Текст книги "Ögedey"
Автор книги: Əkbər N. Nəcəf
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
II FƏSİL
BİTMƏYƏN SAVAŞ
Koreya və Çin səfərləri
Ögedeyin xan elan edildiyi böyük qurultayda həmçinin dövlətin siyasi, idari və hərbi məsələləri ilə bağlı da ciddi müzakirələr aparıldı. Həmin məsələlər arasında üç problem xüsusilə mühüm əhəmiyyət kəsb edirdi.
Bunlardan birincisi, Koreya və Çindəki vəziyyətin monqolların əleyhinə çevrilməsi idi.
İkincisi, ələ keçirilən İslam ölkələrində durum yaxşı deyildi, məsələn, Cəlaləddin1919
Cəlaləddin (1199–1231) – Orta Asiyada 1077–1231-ci illərdə mövcud olmuş Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı (red.)
[Закрыть] dağılan Xarəzmşahlar dövlətini bərpa etməyə çalışırdı.
Üçüncüsü, Qərb ölkələrinin (Qıpçaq dövləti, Rus knyazlıqları və Avropa) fəthi hələ də tamamlanmamışdı.
Ögedey ilk olaraq birinci problemin həllinə girişdi. Bu, təsadüfi deyildi. Belə ki, məğlubiyyətə uğradılaraq vergi ödəməyə məcbur edilən Koreya yenidən müstəqil hərəkət etməyə başlamışdı. Bu da azmış kimi, təyin olunan vergini ödəməkdən boyun qaçırırdı. Çində isə monqolların elə ilk həmləsi ilə dağılan Kin2020
Kin – Liao (Qarakitay) dövlətinə məxsus torpaqlarda 1125–1234-cü illər arasında mövcud olmuş dövlət. Çinin şimal-qərb ərazisini əhatə edirdi. Əhalisi türklərdən, monqollardan, manculardan, çinlilərdən, tibet və cürçenlərdən ibarət idi. Kin dövləti Çinin cənub-şərqində yerləşən Sonq dövləti (960–1279) ilə daim müharibələr aparmışdır.
[Закрыть] imperiyası yenidən dirçəlməyə çalışırdı. Üstəlik, Çingizin ölümü səbəbindən tanqutlarla2121
Tanqutlar – qədim xalq. Bu xalq özünü «mi», «minya» adlandırıb. X əsrdə tanqutlar Çinin indiki Qansu və Şansi əyalətlərinin ərazisində Si Sya adlı dövlət yaradıblar və mütəmadi olaraq çinlilərə qarşı uğurla mübarizə aparıblar. Orijinal yazıya malik olan tanqutlar özünəməxsus sivilizasiya yarada biliblər. Lakin 1227-ci ildə monqollar tərəfindən darmadağın edildikdən sonra onların bir hissəsi tibetlilərin tərkibinə daxil olub, digər hissəsi isə monqollar və çinlilərin assimilyasiyasına məruz qalıb (red.).
[Закрыть] müharibə də yarımçıq qalmışdı. Bütün bunlar Ögedeyin diqqətini ilk olaraq məhz Koreya və Çinə yönəltməsinə gətirib çıxarmışdı.
1225-ci ildə ilk zərbədə məğlub olub monqol hakimiyyətini qəbul edən Koreya krallığı öncə Çingiz xanın tanqutlar üzərinə səfərini, ardınca isə onun ölümünü fürsət bildi və müstəqilliyini elan etdi. Ölkəboyu 16 yaşdan 60 yaşadək bütün kişilər orduya cəlb olundu, nəticədə 300 minlik yeni ordu yarandı. İşi belə görən Ögedey 1231-ci ildə Sartak Korçi adlı bir komandanı bölgəyə göndərdi. Sartak elə ilk toqquşmadaca Koreya ordusunu darmadağın elədi, ardınca isə paytaxt Sonq-do (indiki Kaesonq) şəhərini tutdu. Lap axırda da ölkəni 72 darğa arasında bölərək geri qayıtdı.
Lakin bu səfərin üstündən bir il keçməmişdi ki, bütün Koreyanı üsyanlar bürüdü. Üsyançılar Sartakın təyin etdiyi darğaların hamısını qətlə yetirdilər. 1232-ci ildə Sartak yenidən Koreyaya səfər etmək məcburiyyətində qaldı. Koreya kralı Seulun qərbində yer alan Kanq-hua adasına qaçdı. Monqollar başsız qalan ölkədə qətliam törətdilər. Lakin bu qətliam koreyalıların gözünü qorxutmadı. Onlar müqaviməti davam etdirdilər, nəticədə Suvan adlanan yerdə baş verən döyüşlərin gedişində Sartak öldürüldü. Monqollar yenidən qaçmaq məcburiyyətində qaldılar.
1236-cı ildə Ögedey növbəti dəfə Koreyaya böyük bir ordu göndərdi. Bu dəfə monqollar ölkəni tamamilə ələ keçirdilər. Lakin fərari Koreya kralı sığındığı adada öz hakimiyyətini davam etdirdi…
***
Monqolların 1223-cü ildə Mukalinin2222
Mukali (1182–1223) – monqolların ən məşhur sərkərdələrindən biri, Çingiz xanın yaxın silahdaşı (red.)
[Закрыть] ölümü ilə nəticələnən Çinə yürüşü ciddi uğursuzluğa düçar olmuşdu. Həmin uğursuzluqdan məharətlə istifadə edən Kin xalqı isə öz növbəsində bir çox əraziləri geri qaytara bilmişdi. Çingiz xan həm Mukalinin intiqamını almaq, həm də Kin dövləti ilə haqq-hesabı biryolluq çürütmək üçün növbəti səfəri təşkil etmək niyyətində idi. Lakin onun vəfatı buna imkan vermədi. Çingiz xan həmin niyyətini ölüm döşəyində yatarkən oğullarına vəsiyyət elədi. Hətta onlara Kin ilə Sonq dövlətləri arasında 100 ildən çoxdur sürən düşmənçilikdən faydalanmağı da məsləhət gördü.
O zamanlar Çində iki güclü dövlət var idi: Kidan və Kin. Bu iki dövlətdən birinin – Kidanın yaradıcıları, əslində, cürçenlər idi. Cürçenlər türk-monqol əsilli ju-juanların davamçısı və Mancuriya (Çində tarixi ərazi) xalqlarından biri hesab edilir. Onlar Asiya tarixinin ən qüdrətli imperiyalarından sayılan Tanq xanədanının zəifləməsindən sonra (IX yüzilliyin əvvəlləri) bölgəni istila etmiş və qədim türk yurdu olan Hunanda məskunlaşmışdılar. Böyük hissəsi çinliləşsə də, cürçenlər hələ də güclü döyüş ruhuna sahib xalq kimi qiymətləndirilirdi.
Beləliklə, 1230-cu ildə Ögedey Kin səfərinə çıxmaq əmri verdi. Ordunu şəxsən onun özü idarə edirdi. Cəsur və döyüşkən qardaşı Tuluy da Ögedeyin əmrində idi. Lakin monqollar səfərin birinci ilində ağır məğlubiyyətlə üzləşdilər. Kin dövlətinin ordu başçısı general Van-yen Yi monqolları öncə Qansunun şərqində, daha sonra isə Vei vadisində üst-üstə iki dəfə məğlubiyyətə uğratdı. İşi belə görən Ögedey böyük sərkərdə Subutayı (Subuqatey) ordu başçısı təyin etdi. 1231-ci ilin yazında yürüşə çıxan Subutay Genq-şianqı ələ keçirdi və kidanlar üzərində qələbə qazandı. Lakin onun yürüşü növbəti döyüşdə Ven-yen Yi tərəfindən dayandırıldı.
Kin üzərində zəfərin asan olmayacağını anlayan Ögedey siyasətə əl atdı – o, Sonq dövlətinə müttəfiqlik təklif etdi. Bu məqsədlə Sonq sarayına göndərilən birinci elçi yolda öldürüldü. İkinci elçi isə böyük çətinliklə də olsa, Sonqa çatdı və monqolların arzuladığı şərtlər daxilində razılaşma əldə edildi. Bundan sonra yenidən ordunun başına keçən Ögedey iki istiqamətdən Kinə daxil oldu. Böyük xaqan öncə Şansiyə hərəkət edib Po-çu şəhərini tutdu, ardınca isə şərq istiqamətində irəliləyib Huanq-honun şimal torpaqlarına girdi. Bu zaman onun qardaşı Tuluy öncədən hazırlanmış plana əsasən 30 minlik süvari qoşunu ilə Sonq torpaqlarından keçərək Kini arxadan mühasirəyə aldı. O, yürüşboyu bir neçə dəfə istiqamət dəyişdirmiş, özünün bu gözlənilməz manevrləri ilə rəqibin diqqətini yayındırmağı bacarmışdı. Düzdür, monqollar hava şəraitinin pis keçməsi səbəbindən xeyli itki vermişdilər, lakin sonda Tuluy öz istəyinə çatmışdı.
Həmin vaxt Ögedey də bir çox əhəmiyyətli yerləri ələ keçirmiş, axırda isə Yeşien yaxınlığında qardaşının ordusu ilə birləşmişdi. Bundan qısa müddət sonra iki qardaş general Ven-yen Yinin əmrindəki cürçen orduları ilə üz-üzə gəldilər. Ven-yenin 15 minlik ordusu Böyük Monqol dövlətinin 50 minlik ordusu ilə amansız döyüşə girdi. Sayca az olmasına baxmayaraq onun döyüşçüləri hətta bir neçə dəfə üstünlük qazandılar. Ven-yen əlində qılınc döyüş meydanında son əsgəri qalana qədər vuruşdu, lakin axşama doğru gücü və qüvvəti tükənmiş halda monqollar tərəfindən əsir alındı. Tuluy əsir komandanı ehtiramla qarşıladı və ona monqol ordusunda xidmət etməyi təklif elədi. Lakin qürurlu komandan bu təklifin alçaqlıq olduğunu dedi və Tuluya rədd cavabı verdi. Həmin cavabdan qəzəblənən Tuluy isə onu öldürdü.
Ven-yenin qətlə yetirilməsindən sonra Kin torpaqlarını müdafiə edəcək sərkərdə, ümumiyyətlə isə, ordu qalmamışdı. Bütün xalq ölkəni tərk edib Kai-fenq adlı şəhərə köçdü və burada monqollara qarşı sonuncu dəfə ölüm-dirim savaşına başladı. Ögedey xaqan Kin hökmdarı Nqai-tsunqa təklif etdi ki, imperator titulundan əl çəksin və təslim olsun. Lakin Kin hökmdarı şərəfli ölümü seçdiyini bildirdi və monqol elçisinin gətirdiyi təklifi qəbul etməkdən boyun qaçırdı. Bu zaman artıq yaz gəlmiş, monqol ordusu da elə kidanlar qədər çətin vəziyyətdə qalmışdılar. Hava şəraiti müharibəni davam etdirmək üçün qətiyyən əlverişli deyildi. Ona görə də Kai-fenq şəhərinin mühasirəsini Subutaya tapşıran Ögedey qardaşı Tuluy ilə birgə dağlara çəkildi.
Kinin paytaxtı 1232-ci ilin may ayında ələ keçirildi. Monqollar böyük çətinliklə şəhərə daxil oldular. Hərb tarixində ilk toplar da məhz burada istifadə edildi. Kinlilərin açdığı atəşlər monqolları dəhşətə salmışdı. Həmin dövrdə yaşamış müəlliflərdən biri «kinlilərin yeri-göyü inlədən toplara sahib olmasından» danışır. Bəs belədə onlar niyə monqollar qarşısında məğlubiyyətə uğramışdılar? Bu sualın cavabı da tarixi qaynaqlarda açıq göstərilib. Məsələ ondadır ki, kinliləri əldən salan monqollar yox, aclıq və xəstəlik idi. Şəhəri bürüyən vəba 900 mindən çox insanın canını almışdı. Kai-fenqdə ölənləri yandırmaq üçün qalanan tonqallar hətta monqol ordugahından aydın görünürdü. Buna baxmayaraq, şəhər qapıları monqolların üzünə açıldığı zaman Kai-fenqdə hələ də 1 milyon insan yaşayırdı.
Subutay şəhərin yerlə-yeksan edilməsinə qərar verdi. Lakin Ögedeyin qarakitay əsilli vəziri soydaşlarının qətlinə qarşı çıxdı və Ögedeydən onların əfv olunmasını istədi. Xaqan vəzirinin sözünü yerə salmadı.
Kinlilərin monqollara qarşı mübarizəsi daha bir il davam etdi və 1234-cü ildə onların dövləti tamamilə süquta uğradı…
Tuluyun ölümü
Monqollar əldə etdikləri böyük qələbəyə, demək olar, sevinə bilmədilər. Belə ki, Kai-fenqin mühasirəsi davam edərkən Ögedeyin ağır xəstə olduğu, hətta can verdiyi xəbəri yayıldı.
Böyük xaqanın ölümü an məsələsi idi. Subutay bu xəbərin orduda yayılmasının qarşısını müəyyən qədər aldı, eyni zamanda qoşunları tələsdirdi ki, şəhəri tez ələ keçirsinlər. Çünki böyük xaqanın xəstəliyinin arxasında inanc məsələsi dayanırdı. Belə ki, Ögedeyi məhz Kidan xalqının sitayiş elədiyi «yer-sub tenqriləri»nin (Yer və Su tanrıları) cəzalandırdığı barədə şayiələr dolaşmağa başlamışdı. Nəzərə alsaq ki, monqollar ruhların qəzəbindən hətta ən amansız düşməndən daha çox qorxurdular, onda həmin şayiə əsgərlərin qulağına çatarsa, nə baş verəcəyini təxmin etmək bir o qədər də çətin deyildi.
Tarixi mənbələrdə yazılanlara görə, böyük xaqanın çadırı ordugahdan aralıda qurulmuş, çadırın ətrafına isə şamanlar2323
Şaman – ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər. Şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar.
[Закрыть] toplaşmışdı. Bütün müalicələr xaqanın ölü kimi yatan bədəni qarşısında aciz idi. Şamanlar «pis ruhların öz hökmdarlarının bədənini tərk etməsi üçün onlara elə hey qızıl, gümüş, heyvan sürüləri qurban verirdilər».
Pekinin şimalında yerləşən Lanq-yanda xəstələnən Ögedeyi sağaltmaq üçün bütün üsulları sınayan, ancaq heç bir nəticə əldə edə bilməyən şamanlar son varianta əl atdılar. Onlar xəstəliyi hökmdarın canından çəkib çıxaracağına inandıqları suyu taxtadan düzəldilmiş bir qədəhə doldurdular. Elə bu vaxt Tuluy işə qarışdı: o, qədəhi əlinə alıb Göytanrıya belə dua etdi: «Ey əbədi ulu Tanrı! Bilirəm ki, işlədiyimiz günahlara görə bizi cəzalandırır-san. Döyüşlərdə daha çox can aldığım, daha çox uşağı və qadını oxladığım, daha çox atanı və ananı gözüyaşlı qoyduğum üçün bu cəzaya da hamıdan çox mən layiqəm. Yox, əgər qullarından birini gözəlliyinə və fərasətinə görə hüzuruna çağırmaq istəyirsənsə, buna da ən çox layiq olan mənəm. Ögedeyin yerinə məni al. Onun xəstəliyinə son qoy. Ona düçar elədiyin xəstəliyi mənim bədənimə ötür».
Duasını tamamladıqdan sonra Tuluy şamanların hazırladığı suyu içdi.
«Bir neçə gün sonra Ögedey ayağa qalxdı, lakin Tuluy qəflətən öldü» – Fəzlullah Rəşidəddin belə yazır.
Tuluy vəfat edərkən təqvim 1232-ci il oktyabrın 9-nu göstərirdi. Həmin vaxt onun cəmi 39 yaşı var idi.
Şübhəsiz ki, həm Ögdeyin xəstələnməsinə, həm də Tuluyun ölməsinə səbəb şəraba aludəçilik, müasir dillə desək, alkoqolizm idi. Hər gün, üstəlik, bəzən hətta günboyu davam edən içki məclisləri hələ gənc yaşlarından bu iki monqol liderinin sağlamlığına ağır zərbə vurmuşdu. Sağaldıqdan sonra Ögedey bir müddət içməsə də, daha sonra qardaşının ölümünə tab gətirməyib yenidən şəraba qurşandı. Deyilənə görə, o, az qala, hər məclisdə Tuluyu xatırlayıb ağlayaraq qədəhləri bir-birinin ardınca boşaldırdı.
Yeri gəlmişkən, Tuluyun ölümqabağı davranışı «Dədə Qorqud» dastanında da yer alan qədim bir türk inancını xatırladır. Söhbət başqasının yerinə ölməkdən (doliq) gedir. Belə ki, Dəli Domrul onun yerinə ölməsi üçün anasına və atasına müraciət etmiş, lakin rədd cavabı almışdı. Yalnız sevdiyi qadın Dəli Domrulun istəyini qəbul eləmişdi…
Tuluyun ölümü monqollar üçün gözlənilməz oldu. Çingiz xanın kiçik oğlu ordu tərəfindən çox sevilirdi, bu səbəbdən də monqol döyüşçüləri onun itkisindən daha çox sarsıldılar.
Bundan başqa, monqol ənənəsinə görə, başqasının yerinə öldüyü üçün Tuluyun adı qadağan olundu. Çünki onun canını «Yer-sub cinləri» almışdı…
Kin imperiyasının sonu
Ordunun başında dayanan iki qardaş canları ilə əlləşdiyi bir vaxtda Subutay bütün hərbi qərarları təkbaşına vermək məcburiyyətinə qalmışdı. O, Kin imperatoru Nqai-tsunqa sonuncu dəfə xəbər yollayaraq təslim olmağı təklif etdi. Lakin bu dəfə də imperator həmin təklifə rədd cavabı verdi. İşi belə görən Subutay yenidən Sonq xanədanı ilə ittifaq qurmaq məcburiyyətində qaldı. Sonq imperatoru kömək müqabilində Hunan ilə Kia-fenqə sahib olacaqdı. Bu ittifaqdan hələ 100 il əvvəl ovaxtkı Sonq hökmdarı cürçenlərə yardım əli uzatmış, nəticədə cürçenlər Qarakitay dövlətinin varlığına son qoyaraq bu dövlətə aid torpaqları ələ keçirmişdilər. Lakin əvəzində sonqlara heç nə verməmişdilər. İndi isə Sonq xanədanı cürçenləri yox etmək üçün başqa bir şimal xalqına kömək əli uzadacaq, ancaq bu dəfə də həmin yardımın müqabilində istədiklərini əldə edə bilməyəcəkdilər…
Beləliklə, Sonq sərkərdəsi Menq-Hunqun 20 minlik ordusunun köməyi ilə monqollar Kia-fenq üzərinə həlledici hücuma keçdilər. Şəhər şiddətli ox atəşinə tutuldu. Vəziyyətin ağırlaşdığını görən imperator Nqai-tsunq qaçıb başqa bir şəhərdə gizləndi. Ardınca isə sonqlarla sülh danışıqlarına başlamaq fikrinə düşdü. Lakin onun bu niyyəti baş tutmadı. 1233-cü ilin martında Tsui-li adlı Kin sərkərdəsinin xəyanəti nəticəsində Kai-fenq təslim oldu. Şəhərdəki bütün kişilər qılıncdan keçirildi. Qadınlar isə əsir alınıb Monqolustana göndərildilər. Lakin paytaxt tamamilə xarabazara çevrilməkdən qurtuldu – əlbəttə, bu dəfə də Yeh-lu Çu-Tsainin sayəsində!
Onu da qeyd eləmək lazımdır ki, şəhərə monqollardan çox Kinin düşməninə çevrilmiş Sonq xanədanına məxsus qoşunlar zərər vermişdilər. Görünür, sonqlar 100 il ön-cəki pisliyi heç cür unuda bilməmişdilər…
Subutay monqol döyüşçülərindən ibarət xüsusi dəstə təşkil etdi və həmin dəstəni Kin imperatorunu nəyin bahasına olursa olsun, həbs eləmək üçün təlimatlandırdı. Çıxılmaz vəziyyətdə olduğunu görən imperator 1234-cü ilin yaz aylarında intihar etdi. Çox keçmədi ki, kinlərin Hunandakı müqaviməti də uğursuzluqla başa çatdı. Bundan sonra monqollar ilə sonqlar qazandıqları zəfəri Hanq-çuda təntənə ilə qeyd elədilər. Həmçinin göstərdikləri köməyə görə Sonq xanədanı monqollar tərəfindən mükafatlandırıldı: bir çox torpaqlar onlara bağışlandı.
Lakin əvvəldən əldə olunmuş razılığa baxmayaraq Kai-fenqin ixtiyarı sonqlara verilmədi. Bu isə ciddi narazılığa gətirib çıxardı.
Ögedeyin əmri ilə xain sərkərdə Tsui-li də mükafatsız qalmadı – o, xaraba qalmış Kin bölgəsinin valisi təyin edildi.
Monqollar bölgədən geri çəkilməyə başladıqda gözlənilməz xəbər gəldi. Məlum oldu ki, Sonq imperatoru Litsunq (1225–1264) Hunanın monqollara aid torpaqlarını işğal etməyə başlayıb. 1234-cü ilin iyul-avqust aylarında isə sonqlar digər əraziləri, eləcə də Kai-fenqi asanlıqla ələ keçirdilər. Onlar bununla da kifayətlənməyərək, Ögedey tərəfindən təyin edilən vali Tsui-lini öldürməkdən belə çəkinmədilər.
Bir qədər irəli gedib qeyd edək ki, sonralar bu ağılsızlıqlarının cəzasını çox ağır ödəyəcəkdilər…
Çormağunun Azərbaycan səfəri
Koreyanın fəthini Sartaka tapşıran, Çinin fəthini isə öz üzərinə götürən Ögedeyin qarşısında indi başqa bir məqsəd var idi: o, Xarəzmşah Cəlaləddinlə haqq-hesabı çürütməyi düşünürdü. Bu işi isə sərkərdələrindən Çormağun Noyona tapşırmışdı.
Bu o vaxt idi ki, Subutay ilə Cebe Noyonun başçılığı altında monqol ordularının İraqi-Əcəm, Azərbaycan və Dəşti-Qıpçaq səfərinin sona çatmasından sonra, Orta Şərqdə siyasi vəziyyət xeyli ağırlaşmışdı. Belə ki, monqolların geri çəkilməsindən istifadə edən Cəlaləddin Hindistandan Kirmana, oradan da Azərbaycana gələrək Xarəzmşahlar dövlətini bərpa etməyə başlamışdı. İgidliyi ilə Çingiz xanın belə rəğbətini qazanan Cəlaləddin Azərbaycandakı 6 illik fəaliyyəti boyunca bölgəyə nəinki dinclik və sabitlik gətirmədi, əksinə, bu torpaqlarda yaşayan xalqın nəzərində monqollardan daha zalım düşmənə çevrildi. Xarəzmşahın tabeliyindəki adamların özbaşınalığı, onun özünün isə sistemsiz və nizamsız davranışları qısa vaxtda Cəlaləddinin camaat arasındakı nüfuzunu itirməsinə gətirib çıxardı. Halbuki o, monqollara qarşı apardığı mübarizə səbəbi ilə xalqın böyük hörmətini, etibarını qazanmışdı.
Monqolların yenidən Azərbaycana hərəkət etdiyi ərəfədə Xarəzmşah Cəlaləddinin vəziyyəti getdikcə ağırlaşırdı. O, 1230-cu ildə Əyyubi – Anadolu Səlcuqlularının birləşmiş orduları ilə qarşı-qarşıya gəldi. Yassıçəmən2424
Yassıçəmən adlanan yer indiki Türkiyə ərazisində, Ərzincan yaxınlığındadır (red.).
[Закрыть] adlanan yerdə baş verən həmin döyüşdə Cəlaləddin ağır məğlubiyyətə uğrayaraq, az qala, bütün ordusunu itirdi.
Bunun ardınca isə Ögedey 30-40 minlik ordunun komandanı təyin etdiyi Çormağun Noyona əmr elədi ki, Azərbaycana doğru yürüşə çıxsın və Cəlaləddinin bölgədəki varlığına son qoysun. Çormağun Noyon monqolların sünit (suni’it) qəbiləsindən idi. Onun ixtiyarındakı qoşunlara bisutlardan Baycu, karulaslardan Yekə-yisaur, uyğurlardan Məlikşah, Sarıcı, Minq (Min) İgəmiş, arulatlardan Böyük Cağatay, Əsəkü, eləcə də sünitlərdən Kiçik Cağatay başçılıq edirdi. Adları çəkilənlərdən Baycu, Yekə-yisaur və Məlikşah tümən komandanları, digərləri isə minbaşı idi. Elə bunu nəzərə alaraq deyə bilərik ki, Azərbaycana doğru yola çıxan monqol ordusu ümumilikdə 40 minə çatırmış.
Yeri gəlmişkən, Çormağunun başçılığı ilə Azərbaycana ordu göndərilməsi hələ Çingiz xanın vəfatından əvvəl planlanmışdı. Lakin onun ölümü həmin planın təxirə salınmasına gətirib çıxardı.
Çormağun Noyonun ordusu əsasən monqol və türklərdən ibarət idi. Qrabarca2525
Vaxtilə erməni kilsə dili qrabarca adlanırdı. Dini terminlərin çox olduğu bu dildə əsasən kilsə mənsubları danışırdılar. Qrabarcada danışmağın çətin olduğu nəzərə alınaraq, XIX əsrdə yerəvani deyilən ləhcə əsasında aşxarabar yeni ermənicə yazılı dili və ədəbiyyatı formalaşdırılmışdır.
[Закрыть] yazan müəlliflərdən Aknərli Qriqor qeyd edir ki, monqolların Orta Şərq istiqamətində başlayan ikinci hücumuna başçılıq edən tümən və minbaşılar bunlar idi: Asutu Noyon, Cağatay, Sunitay, Kiçik Cağatay, Baycu Noyon, Asar Noyon, Huttu Noyon, Tuttu Noyon, Ogotay Noyon, Xocay Noyon, Hurumçi Noyon, Xunan Noyon, Taynal Noyon və Ənguraq Noyon. Belədə məlum olur ki, Çormağun Noyonun əmrində dörd tümən var idi. Həmin tümənlərdən yalnız biri Türk boylarından – qarluq, uyğur, türkmən və küçətlərdən meydana gəlirdi.
Bir vacib məqamı da vurğulayaq ki, monqol ordusunun əsgərləri ailələri ilə birlikdə hərəkət edirdilər. Çünki onların məqsədi Yaxın və Orta Şərqə yerləşmək idi. Deməli, Çormağun Noyon ümumilikdə təxminən 200 min nəfərlik bir qüvvə ilə səfərə çıxmışdı. Onun başçılıq elədiyi ordu Türküstanı, Xorasanı və Fars əyalətini keçib hicri təqvimlə 628-ci ildə (miladi təqvimlə 1230-cu il noyabrın 9-dan 1231-ci il oktyabrın 28-dək) Azərbaycana gəldi.
Əvvəl də qeyd etdiyimiz kimi, Çormağunun vəzifəsi Xarəzmşah Cəlaləddini ortadan qaldırmaq idi. Bu məqsədlə o, Türküstanı adlayıb Xorasanı, Farsı, İraqi-Əcəmi və Azərbaycanı ələ keçirdikdən sonra Muğan ovasında ordugah qurdu.
Çormağun hələ yolda ikən İsmaili hökmdarı2626
Həsən Səbbah (1055–1124) tərəfindən Xəzərin cənub sahili əyalətlərindən Təbəristan, Deyləman və Gilan torpaqlarında qurulmuş dövlət. 1090-cı ildə yaranan bu dövlətin varlığına 1258-ci ildə Hülakü xan tərəfindən son qoyulmuşdur. İsmaili adlı şiəlik təriqətinə əsaslandığı üçün belə adlanırdı.
[Закрыть] III Məhəmmədin elçiləri onun hüzuruna gəlib Xarəzmşah Cəlaləddinin təzəlikcə Əyyubi və Anadolu Səlcuqluları tərəfindən darmadağın edildiyi xəbərini çatdırdılar. Bunu eşidən monqol sərkərdəsi bir dəstə süvarini təcili şəkildə Cəlaləddinin üstünə göndərdi. Bu vaxt Xarəzmşah Gəncədə idi. O bu şəhərdə Əxi Bəndərin rəhbərliyi altında baş verən üsyanı yatırtmış, sonra da 17 gün orada qalmışdı. Niyyəti buradan Şərqi Anadoluya keçib, oradan da İsfahana getmək idi. Lakin Cəlaləddinin istəyi baş tutmadı: o, yolda monqolların tələsinə düşdü. Bir neçə əsgərdən başqa, ordusundakıların hamısı qılıncdan keçirildi. Xarəzmşah təkbaşına qaçıb aradan çıxa bildi və Əyinbər adlanan bir dağ kəndində gizləndi. Lakin həmin kənddə daha əvvəl Cəlaləddinin öldürtdüyü bir nəfərin qardaşı bundan xəbər tutdu və intiqam məqsədilə 1231-ci ilin avqustunda Xarəzmşahı qətlə yetirdi. Beləliklə, Çormağun öz vəzifəsini düşündüyündən də asan tamamlamış oldu.
Monqol sərkərdəsi Muğanda məskunlaşdığı müddətdə ordusunun bir hissəsini Arana yerləşdirib qalanını Şərqi Anadoluya göndərdi. Məsələ burasındadır ki, monqol hakimiyyətini qəbul etməyən Muğan və Arandakı oğuz-türkmənlər yurdlarını onların gəlişindən qabaq tərk edərək Anadoluya köçmüşdülər.
Çormağun indiki Türkiyə ərazisində yerləşən Diyarbəkiri, eləcə də hazırda İraq torpaqları olan Mosulu və Ərbili yağmalamaq əmri verdi. Lakin bir müddət sonra monqolların sistemsiz (nizamsız) hərəkəti müşahidə edilməyə başlandı. Buna səbəb Çormağunun qoca olması idi. Yaşının çox olması ona çevik hərəkət etmək imkanı vermirdi. Odur ki monqol sərkərdəsi vaxtının çoxunu Aladağ ilə Muğanda kef məclisləri təşkil etməklə keçirirdi. Belədə isə ordu daxilində intizamsızlıq güclənirdi.
Çormağunun başı eyş-işrətə qarışdığı bir vaxtda onun işlərini daha çox arvadı Eltina Xatun görürdü. Bu qadın Çormağunun sarayına gələn elçiləri qəbul edir, onlarla danışıqlar aparır, əmirlərin şikayətlərini və xahişlərini dinləyirdi. Orduya nəzarət isə Baycu Noyona buraxılmışdı. Özündən çox razı və lovğa olan bu şəxsin ən başlıca arzusu böyük bir qələbə əldə edib monqolların böyük xaqanı tərəfindən mükafatlandırılmaq idi. Buna görə də Baycu Noyon bütün diqqətini Anadoluda ələ keçiriləcək mülklərə istiqamətləndirmişdi.
1231-ci ilin payızında monqollar indiki Türkiyə ərazisində yerləşən Diyarbəkir, Bitlis, Mardin, Nusayibin, Habur və digər əyalətləri talan etdikdən sonra Ərbilə qədər gəlmiş, lakin burada Ərbil atabəyi Müzəffərəddin Gök-börünün hücüma keçdiyini öyrənincə geri çəkilməli olmuşdular.
Ömrünün axırlarında hətta qulaqları da eşitməməyə başlayan Çormağunun, demək olar, bütün işlərini Baycu Noyon aparmaqda idi. Rəşidəddin onun haqqında öncə «minbaşı» olaraq bəhs etdiyi halda, 1242-ci il hadisələrindən sonra Baycunu «noyon» adlandırır. Görünür, Baycunun həmin il Anadoluda apardığı işğal siyasəti ona noyonluq titulu qazandırmışdı.
Beləliklə, monqol komandanı Baycu Noyonun əmrində olan 30 minlik ordu 1242-ci ildə Ərzurumu zəbt edib taladıqdan sonra Muğana qayıtdı. Həmin vaxt Anadolu Səlcuqluları onsuz da monqollara tabe olduğu halda, Baycunun bu hücumunun məqsədi və məramı qaranlıq qalır. Rəşidəddinin fikrincə, onun bu hücumu «fateh» adı əldə etmək üçün idi. Həmin dövrün başqa bir tarixçisi – İbn Bibi də Baycunun Anadolu Səlcuqlu torpaqlarını istila etməsini «şöhrət əldə etmək və hərbi bacarığını təsdiqləmək» arzusu ilə əsaslandırır. Bu qənaətlə razılaşmamaq mümkün deyil. Baş verənlərdən aydın görünür ki, Baycu «noyon» titulu qazanmaq üçün Orta Şərqdə xeyli canfəşanlıq eləmişdi…
Bütün bu yaşananlardan sonra monqol istilasının qarşısını almaq üçün bölgədə hərbi hazırlıqlar başladı. Anadolu Səlcuqlu sultanı II Qiyasəddin bütün gücünü səfərbər elədi və Baycunun qarşısına çıxmaq üçün 80 minlik ordu topladı. İndiki Türkiyə ərazisində yerləşən Sivas üzərindən keçib Kösədağ deyilən düzənliyə gələn Səlcuqlu ordusu burada qərargah qurdu və monqol ordusunu gözləməyə başladı. Oğuz türklərindən başqa qıpçaq, gürcü, firəng əsgərlərindən qurulan Səlcuqlu ordusu, əslində, bir o qədər də yaxşı təşkil edilməmişdi, üstəlik, ordunun idarəçiliyi səriştəsiz sərkərdələrə tapşırılmışdı. Misal üçün, o vaxtadək heç bir döyüşdə iştirak etməyən, bununla belə, ordu komandanlığına təyin olunan əmirlərdən biri – Visaq-Başı «Ərzincan və ətrafı monqol qılıncından keçirilərkən biz burada boş yerə vaxt itiririk» deyərək fəryad edir, nəticədə əsgərlərin canına vəlvələ salırdı.
Beləliklə, Baycu Noyonun başçılıq etdiyi və say etibarilə Səlcuqlu ordusunun yarısı qədər belə olmayan monqol qoşunları da bir müddət sonra Kösədağına gəlib çıxdı. Qanlı döyüşün başlaması ilə 20 min nəfərlik Səlcuqlu atlılarının və irəlidəki piyada qüvvələrinin monqollara qarşı hücuma keçməsi bir oldu. Monqollar məşhur Turan taktikasına2727
Turan taktikası – türklərin qədim döyüş taktikası. Bu taktikaya əsasən ordu döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılırdı. Mərkəz qüvvələri düşmənə hücum çəkdikdən bir müddət sonra qəfildən geri çəkilir, bu zaman at üzərində ox ataraq döyüşü davam etdirirdilər. Beləcə, geri çəkilən ordunu təqib etməyə başlayan düşmən, sağ və sol cinahlardakı qüvvələr tərəfindən qurulmuş tələyə çəkilir, anidən çevrəyə alınaraq məhv edilirdi. Turan taktikası «Hilal (aypara) taktikası» və «Qurd qapanı» adları ilə də məşhurdur (red.).
[Закрыть] əl atdılar: onlar əvvəlcə geri çəkildilər, sonra isə Səlcuqlulara qarşı əks-həmləyə keçərək rəqibi ox və nizə yağışına tutdular. Nəticədə tələyə düşən Səlcuqlu süvariləri bir anda pərən-pərən oldu, vəziyyəti belə görən digər ordu hissələri döyüşü davam etdirmək əvəzinə, qorxub qaçmağa başladı. Sultan II Qiyasəddin bu ağır məğlubiyyəti gözyaşları ilə qarşıladı: ağlayaraq Toqat – Ankara istiqamətindən Antalyaya qaçdı. Müasir Türkiyə tarixçilərinin hamısı «bu qədər biabırçı bir məğlubiyyətin türk
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?