Электронная библиотека » Andre Klot » » онлайн чтение - страница 1

Текст книги "Fateh Sultan Mehmed"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Andre Klot


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Andre Klot
Fateh Sultan Mehmed

Müharibəni hər kəslə etmək olar, sülhü isə yalnız ləyaqətlilərlə bağlayarlar.

Fateh Sultan Mehmed

İki dəfə taxta çıxan II Murad

X əsrin sonlarına doğru türk boylarının Orta Asiyadan üzü Aralıq dənizinə – Kiçik Asiyaya köçü başladı. Onlar Xəzər dənizindən Aralıq dənizinə qədər geniş əraziyə yayıldılar. Xüsusilə indiki Türkiyə ərazisində yerləşən Anadoludakı yüksək yaylalarla bu türk boylarının qoyub gəldikləri çöllərin təbii şəraiti arasında xeyli uyğunluq vardı. Anadolu torpaqları istər bitki örtüyü, istərsə də iqlim cəhətdən köçəri türklərə öz dədə-baba yurdlarını xatırladırdı.

Sözügedən tayfalardan biri – Qayı boyu Mərmərə dənizi yaxınlığındakı İznikdə yerləşmişdi. Qayı bəyi Osmanın adı ilə adlanan osmanlılar parçalanaraq zəif düşən Bizansla qarşı-qarşıya qalmışdılar. Onlar ucsuz-bucaqsız Bizans torpaqlarına sahib olmaq, bununla da həm bol qənimət ələ keçirmək, həm dinlərini yaymaq, həm də ümumilikdə daha böyük əraziyə sahib olmaq istəyirdilər.

Nəticədə, 1325-ci ildə İznikin də daxil olduğu indiki Bursa şəhəri ələ keçirildi. 1299-cu ildə qurulan Osmanlı dövlətinin həmin vaxtadək paytaxtı Söğüt idi. Bursanın fəthindən sonra isə məhz bu şəhər düz 35 il osmanlıların paytaxtına çevrildi. 1389-cu ildə indiki Kosova ərazisində tarixi döyüş baş verdi və Serbiya türklər tərəfindən ələ keçirildi, serb hökmdarı 60 yaşlı Lazar Xrebelyanoviç isə qətlə yetirildi. Lazarın sadiq adamlarından biri Osmanlı padşahı Sultan I Murada sui-qəsd təşkil etdi, onu öldürərək ağasının qisasını aldı.

Tarixə «Kosova Meydan müharibəsi» kimi düşən həmin tarixi döyüşdən sonra osmanlılar böyük dəstələr şəklində Avropanın cənub şərq hissəsində – Balkan yarımadasında məskunlaşmağa başladılar. Beləliklə də, həmin ərazidəki yerli xalqların «barbar» adlandırdıqları türklərin dövrünə görə olduqca mükəmməl təşkilatlanmış, nizami ordusunun Orta Avropaya doğru yolu açılmış oldu. Həmin ordu qısa müddətdə böyük uğurlara imza atdı. Bunda xristian aləminin daxili ixtilaflar nəticəsində gücsüz, parçalanmış vəziyyətdə olması da mühüm rol oynadı.

XV yüzillik Avropa üçün olduqca pis başlamışdı: aclıq, qıtlıq at oynadır, üstəlik, yoluxucu xəstəliklər, xüsusilə qara vəba yeni yüzilliyin əvvəllərindən etibarən bu qitəni ağır sınaq qarşısında qoyurdu. Bunlar azmış kimi, İngiltərə ilə Fransa arasında 1337-ci ildə başlayan və xırda fasilələrlə hələ də davam edən, sonralar tarixə «Yüzillik müharibə» kimi düşəcək qorxunc savaş da Avropanı heydən salmaqda idi.

Həmçinin Roma papalığının 1309-cu ildə Fransada yerləşən Avinyon şəhərinə köçürülməsi xristian dünyasındakı qütbləşməni dərinləşdirmiş, dini parçalanmaya yol açmışdı. Hər təzə gələn papanı yüz illər öncə onlardan ayrılmış Konstantinopol (indiki İstanbul) kilsəsilə əlaqələri bərpa etmək kimi çətin vəzifə gözləyirdi. 1439-cu ildə Florensiyada kilsədaxili birlik əldə olunsa da, bu ruhani təbəqənin böyük əksəriyyəti tərəfindən rədd edildi. Getdikcə artan Osmanlı təhlükəsinə baxmayaraq yunan keşişlər latınlara qarşı kin bəsləməkdən əl çəkmirdilər.

Osmanlıların Konstantinopol və Orta Avropaya basqınlarının qarşısını almaq vəzifəsini papalıq öz öhdəsinə götürmüşdü. Lakin onun bu işdə aciz qaldığı get-gedə daha aydın görünürdü.

Düzdür, XV əsrin əvvəllərində avropalıları müəyyən qədər rahatladan tarixi hadisə də baş vermişdi: 1402-ci ildə Osmanlı sultanı I İldırım Bəyazid Ankara yaxınlığındakı tarixi döyüşdə Əmir Teymur tərəfindən darmadağın edilmişdi. Sultanın ölümündən sonra isə oğulları arasında hakimiyyət qovğası başladı. Bir sıra tədqiqatçılar məhz həmin səbəbdən o dövrü Osmanlı tarixinin «fitrət (qarışıqlıq – red.) dövrü» adlandırırlar. Lakin çox keçmədən Osmanlı xanədanında işlər yoluna düşdü. Sultan II Murad hakimiyyətə gəldi. O, I Bəyazidin oğlu I Mehmeddən olan nəvəsi idi.

Sultan II Murad sülhə meyilli təsir bağışlayırdı. Onun ilk məqsədi Ankara məğlubiyyətindən sonra xeyli sarsılan xanədanın gücləndirilməsiydi. Yeni sultan Osmanlı torpaqlarını genişləndirmək əvəzinə, əlindəki torpaqlarda qayda-qanunu bərpa etməyi qarşısına məqsəd qoymuşdu.

Bir müddət sonra Osmanlı türklərinin çoxdankı xəyalı olan Konstantinopolu almağa cəhd göstərdi. Lakin Anadolu bəylərinin qiyama qalxa biləcəyindən çəkinərək şəhərin mühasirəsini qaldırmağa məcbur oldu. Düzdür, II Murad bir çox hərbi yürüşlər keçirmiş, xanədanın torpaqlarını xeyli genişləndirmiş, lakin hakimiyyəti boyunca Osmanlı dövlətinin qonşuları ilə dinc şəraitdə yaşamağa çalışmışdı. Onun sadə həyat tərzinə üstünlük verdiyi, çox kitab oxuduğu, elm və incəsənətə böyük hörmət bəslədiyi də məlumdur.

Sultan II Murad taxta iki dəfə çıxıb. 1444-cü ildə sultanlıqdan çəkildiyini və taxtı oğlu Mehmedə tapşırdığını bildirib, özü isə bundan sonra ruhani həyat keçirəcəyini deyib. Lakin bundan az sonra Macarıstan kralı I Vladislavın yürüşə keçdiyini eşidərək sultan titulu olmadan Anadolu hərbi birliklərini toplayıb və savaşa yollanıb. 1444-cü il noyabrın 10-da Osmanlı ordusu ilə xaçlılar arasında indiki Bolqarıstan ərazisində yerləşən Varnada tarixi döyüş baş tutub. Həmin döyüş zamanı Macarıstan kralı I Vladislav öldürülüb, ardınca isə başı kəsilib. Osmanlılarla sülh anlaşmasını pozduğu üçün onun kəsilmiş başı və barış sazişi eyni nizəyə taxılaraq döyüş meydanında gəzdirilib. Bundan sonra tamamilə ruhdan düşən xaçlı ordusu pərən-pərən düşüb.

II Murad qazanılan qələbə münasibətilə qonşu dövlətlərə göndərilən bütün fəthnamələrin oğlu II Mehmedin adından yollanmasını əmr edib. Təxminən iki il sonra – 1446-cı ilin may ayında sədr-əzəm11
  Sədr-əzəm – Osmanlı dövləti dönəmində padşahın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi ünvan; baş vəzir


[Закрыть]
Çandarlı Xəlil paşanın çağırışıyla yenidən taxta qayıdıb. Bunun səbəbi Avropadan Osmanlıya qarşı təhdidlərin artması və yeni bir müharibənin qaçılmaza çevrilməsiydi.

On iki yaşlı padşah

1444-cü ilin avqustunda II Mehmed ilk dəfə taxta çıxarkən vur-tut 12 yaşı vardı. O, 1432-ci il martın 30-da Osmanlı dövlətinin ovaxtkı paytaxtı Ədirnədə dünyaya gəlmişdi. Adı Hüma Xatun olan anasının xristian əsilli kölə olduğu iddia edilir. Deyilənə görə, II Mehmedin anasının fransız, ya da italyan əsilli olması barədə söz-söhbətlər yayılıbmış. Böyük ehtimalla bu yalandır. Çox mümkündür ki, Hüma Xatun ya Serbiya, ya da Makedoniya əsilli köləydi.

Bəzi iddialara görə, II Mehmed anasına qarşı heç də böyük bir sevgi duymazmış, bunun da səbəbi doğulduğu gündən etibarən dayə xatun tərəfindən böyüdülüb boya-başa çatdırılması imiş. Ümumiyyətlə, gələcəyin qüdrətli hökmdarının anası ilə bağlı bilgilər çox azdır və kifayət qədər mübahisəlidir.

1443-cü ilin yazında II Mehmed Osmanlı qayda-qanunlarına əsasən, təcrübə toplamaq üçün Manisaya vali təyin edildi. Bu zaman onu təlim-tərbiyəsinin tapşırıldığı iki şəxs – Kasapzadə Mahmud (və ya Vəli Mahmud paşa) ilə Nişancı Abdullah müşayiət edirdi.

Lakin gəlin tələsməyək və bir az əvvələ qayıdaq. Əslində II Murad oğlunun təlim-tərbiyəsi ilə gec maraqlanmağa başlamış və bu zaman onun təhsilə hədsiz laqeyd münasibət bəslədiyini görmüşdü. Olduqca mürəkkəb xarakterə malik olan II Mehmed yazıb-oxumaqdan çox hərb sənətinə maraq göstərirdi. Üstəlik, ənənəyə görə, o, Quranı başdan-ayağa əzbərləmək məcburiyyətindəydi. Lakin ona dərs deyən mollaları ciddiyə almır, laqeyd münasibət sərgiləyirdi. İşi belə görən II Murad axırda oğlunun təlim-tərbiyəsini dövrünün görkəmli din alimlərindən biri Molla Osman Güraniyə (1410–1488) tapşırdı. Lakin II Mehmed əvvəl-əvvəl ona da isinişməyə çətinlik çəkir, şıltaqlıqlarından qalmır, ipə-sapa yatmaq istəmirdi.

Axırda Molla Gürani dəyənəyini işə salmalı oldu, balaca şahzadənin qollarına vuraraq dedi: «Bax bu sənin itaətə gəlməyin üçündü. Haydı, indi oxuyub yazmağa!» Həmin gündən II Mehmed ciddi şəkildə dərslərinə başladı. Vaxtı gəlincə bu çalışqanlığı onu təkcə görkəmli hökmdara yox, eyni zamanda Şərqin ən mədəni, intellektual şəxsiyyətlərindən birinə çevirəcəkdi.

