Электронная библиотека » Eyyub Məmmədov » » онлайн чтение - страница 1

Текст книги "Yazsa roman olar"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Eyyub Məmmədov


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 3 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Hər dəfə sən kitab oxuyanda,

ağaclar sevinir və ölümdən sonrakı

həyata inanırlar…

Köhlən nəşriyyatı


Eyyub Məmmədov

Yazsa roman olar

(esselər)



Buraxılışa məsul:       Nizami Əlisoy

Redaktor:            Adil Əliyev

Korrektor:            Günel Haşımlı

Yekun oxunuş:            Həmid Piriyev

Eyyub Məmmədov. Yazsa roman olar.

Bakı, “Köhlən” nəşriyyatı, 2021, 86 səh.

©Eyyub Məmmədov / 2021

© Köhlən Nəşriyyatı / 2021            İSBN: 978-9952-8411-4-5


Müəllifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəlliflik hüququ qanunvericiliyinə əsasən qadağandır!

facebook.com/kohlanpress

instagram.com/kohlanpress

twitter.com/kohlanpress

[email protected]

(+994 55) 359-99-23



İÇİNDƏKİLƏR

Ön söz və ya ədəbiyyatın vacibliyi haqqında

1. Bekketin utancaqlığı

2. Susqunluğun sirri

3. Bədbəxtliyə doyum

4. Saf və düşüncəli Orhan Pamuk

5. Düşmənindən tez ölən adam

6. Zamandan qaça bilməyən…

7. Yazsa roman olar…

8. Finişdən o yandakı həyat

9. Çamadan

10. Daşların hekayəsi

Son söz əvəzi

Doğurdanmı ədəbiyyat həyatdan daha maraqlıdır?




Ön söz və ya ədəbiyyatın vacibliyi haqqında

Şəxsi təcrübələrimə əsasən deyə bilərəm ki, qarşılaşdığım maraqlı insanların əksəriyyətində ümumi bir bənzərlik diqqətimi çəkib daima. Kitaba qarşı laqeyidlik. Çox maraqlıdır ki, bu insanların əksəriyyəti özlüyündə kifayət qədər zəngin kültürə, ensiklopedik biliyə, həssas insani duyuma malik şəxslər olsalar da onların kitab, ədəbiyyat, ümumiyyətlə, mütaliə prosesi haqqında fikirləri aşağı-yuxarı eynidir. Öz şəxsi uğurlarının kökündə yalnız və yalnız fərdi təcrübələrinin dayandığını iddia edən bu kəslər kitaba təxminən başqalarının fikirləri ilə yüklənmək kimi baxır. Mən bu fikrin doğru, yoxsa yalnış olması üzərində dayanmayacam. Çünki, bu mənimçün biraz da şəxsi maraqlara dirənən məsələ olduğundan, bu barədə tam adekvat fikir bildirməkdə çətinlik çəkirəm. Elə ona görə də əsas mövzumuzun bu olmadığını nəzərə alıb keçirəm mətləbə.

Ədəbiyyat adına, sənət adına, elm adına az-çox istər şəxsi maraqlardan, istərsə də inzibati səviyyədə qayğının hiss olunduğu bir vaxtda ölkədə günü-gündən actuallaşan bir sual müvafiq cameəni narahat edir: “Bu ölkənin əhalisi niyə kitab oxumur?” Bilirəm, kifayət qədər çeynənmiş mövzudur. Ancaq neyləyəsən? Bir fakt varsa ki, çeynənsə də aktuallığını qoruyur daima, deməli, o faktın çeynəndiyi qədər də müzakirədən qaçılması mümkünsüzdür. Hətta o dərəcədə ki, çox vaxt problemə pedantcasına yanaşanda ortaya müxtəlif cür müqayisələrdən ibarət arqumentlər çıxır ki, əsasən əhalinin sayı ilə potensial oxucu sayı arasındakı statistik fərq, cəhalətimizin səbəbkarı kimi kitabsızlıq və s. kimi örnəklər ən ağrılı məqamlar kimi qələmə verilir. Uğurlu örnək kimi isə qonşu Rusiya, Türkiyə və s. ölkələr gətirilir. Sanki Dostoyevski, Çexov ənənələri üzərində dayanan Rus ədəbiyyatının yetirməsi olan Rus xalqı Yerofeyevin şikayətləndiyi xalq deyil də, hansısa başqa bir xalqdır. Hansı ki, Yerofeyev o Rus xalqından şikayətlənir ki, yüz yetmiş milyonun içərisində on yeddi min tirajla kitab oxuyan bir xalqdır. Və yaxud da Orhan Pamukun misalında Azərbaycan yazıçısının həsrətini misal göstərmək olar. Guya Orhan Pamukun yazıçı lüksunu səksən milyonluq xalqın dəstəyidir təmin edən. “Gəlsin o Pamuk səkkiz min tirajla yazsın, görüm yenə elə gözəl əsər yaza bilərmi?” – deyir, biraz da irəli getmiş cığal yazıçılarımız. Mənimsə fikrim burada qəti olaraq birmənalıdır: “Əlbəttə ki, hə!” Yaza bilər. Çünki, Pamuku Pamuk edən nə səksən milyonluq Türk xalqıdır, nə də səksən milyonun içindəki səksən minlik oxucu kütləsi. Əksinə, səksən milyonun içindən səkkiz min həqiqi oxucuya qoşulub səksən minə çevrilənlər özləri də bilmədən Pamuk küyünə düşüb onun məşhurluğunda pay sahibi olanlardır. Təbii ki, əsl Pamuk oxuyanlar da aşağı-yuxarı o səkkiz minlərin içərisində yetişəcəklər. Həqiqət, həqiqilik, ciddiyyət milyonların işi deyil.

Mənə görə ölkədə ciddi yazıçının yetişməsi üçün ən vacib faktor ciddi oxucu sistemidir. Məsələnin biraz sakral – mistik, biraz rasional – şüurlu, biraz fitrətən və biraz da sonradan qazanılmış keyfiyyət kimi bu ümumi sadaladıqlarımın kompleks halı olan oxucu anlayışından danışıram. Bildiyimiz fizik kimi, kimyaçı kimi, filosof kimi və s. kimi ən müxtəlif ixtisas sahiblərindən birinə çevrilmiş oxucu. İxtisaslaşmış oxucu – bir sözlə. Hansı ki, bu oxucu yazıçıdan daha yaxşı oxucu ola bilər. Bir yazıçıdan fərqli olaraq öz istedadını yazmağa deyil də, oxumağa həsr edə bilər. Bu oxucuların əsas fərqi nədədir bəs? Mənim oxucu dediyim seqmentin Sovet dövründə Salam Qədirzadə, Əlibala Hacızadə və s. kimi kifayət qədər populyar olan şəxsləri oxuyan yüzminlərə heç bir adiyyatı yoxdur. Belə olmasaydı o yüz min Salam Qədirzadə oxucusu günlərin birində qəfil nəhəng bir sistemin yıxılması ilə çevrilib bayağı şou-proqram izləyicisinə çevrilməzdi. Nəzərə almaq lazımdır ki, kitab oxumaq Sovet dövrünün əsas məşğuliyyəti idi. Və bu trend dalğasında ən qatı kommunist belə, hətta Soljenitsin kimi sistemə təhlükəli bir yazıçını tapıb oxuyacaqdı. Oxuyurdu da. Deməli, burada Əlibala Hacızadə ilə, Salam Qədirzadə ilə öyünməyin bir mənası yoxdur. Daha dəqiqi buna haqqımız çatmır. Öyünməyə o zaman haqqımız çatardı ki, o, oxucu kütləsinin içindən çox yox, səksən nəfər ciddi ədəbiyyatçı formalaşardı. Ya da ədəbiyyatçının formalaşmasında pay sahibi olardı. Amma olmadı. Olanlar da tamam başqa dalğanın yetirmələridir ki, onları bura aid etmək ən azından çəkdikləri əziyyətə görə onlara qarşı insafsızlıq olar. Yoxsa ki, Seymur Baycanın məlum hekayəsinin Salam Qədirzadədən pastiş, yoxsa plagiat olduğunu bilməyib özlərini gülünc vəziyyətə salanlar, çox da ki, oxusun Salam Qədirzadəni, nə mənası var ki?!

İndi qayıdaq əsas suala: “Kitab oxumaq bizə nə qatır?”, “Kitab oxumaq faydalıdırmı?”, “Yoxsa biz kitab oxumağı bir doqma kimi qəbul edib kütləvi psixozun tərkib hissəsinə çevirməliyik?” Açığı mənimçün sənətin ən ürəkbulandırıcı tərəfi onun kütləviləşməsidir. Hətta, bəzən müəyyən polemikalarda “evdar qadınlarımız kitab oxusun, seriala baxmasın” kimi ritorikalara da çox vaxt gülürəm. Axı siz nə gözləyirsiniz ki? Zaman dəyişib, trend günü-gündən fərqliləşməyə məruz qalır. Dünən kitab oxuyurdular, bu gün seriala baxırlar, sabah da başqa bir məşğuliyyət tapılacaq. Yoxsa, siz Bakı-Qazax avtobusunda əlində çərəkə, yuxu yozmaları satan satıcıdan “Umberto Eko yeni kitab yazdı”, “Pamukun postmodernizmdən modernizmə qayıdışı” tipli reklamlar eşitmək istəyirsiniz? Yoxsa xəstə ruhlar kolleksioneri Dostoyevskini oxumaq bir evdar qadın üçün bu qədərmi əhəmiyyətlidir. Girişdə haqqında danışdığım insanlar üçün Kafka nə rol oynaya bilərdi ki, ya da?.. Axı, niyə sənətin təyinatını dəyişdirib onu azdırmağa cəhd olunur bu qədər? Məgər ciddi sənət, ciddi ədəbiyyat bu qədərmi əlçatan olmalıdır? Həqiqi sənətlə “Kiç” baryerini dağıtmaq ədəbiyyat adına hansı faydanı verə bilər ki? Bu cür suallara ən müxtəlif cərəyanların nümayəndələri müxtəlif zamanlarda təxminən eyni cür cavab veriblər: “Sənət sənət üçündür”. Çayxanada oturub eşitdiyi səslərdən şeir yazan Appoliner də, torbadan çıxardıqları təsadüfi kağızları bir-birinə calayaraq şeir quraşdıran dadaistlər də sənətin kütlənin deyil, fərdlərin işinə olduğuna inanıblar. Yoxsa Borxes kimi bir nəhəng niyə sevinirdi ki, onun kitablarını cəmi beş-on nəfər oxuyur? Çünki onu oxuyanların həqiqi ədəbiyyat oxucuları olduqlarını yaxşı bilirdi.

Yekun olaraq ölkədə ədəbiyyatın durumundan səmimi olaraq narahat olan insanlardan fərqli olaraq düşünürəm ki, vəziyyət heç də faciəvi deyil. Dünyanın harasında olur olsun ixtisas sahibləri öz ixtisaslarına maraq azlığından daim şikayətləniblər. Bu ölkədə ümidini ədəbiyyata dikmiş bir yazarın beş yüz-min tirajdan şikayət etməsi təbiidir, başa düşüləndir. Ancaq, mən istərdim ki, sənətçi də öz sənətinə qarşı fədakarlıq, entuziazm hissləri baxımından xəsislik etməsin. Nə olur olsun həqiqi sənət, həqiqi ədəbiyyat gec-tez özünə yer tapacaq. Çox da olmasın Mehdi Bəyazidi tanıyan doqquz milyon. Əsas odur, onu tanıyan doqquz nəfərin yaddaşında Mehdi Bəyazid Folkner miqyasında bir nəhəng olaraq yaşayır.

Bu mənada bu kitab sırf ədəbiyyat həvəskarları üçün nəzərdə tutulub. Çünki kitabın müəllifi kimi özümü ilkin olaraq həvəskar ədəbiyyatçı sayıram. Nəzərə alsaq ki, bu müəllif olaraq mənim ilk işimdir, onda bu təyini lüzumsuz təvazökarlıqdan qaçış kimi deyil, elə səmimi şəkildə öz gücünə bələd olan bir şəxsin etirafı kimi də qəbul edə bilərsiniz. Həvəskar ədəbiyyatçı deyirəm, bu ifadə sizləri çaşdırmasın. Söhbət burada müəllif olaraq özümü həvəskar ədəbiyyatçı kimi görməklə yanaşı, əksinə kitabın oxucularının sözün yalnızca hərfi mənasında ədəbiyyat həvəskarları olmayacağına, zamanla həm də bu işlə peşəkarcasına məşğul olanların da oxu menyusuna bu kitabın daxil olacağına ümid edirəm. Bir sözlə, həvəskarlıq burada ehtimal olunan oxucu kütləsinin təkcə peşəkarlıq səviyyəsini təyin etmir. Həm də kitabın oxucusunun ədəbiyyatla aşağı-yuxarı əlaqəsini müəyyənləşdirir. Buna görə də oxucu kimi bu kitab o şəxslərə hesablanıb ki, ən azından kitabı oxuyub bitirəndə “mən bunu niyə oxudum?” deməməsi üçün oxuduğunun nə olduğunu bilməsi vacib olduğu qədər, kitabın özünün də gedəcəyi ünvanı dəqiq tanımalıdır. Beləliklə, bizim həvəskar oxucu dediyimiz şəxs sadəcə və sadəcə ədəbiyyat adamıdır. Girişdə “Ədəbiyyatın vacibliyi haqqında” başlığı ilə verilmiş yazı da sırf bu məqsədlə, məhz ön söz əvəzinə yerləşdilirib. Düşünürəm ki, ön sözdə haqqında söz açılan məsələlər ədəbiyyatın kontingentini müəyyənləşdirmək baxımdan bizlərə işıq tuta bilər. Və bununla artıq otuz ilə yaxındır ki, müzakirə mövzusu olan “bu ölkədə niyə ədəbiyyat oxunmur?” sualına da az da olsa aydınlıq gələr. Zəruri qeyd etmək də lazımdır ki, kitabdakı yazıların bəziləri zamanla dövri mətbuatda dərc olunub. Kitab kimi ərsəyə gəlmək ideyası isə rəqəmsal dünyadakı yazının ömrünün kağız mətnlərə nisbətən daha az olmasından dolayı ədəbiyyatı əbədiyyətə çevirmək yolunda acizanə bir cəhddir.


1. Bekketin utancaqlığı

– Dünən! Bu nə deməkdir? Dünən!

– Dünən bu lənətəgəlmiş gün başlamazdan əvvəlki günə deyilir. Mən sənin mənə öyrətdiyin sözləri işlətməklə danışmağa çalışıram. Əgər bu sözlərin sənin üçün daha heç bir əhəmiyyəti yoxdursa, onda zəhmət çək mənə başqa sözləri öyrət. Ya da imkan ver susum.

Samuel Bekketin “Endşpil” əsərindən


Bekket ədəbiyyat tarixinin ən qəribə insanlarından biridir. Təkcə fenotip olaraq ilk baxışdan qarşısındakı istənilən adamda maraq cəlb eləyən yazıçının daxili dünyası da elə siması qədər ahəngsiz və narahat görünür. Bilmirəm, bəlkə də, bu narahatlıq onun gənclik illərində Coysla tanışlığındandır irəli gəlir, ya nədir, amma dəqiqi budur ki, bu tanışlıq onun istər dünya görüşün formalaşmasında, istərsə də fəlsəfi-estetik seçimində böyük rol oynayıb. Coys kimi bir dühanın qızı tərəfindən təklif olunan sevgini rədd etməsi də elə bu qəribəliyin təcəssümüdür. Və yaxud da başqa bir misal. Olsun ki, bu səpkidə bir lətifə onun əsərlərində oxucunu təəcübləndirə bilsin, amma, bu həqiqətdir. Bekket bəzən özünə yaraşmayan öldürücü sinizmini, qara yumorunu işə salır:

– Tanrı belə bu dünyanı altı günə yaratdı. Sənsə bir paltarı üç aydır tikib qurtara bilmirsən.

– Bir onun yaratdığı dünyaya bax. Bir də mənim tikdiyim paltara.

Beketti ilk dəfə dörd il bundan qabaq oxumuşdum. Son günlərdə yenə oxudum. Bu dəfə başqa əsərlərini. Amma effekt yenə eynidir. O vaxt oxuyanda hansı hissləri keçirmişdimsə bu dəfə də eynisini yaşadım. Bekket ömrün harasında olursa olsun səninlə qarşılaşırsa hiss edirsən ki, bu qarşılaşma sonuncu deyil. Belə bir şey yenə nəvaxtsa təkrarlanacaq. Aradakı zaman intervalı isə insan ekzistensiyasının ən ağrılı məqamıdır. Bekket intervalı özünə məxsus metafora ilə izah edir:

“Otaqdakı iki əşya ən vacib əşyadır mənimçün. Yemək qabı və tualet üçün qab”.

Ömrü bu iki əşya arası intervalında görən Bekketin əsərlərində qəribə bir auditivlik var. Üstündən dörd il müddət keçməsinə baxmayaraq “Molloy”un finalındakı yağışın səsi hələ də qulağımdan çəkilmir. Ancaq, sözün ilkin olduğuna inanaların dünyasında söz varlığı vizual cəhətdən ifadə edə bilmədiyindən Bekketin üslubunda təsviretmə, duymağa nisbətən daha müşkül məsələdir. Bir növ xəstə assosasiyaların yaratdığı boğulmağa bənzədiyindən mətnin ortasında məzmunun əlini-ayağını yığmaq olmur. Bekketin əlsiz, ayaqsız, dilsiz, kar qəhrəmanlarından fərqli olaraq mətni oynaqdır – daim hərəkətdədir. Mətn sənə gəlmir. Gərək sən onun ardınca gedəsən. Bu trofeyi qazanmaq üçün Bekket oxucunu bir xeyli yorur. Bütün bu əziyyətin sonunda isə görürsən ki, əslində, biz mətndəki situasiyaya deyil, situasiyada baş verən hadisələrə deyil, o hadisələrin doğurduğu effektə proeksiya olunuruq.

Onun qəhrəmanları çoxluq olaraq bu gündə bu gün üçün yaşaya bilməyənlər – keçmişin xiffətini çəkənlərdir. Burada biz Bekketdən insan sevgisinin sərhəd tanımayan bir özəlliyini görürük. Qəhrəmanlarının ruhi olaraq məhv olmaması üçün Bekket onları yaddaş pozuntusuna düçar edir. Əks halda həyatını lent yazısındakı kimi özüylə daşımağa məcbur olsaydı Kropp bu keçmişi ilə üzləşməkdən məmnun qalardımı? Yəqin ki, yox. Elə buna görə də Bekket mənim qəhrəmanımdır. Bekketin yaratdığı mətnin qaydaları “altı günə” yaradılmış dünyanın qaydalarına istinad etmir. Əksinə, bu “altı günlük” dünyada əbədi lənətə düçar olunmuşlara oxunmuş elegiya kimi səslənir bəzən qulaqlarımda. Daha çox iç monoloqlara yönəlmiş bu əsərlərdə insan varoluşuna baxış Kamyudan fərqli olaraq passiv faza ilə tamamlanır. Bekketin antiqəhrəmanları mənəvi şikəstlikdən daha çox bioloji şikəstlikləri ilə “zəmanəmizin məğlublarıdır”. Bu biolji şikəstlik onları dünya ilə, mövcudluqla münasibətdə əqli seçimlərdən uzaqlaşdırır. Həyat Bekketin əsərlərində özünün inkar etdiyindən fərqli olaraq ümumi bir varoluş aspektindən dəyərləndirilir, bəzən isə bu dəyərləndirilmə Endşpil nöqtəsində daha çox kor bir qəzaya tabe olma, fatalizm önündəki məğlubiyyət və nəhayətində ümumi kadrların dayanması, stop verilərək lent yazısının bitiminə bənzəyir.

Assosial və kütlə qarşısında çıxış etməkdən elə də xoşlanmayan Bekket buna görə dərs dediyi universitetdən işdən çıxır. Yəqin ki, həyatı “yemək qabı ilə tualet qabı arasındakı məsafə olaraq” görən ruh adamı üçün belə şeylər çox da müzakirə mövzusu olmamışdır heç vaxt. Ancaq onun bir cümləsini ən pis vaxtlarımda özüm üçün sehrli bir mantra olaraq təkrarlamışam:

“Yenə də cəhd et, yenə məğlub ol! Bu dəfə daha yaxşı məğlub ol”.


2. Susqunluğun sirri

Yeknəsək günlərin birində fikirli-fikirli addımlayarkən özümü qəfil İstanbulun gözdən-qulaqdan iraq, balaca bir kitab dükanıda gördüm. Axırıncı dəfə buraya nə vaxt gəldiyimi tam xatırlamasam da, görünür, yolu unutmamışdım deyə qeyri-iradi gəlib bura çıxmışdım. Odur ki, dərhal içəri keçib kitablara baxmağa başladım. Belletristika və üçüncü-dördüncü dərəcəli həvəskar türk tarixçilərinin kitabları ilə dolu dükanda Jose Saramaqodan yeganə tapdığım kitabı almaq üçün çox da fikirləşməyə gərək qalmamışdı. “Bütün isimlər” adlı roman Saramaqonun yaradıcılığının təqribən orta dönəmlərinə düşür. Əksər yazıçıların qocalıq sindromu adlanan son romanlarındakı əksilikdən doğan məəziyətləri Saramaqonun yaradıcılığı üçün bu dövrdə xarakterikdir sanki, çünki Saramaqo bu romanda ənənəvi üslubundan birazca kənara çıxır, adətən hər əsərində göstərdiyi cümlələr üzərindəki master-klassını təkrarlamır. Qısası, bu əsərdə Saramaqoya məxsus uzun-uzadı cümlələr demək olar ki, azdır. Bundan əlavə mətnin tərtibatı Saramaqonun öz fəndinə əsasən oxuma prosesini çətinləşdirdiyindən, əsər biraz da cansıxıcı gələ bilər. Folknervari gediş edərək cümlələrdə nöqtə və vergül istisna heç bir durğu işarəsindən istifadə etməyən Sarmaqo, hətta dialoqların da ənənəvi düzülüşünü verməyib. Tərcüməçi də bu üslubu qoruyub saxlamağa cəhd etdiyindən romanı oxumaq o dərəcədə çətinləşir ki, bəzən dialoqlarda tərəfləri belə qarşışdırırsan. Bundan başqa, ənənəvi klassik romanlardakı təhkiyəçi – üçüncü şəxsin təkində danışan mən, bu əsərdə bəzən metaromanlardakı təhkiyəçiyə çevrilir, oxucu ilə intertekstual dialoqa keçir. Amma təbii ki, müəllif Saramaqodursa onun hər bir kaprizinə dözmək olar, ki, sonda Saramaqo öz oxucusnu bu fədakarlığına görə mütləq mükafatlandırır.

Əsərin tanıtımında Saramaqonun məqsədi bu əsərdə qəhrəmanının simasında şöhrət anlayışının irdələnməsi olduğu göstərilsə də, fikrimcə, Saramaqo burada şöhrətdən ziyadə adlar üzərindən bir oyuna baş vurur. Bu isə öz növbəsində, Vitgeynşteynin təbiri ilə ilə desək, “dil çatlarında yaranan fəlsəfə” ilə gündəlik qarşılaşdığımız, məruz qaldığımız dil oyununa girərək anlayışların kökünə enir, ölüm, yaşam, intihar və s. anlayışlara fərqli yöndən nəzər salır. Əsərin qəhrəmanı arxiv idarəsində çalışan yaşlı bir məmurdur. Hər gün doğulan, ölən, ayrılan, evlənən yüzlərlə insanın şəxsi qovluqları birbaşa onun əlindən keçərək arxiv idarəsinin tozlu rəflərinə daxil olur. Burada isə əsas iki kateqoriya var. Ölülər və dirilər üçün ayrılmış hissə. Arxiv idarəsinin qapı ilə ayrıldığı digər otaqsa qəhrəmanımız – Don Xosenin yaşadığı köhnə evdir. Uzun illər bu idarədə çalışa-çalışa, Don Xose qəribə bir mübtəlalığa yoluxur. Adları maraqlı gələn insanların şəxsi işlərini idarədən icazəsiz çıxarmaqla – bir növ oğurlayaraq kolleksiya toplamaqla gününü keçirən bu şəxs bir gün bir qadının arxivi ilə tanış olur. Ona maraqlı gələn qadının arxivini tapması ilə də qəhrəmanımızın hekayəsi başlayır. Tipik postmodernist əsərlərdə baş verən axtarış motivi bu əsərdə də keçir. Belə ki, Don Xosenin bu müəmmalı şəxsin axtarışından bəhs edən əsərdə hər nə qədər Saramaqonun fəlsəfi disputlara dalmasında bir şikəstlik hiss olunsa da əsərin kuliminasiya nöqtələrində müəllifin ölüm və həyat arasındakı incə cizgiyə arxiv sənədləri timsalında irəli sürdüyü yeni baxış tərzi də maraqlıdır. Bundan başqa, fərdin topluma dönüşü, hierarxiyanın amansız tənqidi və s. kimi bürokratik anlayışlar da əsərdən öz tənqid payını alırlar. Axtarış prosesi uzandıqca qəhrəmanın şəxsiyyətindəki incəliklər də üzə çıxır. Tədirginliyi ilə bərabər sərhəd tanımaz inadı ilə Don Xose axtardığı şəxsin izinə düşür və romanda sonrakı hadisələrin açılması üçün işıq ucu görünməyə başlayır. Beləliklə, oxucu Don Xose ilə bərabər naməlum qadının axtarışına çıxır.

Əsərin sehrinə daldığımdandı, ya nədir bilmirəm – adətimə xilaf olaraq bu kitabı oxuyarkən təqdimat vərəqlərinə baxmamışdım deyə ikinci səhifədəki əl yazma ilə yazılmış kiçik mətn diqqətimdən qaçmışdı. Əsərin ortalarına yaxın ikinci səhifədəki üç-dörd cümləlik yazı bu əsəri həyatıma bağlayan əsas hadisə oldu. Demək, kitabın ikinci əl olmasının səbəbi bu kitabı 1998-ci ildə bir qadının öz bacısına bağışladığı hədiyyə olması idi. “Ən xoş arzular və xoşbəxtlik ümidi” ilə bağışlanmış əksər hədiyyə kitablardan fərqli olaraq, bu kitab necə olub gəlib satılma həddinə çatmışdısa, bilmirəm. Ancaq bildiyim o idi ki, bu yazını oxumağım mənim həyatımda təsadüfi bir şey olmamalı idi. Deməli, ortada iki əsas ehtimal vardı. Ya kitabı hədiyyə kimi qəbul edən şəxs onu bəyənməmişdi, ya da bəyənib oxuduğu kitab onun üçün hansısa arzuolunmaz bir xatirəyə çevrilmişdi ki, onu satmaq məcburiyyətində qalmışdı. Hər halda ehtimallar tükənməzdir. Ancaq aradan iyirmi ilin keçməsi bu sirri dərinləşdirdiyi qədər də içimə qəribə bir hiss salmışdı ki, bəlkə də bu əsəri oxuduqca əsərin qəhrəmanına çevriləcəm. Bəlkə də əsərdəki qəhrəmanın gizlənmə səbəbi kimi bu qadının da kitabdan imtina səbəbi də hardasa eynidir. Daha da dəhşətli, bəlkə, bu ola bilərdi ki, əsərdə axtarılan qadın elə bu kitabdan imtina edən qadının özü ola bilərdi. Belə olduğu təqdirdə mən bu əsərdəki Don Xosenin özü olmurdummu? Axı yaşam elə mətnin özü deyilmidir? Bəlkə də bu həyatın özü bir mətndir? Hər halda ədəbi oyun ilahi bir oyuna çevrilmişdi. Mənim bu qadına olan marağım, bu qadını axtarmağa məni təhrik edirdi. Bu işdə isə ən böyük kömək elə bu əsəri özümə bələdçi seçmək ola bilərdi. Yəni oyuna qatılmışdımsa oynamalı idim. Gözümü açıb qəfil özümü içində gördüyüm bu oyun məni həyatla mətn arasındakı əlaqədə kövrək bir bağa çevirmişdi.

Ağır iş günlərindən imkan tapdıqca əsəri oxuya– oxuya əsərin qəhrəmanı sayaq mənim də axtarışlarım bəzən dalana dirəndiyinidən Don Xosedən fərqli olaraq mən daha tez həvəsdən düşürdüm. Sanki bütün axtarışlar əbəs yerə idi. Qəhrəmanımızdan bir fərqim də – mənim axtarış üçün elə də böyük bir imkanımın olmaması idi. Kitabı satan şəxsi yalnız virtual dünyada axtara bilirdim. Bu axtarışların birində isə tapdığım yeganə olması ehtimal olunan profil heç bir ümid vəd etmirdi. Çünki profil “ölü profil” idi. Ola bilsin ki, profilin sahibi ölməsin, hələ də yaşasın. Amma istənilən halda, profili işlətməməsi məni bu qərarı almağa vadar etdi ki, bu axtarışı hələlik dayandırım və qəhrəmanımızın da axtardığı şəxsin ölü olması mənimçün yeganə çıxış yolu saxlayırdı ki, yaxşısı hadisələrin sonrakı gedişatına uyğun olaraq sonluq əsasında bir qərar qəbul edim. Bütün sirlər sonda açıla bilərdi.

Əsərin sonlarına yaxın Don Xose birtəhər naməlum qadının basdırıldığı məzarlığı tapır. Məzarlıq işcisinin bələdçiliyi ilə onun nömrələnmiş məzarını tapması və burada yuxuya gedib səhər məzarların arasında gördüyü çobanla dialoqu əsərin finalı sayıla bilər. Bununla da Don Xose axtardığı qadının simasında həyatın ən böyük həqiqətlərindən birini tapmış olur. Əsərin epiqrafında deyildiyi kimi biz ən yaxşı halda bizə verilmiş olan adları bilirik, amma sahib olduğumuz əsl adı bilmirik. Demək yaşadığımız bu şey hər nədirsə, toplu bir illuziyadan, oyunlardan başqa bir şey deyildir. Çünki müqəddəs olan şey gizli qalmağa, sirrə-sehrə bürünməyə məhkumdur. Bu islam fəlsəfəsində də belədir. Allahın yüzüncü adı gizlidir. Çünki bizə məlum olan 99 ad simulyasiyaya məruz qalsa da, o yüzüncü ad müqəddəslik haləsini saxlayır. Don Xoseyə nömrələnmiş məzarların içərisindəki nişan verilən məzarın əslində o olmadığını, məzarların nömrələrini gecə ilə dəyişdirdiyini, qısası onun axtardığı qadınının başının üzərində dayandığı məzarda olmadığını deyən çoban hər nə qədər cinayət işlətmiş biri olaraq sayılsa da, bunu kifayət qədər maraqlı səbəblərlə əsaslandırır. O, tanıdığın birinin əksinə tanımadığın şəxsin məzarı önündə ağlamağın nə qədər müqəddəs bir şey olduğunu bildirməklə yanaşı, həm də bu məzarların nömrələrini gecəylə niyə dəyişdirdiyini belə əsaslandırır: Nəzərə alsaq ki, qəbristanlığın bu hissəsi intihar etmiş şəxslər üçün ayrılıb, deməli burada yatan şəxslərin hamısı öz həyatlarından könüllü şəkildə imtina etmiş şəxslərdir. Deməli, bura da öz istəyi ilə gəlmiş şəxslər də həyatlarındakı insanları böyük əksəriyyətlə bir daha görmək istəməyən şəxslərdir. Belədə mən gecəylə onların nömrələrini dəyişdirməklə onları arzularına qovuşdurmuş oluram. İstədikləri azadlığa bu yolla nail olan bu ölülər yaşamları ilə bərabər imtina etdikləri şəxsləri də bir daha görmək məcburiyyətində qalmayacaqlar. Onlara bu azadlığı mən bəxş etdim. Əsərin ən dəhşətli hissələrindən biri olan bu dialoq Don Xose ilə bərabər oxucunu da bir xeyli sarsıdır. Axtardığı şəxsi bir daha tapa bilməyəcəyini anlayan Don Xose yarımçıq qalmış işlərini tamamlamaq üçün məzarlıqdan uzaqlaşır və intihar etmiş şəxsin – axtardığı qadının sonuncu dəfə evinə ziyarət etməklə də heçnə tapa bilməyəcəyini də görüb bu işi yarımçıq saxlamağa məcbur olur.

Əsəri oxuyub bitirəndə qəribə bir hiss bürümüşdü canımı. Deməli, axtardığım şəxsi tapmağım mümkünsüz olduğu qədər də onu tapmağım heç bir halda doğru bir şey ola bilməzdi. Hər halda imtinaların kökündə dayanan səbəb nə olur olsun, insanları öz azadlıqları ilə baş-başa buraxmaq lazımdır. Bəlkə də o qadın elə oxuduğu kitabdakı naməlum qadının simasında öz aqibətini görmüşdü. Bəlkə də elə o qadın naməlum qadın kimi hər kəsdən gizlənmək, qaçmaq istəyirdi. Bəlkə də elə o qadın bu əsərdəki qadın kimi intihar etmişdi. İstənilən halda, suallar çox idi. Belədə əsas bir sual qalırdı, cavabı vacib olan: Kimin haqqı çatardı onu bu yalnızlığından, bu azadlığından məhrum etməyə? Qoy hər kəs öz sirri ilə yaşasın! Qoy hər kəs ən azı özü qədər azad ola bilsin. Çobanın tapdığı bu həqiqətə gəlib çatan Don Xose sayaq mən də bu sirrin başını bir yolluq buraxmalı oldum.

Əsərin finalında işindən qovulacağını zənn edən Don Xose, gəlib evində arxiv idarəsinin müdirini görəndə bütün sirrinin faş olunduğunu dərk edir. Arxiv müdiri onun kolleksiyasını ələ keçirmişdi. Belə olduğu təqdirdə onu buna görə ən yüngül halda işindən qovulmaq cəzası gözləyirdi. Ancaq əksinə olur. Müdir buna görə onu nəinki cəzalandırmır, hətta onu qovmamasının səbəbi kimi bir gün ölümlə həyatın arsındakı o cizgiylə bağlı etdiyi çıxışında əsaslandırdığını yadına salır. Hərçənd ki, bu etdikləri cinayətdir. Deməli, ən böyük cinayətlərin həqiqətən də şahidi olmur. Deməli, istər ölü ol, istərsə də diri insanların ortaq bir nöqtəsi var: Bu da sirlər önündə susa bilmək ərdəmidir.



3. Bədbəxtliyə doyum

Fələyin mancanağından fitnə daşları yağır,

Sənsə əbləhcəsinə şüşə içərisində oturmusan…

“Vaqif” pyesi

Fələyin mancanağından aramsız şəkildə “Covid-19 daşları” yağdığı bir vaxtda əbləhcəsinə şüşə içərisində oturmaq bir yana, hələ üstəlik ədəbiyyatdan yazmaq nə qədər mənasız bir hərəkət kimi görünsə də düşünürəm ki, bu bir yandan da əlahəzrət ədəbiyyatın bizə bəxş etdiyi nadir tövhələrdən biridir ki, – nə olursa olsun, dünyanın istər düz, istərsə də düzənlik bir dövrü – ədəbiyyat daim insanların bir ehtiyacı olaraq qalacaq. Düzdür, hərçənd ki, iyirmi birinci əsrin əsas məşğuliyyətləri sırasında ədəbiyyatın funksionallıq baxımdan mahiyyəti bir xeyli azalsa da, tutalım ki, elmlə-tibblə müqayisədə bəşəriyətə fayda baxımından məhsuldarlığı aşağı düşsə də, estetik zövqdən məhrum qalmamış az sayda həkimlərimiz mütləqdir ki, əllərini fonendeskoplarının üzərinə qoyub tam səmimiyyətləri ilə etiraf edə bilərlər ki, bəli, Çexovdan yola çıxıb, Selində nəfəsini dərən, nəhayətində bizim Rafiq Tağıda qərar tutan ədəbiyyatla elmin tandemi heç də mümkünsüz bir şey deyil. Axı istənilən cərrah on iki saatlıq ağır bir əməliyyatdan sonra yəqin edə bilər ki, xəstənin ürəyini açıb ona dörd kameradan baxmaq kifayət deyil ki, onu içində gizlənən dərinliyi kəşf edəsən. Bunun üçün ağla gələn ilkin vasitə incəsənətdir, ədəbiyyatdır. Deməli, ədəbiyyatla elmi qarşı-qarşıya qoymaq heç də uğurlu bir seçim deyil. Əksinə, onların bir-biri ilə daimi təması, iç-içə, bütöv bir harmoniya şəklində fəaliyyətindən doğan nəticədən bəşəriyyətə yalnız və yalnız fayda gələ bilər ki, ağıllı cəmiyyətlərdə də bunun təzahürünü görmək mümkündür. Qısası, şərqsiz qərb, qərbsiz də şərq olmadığı kimi, ədəbiyyatsız elm, elmsiz də ədəbiyyat olmaz. Olacaqsa, ikisi də olmalıdır, ya da heç biri.

Ədəbiyyatın apologiyasından sonra birbaşa mövzumuza keçsək, haqqında danışacağımız şəxsin 2018-ci il Nobel mükafatı laueratı Piter Handke olduğunu söyləməliyik. Daha doğrusu, onun ilk əsəri “Bədbəxtliyə doyum” əsəri. Handke haqqında internetdə kifayət qədər məlumat tapa bilmək mümkün olduğundan, düşünürəm ki, onun bioqrafiyasına toxunmağa elə də lüzum yoxdur. Sadəcə, qısaca olaraq, onu qeyd etmək olar ki, mükafatı təqdim edən qurumun reputasiyası qədər də Handke haqqında fikirlər birmənalı deyil. Xüsusən də, onun “Serebnitsa hadisələri” haqqında olan qalmaqallı fikirləri şəxsinə olan antipatyanın əsas səbəblərindən biridir. Düzdür, hərçənd ki, Aliya İzzetbekoviçin müəmallı siyasi fəaliyyətindən dolayı bu hadisələrə fərqli yöndən baxış sərgiləyən insanlar da var ki, onlar üçün Handke heç də məzlum insanların qatilinə mədhiyyə yazan vicdansız olmasa da, əvvəldə də dediyimiz kimi, onsuz da adı qalmaqallarda hallanan Nobel komitəsi üçün Handke bir xeyli baş ağrısı oldu. Bizim isə sözün istənilən mənasında “siyasətə yaxından-uzaqdan əlaqəmizin olmaması” Handkenin bu məsələ ilə əlaqəsini çox da müzakirə etməyimizə imkan vermir. Ona görə də bu qısa bioqrafik məlumatdan sonra keçək onun yaradıcılığına. Daha doğrusu, ilk əsəri, hətta deyərdim ki, böyük ədəbiyyata gedən marafonda ilk “razminkası” olan “Bədbəxtliyə doyum” əsərinə.

Almancadan original adı Wunschloses unglück olan əsərin türkcə tərcüməsində adı “Mutszuluğa doyum” kimi gedir. Hər nə qədər uğurlu tərcümədir, ya deyil bilmirəm, amma alman dilini bilən dostların rəylərinə əsasən, bu fikrə gəlmək olar ki, bu tərcümə nisbətən konteksti ifadə edir. Nəzərə alsaq ki, bəzi azərbaycandilli saytlarda müəllifin bu mövzuda – anasının intiharına yazmış olduğu romana vermiş olduqları “Əsl hissiyat anı” adı ilə müqayisədə hərfi tərcüməyə də yaxın gəlir, onda elə yazımızda əsərin adını elə orijinalına da, türkcə tərcüməsinə də daha yaxın olan “Bədbəxtliyə doyum” kimi vermək doğru olardı. Mən, sırf yanlışlıq olmasın deyə, bir neçə şəxsin köməkliyi ilə bizim dilə tərcüməsi əsl hissiyat anı mənasına gələn bir romanın olub-olmadığını araşdırsam da, belə bir roman tapa bilmədim. Üstəlik də, anasının intiharı mövzusunda və əsərlərin yazılma tarixlərini tutuşduranda da təxmini aydınlaşdırmaq olur ki, böyük ehtimal “Əsl hissiyat anı” kimi qələmə verilən roman elə türklərin “Mutsuzluğa doyum” kimi çevirdikləri romandır. Belədə əsərin almancadan təxmini mənasının şanssızlıq, bədbəxtlik olduğunu nəzərə alıb türkcə tərcüməsi daha məqbul sayılmış olar. Üstəlik də, əsəri türkcə oxumuş olduğumdan elə adını da türkcədən tərcümə etmək daha ədalətli variant kimi gəldi. İrəlidə əsərdən gətirdiyim sitatlar, sırf sətri tərcümə olmaqla, özümün etdiyim tərcümələrdir. Onu da qeyd edim ki, əsərin Azərbaycan dilinə tərcüməsi yoxdur, sadəcə müəllifin bioqrafiyasını oxuyarkən adının bu cür verilməsinə rastlaşmışdım. Bunu isə nəyə əsasən belə ediblər, onu anlamadım.

Nobel komitəsi Handkeyə mükafatı vermə səbəbini bu cür açıqlayır: “İnsan təcrübəsinin subyektivliyi və əhatəsi barədə dildən dahiyanə şəkildə yararlanaraq güclü əsərlər qələmə aldığına görə”.

Hər nə qədər yazıçını orjinaldan oxumaq kimi bir lüksdən məhrum olsam da, ümidimi türkiyəli tərcüməçinin peşəkarlığına bağlayaraq bu fikirlə təqribən razılaşa bilərəm. Çünki Handkenin qurduğu cümlələr ikinci əldən gəlib çatmasına baxmayaraq, manevr və ifadə imkanlarının fərqliliyi baxımdan orjinallığı ilə seçilir. Onun təqdimatında oxuduğun, şahidi olduğun hadisələr dilin hansısa gözəgörünməz imkanları daxilində sənə gəlib çatır. Belədə dil Handkedə təkcə kommunikasiya vasitəsi olmaqla qalmır, o, həm də hadisələrin, oxucuya çatdırılması lazım olan detalların emalında, inşaasında birbaşa iştirak edir. Və sən əminlikə deyə bilirsən ki, bu hadisələr, tutalım Moppasanın və yaxud da Balzakın dilindən təsvir olunsaydı, sənin daxili aləmində tamamı ilə başqa bir effekt yaradacaqdı. Handke isə linqvistik baxımdan dili “önə çəkir”. Beləliklə, əsərin oxu prosesində əsərdən gözləntilərinin əksinə tamam başqa bir effekti alırsan.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации