Текст книги "Colan Türkmanları"
Автор книги: Əli Şamil
Жанр: Прочая образовательная литература, Наука и Образование
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Əli Şamil
Colan Türkmanları
ÖN SÖZ
Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yöndən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Golan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbranilərin Ramat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvadrat kilometrə yaxındır. Suriyanın Güney-Batısında, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Buradan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq dənizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir (Bax: http://www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.
1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək buradakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasındakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaçdılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.
Colan təpələrində gedən qısa savaşdan Sovet mətbuatında illərlə məqalələr verildi, radio-televiziya verilişləri hazırlandı, İsrailin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet diplomatları beynəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qorumaq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstəklədi. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğundan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gündəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı yazılarında, verilişlərində bizim bu soydaş və dindaşlarımızın varlığı dilə gətirilmədi, İsrail hökumətinin onları necə cətin duruma salmasından söz açılmadı.
İsrail höküməti Colan təpələrini 1981-ci ildə öz ərazisi elan edərək, burada 33 yaşayış məskəni saldı. Xarici ölkələrdən gətirilmiş 15 min nəfər Colanda yerləşdirildi, onlara İbrani dili öyrədildi. Dünyanın müxtəlif guşələrində yaşamış, maddi və mənəvi sıxıntıdan bezmiş, necə deyərlər, irqindən, dilindən asılı olmayaq, firavan yaşayış arzulayanlar çox keçmədən burada yəhudiləşdirildi (Bax: http://www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Onların arasında sənədlərini saxtalaşdıraraq nənəsinin, babasının Yəhudi olduğunu göstərən Azərbaycandan getmiş Türk, Talış, Tat, Ləzgi, Avar, Kürd və b. xalqların nümayəndələri də vardı.
Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul etdi ki, İsrail hökumətinin işğal etdiyi bölgələrdə Yəhudi yaşayış məskənləri yaratması yolverilməzdir. Lakin bu qətnamələr, qınaqlar İsrail hökumətinin fəaliyyətini durdura bilmədi.
Colandakı İsrail zülmündən qaçan soydaşlarımızın bir qismi Dəməşq şəhərinin ucqar məhəllələrində özlərinə sığınacaq quraraq yerləşdi, bir qismi isə Türkiyə Cümhuriyyətinə köçmək məcburiyyətində qaldı. Bol sulu, məhsuldar torpaqlı, sərin və sağlam havalı kəndlərdə yaşamağa, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa alışmış insanların bir çoxu Dəməşq kimi izdihamlı şəhərdə qalmağa alışa bilmədi. Stresdən və mühiti dəyişməkdən ölənlərin sayı artdı. Buna görə də, sülh bağlanacağına, İsrail əsgərlərinin işğal etdikləri əraziləri boşaldacaqlarına, ata-baba yurdlarına dönəcəklərinə inananlar Colanın Suriyada qalmış hissəsinə qayıdaraq orada özlərinə ev tikməyə, güzaran qurmağa, əkin-biçinlə məşğul olmağa başladılar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da colanlı soydaşlarımızın taleyi mətbuatımızın, radio-televiziyamızın, ictimai-siyasi xadimlərimizin diqqətini çəkmədi. Ayrı-ayrı vətənsevərlərin məqalələri, radio və televiziyada hazırladıq-ları verilişlər də ictimaiyyətə elə bir təsir göstərmədi. Türk-manların folkor materiallarını toplamaq, dialekt və şivələrini, adət-ənənələrini öyrənmək üçün elmi ekspedisiyalar təşkil edilmədi. Halbuki buna imkan və şərait var idi…
Təkcə Colanda yaşamış soydaşlarımızdan yox, Suriyada, İraqda, hətta Türkiyədə yaşayan, Türkcə danışan, İslam dininə inanan insanlarımızdan söz açanlar gah Türk, gah Türkmən, gah da Türkman deyir və yazırlar. Bu termin fərqlilikləri oxucuda çaşqınlıq yaratmasın deyə araşdırıcı Əfzələddin Əsgərovun “Ümumtürk folkloru tarixində Oğuznamə yaradıcılğı” kitabının “Oğuznamənin etnik auditoriyasi” fəslindəki “Türkmanlar” yarımbaşlığından bəzi parçaları aşağıda veririk.
Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranmasına və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıxmışdır. Həmin yüzildə birdən-birə Çin qaynaqları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Türkmanlar Oğuzların İslamı qəbul etməsindən ən azı 200 il öncə bir etnos olaraq mövcud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içərisinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qəbul edib Türkmanlara qatılması bu etnosun taleyində mühüm rol oynadı.
Etnosdan, etnosun və etnik sistemin varlığından söz açan araşdırıcı yazır: “Etnosun varlığı etnik sistemin varlığından, ömrü isə etnik sistemin yaşamasından asılıdır. Etnik şüurun ifadəsi kimi etnik adın yaşaması etnik sistemin qorunması hesabına etnosun öz varlığını davam etdirməsindən qaynaqlanırdı. Buradan aydın olur ki, Oğuzların (ümumiyyətlə, Türklərin) İslam dinini qəbul etmələri hələ onların etnik mənada “Türkman olmaları” demək deyildi. Oğuz etnik sisteminin içərisində İslamı qəbul edən Oğuz, sadəcə olaraq, “Müsəlman Oğuz” idi və “Müsəlman Oğuz” ifadəsini “Türkman” etnoniminin anlamı kimi yox, yalnız bu mənada işlətmək olar. Oğuzların İslam dinini qəbul etmələri “Türkman olmaları” ilə nəticələnmədi. Onlar öz etnik sistemlərini qorumaqla Türkman dünyasının içərisində etnoloji baxımdan subetnos olaraq varlıqlarını davam etdirirdilər” (Əsgərov Əfzələddin, 2014:24-42).
Oturaq həyata keçən türksoylular özlərinin etnik adlarını itirdikləri üçün ümummilli adla, yəni Türk adı ilə tanınırdılar. Bununla bərabər, haqqında danışdığımız oturaq və ya yarımköçəri əhali bu adla tanınmadı. İş burasındadır ki, onlar oturaq və ya yarımköçəri olmaqla yanaşı, İslamı qəbul etmiş ilk Türklər idi və onların götürdükləri Türkman adı bu sonuncu hadisəni ifadə edirdi. Elə ona görə də, bu ad ilk vaxtlar etnik anlamla yanaşı, rəmzi olaraq «Müsəlman Türk» anlamında da işlənirdi. İslam dinini qəbul edən Oğuzun «Türkman olma» şəklində ifadəsi etnonimin sonuncu anlamı ilə bağlıdır və şübhəsiz ki, VIII-XII əsrlərdə Qarluqların, Qıpçaqların, Uyğurların vb. İslam dinini qəbul etməsi də məhz deyilən şəkildə ifadə olunmuşdur. Türkman etnoniminin «Müsəlman Türk» anlamı onun o dövrdə Tanrıçı Türk dünyasını İslama çağırış rəmzi kimi istifadə olunduğunu göstərir. Belə məlum olur ki, «Müsəlman Türklər» Tanrıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləşdirmək iddiasında olmuşdur. Bu mənada Türkman etnonimi bir müddət ümummilli Türk etnoniminin yerini tutmaq sevdasına düşmüşdür.
Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanqlı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaqların olması haqqında məlumatlar da az deyil.
Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan onlarla dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xarəzmşahlar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəkasının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).
Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əsgərovun araşdırmalarına dayanaraq onların adını Türkman yazacağıq. Yararlandığımız qaynaqlardan alıntı (sitat) gətirdikdə isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.
* * *
Çox ilgincdir ki, Colanda yaşayan soydaşlarımız Ərəblərin içərisində yaşayıb, Ərəb dilində təhsil alsalar da, hər gün Ərəb dilində qəzet-jurnal, kitab oxusa və radio-televiziya verilişlərinə qulaq assalar da, öz dillərinin təmizliyini qoruyub saxlaya biliblər. Bizim Ərəb və Fars dillərindən alaraq ədəbi dilimizdə işlətdiyimiz peyğəmbər, mələk, ağıl, mədə… sözlərini onlar əksi Türkcədə olduğu kimi, ulak, gögçək, us, qursaq şəklində işlədirlər. Klassik ədəbiyyatımızdan bizə tanış olan və dialektlərimizdə ilişib qalan əksi Türk sözərinin bir çoxunu Colan Türkmanları danışıqlarında işlədirlər. Ədəbi dilimizə Fars dilindən gətirilmiş bir sıra yayğın sözlərə də onların danışığında və yazısında rast gəlmirik. Colan Türkmanlarının danışığında işlədilən yılan, yıldırım, yıldız vb. bu kimi söz variantları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların dilində hələ də yaşayır.
2011-ci ildən bəri Suriyanı bürümüş qanlı toqquşmalar yenə də soydaşlarımızın həyatını cəhənnəmə döndərdi. Silahlı toqquşmalar, bombalamalar dinc əhalini çıxılmaz duruma saldı. Azərbaycan mətbuatı, radio-televiziyası, ictimai-siyasi xadimləri isə yenə də susdu…
Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müxtəlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haqqında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya getmək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türkmanları mövzusunu aktuallaşdırdı. Biz də kitabımızı bir daha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.
Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilərindən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlədilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikinci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türkmanları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənənələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaqdadır.
İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmənoğlu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haqqında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən, məqalələrini və çıxışlarını yaratdığı http://halapturkmen.blogcu.com/ saytında yerləşdirən Dr.Muhtar Fateh Muhammedlə son günlər internet vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Dr.Muhtar Fateh Muhammed Hələbdə doğulsa da, hazırda, İzmirdə yaşayır və uşaq həkimi işləyir. Dr.Muhtar Fateh Muhammed kendinın özel saytında Suriya Türkmanları haqqında çoxlu yazılar var.
Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiqləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olmasına baxmayaraq nəinki mənim suallarıma cavab verir, göndərdiyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.
Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soydaşlarının taleyinə biganə qalmaqda suçlayır, yana-yana deyirdi ki, bizə maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuatlarında, radio-televiziyalarında Suriyada döyüşlərin çoxunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.
Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snayperçilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atılmır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xristianların burnu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millətlər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didərgin düşür, ona sərt təpki göstərən yoxdur. Heç adımızı da çəkmirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, qruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz minlərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.
SURİYA TÜRKMANLARININ TARİXİNƏ QISA BİR BAXIŞ
Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəlman Ərəb ölkəsi kimi tanınır. Ölkə Doğudan İraq, Batıdan Ağ dəniz, Güneydən İordaniya və Quzeydən Türkiyə ilə sərhəd-dir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə – quberniyaya (muhafazaya) bölünür. Ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus dedikləri Dəməşq şəhəridir.
Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə (ya da Ərəb Ələvilərinə)11
Bu haqda geniş bilgi üçün “Mətinlər və xəritələr” bölməsinə baxmalı
[Закрыть], Şiələrə, Sünnilərə, Durzilərə22
Bu haqda geniş bilgi üçün “Mətinlər və xəritələr” bölməsinə baxmalı
[Закрыть], Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nusayrilərdir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).
Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.
Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.
Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.
Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.
Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşımlar üzərində dayanmadan Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.
Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Dəməşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xilafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).
SURİYADA TÜRKLƏRİN HAKİMİYYƏTİ
Miladdan bu yana Suriyada Türklərin qurduğu ilk hökumət Tulunilər adlanır. Abbasilər xilafətinin Misirdəki valisi, ordu komandiri, mənşəcə Oğuz Türkü olan Əhməd ibn Tulun Misiri, Suriyanı, Fələstini, Livanı, Süğüru (Xilafətin Bizansla sərhəd əyalətləri) və b. bölgələri birləşdirərək Xilafətdən asılı olmayan Tulunilər dövlətini yaradır. O, Fustat şəhəri yaxınlığında ölkənin yeni paytaxtı-Qatai şəhərini saldırmış, geniş quruculuq işləri aparmışdır. (ASE, 1986:370). 868-ci ildə yaradılan bu dövləti 884-cü ilədək Əhməd ibn Tulun idarə edir. O, vergiləri azaldır, islahatlar həyata keçirir. Nəticədə, ölkədə əmin-əmanlıq yaranır, qanunlara ciddi əməl edilir, əhalinin güzaranı yaxşılaşır, geniş quruculuq işləri başlayır.
Əhməd ibn Tulundan sonra 884-895-ci illərdə oğlu Xumaraveyh, nəvələri Ceyş 895-896-cı illərdə, Harun 896-904-cü illərdə, Şeyban ibn Əhməd 904-905-ci illərdə hakimiyyətdə olurlar. (ASE, 1986:370). Bu sulalənin hakimiyyəti illərində xeyli Qıpçaq Türkü Misirdə və Suriyada yerləşir.
Əmin Abid 1929-cu ildə “Dan yıldızı” jurnalında (Sayı: 5(29), səh. 30-32; Sayı: 8(32), səh. 28-29) çap etdirdiyi “Türk el ədəbiyyatina elmi bir baxış – “Oğuznamə” məqaləsində yazır: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuznamə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir.
“Oğuznamə” haqqında ilk məlumat öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodallardan Məlik Nəsrəddin Muhəmməd ibn Kalavunun (cilüsi(doğumu-Ə.Ş.) 1293, vəfatı 1340) saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək əd– Dəvadarinin əsəridir. Dəvadari 13-cü yüzilliyə qədər keçən vaqiələr haqqında, “Dürərüt-tican…” adlı bir tarix kitabı yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda İbrahim paşa kitabxanasının əlyazmaları qismində görmüş və tədqiq etmişəm (Kitabxana nomrə 913).
Bu kitabın Türklərə aid qismində müəllif həm Qıpçaqlara, həm də Oğuzlara aid izahat verərək “Oğuznamə”dən də bəhs edir: “Əski Türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu Xan Ata Bitiqçi” deyilən kitabdır ki, bunun mənası “Böyük Xan Ata kitabı” deməkdir. Bu kitab ilə Moğullar və Qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə tutulmaqdadır. Bu kitab Moğulların yaranışı və başlanğıcından bəhs edir. Moğul və Qıpçaqların “Ulu Xan Ata Bitiqçi” kitabı olduğu kimi, o biri Türklərin də “Oğuznamə” adlı kitabları vardır. Bu kitab Türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında bilgim vardır. Bu isə Türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!”.
Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin girişdiyi təfsilatdan anlayırıq ki, o, “Oğuznamə”nin Türkcə əslini görməmişdir. Onun gördüyü “Oğuznamə”nin Ərəbcəyə olan tərcüməsidir. Bu nüsxəni nə münasibətlə görməyə müvəffəq olduğunu Dəvadari bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qismi üçün qiymətli bir vəsiqədir.
…Hicri təqvimi ilə 709-cu il tarixində (miladi ilə 1308-ci ilə təsadüf edir – Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin də mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarındadır – Ə.A.) idi. Burada bir gün bir məclisdə Tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxənin həmin yeganə nüsxə olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.
Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibn Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi isə sarı rəngli ipəkdən işlənmişdi, kitabın altundan ayrıca bir qapağı da vardır.
Yoldaşlarım Mənsur əl Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qismləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.
Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibn Bəxtişu tərəfindən tərcümə olunmuşdur. Abbası xəlifələrindən və Cəfəri Bərməki ilə Harun ər-Rəşid, Muhəmməd əl-Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorluğu yapan Cəbrail ibn Bəxtişun əlavəsinə görə, “Oğuznamə” əvvəlcə Türkcədən Farscaya tərcümə edilmiş və sonralar özü tərəfindən hicri təqvimi ilə 211-ci il tarixində (miladi ilə 826-cı il) Farscadan Ərəbcəyə tərcümə olunmuşdur.
Bu Farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasaninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir” (Abid Əmin, 1930:48-52, sayı 3).
“Kitab-i Dədə Qorqud” haqqında Azərbaycanda ilk dəyərli bilgilər verən, maraqlı araşdırmalar aparan Əmin Abidin qeydindən də aydın görünür ki, Misir və Suriyada yerləşən Qıpçaqlar-Tatarlar güclü bir Türklük şüuruna sahib imişlər. Onlar öz tarixləri ilə bağlı kitabları oxuyur, müzakirə edir, araşdırır və üzünü köçürüb gələcək nəsillər üçün saxlayır-mışlar.
Tulunilər sülaləsi və onların qurduqları hökumət haqqında Əbülfəz Əliyev (Elçibəy) 1969-cu ildə “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu dissertasiya kitab halında Türkiyədə və Azərbaycanda nəşr edilib. Bu araşdırmada Tulunulərdən ətraflı danışılsa da, onların dövlət qurduqları ərazidə Türklərin necə yerləşdirildiyindən, haralarda məskunlaşmalarından geniş söhbət açılmamışdır.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?