Текст книги "“Martiroloq” və Tarkovski haqqında xatirələr "
Автор книги: Коллектив авторов
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
“Martiroloq”
və Tarkovski haqqında xatirələr
“Xatirə Ədəbiyyatı” silsiləsindən 45-ci kitab
Andrey Tarkovskinin “Martiroloq”u
Andrey Tarkovski “Martiroloq”u 30 aprel 1970-ci ildə dörd il durğunluqdan sonra “Solyaris” filminin çəkilişinə hazırlıq dövründə yazmağa başlayıb. Sonuncu qeydini ölümündən (29 dekabr) iki həftə qabaq – 15 dekabr 1986-cı ildə yazıb.
Tarkovski “Martiroloq”da işindən az yazırdı, bunun üçün hər filmə həsr etdiyi iş gündəliyi vardı. Amma bu qeydləri oxuyarkən daha çox özünütənqid və iztirablara rast gəlmək olur. “Martiroloq”da həm fəlsəfi düşüncələr, həm hazırda oxuduğu, yaxud bitirdiyi kitablardan sitatlar, həm rəsmlər, həm də kənddə evin tikintisinə, Romadakı evin daxili quruluşuna, borclara və s. aid məişət qeydlərinə rast gəlmək mümkündür. Qeydlərdə həmçinin, yaradıcı planlar, çəkməyə vaxtı tapmadığı filmlər haqda səhnələrin təfərrüatlı məlumatları qeyd olunub.
Görəsən, Tarkovski öz gündəliklərində tamamilə səmimi idimi? Bəlkə də, yox. Bilirdi ki, bunları oxuyacaq və yəqin, nəşr edəcəklər, ona görə də bəzi məqamlarda eyhamla danışır, bəzilərindəsə sanki nəyisə özü-özündən gizlədirdi. Amma bəzən özünü saxlaya bilməyib ürəyindəkiləri “Martiroloq”un səhifələrinə tökmüşdü.
“Martiroloq” ilk dəfə 1992-ci ildə Almaniyada, sonralar Fransa və İtaliyada nəşr olunub. Vətəni Rusiyada xeyli gec – 2006-cı ildə ixtisarla işıq üzü görüb. Bu kitabda gündəlikdən seçmələr təqdim olunacaq.
“Martiroloq”1
30 aprel, 1970. Moskva
Yenə Saşa Mişarinlə “Dostoyevskilik” haqda danışırdıq. Bu, əlbəttə, birinci növbədə yazmaq deməkdir. Rejissura barədə fikirləşməməlisən. Dostoyevskini ekranlaşdırmağın çətin ki, bir mənası olsun. Fyodor Mixayloviçin özü barədə film çəkmək lazımdır. Xarakteri, Allahı, şeytanı, ümumiyyətlə, yaradıcılığı haqda.
Tolya Soloniçın yaxşı Dostoyevski ola bilərdi. İndi oxumaq lazımdır. Dostoyevki nə yazıbsa, hamısını. Onun, eləcə də rus fəlsəfəsi haqda yazılan hər şeyi – Solovyev, Leontev, Berdyayev və s. və il. Dostoyevski mənim kinoda etmək istədiklərimin vahid mənası ola bilər.
İndisə “Solyaris”. Hələ hər şey əziyyətli və gücün hesabına baş verir, sanki “Mosfilm” tamamilə böhran ərazisinə keçib. Sonra “Ağ gün”2.
23 fevral, 1972
Yoxsa illərlə oturub “Solyaris” filminin nə vaxt çıxacağını gözləməliyik?3 Bu, nə qəribə ölkədir, beynəlxalq aləmdə incəsənətimizin, yaxşı film və kitablarımızın qalibiyyətini görmək istəmir? Əsl incəsənət onları qorxudur. Bu da əlbəttə, təbiidir; şübhə doğurmayan incəsənət onların əleyhinədir. Görünür, o humanistdir, onların təyinatısa bütün canlı olanları, humanizmin istənilən təzahürlərini məhv etməkdir, sanki insanın azadlığa cəhd etməsi və ya bizim solğun axında qərar tutması incəsənətin əlamətləridir. Onlar özfəaliyyətin bütün cəhdlərini diri-diri basdırmayınca, şəxsiyyəti ev heyvanına döndərməyincə sakitləşən deyillər. Bununla da həm özlərinin, həm də Rusiyanın süqutunu tezləşdirirlər.
Sabah düz Sizovun4 yanına gedəcəyəm, qoy “Solyaris”lə nə baş verdiyini mənə izah eləsin. Yəqin ki, dilə tutmağa, yola verməyə, nəyəsə inandırmağa çalışacaq. Hə də, mən vərdişkaram axı…
Deyəsən, Fridrixin haqqında danışdığı Korolenkonun povestini oxumalı olacağam – orada Sibir kəndlilərinin kar həyatından, önmühakimələrdən və s. söhbət gedir. Ya da təxminən “Aukalok”5 əhval-ruhiyəsində bir şey. Ekranlaşdırma əvvəl-axır asan yoldur.
Nəyə görəsə mənə elə gəlir ki, ədəbiyyatın tərtib etdiklərini yox, öz bacarıqlarını müəyyənləşdirdikdən sonra filmi sünbülə çevirəcək buğdanı ekranlaşdırmaq lazımdır.
27 yanvar 1973, şənbə
Bu dünyada yaşamaq necə də çətindir! Dövlətdən asılı olmadan öz işini sərbəst görən insanlara həsəd aparıram. Hə, praktik hər şeyə – kino və teatrdan başqa. (Televiziyadan danışmıram, çünki o incəsənət deyil.) Azaddırlar. Elə məvacibdən də azaddırlar, amma hər halda, işləyə bilirlər. Necə də qeyri-peşəkar hökumətdir! Məgər ona ədəbiyyat, poeziya, musiqi, rəssamlıq, kino lazımdırmı? Yox, əksinə, bunların mövcudluğu çətinliyi artırır. Axı Boris Leonidoviç (Pasternak) mənə həqiqəti demişdi ki, yenə dörd film çəkəcəyəm6. Birincini çəkdim, bu “Solyaris”dir, üçü hələ qalıb. Cəmi-cümlətanı! Mən iş istəyirəm, başqa heç nə. İş! Məgər İtaliyanın mətbuatında “dahi” adlandırılan bir rejissoru işsiz saxlamaq vəhşilik, cinayət deyilmi?!
Düzünü desəm, mənə elə gəlir, bu, sadəcə, istedadsızlığa düçar olmuş rəhbərliyin qisasıdır. Axı istedadsızlar yaradıcı insanları sevmirlər, bizim hökumətsə başdan-ayağa istedadsızlıqdır.
Əgər “Ağ gün”ü çəkə bilsəm, onda gərək Dostoyevski haqda film ssenarisi üçün arayış da təqdim edim, vaxtdır. Artıq…
Ya bəlkə, hər şeyə tüpürüm?
Ən gözəl ağac hansıdır? Qarağacdır, yəqin. Amma çox gec böyüyür. Bəs ən tez bitən hansıdır? Söyüd, ya da gümüşü çinar? Gümüşü çinar da gözəl ağacdır.
Maraqlıdır, görəsən, Fedyanın7 vasitəsilə maşın ala biləcəyəm? Bu, yeganə yoldur. Özümə qalsa, əlbəttə, heç vaxt maşın ala bilmərəm.
Köçüb kənddə yaşamağı elə istəyirəm ki!8
20 oktyabr 1973, şənbə. Moskva
Ən bədbin fikirlərdən biri: sən heç kimə lazım deyilsən, öz mədəniyyətinə tamamilə yadsan, onun üçün heç nə eləməmisən, sən heç nəsən. Bəlkə də Avropada və ya harada gəldi ciddi sual verirlər: “SSRİ-də ən yaxşı rejissor kimdir?” – Tarkovski. Amma bizdə susurlar. Mən yoxam, boşluqdan ibarətəm.
Bunu “zəiflik dəqiqələri” adlandırırlar. Heç kimə lazım olmamaq ağır dərddir. Beləliklə də, boşluqda bir məna görmürsən. Kiminsə həyatını, həyatları bütünlüklə doldurmaq istəyirəm. Sıxılıram, özüm öz qəlbimdə sıxılıram, mənə başqa sığınacaq lazımdır.
29 iyul 1974
Hə, filmin təhvilində yenə səliqəsizlik yaranır. Yermaş9 filmi qəbul etmir: ona heç nə çatmır (“Bir az aydınlaşdırın!”), hansısa hissələr xoşuna gəlmir (“Kəsin bunları! Nəyə lazımdır?”) və s. və i. Qalmaqal nəzakətsiz şəkildə və qəribə oldu. Sanki Yermaş ya pis məşq edilmiş rolu oynayırdı, ya da “prinsipiallıq”,“ciddilik” nümayiş etdirirdi. İstənilən halda vəhşi kimi görünürdü – xudbin və xeyli dayaz adam kimi. “Qoskino”nun rəhbərliyi üçün çox cılız adamdır.
T.Q.Oqorodnikova10 mənə televiziya üçün iki-üç ekran əsəri yazmağımı təklif etdi. İstəyirəm ona “Oblomov”, “Klim Samqinin həyatı”nı, Pomyalovskinin “Bursanın oçerki”ni məsləhət görüm. Gərək onunla bu haqda danışım və əgər alınsa, müqavilə bağlayıb kəndə gedim. Görəsən, “Güzgü”nün aqibəti necə olacaq?
Qısası, hər şey çətinləşir.
6 yanvar 1975, bazar ertəsi
Yermaşa məktub yazıb xahiş etdim ki, sonrakı işimdən irəli gələn məsələləri həll etsin. Bunların ikisindən birini nəzərdə tuturdum: ya “İdiot”, ya da Dosteyevski haqqındakı filmi. Yəqin, imtina edəcək, onda ona “İvan İliçin ölümü” və “Piknik”in11 arayışıyla birgə (studiya ilə paralel) yenə məktub yazaram. Amma Struqatskilərlə bəzi məsələləri aydınlaşdırmaq lazım gələcək.
Bu gün çovğundur. Gecə ərzində, ola bilsin, hər şey donar. Sabah da Yeni ildir.
7 yanvar 1975, çərşənbə axşamı
Nəyə görəsə məndə “Piknik”i “Solyaris”in quruluşuna oxşar etmək istəyi var. Artıq indi bunun səbəbini anlayıram. Bu hiss “dərkedilməzliyə” qanuni toxunmaq imkanıyla əlaqəlidir. Halbuki, söhbət “eksperimental” adlandırılan kinodan yox, normal, ənənəvi, təkamüllə inkişaf edəndən gedir.
“Solyaris”də bu problem həll olunmamışdı. Orda süjeti təşkil etmək və bir neçə sual qoymaq çox çətinliklə başa gəldi.
Mənə ki xəlitə partlayışı lazımdır – özüm barədə sadə, dolğun hisslərin vəhdəti olan emosional əhvalat – əlbəttə, həyatın mənasıyla əlaqəli bir neçə fəlsəfi-etik sualın qaldırılması şərtilə.
“Güzgü”nün uğuru məni növbəti dəfə əmin etdi ki, ekrandakı əhvalat fonunda şəxsi emosional təcrübənin vacibliyi problemiylə əlaqələndirdiyim təxminim düzgünmüş.
Ola bilsin, kino ən şəxsi, ən intim incəsənət sahəsidir. Yalnız kinoda fərdi müəllif yanaşmasının tamaşaçı tərəfindən qəbul edilməsi üçün çox əmin arqument gərəkdir.
23 iyun 1977, Tallin
Biz necə də yanlış yaşayırıq!
İnsan heç də cəmiyyətə ehtiyac duymur, əksinə, cəmiyyət insana möhtacdır. Cəmiyyətin müdafiə meyarlarına, özünüqorumaya ehtiyacı var. İnsan heyvan sürülərindən fərqli olaraq tək yaşamalıdır – təbiət arasında – heyvan və bitkilərlə vəhdətdə.
Mən hələ də yüksək aydınlıqla həyatı dəyişməyin vacibliyini görürəm, necəsə saf-çürük etmək, yenidənqurma lazımdır. Həyata təzədən başlamalıyıq. Bunun üçün nə lazımdır? Hər şeydən qabaq özünü azad, müstəqil hiss etmək. İnanmaq, sevmək. Bu lənətəgəlmiş dünyanı buraxıb, başqası naminə yaşamaq. Bəs harada? Necə? Axı mənim doğmalarım – uşaqlarım, valideynlərim, Larisa – qarşısında öhdəliklərim var. Budur ilk inkarçılıq, ilk maneə…
29 dekabr 1979, şənbə
Mənə ayın otuzu saat üçdə Komitədə olmaq tapşırılıb. Tanrı, özün kömək ol!
Bu gün çox pis yatmışam. Üç dəfə oyanmışam. Yuxuma perron boyu qatara aparılan ölü qadın girib.
MK KPSS “Mosfilm”ə hansısa yarıbağlı, studiyada buraxılan bəzi filmlərin bədii səviyyəsinin aşağı olmasından bəhs edən məktub göndərib. Misal üçün üç film göstərilib: “Torbadakı pişik”, “Gənclik bizimlədir” və “Stalker”. Ekran əsəri səksəninci ilin ikinci yarısına hansısa iki yüz surətin çıxarılmasıyla planlaşdırılıb.
Yermaşgildəydim. Andryuşanın bizimlə getməsinin qəti əleyhinədir.12 Təbiidir. Mən öz hüquqlarıma riayət olunmasını tələb etdim. Dedim ki, əks halda haqqıma yüksək dairələrdə yetişəcəyəm.
Ssenarini “müzakirə” etdik13.
“Sovet xatirələri” azmış (Çoxaldarıq).
Problemi itiləşdirmək lazımdır (İtiləşdirərik).
“Qoskino” Kolleqasının üzvləri olan rejissorların ünvanına fikirlərimi bölüşdüm. Dedim ki, hətta məndən xahiş etsələr də, kolleqanın üzvü olmaram. Dedim ki, onları yemləyirlər… ki, onların filmlərimi mühakimə etməyə, həyatımın dağılmasında iştirak etməyə ixtiyarları yoxdur. Bu miqyaslı söhbət, həm də zəhlətökən idi. Bir şeyə sevinirdim ki, söhbətdə Yermaşdan əlavə Sizov da iştirak edirdi.
Oleq Xalimonovun14 doğum günündə oldum. Ondan xahiş etdim ki, vətəndaş hüquqlarım, xüsusilə, Andryuşa ilə getmək məsələsi haqqında nələrsə öyrənməyə çalışsın.
9 iyun 1980, bazar ertəsi, “Leonardo da Vinçi”
RAİ15-dən “Səyahət vaxtı”nın son variantını göstərdilər. Çox xoşuma gəldi.
Hələ ki, RAİ özünü anlaşılmaz aparır. Sabah onlarla görüşdən sonra çox şey aydınlaşa bilər.
Lara16 ilə danışdım. O, cümə axşamı Tyapa17 ilə Anna Semyonovnanı18 kəndə aparacaq.
Əsas müqavilənin bağlanmasına qədər bizi İtaliyaya tam müddətlik (14 aylıq) qeydiyyata salmaq mümkün olmayacaq.
Həmişə gündəliyə gic-gic şeylər yazıram, amma nadir hallarda məni ziyarət edən uzun fikirləri unuduram.
Əgər film, kitab və sairdə istifadə olunan bütün qaydalar, ümumqəbul vasitələrdən tamamilə imtina edə bilsəydik, necə də gözəl şeylər yaradardıq!
Müşahidə etməyi tamam tərgitmişik. Müşahidəni hansısa şablonlarla əvəzləmişik.
Son zamanlar nəsə tez-tez yadıma Kastenado və onun Don Xuanı düşür…
3 aprel 1981, cümə, Moskva
Evdə bir qəpik də pul yoxdur. Dünən “Mosenrji”dən bir qadın gəlib işıqpulunu tələb edirdi. Sabah doğum günümdür – Larisa bütün tanışlara zəng edib deyir ki, heç kim gəlməsin, doğum günü təxirə salınır.
Dünən Yaz Qavronskiy19 gəlməliydi. “Qoskino”nun rəhbərliyi artıq üç teleqram alıb ki, ayın 15-dən sonra (Moskvada Yermaşın iştirakıyla) italyanlar gələcək.
Stokholmdan Sofiya20 dayanmadan zəng edib narahatlığını bildirir, həmişə eyni şeyi təkraralayıb durur ki, “Hamı öz tətilini təxirə salıb”, qəzetlər mənim təcili gəlməyimdən yazır, biz isə əlbəttə, heç yerə getmirik. “Qoskino” Moskvada yerləşən səfirlikdə isveçlilərə cavab verib ki, guya mənim istəmədiyimə görə getmirik. Larisa Storçaka21 zəng edib, onların niyə belə dediyini soruşdu. O da cavab verdi ki, hamısı çaşqınlıqdandır. Qəribə çaşqınlıqdır!
İndi də Mosenerjidən gəlib işığımızı kəsdilər…
24 iyul 1981, Moskva
Kseniya22 danışırdı ki, festival vaxtı mətbuat konfransında Yermaşa sual verdilər: Tarkovskinin uşağıyla ölkə xaricinə çıxa bilməməsi səbəbindən, ona RAİ-də film çəkməyə icazə verilməməsi doğrudurmu? Yermaş da deyib ki, məsələnin “Tarkovski kimi rejissora film çəkmək üçün həddindən artıq az pul verirlər” səbəbiylə əlaqələndirilməsinin əleyhinəyəm. Əclaf!
4 noyabr 1981, çərşənbə, Moskva
Ürəyimdə elə ağırlıq var ki!
Larisa kənddən bir həftə qabaq qayıtmalıydı, amma heç zəng də etməyib. Görəsən, orada neyləyir? Larisa nəyə görə Moskvaya gəlmir? Bilmirəm. Ürəyimi pişik cırmaqlayır, burdasa “yaradıcılıq” haqqında düşünməliyəm. Necə də çətindir, yaşamaq maraqsız və darıxdırıcıdır! Gərək dəyişiklik edim! Həyatı dəyişmək, zəruri olanlardan başqa hər şeyi tullamaq lazımdır. Gərək bütün cəsarətimi toplayıb, maneəçilik törədən hər şeydən qurtulum.
“Müqəddəs Antoniyanın iztirabları”23
Final – (daxilindəki harmoniyanın mümkünsüzlüyündən) Antoniyanın iflic tutmalarında, xırıltılarda, dünyanın çiçəklənən gözəlliyini (dan yeri, donmuş təbiət, üşüyən ağaclar, bərq vuran ulduzlar və həyatın bu gözəlliyini aydınlandıran Şərqdən gələn işıq) anbaan izləyən məqamlarda yaranan daxili sakitlikdə aram-aram gələn qaçılmaz süqutudur. Müqəddəs Antoniya! Bu, həm Tolstoy, həm İvan Karamazov, həm də natamamlıqdan əziyyət çəkən hər kəsdir!
Əgər həyat baxışımda hansı əmniyyəti dəstəklədiyimi (əlbəttə, əmniyyəti “dəstəkləmək” mümkündürsə) soruşsaydılar, deyərdim: birincisi, dünya dərkedilməzdir, ikincisi, qondarma dünyamızda hər şey mümkündür. Mənə elə gəlir ki, birinci ikincini şərtləndirir. Ya da ikinci birincini – necə rahatdırsa.
Bizi tərk edən ruhların niyə bu dünyada darıxdığını indi anlayıram (Ölümündən sonra Axmatova mənə deyirdi: “Əvvəlki tək məni sevib, xatırlayırlarmı?”, “Mən sevdiyim kimi!” və ya buna bənzər nəsə.24).
İnsanı – ananı, qadını, uşaqlarının anasını, kişini – həqiqətən, sevmək üçün gərək bütöv şəxsiyyət, daha doğrusu, Dahi insan olasan. Anna Semyonovna da beləydi, anam da, nənəm də… Dekabristlərin bütün arvadları beləydi. Sevgi həqiqətdir! Riyakarlıqla həqiqət birləşə bilməz.
28 fevral 1982, Moskva
Heç vaxt özümə kiminsə qarşısında əyilməyi arzulamamışam (axmaq rolunda olmağa utanmışam). İstəmişəm ki, lazımlı insan olum.
27 fevral 1983, bazar günü, Via di Monserrato
“Cindar”25a arayış yazdım.
Gərək bütün gündəliklərdə eşələnib, bütün altdüşüncələri ayrıca dəftərə yazım. Gündəliklərdən iş üçün istifadə etmək qəti rahat deyil. Zamanla rahatlıq üçün onlardan çıxarışlar etməlisən.
Tyapa ilə telefonda söhbət etmək necə də kədərlidir! Çox darıxır… Necə insani duyğularsız cəmiyyət ola bilər ki, girov saxlamaq məqsədilə ailəni bir-birindən ayrı salsın. Vəziyyət get-gedə pisləşir, burası aydındır.
Və aydındır ki, Tanrı bütün bunların hamısını görür.
3 aprel 1983,Via di Monserrato
Sabah doğum günümdür – Romada artıq ikinci dəfədir.
Tyapadan ötrü çox darıxıram.
Bu gün ağlıma ayıq fikir gəldi – indi hara gedirəm-gedim, eyni şeydir: indi hər yerdə tənha olacağam – elə burada da, Moskvada da.
Burada nostalgiyaya görə, oradasa taleyimi dəyişən imkandan, azadlıqdan istifadə etməməyə görə.
Elə isə həlledici addım atmaq lazımdır – həyatı yeni tərzdə yaşamaq.
4 aprel 1983, bazar ertəsi, Via di Monserrato
Doğum günümdür. Larisayla ikilikdə keçirdik. Axşam Moskvaya zəng edib Maşa26, Volodya27, Senka28, Anna Semyonovna və Tyapa ilə danışdıq, təbii ki.
Anna Semyonovna piroq bişirmişdi. Larisayla bir az duyğulandıq, eynimizə ev girdi, qayıtmaq və sair və ilaxır…
Amma indi bunu yazarkən düşünürəm ki, verilən bütün qərarlar düzgündür. Asan olsa da, axınla getmək lazım deyil. İndi çox çətindir və dözməli olacağıq…
25 may 1983, Via di Monserrato
Çox pis gündür. Ağır fikirlər. Qorxu… İşim bitdi… Nə Moskvada, nə də burada yaşaya bilməyəcəyəm.
Moskvada şaiyələr gəzir ki, Kannda veyillənirəm. Bu, son damladır. Tanrı, özün kömək ol…
9 sentyabr 1984, Stokholm
Artıq neçə gündür Stokholmdayam. Hələ müqavilə imzalanmayıb, Anna-Lena29 günə 50 dollardan artıq pul vermək istəmir, düşünürəm ki, bununla barışmalı olacağam.
Sven Nyukvist mənə çox yaxşı təsir bağışladı. Hotlandda olduq, əvvəlcədən seçilmiş naturaya fərəhlə tamaşa etdik. Yeganə çətinlik quşları ürküdəcəyimizdən qorxan ornitoloqların maneəsidir.
“Yuxular”ı harada çəkəcəyimə hələ qərar verməmişəm. Bildiyim yalnız budur ki, heç bir kütləvi kadr çəkmək istəmirəm. Mariyanın evi hələ tapılmayıb. İstəyirəm rənglənməmiş kənd evi, kənd təsərrüfatı alətlərinin tör-töküntü yaratdığı, böyük qoz ağacları bitən, quş albalısı ağaclarının əhatələdiyi böyük həyət olsun.
Üstəlik, gərək ev Stokholm yaxınlığında tapılsın.
11 dekabr 1985, Stokholm
Xəstəyəm. Uzanmışam. İçəridə, ciyərimdə dəhşət ağrılar var.
Bu gün yuxumda Vasya Şukşini gördüm, onunla kart oynayırdıq.
Ondan soruşdum:
–Nəsə yazırsan?
– Yazıram, yazıram, – oyun haqda düşünərək fikirli halda dedi.
Sonra isə deyəsən, bir neçə nəfər ayağa durduq, kimsə dedi:
– Hesablaşmaq lazımdır (o mənada ki, oyun artıq bitib və nəticələrini hesablamağa ehtiyac var).
Formanın “Amadeus”u. Səkkiz “Oskar”, amma o qədər uğursuzdur ki. O cümlədən, hər şey. Bircə “Salyeri”ni alababat saymaq olar, onun da konsepsiyası dəhşətlidir. Təkcə dəhşətli yox, həm də necəsə insani deyil.
21 dekabr 1985, Stokholm
23-ü İtaliyaya uçuram. Bütün əşyaları götürəcəyəm. İstəyirəm Mixalla30 danışım ki, əgər Stokholma bunun üçün gələ bilməsəm, film necə işlənəcək.
Hiss edirəm ki, bacarmayacağam. Günü-gündən ağırlaşıram.
Görünür, Boris Leonidoviç (Pasternak) haqlıymış, bəs Lara? Xəbər vermişdi ki, yalnız dörd film çəkə biləcəyəm. Revikgildəki31 spiritik seansı xatırlayırsınızmı?
Yalnız Boris Leonidoviç düzgün saymamışdı. Bilirdi ki, yeddi film çəkəcəyəm, saymağa ehtiyac olmayan “Silinr və skripka”nı da hesablamışdı. Elə isə səhv etməyib.
Görəsən, Larisa bütün bunları necə qəbul edəcək? Andryuşa ilə bir ana kimi özünü necə aparacaq?
Onların gəlişinə nail olmaq lazımdır. Andryuşanın azadlığa ehtiyacı var. Həbsxanada yaşamaq olmaz. Və əgər bu yola girmişiksə, sona kimi getmək lazımdır!
14 yanvar 1986, çərşənbə axşamı, Marinagildə (Vladgildə)
Tamamilə dəhşətli gecə keçirdim. Elə gündüz də – kürəyim ağrıyır. Dərman içdim. Nəfəs almaq çətinləşib. Öskürək. Quru və uzun öskürək. Apardığım bu müharibəni gərək qazanım (Olqanı32 da gətirmək, heç olmasa, bir neçə illik sağalmaq, bir neçə film çəkmək). Və qələbə qazanacağıma şübhəm yoxdur, Tanrı kömək edəcək! Xəstəliyim isə yalnız Tyapa və Anna Semyonoviçi gətirməyimə kömək edən titrəşmədir. Mən qalib gələcəyəm, çünki itirməli heç nəyim yoxdur – axıra qədər gedəcəyəm.
Ən əsası, mənə Tanrı kömək edir. Adın həmişə müqəddəs olsun!
15 dekabr 1986
Bütün vaxtım yataqda keçir, otura, h/t-ə gedə bilmirəm. Kürəyimdə, əsəblərimdə ağrılar var. Ayaqlarım tərpənmir. Leon anlamır bu ağrıların niyə yarandığını. Düşünürəm ki, bu, kimyəvilərlə fəallaşan köhnə radikulitdir. Kimyaterapiya edir. Hər iki əlim də yaman ağrıyır. Bu ağrılar nevalgiya ab-havasındadır. Hansısa şişlər də var. Çox zəifləmişəm. Ölürəm?
Bir variant var – xəstəxanaya getmək və Sarseldə33 məni müalicə edən həkimin nəzarəti altında olmaq.
Hamlet?
Kaş indi bunlardan xilas ola biləydim:
a) kürəyimdəki ağrıdan, sonra isə
b) əllərimdəkindən – onda kimyaterapiyadan sonra yenilənmədən danışmaq olar. İndisə sağalmağa gücüm yoxdur. Problem də bundadır.
Bölünmüş neqativ nəyə görəsə müxtəlif təsadüfi yerlərdədir…
Andrey Tarkovski haqqında xatirələr
Marina Tarkovskaya
“Danışa bilərəm…”
– “Güzgü” filminizi avtobioqrafik hesab etmək olarmı?
– Hə, film daha çox avtobioqrafikdir. Orada bir dənə də uydurulmuş kadr yoxdur.
Tamaşaçılarla görüşündəki Tarkovskinin cavablarından. Moskva, 1981.
– Yaradıcılığınızda uşaqlıq hansı rolu oynayıb?
– Heç vaxt uşaqlıq mövzusunda işləməmişəm. Heç bir filmimin süjetində uşaqlıq yoxdur. Biz yalnız uşaqlıq rolunun bəzi uyğunlaşmış mahiyyətini çatdıra bilərik.
A.Tarkovskinin Parijin həftəlik dərgisi “Fiqaro-maqazin”ə müsahibəsindən, oktyabr, 1986.
1972-ci ildə Andreydən yeni işi haqda soruşdum. “Bizim dəli ailəmiz barədə film çəkmək istəyirəm” – deyib gülümsədi. “Dəli” sözü valideynlərimizlə heç cür uyğun gəlmirdi, bu epitet mənə layiqsizlik kimi göründü. Yalnız sonra – “Güzgü” filminə baxanda bu sözün mənasını anladım və qardaşımın acı təbəssümünə bəraət qazandırdım.
Filmin epiqrafı “Danışa bilərəm” idi. Bu, mənim üçün o anlama gəlirdi ki, uzun illər onunla sözləşmədən, könüllü riayət etdiyimiz “heç vaxt uşaqlığımızda nə yaşadığımızdan danışmayacağıq” tabusundan, nəhayət, Andrey qurtula bilmişdi. Adi uşaq məşğuliyyəti, sevinci və oyunu olan uşaqlardıq, amma bir acı möhürlə damğalanmışdıq – ən çox sevdiyimiz atamız bizi atıb getmişdi.
O, ən arzuolunan, ən gözəl, ən doğma ataydı. Ondan həmişə dəri palto, qəlyan tütünü və qəşəng odekalon iyi gəlirdi. Gəlişini həmişə səbirsizliklə gözləyirdik, mütləq doğum günlərimizdə gəlirdi. Bizə necə də gözəl hədiyyələr verirdi! Onlar ən ciddi əşyalar idi: atam varlı deyildi, amma həmin əşyalar “əlini nəyə vursa möcüzəyə çevirir” bacarığı ilə seçilmişdi.
Onu anam da təntənəli surətdə çağırırdı: Arseniy! Hətta nənəmin hekayələrində də atamın adı rəğbətlə anılırdı: “Hə, budur, otuz dördüncü ildə Arseniy mənə dedi…”
Amma bizi tərk edib getdi, bizlə yox, başqa ailə ilə yaşamağa başladı. Onda biz uşaqlar böyüklər arasındakı münasibətlərin necə qəliz olduğunu, ailəni qorumaq üçün nə qədər sevgi, səbir və özgəpərəstlik tələb etdiyini anlaya bilməzdik. Ola bilsin, Andreyi hədsiz əsəbi insana, məni isə özünəqapanıq, susqun qıza çevirən elə bu erkən travmadır.
Anamız vardı – o da həmçinin, etibarlı, sevimli, amma adi, ənənəvi, çoxlu tələb və qadağalarla dolu dünya idi. O dünya ki, Andrey uşaqlıqda özünü sübuta yetirmək üçün onu inkar etdi, böyüyəndən sonra isə yanına qayıda bilmədi.
Biz ən dəhşətli şeyləri xatırlayırdıq. 1942-ci ilin yazı. Volqa üzərindəki buz yol. Günəş, kəskin külək. Evakuasiya olunduğumuz bütün Yureveç şəhərciyinin üzən şalbanlarını tutmaq üçün çay kənarında yuxulamaları – gərək nə iləsə qızınaydın. Anam buzlar üstündən atılır, ağacları tutur, biz isə sahildə durub onları çıxarmağa kömək edirik. Və qəfildən gözlərimiz önündə anam suya yıxılır, bir-birinə qarışmış buz parçaları arasında bir müddətlik qeyb olur…
1944-cü ildə Serpuxovskiy küçəsindəki hospitala getdiyimizi xatırlayırdıq. Hospital indiki Vişnevskiy İnstitutunun binasında yerləşirdi. Anamla gedirdik atamızı yoxlamağa. Bilirdik ki, yaralıdır, ayağını itirib. Yaralanandan sonra ilk dəfəydi onu görürdük.
Biz yenə barəsində heç kimlə heç vaxt danışmadığımız xeyli şeyi xatırlayırdıq. Heç vaxt valideynlərimizdən soruşmamışdıq ki, necə və niyə ayrılıblar. Bu da qadağan olunmuş mövzulardandı.
Və birdən Andrey danışmağa başladı…
“Tez-tez uşaqlıq evimi yuxuda görürəm” – deyə “Güzgü”nün qəhrəmanı etiraf edir. Bir az bu evdən danışmaq istəyirəm.
Anamın həyatının dəmir qaydası vardı: hadisələrin necə və niyə olmasından asılı olmayaraq uşaqları yayda şəhərdən kənara aparmalıydı. Hər yay biz mütləq kəndə gələrdik. Əvvəlcə orada anamla yaşayırdıq: onda balaca idik, sonra nənəmlə, müharibədən sonra isə tək yaşamalı olduq. Pul vardı, maşın tutulurdu (adətən, yük maşını). Bəzən pul olmurdu, onda adyal, balış, qab-qaşıq və başqa ev əşyalarını özümüzlə daşımalı olurduq.
1935-ci ilin yazında valideynlərimizin dostu Lev Vladimiroviç Qornunq, ya da sadəcə Lev əmi əşyaları Belarus dəmir yollarının Tuçkovo stansiyasına apardı ki, bizə ev kirayələməkdə kömək eləsin. Oradan piyada İqnatyevo kəndinə gəldilər. Kənddə kirayələməyə ev qalmamışdı, amma dedilər ki, Qorçakovların evi hələ tutulmayıb. Necə getməyi göstərdilər – dərənin kənarıyla irəliləyib, sonra sahədən keçərək dönmək lazımdı. Şamlıqda əsl kənd evi göründü – ətrafında dirrik, bir neçə alma ağacı, kənd çardağı, balaca göl. Yaxınlıqda Moskva çayına tökülən bulaq çayı da vardı.
Sakit və gözəl! Ev yiyələrilə danışıb bir neçə yay mövsümünü onlarda qaldıq. Kollektivizasiya prosesində daxma və barakların dağıdılması Qorçakovların da evindən yan keçmədi. Ev yalnız 1938-ci ildə bərpa olundu. Orada elə indi də yerində quşüzümü bitən bünövrə və gölməçənin çuxuru görünür.
Daxmada təbiətlə əhatələnmişdik. Görünür, bu, ən başlıcasıydı. Soyuq çayda çimir, tamamilə lüt halda qaçır, möhkəm və sağlam olurduq. Amma gözlənilmədən anamın köməyilə təbiətin qlobal gözəlliyinə, təfərrüatlarının ecazkarlığına yetişdik: mərcangilənin incə çəhrayı çiçəkləri, kətan kolunun qəhvəyi-qırmızımtıl başlığı, keçən ildən qalma boz xəzəllər, balaca inciçiçəyinin iti oxcuqları… Bu dünya quş, kəpənək və qarışqalar tərəfindən fəth edilmişdi. Havada görünməz torların mərkəzindəki hörümçəklər… Yazda meşə jalələrinin davranışını izləməksə hədsiz maraqlıydı.
“Ana, orda qu quşu var!” – “İvanın uşaqlığı” filmindəki bu sitatı daxmada keçirdiyimiz birinci ildə üç yaşlı Andrey demişdi.
Meşə – işıqlı, şən dəmirağacı, tutqun küknar, hətta otun da bitmədiyi yer, keçəl tala… Tarkovskinin canlı təbiət materiyasından qopmamış, dünyanın fəlsəfi düşüncəsinə keçid etməmiş ilk filmlərində təbiət aparıcı simalardan biridir. “İvanın uşaqlığı”ndakı dəmirağacı topası, “Andrey Rublyov”da ustadların korlaşma səhnəsindəki bədniyyətli, qəddar küknar meşəsi təsadüfi deyil. Onlar müəllifin ruh və yaddaşında yaşayırdılar, lazım olandasa dəqiq bədii obraza çevrildilər.
Anam işıldayan qarabaşağı sevirdi. Həmişə qarabaşaq zəmisinə çatanda dayanırdıq, sakit durub arıların ağımtıl-çəhrayı sonsuz dənizdə necə vızıldadıqlarını dinləyirdik. “Andrey Rublyov”da qarabaşaq zəmiləri arasındakı yol səhnəsi anamla əlaqəlidir. Andrey həmin filmə ithafı təsadüfən yazmayıb: “Bu hadisənin günahkarı olan əziz anama”.
Təxminən, 1931-ci ildə Lev Qornunq fotoqrafiyayla məşğul olmağa başladı. Aralarında çoxlu yazıçı, rəssam olan dost-tanışlarını çəkirdi. Onda A.Axmatova, A.Koçetkov, B.Pasternak və S.Şervinskinin uğurlu fotoları var. Bəxtimiz gətirmişdi. Bir neçə il ərzində Qornunq Moskva, Volqa və Tuçkovada ailəmizin fotolarını çəkdi. Valideynlərimiz, nənəmiz və biz uşaqların simasında maraqlı fotoxronika alınmışdı. Xırda ştrixlərinə, hətta ayaq altında olan çəmənliyinə kimi uşaqlıqdan əzbərlədiyimiz müxtəlif fotoşəkillər “Güzgü” filminin kadrlarında istifadə olunub.
Uşaqlıqda bizi əhatələyən gerçəklik ekranda canlanarkən varlığın dərin anlamıyla dolğunlaşdı. Moskvadan gətirilən kerosin dolu şüşə, ləyən, güzgü, lampa… Kartof və südsə kənddə olanda ən sevdiyimiz yeməklərdi.
Bir dəfə həyətimizdəki kənd çardağı yandı. Onu ev sahibinin kibritlə oynayan kiçik oğlu alovlandırmış, sonra qorxusundan meşəyə qaçmışdı: uşağı çox axtardılar, çünki elə bilirdilər ki, yanan çardağın içində qalıb. Filmdə həmin epizod baş qəhrəman qadının dramasını çatdırır, həyəcan və narahatlıq hissi yaradır.
Şipokdakı iyirmi metrlik otaqdan birində güzgülü nəhəng şkaf vardı, o, nənəmlə birgə səyahət etmişdi. 1936-cı ildə ərini dəfn edən nənəm Moskvaya qızının yanına gəlmiş, özüylə birgə ağırçəkili qədimi şkafını da gətirmişdi. Güzgülü şkafda pal-paltardan başqa, hətta hər şeyin yeməklə dəyişdirildiyi evakuasiya zamanından qorunmuş, kartona bükülmüş qara məxmər parça da vardı. Məxməri atam hədiyyə edibmiş. Anam da ümid bəsləyirmiş ki, ondan özünə nə vaxtsa don tikəcək (Təəssüf ki, həmin parça 1943-cü ildə otağımıza müvəqqəti sığınan qonşumuz tərəfindən oğurlandı). Şkaf təkcə adi mebel deyil, məişətimizin əvəzolunmazıydı. Az qala canlı kimi, evin bir üzvütək qəbul edilirdi. Nənəm onu çox qoruyurdu, güzgünü sındıracağımızdan qorxurdu, kibrit çöpünü ora sürtüb yandırmağa adət etmiş Andreyin şkafa ziyan verəcəyindən çəkinirdi. Bu şiddətin izlərinə hələ də güzgünün səthində rast gəlmək olar.
Atamın Şipoka gəlişlərinin birində L.V.Qornunq onu həmin güzgünün qarşısında çəkmişdi. Sonralar eyni yerdə on altıncı ad günündə Andreyin də şəklini çəkdi.
Müharibə uşaqlıq həyatımızı iki qeyri-bərabər hissəyə ayırdı. Xoş xatirələrlə anılan qısa, amma az həqiqi “müharibəyə qədərki” dövr, həyəcanlı, narahat, amma çox gerçək dövrdən seçilirdi.
1941-ci ilin may ayının ortalarında anam nənəmlə bizi yayı keçirəcəyimiz Rojayke çayının sahilində yerləşən Bityuqovo kəndinə gətirdi. Müharibə də bizi elə orada yaxaladı (onda Andreyin doqquz, mənim altı yaşım vardı). Dərhal yeni sözlər peyda oldu: hava hücumu, bombardman, hərbi həyəcan siqnalı. Yerli sakinlər səngər qazırdılar. Tezliklə Moskvaya qayıtdıq. Böyüklər evakuasiyadan danışırdılar. Anam yalnız bizə – uşaqlara görə razılaşdı. O, yazıçı ailələrilə Çistopola köçürülməyimizi istəmirdi. Volqa boyundakı Yureveçə getdik. Orda nənəmdən bir otaq qalmışdı, bir də bəzi tanışlar. Oradakılar anamın ögey atası həkim Petrovu da xatırlamalıydılar.
Yureveçdə bizi köçkünlərin əzablı həyatı gözləyirdi. Anam uzun müddət iş tapa bilmədi. Atamın hərbi təqaüdünün yarısıyla dolanırdıq (qalan yarısı isə ovaxtlar Çistopolda yaşayan atamın anası və arvadına çatırdı). Bir də nənəmin gülünc təqaüdü vardı. Anam bir müddət sonra məktəbdə işləməyə başladı. Bazarda dəyişdiklərimiz, kəndlilərdən aldıqlarımızla dolanırdıq. Anam uzaq yola ertədən hazırlaşırdı – mübadilə etmək üçün əşyaları toplayır, nənəmsə üzlüklü çit parçalardan uşaq papağı tikirdi. Əgər qışdısa, onda anam əşyaları xizəyə yığar, Volqanın buz tutmuş səthiylə piyada onları dəyişməyə aparardı. Adətən bir neçə günlüyə gedər, kəndlərdə gecələyərdi. O vaxtlar kəndlilər mehribandılar, gecə yatmağa yer və Tanrı yetirəndən yeməyə nəsə verirdilər.
Bu cür səfərlərin birində anam təxminən bir vedrə kartofa öz firuzə qaşlı sırğasını dəyişdi. Sırğanı lap əvvəllər nənəmin bir qadın qohumu Qüdsdən gətirmişdi. XIX əsrin axırlarında həmin qadın Qüdsə Tanrının məbədinə gedir ki, monastırda qulluq etməklə günahlarını bağışlatdırsın, amma əvəzində onun kəbinini yerli pravoslav koloniyasının həkimi yunan Mazaraki ilə kəsirlər. Ərinin vəfatından sonra Mazaraki xala Moskvaya – nənəmin anasının yanına qayıdır. Gətirdiyi “Quran” sözləri üzərinə işlənilmiş sırğasa bir neçə ildən sonra Zavoljyenin bir kəndinə düşmüşdü.
Sırğa ilə bağlı əhvalat “Güzgü” filmində də əks olunub, amma romantik tarixçəsi kadr arxasında qalıb. Bu tarixçə rejissora heç lazım da deyildi, onu maraqlandıran əxlaqi problemlərdi. Sırğanın satılması səhnəsində Andrey iki dünyanı qarşı-qarşıya qoyub: kor və eybəcər özünəvurğunluqdakı meşşan ruhsuzluqla ali ruhi başlanğıcı.
1943-cü ilin yazında uşaqlar arasında şayiə yayıldı ki, leninqradlı uşaqları gətiriblər. Qaçaraq məktəbə gəlib pəncərələrə dırmandıq. Gördüyümüzdən heyrətə gəlirdik. Düzdür, hamımız arıq-sısqa, bir dəri-bir sümükdük, amma burda halsız və rəngi dəyişmiş uşaqların ağır mənzərəsi vardı. Onlar tərpənmədən, qəribə tərzdə, böyümüş və baş verənlərə canlı marağın yoxa çıxdığı gözləriylə bizə baxırdılar.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?