Molla Gürani sayəsində elmi və dini bilikləri qısa zamanda xeyli artan II Mehmed öncə türk və ümumilikdə Asiya mədəniyyətini dərindən öyrənmiş, ardınca isə İslam qayda-qanunlarını, fars və xristian adət-ənənələrini, türklərin hakimiyyəti altına düşən xalqların mədəniyyətini mənimsəməyə başlamışdı. O indi hətta Osmanlı sultanlarının ailə qurma adətləri barədə də müfəssəl bilgiyə malik idi. Artıq ata-babalarının zaman-zaman qeyri-müsəlman qadınlarla evləndiyindən xəbərdardı. Məsələn, I İldırım Bəyazid bir serb şahzadəsiylə ailə qurmuşdu, atası II Muradın xanımları arasında Serbiya hökmdarı Georgi Brankoviçin qızı Mariya da vardı.

Həmin dövrdə Osmanlı paytaxtına – Ədirnəyə çox sayda avropalı diplomat, tacir-tüccar, ətrafdakı qədim yunan şəhərlərində qazıntılar aparan alimlər gəlirdilər. Onların çoxu italyandı. Bir sözlə, II Mehmedin xarakteri məhz Şərq və Qərb mədəniyyətlərinin çulğalaşdığı bir mühitdə formalaşmağa başlamışdı.

II Mehmed Manisaya vali göndərildikdən bir müddət sonra hadisələr gözlənilməz istiqamətdə inkişaf etməyə başladı. Osmanlı sultanı II Murad taxt-tacdan çəkildi və hakimiyyəti oğluna ötürdü. Bu gözlənilməz qərardı: axı II Mehmed taxta çıxmaq üçün çox gənc və təcrübəsizdi. Lakin sultan belə hesab edirdi ki, sədr-əzəm Xəlil paşa xanədanın idarə olunmasında ona lazımi dəstəyi göstərəcək. İstənilən halda çox yaşlı olmamasına baxmayaraq özünü yorğun hiss edən, üstəlik, ruh düşkünlüyü yaşayan II Murad hakimiyyətdən çəkilmək fikrində qətiydi. O, eyni zamanda bununla xristian aləminə sülhpərəstliyini və Osmanlı ilə aralarındakı barış anlaşmasını hər hansı təhlükə gözləmədiyini göstərmək istəyirdi.

Lakin xristian aləmi artıq türklərlə haqq-hesabı çürütmək fikrini qətiləşdirmişdi: elə bu səbəbdən də Roma papasının elçisi kardinal22
  Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə


[Закрыть]
Çezerini Osmanlıya qarşı savaşın elanını verdi. Hakimiyyətə on iki yaşlı uşağın gətirildiyini nəzərə alan Çezerini hesab edirdi ki, xristianlar bu fürsəti əldən buraxmamalıdırlar.

Beləliklə, türklər üzərinə xaçlı yürüşü başladı. Macarlar və polyaklar bu hərbi səfərə 16 min əsgərlə qatıldı. Macar hökmdarı I Vladislavın, Macarıstan krallığının o dövrdəki görkəmli hərbi-siyasi xadimlərindən Yanoş Hunyadinin və indiki Rumıniyanın mərkəzində yerləşən tarixi bölgənin – Transilvaniyanın birləşmiş voyevodaları33
  Voyevoda – hərbi bölük. Burada ardıcıllıqla serb, macar və rumın voyevodaları nəzərdə tutulur.


[Закрыть]
böyük ittifaq yaratdılar. Onlara Venesiya səkkiz, Roma papalığı on, Burqundiya hersoqu isə dörd kadırğa (həm yelkənlə, həm də avarla hərəkət edən hərbi gəmi) ilə dəstək verdi. Osmanlı sarayında işlər qaydasında getmirdi və bu səbəbdən də avropalıların qələbəsi çoxlarında şübhə doğurmurdu.

Belə ki, hakimiyyət on iki yaşlı II Mehmeddə olsa da, dövlət işləri tamamilə Çandarlı Xəlil paşanın nəzarətindəydi. Bu isə sarayın digər nüfuzlu şəxslərinin bir çoxunda qıcıq doğururdu. Onlardan xüsusilə ikisi – yunan əsilli olduğu deyilən Zağanos paşa ilə Rumeli bəylərbəyi Şəhabəddin paşa sədr-əzəmə badalaq vurmaq üçün fürsət axtarırdılar. Elə hələ xeyli təcrübəsiz II Mehmed də dövləti öz istəyinə və iradəsinə görə idarə etmək üçün səbirsizlik göstərir, bu səbəbdən də Xəlil paşanın təsir dairəsindən qurtulmağa çalışırdı. Bütün bunlar Osmanlı dövlətinin gücünü və dayağını sarsıdırdı. Məsələn, maaşlarını artırmağı tələb edən yeniçərilər44
  Yeniçəri – Osmanlıların ələ keçirdiyi ərazilərdə əsir götürülən 8-18 yaşlı xristian əsilli oğlan uşaqlarından yetişdirilən xüsusi döyüşçü


[Закрыть]
üsyana qalxıb paytaxt Ədirnənin bəzi məhəllələrini yandırmışdılar. Şəhər əhalisinin bir hissəsi kütləvi şəkildə köç etməyə başlamışdı. Bütün bunlar azmış kimi, II Mehmedin babası I Mehmedin böyük qardaşı Orxan Çələbi55
  Orxan Çələbi – Osmanlı padşahı I Mehmedin (1389-1421) böyük qardaşıdır. Bacısı Sultan Fatma xanımla birlikdə Bizansa girov göndərilmişdilər. Bizans imperiyası Orxan Çələbini tez-tez Anadoluya göndərərək üsyan qaldırmaq istəyirdi. Buna son qoymaq üçün Osmanlı dövləti Bizansa xərac verməyi boynuna götürməli olmuşdu


[Закрыть]
Bizansın əliylə Osmanlı daxilində ixtilaflar yaratmağa və hakimiyyətə yiyələnməyə çalışırdı. Belə bir vəziyyətdə avropalıların hücumunu dəf etmək elə də asan görünmürdü. Bir sözlə, Osmanlı dövləti İldırım Bəyazidin Teymura məğlub olduğu Ankara döyüşündən bu yana, bəlkə də, ən ciddi təhlükə ilə qarşı-qarşıya idi. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Çandarlı Xəlil paşa II Muradı yenidən hakimiyyətə çağırdı. Bu II Mehmedin ürəyincə olmadı. II Murad sədr-əzəmin çağırışına qulaq verdi və həmin vaxt guşənişinə çəkildiyi Bursadan hərəkətə başladı. O, indiki İstanbul boğazını66
  İstanbul boğazı – Tarixi adı Bosfor boğazıdır. Qara dənizlə Mərmərə dənizini əlaqələndirən su bu keçidi, eyni zamanda İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır.


[Закрыть]
rahatlıqla keçdi: burada keşik çəkən Venesiya hərbi gəmiləri, nə hikmətdirsə, «onu görməmişdilər», genuyalı əsgərlər isə xeyli qızıl pul müqabilində II Muradla döyüşçülərinin qarşı tərəfə keçməsinə şərait yaratmışdılar.

Beləliklə, əvvəl də yazdığımız kimi, rəsmi sultan titulu olmadan II Murad Varna yaxınlığında avropalılarla qarşı-qarşıya gəldi. Bu savaşdan 60 minlik Osmanlı ordusu qalib çıxdı.

II Murad zəfərlə Manisaya döndü. Burada özünə bir saray tikdirdi. Qalan ömrünü dövlət işlərindən kənarda, ürəyinin arzuladığı şəkildə yaşamaq fikrindəydi. Ancaq…

Sürgünə bərabər təlim dövrü

Azyaşlı və təcrübəsiz II Mehmedin hakimiyyəti Osmanlı daxilindəki ixtilafları dərinləşdirməyə, özbaşınalıqların genişlənməsinə yol açmağa davam edirdi. Sarayda faktiki olaraq ikitirəlik yaranmışdı və onların hər biri öz maraqlarından çıxış edirdilər. Bir qrup Konstantinopolun gecikmədən, vaxt itirilmədən ələ keçirilməsini istəyir, digər qrup isə avropalılar sarıdan həyəcan keçirirdilər: onlar qorxurdular ki, Varnadakı ağır məğlubiyyətdən sonra düşmən qisas almaq fikrinə düşə və buna nail ola bilər. Əslində II Mehmed də eyni cür düşünürdü. Digər yandan, hələ ki, siyasi nüfuzunun olmadığının və sədr-əzəm Xəlil paşanın kölgəsində qaldığının fərqindəydi.

Hadisələr isə getdikcə daha təhlükəli miqyas alır və sarayın nəzarətindən çıxırdı. Ardı-arası kəsilmədən üsyan xəbərləri gəlir, başıpozuqluq böyüyürdü. Belədə Çandarlı Xəlil paşa vəziyyətdən çıxış yolunu yenidən II Muradı taxta dəvət etməkdə gördü. Durumun ürəkaçan olmadığının fərqinə varan II Murad 1446-cı ildə Ədirnəyə qayıtdı. O, narazı yeniçərilər və özbaşınalıqlardan cana doymuş şəhər əhalisi tərəfindən sevgiylə qarşılandı. İşi belə görən II Mehmed öz yaxın adamları Zağanos və Şəhabəddin paşaların müşayiəti ilə şəhəri tərk edib Manisanın yolunu tutdu. Həmin dövrdə bu onun taxtdan çəkilməsi kimi qiymətləndirildi.

Lakin II Mehmed taxtdan enməyə təkcə könülsüz deyildi, o həm də bütün bu baş verənlərə görə olduqca incik və qəzəbli idi.

II Mehmed taxta hazırlaşır

Gələcək hökmdar başa düşürdü ki, atasının yaşı hələ çox deyil və bu səbəbdən də taxta çıxmaq üçün xeyli gözləməlidir. Eyni zamanda onu da yaxşı bilirdi ki, II Muradın qulağını dolduranlar da az deyil: onlar yenidən Osmanlı taxtına qayıdan sultanı inandırmağa çalışırdılar ki, oğlu hakimiyyət ehtirası ilə alışıb yanır və öz istəyinə çatmaq üçün atasını aradan götürməyə belə hazırdır. Bununla II Muradı daha çevik tərpənməyə və II Mehmedi indidən zərərsizləşdirməyə inandırmaq istəyirdilər.

Gələcək hökmdar Manisada vaxtını boşa keçirmirdi: bu gözəl vilayəti ürəyi istədiyi kimi idarə edir, arabir kiçik hərbi səfərlərə çıxır, Egey dənizində üzən Venesiya gəmilərinə basqınlar təşkil edib onları yağmaladırdı. Bu basqınlar II Muradın ürəyincə deyildi: o, aralarında sülh və ticarət müqaviləsi olan bir dövlətə məxsus gəmilərin yağmalanmasına qarşıydı. Lakin II Mehmed atasının iradəsi ilə hesablaşmır, bu da azmış kimi, pul kəsdirir, beləcə, sultanlığa can atdığını açıq-aydın nümayiş etdirirdi. Ətrafına savadlı, bilikli şəxsləri toplayırdı, onların arasında italyanlar da az deyildi. Manisa ilə Genuya koloniyası olan Yeni Foça və Saqqız (yunanca adı Xiosdur) adaları yaxın olduğundan aralarında sıx əlaqə, gediş-gəliş vardı. Şərq mədəniyyəti ilə yanaşı Qərb mədəniyyətinə də böyük həvəs göstərən gələcək hökmdar həmin adalardan elm və sənətlə məşğul olan italyanları dəvət edirdi. Onlar isə öz növbələrində gənc şahzadəyə antik fəlsəfə və mədəniyyətlə bağlı bilgilər verirdilər. Bu söhbətlərdə adları çəkilən filosofların, tarixçilərin əsərlərini türkcəyə çevirtdirir və həvəslə oxuyurdu. Qədim yunan mədəniyyətinə xüsusi maraq göstərir, ona böyük bir heyranlıq və sevgi duyurdu. Antik dövrə aid sənət əsərlərindən xoşu gəlirdi, medalyonlara ayrıca marağı vardı. Bu maraq sonralar da davam edəcək, hətta onu İtaliyadan medalyon hazırlayan ən yaxşı ustaları sarayına gətirtməyə həvəsləndirəcəkdi. II Mehmed eyni zamanda islam dünyasının nüfuzlu fikir adamları ilə də isti münasibətlər qurmuşdu. Səmərqənddən, Xorasandan, Təbrizdən, Anadolu bəyliklərindən gələn üləmalarla uzun-uzadı söhbətlər etməyi, müzakirələr aparmağı sevirdi.

Gənc şahzadənin başqa dilləri öyrənməyə də həvəsi çox idi. O, ana dilindən başqa ərəb və fars dillərini gözəl bilirdi, eyni zamanda cənubi slavyan dillərindən birində və yunanca danışmağı bacardığı deyilir.

II Mehmed bir tərəfdən Osmanlı taxtına hazırlaşır, digər tərəfdən isə xanədanın başına keçdikdən sonra atacağı ilk addımları götür-qoy edirdi: başda Çandarlı Xəlil paşa olmaqla onun hakimiyyətə gəlməsini istəməyənlərlə haqq-hesabı çürütmək, ətrafına yalnız ona sədaqət və itaət göstərəcək əyanlar toplamaq və bu yolla hakimiyyətini möhkəm, sağlam təməllər üzərində oturtmaq. Bundan başqa, II Mehmedin önəmli bir hədəfi də vardı: taxta çıxdıqdan dərhal sonra atasının əl çəkdiyi fütuhat (fəth) siyasətini bərpa etmək və ilk növbədə Konstantinopolu almaq!

II Mehmed evlənir

Oğlu Manisada olduğu müddətdə II Murad onu iki dəfə yanına çağırmışdı. Bunlardan biri 1448-ci ilə təsadüf etmişdi. Kosovada şərqi avropalı xristianlar üsyan qaldırmışdı. Üsyanı yatırmağa gedən II Murad oğlunun da yanında olmasını istəmişdi, bu səfərin təcrübə baxımından II Mehmed üçün faydalı olacağını düşünmüşdü. Üstəlik, Kosova I Mehmedin 60 il öncə xristianları darmadağın etdiyi yerdi. O gündən bəri şərqi avropalılar Osmanlı ilə dinc dolanırdılar, lakin birdən-birə yenidən türklərə qarşı baş qaldırmışdılar. II Murad Macarıstan hakimi Yanoş Hunyadiyə sülh təklifi göndərir. Bu təklifə rədd cavabı aldıqdan sonra Osmanlı ordusu hücuma keçir. Varna döyüşündəki məğlubiyyətin acığını çıxmayan Hunyadi növbəti dəfə ağır məğlubiyyətə uğrayır. O, az sayda döyüşçü ilə canını qurtara bilir. Bundan sonra II Murad albaniyalı sərkərdə Georgi Kastriotonun nəzarətində Kroya qalasını mühasirəyə alır. Georgi bir ara müsəlmanlığı qəbul etmiş, sonra isə yenidən xristian olmuşdu. Avropada onu «Skanderbeq» (İsgəndər bəy) ləqəbi ilə tanıyırdılar. Osmanlı ordusunun ixtiyarında yüz kiloqramlıq mərmiləri ata bilən iki nəhəng top vardı. Bu toplardan açılan atəşlərdən sonra Kroyanın qala divarları dağılsa da, müdafiə qarnizonu müqavimət göstərməkdə israrlı idi. Nəticədə Osmanlı döyüşçüləri geri çəkilmək məcburiyyətində qaldı. Bundan sonra Georgi Kastriotun – Skanderbeqin şöhrəti daha geniş coğrafiyaya yayıldı. O, növbəti iyirmi il ərzində Avropanın ən sevimli qəhrəmanı oldu… Halbuki Osmanlı ordusunun Kroyada düçar olduğu məğlubiyyət əslində elə də böyük uğursuzluq deyildi. Sadəcə, bir döyüş qələbəsiz başa çatmışdı, vəssalam!

Bu yürüşdən sonra II Murad öz varisini – II Mehmedi Dulqədir oğullarından Süleyman bəyin qızı Sitti Xatunla evləndirdi. Möhtəşəm bir toy oldu və II Murada Kroyadakı uğursuzluğu xeyli unutdurdu. Süleyman bəy çox zəngin, qızı isə qənirsiz gözəldi. Ancaq II Mehmedin ona könlü yox idi və Sitti Xatuna laqeyd münasibət bəsləyirdi.

1450-ci ilin sonlarında Ədirnədə keçirilən toy şənliyi nə az, nə çox, düz üç ay davam etdi. Sonra təzə bəy-gəlin Manisaya yola düşdü. Qeyd edək ki, II Mehmedin bu evlilikdən övladı olmayıb. Ərinin taxta çıxmasından sonra Sitti Xatun Ədirnədə qaldı və uzun illərdən sonra əri tərəfindən həmişəlik tərk edilmiş biri kimi həyata gözlərini yumdu. Yeri gəlmişkən onu da deyək ki, heç bir qadın II Mehmedin həyatında xüsusi rol oynamayıb, onu öz təsiri altında saxlamağı bacarmayıb.

Tarix 1451-ci ili göstərərkən Osmanlı səltənətində qarışıqlıqdan və qarğaşadan əsər-əlamət qalmamışdı. Sultan II Murad onu güclü bir dövlətə çevirmişdi. Bu dövlət istər dənizlərdə, istər quruda düşmənlərinin canına vəlvələ salırdı. Osmanlılar dövrün ən müasir silahlarına sahib idilər. Onlar hələ 1422-ci ildən başlayaraq toplardan istifadə edirdilər. Halbuki avropalılar bu silahdan xeyli sonralar yararlanmağa başlamışdılar. 1422-ci ildə II Muradın Gəliboluda lövbər atmış altmış gəmisi, Dunay çayında isə səksən yüngül savaş gəmisi mövcuddur. Zaman keçdikcə Osmanlı donanması daha da böyümüş, bu isə Venesiyanı öz hərbi dəniz qüvvələrini genişləndirmək məcburiyyəti qarşısında qoymuşdu. Osmanlı dövlətinin iqtisadi gücü də artmış, şəhərlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdular. İllər öncə Əmir Teymurun ordusu tərəfindən yağmalanıb xarabaya çevrilən Bursa tədricən Yaxın Şərqin önəmli ticarət mərkəzlərindən birinə çevrilmişdi.

Bir sözlə, Osmanlı dövləti özünün ən yaxşı çağlarından birini yaşayırdı. Elə bu vaxt gözlənilməz hadisə baş verdi: oğlunun toyundan qısa bir müddət – 1451-ci il fevralın 3-də II Murad cəmi 47 yaşında qəfildən vəfat etdi. Cənazəsi Bursaya aparıldı və vəsiyyətinə uyğun olaraq gənc yaşda dünyasını dəyişən oğlu şahzadə Ələddinin türbəsinə dəfn olundu.


Страницы книги >> 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации