isə bu müddətdə tez bu zəhrimara qalmış işləri qurtararam».
O əsəbi halda işə girişdi; lakin bu dəfə özü hiss etdi ki, fikri çox dağınıqdır və bu gün işlə məşğul olmaq yaramaz. Saat beşdə nahar etməyə gedəndə, birdən ilk dəfə başına gülməli bir fikir gəldi; bu məhkəmə çəkişməsinə qatışmaqla, idarələrə gedib-gəlməklə ondan gizlənməyə başlayan vəkilini axtarmaqla, bəlkə, doğrudan da işə mane olur? O oz ehtimalına gülümsədi. «Əgər bu fikir ağlıma dünən gəlsəydi, bərk kədərlənərdim», – deyə daha fərəhlə əlavə etdi. Şad olmasına baxmayaraq, o getdikcə huşsuz və səbirsiz olurdu; nəhayət, dalğınlığa qapılmışdı; onun narahat düşüncəsi çox şeydən yapışsa da, ona lazım olan şeydən ümumiyyətlə bir nəticə çıxmırdı.
– «Mənə o lazımdır, o adam lazımdır! – Nəhayət, bir qərara gəldi, – onu başa düşmək lazımdır, sonra isə həll etmək. Bəlkə duel lazımdır!»
Saat yeddidə evə dönərkən, Pavel Pavloviçi görmədi, bundan çox təəccübləndi, sonra qəzəbi tutdu, sonra da hətta məyus oldu; axırda qorxuya düşdü. «Allah bilir, allah bilir axırı necə qurtaracaq!» – deyə təkrar edir, gah otaqda gəzişir, gah divanda uzanır və elə hey saata baxırdı. Nəhayət, doqquzun yarısında Pavel Pavloviç gəldi. «Əgər bu adam kələkbaz olsaydı, məni indi həmişəkindən daha asanlıqla pusa bilərdi. Halım bu dərəcədə pozulduğu zamanda» – deyə fikirləşdi və birdən tamam ürəkləndi, kefi duruldu.
Onun cəsarətli, fərəhli:
– Niyə belə gec gəldin? – Sualına cavab olaraq Pavel Pavloviç istehza ilə gülümsədi, dünənkinin əksinə utanıb çəkinmədən, həyasızcasına əyləşdi və krepli şlyapasını bir nov saymazyana o biri stulun üstünə tulladı. Velçaninov onun həyasızlığını dərhal sezdi və nəzərə aldı.
O, Lizanı necə apardığını, onu necə mehribanlıqla qəbul etdiklərini, orada gününün yaxşı keçəcəyini haqq-hesab şəklində sakit-sakit, artıq söz işlətmədən, həyəcansız danışdı və yavaş-yavaş elə bil, Lizanı tamamilə unudaraq, söhbəti Poqoreltsevlərin üstünə gətirdi, daha doğrusu, onların necə mehriban adam olmaları, onları çoxdan tanıdığını, Poqoreltsevin yaxşı, hətta mötəbər bir adam olduğunu və sairəni danışdı. Pavel Pavloviç onu dalğın-dalğın dinləyirdi, hərdənbir acıqlı-acıqlı və məkrli bir istehza ilə gözaltı müsahibinə baxırdı.
– Dəliqanlı adamsınız, – deyə o, pis-pis gülümsədi.
– Siz bu gün gözümə qəzəbli dəyirsiniz,-Velçaninov dilxorcasına söyləndi.
– Niyə də başqaları kimi qəzəbli olmayım? – deyə Pavel Pavloviç birdən elə bil tindən sıçrayıb çıxdı, sanki o çoxdan bunu gözləyirdi.
Velçaninov qımışdı:
– İxtiyar sahibisiniz, fikirləşdim ki, görəsən, sizə bir şey olmayıb ki?
Olub da! – deyə Pavel Pavloviç çığırdı, o sanki olmuş hadisə ilə qürurlanırdı.
– Nə olub ki?
Pavel Pavloviç cavab verməyə tələsmirdi.
– Bizim Stepan Mixayloviçdir də, horra çıxardır… Baqautovu deyirəm, kübar cəmiyyətindən olan qəşəng peterburqlu cavan oğlanı.
– Yenə sizi qəbul eləmədi?
– Yox, bu dəfə qəbul etdi, birinci dəfə yanına buraxdı, sifətinin cizgilərinə tamaşa elədim, ancaq ölünün!..
– Nə! Baqautov ölüb? – Velçaninov dəhşətli dərəcədə heyrətə gəldi, halbuki təəccüblənməli bir şey yoxdu.
– O! Vəfalı altı ilin dostu! Hələ dünən günortaya yaxın ölüb, mən isə bilməmişəm. Bəlkə həmin dəqiqədə, gedib onun səhhətini xəbər alardım. Sabah dəfn edəcəklər, artıq tabutdadır. Tabut tünd-qırmızı rəngli məxmərə tutulub, baftası zərlidir… Əsəb çılğınlığından ölüb. Yanına buraxdılar, sifətinin cizgilərinə tamaşa etdim! İçəri girəndə dedim ki, səmimi dostuyam, ona görə buraxdılar. Bu səmimi dostum, altı ilin dostu, görün başıma nə oyun açdı, mən sizdən soruşuram? Mən bəlkə təkcə ondan ötrü Peterburqa gəlmişdim!
Velçaninov gülümsədi:
– Axı siz ona niyə qəzəblənirsiniz? O ki, bilə-bilə ölməyib!
– Mən təəssüflənirəm, deyirəm ki, qiymətli dost idi; o mənim uçun belə dost idi!
Pavel Pavloviç birdən, heç gözlənilmədən, iki barmağı ilə daz alnının üstündə buynuz göstərdi və için-için xeyli uğundu. O beləcə buynuzlu yarım dəqiqəyədək oturub pıqqıldadı, biç-biç, həyasızcasına, həzz ala-ala Velçaninovun gözlərinə baxdı. Velçaninovu qara basırmış kimi, vahimə içərisində quruyub qalmışdı. Lakin bu hal çox az çəkdi. Onun dodaqlarında yavaş-yavaş istehzalı və həyasızlıq dərəcəsinədək sakit bir təbəssüm göründü.
– Bu nə deməkdir? – Sözləri uzadaraq, saymazyana soruşdu: Pavel Pavloviç nəhayət, əlini aşağı saldı, onun sözünü kəsdi;
– Bu, buynuz deməkdir.
– Yəni, sizin buynuzunuz?
– Mənim şəxsi, öz əməyimlə qazanılmış buynuzlarım. – deyə Pavel Pavloviç yenə də, iyrənc bir şəkildə üz-gözünü yığışdırdı.
Hər ikisi susdu. Velçaninov dedi:
– Ancaq çox igid adamsınız!
– Bunu buynuz göstərdiyimə görə deyirsiniz? Bilirsiniz nə var. Aleksey İvanoviç, yaxşı olar ki, siz məni bir şeyə qonaq eləyəsiniz! Axı mən sizi T.-də qonaq eləmişəm, düz bir il hər gün… Adam göndərin şərab alsın, boğazım quruyub.
– Məmnuniyyətlə; bunu çoxdan deyəydiniz də. Siz nə içirsiniz?
– Nə siz bazlıqdır, deyin ki, biz; axı bir yerdə içəcəyik, elə deyil? – Pavel Pavloviç öcəşkənliklə, eyni zamanda da qəribə bir narahatlıqla Velçaninovun gözlərinə baxdı:
– Şampanski?
– Başqa nə ola bilər? Arağın növbəsi hələ çatmayıb… Velçaninov ağır-ağır qalxdı, aşağıdan Mavranı çağırdı, sərəncam verdi.
– Doqquz illik ayrılıqdan sonra xoş görüşümüzün şərəfinə, – deyə Pavel Pavloviç yersiz, pis-pis hırıldadı. – İndi yaxın dostlarımdan təkcə siz qalmısınız! Stepan Mixayloviç artıq yoxdur! Şair demişkən:
Böyük Patrokl artıq yoxdur,
Sağdır həqir Fersit.
«Fersit» sözünü deyərkən barmağını sinəsinə vurdu.
«Ay səni, donuz, mən eyham xoşlamıram, tez açıb desənə». – Velçaninov öz-özünə fikirləşdi, onun içərisində qəzəb qaynayırdı, özünü güclə saxlayırdı.
Velçaninov dilxorluqla dedi:
– Mənə bir şeyi deyin görüm, əgər siz Stepan Mixayloviçi belə açıq-açığına günahlandırırsınızsa (o indi onu sadəcə Baqautov adlandırmadı), indi sevinməlisiniz ki, sizi təhqir edən adam ölmüşdür, niyə bos qeyzlənirsiniz?..
– Nə sevinc? Nə üçün sevinim?
– Mən sizin hissləriniz əsasında deyirəm.
Xe-xe, bu məsələdə siz mənim hisslərim barədə yanılırsınız. Ağıllı bir adam demişdir: «Düşmən ölü yaxşıdır, lakin diri olsa daha yaxşıdır», xi-xi!
Velçaninov qəzəblə və qırmızılıqla söyləndi:
– Güman edirəm ki, siz diri düşməni beş il hər gün görmüşsünüz, ona doyunca tamaşa etməyə vaxtınız da olmuşdur.
– Məgər onda… məgər onda bilirdim! – Pavel Pavloviç birdən havalandı, yenə də elə bil tindən sıçrayıb çıxdı. Hətta elə bil, çoxdan gözlədiyi sualın, nəhayət, verilməsinə sevinirdi. – Aleksey İvanoviç, siz məni nə hesab edirsiniz? – Onun baxışları birdən tamamilə yeni və gözlənilməz ifadə aldı, bu ifadə onun qəzəbli və bu vaxtadək ancaq rəzilcəsinə turşudulan sifətini sanki tamam başqa bir şəklə saldı. Karıxmış Velçaninov nagəhani bir təəccüblə dedi: Doğrudanmı, siz heç bir şey bilmirdiniz!
– Deyirsiniz, doğrudan bilmirdim? Doğrudan bilmirdim! Ah, Yupiterlərimizin cinsi! Siz insanla itə fərq qoymursunuz, hamınız hər şeyi öz arşınınızla ölçürsünüz! Sizə bu lazımdır! Yeyin – O, yumruğunu dəli kimi, stola vurdu və dərhal özü də qorxuya düşdü, qorxu içərisində baxa-baxa qaldı. Velçaninov özünü təşəxxüslə çəkdi:
– Mənə baxın, Pavel Pavloviç, sizin bilib-bilmədiyinizin mənim üçün qəti əhəmiyyəti yoxdur. Əgər bilməmisinizsə, bu hər halda sizin üçün şərəfdir, bir də mən başa düşmürəm, niyə siz ürəyinizi məhz mənə açırsınız?
– Mən sizi demirəm, hirslənməyin, sizin barənizdə danışmıram… – deyə Pavel Pavloviç yerə baxa-baxa mızıldandı. Mavra şampanski gətirdi.
– Budur, gətirdi! – Pavel Pavloviç sohbətin belə qurtarmasına, görünür, sevindi, – stəkan verin, anam, stəkan. Qiyamətdir! Əzizim, daha heç bir şey lazım deyil. Ağzı da açılmışdır? Gözəl insan, sizə eşq olsun! Gedə bilərsiniz!
O yenə dirçəldi, təzədən sırtıq-sırtıq Velçaninova baxdı:
– Boynunuza alın ki, – deyə birdən o pıqqıldadı, – bütün bunlar sizdən ötrü çox maraqlıdır, heç də siz deyən kimi deyildir: «guya qəti əhəmiyyəti yoxdur», ona görə mən bu dəqiqə ayağa qalxıb, sizə heç bir şey demədən getsəm, kədərlənərsiniz.
– Doğrusu, kədərlənmərəm. Pavel Pavloviç gülümsündü, elə bil deyirdi: «Yalan deyirsən!»
– Hə, başlayaq! – O, stəkanlara şərab tökdü.
Stəkanı qaldırıb tost dedi:
– Bunu içək mərhum dostum Stepan Mixayloviçin sağlığına! Sonra stəkanı qaldırıb içdi. Velçaninov öz stəkanını yerə qoydu:
– Mən bunu içməyəcəyəm.
– Nə üçün axı? Yaxşı tostdur.
– Bilirsiniz nə var, siz içəri girəndə içməmişdiniz ki?
– Azca içmişdim. Nə olub ki?
– Heç, mənə elə gəldi ki, siz dünən və xüsusilə bu gün səhər, mərhum Natalya Vasilyevnaya ürəkdən heyfsilənirsiniz.
– Kim sizə dedi ki, indi ürəkdən heyfsilənmirəm? – Yayı dartılmış kimi Pavel Pavloviç yenə yerindən sıçradı.
– Mən o barədə demirəm, ancaq özünüz razılaşın ki, siz Stepan Mixayloviç barəsində yanıla bilərsiniz, bu isə mühüm məsələdir.
Pavel Pavloviç hiyləgərcəsinə gülümsündü və göz vurdu:
– Amma mənim Stepan Mixayloviç əhvalatını necə öyrəndiyimi bilməyə yaman can atırsınız!
Velçaninov pərtləşdi:
– Yenə sizə təkrar edirəm, mənim üçün əhəmiyyəti yoxdur. «Bəlkə bu saat onun boğazından yapışıb, butulkası ilə birlikdə bayıra atım?» – deyə o qəzəblə düşündü və daha da qızardı.
Pavel Pavloviç ona ürək vermək istəyirmiş kimi.
– Eybi yoxdur! – sonra özünə bir stəkan da tökdü.
– Mən bu saat sizə danışaram, «hamısını» necə öyrənmişəm və beləliklə də sizin yanğılı arzunuzu təmin edərəm… ona görə ki, siz odlu adamsınız. Aleksey İvanoviç, çox odlu adamsınız! Xe-xe! Ancaq mənə bir papiros verin, çünki mart ayından bəri…
– Buyurun, bu da papiros.
– Mən mart ayından pozuldum. Aleksey İvanoviç, məsələ bax, belə oldu, qulaq asın. Əziz dostum, özünüz bilirsiniz ki, vərəm, – o getdikcə daha həyasızlaşırdı, – qəribə xəstəlikdir. Vərəmli adamlar, sabah öləcəklərini bilmədən bir-bir dünyadan gedirlər. Sizə dedim ki, Natalya Vasilyevna ölməmişdən beş saat qabaq, iki həftədən sonra qırx verstlikdə olan xalanın yanına getmək istəyirdi. Bundan başqa, yəqin ki, bütün qadınlara, bəlkə də elə kişilərə xas olan bir vərdiş, daha düzünü desək, bir adət sizə məlumdur: eşq məktublaşmalarına aid bütün köhnə zir-zibili yığıb saxlamaq! Sobaya atıb yandırmaq daha düz olardı, elə deyilmi? Xeyr ha, bütün məktubları yeşiklərində və sandıqlarında möhkəm-möhkəm saxlayırlar; hətta ilinə, gününə və dərəcəsinə görə nömrələyirlər. Bəlkə bu təsəlli verir, bilmirəm, görünür, xoş xatirə kimi saxlayırlar. Ölümündən beş saat qabaq xalasıgilə getmək istəyən Natalya Vasilyevna, təbii ki, öləcəyini heç ağlına gətirmirdi, hətta son saatınadək, Koxu gözləyirdi. Elə oldu ki, Natalya Vasilyevna öldü və qara ağacdan qayrılmış, üstü sədəflə, gümüşlə işlənmiş mücrü yazı stolunun yeşiyində qaldı. Qəşəng bir qutudur, açarı da var, nənəsindən qalıb. Hə, bu qutuda hər şey açıldı, hər şey, hər şey günlərlə, illərlə, bütün iyirmi ildə olub-keçənlərin hamısı. Stepan Mixayloviç ədəbiyyata yaman meyl göstərdiyinə görə, hətta o, jurnala bir də göndərmişdi, qutudan onun az qala yüz nömrəsi çıxdı, doğrudur, beş il elə bir müddət deyil. Bəzi nömrələrdə Natalya Vasilyevnanın öz əli ilə edilmiş qeydlər vardı. Necə bilirsiniz, bu ərə xoş gələrdimi?
Velçaninovun tez yadına düşdü ki, o, Natalya Vasilyevnaya heç zaman bircə məktub da, bircə kağız da yazmamışdır. Doğrudur, Peterburqdan iki məktub yazmışdı, lakin bu məktublar şərtləşdikləri kimi, ər və arvadın adına göndərilmişdi. Natalya Vasilyevnanın rədd barədə məktubuna isə o cavab verməmişdi.
Pavel Pavloviç sözünü qurtarıb susdu, bir dəqiqəyədək həyasız-həyasız və öcəşkənliklə gülümsədi. O aşkar əzab çəkirdi:
– Bəs mənim sualıma niyə cavab vermədiniz?
– Bu hansı sualdır?
– Mücrünü açan ərin keçirdiyi hisslər barədə.
– Eh, mənə nə dəxli var! – deyə Velçaninov hirslə əlini çırparaq, ayağa qalxdı və otaqda gəzişməyə başladı.
– Mərc gələrəm ki, siz indi belə düşünürsünüz: «Donuzun biri donuz, özün öz buynuzlarını göstərdin». – Xe-xe! Siz… çox vasvası adamsınız!
– Bu barədə heç düşünmürəm. Əksinə, sizi təhqir edən adamın ölümünə siz çox əsəbiləşirsiniz, üstəlik də çox içmisiniz. Bütün bu işlərdə mən heç bir qeyri-adi bir şey görmürəm; diri Baqautovun sizə nə üçün lazım olduğunu yaxşı bilirəm və sizin peşmançılığınıza şərik olmağa hazıram, ancaq…
– Sizin fikrinizcə, Baqautov mənim nəyimə lazımdı?
– Bu sizin öz işinizdir.
– Mərc gələrəm ki, siz dueli nəzərdə tutursunuz!
– Lənətə gələsən! – Velçaninov getdikcə hövsələdən çıxırdı. – Mən fikirləşirdim ki, hər bir abırlı adam… belə hallarda gülünc hərzəkarlıq, səfeh ədəbazlıq, gülünc şikayətlər, iyrənc eyhamlar dərəcəsinədək alçalmır, çünki belə şeylərlə o özünü daha da ləkələyir, əksinə özünü abırlı adam kimi açıq aparır.
– Xe-xe, bəlkə mən abırlı adam deyiləm?
– Bu da yenə sizin öz işinizdir… ancaq bununla belə bütün bunlardan sonra diri Baqautov sizin nəyinizə lazımdı?
– Heç olmasa, dostuma baxardım. Onunla bir şüşə şərab içərdik.
– O sizinlə içmək istəməzdi.
– Nə üçün? Noblesse oblige [8 - B u r a d a: Nəciblik tələb edir? (fransızca)]. Siz ki, mənimlə içirsiniz; onun nəyi sizdən artıqdır?
– Mən sizinlə içməmişəm.
– Niyə özünüzü belə çəkirsiniz?
Velçaninov birdən əsəbi halda qəhqəhə çəkib güldü:
– Fu, siz lap «vəhşi tipsiniz»! Mən elə bilirdim ki, siz ancaq «həmişəlik ərsiniz», vəssalam!
– Necə yəni «həmişəlik ər», bu nə deməkdir? – Pavel Pavloviç qulaqlarını şəklədi.
– Bu, kişilərin bir tipidir… Uzun əhvalatdır. Yaxşısı budur ki, çıxıb kedəsiniz, vaxtdır; siz məni lap boğazıma yığdınız!
– Bəs vəhşi nə deməkdir? Siz vəhşi dediniz?
– Mən dedim ki, siz «vəhşi tipsiniz», gülmək üçün dedim.
– «Vəhşi tip» nədir axı? Aleksey İvanoviç, allah xatirinə, İsa xatirinə, danışın.
Velçaninov birdən bərk hirsləndi və çığırdı:
– Daha bəsdir, bəsdir! Vaxtdır, rədd olun! Pavel Pavloviç yerindən sıçradı:
– Yox, bəs deyil, mən sizin zəhlənizi töksəm də bəs deyil, çünki biz hələ əvvəlcə sizinlə içməli, stəkan stəkana vurmalıyıq! İçək, sonra gedərəm, indi isə bəs deyil!
– Pavel Pavloviç, siz bu gün rədd olub gedəcəksiniz, ya yox?
– Mən rədd olub gedə bilmərəm, ancaq əvvəlcə içək! Siz dediniz ki, məhz mənimlə içmək istəmirsiniz; mən isə istəyirəm ki, siz məhz mənimlə içəsiniz!
O daha əzilib-büzülmürdü, daha hırıldamırdı. Yenə onun içərisində hər şey birdən-birə elə dəyişdi ki, bayaqkı Pavel Pavloviçin görkəmindən, danışığından heç bir şey qalmadı. Velçaninov karıxıb qaldı.
– Pavel Pavloviç onun qolundan yapışdı və qəribə bir tərzdə sifətinə baxıb, sözünə davam etdi:
– İçək, Aleksey İvanoviç, boyun qaçırmayın!
– Hə, içək, – deyə Velçaninov mızıldandı. – Hanı… o zəhrimar…
– Düz iki stəkan qalıb, təmiz şərabdır, içək, stəkan stəkana vuraq! Buyurun stəkanınızı.
Onlar stəkanlarını toqquşdurub içdilər.
– Bir halda ki, belə oldu, belə oldu… ah! – Pavel Pavloviç birdən əli ilə alnını tutdu və bir neçə an beləcə qaldı. Velçaninova elə gəldi ki, o indicə son sözünü deyəcəkdir. Lakin Pavel Pavloviç ona heç bir şey demədi; o yalnız ona baxdı və sakitcə, ağzını yayaraq, bayaqkı kimi, bic-bic gülümsündü.
Belçaninov ayaqlarını yerə vuraraq, qəzəblə çığırdı:
– Siz məndən nə istəyirsiniz, sərxoş adam! Siz məni ələ salırsınız!
– Çığırmayın, çığırmayın, çığırmaq niyə? – Pavel Pavloviç əlini yellətdi, – ələ salmıram, ələ salmıram! Bilirsinizmi, siz indi mənim üçün nəsiniz?
O birdən onun əlindən yapışıb öpdü. Velçaninov özünə gəlməyə macal tapmadı.
– Bax, siz indi mənim üçün busunuz! İndisə rədd olub gedə bilərəm.
Özünə gəlmiş Velçaninov çığırdı:
– Dayanın, durun! Sizə sözüm var… Pavel Pavloviç qapıdan qayıtdı.
– Bilirsinizmi, – Velçaninov qızardı və tamam başqa tərəfə baxaraq mızıldadı, – siz sabah mütləq Poqoreltsevgildə olmalısınız… tanış olmaq, minnətdarlıq etmək lazımdır, mütləq…
– Mütləq, mütləq, bunu başa düşməyə nə var ki! – Pavel Pavloviç can-başla onun sözünə qüvvət verdi və əlini çırparaq işarə ilə bildirdi ki, bunu xatırlamaya da bilərdi. Bundan başqa, Liza da sizi gözləyir. Mən ona vəd eləmişəm…
– Liza, – Pavel Pavloviç yenə geri qayıtdı. – Liza? Bilirsinizmi, Liza mənim üçün nə idi və nədir? Nə idi və nədir! – O birdən demək olar ki, haldan çıxdı, – ancaq… Xe! Bu qalsın sonraya; hər şey sonra olacaq… indi isə… sizinlə birgə içməyimiz mənim üçün azdır, Aleksey İvanoviç, mənə başqa həzz də lazımdır!..
O şlyapasını stulun üstünə qoydu və bayaqkı kimi azca təngnəfəs halda ona baxdı.
– Məni öpün, Aleksey İvanoviç, – deyə birdən təklif etdi.
– Siz sərxoşsunuz? – Velçaninov çığırdı və geri çəkildi.
– Sərxoşam, ancaq siz, hər halda məni öpün. Aleksey İvanoviç, öpün! Axı, mən indi sizin əlinizi öpdüm.
Aleksey İvanoviç bir neçə anlığa susdu, elə bil başına dəyənək dəymişdi. Lakin birdən çiynindən olan Pavel Pavloviçə tərəf əyilib, onun çaxır iyi gələn dodaqlarından öpdü. Bununla belə, onu öpdüyünə o qədər də əmin deyildi.
– Hə, indi, indi… – Pavel Pavloviç sərxoş gözlərini parıldadaraq, yenə kefli-kefli çığırdı: – İndi görün nə deyirəm: mən o zaman fikirləşmişdim: – «Doğrudanmı o da? Əgər, o da olubsa, daha bundan sonra kimə inanmaq olar?»
Pavel Pavloviç birdən ağlamağa başladı:
– İndi başa düşürsünüzmü necə dostsunuz?!
O, şlyapasını götürüb, tələsik otaqdan çıxdı. Velçaninov, Pavel Pavloviçin birinci gəlişindən sonra olduğu kimi, yenə bir neçə dəqiqə bir yerdə durub qaldı.
«Eh, sərxoş təlxəkdir, vəssalam!» – deyə əlini çırpdı.
Soyuyub yatağına uzanandan sonra isə fikrini qətiyyətlə təsdiq etdi: «Belədir, vəssalam!»
VIII
LİZA XƏSTƏDİR
Ertəsi gün, Velçaninov Poqoreltsevlərin yanına getmək üçün gecikməyəcəyinə söz vermiş Pavel Pavloviçi gözləyə-gözləyə qəhvə içir, otaqda var-gəl eləyib, papiros çəkir və hər dəqiqə öz-özünə etiraf edirdi ki, o səhər yuxudan oyanıb axşam sillə yediyini hər an xatırlayan adama oxşayır. «Hə, o məsələnin nə yerdə olduğunu gözəl başa düşür və Lizaya görə məndən intiqam alacaq!» – deyə qorxu içərisində düşündü.
Zavallı uşağın mehriban sifəti gözünün qabağında canlanırdı. Elə bu gün, iki saatdan sonra öz Lizası ilə görüşəcəyini fikirləşəndə, ürəyi şiddətlə vururdu. «Eh, daha danışmağa dəyməz, – o hərarətlə qət etdi – indi mənim bütün həyatım, bütün məqsədim odur! Bu sillələr, xatirələr nəyə lazımdır!.. İndiyədək niyə yaşamışam? Səliqəsizlik və kədər… indi isə hər şey başqadır, hər şey başqa cürdür!» Lakin sevincinə baxmayaraq, o hey fikirləşir, fikirləşirdi:
«O, Liza ilə mənə əzab verəcək – bu aydındır! Lizaya da əzab verəcək. Beləliklə, bütün olub-keçənlərə görə axırıma çıxacaq. Hm… mən onun dünənki hərəkətlərinə, şübhəsiz, yol verə bilmərəm, – birdən o qızardı. – O gəlib çıxmadı, saat on ikiyə işləyir!»
O çox gözlədi, saat birin yarısınadək gözlədi, onu bürüyən kədər getdikcə artırdı. Pavel Pavloviç gəlib çıxmırdı. Nəhayət, onun dünənki tək bir hoqqa çıxartmaq məqsədilə qəsdən gəlmədiyini fikirləşəndə əsəbiləşdi: «Bilir ki, mən ondan asılıyam, indi Lizanın halı necə olacaq! Mən onsuz qızın yanına necə gedim?»
Axırı dözə bilmədi və günorta saat birdə özü Pokrova getdi. Mehmanxanada ona bildirdilər ki, Pavel Pavloviç evdə gecələməyib, yalnız səhər doqquzda gəlib, on beş dəqiqədən sonra yenə haraya isə gedib. Velçaninov Pavel Pavloviçin otağının qapısında durub, xidmətçi qadının ona dediklərinə qulaq asır və qeyri-ixtiyari bağlı qapının dəstəyini qabağa-dala itələyirdi. O özünə gələrək tüpürdü, əlini qapıdan çəkdi və xahiş etdi ki, onu Mariya Sısoyevnanın yanına aparsınlar, lakin Mariya Sısoyevna onun səsini eşidib, özü dərhal bayıra çıxdı.
Mariya Sısoyevna mehriban qadın idi, sonralar onunla söhbəti barədə Klavdiya Petrovnaya danışarkən, Velçaninovun özünün dediyi kimi, «nəcib hissləri olan bir qadın» idi. Mariya Sısoyevna dünən «qızı» necə apardığı barədə qısa soruşub, dərhal Pavel Pavloviç haqqında söhbətə keçdi. Onun dediyinə görə, «əgər uşaq olmasaydı, çoxdan onu qovmuşdu. Onu mehmanxanadan buraya qovmuşdular, çünki çox biabırçılıq eləyirdi. Otaqda hər şeyi başa düşən uşaq olduğu halda gecələr evə qız gətirmək günah deyilmi! Hələ bir çığırır ki: «Əgər istəsəm, bu sənin anan olacaq!» İnanırsınızmı, qız olanda nə olar ki, lap üzünə tüpürdü. O da çığırdı ki: «Sən mənim qızım deyilsən, bi-sən».
– Nə danışırsınız? – Velçaninov qorxdu.
– Özüm eşitdim. Sərxoş olsa da, huşu başında olmasa da hər halda uşağın yanında belə şeylər yaramaz. Düzdür, balacadır, ancaq ağlı hər şeyi kəsir, görürəm ki, qız ağlayır, çox əziyyət çəkir. Bu günlərdə bizim həyətdə günah bir iş olmuşdu; camaat danışır ki, bir komissardır, nədir axşamdan mehmanxanada otaq tutur, səhərə yaxın isə özünü asır. Deyirlər ki, pullarını kefə qoyub. Adamlar axışıb töküldü. Pavel Pavloviç evdə yox idi, uşaq başlı-başına qalmışdı, bir də gördüm ki, qız orada, dəhlizdə adamların arasındadır, adamların arasından başını uzadıb, özünü asmış adama baxır. Mən onu tez buraya gətirdim. Nə olsa yaxşıdır, uşaq tir-tir əsirdi, rəngi qapqara olmuşdu, onu içəri salan kimi yerə yıxıldı, çapaladı, çapaladı, güclə özünə gəldi. Ürəkkeçmədir, nədir, həmin saatdan xəstədir. Atası xəbər tutub, gəldi, bütün bədənini çimdik-çimdik elədi, savaşmağı bir tərəfə qalsın, həmişə qızı çimdikləyir; sonra isə qarnını çaxırla doldurub gəldi və onu qorxutmağa başladı: «Mən də özümü asacağam, sənin əlindən özümü asacağam, bax, bu ipdən, pəncərə pərdəsinin ipindən özümü asacağam.» Hətta onun yanındaca ilgək hazırladı. Qız özünü itirmişdi, çığırır, onu qucaqlayırdı: «Daha eləməyəcəyəm, bir də eləmərəm». Adamın ürəyi yanır!
Velçaninov çox qəribə şeylər gözləsə də, bu əhvalatları eşidəndə sarsıldı, hətta eşitdiklərinə inanmadı. Mariya Sısoyevna başqa çox şeylər də danışdı; məsələn, bir dəfə Mariya Sısoyevna olmasaymış, Liza özünü pəncərədən atacaqmış. O, nömrədən sərxoş kimi çıxdı. «Mən onu ağacla başına vura-vura it kimi öldürəcəyəm!» – Bunu uzun müddət öz-özünə təkrar etdi.
Kolyaska tutub Poqoreltsevgilə yola düşdü. Hələ şəhərdən çıxmamışdı ki, kolyaska yol ayrıcında, xəndəyin üstündən atılmış körpünün yanında, dayanmalı oldu, çünki körpünün üstü ilə böyük dəfn mərasimi keçirdi. Körpünün hər iki tərəfində bir neçə ekipaj durub gözləyirdi, adamlar da durmuşdular. Dəfn olunan varlı adam idi, ölünün dalınca uzun sıra ilə xeyli karet gedirdi. Birdən bu karetlərdən birinin pəncərəsindən Velçaninov Pavel Pavloviçin sifətini gördü. Əgər Pavel Pavloviç ozü pəncərədən ona baş əyib gülümsəməsəydi, Velçaninov gördüyünə inanmayacaqdı. Görünür, o, Velçaninovu gördüyünə çox şad idi. Hətta karetdən əl eləməyə başladı. Velçaninov karetindən sıçrayıb düşdü, sıxlığa, qorodovoylara və Pavel Pavloviçin karetinin artıq körpünün üstünə çıxmasına baxmayaraq, lap pəncərənin qabağına qaçdı. Pavel Pavloviç karetdə tək oturmuşdu. Velçaninov çığırdı:
– Sizə nə olub? Niyə gəlmədiniz? Burada nə eləyirsiniz?
– Borcumu verirəm, çığırmayın, çığırmayın, borcumu verirəm, – deyə gözlərini bic-bic süzdürərək hırıldadı, – səmimi dostumun cənazəsini, Stepan Mixayloviçi yola salıram.
– Hamısı cəfəngiyatdır, siz sərxoşsunuz, ağılsız adam! – Bir anlığa karıxmış Velçaninov daha bərkdən çığırdı: – Bu saat düşün və mənim karetimə oturun, bu saat!
– Bacarmaram, borc… Velçaninov çığırdı:
– Mən sizi çəkib yerə salaram!
– Mən isə çığıraram! Mən isə çığıraram! – deyə Pavel Pavloviç yenə bayaqkı kimi hırıldadı, karetin küncünə qısıldı, elə bil, onunla oynayırdılar.
– Özünü gözlə, özünü gözlə, karetin altına düşərsən! – deyə qorodovoy çığırdı. Doğrudan da kənar bir karet körpünü enərkən cərgəni yarıb böyük həyəcan yaratmışdı. Velçaninov kənara sıçramağa məcbur oldu; o biri ekipajlar və camaat dərhal onu daha geriyə sıxdılar. O tüpürdü və öz kolyaskasının yanına getdi. «Onsuz da beləsini aparmaq olmaz!» – Velçaninov həyəcan qarışıq heyrətlə fikirləşirdi.
Velçaninov Mariya Sısoyevnanın dediklərini və dəfn mərasimindəki qəribə görüşünü Klavdiya Petrovnaya danışanda, qadın bərk fikrə getdi: «Mən sizdən ötrü qorxuram, siz onunla hər cür əlaqəni kəsməlisiniz, ozü də nə qədər tez olsa, bir o qədər yaxşıdır».
O, sərxoş təlxəkdən başqa bir şey deyil! – Velçaninov hirslə səsləndi. – Onun nəyindən qorxacağam? Bir də arada Liza olduğu halda mən onunla əlaqəni necə kəsə bilərəm! Lizanı düşünün!
Liza bu zaman xəstə yatırdı: dünən axşam titrəmə-qızdırması gəlmişdi, şəhərdən məşhur bir həkimin gəlməsini gözləyirdilər, sübhün gözü açılmamışdan onun dalınca adam göndərmişdilər. Butün bunlar Velçaninovun kefini tamam pozmuşdu. Klavdiya Petrovna onu xəstənin yanına apardı. Qadın Lizanın otağının qapısında ayaq saxlayıb dedi:
– Mən dünən ona diqqətlə göz yetirdim, çox məğrur və qaşqabaqlı uşaqdır; bizdə yaşamasından, atasının onu beləcə atmasından xəcalət çəkir; onun bütün xəstəliyi məncə bundan ibarətdir.
– Necə yəni atmışdır? Siz niyə güman edirsiniz ki, atmışdır?
– Birinci elə o bəsdir ki, qızı buraya, tanımadığı bir evə buraxmışdır, özü də… demək olar ki, tanımadığı və yaxud da belə münasibətdə olduğu bir adamla…
– Onu mən gətirmişəm, zorla gətirmişəm; mən güman eləmirəm ki…
– Ah, pərvərdigara, Liza, uşaq belə güman edir! Məncə o daha heç zaman gəlməyəcək.
Liza Velçaninovu tək görəndə təəccüblənmədi; o ancaq kədərli-kədərli gülümsədi və hərarətdən od tutub yanan üzünü divara tərəf çevirdi. O, Velçaninovun ürkək təsəllilərinə və atasını sabah yəqin gətirəcəyi barədə möhkəm vədlərinə cavab vermirdi. Qızın yanından çıxarkən Velçaninov birdən ağladı.
Doktor ancaq axşamüstü gəldi. Xəstəni müayinə edib, ilk sözündən hamını qorxutdu və dedi ki, onu nahaq yerə tez çağırmayıblar. Ona deyəndə ki, qız dünən axşam xəstələnib, əvvəlcə inanmadı. «Hər şey bu gecənin necə keçməsindən asılıdır» – deyə nəhayət, həkim qərara gəldi və öz tapşırıqlarını verib getdi, vəd elədi ki, sabah bacardıqca tez gələcəkdir. Velçaninov gecəni mütləq orada qalmaq istəyirdi, lakin Klavdiya Petrovna özü ondan xahiş etdi ki: «o vəhşini buraya gətirməyə bir də təşəbbüs etsin».
– Bir də? – deyə Velçaninov qəzəblə səsləndi. – Mən indi onun əl-qolunu bağlayıb, qucağımda gətirəcəyəm! – Pavel Pavloviçin əl-qolunu bağlayıb, qucağında gətirmək fikri birdən onu tamam haldan çıxardı. «Mən indi özümü onun qarşısında heç nədə günahkar hiss etmirəm! – O Klavdiya Petrovna ilə vidalaşarkən qəzəblə əlavə etdi: – Dünən burada dediyim bütün zəif və kövrək sözlərimdən imtina edirəm!»
Liza gözlərini yummuşdu, görünür yatmışdı; sanki vəziyyəti yaxşılaşmışdı. Velçaninov vidalaşmaq üçün, heç olmasa paltarının qırağından öpmək məqsədilə, ehtiyatla onun başına tərəf əyildiyi zaman, qız onu gözləyirmiş kimi, birdən gözlərini açdı və pıçıldadı: «Aparın məni buradan».
Bu, dünənki əsəbilikdən tamamilə xali, sakit və kədərli bir xahiş idi, lakin bununla belə, onun səsində elə bir əhvali-ruhiyyə duyulurdu ki, sanki özü də tamam arxayın idi ki, xahişini heç cür yerinə yetirməyəcəklər. Velçaninov tamam ümidsiz halda, bunun mümkün olmadığını deməyə başlamışdı ki, qız dinməzcə gözlərini yumdu və daha heç bir söz demədi, sanki Velçaninovu nə görürdü, nə də onun səsini eşidirdi.
Şəhərə çatan kimi, kareti birbaşa Pokrova sürməyi əmr etdi. Saat on idi; Pavel Pavloviç nömrədə yox idi. Velçaninov dəhlizdə çox səbirsiziklə gəzişə-gəzişə onu düz yarım saat gözlədi. Mariya Sısoyevna axırı onu inandırdı ki Pavel Pavloviç ancaq səhər, sübhçağı qayıdar. «Onda sübhçağı gələrəm» – deyə Velçaninov qət edib, evə getdi.
O hələ otağına girməmişdi ki, Mavra xəbər verdi ki, dünənki qonaq saat ondan onu gözləyir, bundan o heyrətə gəldi.
«Çay da içdi, yenə həmin çaxırdan almağa göndərdi, göy əskinas verdi».
IX
QARABASMA
Pavel Pavloviç çox rahat əyləşmişdi. O dünən oturduğu stulda oturub, papiros çəkirdi, butulkadan dördüncü, axırıncı stəkan çaxırı yenicə tökmüşdü. Çaydan və yarımçıq çay stəkanı da yanındaca, stolun üstündə idi. Qızarmış sifətindən qayğısızlıq saçılırdı. O hətta yaysayağı, frakını da çıxarmışdı, təkcə jiletdə oturmuşdu.
– Bağışlayın, sadiq dostum! – Velçaninovu görən kimi o frakını geymək üçün yerindən sıçradı, – bir dəqiqə rahatlanmaq üçün çıxartmışdım. Velçaninov zəhmlə ona yaxınlaşdı:
– Siz hələ tamam sərxoş deyilsiniz ki? Sizinlə hələ danışmaq olarmı?
Pavel Pavloviç azca karıxdı:
– Yox, əməlli-başlı yox… Mərhumu yad elədim, ancaq əməlli-başlı yox…
– Məni başa düşürsünüzmü?
Elə ona görə gəlmişəm ki, sizi başa düşüm.
– Elə isə mən birbaşa ondan başlayıram ki, siz yaramazsınız. – Velçaninov qışqırdı, onun səsi titrəyirdi.
– Əgər bununla başlayırsınızsa, bəs nə ilə qurtaracaqsınız? -Pavel Pavloviç, görünür, bərk qorxuya düşdüyü üçün, çəkinə-çəkinə etiraz etmək istədi, ancaq Velçaninov ona qulaq asmadan çığırırdı:
– Sizin qızınız ölür, o xəstədir; siz onu atmısınız nədir?
– Doğrudan ölür?
– O xəstədir, xəstədir, ağır xəstədir!
– Bəlkə ürəkkeçmədir?..
– Cəfəngiyat danışmayın! O, ağır xəstədir! Siz elə ona görə getməli idiniz ki…
– Minnətdarlıq etmək, qonaqpərvərlik üçün minnətdarlıq etmək üçün! Yaxşı başa düşürəm! Aleksey İvanoviç, əzizim, – o birdən hər iki əli ilə Velçaninovun qolundan yapışdı, sərxoş bir hisslə, üzr istəyirmiş kimi, az qala ağlaya-ağlaya çığırdı, – Aleksey İvanoviç, çığırmayın, çığırmayın! Mən ölsəm, indi sərxoş halda Nevaya düşsəm, bunun işə bir xeyri varmı? Cənab Poqoreltsevin yanına isə həmişə gedə bilərik…
Velçaninov birdən ayıldı və özünü bir az yığışdırdı.
– Siz sərxoşsunuz, buna görə də başa düşmürəm ki, nə mənada deyirsiniz, – o ciddi danışırdı. – Mən sizinlə danışmağa həmişə hazıram; hətta sevinərdim ki, tez olsun… Mən gedirdim ki… Ancaq hər şeydən qabaq bilin ki, mən tədbir görürəm; siz bu gecə mənim yanımda yatmalısınız! Sabah səhər sizi ora aparacağam. Mən sizi buraxmayacağam! – O yenə çığırdı. Mən sizi, əl-ayağınızı bağlayıb, qucağımda aparacağam!.. Bu divanda sizin üçün rahat olarmı? – Təngnəfəs halda, o biri divarın yanında, özünün yatdığı divanla üzbəüz qoyulmuş geniş, yumşaq divanı göstərdi.
– Siz nə danışırsınız, mən harda olsa…
– Harda olsa yox, bu divanın üstündə! Alın, bu da mələfə, adyal, balış, – bütün bunları Velçaninov şkafdan çıxarır və tələsik, qollarını açıb müticəsinə durmuş Pavel Pavloviçə atırdı, – bu saatca açın, açın!
Yüklənmiş Pavel Pavloviç otağın ortasında mütərəddid halda durmuşdu; uzun sifəti sərxoş-sərxoş gülümsəyirdi; lakin Velçaninov ikinci dəfə qəzəbli-qəzəbli çığıranda o birdən əl-ayağa düşdü, stolu kənara çəkərək, fısıldaya-fısıldaya mələfəni açıb, döşəməyə başladı. Velçaninov ona kömək etməyə gəldi; o, qonağının mütiliyindən və qorxuya düşməsindən qismən razı qaldı.
– Çaxırınızı için və uzanın – deyə o yenə əmr elədi; o hiss edirdi ki, əmr etməyə bilməz. Çaxırı siz aldırmısınız?
– Özüm, çaxır üçün… Aleksey İvanoviç, bilirdim ki, siz daha gətirməyəcəksiniz.
– Yaxşı ki, bilirsiniz, ancaq daha çox şey bilməyiniz lazım idi. Sizə yenə də deyirəm ki, indi mən tədbir görmüşəm; sizin əzilib-büzülmənizə daha dözməyəcəyəm, dünənki sərxoş öpüşlərinizə dözə bilməyəcəyəm!
Pavel Pavloviç gülümsədi;
– Axı, Aleksey İvanoviç, mən özüm də bilirəm ki, bu ancaq bir dəfə mümkün olan işdir.
Otaqda gəzişən Velçaninov bu cavabı eşidən kim təntənəli surətdə Pavel Pavloviçin qarşısında durdu:
– Pavel Pavloviç, düzünü deyin! Siz ağıllı adamsınız, mən bunu yenə də etiraf edirəm, ancaq inandırıram ki, siz yanlış yoldasınız! Açıq deyin, açıq hərəkət eləyin, namusuma and içirəm, nə desəniz eləyəcəyəm.
Pavel Pavloviç yenə gülümsədi, yekə sifəti uzandı, onu belə görəndə Velçaninov haldan çıxırdı.
– Dayanın, – o yenə çığırdı, – heç özünüzü bicliyə qoymayın, mən sizi beş barmağım kimi tanıyıram! Təkrar edirəm: sizə söz verirəm ki, nə desəniz eləməyə hazıram, sizi razı salacağam, hətta mümkün olmayan şey də desəniz! Kaş siz məni başa düşəsiniz!..
– Əgər siz belə mərhəmətlisinizsə, – Pavel Pavloviç ehtiyatla ona yaxınlaşdı, – deyin, dünən vəhşi tip barədə dediyiniz söz məni çox maraqlandırır!..
Velçaninov tüpürdü və daha iti addımlarla gəzişdi.
– Yox, Aleksey İvanoviç, siz tüpürməyin, çünki mən çox maraqlanıram və məhz bunu aydınlaşdırmağa gəlmişəm… Dilim yaxşı söz tutmur, gərək məni bağışlayasınız. Mən bu «vəhşi» tip barədə və «sakit» barədə də özüm jurnalın tənqid şöbəsində oxumuşam, bu gün səhər yadıma düşüb… ancaq yadımdan çıxıb, düzünü deyim ki, o zaman da bunu başa düşməmişdim. Buna görə məhz istəyirəm başa salasınız; Stepan Mixayloviç Baqautov, rəhmətlik, hansından idi: «vəhşi», ya «sakit?» Onu hansından hesab eləyək?
Velçaninov gəzişməsində davam edərək, hələ də susurdu.
– Vəhşi tip odur ki, – birdən o, qəzəb içərisində durdu, – bu o adamdır ki, dünən mənimlə içdiyi kimi, xoş görüş şərəfinə Baqautovla oturub, «şampanski içəndə» onun stəkanına zəhər töksün, bayaq sizin elədiyiniz kimi daha onun cənazəsini qəbiristanlığa ötürməsin, allah bilir, sizin özünüzü də ləkələyən məxfi, gizli, rəzil arzularınız üzündən. Sizin özünüzü rüsvay edən!…
Pavel Pavloviç onun sözünü təsdiq etdi:
– Düz deyirsiniz, getməzdim, lakin mənə…
Velçaninov özündən çıxmışdı, ona qulaq asmadan çığırdı:
– Vəhşi tip elə adam deyil, o, allah bilir, özünü kiməsə oxşadan, ədaləti də, məhkəməni də aldadan, öz incikliyini dönə-dönə gözə soxan, inildəyən, özünü əzib-büzən, adamların boynuna sarılan, bütün vaxtını belə işlərə sərf edən adam deyil! Doğrudanmı, siz özünüzü asmaq istəyirdiniz? Doğrudanmı?
– Bəlkə dəm olanda sayıqlamışam, yadımda deyil! Aleksey İvanoviç, axı bizə stəkana zəhər tökmək yaraşmaz. Bundan başqa, hörmətli bir məmuram. Pulum da var, bəlkə təzədən evlənmək də istədim.
– Hələ sürgünə də göndərərlər.
– Əlbəttə, indi məhkəmələrdə cəzanı yüngülləşdirən çox şərtlər tapsalar da, bu da xoşa gələn şey deyil. Aleksey İvanoviç, mən sizə məzəli bir lətifə danışacağam, bayaq karetdə yadıma düşüb. İstəyirəm onu danışım. Siz indicə dediniz ki, «Adamların boynundan asılan». Semyon Petroviç Livtsov, bəlkə də yadınıza düşər, siz T.-də olduğunuz zaman bizə gələrdi, hə, onun kiçik qardaşı da Peterburq gənclərindən hesab olunur. Quberniyalardan birində qubernatorun yanında xidmət edirmiş, müxtəlif keyfiyyətlərinə görə ad çıxarıbmış. Bir dəfə o polkovnik Qolubenko ilə mübahisəyə girişir, xanımların və sevdiyi xanımın yanında. O özünü təhqir edilmiş hesab edir, lakin incikliyini udur, gizlədir; Qolubenko isə bu müddətdə onun sevdiyi xanımı əlindən alır və hətta ona evlənməyi təklif edir. Nə olsa yaxşıdır? Həmin bu Livtsov Qolubenko ilə səmimi dostluğa girişir, tamam onunla barışır, bundan başqa, özü xahiş edir ki, onun sağdışı olsun. Çələng tutur, evlənənlər çələngin altından keçəndən sonra təbrik etmək və öpmək üçün Qolubenkoya yaxınlaşır. Bütün nəcib adamların və qubernatorun yanında, özü də frakda, bıçağı onun qarnına elə yortur ki, Qolubenko yerə sərilir! Öz sağdışı, biabırçılıq! Bu hələ harasıdır! Bıçağı yortandan sonra ətrafındakılara deyir: «Ah, mən nə etdim! Ah, mən nə elədim!» Göz yaşı tökür, bədəni əsir, hamının, hətta xanımların da boynuna sarılır: «Ah, mən nə elədim? Ah, mən indi nə elədim!» Xe-xe-xe! Qolubenko yazıq oldu, ancaq o da sağaldı.
Velçaninov qaşlarını ciddi tərzdə çatdı:
– Mən başa düşmürəm, – bunu mənə niyə danışırsınız? Pavel Pavloviç hırıldadı:
– Ona görə ki, axı bıçaqla vurub, axı görünur tip deyil, burnu zılıqlı uşaqdır, qubernatorun yanındaca qorxusundan ləyaqətini unudub, hətta xanımların boynuna sarılır, halbuki, bıçağı vurmuşdu, öz məqsədinə çatmışdı. Ancaq bu barədə deyirəm.
– Rədd olun cəhənnəmə! – deyə Velçaninov birdən dəhşətli bir səslə çığırdı; sanki içərisində nə isə qırılmışdı. – Rədd olun, öz gizli zibilinizlə birlikdə, özünüz də gizli zibilsiniz… Məni qorxutmaq istəyir. Uşağı incidən, alçaq adam əclaf, əclaf, – deyə o özünü bilmədən hər bir sözlə töyşüyərək çığırırdı.
Pavel Pavloviçin bütün bədəni ürpəşdi, dəmliyi də keçdi. Dodaqları əsirdi:
– Aleksey İvanoviç, siz məni əclaf adlandırırsınız, siz məni?
Lakin Velçaninov artıq özünə gəlmişdi.
– Mən üzr istəməyə hazıram, – deyə qəmgin bir dalğınlıq içində cavab verdi, – ancaq bir şərtlə: əgər siz özünüz, həm də elə bu dəqiqə açıq danışsanız.
– Mən, Aleksey İvanoviç, sizin yerinizə olsaydım, hər halda üzr istərdim.
– Yaxşı, qoy belə olsun, – Velçaninov bir qədər də susdu. – Sizdən üzr istəyirəm, ancaq Pavel Pavloviç, razılaşın ki, bütün bunlardan sonra mən sizin qarşınızda özümü heç nədə borclu hesab etmirəm, daha doğrusu, mən bütün olub-keçənləri deyirəm, təkcə bu hadisə barədə yox.
– Demək… Mənimlə haqq-hesab çəkmək istəmirsən? Nə eybi var… – deyə Pavel Pavloviç yerə baxaraq gülümsədi.
– Əgər elədirsə, onda lap yaxşı, lap yaxşı! Çaxırınızı içib uzanın, çünki mən onsuz da sizi buraxmayacağam…
– Çaxır nədir… – Pavel Pavloviç elə bil sıxılan kimi oldu, lakin stola yaxınlaşdı və çoxdan tökdüyü axırıncı stəkanı içməyə başladı. Bəlkə də bundan qabaq o çox içmişdi,
çünki əli əsirdi, çaxırın bir hissəsini döşəməyə, jiletin üstünə tökdü, ancaq hər halda dibinədək içdi, sanki içməyə bilməzdi. Boşalmış stəkanı stolun üstünə qoydu və dinməzcə yatağına tərəf gedib soyundu.
O, çəkməsinin bir tayını çıxarandan sonra birdən nədənsə dedi:
– Olmaz ki… gecələməyim?
– Yox, olmaz! – deyə ona baxmadan otaqda hey var-gəl edən Velçaninov cavab verdi.
O soyunub uzandı. On beş dəqiqədən sonra Velçaninov da uzandı və işığı söndürdü.
O, narahat yatdı. Haradansa yenə və daha qarışıq bir iş meydana çıxıb, onu indi təşvişə salmışdı, o eyni zamanda edirdi ki, nədənsə bu təşvişdən xəcalət çəkir. O bunları unutmağa başlamışdı ki, bir xışıltı onu yuxudan oyatdı.
Dərhal Pavel Pavloviçin yatağına baxdı. Otaq qaranlıq idi. Qalın pərdələr salınmışdı, lakin ona elə gəldi ki, Pavel Pavloviç uzanmamışdır, qalxıb yatağında oturmuşdur.
Velçaninov onu səslədi:
– Nə olub?
– Kölgə var, – Pavel Pavloviç bir az gözləyib, güclə eşidilən bir səslə dedi.
– Nə dediniz, nə kölgə?
– Orada, o biri otaqda, qapıda elə bil kölgə gördüm. Velçaninov bir qədər ara verib soruşdu:
– Kimin kölgəsi?
– Natalya Vasilyevnanın.
Velçaninov xalçanın üstünə düşdü, dəhlizdən, qapısı həmişə açıq qalan o biri otağa baxdı. Orada pəncərələrdə qalın pərdə yox idi, ancaq nazik pərdə vardı, buna görə də ora daha işıqlı idi.
– O, otaqda heç bir şey yoxdur, siz sərxoşsunuz, uzanın! – Velçaninov bunu deyib uzandı və adyalına bürundü. Pavel Pavloviç də bir söz deməyib uzandı.
On dəqiqədən sonra Velçaninov birdən soruşdu:
– Qabaqlar da siz kölgə görürdünüz?
Pavel Pavloviç də azca ləngiyib, yavaşca səsləndi:
– Bir dəfə, deyəsən, görmüşəm. Sonra yenə araya sükut çökdü.
Velçaninov yatıb-yatmadığını yəqin deyə bilməzdi, ancaq bir saat keçmişdi ki, birdən o çöndü, xışıltımı onu oyatdı, bilmirdi; lakin ona elə gəldi ki, göz-gözü görməyən qaranlıqda nə isə ağ bir şey durub; bu ağ şey ona hələ çatmamışdı, otağın ortasında durmuşdu. O qalxıb yatağında oturdu, bir dəqiqəyədək baxdı.
– Sizsiniz, Pavel Pavloviç? – deyə o zərif bir səslə soruşdu. Birdən sakitlik və qaranlıqda öz səsi ona çox qəribə gəldi. Cavab çıxmadı. Lakin kiminsə, ortada dayandığına heç bir şübhəsi qalmamışdı.
– Sizsiniz… Pavel Pavloviç? – deyə o bərkdən təkrar etdi, hətta elə bərkdən ki, əgər Pavel Pavloviç yatağında sakitcə yatmış olsaydı da, mütləq oyanıb, cavab verərdi.
Lakin yenə cavab çıxmadı, amma ona elə gəldi ki, güclə seçilən ağ kölgə ona daha da yaxınlaşdı. Sonra isə qəribə bir şey oldu: onun içərisində bayaqkı kimi nə isə elə bil qırıldı və o gücü çatdıqca hər bir sözü təngnəfəs deyə-deyə bağırdı:
– Sərxoş təlxək, əgər siz məni qorxuda biləcəyinizi düşünürsünüzsə, mən üzümü divara çevirər, başımı bürüyərəm, bütün gecəni bir dəfə də olsun üzümü sizə çevirmərəm, bununla isbat elərəm ki, lap sübhətək təlxək kimi dursanız da, mən sizi heç bir şey hesab eləmirəm və sizə tüpürürəm!
Sonra o, Pavel Pavloviçin durduğunu güman etdiyi yerə tərəf qəzəblə tüpürdü və divara tərəf çevrildi, özünün dediyi kimi, adyala bürünüb, tərpənmədən yerindəcə donub qaldı. Otağa dilsiz bir sükut çökdü. Kölgə hərəkət edirdimi, ya yerindəmi durmuşdu – xəbəri yoxdu. Lakin ürəyi çırpınır, çırpınır, çırpınırdı… Aradan düz beş dəqiqə keçdi; birdən onun iki addımlığında Pavel Pavloviçin zəif, iniltili səsi eşidildi:
– Aleksey İvanoviç, mən durmuşam ki… axtarım, (o lazımlı ev şeylərindən birinin adını çəkdi) orada öz yanımda tapmadım… istədim yavaşca gəlib sizin yatağınızın yanına baxım…
– Bəs mən çığıranda niyə susurdunuz? – deyə Velçaninov yarım dəqiqə qədər gözləyib, qırıq-qırıq soruşdu.
– Qorxdum, siz elə çağırdınız ki, qorxdum.
– Orada küncdə, qapıdan solda şkafdadır, şamı yandırın…
– Şamsız da taparam… – Pavel Pavloviç sakitcə cavab verib küncə tərəf yönəldi. – Ancaq Aleksey İvanoviç, gərək bağışlayasınız, sizi narahat etdim… birdən lap keflənmişəm…
Lakin Velçaninov heç bir cavab vermədi. O hələ də üzü divara uzanmışdı və bütün gecəni beləcə qaldı, üzünü bir dəfə də çevirmədi. O, sözünün üstündə durmaq və nifrətini bildirmək istəyirdimi? Özü də bilmirdi ki, ona nə olub: onun əsəb pozğunluğu, nəhayət, sayıqlamaya keçmişdi, uzun müddət yuxuya gedə bilmədi. Səhər saat onda elə bil onu dümsüklədilər, qalxıb yatağında oturdu, lakin Pavel Pavloviç artıq otaqda yox idi! Təkcə yığılmamış boş yatağı qalmışdı, özü isə sübh tezdən sürüşüb getmişdi.
– Mən bunu bilirdim! – deyə– Velçaninov əlini alnına vurdu.
X
QƏBİRİSTANLIQDA
Həkimin nigarançılığı nahaq deyilmiş, Lizanın halı birdən xarablaşdı, elə xarablaşdı ki, bu, bir gün qabaq nə Velçaninovun, nə də Klavdiya Petrovnanın heç ağlına gəlməzdi. Velçaninov səhər xəstənin yanına gələndə, onun huşu hələ özündə idi, ancaq bədəni istidən yanırdı; sonralar o danışırdı ki, Liza ona gülümsəmiş və hətta isti əlini ona uzatmışdı. Bu doğrudanmı belə idi, ya da təsəlli üçün uydurmuşdu? – Bunu yoxlamağa vaxtı yoxdu; gecəyarısı xəstə huşunu itirdi və bu, bütün xəstəlik müddəti davam etdi. Bağa gəlməsinin onuncu günü qız öldü.
Bu, Velçaninov üçün ələmli günlər idi. Poqoreltsevlər hətta ondan nigaran idilər. Bu ağır günlərin çox hissəsini Velçaninov onlarda keçirdi. Lizanın xəstəliyinin axırıncı günlərində o saatlarla bir küncə çəkilib oturur və yəqin ki, heç bir şey barəsində düşünmürdü. Klavdiya Petrovna fikrini dağıtmaq üçün ona yaxınlaşırdı, lakin o az-az cavab verirdi, bəzən də görünür, onunla danışmağa çətinlik çəkirdi. Klavdiya Petrovna «bütün bunların ona belə təsir bağışlaya biləcəyini» heç gözləmirdi. Onu uşaqlar hər şeydən çox əyləndirirdi: onlarla olanda hətta bəzən gülürdü də; ancaq demək olar ki, hər saat stulundan qalxır və barmaqları üstündə xəstəyə baxmağa gedirdi. Bəzən ona elə gəlirdi ki, qız onu tanıyır. Başqaları kimi, onun da qızın sağalmasına heç bir ümidi yox idi, lakin Lizanın can verdiyi otaqdan ayağını çəkmir, qonşu otaqda otururdu.
Bu günlərdə də o, bir neçə dəfə yaman fəaliyyət göstərmişdi: birdən qalxıb, Peterburqa, həkim axtarmağa gedir, ən məşhur həkimləri çağırır və konsilium təşkil edirdi. İkinci, axırıncı konsilium Lizanın ölümündən bir gün qabaq olmuşdu. Bundan üç gün qabaq Klavdiya Petrovna təkidlə Velçaninova demişdi ki, cənab Trusotskini harada olursa-olsun tapıb gətirsin: «Bədbəxtlik üz versə, Lizanı onsuz dəfn etmək mümkün olmayacaq». Velçaninov mızıldandı ki, ona məktub yazar. Belə olduqda qoca Poqoreltsev bildirdi ki, o özü polis vasitəsilə onu axtarıb tapar. Nəhayət, Velçaninov iki sətirdən ibarət bir xəbərdarlıq yazıb, Pokrov mehmanxanasına apardı, Pavel Pavloviç adəti üzrə evdə deyildi və o, məktubu çatdırmaq üçün Mariya Sısoyevnaya verdi.
Nəhayət, Liza gözəl yay axşamlarından birində günəşlə birlikdə batdı. Velçaninov sanki indi ayıldı. Ölünü yuyub ona Klavdiya Petrovnanın qızlarından birinin ağ paltarını geyindirdilər, əlləri sinəsinin üstündə, salonda stolun üstünə qoydular, çiçəklə bəzədilər; sonra Velçaninov Klavdiya Petrovnaya yaxınlaşdı və gözləri işıldaya-işıldaya bildirdi ki, bu saat «qatili» tapıb gətirəcəkdir. Ona sabaha qədər gözləməyi məsləhət gördülər, ancaq o, qulaq asmayıb, dərhal şəhərə yola düşdü.
O Pavel Pavloviçin yerini bilirdi; Velçaninov Peterburqa təkcə həkim dalınca getmirdi. Bu günlərdə bəzən ona elə gəlirdi ki, əgər atasını Lizanın yanına gətirsə, qız onun səsini eşidib gözlərini açacaqdır, ona görə başılovlu onu axtarırdı. Pavel Pavloviç əvvəlki kimi, mehmanxanada yaşayırdı, lakin burada onu axtarmaq nahaq işdi. Mariya Sısoyevna dedi ki: «Üç günlərlə nə burada gecələyir, nə də gəlir, gələndə də sərxoş gəlir, heç bir saat qalmır, yenə çıxıb gedir; üst-başdan tamam düşüb». Pokrov mehmanxanasının süpürgəçisi Velçaninova xəbər verdi ki, Pavel Pavloviç hələ qabaqlar, Voznesenski prospektində bəzi qızların yanına gedib-gələrdi. Velçaninov dərhal axtarıb qızları tapdı. Çoxlu hədiyyə almış və qonaq edilmiş xanımlar qonağı xüsusilə krepli şlyapasından tanıdılar və dərhal onun dalınca söyməyə başladılar, əlbəttə, çoxdan onların yanına gəlmədiyinə görə: qızlardan biri, Katya boynuna çəkdi ki, «Pavel Pavloviçi nə vaxt istəsə axtarıb tapa bilər, çünki Pavel Pavloviç indi Maşka Prostakovanın yanından çıxmır, pulu da qurtarmaq bilmir; bu Maşka isə Prostakova deyil, Proxvostovadır, xəstəxanada da yatıb, əgər Katya istəsə, lap elə bu dəqiqə onu Sibirə göndərtdirər, bircə kəlməsi kifayətdir». Lakin Katya bu dəfə onu axtarıb tapmadı, söz verdi ki, gələn dəfə axtarıb tapacaq. Velçaninov indi onun köməyinə arxayın idi.
Saat onda Velçaninov şəhərə gəldi, təcili Katyanı tələb etdi, gecənin xərcini kimə lazımdırsa verib, onunla birlikdə Pavel Pavloviçi axtarmağa getdi. O hələ özü də bilmirdi ki, Pavel Pavloviçi niyə axtarır, onu öldürəcəkdimi ya elə-belə axtarırdı ki, qızının öldüyünü və dəfn üçün onun köməyinə ehtiyac olduğunu xəbər versin. Birinci dəfə işləri düz gətirmədi, məlum oldu ki, hələ üç gün qabaq Maşka Proxvostova Pavel Pavloviçlə savaşıb və hansı xəzinədarsa, «Pavel Pavloviçin başını skamya ilə əzib». Bir sözlə, uzun müddət bilmədilər, nəhayət, gecə saat ikidə, Velçaninov nişan verilmiş bir evdən çıxanda, qəflətən ona rast gəldi.
Tamam sərxoş olan Pavel Pavloviçi bu evə iki qadın gətirirdi. Onların biri Pavel Pavloviçin qoluna girmişdi, arxasınca gələn hündürboylu, həyasız, dotələb bir adam isə səsi çatdıqca çığıra-çığıra Pavel Pavloviç dəhşətli şeylərlə hədələyirdi. O deyirdi ki, Pavel Pavloviç onu «istismar etmiş və həyatını zəhərləmişdir». Söhbət, deyəsən, puldan gedirdi; qadınlar çox qorxuya düşmüşdülər, tələsirdilər. Pavel Pavloviç Velçaninovu görən kimi qollarını açaraq, ona tərəf cumdu və elə çığırdı ki, sanki ətini kəsirdilər.
– Qardaşım, qurtar məni!
Dotələb adam cüssəli Velçaninovu görən kimi əkildi; bundan sevinən Pavel Pavloviç yumruğunu onun arxasınca silkələyib, qələbə əlaməti olaraq çığırdı. Bu zaman Velçaninov qəzəblə onun çiyinlərindən yapışdı və özü də səbəbini bilmədən elə silkələdi ki, Pavel Pavloviçin dişləri bir-birinə dəydi. Pavel Pavloviç dərhal susdu və küt, sərxoş bir qorxu ilə öz cəlladına baxdı. Velçaninov, görünür, sonra nə edəcəyini bilmədiyi üçün onun çiyinlərindən möhkəm basıb, səki daşının üstündə oturtdu.
– Liza öldü!
Pavel Pavloviç gözlərini hələ də ondan çəkmədən oturmuşdu, qadınların biri onu tutmuşdu. O, nəhayət, başa düşdü və sifəti birdən-birə uzandı.
– Öldü… – deyə qəribə bir tərzdə pıçıldadı; o sərxoş-sərxoş iyrənc tərzdə gülümsədimi, ya sifəti əyildimi, Velçaninov bunu başa düşmədi; bir an keçəndən sonra Pavel Pavloviç xaç vurmaq üçün titrəyən sağ əlini güclə qaldırdı; lakin xaç vura bilmədi və titrəyən əli yanına düşdü. Bir az keçəndən sonra o, ağır-ağır qalxdı, qadından yapışdı və ona söykənərək, unutqanlıq içində yoluna davam etdi, sanki Velçaninov heç burada yox idi. Velçaninov yenə onun çiynindən yapışdı.
– Sərxoş vəhşi, başa düşürsənmi, sənsiz onu dəfn etmək də mümkün olmayacaq! – deyə təngnəfəs halda çığırdı.
Pavel Pavloviç başını ona tərəf çevirdi:
– Topçu… praporşik… yadınızdadırmı? – Dili dolaşa-dolaşa mızıldadı.
– Hə-ə? – Velçaninovun tükləri biz-biz oldu.
– Atası odur! Onu axtar.. dəfn etmək üçün… Velçaninov özünü itirmiş halda çığırdı:
– Yalan deyirsən! Sən bunu acığından deyirsən… Başıma belə bir iş açacağını bilirdim!
O daha özünü bilmədi, ağır yumruğunu Pavel Pavloviçin başının üstünə qaldırdı. Bir an da keçsəydi, onu bəlkə bir zərbə ilə öldürəcəkdi; qadınlar çığırışaraq hərəsi bir tərəfə qaçdı, ancaq Pavel Pavloviç heç gözünü də qırpmadı, hədsiz qəzəbdən, hiddətindən onun sifəti eybəcər bir şəkil aldı.
– Sən bizim… – o demək olar ki, ayıq adam kimi sərrast danışırdı, – rus məsəlini… bilirsən?.. (O, yazılası heç cür mümkün olmayan bir söyüş söydü.) Hə, indi get qızın yanına! – Sonra güclə Velçaninovun əlindən dartınıb çıxdı, büdrədi, az qaldı ki, yıxılsın. Qadınlar onu tutdular, bu dəfə onlar qışqıra-qışqıra, demək olar ki, onu dallarınca sürüyə-sürüyə qaçdılar. Velçaninov onları təqib eləmədi.
Ertəsi gün günorta Poqoreltsevlərin bağına ortayaşlı, vitsmundir geymiş, olduqca nəzakətli bir məmur gəldi, o Pavel Pavloviç Trusotskinin Klavdiya Petrovnanın adına yazdığı məktubu nəzakətlə təqdim etdi. Zərfdə bir məktub, üstündə üç yüz manat pul və Liza barəsində lazım olan arayışlar vardı. Pavel Pavloviç məktubu qısa, çox hörmətlə və olduqca nəzakətli yazmışdı. O, Klavdiya Petrovna həzrətlərinə yetimə xeyirxahlıq göstərdiyinə görə, təşəkkür eləyir və yazırdı ki, bu yaxşılığın əvəzini yalnız allah verə bilər. Dumanlı şəkildə bildirirdi ki, səhhəti olduqca pozulduğundan ürəkdən sevdiyi bədbəxt qızının dəfninə gələ bilməyəcəkdir və bütün ümidini mələk qəlbli xanım həzrətlərinə bağlayır. Üç yüz manat pulu isə məktubda izah etdiyi kimi, dəfn və xəstəliklə əlaqədar xərclər üçün göndərmişdi. Əgər bu məbləğdən artıq qalsa, çox acizanə və ehtiramla xahiş edir ki, mərhum Lizanın ruhunun daimi rahatlığı üçün dua oxutdursun. Məktubu gətirən məmur bundan artıq heç bir şey deyə bilmədi. Hətta onun bəzi sözlərindən məlum oldu ki, o yalnız Pavel Pavloviç çox təkid etdiyinə görə məktubu xanım həzrətlərinə çatdırmağı boynuna çəkmişdir. Poqoreltsev «xəstəliklə əlaqədar xərclər» ifadəsindən inciyən kimi oldu və sərəncam verdi ki, dəfn üçün əlli manat ayrılsın, çünki ataya öz balasını dəfn etməyi qadağan etmək olmazdı, qalan iki yüz əlli manat isə dərhal cənab Trusotskiyə qaytarılsın. Klavdiya Petrovna isə qəti qərara gəldi ki, iki yüz əlli manat pulu yox, bu pula mərhum yeniyetmə qız Yelizavetanın ruhunun rahatlığı üçün oxunmuş dua barəsində qəbiristanlıq kilsəsindən alınmış qəbz göndərilsin. Qəbz sonra Velçaninova verildi ki, təcili Pavel Pavloviçə çatdırsın; Velçaninov isə onu poçtla mehmanxanaya göndərdi.
Dəfndən sonra Velçaninov ayağını bağdan üzdü. Düz iki həftə təkbaşına avara-avara şəhərdə dolaşdı, o, fikirli halda adamların üstünə çıxırdı. Bəzən isə, ən adi şeyləri belə unudaraq, günlərlə divanda uzanıb qalırdı. Poqoreltsevlər bir neçə dəfə adam göndərib, onu çağırtdırmışdılar, ançaq o, söz verir və dərhal da unudurdu. Hətta Klavdiya Petrovna özü onun dalınca gəlmişdi, lakin evdə tapmamışdı. Vəkili ilə də belə olmuşdu. Vəkilin ona deyəsi sözü də vardı; mübahisəli işi çox məharətlə yoluna qoymuşdu və rəqib tərəf mübahisəli işin olduqca kiçik bir hissəsini almaqla barışmağa razılaşmışdı. Təkcə Velçaninovun özünün razılığını almaq lazım idi. Nəhayət, vəkil onu evdə tapdı, ancaq hələ bu yaxınlarda çox narahat olan müştərisinin onu həddindən artıq süst və laqeyd dinləməsinə təəccüb qaldı.
İyulun ən isti günləri başlamışdı, lakin Velçaninov vaxtın özünü də unutmuşdu. Onun dərdi qəlbini irinli yara kimi ağrıdırdı, əzablı-ağrılı fikirlər yaxasından əl çəkmirdi. Onun başlıca iztirabı ondan ibarət idi ki, Liza onu tanımadan ölmüşdü, onu necə sevdiyini bilmədən ölmüşdü! Ona bu cür fərəhli, xoş görünən həyat məqsədi birdən daimi zülmət içərisində sönmüşdü. Bu məqsəd ondan ibarətdi ki, – indi o hər dəqiqə bu haqda fikirləşirdi – Liza hər gün, hər saat və bütün həyatı boyu, daim onun məhəbbətini hiss edəcəkdi. «Adamların heç birinin bundan yüksək məqsədi yoxdur və ola bilməz! – deyə o hərdən tutqun bir vəcdlə fikirləşirdi, – başqa məqsədlər varsa da, onlardan heç biri bundan müqəddəs ola bilməz!» «Lizanın məhəbbəti mənim əvvəlki mənfur və xeyirsiz həyatımı təmizlərdi; mən avara, qüsurlu və köhnəlmiş bir adamın əvəzinə həyat üçün təmiz və gözəl bir məxluqa çevrilirdim və bu məxluqdan ötrü mənim bütün günahlarımdan keçərdilər, özüm də bütün günahlarımı bağışlayırdım».
Bütün bu şüurlu fikirlər, ölmüş uşaq barəsindəki parlaq, həmişə yaxın, həmişə onun qəlbini üzən xatirələrlə ayrılmaz surətdə bağlı idi. O, qızın solğun çöhrəsini nəzərinə gətirir, onun hər bir ifadəsini xatırlayırdı; o, qızın həm tabutda, çiçəklər arasında, həm də əvvəllər gözləri açıq, hərəkətsiz, hərarət içərisində huşsuz uzandığı vaxtı xatırlayırdı. O birdən xatırladı ki, qız stolun üstündə uzandığı zaman təkcə allah bilir ki, nədənsə qaralmış barmağını görmüşdü, bu, onu elə sarsıtdı ki, bu zavallı barmağa onun elə yazığı gəldi ki, elə orada başına ilk dəfə olaraq belə bir fikir gəldi; bu saatca Pavel Pavloviçi tapıb öldürsün. Bu vaxtadək isə o «elə bil keyləşmişdi». Təhqir edilmiş qürurumu, məhəbbətini birdən-birə nifrətə çevirən, onu abırsız sözlə təhqir edən, qorxusuna gülən və nəhayət, yad adamların üstünə atan atanın üç ay verdiyi işgəncəmi ona əzab vermişdi? Bütün bunları o, fasiləsiz, min tərzdə təsəvvür edirdi. O, sərxoş Trusotskinin: «Bilirsiniz, Liza mənim üçün nə idi?» – dediyini xatırlayır və hiss edirdi ki, bu sözlər gəlişi xoş sözlər deyil, həqiqətdir və burada məhəbbət var. «Bu vəhşi belə sevdiyi uşağa qarşı niyə amansız olmuşdu, bu ağla sığışan şeydirmi?» Lakin hər dəfə o bu sualdan qaçmaq üçün onu özündən uzaqlaşdırırdı, bu sualda ondan ötrü nə isə dözülməz və həll edilməmiş bir şey vardı.
Bu gün o özü bilmədən Lizanın basdırıldığı qəbiristanlığa getdi, axtarıb onun qəbrini tapdı. Dəfndən sonra o bir dəfə də qəbiristanlığa getməmişdi, ona elə gəlirdi ki, çox əzab çəkəcək, buna görə də getməyə cəsarət eləmirdi. Lakin qəribədir, o, qızın qəbrini qucaqlayıb öpəndə qəlbində yüngüllük duydu. Aydın bir axşam idi, günəş batırdı, dörd tərəf, qəbirlərin yanı şirəli yaşıl otluq idi; yaxınlıqdakı itburnu kolluğunda arı vızıldayırdı. Dəfndən sonra Lizanın kiçik qəbrinin üstünə uşaqların və Klavdiya Petrovnanın qoyduqları güllər və çələnglər elə oradaca qalmışdı, yarpaqları yarıya qədər tokülmüşdü. Uzun müddətdən sonra ilk dəfə nə isə bir ümid onun qəlbini işıqlandırdı. O, qəbiristanlığın bu sakitliyini hiss edərək: «Nə rahatdır!» – deyə fikirləşdi və aydın, sakit səmaya baxdı. Nəyə isə təmiz və sakit bir inam onun qəlbini doldurdu. «Bunu Liza mənə göndərmişdir, odur mənimlə danışan», – deyə fikirləşdi.
Qəbiristanlıqdan evə qayıdanda hava tamam qaralmışdı. Qəbiristanlıq darvazalarının yaxınlığında, yol üstündə, alçaq, taxta bir evdə, aşxana, ya da qəlyanaltı vardı; stolların arxasında oturmuş müştərilər açıq pəncərələrdən görünürdü. Birdən ona elə gəldi ki, pəncərənin lap yaxınlığında oturanlardan biri Pavel Pavloviçdir; o da pəncərədən onu görür və diqqətlə ona baxır. O, yoluna davam etdi və çox keçmədi ki, dalınca kiminsə gəldiyini eşitdi; doğrudan da Pavel Pavloviç onun dalınca qaçırdı; görünür, pəncərədən baxdığı zaman Velçaninovun çöhrəsindəki sakitlik onun diqqətini cəlb etmiş və onu ürəkləndirmişdi. Bərabərinə yetişdikdə qorxa-qorxa gülümsədi, lakin bu əvvəlki sərxoş təbəssüm deyildi; o hətta sərxoş deyildi.
– Salam, – dedi.
– Salam, – deyə Velçaninov cavab verdi.
XI
PAVEL PAVLOVİÇ EVLƏNİR
Bu «salam» sözünü deyəndən sonra Velçaninov özü özünə təəccübləndi. Ona çox qəribə göründü ki, indi bu adamı belə sakit qarşılayır və ona qarşı hisslərində bu dəqiqə nə isə tamam başqa bir şey var, hətta nə isə yeni bir şeyə ehtiyac var.
– Nə xoş axşamdır.
– Siz hələ getməmişsiniz? – Velçaninov sanki sualı vermirdi, yalnız yoluna davam edir və fikirləşirdi.
– İşim uzandı, ancaq yer aldım, yüksək vəzifə. Ehtimal ki, birisi gün gedəm.
– Yer aldınız? – Velçaninov bu dəfə sual verirdi. Pavel Pavloviç birdən üz-gözünü turşutdu:
– Nə uçun də almayım?
Velçaninovun qaşları çatıldı, Pavel Pavloviç çəpəki nəzər salıb dedi:
– Elə-belə dedim…
Cənab Trusotskinin ust-başı, krepli şlyapası və bütün görkəmi iki həftə qabaqkına nisbətən çox abırlı idi. Bu Velçaninovu təəccübləndirdi, o, hey fikirləşirdi: «O bu pivəxanada niyə əyləşmişdi?»
Pavel Pavloviç yenə sözə başladı:
– Aleksey İvanoviç, mən istəyirdim ki, sizə başqa bir sevincim barədə xəbər verim.
– Sevinc?
– Evlənirəm.
– Neçə?
– Kədərdən sonra sevinc gəlir, həyatda həmişə belə olur. Aleksey İvanoviç, mən çox istərdim ki… bilmirəm, bəlkə siz indi tələsirsiniz, sir-sifətinizdən görürəm ki…
– Bəli, mən tələsirəm… həm də xəstəyəm. O bu adamdan uzaqlaşmaq istəyirdi, nə isə yeni bir hissə hazır olmaq bir göz qırpımında yoxa çıxdı.
– Ancaq mən istərdim ki…
Pavel Pavloviç nə istədiyini demədi. Velçaninov susurdu.
– Onda qalsın sonraya, əgər bir də görüşsək…
– Hə, hə, qalsın sonraya, – deyə Velçaninov ayaq saxlamadan və ona baxmadan tələsik mızıldandı. Bir dəqiqə də susdular; Pavel Pavloviç hələ də onun yanınca gedirdi.
Nəhayət o dedi:
– Onda hələlik xudahafiz.
– Xudahafiz; arzu edirəm ki…
Velçaninov evə yenə tamam bikef qayıtdı. «Bu adamla» rastlaşmaq onun üçün çətin idi. Yatmağa uzanarkən o yenə fikirləşdi: «O, qəbiristanlığa niyə getmişdi?»
Ertəsi gün səhər nəhayət, qərara gəldi ki, Poqoreltsevlərgilə getsin, ancaq həvəssiz qərara gəldi; indi başqalarının, hətta Poqoreltsevlərin də onun dərdinə şərik olmaları ona çox ağır gəlirdi. Lakin onlar Velçaninov barədə elə narahat idilər ki, mütləq getmək lazım idi. Ona birdən elə gəldi ki, onlarla görüşəndə xəcalət çəkəcəkdir. «Gedim, ya getməyim?» – O bu cür fikirləşə-fikirləşə tələsik səhər yeməyini qurtarırdı ki, Pavel Pavloviç içəri girdi; bu, onu çox təəccübləndirdi.
Dünənki görüşlərinə baxmayaraq, Velçaninov heç təsəvvürünə gətirə bilməzdi ki, bu adam yenə onun yanına gələ bilər, həm də elə çaşmışdım ki, Pavel Pavloviçə baxır, amma nə deyəcəyini bilmirdi. Lakin Pavel Pavloviç özü dilləndi, salamlaşdı və üç həftə əvvəl, axırıncı dəfə əyləşdiyi stulda əyləşdi. Velçaninov birdən həmin o görüşü xüsusilə aydın təsəvvür elədi. O, qonağa narahat və nifrətlə baxırdı.
– Təəccüblənirsiniz? – deyə Pavel Pavloviç Velçaninovun baxışını başa düşərək, sözə başladı.
Ümumiyyətlə, o dünənkinə nisbətən özünü daha sırtıq aparırdı, eyni zamanda dünənkinə nisbətən daha çox çəkindiyi də hiss olunurdu. Onun xarici görkəmi xüsusilə maraqlı idi. C.-b Trusotski nəinki abırlı, hətta şıq geyinmişdi– əynində nazik yay pencəyi, açıq-rəngli jilet vardı; əlcək, nəyinəsə lazım olmuş lornet; başdan ayağa lap qiyamət idi; ondan hətta ətir iyi gəlirdi. Bütün görkəmində gülməli, eyni zamanda adamda qəribə və xoşagəlməyən fikir oyadan nə isə bir şey vardı.
– Əlbəttə, Aleksey İvanoviç, – deyə o çəkinə-çəkinə sözünə davam etdi, – gəlişimlə sizi təəccübləndirdim. – Hiss eləyirəm. Ancaq elə fikirləşirəm ki, insanlar arasında həmişə nə isə ülvi bir şey qalmalıdır və məncə elə belə də olmalıdır, elə deyil? Daha doğrusu, şəraitə, hətta ortaya çıxa biləcək ən xoşa gəlməyən hadisələrə nisbətən ülvi… elə deyil?
Velçaninov qaşqabağını tökdü:
– Pavel Pavloviç, sözünüzü tez və təşrifatsız deyin.
– İkicə kəlmə, – Pavel Pavloviç tələsdi, – mən evlənirəm, bu saat, elə indi nişanlımın yanına gedirəm. Onlar da bağdadırlar. Mən istərdim ki, sizi bu evlə tanış etmək cəsarətində olmaqla böyük bir şərəfə nail olum, özüm də qeyri-adi bir xahişlə gəlmişəm (Pavel Pavloviç başını aşağı dikdi), istəyirəm ki, mənimlə gedəsiniz… Velçaninovun gözləri bərəldi:
– Haraya gedim?
– Onlara, daha doğrusu bağa. Bağışlayın, mən elə bil titrətmə içində danışıram, bəlkə dolaşdırıram; ancaq mən sizin rədd edəcəyinizdən qorxuram.
O, yazıq-yazıq Velçaninova baxdı.
Velçaninov nə qulaqlarına, nə də gözlərinə inana bilmirdi, o, Pavel Pavloviçi tələsik süzərək dedi:
– Siz istəyirsiniz ki, mən indi sizinlə nişanlınızın yanına gedim?
Pavel Pavloviç birdən bərk sıxıldı.
– Bəli. Siz əsəbiləşməyin, Aleksey İvanoviç, burada hörmətsizlik yoxdur; mən yalnız acizanə xahiş edirəm. Ürəyimdən keçdi ki, siz bəlkə, rədd etmədiniz…
– Əvvəla, bu yerli-dibli mümkün deyil, – Velçaninov narahat-narahat qurcuxdu.
– Bu mənim ümdə arzumdur, vəssalam, – o, yalvarmasında davam etdi, – onu da gizlətmirəm ki, burada bir səbəb var. Lakin bunu sonra demək istəyirəm, indi isə çox xahiş edirəm…
O hətta hörmət əlaməti olaraq, stuldan qalxdı.
– Lakin hər halda axı bu mümkün deyil, özünüz deyin… – Velçaninov da yerindən qalxdı.
– Bu çox mümkün olan şeydir. Aleksey İvanoviç, mən sizi bir dost kimi tanış etmək istəyirdim, ikincisi, siz onsuz da onlarla tanışsınız, axı, biz Zaxlebininin bağına gedirik, mülki müşavir Zaxlebinin.
– Doğrudan? – deyə Velçaninov çığırdı. Bu həmin mülki müşavirədi ki, Velçaninov bir ay qabaq onu hey axtarır, evdə tapa bilmirdi, məlum olmuşdu bu adam məhkəmə iddiasında onun rəqibinin xeyrinə işləyir.
– Bəli, bəli, – Velçaninovun son dərəcə təəccüblənməsindən ürəklənmiş Pavel Pavloviç gülümsədi, – özüdür, yadınızdadırmı, siz onunla söhbət eləyə-eləyə gedirdiniz, mən də o biri səkidə durub, sizə baxırdım; gözləyirdim ki, sizdən sonra ona yaxınlaşım. İyirmi il qabaq hətta bir yerdə işləmişik. Sizdən sonra ona yaxınlaşmaq istəyəndə, heç belə fikrim yox idi. Bu fikir başıma qəflətən, bir həftə bundan qabaq gəlib.
Velçaninov sadəlövhcəsinə təəccübləndi:
– Mənə baxın, axı deyəsən, bu çox abırlı ailədir? Pavel Pavloviç üz-gözünü yığışdırdı:
– Abırlı ailədirsə, nə olar?
– Yox, mən o barədə demirəm… ancaq mən bilən, orada olanda…
– Onların yadındadır, onların yadındadır, sizin orada olmağınız, – Pavel Pavloviç sevinə-sevinə onun sözünə qüvvət verdi, – lakin o zaman siz ailə üzvlərini görə bilməmisiniz; o özü isə sizi xatırlayır və hörmət edir. Mən sizin barənizdə onlara hörmətlə danışmışam.
– Ancaq bu necə ola bilər, siz cəmi üç aydır ki, dulsunuz.
– Axı toy indi olmayacaq; toy doqquz aydan sonra, ya on aydan sonra olacaq, beləliklə matəmdən düz bir il keçmiş olacaq. İnanın ki, hər şey yaxşıdır. Əvvəla, Fedosey Petroviç məni uşaqlıq vaxtımdan tanıyır, mənim mərhum arvadımı da tanıyırdı, mənim necə yaşadığımı, necə adam olduğumu da bilir, nəhayət, mənim varım var, indi də yüksək vəzifə alıram, bunların hamısının əhəmiyyəti var.
– Bu onun qızıdır?
– Mən hamısını təfsilatı ilə sizə danışaram, – Pavel Pavloviç xoşhallandı, – icazə verin, papiros çəkim. Bu gün özünüz görəcəksiniz. Əvvəla, Fedosey Petroviç kimi işgüzar adamları burada, Peterburqda bəzən çox qiymətləndirirlər, əgər imkan tapıb diqqət yetirsələr. Axı, maaşdan, mükafatdan, yemək pulundan yaxud birdəfəlik yardımdan başqa bir şeyləri yoxdur, daha doğrusu, əməlli-başlı kapital təşkil eləyə biləcək bir şeyləri yoxdur. Yaxşı yaşayırlar, ancaq böyük ailə olduğu üçün geriyə heç nə ata bilmirlər. Özünüz fikirləşin: Fedosey Petroviçin səkkiz qızı və bircə oğlu vardır, o da uşaqdır. Bu gün düşüb ölsə, ancaq cüzi təqaüd verəcəklər. Amma səkkiz qızı var. Siz özünüz fikirləşin, özünüz fikirləşin, əgər hərəsinə bir cüt ayaqqabı alsa, gör nə qədər eləyir! Səkkiz qızın beşinin ərə getmək vaxtıdır. Böyüyünün iyirmi dörd yaşı var– (Gözəl qızdır, özünüz görəcəksiniz) – Altıncının isə on beş yaşı var, hələ gimnaziyada oxuyur. Axı, beş böyük qız üçün nişanlı tapmaq lazımdır, imkan olduqca tez, vaxtından qabaq eləmək lazımdır, atası onları yerbəyer eləməlidir, asan işdir, siz deyin? Birdən mən meydana çıxdım, demək, birinci adaxlı evdədir, hər şeyi göz qabağındadır, yəni o mənada ki, doğrudan da varlıdır. Vəssalam.
Pavel Pavloviç şövqlə danışırdı.
– Siz böyüyünə nişanlanmısınız?
– Yox, mən… böyüyü yox; mən altıncısı ilə nişanlanmışam, hələ gimnaziyada oxuyanı ilə.
– Necə? – Velçaninov qeyri-ixtiyari gülümsündü. Axı deyirsiniz ki, onun on beş yaşı var!
– İndi on beşdir, ancaq doqquz aydan sonra on altı yaşı olacaq, on altı yaş üç ay, niyə olmasın? Ancaq indi yaxşı düşməz, ona görə səs-küy salmırıq, ancaq ata-anası bilir… İnanın hər şey yaxşıdır.
– Demək, hələ qət olunmayıb?
– Yox, qət olunub. İnanın hər şey yaxşıdır.
– Bəs qız bilir?
– Guya ancaq nəzakət xatirinə ona demirlər, ancaq necə olar ki, bilməsin? – Pavel Pavloviç ləzzətlə gözlərini qıydı, – hə, Aleksey İvanoviç, bizi şərəfyab eləyirsinizmi? – deyə çox çəkinə-çəkinə sözünü qurtardı.
– Axı, mən oraya niyə gedim? – O, tələsik əlavə etdi, – hər halda mən getməyəcəyəm, heç bir səbəb-zad axtarmayın.
– Aleksey İvanoviç…
– Güman eləyirsiniz mən sizinlə yanaşı əyləşib, gedəcəyəm, bir özünüz fikirləşin!
Gəlin barədə Pavel Pavloviçin bir dəqiqəlik çərənləməsinə yoldaşıq; axı, mən o qədər də axmaq deyiləm ki budu. Bir dəqiqə də uzansaydı, o, Pavel Pavloviçi lap qovacaqdı. Hətta nə üçünsə özünə acığı da tutmuşdu.
– Əyləşin, Aleksey İvanoviç, yanımda əyləşin, peşman olmazsınız, – deyə Pavel Pavloviç nüfuzedici bir səslə yalvardı, – Velçaninovun səbirsiz və qəti hərəkətini görüb, əlini yellətdi, – yox, yox, yox, Aleksey İvanoviç, Aleksey İvanoviç nəticə çıxarmağa tələsməyin! Deyəsən, siz məni tərsinə başa düşdünüz; mən yaxşı başa düşürəm ki, nə siz mənə, nə də mən sizə yoldaşıq; axı, mən o qədər də axmaq deyiləm ki, bunu başa düşməyim. İndi sizdən xahiş etdiyim iş gələcəkdə sizin üzərinizə heç bir vəzifə qoymur. Mən özüm də birisi gün təmiz yığışıb gedirəm, demək nə olursa-olsun hər şey qurtarır. Qoy bu gün bir təsadüf olsun. Mən sizin yanınıza gələndə ümidimi sizin qəlbinizin nəcib hisslərinə bağlamışdım, Aleksey İvanoviç, məhz o hisslərə ki, axır zamanlar sizin qəlbinizdə yarana bilərdi… Deyəsən, mən aydın danışıram, ya aydın deyil?
Pavel Pavloviçin həyəcanı həddini aşmışdı. Velçaninov ona qəribə baxırdı.
Velçaninov bir qədər fikirləşib soruşdu:
– Siz məndən nə isə bir yaxşılıq xahiş edirsiniz, özü də çox təkid edirsiniz, bu mənə şübhəli görünür; bu barədə daha ətraflı, çox şey bilmək istəyirəm.
– Bütün yaxşılıq ondan ibarətdir ki, siz mənimlə gedəcəksiniz. Sonra geri qayıdanda, mən hər şeyi açıb sizə deyəcəyəm. Aleksey İvanoviç, mənə inanın!
Ancaq Velçaninov hələ də qəti razı olmaq istəmirdi, həm də ona görə ki, başında nə isə ağır və pis bir fikir dolanırdı.
Bu pis fikir çoxdan, Pavel Pavloviçin nişanlısından söz saldığı vaxtdan baş qaldırmışdı, bu sadəcə yetiklikdimi, ya hələ tamamilə aydın olmayan bir maraqdımı, lakin onu razılıq verməyə sövq edirdi. Özü də nə qədər sövq edirdisə, Velçaninov bir o qədər çox müqavimət göstərirdi. O dirsəklənib fikrə getmişdi. Pavel Pavloviç onun başına hərlənir və yalvarırdı.
O birdən narahatlıqla və demək olar ki, həyəcanla yerindən qalxdı:
– Yaxşı, gedirəm.
Pavel Pavloviçin sevincnnin həddi-hüdudu yox idi.
– Yox, Aleksey İvanoviç, geyinin. – O geyinməkdə olan Velçaninovun ətrafında fırlanırdı, – yaxşı geyinin, öz zövqünüzlə geyinin.
Velçaninov öz-özünə düşünürdü: «Özünü hara soxur, qəribə adamdır!»
– Aleksey İvanoviç, mənim sizdən bir ayrı təvəqqem də var, madam ki, getməyə razılıq vermisiniz, onda zəhmət çəkib ağsaqqallıq eləyin.
– Məsələn?
– Məsələn, böyük bir məsələ: krep məsələsi! Necə yaxşı olar, çıxarım, ya qalsın?
– Necə istəyirsiniz.
– Yox, mən sizin fikrinizi öyrənmək istəyirəm, siz özünüz necə edərdiniz, yəni sizin krepiniz olsaydı? Mənim xüsusi rəyim belədir ki, əgər saxlasam, bu, hərdəmxəyal olmadığımı göstərər, haqqımda yaxşı fikirləşərlər.
– Əlbəttə, çıxarın.
– Doğrudan? – Pavel Pavloviç fikrə getdi. – Yox, mən saxlardım…
– Özünüz bilin. – Velçaninov öz-özünə fikirləşdi: «Deyəsən, o mənə inanmır bu yaxşıdır».
Onlar bayıra çıxdılar. Pavel Pavloviç geyinib bəzənmiş Velçaninova məmnun-məmnun baxırdı; hətta onun sifətində, deyəsən, ehtiram və təşəxxüs artmışdı. Velçaninov ona, ondan çox özünə heyrət edirdi. Darvazanın yanında onları gözəl bir kolyaska gözləyirdi.
– Siz kolyaska da hazırlamısınız? Demək, siz arxayındınız ki, mən gedəcəyəm?
– Kolyaskanı mən özümçün tutmuşam, ancaq demək olar, arxayındım ki, siz gedəcəksiniz, – deyə cavab verdi, o, sifətdən çox xoşbəxt adama oxşayırdı.
Kolyaskaya oturub, yola düşəndə Velçaninov əsəbi tərzdə güldü:
– Eh. Pavel Pavloviç, deyəsən, siz mənə həddindən artıq arxayınsınız?
– Axı siz, Aleksey İvanoviç, siz bundan ötrü mənə səfeh deməzsiniz? – deyə Pavel Pavloviç qəti və nüfuzedici bir səslə cavab verdi.
«Bəs Liza?» – deyə Velçaninov öz-özünə fikirləşdi və sanki nə isə bir günahdan çəkinərək, dərhal bu barədə düşünməkdən daşındı. Birdən ona elə gəldi ki, o özü bu dəqiqə çox alçaq və çox miskindir; ona elə gəldi ki, onu şirnikdirən fikir xırda və iyrənc fikirdir… o istədi ki, nə olursa-olsun, əgər bundan ötrü Pavel Pavloviçi vurmaq lazım gəlsə də hər şeyi tullayıb, indicə kolyaskadan düşsün. Lakin Pavel Pavloviç danışmağa başladı, o yenə şirnikdi.
– Aleksey İvanoviç, sizin qaş-daşdan başınız çıxırmı?
– Hansı qaş-daşdan?
– Brilyantdan.
– Başım çıxır.
– Mən hədiyyə aparmaq istəyirəm. Ağsaqqallıq eləyin, lazımdır ya yox?
– Məncə lazım deyil. Pavel Pavloviç qımıldandı:
– Mən çox istəyirəm ki, aparım. Ancaq nə alım? Dəst alım, yəni sancaq, sırğa, bilərzik, ya tək bir şey alım?
– Siz nə qədər xərcləmək istəyirsiniz?
– Dörd yüz, ya da beş yüz manat.
– Oho!
– Çoxdur? – deyə Pavel Pavloviç əl-ayağa düşdü.
– Yüz manatlıq bir bilərzik alın.
Pavel Pavloviç dilxor oldu. O çox xərcləmək, dəst şey almaq istəyirdi. Pavel Pavloviç təkid edirdi. Mağazaya girdilər. Axırı ancaq təkcə bilərzik aldılar, özü də Pavel Pavloviçin istədiyini yox, Velçaninovun göstərdiyini aldılar. Pavel Pavloviç ikisini də götürmək istəyirdi. Tacir bilərziyin qiymətini yüz yetmiş beş manatdan yüz əlliyə düşəndə Pavel Pavloviçin qanı lap qaraldı. Əgər istəsəydilər, məmnuniyyətlə iki yüz manat da verərdi, o, bahalı şey almaq istəyirdi.
Təzədən yola düşəndə Pavel Pavloviç nəşə ilə dedi:
– Hədiyyə almağa tələsməyimin zərəri yoxdur. Onlar axı kübar deyillər, sadə adamlardırlar, məsumluq hədiyyə sevir, – o, məkrlə, şən-şən gülümsündü. – Bayaq, siz Aleksey İvanoviç, on beş yaş deyəndə güldünüz; mənim başıma bu fikri salan da elə budur, məhz əlində çanta və çantasında dəftər-qələm, hələ gimnaziyaya getdiyi üçün, xe-xe! Çanta məni əsir etdi! Mən məhz məsumluq üçün, Alsksey İvanoviç… Mənim üçün sifət gözəlliyinin o qədər əhəmiyyəti yoxdur, nə qədər ki, bunun var. Küncdə oturub, rəfiqəsi ilə pıqqıldaşırdı, pərvərdigara, necə də gülürdülər! Nəyə gülürdülər: ona gülürdülər ki, pişik komodun üstündən yatağa atılıb, orada büzüşüb yatmışdır. Buradan təzə alma iyi gəlir! Bəlkə krepi çıxarım?
– Necə istəyirsiniz.
– Çıxarıram! – O, şlyapasını götürdü, krepi qoparıb, yola tulladı, şlyapasını yenidən daz başına qoyanda Velçaninov onun sifətində aydın bir ümid gördü.
«O doğrudanmı belə adamdır? – deyə həqiqətən qəzəblə düşündü, – məni dəvət etməsində doğrudanmı bir hiylə yoxdur? Doğrudanmı o mənim nəcibliyimə arxalanır? – O, axırıncı ehtimaldan demək olar ki, incimiş halda fikrinə davam etdi, – bu səfeh təlxəkdir, ya «həmişəlik ər»? Axı, nəhayət, bu mümkün olan iş deyil!»…
XII
ZAXLEBİNİNLƏR
Zaxlebininlər, Velçaninovun bayaq dediyi kimi, doğrudan da «çox abırlı ailə» idi. Zaxlebinin özü görkəmli və çox mötəbər məmur idi. Ancaq onların gəlirləri barədə Pavel Pavloviçin dedikləri də həqiqət idi. «Deyəsən, yaxşı yaşayırlar, ancaq kişi ölən kimi, heç bir şey qalmayacaq».
Qoca Zaxlebinin Velçaninovu çox yaxşı, mehriban qarşıladı, əvvəlki «düşmən» dönüb dost oldu.
– Təbrik edirəm, yaxşı oldu, – deyə o, ilk sözündən başlayaraq xoş bir tərzdə qürurla səsləndi– mən sülh yolu ilə həll etməyi təkid edirdim, Pyotr Karloviç isə (Velçaninovun vəkili) bu cəhətdən qızıl kimi adamdır. Yaxşı deyil? Əziyyətsiz süründürməsiz, mübahisəsiz altmış min alacaqsınız. Yoxsa, iş üç il uzana bilərdi.
Velçaninovu dərhal sadə və yorğun üzü olan çox kök, yaşlı bir qadın, xanım Zaxlebininaya təqdim etdilər. Qızlar da bir-bir, iki-iki gəldilər. Ancaq nədənsə qızlar çox idi, yavaş-yavaş on, yaxud da on ikisi gəldi. Velçaninov onları saya da bilmirdi, çünki kimisi girir, kimisi çıxırdı. Lakin onların arasında bağ qonşularının da qızları çox idi. Zaxlebininlərin naməlum, lakin qəribə zövqlə tikilmiş, sonralar müxtəlif zamanlarda, əlavə tikintilər aparılmış, böyük taxta evinin qabağında böyük bir bağ vardı; lakin bu bağa müxtəlif tərəflərdən üç, ya dörd başqa ev də çıxırdı, deməli, böyük bağ şərikli idi, bu da təbii, qızların qonşu qızlarına yaxınlaşmasına imkan yaradırdı. Velçaninov söhbət başlayan kimi başa düşdü ki, onu burada gözləyirlərmiş və Pavel Pavloviçin bu ailə ilə tanış olmaq istəyən dostunun buraya gələcəyini az qala, təntənəli surətdə elan etmişlər. Onun belə işlərdə iti və səriştəli nəzərləri, tezliklə başqa bir şey də sezdi: valideynlərin həddindən artıq mehribanlığı qızların görkəmi və təmtəraqlı geyimləri (hərçənd bayram günü idi) onda belə bir şübhə oyatdı ki, Pavel Pavloviç, çox ola bilər ki, biclik işlədib, əlbəttə, açıq olmasa da bir nov eyhamla buradakılara onun barəsində, «yaxşı cəmiyyətdən» olan varlı, darıxan bir subay kimi danışmış və çox, çox ola bilər ki, nəhayət, onun birdən subaylığa «son qoyaraq», özünə ailə qurmaq fikrinə düşəcəyini aşılamışdır, «üstəlik də miras alıb». Deyəsən, Zaxlebininin böyük qızı Katerina Fedoseyevna, iyirmi dörd yaşlı, Pavel Pavloviçin füsunkar xanım dediyi qız, bir qədər bu əhvali-ruhiyyədə idi. O, paltarı və qəribə düzəldilmiş gur saçları ilə bacılarından seçilirdi. Bacıları və başqa qızlar isə elə baxırdılar ki, sanki qəti bilirdilər ki, Velçaninov «Katya ilə» tanış olmağa, ona baxmağa gəlmişdir. Onların baxışları və hətta bütün gün ərzində təsadüfən ağızlarından qaçırdıqları sözlər sonra bu ehtimalı təsdiq elədi. Katerina Fedoseyevna hündürboylu, dolu, sarışın bir qız idi, olduqca mehriban sifəti vardı, görünür, sakit, ətalətli və hətta yuxulu qız idi. «Beləsinin bu vaxtadək evdə qalması qəribədir, – deyə Velçaninov fikirləşdi, o, qıza məmnuniyyətlə göz qoyurdu. – Cehizi olmasa da, tezliklə lap kökəlsə də hələlik həvəskarı çox tapılar…» Qalan o biri bacılar da pis deyildi, rəfiqələrinin içərisində isə bir neçə məzəli və hətta yaxşı sifəti olan qızlar nəzərə çarpırdı. Bu, onu əyləndirməyə başladı: yeri kəlmişkən deyək ki, o buraya xüsusi fikirlə gəlmişdi.
Altıncı, gimnazist qız, Nadejda Fedoseyevna, Pavel Pavloviçin nəzərdə tutulan nişanlısı gec gəlib çıxdı. Velçaninov onu səbirsizliklə gözləyirdi: buna ozü də təəccübləndi, hətta öz-özünə güldü də. Nəhayət, o gəldi, özü də təmtəraqla: diribaş və sərt rəfiqəsi Mariya Nikitişnanın müşayiəti ilə. Mariya Nikitişna sarışın idi, məzəli sifəti vardı: özü də dərhal məlum oldu ki, Pavel Pavloviç ondan yaman qorxur. Mariya Nikitişna iyirmi uç yaşlarında, məsxərəçi və hətta ağıllı qız idi, qonşu və tanış bir evdə kiçik uşaqların mürəbbiyyəsi idi, çoxdan Zaxlebininlər ailəsində doğma adam hesab edilirdi, qızların isə çox xoşuna gəlirdi. Hiss olunurdu ki, o, Nadyaya indi xüsusilə lazımdır. İlk baxışdan Velçaninov başa düşdü ki, qızlar, hətta rəfiqələri də Pavel Pavloviçin əleyhinədirlər. Nadya gələndən ikicə dəqiqə sonra isə qət etdi ki, o da Pavel Pavloviçə nifrət edir. Onu da sezdi ki, Pavel Pavloviç bunu qətiyyən sezmir, ya da sezmək istəmir. Söz yox ki, Nadya bacılarının hamısından yaxşı idi; balaca, sarışın bir qızdı, görkəmindən adamayovuşmaz qıza oxşayırdı və onda nihilist cəsarəti vardı, qaynar gözlü hiyləgər şeytandı, məlahətli təbəssümü vardı, ancaq tez-tez qəzəbli olurdu, gözəl dodaqları və dişləri vardı, zərif, qədd-qamətli idi, sifəti ifadəli idi: ancaq bununla belə, demək olar ki, uşaq sifəti idi. On beş yaş onun hər addımında, hər sözündə özünü göstərirdi. Sonra məlum oldu ki, Pavel Pavloviç doğrudan da onu ilk dəfə əlində müşəmbə çanta görmüşdür; amma indi qız bu çantanı götürmürdü. Hədiyyə bilərzik yerinə düşmədi, hətta pis təsir bağışladı. Pavel Pavloviç içəri girən nişanlısını görən kimi dərhal gülümsəyərək, ona yaxınlaşdı. O, hədiyyəni «keçən dəfə Nadejda Fedoseyevnanın fortepiano arxasında oxuduğu gözəl romansdan xoş həzz duyduğunu» bəhanə edərək vermək istəyirdi, ancaq karıxdı, sözünü qurtara bilmədi, özünü itirmiş halda bilərziyi irəli uzatdı, Nadejda Fedoseyevnanın ovcuna dürtməyə çalışdı, qız isə utandığından və hirsindən qızararaq, əlini geri çəkir, bilərziyi götürmək istəmirdi. O, qaba tərzdə sifətində çaşqınlıq ifadəsi olan anasına tərəf qanrıldı və ucadan dedi:
– Maman, götürmək istəmirəm.
– Al və təşəkkür elə! – deyə atası sakit bir ciddiyyətlə dilləndi, lakin o da narazı idi. – Artıq şeydir, artıq şeydir! – Pavel Pavloviçi danladı. Nadya çarəsiz qalıb, qutunu aldı və gözlərini aşağı dikərək, kiçik qızlar kimi, təzim etdi, yəni birdən oturdu və yay kimi tez də qalxdı. Bacılarından biri baxmaq üçün yaxınlaşdı. Nadya hələ açılmamış qutunu ona verdi, bununla da bildirirdi ki, özü açıb baxmaq istəmir. Bilərziyi qutudan çıxardılar və o əldən-ələ gəzməyə başladı; ancaq hamı sakitcə baxırdı, hətta bəzilori istehza ilə baxırdı, təkcə anası dedi ki, bilərzik çox gözəldir. Pavel Pavloviç yer ayrılsaydı, yerə girərdi.
Dadına Velçaninov çatdı.
O, ağlına gələn ilk fikirdən yapışıb, elə bərkdən və həvəslə danışmağa başladı ki, heç beşcə dəqiqə keçməmiş qonaq otağında olanların hamısının diqqətini cəlb etdi. O, kübar cəmiyyətdə çərənləmək sənətinə: yəni tamamilə sadəlövh görünmək, eyni zamanda öz dinləyicilərinə də özü kimi sadəlövh adamlar kimi baxmaq sənətinə, əla yiyələnmişdi, lazım gələndə o özünü son dərəcə təbii, şad və xoşbəxt göstərməyi bacarırdı. Danışarkən sözarası, kəskin, yaxud adama toxunan bir söz işlətməyi, eyham vurmağı, gülməli lətifələr danışmağı da məharətlə bacarırdı. Özü də elə danışırdı ki, sanki ağlına qəflətən gəlmişdi, fərqinə varmırdı, halbuki, söhbət bəlkə də, lap çoxdan hazırlanmiş, əzbərlənmiş və artıq bir neçə dəfə işlədilmişdi. Lakin hazırki dəqiqədə onun sənətinə təbiəti də qarışmışdı: o hiss edirdi ki, həvəsə gəlmişdir, onu nə isə sövq edirdi, özünü çox inamlı, arxayın hiss edirdi, əmindi ki, bir neçə dəqiqədən sonra bütün bu gözlər ona yönələcək, bütün bu adamlar yalnız onu dinləyəcək, ancaq onunla danışacaq, yalnız onun dediyinə güləcəklər. Doğrudan da çox keçmədi ki, gülüş səsi eşidildi, yavaş-yavaş söhbətə başqaları da qoşuldu– o, söhbətə başqalarını da qatmağı gözəl bacarırdı– indi üç, dörd adam birdən danışırdı. Xanım Zaxlebininanın qaşqabağı açıldı, yorğunluğu çıxdı, üzü güldü; Katerina Fedoseyevna da həmçinin, sehrlənmiş kimi oturub, dinləyir və baxırdı. Nadya qaşlarının altından iti baxışlarını ona zilləmişdi, açıq sezilirdi ki, əvvəlcədən onun əleyhinə çevrilmişdir. Bu, Velçaninovu daha da qızışdırdı. «Qəzəbli» Mariya Nikitişna hər halda fürsət tapıb, Velçaninovu möhkəm sancdı; o özündən uydurub, təsdiq edirdi ki, dünən Pavel Pavloviç onu burada öz uşaqlıq dostu kimi qələmə vermiş və beləliklə yaşını (buna aydın işarə eləyirdi) düz yeddi il artırmışdır. Lakin o, qəzəbli Mariya Nikitişnanın da xoşuna gəlmişdi. Pavel Pavloviç özünü yaman itirmişdi. Dostunun bacarığına bələd idi və başlanğıcda hətta onun müvəffəqiyyətinə sevinirdi, özü də pıqqıldayır, söhbətə qarışırdı; lakin nədənsə o yavaş-yavaş xəyala qapıldı, hətta axırda məyuslaşdı, bu onun həyəcanlı görkəmindən aydın sezilirdi. Qoca Zaxlebinin gülə-gülə:
– Siz elə qonaqsınız ki, əyləndirməyə ehtiyac yoxdur, – dedi və bayram günü olmasına baxmayaraq, nəzərdən keçirilmək üçün hazırlanmış iş məktublarının qoyulduğu yuxarı otağa qalxmaq məqsədilə stuldan qalxdı. – Ancaq təsəvvür eləyin ki, mən sizi bütün gənclər içərisində ən qəmgin ipoxondrik hesab edirdim. Adam gör necə səhv eləyir!
Salonda royal qoyulmuşdu; Velçaninov musiqi ilə kimin məşğul olduğunu soruşdu və birdən Nadyaya müraciət etdi:
– Siz, deyəsən, oxuyursunuz?
– Kim dedi? – Nadya onun sözünü kəsdi.
– Bayaq Pavel Pavloviç deyirdi.
– Düz deyil, mən ancaq gülmək üçün oxuyuram, mənim heç səsim də yoxdur.
– Mənim də səsim yoxdur, ancaq oxuyuram.
– Onda siz bizim üçün oxuyarsınız? Siz oxusanız mən də oxuyaram. – Nadyanın gözləri işıldadı. – Ancaq indi yox, nahardan sonra. Mənim musiqidən zəhləm gedir, – deyə o əlavə etdi, – bu fortepiano lap canımı boğazıma yığıb; bizdə səhərdən axşamadək hamı çalıb-oxuyur. Təkcə Katya hamısına yetər.
Velçaninov dərhal onun sözündən yapışdı və məlum oldu ki, təkcə Katerina Fedoseyevna fortepianoda hamıdan ciddi məşğul olur. O dərhal qıza müraciət edib, çalmasını xahiş etdi. Görünür, onun Katyaya müraciət etməsi hamının xoşuna gəldi, anası isə sevincindən qızardı. Katerina Fedoseyevna ayağa qalxdı, gülümsəyərək, royala tərəf getdi və birdən özü gözləmədən qızardı və bundan çox xəcalət çəkdi; böyük qızdır, artıq iyirmi dörd yaşı var, belə əndamlı, ancaq balaca qız kimi qızarır– bütün bunlar, o çalmaq üçün oturanda sifətində yazılmışdı. O, Qaydndan nə isə çaldı, ifadəsiz çalsa da aydın çalırdı. Lakin o sıxılırdı. Katerina çalıb qurtardıqdan sonra Velçaninov onu deyil, Qaydnı, xüsusilə onun çaldığı kiçik musiqi əsərini təriflədi; görünür, bu, qızın xoşuna gəlmişdi, o özünün deyil, Qaydnın adına deyilən tərifləri elə minnətdarlıqla və elə xoşbəxtcəsinə dinləyirdi ki, Velçaninov qeyri-ixtiyari ona diqqətlə, mehriban-mehriban baxdı. Onun baxışı deyirdi: «Eh, sən nə yaxşısan!» Elə bil hamı, xüsusilə Katerina Fedoseyevna, onun bu baxışını başa düşdü.
– Sizin yaxşı bağınız var, – deyə o, balkonun şüşə qapısına baxa-baxa, hamıya müraciət etdi. – Bilirsiniz nə var, gəlin hamımız bağa gedək!
– Gedək, gedək! – Fərəhli səslər eşidildi, elə bil o hamının ürəyindən xəbər vermişdi.
Günorta yeməyinədək bağda gəzdilər. Çoxdan gedib, yatmaq istəyən xanım Zaxlebinina da özünü saxlaya bilmədi və hamı ilə birlikdə gəzməyə çıxdı, lakin balkonda oturub dincəlməyi daha üstün tutdu və orada dərhal mürgülədi. Bağda Velçaninovla qızlar daha da dostlaşdılar. O gördü ki, qonşu bağlardan iki-üç cavan oğlan da onlara qoşuldu; onlardan biri tələbə, ikincisi isə gimnazist idi. Onlar tez öz qızlarının yanına qaçdılar, hiss olunurdu ki, onlar elə buna görə gəlmişlər. Üçüncü «cavan oğlan» isə çox qaşqabaqlı və pırtdaşıq saçları olan iyirmi yaşlı bir oğlan idi, gözlərində iri göy eynək vardı, gələn kimi, Mariya Nikitişna və Nadya ilə tələsik və qaşqabaqlı pıçıldaşmağa başladı. O, Velçaninovu acıqlı-acıqlı süzürdü, elə bil ona hədsiz nifrət eləməyi özünə borc bilirdi. Qızların bəziləri oyunu tez başlamağı təklif edirdilər. Nə oyun oynamaları barədə Velçaninovun sualına cavab verdilər ki, hər cür oyun oynayırlar, gizlənqaç da oynayırlar, ancaq axşam atalar sözü oyunu oynayacaqlar, yəni hamı əyləşəcək, biri hələlik kənara çəkiləcək; bütün oturanlar bir atalar sözü seçəcəklər, məsələn, «Tez gedən tez yorular», kənarda duranı çağırdıqda, növbə ilə hərə ona bir cümlə deyəcək. Birinci mütləq elə cümlə deməlidir ki, orada «tez» sözü olsun, ikinci elə cümlə deməlidir ki, orada «gedən» sözü olsun və s. O adam isə mütləq bu sözləri tutub, onlara əsasən atalar sözü tapmalıdır. Velçaninov dedi:
– Bu çox maraqlı oyundur.
– Yox, yox, çox darıxdırıcıdır, – deyə iki-üç adam birdən cavab verdi.
– Biz teatr da oynayırıq, – deyə Nadya ona müraciət etdi. – Ətrafına skamyalar düzülmüş o yoğun ağacı görürsünüzmü, orada ağacın dalı guya səhnə arxasıdır, artistlər də orada otururlar: kral, kraliça, şahzadə, cavan oğlan, kim nə istəyirsə, hərə istədiyi vaxt çıxır, ağlına gələni deyir və gedir.
Velçaninov yenə də təriflədi:
– Nə qiyamətdir!
– Ah, yox, cansıxıcıdır! Başlanğıcı yaxşı olur, ancaq axıra yaxın korlanır, çünki heç kəs yaxşı qurtara bilmir; bəlkə sizinlə maraqlı ola. Biz sizi Pavel Pavloviçin dostu bilirdik, ancaq indi məlum olur ki, o yalandan öyünürmüş. Mən sizin gəlişinizə çox şadam… bir münasibətlə… – o çox ciddi bir tərzdə, vüqarla Velçaninova baxdı və dərhal Mariya Nikitişnanın yanına getdi.
Velçaninovun ötəri gördüyü, kəlmə kəsmədiyi bir qız ona xəlvətcə pıçıldadı:
– Atalar sözünü axşam oynayarıq, axşam hamı Pavel Pavloviçə güləcək, siz də.
Onun bu vaxtadək heç sezmədiyi, allah bilir, birdən hardan baş vurub çıxan sarışın, çil-çil, yeriməkdən və istidən sifəti pörtmüş başqa bir qız dostcasına dedi:
– Ah, nə yaxşı oldu, siz gəldiniz, yoxsa yaman darıxırdıq…
Pavel Pavloviçin narahatlığı getdikcə artırdı. Bağda Velçaninov nəhayət, Nadya ilə tamam yaxınlaşdı. O daha bayaqkı kimi qaşlarının altından baxmırdı və Velçaninovu diqqətlə nəzərdən keçirmək fikrindən daşınmışdı, qəhqəhə çəkib gülür, atılıb-düşür, çığırırdı, hətta iki dəfə Velçaninovun əlindən də tutmuşdu; o çox şad idi, Pavel Pavloviçə isə yenə zərrə qədər məhəl qoymurdu, sanki onu heç görmürdü. Velçaninov əmin oldu ki, Pavel Pavloviçə əməlli-başlı sui-qəsd hazırlanıb. Nadya bir dəstə qızla Velçaninovu bir tərəfə çəkdi. O biri rəfiqələri isə müxtəlif bəhanələrlə Pavel Pavloviçi başqa tərəfə apardılar, ancaq o birtəhər yaxasını qurtarır və dərhal onların, yəni Velçaninovla Nadyanın yanına qaçır, daz başını ikisinin arasına soxub, xəlvətcə narahatlıqla söhbətlərinə qulaq verirdi. Axıra yaxın o hətta daha utanmırdı. Onun sadəlövh davranışı və hərəkətləri bəzən adamı təəccübləndirirdi. Velçaninov özünü saxlaya bilməyib, bir də Katerina Fedoseyevnaya xüsusi diqqət yetirdi, əlbəttə indi qız başa düşmüşdü ki, Velçaninov buraya heç də ona görə gəlməyib, Nadya ilə həddindən artıq maraqlanır; lakin qızın sifəti bayaqkı kimi mehriban və gözəl idi. O sanki onların yanında olmasına və təzə qonağın söhbətinə qulaq asmasına sevinirdi; zavallı qız özü məharətlə söhbətə qarışmağı heç cür bacarmırdı.
Velçaninov birdən yavaşca Nadyaya dedi:
– Sizin bacınız Katerina Fedoseyevna qiyamət qızdır!
– Katyamı? Onun ürəyindən gözəl ürək varmı? O bizim hamımızın məlaikəmizdir, mən ona vurulmuşam, – deyə Nadya fərəhlə cavab verdi.
Nəhayət, saat beşdə yemək də verildi, hiss olunurdu ki, bu qonağın gəlməsi münasibətilə hazırlanmışdır. Süfrəyə uç yemək gətirildi, görünür, bunlar həmişəki yeməkdən əlavə yeməklərdi, özü də əla yeməklərdi, xüsusilə biri çox qəribə idi, adını da heç kəs bilmirdi. Adi süfrə şərablarından başqa bir butulka tokay şərabı da gətirildi, görünür, qonaq üçün idi; yemək qurtarana yaxın nə üçünsə şampanski də verildi. Qoca Zaxlebinin bir az artıq içmişdi, ona görə kefi durulmuşdu. Velçaninovun dediklərinin hamısına gülməyə hazırdı. Axırı iş o yerə çatdı ki, Pavel Pavloviç daha dözə bilmədi; yarışa girişərək o da bir şey demək istədi və dedi. O, xanım Zaxlebinina ilə yanaşı, stolun aşağı tərəfində oturmuşdu, birdən burada sevincək olmuş qızlar bərkdən gülüşdülər.
Zaxlebininin iki ortancıl qızları bir ağızdan çığırdılar:
– Ata can, ata can! Pavel Pavloviç də məzəli söz dedi. O deyir ki, «Qızlar üçün qızarmaq lazımdır…»
Qoca himayədar bir tərzdə Pavel Pavloviçə müraciət etdi və eşidəcəyi sözə qabaqcadan gülümsəyərək, təmkinlə dedi:
– O da məzəli söz deyir! Deyin görüm nə deyib?
– Deyir ki, «biz qızlar üçün qızarmaq lazımdır».
– Hə! Nə olsun? – Qoca hələ də gözləyə-gözləyə mehribancasına gülümsəyir və bir şey başa düşmürdü.
– Eh, ata can, siz niyə başa düşmürsünüz! Qızlar və sonra da qızarmaq: qızlar qızarmağa oxşayır; qızlar üçün qızarmaq lazımdır…
– A-a-a! – Qoca karıxmış halda səsini uzatdı, – hə, gələn dəfə yaxşısını deyər! – Qoca ürəkdən güldü.
– Pavel Pavloviç, hər şeyi kamil bilmək olmaz ki! – Mariya Nikitişna ucadan ona sataşdı. – Ah, pərvərdigara, onun boğazında sümük qaldı! – Qız sıçrayıb stuldan qalxdı.
Araya çaxnaşma düşdü, Mariya Nikitişna elə bunu istəyirdi. Pavel Pavloviç pərtliyini gizlətmək üçün əlində tutduğu çaxırdan bir qurtum içmiş və çeçəmişdi, amma Mariya Nikitişna hamını inandırır və and içirdi ki, «boğazında balıq sümüyü qalıb, öz gözü ilə görüb, balıq sümüyü pis şeydir, bundan adam ölər!»
Kimsə çığırdı:
– Peysərinə vurun!
– Doğrudan da, ən yaxşı üsul budur, – Zaxlebinin bərkdən bu sözü təsdiq etdi. Tez həvəskarlar yaxınlaşdı; Mariya Nikitişna, sarışın qız (o da yeməyə dəvət edilmişdi) və nəhayət bərk qorxuya düşmüş xanım– hamı istəyirdi ki, Pavel Pavloviçin peysərinə vursun. Stolun arxasından sıçrayıb qalxan Pavel Pavloviç onların əlindən çıxmağa çalışır və başa salmaq istəyirdi ki, o yalnız şərabdan çeçəyib, öskürəyi indicə keçib gedər. Axırı hamı başa düşdü ki, bu Mariya Nikitişnanın kələyidir.
– Yaman dəcəlsən ha!.. – Xanım Zaxlebinina ciddi bir tərzdə Mariya Nikitişnaya irad tutdu, lakin özünü saxlaya bilməyib, qəhqəhə ilə güldü. Belə hallar onda az-az baş verdiyi üçün çox təsirli oldu. Yeməkdən sonra hamı qəhvə içmək üçün balkona çıxdı.
– Havalar nə yaxşı keçir! – deyə qoça məmnuniyyətlə baxa-baxa təbiəti təriflədi, – ancaq yağış olsa… Hə, mən getdim dincəlməyə. Allah amanında, allah amanında, şənlənin! Sən də şənlən! – O çıxarkən əlini Pavel Pavloviçin çiyninə vurdu.
Hamı yenə bağa çıxdıqda, Pavel Pavloviç birdən Velçaninovun yanına yüyürüb, onun qolunu dartdı:
– Bir dəqiqəliyə, – deyə səbirsizliklə pıçıldadı. Onlar bağın xəlvət cığırına çıxdılar.
Pavel Pavloviç Velçaninovun qolundan tutaraq, qəzəblə, boğula-boğula pıçıldadı:
– Yox, burada bağışlayın, yox, burada mən yol vermərəm…
– Hə? Nəyə? – Velçaninovun gözləri bərəlmişdi. Pavel Pavloviç dinməzcə ona baxıb, dodaqlarını tərpədir və qəzəblə gülümsəyirdi.
– Siz haraya getdiniz? Siz hardasınız? – Onları səbirsizliklə çağıran qızların səsləri eşidildi. Velçaninov çiyinlərini çəkdi və geri qayıtdı. Pavel Pavloviç də onun dalınca qaçdı.
Mariya Nikitişna dedi:
– Mərc tutaram ki, o sizdən burun yaylığı istəyirdi. Keçən dəfə də yadından çıxarmışdı.
– Həmişə də yadından çıxaracaq! – Zaxlebininin ortancıl qızı da ona qoşuldu.
Yer-yerdən səslər eşidildi.
– Yaylığını yadından çıxarıb! Pavel Pavloviç yaylığını yadından çıxarıb! Maman, Pavel Pavloviç yenə burun yaylığını yadından çıxarıb, Pavel Pavloviç yenə zökəmdir!
– Bəs niyə demir! Pavel Pavloviç, siz nə qəribə adamsınız! -Xanım Zaxlebinina səsini uzada-uzada dedi, – zökəmlə zarafat eləmək olmaz. Mən bu saat sizə yaylıq göndərərəm. O niyə həmişə zökəm olur! – dedi və qayıtmaq üçük bəhanə tapdığına sevindi.
Pavel Pavloviç onun arxasınca çığırdı:
– Mənim iki yaylığım var, zökəm də deyiləm!
Lakin görünür, Zaxlebinina onun nə dediyini başa düşməmişdi və bir dəqiqədən sonra Pavel Pavloviç hamının dalınca yorta-yorta, Nadya ilə Velçaninova çatmaq istərkən, qulluqçu qadın tövşüyə-tövşüyə ona çatıb, yaylıq gətirdi.
– Oynayaq, oynayaq, atalar sözü deyək! – Hər tərəfdən çığırışırdılar. Allah bilir, onlar bu «atalar sözündən» nə gözləyirdilər.
Yer seçib skamyalarda oturdular; atalar sözünü Mariya Nikitişna tapmalı oldu; tələb etdilər ki, bacardıqca uzağa getsin, qulaq asmasın. O gedəndən sonra atalar sözü seçdilər və sözləri paylaşdırdılar. Mariya Nikitişna qayıtdı və bir göz qırpımında tapdı. Atalar sözü belə idi: «Məxluq bağlar, xaliq açar». Mariya Nikitişnadan sonra atalar sözünü göy eynəkli, pırtdaşıq saçlı cavan oğlan tapmalı oldu. Ondan daha uzağa getməyi tələb etdilər, dedilər ki, köşkün yanında durub, üzünü də hasara çevirsin. Qaşqabaqlı cavan oğlan öz vəzifəsini könülsüz yerinə yetirirdi, hətta elə bil özünü bir az da alçalmış hesab edirdi. Onu səsləyib çağırdıqları zaman heç bir şey tapa bilmədi, deyilənlərə iki dəfə qulaq asdı, qaşqabaqlı halda xeyli fikirləşdi, lakin heç bir şey çıxmadı. Onu utandırdılar. Atalar sözü belə idi: «Bir allaha dua əvəzsiz qalmaz, bir də padşaha qulluq».
– Axmaq atalar sözüdür! – deyə pərtləşmiş cavan oğlan öz yerinə qayıda-qayıda qəzəblə mızıldandı.
– Ah, necə cansıxıcıdır! – Səslər eşidildi.
Velçaninov getdi, onu hamıdan uzaqda gizlətdilər. O da tapmadı.
– Ah, neçə cansıxıcıdır? – Səslər daha da artdı. Nadya dedi:
– İndi də mən gedirəm.
– Yox, yox, indi Pavel Pavloviç gedəcək, növbə Pavel Pavloviçindir, – hamı çığırdı və adamlar bir az hərəkətə gəldilər.
Pavel Pavloviçi lap hasarın yanına aparıb, üzü hasara qoydular və dönüb baxmasın deyə sarışın qıza da tapşırdılar ki, ona göz yetirsin. Təzədən ruhlanmış və demək olar ki, kefi durulmuş Pavel Pavloviç vəzifəsini namusla yerinə yetirmək istəyirdi, buna görə də üzü divara, kötük kimi hərəkətsiz dayanmışdı, dönüb baxmağa cəsarət etmirdi. Sarışın qız ondan iyirmi addım geridə, adamlara yaxın, köşkün yanında durmuşdu, həyəcanla nə barədə isə qızlarla gözləşirdi, hiss olunurdu ki, hamı narahat halda nə isə gözləyir: nə isə hazırlanırdı. Birdən sarışın qız köşkün dalından əl elədi. Dərhal hamı yerindən qalxdı və dəli kimi harasa qaçdılar.
– Qaçın, siz də qaçın! – Qaçmadığı üçün az qala dəhşət içərisində on səs birdən Velçaninova pıçıldadı. O, qızlara çataraq soruşdu:
– Nə var? Nə olub?
– Sakit, qışqırmayın! Qoy orada dayanıb, hasara baxsın, biz isə hamımız qaçaq. Nastya da qaçır.
Sarışın qız (Nastya) əllərini yelləyə-yelləyə, dəli kimi qaçırdı, elə bil nə isə olmuşdu. Nəhayət, hamı bağın o biri başındakı gölün o tayına yığışdı. Velçaninov onlara çatanda gördü ki, Katerina Fedoseyevna bütün qızlarla, Nadya və Mariya Nikitişna ilə bərk mübahisə edir.
Nadya onu öpürdü:
– Katya, əzizim, hirslənmə!
– Yaxşı, anama demərəm, ancaq mən gedirəm, çünki bu heç yaxşı iş deyil, o yazıq, niyə orada hasarın yanında qalmalıdır!
Yazığı gəldiyi üçün o getdi, lakin qalan qızlar əvvəlki kimi rəhmsiz və amansız idi. Onlar Velçaninovdan qəti tələb etdilər ki, Pavel Pavloviç gələndə, guya heç bir şey olmayıbmış kimi, ona əhəmiyyət verməsin. «Biz isə gəlin gizlənqaç oynayaq!» – deyə sarışın qız şövqlə çığırdı.
Pavel Pavloviç azı on beş dəqiqədən sonra qayıtdı. Bunun üçdə ikisini, yəqin hasarın yanında durmuşdu. Gizlənqaç oyunu qızışmışdı, hamı çığırırdı, şənlənirdi. Qəzəbindən zəncir çeynəyən Pavel Pavloviç düz Velçaninovun üstünə getdi və yenə pencəyinin qolundan yapışdı.
– Bir dəqiqəliyə!
– Ah, pərvərdigara, bunun bir dəqiqələri nə vaxt qurtaracaq?
Onların ardınca qışqırdılar:
– Yenə yaylıq istəyir?
Pavel Pavloviçin dişləri bir-birinə dəyirdi:
– Bu dəfə siz elədiniz, indi siz elədiniz, siz səbəbkarsınız!..
Velçaninov onun sözünü kəsdi və sakitliklə məsləhət gördü ki, şənlənsin, yoxsa lap cırnadarlar: «Ona görə sizi cırnadırlar ki, hamı şənlənir, siz isə hirslənirsiniz». Onun təəccübünə rəğmən, sözləri və məsləhəti Pavel Pavloviçə bərk təsir elədi; o dərhal susdu və adamların yanına qayıtdı, günahkar adam kimi, itaətlə ümumi oyuna qoşuldu; sonra bir müddət ona toxunan olmadı, onunla da başqaları kimi oynadılar. Heç yarım saat keçməmişdi ki, o yenə demək olar ki, şənləndi. Bütün oyunlarda, lazım gəldikdə, o əsasən, xain sarışın qızı, ya da Zaxlebinina bacılarından birini özünə yoldaş seçirdi. Lakin Velçaninov bir şeyə çox təəccüb qalmışdı: Pavel Pavloviç həmişə Nadyanın yaxınlığında, həndəvərində dolanırdı, ancaq bir dəfə də olsun onunla danışmağa cəsarət etməmişdi. Hər halda qızın onu görməməsini və ona nifrət etməsini qanuni bir hal kimi qəbul edirdi. Lakin axıra yaxın yenə də onun başına oyun açdılar.
Gizlənqaç» oynayırdılar. Gizlənən adam gizlənmək üçün ayrılmış yerdə hara istəsə qaça bilərdi. Sıx bir kolluqda gizlənmiş, gözə sataşmamış Pavel Pavloviçin birdən ağlına gəldi ki, evə soxulsun. Səs-küy qalxdı; onu görmüşdülər; o, pilləkənlərlə tələsik antresola girdi, orada komodun dalında bir yer bilirdi, istəyirdi ki, orada gizlənsin. Lakin sarışın qız onun dalınca cumdu, barmaqları üstə qapıya yaxınlaşaraq, cəftəsini vurdu. O dəqiqə bayaqkı kimi, oyunu saxladılar, bağın o başındakı gölün o tərəfinə qaçdılar. On dəqiqə keçəndən sonra Pavel Pavloviç heç kəsin onu axtarmadığını görüb, pəncərədən baxdı. Heç kəs yox idi. O, valideynləri oyatmamaq üçün çığıra bilməzdi. Xidmətçi qıza və qulluqçuya da möhkəm tapşırmışdılar ki, Pavel Pavloviç çağırsa, nə cavab versinlər və nə də getsinlər. Qapını yalnız Katerina Fedoseyevna aça bilərdi, lakin o da öz otağına qayıdandan sonra xəyala dalmış və qəflətən yuxuya getmişdi. Beləliklə, o bir saatadək orada qaldı. Nəhayət, qızlar göründülər, guya təsadüfən, iki-iki, üç-üç buradan ötüb-keçməyə başladılar.
– Pavel Pavloviç, niyə bizim yanımıza gəlmirsiniz? Bilsəniz necə kef var! Biz teatr oynayırıq. Aleksey İvanoviç gənc adamın rolunu oynayır.
Ötüb-keçən başqa qızlar da dedilər:
– Pavel Pavloviç, niyə gəlmirsiniz, sizin üçün qızarmaq lazımdır.
Birdən yenicə yuxudan oyanmış, çay hazır olanadək bağa enib, «uşaq»ların oyununa tamaşa etmək qərarına gəlmiş xanım Zaxlebininanın səsi eşidildi.
– Yenə niyə qızarır?
– Pavel Pavloviçi deyirik, – qızlar qəzəbindən rəngi ağarmış, üz-gözü dəyişmiş, gülümsəyən Pavel Pavloviçin baxdığı pəncərəni göstərdilər.
Xanım başını buladı:
– Hamının belə deyib-güldüyü vaxtda təkbaşına evdə oturmağa necə də həvəsi var!
Bu ara Velçaninov, nəhayət, Nadyadan bayaq dediyi: «bir münasibətlə onun gəlişinə şaddır», – sözlərinin mənasını öyrəndi. İzahat xəlvət xiyabanda oldu. Mariya Nikitişna hansı bir oyunda isə iştirak edən və artıq bərk darıxmağa başlayan Velçaninovu bilə-bilə bu xiyabana gətirdi və onu Nadya ilə tək qoyub getdi.
– Mən tamamilə inandım ki, – deyə Nadya sözləri cəsarətlə və tez-tez yağdırmağa başladı, – siz heç də Pavel Pavloviçin, özünün öyündüyü kimi, dostu deyilsiniz. Mən əminəm ki, yalnız siz mənə çox böyük bir yaxşılıq eləyə bilərsiniz; onun bayaqkı iyrənc bilərziyini – o, qutunu cibindən çıxardı– mən sizdən acizanə xahiş eləyirəm, bunu təcili ona qaytarın, çünki özüm bundan sonra bütün həyatım boyu heç cür və heç zaman onunla danışmayacağam. Bunu mənim adımdan ona deyə bilərsiniz və əlavə edərsiniz ki, daha bir də hədiyyə-zad gətirməyə cəsarət eləməsin… Başqa məsələlər barəsində isə mən başqaları vasitəsilə xəbər göndərərəm. Mənim bu arzumu yerinə yetirə bilərsinizmi?
– Ah, siz allah, məni bu işə qoşmayın! – Velçaninov əlini yellədə-yellədə, az qala çığırdı.
– Necə! Necə yəni qoşmayın? – Onun rədd cavabı Nadyanı təəccübləndirdi, gözləri bərəldi. Qızın hazırladığı tədbir bir anda alt-üst oldu, o az qala ağlayacaqdı. Velçaninov güldü.
– Mən ona görə demirəm… mən çox şad olardım… mənim onunla öz haqq-hesabım var…
– Mən bilirdim ki, siz onun dostu deyilsiniz və o yalan deyir! – Nadya hərarətlə və tez onun sözünü kəsdi. – Mən heç zaman ona ərə getməyəcəyəm, bunu bilin! Heç zaman! Mən hətta başa düşmürəm ki, o necə buna cəsarət eləyib… Ancaq siz hər halda bu murdar bilərziyn ona qaytarmalısınız, yoxsa mən necə eləyim? Mən hökmən, hökmən istəyirəm ki, elə bu gün onu geri alsın və arxayın olmasın, həddini bilsin. Əgər o atama çuğulluq eləsə, onda görər başına nə oyun açıram.
Göy eynəkli, pırtdaşıq saçlı oğlan birdən, heç gözlənilmədən kolun dalından çıxdı.
– Siz bilərziyi ona verməlisiniz, – deyə o, qəzəblə Velçaninovun üstünə hücum çəkdi. – Əgər siz qadına hörmət etməyi bacarırsınızsa, təkcə qadının haqqını qorumaq naminə, bunu etməlisiniz…
Lakin o sözünü qurtara bilmədi. Nadya onun qolundan tutub, var gücü ilə dartdı və Velçaninovdan uzaqlaşdırdı.
– Pərvərdigara, siz nə qədər səfehsiniz, Predposılov! – deyə çığırdı. – Rədd olun! Gedin buradan, gedin, xəlvətcə söhbətimizə qulaq asmayın, mən sizə əmr eləmişdim uzaqda durasınız! – Qız ayaqlarını yerə döydü və gənc sivişib yenə kola girəndən sonra, özündən çıxmış halda, gözləri parıldaya-parıldaya, qollarını sinəsində çarpazlayıb, cığırın köndələninə gəzişdi.
– Siz bilmirsiniz, onlar necə səfehdirlər! – Birdən o, Velçaninovun qarşısında durdu, – bu sizə gülməli gəlir, amma mənim halımı təsəvvür eləyin!
Velçaninov güldü:
– Bu axı o deyil, o deyil?
– Əlbəttə, o deyil, həm də siz niyə belə fikirləşirsiniz?– Nadya qımışdı və qızardı. – Bu onun dostudur. Lakin o necə dostlar seçir, başa düşmürəm, orada hamı deyir ki, bu « gələcək mütəhərrikdir», mən isə heç bir şey başa düşmürəm…
Aleksey İvanoviç, mən heç kəsə müraciət edəsi deyiləm: axırıncı sözünüzü deyin: verərsiniz, ya yox?
Hə, yaxşı, verərəm, verin mənə.
– Ah, siz necə gözəl, necə xeyirxah adamsınız! – Qız sevinə-sevinə qutunu ona verdi. – Bunun əvəzində mən bütün axşamı sizin üçün oxuyacağam, çünki mən yaxşı oxuyuram, mən bayaq yalandan dedim ki, musiqini sevmirəm. Ah, əgər siz bir dəfə də bizə gəlsəydiniz, mən çox şad olardım və mən sizə hər şeyi, hər şeyi danışardım, bundan da çox danışardım, çünki siz çox xeyirxahsınız, çox mərhəmətlisiniz, Katya kimi!
Doğrudan da çay içmək üçün evə döndükləri zaman Nadya ona hələ tamam açılmamış, işlənməmiş, lakin çox xoş və güclü bir səslə iki romans oxudu. Adamlar bağdan qayıdanda Pavel Pavloviç valideynlərlə birlikdə təmkinlə çay stolunun arxasında oturmuşdu, böyük samovar stolun üstündə qaynayırdı, miras qalmış sevr saxsı çay fincanları stolun üstünə düzülmüşdü. Görünür, Pavel Pavloviç qocalarla çox ciddi şeylər barədə danışırdı, çünki o birisi gün doqquz aylığa gedirdi. Bağdan gələnlərə, xüsusilə Velçaninova heç gözünün ucu ilə baxmadı: o da hiss olunurdu ki, «çuğullamayıb», hələlik hər şey öz qaydasında idi.
Ancaq Nadya oxumağa başlayanda o da dərhal gəldi. Nadya onun bir sualına qəsdən cavab vermədi. Lakin bu, Pavel Pavloviçi nə pərt elədi, nə də tərəddüd içində qoydu; o, Nadyanın arxasında durdu. Onun bütün görkəmi deyirdi ki, bura onun yeridir və bu yeri o heç kəsə verməz.
Velçaninov özündən bədgümanlıqla royalın arxasına keçib, özü çalıb-oxumaq üçün oturduqda, royalın ətrafına toplaşmış qızlar bir ağızdan çığırışdılar:
– Aleksey İvanoviç oxuyacaq, maman, Aleksey İvanoviç oxumaq istəyir.
Qocalar da, onlarla oturub, çay süzən Katerina Fedoseyevna da gəldilər.
Velçaninov Qlinkanın indi demək olar ki, heç kəsə məlum olmayan məşhur bir romansını oxudu:
Fərəhlə ağzını hər açanda sən.
Sanıram xoş səsli bir göyərçinsən.
O, üzünü az qala dirsəyi toxunan Nadyaya tutub, oxuyurdu. Onun səsi yox idi, ancaq hiss olunurdu ki, bir vaxtlar səsi pis olmayıb. Bu romansı Velçaninov ilk dəfə iyirmi il bundan əvvəl, hələ tələbəlik vaxtları, mərhum bəstəkarın dostlarından birinin evində ədəbi-artist subaylar məclisində Qlinkanın öz dilindən eşitmişdi. Vəcdə gəlmiş Qlinka bütün sevimli əsərlərini, o cümlədən bu romansı da çalıb oxumuşdu. O zaman onun da səsi qalmamışdı, lakin bu romansın fövqəladə təsiri Velçaninovun yadından çıxmırdı. Hər hansı məharətli salon müğənnisi belə bu təsiri heç zaman oyada bilməzdi. Bu romansda gərgin bir ehtiras vardı, o hər misrada, hər sözdə yüksəlir və artırdı: məhz bu qeyri-adi gərginliyin gücündəndir ki, kiçik bir saxtalıq, cüzi bir mübaliğə və xariclik – bunlara operada asanlıqla yol verilirdi – bütün mənanı məhv və təhrif edə bilərdi. Bu kiçik, lakin qeyri-adi əsəri oxumaq üçün hökmən həqiqət, hökmən əsl ilham, əsl ehtiras, yaxud əsl poetik qabiliyyət lazım idi. Əks təqdirdə romans nəinki pis çıxar, hətta eybəcər, az qala ədəbsiz görünə bilərdi. Ehtiraslı hissin belə gərgin gücünü göstərməklə nifrət oyatmamaq mümkün deyildi, lakin həqiqət və sadədillik onu xilas edirdi. Velçaninov xatırlayırdı ki, bu romansı oxumaq bir vaxt onun özünə də müyəssər olmuşdu. O, Qlinkanın oxumaq tərzini demək olar ki, mənimsəmişdi; lakin indi ilk səsdən, ilk misradan başlayaraq onun qəlbində həqiqi ilham oyandı və səsində titrədi. Romansın hər bir sözü ilə hiss daha güclü, daha rəvan axır və aşkara çıxırdı, son misralarda ehtirasın çığırtısı eşidilirdi. O, parıldayan gözlərini Nadyaya zilləyib, romansın axırıncı sözlərini:
Heyrətlə baxır
gözüm gözünə,
Səbrim yox qulaq
asam sözünə;
İstərəm öpəm,
öpəm, öpəm.
İstərəm öpəm,
öpəm, öpəm. –
oxuyarkən Nadya demək olar ki, qorxudan diksindi, hətta azca geri çəkildi; yanaqları qızardı və həmin anda Velçaninov onun həyalı və demək olar ki, çaşqın sifətində bir rəğbət ifadəsinin oynadığını gördü. Onu dinləyən bütün qızların üzündə bir heyranlıq və eyni zamanda bir anlaşılmazlıq vardı; Hamıya sanki elə gəlirdi ki, belə mahnı oxumaq olmaz, ayıbdır, ancaq eyni zamanda, bütün bu sifətlər və gözlər yanır və sanki nə isə gözləyirdi. Bu sifətlər içərisində Katerina Fedoseyevnanın füsunkar sifəti Velçaninovun nəzərinə sataşdı.
– Amma ay romansdır ha! – deyə özünü bir qədər itirmiş qoca Zaxlebinin mızıldandı, – lakin… çox güclü deyilmi? Xoşdur, lakin güclüdür…
– Güclüdür… – xanım Zaxlebinina da dillənmək istədi, lakin Pavel Pavloviç onun sözünü yarımçıq qoydu; o birdən qabağa cumdu və başına hava gəlmiş adam kimi özünü tamam unudaraq, Nadyanın qolundan yapışdı, onu Velçaninovdan uzağa çəkdi, sonra Velçaninovun yanına gəlib, özünü itirmiş halda ona baxdı, əsən dodaqları tərpəndi:
– Bir dəqiqəliyə, – nəhayət güclə deyə bildi. Velçaninov gördü ki, bir dəqiqə də keçsə, bu cənab bundan on qat artıq axmaqlıq eləyə bilər; tez onun qolundan tutdu və hamının heyrətinə baxmayaraq, onu balkona çıxartdı, hətta onunla birlikdə bir neçə addım, demək olar ki, artıq tamam qaranlıq çökmüş bağa tərəf getdi. Pavel Pavloviç dedi:
– Başa düşürsünüzmü ki, siz bu saat, elə bu dəqiqə mənimlə getməlisiniz!
– Yox, başa düşmürəm…
– Yadınızdadırmı, – deyə Pavel Pavloviç qəzəbli-qəzəbli sözünə davam etdi, – yadınızdadırmı, siz o zaman məndən tələb edirdiniz ki, mən hər şeyi, «axırıncı sözü» açıb deyim, yadınızdadırmı? Hə, indi bu sözün vaxtı çatmışdır… Gedək!
Velçaninov fikirləşdi, bir də Pavel Pavloviçə baxıb, getməyə razılaşdı.
Onların qəflətən getmək xəbəri valideynləri narahat etdi, qızları isə çox qəzəbləndirdi.
– Heç olmasa, bir fincanda çay içəydiniz – m-me Zaxlebinina gileyləndi.
– Sən də niyə həyəcanlanırsan? – deyə qoca ciddi və narazı bir tərzdə, gülümsəyən və susan Pavel Pavloviçə müraciət etdi.
– Pavel Pavloviç, niyə Aleksey İvanoviçi aparırsınız! – deyə qızlar şikayətləndilər, onlar Pavel Pavloviçə qəzəblə baxırdılar. Nadya isə ona elə tərs-tərs baxdı ki, o tamam büzüşdü, lakin təslim olmadı.
– Doğrudan da Pavel Pavloviç çox sağ olsun ki, mənə olduqca mühüm bir işi xatırlatdı, yoxsa yadımdan çıxacaqdı.
Velçaninov gülə-gülə ev sahibinin əlini sıxdı, ev sahibəsinə, qızlara və xüsusilə Katerina Fedoseyevnaya təzim etdi; bunu da yenə hamı gördü.
Zaxlebinin ciddi bir tərzdə dedi:
– Gəlişiniz üçün sizə minnətdarıq və gözümüz üstə həmişə yeriniz var.
Ailənin anası da ona qoşuldu:
– Ah, nə qədər şadıq…
Velçaninov Pavel Pavloviçlə kolyaskaya əyləşəndə, balkondan çoxlu səslər eşidildi:
– Yenə gəlin, Aleksey İvanoviç, yenə gəlin!
Bu səslərin içərisində elə bil: «Yenə gəlin, əzizim, əzizim Aleksey İvanoviç!» deyə başqalarının səsinə nisbətən yavaş çıxan bir səs çatışmırdı.
«Bu sarışın qızdır!» – deyə Velçaninov fikirləşdi.
XIII
KİMİN TƏRƏFİNDƏ ÇOXDUR
O, sarışın qız barədə düşünə bilərdi, ancaq dilxorçuluq və peşmançılıq çoxdan ürəyini üzürdü. Üstəlik sanki şən keçirdiyi bütün bu gün ərzində kədər onu demək olar ki, tərk etməmişdi. Romans oxumamışdan qabaq, heç bilmirdi ki, başına nə çarə qılsın, bəlkə də ona görə belə həvəslə oxumuşdu.
«Gör mən necə alçaldım… Hər şeydən uzaq düşdüm! – O özünü məzəmmət etməyə başlamışdı, ancaq tez bu fikri özündən uzaqlaşdırdı. Bir də ağlamaq ona həqarətli göründü; bir başqasına hirslənmək daha xoş idi.
O, kolyaskada onunla yanaşı oturub, susan Pavel Pavloviçə çəpəki nəzər salıb, qəzəblə pıçıldadı:
– Səfeh!
Pavel Pavloviç inadla susurdu, bəlkə də o, diqqətini toplayır, danışmağa hazırlaşırdı. O, bəzən hövsələsiz halda şlyapasını çıxarır, yaylıqla alnının tərini silirdi.
– Tərləyir! – Velçaninov qəzəblənirdi.
Pavel Pavloviç ancaq bir dəfə sürücüyə sualla müraciət etdi. «Tufan olacaq, ya yox?»
– Olacaq, özü də necə? Hökmən olacaq; bütün günü göydən od yağıb. – Doğrudan da göyün üzü qaralır, uzaqda şimşək çaxırdı. On birin yarısında şəhərə çatdılar.
Evə yaxınlaşanda Pavel Pavloviç Velçaninova dedi:
– Mən sizə gedirəm.
– Başa düşürəm; ancaq mən sizə xəbərdarlıq eləyirəm, özümü çox pis hiss eləyirəm…
– Çox oturmayacağam, çox oturmayacağam!
Darvazadan içəri girdikdə, Pavel Pavloviç bir dəqiqəliyə Mavranın yanına yüyürdü.
Pavel Pavloviç qayıdıb özünü ona çatdırdı, otağa girdikləri zaman Velçaninov ciddi bir tərzdə soruşdu:
– Oraya nəyə getmişdiniz?
– Heç, elə-belə… faytonçu…
– Mən sizi içməyə qoymayacağam!
Cavab çıxmadı. Velçaninov şamı yandırdı, Pavel Pavloviç isə dərhal kresloda oturdu. Velçaninov qaşqabaqlı halda onun qarşısında durdu.
– Sizə vəd vermişdim ki, mən də öz «axırıncı» sözümü deyəcəyəm, – o, daxili, daha da boğulmuş bir əsəbiliklə sözə başladı, – o söz budur: mən vicdanən belə hesab edirəm ki, bizim aramızda haqq-hesab qurtarmışdır, ona görə də indi danışmalı heç bir şey yoxdur, eşidirsinizmi, heç bir şey; buna görə yaxşı olardı ki, siz bu saat çıxıb gedəsiniz, mən də qapını dalınızca bağlayım.
– Gəlin haqq-hesabı çürüdək, Aleksey İvanoviç! – Pavel Pavloviç xüsusi bir mülayimliklə Velçaninovun gözlərinə baxdı.
– Haqq-hesabı çürüdək? – Velçaninov çox təəccübləndi. – Qəribə söz dediniz! Nə «haqq-hesab?» Bəlkə bayaq vəd etdiyiniz «axırıncı sözünüz» budur?
– Elədir ki var.
– Bizim daha çürütməli heç bir haqq-hesabımız yoxdur, çoxdan çürütmüşük. – Velçaninov qürurla cavab verdi.
Pavel Pavloviç təsirli bir səslə dedi:
– Doğrudanmı siz belə güman eləyirsnniz? – O, barmaqlarını daraqlayaraq, qollarını qəribə bir şəkildə sinəsinin qabağında tutdu. Velçaninov ona cavab vermədi, otaqda gəzişməyə başladı. Onun qəlbində sızıltı vardı: «Liza? Liza?»
Xeyli sükutdan sonra Velçaninov qaşqabağını tökərək, ona müraciət etdi:
– Siz haqq-hesabı necə çürütmək istəyirsiniz?
Pavel Pavloviç bu müddətdə qollarını yenə əvvəlki kimi sinəsinin qabağında tutaraq, Velçaninovu gözləri ilə müşayiət edirdi. O, yalvarıcı bir səslə, demək olar ki, pıçıltı ilə dedi:
– Oraya daha getməyin. – Və birdən stuldan qalxdı. Velçaninov acı-acı gülümsədi:
– Necə? Sizin deyəcəyiniz yalnız budur? Bu gün siz məni çox təəccüb qoydunuz! – O, qəzəblə sözə başladı, ancaq birdən sifəti dəyişdi. – Mənə qulaq asın, – o, qəmgin və dərin, səmimi bir hisslə dedi, – mən belə hesab edirəm ki, özümü heç vaxt, heç nə ilə bugünkü kimi alçaltmamışam; əvvəla, ona görə ki, sizinlə getməyə razılıq verdim, sonra da oradakı əhvalatlar… Bu o qədər xırda, o qədər acınacaqlı idi ki… mən özümü rüsvay etdim, alçaltdım… yaddan çıxardım ki… Danışmağa dəyməz! – O birdən özünü ələ aldı, – mənə baxın, siz bu gün məni qəflətən yaxaladınız, mən əsəbi və xəstə idim… bir də özümü təmizə çıxarmağa dəyməz! Oraya mən bir də getməyəcəyəm, inandırıram sizi ki, orada mənim heç bir marağım yoxdur. – O, sözünü qətiyyətlə qurtardı.
– Doğrudanmı, doğrudanmı? – deyə Pavel Pavloviç sevincini, həyəcanını gizlətmədən çığırdı, Velçaninov nifrətlə ona baxıb, yenə otaqda gəzişməyə başladı.
Velçaninov axır ki, özünü saxlaya bilmədi:
– Siz deyəsən, qət etmişsiniz ki, nəyin bahasına olursa-olsun, xoşbəxt olasınız?
– Boli, – deyə Pavel Pavloviç sakitcə, sadəlövhlüklə təsdiq etdi.
«Mənə nə var axı, – deyə Velçaninov öz-özünə fikirləşirdi, – o ancaq səfehliyinə görə təlxəklik eləyir, hirslənir! Ancaq mən hər halda ona nifrət etməyə bilmirəm, hərçənd ki buna dəyməz!»
– Mən «həmişəlik ərəm!» – Pavel Pavloviç rəzil, itaətkar bir rişxəndlə özünə güldü, – mən bu sözü çoxdan sizdən eşitmişəm, Aleksey İvanoviç; hələ bizim evdə yaşadığınız vaxt, həmin il dediyiniz çox sözünüz yadımdadır. Keçən dəfə siz burada «həmişəlik ər» deyəndə, mən başa düşdüm. – Mavra bir butulka şampanski və iki stəkan gətirdi.
– Bağışlayın, Aleksey İvanoviç, bilirsiniz ki, mən bunsuz bacarmıram. Bunu hörmətsizlik hesab eləməyin; mənə kənar və sizin tayınız olmayan bir adam kimi baxın.
– Bəli… – Velçaninov ikrahla icazə verdi, – lakin sizi inandırıram ki, mən özümü pis hiss edirəm…
– Bu saat, bu saat, bircə dəqiqə! – Pavel Pavloviç əl-ayağa düşdü, – bircə stəkan, çünki boğazım…
O, stəkanı acgözlüklə, birnəfəsə başına çəkib oturdu, az qala mehriban-mehriban Velçaninova baxdı. Mavra getdi.
– Alçaqlığa bir bax! – Velçaninov pıçıldadı.
– Yalnız rəfiqələri, – birdən Pavel Pavloviç tamam dirçəldi, gümrahlaşdı.
– Necə? Nə? Siz hələ də onlar…
– Ancaq rəfiqələri! Özü də hələ elə cavan; gözəllikdən dəcəllik eləyir. Bu hətta xoşdur, sonra, sonra özünüz bilirsiniz: onun qulu olacağam; hörmət görəcək, cəmiyyət görəcək… tamam yenidən tərbiyə olunacaq.
«Bilərziyi özünə qaytarmaq lazımdır!» – Velçaninov paltosunun cibində qutunu əlləşdirərək, qaşqabağını tökdü.
– Siz deyirsiniz ki, mən xoşbəxt olmağı qərara almışam? Mən evlənməliyəm, Aleksey İvanoviç, – Pavel Pavloviç əsrarəngiz və demək olar ki, təsirli bir halda sözünə davam etdi, – yoxsa axırım necə olar? Özünüz görürsünüz! – O, butulkaya işarə elədi, – bu ancaq keyfiyyətlərimin yüzdə biridir. Mən evlənməsəm, yeni inamım olmasa, yaşaya bilmərəm. İnam gətirərəm və dirilərəm.
– Bunları mənə niyə deyirsiniz? – Velçaninov az qala güləcəkdi. Bütün bu söhbətlər ona qəribə gəlirdi. – Axı deyin görüm, – Velçaninov çığırdı, – məni oraya niyə aparmışdınız? Mən orada nəyinizə lazımdım?
– Yoxlamağa aparmışdım.... – Pavel Pavloviç birdən sıxıldı.
– Nəyi yoxlamağa?
– Təsirini… Bilirsinizmi, Aleksey İvanoviç, mən cəmi bir həftədir ki… orada axtarıram (o getdikcə daha da sıxılırdı). Dünən sizə rast gəldim və fikirləşdim: «mən axı qızı hələ yad adamların arasında, daha doğrusu, kişi yanında görməmişəm…» Axmaq fikirdir, indi özüm hiss edirəm, artıq şeydir. Ancaq çox istəyirdim, bu mənim murdar xasiyyətimdən irəli gəlirdi… – O birdən başını qaldırdı və qızardı.
«Doğrudanmı onun dediklərinin hamısı həqiqətdir?» – Velçaninov heyrətindən donub qalmışdı.
– Hə, nə olsun ki?
Pavel Pavloviç şirin-şirin, bic-bic gülümsündü.
– Yalnız füsunkar uşaqlıq! Hamısını eləyən rəfiqələridir! Aleksey İvanoviç, məni bu gün sizin qarşınızdakı axmaq hərəkətimə görə bağışlayın, daha heç zaman eləmərəm, daha heç zaman belə şey olmayacaq.
Velçaninov gülümsündü.
– Mən də daha orada olmayacağam.
– Mən də elə bu barədə deyirəm. Velçaninov azca qabardı.
– Ancaq dünyada təkcə mən deyiləm ki, – əsəbiliklə dedi. Pavel Pavloviç qızardı.
– Bunu eşitmək mənim üçün ağırdır, Aleksey İvanoviç, ancaq inanın, mən Nadejda Fedoseyevnanın xətrini çox istəyirəm…
– Bağışlayın, bağışlayın, mən heç bir şey istəmirəm, mənə ancaq bir şey qəribə gəlir: siz mənim bacarığımı həddindən artıq şişirdirsiniz… Həm də mənə elə ürəkdən arxayın olursunuz…
– Məhz ona görə arxayın idim ki, bu, bütün olub-keçənlərdən sonra idi.
– Deməli, belə çıxır ki, siz indi də məni nəcib adam hesab edirsiniz? – Velçaninov birdən durdu. Başqa vaxt olsaydı, qəflətən verdiyi bu sualın sadəlövhlüyündən dəhşətə gələrdi.
– Həmişə belə hesab etmişəm, – Pavel Pavloviç başını aşağı saldı.
– Əlbəttə, aydındır… mən onu yox, daha doğrusu, o mənada demirəm, mən demək istəyirdim ki, heç bir… qabaqcadan yaranmış mənfi rəyə baxmadan…
– Bəli, qabaqcadan yaranmış heç bir rəyə baxmadan…
– Bəs Peterburqa gələndə necə? – Velçaninov çox yetiklik elədiyini hiss eləsə də özünü saxlaya bilmədi.
– Peterburqa gələndə də sizi ən nəcib adam hesab edirdim. Mən sizə həmişə hörmət eləmişəm, Aleksey İvanoviç, – Pavel Pavloviç başını qaldırıb, qətiyyən çəkinmədən düşməninə baxdı. Velçaninov birdən qorxuya düşdü; o qətiyyən istəmirdi ki, bir şey olsun, ya da bir şey həddini aşsın, xüsusilə ona görə ki, söhbəti özü başlamışdı.
– Mən sizi sevirdim, Aleksey İvanoviç, – Pavel Pavloviç elə bil birdən ürəklənmişdi – T.-də qaldığınız il sizi sevmişəm. Siz bunu hiss etmirdiniz. – Onun səsi azca titrəyirdi, bu Velçaninovu dəhşətə gətirdi. – Sizinlə müqayisədə mən çox aşağı idim, ona görə, siz bunu sezmədiniz. Bəlkə də heç lazım deyildi. Bütün bu doqquz ili mən sizi xatırlamışam, çünki həyatımda o ilki kimi il görməmişəm. (Pavel Pavloviçin gözləri qəribə tərzdə işıldadı.) Mən sizin çox sözlərinizi, fikirlərinizi yadda saxlamışam. Mən sizi çox xeyirxah hissli, savadlı bir adam kimi xatırlamışam, çox savadlı və düşüncəli bir adam kimi. «Böyük fikirlər böyük zəkadan yox, böyük hissdən doğur». – Bunu siz özünüz demisiniz, bəlkə yadınızdan çıxıb, amma mənim yadımdadır. Mən sizə həmişə, böyük hissə malik bir adam kimi güvənmişəm və demək, inanmışam, heç bir şeyə baxmayaraq. – Onun çənəsi birdən əsdi. Velçaninov bərk qorxuda idi; bu gözlənilməz söhbəti kəsmək lazımdı.
– Bəsdir, xahiş edirəm, Pavel Pavloviç, – o pörtərək əsəbi bir səbirsizliklə mızıldandı, – bir də niyə, axı niyə, – birdən çığırdı, – xəstə, əsəbi, az qala sayıqlayan bir adamdan əl çəkmirsiniz, niyə onu bu zülmətə çəkirsiniz… halbuki, hər şey kabus, sərabdır, yalandır, abırsızlıqdır, qeyri-təbiidir, özü də əndazəsiz, əsas məsələ də elə budur, əndazəsiz olması, hər şeydən, biabırçıdır!.. Hamısı da cəfəngiyatdır; biz ikimiz də qüsurlu, sirli, çirkin adamlarıq… istəyirsinizmi, istəyirsinizmi mən bu saat sizə isbat edim ki, siz məni nəinki sevmirsiniz, bəlkə mənə hədsiz nifrət edirsiniz, amma siz özünüz də bilmədən yalan danışırsınız. Siz məni oraya heç də nişanlınızı yoxlamaq kimi gülməli bir məqsəd üçün aparmamışdınız. (Gör ağlınıza nə gəlir!) Ona görə aparmışdınız ki, dünən məni görüb qəzəblənmişdiniz və məni oraya aparmışdınız ki, qızı mənə göstərib deyəsiniz: «Görürsünüzmü nə qiyamətdir! Mənim olacaq, indi hünərin var giriş!» Siz mənə meydan oxuyurdunuz! Belə bunu siz özünüz bilmirdiniz, ancaq belədir, çünki siz bunu hiss edirdiniz… Nifrət olmadan isə belə meydan oxumaq olmaz. Demək, siz mənə nifrət edirdiniz! – O bunları deyə-deyə, otaqda o yan-bu yana vurnuxurdu. Ona daha çox əzab verən və incidən özünün Pavel Pavloviçin səviyyəsinə enməsini dərk etməsi idi.
– Mən sizinlə barışmaq istəyirdim, Aleksey İvanoviç! – Pavel Pavloviç birdən tələsik, qətiyyətlə pıçıldadı və yenə çənəsi əsdi. Velçaninov qəzəbindən od tutdu, sanki hələ heç zaman, heç kəs onu belə təhqir etməmişdi.
– Bir də deyirəm, – o çığırdı, – siz xəstə, əsəbi adamdan yapışmısınız ki, sayıqlama zamanı ondan bir mümkün olmayan söz eşidəsiniz! Biz… biz başqa-başqa adamlarıq, bunu başa düşdün… bizim aramızda bir qəbir var! – O, qəzəblə pıçıldadı və birdən ayıldı…
– Siz haradan bilirsiniz, – Pavel Pavloviçin sifəti ağarıb dəyişdi, – siz haradan bilirsiniz ki, bu kiçik qəbir mənim buramdadır! – O, Velçaninova yaxınlaşaraq, gülməli, lakin dəhşətli tərzdə yumruğunu sinəsinə vura-vura çığırdı, – mən buradakı kiçik qəbri tanıyıram və biz hər ikimiz bu qəbrin kənarında durmuşuq, ancaq mənim tərəfimdə daha çoxdur, nəinki sizin tərəfinizdə! – O hələ də sinəsinə döyməkdə davam edərək, sayıqlayırmış kimi pıçıldadı. – Çoxdur, çoxdur… – Birdən qapı zəngi onların hər ikisini özlərinə gəlməyə məcbur etdi. Zəngi elə bərk vururdular ki, sanki kim isə özünə söz vermişdi ki, birinci zərbədən zəngi yerindən çıxartsın.
– Mənim yanıma gələnlər zəngi belə vurmurlar, – Velçaninov karıxmış halda dedi.
– Ancaq mənim də yanıma gəlməyiblər, – deyə özünə gələrək, əvvəlki halına qayıtmış Pavel Pavloviç çəkinə-çəkinə pıçıldadı. Velçaninov qaşqabağını töküb, qapını açmağa getdi.
– Əgər səhv eləmirəmsə, siz cənab Velçaninovsunuz, eləmi? – Dəhlizdən gənc, cingiltili və çox arxayın bir səs eşidildi.
– Sizə nə lazımdır?
– Mən səhih bilirəm ki, – cingiltili səs davam etdi, – Trusotski adlı bir nəfər bu dəqiqə sizdədir. Mən bu dəqiqə onu görməliyəm. Velçaninov çox məmnuniyyətlə bu özündən bədgüman cənaba bir təpik ilişdirib, pilləkəndən aşağı salardı, lakin fikirləşib, kənara çəkildi, onu içəri buraxdı. – Cənab Trusotski budur, keçin içəri…
XIV
SAŞENKA VƏ NADENKA
Otağa on doqquz yaşında, bəlkə də daha cavan bir oğlan girdi; gözəl, arxayınlıq ifadə edən sifəti lap uşaq sifəti idi. Pis geyinməmişdi, hər halda paltarı əyninə yaxşı otururdu; orta boylu idi, yana daranmış qara, gur saçları və iri, cəsarətli, tünd gözləri diqqəti cəlb edirdi. Təkcə burnu azca enli və dik idi; əgər bu olmasaydı, lap gözəl olardı. O içəri özünü çəkə-çəkə girdi.
– Mən deyəsən, cənab Trusotski ilə danışmağa imkan tapmışam, – deyə aram-aram sözə başladı və «imkan» sözünü xüsusi bir həzzlə qeyd etdi, bununla bildirmək istəyirdi ki, cənab Trusotski ilə söhbətdən nə həzz alacaq, nə də şərəfə nail olacaqdır.
Velçaninov başa düşməyə başlayırdı; deyəsən, Pavel Pavloviç də nə isə duymuşdu. Onun sifətində narahatlıq vardı; lakin özünü saxlayırdı.
– Sizi tanımadığımdan, – deyə Pavel Pavloviç cavab verdi, – güman edirəm ki, aramızda heç bir şey ola bilməz.
– Siz əvvəl dinləyin, sonra öz rəyinizi deyərsiniz, – gənc özünə arxayın və ibrətamiz bir tərzdə dedi və qaytandan asılmış, tısbağa qınından qayrılmış lornetini çıxartdı, stolun üstündəki şampanski şüşəsinə baxdı. Şüşəyə sakitcə baxıb qurtardıqdan sonra, o, lorneti qatladı və yenə Pavel Pavloviçə müraciətlə dedi:
– Aleksandr Lobov.
– Aleksandr Lobov kimdir?
– Mənəm. Eşitməmişsiniz?
– Yox.
– Əlbəttə, hardan tanıya bilərsiniz? Mən məhz sizə aid mühüm bir məsələ üçün gəlmişəm. Lakin icazə verin, oturum, yorulmuşam…
– Əyləşin, – Velçaninov ona yer göstərdi. Lakin gənc Velçaninov yer göstərməmişdən əyləşmişdi. Velçaninov sinəsində ağrının çoxalmasına baxmayaraq, bu balaca sırtıqla maraqlanırdı. Onun çəhrayı, gözəl uşaq sifətində Velçaninov Nadya ilə uzaq bir oxşarlıq sezirdi.
– Siz də əyləşin, – gənc başını saymazyana əyib, Pavel Pavloviçə üzbəüz tərəfdə yer göstərdi.
– Eybi yoxdur, ayaq üstə duraram.
– Yorularsınız. Siz, cənab Velçaninov, getməyə bilərsiniz.
– Mən onsuz da heç yerə gedəsi deyiləm, öz evimdəyəm.
– Özünüz bilin. Mən, doğrusu, hətta sizin bu cənabla söhbətimdə iştirak etmənizi istərdim. Nadejda Fedoseyevna sizi mənə çox tərifləmişdir.
– Ba! Buna nə vaxt macal tapdı?
– Elə siz gedən kimi; mən bu saat oradan gəlirəm. Məsələ belədir, cənab Trusotski, – o, ayaqüstə duran Pavel Pavloviçə tərəf çevrildi. – Biz, yəni mən və Nadejda Fedoseyevna, – o saymazyana kresloya yayılaraq, yavaş-yavaş danışmağa başladı, – çoxdan bir-birimizi sevirik və bir-birimizə söz vermişik. İndi siz bizim aramıza girmisiniz, mən gəlmişəm sizə təklif edim ki, aramızdan çıxasınız. Mənim təklifimə razısınızmı?
Pavel Pavloviç hətta səndələdi; rəngi ağappaq ağardı, lakin dodaqlarında dərhal istehzalı bir təbəssüm göründü:
– Yox, qətiyyən razı deyiləm, – deyə qısaca onun sözünü kəsdi.
– Belə de! – gənc kresloda dönərək, ayağını ayağının üstünə aşırdı.
– Mən hətta bilmirəm ki, kiminlə danışıram, – deyə Pavel Pavloviç əlavə etdi, – hətta belə güman eləyirəm ki, daha söhbəti davam etdirməyə dəyməz.
Bunu deyib əyləşdi. Gənc saymazyana dedi:
– Mən dedim ki, yorulacaqsınız; indicə sizə bildirdim ki, mən Lobovam, mən və Nadejda Fedoseyevna bir-birimizə söz vermişik, demək, siz indi dediyiniz kimi, deyə bilməzsiniz ki, kiminlə danışdığınızı bilmirsiniz; söhbət edə bilməyəcəyimiz haqda da düşünə bilməzsiniz; mən hələ özümü demirəm, söhbət sizin həyasızcasına yaxasından yapışdığınız Nadejda Fedoseyevnadan gedir. Söhbət üçün təkcə elə bu kifayətdir.
Bütün bunları o, ədabazlar kimi, ağızucu deyirdi, hətta sözləri azca məxrəclə tələffüz edirdi, o, lornetini yenə bir dəqiqəliyə çıxartdı, danışa-danışa nəyə isə baxdı.
– İcazə verin, cavan oğlan, – Pavel Pavloviç əsəbi halda dilləndi, lakin «cavan oğlan» dərhal onu yerinə oturtdu.
– Əlbəttə, başqa vaxt olsaydı, məni «cavan oğlan» adlandırmağı sizə qadağan edərdim, lakin indi, özünüz boynunuza alın gəncliyim sizin qarşınızda başlıca üstünlüyümdür və siz çox istərdiniz ki, məsələn, bu gün, öz bilərziyinizi bağışladığınız zaman, heç olmasa bir azacıq cavan olaydınız.
– Eh səni daban balığı! – deyə Velçaninov pıçıldadı.
– Hər halda, lütfkar ağa, – Pavel Pavloviç ləyaqətlə özünü düzəltdi, – mən sizin irəli sürdüyünüz səbəbləri, nalayiq və olduqca şübhəli səbəbləri, mübahisəni davam etdirmək üçün kifayət hesab etmirəm. Bütün bunlar boş və uşaq işləridir, elə sabah bunu hörmətli Fedosey Semyonoviçə danışaram, indi isə xahiş edirəm, gedin.
– Bu adamın ədasını görürsünüz? – Səbri tükənmiş gənc üzünü Velçaninova tutub, hərarətlə çığırdı. – Onu orada ələ salıb, qovmaları bəs deyilmiş, hələ sabah bizdən qocaya şikayətlənmək də istəyir! Tərs adam, bununla siz isbat eləyirsiniz ki, qızı, ictimai vəhşilik nəticəsində əsarət altında saxlayan, ağlını itirmiş adamlardan zorla, pulla alırsınız! Axı, qız açıq bildirdi ki, sizə nifrət edir; axı, sizin bugünkü ədəbsiz hədiyyənizi, bilərziyinizi özünüzə qaytarıblar! Daha sizə nə lazımdır?
– Mənə heç kim bilərzik qaytarmayıb və bu ola bilməz. – Pavel Pavloviç diksindi.
– Necə yəni ola bilməz? Məgər cənab Velçaninov onu sizə verməyib?
«Ah, lənətə gələsən!» – deyə Velçaninov öz-özünə fikirləşdi.
– Pavel Pavloviç, – o, qaşqabaqlı halda dedi, – doğrudan da bayaq Nadejda Fedoseyevna mənə tapşırdı ki, bu qutunu sizə verim. Mən almaq istəmirdim, ancaq… xahiş elədi… budur… Mən təəssüflənirəm…
O, qutunu çıxartdı və utana-utana, quruyub qalmış Pavel Pavloviçin qarşısına qoydu.
Gənc ciddi bir tərzdə Velçaninova müraciət etdi:
– Niyə bu vaxtadək verməmisiniz?
– Görünür, macal tapmamışam, – Velçaninov qaşqabağını tökdü.
– Qəribədir.
– Nə-əə?
– Heç olmasa, qəribədir, özünüz razılaşın. Lakin mən etiraf etməyə razıyam ki, burada bir anlaşılmazlıq olub.
Velçaninovun ürəyindən keçdi ki, ayağa qalxıb, bu oğlanın qulağını çəksin, lakin birdən pıqqıldadı. Oğlan da o saat güldü. Pavel Pavloviç isə başqa halda idi. Əgər Velçaninov Lobova güldüyü zaman Pavel Pavloviçin ona dikilmiş qəzəbli baxışını görsəydi, başa düşərdi ki, bu adam bu anda məşum bir vəziyyətə düşmüşdür… Lakin Velçaninov ona zillənmiş baxışı görməsə də başa düşürdü ki, Pavel Pavloviçi müdafiə etmək lazımdır.
– Mənə qulaq asın, cənab Lobov, – deyə o, dostcasına sözə başladı. – Başqa səbəblər barədə düşünmədən, mən bunlara toxunmaq istəmirəm, sizə təkcə onu demək istərdim ki, Pavel Pavloviç hər halda Nadejda Fedoseyevnanı nişanlayarkən, əvvəla, bu hörmətli ailədə özü haqda hər şeyi açmışdır, ikincisi, o, bu ailəyə özünün əla və hörmətli mövqeyini və nəhayət, var-dövlətini gətirir, buna görə də sizin kimi rəqibi görəndə təəccüblənməsi təbiidir. Siz bəlkə də çox ləyaqətli adamsınız, lakin o qədər cavansınız ki, sizi heç cür ciddi rəqib saya bilməz… buna görə də söhbəti qurtarmağı təklif etməkdə haqlıdır.
– «O qədər cavansınız» nə deməkdir? Bir aydır ki, mənim on doqquz yaşım tamam olub. Qanuna görə mən çoxdan evlənə bilərəm. Vəssalam.
– Siz istəyir gələcəkdə, lap milyoner, ya da insanlığın hamisi olun, amma indi hansı ata qızını sizə verər? On doqquz yaşlı adam hətta özünə cavabdeh deyil, siz isə hələ bir başqasının da, daha doğrusu, elə özünüz kimi bir uşağın da gələcəyini öz üzərinizə götürürsünüz. Axı bu, siz fikirləşdiyiniz kimi, heç də alicənablıq deyil! Mən bunları ona görə deyirəm ki, bayaq özünüz sizinlə Pavel Pavloviç arasında miyançı olmağımı istədiniz.
– Hə, yeri gəlmişkən, axı onun adı Pavel Pavloviçdir, bəs nə üçün mənə elə gəlirdi ki, Vasili Petroviçdir? Məsələ belədir, – o, üzünü Velçaninova tutdu, – siz məni heç də təəccübləndirmədiniz; mən bilirdim ki, siz hamınız beləsiniz! Ancaq orası qəribədir ki, sizin barənizdə hətta bir qədər yeni adam kimi danışmışdılar. Xülasə, bunlar boş şeylərdir, məsələ ondadır ki, burada mənim tərəfimdən nəinki sizin buyurduğunuz kimi, heç bir nanəciblik yoxdur, hətta tamamilə əksinədir, istəyirəm onları sizə deyəm. Biz əvvəla, bir-birimizə söz vermişik, bundan başqa, mən iki şahidin yanında ona vəd etmişəm ki, əgər o başqa birisini sevsə, ya da sadəcə olaraq, mənə ərə getdiyinə peşman olsa və məndən boşanmaq istəsə, dərhal ondan əl çəkmək barədə kağız verərəm və boşanma barəsindəki xahişini lazım gələn yerdə müdafiə edərəm. Bundan başqa: əgər mən sonralar sözümdən qaçmaq istəsəm, kağızı verməkdən imtina etsəm, təminat üçün mən toy günü ona yüz min manatlıq veksel verəcəyəm, beləliklə, mən tərslik elsəm, o dərhal vekselimlə məni məsuliyyətə cəlb edə bilər. Beləliklə, hər şey təmin edilmişdir və mən heç kəsin gələcəyini təhlükədə qoymuram. Hə, bu birinci. Velçaninov həyəcanla dedi:
– Mərc gələrəm ki, bunu sizin ağlınıza o, adı nədir, Predposılov salıb.
– Xi-xi-xi! – Pavel Pavloviç hırıldadı.
– Bu cənab nəyə hırıldayır? Düz tapmısınız; bu, Predposılovun fikridir, özü də razılaşın ki, bic düşünüb. Axmaq qanun tamamilə pozulmuşdur. Əlbəttə, mən onu ömrümün axırına kimi sevmək fikrindəyəm, ancaq o elə hey gülür, hər halda yaxşı fənddir, həm də razılaşın ki, alicənablıqdır, hər adam belə şeyə getməz, elədirmi?
– Məncə, alicənablıq yox, hətta alçaqlıqdır! Gənc çiyinlərini çəkdi, bir qədər susub dedi:
– Yenə də siz məni təəccübləndirmədiniz, bunlar çoxdandır ki, daha məni təəccübləndirmir. Ancaq həmin o Predposılov sizə deyərdi ki, ən təbii şeyləri başa düşməməyinizin səbəbi, sizin ən adi hiss və təsəvvürlərinizin pozulmasından irəli gəlir; əvvəla, uzun müddət mənasız həyat sürmüsünüz, ikincisi, uzun müddət həyatınızı bekar keçirmisiniz. Əlbəttə, bəlkə də biz hələ bir-birimizi başa düşmürük; hər halda mənə sizin barənizdə yaxşı danışmışdılar… Yəqin ki, yaşınız əlli olar, hə?
– Mətləbə keçin, xahiş edirəm.
– Sırtıqlıq elədiyimə görə məni bağışlayın, acığınız tutmasın. Mən pis məqsədlə soruşmadım. Davam edirəm, mən heç də sizin dediyiniz kimi, gələcək milyoner deyiləm. Mən necə varamsa, oyam, ancaq gələcəyimə tamam arxayınam. Nə qəhrəman və nə də hami olacağam, ancaq özümü və arvadımı təmin edəcəyəm. Əlbəttə, indi mənim heç bir şeyim yoxdur, mən hətta lap uşaqlıqdan onların evində böyümüşəm…
– Necə?
– Mən Zaxlebininin arvadının uzaq qohumlarından birinin oğluyam, atam-anam öləndən sonra, səkkiz yaşımda, qoca məni götürüb saxlayıb, sonra da gimnaziyaya verib. Əgər bilmək istəsəniz, o hətta çox xeyirxah insandır.
– Mən bunu bilirəm.
– Bəli, lakin çox köhnə fikirli adamdır. Ancaq xeyirxah kişidir. İndi, əlbəttə, mən onun himayəsindən çoxdan çıxmışam; istəyirəm, özümə həyat qurum, başqalarından minnət götürməyim.
– Bəs onun himayəsindən nə vaxt çıxmısınız? – deyə Velçaninov maraqlandı.
– Dörd ay olar.
– Hə, indi hər şey aydındır: uşaqlıq dostusunuz! İşləyirsiniz?
– Bəli, xüsusi adam yanında, bir notariusun kontorunda, ayda iyirmi beş manata. Əlbəttə, bu müvəqqətidir, lakin mən ürəyimi ona açanda heç bu da yox idi. Mən o zaman dəmir yolunda, on manata işləyirdim, ancaq bütün bunlar müvəqqətidir.
– Məgər siz ona ürəyinizi açmısınız?
– Rəsmi təklif eləmişəm, çoxdan, üç həftə olar.
– Bəs nə oldu?
– Qoca güldü, sonra yaman hirsləndi, qızı yuxarıda antresola salıb qapısını bağladılar. Lakin Nadya qəhrəman kimi dözdü. Əlbəttə, uğursuzluğa səbəb o oldu ki, kişi əvvəlcədən əlimdən hirsli idi, ona görə ki, hələ dəmir yolundan dörd ay əvvəl, düzəltdiyi departamentdə işi buraxmışdım. O, yaxşı qocadır, yenə də deyirəm, evdə çox sadə və şəndir, lakin departamentə ayağı dəyən kimi, necə dəyişdiyini siz heç təsəvvür edə bilməzsiniz. Elə bil bir Yupiterdir, əyləşib! Mən, əlbəttə, onun nəzərinə çatdırdım ki, davranışı getdikcə xoşuma gəlmir, ancaq əsas məsələ şöbə rəisi müavininin üstündə oldu; bu cənab gedib şikayətlənmişdi ki, guya mən onunla «kobud danışmışam», mən isə ona ancaq bunu demişdim ki, o geri qalmış adamdır. Mən onların hamısını tulladım, indi notariusun yanında işləyirəm.
– Departamentdə çox alırdınız?
– Eh, ştatdankənar işləyirdim! Qoca da dolanmaq üçün pul verirdi; sizə deyirəm, o xeyirxahdır; lakin biz hər halda güzəştə getməyəcəyik. Əlbəttə, iyirmi beş manatla yaşamaq olmaz, lakin mən güman eləyirəm ki, tezliklə qraf Zavileyskinin baxımsız qalmış malikanələrinin idarə edilməsində iştirak edəcəyəm, onda düz üç min alacağam, ya da vəkil olacağam. İndi adam axtarırlar… Ba! Necə şimşək çaxır! Tufan olacaq; yaxşı ki, mən tufandan qabaq özümü bura çatdırdım; axı, piyada gəlmişəm, demək olar ki, qaça-qaça gəlmişəm.
– Bağışlayın, əgər belə isə, siz Nadejda Fedoseyevna ilə nə vaxt macal tapıb söhbət eləmisiniz, üstəlik də sizi heç qəbul eləmirlər?
– Hə, axı hasarın üstündən də danışmaq olar! Bayaq sarışın qızı gördünüz? – O güldü. – Bax, o da çalışır, Mariya Nikitişna da. Ancaq bu Mariya Nikitişna yaman ilandır!.. Niyə üz-gözünüzü turşudursunuz? Tufandan qorxmursunuz ki?
– Yox, mən xəstəyəm, bərk xəstəyəm… – Velçaninov, doğrudan da sinəsində birdən başlamış ağrıdan əziyyət çəkirdi, o, kreslodan qalxdı və otaqda gəzişmək istədi.
– Ax, görünür mən sizə mane oluram, narahat olmayın, bu saat gedirəm! – Gənc yerindən qalxdı.
– Mane olmursunuz, zərəri yoxdur, – Velçaninov nəzakət göstərdi.
– Necə zərəri yoxdur, bir halda ki «Kobılnikovun qarnı ağrıyır», – Şedrindəndir, yadınızdadırmı? Siz Şedrini sevirsinizmi?
– Bəli.
– Mən də. Hə, Vasili… eh, bağışlayın, Pavel Pavloviç, qurtaraq! – O az qala gülə-gülə Pavel Pavloviçə müraciət etdi, – sizin başa düşməniz üçün mən sualı formaya salıram: günü sabah qocaların qarşısında və mənim yanımda Nadejda Fedoseyevna barədə iddialarınızdan imtina etməyə razısınızmı?
– Qətiyyən razı deyiləm, – səbri tükənmiş və qızışmış Pavel Pavloviç ayağa qalxdı, – bununla belə, bir daha xahiş edirəm ki, məndən əl çəkin… çünki bütün bunlar uşaqlıq və axmaqlıqdır.
– Özünüz bilin! – Cavan oğlan lovğa-lovğa gülümsəyərək, barmağı ilə onu hədələdi, – haqq-hesabınızda yanılmayın. Bilirsinizmi, haqq-hesabda belə səhvin axırı necə olur? Mən sizə xəbərdarlıq edirəm ki, doqquz aydan sonra siz orada nəyiniz varsa xərcləyib, əziyyət çəkib, buraya qayıdanda, özünüz Nadejda Fedoseyevnadan imtina etməyə məcbur olacaqsınız, əgər imtina etməsəniz, sizin üçün pis olacaq; işi bax, bu yerə gətirib çıxaracaqsınız! Mən sizə əvvəlcədən xəbər verməliyəm ki, indi sizin vəziyyətiniz belədir; nə əldən qoyursunuz, nə də yardan doyursunuz! Bağışlayın, bunu elə-belə, müqayisə üçün deyirəm, insanpərvərcəsinə təkrar edirəm; fikirləşin, heç olmasa, həyatınızda bircə dəfə zəhmət çəkib əməlli-başlı fikirləşin.
– Xahiş edirəm mənə öyüd-nəsihət verməyin, – Pavel Pavloviç qəzəblə çığırdı, – sizin nalayiq eyhamlarınız barədə isə mən günü sabah tədbir görərəm, ciddi tədbir!
– Nalayiq eyhamlar? Siz nədən danışırsınız? Əgər ağlınıza belə fikir gəlirsə, deməli, özünüz nalayiq adamsınız. Ümumiyyətlə, mən sabahadək gözləməyə razıyam, lakin… Eh, yenə göy guruldadı! Xudahafiz, tanış olmağımıza çox şadam… – o, Velçaninova baş əyib qaçdı, görünür, tufanı qabaqlamaq istəyirdi, yağışa düşmək istəmirdi.
XV
HAQQ-HESAB
Gənc çıxan kimi, Pavel Pavloviç Velçaninovun yanına yüyürdü.
– Gördünüzmü, gördünüzmü?
– Hə, sizinki gətirmir!– Velçaninovun qəfil ağzından bu söz çıxdı. Əgər sinəsində artan ağrı ona əziyyət verməsəydi, onu qəzəbləndirməsəydi, bu sözləri deməzdi. Pavel Pavloviç oda toxunubmuş kimi diksindi.
– Hə, siz, demək, mənə yazığınız gəldiyi üçün bilərziyi qaytarmamısınız?
– Mən macal tapmamışdım.
– Səmimi bir dost, səmimi, ürəkdən yanan dost kimi?
– Hə, yazığım gəldi, – deyə Velçaninov qəzəbləndi. Lakin o, bilərziyin neca qaytarıldığını və Nadejda Fedoseyevnanın onu buna demək olar ki, zorla məcbur etdiyini qısaca Pavel Pavloviçə danışdı.
– Başa düşürsünüzmü, mən heç cür almazdım; onsuz da o qədər xoşagəlməyən işlər olmuşdu ki!
– Başınız qarışdığı üçün aldınız! – Pavel Pavloviç istehza ilə gülümsədi.
– Bu sizin tərəfinizdən səfehlikdir; əlbəttə, sizi bağışlamaq lazımdır. Axı, indi özünüz gördünüz ki, bu işdə əsas mən deyiləm, başqalarıdır.
– Hər halda başınız qarışıb.
Pavel Pavloviç oturdu və stəkanına çaxır tökdü.
– Siz güman eləyirsiniz ki, mən uşağın birinə güzəştə gedəcəyəm? Mən onu cücəyə döndərərəm, bilirsinizmi! Günü sabah gedib hər şeyi dibindən laxladaram. Mən onun uşaq canını alaram.
O, şərabı birnəfəsə içdi və yenə süzdü. Ümumiyyətlə, özünü bu vaxtadək görünməmiş dərəcədə sırtıq aparırdı.
– Eh, Nadejda və Saşenka, əziz balalar, xi-xi-xi.
O, qəzəbindən bilmirdi ki, nə eyləsin. Yenə də bərkdən göy guruldadı, göz qamaşdıran ildırım çaxdı, yağış elə bil vedrədən tökülürdü. Pavel Pavloviç ayağa qalxıb, açıq pəncərəni bağladı.
– Bayaq o sizdən soruşdu ki: «Göy gurultusundan qorxmursunuz ki?» Xi-xi. Velçaninov göy gurultusundan qorxur. Kobılnikovun, o necə oldu, Kobılnikovun… Hələ əlli yaş məsələsini demirəm, hə? Yadınızdadır? – Pavel Pavloviç rişxənd edirdi.
– Siz burada yerinizi əməlli-başlı rahatlamısınız, – Velçaninov ağrıdan güclə danışırdı – Mən uzanıram, siz isə özünüz bilərsiniz.
– Heç iti də belə havada bayıra qovmurlar. – Pavel Pavloviç incik-incik dedi, ancaq inciməyə haqqı olduğuna, demək olar ki, sevinirdi.
– Hə, oturun, için… lap gecələyin də! – deyə Velçaninov mızıldandı və inildəyə-inildəyə divana uzandı.
– Gecələmək? Bəs siz qorxmursunuz?
– Nədən? – Velçaninov birdən başını qaldırdı.
– Heç, elə-belə. Keçən dəfə siz, deyəsən, qorxan kimi oldunuz, ya da mənə elə gəldi.
– Siz səfehsiniz! – Velçaninov ozünü saxlaya bilmədi və qəzəblə üzünü divara çevirdi. Pavel Pavloviç dedi:
– Eybi yoxdur.
Xəstə uzanandan bir on dəqiqə sonra yuxuya getdi. Bu günki gərginlik, onsuz da son zamanlar çox xarablaşmış səhhətini sanki birdən-birə tamam pozmuşdu və o, bir uşaq kimi taqətdən düşmüşdü. Lakin ağrı öz işini gördü, yorğunluğa da, yuxuya da üstün gəldi: o, bir saatdan sonra oyandı və əziyyətlə divandan qalxdı. Tufan sakitləşmişdi; otağı papiros tüstüsü bürümüşdü, butulka boşalmışdı, Pavel Pavloviç iso o biri divanda yatmışdı. O soyunmadan, paltarlı-çəkməli, başını divan balışının üstünə qoyub, üzüqoylu uzanmışdı. Lorneti cibindən sürüşüb, qaytandan asılı qalmışdı, az qalırdı ki, döşəməyə dəysin. Şlyapası isə yanındaca döşəmənin üstünə düşmüşdü. Velçaninov qaşqabağını tökərək ona baxdı, ancaq oyatmadı. O, ikiqat olaraq, otaqda addımlayırdı, çünki daha uzanmağa taqəti qalmamışdı; inildəyir və ağrı barədə düşünürdü.
O, sinəsindəki bu ağrıdan boş yerə qorxmurdu. Bu ağrılar onda çoxdan əmələ gəlmişdi, ancaq çox az-az tuturdu, – bir ildən, iki ildən bir. O bilirdi ki, bu ağrılar qara ciyərindəndir. Ağrılar əvvəlcə elə bil, sinəsinin bir nöqtəsində, cinağının altında, ya da yuxarıda toplaşır, küt və zəif olurdu, ancaq əsəbiliklə içəri vururdu. Sonra ara vermədən, bəzən birdən-birə on saat, getdikcə güclənir və təzyiq elə dözülməz olurdu ki, xəstə öləcəyini güman edirdi. Axırıncı dəfə belə bir ağrı bir il qabaq olmuşdu; on saatdan sonra nəhayət, ağrı sakitləşmiş və o elə taqətdən düşmüşdü ki, yataqda uzandığı halda qolunu güclə qaldıra bilirdi, həkim bütün günü ona ancaq bir neçə çay qaşığı açıq rəngli çay və südəmər uşaq kimi, ət suyunda isladılmış bir tikə çörək vermişdi. Bu ağrı müxtəlif təsadüflərdən baş verirdi, lakin həmişə əsəbləri pozulanda başlayırdı. Keçməsi də qəribə idi: bəzən elə olurdu ki, lap təzə başlayanda, üstünə isti şey qoyur və ağrı yarım saatın içində keçib-gedirdi, bəzən isə axırıncısı kimi, heç bir şey kömək eləmirdi, ağrı xeyli qusandan sonra sakitləşirdi. Həkim sonra etiraf etmişdi ki, bunun zəhərlənmə olmasına şübhəsi yoxdu. İndi isə səhərə hələ çox qalırdı, gecə ikən həkim dalınca adam göndərmək istəmirdi, bir də həkimləri heç sevmirdi. Nəhayət, o dözməyib, bərkdən inildəməyə başladı. İnilti Pavel Pavloviçi oyatdı; o qalxdı və bir müddət oturub, qorxu içərisində qulaq verdi, o heyrətlə az qala, otaqları bir-birinə vuran Velçaninova baxırdı. İçdiyi şərab, görünür, ona həmişəkindən bərk təsir etmişdi, uzun müddət heç bir şey başa düşmədi; nəhayət, işin nə yerdə olduğunu başa düşdü və Velçaninovun üstünə cumdu; Velçaninov cavabında ona nə isə mızıldadı.
– Qara ciyəriniz ağrıyır, mən bunu bilirəm! – Pavel Pavloviç birdən dirçəldi – Pyotr Kuzmiç Polosuxin də belə olurdu, qara ciyərindəndi. Gərək isti şey qoyasınız. Pyotr Kuzmiç də həmişə isti şey qoyurdu… Bundan adam ölə bilər! Mən Mavranın dalınca gedim, hə?
– Lazım deyil! Lazım deyil, – Velçaninov əsəbiliklə əlini çırpdı. – Heç bir şey lazım deyil.
Pavel Pavloviç, allah bilir, nədənsə özünü lap itirmişdi, sanki doğma oğlunu xilas etmək lazımdı. O, Velçaninovun sözünə qulaq asmırdı, var gücü ilə təkid edirdi ki, döşünə isti şey qoysun və iki-üç fincan açıq çay içsin, «ancaq isti yox, qaynar çay!» O, icazə almadan Mavranın dalınca qaçdı, onunla birlikdə həmişə boş olan mətbəxdə od yandırdı, samovara od saldı. Bu ara xəstəni də yerinə uzatdı, üst paltarlarını çıxartdı, adyala bürüdü, iyirmi dəqiqənin içərisində çay da, isti şey də hazır oldu.
O qızdırılıb, dəsmala sarınmış nimçəni Velçaninovun xəstə sinəsinə qoyaraq, az qala sevinclə dedi:
– Bu qızdırılmış, qızmar nimçədir! Başqa şey yoxdur, həm də uzun çəkər, nimçə isə, and içirəm ki, hamısından yaxşıdır, Pyotr Kuzmiçdə öz gözlərimlə görmüşəm, öz əllərimlə sınamışam. Axı, adam ölə bilər! Çay için, qurtum-qurtum için; sinənizi yandıracağınızdan çəkinməyin; həyat şıqlıqdan qiymətlidir…
O, yuxulu Mavranı tələsdirirdi, hər üç-dörd dəqiqədən bir nimçələr dəyişdirilirdi. Üçüncü nimçədən və tez-tez içilən iki fincan qaynar çaydan sonra Velçaninov yüngüllük hiss elədi.
– Əgər ağrı azalırsa, demək, allaha şükür, yaxşı əlamətdir! – Pavel Pavloviç təzədən nimçə və çay gətirmək üçün yüyürdü.
– Təkcə ağrını kəsmək lazımdır, ağrını çıxarmalıyıq, – deyə o hər dəqiqə təkrar edirdi.
Yarım saatdan sonra ağrı tamam azaldı, lakin xəstə elə üzülmüşdü ki, Pavel Pavloviç nə qədər yalvardısa da, o «bir nimçə də qoyulmasına» razılıq vermədi. Zəiflikdən gözləri yumulurdu.
– Yatmaq istəyirəm, yatmaq istəyirəm, – zəif səslə təkrar edirdi.
– Yatmaq da lazımdır! – Pavel Pavloviç razılaşdı.
– Siz yatın… saat neçədir?
– İkiyə az qalıb, on beş dəqiqə.
– Yatın, yatın.
– Bir dəqiqədən sonra xəstə yenə Pavel Pavloviçi səslədi.
Pavel Pavloviç yüyürə-yüyürə gəlib onun başının üstündə dayananda dedi:
– Siz, siz məndən yaxşısınız! Mən hamısını başa düşürəm, hamısını… minnətdaram.
– Yatın, yatın, – deyə Pavel Pavloviç pıçıldadı və barmaqları üstə öz divanına tərəf getdi.
Xəstə yuxuya gedə-gedə, Pavel Pavloviçin sakitcə yatağını necə düzəltdiyini, soyunduğunu, nəhayət, şamı söndürdüyünü və səs salmamaq üçün yavaş-yavaş nəfəs alaraq, divana necə uzandığını hələ eşidirdi.
Velçaninov yatmışdı, özü də şam söndürüləndən sonra çox tez yuxuya getmişdi; sonra o bunu aydın xatırlayırdı. Lakin yatdığı vaxtdan, oyandığı dəqiqəyədək, yuxuda görürdü ki, o yatmayıb və çox zəifləməsinə baxmayaraq, heç cür yuxuya gedə bilmir. Nəhayət, yuxuda gördü ki, ayıqlıqda sayıqlayır və yer-yerdən üstünə hücum çəkən qarabasmaları heç cür qova bilmir, halbuki bunların həqiqət deyil, ancaq yuxu olduğunu yaxşı başa düşürdü. Onun gözünə görünənlərin hamısı tanışdı; otağı sanki adamla dolu idi, dəhlizin qapısı isə açıq idi, adamlar dəstə-dəstə içəri girir və pilləkənin üstünə toplaşırdılar. Otağın ortasına qoyulmuş stolun arxasında o zaman, bir ay qabaq, elə bu cür yuxuda gördüyü kimi, bir adam oturmuşdu. O zaman olduğu kimi, bu adam stola dirsəklənib oturmuşdu, danışmaq istəmirdi, lakin o indi krepli girdə şlyapa qoymuşdu. «Necə? Doğrudanmı o adam da Pavel Pavlobiç idi?» – deyə Velçaninov düşündü, lakin dinməz-söyləməz əyləşmiş adamın üzünə baxanda gördü ki, bu tamam başqa adamdır. «Bəs niyə onun krepi var?» – deyə Velçaninov təəccübləndi. Stolun başına toplaşmış adamların qopardığı səs-küy, hənirti və çığırtı-bağırtı dəhşətli idi. Elə bil bu adamlar o zaman, o biri yuxudakına nisbətən, Velçaninova daha çox qəzəblənmişdilər, onlar əl-qollarını ölçərək Velçaninovu hədələyir və var gücləri ilə nə barədə isə çığırırdılar, ancaq nə dediklərini Velçaninov heç cur ayırd elə bilmirdi. O fikirləşirdi! «Axı bu sayıqlamadır, axı mən bilirəm! Mən bilirəm ki, yuxulaya bilmirəm və indi ona görə qalxmışam ki, qüssədən uzana bilmirəm!..» Lakin adamların çığırtısı və onların hərəkətləri və hər şey elə açıq-aydın və elə gerçək idi ki, hərdən onu şübhə götürürdü: «Doğrudanmı bu sayıqlamadır? Pərvərdigara, bu adamlar məndən nə istəyirlər? Əgər bu sayıqlama deyilsə, bəs niyə səs-küyə Pavel Pavloviç yuxudan ayılmır? Axı o yatıb, orada divanın üstündə yatıb?» Nəhayət birdən nə isə oldu, yenə o zaman, o yuxuda olan kimi, hamı pilləkənin üstünə hücum çəkdi və qapının ağzında basabas düşdü, çünki pilləkənlə dəstə-dəstə adam qalxırdı. Bu adamlar özləri ilə nə isə gətirirdilər, böyük və ağır bir şey idi. Pillələrdə şey gətirənlərin ağır ayaq səsləri eşidilirdi, onlar təngnəfəs bir-birlərini səsləyirdilər. Otaqda hamı çığırdı: «Gətirirlər, gətirirlər!», hamının gözü parıldadı, Velçaninova zilləndi, hamı hədələyə-hədələyə, sevinə-sevinə ona pilləkənin üstünü göstərirdi. Bunun sayıqlama yox, həqiqət olduğuna onun zərrə qədər şübhəsi qalmamışdı; o, barmaqları üstə qalxaraq, adamların başı üstündən nə gətirdiklərini görməyə çalışdı. Ürəyi hey döyünür, döyünür, döyünürdü. Birdən o zaman, həmin yuxuda olduğu kimi, zəng üç dəfə bərkdən səsləndi. Yenə də zəng elə aydın və gerçək səsləndi ki, əlbəttə, yuxuda belə zəng səsi eşitmək olmazdı!.. O çığırdı və yuxudan ayıldı.
Lakin o, keçən dəfəki kimi qapıya yüyürmədi. Onun birinci hərəkətinə hansı fikir istiqamət verdi, (həm də o anda onun bir fikri vardımı) lakin elə bil kimsə ona dedi ki, nə etmək lazımdır; o, yatağından sıçrayıb qalxdı, qorunurmuş kimi, hücumun qabağını alırmış kimi, əllərini qabağa uzadaraq, düz Pavel Pavloviçin yatdığı yerə tərəf getdi. Onun əlləri başı üstünə uzadılmış başqa ələ dəydi və o, bu əli möhkəm-möhkəm tutdu. Demək, kim isə əyilib, onun başı üstündə durmuşdu. Qalın pərdələr salınmışdı, lakin tamam qaranlıq deyildi, çünki pərdəsiz o biri otaqdan bu otağa zəif işıq düşürdü. Birdən nə isə bir şey onun ovçunu və sol əlinin barmaqlarını kəsdi və bərk ağrıtdı, o dərhal başa düşdü ki, tutduğu bıçaq və ya ülkücdür və onu əli ilə möhkəm sıxdı… Həmin anda nə isə şappıltı ilə döşəməyə düşdü.
Velçaninov Pavel Pavloviçdən bəlkə üç qat güclü idi, lakin onların arasında vuruşma uzun çəkdi, üç dəqiqə güləşdilər. O tezliklə Pavel Pavloviçi doşəməyə basdı və qollarını dalında burdu, o nə üçün isə hökmən onun qollarını bağlamaq istəyirdi. O, yaralı sol əli ilə qatili tutaraq, sağ əli ilə pəncərə pərdəsinin qaytanını axtarmağa başladı və uzun müddət onu tapa bilmədi. Nəhayət, tapdı və çəkib qırdı. Bunun üçün nə qədər çox güc tələb olunduğuna sonra özü də təəccüblənirdi. Bu üç dəqiqə ərzində nə o, nə də o birisi bir kəlmə də danışdılar; yalnız ağır nəfəsləri və boğuq tappıltı eşidilirdi. Nəhayət, Pavel Pavloviçin qollarını burub, dalında bağladıqdan sonra, Velçaninov onu döşəmənin üstünə atdı, ayağa qalxıb, qalın pərdələri qaldırdı. Boş küçə artıq işıqlanmışdı. O, pəncərəni açıb, bir neçə an dərindən nəfəs aldı. Artıq saat beşə işləyirdi. Pəncərəni örtüb, tələsmədən şkafa tərəf getdi, oradan təmiz dəsmal çıxarıb, bərk-bərk sol əlini sarıdı ki, qanı dayansın. Ayağının altında ağzıaçıq ülgüc qaldı, o, xalçanın üstünə düşmüşdü. Velçaninov onu götürdü, qatlayıb, səhər yadından çıxarıb, Pavel Pavloviçin yatdığı divanın yanındakı balaca stolun üstündə qoyduğu ülgüc qutusuna qoydu və yeşiyə atıb açarla bağladı. Bunları eləyəndən sonra Pavel Pavloviçə yaxınlaşdı v onu süzdü.
Bu müddət ərzində Pavel Pavloviç güc-bəla xalçanın üstündən qalxıb, kresloda oturmuşdu. O geyinməmişdi, alt paltardaydı, hətta çəkməsiz idi. Köynəyinin çiyni və qolları qana bulaşmışdı; lakin bu onun qanı deyildi, Velçaninovun kəsilmiş əlindən batmışdı. Əlbəttə, bu, Pavel Pavloviç idi, ancaq adam qəfil rast gəlsəydi, ilk dəqiqədə onu tanıya bilməzdi – sir-sifəti o qədər dəyişmişdi. Qolları dalında bağlandığından kresloda naqolay, dik oturmuşdu, əzablı sifəti büzüşmüş və göyərmişdi, arabir səksənirdi. O, tutqun və sanki heç bir şeyi ayırd edə bilməyən gözünü Velçaninova zilləyib baxırdı. Birdən o, küt-küt gülümsədi və başı ilə stolun üstündəki su qrafininə işarə edərək, pıçıltı ilə qısaca dedi:
– Su istəyirəm.
Velçaninov su tökdü və özü ona içirtdi. Pavel Pavloviç həris-həris içdi, üç qurtum içəndən sonra başını qaldırıb əlində stəkan, onun qarşısında durmuş Velçaninovun sifətinə diqqətlə baxdı, lakin heç bir söz demədi, yenə içməyə başladı. İçib doyandan sonra dərindən nəfəs aldı. Velçaninov balıncını və üst paltarlarını götürüb, o biri otağa keçdi. Pavel Pavloviçi birinci otaqda qoyub, qapını qıfılladı.
Bayaqkı ağrı tamam keçmişdi, ancaq indi, gərgin əlbəyaxadan sonra, – allah bilir, bu güc ona haradan gəlmişdi, – özünü yenə çox zəif hiss edirdi. O, olub-keçənləri götür-qoy eləməyə çalışdı, lakin hələ fikrini cəmləşdirə bilmirdi. Çox bərk sarsılmışdı. Gözləri, bəzən on dəqiqəliyə yumulurdu, lakin birdən diksinib oyanır, hər şeyi xatırlayıb, qandan islanmış dəsmala sarınmış ağrıyan əlini qaldırır, qarma-qarışıq və həyəcanla düşünürdü. O yalnız bir şeyi aydın qət etmişdi: Pavel Pavloviç doğrudan da onun başını kəsmək istəyirmiş, ancaq on beş dəqiqə qabaq bunu, çox güman, özü də bilmirmiş. Ülgüc qutusu axşam onun gözünə dəyə bilərdi, lakin onda heç bir fikir oyatmamışdı, yalnız xatirində qalmışdı. (Ülgüclər həmişə yeşikdə, qıfıllı olurdu, yalnız dünən səhər Velçaninov çıxarmışdı ki, bəzən etdiyi kimi, bığlarının və bakenbardının uzanmış tüklərini qırxsın.)
«Əgər o məni çoxdan öldürmək fikrində olsaydı, yəqin ki, əvvəlcədən bıçaq, ya pistolet hazırlayardı, daha mənim, dünən axşamadək heç zaman görmədiyi ülgücümə arxayın olmazdı».
Nəhayət, saat altını vurdu. Velçaninov oyandı və geyinib, Pavel Pavloviçin yanına getdi. O, qapını açarkən başa düşmürdü ki, Pavel Pavloviçi niyə otağa salıb qapını bağlamışdır, niyə onu elə o vaxt qovmamışdır? Onun təəccübünə rəğmən, məhbus tamam geyinmişdi; görünür, birtəhər qollarını açmışdı. O, kresloda oturmuşdu, lakin Velçaninov içəri girən kimi, ayağa qalxdı. Şlyapası əlində idi. Onun həyəcanlı baxışı sanki tələsik deyirdi:
«Danışma! Danışmaq lazım deyil; danışmağa dəyməz…»
– Gedin! – Velçaninov dedi. – Qutunuzu da aparın.
Pavel Pavloviç qapıdan qayıtdı, stolun üstündən bilərzik qutusunu götürüb, cibinə qoydu və pilləkənin üstünə çıxdı. Velçaninov qapını bağlamaq üçün kandarda dayanmışdı. Onlar axırıncı dəfə göz-gözə gəldilər; Pavel Pavloviç birdən ayaq saxladı, hər ikisi beş saniyə bir-birinin gözünə baxdılar, elə bil tərəddüd edirdilər. Nəhayət, Velçaninov astaca əlini ona tərəf yellətdi.
– Hə, gedin! – deyə pıçıldadı və qapını bağladı.
XVI
TƏHLİL
Onu çox böyük sevinc hissi bürümüşdü: nə isə qurtarmış və düyün açılmışdı; dəhşətli kədər çəkilmiş v tamam seyrəlmişdi. Ona elə gəlirdi. Bu, beş həftə davam etmişdi. O, qolunu qaldırır, qandan islanmış dəsmala baxır və öz-özünə mızıldanırdı: «Yox, indi hər şey tamam qurtarmışdır!» Bu gün səhər o, üç həftə ərzində ilk dəfə, Liza haqqında fikirləşmədi, sanki əlinin qanı bu kədərin də hayıfını almışdı.
O aydın başa düşürdü ki, dəhşətli təhlükədən qurtarmışdır. «Bu adamlar, – öz-özünə fikirləşdi, – bir dəqiqə əvvəl hələ kəsib-kəsməyəcəklərini bilməyən bu adamlar, bıçağı əsən əllərinə alan kimi, barmaqlarına sıçrayan ilk qan damcılarını hiss eləyən kimi, nəinki kəsərlər, hətta katorqalıların dili ilə desək, adamın başını «üzərlər». Belədir ki var».
O, evdə otura bilmədi, küçəyə çıxdı, əmindi ki, indicə nə isə bir şey etmək lazımdır, ya da hökmən başına bir iş gələcəkdir; o, küçələri gəzir və gözləyirdi. Bir adama rast gəlmək, danışmaq istəyirdi, lap yad adam olsun; bu fikir onu həkimin yanına getmək, əlini əməlli-başlı sarıtdırmaq qərarına gətirdi. Həkim, köhnə tanışı, yarasına baxıb, maraqla soruşdu: «Bu necə olub?» Velçaninov zarafata saldı, qəhqəhə çəkib güldü; az qala hamısını danışacaqdı, ancaq özünü saxladı, həkim məcbur oldu ki, onun nəbzini yoxlasın və dünən gecə sancılandığını eşidəndə onu dilə tutdu ki, indi əlinin altında olan sakitləşdirici dərmanı içsin. Yarası barədə də onu sakitləşdirdi: «Elə bir şey yoxdur». Velçaninov güldü və onu inandırmağa başladı ki, o artıq gözəl nəticə vermişdir. Hər şeyi açıb danışmaq arzusu bu gün onda iki dəfə təkrar oldu – bir həftə, hətta az qala, qənnadı dükanında özü dindirdiyi, heç tanımadığı yad bir adama danışacaqdı. Onun bu vaxtadək ictimai yerlərdə tanımadığı adamlarla söhbətə girişməkdən zəhləsi gedirdi.
O, mağazaya girdi, qəzet aldı, dərzisinin yanına gedib, özünə paltar sifariş elədi. Poqoreltsevlərgilə getmək fikri yenə də ürəyinə yatmırdı, onlar barədə fikirləşmirdi, bir də bağa gedə bilməzdi; o sanki burada, şəhərdə nə isə gözləyirdi. Böyük bir həvəslə nahar elədi, xidmətçi qadınla və onunla bir stolda əyləşib, nahar eləyən qonşusu ilə danışdı, yarım butulka şərab içdi. Dünənki ağrıların təkrar oluna biləcəyini heç ağlına da gətirmirdi, o arxayın idi ki, xəstəlik dünən taqətsiz halda yuxuya gedib və yarım saatdan sonra yatağından sıçrayıb, qatilini o cür zərblə döşəməyə sərdiyi həmin dəqiqədə tamam keçib getmişdir. Lakin axşamüstü başı hərlənməyə başladı və nə isə dünənki sayıqlamaya oxşar bir şey anbaan onu yaxaladı. O, evə hava qaralandan sonra gəldi və içəri girəndə, öz otağını görüb qorxdu. Mənzili ona qorxunc və vahiməli göründü. Bir neçə dəfə o yan-bu yana getdi, hətta demək olar ki, heç zaman girmədiyi mətbəxə də keçdi. «Onlar dünən burada nimçə qızdırırdılar». Qapını möhkəm bağladı və şamı vaxtından qabaq yandırdı. Qapını bağlarkən yadına düşdü ki, yarım saat qabaq, dalandarın yanından keçərkən, Mavranı çağırmış və ondan soruşmuşdu: «Mən olmayanda Pavel Pavloviç gəlməmişdi ki?» Sanki o, doğrudan da gələ bilərdi.
Qapını möhkəm bağladıqdan sonra yazı stolunun gözünü açdı, ülgüc qutusunu çıxartdı və «dünənki» ülgücü açdı, ona tamaşa eləmək istəyirdi. Ülgücün ağ sümük dəstəsində azca qan izi qalmışdı. O, ülgücü yenə qutuya qoydu və yenə yazı stolunun gözünü açarla bağladı. O yatmaq istəyirdi; hiss eləyirdi ki, indicə uzanmaq lazımdır, əks-təqdirdə «sabah əlindən heç bir iş gəlməyəcəkdi». Sabahkı gün ona nədənsə məşum və «həlledici» gün kimi gəlirdi. Lakin küçədə, bütün günü onu bir an da tərk etməyən fikirlər indi də aramsız və amansızcasına beynində qaynayır, uğuldayırdı, o hey fikirləşir, fikirləşir, fikirləşirdi; Velçaninov uzun müddət yata bilmədi.
«Əgər mənim başımı kəsmək fikri onun ağlına qəfil gəlibsə, onda görəsən, bu fikir əvvəllər, heç olmasa qəzəbli dəqiqələrində, arzu kimi olsa da bircə dəfə fikrinə gəlibmi?»
O, məsələni qəribə şəkildə həll elədi, guya «Pavel Pavloviç onu öldürmək istəmişdir, lakin öldürmək fikri gələcək qatilin ağlına bir dəfə də gəlməmişdir». Qısası: «Pavel Pavloviç onu öldürmək istəmişdir, lakin öldürmək istədiyini bilmirmiş. Bu mənasız fikirdir, ancaq belədir, – Velçaninov fikirləşirdi. – O buraya nə vəzifə dalınca, nə də Baqautovu tapmağa gəlmişdir, ancaq burada vəzifə axtarır və hərdən Baqautovun yanına qaçırdı, Baqautov öləndə isə özündən çıxmışdı. Baqautova o nifrət edirdi. O buraya məndən ötrü gəlmişdir. Liza ilə gəlmişdi…»
«Bəs mən özüm, onun başımı kəsəcəyini gözləyirdimmi?» O qərara gəldi ki, hə, onu karetdə Baqautovun tabutu arxasınca gedərkən gördüyü dəqiqədən gözləyirdi. – Mən sanki nəyi isə gözləməyə başladım… ancaq əlbəttə, bunu yox, əlbəttə, başımı kəsəcəyini yox!..»
«Doğrudanmı, doğrudanmı, – o birdən başını balışdan qaldırıb, gözlərini açdı, – bu dəlinin dünən çənəsi əsə-əsə və yumruğunu sinəsinə vura-vura mənə olan məhəbbəti barədə beynimə yeritmək istədikləri həqiqətdi?
Tamamilə həqiqətdi! – O yorulmadan daha dərinə gedir və təhlil edirdi. – T.-dən olan və iyirmi il heç bir şey sezməyən bu Kvazimoda arvadının oynaşına vurulmaq üçün kifayət qədər səfeh və nəcibdi! O, on il mənə hörmət eləyib, məni xatırlayıb və mənim «sözlərimi» yadında saxlayıb, pərvərdigara, amma mənim heç bir şeydən xəbərim olmayıb! O dünən yalan danışa bilməzdi! Ancaq o dünən məhəbbətini izhar edəndə və «haqq-hesabı çürüdək» deyəndə məni sevirdimi? Bəli, qəzəbindən sevirdi; bu ən güclü məhəbbətdir.
Axı, ola bilərdi, bəlkə də elə-belə idi, mən T.-də ona böyük təsir bağışlamışam, məhz böyük və «fərəhli»; bu məhz, Kvazimoda surətində olan belə Şillerdə baş verə bilərdi.
O məni yüz dəfə şişirmişdir, çünki mən onu onun fəlsəfi tənhalığında heyrətə salmışam… Maraqlıdır, görəsən, məhz nə ilə heyrətə salmışam? Bəlkə təzə əlcəklərlə və onları geymək bacarığı ilə? Kvazimodalar estetikanı seçirlər, yaman sevirlər. Əlcək bəzi nəcib ürəklər, özü də «həmişəlik ər» olanlar üçün tamamilə kifayətdir. Yerdə qalan şeyləri onlar özləri min dəfə tamamlayarlar və əgər istəsəniz hətta sizin üstünüzdə dalaşarlar da. Mənim şirnikdirmə vasitələrimi o nə qədər uça tutur! Bəlkə şirnikdirmə vasitələri onu daha çox heyran etmişdir? O zaman çığıra-çığıra dediyi sözlər: «Əgər bu da belədirsə, daha kimə inanasan!» Bu çığırtıdan sonra adam heyvana çevrilər!..
Hm! O buraya gəlmişdi ki, özünün rəzil bir tərzdə dediyi kimi, mənimlə «qucaqlaşsın və ağlasın», daha doğrusu, o mənim başımı kəsməyə gəlmişdi, ancaq fikirləşirdi ki, mənimlə «qucaqlaşmağa və ağlaşmağa» gəlir… O, Lizanı da gətirmişdi. Nə olar: əgər mən onunla ağlasaydım, bəlkə doğrudan da məni bağışlardı, çünki o çox istəyirdi ki, bağışlasın!.. Bütün bunlar ilk toqquşmada sərxoş əzilib-büzülməyə və karikaturaya, incikliyə, iyrənc arvad ulamasına çevrildi. (Özünə, buynuz, buynuz düzəltmişdi.) Ona görə sərxoş gəlirdi ki, əzilə-əzilə olsa da sözünü desin, sərxoş olmasaydı, deyə bilməzdi .. Ancaq əzilib-büzülməyi sevirdi, yaman sevirdi! Məni öpüşməyə məcbur eləyəndə nə qədər sevindi! Ancaq o zaman işin axırının necə olacağını bilmirdi; qucaqlaşacaq, ya başımı kəsəcək? Axırı, əlbəttə, belə çıxdı ki, hamısından yaxşısı budur ki, həm o olsun, həm bu. Məsələnin ən təbii həlli. Bəli, təbiət eybəcərləri sevmir və məsələlərin «təbii həlli ilə» onların axırına çıxır. Ən çirkin eybəcər, nəcib hissləri olan eybəcərdir. Pavel Pavloviç, mən bunu şəxsi təcrübəmdən bilirəm! Təbiət eybəcər üçün mehriban ana deyil, ögey anadır. Təbiət eybəcəri yaradır, lakin ona acımaqdansa, onu edam edir və haqlı da edir! Hər şeyi bağışlamanın ağuşu və göz yaşları bizim əsrimizdə hətta abırlı adamlara da qismət olmur, o ki qaldı, bizim kimilər, sizinlə mən olaq, Pavel Pavloviç! Bəli, o məni nişanlısının yanına apardı; nə qədər səfeh insandır, pərvərdigara! Nişanlı! Madmazel Zaxlebininanın məsumluğu sayəsində «yeni həyat üçün dirilmək» fikri ancaq belə Kvazimodanın ağlına gələ bilərdi! Lakin siz günahkar deyilsiniz, Pavel Pavloviç, günahkar deyilsiniz; siz eybəcərsiniz, buna görə də sizin hər işiniz eybəcər olmalıdır – xəyallarınız da, ümidləriniz də. Eybəcər olsa da, arzusuna şübhə eləyirdi, buna görə də Velçaninovun mötəbər razılığı, onun hörməti tələb olunurdu. Velçaninovun təsvibi lazımdı, o təsdiq etməli idi ki, bu arzu xəyal deyil, əsl həqiqətdi. O mənə olan hörmətinə görə və mənim nəcib hisslərimə arxayın olduğuna görə məni oraya apardı. Arxayın idi ki, bəlkə orada, kolun dibində, məsumluğun yaxınlığında qucaqlaşarıq və opüşərik. Bəli! Bu «həmişəlik ər» axır ki, bir vaxt bütün olub-keçənlərdən ötəri özünə cəza verməyə borclu idi, və özünə cəza vermək üçün ülgücü əlinə almışdı, doğrudur, qəfil almışdı, ancaq hər halda almışdı. «Hər halda bıçağı yortdu, hər halda onunla qurtardı ki, qubernatorun yanında bıçağı yortdu!» Görəsən, sağdış barədə mənə danışdığı zaman onun heç olmasa bir fikri vardımı? O vaxt, gecə yatağından qalxıb, otağın ortasında durduğu zaman, görəsən, bir fikri vardımı? Yox! o zaman zarafat eləyirdi. O öz işindən ötrü durmuşdu, ancaq mənim ondan qorxduğumu görən kimi, on dəqiqə cavab vermədi, çünki mənim qorxmağım ona ləzzət verirdi… O vaxt qaranlıqda dayandığı zaman bəlkə doğrudan da birinci dəfə gözünə nə isə görünmüşdü…
Ancaq hər halda mən dünən ülgücü yaddan çıxarıb stolun üstündə qoymasaydım, heç belə şey olmayacaqdı. Belədirmi? Belədirmi? Axı, o əvvəllər məndən qaçırdı, axı, iki həftə yanıma gəlmədi; axı o, məndən gizlənirdi, mənə acıyırdı! Axı, əvvəlcə məni deyil, Baqautovu seçmişdi! Axı, gecə nimçələri qızdırmaq üçün yatağından sıçrayıb qalxmışdı, fikirləşirdi ki, bıçaqdan mərhəmətə keçsin!.. Qızdırılmış nimçələrlə özünü də, məni də xilas etmək istəyirdi!..»
Bu sabiq «kübar adamın» xəstə başı, ta sakitləşənədək, uzun müddət boş-boşuna işlədi. O ertəsi gün həmin xəstə başla, lakin tamamilə yeni və artıq heç gözlənilməz bir dəhşət içində yuxudan oyandı.
Bu yeni dəhşət, onda qəfil möhkəmlənmiş qəti bir inamdan doğurdu, bu inam ondan ibarət idi ki, o, Velçaninov (və kübar adam) elə bu gün özü, öz istəyi ilə məsələni həll edəcək, özü öz ayağı ilə Pavel Pavloviçin yanına gedəcəkdi. Nə üçün? Nədən ötrü? Özü də bilmirdi və bilmək də istəmirdi. Ancaq onu bilirdi ki, nə üçünsə gedir.
Bu dəlilik, – buna o başqa cür ad verə bilmirdi, – o dərəcəyə çatdı ki, çox ağıllı, çox qanuni bir bəhanə tapdı; ona hələ də elə gəlirdi ki, Pavel Pavloviç öz nömrəsinə qayıdacaq və qapını möhkəm bağlayıb, Mariya Sısoyevnanın danışdığı o xəzinədar kimi, özünü asacaqdır. Bu dünənki xəyal onda yavaş-yavaş mənasız, lakin qarşısıalınmaz bir inama çevrildi. «Bu axmaq özünü niyə asmalıdır?» – O hər dəqiqə öz sözünü kəsirdi. Lizanın dediyi sözlər yadına düşürdü… «Ancaq mən onun yerinə olsaydım, özümü asardım…» – O bir dəfə belə fikirləşdi.
Bu düşüncələr onunla qurtardı ki, o, nahara getmək əvəzinə, yenə Pavel Pavloviçin yanına yollandı. «Mən ancaq Mariya Sısoyevnadan soruşacağam» – deyə qət etdi. Lakin küçəyə çıxan kimi darvazanın altında durdu.
– Doğrudanmı, doğrudanmı, – deyə utandığından qızardı– doğrudanmı, mən oraya «qucaqlaşmaq və öpüşmək üçün gedirəm?» Doğrudanmı, bütün bu biabırçılıqda təkcə bu mənasız alçaqlıq çatışmır!
Lakin onu mənasız alçaqlıqdan bütün abırlı və ləyaqətli adamların qəbləlvuqu duyğuları xilas etdi. Yenicə küçəyə çıxmışdı ki, birdən Aleksandr Lobovla rastlaşdı. Gənc tövşüyürdü və həyəcanlı idi.
– Mən sizin yanınıza gəlirdim! Dostunuz, Pavel Pavloviçi görürsünüz də?
Özünü asıb? – Velçaninov dəli kimi pıçıldadı.
– Kim özünü asıb? Nə üçün? – Lobovun gözləri bərəldi.
– Heç… mən elə-belə; sözünüzü deyin!
– Fu, fikriniz nə qəribə şəkil aldı! Heç də özünü asmayıb, nə üçün assın? Əksinə, çıxıb gedib. Mən bu saat onu vaqona oturdub, yola saldım. Fu, necə içir, mən sizə deyim! Biz üç butulka içdik. Predposılov da. – O necə içir, necə içir! Vaqonda mahnı oxuyurdu, sizi xatırladı, sizə salam yetirməyi tapşırdı. Ancaq əclafdır, siz necə bilirsiniz, hə?
Gənc doğrudan da xumarlanmışdı; pörtmüş sifəti, işıldayan gözləri və topuq çalan dili bunu aşkar göstərirdi. Velçaninov bərkdən qəhqəhə çəkib güldü.
– Demək olar, beləcə, nəhayət, bruderşaftla qurtardılar!.. Xa-xa. Qucaqlaşdılar, ağladılar! Eh sizi! Şillerlər, – şairlər!
– Söyməyin, xahiş edirəm. O orada tamam imtina etdi. Dünən də oraya getmişdi, bu gün də. Bərk peşman olub. Nadyanı antresola salıb bağlamışlar. Çığırtılar, göz yaşları, ancaq biz güzəştə getməyəcəyik. Amma necə içir, necə içir! Bilirsiniz, necə Mavetondur [9 - Fransızca səfeh deməkdir], daha doğrusu Maveton yox, adı nədir onun? Özü də bütün vaxtı sizi xatırlayırdı, ancaq sizi onunla müqayisə etmək olmaz! Siz hər halda ləyaqətli adamsınız və həqiqətdə də vaxtı ilə yuxarı cəmiyyətə mənsub olmusunuz, ancaq indi bundan imtina etmisiniz, yoxsullaşdığınız üçünmü, ya… lənətə gəlsin, sözlərini yaxşı ayırd eləyə bilmədim.
– O sizə mənim barəmdə belə danışırdı?
– O danışırdı, əsəbiləşməyin.Vətəndaş olmaq – yuxarı cəmiyyətdən yaxşıdır. Mən onu demək istəyirəm ki, bizim əsrdə Rusiyada bilmirsən kimə hörmət edəsən. Razılaşın ki, bu, əsrin böyük xəstəliyidir, bilmirsən, kimə hörmət edəsən, doğru deyilmi?
– Doğrudur, doğrudur, bəs o nə deyirdi?
– O? Kim? – Hə!.. O nə üçün isə elə hey deyirdi: əlli yaşlı, lakin müflisləşmiş Velçaninov? Gülür, azından min dəfə təkrar edirdi. Vaqona oturanda, mahnı oxudu və ağladı, adam lap iyrənirdi, ancaq yazığım da gəlirdi, sərxoş idi. Eh, mən axmaqları sevmirəm. Lizavetanın ruhunun rahatlığı üçün dilənçilərə pul atdı. Lizaveta onun arvadıdır, kimdir?
– Qızıdır.
– Sizin əlinizə nə olub?
– Kəsmişəm.
– Zərəri yoxdur, keçib gedər. Bilirsinizmi, o yaxşı oldu ki, çıxıb getdi. Ancaq mərc tutaram ki, orada, getdiyi yerdə dərhal evlənəcək, doğru demirəm?
– Axı, siz də evlənmək istəyirsiniz?
– Mən? Mən başqa məsələ. Əgər sizin əlli yaşınız varsa, onunku demək, altmışdır; atam, burada məntiq lazımdır. Bilirsinizmi, mən əvvəllər, lap çoxdan etiqad etibarilə təmiz slavyanofil idim, indi isə biz işığı qərbdən gözləyirik… hə, xudahafiz. Yaxşı ki, evə girməmişdən sizinlə rastlaşdıq, evə getməyəcəyəm, xahiş eləməyin, vaxtım yoxdur!..
O qaçdı.
– Eh, mənə nə olub, – deyə birdən qayıtdı. – Axı, o mənə məktub verib sizin yanınıza göndərmişdi! Budur, məktub. Siz nə üçün onu yola salmağa gəlməmişdiniz?
Velçaninov evə qayıtdı və onun adına göndərilmiş zərfi açdı. Pavel Pavloviç bir kəlmə də yazmamışdı; lakin orada başqa bir məktub vardı. Velçaninov bu xətti tanıdı. Məktub köhnə idi, kağız saralmış, mürəkkəb solmuşdu. Bu məktub ona on il qabaq, o zaman T.-dən çıxandan iki ay sonra Peterburqa yazılmışdı. Lakin məktub ona çatmamışdı, bunun əvəzinə başqasını almışdı. Bu məktubda, o zaman aldığı məktubda olduğu kimi, Natalya Vasilyevna onunla həmişəlik vidalaşaraq, etiraf edirdi ki, başqasını sevir, lakin hamilə olduğunu gizlətmirdi. Əksinə, təsəlli üçün vəd edirdi ki, imkan tapıb, uşağı ona verəcəkdir, inandırırdı ki, onların bundan sonra başqa vəzifələri var, onların dostluğu indi həmişəlik möhkəmlənmişdir, bir sözlə, məntiq az idi, məqsəd isə həmin məqsəd idi; yəni onu öz məhəbbətindən azad etsin. Qadın hətta ona icazə verirdi ki, bir ildən sonra T.-ə gəlib, uşağa baxsın. Ancaq sonra, allah bilir, o nə üçünsə, fikrini dəyişib, bu məktub əvəzinə başqasını göndərmişdi.
Velçaninovun məktubu oxuyanda rəngi ağappaq ağarmışdı, ancaq o, qara ağacdan qayrılıb, üstü sədəflə işlənmiş mücrünü açaraq, bu məktubu tapan və onu ilk dəfə oxuyan Pavel Pavloviçi təsəvvürünə gətirdi.
«Yəqin o da meyit kimi ağarıbmış, – Velçaninov birdən sifətini aynada görüb fikirləşdi. – Yəqin oxuyub gözlərini yummuş və birdən gözlərini o ümidlə açmışdı ki, bəlkə məktub dönüb ağ kağız oldu… Yəqin ki, bu təcrübəni üç dəfə təkrar eləyib!..»
XVII
HƏMİŞƏLİK ƏR
Təsvir etdiyimiz sərgüzəştdən demək olar ki, düz iki il keçmişdi. Biz cənab Velçaninovla gözəl yay günlərindən birində, yenicə açılmış dəmir yollarımızdan birində vaqonda rastlaşdıq. O, bir dostu ilə görüşmək, eyni zamanda da başqa daha xoş bir işlə əlaqədar, Odessaya gedirdi; bu dostunun vasitəsilə, o çoxdan tanış olmaq istədiyi, olduqca gözəl bir qadınla görüşmək ümidində idi. Təfsilatına varmadan ancaq onu qeyd etməklə kifayətlənək ki, o, axırıncı iki ildə çox dəyişmişdi, yaxud daha dürüst desək, islah olmuşdu. Əvvəlki ipoxondriyadan demək olar ki, iz qalmamışdı. İki il qabaq. Peterburqda, çətin düzələn məhkəmə işi vaxtı onu bürüməyə başlayan müxtəlif «xatirə» və həyəcandan – bunlar xəstəliyin nəticəsi idi – onda yalnız keçmiş ruh düşkünlüyü üçün gizli xəcalət hissi qalmışdı. O arxayın idi ki, bu, bir daha olmayacaq və bu haqda heç bir zaman heç kəs bilməyəcəkdir. Doğrudur, o zaman o, cəmiyyəti tərk etmişdi, hətta pis geyinməyə, hamıdan qaçıb, gizlənməyə başlamışdı, bunu əlbəttə, hamı görürdü. Lakin o tezliklə özünü elə doğrultdu, yenidən elə dirçəldi və elə inamlı oldu ki, «hamı» dərhal ona cəmiyyətdən müvəqqəti uzaqlaşmasını bağışladı, hətta salam-kəlam kəsdiyi adamlar da ona birinci əl verdilər, özü də hər cür zəhlətökən sual-cavabsız, sanki bu müddət ərzində, onlara dəxli olmayan ev işlərinə görə uzaqlarda olmuş və yalnız indi qayıtmışdı. Bütün bu əlverişli və xoş dəyişikliyin səbəbi, əlbəttə, məhkəmədə işi udması olmuşdu. Velçaninova cəmi altmış min manat pul çatmışdı, – şübhəsiz bu, o qədər də böyük şey deyil, ancaq onun üçün çox əhəmiyyəti vardı; əvvəla,. o özünü yenə möhkəm zəmində hiss etdi, demək, mənəvi cəhətdən təmin olmuşdu; o indi yəqin bilirdi ki, bu axırıncı pullarını, əvvəlki var-dövləti kimi «səfeh-səfeh» israf edib, havaya sovurmayacaq və bu pul ona ölənə qədər kifayətdir. «Orada onların ictimai binası necə çatırdayırsa çatırdasın və nə çığırırlar çığırsınlar, – deyə o bəzən ətrafında, bütün Rusiyada baş verən əcaib və fövqəladə hadisələrə baxaraq və qulaq verərək fikirləşirdi, – orada adamlar və fikirlər necə dəyişirsə dəyişsin, mənim indi heç olmasa yaxşı və dadlı naharım həmişə olacaqdır, demək, mən hər şeyə hazıram». Məstlik dərəcəsinədək yüksələn bu incə fikir yavaş-yavaş onu tamam bürüyüb, onda nəinki mənəvi, hətta fiziki təbəddülat əmələ gətirmişdi; o indi iki il qabaq təsvir etdiyimiz, başına pis əhvalatlar gələn «tənbələ» qətiyyən oxşamırdı, tamam başqa adam olmuşdu, o, hər şeyə fərəhlə, aydın, təmkinlə baxırdı. Hətta gözlərinin dövrəsində və alnında əmələ gəlmiş qırışlar da, demək olar ki, yox olmuşdu. Sifətinin rəngi də dəyişmişdi – ağarmışdı, yanaqları qızarmışdı. Bu dəqiqə o, birinci dərəcəli vaqonda rahat oturmuşdu, başında yalnız xoş bir fikir dolaşırdı; növbəti stansiyada yol şaxələnirdi və sağa yeni yol gedirdi. «Əgər, bir dəqiqəliyə düz yolu qoyub, sağa burulsam, iki stansiyadan sonra, xaricdən yenicə qayıtmış və indi onun üçün xoş, lakin qadın üçün çox darıxdırıcı olan qəzada tək-tənha yaşayan bir xanıma baş çəkə bilərdi, deməli, vaxtı xoş keçirmək üçün Odessadan heç də maraqsız olmayan bir imkan da vardı, bir də, Odessa da heç yerə qaçmırdı…» Lakin o hələ tərəddüd edir, qəti qərara gələ bilmirdi; o «təkan gözləyirdi». Bununla belə stansiyaya yaxınlaşdı; təkan da ləngimədi.
Bu stansiyada qatar qırx dəqiqə dayanırdı, sərnişinlərə nahar təklif edirdilər. Birinci və ikinci dərəcəli vaqon sərnişinləri üçün olan salonun qapısı ağzında həmişəki kimi çoxlu səbirsiz və tələsən camaat toplaşmışdı, həmişə olduğu kimi, yenə qalmaqal düşdü. İkinci dərəcəli vaqondan çıxan çox qəşəng, lakin səfər üçün həddindən artıq təmtəraqlı geyinmiş bir xanım, bir ulanı, çox cavan və gözəl bir kiçik zabiti çəkə-çəkə arxasınca gətirirdi, ulan onun əlindən çıxmaq istəyirdi. Cavan zabit bərk sərxoşdu. Xanım isə, çox ehtimal ki, onun qohumu idi, zabiti ona görə uzağa buraxmaq istəmirdi ki, onun dərhal içki olan bufetə qaçacağından qorxurdu. Bu ara basabasda, ulanla bir cavan tacir toqquşdu, o da sərxoş idi, özü də çox biabırçı. Bu gənc tacir ikinci gün idi ki, stansiyada ilişib qalmışdı, müxtəlif adamlarla oturub, pullarını dağıdır və çatdırıb qatara minə bilmirdi. Mübahisə başladı, zabit çığırır, tacir isə söyürdü, xanım ulanı mübahisədən uzaqlaşdırmağa çalışaraq, yalvarıcı bir səslə ona deyirdi: «Mitenka! Mitenka!» Bu, gənc tacirə çox rüsvayçı göründü; doğrudur, hamı gülürdü, lakin gənc tacir daha çox mənən, – ona nədənsə belə göründü, – təhqir olunduğuna görə incidi.
– Bir buna bax: «Mitenka!..» – O, xanımı cır səslə yamsılayaraq, tənə ilə dedi. – Camaatdan utanmırlar!
O, səndələyə-səndələyə, birinci stulda oturmuş, ulanı da yanında əyləşdirmiş xanıma yaxınlaşdı, hər ikisinə nifrətlə baxdı və bərkdən, uzada-uzada dedi:
– Fahişə, sən fahişəsən!
Xanım çığırdı və yazıq-yazıq ətrafına baxdı, o, kömək gözləyirdi. Xanım həm xəcalət çəkir, həm də qorxurdu, üstəlik də zabit stuldan qalxdı, çığırıb, tacirin üstünə cumdu, lakin sürüşüb şappıltı ilə yenə stula sərildi. Ətrafda qəhqəhə getdikcə artırdı, ancaq heç kəs kömək etmək fikrində deyildi; Velçaninov köməyə gəldi; o birdən tacirin boynundan yapışıb, qorxmuş qadından beş addım uzağa itələdi. Bununla da savaş qurtardı; tacir həm təkandan və həm də Velçaninovun zəhmli görkəmindən özünü itirmişdi. Yoldaşları tez onu çəkib apardılar. Səliqə ilə geyinmiş ağanın boy-buxunu gülüşənlərə də təsir elədi: gülüşmə kəsildi. Xanım qızararaq, az qala ağlaya-ağlaya minnətdarlıq elədi. Ulan mızıldayırdı: «manatdaram, manatdaram!» O, əlini Velçaninova uzatmaq istəyirdi, ancaq birdən stulların üstünə sərildi və ayaqlarını da uzatdı.
– Mitenka! – Xanım əlini əlinə vurub, məzəmmətlə gileyləndi.
Velçaninov hadisədən də, şəraitdən də razı idi. Xanım onun diqqətini cəlb etmişdi, görünür o, varlı əyalət xanımlarından idi, təmtəraqlı olsa da, zövqsüz geyinmişdi, bəzi gülünc tərz-hərəkəti vardı, qadına məlum məqsədlə yaxınlaşan paytaxt ədabazının müvəffəqiyyət qazanması üçün onda bütün əlamətlər vardı. Söhbət başlandı; xanım hərarətlə öz ərindən danışır və şikayətlənirdi: «Birdən vaqondan çıxıb, yox oldu, bütün əhvalat da elə buna görə baş verdi, çünki o yerdəki, onun olması vacibdir, həmişə haraya isə yoxa çıxır…»
– Ehtiyacı vardı… – Ulan mızıldandı.
– Ah, Mitenka! – Xanım yenə əlini əlinə vurdu.
«Ərinin aşının suyunu verəcək!» – deyə Velçaninov fikirləşdi.
– Adı nədir? Mən gedib onu axtarım, – Velçaninov təklif etdi.
– Pal Palıç, – ulan cavab verdi.
– Sizin əriniz Pavel Pavloviçdir? – Velçaninov maraqla soruşdu və birdən onunla xanımın arasında tanış bir daz baş göründü. Bir anlığa Zaxlebininlərin bağı, məsum oyunlar və ara vermədən onunla Nadejda Fedoseyevnanın arasında peyda olan iyrənc daz baş onun təsəvvüründə canlandı.
– Axır ki, gəlib çıxdınız! – deyə arvadı dəli kimi çığırdı. Bu, Pavel Pavloviç özü idi; təəccüb və qorxu ilə Velçaninova baxırdı, bir kabus qarşısında durubmuş kimi, özünü itirmişdi. Elə qurumuşdu ki, görünür, təhqir edilmiş arvadının adamı əsəbiləşdirən bir tərzdə yeyin-yeyin nə dediyini bir müddət başa düşmədi. Nəhayət diksinib, necə dəhşətli vəziyyətə düşdüyünü, dərhal dərk elədi: həm öz günahını, həm Mitenkanın vəziyyətini, həm də bu «Müsyönün» – nə üçünsə xanım Velçaninovu belə çağırırdı; – «o bizim xilaskar mələyimiz və pənahımız olmuşdur, siz isə, burada olmaq lazım gələndə, həmişə çıxıb gedirsiniz…»
Velçaninov birdən qəhqəhə çəkib güldü. O, üzünü təəccüblənmiş qadına tutub:
– Axı biz onunla dostuq, uşaqlıq dostu! – dedi və sağ əl ilə, soyuq-soyuq gülümsəyən Pavel Pavloviçi yaxın adam kimi, havadar kimi qucaqladı.
– O sizə Velçaninov barədə danışmayıb?
– Xeyr, heç vaxt danışmayıb, – deyə arvad azca karıxdı.
– Hə, xain dost, məni arvadınıza təqdim edin!
– Lipoçka, bu doğrudan da cənab Velçaninovdur, bu… – Pavel Pavloviç sözə başladı, ancaq birdən utanaraq, sözünü kəsdi. Arvadı qızardı və yəqin «Lipoçka» sözündən ötrü gözlərini ona bərəltdi.
– Təsəvvür edirsinizmi, evləndiyini də xəbər verməyib, toyuna da çağırmayıb, siz isə Olimpiada…
– Semyonovna, – Pavel Pavloviç pıçıldadı.
– Semyonovna! – deyə yuxuya getmiş ulan səsləndi.
– Siz onu bağışlayın, Olimpiada Semyonovna, mənim xatirimə, dostların görüşməsi xatirinə… O, mehriban ərdir!
Velçaninov dostcasına əlini Pavel Pavloviçin çiyninə vurdu.
– Əzizim, mən ancaq bir dəqiqəliyə… geri qaldım… – deyə Pavel Pavloviç özünü doğrultmaq istədi.
– Arvadınızı rüsvay elədilər. – Lipoçka dərhal onun sözünü kəsdi, – nə vaxt lazımsınız, onda yoxsunuz, o zaman ki, lazım deyilsiniz, uzağa getmirsiniz…
– Lazım olmayan yerdə olur, lazım olmayan… lazım olmayan…
Ulan onun sözlərini təkrar elədi.
Həyəcanından Lipoçka boğulurdu; o özü də bilirdi ki, Velçaninonun yanında yaxşı iş görmür, ona görə də qızarmışdı, lakin özünü ələ ala bilmirdi.
O, ağzından qaçırdı:
– O yerdə ki, lazım deyil, orada siz çox ehtiyatlısınız, həddindən artıq ehtiyatlısınız!
Birdən Mitenka özündən çıxdı:
– Çarpayının altında… oynaş axtarır… çarpayının altında… lazım olmayan yerdə… lazım olmayan yerdə…
Mitenkaya daha heç bir şey eləmək olmazdı. Ümumiyyətlə, hər şey xoşluqla qurtardı; onlar yaxından tanış oldular. Pavel Pavloviçi qəhvə və bulyon gətirməyə göndərdilər. Olimpiada Semyonovna Velçaninova dedi ki, onlar indi ərinin xidmət etdiyi O.-dan iki aylığa onların kəndinə gedirlər, bu kənd uzaqda deyil, bu stansiyanın cəmi qırx verstliyindədir, onların orada gözəl evləri və bağları var, onlara qonaqlar gəlir, qonşuları da var, əgər Aleksey İvanoviç iltifat eləyib, «onların xəlvət guşələrinə təşrif gətirsə, onu xilaskar kimi qəbul edər, çünki əgər… o olmasaydı, nə baş verəcəyini dəhşətsiz təsəvvürünə gətirə bilmir… və sairə və sairə, – bir sözlə onu xilaskar kimi qəbul edər…»
– Xilaskar kimi, xilaskar kimi, – deyə ulan hərarətlə təkid edirdi.
Velçaninov nəzakətlə təşəkkür elədi və dedi ki, məmnuniyyətlə gələr, o tamam bekardır, işi yoxdur və Olimpiada Semyonovnanın dəvəti onun üçün çox xoşdur. Sonra şən bir söhbətə keçdi və müvəffəqiyyətlə iki və ya üç kompliment söylədi. Lipoçka məmnun qaldığı üçün qızardı və yenicə qayıdan Pavel Pavloviçə sevinclə bildirdi ki, Aleksey İvanoviç elə mehriban adamdır ki, onların kəndində bir ay qonaq qalmaq barədə təklifini qəbul etmişdir, özü də bir həftədən sonra gələcəyinə söz verir. Pavel Pavloviç özünü itirmiş halda gülümsədi və susdu. Olimpiada Semyonovna çiyinləri ilə ona toxundu və gözlərini yuxarı qaldırdı. Nəhayət, ayrıldılar: yenə minnətdarlıq, yenə «xilaskar mələk», yenə «Mitenka». Pavel Pavloviç, nəhayət, arvadını və ulanı vaqona apardı. Velçaninov siqar çəkə-çəkə vağzalın qabağında gəzişirdi; o bilirdi ki, Pavel Pavloviç indicə yenə qaçıb gələcək; zəngədək onunla danışacaqdır. Belə də oldu. Pavel Pavloviç gözlərində və sifətində həyəcanlı bir sual, onun qarşısında durdu. Velçaninov güldü: «dostcasına» onun dirsəyindən tutub, yaxındakı skamyaya tərəf çəkdi, əyləşdi, onu da yanında oturtdu. O susurdu: istəyirdi ki, birinci Pavel Pavloviç dillənsin.
– Demək bizə gəlirsiniz? – O, dili dolaşa-dolaşa birbaşa mətləbə keçdi.
– Mən bunu bilirdim! Zərrə qədər dəyişməmisən! – Velçaninov qəhqəhə çəkib güldü, – doğrudanmı siz, – o yenə əlini onun çiyninə vurdu, – doğrudanmı, siz heç olmasa bir dəqiqəliyə ciddi düşünə bilərdiniz ki, mən doğrudan da, özü də bir aylığa sizə qonaq gələ bilərəm – xa-xa!
Pavel Pavloviç tamam dirçəldi:
– Demək gəlməyəcəksiniz! – O, aşkar sevinirdi.
– Gəlməyəcəyəm, gəlməyəcəyəm! – Velçaninov özündən razı halda güldü. Ümumiyyətlə, o özü də başa düşmürdü ki, niyə belə gülür, ancaq getdikcə daha bərk gülürdü.
– Doğrudanmı… Doğrudanmı, siz bunu doğru deyirsiniz? – Pavel Pavloviç həyəcan, intizar içərisində hətta yerindən sıçradı.
– Dedim ki, gəlməyəcəyəm, qəribə adamsınız!
– Mən indi nə eləyim… əgər belə olsa, siz bir həftədən sonra gəlməsəniz, mən Olimpiada Semyonovnaya nə deyəcəyəm, o gözləyəcək axı?
– Hə çətin şeymiş! Deyərsiniz ki, ayağım sınıb, ya da buna oxşar bir şey deyərsiniz.
– İnanmayacaq, – Pavel Pavloviç məyusluqla səsini uzatdı.
– Sizin dərsinizi verəcək? – Velçaninov hələ gülürdü, – mənim zavallı dostum, görürəm ki, siz gözəl arvadınızın qarşısında əsirsiniz, hə?
Pavel Pavloviç gülümsəmək istədi, ancaq bacarmadı. Velçaninovun gəlməkdən boyun qaçırması, əlbəttə, yaxşı idi, ancaq arvadı barədə belə açıq-açıq danışması pis idi. Söz Pavel Pavloviçə toxunmuşdu. Velçaninov bunu sezdi. Bu zaman ikinci zəng çalındı; uzaqda, vaqon tərəfdən həyəcanla Pavel Pavloviçi çağıran cır bir səs eşidildi. O, əl-ayağa düşdü, ancaq getmədi, görünür, Velçaninovdan daha nə isə gözləyirdi, əlbəttə, onlara gəlməyəcəyinə bir də söz verməsini gözləyirdi.
Velçaninov Pavel Pavloviçin həyəcanını sezmirmiş kimi soruşdu:
– Sizin arvadınızın keçmiş familiyası nədir?
Pavel Pavloviç təşviş içərisində vaqonlara baxır və qulaq verirdi.
– Bizim keşişin qızıdır, – deyə cavab verdi.
– Hə, başa düşürəm, gözəlliyinə görə almısan.
Söz yenə Pavel Pavloviçə toxundu.
– Bəs bu Mitenka kimdir?
– Hə, o elə-belə uzaq qohumlarımızdandır, yəni mənim qohumumdur, mərhum əmim qızının oğludur, Qolubçikov, intizamsızlıq üstündə rütbəsini kiçiltmişdilər, indi yenə rütbə veriblər. Biz onu təmin eləyirdik… Bədbəxt adamdır…
«Belə, hər şey qaydasındadır, hər şey öz yerindədir!» – deyə Velçaninov fikirləşdi.
– Pavel Pavloviç! – Yenə onu vaqondan çağırdılar, ancaq bu dəfə əsəbi çağırırdılar.
– Pal Palıç! – Başqa xırıltılı bir səs də gəldi. Pavel Pavloviç yenə vurnuxdu və əl-ayağa düşdü, ancaq Velçaninov onun dirsəyindən möhkəm tutub saxladı.
– İstəyirsiniz, mən bu saat gedib, arvadınıza danışım ki, məni necə öldürmək istəyirdiniz, hə?
– Siz nə danışırsınız, siz nə danışırsınız! – Pavel Pavloviç bərk qorxuya düşdü. – Allah köməyiniz olsun.
– Pavel Pavloviç, Pavloviç! – Yenə səslər eşidildi.
– Hə, gedin! – deyə Velçaninov mehribanlıqla gülümsəyə-gülümsəyə axır ki, onu buraxdı.
– Demək gəlməyəcəksiniz! – deyə Pavel Pavloviç azca ümidsizlik içərisində axırıncı dəfə pıçıldadı və hətta əvvəllər olduğu kimi əllərini bir-birinin üstünə qoydu.
– Sizə and içirəm ki, gəlməyəcəyəm! Yüyürün, sonra işiniz xarab olar!
Sonra saymazyana əlini ona uzatdı, uzatdı və diksindi; Pavel Pavloviç onun əlini tutmadı və hətta əlini geri çəkdi. Üçüncü zəng vuruldu.
Bir an içərisində hər ikisi qəribə hala düşdü: elə bil tamam bambaşqa adamlardı. Bircə dəqiqə əvvəl gülən Velçaninovun içərisində sanki nə isə tərpəndi, qırıldı. O, qəzəblə Pavel Pavloviçin çiynindən möhkəm-möhkəm yapışdı.
– Əgər mən, mən bu əlimi sizə uzadıramsa, – o iri çapıq yeri qalmış sol əlini ona göstərdi, – siz onu tutmalısınız! – Onun rəngi qaçmış dodaqları əsirdi.
Pavel Pavloviçin də rəngi ağarmışdı, onun da dodaqları əsirdi.
– Bəs Liza? – O, dili topuq çala-çala tez pıçıldadı, – birdən dodaqları, yanaqları və çənəsi əsdi, gözlərindən yaş axdı. Velçaninov onun qabağında quruyub durmuşdu.
– Pavel Pavloviç! Pavel Pavloviç! – Vaqondan fəryad qoparmağa başladılar, sanki orada kimi isə doğrayırdılar; birdən fit səsi eşidildi.
Pavel Pavloviç özünə gəldi, əl-qolunu oynatdı və götürüldü, qatar artıq yerindən tərpənmişdi, ancaq o, birtəhər dəstəkdən yapışıb, gedə-gedə öz vaqonuna atıla bildi. Velçaninov isə stansiyada qaldı və ancaq axşamüstü, başqa qatara minib, əvvəlki yolla getdi. Sağa, tanış qəza xanımının yanına getmədi. Kefi yaman pozulmuşdu. Ancaq sonra yaman heyfsiləndi!
UTANCAQ QIZ
MÜƏLLİFDƏN
Oxucularımdan üzr istəyirəm: bu dəfə onlara həmişəki adicə «gündəlik» əvəzinə hekayə verirəm. Ancaq doğrusu, mən ayın çox qismini bu hekayəyə sərf eləmişəm. Hər halda, gərək oxucularım təqsirimdən keçələr.
İndi də hekayə barədə. Özüm hekayəni son dərəcə real hesab eləsəm də mən ona «fantastika deyirəm. Ancaq hekayədə əslində fantastiklik də var, özü də fantastiklik məhz hekayənin formasının özündədir; bu səbəbdən də qabaqcadan izahata ehtiyac duyuram.
Məsələ burasındadır ki, bu nə hekayədir, nə də qeyd. Təsəvvürünüzə bir kişi gətirin, bu kişinin arvadı azacıq əvvəl özünü pəncərədən atıb öldürmüşdür, indi onun meyiti stolun üstünə uzadılmışdır. Kişi özünü itirmişdir və hələ ağlını başına cəm eləməyə macal tapmamışdır. Otaqlarda var-gəl eləyir, olub-keçənləri dərk eləməyə, «fikrini bir nöqtəyə cəmləməyə» çalışır. Üstəlik də o, bədbinlik iliyinə-qanına yerimiş, öz-özüynən danışan adamlardandır. Ona görə də indi özü-özüynən söhbət eləyir, əhvalatı danışır, olub-keçənləri ayırd eləmək, aydınlaşdırmaq istəyir. Söhbəti zahirən ardıcıl, rəvan görünsə də o, həm məntiq, həm də hiss sarıdan dönə-dönə öz-özünü dolaşdırır. Kişi özünü təmizə çıxardır və qızı təqsirləndirir, uzun-uzadı təfərrüata varır: bu təfərrüatda fikir kobudluğu da, daşürəklilik də, üstəlik dərin hiss də var. Yavaş-yavaş kişi doğrudan da məsələni aydınlaşdırır və «fikrini bir nöqtəyə» cəmləyir. Yadına düşən bir sıra xatirələr nəhayət gətirib onu sarsılmaz həqiqətə çıxarır; həqiqət onu şübhədən qurtarır, ağlını və qəlbini ucaldır. Hətta hekayənin əvvəlində dağınıq görünən ahəng də axıra yaxın nisbətən dəyişir. Bu bədbəxt insan həqiqəti aydın, aşkar görür, hər halda ona belə gəlir.
Mövzu belədir. Əlbəttə, hekayədə təsvir olunan əhvalat bir neçə saat davam eləyir; qırıq-qırıq, ara-bərəli, dolaşıq formada: o gah əhvalatı öz-özünə danışır, gah da üzünü elə bil ki, qaibanə bir dinləyiciyə, hakimə tutur. Əslində belə hallarda həmişə elə bu cür də olur. Əgər bir stenoqraf xəlvəti onun danışığına qulaq assa və ağzından çıxanları olduğu kimi qələmə ala bilsə, söhbət mənim təsvir elədiyimdən daha köntöy, yonulmamış çıxardı, ancaq psixoloji ardıcıllıq, düzüm, mənə elə gəlir ki, bəlkə də elə bu sayaq qalardı. Bu hekayədə mənim fantastiklik hesab elədiyim də elə həmin o hər şeyi qələmə almış stenoqraf gümanıdır. (Əlbəttə mən onun yazdıqlarını sonra işləyib düzəldərdim.) Ancaq onu da deyim ki bu cür əhvalat incəsənətdə, ədəbiyyatda dönə-dönə olmuşdur: Məsələn Viktor Hüqo özünün «Məhkumun son günü» şah əsərində, demək olar ki, bu sayaq bir üsuldan istifadə eləmişdir, ancaq o, stenoqrafin obrazını yaratmasa da daha böyük uydurmaçılığa yol vermişdir. Belə güman eləmişdir ki, ölümə, məhkum olunan insan ölümünün son günü, hətta son saatı, həqiqi mənada son dəqiqəsi də qeydlər eləyə bilər (buna onun vaxtı da var). Lakin Hüqo bu fantaziyaya uymasaydı, əsərin özü də-yazdığı bütün əsərlərin hamısından ən gerçək, ən inandırıcı, həqiqətə ən yaxın əsəri də olmazdı.
Birinci fəsil
I
MƏN KİMDİM, O QIZ KİMDİ
Hələ ki buradadır, birtəhər keçinirəm: dəqiqəbaşı yaxınlaşıb baxıram; amma sabah gəlib aparacaqlar, bəs onda, tək-tənha qalanda, mənim halım necə olacaq? O indi böyük otaqda, bir-birinin yanına qoyulmuş qumar stollarının üstündədir, tabutu sabah gətirəcəklər, ağ, ağappaq qrodenapl… Xülasə, sözüm onda deyil… Mən var-gəl eləyə-eləyə bir şeyi başa düşmək istəyirəm. Altı saatdır ki, başa düşməyə çalışıram, amma heç cür fikrimi bir nöqtədə cəmləşdirə bilmirəm. Məsələ burasındadır ki, mən elə hey gəzişirəm, gəzişirəm, gəzişirəm… Əhvalatı olduğu kimi danışacağam. Bir-bir, qaydaynan danışacağam. Cənablar, mən əsla yazıçı-zad deyiləm, bunu özünüz də görürsünüz, ancaq yazıçı olmayanda nə olar; danışacağam, özüm bildiyim kimi… Mənim bədbəxtliyim orasındadır ki, hər şeyi başa düşürəm!
Əgər bilmək istəsəniz, yəni əgər əhvalatı lap əvvəlindən bilmək istəsəniz, onda deməliyəm ki, bu qız o vaxtlar «Qolos»-da dərc etdirdiyi elanın xərcini ödəmək üçün mənim yanıma elə-belə, şey girov qoymağa gəlirdi; guya mürəbbiyəydi, başqa yerə də getməyə razıydı, evlərdə dərs deyə bilərdi və sairə və sairə. Lap əvvəl belə idi, mən də söz yox ki, onu başqa müştərilərdən ayırmırdım. Hamı kimi gəlir və sairə. Sonra gözüm onu aldı. Çox zərif, sarışın, ortaboylu bir qızdı; mənimlə danışanda özünü itirirdi, elə bil utanırdı (mən elə bilirəm, bütün yad adamlarla belə davranırdı, mən də söz yox ki, onun gözündə başqalarından fərqlənmirdim, əlbəttə, bir sələmçi kimi yox, insan kimi). Pulunu aldımı, dərhal dönür, çıxıb gedirdi. Həmişə də dinməzcə. Başqaları çənə döyür, yalvarır, çox almağa çalışırdılar, amma bu yox, nə verirdin, onu da alırdı… Deyəsən, əhvalatı dolaşdırdım. Bəli, əvvəlcə məni təəccüb qoyan onun gətirdiyi şeylər oldu; qızıl suyuna salınmış gümüş sırğalar, bir qara qəpiyə dəyməyən medalyon – hamısının iki şahı qiyməti vardı. Qız özü də bilirdi ki, malı iki qara şahıya dəyməz, ancaq üzündən görürdüm ki, bunlar onun aləmində çox qiymətli daş-qaş kimi bir şeydir: doğrudan da ata-anasından qalan şey elə bunlardı, bunu mən sonralar öyrəndim. Tək bircə dəfə gətirdiyi şeylərə baxanda, istehza ilə gülümsündüm. Doğrusu, mən ömrümdə belə iş tutmaram, camaatla centlmen kimi rəftar eləyirəm: az danışıram, nəzakətli, ciddi oluram. «Ciddi, ciddi, ciddi». Ancaq o bir cındır (həqiqi mənada), köhnə, dovşan dərisindən gödəkcə gətirmişdi, mən özümü saxlaya bilmədim, birdən ona nə isə guya məzəli bir söz dedim. İlahi, necə qızardı! Onun iri, ala, dalğın gözləri necə alovlandı! Amma bircə kəlmə də danışmadı, cır-cındırını yığıb getdi. Bu vaxt mən ilk dəfə ona əməlli-başlı fikir verdim və ürəyimdən bir fikir keçdi, yəni ağlıma yaxşı bir niyyət gəldi. Bəli, onun bağışladığı təəssürat, yəni bilmək istəsəniz, yaxşı təəssürat, gəldiyim nəticə də yadımdadır: fikirləşdim ki, çox gəncdir, lap uşaqdır, on dörd yaşı var. Amma o vaxt qızın on altı yaşının tamamına üç ay qalmışdı. Əslində mən bunu demək istəmirəm, gəldiyim nəticə heç də bu deyildi. Ertəsi gün yenə gəldi. Sonralar öyrəndim ki, bu dovşan dərisini o, Dobronravovun da, Mozerin də yanına aparıb; ancaq onlar qızıldan başqa heç nə götürmürdülər, ona görə də qıznan heç danışmaq istəməyiblər. Amma mən bir dəfə ondan çox qiymətsiz bəzək şeyləri qəbul eləmişdim, sonra fikirləşəndə, özüm də təəccüb qaldım: axı mən də qızıl-gümüşdən başqa heç nə götürmürdüm, amma onun bəzək şeylərini götürmüşdüm. Yadımdadır, onda qız barədə ikinci dəfə düşünmüşdüm.
Bu dəfə, Mozerə göstərəndən sonra, mənə o, bir kəhrəba müştük gətirmişdi, babat şeydi, müştərisi olardı, ancaq bizim aləmimizdə heç nəyə dəyməzdi, çünki biz ancaq qızıl götürürük. Dünənki qiyamdan sonra mən onu ciddi qarşıladım. Ciddilik mənim aləmimdə quruluq deməkdir. Ancaq yenə də iki manatını verəndə, özümü saxlaya bilmədim, bir az əsəbi halda dedim: «Bunu sizin xatirinizə götürürəm, belə şeyi Mozer götürməz». Sizin xatirinizə sözünü xüsusi qeyd elədim, özü də müəyyən mənada. Acıqlı idi. Bu sözü eşidəndə yenə qıpqırmızı qızardı, ancaq dinmədi, pulu tullamadı, götürdü– kasıblığın üzü qara olsun! Amma necə qızardı! Başa düşdüm ki, sancmışam. Qız bayıra çıxandan sonra öz-özümdən soruşdum:
– Onu pərt eləməyim iki manata dəyər? Hi, hi, hi! Yadımdadır, bu sualı iki dəfə təkrar elədim: «Dəyər? Dəyər?» Gülə-gülə özlüyümdə bu suala müsbət cavab verdim. O vaxt kefim yaman durulmuşdu. Ancaq ürəyimdə pis niyyət yox idi; mən qəsdən belə eləyirdim, məqsədim vardı; onu yoxlamaq, sınamaq istəyirdim, çünki birdən beynimdə bu qız barədə bəzi fikirlər dolaşmağa başlamışdı. Üçüncü dəfəydi mən onun haqqında əməlli-başlı düşünürdüm.
…Elə bütün əhvalatlar da o vaxt başladı. Söz yox ki, mən dərhal qız barədə hər şeyi xəlvətcə öyrənmişdim və indi çox səbirsizliklə gəlişini gözləyirdim. Ürəyimə dammışdı ki, o tezliklə gələcəkdir. Gələn kimi, çox nəzakətlə, şirin-şirin söhbətə başladım. Axı mən yaxşı tərbiyə görmüş adamam, özümü aparmağı bacarıram. Bəli. Söhbət əsnasında başa düşdüm ki, o, xeyirxah, utancaq qızdır. Xeyirxah və utancaq qızlar isə çox yumşaq, yolayaxın olurlar, ürəklərini tamam açmasalar da, yaxalarını söhbətdən heç çur qurtara bilmirlər, qısa da olsa, cavab verirlər, getdikcə də dilləri açılır, təki sən özün yorulmayasan; əlbəttə, əgər buna ehtiyac varsa. Aydın məsələdir ki, qız özü o vaxt mənə heç nə demədi. «Qolos» məsələsini də, başqa şeyləri də mən sonra öyrəndim. O vaxt qız dalbadal elanlar verirdi, əvvəllər, söz yox ki, özünü tox tuturdu: «Mürəbbiyəm, başqa yerə getməyə də razıyam, şərtlərinizi zərfə qoyun göndərin», amma sonra dəyişdi: «hər şeyə razıyam, dərs də deyərəm, başqa işlər də görərəm, ev işlərinə də əl yetirərəm, xəstəyə də qulluq eləyərəm, əlimdən paltar tikmək də gəlir», və s. və s… Bu qayda sadalayırdı! Aydın məsələdir ki, bunları qız hər dəfə elan verəndə bir-bir əlavə edirdi, – axırda, ümidini tamam itirəndə, hətta «maaşsız, bir qarın çörəyə» də razı oldu. Amma iş tapa bilmədi! Mən onda qızı son dəfə sınamaq qərarına gəldim: həmin gün çıxmış «Qolos»u götürüb, ona bir elan göstərdim: «Atadan-anadan yetim cavan bir qız, yaşlı dul kişi uşaqlarına mürəbbilik yeri axtarır. Ev-eşik işlərinə də kömək eləyə bilər».
– Görürsünüzmü, elan bu gün səhər verilib, amma çox güman, axşama kimi o qız iş tapıb. Elanı bax, bu cür vermək lazımdır!
Yenə qıpqırmızı qızardı, yenə gözləri od tutub yandı, dərhal döndü, çıxıb getdi. Hərəkəti çox xoşuma gəldi. Ümumiyyətlə, mən o vaxt çox arxayındım, heç nədən qorxmurdum: bilirdim ki, müştükləri heç kim qəbul eləməyəcək. Halbuki onun müştüyü də qurtarmışdı. Fikirləşdiyim kimi də oldu, üçüncü gün gəldi, bəti-bənizi qaçmışdı, həyəcanlı idi, mən başa düşdüm ki, evdə nə isə bir hadisə olub, doğrudan da elə idi.
Bu saat əhvalatı açıb danışaram, ancaq hələlik o zaman qəflətən necə əliaçıqlıq elədiyimi və onun gözündə necə ucaldığımı xatırlatmaq istəyirəm. Bu fikir ağlıma qəfil gəlmişdi. Məsələ burasındadır ki, o, bir ikona gətirmişdi (nəhayət ürək eləyib gətirmişdi)… Hə, hə, qulaq asın! Qulaq asın! İndi gəldim mətləb üstünə, yoxsa bayaqdan elə hey çaşıram… Məsələ burasındadır ki, mən indi bütün olub-keçənləri yadıma salmaq istəyirəm, hər şeyi, bütün təfərrüatı, bütün cizgiləri ilə. Ha çalışıram fikrimi bir nöqtəyə cəmləşdirim, bacarmıram, amma o cizgilər, o cizgilər…
Məryəm ananın surəti idi, qucağı körpəli Məryəm ananın;. ev-ailə surətiydi, qədim şeydi, qızıl suyuna salınmış gümüş cübbəsi vardı, necə deyim, altı manata dəyərdi. Gördüm ki, qız surəti çox əziz tutur, onu bütöv, cübbəsini çıxartmadan girov qoymaq istəyir. Dedim ki, yaxşı olar cübbəni çıxarıb mənə verəsiniz, surəti isə götürüb aparasınız, yoxsa surət, hər halda necə deyərlər…
– Məgər qadağandır?
– Xeyr, məsələ qadağan məsələsi deyil, elə-belə, bəlkə sizin özünüzə…
– Yaxşı, çıxardın.
Bir qədər fikirləşib dedim:
– Bilirsiniz nə var, cübbəni çıxarmayacağam, bax ora, ikona saxlanan şkafa, başqa ikonaların yanına, qəndilin altına qoyacağam (kassanı açan gündən dükanımda həmişə qəndil yanardı), elə-belə on manat verirəm.
– Mənə on manat lazım deyil, beş manat verin, sonra mütləq borcunuzu qaytarıb surəti alacağam.
Yenə közlərinin parıldadığını görüb dedim:
– On manat istəmirsiniz? Surət bu qiymətə dəyər. – Qız dinmədi. Mən çıxardıb ona beş manat verdim.
– Heç kimə nifrət eləməyin, mən özüm də bu çətinlikləri, hətta bundan da betərini görmüşəm, indi məni bu işlə məşğul görürsünüz… amma buna qədər başım çox bəlalar görüb, çox əziyyətlər çəkmişəm…
– Siz cəmiyyətdən qisas alırsınız? Hə? – Birdən o çox acı istehza ilə mənim sözümü kəsdi, ancaq onun bu istehzasında hədsiz məsumluq vardı (daha doğrusu, məsumluğa oxşar bir şey vardı, çünki o zaman bu qız mənimlə başqalarına qətiyyən fərq qoymurdu, ona görə, çox güman, ürəyimə toxunmaq istəmirdi). «Aha – öz-özümə fikirləşdim, – sən beləymişsən, yavaş-yavaş xasiyyətini, hansı yuvanın quşu olduğunu büruzə verirsən».
Mən dərhal yarızarafat, yarımüəmmalı cavab verdim:
– Bilirsiniz nə var, «mən elə bir bəndəyəm ki, pislik eləmək istəyəndə də pisliyim dönüb yaxşılıq olur».
Qız cəld başını qaldırıb, çox maraqla üzümə baxdı, ümumiyyətlə onun marağında hədsiz uşaqlıq vardı:
– Dayanın… bu nə fikirdir? Hardandır? Mən bunu hardasa eşitmişəm…
– Başınızı sındırmayın, bu ifadəni Mefistofel Faustla tanış olanda deyir. «Faust»u oxumusunuz?
– Elə-belə, səthi.
– Daha doğrusu, heç oxumamısınız. Oxumaq lazımdır. Amma mən yenə sizin dodaqlarınızda istehza görürəm. Xahiş edirəm, məni çox zövqsüz adam saymayın, elə hesab eləməyin ki, sələmçi rolumu bəzəmək üçün özümü Mefistofel kimi təqdim eləyirəm. Sələmçi elə sələmçidir. Bilirəm.
– Siz nə isə qəribə adamsınız… Mən qətiyyən belə şey demək fikrində olmamışam…
Qız demək istəyirdi: mən sizin savadlı adam olduğunuzu bilmirdim, ancaq demədi, bununla belə mən onun fikrini duydum; qızın ürəyindən xəbər vermişdim.
Mən dedim:
– Bilirsinizmi, hər işdə yaxşılıq eləmək olar. Mən əlbəttə, özüm barədə danışmıram, mənim, tutalım ki, əlimdən pislikdən savayı ayrı iş gəlmir, ancaq…
O, cəld başını qaldırıb, diqqətlə üzümə baxdı və dedi:
– Əlbəttə, hər sahədə yaxşılıq eləmək olar… Məhz hər sahədə, – deyə qəflətən əlavə etdi. Yaxşı yadımdadır, bu anların hamısı yadımdadır! Bir də əlavə eləmək istəyirəm ki, bu gənclər, sevimli gənclər, ağıllı, mənalı bir şey demək istəyəndə, qəflətən sifətləri çox səmimi və məsum ifadə alır, elə bil deyirlər; «görürsünüzmü, mən indi sizə ağıllı, mənalı söz deyirəm», – özü də bunu bizim kimi şöhrətpərəstlik xatirinə eləmirlər, elə-belə eləyirlər, həm də duyursan ki, gənclər özləri bütün bunları çox əziz tutur, onlara inanır, ehtiram göstərir və fikirləşirlər ki, siz də bütün bunların hamısına eyni ilə onlar kimi ehtiram göstərirsiniz. Ah, səmimilik! Elə bununla da onlar qalib gəlirlər. Bu səmimilik o qıza nə qədər yaraşırdı!
Yadımdadır, heç bir şeyi unutmamışam! O, bayıra çıxan kimi mən dərhal qərara gəldim. Elə həmin gün axırıncı axtarışlara başladım və onun barəsində qalan cari sirləri də öyrəndim; əvvəlki sirlərin hamısını mən bir neçə gün əvvəl ələ aldığım Lukeriyadan oyrənmişdim, Lukeriya o vaxt onların ev qulluqçusu idi. Bu elə dəhşətli sirdi ki, mən heç cür başa düşə bilmirdim: bundan sonra necə gülmək olar, özü belə dəhşət içində ola-oda, necə olmuşdu ki, o bayaq Mefistofelin sözləri ilə maraqlanmışdı? Gənclik! O zaman mən qızın barəsində qürurla, sevinə-sevinə məhz belə fikirləşmişdim, çünki burada, axı alicənablıq da var: yəni uçurum kənarında olsa da, Götenin dahiyanə sözləri diqqətini cəlb edir! Gənclikdə həmişə, cüzi də olsa, yanlışlıq da olsa, alicənablıq var. Daha doğrusu, mən onun barəsində, yalnız onun barəsində danışıram. Başlıcası isə, o zaman mən ona öz arvadım kimi baxırdım və qüdrətimə şəkk-şübhəm yox idi. Bilirsinizmi, şəkk-şübhədən uzaq olanda, bu fikir çox şirnikdirici olur.
Mənə nə oldu? Əgər belə getsə, fikrimi nə vaxt cəmləşdirə bilərəm? Tələsmək, tələsmək lazımdır – məsələ heç də bunda deyil, ah, ilahi!
II
ELÇİLİK
Mənim bu qız barədə öyrəndiyim «sirri» bircə kəlməylə deyəcəyəm: ata-anası çoxdan, uç il əvvəl ölmüşdü, o, səliqə-sahmansız; xalalarının yanında qalırdı. Doğrusu, onlara səliqə-sahmansız demək az idi. Xalasının biri dul idi, çoxuşaqlı idi, altı uşağı vardı, hamısı da bir-birindən balaca, ikinci xalası qarımış qızdı, kaftarlaşmışdı, xasiyyəti ağır idi. İkisi də pis adamdı. Atası məmur olmuşdu, mirzəlik eləyirmiş, yalnız adı zadəgandı, bir sözlə: hamısı mənə əl verirdi. Mən, belə çıxırdı ki, ali zümrədənəm: hər halda şöhrətli polkdan istefaya çıxmış ştaps-kapitan idim, əsilli-köklü zadəgandım, heç kimdən asılı deyildim və s., sələmçiliyə gəldikdə isə, onun xalalarının gözündə bu yalnız yaxşı iş olmalı idi. Qız üç il xalalarının yanında kölə vəziyyətində olmuşdu, ancaq yenə də harasa imtahan vermişdi, fürsət tapıb vermişdi, gündəlik ağır işdən göz açıb imtahan verə bilmişdi, bu isə onun az da olsa, ümdə və nəcib bir işə doğru can atdığına dəlalət edirdi! Mən nədən ötəri evlənirdim? Mənim barəmdə danışmağa dəyməz, bu barədə sonra… Məgər iş bundadırmı? Xalasının uşaqlarına dərs deyirdi, paltar tikirdi, axırı iş o yerə çatmışdı ki, paltar tikmək nədir, elə zəif bir qız döşəmə də yuyurdu. Xalaları onu döyürdülər, verdikləri bir tikə çörəyi başına vururdular. Nəhayət, onu satmaq fikrinə düşmüşdülər. Tfu! Belə çirkin söhbətlərin üstündən keçirəm, müfəssəl danışmıram. Bunları sonra o özü mənə ətraflı danışmışdı. Qonşuluqdakı kök dükançı düz bir il olardı ki, bütün bunlara göz qoyurdu, ancaq bu adi dükançı deyildi, onun iki baqqal dükanı vardı. O iki arvad basdırmışdı, indi üçüncüsünü axtarırdı, bu qızı gözaltı eləmişdi, fikirləşirdi ki, «sakitdir, yoxsulluq içində böyüyüb, mən də elə yetimlərimin xatirinə evlənirəm». Doğrudan da onun yetimləri vardı. Elçi göndərir, qızın xalaları ilə danışığa başlayır; onu da deyim ki, kişinin əlli yaşı vardı; qız dəhşətə gəlir. Buna görə o tez-tez mənim yanıma qaçır, «Qolos»da elan verməyə çalışırdı. Axırı xalalarına yalvarmağa başlayır ki, mənə bir az möhlət verin fikirləşim. Ona bir az möhlət verirlər, ancaq çox az, tez-tez başının üstünü alıb təngə gətirirlər: «Özümüz yeməyə şey tapmırıq, sən də bir yandan boğazımıza şərik çıxmısan». Mən bunların hamısını bilirdim, ona görə həmin gün, səhərki söhbətdən sonra qəti qərara gəldim. Axşam baqqal gəldi, bir girvəngə də yarım manatlıq konfet gətirmişdi; qız kişinin yanında oturmuşdu, mən mətbəxdən Lukeriyanı çağırtdırıb tapşırdım: qızın yanına gedib qulağına pıçıldasın ki, darvazanın ağzındayam, ona deyiləsi çox vacib sözüm var. Mən özümdən çox razıydım. Ümumiyyətlə, həmin gün kefim çox kök idi.
Elə burada, darvazanın ağzında, onu bura çağırdığıma görə mat qalmış qıza dedim ki, əgər mənə gəlsə, özümü xoşbəxt hesab edərəm, bunu özümə şərəf sayaram… İkincisi, mənim bu hərəkətimə, sözümü darvazanın ağzında deməyimə təəccüblənməsin deyə, əlavə etdim: «Mən sözü açıq deyən adamam, vəziyyəti hərtərəfli öyrənmişəm». Həm də mən yalan demirdim. Doğrudan da sözü açıq deyən adamam. Cəhənnəm olsun bunlar. Mən nəinki ədəb-ərkanla danışırdım, yəni özümü tərbiyə görmüş adam kimi aparırdım, həm də orijinallıq eləyirdim, bu isə böyük işdir. Məgər bunu etiraf eləmək günah işdir? Özüm özümü mühakimə eləmək istəyirəm və eləyirəm də. Mən pro vo contra [10 - Lehinə və əleyhinə (latınca)] deməliyəm və deyirəm də. Mən, axmaqlıq olsa da, elə sonralar da bunu məmnuniyyətlə xatırlayırdım: mən onda qıza açıqca, utanıb çəkinmədən dedim ki, çox da istedadlı, ağıllı, bəlkə də çox xeyirxah adam deyiləm, çox xudpəsənd adamam (bu ifadədə yaxşı yadımdadır, onu mən yol gedəndə fikirləşib tapmışdım və özüm özümdən çox razı qalmışdım), həm də çox, ola bilər ki, olduqca çox başqa pis xüsusiyyətlərim də var. Bunların hamısını mən xüsusi qürurla dedim. Əlbəttə, mən ədəb-ərkan gözləyib, qüsurlarımı söyləyəndən sonra ləyaqətlərimi sadalamadım: «Guya onun müqabilində filan-filan məziyyətlərim var». Mən hiss eləyirdim ki, o hələlik yaman qorxur, ancaq yumşalmadım, hələ bu da azmış kimi, onun qorxduğunu görüb, sözü qəsdən daha da şişirtdim; açıq dedim ki, doyunca yeyəcək, bəzək-düzək, teatr, şənlik məsələsinə gəldikdə isə – bunların heç biri olmayacaq. Sonralar, məqsədimə çatandan sonra isə, baxarıq işlər necə olar. Bu sərt danışıq mənim yaman xoşuma gəlirdi. Üstəlik mən mümkün qədər ötəri tərzdə əlavə etdim ki, əgər bu işə qurşanmışamsa, yəni sələmçilik eləyirəmsə, yalnız bircə məqsədim var, guya bunun bir səbəbi var… Axı, mənim bu cür danışmağa haqqım vardı: mənim doğrudan da məqsədim vardı, buna bir səbəb vardı. Dayanın, cənablar, ömrüm boyu mənim hər şeydən çox sələmçilikdən zəhləm gedib, amma əslində, öz-özümə müəmmalı danışmaq gülməli çıxsa da, axı, mən doğrudan da, doğrudan da, doğrudan da «cəmiyyətdən intiqam alırdım»! Buna görə də onun həmin səhər «intiqam» barədə məni sancması, ədalətsizlikdi. Daha doğrusu, bilirsinizmi, mən ona açıq desəydim ki: «Bəli, mən cəmiyyətdən intiqam alıram», o, dünən səhərki kimi, qəhqəhə çəkib gülərdi, özü də bu doğrudan da gülməli çıxardı. Amma dolayısı ilə, eyhamla, müəmmalı danışanda, məlum oldu ki, təxəyyülü aldatmaq olur. Üstəlik də mən o zaman heç nədən qorxmurdum: axı bilirdim ki, yoğun baqqal hər halda onun gözündə məndən pisdir və mən darvazanın ağzında onun xilaskarı kimi dayanmışam. Axı mən bunu başa düşürdüm. İnsan əclaflığı xüsusilə yaxşı başa düşür! Ancaq bu əclaflıqdımı? Burada adamı necə mühakimə eləmək olar? Məgər mən hələ o vaxt bu qızı sevmirdimmi?
Dayanın: aydın məsələdir ki, mən o zaman qıza, xeyirxahlıq niyyətim barədə bircə kəlmə də deməmişdim, əksinə, tamam əksinə: «guya o mənə xeyirxahlıq eləyirdi, mən ona yox». Mən bunu hətta dilimə də gətirdim, özümü saxlaya bilmədim, buna görə bəlkə də yersiz düşdü, çünki ötəri dodağının qaçdığını hiss elədim. Ümumiyyətlə isə üstünlük tamam mənim tərəfimdəydi. Dayanın, bir halda ki, bütün bu çirkin söhbətləri xatırlayıram, onda sonuncu heyvanlığımı, sarsaqlığımı da danışım: mən dayanıb öz-özümə fikirləşirdim: sənin boyun ucadır, qədd-qamətlisən, yaxşı tərbiyə görmüsən, nəhayət, lovğalıq olmasın, sən, qəşəngsən. Mənim başımdan belə-belə fikirlər keçirdi. Söz yox ki, qız elə buradaca, darvazanın ağzında mənə «hə» dedi. Ancaq… ancaq mən bir şeyi də əlavə-eləməliyəm: o, burdaca, darvazanın ağzında «hə» deyənə kimi xeyli fikirləşdi. Elə fikrə getmişdi, elə fikirləşirdi ki, mən az qala özümü saxlaya bilməyib soruşacaqdım: «hə, nə oldu?» Hətta özümü saxlaya bilmədim, ədabaz-ədabaz soruşdu: «hə, nə oldu?» – Ağzımdan belə bir səfeh söz çıxdı. – Dayanın, qoyun fikirləşim.
Özü də elə ciddi idi ki, elə ciddi idi ki, o zaman fikrini sifətindən oxuya bilərdim! Onun belə fikirləşməyi qəlbimə toxunurdu: mən özlüyümdə düşünürdüm: «Doğrudanmı o məni, ya baqqalı seçəcəyini götür-qoy eləyir?» Ah, onda mən hələ başa düşmürdüm! Mən o vaxt hələ heç nə, heç nə başa düşmürdüm! Bu günə kimi başa düşmürdüm! Yadımdadır, mən çıxıb getməyə hazırlaşanda, Lukeriya dalımca yüyürdü, məni yolda saxladı və tələsik dedi: «Allah əvəzini versin, ağa, yaxşı eləyirsiniz bizim qəşəng xanımı alırsınız, ancaq bunu onun üzünə vurmayın, o çox məğrur qızdır».
Nə olsun məğrurdur! Mən özüm də məğrur qadınları sevirəm. Məğrur qadınlar xüsusilə o vaxt yaxşı olurlar ki, özünün onlardan üstün olduğuna şəkk-şübhən olmur, deyilmi? Ah alçaq, kobud insan! Mən nə qədər məmnun idim. Bilirsinizmi, o vaxt qız darvazanın qabağında dayanıb, mənə «hə» demək üçün fikrə gedəndə, mən bilirsinizmi, onun ağlına belə bir fikir gələ biləcəyinə təəccüb eləyirdim: «Madam ki, həm orada, həm də burada xoş gün görməyəcəyəm, bəlkə yaxşı olar elə ən pisini, yəni yoğun baqqalı seçim, qoy bu əyyaş döyə-döyə məni tez öldürsün!» Hə? Necə bilirsiniz, o belə fikirləşə bilərdimi?
Heç indi də başa düşmürəm, indi də heç bir şeydən baş aça bilmirəm! İndicə bu dəqiqə dedim ki, ağlına belə fikir gələ bilərdi: iki bədbəxtlikdən ən pisini seçsin, yəni baqqalı, hə? Bəs o vaxt onun gözündə kim daha pis idi – mən, ya baqqal? Baqqal, ya Götedən sitat gətirən sələmçi? Bu hələ məlum deyil! Necə məlum deyil? Bunu da dərk eləmirsən; cavabı stolun üstə tabutdadır, amma sən deyirsən ki, məlum deyil! Bir də ki, mən cəhənnəm! Söhbət heç də məndən getmir… İndi söhbətin mənə dəxli oldu, olmadı, nə əhəmiyyəti var? Bunu heç cür müəyyənləşdirə bilmirəm. Yaxşısı budur uzanım yatım. Başım ağrıyır…
III
İNSANLARIN ƏN NƏCİBİ, AMMA ÖZÜM DƏ BUNA İNANMIRAM
Yatmamışam. Bir də necə yatmaq olar, başımda bir damar elə hey atır. Bütün olub-keçənləri, bu çirkin işi dərk eləmək istəyirəm. Ah, çirkin iş! Mən o vaxt onu necə çirkabın içindən çəkib çıxartmışdım! Axı o bunu başa düşməli idi, mənim yaxşılığımı bilməli idi. Mənim də qəribə fikirlərdən xoşum gəlirdi; məsələn, fikirləşirdim ki, mənim qırx bir yaşım var, onun cəmisi on altı. Bu yaş fərqini duymaq məni əsir eləmişdi, bu çox şirin, çox şirin şeydir.
Mən, məsələn, ingilissayağı toy eləmək istəyirdim, yəni biz ikicəciyimiz, ikicə nəfər də şahid, onların da biri Lukeriya olsun; sonra dərhal minək vaqona, gedək lap elə Moskvaya (yeri gəlmişkən, mənim orada işim də vardı), düşək mehmanxanaya, iki həftəliyə. O etiraz elədi, razılıq vermədi, ona görə mən onun möhtərəm xalalarının yanına getməli oldum, təzə qohum kimi, axı mən qızı onların evindən aparmışdım. Güzəştə getdim, xalalarına əməlli-başlı hörmət elədim. Hətta bu alçaqların hərəsinə yüz manat pul da bağışladım, hələ vəd elədim ki, yenə verəcəyəm; qıza, söz yox ki, bu barədə bir kəlmə də demədim, çünki xalalarının rəzil işlərinə görə onun qanını qaraltmaq istəmədim. Xalaları o saat ipək kimi yumşaldılar. Cehiz üstündə də mübahisə düşdü: onun heç nəyi yox idi, demək olar, heç nəyi, ancaq özü də heç nə istəmirdi. Mən birtəhər ona sübut elədim ki, heç bir şeysiz yaramaz, cehizi də mən düzəltdim, çünki mən eləməsəm, kim eləyəcəkdi? Hə, söhbət məndən getmir, mən cəhənnəm. Ancaq yenə də o vaxt mən bəzi ideyalarımı onun başına yeridə bilmişdim, ona görə ki, heç olmasa xəbəri olsun. Bəlkə də tələsmişdim. Başlıcası isə, qız lap əvvəldən, özünü nə qədər möhkəm saxlasa da, mehrini mənə salmışdı, axşamlar yanına gələndə sevinə-sevinə qabağıma çıxırdı, şirin-şirin (məlahətli, məsum!) uşaqlıq, körpəlik çağlarından, doğma evlərindən, atasından, anasından danışırdı. Ancaq mən dərhal onun kefini pozurdum, elə bil üstünə soyuq su tökürdüm. Elə məqsədim də bu idi. O sevinəndə, şadlananda mən susurdum, əlbəttə, ədəb-ərkannan… ancaq yenə də qız tezliklə başa düşdü ki, biz müxtəlif adamlarıq, məni başa düşmək çətin məsələdir. Elə mən də özümü belə tanıtmaq istəyirdim. Bəlkə də mən bu sarsaq işlərin hamısını elə onu dolaşdırmaq üçün eləmişdim! Əvvəla, sərt davranırdım – elə onu evimə gətirəndə də təmkinimi pozmamışdım. Bir sözlə, o vaxt mən, əməlimdən razı olsam da, evimdə ayrı cür qayda-qanun yaratmışdım. Ah, hamısı da heç bir ciddi-cəhdsiz, öz-özünə yaranmışdı. Bir də başqa cür mümkün deyildi, mən bu qayda-qanunu bir ciddi məsələyə görə yaratmalı idim, – bu nədir, mən niyə özüm özümə böhtan deyirəm! Yaratdığım qayda-qanun yaxşı idi. Yox, qulaq asın, əgər birisini mühakimə etmək lazımdırsa, gərək işdən xəbərdar olasan… Qulaq asın!
Bilmirəm söhbətə haradan başlayım, çünki bu çox müşkül məsələdir. Çətinliyi orasındadır ki, özünü təmizə çıxarmaq istəyirsən. Bilirsiniz nə var, məsələn, gənclər pula nifrət eləyirlər, amma mən əksinə, işə elə puldan başlamışdım; işimi pul üstündə qurmuşdum. Həm də özümü elə aparırdım ki, qız getdikcə qaradinməz olurdu. İri gözlərini bərəldib qulaq asır, baxır və susurdu. Bilirsinizmi, gənclər alicənab olurlar, əlbəttə, mən yaxşılarını deyirəm, alicənab və coşqun, ancaq çox səbirsiz olurlar, bir şey azacıq ürəklərindən olmadımı, nifrət eləyirlər. Amma mən vüsət istəyirdim, özü də istəyirdim ki, bu onun ürəyinə yol tapsın, o səmimi olsun, düz demirəmmi? Bir bayağı misal çəkim: məsələn, mən o xasiyyətdə adama necə başa salım ki, niyə sələmçilik eləyirəm? Əlbəttə, mən söhbətə əsl mətləbdən başlamadım, yoxsa elə çıxardı ki, sələmçilik elədiyim üçün xəcalət çəkirəm, ondan üzr istəyirəm, halbuki mən, necə deyərlər, özümü məğrur tuturdum, demək olar ki, ürəyimdə danışırdım. Mən belə danışmağın ustasıyam, ömrüm boyu öz-özümə danışmışam, özü də dinməzcə, özlüyümdə çox müsibətlər çəkmişəm. Ah, axı mən də bədbəxt olmuşam! Hamı məndən üz döndərib, üz döndərib, unudub, heç kimin də bundan xəbəri yoxdur! Amma birdən bu on altı yaşlı qız pis adamlardan mənim həyatımda olub-keçənləri müfəssəl öyrəndi, özü də elə bilirdi ki, hər şeydən xəbərdardır, amma əslində əsl sirr mənim ürəyimdə qalmışdı!.. Mən susurdum, onun yanında heç dinib-danışmırdım, dünənə kimi susmuşdum – niyə susurdum? Guya məğrur adam idim. Mən istəyirdim ki, qız özü öyrənsin, mənsiz öyrənsin, amma pis adamların söz-söhbətində yox, məni özü dərk eləsin, başa düşsün. Onu evimə gətirəndə istəyirdim ki, əməlli-başlı hörmətimi saxlasın. İstəyirdim ki, qarşımda dayanıb, çəkdiyim müsibətlərə görə mənə səcdə eləsin – mənim buna haqqım vardı. Mən həmişə məğrur olmuşam, mən həmişə arzu eləmişəm ki, istəyim ya əməlli-başlı olsun, ya da yerli-dibli olmasın! Məhz ona görə ki, yarımçıq xoşbəxtlik istəməmişəm, əməlli-başlı xoşbəxtlik istəmişəm, elə məhz bu səbəbdən o vaxt da belə hərəkət eləməyə məcbur olmuşdum: «Özün başa düş, qədrimi bil!» Çünki, özünüz başa düşün, əgər mən özüm ona izahat versəydim, başa salsaydım, quyruq bulayıb, hörmət eləməsini xahiş etsəydim, bu, heç fərqi yoxdur, sədəqə istəmək kimi bir şey çıxardı… Xülasə… bir də axı mən bunları niyə danışıram!
Axmaqlıq, axmaqlıq, yenə də axmaqlıq! Mən o vaxt açıq və rəhmsizcəsinə (rəhmsizcəsinə sözünü xüsusi qeyd eləyirəm) ona ikicə kəlmə ilə başa saldım ki, cavanların alicənablıq eləmələri çox gözəl işdir, ancaq bir qara qəpiyə dəyməz. Niyə dəyməz? Çünki bu onlara ucuz başa gəlir, tər tökmürlər, bunların hamısı, necə deyərlər, «ilk həyat təsəvvürüdür», amma zəhmət çəksəniz, onda halınızı görərəm! Ucuz alicənablıq asan işdir, ölümə getmək də asan işdir, çünki qanın qaynayır, qüvvəni bilmirsən nəyə sərf eləyəsən, gözəllik həsrəti ilə yaşayırsan! İndi də çətin başa gələn sakit, sözsüz-söhbətsiz, sönük, dedi-qodulu, məhrumiyyətlərlə dolu, tamam şöhrətsiz alicənablığa fikir verin: siz gül kimi adamsınız, amma hamının gözündə əclafsınız, halbuki siz bütün dünyadakı adamların hamısından təmizsiniz – hə, əgər hünəriniz var, belə rəşadətə girişin, yox əgər yoxdursa, onda kənara durun! Amma mən, mən bütün ömrüm boyu bu rəşadət arzusunda olmuşam. Əvvəl qız mübahisəyə başladı, ilahi, necə mübahisə eləyirdi, amma sonra yavaş-yavaş susdu, yalnız gözlərini, iri, çox iri, diqqətli gözlərini bərəldib qulaq asırdı. Bir də… bir də bundan əlavə, mən qəflətən onun gülümsədiyini gördüm, o, inamsız, dinməz-söyləməz, pis-pis gülümsəyirdi. Mən onu öz evimə bax elə üzündə bu cür təbəssüm gətirdim. Burası da düzdür ki, onun getməyə daha başqa yeri yox idi…
IV
PLANLAR, PLANLAR
Onda söhbəti əvvəl hansımız başladıq? Nə mən, nə də o. Elə öz-özünə, birdən başlandı. Mən dedim ki, onu gətirəndə evimdə çox ciddi qayda-qanun yaratmışdım, amma elə lap əvvəldən güzəştə getdim, hələ nişanlı vaxtı onu başa salmışdım ki, girov qəbul eləmək və pul verməklə məşğul olacaq, özü də qız o vaxt heç bir söz deməmişdi (bunu yadınızda saxlayın). Üstəlik də can-başla işə girişdi. Əlbəttə, mənzili, mebeli dəyişmədik, əvvəlki qaldı. Mənzilimiz iki otaqlı idi: biri böyük otaqdı, bir hissəsini ayırıb kassa eləmişdim, ikincisi də böyük otaqdı, bizim ikimizin otağımızdı, yataq otağımız da bu idi. Mebelim ucuz mebel idi; hətta onun xalalarının da mebeli mənimkindən yaxşı idi. Üstünə qəndil qoyulmuş sandıqçam, kassa olan otaqda idi; mənim otağımda isə bir şkaf vardı, bu şkafa bir neçə kitab qoymuşdum, girov qoyulan şeyləri də bura yığırdım, şkafın açarını özümdə saxlayırdım; yorğan-döşək, stollar, stullar da bu otaqda idi. Bir də qıza demişdim ki, xərcimiz, yəni mənim, onun və tovlaşdırıb gətirdiyim Lukeriyanın gündəlik yemək-içmək xərci, bir manat olmalıdır, bundan artıq olmaz: «Mən, guya, üç ildə otuz min manat pul toplamalıyam, artıq xərcləsəm, toplaya bilmərəm». Qız etiraz eləmədi, ancaq mən özüm xərci otuz qəpik də artırdım. Teatrı da üstəlik. Mən qıza demişdim ki; teatra getməyəcəyik, amma sonra belə qərara gəldim ki, ayda bir dəfə gedək, özü də əməlli-başlı gedək, kreslolarda əyləşək. Bir yerdə gedirdik, üç dəfə getmişdik, «Xoşbəxtlik ardınca», bir də deyəsən, «Çalı quşuna» baxmışdıq. (Ah, cəhənnəm olsun bunlar!) Dinməzcə gedir, dinməzcə də qayıdırdıq. Niyə, niyə biz lap əvvəldən susmağı qət eləmişdik? Axı əvvəllər aramızda söz-söhbət olmamışdı, amma yenə də dinib-danışmırdıq! Yadımdadır, qız o vaxt nədənsə elə hey xəlvətcə, gözaltı mənə baxırdı; mən bunu duyan kimi daha da qaradinməz oldum. Doğrudur, susmağımıza bais o deyil, mən idim. Qız bir, yaxud iki dəfə özünü saxlaya bilmədi, üstümə atılıb, məni qucaqladı: ancaq bu hiss xəstə, dəli hissi idi, mən isə əməlli-başlı səadət istəyirdim; istəyirdim ki, o mənə hörmət eləsin, ona görə də qıza soyuqluq göstərirdim. Belə eləməkdə haqlı idim: hər dəfə bu əhvalatın səhərisi günü aramızda dava-dalaş düşürdü.
Dava-dalaş deyəndə, savaşmırdıq, ancaq yenə qaradinməz olurduq, getdikcə də o təkəbbürlü olurdu. «Qiyam və müstəqillik» – o bunu istəyirdi, amma əlindən heç nə gəlmirdi. Bəli, sifətindən mütilik yağan bu qız getdikcə daha dikbaş olurdu. İnanırsınızmı, yavaş-yavaş məndən iyrənirdi, axı mən ona yaxşı bələd idim. Buna da şübhə yox idi ki, o bəzən hiddətlənib ani olaraq özündən çıxırdı. O cür zir-zibilin içindən çıxasan, dilənçilikdən, qulluqçuluqdan, döşəmə yumaqdan-qurtarasan, sonra birdən bizim kasıb güzəranımızı bəyənməyəsən, donquldanasan, belə də iş olar! Bilirsinizmi: kasıb deyəndə, kasıb deyildik, qənaətlə dolanırdıq, lazımi şeylərimiz isə, məsələn, dəyişək, gen-bol idi, təmizliyə fikir verirdik. Mən həmişə əvvəllər də bu fikirdə olmuşam ki, kişinin təmizliyi arvadın xoşuna gələr. Ümumiyyətlə, o mənim kasıblığımdan yox, guya xərc məsələsində simicliyimdən narazı idi: «Guya məqsədi var, möhkəm xasiyyətli adam olduğunu göstərmək istəyir». Birdən özü teatra getməkdən imtina elədi. Getdikcə də tez-tez dodaqları istehza ələ büzülürdü… Mənsə daha qaradinməz olmuşdum, daha çox susurdum.
Özümü təmizə çıxarmağın nə mənası? Burada işlərin hamısı sələmçiliklə bağlı idi. Bağışlayın: mən bilirdim ki, qadın, onda da on altı yaşlı qız ola, kişiyə tamam tabe olmaya bilməz. Qadınlarda orijinallıq yoxdur, bunu sübut eləməyə dəyməz, elə indi də mən bu fikirdəyəm! Nə olsun ki, o, otaqda uzanıb, olacağa çarə yoxdur və bu məsələdə heç Millin özünün də əlindən heç bir iş gəlməz! Sevən qadın isə, ah sevən qadın – sevdiyi adamın qüsurlarını da, hətta qatilliyini də göylərə qaldırır. O adam özünü təmizə çıxarmaq üçün, qadının onu təmizə çıxarmaq üçün dediyi sözləri tapıb deyə bilməz. Bu, alicənablıqdır, ancaq orijinal deyil. Qadını məhv eləyən yalnız qeyri-orijinal olmasıdır. İndi siz, yenə təkrar edirəm, o stolun üstünə qoyulan tabutdakını mənə niyə göstərirsiniz? Məgər o stolun üstündəki orijinaldırmı? İlahi!
Qulaq asın: o vaxt qızın məni sevdiyinə əmindim. Axı o vaxt özünü üstümə atır, boynuma sarılırdı. Deməli, sevirdi, daha doğrusu, sevmək istəyirdi, sevməyə çalışırdı. Başlıca məsələ isə budur ki, burada elə bir qatillik də yox idi ki, o məni doğrultmağa çalışmalı olsun. Siz deyirsiniz, sələmçisən, bunu elə hamı deyir. Sələmçi olanda nə olar? Əgər insanların ən nəcibi sələmçilik eləyirsə, onda, deməli, bunun bir səbəbi var. Bilirsinizmi, cənablar, elə ideyalar var… yəni, başa düşürsünüzmü, elə ideyalar var ki, dilinə gətirsən, sözlə ifadə eləmək istəsən, çox sarsaq çıxar. Elə çıxar ki, özün utanarsan. Niyə? Elə-belə. Ona görə ki, biz hamımız zibilik, özümüzün də həqiqətdən zəhləmiz gedir, ya da ola bilsin, mənim heç nədən başım çıxmır. Mən indicə «insanların ən nəcibi» sözünü işlətdim. Gülməli çıxır, amma yenə də əslində belə də var. Bu həqiqətdir, daha doğrusu, əsl həqiqətdir. Bəli, mənim o vaxt özümü təmin eləmək arzusunda olmağa, sələmçilik eləməyə haqqım vardı: «Siz məndən üz döndərdiniz, siz, yəni insanlar, məni nifrət dolu sükutla qovdunuz. Mən ürəkdən sizə yaxınlaşmaq istəyirdim, amma siz qəlbimə elə toxundunuz ki, ömrüm boyu yadımdan çıxmaz. İndi, deməli, mənim sizdən tamam uzaqlaşmağa, bu otuz min manat pulu toplayıb, Krımın bir yerində, Cənub sahilində, dağlarda, üzümlüklərin arasında bu pula alınmış malikanəmdə, başlıcası isə, sizin hamınızdan uzaqda, ancaq ürəyimdə sizə qarşı kin-küdurət olmadan, idealım, ürəyimə yatan qadınım, allah qismət eləsə, ailəmlə ətrafdakı adamlara kömək eləyə-eləyə yaşamağa haqqım var». Yaxşı ki, indi mən onları özlüyümdə deyirəm, əgər bunu o vaxt qıza danışmış olsaydım, çox axmaq çıxardı: Bax, mən buna görə məğrur-məğrur susurdum, bax, buna görə dinməzcə otururduq. Ona görə ki, axı o nə başa düşəcəkdi? On altı yaş hələ ilk gənclikdir, uşaqlıq dövrüdür, o mənim özümü doğrultmaq üçün dediklərimi, mənim çəkdiyim müsibətləri necə başa düşəcəkdi? O, gördüyünə inanırdı, özünün ucuz gənclik əqidələri vardı, həyatdan bixəbərdi, gözü hələ açılmamışdı, «gözəl qəlblər» sözünə inanırdı, ən başlıcası isə ortada sələmçilik sözü vardı, ona görə də heç danışmağa dəyməzdi (halbuki məgər mən sələmçi kimi insafsızdımmı, məgər o görmürdümü ki, mən adamları soymuram, artıq almıram?) Ah, Yer üzündə həqiqət necə dözülməzdir! Bu gözəl, bu həyalı qız, bu ilahə – mənim o qənimim, qəlbimi parçalayan qənimim, başıma bəla idi. Bunu deməsəm, öz-özümə böhtan atmış olaram. Siz elə bilirsiniz ki, mən onu istəmirdim? Kim deyə bilər ki, mən onu sevmirdim? Bilirsinizmi, həyat və taleyim məni amansızcasına ələ saldı! Biz bədbəxt doğulmuşuq, ümumiyyətlə, insanlar bədbəxtdirlər! (Xüsusilə mən!) Mən axı indi başa düşürəm ki, bu işdə nə isə bir səhvə yol vermişəm! Nə isə lazımi qaydada olmayıb. Hər şey aydın idi, mənim planım aydın idi, buludsuz səma kimi: «Sərtəm, məğruram, heç kimin əxlaq dərsinə, təsəllisinə ehtiyacım yoxdur, dinməzcə əzab çəkirəm». Necə deyirdim, elə idi, yalan demirdim, yalan demirdim! «Sonra özü görər ki, nəciblik eləyirəm, – ancaq o bunu görə bilmədi, duymadı, – bir vaxt bunu başa düşəndə qədrimi on qat artıq bilər, xəcalətindən yerə girər, qarşımda səcdə qılar». Planım belə idi. Ancaq burada mən nəyi isə unutmuşdum, yaxud nəzərdən qaçırmışdım. İndi kimdən əfv diləyəsən? Bitdi, hər şey beləcə bitdi. Cəsarətli ol, insan, məğrur ol! Səndə günah yoxdur!..
Nə eləmək olar, mən düzünü deyəcəyəm, mən həqiqətlə üz-üzə dayanmaqdan çəkinmirəm: təqsirkar özüdür, müqəssir özüdür!..
V
UTANCAQ QIZ DİKBAŞLIQ ELƏYİR
Aramıza söz-söhbət ona görə düşdü ki, birdən qız başladı pulu istədiyi kimi verməyə, şeylərə baha qiymət qoymağa, hətta iki dəfə bu barədə mənimlə mübahisəyə də girişmişdi. Mən onun fikrinə şərik olmadım. Elə bu ara bir kapitan arvadı gəldi,
Qoca kapitan arvadı bir medalyon gətirmişdi – mərhum əri bağışlamışdı, aydın məsələdir ki, yadigardı. Mən onu otuz manata götürdüm. Başladı sızıldaya-sızıldaya yalvarmağa ki, bunu satmayın, saxlayın, – mən əlbəttə saxlayacaqdım. Sözün qısası, beş gündən sonra bir qolbaq gətirdi ki, onu qoyub medalyonu aparsın, amma qolbağı heç səkkiz manata da dəyməzdi; mən, aydın məsələdir ki, razı olmadım. Yəqin qarı elə o vaxt arvadımın gözlərindən nəsə oxumuşdu; sonra mən evdə olmayanda qarı bizə gəlmiş və arvadım da qolbağı alıb medalyonu ona vermişdi.
Mən elə həmin gün əhvalatdan xəbər tutub, sıxıla-sıxıla, ancaq qəti və dəlil-sübutla sözümü dedim. O, yatağın üstündə oturmuşdu, sağ ayağının ucunu xalçaya vura-vura (xasiyyəti idi) yerə baxır, səfeh-səfeh gülümsünürdü. Onda mən, qətiyyən səsimi ucaltmadan, sakitcə dedim ki, pul mənimdir və istədiyim kimi hərəkət eləməyə, haqqım var, mən səni evimə gətirəndə səndən heç nə gizlətməmişəm, hər şeyi açıq demişdim.
Qız birdən sıçrayıb ayağa qalxdı, tir-tir titrədi, – siz bilən nə eləsə yaxşıdır, – birdən ayağını yerə döyüb üstümə yeridi, vəhşiləşmişdi, dəli kimi olmuşdu; dəli olmuş vəhşi heyvana oxşayırdı. Mən heyrətdən quruyub qalmışdım; onun bu cür hərəkət edə biləcəyini heç ağlıma gətirməzdim. Ancaq özümü itirmədim, hətta yerimdən də tərpənmədim, yenə əvvəlki qaydada, sakit-sakit dedim ki, bu gündən ona mənim işlərimə qarışmağı qadağan eləyirəm. Bu sözü eşidəndə qəh-qəhə çəkdi və evdən çıxdı.
Məsələ burasındadır ki, onun evdən çıxmağa ixtiyarı yoxdu. Mənsiz heç yerə gedə bilməzdi, hələ evimə gətirməmişdən belə şərt kəsmişdim. Axşam qayıdıb gəldi; mən ona bir kəlmə də olsun söz demədim.
Ertəsi gün səhər yenə getdi, o birisi gün yenə getdi. Mən kassanı bağlayıb, xalalarıgilə yollandım. Onlarla əlaqəni toy günündən kəsmişdim, nə evimə çağırırdım, nə də özüm onlara gedirdim. Maraqla söhbətimə qulaq asdılar, sonra gözümün içinə güldülər; dedilər ki, «Sizə hələ bu da azdır!» Ancaq mən onların güləcəklərini qabaqcadan bilirdim. Elə həmin dəqiqə kiçik xalasını, ərə getməyəni, yüz manat boyun olub ələ aldım, iyirmi beş manatını da qabaqcadan verdim. İki gündən sonra o yanıma gəlib dedi: «Burda bir zabitin – sizin keçmiş alay yoldaşınız poruçik Yefimoviçin əli var». Mən mat qaldım. Bu Yefimoviçin polkda mənə çox pisliyi keçmişdi, bir ay bundan əvvəl isə utanıb-qızarmadan bir-iki dəfə, guya şey girov qoymaq bəhanəsi ilə yanıma gəlmişdi, yadımdadır, onda arvadımla deyib-gülürdülər. O vaxt mən Yefimoviçə yaxınlaşıb dedim ki, bir də cəsarət eləyib ayağını mənim evimə basmasın, o bizim münasibətimizi yadına salsın; ancaq belə bir iş tutacağı heç ağlıma da gəlməzdi, elə-belə fikirləşirdim ki, həyasız adamdır. İndi qızın xalası birdən xəbər verirdi ki, arvadım onunla görüşməlidir, həm də aləmi bir-birinə qarışdıran xalaların bir keçmiş tanışı, dul qadın, polkovnik arvadı Yuliya Samsonovnaydı. Xalası dedi: «İndi sizin arvadınız o polkovnik arvadının yanına gedir».
Əhvalatın bu yerini müxtəsər eləmək istəyirəm. Cəmisi üç yüz manata qədər xərcim çıxdı, amma ikicə gündə işi elə qurdum ki, mən qonşu otaqda qapının dalında dayanacaq, arvadımla Yefimoviçin ilk görüşdə olan söhbətlərini eşidəcəkdim. Görüşdən bir gün əvvəl isə aramızda çox qısa, lakin mənim üçün çox ibrətamiz səhnə baş verdi.
Axşam evə qayıtdım, yatağın üstündə oturub, istehza ilə üzümə baxa-baxa ayağını xalçaya şappıldatmağa başladı. Ona nəzər salanda, qəflətən ağlıma bir fikir gəldi, düşündüm ki, bu axırıncı ayda, yaxud həmin əhvalatdan iki həftə əvvəl, o, əsl xasiyyətini qətiyyən büruzə vermirdi, demək olar ki, tamam başqa xasiyyətli adam idi: o yavaş-yavaş dəli, adamın üstünə hücum çəkən quduz, həyasız olmasa da, öcəşkən, qalmaqal axtaran bir xilqətə çevrilirdi. Dava-dalaş axtarırdı. Ancaq utancaqlığı buna mane olurdu. Beləsi dəliliyə başlayanda, həddini aşsa da, hiss eləyirsən ki, bu işi zorla görür, özünü məcbur eləməyə çalışır, ismətini, həyasını ilk dəfə özü ata bilmir. Bu səbəbdən də belələri bəzən hədlərini elə aşır, elə ağ eləyirlər ki, adam gördüyünə, eşitdiyinə inana bilmir. Əxlaqsızlığa alışmış adam isə, əksinə, həmişə işini əlaltından görür, əməli daha iyrənc olur, ancaq bunu elə qayda-qanun və ədəb qılığına salır ki, dili sizin üstünüzdə uzun olur.
– Doğrudanmı sizi polkdan qorxaqlıq eləyib duelə çıxmadığınıza görə qovublar? – deyə qız qəflətən soruşdu və gözləri parıldadı.
– Doğrudur; bu əhvalatdan qabaq istefaya çıxmaq barədə ərizə vermişdim, ancaq mənə, zabitlərin hökmü ilə, polkdan getməyi təklif elədilər.
– Qorxaq adam kimi qovdular?
– Bəli, onlar məni qorxaq hesab eləmişdilər. Ancaq mən dueldən, qorxaq olduğuma görə imtina etməmişdim, ona görə imtina etmişdim ki, onların qəddar qanunlarına tabe olub, inciklik, təhqir duymadan duelə çıxmaq istəmirdim. Bilirsinizmi nə var, – bu yerdə mən özümü saxlaya bilmədim, – bu cür qəddarlığa qarşı çıxmaq, üsyan qaldırmaq duelə çıxmaqdan qat-qat böyük mərdlik göstərmək deməkdir.
Mən özümü saxlaya bilmədim, bu sözü deməklə, elə bil, özümü təmizə çıxarmağa çalışırdım. Ona da elə bu lazım idi, məni alçaltmaq istəyirdi. Qız acı-acı güldü.
– Doğrudurmu ki, siz sonra üç il Peterburqun küçələrində avara-sərgərdan dolanıb, sədəqə diləmisiniz, bilyardların altında yatmısınız?
– Mən Sennayada, Vyazemskinin evində də gecələmişəm. Bəli, doğrudur; mən həyatda sonralar, polkdan qovulandan sonra, çox rüsvayçılıq görmüşəm, alçalmışam, ancaq şəxsiyyətimi uca tutmuşam, çünki hətta o vaxt da öz hərəkətimə hamıdan qabaq mən özüm nifrət etmişəm. Bu yalnız iradəsizliyimin, ağılsızlığımın nəticəsi idi, yalnız onun nəticəsi idi ki, ümidsizliyə qapılmışdım. Ancaq bu keçib getdi…
– Hə, indi siz böyük şəxsiyyətsiniz – maliyyəçisiniz! Mənim sələmçiliyimə işarə vururdu. Ancaq mən dərhal özümü ələ aldım. Görürdüm ki, o məni adamı alçaldan söhbətlərə çəkmək istəyir, ona görə də buna imkan vermədim. Bir də xoşbəxtlikdən müştəri zəng çaldı və onun yanına, böyük otağa keçdim. Bir saatdan sonra o, geyinib evdən çıxanda, qarşımda dayanıb dedi:
– Amma siz, toydan qabaq, bu barədə mənə bircə kəlmə də deməmisiniz!
Mən cavab vermədim, o çıxıb getdi.
Ertəsi gün mən cibimdə tapança, həmin otaqda qapının dalında dayanıb, taleyimin necə həll olunacağını gözləyirdim. Arvadım geyimli-keçimli, stolun arxasında oturmuşdu. Yefimoviç isə onun qabağında özünü göstərirdi. Nə olsa yaxşıdır: əhvalat eyni ilə mənim ürəyimə daman kimi, güman elədiyim kimi oldu; amma mən ürəyimə damanı və güman elədiyimi dərk eləmirdim. Bilmirəm, fikrimi aydın deyə bildimmi?
Əhvalat belə oldu. Mən düz bir saat çox nəcib və ülvi bir qadının, kübar cəmiyyətdən çıxmış pozğun, küt, yaltaq təbiətli bir kişi ilə çarpışmasının şahidi oldum. Mən mat-məəttəl öz-özümə fikirləşirdim: bu sadəlövh, utancaq, qaradinməz qız bunların hamısını hardan bilir? Ən mahir kübar məzhəkənəvisi də belə gülməli səhnə yarada bilməz, belə saf gülüş, qüsurlara belə hədsiz nifrət doğura bilməzdi. Onun sözləri qısa, danışığı nə qədər aydın idi; yeyin cavabı nə qədər kəskin idi, mühakiməsi nə qədər doğru idi! Eyni zamanda danışığı məsum, sadəlövh idi. Qız onun elani-eşqini, davranışını, təkliflərini gözünün içinə ələ salırdı. İşə hazırlıqsız, qəflətən girişmiş, müqavimətə rast gələcəyini güman eləməyən Yefimoviç quruyub qalmışdı. Mən əvvəlcə fikirləşə bilərdim ki, qız sadəcə naz-qəmzə satır, – «özünü ucuz satmamaq üçün, əxlaqsız da olsa, ağıllı qadın naz-qəmzəsi». Ancaq belə deyildi, həqiqət günəş kimi işıq saçdı və şübhəyə yer qalmadı. Acığından, təcrübəsiz qadın bu görüşə mənə nifrət elədiyinə görə, elə-belə gəlmişdi, ancaq mətləb üstünə gələn kimi dərhal gözü açılmışdı. Bu insan məni hər necə olsa təhqir etmək üçün vurnuxurdu, ancaq belə çirkin iş tutmağı, pozğunluq, şərəfsizlik eləməyi mənliyinə sığışdıra bilmirdi. Bu məsum, pak, amallı qadını Yefimoviç yaxud kübar xilqətdən kim yoldan çıxara bilərdi? Əksinə, Yefimoviç gülünc vəziyyətə düşmüşdü. Qızın qəlbində həqiqət baş qaldırmış və qəzəbi ürəkdən gələn amansız istehzaya çevrilmişdi. Təkrar edirəm, bu təlxək axıra yaxın lap tutulmuşdu, büzüşüb oturmuşdu, güclə cavab verirdi, ona görə mən hətta qorxuya düşdüm ki, intiqam almaq üçün onu təhqir eləmək fikrinə düşər. Bir də təkrar eləyirəm, bu söhbəti mən, demək olar ki, sakit dinlədim. Elə bil, bir tanış hadisə görürdüm. Elə bil buraya bu əhvalatı görməyə gəlmişdim. Cibimdə tapança olsa da heç bir şeyə inanmırdım, günah işlənəcəyini ağlıma gətirmirdim, düzü belə idi! Məgər mən onu başqa cür təsəvvür eləyə bilərdimmi? Mən onu niyə sevirdim, niyə onu əziz tuturdum, niyə evlənmişdim? Doğrudur, o zaman məndə şübhə yeri qalmadı, qəti mən inandım ki, məndən zəhləsi gedir, ancaq onun təmizliyini də gördüm. Mən qəfil qapını açıb, səhnəyə son qoydum. Yefimoviç sıçrayıb ayağa qalxdı, mən arvadımın qolundan tutub, buradan çıxmağı təklif etdim. Yefimoviç özünə gəldi və birdən ucadan qəhqəhə cəkib güldü:
– Etiraz eləmirəm, bu sizin müqəddəs ərlik haqqınızdır, aparın, aparın! – Sonra da ardımca qışqırdı: – Özü də bilirsinizmi nə var, abırlı adam sizinlə atışmaz, ancaq arvadınızın xatirinə, mən sizin qulluğunuzda hazıram… Əgər siz buna ürək eləsəniz…
Mən arvadımı bir anlığa kandarda saxlayıb dedim:
– Eşidirsinizmi!
Sonra evə çatanacan bircə kəlmə də danışmadım. Mən onu qolundan yapışıb aparırdım, o da dartınmırdı. Əksinə, yaman sarsılmışdı, ancaq bu biz evə çatana kimi davam etdi. Evə girəndə o, stulda oturdu və gözünü mənə zillədi. Bət-bənizi tamam qaçmışdı; dodaqları dərhal istehza ilə büzülsə də, indi o mənə təntənə ilə, sərt, meydan oxuyurcasına baxırdı, həm də deyəsən, ilk dəqiqələr qəti əmindi ki, mən onu tapança ilə vurub öldürəcəyəm. Ancaq mən dinməzcə tapançanı cibimdən çıxartdım və stolun üstünə qoydum. Qız gah mənə, gah tapançaya baxırdı. (Yadınızda saxlayın: bu tapança ona tanış idi. Onu mən sələmçiliyə başladığım gün almış və doldurmuşdum. Sələmçiliyə başlayanda mən belə qərara gəlmişdim ki, nə yekə itlər, nə də məsələn, Mozer kimi qolu zorlu nökər saxlayacağam. Müştəri gələndə qapını qulluqçu açırdı. Ancaq bizim peşənin sahibləri hər ehtimala qarşı, özünü qorumaq üçün, gərək ehtiyatını əldən verməsin, ona görə mən də yanımda dolu tapança saxlayırdım. Qız, ilk günlər, evimə gələndən sonra, bu tapança ilə çox maraqlanırdı, məni sorğu-suala tuturdu. Mən də ona hətta tapançanın quruluşu barədə izahat verirdim, üstəlik hələ bir dəfə də dilə tutub atdırmışdım. Bunların hamısını yadınızda saxlayın.) Mən onun qorxuya düşməsinə əhəmiyyət vermədən, yarısoyunmuş yatağa uzandım. Tamam haldan düşmüşdüm: saat on birə az qalırdı. Qız bir saat da elə oturduğu yerdə hərəkətsiz qaldı, sonra şamı söndürdü, sonra da elə paltarlı, divarın dibindəki divanda uzandı. İlk dəfə idi ki, ayrı yatırdıq, bunu da yadınızda saxlayın…
VI
DƏHŞƏTLİ XATİRƏ
İndi bu, dəhşətli xatirə olub… Mən səhər, deyəsən, saat səkkizə işləyəndə, yuxudan ayıldım, hava demək olar, tamam işıqlanmışdı. Mən ağlım başımda, birdən yuxudan ayıldım və gözümü açdım. Qız əlində tapança stolun yanında dayanmışdı. O mənim ayıldığımı və ona baxdığımı bilmirdi. Birdən gördüm ki, o, əlində tapança yavaş-yavaş mənə tərəf gəlir. Tez gözümü yumdum; guya bərk yuxuya getmişdim.
Arvadım yatağa yaxınlaşıb, başımın üstündə dayandı. Mən hər şeyi eşidirdim; otağa məzar sükutu çökmüşdü, amma mən bu sükutun da səsini eşidirdim. Bu yerdə qıc olmaya oxşar bir hal baş verdi, mən özümü saxlaya bilmədim. Qeyri-iradi birdən gözümü açdım. Qız mənə, düz gözümün içinə baxırdı, tapança da gicgahıma söykənmişdi. Ancaq biz bir-birimizə yalnız bircə an baxdıq. Mən yenə gözümü bərk-bərk yumdum və dərhal qəti qərara gəldim ki, daha tərpənməyəcəyəm, başıma nə iş gələcək gəlsin, gözümü açmayacağam.
Doğrudan da, bəzən elə hallar olur ki, dərin yuxuda olan adam birdən gözünü açır, hətta bir saniyəliyə başını qaldırır və otağa göz gəzdirir, bir an keçəndən sonra yenə huşsuz halda başını balıncın üstünə qoyur və heç bir şey xatırlamadan yuxuya gedir. Mən onunla göz-gözə gəlib, tapançanı gicgahımda hiss eləyəndə, təzədən gözümü yumub, dərin yuxuda olan adam kimi quruyanda, o, doğrudan da elə güman eləyə bilərdi ki, mən həqiqətən yatmışam, heç bir şey görməmişəm, üstəlik də ona görə ki, mənim gördüyümü görüb, gözünü təzədən yummaq ağıla batan iş deyildi.
Bəli, ağıla batan iş deyildi. Ancaq o, həqiqəti də duya bilərdi, – elə həmin an birdən mənim ağlımdan bu fikir də keçdi. Ah, bir andan da az müddətdə beynimdən necə fikir, hiss qasırğası keçdi, yaşasın insan beyni elektriki! Əgər beləydisə (mən bunu hiss elədim), əgər o həqiqəti duymuşdusa, mənim yatmadığımı bilirdisə, onda mən ölümdən çəkinməməyimlə onu sarsıtmışdım və indi ola bilsin ki, əli əsirdi. Yeni qeyri-adi təəssürat əvvəlki qətiyyəti poza bilərdi. Deyirlər ki, yüksəkdə dayananlar özləri aşağıya, uçuruma can atırlar. Mən bu fikirdəyəm ki, intiharların və ölümlərin çoxu yalnız ona görə baş verir ki, tapançanı əlinə alan atmalıdır. Bu da uçurumdur, qırx beş dərəcə yamacdır, burada sürüşməmək mümkün deyil, ona görə də sizi nə isə qarşısıalınmaz bir şey tətiyi çəkməyə təhrik edir. Lakin mənim hər şeyi görməyim, hər şeyi bilməyim, dinməzcə ölümümü gözləməyim və qızın bunu dərk etməsi, onu fikrindən daşındıra bilərdi.
Sükut davam edirdi; birdən mən gicgahıma, saçlarıma soyuq dəmir toxunduğunu hiss etdim. Siz soruşa bilərsiniz: mən xilas olacağıma çoxmu əmin idim? Elə hesab eləyin ki, allahın hüzurunda cavab verirəm: heç bir ümidim yox idi, yalnız yüz təsadüfdən birinə ümidim ola bilərdi. Bəs onda niyə ölümə gedirdim? Onda mən də sizdən soruşuram: canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi? Bundan əlavə, mən bütün varlığımla hiss edirdim ki, həmin bu an aramızda mübarizə gedir, yoldaşları tərəfindən qorxaqlığına görə qovulmuş dünənki qorxaq, dəhşətli ölüm-dirim mübarizəsi aparır. Mən bunu bilirdim, o da bunu bilirdi – əgər mənim yatmadığımı duymuşdusa, həqiqəti bilirdi.
Bəlkə də belə deyildi, bəlkə də o vaxt mən belə düşünmürdüm, ancaq hər halda, fikrimdən keçməsə də, belə olmalı idi, ona görə ki, sonra mən ömrüm boyu hər saat yalnız bu barədə düşünürdüm.
Ancaq siz məndən yenə soruşa bilərsiniz: niyə onu bu cinayətdən çəkindirmək istəmədim. Sonralar mən bu sualı, hər dəfə həmin anı xatırlayanda, kürəyimi buz kimi soyuq tər basanda, öz-özümə min dəfə vermişəm. Ancaq o vaxt qəlbimi ümidsizlik bürümüşdü: mən məhv olurdum, özüm məhv olurdum, belə olan halda mən kimi xilas edə bilərdim? Bir də siz nə bilirsiniz ki, mən o vaxt birisini xilas eləmək istəyirdim? Nə bilirsiniz ki, mən onda nə hiss edə bilərdim?
Hər halda beynimdə fikirlər qaynayırdı; saniyələr keçirdi, məzar sükutu davam edirdi; qız hələ də başımın üstünü kəsdirmişdi – qəfil qəlbimə dolan bir ümiddən səksəndim! Tez gözümü açdım. Qız otaqda yox idi. Mən yataqdan qalxdım; qalib gəlmişdim, o isə ömürlük məğlub olmuşdu!
Samovar qoyulmuş otağa keçdim. Bizim evdə samovarı həmişə birinci otağa qoyurdular, özü də çayı həmişə o özü süzürdü. Mən süfrə başında əyləşdim, onun süzüb mənə uzatdığı çayı aldım. Beş dəqiqədən sonra başımı qaldırıb üzünə baxdım. Bət-bənizi ağappaq idi, dünənkindən də ağ idi, özü də mənə baxırdı. Qız birdən ona baxdığımı gördü, ağarmış dodaqlarını büzüb gülümsündü, gözlərində ürkək sual oxunurdu. «Belə çıxır ki, hələ də şübhə eləyir və öz-özündən soruşur: bilir, ya bilmir, gördü, ya görmədi?» Mən laqeyd-laqeyd üzümü kənara çevirdim. Çaydan sonra kassanı bağladım, bazara getdim, bir dəmir çarpayı və pərdə aldım. Evə qayıdandan sonra, tapşırdım ki, çarpayını böyük otağa qoysunlar, pərdəni də qabağına çəksinlər. Çarpayını ona almışdım, ancaq mən ona heç bir söz demədim. Deməsəm də çarpayını görəndə başa düşdü ki, «hamısını görmüşəm, hər şeyi bilirəm», şübhədən tamam çıxdı. Axşam tapançanı həmişəki kimi, stolun üstünə qoydum. Gecə o dinməzcə təzə yatağına uzandı, kəbinimiz pozuldu, «məğlub edildi, ancaq bağışlanmadı». Gecə sayıqlamağa başladı, səhər qızdırmadan od tutub yanırdı. O, altı həftə xəstə yatdı.
İkinci fəsil
I
MƏĞRURLUQ YUXUSU
Lukeriya indicə mənə xəbərdarlıq elədi ki, mənim evimdə qalmayacaq, xanımını dəfn eləyən kimi çıxıb gedəcəkdir. Diz çöküb beş dəqiqə dua oxudum, əslində bir saat dua oxumaq istəyirdim, ancaq elə hey fikirləşirdim, fikirləşirdim, özü də xəstə fikirlər, xəstə baş, – belə olan halda duanın nə faydası – başdan-ayağa günahdır! Bir də qəribəydi ki, yuxum gəlmirdi: böyük bədbəxtlik üz verəndə, çox böyük bədbəxtlik üz verəndə, ilk güclü partlayışdan sonra adamı həmişə yuxu basır. Ölümə məhkum edilmiş adamlar, deyirlər ki, axırıncı gecə çox möhkəm yatırlar. Belə də olmalıdır, təbiətin qanunudur, yoxsa insan tab gətirməz… Mən divanda uzandım, ancaq yata bilmədim…
Xəstə yatdığı altı həftə ərzində biz – mən, Lukeriya, bir də pulla tutduğum oxumuş qadın, xəstəxana baxıcısı – gecə-gündüz ona qulluq eləyirdik. Mən xəsislik eləmirdim, hətta ona pul xərcləmək istəyirdim, həkim Şrederi çağırırdım„ hər gəlişinə də on manat verirdim. Huşu özünə gələndən sonra gözünə az-az görünməyə çalışdım. Xülasə, təsvir eləməyə dəyməz. Tamam sağalıb ayağa qalxandan sonra dinməzcə, sakitcə mənim otağıma keçib xüsusi stolun, xəstə olduğu vaxt onun üçün aldığım stolun arxasında əyləşdi… Bəli, doğrudur, biz qətiyyən dinib-danışmırdıq; daha doğrusu, sonra söhbətə başladıq, ancaq oradan-buradan danışırdıq. Mən, əlbəttə, qəsdən söz-söhbət salmırdım, ancaq çox yaxşı hiss eləyirdim ki, o artıq söz-söhbət olmamasına sevinir. Onun bu hərəkəti mənə çox təbii gəlirdi, fikirləşirdim ki, «çox sarsılıb, yaman məğlub olub, əlbəttə, elə eləmək lazımdır ki, yadından çıxsın, yavaş-yavaş toxtasın». Bu qayda ilə biz susurduq, ancaq mən hər dəqiqə özlüyümdə gələcəyə hazırlıq görürdüm, fikirləşirdim ki, o da mən vəziyyətdədir, ona görə də maraqlanırdım: görəsən, indi o özlüyündə məhz nə barədə düşünür?
Bir söz də deyim: xəstə olduğu müddətdə mənim nələr çəkdiyimdən, başının üstündə nə qədər sızıldadığımdan heç kimin xəbəri yoxdu. Mən ürəyimdə sızıldayırdım, bunu hətta Lukeriyadan da gizlədirdim. Mən onun əhvalatdan xəbərsiz öləcəyini təsəvvürümə gətirə bilmirdim, hətta bunu ağlıma sığışdıra bilmirdim. Elə ki, təhlükə sovuşdu, yavaş-yavaş səhhəti yaxşılaşmağa başladı, yadımdadır, tezliklə tamam sakitləşdim. Hələ üstəlik, qərara gəldim ki, taleyimizin həllini mümkün qədər uzadım, sonraya saxlayım, vəziyyət hələlik necə varsa elə də qalsın. Bəli, onda nə isə qəribə, xüsusi halda idim, buna başqa ad tapa bilmirəm: qalib çıxmışdım və təkcə bunu dərk eləməyim mənə kifayət idi. Qışı bu cür başa vurduq. Mən həyatımdan razı idim, ömrümdə həyatımdan belə razı olmamışdım, bütün qış belə keçdi.
Bilirsinizmi, mənim həyatımda bir dəhşətli əngəl vardı, bu əngəl, o vaxta qədər, yəni arvadımla aramız dəyənə kimi, hər gün, hər saat mənə əzab verirdi, mənə əzab verən hörmət-izzətimi itirməyim, polkdan qovulmağım idi. İkicə kəlmə ilə desəm: mənə qarşı ağlasığmaz haqsızlıq eləmişdilər. Doğrudur, xasiyyətim ağır olduğuna görə, bəlkə də gülməli xasiyyətimə görə yoldaşlarım məni sevmirdilər, ancaq çox vaxt elə olur ki, sizə ülvi, müqəddəs, səcdəyə layiq görünən bir şey, nədənsə bir dəstə yoldaşınıza gülməli gəlir. Məni, heç vaxt, hətta məktəbdə də sevməyiblər. Mən heç vaxt, heç yerdə sevilməmişəm. Məni Lukeriya da sevə bilməzdi. Polkda başıma gələn əhvalat sevilməməyimin nəticəsi olsa da, heç şübhə yoxdur ki, təsadüfi işdi. Sözü ona gətirirəm ki, dünyada, bulud kimi ötüb-keçə biləcək axmaq təsadüfün, bir-birinin dalınca gələn bədbəxtliyin qurbanı olmaqdan da ağır, dözülməz iş yoxdur. Bu, ziyalı adam üçün təhqirdir. Əhvalat belə olmuşdu.
Teatrda, fasilə vaxtı, bufetə getdim. Qusar A-v qəflətən içəri girib, zabitlərin və camaatın yanında ucadan iki qusar yoldaşına dedi ki, bizim polkun kapitanı Bezumtsev elə indicə dəhlizdə dava salmışdı, «özü də deyəsən, sərxoşdu». Söhbət baş tutmadı, bir də qusar səhv eləyirdi, çünki kapitan Bezumtsev sərxoş deyildi, heç dava-zad da olmamışdı. Qusarlar söhbəti dəyişdilər və danışıq beləcə qurtardı, ancaq ertəsi gün əhvalat bütün polkda yayıldı, dərhal söz-söhbət başladı ki, bufetdə bizim polkdan təkcə mən olmuşam, qusar A-v kapitan Bezumtsev haqqında hərzə-hərzə danışanda mən A-va yaxınlaşıb onun ağzından vurmamışam. Ancaq mən niyə onun ağzından vurmalıydım? Əgər onun Bezumtsevlə ədavəti vardısa, bu onların öz işləri idi, daha mən niyə onların işinə qarışmalıydım? Ancaq zabitlər belə nəticəyə gəldilər ki, bu, şəxsi iş deyil, polka da dəxli var, bizim polkun zabitlərindən orada yalnız mən olduğum üçün, bufetdəki zabitlərə və camaata göstərmişəm ki, bizim polkda özünün və polkun şərəfini o qədər də uca tutmayan zabitlər var. Onların bu fikri ilə razılaşa bilməzdim. Məni başa saldılar ki, gec də olsa, A-v ilə rəsmiyyət xatirinə danışmaq istəsəm, hələ işi yoluna qoymaq mümkündür. Mən buna razı olmadım və hirslənib onların təklifini qəti rədd elədim. Sonra dərhal istefaya çıxdım, – əhvalat bax belə olmuşdu. Mən əyilmədim, ancaq ruhən əzildim. Mən iradəmi və ağlımı itirmişdim. Elə bu vaxt məlum oldu ki, yeznəm Moskvada bizim azacıq var-yoxumuzu, o cümlədən mənim də cüzi payımı satıb dağıdıb; mən qəpiksiz qaldım. Bir idarəyə işə girə bilərdim, ancaq girmədim: o cür gözəl mundirdən sonra dəmir yoluna işə girə bilməzdim. Xəcalət, rüsvayçılıq, düşkünlük, özü də nə qədər pis olsa, bir o qədər yaxşıdır – mən bax, bunu seçdim. Üç il bu cür məşəqqət çəkdim. Vyazemskinin evində oldum. İl yarım bundan əvvəl Moskvada bir varlı qohumum, xaç anam vəfat elədi, o, başqaları ilə bərabər mənə də üç min manat vəsiyyət eləmişdi. Mən götür-qoy elədim və elə o vaxt özümə həyat yolu seçdim. Mən heç bir şeyi vecimə almadan, sələmçilik eləmək qərarına gəldim: pul, sonra ev-eşik və əvvəlki xatirələrdən uzaqda yeni həyat – planım belə idi. Ancaq rüsvayçı keçmişim və ad-sanımın, namusumun ləkəli olması hər saat, hər dəqiqə mənə əzab verirdi. Bu ara mən evləndim. Bu, təsadüfi evlənmə idimi, ya yox, – bilmirəm. Amma mən onu evimə gətirəndə fikirləşirdim ki, evimə dost gətirirəm, mənim dosta çox ehtiyacım vardı. Ancaq mən görürdüm ki, bu dostu hazırlamaq, kəm-kəsrini düzəltmək, hətta onun inadını sındırmaq lazımdır. İndi deyin görüm, mən bu on altı yaşlı, özündən bədgüman qıza dərhal nəyi açıb deyə bilərdim? Məsələn, təsadüfən tapançanın köməyi ilə baş vermiş dəhşətli hadisə olmasaydı, onu necə inandıra bilərdim ki, məni qorxaq kimi qələmə verməkdə ədalətsizlik eləyiblər? Amma həmin hadisə yerinə düşdü. Tapançadan qorxmadığım üçün, mən bütün keçmiş rüsvayçılıqların qisasını aldım. Doğrudur, bunu heç kim bilmədi, ancaq qız bildi, bu da mənim üçün hər nəyə desən dəyərdi, çünki onu canım-ciyərim hesab eləyirdim, özümdən ayırmırdım, arzularımda o mənim gələcəyim, ümidim idi. O mənə lazım olan yeganə insan idi, mənə başqa adam lazım deyildi – indi o hər şeyi bilirdi; hər halda bilirdi ki, düşmənlərimlə birləşməyə tələsməkdə ədalətsiz iş tutub. Bu fikir məni göylərə qaldırdı. Mən indi onun közündə alçaq adam ola bilməzdim, olsa-olsa məni o qəribə adam hesab eləyə bilərdi, ancaq bu fikir, indi, bütün olub-keçən əhvalatlardan sonra, mənə o qədər də ağır gəlmirdi, qəribəlik qüsur deyil, əksinə, qəribəlik bəzən qadınların xoşuna gəlir. Sözün qısası, mən işin axırını qəsdən uzadırdım, ləngidirdim: baş verən əhvalat hələlik mənim sakitləşməyim üçün kifayət idi, hətta artıqdı, üstəlik də bu mənə xəyala dalmaq üçün həddindən çox lövhələr, material vermişdi. Elə işin pis tərəfi də o idi ki, mən xəyalpərəstdim: materialım kifayətdi, qız barədə isə fikirləşirdim ki, hələ vaxt var.
Beləcə qışı nigarançılıq, intizar içində başa vurduq. O bəzən öz stolunun arxasında əyləşəndə, mən xəlvətcə ona tamaşa eləməyi sevirdim. O, iş görürdü, tikiş tikirdi, axşamlar isə bəzən mənim şkafımdan götürdüyü kitabları oxuyurdu. Şkafa yığılmış kitablar da mənə kömək eləməli idi. O, demək olar ki, evdən bayıra çıxmırdı. Mən hər gün nahardan sonra, hələ şər qovuşmamış, onu gəzməyə, başmaq seyrinə çıxarırdım: özü də biz əvvəllər olduğu kimi lal-dinməz gəzmirdik, söhbət eləyirdik. Mən özümü elə göstərirdim ki, guya biz susmuruq, mehriban-mehriban söhbət eləyirik, ancaq bayaq dediyim kimi, ikimiz də elə eləyirdik ki, söhbət dərinə getmirdi. Mən bunu qəsdən eləyirdim. Onun barəsində isə fikirləşirdim: «möhlət vermək lazımdır». Əlbəttə, bir qəribə əhvalat da vardı. Mən xəlvəti ona tamaşa eləməyi sevirdim, amma o tək bircə dəfə də olsun, başını qaldırıb üzümə baxmırdı, bunu mən, ta qış çıxana kimi qətiyyən duymamışdım! Fikirləşirdim ki, bu onun utancaqlığından irəli gəlir. Üstəlik də xəstəlikdən sonra o çox zəifləmişdi, çox ürkək, həlim görkəmi vardı. Fikirləşirdim ki, yaxşısı budur gözləyim: «axırı bir gün qəflətən özü mənə yaxınlaşacaq…»
Bu fikir məni yaman qanadlandırırdı. Bir şeyi də əlavə eləyim: bəzən mən, elə bil qəsdən, öz-özümü qızışdırır, əqlən və ruhən elə hala düşürdüm ki özümü doğrudan da ondan incimiş kimi hiss eləyirdim. Bir müddət belə davam elədi. Ancaq mənim nifrətim heç vaxt möhkəmlənə, qəlbimdə kök sala bilməzdi. Üstəlik, mən özüm də hiss eləyirdim ki, bu, deyəsən, yalnız oyundur. O zaman mən çarpayı və pərdə almaqla nikahımızı pozmuş olsam da, heç vaxt, heç vaxt ona cinayətkar kimi baxa bilməmişdim. Həm də ona görə yox ki, işlədiyi cinayət barədə səthi düşünürdüm, ona görə ki, onu tamam bağışlamaq, elə birinci günü, hətta çarpayını almamışdan da qabaq bağışlamaq fikrində idim. Bir sözlə, bu mənim tərəfimdən qəribəlik idi, çünki davranış məsələsində mən sərt idim. Əksinə, onun alçalması fikri bəzən çox xoşuma gəlsə də hərdən gözümə elə məğlub, elə alçalmış, elə əzilmiş görünürdü ki, ona yazığım gəlirdi, ürəyim ağrıyırdı. Bizim qeyri-bərabərliyimiz xoşuma gəlirdi…
Mən həmin qış qəsdən bir neçə xeyirxah iş görmüşdüm. İki adamın borcunu bağışlamışdım, bir yoxsul qadına girovsuz-filansız pul vermişdim. Arvadıma da bu barədə bir söz deməmişdim, həm də ona görə yox ki, özünün xəbər tutmasını istəyirdim, yox, elə-belə eləmişdim; ancaq o arvad minnətdarlıq eləməyə gəldi, özü də az qaldı ayağıma yıxılsın. Bu qayda məsələ aşkar oldu: mənə elə gəldi ki, arvada elədiyim yaxşılıqdan xəbər tutanda, bu işim doğrudan çox xoşuna gəldi.
Ancaq bahar gəlirdi, aprelin ortaları idi, biz pəncərələrin ikiqat çərçivələrini çıxartmışdıq, günəşin gur şüaları sakit otaqlarımızı nura qərq eləyirdi. Amma mənim, elə bil gözümə pərdə gəlmişdi, ağlım azmışdı. Müdhiş, dəhşətli pərdə! Necə oldu ki, pərdə birdən çəkildi, gözüm açıldı, mən hər şeyi başa düşdüm! Bu, təsadüfmü idi, ya möhlət günümü belə tez gəlmişdi, yaxud günəş şüaları kütləşmiş zehnimi oyatmış, məni ayıltmışdı? Yox, fikrin, ayılmağın dəxli yox idi, ölmüş bir damar qəflətən tərpənmişdi, silkinib dirilmiş və mənim daşa dönmüş qəlbimi, quduq mənliyimi işıqlandırmışdı. O vaxt mən, elə bil, qəflətən yerimdən sıçradım. Özü də bu hal qəflətən və gözlənilmədən gəldi. Bu, axşamüstü, yeməkdən sonra, saat beşdə oldu.
II
PƏRDƏ QƏFİL ÇƏKİLDİ
İkicə kəlmə bu əhvalatdan qabaq olub-keçənlər barədə deyim. Hələ bir ay əvvəl onda qəribə bir dalğınlıq duymuşdum, bu qaradinməzlik deyildi, dalğınlıqdı. Mən bunu da qəti duymuşdum. Onda o oturub iş görürdü, başını aşağı salıb tikiş tikirdi, mənim ona tamaşa elədiyimi görmürdü. Birdən onun belə nazildiyini, arıqladığını, bət-bənizinin çəkildiyini, dodaqlarının ağardığını görəndə mat qaldım, bütün bunlar, üstəlik də onun qəfil və həddindən artıq dalğınlığı əhvalımı pozdu və məni təəccübləndirdi. Mən əvvəllər də onun, xüsusən gecələr, arabir quru öskürəyini eşitmişdim. Mən dərhal ayağa qalxdım və ona deməmiş, Şrederi çağırmağa getdim.
Şreder ertəsi günü gəldi. Qız çox təəccüb qaldı, o gah Şrederə, gah da mənə baxırdı.
Qız qəribə tərzdə gülümsünüb dedi:
– Mən tamam, tamam sağlamam.
Şreder ona yaxşı baxmadı (bu həkimlər bəzən çox laqeyd olurlar), ancaq o biri otaqda mənə dedi ki, bu onda xəstəlikdən sonra qalıb, yaxşı olardı ki, baharda dəniz sahilinə, yaxud, bu mümkün deyilsə, elə-belə bağa köçəsiniz. Qısası, heç nə demədi, yalnız dedi ki, zəifdir, daha nə bilim, nə olub. Şreder gedəndən sonra o birdən üzümə çox ciddi baxa-baxa yenə dedi:
– Mən qətiyyən, qətiyyən xəstə deyiləm.
Ancaq sözünü bitirən kimi, yəqin utandığından, qıpqırmızı qızardı. Görünür, bu, utancaqlıq idi. İlahi, mən indi başa düşürəm: o utanırdı ki, mən hələ də həqiqi əri kimi onun qayğısına qalıram. Ancaq o zaman mən bunu başa düşmədim və qızarmasını mütilik əlaməti hesab elədim (pərdə!).
İndi, həmin əhvalatdan bir ay sonra, saat beşdə, aprel ayında, günəşli bir gündə, mən kassada oturub haqq-hesab çəkirdim. Birdən qulağıma dəydi ki, o bizim otağımızda, öz stolunun arxasında, iş görə-görə astadan… zümzümə eləyir. Bu yenilik məni yaman sarsıtdı, heç indi də baş aça bilmirəm ki, nə işdi. O vaxta qədər mən onun oxumasını, demək olar ki, heç eşitməmişdim, yalnız ilk günlər, evimə təzəcə gətirdiyim vaxtlar, nişan qoyub, tapança ata-ata şıltaqlıq elədiyimiz vaxt oxuyardı. O vaxt səsi hələ güclü idi, əsəbi olsa da, cingiltili idi, amma çox xoş, təmiz səsi vardı. İndi isə mahnı çox zəif çıxırdı, – oxuduğu kədərli mahnı deyildi (nə isə bir romans oxuyurdu), ancaq elə bil boğazında nə isə qırılmışdı, elə bil səsi çatmırdı, sanki mahnı özü də xəstə idi. Qız astadan oxuyurdu, səs birdən ucaldı və qırıldı, çox zəif, çox yazıq-yazıq; qız öskürdü, sonra yenə astadan, çox astadan oxumağa başladı..
Mənim həyəcanlanmağıma güləcəklər, lakin heç vaxt, heç kim mənim niyə həyəcanlandığımı bilməyəcək! Yox, mənim ona hələ yazığım gəlmirdi, bu nə isə tamam başqa bir şey idi. Əvvəlcə, hər halda, ilk dəqiqələr, birdən çaşqınlıq, dəhşətli təəccüb, dəhşətli və qəribə, xəstə, intiqama oxşar bir hiss məni bürüdü: «Oxuyur, özü də mənim yanımda! Olmaya məni adam yerinə qoymur?»
Mən tamam sarsılmış halda oturmuşdum, sonra birdən ayağa qalxdım, şlyapamı götürüb, özüm də nə elədiyimi bilmədən, bayıra çıxdım. Hər halda niyə belə elədiyimi, hara gedəcəyimi bilmirdim. Lukeriya paltomu tutdu.
Mən qeyri-ixtiyari Lukeriyadan soruşdum:
– Oxuyur?
Lukeriya sualımı başa düşmədi, üzümə baxdı, ancaq yenə heç nə başa düşmədi: əslində, məni başa düşmək, doğrudan da çətindi.
– Ömründə birinci dəfə oxuyur? Lukeriya dedi:
– Xeyr, siz evdə olmayanda hərdən oxuyur.
Hamısı yadımdadır. Pilləkənlə aşağı endim, küçəyə çıxdım, baş alıb getdim. Tinə çatanda bir səmtə baxdım. Yanımdan keçən adamlarla toqquşurdum, ancaq mən bunu hiss eləmirdim. Bir fayton səslədim; minib polis körpüsünə getmək istəyirdim, özüm də bilmirdim niyə. Sonra fikrimi dəyişdim. Faytonçuya bir abbası verib:
– Bunu sənə narahat elədiyim üçün verirəm, – dedim və boş-boş üzünə hırıldadım. Ancaq qəflətən qəlbimdə nə isə bir fərəh baş qaldırdı.
Mən yeyin-yeyin evə tərəf qayıtdım. Kökdən düşmüş miskin, qırılmış səs birdən qəlbimdə yenə çağladı. Nəfəsim təngişirdi. Gözümdən pərdə çəkilirdi! Bir halda ki, yanımda oxuyur, deməli, məni adam yerinə qoymur – bax mənə aydın olan, məni dəhşətə gətirən bu idi. Bu, ürəyimə dammışdı. Lakin fərəh qəlbimdə aşıb-daşır, qorxunu üstələyirdi.
Taleyin istehzasına bax! Axı bütün qışı mənim qəlbimdə həmin bu fərəhdən savayı heç nə olmamışdı və ola da bilməzdi. Bəs bütün qışı mən özüm haradaydım? Mən çox tələsik pilləkənləri qalxdım, heç bilmirəm içəri necə girdim. Təkcə bu yadımdadır ki, elə bil döşəmə ləpələnirdi, mən də sakit çayda üzürdüm. Mən otağa girdim, o əvvəlki yerində oturmuşdu, başını aşağı salıb tikiş tikirdi, ancaq daha oxumurdu. Ötəri, elə-belə, soyuq-soyuq üzümə baxmaq istədi, ancaq bu baxış deyildi, adi laqeyd hərəkət idi, içəri bir adam girəndə belə eləyərlər.
Mən dəli adam kimi, düz gedib onun yanında, lap yanında, stulda əyləşdim, o qorxmuş kimi tez başını qaldırıb üzümə baxdı; mən onun əlini əlimə aldım, nə dediyim yadımda deyil, daha doğrusu, demək istədiyim, çünki mən hətta əməlli-başlı danışa da bilmirdim. Səsim titrəyirdi, dilim söz tutmurdu. Nə deyəcəyimi bilmirdim, nəfəsim təngişmişdi.
Birdən mən kəkələyə-kəkələyə nə isə axmaq bir söz dedim.
– Gəl söhbət eləyək… bilirsənmi… bir şey danış!
Məgər fikirləşməyə, ağıllı danışmağa məndə hal var idi? Qız yenə səksəndi, bərk qorxub, mənim üzümə baxa-baxa geri çəkildi, ancaq birdən gözlərində ciddi təəccüb gördüm. Bəli, təəccüb, özü də ciddi. O, gözlərini bərəldib mənə baxırdı. Bu ciddilik, bu ciddi təəccüb məni birdən yerlə yeksan elədi, o sussa da bu təəccüb elə bil deyirdi: «Sən hələ də məhəbbət barədə düşünürsən? Məhəbbət barədə?» Ancaq mən bunların hamısını, hamısını onun gözlərində oxudum. Bütün varlığım lərzəyə gəldi, mən onun ayaqlarına yıxıldım. Qız tez sıçrayıb ayağa qalxdı, ancaq mən çox bərk-bərk, ikiəlli ondan yapışıb buraxmadım.
Mən vəziyyətimin ümidsiz olduğunu yaxşı bilirdim, başa düşürdüm! Ancaq inanırsınızmı, qəlbimdə fərəh elə aşıb-daşırdı, elə çağlayırdı ki, fikirləşirdim öləcəyəm. Mən onun ayaqlarını öpürdüm, məst idim, xoşbəxtdim. Bəli, xoşbəxtdim, hədsiz-hüdudsuz xoşbəxtdim, özü də vəziyyətimin tamam ümidsiz olduğunu bilə-bilə! Mən ağlayırdım, nə isə deyirdim, ancaq bir şey çıxmırdı. Birdən onun üzündəki qorxu və təəccüb yox oldu, yerini qayğılı fikir tutdu, bu üzdə sual vardı, o mənə çox qəribə baxırdı, hətta vəhşi kimi baxırdı, tez bir şey başa düşmək istəyirdi, ona görə də gülümsündü. O, ayaqlarını öpdüyümə görə yaman utanırdı, ona görə də ayaqlarını çəkirdi, ancaq mən dərhal ayaqlarının yerini öpürdüm. O bunu görürdü, birdən utandığından gülməyə başladı (adamın utandığından güldüyünü bilirsiniz). Ürəkkeçməsi başlayırdı, bunu görürdüm, əlləri əsirdi, – mən buna fikir vermirdim, elə hey mızıldayırdım ki, mən səni sevirəm, ayağa qalxmayacağam, «qoy paltarının ətəyini öpüm… Beləcə ömrüm boyu sənə səcdə eləyim…» Bilmirəm, yadıma gəlmir necə oldu – birdən o hönkürdü, əsdi; dəhşətli əsəb tutması başlandı. Mən onu qorxutmuşdum.
Götürüb yatağına qoydum. Tutması keçəndən sonra, dikəlib yatağının üstündə oturdu, bət-bənizi tamam qaçmış halda, mənim əllərimi tutub yalvardı ki, sakitləşim: «Bəsdir, özünüzü üzməyin, sakit olun!» – sonra yenə ağladı. Həmin gecə mən ondan uzaqlaşmadım. Mən dalbadal ona deyirdim ki, səni Bulona, dənizdə çimməyə aparacağam, indi, bu saat, iki həftədən sonra, deyirdim ki, bayaq eşitmişəm, səsin yaman xarab olub; deyirdim ki, kassanı bağlayacağam, Dobronravova satacağam, hər şeyi dəyişəcəyik, başlıcası isə, Bulona, Bulona gedəcəyik! O qulaq asır, getdikcə vahimələnirdi. Getdikcə daha çox qorxurdu. Ancaq mən buna o qədər də fikir vermirdim, qəlbimdə getdikcə güclənən, qarşısıalınmaz bir arzu vardı: yenə onun ayaqlarına yıxılmaq, yenə onun ayaqlarının yerini öpmək, öpmək və ona səcdə eləmək; mən dəqiqəbaşı təkrar eləyirdim: «səndən bundan artıq heç nə, heç nə istəməyəcəyəm, mənə cavab vermə, məni heç görmə, yalnız icazə ver xəlvətcə sənə tamaşa eləyim, cansız bir şeyin, küçüyün olaram…» O ağlayırdı.
– Amma mən elə bilirdim ki, siz məni bu vəziyyətdə qoyacaqsınız, – bu söz onun ağzından qeyri-iradi, qəfil çıxdı, elə qeyri-iradi çıxdı ki, çox güman, özü də nə dediyini qətiyyən bilmədi, əslində isə bu onun ən başlıca, ən qəti və mənim həmin axşam ən aydın başa düşdüyüm sözü idi; bu sözü eşidəndə» elə bil ürəyimə bıçaq sancıldı! O hər şeyi, hər şeyi mənə başa saldı, ancaq nə qədər ki, yanımda idi, gözümün qabağındaydı, mən ümidimi itirməmişdim və hədsiz xoşbəxt idim. Həmin axşam mən onu yormuşdum, özüm də bunu bilirdim, ancaq elə hey fikirləşirdim ki, indicə hər şeyi dəyişdirəcəyəm! Nəhayət, gecəyarısına yaxın, tamam haldan düşdü, mən onu dilə tutub yatırtdım, dərhal bərk yuxuya getdi. Mən gözləyirdim ki, sayıqlayacaq, sayıqladı da, ancaq çox yüngül. Gecə – dəqiqəbaşı yerimdən qalxır, ayağımda gecə çəkməsi, sakitcə yaxınlaşıb baxırdım. Mən bu ucuz, o zaman üç manata aldığım dəmir çarpayıda uzanmış xəstə insana baxa-baxa əsəbiliklə əllərimi ovuşdururdum. Mən diz çökürdüm, ancaq yuxuda, ayaqlarını (ondan icazəsiz!) öpməyə cürət eləmirdim. Mən allaha dua eləmək üçün diz çökürdüm, amma yenə sıçrayıb ayağa qalxırdım. Lukeriya mənə göz qoyurdu, tez-tez mətbəxdən çıxırdı. Mən onun yanına gedib dedim ki, uzan yat, sabah işlər «tamam dəyişəcək».
Mən buna kor-koranə, dəli kimi yaman inanırdım. İlahi, fərəh məni necə götürmüşdü! Mən yalnız sabahı gözləyirdim. Başlıcası isə mən əlamətləri olmasına baxmayaraq, fəlakət baş verəcəyinə inanmırdım. Gözümdən pərdə çəkilsə də, ağlım hələ başıma tamam gəlməmişdi, özü də uzun müddət gəlməmişdi, həmin günə kimi, həmin günün özünə kimi gəlməmişdi!! Bir də o zaman ağlım başıma necə gələ bilərdi: axı onda o sağ idi, axı bax, burada, qabağımda idi, mən də onun qabağında: «Sabah o ayılacaq və mən hər şeyi ona danışacaqdım, o hər şeyi görəcəkdi». Mən o zaman belə fikirləşirdim, sadə və aydın; ona görə də fərəhli idim! Burada əsas məsələ–Bulon səfəri idi. Mən nədənsə elə hey fikirləşirdim ki, Bulon – hər şeydir, Bulonda nə isə qəti bir şey var. «Bulona, Bulona!» Mən səbirsizliklə səhərin açılmağını gözləyirdim.
III
ÇOX YAXŞI BAŞA DÜŞÜRƏM
Axı bu danışdıqlarım cəmisi bir neçə gün, beş gün, cəmisi beşcə gün əvvəl, keçən çərşənbə axşamı olmuşdu: yox, yox, bir azca da səbir eləsəydi, lap azca gözləsəydi, mən hər şeyi aydınlaşdıracaqdım! Məgər o sakitləşməmişdi? Ertəsi gün o mənə qulaq asanda, çaşqın olsa da, gülümsəyirdi… Başlıca məsələ budur ki, bütün bu beş günü o ya çaşqın olurdu, ya da utanırdı. O da qorxurdu, çox qorxurdu. Mən mübahisə eləmirəm, mən dəli adamlar kimi ayaq-baş danışmaq istəmirəm: qorxurdu, bir də axı, o, necə qorxmaya bilərdi? Axı, biz xeyli vaxt vardı ki, bir-birimizə yad olmuşduq, bir-birimizdən soyumuşduq, indi birdən bütün bunlar… Ancaq mən onun qorxmasına fikir vermirdim, yenilik gözümü qamaşdırırdı!.. Doğrudur, tamamilə doğrudur, mən səhv iş tutmuşdum. Bəlkə də çox səhv iş tutmuşdum. Mən ertəsi gün yuxudan qalxanda, elə səhər-səhər (çərşənbə günü idi) dərhal səhvə yol verdim: mən birdən onu özümə dost elədim. Mən tələsdim, çox, çox tələsdim, ancaq tövbə lazım idi, tövbə nədir, ondan da böyük iş lazım idi! Mən hətta bütün ömrüm boyu özümdən gizlətdiyim şeyləri də gizlətmədim. Mən açıq dedim ki, bütün qışı fikrim-zikrim onun məhəbbətinə əminlik olub. Mən onu başa saldım ki, sələmçilik yalnız iradəmin zəifliyinin, öz-özümü tənbehin və özümdən müştəbehliyin nəticəsidir. Mən onu başa saldım ki, onda bufetdə doğrudan da qorxmuşdum, xasiyyətimin ucbatından, vasvasılıqdan: şərait çaşdırdı, bufet çaşdırdı, məni çaşdıran bu oldu ki, birdən mənim duelə çıxmağım sarsaq iş olmazmı? Dueldən qorxmurdum, onun sarsaq iş olacağından qorxurdum… Sonra isə etiraf eləmək istəmirdim, ona görə də hamıya əziyyət verirdim, elə onu da buna görə incidirdim, onu da elə buna görə almışdım ki, incidim. Ümumiyyətlə, mən çox vaxt qızdırmalı adam kimi danışırdım. Qız özü qolumdan tutur, susmağı xahiş edirdi: «Siz şişirdirsiniz… siz özünüzə əziyyət verirsiniz». – Sonra yenə başlayırdı ağlamağa; yenə az qalırdı qəşş eləsin! O, elə hey yalvarırdı ki, daha bu barədə heç nə deməyim, xatırlamayım.
Mən onun yalvarmağına baxmırdım, ya da az əməl eləyirdim: bahar, Bulon! Orada günəş var, bizim yeni günəşimiz, mən yalnız bunu deyirdim! Mən kassanı bağladım, işləri Dobronravova verdim. Mən qıza qəflətən təklif etdim ki, nəyim varsa hamısını yoxsullara paylasın, xaç anamdan qalmış üç min manatdan başqa, biz bu pulla Bulona gedəcəkdik, sonra isə qayıdıb alnımızın təri ilə dolanacaqdıq. Belə də qət eləmişdik, çünki o heç bir söz demirdi, o yalnız gülümsünürdü. Özü də deyəsən, məni pərt eləməmək üçün daha çox nəzakət xatirinə gülümsünürdü. Axı, mən görürdüm ki, ona əziyyət verirəm; elə fikirləşməyin ki, mən çox axmaq, çox xudpəsənd adamam, bunu görmürdüm. Mən hər şeyi görürdüm, bütün incəliklərinə qədər görürdüm, hamıdan yaxşı görür və bilirdim; mənim tamam ümidsizliyim göz qabağında idi!
Mən ona özüm barədə, onun özü barədə hər şeyi danışdım! Lukeriya barədə də danışdım. Dedim ki, ağlayırdım… Bəzən mən söhbəti dəyişirdim, axı mən özüm də bəzi şeyləri xatırlamaq istəmirdim. Axı, o hətta bir, ya iki dəfə dirçəldi, axı bu mənim yadımdadır, yadımdadır! Niyə siz deyirsiniz ki, mən baxır, amma heç nə görmürdüm? Əgər bu əhvalat olmasaydı, hər şey dəyişəcəkdi. Axı üç gün əvvəl, söhbət mütaliədən, onun bu qış ərzində oxuduqlarından düşəndə, Jil-Blazla arxiyepiskop Qrenadski əhvalatını xatırlayanda o danışır və gülürdü. Özü də lap uşaq kimi, məsum-məsum, əvvəllər, təzə gəlin gəldiyi vaxtlarda olduğu kimi gülürdü (Bir an! Bir an!); mən nə qədər şad idim! Bu, arxiyepiskop əhvalatı məni yaman heyran qoydu: bir halda ki, o, qışda oturub bu gözəl əsəri oxuyanda gülmüşdü, deməli, ruhən kifayət qədər sakitləşmişdi, xoşbəxt idi. Deməli, tamam arxayınlaşırmış, inanırmış ki, mən onu bu vəziyyətdə qoyacağam. «Mən fikirləşirdim ki, siz məni bu vəziyyətdə qoyacaqsınız», – onda, çərşənbə axşamı, axı o belə demişdi! İlahi, on yaşlı qız belə fikirləşə bilər! Axı o inanırdı, inanırdı ki, doğrudan da hər şey bu vəziyyətdə qalacaq: o öz stolu arxasında, mən də öz stolumun arxasında, ikimiz də altmış yaşımıza kimi beləcə keçinəcəyik. Amma qəflətən mən, əri, ona yaxınlaşdım, mən məhəbbət istəyirdim! Ah, bu böyük səhv idi, mən kor idim!
Mən ona heyran-heyran baxmaqda da səhv eləmişdim; gərək özümü saxlayaydım, çünki heyrətim onu qorxudurdu. Mən ki, indi özümü saxlayırdım, daha onun ayaqlarını öpmürdüm. Bircə dəfə də onun əri olduğumu büruzə vermədim, bunu heç ağlıma da gətirmirdim, mən yalnız dua eləyirdim! Axı tamam susmaq da olmazdı. Mən ona dedim ki, söhbətindən həzz alıram, onu özümdən qat-qat, müqayisə edilməz dərəcədə savadlı və ağıllı hesab eləyirəm. Qız yaman qızardı və pərt olub dedi ki, mən şişirdirəm. Bu yerdə mən sarsaqlıqdan özümü saxlaya bilmədim, o vaxt qapının dalında dayanıb, onun çarpışmasını, məsum insanın o həşəratla çarpışmasını dinləyəndə necə heyrətləndiyimi, ağlına, hazırcavablığına, özü də o cür uşaq sadəlövhlüyü ilə, necə mat qaldığımı danışdım. O elə bil bərk səksəndi, kəkələyə-kəkələyə yenə: siz şişirdirsiniz, – demək istədi, ancaq birdən sifəti bulud kimi tutuldu, əlləri ilə üzünü tutub hönkür-hönkür ağladı. Bu yerdə mən də özümü saxlaya bilmədim yenə qabağında yerə sərildim, yenə başladım ayaqlarını öpməyə, onu yenə, çərşənbə axşamı olduğu kimi, ürəkkeçməsi tutdu. Bu, dünən axşam olmuşdu, səhəri isə…
Səhəri?! Ay ağılsız, axı əhvalat bu gün səhər, bayaq, bayaq olmuşdu!
Eşidin və agah olun: bayaq biz samovarın başına toplaşanda (dünənki ürəkkeçmədən sonra) onun çox sakit olduğunu görüb mat qalmışdım, bax işlər belə idi! Mən dünənki əhvalata görə qorxudan bütün gecəni əsmişdim. Ancaq birdən o mənə yaxınlaşdı, qarşımda diz çökdü və əllərini sinəsinin üstünə qoyub (bayaq, bayaq!) dedi ki, cinayətkardır, bunu özü də bilmir, işlədiyi cinayət bütün qışı ona əzab vermişdir, elə indidə əzab çəkir… mənim alicənablığımı çox uça tutur… «Mən sizin sadiq arvadınız olacağam, mən sizə hörmət edəcəyəm…» Bu yerdə mən sıçrayıb qalxdım, onu dəli kimi qucaqladım! Mən onu öpürdüm, onun üzünü, dodaqlarını öpürdüm, əri kimi, uzun ayrılıqdan sonra ilk dəfə öpürdüm. Axı mən bayaq niyə evdən çıxıb getdim, özü də cəmisi ikicə saatlığa… bizim xarici pasportlarımız… İlahi! Kaş beş dəqiqə, cəmisi beşcə dəqiqə tez qayıdaydım!.. Bu yandan da bizim darvazanın qabağına toplaşmış camaat, mənə zillənmiş nəzərlər… Pərvərdigara!
Lukeriya deyir (bu əhvalatdan sonra mən Lukeriyanı hər necə olursa-olsun buraxan deyiləm, o hər şeyi bilir, bütün qışı yanımızda olub, o bütün olub-keçənləri mənə danışacaq), o deyir ki, mən evdən çıxandan sonra, qayıtmağıma cəmisi iyirmi dəqiqə qalmış, yadımda deyil, nə isə bir şey soruşmaq üçün qəflətən xanımın yanına gedir, bizim otağımıza girir və görür ki, ikonanı (həzrət Məryəmin həmin surətini) çıxardıb, stolun üstünə, qabağına qoyub, elə bil indicə bu dəqiqə ikonanın qabağında dua eləyirmiş. «Sizə nə olub, xanım?» – «Heç bir şey, Lukeriya, get… Dayan, Lukeriya», – Lukeriyaya yaxınlaşıb onu öpmüşdü. «Xanım, siz xoşbəxtsiniz? – «Xoşbəxtəm, Lukeriya». – «Xanım, ağa gərək çoxdan yanınıza gəlib üzr istəyəydi… Allaha çox şükür ki, barışdınız». – «Yaxşı, Lukeriya, get, Lukeriya», – sonra gülümsünmüşdü, çox qəribə gülümsünmüşdü. Elə qəribə gülümsünmüşdü ki, Lukeriya on dəqiqədən sonra ona baxmağa gəlmişdi: «Lap pəncərənin qabağında, divarın dibində dayanmışdı, əlini divara, başını da qoluna söykəyib beləcə fikrə getmişdi. Beləcə dayanıb elə dərin fikrə getmişdi ki, mənim dayanıb ona tamaşa elədiyimi duymadı. Gördüm ki, elə bil gülümsünür, dayanıb fikirləşir və gülümsünür. Mən ona baxdım, səssizcə dönüb otaqdan çıxdım, öz-özümə fikirləşirdim, birdən pəncərənin açıldığını eşitdim. Mən dərhal qayıtdım deyim ki, «Xanım, hava soyuqdur, özünüzü soyuğa verərsiniz», birdən gördüm ki, pəncərəyə çıxıb, açıq pəncərədə, arxası mənə tərəf, əlində ikona dümdüz dayanıb. Bunu görəndə ürəyim elə bil qırıldı, qışqırdım: «Xanım, xanım!» Səsimi eşitdi, mənə tərəf dönmək istəyirmiş kimi tərpəndi, ancaq dönmədi, ikonanı bağrına basıb, irəli yeridi, pəncərədən tullandı».
Yalnız bu yadımdadır ki, mən darvazadan içəri girəndə o hələ isti idi. Başlıcası isə, onların hamısı mənə baxırdı. Əvvəlcə qışqırışırdılar, amma birdən səslərini kəsdilər, aralanıb mənə yol verdilər… o qucağında ikona yerə sərilmişdi. Dumanlı şəkildə yadımdadır, dinməzcə yaxınlaşıb xeyli baxdım, adamlar məni dövrəyə almışdılar, nə isə deyirdilər. Lukeriya burada idi, amma mən onu görmədim. Deyir ki, mənimlə danışıb. Yalnız bir meşşan kişi, yadımdadır, elə hey qışqırırdı: «O, bir ovuc qan qusdu, bir ovuc, bir ovuc!» – Özü də daşın üstünə tökülmüş qanı göstərirdi. Mən, deyəsən, barmağımı qana vurdum, barmağım batdı, barmağıma baxdım (bu yadımdadır), o kişi isə elə hey mənə deyirdi: «Bir ovuc, bir ovuc!»
Deyirlər ki, mən səsim gəldikcə:
– Bir ovuc nədir? – deyə bağırıb, əllərimi yuxarı qaldırmış və həmin kişinin üstünə cummuşam…
Ah, vəhşilik, vəhşilikdir! Baş açılası, inanılası, mümkün olan iş deyil!
IV
CƏMİSİ BEŞCƏ DƏQİQƏ GECİKDİM
Belə də iş olar? Məgər inanılası işdir? Məgər demək olar ki, bu mümkün işdir? O qadın axı niyə, nə səbəbə öldü?
Ah, mənə inanın, mən hər şeyi başa düşürəm; amma yenə də ortaya belə bir sual çıxır – axı o niyə öldü? Mənim məhəbbətimdən qorxdu, ürəyində öz-özünə götür-qoy elədi: qəbul eləsin, ya eləməsin, suala cavab tapa bilmədi, dözmədi, ölməyi üstün tutdu. Bilirəm, bilirəm, baş sındırmağa dəyməz: çox böyük vədlər vermişdi, qorxdu ki, vədlərinə əməl eləyə bilməyəcək, məsələ aydındır. Burada çox dəhşətli bir neçə məsələ var.
Axı o niyə öldü? Hər halda sual cavabsız qalır. Sual mənim beynimi dəlir. Mən onu, əgər o vəziyyətdə qalmaq istəsəydi, elə o vəziyyətdə də saxlayardım. O buna inanmadı, bax, məsələ belədir! Yox, yox, mən yalan danışıram, qətiyyən elə deyil.
Sadəcə ona görə ki, mənimlə təmiz dolanmaq lazımdı; sevsə gərək əməlli-başlı sevəydi, daha o, taciri sevdiyi kimi yox. O çox ağıllı, təmiz olduğu üçün taciri təmin edəcək məhəbbətə razı olmadı, ona görə də məni aldatmaq istəmədi. Çox təmiz idi, bax məsələ belədir! O vaxt geniş qəlblilik eləmək istəyirdi, yadınızdadırmı? Qəribə fikirdir.
Çox maraqlıdır: o mənə hörmət eləyirdimi? Bilmirəm, mənə nifrət eləyirdi, ya yox? Ağlım kəsmir nifrət eləsin. Çox qəribədir: niyə bütün qış ərzində bircə dəfə də ağlıma gəlməyib ki, o mənə nifrət eləyir? Mənə o zaman ciddi, təəccüblə baxana qədər tamam əksini düşünürdüm. Məhz ciddi, təəccüblə baxana qədər. Bu vaxt mən dərhal başa düşdüm ki, o mənə nifrət eləyir. Qəti, ömürlük başa düşdüm! Ah, eybi yoxdu, qoy nifrət eləyəydi, lap ömrü boyu, ancaq kaş sağ olaydı, yaşayaydı! Hələ bayaq gəzirdi, danışırdı. Heç başa düşə bilmirəm, o pəncərədən necə atılıb?! Axı beş dəqiqə qabaq mən bunu necə ağlıma gətirə bilərdim? Mən Lukeriyanı çağırdım. Mən indi Lukeriyanı necə olursa-olsun buraxası deyiləm, heç bir vəchlə buraxan deyiləm!
Ah, biz hələ bir-birimizlə dil tapa bilərdik. Biz yalnız qış ərzində bir-birimizdən yaman soyumuşduq, ancaq təzədən isinişmək mümkün deyildimi? Niyə, niyə biz təzədən əl-ələ verib, başqa sayaq yaşaya bilməzdik? Mən alicənabam, o da nəcibdi, bax, bu bizi birləşdirə bilərdi! Bir neçə kəlmə, ikicə gün, artıq yox, o hər şeyi başa düşərdi.
Mənə ağır gələn odur ki, bunların hamısı təsadüfdür – adi, vəhşiyanə, cahilanə təsadüflər! Bax, bu, adama ağır gəlir! Beşcə dəqiqə, cəmisi beşcə dəqiqə gecikmişdim! Beş dəqiqə tez gəlsəydim – o an bulud kimi ötüb yan keçərdi. Sonra bu fikir heç vaxt onun ağlına gəlməzdi. Axırda o hər şeyi başa düşərdi. Amma indi yenə otaqlar boşdur, mən yenə tək-tənhayam. Odur, saatın kəfkiri tıqqıldayır, onun nə vecinə, heç nəyə heyfsilənmir. Kimsəsizəm, ən böyük bəla da elə budur.
Mən elə hey gəzişirəm. Bilirəm, bilirəm, yadıma salmayın mənim təsadüfdən və beş dəqiqədən şikayətlənməyim sizə gülməli gəlir? Ancaq məsələ göz qabağındadır. Bir şeyi fikirləşin: o hətta, hamı eləyən kimi, bir kağız da yazıb qoymayıb ki, «mənim ölümümdə heç kimi təqsirləndirməyin». Məgər ağlına gəlmirdimi ki, hətta Lukeriyanı da incidə bilərdilər: «Yanında tək sən olmusan, onu sən itələyib yıxmısan». Əgər fligelin pəncərəsindən və həyətdən dörd adam onun əlində ikona pəncərədə dayandığını, özü tullandığını görməsəydi, heç olmasa təqsiri olmaya-olmaya onu xeyli get-gələ salacaqdılar. Axı adamların orada dayanması və bunu görməsi də təsadüfdür. Yox, bunların hamısı bir anın işidir, yalnız bircə anın, ağıl azan anın! Qəfil olan işdir, fantaziyadır! İkonanın qabağında dua eləyəndə nə olar? Bu, ölümqabağı dua demək deyil. Hamısı bir an çəkib, bəlkə cəmisi onca dəqiqə çəkib, məsələ məhz divarın dibində dayanıb, başını qoluna söykədiyi vaxt, gülümsəyəndə həll olunub. Fikir beyninə dolub, başını gicəlləndirib, o da bu fikrin qabağında dayana bilməyib.
Nə deyirsiniz deyin, burada aşkar dolaşıqlıq var. Mənimlə yaşamaq hələ mümkün idi. Bəlkə qanazlığı varmış, onda necə? Bəlkə sadəcə qanazlığı, həyat enerjisinin tükənməsi səbəb olub? O, qışda yorulub, məsələ belədir…
Gecikdim!!!
Tabutda o nə qədər zərif görünürdü, nazik burnu necə də uzanmışdı! Qaşları ox kimi dümdüzdü. Özü də elə yıxılıb ki, heç bir yeri əzilməyib, sınmayıb! Yalnız bircə «ovuc qan». Yəni bir xörək qaşığı. Ürəyi partlamışdı. Qəribə fikirdir: kaş basdırmamaq mümkün olaydı! Çünki… əgər onu aparsalar, onda… yox, apara bilməzlər! Axı mən bilirəm ki, aparmalıdırlar, ağlım başımdan çıxmayıb, sayıqlamıram da, əksinə, heç vaxt beynim belə açıq olmayıb, – ancaq necə oldu ki, evim yenə boş qaldı, yenə iki otaq, tək mən, bir də girovlar. Sayıqlama, sayıqlama, bax, budur sayıqlama! Mən onu üzmüşdüm – məsələ, bax, belə idi.
İndi sizin qanunlarınız mənim, mənim nəyimə gərəkdir? Sizin adətlərinizin, sizin vərdişlərinizin, həyatınızın, hökumətinizin, etiqadınızın mənim üçün nə əhəmiyyəti var? Qoy məni sizin hakiminiz mühakimə etsin, qoy məni məhkəməyə aparsınlar, sizin açıq məhkəmənizə mən deyəcəyəm ki, heç bir şeyi boynuma almıram. Hakim qışqıracaq: «Susun, zabit!» Mən də onun üstünə qışqıracağam: «Səndə indi hanı elə bir qüvvə ki, məni susdura, tabe eləyə bilsin? Niyə amansız cəhalət dünyada hər şeydən əziz bir insanı tələf elədi? İndi sizin qanunlarınız mənim nəyimə gərəkdir? Mən sizdən uzaqlaşıram». Ah, mənim üçün heç fərqi yoxdur!
Kordur, kor! Ölü eşitməz! Bilmirsən, sənin üçün necə cənnət yaradacaqdım. Qəlbimdə cənnət vardı, mən onu sənin dörd tərəfinə çəpər çəkəcəkdim! Tutalım ki, sən məni sevmirdin, – nə eybi vardı, nə olardı? Hər şey o vəziyyətdə olardı, hər şey o vəziyyətdə qalardı. Yalnız mənimlə bir dost kimi söhbət edərdin, elə bu kifayətdi, bir-birimizin gözünə baxa-baxa sevinərdik, deyib gülərdik. Beləcə yaşardıq. Əgər bir başqasını sevsəydin, eybi yoxdu, nə olsun! Sən onunla gəzərdin, gülərdin; mən də küçənin o biri səkisindən sənə tamaşa eləyərdim… Kaş o, bircə dəfə gözünü açaydı! Bir anlığa, yalnız bircə anlığa? Üzümə baxaydı, bayaq qabağımda dayanıb, sədaqətli arvadım olacağına and içdiyi vaxt olduğu kimi! Ah, bircə dəfə baxmaqla hər şeyi başa düşərdi!
Cəhalət! Ah, təbiət! İnsanlar Yer üzündə yalqızdırlar – bəla da, bax, budur! Rus bahadırı qışqırır: «Meydanda sağ qalan varmı?» Mən də qışqırıram, mən bahadır deyiləm, ancaq səsimə səs verən yoxdur, deyirlər ki, günəş kainata həyat verir. Günəş doğanda ona baxın – məgər o ölü deyilmi? Hər şey ölüdür, hər tərəf cəsəddir. İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur – bax, Yer üzü belədir! «İnsanlar, bir-birinizi sevin!» – Bunu kim demişdir? Bu kimin vəsiyyətidir? Saatın kəfkiri hissiyyatsız, zəhlətökən tərzdə tıqqıldayır. Gecə saat ikidir. Onun çəkmələri çarpayısının qabağındadır, sanki sahibini gözləyir… Yox, ciddi deyirəm, sabah onu aparandan sonra, mən nə edəcəyəm?