Текст книги "Hekayələr"
Автор книги: Константин Паустовский
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 10 страниц)
Konstantin Paustovski
Seçmə hekayələr
TOXUCU NASTYA
Gecə Alatau dağında güclü tufan qopdu. Göy gurultusundan qorxan iri, yaşıl cırcırama hospitalın pəncərəsindən hoppanıb krujevalı pərdəyə qondu. Yaralı leytenant Rudnev çarpayısında dikəlib uzun-uzadı cırcıramaya və pərdəyə tamaşa elədi. Göyümtül işıqlı, şiddətli ildırım çaxdıqca pərdənin üzərindəki mürəkkəb naxışlar – qabarıq qızılgül və kəkilli xoruz təsvirləri gözə çarpırdı.
Səhər açıldı. Bayırda tufandan sonrakı sarı səma göz oxşayırdı. Rəfiqələr kimi yanaşı çıxmış iki göyqurşağı zirvələrdə boy göstərirdi. Pəncərə altlığındakı yabanı güllərin yaş ləçəkləri qızmar kömür kimi alışıb-yanırdı. Hava boğanaq idi. Yaş qayalardan buğ qalxırdı. Uçurumda diyirlənən çay daşlarının gurultusu eşidilirdi.
– Bu da Asiya! – Rudnev dərindən nəfəs aldı. – Amma krujevalı pərdə bizimkidir – şimala aiddir və onu hansısa gözəl bir Nastya toxuyub!
– Niyə belə düşünürsünüz ki? – deyə soruşdum.
Rudnev gülümsədi.
– Leninqrad ətrafında, bizim hərbi batareyada baş vermiş hadisəni xatırladım, – deyə cavab verdi.
O bu hekayəni danışmağa başladı.
1940-cı ilin yayında leninqradlı rəssam Balaşov şimal tərəflərə ov etməyə və rəsm çəkməyə getmişdi. Köhnə çay gəmisindən düşüb elə xoşuna gəldiyi ilk kənddəcə məskunlaşmış, kənd müəlliminin evində qərar tutmuşdu. Bu kənddə meşəbəyi atası ilə birgə yaşayan Nastya adlı qız vardı. Kənddə gözəlliyi və yaxşı toxuculuğu ilə ad çıxarmışdı. Nastya bütün şimal qızları kimi sakittəbiətli, qonurgözlü bir qız idi.
Bir dəfə onun atası necəsə meşədə ov edən Balaşovu ehtiyatsızlıqdan güllə ilə yaralamışdı. Sinəsindən yaralanmış rəssamı tez kənd müəlliminin evinə gətirmişdilər. Bədbəxt hadisədən dilxor olmuş qoca meşəbəyi yaralıya qulluq göstərməsi üçün qızını müəllimin evinə yollamışdı. Beləcə yaralıya qulluq göstərə-göstərə Nastyanın qəlbində ona qarşı saf məhəbbət baş qaldırmışdı. Amma utancaqlığı üzündən sevgisini büruzə verə bilməmiş, rəssam da heç bir şey hiss etməmişdi.
Balaşovun Leninqradda arvadı var idi, amma o heç vaxt evli olduğu barədə nə kənddəkilərə, nə də Nastyaya bir söz deməmişdi. Kənddə hamı belə hesab edirdi ki, Balaşov subay, tənha adamdır.
Yarası sağalan kimi Balaşov Leninqrada getmişdi. Yola düşməzdən əvvəl isə gələcəyini qabaqcadan xəbər vermədən Nastyagilin evinə gedərək qıza göstərdiyi qulluğa görə hədiyyə vermiş, Nastya da bu hədiyyəni məmnuniyyətlə qəbul etmişdi. Balaşov ilk dəfə idi ki, şimal kəndlərinə qonaq gəlmişdi, buranın adət-ənənəsindən xəbərsiz idi. Şimalın qayda-qanunları möhkəm və uzunmüddətli olur, yeni zəmanənin təzyiqi altında dərhal sarsılmır. Balaşov haradan biləydi ki, bir kişi qız evinə xəbərsiz gəlib hədiyyə gətirirsə və bu hədiyyə də qəbul edilirsə, kişi həmin qızın nişanlısı sayılır. Bax şimalda məhəbbət belə izhar olunurdu!
Nastya utana-utana rəssamdan soruşmuşdu ki, Leninqraddan nə vaxt kəndə qayıdacaq. Heç bir şeydən şübhələnməyən Balaşov zarafatyana tezliklə qayıdacağını cavab vermişdi.
Balaşov getmiş, Nastya da onun yolunu gözləməyə başlamışdı. Qızmar yay ötmüş, rütubətli, acı payız geridə qalmış, amma Balaşov geri dönməmişdi. Hövsələsiz intizar təlaş, məyusluq və utancla əvəzlənmişdi. Kənddə söz gəzirdi ki, Nastyanın nişanlısı onu aldadıb atıb. Amma Nastya deyilənlərə inanmırdı. O əmin idi ki, Balaşovun başına bir bədbəxt hadisə gəlib.
Bahar da, öz növbəsində, yeni qayğılar gətirmişdi. Bu dəfə yaz çox gec girmişdi. Çay aşıb-daşmışdı, heç kəs sahilə yan ala bilmirdi. Yalnız iyunun əvvəlində ilk gəmi bənd almadan kəndin sahilindən ötüb-keçmişdi.
Bir gecə intizardan səbri daşmış Nastya atasından gizlincə Leninqrada – Balaşovu axtarmağa yollanmışdı. İki gündən sonra stansiyaya çatan qız burada öyrənmişdi ki, bu səhər müharibə başlayıb. Ömründə qatar görməmiş kənd qızı böyük ölkəni keçib, nəhayət, Leninqrada çatmış və Balaşovun evini axtarıb tapmışdı. Qapını qızın üzünə Balaşovun əynində gecə paltarı, ağzında papiros tutmuş arvadı açmışdı. Çaşqın halda Nastyaya baxaraq Balaşovun evdə olmadığını, Leninqrad ətrafına, cəbhəyə aparıldığını bildirmişdi. Nastya məhz burda həqiqəti – Balaşovun evli olduğunu öyrənmişdi. Deməli, onu aldadıb, sevgisini ələ salıb?.. Balaşovun arvadı ilə söhbət etmək qıza ağır gəlirdi. Bu şəhər mənzilində, ipək örtüklü divanın, səpələnmiş pudranın, zəhlətökən telefon zənglərinin arasında olmaq onun üçün dəhşətli idi.
Nastya baş götürüb burdan qaçmışdı. Kədərli halda hərbi düşərgəyə çevrilmiş böyük şəhərdə çarəsizcəsinə addımlayırdı. Nə meydanlardakı zenit toplarına, nə qum kisələri ilə əhatələnmiş heykəllərə, nə əsrlər boyu əzəmətini itirməmiş sərin bağlara, nə də təntənəli binalara fikir verirdi.
Beləcə, Neva çayının sahilinə gəlib çatdı. Qara sulu çay qranit sahillərin səviyyəsinə qalxmışdı. Bax burda, bu sularda dözülməz kədərdən, uğursuz məhəbbətdən xilas olacaqdı. Nastya anasının bir zamanlar hədiyyə verdiyi köhnə yaylığı başından açıb sürahinin kənarından asdı. Sonra sıx hörüklərini hamarlayıb sürahinin buruğuna qalxdı. Elə bu an kimsə onun əlindən tutub saxladı. Qız çevrilib baxdı: qoltuğunda döşəmə silmək üçün şotka tutmuş arıq bir kişi arxasında dayanmışdı. Onun fəhlə paltarına sarı boya çilənmişdi. Kişi başını bulayıb dedi:
– Belə bir vaxtda düşündüyün şeyə bax, səfeh!
Trofimov adlı bu fəhlə qızı evinə aparıb liftçi işləyən arvadına tapşırdı. Bu, hay-küylü, qərarlı, kişilərə qarşı hörmətsiz davranan bir qadın idi. Beləliklə, Trofimovlar ailəsi Nastyaya qol-qanad gərdi. Qız uzun müddət xəstə yatdı. İlk dəfə liftçi qadının dilindən eşitdi ki, Balaşovun heç bir günahı olmayıb. Heç kim şimal kəndlərinin adətlərini bilmək məcburiyyətində deyil, üstəlik, qızı qınadı da. Dedi ki, yalnız onun kimi kənd qızları qarşısına çıxan ilk oğlana dəlicəsinə aşiq ola bilərlər. Liftçi qadın onu məzəmmət etsə də, Nastya sevinirdi. Çünki başa düşürdü ki, Balaşov onu aldatmayıb və yenə də onu görmək arzusu ilə alışıb-yanırdı.
Trofimovu tezliklə cəbhəyə apardılar, Nastya liftçi qadınla tək qaldı. Nastya tamam-kamal sağalanda qadın onu tibb kurslarına yazdırdı. Dərs deyən həkimlər Nastyanın cəld sarğı açıb-bağlamasına, onun incə, amma güclü olan əl və barmaqlarının qıvraqlığına heyran qalmışdılar. “Mən axı toxucuyam”, – deyə Nastya özünə haqq qazandırırmış kimi cavab verirdi.
Beləcə, mühasirədə olan Leninqradın, gecələri top gurultuları, bombardmanlarla dolu qışı keçib-getdi. Nastya kursu bitirib cəbhəyə göndəriləcəyi günü gözləyirdi. Gecələr isə Balaşovu, qoca atasını düşünürdü. Atası, yəqin ki, ömrünün sonuna kimi qızının niyə gizlincə evi tərk etdiyini anlamayacaqdı. Məzəmmət etməyəcəkdi, bağışlayacaqdı, amma yenə də onu başa düşməyəcəkdi.
Yazda, nəhayət ki, Nastyanı Leninqrad ətrafındakı cəbhəyə yolladılar. Hər yerdə – dağılmış saray parklarında, xarabalıqlarda, yanğın yerlərində, istehkamlarda, hərbi hissələrdə, seyrək meşələrdə, düzəngahlarda Balaşovu axtarır, onu soraqlayırdı. Cəbhədə təsadüfən evində qaldığı Trofimovla rastlaşdı. Çənədən boş olan bu kişi əsgərlərə öz sevgilisini axtaran bu şimal qızı haqqında danışdı. Qız haqqında söz-söhbət dastan kimi tezliklə yayılmağa, daha geniş vüsət almağa başladı. Bu dastan hərbi hissədən-hissəyə, bölmədən-bölməyə yayıldı. Bunu motosikletçilər, sürücülər, sanitarlar, rabitəçilər yayırdılar. Əsgərlər gözəl qızın axtardığı bu naməlum sevgiliyə həsəd aparırdılar və arxa cəbhədə qoyub gəldikləri öz nişanlılarını, əzizlərini qüssəylə xatırlayırdılar. Hər bir əsgər öz yaxınlarına dinc həyat arzulayır, könüllərində onların xatirəsini saxlayırdı. Rusiyanın şimalından gələn bu qız haqqında bir-birinə danışır, öz təxəyyüllərinin gücü ilə onu daha da bəzəyirdilər. Hər bir əsgər and içirdi ki, Nastya onun həmyerlisidir. Ukraynalılar, sibirlilər, ryazanlılar hesab edirdilər ki, Nastya məhz onun doğma torpağından gəlib. Hətta uzaq Asiyadan gəlmiş qazaxlar belə inandırırdılar ki, Nastya Qazaxıstandandır.
Nastya haqqındakı əfsanələr Balaşovun xidmət etdiyi sahilyanı hərbi hissəyə də gəlib çatmışdı. Rəssam da digər əsgərlər kimi sevgilisini axtaran bu naməlum qızın dərin məhəbbətinin gücündən təsirlənmişdi. O bu qız haqqında tez-tez düşünür, onun sevdiyi oğlana həsəd aparırdı. Axı haradan biləydi ki, o, özü özünə həsəd aparır?!
Balaşovun ailə həyatı uğurlu alınmamışdı. Evliliyinin gələcəyi sual altında idi. Amma bax başqalarının bəxti necə gətirir! Ömür boyu böyük sevgi arzulamışdı, indi isə düşünürdü ki, belə şeylər barədə xəyal qurmaq gecdir. Gicgahlarında ağ tüklər görünür…
Nəhayət, bir gün Nastya Balaşovun xidmət etdiyi hərbi hissəni tapdı, amma rəssamın özünü orda tapa bilmədi. Çünki Balaşov iki gün əvvəl həlak olmuş və körfəzin sahilindəki şam meşəliyində dəfn edilmişdi.
Rudnev bir anlıq susdu.
– Sonra nə oldu?
– Sonra? – Rudnev təkrar soruşdu. – Sonra əsgərlər necə lazımdır vuruşdular və biz almanların mühasirəsini dağıdıb onları cəhənnəmə vasil elədik. Biz mühasirə zolağını havaya sovurub toz-torpaq qarışıq yerlə bir etdik. Mən insanların belə şiddətli, eyni zamanda müqəddəs qəzəbinə nadir hallarda rast gəlmişəm.
– Bəs Nastya necə oldu?
– Necə olacaq! İndi bütün diqqətini, qayğısını yaralılara yönəldib. Cəbhənin bizə aid məntəqəsində ən yaxşı tibb bacısıdır!
ALABALIQLARIN ÜZDÜYÜ KİÇİK ÇAYLAR
Bir Napoleon ordusu marşalının taleyi barədə – tarixçiləri və vasvası adamları qıcıqlandırmamaq üçün onun adını söyləməyək – insan hislərinin kasadlığından şikayət edən sizlərə danışmağa dəyər.
Bu marşal hələ gənc idi. Saçına düşmüş azacıq dən və yanağındakı çapıq onun üzünə xüsusi yaraşıq verirdi. Bu çapıq məhrumiyyət və hərbi yürüşlərin ucbatından daha da tündləşmişdi.
Əsgərlər marşalı sevirdilər, çünki o onlarla müharibənin ağırlığını bölüşürdü. O, tez-tez plaşına bürünüb elə tonqalın yanındaca uzanıb yatardı, səhərlər isə şeypurun xırıltılı səsinə oyanardı. Əsgərləri ilə bir qabdan yeyib-içər, üstü toz basmış, sürtülmüş mundir geyərdi.
Bu adam yorucu yürüşlərdən və döyüşlərdən başqa bir şey görməmişdi. Onun heç vaxt ağlına gəlməmişdi ki, yəhərdən əyilib kəndlidən soruşsun ki, indicə atının tapdaladığı otun adı nədir. Yaxud əsgərlərinin Fransa şərəfinə istila etdiyi şəhər nələri ilə məşhurdur. Ardı-arası kəsilməyən müharibələr ona susqunluq öyrətmiş, öz həyatını unutdurmuşdu.
Bir dəfə qış vaxtı marşalın Lombardiyada11
Lombardiya – İtaliyanın şimalında administrativ region; mərkəzi Milan şəhəridir.
[Закрыть] düşərgə salmış süvari bölüyü təcili Almaniyaya yola düşmək və əsas orduya qoşulmaq haqda əmr almışdı. Yürüşün on ikinci günü bölük gecələmək üçün kiçik bir alman şəhərində dayanmışdı. Qara bürünmüş dağlar gecənin qaranlığında ağarır, fıstıq meşəsi göz işlədikcə uzanırdı. Bu ümumi durğunluqda bircə ulduzlar bərq vurmaqla hərəkət edirmiş kimi görünürdü.
Marşal mehmanxanada qalmışdı. Sadə şam yeməyindən sonra o, kiçik zaldakı buxarının qarşısında oturub tabeliyində olanları dincəlməyə buraxmışdı. Yorulmuşdu, tək qalmaq istəyirdi. Qulağınacan qara bürünmüş şəhərciyin sükutu ona gah uşaqlığını, gah da bu yaxınlarda gördüyü, bəlkə də, heç mövcud olmamış yuxunu xatırladırdı. Yaxşı bilirdi ki, bu günlərdə imperator həlledici döyüşlə bağlı qərar verəcək və özünü inandırırdı ki, adət etmədiyi bu sakitlik ona şiddətli hücumqabağı sonuncu istirahət kimi çox gərəklidir.
Alov insanlarda keyləşmə, yerində donub-qalma yaradır. Buxarıda çırtıltıyla alovlanan odun parçalarından gözünü çəkməyən marşal necə donub-qalmışdısa, içəri yaşlı, arıq, quşsifət bir adamın girdiyindən xəbər tutmamışdı. Adamın əynində yamanmış frak vardı. Naməlum kişi buxarıya yaxınlaşıb donmuş əlini qızdırmağa başladı. Marşal başını qaldırıb narazı halda ondan soruşdu:
– Siz kimsiniz, cənab? Səssiz-səmirsiz niyə burda peyda olursunuz?
– Mən musiqiçi Baumveysəm, – kişi cavab verdi. – Mən ehtiyatla içəri girdim, çünki bu qış gecəsində adam istər-istəməz səs-küysüz hərəkət etmək istəyir.
Musiqiçinin səsi və siması rəğbət oyadırdı və marşal bir az düşünüb dedi:
– Buxarıya yaxın oturun, cənab. Etiraf edim ki, həyatımda belə sakit gecələrim az ələ düşüb, ona görə də sizinlə söhbət etməyə şad olardım.
– Təşəkkür edirəm, – musiqiçi cavab verdi, – ancaq icazə versəydiniz, royal arxasına keçib ifa edərdim. Artıq iki saatdır ki, bir musiqi ağlımdan çıxmır: onu çalmalıyam. Yuxarıda, mənim otağımda isə royal yoxdur.
– Yaxşı… – marşal dedi, – düzü, bu gecənin sükutu hətta ən ilahi musiqi ilə belə müqayisə oluna bilməz…
Baumveys royal arxasına keçib güclə eşidiləcək səslə çalmağa başladı. Marşala elə gəldi ki, şəhərciyin ətrafında dərin və yüngül qar dənəcikləri səslənir, qış zümzümə edir, qardan ağırlaşmış fıstıq ağaclarının budaqları mahnı oxuyur, hətta buxarıdakı ocaq da cingildəyir.
Yanan odunlara baxıb ocağın deyil, çəkməsindəki mahmızın cingildədiyini görən marşal üz-gözünü turşutdu.
– Deyəsən, gözlərimə əcaib-qəraib şeylər görünməyə başlayır, – dedi. – Siz, yəqin ki, çox möhtəşəm bir musiqiçisiniz.
– Yox, – Baumveys dedi və çalmağa ara verdi, – mən kiçik knyazların və tanınmış adamların bayram şənliklərində, toylarında ifa edirəm.
Artırmanın yaxınlığında tirlərin cırıltısı eşidildi. Atlar kişnədilər.
– Budur, – Baumveys ayağa qalxdı, – dalımca gəliblər. İcazənizlə sizinlə vidalaşım.
– Hara belə? – marşal soruşdu.
– Burdan iki lyö22
Lyö – təxminən 4,5 km-ə bərabər uzunluq ölçü vahidi; arxaik sözdür. Müasir fransız leksikonunda işlənmir (red.).
[Закрыть] aralıdakı dağlarda meşəbəyi yaşayır, – musiqiçi cavab verdi. – İndi onun evində bizim gözəl müğənnimiz Mariya Çerni qonaq qalır. Müharibənin yanlışlıqları ucbatından buralarda gizlənir. Bu gün Mariya Çerninin iyirmi üç yaşı tamam olur. Bu münasibətlə kiçik bir şənlik təşkil edir. Qoca pianoçu Baumveys olmadan hansı şənlik keçər ki!
Marşal kreslodan qalxdı.
– Cənab, – dedi, – mənim rəhbərlik etdiyim hərbi bölmə sabah səhər bu şəhərdən çıxacaq. Sizə qoşulub gecəni meşəbəyinin evində keçirsəm, mənim tərəfimdən nəzakətsizlik olmaz ki?
– Siz necə istəyirsiniz, – Baumveys təmkinlə cavab verib təzim etdi, amma hiss olunurdu ki, o, marşalın sözündən təəccüblənib.
– Ancaq, – marşal dedi, – bu barədə heç kimə bir söz deməyin. Mən arxa qapıdan çıxıb quyunun yanında kirşəyə əyləşəcəyəm.
– Necə məsləhətdir, cənab, – musiqiçi yenidən təzim edərək bayıra çıxdı.
Marşal gülümsədi. Bu gecə o, şərab içməmişdi, amma qayğısız bir məstlik qeyri-adi bir qüvvəylə onu ağuşuna almışdı.
– Qışa doğru! – öz-özünə dedi. – Cəhənnəm olsun hər şey, meşəyə, gecə dağlarına üz tutaq! Əla!
O, paltosuna bürünüb hiss olunmadan mehmanxananın arxa bağçasından çıxdı. Quyunun yanında kirşə dayanmışdı: danışdıqları kimi, Baumveys artıq onu gözləyirdi. Xırıldayan atlar hasarın böyründəki gözətçinin yanından ötəndə o, bir az ləng tərpənsə də, adəti üzrə etdiyi kimi, tüfəngi çiynində dikəldib marşala hərbi salam verdi. O, gedən kirşənin zənglərinin cingildəməsinə xeyli qulaq verdi, sonra başını yırğalayıb dedi:
– Ah, bu nə gecədir! Eh, heç olmasa, bir qurtum yaxşı şərab olsaydı!..
Atlar cilalanmış gümüşə bənzəyən qarın üstü ilə çapırdılar. Qar dənələri onların isti sifətində əriyirdi. Sanki şaxta meşəni tilsimləmişdi. Qara sarmaşıqlar fıstıq ağaclarının gövdələrinə bərk-bərk sıxılmışdı, elə bil ağaca həyat verən şirəni qızdırmaq istəyirdi.
Qəflətən atlar kiçik çayın yanında dayandılar. Çay donmamışdı. O, köpüklənir, tufandan böyrü üstə yıxılmış ağaclarla, donmuş yarpaqlarla qalaqlanmış cəngəllikdən, dağ mağaralarından qopub xırda daşları diyirlədərək kükrəyirdi. Atlar çaydan su içirdilər. Onların nalları altında qıjıldayan su şırnaqlarında nəsə axıb gedirdi: onlar yana tullanıb dar yola tərəf sıçrayırdılar.
– Alabalıqlar… – arabaçı dedi. – Şən balıqlardır!
Marşal gülümsədi. Məstliyi hələ də çəkilib getməmişdi. Bu qəribə sərxoşluq atlar kirşəni dağ döşündəki hündür damlı köhnə evə çatdıranda da onu tərk etmədi.
Pəncərələrdən işıq süzülürdü. Arabaçı kirşədən hoppanıb örtüyü kənara çəkdi.
Qapılar taybatay açılmışdı və marşal Baumveysin müşayiəti ilə alçaqtavanlı otağa girərək paltosunu soyunub kandarda dayandı. Otaqda geyimli-kecimli bir neçə qadın və kişi vardı. Qadınlardan biri ayağa qalxdı. Marşal ona nəzər yetirib təxmin etdi ki, bu, Mariya Çernidir.
– Məni bağışlayın, – deyə azacıq qızarıb dedi. – Dəvətsiz gəlişimə görə üzr istəyirəm. Ancaq biz əsgərlər nə ailə, nə bayram, nə də dinc şənliklər bilirik. İcazə versəydiniz, sizin ocağın istisinə qızınardım.
Qoca meşəbəyi marşala təzim etdi, Mariya Çerni isə tez yaxın gəlib marşalın gözlərinə baxaraq əlini uzatdı. Marşal onun əlini öpdü, amma bu əl ona buz kimi soyuq gəldi. Hamı susurdu. Mariya Çerni ehmalca marşalın yanağına toxunub barmağını dərin çapıq boyu gəzdirərək soruşdu:
– Bu, çox ağrıtmışdı?
– Hə, – karıxmış marşal cavab verdi, – bu, iti bir xəncərin zərbəsi idi.
Bu sözdən sonra qadın onun əlindən tutub qonaqların yanına apardı. O öz nişanlısını qonaqlara təqdim edirmiş kimi utancaq və eyni zamanda sevincək halda marşalı onlarla tanış etdi. Qonaqlar arasına çaşqın pıçapıç düşmüşdü.
Bilmirəm oxucuya Mariya Çerninin xarici görünüşünü təsvir etməyə ehtiyac varmı? Əgər siz də mənim kimi bu qadının yaşadığı dövrdənsinizsə, onda yəqin ki, onun parlaq gözəlliyi, incə yerişi, şıltaq, amma valehedici xasiyyəti haqqında eşitmiş olmalısınız. Hələ indiyədək Mariya Çerninin məhəbbətinə ümid etməyə cəsarəti çatan bir kişi olmayıb. Bəlkə də, elə marşal kimi kişi onun məhəbbətinə layiq ola bilərdi.
Sonra nələr oldu? Marşal meşəbəyinin evində iki gün qaldı. Sevgi haqqında danışmayaq, çünki biz hələ də bu hissin nə olduğunu bilmirik. Bəlkə, bu, bütün gecəni yağan qalın qardır? Yaxud qışda da axan, içində alabalıqların üzdüyü kiçik çaylardır? Bəlkə, bu, səhərə yaxın şamlar yanıb qurtaranda duyulan köhnə qatranın qoxusudur; ulduzlar Mariya Çerninin gözlərində əks olunmaq üçün pəncərəyə sıxılanda eşidilən gülüş və nəğmə səsidir?! Kim bilir?! Bəlkə də, bu, çılpaq əlin sərt epoletə toxunuşudur, barmaqların soyuq saçlardakı sığalıdır. Bu – qəlbin heç vaxt gözləmədiyi nəvaziş və incəlikdən, gecə qaranlığında meşədə eşidilən rabitəsiz pıçıltılardan yaranan kişi göz yaşlarıdır. Ola bilsin ki, bu – uşaqlığın qayıdışıdır. Kim bilir ki?! Bəlkə də, bu, ayrılıq qabağı məyusluqdur – ürək yerindən qopub düşərkən Mariya Çerninin qıc olmuş əllərinin onların məhəbbətinə şahid olmuş otağın qapı tayını, divar kağızını hiddətlə tumarlamasıdır. Nəhayət, bəlkə də, bayırda – tüstülü məşəllərin işığında Napoleon jandarmının sərt hay-küylə yəhərdən enib evə girərək, imperatorun şəxsi əmri ilə ordudan yayınmaqda günahlandırılan marşalın həbsi zamanı qadının qışqırığı və özündən getməsidir…
Elə hekayətlər var ki, quş kimi bir dəfə sezilməklə gözdən itir, amma onların məcburən şahidi olmuş insanların hafizəsində ömürlük qalır.
Ətrafda hər şey olduğu kimi qalmışdı. Yenə də külək əsəndə meşədə hər tərəfi uğuldadır, qaralmış xəzəlləri çaylarda yaratdığı kiçik burulğanlarda hərlədirdi. Yenə də dağlarda baltaların səsi əks-səda verir, şəhərcikdə qadınlar quyunun başına toplaşıb dedi-qodu edirdilər. Amma nədənsə, bu meşə, yavaş-yavaş yerə düşən qar dənəcikləri və kiçik çaydakı alabalıqların parıltısı Baumveysi frakının arxa cibindən köhnə də olsa, ağappaq dəsmalını çıxarıb gözlərinə sıxmağa, Mariya Çerninin qısa məhəbbəti və zaman keçdikcə həyatın musiqiyə oxşaması barədə əlaqəsiz və qəmli sözlər pıçıldamağa vadar edirdi. Lakin Baumveys onu da pıçıldayırdı ki, ürək ağrısına baxmayaraq, bu hadisənin iştirakçısı olduğuna və qoca, zavallı pianoçunun payına düşən nadir həyəcanı yaşadığına görə çox şaddır.
YAĞMURLU SÜBH ÇAĞI
Gəmi Navoloki şəhərinə gecə çatdı. Mayor Kuzmin göyərtəyə çıxmışdı. Narın yağış yağırdı. Liman bomboş idi, təkcə bir fənər yanırdı.
“Bəs şəhər hanı? – Kuzmin öz-özünə dedi. – Qaranlıqdan, yağışdan göz gözü görmür”.
Üşüdüyündən şinelini düymələdi. Çay tərəfdən soyuq hava vururdu. Kuzmin kapitanın köməkçisini tapıb gəminin Navoloki şəhərində nə qədər qalacağını soruşdu.
– Üç saata yaxın, – köməkçi cavab verdi. – Yükləmədən asılıdır. Niyə soruşursunuz? Siz ki burda qalmayıb yolunuza davam edəcəksiniz…
– Məktub çatdırmalıyam. Hospitaldakı qonşumdan arvadına… Qadın burda yaşayır – Navolokidə.
– Hə, gərək tapşırığı yerinə yetirəsiniz… – köməkçi ah çəkdi. – Ətraf zülmət içindədir, ona görə gəminin xəbərdarlıq siqnallarına qulaq asmaq yadınızdan çıxmasın, yoxsa burda qalmalı olarsınız.
Kuzmin limana endi, sürüşkən pilləkənlə sərt sahilə qalxdı. Kolları döyəcləyən yağış damcılarının səsi eşidilirdi. Mayor bir az dayandı ki, gözləri qaranlığa alışsın. Əyri təkatlı fayton gördü. Faytonun kabinəsinin üstü qaldırılmışdı, altından xorultu səsi eşidilirdi.
– Ey, dost! – Kuzmin ucadan çağırdı. – Bəsdir yatdın, onsuz da o dünyada çox yatacaqsan!
Faytonçu yerində çevrilərək bayıra çıxdı, fınxırıb burnunu paltosunun ətəyinə sildi. Yalnız bundan sonra soruşdu:
– Hə, gedirik?
– Gedirik, – mayor cavab verdi.
– Yolumuz harayadır?
Kuzmin küçənin adını dedi.
– Uzaqdır, – faytonçu narahat oldu. – Dediyin yer dağlardadır. Xeyli çəkəcək.
Bunu deyib cilovu dartaraq atı muşqurladı. Fayton ağır-ağır yerindən tərpəndi.
– Sən, deyəsən, Navolokidə yeganə faytonçusan? – mayor soruşdu.
– Yox, iki nəfər qoca faytonçuyuq. Cavanlar müharibədə vuruşurlar. Siz kimin yanına gəlmisiniz?
– Başilovanın.
– Tanıyıram, – deyə faytonçu cəld çevrildi. – Həkim Andrey Petroviçin qızı Olqa Andreyevnanı deyirsiniz. Keçən qış Moskvadan gəlib, atasının evində qalır. Həkimin özü iki ildir ki vəfat edib.
Fayton yırğalanıb cingilti ilə çuxurdan çıxdı.
– Sən yoluna bax, – mayor narazılıqla məsləhət verdi, – ora-bura çevrilmə.
– Yol da elə vəziyyətdədir ki… – faytonçu donquldandı. – Bu yolu gərək gündüz gedəsən. Birtəhər mənzilbaşına çatmaq olur, amma gecələr çala-çuxur görünmür axı!..
Faytonçu sözünü deyib susdu. Kuzmin bir papiros çəkib özünü kabinənin lap içinə verdi. Yarıyadək qaldırılmış üst hissəni narın yağış damcıları döyəcləyirdi. Uzaqdan it hürüşməsi eşidilirdi. Şüyüdün, yaş hasarların, çay rütubətinin qoxusu gəlirdi.
“Saat, yəqin, ən azı gecə birdir”, – deyə Kuzmin düşündü. Elə fikrinin təsdiqi kimi hansısa zəng qülləsində, həqiqətən də, gecə saat biri vurdu.
“Belə yerdə bütün məzuniyyəti qalasan… – mayor düşüncələrinə davam etdi. – Buranın təkcə təmiz havası bəsdir ki, hər şeyi – yaralanmadan sonrakı xoşagəlməzlikləri də unudasan. Bağçaya pəncərəsi açılan balaca bir ev götürmək olar. Belə gecələrdə pəncərəni taybatay açıb bürünərək uzanasan, yağışın səsinə qulaq asasan…”
– Siz onun ərisiniz? – faytonçu soruşdu.
Kuzmin cavab vermədi. Faytonçu düşündü ki, hərbçi onun səsini eşitməyib, ikinci dəfə soruşmağa da cürət eləmədi.
“Aydındır ki, əridir, – deyə kişi fikirləşdi. – Camaat da boş-boş danışır ki, o, ərini hələ müharibədən qabaq atıb. Yalan deyirmişlər…”
– Ax, şeytan! – faytonçu qışqırıb sümükləri çıxmış atı qamçıladı. – Elə bil bunu xəmir yoğurmaq üçün tutmuşam! Diri tərpən!
“Nahaq, gəmi gecikib gecəyarısı gəldi, – mayor düşündü. – Axı nəyə görə Başilov, palatadakı qonşusu, onun Navolokidən keçəcəyini biləndə məktubu arvadına şəxsən çatdırmağı xahiş elədi? İndi gecənin bir aləmində camaatı oyatmaq lazım gələcək, Allah bilir nə düşünəcəklər!”
Başilov ucaboylu, masqaraçı adam idi. Həvəslə, özü də çox danışardı. Nəsə gülməli bir söz deməmişdən əvvəl özü uzun-uzadı qəhqəhə çəkərdi. Orduya çağırılmazdan qabaq Başilov kino rejissorunun köməkçisi işləmişdi. Ona görə də hər gecə palata yoldaşlarına məşhur filmlər barədə ətraflı söhbətlər edərdi. Yaralılar Başilovun hekayətlərini xoşlayardılar, hər axşam bu söhbətləri həvəslə gözləyər, onun yaxşı yaddaşına təəccüb edərdilər. İnsanları dəyərləndirməyə qaldıqda isə Başilov sərt və inadkar idi, ona etiraz edənləri ələ salardı. Amma bu rişxəndi də hiyləgərcəsinə – eyhamla, zarafatla edərdi, ələ salınmış adam isə yalnız iki-üç saatdan sonra birdən ayılardı ki, Başilov onu lağa qoyub, bu zaman sancmağa cavab axtarardı. Amma cavab vermək üçün də artıq gec olardı.
Kuzminin getməyinə bir gün qalmış Başilov arvadına çatdırmaq üçün ona bir məktub vermişdi. Bu zaman mayor ilk dəfə Başilovun üzündə çaşqın təbəssüm sezmişdi. Gecə isə Kuzmin Başilovun çarpayısında qurcalanıb burnunu çəkdiyini eşidirdi. “Bəlkə, elə də şit adam deyil, – mayor düşünmüşdü. – Bax, deyəsən, ağlayır. Deməli, sevir. Özü də çox sevir”.
Ertəsi gün Başilov Kuzminin yanından ayrılmamışdı. Ona uzun-uzadı baxmış, suqabı bağışlamışdı. Gedişinə az qalmış isə ikilikdə Başilovun gizlətdiyi bir şüşə şərabı içmişdilər.
– Niyə mənə elə baxırsınız? – Kuzmin soruşmuşdu.
– Yaxşı adamsınız, – Başilov cavab vermişdi. – Siz rəssam ola bilərdiniz, əziz mayor.
– Mən topoqrafam, – Kuzmin demişdi. – Belə baxanda elə topoqraf da rəssam kimidir.
– Niyə ki?
– Səfil olurlar.
– “Sürgün olunmuşlar, səfillər və şairlər, – Başilov istehza ilə dedi. – Kim bunlardan olmaq istəyibsə, heç nə bacarmayıb”.
– Bu kimin sözüdür?
– Voloşinin33
Maksimilian Aleksandroviç Voloşin (1877-1932) – rus şairi, mənzərəçi rəssamı, tərcüməçisi, ədəbi tənqidçisi
[Закрыть]. Amma məsələ bunda deyil, mən sizə həsəd apardığım üçün baxıram. Vəssalam!
– Nəyə görə həsəd aparırsınız ki?
Başilov stəkanı diyirləndirib stula yayxanaraq gülümsəmişdi. Onlar hospitalın qurtaracağında həsir masanın ətrafında oturmuşdular. Bayırda külək cavan pöhrələri yırğalayır, yarpaqları xışıldadır, tozu ətrafa yayırdı. Çay tərəfdən şəhərin üzərinə qara buludlar gəlirdi.
– Nəyə görə həsəd aparıram? – Başilov təkrar soruşub qırmızı əlini mayorun əlinin üstünə qoymuşdu. – Hər şeyə, hətta sizin əlinizə də…
– Heç nə başa düşmədim, – deyə Kuzmin ehtiyatla əlini çəkmişdi. Başilovun soyuq əlinin təması ona xoş gəlməmişdi. Amma Başilov bunu duymasın deyə elə etmişdi ki, guya şüşəni götürüb şərab süzmək üçün əlini çəkib.
– Heç başa düşmək də lazım deyil, – Başilov əsəbi şəkildə cavab verərək susmuş, sonra baxışlarını yerə dikərək cavab vermişdi. – Kaş ki yerimizi dəyişə biləydik! Nə isə, bunların hamısı boş şeydir! İki gündən sonra Navolokidə olacaqsınız. Olqa Andreyevnanı görəcəksiniz. O sizin əlinizi sıxacaq. Bax buna görə də sizə həsəd aparıram. İndi, heç olmasa, başa düşdünüz?
– Belə deməyin! – karıxmış mayor cavab vermişdi. – Siz də arvadınızı tezliklə görəcəksiniz.
– O mənim arvadım deyil! – Başilov sərt şəkildə cavab vermişdi. – Yaxşı ki, “həyat yoldaşı” sözünü işlətmədiniz.
– Bağışlayın… – Kuzmin mızıldanmışdı.
– O mənim arvadım deyil! – Başilov bayaqkı kimi sərt şəkildə təkrarlamışdı. – O mənim hər şeyimdir! O mənim həyatımdır! Eh, nə isə… bu qədər kifayətdir.
O ayağa qalxıb Kuzminə əl uzatmışdı:
– Əlvida! Mənə qəzəbiniz tutmasın. Mən başqalarından heç də pis deyiləm.
***
Fayton torpaq bəndə qalxırdı. Getdikcə daha zülmət qaranlıq əmələ gəlmişdi. Qoca söyüd ağacı mürgülü kimi yırğalanır, yarpaqlarından yağış damlaları süzülürdü. At nalları ilə körpünün döşəməsini taqqıldadırdı.
“Doğrudan da, uzaqmış”, – fikirləşərək mayor ah çəkdi. Sonra üzünü faytonçuya tutub dedi:
– Sən məni evin yanında gözləyib limana geri apararsan.
– Olar, – faytonçu dərhal razılaşıb ürəyində düşündü: “Yox, əri deyil. Əri olsaydı, gecəni qalardı. Deməli, yad adammış…”
Çaydaşından salınmış küçə başlanırdı. Faytonun dəmir çarxları daş döşənmiş yolla silkələnə-silkələnə irəliləyirdi. Sürücü faytonu yol kənarına döndərdi. Çarxlar yaş torpaqda yüngülcə sürüşdü.
Kuzmin yenidən fikrə getdi. Bax Başilov ona həsəd aparırdı. Əlbəttə, burda həsəd aparılacaq heç nə yox idi. Sadəcə, Başilov lazımi söz işlədə bilməmişdi. Hospitalın pəncərəsi önündə Başilovla söhbətdən sonra, əksinə, Kuzmin ona paxıllıq etməyə başlamışdı. “Yenə də münasib söz olmadı”, – mayor dilxorcasına düşündü. Həsəd aparmırdı. Sadəcə, təəssüflənirdi. Ona görə ki artıq qırx yaşı vardı, amma heç vaxt Başilov kimi sevə bilməmişdi. Həmişə tənha olmuşdu.
“Gecədir… Yağış boş bağçaları döyəcləyir. Yad şəhər… Çəmənlər dumana qərq olub… Beləcə həyat keçib-gedir”, – nədənsə Kuzmin kədərlə düşünürdü.
Yenidən könlündən bu şəhərdə qalıb yaşamaq keçdi. Onun artırmasından çayətrafı çəmənlər, geniş yoxuşlar, bərədə daşınan ot arabaları görünən kiçik rus şəhərlərindən xoşu gəlirdi. Bu heyranlıq hissi onu təəccübləndirirdi. Özü cənubda, dənizçi ailəsində boya-başa çatmışdı. Tədqiqatlara, coğrafi xəritələrə, sərsəri həyata həvəs elə atasından ona keçmişdi. Elə buna görə də topoqraf olmuşdu. Bununla belə, seçdiyi bu sənəti təsadüfi hesab edirdi. Düşünürdü ki, başqa bir zəmanədə doğulsaydı, o, ovçu, ya da yeni torpaqlar kəşf edən səyyah olardı. Onun özü haqqında belə düşünməkdən xoşu gəlirdi, amma yanılırdı. Çünki xasiyyətində bu peşə sahiblərinə xas heç nə yox idi. Təbiətcə utancaq idi, ətrafdakılarla yumşaq davranırdı. Saçlarına düşmüş azacıq dən onun yaşını ələ versə də, arıq, bəstəboy olduğu üçün ona heç kim otuzdan yuxarı yaş verməzdi.
Fayton, nəhayət, qaranlıq şəhərciyə girdi. Yalnız bir evin – o da, ola bilsin ki, əczaxana olduğu üçün – şüşə qapılarının arxasında mavi lampa yanırdı. Küçənin sonu dağlara çıxırdı. Faytonçu endi ki, at üçün qalxmaq rahat olsun. Kuzmin də aşağı endi. O, faytondan bir az aralı gedərkən birdən öz həyatının qəribəliyini düşündü.
“Mən haradayam? Hansısa Navolokidə… gözdənuzaq bir yerdə. Atın nallarının altından qığılcım sıçrayır. Haradasa yaxınlıqda naməlum bir qadın var. Gecəykən ona çox vacib, bəlkə də, qəmli bir məktub çatdırmalıyam. Amma iki ay bundan qabaq cəbhədə – Polşadaydım. Geniş, sakit axan Visla44
Visla – Polşada ən böyük çay; bol sululuğuna görə Avropada Nevadan sonra ikinci çaydır. Visla çayının uzunluğu 1047 km-dir.
[Закрыть] çayının sahillərində… Qəribədir! Həm də maraqlıdır…”
Dağ yolu qurtardı. Faytonçu yan küçəyə döndü. Buludlar dağılmışdı, qaranlıq səmada adda-budda ulduzlar parlayır, əksi gölməçələrdə bərq vuraraq sönürdü.
Fayton mezoninli55
Mezonin (ital. mezzanino – yarımmərtəbə, mərtəbəarası. Kökü yunan sözüdür; mezos – orta deməkdir) – 1) çardaq mərtəbəsi, qüllə otaq. Evin yuxarısında, bəzən də orta hissədə alçaqtavanlı, kiçik tikilidir, adətən, qarşısında balkon olur. Çox vaxt kvadrat, üçkünc formada tikilir. Bəzən otaq kimi deyil, binaya dekorativ görünüş vermək üçün düzəldilir; 2) teatrda yuxarı oturacaqlardakı ilk sıra.
[Закрыть] bir evin yanında dayandı.
– Çatdıq! – faytonçu dedi. – Zəng doqqazın sağ tərəfindədir.
Kuzmin əlhavasına qapı zənginin taxta dəstəyini tapıb dartdı. Amma heç bir zəng səsi eşitmədi. Təkcə paslı məftilin cingiltisi eşidildi.
– Möhkəm dartın, – faytonçu məsləhət gördü.
Kuzmin bu dəfə zəngin dəstəyini daha möhkəm dartdı. Evin dərinliyində zəng səsi eşidildi. Amma evdə əvvəlki kimi sakitlik idi, görünür, zəng səsinə heç kim oyanmamışdı.
– O-ho! – faytonçu əsnədi. – Yağmurlu gecə ən şirin yuxu zamanıdır.
Kuzmin bir az da gözləyib zəngi yenidən çaldı. Taxta dəhlizdə addım səsləri eşidildi. Kimsə qapıya yaxınlaşıb dayandı, dinşəyib narazı halda soruşdu:
– Kimsiniz, nə lazımdır?
Mayor cavab vermək istəyirdi ki, faytonçu onu qabaqladı.
– Qapını aç, Marfa, – dedi. – Olqa Andreyevnanın yanına cəbhədən gələn var.
– Kim gəlib ki? – qapının arxasındakı səs yenidən kobud şəkildə dilləndi. – Biz heç kimi gözləmirik.
– Gözləmirdiniz, özü gəldi!
Qapı zəncirli olduğu üçün tam açılmadı. Kuzmin qaranlıqda kim olduğunu, gəlişinin səbəbini dedi.
– İlahi! – qadın səksəkəli şəkildə qapı arxasından qışqırdı. – Nə narahatçılıq?! İndicə qapını açaram. Olqa Andreyevna yatır. İçəri girin, mən indi onu oyadaram.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.