Электронная библиотека » Hacı Səlim Axundzadə » » онлайн чтение - страница 1

Текст книги "Xatirat"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Hacı Səlim Axundzadə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Hacı Səlim Axundzadə

XATİRAT

Azərbaycan torpağına türbət

Demişəm

“Xatirə Ədəbiyyatı” silsiləsindən 53-cü kitab

Azərbaycan torpağına türbət demişəm,

Şoran sularına şərbət demişəm,

İlqarından dönənə lənət demişəm,

Mən ilqarımdan dönən deyiləm.

ÖN SÖZ

Hər hansı bir xalqın tarix boyu ayaqda durub, müxtəlif təzyiq və təcavüzlərə sinə gərən, mövcudluğunu mühafizə edərək gələcək inkişafını təmin edə bilib-bilməməsinin şərtlərindən biri həmin xalqın zəmanəyə uyğun, onun önündə gedərək, arxasınca apara bilən şəxsləri yetişdirə bilib-bilməməsindən asılıdır. Azərbaycan xalqı da istisna deyil. O, hər zaman çətin məqamlarda sıralarından öncül, xalqın birliyini təmin edərək mövcudluğunu mühafizə edən şəxslər yetirmişdir. Belə şəxslərin bir qismi xalq və dastan qəhrəmanlarına çevrilərək dillər əzbəri olmuş, digərləri rəsmi sənədlər və tarixi araşdırmalarda öz yerini tapmış və geniş təbliğ olunmuşlar. Bunlarla yanaşı, özünü xalqın yolunda fəda etmiş, şəxsi mənafeyi və güzəranını xalqın mənafeyi və gələcəyinə qurban vermiş, lakin xalqın hələ də tanımadığı və yaxud az tanıdığı Vətən övladları da az deyildir.

Oxuculara təqdim olunan Hacı Mirzə Səlim Axund Axundzadənin “Xatirat”ı müəllifin mühacirət həyatının sonlarında yazılmışdır. Mətndən göründüyü kimi, müəllif “Xatirat”ı yazmağa başlarkən bir çox məsələlərin işıqlandırılmasını qarşısına məqsəd kimi qoymuşdur. Lakin qəflətən vəfat etdiyindən istəyinə nail olmamış və yazısı natamam qalmışdır. Bununla belə, hətta bu vəziyyətdə də, “Xatirat” Azərbaycan tarixinin mühüm bir dövründə – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirən yollarda cərəyan edən hadisələrin bilavasitə iştirakçısı olmuş şəxsin yazdığı qiymətli materialları əks etdiyindən həmin dövrün tədqiqi üçün mühüm mənbədir.

“Xatirat”ın əlyazması Hacı Səlimin övladları tərəfindən mühafizə edilmişdir. İlk dəfə “Xatirat”ın nəşri 1992-ci ildə baş tutmuşdur. O zaman müəllifin qardaşı oğlu İshaq Axundov əmisi oğlanlarından əlyazmanın surətini alıb kiril əlifbasına çevirərək “gələcəkdə lazım olar” fikri ilə, özünün yazıb nəşr etdirdiyi “Azərbaycan incisi” kitabına daxil etmişdir. Surəti keyfiyyətsiz olduğundan oxunuşu zamanı müəyyən təhriflərə yol verilmişdir. Üstəlik, nəşriyyatın redaktəsi zəif olduğundan həmin nəşrdə kifayət qədər xətalar yer alsa da, “Xatirat”ın ilk nəşri onun tanıdılmağında mühüm addım hesab olunmalıdır. İlk nəşrdən ötən zaman ərzində “Xatirat” mütəxəssislər tərəfindən tanınmış, onda olan məlumatlar tariximizin Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı yazılarda artıq öz əksini tapmışdır.

Hacı Mirzə Səlim Axund Axundzadənin “Xatirat”ının hal-hazırkı nəşri əlyazmanın bilavasitə özü ilə tutuşdurularaq redaktə olunmuş və müasir Azərbaycanda istifadə olunan latın qrafikası ilə nəşr edilmişdir.

Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və siyasi fəaliyyəti indiyədək ayrıca tədqiqat obyekti olmamışdır. Onun haqqında məlumatlar özünün yazdığı “Xatirat”dan, qohum və övladlarından, cüzi tarixi sənəd və tədqiqat əsərlərindən toplanmışdır. Bununla əlaqədar olaraq, onun həyat və siyasi fəaliyyətinin bəzi məqamları hələlik qaranlıq qalır.

Hacı Mirzə Səlim 1872-ci ildə Lənkəranda zəmanəsinin tanınmış ziyalısı, pedaqoqu, Azərbaycan klassik şairlərindən biri olan Mirzə İsmayıl Qasirin ailəsində dünyaya göz açmış beş övladın ilki idi. Anası zəmanəsinə görə savadlı olan Məşədi Bibixanım Lənkəranın tanınmış din xadimlərindən biri və Qasirin dayısı olan Molla Kərbəlayi Əli Məhəmmədin qızı idi.

Nəsildən-nəslə Axundzadələr ailəsində elm və təhsilə önəm verilmə ənənəsinə uyğun Səlim ilk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda rus dilində gimnaziyanı bitirir. Bir müddət müstəntiq yanında köməkçi, polisdə katib, Əsgər xanın evində kargüzar işlədikdən sonra İslam dininə və mədəniyyətinə meyli olduğundan Lənkəran mədrəsələrindən birində təhsilini davam etdirir, ərəb dili və İslam dini biliklərini təkmilləşdirərək bir neçə ildən sonra Ərdəbilə gedir. Orada bir müddət təhsildən sonra Lənkərana qayıtsa da, bir ildən keçməmiş yenə də Ərdəbilə gedir. Lakin orada “başına gələn qəza və iltifaqdan sonra” təhsil üçün Zəncana gedir və üç il ərzində məksə (islam hüququna) yiyələnərək Lənkərana qayıdır. Hacı Mirzə Səlim Ərdəbil və Zəncanda oxuyarkən çoxlu maddi çətinliklərlə üzləşmiş olsa da, həmin vaxt Məkkəni ilk dəfə ziyarət edir.

Maddi çətinliklərin olması onun özünün yazdığı “Başıma gələn qəza” sətirləri və atası Mirzə İsmayıl Qasirin “Nə yazım” mənzum məktubundan bilinir. Oğlunun təhsili üçün Lənkəran cəmiyyətinin köməyinə ehtiyacı olduğu halda, xan tərəfindən tərtib edilmiş siyahı ilə ianə toplanmaması haqqında şair məktubunda yazır:

Ərdəbildən mənə hər gündə gəlir bir kağız,

Yetişir xatirimə xeyli küdurət, nə yazım?

Gözləyir yol, mənə xərclik gələcək Mirzə Səlim,

Etdi ağayi-Məhəmməd ona hörmət, nə yazım?

Eliyəydin bizi bu dəfə də bir xəbr hisab,

Necə qıldın ki, Səlim çəkə üsrət, nə yazım?

Hacı Səlim Lənkərana qayıdandan bir müddət sonra atası Mirzə İsmayıl Qasir rəhmətə gedir və Hacı Səlim yenə də Lənkəranı tərk edir. Bu dəfə o “dübarə Ətəbata Müşərrəf, Məkkəyə gedib, Ətəbata müraciət edib” orada 8 il təhsil alır. Burada da Hacı Səlim, güman ki, siyasi baxışları səbəbindən “konsul-rus müsyö Başkovun hökmü ilə məhbus” olunur. Təhsilini bitirəndən sonra o Türkiyəyə və bir sıra Avropa ölkələrinə səyahətə gedir, Parisdə Sarbona Universitetini ziyarət edir.

Hacı Səlim Lənkərana qayıtdıqdan sonra az bir müddət mollalıq edir. Lakin Lənkəranın bir çox ruhanilərinin İslamı təhrif edərək xurafatı yaydıqlarına qarşı çıxır və mollalıqdan imtina edirək gimnaziyada 1911-ci ildən 1916-cı ilədək həm İslam dini və şəriəti, həm də fransız dilini tədris edir. Bu səbəbdən onunla ədavət edənlər ona böhtanlar yağdırır, onu da vaxtilə atası Mirzə İsmayıl Qasiri etdikləri kimi babilikdə ittiham edir, hökumət idarələrinə şikayətlər göndərirlər. Bunların nəticəsində Hacı Səlimə dövlət tərəfindən təzyiqlər başlanır, evində axtarış aparılır, bütün yazı və sənədləri həbs olunaraq təftiş edilir. Təftişdən sonra qaytarılan sənədlərin arasından bir çox, o cümlədən, İslam aləminin tanınmış üləmaları tərəfindən verilmiş vəkalətlər götürülmüş olduğu məlum olur.

1916-ci ilin əvvəllərində yenidən Türkiyəyə gedən Hacı Səlim Vətənə 1917-ci ilin iyun ayında, Rusiya buıjua inqılabından sonra qayıdır və burada cərəyan edən siyasi hadisələrdə fəal iştirak edir. Həmin vaxt o “Müsavat”a üzv olaraq, partiyanın birinci və ikinci qurultaylarının iştirakçısı olmuş, partiyanın Lənkəran özəyini yaratmışdır.

Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olmuş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərmişdir.

1918-ci ilin may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Şuranın Tiflisdə keçirdiyi iclasında iştirak edir və Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır, yaranan dövlətin adının məhz Azərbaycan qoyulmasının tərəfdarı olur.

Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müsavat və Bitərəf fraksiyasının üzvü olmuş və həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində cərəyan edən ictimai-siyasi və mədəni-maarif istiqamətlərində görülən təşkilati işlərdə fəal iştirak etmişdir.

1918-ci ildə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bölgələrində qırğınlar törədən ermənilərin qarşısını almaq üçün Nuru Paşanın başçılığı altında göndərilmiş Türk ordusu Gəncəyə gəlir. Buradan 4 min əsgər ölkənin Qərb bölgələrində qırğınların qarşısını almaqdan ötrü Hacı Səlimin müşahidəsi ilə Zəngəzur tərəfə hərəkət edir. Hərəkət zamanı Zəngəzur bölgəsinə çata-catda yorğun əsgərlərin dincəlməkdən ötrü dayandığı zaman xəbər gəlir ki, müsəlmanlar mühasirədədir, nə çəkilməyə yol, nə də müdafiəyə qüvvə qalmayıb, təcili kömək gəlməsə, qırılacaqlar. Bu zaman Hacı Səlim səhəri gözləmək niyyətində olan yorğun əsgərlərin qarşısına çıxaraq, “müsəlman qardaş və bacılarımız orda qırılarkən bizim burda dincəlməyimiz…” sözlərilə başlayan alovlu nitq söyləyir. Nəticədə bir dəstə əsgər ayağa qalxıb, “… buracan nədən ötrü gəlmişik, indi az qala gözümüzüm qarşısında müsəlman qardaşlarımız qətlə yetirilsin? Biz gedək, qalanlar dincəlib gələrlər” – deyə yola çıxırlar. Bir az keçdikdə qalan əsgərlər də ayağa qalxırlar.

Həmin zaman mühasirədə olanlardan biri olmuş “əmioğlunun” söylədiyindən məlum olur ki, onlar ermənilər tərəfindən elə çəmbərə alınıb sıxılmışdılar ki, səngərdən başlarını belə qaldıra bilmirdilər, gülləni atarkən tüfəngin tətiyini səngərdən baş çıxartmadan çəkirdilər. Birdən eşidirlər ki, ermənilər arasında çaxnaşma düşür. Məlum olur ki, özlərini yetirən türk əsgərləri müsəlmanları mühasirəyə almış ermənilərin özlərini çəmbərə almışlar. “Biz içəridən, türklər ətrafdan hücum edib erməniləri tam məğlub etdik”.

Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən istilası nəticəsində süqüt etdikdən sonra burada fəal cümhuriyyətçilərə qarşı qırmızı terror başlananda Hacı Səlim də mühacirət etməyə məcbur olur. O, yenə də Vətənini azad etmək yollarını axtarır və bunun da yolunu İslam aləminin birliyində görür. Özünün yazdığı kimi, “Ruhani olduğum üçün hər qədər millətpərəst olsam dini etibarım milli etibarımdan yüksəkdir”.

Bu zaman Hacı Səlimin sorağı Əfqanıstandan gəlir. Əfqanıstan əmiri Əmənulla xanın əmisi ilə yaxından tanış olan Hacı Səlim Əmir tərəfindən çox hörmətlə qarşılanır. Lakin Əmir Rusiya ilə münasibətləri pozmaq istəmir və Hacı Səlimə Əfqanıstanda qalmağı təklif edir. Lakin bu, Hacı Səlimin mübarizə istəyinə uyğun deyildi. O, Əfqanıstandan Orta Asiyaya keçir və Türküstanın Rusiyaya, bolşeviklərə qarşı azadlıq mübarizəsinə təkan verib rəhbərlik edənlərdən biri olur.

1924-ci ildə Hacı Səlim İrana, Ənzəliyə gəlir və böyük hörmətlə qarşılanır. Şəhərin İmam-Cüməsi onu bir müddət öz evində saxlayır. Burada o, Axundzadə-Mühacir soyadı ilə tanınır və müqavilə əsasında şəhərin dövlət mədrəsəsində müəllimlik edərək, İslam dini, şəriət, ərəb və fransız dillərini tədris edir. Bununla belə, o yenə də mübarizəsini davam etdirir. Burada olan müsavatçılara rəhbərlik edir, şimalda olan məsləkdaşları ilə əlaqə yaradaraq mübarizə yollarını arayır, Türkiyədə məskunlaşmış mübarizə silahdaşları ilə daim əlaqə saxlayır.

Hacı Səlimin tez-tez təkrar etdiyi dörd misra onun hər an Vətənə sevgisi və sona qədər mübarizə aparmaq əzmində olduğunu göstərir:

Azərbaycan torpağına türbət demişəm,

Şoran sularına şərbət demişəm,

İlqarından dönənə lənət demişəm,

Mən ilqarımdan dönən deyiləm.

Hacı Səlim Lənkəranda qalmış qohum və silahdaşları ilə də müxtəlif yollarla əlaqə saxlayaraq oradakı vəziyyət ilə əlaqəli məlumatlar alır. Bu əlaqələri yaradanlardan biri Hacının qohumu Kələntərli Heybət bəy vaxtaşırı “Gecələr gedib bir-iki gündən sonra, gecə və ya səhərə yaxın qayıdardı. Gətirdiyi kağızları dırmaşıb eyvanın kərpic sütunu üstündə gizlədərdi. Bir gecə – 1926-cı ilin bahar-yay aylarında evi “göy papaqlılar” mühasirə edir. Heybət bəy həbs edilərək Bakıya, Bayıl həbsxanasına göndərilir. Burada yalnız təqribən iki ildən sonra, 15 mart 1928-ci ildə məhkəmə qurulur və o, əksinqilabçı-müsavatçı damğası ilə on il müddətinə Uzaq Şimalda Solovets adalarındakı xüsusi təyinatlı lagerə göndərilir. “1929-cu il 1 dekabrda yekşənbə günü axşam saat beşdə Salavkidə Anzir cəzirəsində Qolqofada Heybət Kələntərov Allahın rəhmətinə getdi”.

Hacı Səlim 1930-cı ilin dekabnn 15-də, mədrəsədə dərs deyən zaman fars dilində bir beyt söyləyir. Tərcüməsi:

Ömür əgər xoş keçsə, Nuhun ömrü də az olar,

Əgər aclıqla keçsə, yarım nəfəs də çoxdur.

Biz bu neçə gün çətinlikdən zara gəlmişik,

Vay Xizrın halına məhkumdu ölümsüzlüyə.

Sözlər şagirdlərin xoşuna gəldiyindən beyti dəftərlərinə yazan zaman Hacı Səlimin halı pisləşir. Bu xəbər tez şəhərə yayılır. O, Ənzəlidə böyük hörmət sahibi olduğundan şəhərin dörd müxtəlif millətlərin nümayəndəsi olan tanınmış həkimləri özlərini yetirirlər. Dərmanla su vermək istəsələr də, Hacı Səlim oruc olduğundan sudan imtina edərək, elə mədrəsədə rəhmətə gedir və Ənzəli şəhərinin Laləzar qəbristanlığında dəfn edilir.

Hacı Səlim mühacirətdə olarkən Lənkəranda qalan kiçik qardaşı Məşədi Mirzə Səbih daim təzyiqlər altında olur. Buna səbəb onun Hacı Səlimin qardaşı və Cümhuriyyət illərində şəhərin pristavı olması idi. Məşədi Mirzə Səbih bir müddət meşədə gizlənsə də, ailəsini dolandırmaqdan ötrü üzə çıxdıqda daim nəzarətdə qalır, vaxtaşırı müxtəlif “donoslarla” gah bir neçə günlük, gah bir neçə aylıq həbs edilir, iş tapmır, çətinlik çəkir və nəticədə Bakıya köçməyi qərara alır. Lakin burada da rahatlıq tapmır və nəhayət, “milliyətçi baxışlarına və sovet dövləti əleyhinə böhtançı fəaliyyətinə görə 14 noyabr 1937-ci il yenidən həbsə alınmış. Üçlüyün 3 dekabr 1937-ci il tarixli qararı ilə 3 il müddətinə siyasi hüquqlarından məhrum olunmaqla 8 il müddətinə azadlıqdan məhrum edilmişdir”. Nəticədə o Uzaq Şərqə Amur çayı sahillərinə, “lagerə” sürgün edilir və 1943-cü ildə orada vəfat edir.

Hələ həbs edilməyindən qabaq Bakıda yaşayan zaman Məşədi Mirzə Səbih hansısa yollarla İrandan qardaşının ölüm xəbərini almışdı. Kiçik oğlu Sabirin söylədiyi kimi, “Bir gecə Ağa əmmaməli kişinin (o zaman ona belə bir əmisi olduğunu belə bildirməkdən çəkinirdilər) kiçik fotoşəklini qarşısına qoyaraq ağlayırdı”.

Hacı Mirzə Səlim Axund Axundzadə 1914-ci ildə 42 yaşı olarkən ailə qurur. Həyat yoldaşı Münəvvər xanım Teymurbəy qızı Qulubəyli Cənub bölgəsinin nüfuzlu simalarından biri, Qafqaz canişini tərəfindən təyin edilmiş Şahsevən tayfalarının Elbəyi Allahyar bəyin nəvəsi idi. Onların Aişə (Məsmə) və Cəmilə adlı iki qızı olur. Ataları mühacirət edəndən sonra ailə üzvləri daim təzyiq altında olurlar, çox əziyyət çəkirlər. 1921-ci ildə böyük qızı Aişə, 1923-cü ildə isə ikinci qızı Cəmilə rəhmətə gedir.

Hacı Səlim Ənzəliyə gələndən sonra qaynı Məşədi Ağa bəy bacısı Münvvər xanımı gizli olaraq Lənkərandan Lerik yolu ilə Ərdəbilə keçirir. Lənkərana qayıdan kimi Məşədi Ağa bəy həbs edilərək Sibirə sürgün edilir və orada vəfat edir.

Ənzəlidə Hacı Səlim və Münəvvər xanının iki oğlu olur. 1927-ci ildə İşıq (Roşən), 1930-cu ildə isə atasının ölümünə düz 6 ay qalmış Zahir dünyaya göz açır.

Tufan İshaq oğlu Axundov

HACI MİRZƏ SƏLİM AXUND AXUNDZADƏNİN

XATİRATI

Arkadaş! Yurduma alçaqları uğratma sakın,

Sipər et köksüni, dursun bu hayasızca axın!

Doğacaqdır sənə vəd etdiyi günlər haqqın,

Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın!

Məhəmməd Akif


Bismillah ər-rəhman ər-rəhim.

Rəbbi yasser vəla toəsser səhhel ələyna befəzlekevə kərəmeke ya rəbbi əqəlli-xaksar Hacı Mirzə Səlim İsmayıl oğlu Lənkərani Axundzadə, Şirvani ul-əsl, Lənkərani ul-müvəllid iyirmi illərdən mütəcaviz olar ki, istərdim öz dirilik halatımı yazıb, mənim zəmanəmdə nələr hadis olub və ittifaq düşübdür və necə təhsil etmişəm və harada təhsil etmişəm, Lənkəranda ibtidai oxumağım kimdən olub və nə cür olub, sonra rusi oxumuşam, kimlərdən və necə oxumuşam. Lənkəranda rusini bitirib bir az müddət silisçi yanında, sonra polisiyada cüzi kitabət etmişəm. Sonra Əsgərxan məşhur üçün onun evində nüsxənevislik etmişəm. Bir müddətdən sonra tələbəliyə şüru ərəbi oxuyub Lənkəran mədrəsəsində təhsillə məşğul, bir neçə ildən sonra Ərdəbilə gedib, sonra Lənkərana övdət edib, bir ildən sonra dübarə Ərdəbilə gəlib, Ərdəbildə başıma gələn qəzaya və ittifaqdan sonra Zəncana təhsil üçün gedib, Zəncanda üç il məksdən sonra Lənkərana müraciət, Zəncanda başına gələn hadisat, müraciətdən sonra atam vəfat edib, dübarə Ətəbata müşərrəf Məkkəyə gedib, Ətəbata müraciət edib 8 il təhsildən sonra zahirdə öz ixtiyarımla, batində konsilu-rus misyo Başkovun hökmü ilə məhbus, sonra Lənkərana müraciət və Nəcəfi-Əşrəfdə gördüyüm və bildiyim əhvalat və şənayi-əmali qəsd etmələri və sonra əfvəri və Hacı Ağa Balanın tədlisi ilə Axund molla Mirzə Canın ruhaninin məni bənddə qoyma mollalıqdan Lənkərana övdətdən sonra gimnaziyada dərs deməyi mollalığa tərcih verib gimnaziyada müəllim olmağımı və bəzi mollaların mənlə rəqabət etməsini və Lənkəranda məşhur Hacı Ağa Baba Babayevin mənlə müxasimə və mənim əleyhimdə olmağını və mənim evim və əşi yam hökumət tərəfindən nayib ul-hökumə… Vitvitski və Abdulla bəy Mirzə Qurbanəli oğlunun mütərcimliyilə bərabər təftiş olub kağızlarımın əxzi və hökumətə təhvili və məni hökumət tərəfindən qəsd etmələri və sonra əfvləri və Hacı Ağa Balanın tədlisi ilə Axund molla Mirzəcanın məni bənddə qoyması və s. əhəmiyyətli həvadisatı bilkulliyə yazıb yadigar qoyam və lakin həvadisin təhacümündən mümkün olmadı ki, hamı bu əhvalatlara yazıb hərəsi özü üçün bir gözəl bəyanat verəm. Əgər inşallah taala müvəffəq olarsam fil cümlə mərəsindən işarə olaraq bir şey yazacağam. Amma əsl məqsədim bu dəftərdə Lənkəran dairəsində olan təşkilat və ittifaqat və həvadisatı bəyan etməkdir. Və zimnən mallalann biçarə və avaralığından bəhs edib, onların çox-çox umuratdan ədəmi-vuquflannı bəyan və təzəkkür edib və cəmi uləmanümələrə tövsiyə etməkdir ki, kəndiləri xüsusunda bir çara arasınlar ki, əgər bərfərz əmmaməli molla və ya inki uzundon bilici və dindar hər cür fəal və kardan olursa, təzə cavanlar onları istəməyib, daimi surətdə onların əleyhdarıdırlar. Çünki birdən sabiqdəki mallaların ədəmi-fəhmi və kəlamatlarından camaat o qədər geri qalıb və cəhalət bu dövr və bu müddətdə pərt olublar. Daha bundan sonra əbədən mollalıq umuratı islahnəzir deyil. Zira ki, camaat mollaların sui-idarəsindən o qədər muşəvvəş ul-hal olublar ki, daha əlacı imkan surətindən xaric bir mövzu olubdur. Mən özüm Lənkəranda ittifaq düşən hadisatı bəyan edib və kəndim bunlarla mübaşirət və hər işdə mübaşirətimi izah edib və zimnən oxumuş cavanların mənlə batini surətdə muxasiməsini bəyan eləyib və onların zahirən, batilən molla surətində olanlarla adəmi təvafüqünü hər bir məhəldə tövzihat verib şərh edərsəm, yazdığım sözlər və iddia elədiyim mətalib tamam-kamal hamıya vazeh və mübərhən olacaqdır.

Bəyanət və tövzih

Müharibəyi-ümuminin nəticəsi olaraq tarixi 1917-də Nikolayın əzəmət taxtı sərnigün olub Nikolay taxtdan düşüb, onun yerinə demokrat üsulu ilə menşevik firqəsinin başçısı Kerenski rəyasəti ilə Böyük Rusiya idarə olunurdu. Bu aralarda Qafqaziyada bir hissiyat oyanıb, hər bir məhəldən camaatlar hərəkətə başlayıb özlərində bir növi azadlıq hiss edib təşkilata başladılar. Hər bir məhəldə İspolnitelni komitet olan kimi Lənkəranda da İspolnitelni komitet təşkil olub, hər bir ictimadan o yığıncağa bir nəfər nümayəndə təyin oldu. Tərtibati-vilayət öz-özünə asudəliklə fərahəm idi. Şəhər və ətrafda əmin-aman fərahəm olub, Nikolay zamanı kimi hənuz xalqda oğurluq və inqilab əsər-əlamət yox idi. May ayının ibtidasında yekşənbə günü 1917-də qardaşım ilə bərabər kəndi atamızın evindən xaricə çıxırdım. Saat səkkizə yaxın idi. Qapımızın yaxınında təsadüf elədik İsmayıl bəy Yandıyevə. İsmayıl bəy əslən Osetin çamaatından dağıstanlı bir möhtəbər zatdır. Lənkəranda duxaniyyə dairəsinin bitamam müdiri idi. Osetinlərin məxsusi lisəli olduqları ilə bərabər kəndləri iki din sahibi olur. Bir qismi müsəlman, bir qismi də xristiandırlar, İsmayıl bəy əbədən türki bilmədiyi üçün hər kəslə rusca qonuşurdu. Mənlə qardaşımı görcək salam verib, haraya getməyimizi xəbər aldı. Səyahətə gediriz, dediz. İsmayıl bəy söylədi ki, burada bir yaxşı ictima vardır. Məndən də vədə aldılar. Çox gözəl olardı ki, siz də mən ilə bərabər oraya gələydiniz. Mən hər qədər üzr istədimsə, İsmayıl bəy qəbul etməyib ciddiyət üzrə məni o ictimallığa apardı və qardaşımla da birgə bərabər o məkana gəldik.

Bu məhəl Hacı Mir Səmidin evi idi ki, onun böyük oğlu Miri bəzilərin təmmənnasına görə bu böyük məclisi tərtib veribmiş. Yığıncağın ədədi nüfuzu təxmin üzrə yüz əlli nəfərə baliğ olurdu. Hacı Mir Səmidin böyük zalı dolub eşikdə də ayaq üstə durub da, oturan vardı. Külliyətən oraya gələnlərin adları nəzərimdə deyil, lakin şəhərin məşhur və məruf təzə oxumuş cavanlarından və əyanlarından isbati-vücud edənlər bunlar idi. Əmmamələrindən: Şeyx Əbu Əli, Dəmən, Məşədi Hacı Rza Qurbani, Mirzə Vahab Məmmədov, Mirzə İshaq Möhsünzadə, Musa bəy Nurullabəyov, Qulamhüseyn Məmmədov, Xudaverdi bəy Kələntərov, İsmayıl Yandıyev, Ağa Miri Hacı Mirsəmid oğlu, Mir İsgəndər xan Mir Bağır xan oğlu, Mirzə Nəsrulla bəyin oğlu, Mirzə Səlman, Mirzə Fətulla və qeyrə Mirzə Yusif bəy Hacı Hüseyn bəyin oğlu və sair mötəbər hacızadələrdən mövcud idilər. Bu məclisdə hamıdan siyahı üzrə şəxsən və ismən vədə alıb bu ictimaə dəvət etmişdilər. Qeyr öz bəndə Hacı Mirzə Səlim ki, əbədən bu məclisin vücudundan ittilam yox idi. Necə ki, qabaqda zikr oldu, təsadüfən İsmayıl bəy məni buraya zorlayıb gətirmişdi. Bu həzarət danəstə və fəhmdə məndən buraya vədə almayıb və hətta izhar da etməmişdilər. Nə üçün və nə səbəbə? Bilmirəm. Əlbəttə qəzayanın axır nəticəsini mülahizə edəndə məlum olar ki, cavan və ixtyiyarlar məndən niyə vədə almamışdır. Yığıncaq dürüst oldu. Məclisin küşadı üçün müvəqqəti olaraq sədr iştixab olmaq üçün kələməyi-vahidə biduni-istisna olaraq İshaq Möhsünzadə katibliyə müntəxab oldu. Vükəlar namizəd olub, vaqei övraqlar üsul ilə gizli seçkiyə şürü edib cəmdə hamı namizədlərin adları xəfiyə seçkidə zikr olunub. Mən Hacı Mirzə Səlim hamısından artıq olub. Məndən sonra Mirzə İshaq Möhsünzadə sairin də bittəfavüd intixab olub. Müntəxəblərin içində Məşədi Hacı Rza Qurbani, Məmmədov və Musa bəy Nurullabəyev, Qulamhüseyn Məmmədov, Mirzə İshaq Möhsünzadə, Xudaverdi bəy Kələntərov və bəndə Hacı Mrzə Səlim Axundzadə bu yeddi nəfər hamıdan artıq səs aldıqları üçün bir komitə təşkil edib sədr və katib, xəzinədar və müavini-sədr üç nəfər də üzvü-məclis təyin olsun. Bu xüsusda yeddi nəfər üzv rəyasəti-ictimaiyyə sahibi-ixtiyar edib söylədilər ki, başqa bir məclisdə həmin bu yeddi nəfər əzayi-məclis, katib və xəzinədarı təyin etsinlər.

Dübarə filməclis bəndə oradakı əhli-məclisə müntəxabən bir nitq söyləyib, dörd yüz manat pul cəm edəndən sonra, İsmayıl bəy Yandıyev və İsgəndər xan Talışınskini də kontrol və həm də üzvlərin bir hazır olmayan surətdə məclisin güşadında (açılışında) sahibi-rəy olmaqlığa ixtiyari olsun qol verildi. İş bu cür olub, məclis əhli hamılıqla Hacı Mirsəmidin evindən xaric olub, hər kəs nahara öz evinə hərəkət edib və zimnən şərt oldu ki, üç günəcən bu üzvlər müntəxəb olub (seçilib) və Mirzə İshaqın rəy və təmənnasına görə bu heyəti-ictimaiyyənin adı “Ümid” cəmiyyətinə təsmiyyə olundu.

Surəti-intixab bu cür oldu. Batinən neçə nəfərin rəyi bu idi ki, kəndisini sədr intixab etsinlər. Lakin izhar etməkdən ictinab edirdilər. Xudaverdi bəy Kələntərovun fikir və rəyi bu idi ki, Qulamhüseyn Məmmədov sədr olsun, Mirzə İshaq Möhsünzadə katib olsun. Mirzə Vahab Məmmədovun rəyi bu idi ki, Məşədi Hacı Rza Qurbani sədr olsun, Hacı Mirzə Səhim katib olsun. Musa bəy Nurullabəyovun fikir və rəyi bu idi ki, Hacı Mirzə Səlim sədr olsun, Mirzə İshaq katib olsun. Məşədi Hacı Rza həm müavini-sədr, həm də xəzinədar olsun. Bu fikirlərlə bərabər hamısı cəm olub, Musa bəy bir nitq söyləyib, camaata sən və uləmalıq nöqteyi-nəzərindən mənim sədr olmağımı tövsiyə edib və sübuta yetirdi ki, Hacı Mirzə Səlimin sədr olması hər bir nöqteyi-nəzərdən isə gözəl olub və camaat başda gözəl nəticəbəxş olacaqdır. Bu səbəbə onun sədr olması lazımdır, deyib sair rüfəqalara bu əmrin əncamını tövsiyə elədi. İş bu cür əncamnəzir olub qurtardı. Hacı Mirzə Səlim sədr, Mirsə İshaq katib, Məşədi Hacı Rza Qurbani müavin və xəzinədar olub, məclis bu cür xətm olub qurtardı. Məclisə lazım olan möhr dürüst olub, bir neçə dəftərlər alındı. Üzvlər dəftərlərə qeyd və səbit oldu. Bir neçə dəfələr Musa bəy Nurullabəyovun mənzilində, sonralar mənim mənzilimdə, hansı ki, Hacı Məcid mərhumun evində olardım, cəm oldular ki, gecə kursları açılıb, məktəbi-ah, ibtidai də, həm iclas, həm də gecələr tədrisə şuru oldu. Üç şöbədən ibarət məktəb dürüst oldu. Müdərrislər mən, Mirzə İshaq, Xudaverdi, Qulamhüseyn tədris edirdiz. Lakin bu işlərin hamısında Mirzə İshaqın meyli bu idi ki, sahibi ixtiyari-küll olub, hamı işləri öz öhdəsinə götürüb, cəmi umurat onunla olsun. Yoldaşların içinə təfriqə düşməmək üçün mən kəmali-səbatla hamı işlərə təmkin edib, həmrahlıq edirdim. Və bunu filcümlə hiss edirdim ki, bir nəfər danışmənd mollanın bunların ortasında olmaqlarına razı deyillər və bir yaxşı bəhamə vəsayili-irad əllərində yoxdur ki, məni tənqid etsinlər. Daimi surətdə mənim bunların içində olmağım bu heyəti-məcmuənin əksərini narahat edirdi və bu ümuratı batini surətdə mən hiss etmişdim.

Badkubədə milli komitənin sədri tərəfindən Lənkəranda “Ümid” cəmiyyətinə bir teleqraf oldu ki, Lənkəranda bir nəfər camaat intixab etsinlər ki, gəlib Badkubədə milli komitənin iclasında iştirak etsin. “Ümid” cəmiyyəti məsuliyyət qəbul etməyib, bu şəxsin intixabını camaatın öhdəsinə qoydular. Bu xüsusda “Ümid” cəmiyyəti camaatı ittila verib və hər bir kəndə sifarişlər olub, məlumat verildi ki, bütün Lənkəran bir nəfər intixab edib Bakı Məclisi-millisinə göndərsinlər. Bu əsnada ki, hənuz əhli-dihat təcəmmo etməmişdilər. Məşədi Mahmud bəy Kələntərov mənlə danışıb, izhar elədi ki: Əmoğlu, əgər camaat mənimlə həmrahlıq edib, müxalifət göstərməsələr, mən qəti surətdə əgər sənin meylin olmasa da, bu işə səni layiq bilib, intixab edib, səni göndərərdim. Kəndi təcəmməimizdən Xudaverdi Kələntərovun da, bir neçə nəfərin xəyalı bu idi ki, “Ümid” cəmiyyətinin ya katibi Mirzə İshaq Möhsünzadə bu əmrə müəyyən olsun, ya inki Qulamhüseyn Məmmədov bu şüğlə təyin olsun. Lakin bütün camaatın bu əmrə rizası yox idi. Bu xəyalı tərvic edib, kəndi yoldaşlarımızın içində batini surətdə mənim bu əmrə təyin olmağıma ziddiyyət göstərən Xudaverdi Kələntərov idi. Xudaverdi bəy əsla Qulamhüseyn Məmmədovla Badkubədə bir məhəldə təhsil etdiyi üçün daimi surətdə bir-birilə muttəhid ul-mal, həmdəst və həmdastan idilər. Qulamhüseyn ticarət məktəbində təhsil və Peterburqda ali ticarət məktəbində bir il təhsil alıb, sosial adı ilə bir müddət məhbus və İrana sürgün, üç il İranda təvəqqüf etdikdən sonra Lənkərana övdət etmişdir. Amma Mirzə İshaq Badkubədə iranlıların “İttihad” məktəbində təhsil etmiş bir insandır ki, türk dilini pək və gözəl yazır. Amma rusca əbədən təhsil etməyib və məratibi-elmiyyədən ittilayi (xəbəri) yoxdur. Lakin gözəl rəpi– hə sahibi, bir fikirli şəxsdir ki, ibtidai şöbələrdə gözəlcə tədris edə bilər.

Əlhasil “Ümid” cəmiyyəti Badkubə teleqrafı camaata bəyan edib, hər bir tərəfdən vədə qoyulmuş gün xəyaliq böyük məhəllədə məscidin həyətinə cəm oldular. Yeganə pərvərdigarım şahiddir, mənzildə oturub bir başqa xəyalatda idim, nagahan yadıma düşdü ki, bu gün məsciddə təcəmmə olub və zimnən mənim adımı ortalıqda mətrəhi-güftəgü edib, cərh və tədil bə nəfy və isbat edəcəklər. Yaxşısı budur ki, gedib bənəfsəhy bu işdən istefa verib, inqilabı rəf eləyim. Çünki mən bilirdim ki, madam ki, mənim tərəfdarım Mahmud bəy Kələntərov isə Mahmud bəyin əleyhinə olaraq bu iddə camaatdan ki, əsla və ya bizzat Mahmud bəylə ədavətləri vardır, mənə də əleyhidar olacaqlar. Bu xəyalatlarla bərabər filfövr mənzildən hərəkət məscidə tərəf gəldim. Dər hələtiki məscidin həyəti məscid və Hacı Ələsgər, Hacı Əkbər Şıxəli bəy təkyələri təmamən dolub, camaat içində bir həngamə idi. Məşhur Hacı molla Osman və Hüseyn Ramazanov qışqırırlar ki, biz camaat Hacı molla Səlim axundu istəyiriz. Bu tərəfdən də Hacı Rəhim oğlu və Məşədi Xosrov və oğlanları və Hacı Hüseyn Aslanov çığırırlar ki, biz Hacı Səlimi istəməyiriz. Az qalıbdır aralıqda bir böyük inqilab düşsün. Bu heyndə mən bir növi özümü məscidin eyvanına yetirib, qışqırdım: Camaat! Allah və Rəsuli-Əkrəmə yəmin edirəm ki, mən istəmirəm, məni bu işə intixab etməyiniz. Əgər intixab eləsəz, mən qəbul etməyəcəyəm. Bu sözləri deyib, camaat içindən xaric oldum. Hüseyn Ramazanov, Hacı molla Osman cavab verdilər ki, sənin ixtiyarında deyil. Biz camaat hər kəsi qəbul edib və ixtiyar edəriz, başqasının rədd və qəbuluna sözü olmaz. Mən yenə də qəbul etməyib, inkarda durub, camaatı müqəddəsata and verib, oradan xaric olub, öz mənzilimə gəldim. Məndən sonra camaat təsadümi-əfkar edib, bu işə sərəncam vermək üçün Hacı Rəhim uşaqları, Məşədi Xosrov və uşaqları və sair şəxslər ki, Məşədi Mahmud bəy ilə müxasimələri vardır, Hacı Şeyx Məhəmmədi bu vəkalətə inyixab elədilər. Hacı Şeyx Məhəmmədi Badkubəyə göndərmək üçün Məşədi Xosrov oğlu Məşədi Hüseynin Böyük bazara və Kiçik Bazara düşüb üç yüz manat cəm eləməsilə xətm oldu. Bu iş tamam-kamal Hacı Ağababa Babayevin tərtibatda məramı ilə tamam oldu. Hacı Şeyx Məhəmməd Badkubəyə təşrif apardılar. Məsələdən bir həftə keçməmişdi ki, dübarə camaat üçün lazım oldu ki, üç nəfər Badkubəyə göndərsinlər.

Qeyd: Kerenski zamanında Badkubəyə cuhud və yunanilərin təccəmoi olub kəndi mənfəətləri üçün bir komitə təşkil edib, zimnən soldat təşkilatını da əldə saxlayıb, bu qüvvətin altında öz umuratlarını mövqeyi-icrayə qoyurdular. Təşkilat elədikləri cəmiyyətin içində bir nəfər soldat nümayəndəsi saxlayıb, adına soldatski deputat deyirdilər. Bu yığıncağın əsil mərkəzi Badkubədə Dumada idi. Bu cəmiyyətin sədrinin adı Ustupani idi. Ustupani tərəfindən Lənkəran dairəsində camaatın buğda-arpa məhsulatını nəzərindən keçirib, hər adama nüfuz hesabı ilə ildə 7 pud yarım xörək və əsil toxumu verib, qalanını qiymət edib hökumət üçün götürsünlər (yüngül qiymətə). Cuhud və yunanların bu fikir və götür-qoyları əkinçi camaatını bir böyük fəlakətə sövq edib, vilayətləri, ələlxüsus Lənkəran və Muğan əhlini tamam puç edəcək idi. Ona binaən Lənkəran və əyan və əşrafı ictimai edib, iki nəfər Böyük bazardan, bir nəfər Kiçik bazardan vəkil intixab edib, bu xüsusda Badkubəyə göndərmək istədilər ki, gedib Dumada, xüsusən Ustupani və sair məqamati-mötəbərə ilə küftügü etsinlər. İctima Kərimov Məşədi Tağının evində olub, Xanoğlan bəyin sədarəti altında məclis təşkil olub. Müttəfiq-aray Yusif bəy Mehmandarov, Məşədi Cəbrayıl Abbasəliyev və Hacı Mirzə Səlim Axundzadəni intixab elədilər. Bəndə hərçi ilhah elədimsə, qəbul olmadı. Axır müttəfiqən öz pulumuz ilə Badkubəyə gəldiz. Burada neçə məclis Ustupani ilə mulaqat və nə söhbətimiz oldusa, onunla işim yoxdur. Onu yazmayacağam. Çünki çox təfsilatlı və yaramaz, nəticəsiz söhbətlər olubdur ki, yazmağa dəyməz. Lakin bu aralıqda Yusif bəy və Məşədi Cəbrayıla söylədim ki, bizim buraya bir nəfər vəkilimiz gəlibdir, lazımdır ki, onu tapıb, sual-cavab edək ki, nə iş görüb və nə edibdir. Çox təftişdən sonra məlum oldu ki, vəkilimiz Hacı Şeyx Məhəmmdağa Hacı Pirverdi məscidinin üçkünc hücrəsində mənzil eləyibdir. Hacı Şeyx Məhəmmədi mulaqat və sual-cavab edib, belə dedilər. Mən həmin təcəmmoyə getdim. Əlimərdan bəy mənə söylədi ki, axund, hər vaxt vücudunuz lazım olsa, izhar edəriz. Bu vaxtacan mənə bir söz söyləməyib və xəbər də verməyiblər. Mən məxfi surətdə Hacı Şeyx Məhəmmədə izhar elədim: cənab Hacı Ağa, siz bir nəfər Lənkəran camaatının nümayandəsisiniz və sizə pul veriblər ki, gözəl mənzil tutub, kəndinizi bir alicənab mövqedə xalqa iraə edəsiniz ki, burada səni bir möhtərəm zat hesab etsinlər. Lakin siz bir yerdə mənzil etmisiniz ki, oraya İranın adi rövzəxanları gəlib mənzil edirlər. Əlimərdan bəyin bu sözlərindən məlum olur ki, sizi qəbul etməyiblər. Axır məlum oldu ki, iş mən bəyan edən surətdə olubdur. Belə ki, Əlimərdan bəy Hacı Şeyx Ağanın üzrünü istəyiblər. Hacı Şeyx Məhəmməd bir neçə gündən sonra Lənkərana qayıtdı. Ağa, Allah taalaya şükür olsun ki, onun üçün pul cəm oldu və həm də pul xərc olmayıb, Lənkərana qayıtdı. Toplanan pul isə cibində qaldı. Bu qəziyyə belə qurtardı.


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации