Электронная библиотека » Əkbər N. Nəcəf » » онлайн чтение - страница 2

Текст книги "Şəmsəddin Eldəniz"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Əkbər N. Nəcəf


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +
Eldənizin evlənməsi

Sultan II Toğrulun vəfatından sonra İraq Səlcuqluları sultanlığının taxtına qardaşı Məsud çıxdı. Beləliklə, Eldəniz bu dəfə də Sultan Məsudun məmlüklərindən birinə çevrildi. Məsud ona xüsusi diqqət yetirirdi. Sultan II Toğrulun dövründə zəkası, bacarığı ilə seçilən Eldəniz, ehtimal ki, Möminə xatundan da izzət və ehtiram görməyə davam edirdi.

Əri ölərkən Möminə xatun çox gənc idi. Belə ki, II Toğrul dünyasını dəyişərkən 25 yaşında idi. Möminə xatunun ərindən kiçik olduğunu nəzərə alsaq, onun təxminən 22-23 yaşında dul qaldığını söyləmək mümkündür. Buna baxmayaraq Möminə xatunun Sultan II Toğruldan dörd övladı var idi. Dördü də oğlan olan uşaqların adları belə idi: Alparslan, Məlikşah, Məhəmməd və Arslanşah. Onlardan ən kiçiyi – Arslanşah atası dünyasını dəyişərkən 1 yaşında idi.

Eldəniz ilə Möminə xatunun evlilik tarixi mübahisəlidir. Akademik Ziya Bünyadova görə, bu hadisə Sultan II Toğrulun vəfatı və Sultan Məsudun taxta çıxmasından sonra, yəni 1135 və ya 1136-cı ildə baş verib. Lakin müəllifin istinad etdiyi mənbədə həmin məlumat öz təsdiqini tapmır. Səlcuqlu dövrünün əsas qaynaqları sayılan Ənuşirəvan ibn Xalid, İmadəddin İsfahani, Bundari, Hüseyni və Ravəndinin əsərlərində Eldənizdən «atabəy» kimi bəhs edilsə də, onun bu titulu hansı tarixdə və necə aldığı göstərilməyib. Z.Bünyadovun iddiasını doğrulayan yeganə mənbə İbn əl-Əsirin əsəridir. Ancaq İbn əl-Əsirin Eldəniz haqqında verdiyi məlumatlar kifayət qədər dolaşıqdır. Müəllif, Sultan Məsudun taxta çıxdıqdan sonra Eldənizi Aran və Azərbaycanın bir hissəsinin hakimi elan etdiyini yazsa da, dəqiq tarix qeyd eləməyib. Üstəlik, İbn əl-Əsir öz əsərinin bir yerində Eldənizin Sultan Məsud, başqa bir yerində isə vəzir Sümeyrəmi tərəfindən satın alındığını yazaraq təzadlı məlumatlar verib. Ümumiyyətlə, Eldənizin Azərbaycan hakimi olduqdan sonra, yoxsa daha əvvəl Möminə xatunla evləndiyi dəqiq bilinmir.

Şair Mücirəddin Beyləqani2020
  Mücirəddin Beyləqani (1130 – 1194) – Beyləqanda doğulmuş, Təbrizdə vəfat etmişdir. Bəzi qaynaqlarda anasının həbəş mənşəli olduğu vurğulanır. Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına yazdığı mədhiyyələrlə məşhurdur. (red.)


[Закрыть]
(1130 – 1194) Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvana həsr etdiyi qəsidəsində 1176-cı ildə onun 33 yaşında olduğunu yazır:

 
Nə qəribədir, daha otuz üç yaşın olduğu halda
Fələk bütün qəlbilə sənin yolunda addımlayır.
Murad içində yaşa,
çünki hökmdarlıq
sənin ürəyin sayəsində ayaqdadır,
Ömrün uzun olsun,
çünki qılıncın dünyanın qalxanıdır.
 
(Şeir parçası sətri tərcümə edilmişdir – red.)

Bu tarixi əsas götürsək, Cahan Pəhləvanın 1142 və ya 1143-cü ildə anadan olduğu ortaya çıxır. O, Eldənizin böyük övladı olduğu üçün Eldəniz ilə Möminə xatunun həmin tarixdən bir qədər əvvəl, yəni ən azı 1141, yaxud 1142-ci ildə evlənməsi lazımdır. Onların evləndirilməsi Sultan Məsudun qərarı olub. Bu qərar isə Aran atabəyi Qara Sunqurun ölümünün ardından verilib. Belədə Eldənizlə Möminə xatunun 1141-ci ildə ailə qurduğunu söyləmək daha ağlabatandır.

Bəzi müəlliflər mənbələrdə heç bir məlumat olmadığı halda Eldəniz haqqında əsassız hekayələr uydurublar. Bu hekayələrə görə, guya «Sultan Məsudun arvadı Eldəniz haqqında yüksək fikirlərə sahib idi və sultana ondan tərif dolu sözlərlə bəhs edirdi. Bunun nəticəsində Sultan Məsudda Eldəniz haqqında müsbət fikirlər yarandı». Bir daha qeyd edək ki, belə məlumatların heç bir əsası yoxdur və çox vaxt hətta istinad edilən mənbələrin özündə bu barədə hər hansı bilgiyə rast gəlinmir.

Möminə xatun ilə Eldənizin evliliyindən onların üç övladı dünyaya gəlib. Böyük övladları Məhəmməd Cahan Pəhləvan, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, 1142 və ya 1143-cü ildə anadan olub. İkinci oğulları Osman Qızıl Arslanın anadan olduğu tarix dəqiq bilinməsə də, qardaşından bir neçə yaş kiçik idi. Cütlüyün adı bizə məlum olmayan bir qızı da doğulub. Bəzi qaynaqlar Eldənizin qızının Marağa hakimi (atabəyi) ilə evləndiyini qeyd edir.

II FƏSİL
ELDƏNİZİN AZƏRBAYCAN HAKİMİYYƏTİ

Eldənizin həyatında mühüm mərhələ

11 yaşında səlcuqlu qulam təşkilatına daxil olan Eldənizin həyatının 20 ili (1121–1141-ci illər arası) sarayda keçib. Həmin illər onun siyasi təcrübə qazanmasında və bir dövlət adamı kimi yetişməsində son dərəcə əhəmiyyətli rol oynayıb. Belə ki, Eldəniz Səlcuqlu dövlətinin keşməkeşli dövründə paytaxtda yaşayıb, saray daxilində meydana gələn hadisələri yaxından müşahidə eləmək imkanı qazanıb. Onun saray həyatına daxil olduğu dövrün bir başqa əlamətdar cəhəti ondan ibarətdir ki, Böyük Səlcuqlu dövləti faktiki olaraq şərq və qərb olaraq iki yerə parçalanmışdı. «Sultan əl-əzəm» titulu ilə Səncər böyük sultan elan edilsə də, o ancaq dövlətin şərq hissəsinə (Xorasan) nəzarət edir və Mərvdə otururdu. Sultanlığın qərb hissəsində isə 1119-cu ildə İraq Səlcuqluları adı verilən yeni bir dövlət yaranmışdı. Bu dövlətin ilk hökmdarı Sultan Mahmud idi. Eldəniz də məhz onun zamanında (1119–1131) saraya daxil olmuş, siyasi intriqaların və hakimiyyət qovğalarının qızışdığı dövrə şahidlik eləmişdi.

İraq Səlcuqluları dövləti

Sultan Məlikşahın 1092-ci ildə vəfat etməsindən sonra Böyük Səlcuqlu taxtı uğrundan başlayan mübarizə dövlətin sürətlə tənəzzül etməsinə yol açdı. Məlikşah ölərkən 38 yaşı var idi. O özündən sonra taxta böyük oğlu Bəryaruqun keçməsini arzu edirdi. Məlikşah vəfat edəndə 14 yaşı olan Bəryaruq atasının Zübeydə xatunla izdivacından dünyaya gəlmişdi.

Məlikşahın Qaraxanlı2121
  Qaraxanlılar – 840 –1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk dövləti


[Закрыть]
hökmdarları nəslindən olan digər arvadı Tərkən xatun isə taxta öz oğlu Mahmudu çıxarmaq istəyirdi. Bu məqsədlə hətta ərinin ölüm xəbərini hamıdan gizlətmiş, üstəlik, cənazə namazı qılınmadan dəfn etdirmişdi. Tərkən xatunun öz oğlunu taxta keçirmək planı dövləti tənəzzülə aparan hadisələrin başlamasına şərait yaratdı. Həmin vaxt Mahmudun cəmi altı yaşı var idi. Buradan da aydın olur ki, Tərkən xatun oğlunu taxta çıxarmaqla, əslində, hakimiyyəti öz əlində saxlamaq niyyətində idi. O, xəzinənin pullarını əmirlərə və orduya xərcləyərək məqsədinə çatacağına inanırdı. Ancaq bu belə olmadı. Tezliklə həm Mahmudun, həm də anasının ölümü Səlcuqlu taxtı uğrunda yeni qovğaya yol açdı. İndi də Məlikşahın oğulları, qardaşı və əmisi arasında taxt-tac mübarizəsi başladı və qanlı müharibələrə gətirib çıxardı. Bu azmış kimi, həmin vaxt Səlcuqlular üçün iki yeni düşmən peyda oldu. Onlardan biri ismaililər, digəri isə səlibçilər idi.

İsmaililər Həsən Səbbahın başçılığı altında Əlamud qalasını ələ keçirib 1090-cı ildə öz dövlətlərini yaratdılar. Ardınca isə yüzlərlə kiçik qalaları nəzarət altına alan ismaililərin nə qədər təhlükəli olduqları 1092-ci ildə təsdiqini tapdı: onlar Səlcuqluların ən böyük dövlət adamı vəzir Nizamülmülkü (1018 – 1192) qətlə yetirdilər.

Digər tərəfdən XI əsrin axırlarında Roma Papası II Urbanın çağrışı ilə Avropanın xristian dövlətləri Qüdsü və xristian torpaqlarını azad etmək adı altında İslam ölkələrinə intensiv hücumlara başladılar. Bu müsəlmanlarla xristianlar arasında əsrlərlə davam edən səlib müharibələrinə səbəb oldu.

1105-ci ildə Məhəmməd Taparın sultan olması ilə Səlcuqlu dövləti əvvəlki qüdrətini bərpa etdi. Lakin Tapar 1118-ci ildə qəfil dünyasını dəyişdi və bununla da imperiya ərazisində tamamilə fərqli siyasi situasiya meydana gəldi. Belə ki, Sultan Məhəmməd azyaşlı uşaqlarının tərbiyəsi üçün onlara atabəylər və ərazilər təyin etmişdi. Taparın ölümü ilə həmin atabəylər sultanın övladları adından taxtı ələ keçirməyə cəhd göstərdilər. Bu da Səlcuqlu coğrafiyasında atabəylər arasında taxt müharibələrinin başlamasına yol açdı. Həmin atabəylərdən biri də Şəmsəddin Eldəniz idi. O, atabəyi olduğu Arslanşah adına Səlcuqlu taxtını ələ keçirib düz on beş il imperiyaya nəzarət etdi.

Sultan Məhəmməd Tapar 1118-ci il aprelin əvvəllərində oğuz ənənəsinə uyğun olaraq böyük bir şənlik təşkil edib süfrəsini yağmalatdı2222
  Xani-yağma adlanan bu qədim türk ənənəsi barədə «Kitabi-Dədə Qorqud»da da bəhs olunur. Ənənəyə əsasən türk hökmdarlarının vəzifələri arasında xalqını ac saxlamamaq və doyurmaq da yer alırdı. Odur ki türk hökmdarları hər gün sarayları qarşısında qurulan çadırlarda xalqa təmənnasız yemək paylayırdılar. Bundan başqa, ildə bir neçə dəfə hökmdarlar böyük şənliklər təşkil edir, bütün obalar dəvət olunur və ziyafət verilirdi.


[Закрыть]
. Bu şənlik əsnasında sultan zəhərləndi. Aprelin 9-da həmin vaxt 14 yaşında olan böyük oğlu Mahmudu yanına çağıran Tapar onunla uzun-uzun söhbətləşdi. Söhbət əsnasında ata-oğul göz yaşları axıdaraq hönkür-hönkür ağladılar. Məhəmməd Tapar oğluna ömrünün başa çatığını, taxta onun çıxmasını və dövləti idarə eləməsini vəsiyyət etdi. Mahmud üzünü atasına tutub dedi:

– Nə bəxtsiz bir gündür, ata.

– Bəli! Mənim üçün bəxtsiz bir gündür, ancaq sənin üçün qutlu bir gündür. Səltənət sənə qutlu olsun! – deyə sultan cavab verdi.

Bundan sonra Tapar əmirləri yanına çağırıb onlara böyük oğluna tabe olmalarını əmr elədi. Aprelin 18-də isə can verdi. Səlcuqlu dövrü tarixçisi Bundari onun hakimiyyət illərini belə təsvir edir: «Surəti gözəlləşdiyi, dövləti kamala çatdığı, səmasından qara buludların çəkilib havası təmizləndiyi, suyu durulduğu və nemətləri kasıbları varlandırmağa, əskikləri doldurmağa, qulu azad etməyə, İslama arxa durmağa, zülməti uzaqlaşdırıb, mülhidlərin (ismaililərin) qalalarını dibindən qoparıb möminlərin bayraqlarını ucaltmağa başladığı zaman qəza onun (Məhəmməd Taparın) əlindən tutdu. Müddətini və əməlini qısaltdı. Dənizin (dövlətin) suyunu qurutdu, ayparanı (Məhəmməd Taparı) ortadan qaldırdı».

Sultan cümə axşamı dünyasını dəyişdi, səhəri gün isə bütün məscidlərdə cümə xütbələrində Sultan Mahmudun adı oxundu. Sultan Məhəmməd Tapar öldüyündə 38 yaşı var idi. Eyni gün arvadı Gövhər xatunun otağında boğularaq öldürüldüyü deyilir. Mənbələr sultanı öz arvadının zəhərlədiyini iddia edirlər. Başqa bir iddiaya görə, Tapar öləcəyini anladıqda arvadı Gövhərin qardaşı Səncərlə evlənib oğullarını hakimiyyətdən məhrum etməsindən qorxaraq özü boğdurmuşdu.

Tapar ölərkən sultanlıq xəzinəsində 10 milyon dinar2323
  Dinar – Yaxın Şərqin bəzi ölkələrində qızıl pul


[Закрыть]
nəğd pul buraxmışdı. Bundan başqa, xəzinədə bir o qədər də qızıl, gümüş və qiymətli əşyalar toplanmışdı. Heç bir Səlcuqlu sultanı dövlət malının qorunmasına onun qədər önəm verməmişdi.

Təcrübəsiz, əyləncəyə düşkün olan Mahmud vaxtının çoxunu ov quşları ilə keçirdiyindən dövlət idarəsini məmurların insafına buraxmışdı. Nəticədə Taparın ölməsindən iki ay sonra dövlət xəzinəsi məmurlar tərəfindən talan edildi və tamam boşaldı. Həmin dövrə aid qaynaqlarda bu barədə oxuyuruq: «Qızıl qurtardıqdan sonra gümüşlərin üstündəki (dövlət) möhürünü çıxarıb onları da öz aralarında bölüşdürdülər. Sonra zinnət əşyalarına əl uzatdılar. Daha sonra da sıra ilə mücəvhərləri, libasları, otlaqlardakı ərəb atlarını, dəvələri paylaşdılar. Heç bir şey buraxmadılar. Damazlıq qoyunlara, qoçlara, keçilərə qədər bölüşdürdülər. Varlı olan dövləti soyub soğana çevirdilər, beləcə, onun bel sutununu sındırdılar».

Səlcuqlu dövlətində başlayan hərc-mərclik əmisi Səncərin Sultan Mahmuda qarşı hərəkətə keçməsinə gətirib çıxardı. Həmin vaxt Xorasanı idarə edən Səncər 1119-cu ildə Savə yaxınlığındakı döyüşdə Mahmudu məğlub edib hakimiyyəti ələ keçirdi. Bu hadisə Böyük Səlcuqlu dövlətinin parçalanmasına səbəb oldu. Səncər Xorasan və İraq Səlcuqluları (yaxud Şərqi və Qərbi Səlcuqlular) deyə iki yerə bölünən imperiyanın hakimiyyətini ələ keçirdi. O, qardaşı oğlunu öldürməyib İraq Səlcuqlu hökmdarı elan elədi. Bu hadisə 1119-cu ildə Böyük Səlcuqlu dövlətinin Reydən qərbə doğru uzanan torpaqlarında yeni dövlətin yaranmasına səbəb oldu.

Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır ki, İraq, Azərbaycan, Bağdad, Diyarbəkir, Fars, Aran, Ərmən və Gürcüstan torpaqlarının nəzarəti Sultan Mahmuda verildi. Sultan Mahmud arxa-arxaya Sultan Səncərin iki qızı ilə evləndi və onun vəliəhdi elan edildi.

Məhz bu hadisələrdən iki il sonra Eldəniz Həmədana gəldi və İraq Səlcuqlu dövlətinin sarayına daxil oldu. Əvvəl də yazdığımız kimi, öncə vəzir Sümeyrəminin, daha sonra Sultan Mahmudun qulamı olan Eldəniz düz 20 il boyunca Səlcuqlu sarayında xidmət elədi. O, daxili müharibələrin, saray intriqalarının və ixtilaflarının içində yetişdi. Gördüklərindən dərs çıxarmağı yaxşı bacaran Eldəniz başqa əmirlərdən və atabəylərdən fərqli olaraq özünü mərhələli şəkildə dövlət idarəçiliyinə hazırladı. Elə Möminə xatunun da həmin vaxtadək adı-sanı olmayan Eldənizlə evlənməyə razılıq verməsinin səbəbi qəhrəmanımızın ağlı, qabiliyyəti idi. Eldənizdə saraydakı əksər əmirlər və qoşun başçıları üçün xarakterik olan tamahkarlıq, vəzifə hərisliyi yox idi. O, adlı-sanlı bir türk boyuna mənsub olsa da, əsir alınıb qul kimi satılmış, yaşadığı çətinlikləri əsla unutmamış, sakit təbiəti və bacarığı ilə addım-addım ordu başçılığına qədər yüksəlməyi bacarmışdı. Sonda isə bununla da kifayətlənməyərək Səlcuqlu tarixinin ən böyük dövlət adamlarından birinə çevrilmişdi…

Atabəylik nədir?

Səlcuqlu dövlət sistemində atabəylik institutunu müsəlman dövlətçiliyindəki qulam sisteminin yeni mərhələsi olaraq görmək lazımdır. Kökləri Əməvi xilafətinə (661–750) qədər uzanan qulam sistemi orta əsrlərdə bütün müsəlman ölkələrinə yayıldı. Əvvəl də qeyd elədiyimiz kimi, qulamlıq zaman keçdikcə dövlət üçün məmurların hazırlığı ilə məşğul olan sistemə çevrilmişdi. Abbasi xilafəti, Səlcuqlular, Əyyubilər, Məmlüklər, Osmanlılar və Qızılbaşlar dövlətlərində mövcudluğunu davam etdirən bu sistem, sadəcə, yalnız hərbi sahədə deyil, dövlət idarəçiliyi sahəsində də kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

Müharibə və müxtəlif yollarla ələ keçirilən qullar siyasi, hərbi, sosial sahələrdə qazandıqları mövqeyə görə müxtəlif dövrlərdə müxtəlif adlar alıblar. İslam dövrü mənbələrində onlara abid2424
  Abid – əyalətlərdə vergilərin toplanmasına nəzarət edən dövlət məmuru


[Закрыть]
, məmlük, əl-məvla, bəndə, əl-xadim, qul və qulam deyilirdi.

İslamın ilk dövrlərindən etibarən əsir alınan və qul statusu daşıyanların 1/5-i dövlət xəzinəsinin payına, 4/5-ü isə orduya daxil edilirdilər. Ələ keçirilən, əsir düşən və ya satın alınan qul türk kökənlidirsə, adətən, müsəlman hakimləri tərəfindən ordu sıralarına cəlb olunurdu.

Ərəbcə qulam «bədənində tük çıxmamış və ya bığı tərləməmiş dəliqanlı, gənc xidmətçi, oğlan uşağı, azad olunmuş qul, sahibinə tabe mühafizəkar» mənasına gəlir. Bu söz kişi qulları ifadə edir. Qadın qullara isə cariyə adı verilirdi.

Abbasilərdən etibarən mənası dəyişməyə və genişləməyə başlayan qulam anlayışı, xüsusilə türklərin dövlət sistemində geniş səlahiyyətlər qazandı. Belə ki, «əsir və ya qul kimi xidmətə qəbul edilən insanların qabiliyyətləri, təhsil səviyyələri onların ordu və dövlətin müxtəlif sahələrində işə götürülməsinə» şərait yaratdı və bu qulam sisteminin yaranmasına səbəb oldu.

Böyük Səlcuqlu dövləti yarandıqdan sonra xilafətin bir çox qurum və quruluşların funksiyasını qoruyub saxladı. Səlcuqluların çoxsaylı fəthlərə, insan resurslarına ehtiyacı artırmışdı. Güclü hərbi-siyasi təməllər üzərində dayanan Səlcuqlu ordusu qulamlardan, üməralardan (qulamlıqdan yetişənlərdən), türkmənlərdən, vassal dövlətlərin hərbi qüvvələrindən və şəhər-əyalət qarnizonlarından formalaşırdı. Ordunun əsas, dəyişməyən və say etibarı ilə çox hissəsini təşkil edən türklər iki hissəyə ayrılırdılar. Onlar qulamlıq sisteminə görə təlim almış türkmənlər və irsi olaraq əmirlərinə bağlı azad türkmənlər adlanırdı.

Səlcuqlu dövlət sistemində qulamlar əsasən qarluq, yağma, çigil, qıpçaq, qayı, uran və oğuzlardan ibarət idi2525
  Vəzir Nizamülmülk hazırladığı məruzələrin birində oğuz türklərindən 5–10 min insanın qulam olaraq dövlət xidmətinə alınmasını tövsiyə etmişdi.


[Закрыть]
.

Səlcuqlu ordu sistemində zamanla bəzi dəyişikliklər meydana gəldi. Bunun ən bariz nümunəsi «maaşlı» və «iqta (pay torpağı) sahibi» əsgərlərin ortaya çıxmasıdır. Belə ki, özlərini dövlətin hakim təbəqəsi sayan oğuzlar mütəmadi olaraq mərkəzi hökumətə qarşı üsyana qalxırdılar. Həmin üsyanlar qarşısında hakimiyyətlərini qorumaq istəyən sultanlar öz ordularını daimi hərbi birləşmələrdən təşkil etməli oldular.

Səlcuqlular dövründə qulamlıq sistemi daxilində xüsusi bir qurum kimi atabəylik formalaşdı. Bu sistemin yaranmasında ən böyük rolu Nizamülmülk oynamışdı.

Bəzi tarixçilər səlcuqlu qulam sisteminin digər İslam dövlətlərindəki qulam sistemindən fərqini belə izah edirlər: səlcuqlu ordusu tamamilə türkmənlərdən ibarət qulamlardan təşkil olunmuşdu, halbuki qulam sisteminə döyüşlərdə əsir alınan və qul bazarlarından toplanılan başqa millətlərdən də əsgərlər daxil edilirdi. İstənilən halda, səlcuqlu qulam sisteminin onurğa sütunu türklər idi.

Bildirildiyinə görə, 1040-cı ildə səlcuqlularla qəznəvilər arasında baş verən Dandanakan döyüşündə 370 qulam Toğrul bəyin tərəfinə keçmiş və bununla da Səlcuqlu dövlət sistemində qulamlığın əsası qoyulmuşdur.

Sultan Məlikşahın dövründə qulamlar Səlcuqlu ordu və dövlət sistemində ən böyük sinfi təşkil edirdilər. Onların fəaliyyət sahələri genişlənib mövqeləri gücləndikcə qulamlıq sistemi də dövlət daxilində xüsusi instituta çevrildi. Artıq vəzirlər, əmirlər, vilayət sahibləri, hətta qulamlıqdan həlledici mövqelərə yüksəlməyi bacaran atabəylərin belə əmrində qulamlar var idi. Məsələn, Nizamülmülkün qulamlarının sayı 1000-ə çatırdı. Hər qulamın aylıq maaş aldığını nəzərə alsaq, vəzirin onlara 200 min dinar ödədiyini söyləmək mümkündür. Bu o deməkdir ki, qulamlıq Səlcuqlu dövlətində həm də ciddi iqtisadi məna ifadə edirdi.

Dövlətin bütün siyasi-maddi imkanlarından faydalanan qulamlar dövlətdən öz haqlarını tələb eləmək imkanına malik idilər. Məsələn, Kirman hakimi Kavurdla döyüş ərəfəsində qulamlar Nizamülmülkə açıq şəkildə xəbərdarlıq etmişdilər: «Əgər bizə verilən iqtalar və caməgilər2626
  Caməgi – əsgərin maaşdan başqa aldığı bəxşiş


[Закрыть]
artmasa, dövlət səadəti Kavurdun olsun! Yaşasın Kavurd!»

Hələ Əməvilər dövründən etibarən bütün müsəlman dövlətlərində türk əsilli qulam-məmlüklər ordu sisteminin bir parçasına çevrilir və öz vəzifələrindən istifadə edərək dövlət idarəçiliyində geniş səlahiyyətlər qazanırdılar. Bunu yaxşı bildikləri üçün bəzi türk gəncləri könüllü şəkildə həmin sistemə daxil olmaq istəyirdilər. Elə Eldənizin yolda tərk edildiyi halda gedib yenidən qul karvanına qoşulmasının başlıca səbəbi də bu idi…

Müsəlman dövlətlərinin ordularında qulamlar o qədər qiymətli idi ki, bəzən hətta onlar üçün cehizlərdə göndərilirdi. Məsələn, Məlikşah Qaraxanlı hökmdarı İliq Xanın nəvəsi Tərkən Xatun ilə evlənərkən Sultan Alparslanın sarayına gəlinin cehizi ilə birlikdə 1000 türk əsilli qul və cariyə də göndərilmişdi.

Qulamlar uzun təhsil və tərbiyə dövrü keçirdilər. Bu məktəblərə qulamxanələr deyilirdi. Bəzi qaynaqlara görə, qulamın təhsil və tərbiyə müddəti 18-20 il davam edirdi. Nizamülmülkə görə, yaxşı təlim və tərbiyə almış qulama 30-40 yaşından tez vəzifə verilə bilməzdi.

Nizamülmülk qulamların yetişdirilməsi prosesini belə təsvir edir: «Qulam satın alanda əvvəlcə o, bir il boyunca hərbi hissədə zəndənəci2727
  Zəndənəci – «zəndanə» sözündəndir. Bu söz xanəndə və ya qadın xanəndə mənasına gəlir. Zəndənəci isə xanəndələr tərzində geyinilən libas mənasına gəlirdi.


[Закрыть]
 qaftan və yüngül çəkmə geyərək xidmətə başlayardı. Həmin il əzrində qulamın hətta gizli belə olsa ata minməsinə icazə verilmirdi. Minərsə, ağır cəza alırdı. Qulamın bu birillik xidmət müddəti qurtaran kimi bunu sultana xəbər verir, daha sonra isə həmin qulama dəri yəhəri və dəri çulu olan türk atı verirdilər. Birillik at və qamçı ilə xidmət müddəti qurtaran kimi bu dəfə ona qılınc, üçüncü il yay qabı və oxluq verilirdi. Dördüncü il daha yaxşı yəhər, ulduzlu bir çul, bir qaftan, üstündə bir həlqə asılan çomaq təqdim edilirdi. Beşinci il bir saki2828
  Saki (və ya saqi) – ərəbcədən tərcümədə bu söz içki paylayan, şərab süzən deməkdir. Xüsusi məclislərdə başda hökmdar olmaqla məclis iştirakçılarının qədəhlərinə şərab süzən xidmətçilər belə adlandırılırdı. Saqilərin inanılmış və sədaqətli olması vacib şərt idi. Bundan başqa, meyxanələrdən tutmuş əsilzadələrin evlərində də eyni işi görənlərə saki (və ya saqi) deyilirdi.


[Закрыть]
 və belinə qədəh asılmış bir abdar2929
  Abdar – Səlcuqlu və orta əsr digər müsəlman dövlətlərində saray məmuru. «Taştdar» da adlandırılır. Vəzifəsi hökmdarın əlini yuması və dəstəmaz almasına kömək etmək idi. «Abdar» sözünün farscadan tərcüməsi də elə «su tökən» deməkdir.


[Закрыть]
 verilirdi. Altıncı il camadarlıq3030
  Camadar – başda sultan olmaqla saraydakıların geyiminə və libaslarına nəzarət edən məmura verilən ad


[Закрыть]
edərdi. 7-ci il ona bir təpəli və 14 pazlı çadır verilirdi. Sonra da üç yeni satın alınmış qulamı onun dəstə üzvü təyin edirdilər. Özünə isə visakbaşı titulu verilirdi. Gümüşü ip çəkilmiş qara külah ilə Gəncə qaftanını ona geyindirirdilər. Daha sonra əmrindəki xidmətçilərin sayını və rütbəsini artıraraq nəhayət haylbaşı təyin edirdilər. Beləcə, ləyaqəti, hörməti, şücaəti artdıqca hamı tərəfindən tanınırdı. Əlində böyük səlahiyyət toplanırdı… Bir sözlə, qulam 30-40 yaşına çatmamış əmirlik və valilik rütbəsi ala, heç bir vəzifəyə təyin edilə bilməzdi».

Bu sistemin varlıq səbəbini, ortaya çıxmasını və mövcudluğunu təhlil edən İbn Xəldun3131
  İbn Xəldun (1332 – 1406) – XIV əsr filosofu, dövlət xadimi və tarixçisi


[Закрыть]
 qulam sisteminin varlığını dövlət fəlsəfəsi cəhətindən belə əsaslandırırdı: «Bir hökmdar hakimiyyətinin ilk mərhələsində öz millətinə arxalanır, onun mənfəətini ön planda tutur, vergilərin toplanmasından tutmuş, dövlət sərhədlərinin qorunmasınadək hər işi öz qövmünə tapşırır, onun fikirlərini və istəklərini nəzərə alaraq davranır. Lakin sonrakı mərhələdə həmin hökmdar öz qövmünü dövlət işlərindən uzaqlaşdıraraq bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, qullar alaraq özünün köməkçiləri təyin edir, onların sayını çoxaltmağa çalışır. Bunda məqsəd var-dövləti yalnız öz sülaləsinin paylaşmasına şərait yaratmaq, bunun üçün də camaatı öz iradəsinə boyun əydirməkdir». Bir sözlə, İbn Xəlduna görə, hökmdar xalqını və silahdaşlarını ölkə idarəçiliyində iştirak imkanından məhrum edərək dövləti şəxsi mülkiyyətinə çevirmək üçün qulam sisteminin varlığına ehtiyac duyurdu.

Səlcuqlular dövründə hətta belə bir atalar sözü məşhur idi: Sadiq bir qulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü istəyər, qulam isə uzun yaşamasını.

Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə atabəylik idi. Buna görə də atabəylik qulam sisteminin bir parçası, daha doğrusu, onun son mərhələsi hesab olunurdu. Səlcuqlu atabəylərinin, demək olar, hamısı qulam sistemindən çıxan əmirlər və sərkərdələr idi.

Bir qulamın vəliəhd şahzadənin atabəyi elan edilməsində əsas şərtlər qabiliyyət, istedad və sədaqət idi. Sultan istedadına və qabiliyyətinə inandığı, sədaqətindən şübhə eləmədiyi qulamını oğlunun atabəyi təyin edirdi. Tarixdə padişahların inamını boşa çıxarmayan atabəylər çoxdur; elə Səlcuqlu atabəylərinin də əksəriyyəti dövlətə sədaqətlə xidmət göstəriblər. Bununla belə, hər atabəy öz şahzadəsinin haqlarını qorumaq istəyir, eyni zamanda həmin şahzadə taxta çıxacağı təqdirdə özlərinin də böyük imkanlar qazanacaqlarını bilirdilər. Bu isə sonda Səlcuqlu dövləti daxilində müstəqil atabəylərin yaranmasına səbəb oldu. Təkcə Azərbaycanda dörd atabəylik sülaləsi (Aran, Marağa, Azərbaycan və Əhər) yarandı.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации