Текст книги "Alagöz"
Автор книги: Meyxoş Abdullah
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 3 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Meyxoş Abdullah
Alagöz
povest
1
Buraxılışa məsul:
Nizami Əlisoy
Mətn tərtibatı:
Yusif Əsgər
Yekun oxunuş:
Günel Haşımlı
Meyxoş Abdullah. Alagöz.
Bakı, “Köhlən” nəşriyyatı, 2022, 206 səh.
© Meyxoş Abdullah / 2015
© Köhlən Nəşriyyatı / 2021
İSBN: 978-
9952-****-*-*
Müəllifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəlliflik hüququ qanunvericiliyinə əsasən qadağandır!
2
Əziz oxucu,
əgər sənə görə dünyada həyatdan qiymətli heç nə yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb. .
3
… Payızın son ayı idi. Builki payız yağışlı, yağmurlu gəldiyinə görə, çöllərdə ot-ələf topuğacan qalxmışdı… Sanki payız yox, yaz fəsliydi. Ucu-bucağı görünməyən çöllükdə mal-qaranın, qoyun-quzunun səhərdən axşamacan ağzını yerdən ayırmadan otlaması adama özgə ləzzət verirdi. Bu mənzərəyə
tamaşa etdikcə yadıma, hələ uşaqikən ahıllardan eşitdiyim
“Dilsiz-ağızsız mal-qaranın da Allahı var” sözləri düşdü.
Yəqin, yaşlılar belə deyərkən, Allah-təalanın “dilsiz-ağızsız”
yaratdığı heyvanlara payızın bu son ayında bu cür bol ruzi verməsini nəzərdə tutublarmış. Yoxsa, mal-qara da insan deyil ha, baxt-taleyi gətirsin, vəzifəsi, ev-eşiyi olsun. Bu heyvanların elə bolluca ot-ələfi olsa, “Allahlarına şükür edərlər də…”
Hər gün işdən sonra yorğun-arğın evə dönəndə yolumu mal-qara örüşünün yanından salardım. Bilmirəm, nədənsə
yorğun vaxtlarımda iki şeyə tamaşa edəndə dincəlirəm: yamyaşıl çəmənliyə, bir də axar suya baxanda.
Bu gün işim az olduğuna görə bir az ertədən çıxmışdım.
Dünyanın işlərini götür-qoy edə-edə göy otların üstüylə
yeriyirdim. Çəmənlikdə yerimək o qədər rahat, o qədər xoş
olur ki, elə bil xalça üzərində gəzirsən.
Beləcə bir xeyli addımladım. Məndən bir az aralıda, əlli-əlli beş yaşlarında, hündürboylu, arıq bir kişi mal-qara otarırdı. Onu burada əvvəllər də görmüşdüm. Həmişə də, yedəyində qızılı rəngdə olan bir dayça olardı. Qəribə idi, kişi 4
dayçanın noxtasını əlindən buraxmazdı. Elə bil, dayça quş idi, buraxsaydı onu tutmaq mümkün olmayacaqdı.
Mən kişinin yanına çatanda salam verdim; “bərəkətli olsun” dedim. O, çönüb salamımı aldı. Sonra məndən papiros istədi. Çıxarıb ona bir papiros verdim, birini də özüm yandırdım. Üz-gözündən yerli adama oxşamırdı, danışığı da başqaydı.
O, papirosa bir-iki qullab vurduqdan sonra:
– Görürsən də, qardaş, maşallah, builki payız yaxşı gəlib.
Heyvanlar payızda özlərini götürsələr qışda qorxusu olmaz.
Heç olmasa, bu dilsiz-ağızsız heyvanlara Allahın rəhmi gəlsin, yazıqdılar, – dedi. Sonra isə dərindən köks ötürdü. –
Bizimkisə Allahlıqdan keçib, qardaş. Biz özümüz öz əlimizlə
evimizi yıxmışıq, buna Allah neyləsin.
Kişinin birdən-birə söhbətə belə dərindən başlaması, onun dərdli adam olduğuna məndə şübhə yeri qalmadı.
Ömrümboyu maraqlı adamlar, qəribə hadisələr arzusunda olduğum üçün bu yeni tanışımla söhbətə nərdivan qoymaq, onu danışdırmaq məqsədiylə dedim:
– Qardaş, deyəsən biz tərəflərdən deyilsən?!
Kişi gözlərini qıyıb papirosundan dərin bir qullab aldı.
Sonra papirosun tüstüsünü burnunun dəliklərindən elə
məharətlə fısqırtdı ki, elə bil özünü mənə göstərib, demək istəyirdi: “Sən də belə edə bilərsənmi?!”
– Hə, buralı deyiləm, – dedi. – Baxt-taleyi qara gəlmiş
Qarabağ tərəfdən, Kəlbəcərdənəm. Qaçqın düşəni, bir müddət Bakıda oğlumun yanında yaşadım. Sonra gördüm ki, yox, ömrüboyu dağda-dərədə gəzib dolaşan adamın quru asfalt üstündə nə ölümü var? Bura mənim yerim deyil, mən belə şeylərə öyrəşməmişəm. Bir gün oğluma dedim ki, əgər 5
ölümümü istəmirsənsə, mənə rayonların birində yer tap, qoy bir-iki baş mal-qara saxlayım, başımı onlarla qatım.
Oğlumun sizin rayonda bir tələbə yoldaşı vardı. Məni gətirdi onun yanına. Sağ olsun, bizi yaxşı qarşıladı. Bir müddət məni evində qonaq da saxladı. Sonra narahat olduğumu görüb, hökumət evlərinin birində mənim üçün mənzil almaq istədi. Razı olmadım. Ondan xahiş etdim ki, məni kəndlərin birində yerləşdirsin, mal-qara saxlamaq istəyirəm. O da sözümü yerə salmayıb, məni Qoşatəpə
kəndinə gətirdi və ailəsiylə Rusiyada yaşayan bir adamın boş
qalmış evində yerləşdirdi. Elə o gündən burada yaşayıram.
Beş-altı baş qoyun, bir baş da inək aldım. Elə işim-gücüm heyvanları qabağıma qatıb otarmaqdır. Neyləyim, birtəhər başımı girələyirəm də, Əzrayıl gələnəcən.
O, danışdıqca tük basmış sir-sifətinə, həsrət dolu gözlərinə baxıram. Nələr oxunmur o donuq baxışlardan.
Yurd-yuvasından didərgin düşmüş bu insanın gözlərinə
baxmaq, adama nə qədər çətin gəlir. Təkcə bu idimi?! Yox!
Rastlaşdığımız yüzlərlə, minlərlə qaçqın insanın gözlərindən dərdlərini oxumaq olurdu. Onlar yuvalarından perik düşmüş
quşlara bənzəyirlər. Hər sözdən, hər baxışdan diksinirlər.
Söhbət zamanı adamın gözlərinin içinə baxmağa ehtiyyat edirlər, utanırlar elə bil. Bəlkə də fikirləşirlər ki, yurd-yuvalarını qoyub qaçdıqlarına görə, kimsə onları söyəcək, danlayacaq. Fikirləşirsən, axı, bu biçarələrin nə günahları var?! Torpağı satan, Vətən satan kənarda qalıb, ona gözünüstə qaşın var deyən yoxdur, amma əldən gedən əlsiz-ayaqsızlardır.
Bayaqdan kişi söhbət etdikcə, ipini əlində tutduğu qızılı rəngli dayça ayağını bir addım da olsun kənara qoymur, elə
6
sahibinin yan-yörəsində hərlənirdi. Arabir də uzunsov, nazik başını kişinin qoltuğuna soxub fınxırırdı. Kişi də bundan xoşlanan kimi olur, əlini sırıqlısının cibinə salıb, oradan bir az arpa çıxarıb ovcunda tutur və onu yedizdirirdi. Dayçanı belə əzizləməsini görüb dedim:
– Yaxşı heyvandır, amma çox balacadır. Bir az böyüyünü alsaydın yenə ayaqlarını yerdən götürərdi.
Mənim bu sözlərimdən sonra kişi bir ah çəkdi. Doğrusu, onun ahı elə dərindən oldu ki, bu sözləri dediyimə peşiman oldum. Dönüb onun gözlərinin içinə baxdım. Bu nədir, deyəsən, o, ağlayırdı. Özümü itirdim. Fikirləşdim ki, axı ona nə dedim ki, o belə kövrəldi? Bayaqdan ev-eşiyindən, qaçqın həyatının dözülməzliyindən danışarkən özünü toxtaq tutan bu kişiyə nə oldu ki, birdən-birə bu hala düşdü?
Mənim məyus olduğumu hiss etdiyindən, özünü ələ alıb zorla gülümsəməyə çalışdı.
– Bilirsən, qardaş, sən mənim yaralarımın qaysağını qopartdın. Bu neçə ili mənim başıma dəhşətli hadisələr gəlibdir. Danışmaqla qurtaran deyil. Amma qanını qaraltmaq istəmirəm.
Ürəyimə danmışdı ki, bu kişidən nə isə maraqlı bir şey eşidəcəyəm. Odur ki, zarafatla dedim:
– Əşi, gəl oxunu atıb, yayını gizlətmə, sözünü de.
Qanımın qaralmağına gəlincə, narahat olma, indi bütün millətin qanı qaradır.
Bu sözlərimdən sonra çiyninə saldığı sırıqlısını götürüb göy otların üstünə sərdi və mənə oturmağı təklif etdi. Özü isə dayçanın qıçlarını çəpçidar edib yanımda əyləşdi. Yerini rahatlayıb söhbətə başladı:
7
– Nə deyim, qardaş, mən Kəlbəcərdənəm. Bilmirəm, o tərəflərdə olmusan, ya yox, oralar özgə aləmdir. Dünyanın hansı nemətini axtarsaydın, orda tapardın. Dağı, dərəsi, gülü, çiçəyi adama gəl-gəl deyirdi. Allahın orada yaratdığı hər şey insana məlhəmdi. Ot-ələfindən xəstəyə, azarlıya min cür dərman hazırlamaq olurdu. Qışı qış, yayı da ki, yay idı. O
cənnət deyirlər ha, vallahi elə oraydı. Hərənin qapısında bir sürü mal-qarası vardı. Dolanışığımız, geyim-kecimimiz yaxşıydı. Mən özüm qoyun fermasında baş çoban idim.
Bilirsən də bu nə deməkdir? Ev-eşiyimdəki, nə deyim, biri-birinə deyərlər e, top vursan dağılmazdı. Günüm çöldə-bayırda keçərdi. Canımda ki buz baltası kimiydi. Xəstəlik-zad nədir bilməzdim. Qışın oğlan çağında, bir də gördün ürəyimdən soyuq su içmək keçdi. Pa, Allah təala suydu da vermişdi. Hər qayanın, hər daşın altında gözyaşı kimi bir bulaq qaynayırdı. Dizlərimi atardım yerə, o bal kimi şirin, bumbuz soyuq sudan doyunca içərdim. Nə isə, danışılası dərd deyil e… ağrın alım.
Uşaqlarım da çox deyildi. Allah mənə bircə oğul qismət eləmişdi. Həyat yoldaşım xəstə olduğuna görə, daha uşağımız olmurdu. Bir də Alagöz adında bir atım vardı. Sənə at deyirəm e… Qaçanda quş quşluğuyla elə səkəmməzdi. Bir yorğası vardı ki, adamı belində yuxu aparırdı. Elə azca yüyənini tərpədən kimi yerindən götürülərdi. Yalan olmasın, damağındakı papirosu yandıran saatı səni mənzilbaşına çatdırardı. O boyda Kəlbəcərin bütün yaylaqlarını Alagözlə
qarış-qarış gəzmişəm. Sol budunun üstündə “H” hərfi damğalatdırmışdım. Öz adımın baş hərfiydi.
Bunu deyəndə o, başını yelləyib əlini dizinə şırpdı və: 8
– Görürsən, – dedi, – heç tanış da olmamışıq. Mənim adım Həsəndir, – o, əlini mənə uzatdı. Mən də onun əlini sıxıb, – mənimki də Səlimdir, – dedim.
– Hə, ona görə atı damğalatdırmışdım ki, o tərəflərdə
hamının gözü bu atdaydı. Qorxurdum ki, oğurlayıb, eləllər.
– Qardaş, Alagöz adam kimi dil bilirdi. Bircə dəfə adını tutsaydım, harda olsaydı, bir də gördün ildırım kimi özünü yetirdi mənə. O kişnəyəndə dağa-daşa səs düşərdi, adam səksənirdi onun səsindən. Belinə qalxanda elə bilərdim ki, bütün dünyanı mənə veriblər, dərd-sərim unudulardı. Bircə
an da olsun Alagözsüz qala bilmirdim, xeyir şərə də onun belində gedərdim, inan mənə.
Həsən kişi bu yerdə bir azca söhbətinə ara verdi.
Nədənsə, onun əhvalı tamam dəyişdi, güclə nəfəs almağa başladı. Bir neçə dəfə udqundu. Elə bil, deyəcəyi sözlər boğazında ilişib qalmışdı. Ha udqunsa da, sözləri ağzından çıxara bilmirdi, gözləri yaşarmışdı. Bir azdan xırıltılı səslə
dedi:
– Bilirsən, qardaş, Kəlbəcərin ermənilərin əlinə keçməsi bizim belimizi qırdı. Heç bilirsən Kəlbəcərdə nələr vardı?
Kəlbəcər elə belə yer deyildi, çox varlı-karlı yerdi. Təkcə
mənim qapımda beş yüzdən artıq qoyun-quzu, əlliyə yaxın iribuynuzlu heyvan vardı. Xalça-palazı saymaqla qurtaran deyildi. Hamısı da qaldı erməniyə. Yatsaydım, yuxuma da girməzdi ki, Kəlbəcəri düşmənə verərlər. Oranın dağ-dərəsi, sıldırım qayaları, özü bir səngərdi düşmənə. Bizə kömək eləyən olmadı, bizi düşmənin qabağında əliyalın qoyan özümüzünkülər oldu. Yanıram e, qardaş, yanıram, tüstüm təpəmdən çıxır. Kömək edən olmadı kəbəcərlilərə. Hərə
9
ağzına gələni danışdı, işə gələndə isə tülkü kimi quyruqlarını qısıb aradan çıxdılar. Köməkləri görüm təpələrinə dəysin, barı, əl-ayağa dolaşmayaydılar, qoyaydılar biz başıdaşlılar özümüzə bir gün ağlayaq. Vallah, daşla, kəsəklə o düşmənlərin qabağına durardıq. Hanı, harda qaldı Kəlbəcərin gur-gur guruldayan vaxtlarında Bakıdan, Şəkidən tökülüşüb gələn, hər çeşmənin başında bir erkək asdırıb kabab çəkənlər?! Hanı, televizorda ağzı köpüklənə-köpüklənə,
“mənəm-mənəm” deyən dil pəhləvanları? Harda qaldılar? Ay evi dağılmışlar, bu xalqın evini dağıdıb, niyə balalarını düzdə
qoydunuz, hə?!
Qardaş, Kəlbəcərin ağır vaxtlarında, o böyük-böyük adamlar, siçan kimi kiçilib dəlmə-deşiyə girdilər. Bir dəstə
adam gəlmişdi, bax, bu kor olmuş öz gözlərimlə gördüm, camaatı qorxudurdular ki, tez olun, çıxın, qaçın, ermənilər sizi xocalılardan da beş-betər edəcəklər. Daş düşdü bizim də
başımıza, hər yoldan ötən köpəyoğlunun sözünə inanıb oradan çıxdıq.
Həsən kişi darıxdı. Məndən bir papiros yandırmağı xahiş
etdi. Papirosu alıb sümürdü. Elə bil acığını ondan çıxmaq istəyirdi.
–
Kəlbəcərə
ermənilər
hücum
edəndə
əhalini
vertalyotlarla daşıyırdılar, – Həsən kişi danışmağa başladı.
Çünki oradan çıxmağa başqa yol yox idi. Ağır xəstə olan həyat yoldaşımı çıxarmaq mümkün olmadı. O, yataq xəstəsi olduğundan, hay-küydən qorxaraq keçindi. – Bədbəxtin qızını heç torpağa da tapşıra bilmədim, elə evin içində, yataqdaca qaldı. Mən onun yanında olduğumdan fermadan xeyli aralanmışdım. Həmin vaxt Alagözü fermada bağlamışdım.
Ferma da kənddən xeyli aralıda idi. Can şirin şeymiş, qardaş, 10
mən onda bildim. Hər kəs öz hayındaydı. Hara gəldi qaçırdı.
Aləm dəymişdi bir-birinə, it yiyəsini tanımırdı. Mən, elə bil, yuxudaydım, ayıldım. Yadıma Alagöz düşdü. Bilirdim ki, bu cəhənnəm odundan onu qurtara bilməyəcəyəm. Dedim, heç olmasa heyvanı açım buraxım, yazıqdı. Ona görə də, fermaya tərəf qaçdım. Oraya az qalmış, gördüklərimdən dəhşətə
gəldim. Fermanı tamam yandırıb, kül etmişdilər. Ətrafda çoxlu heyvan ölüsü düşüb qalmışdı. Ermənilərin hərbi texnikası artıq fermadan aşağıya doğru, kəndə tərəf gəlirdi.
Alagöz gözümə dəymirdi. Onun öldü-qaldısından bir xəbər yox idi. Geriyə boylananda gördüm ki, artıq bizim kənd də ermənilərin əlindədir. Alışıb, yanan evlərin tüstüsü göyə qalxırdı. Elə bil, orada böyük bir tonqal qalamışdılar, hər yan od-alov içərisindəydi.
Mən əsir düşməmək üçün dərəaşağı qaçırdım. Yan-yörəmdə mərmilər partladığından az qalırdı ki, qulaqlarım tutulsun. Hara qaçdığımı heç özüm də bilmirdim, amma qaçırdım. Tələsdiyimdən başımdakı papağımı da salıb itirdim..
Qarşıdakı çayın kənarında bir neçə vertalyot vardı.
Camaatı onlara doluşdururdular. Güc-bəla özümü ora çatdırdım. Taqətim kəsildiyindən, addım ata bilmirdim.
Bizimkilərdən iki nəfər qolumdan yapışıb məni vertalyota mindirdi. İçəridə adamlar ət-ətə dayanmışdılar. Özündən gedən, qışqıran, qorxusundan bir-birinə sarılıb ağlayanları görəndə adamın tükləri biz-biz dururdu. İllah ki, o yerdə
arvad-uşaq ola.
Bir azdan vertalyot havaya qalxdı. Mən pəncərəyə tərəf sıxışdırıldığımdan aşağını əliçi kimi, apaydın görürdüm.
Torpaqdan ayrıldıqca ürəyim sıxılırdı, elə bil, əti dırnaqdan 11
ayırırdılar. Köklü-köməcli ağacı yerindən qopararsan e, xartıltısı aləmə düşər, bax, elə xartıldayırdı ürəyim, qardaş.
Bə nə bilmişdin, qarış-qarış gəzdiyin bu yerlərdən ayrılmaq, buna ayrılıq da deməzlər; qaçmaq, özü də hər şeyini –
malını, dövlətini, namusunu qoyub qaçmaq mənə ölümdən daha ağır gəlirdi. Hirsimdən başımı vertalyotun pəncərəsinə
çırpırdım. Sağ qaldığıma görə özümü lənətləyirdim. Axı, hara gedirsən, a bədbəxt oğlu, deyirdim, töküblər orda səninçün.
Minbir əziyyətlə, diş-dırnaqla tikdiyim ev-eşiyimin bircə anın içində külə döndüyünü, ömrünü-gününü mənim yolumda əridən həyat yoldaşımı, vaxtsız rəhmətə gedən ata-anamın qəbirlərini və canımdan artıq bildiyim Alagöz atımı fikirləşəndə özümü saxlaya bilməyib hönkür-hönkür ağladım.
Düşündüm ki, bunlarsız mən nə üçün yaşayıram?! Bundan sonra mən, axı, kimə lazımam?! Bircə oğlum Əhmədi yadıma salanda, ürəyim azca sakitləşirdi. Nə yaxşı ki, ona beş-altı il bundan qabaq Bakıda ev almışdım, evləndirib ailə-uşaq sahibi etmişdim.
Vertalyotdan yerə dördgözlü baxırdım. Baxırdım ki, bəlkə
Alagöz atımı gördüm. Əgər sağ qalmışdısa, yəqin ki, o da indi məni axtarırdı. .
O mənim kimi olmazdı, çox vəfalıydı. Alagöz məni heç vaxt darda qoyub qaçmazdı. Kaş, biz insanlar da, o dilsiz-ağızsız heyvanlar kimi bir-birimizə vəfalı, sadiq ola biləydik.
– Sənə Alagöz atımdan bir əhvalat danışım, qardaş, başağrısı olmasın, gör o at necə at idi.
Bir dəfə bərk xəstələnmişdim, yataqdan qalxmağa taqətim yox idi. Mal-qaraya da qonşumuz qulluq edirdi. Dedim də, həyat yoldaşım həmişə xəstə olardı. Bir gün qonşum mənə
12
dedi ki, ay Həsən, bilmirəm nə olubsa, Alagöz bir çəngə də
olsun belə ot-ələf yemir, deyəsən o da sənin kimi naxoşlayıbdır.
Güc-bəla ilə yerimdən qalxıb onunla bərabər tövləyə
getdim. At məni görən kimi nə oyun çıxartdı, bir öz gözlərinlə görsəydin. Başını qoyun-qoltuğuma soxub, məni imsiləyirdi. İlahi ki, onun gözlərindəki yaşı görəndə, özümü saxlaya bilməyib, boynunu qucaqladım.
Axurundakı ot-ələfi özüm yerbəyer edəndən sonra, Alagöz yemini yeməyə başladı. Qonşum bunu görəndə, əlini əlinə
vurub:
– Pa, atonan, day mənim bu ata sözüm yoxdur! – dedi.
O, belə at idi, qardaş. Mən isə onu od-alovun içində
qoyub, öz canımı götürüb qaçdım. Özü də yerlə də yox, göylə qaçırdım. Bu torpağın nemətini ye, suyunu iç, kefini çək, ara qarışan kimi də tüpür dabanına, asta qaçan namərdir deyib çıx aradan. Ay nankor insan, ona görədir də
həmişə başımız dərddədir.
– Hə, qardaş, başına dönüm, bizi gətirib tökdülər Bakıya.
Oradan gəldim oğlumun evinə. Özü evdə yox idi, gəlinim dedi ki, dünəndən evdən çıxandı. Kəlbəcərin işğal olduğunu biləndə dəli olmuşdu, bir dəqiqə də olsun evdə qala bilmədi.
– Bəs hara getdi? – gəlinimdən soruşdum.
– Nə bilim çıxanda dedi ki, gedim görüm bizimkilərdən nə xəbər var?
Axşamacan onun yolunu gözlədik. Bu vaxta qədər gəlinimlə dərdləşib, sızlaşdıq. Gecə yarıdan keçmişdi ki, oğlum gəlib çıxdı. Məni sağ və salamat görəndə sevindi.
Qucaqlaşıb ağlaşdıq. Anasını soruşdu.
– Ata, anam hardadır! – dedi.
13
– Ananı evdə qoyub gəlmişəm, bala! Səndən nə gizlədim, xəstəydi. Bir saatın içində aləm dəydi bir-birinə. Yazıq arvadın qorxudan, elə yataqdaca bağrı çatladı. Gətirə
bilmədim ananı, oğlum, – dedim.
Bu sözləri deyəndə anladım ki, ölmək mənim üçün nə
yaxşı iş olardı belə vaxtda. Oğlumun “Anam hardadır bəs?!”
sualına cavab vermək üçün mən nə qədər əzab çəkirdim.
Amma düşündüm ki, mən də başqaları kimi ölüb, o yerlərdə
qalsaydım, yəqin indi oğlum özgələrindən soruşacaqdı “Atam hardadı bəs?” Onda, mən də nə qədər əziz olacaqdım onun üçün, elə anası kimi.
İndi o, deməsə də, mənə qarşı ürəyindən nələr keçirdi, onu bir olan Allah bilirdi. Onu qınamıran, adamdan soruşarlar da “Bəs, sən necə oldu salamat çıxdın? Sən niyə
ölmədin?”
Bəlkə də, o, anasının ölümünün, Kəlbəcərin düşmənə
verilməsinin bütün günahını məndə görürdü. Hələ, Alagöz barədə bir şey soruşmadı, axı, oğlum o atı çox istəyirdi.
Hara çatacaq, o gecəni oğlumla elə bir halda keçirtdik ki, Allah heç tarı bəndəsinə beləsini göstərməsin.
Beş-on gün evdən bayıra çıxmadım. Utanırdım camaatın üzünə baxmağa. Elə bilirdim ki, hamı məni söyəcək, vətəni, torpağı qoyub qaçdığıma görə üzümə tüpürəcəklər. Əslinə
baxsan, elə mən düşündüyüm kimiydi. Bilirsən, qardaş, adamdan bir şey soruşurlar, özü də dik adamın gözlərinin içinə deyirlər: – “Niyə sağsan, niyə ölməmisən?!” Yenə də
deyirəm, insan həyatında elə anlar olur ki, ölmək yaşamaqdan min dəfə şərəflidir! Oğul tanıyırdım ki, döyüşlər başlananı bir dəfə də olsun, ev üzü görmədi, yağışın, qarın altında düşmənlə göz-gözə dayandı, odun-alovun içindən 14
keçdi, bəxt-taleyi gətirdi ölmədi. İndi ondan da soruşurlar: -
“Niyə ölmədin!!!”
Bilirsən bunlar niyə görədir? Ona görədir ki, torpaq, vətən əldən getdi, biz məğlub olduq. Deyirlər, qaliblər mühakimə olunmurlar!”– haqq sözdür. Yurd-yuvasını qoyub qaçanları söyərlər də, lap güllələyərlər də… Bəs necə, məğlub olanın nəyindən danışacaqlar?
Şəhərdə hamı bizə tərs-tərs baxırdı. Niyə də baxmasınlar, mən Kəlbəcərli ola-ola Bakının ortasında yaşayım, bakılı, şəkli, ağcəbədili də gedib Qarabağ uğrunda, Kəlbəcər uğrunda vuruşsun, şəhid olsun… Belə də iş olar?!
Ağır olsa da həyat davam edirdi. Oğlum da yavaş-yavaş
anasızlığa öyrəşirdi. Deyirlər, torpağın üzü soyuq olur, axı.
Oğlum anasının necə öldüyünü görmədiyi üçün, o da başqaları kimi, bunu unutmalıydı. Torpağın soyuq üzüylə
barışmalıydı… Amma mən bədbəxt oğlununsa, unuda bilmədiyim çox dərdlərim vardı. Oğlumdan fərqli olaraq, mən həyat yoldaşımı unuda bilmirdim. Ona görə yox ki, o, mənim ömür-gün yoldaşım idı, mənimlə bərabər çox əziyyət çəkmişdi? Yox!.. Mən ona görə onu unuda bilmirdim ki, ölənləri qalanların yaddaşından çıxaran qara torpaqdı. Mən isə oğlumun anasını soyuq torpağın altına yox, isti yorğan-döşək içində qoyub qaçmışdım, qardaş. Onun bədəni də, ruhu da soyumamışdı. O, bədənin, ruhun od-alovuydu məni yandırıb-yaxan. Soyuda bilmirdim, sakitləşdirə bilmirdim özümü, korun-korun yanırdım!
Həyat yoldaşımın ölümü də, torpaqların işğal olunması da, gözlərimin qarşısında oldu. Nə qədər ağır da olsa, buna dözürdüm, bilirdim ki, gedən gedibdir. Amma günlər ötdükcə, torpaq dərdi, Alagözün həsrəti yandırıb-yaxırdı 15
məni. Qəribə də olsa, torpaq itkisinə də yavaş-yavaş
öyrəşirdim. Çünki şəhərə çıxanda rastlaşdığım hər on nəfərdən biri, yurd-yuvasından ayrı düşmüş qaçqınlardı.
Onların içində çoxlu tanışlarım, dostlarım vardı. Deyir, el ilə
gələn dərd yüngül olar. Baxıb görəndə ki, hamı sənin günündədir, bir az ürəyin sakitləşirdi. Düşünürdün ki, ölən təkcə sən deyilsən. Birdə ki, qadan alım, mən müəllim işləmirdim, yüksək vəzifədə deyildim ki, başımdan böyük danışım, iri-iri məsələləri həll edim. Adamlar var e, görürsən öz ailələrinə ağsaqqallıq edə bilmir, amma elə yekə-yekə
danışırlar ki, bəs deyirsən alçaq dağları bunlar yaradıbdır.
Mən çoban-çoluğun, qoyun-quzunun, atın-ulağın fikrini çəkməliydim də…
Bir gün oğlum Alagözdən ötrü daıxdığımı görüb, məni Bakıdakı at yarışları keçirilən yerə apardı. Burada özümə
azacıq da olsa toxtaqlıq tapırdım. Saatlarla oturub atlara tamaşa edirdim. Elə kövrəlirdim ki, ta olmayan kimi. Amma bu atların heç biri Alagözə tay ola bilməzdi, nə yerişdə, nə
duruşda, nə də ki, gözəllikdə. Bəzən ona azcıq oxşayan at görəndə, yerimdən qalxar və dəli kimi ata tərəf qaçardım.
Mənim bu hərəkətim çox vaxt at sahiblərinin açığına gəlirdi.
Evə dönəndə oğlum üz-gözümdə gümrahlıqdan çox, yorğunluq görüb soruşardı:
– Atacan, niyə darıxırsan? Daha bəsdir də bu qədər özünü üzdün. Atlara baxanda ürəyin sakitləşmədimi?
– Oğlum, ağrın ürəyimə, – deyərdim. – O atlara baxanda Alagöz bir az da bərk yadıma düşür. İkincisi də, o atlar Alagözün yanında dayça-doluqdan başqa bir şey deyillər.
Daha bir də o tərəflərə getməyəcəyəm. Yox, daha bəsdir, bu hala dözməyə taqətim qalmayıb.
16
Bir müddət yenə də evdən bayıra çıxmadım. İstəyirdim ki, hər şeyi unudum, torpaq itkisini də, əzizlərimin nisgilini də, lap elə Alagözün yoxa çıxmasını da… Amma bacarmırdım. Nə
qədər unutmağa çalışsam da, onlar bir az da çox yadıma düşürdü.
… Həsən kişi yenə də məndən papiros istədi. Mən cibimdən papiros qutusunu çıxarıb ona tərəf uzatdım.
Papirosdan bir gilə götürüb qutunu geri qaytarmaq istəyəndə, əlini yavaşca geri itələdim və:
– Qoy, qalsın, – dedim.
– Əvvəllər çəkən olmamışam. Heç bir dənə də… Zəhləm gedərdi onun tüstüsündən. Təzə-təzə öyrəşirəm, – deyə
Həsən kişi dilləndi.
O, papirosa elə dərin bir qullab vurdu ki, elə bil, əvvəllər çəkmədiyi üçün peşiman olmuşdu, indi çəkmədiyi günlərin də əvəzini çıxmaq istəyirdi.
Həsən kişi papirosun kötüyünü otların arasına basıb əzdi.
Sonra üzünü mənə tutub dedi:
– Qardaş, başağrısı vermirəm ki?! Deyir, dərdli deyingən olar, fikirli yatağan, – haqq sözdür. İndi mən də bayaqdan deyinirəm, birdən sizə xoş gəlməz ha, sözlərim.
Mən onun ehmalca qoluna toxunub:
– Xahiş edirəm, danışın, mənim üçün çox maraqlıdır söhbətiniz, – dedim.
– Hə, qardaş, yaxın-uzaq qohumlardan hər tərəfə
səpələnmiş kəlbəcərlilərdən soraqlayırdım Alagözü. Deyirdim, bəlkə görən olub. Neçə dəfələrlə sərhəd bölgəsinə gedib çıxmışdım. Başıma itin oyunu gəlib. Hər dəfə də əliboş
qayıdanda, dərdim bir az da artırdı. Bir dəfə oğlum lap təpindi də mənə. Dedi ki, eşidib-biləndən ayıbdır axı. Bütün 17
millət nə haydadır, sən nə hayda? Ailəsini, ev-eşiyini qoyub gələnlər belə eləmir, gör sən nə oyun çıxarırsan? Camaat atasını, anasını, oğlunu, qızını axtarır, sən isə at axtarırsan.
Oğlumun bu sözləri yaman mənə toxundu, lap ürəyimin başını qanatdı. Dedim:
– Oğul, səni and verirəm o anovun sərgərdan dolanan ruhuna, bir də mənə belə söz demə. İşin olmasın mənimlə, onsuz da mən ölü kimi bir şeyəm. Elə bil ki, atan yoxdur, o da ölüb, qalıb Kəlbəcərdə. İnsanın ki illərlə diş-dırnaqla qurduğu ev-eşik, var-dövlət, yurd-yuva dağıldı, onun yaşamağının bir mənası yoxdur. Allahım haqqı, o çadırdakı adamlara baxanda gündə neçə dəfə ölüb-dirilirəm. Beş-altı otaqlı evlərə sığmayan bir ailə, indi tozlu-torpaqlı xırda bir çadırın küncünə sığınıbdırlar. Ə, Allah kəssin belə yaşamağı, necə kəsib! – deyə Həsən kişi, damarları çıxmış əlini havada yellədi. Sonra söhbətinin ardını danışmağa başladı.
– Bir dəfə Ağcəbədi bazarında yerlim Xudamla rastlaşdım.
Görüşüb, öpüşdükdən sonra, bir-birimizlə hal-əhval tutduq.
Xudam elə o vaxtlar, sovet hökumətinin vaxtında alverlə
məşğul olardı. Rusiyyətin elə şəhəri yox idi ki, o orada at oynatmasın. Sovet hökuməti dağılandan sonra da düşdü xarici ölkələrin canına. Burdan vurub, oradan çıxırdı. Bir dəfə
gedib, lap zəncilər yaşayan yerin adı nədi e, hə, Afrikaya çıxmışdı. İranı isə həftəbazarına döndərmişdi. Hər üç-dörd gündənbir oradaydı.
Soruşanda ki, Xudam indi nə işlə məşğulsan? Üzümə
baxıb güldü:
– Evi dağılmışın oğlu, – dedi, – mən o boyda sovet hökumətinin “mirro-mirro” vaxtında alver edirdim, indi bütün Azərbaycan alverdəykən, məndən soruşursan ki, nə
18
işlə məşğul olursan? Ə, nə işlə məşğul olacam, dədə-baba adətimlə. Bəs, eşitməmisən deyir, canavar rəngin dəyişər, amma xasiyyətini dəyişməz.
– Bəs, sən nə edirsən, ay Həsən kişi, Bakıda da mal-qara saxlayırsan?! Axı sənin yaxşı heyvanların vardı, onlar necə
oldu?! – deyə Xudam soruşdu.
Xudam bu sözləri deyəndə, nədənsə duruxdu. Sonra ikiəlli çiynimdən yapışıb:
– Ə, Həsən, sənin bir atın vardı ha, nəydi onun adı?
Qaragözdü, Alagözdü, nəydi e? Mən onu İranın Təbriz şəhərində gördüm, özü də at yarışında. Cavan qardaşımın itgin goru haqqı, o idi. A kişi, vallah, o idi, görən kimi tanıdım. Necə tanımayaydım, az görmüşdüm onu?
Xudamdan bu sözləri eşidəndə bədənimi soyuq tər basdı, ürəyim sıxılmağa başladı. Hiss elədim ki, ayaq üstə dayana bilmirəm. Yavaşca yerə çökdüm.
Xudam bu halımı görəndə qorxdu:
– Həsən, nə olub sənə? – dedi. Bir yerin ağrıyır? Sonra o, əlini-əlinə vurub: – Allah ermənilərin evini yıxsın, bu camaatda ürək qoymayıblar ki!..
Özümü saxlaya bilməyib ağladım. Mənim ağlamağım Xudamı da kövrəltdi:
– Ə, niyə ağlayırsan, danış görüm, nə olub, axı?!
Özümü zorla ələ alıb dedim:
– Xudam, sən ölənlərüvün goru, nə dedin? Dedin ki, Alagözü görmüsən? Harda, İranda?!
Xudam məni tərs-tərs süzüb, bir az acıqlı şəkildə:
– Ə, hə də… Burada nə var ki? Bir il bundan qabaq, Ərdəbil bazarında, rəhmətlik anamın öz əliylə toxuduğu və
bacım Atlaza cehiz qoşduğu xalçanı gördüm.Yaxınlaşdım ki, 19
alam. Satan dəyyus elə qiymət oxudu ki, az qaldı ödüm qarışsın. Daşıyıblar, qardaş, Azərbaycanın nəyi var çəkiblər bazara satırlar. Pal-paltardan tutmuş, namusuna kimi.. Sən də deyirsən ki, nə bilim at belə gəldi, elə getdi. At idi də, sənin atın. Üstündən on il keçməyib, on beş il keçməyib, deyəsən, tanımadım. Cəmi-cümlətanı üç-dörd il bundan qabaq gördüyüm heyvandı da. Onu da tanımayacaqdım. Bir də nişan qoymuşdun də onun sol tərəfində.
Bu sözləri Xudamdan eşidəndə sevincimdən bilmədim ki, nə edim. Ayağa qalxıb onu qucaqladım və üz-gözünü duz kimi yalamağa başladım. Mənim belə etməyim onu da kövrəltdi.
– Ay Həsən, yaxşı da. Bir məni başa sal görüm nə olub?
Olmaya, o atı axtarırsan?!
Dedim, Xudam başına dönüm, axtarırsan nə sözdür? Bu neçə ili mənin anadan əmdiyim süd burnumdan gəldi ki.. De görüm, atı nə vaxt görmüsən?
– Nə vaxt görmüşəm, deyirsən?! Ə, nə vaxt olacaq, iki-üç ay bundan qabaq. Mənim Təbriz şəhərində Ağazadə
familiyalı yaxın dostum yaşayır, onunla getmişdik at yarışına baxmağa, orada gördüm. Yarış da belədir də, bilirsən, atları əvvəlcə tamaşaçıların gözü qabağından keçirirlər. Camaat baxıb bəyəndiyi ata mərc gəlir, yəni pul qoyurlar. Bilirsən orada nə qədər adam olur? Sənin atın yarışda birinci oldu.
Vallah, o biri atlar onun heç tozuna da çata bilmədilər.
Xudamın bu sözlərindən sonra mən arxayın oldum ki, at mənim Alagözümdür. Odur ki, Xudama yalvar-yaxar etdim ki, məni də özüylə bərabər İrana aparsın.
O bir az fikirləşib dedi:
20
– Həsən, ölənlərimizin göruna and olsun, sabah yox, o birisi gün Kitaya gedirəm, orada bir az malımız ilişib qalıb.
Bir aya kimi orada qalacağam. İstəyirsən gözlə, qayıdandan sonra birlikdə gedərik.
Dedim ki, yox, bir aya səbr edə bilmərəm, mənim bağrım çatlayar. Nəinki, bir ay, heç bir gün də dözə bilmərəm.
Mənim bu sözlərimdən sonra o, nə fikirləşdisə dedi:
– Yaxşı, onda belə eləyək, gəl sən get İrana. Mən sənə
dostum Ağazadənin ünvanını verərəm, onu axtarıb taparsan.
O sənə nə lazımdır kömək edəcək, arxayın ol.
Elə oradaca Xudam cibindən qələm-kağız çıxarıb, dostuna nəsə yazdı. Kağızın o biri üzünəsə dostunun yaşadığı ünvanı yazıb mənə verdi. Sonra Xudamla görüşüb ayrıldım. Elə
həmin gün avtobusa minib Bakıya gəldim.
İstirahət günü olduğuna görə, oğlum evdə idi. Qapıdan işəri girəndə evdəkilərin hamısı üzümə diqqətlə baxdılar.
– Nə olub? – dedim. – Adam-zad görməmisiniz, nədi?
Oğlum mənə yaxınlaşıb dedi:
– Ay ata, bu neçə vaxtı səni həmişə qəmli, kədərli görməyə adət etmişik. Bu gün, maşallah, çox yaxşısan, e. .
Xeyir ola, deyəsən, inşallah, şad xəbər eşidəcəyik səndən.
– Alagözümü tapmışam, ay bala, Alagözümü! – sevincək dilləndim.
Mənim bu sözlərimə onlar da sevindilər. Gəlinim də, oğlum da hər ikisi məni qucaqlayıb təbrik etdi, gözaydınlığı verdilər.
Bilirdim ki, bu neçə ili onlar da az əziyyət çəkməyiblər məndən ötrü. Necə olsa cavan ailəydi, deyib-gülmək, şənlənmək istəyirdilər. Ölənlə ölməyəcəkdilər ha… Bunların hamısını başa düşürdüm. Başa düşürdüm ki, mənim evdə
21
qəmli, kədərli dolanmağım onları da narahat edir. Amma Allah tərəfi bircə dəfə də olsun nə oğlum, nə də ki gəlinim bu barədə mənə bir söz deməmişdilər. Mən onlardan yerdən göyəcən razı idim.
Oğlum yaxın gəlib boynumu qucaqladı.
– Ata, de görüm hardan tapdın Alagözü? – soruşdu.
– İrandan! – dedim.
Mənim bu sözlərim onların ikisini də təəccübləndirdi. İkisi də bir ağızdan:
– Hardan?!.. İrandan?!
– Hə də, atı aparıb İrana satıblar erməni köpəyuşağı, –
dedim
– Bəs atın orada olmasını sən kimdən öyrəndin? – oğlum soruşdu.
– Kəndçimiz Xudam görüb bir ay bundan qabaq. Dedi ki, öz gözlərimlə gördüm, İranın Təbriz şəhərində, at çapılan yerdə.
Mənim bu sözlərim oğlumun eynini açmadı. Bilirdim ki, onun İrandan xoşu gəlmir. Nə bilim, Şuşa şəhəri gedəndə, deyirdi ki, burada iranlıların da barmağı var.
Gecəni səhərə qədər yata bilmədim. Çox götür-qoy etdim.
Səhər oğlum işə gedəndə ona tapşırdım ki, mənə İrana getmək üçün sənəd hazırlasın.
Oğlum çox çalışdı ki, məni bu yoldan çəkindirsin. Ona bildirdim ki, mənə kömək edirsənsə et, etməyirsənsə, onda gəl mənə mane olma.
Oğlum bir söz deməyib çıxıb getdi. Axşam evə qayıdanda elə qapıdaca bildirdi ki, İrana getmək üçün hansı sənədlərin lazım olduğunu öyrənibdir. Bir həftəyə hamısın hazırlayacaq.
Bir də dedi ki, sabah gərək gedib şəkil çəkdirək.
22
Bu sözləri ondan eşidəndə ürəyimdə dedim ki, şükür sənin kərəminə, ilahi, deyəsən işlərim düzəlir axı.
Bir həftəyə sənədlərim hazır oldu. Oğlumla gəlinim məni Biləsuvar keçid məntəqəsindən İrana yola saldılar.
İranda birinci dəfə olduğuma görə heç yeri tanımırdım.
Ancaq Xudamın verdiyi ünvan məndəydi. Hə, nə başını ağrıdım, qardaş, birtəhər gəlib Təbriz şəhərinə çatdım. Adını ordan-burdan eşitdiyim Təbriz şəhəri, insafən çox gözəldi.
Təmizliyinə və yaraşığına görə bizim Bakı şəhərindən üstün idi. İllah ki, yolları. O qədər hamar və rahat idi ki, avtobus gedə-gedə lap çay da içmək olurdu.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?