Электронная библиотека » Süleyman Vəliyev » » онлайн чтение - страница 1


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Süleyman Vəliyev


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Süleyman Vəliyev

“QANADI SINMIŞ QUŞ” DA UÇARMIŞ

(Sənədli roman)

“Xatirə Ədəbiyyatı” silsiləsindən 32-ci kitab


“MÜVƏQQƏTİ ÇƏTİNLİKLƏR”

Ramana Abşeron yarımadasının ən yüksək nöqtəsində, kiçik bir dağın üstündə yerləşir. Uzun əsrlərdən bəri burda məskən salmış Bakı kəndlərindən biridir. Əzəmətli, qədim qalası ilə məşhurdur. Əvvəllər kəndin dörd həndəvəri üzüm bağları imiş. Sonra Abşeronun bu guşəsində də buruqlar boy göstərməyə başlayıb. Bir azdan kəndin özünü də köçürmək, evlərin altından neft çıxarmaq istəyiblər. Kəndin ağsaqqalları buna baş bulayıb. Qafqaz valisi general Vorontsov-Daşkova qədər şikayətlərini çatdırıblar. O da rədd cavabı verib. Ancaq ramanalıları heç qüvvə yurd yerindən aralı sala bilməyib.

Mən 1916-cı ilin son günlərinin birində Ramanada doğulmuşam. Birinci dünya müharibəsinin alovlandığı günlərdə. (Bəlkə buna görə sonralar həyatım “od-alov” içində keçib). Necə deyərlər, göz açıb ata-anamı, kənd adamlarını, bir də əfsanə və nağıllardan çıxdığını güman elədiyim əcaib nəhəngləri – buruqları görmüşəm. Quyuların gurultusundan, iniltisindən əvvəl diksinib, sonra alışmışam. İnsan hər şeyə qatlaşdığı kimi.

Ramana Bakının inqilab ocaqlarından biri olub. Qaladan bir qədər aşağıda köhnə bir mədənin ərazisində iki kiçik otaqdan ibarət ev var. Serqo Orçonikidze 1908-ci ildə burada feldşer işləyib, inqilabçıları gizli qəbul edib, Leninin tapşırıqları ilə onları təlimatlandırıb. Bura Bakı bolşeviklərinin baş qərargahı sayılırdı. Hazırda evin qabağında Serqo Orçonikidzenin heykəli yüksəlir. Onun qabaq qənşərində “Qudok” qəzetinin gizli redaksiyası muzey kimi qorunur. Həmid Sultanov, Məmməd Məmmədyarov, “Bığlı ağa” adı ilə məşhur olan Abbas Əlican, Əmir Bağırov kimi qocaman kommunistlər əmək fəaliyyətinə Ramanada başlamışdılar. Atam da neftçi olub. O, inqilabçılarla, xüsusən Həmid Sultanovla yaxın dost idi. Həmid Sultanov 1907–1909-cu illərdə Ramana mədənlərində işlərkən fəhlə tətillərinin təşkilatçılarından olmuşdu.

Atam dünyaya göz açıb anasını görməmişdi. Uşaqlığından başı daşdan-daşa dəymişdi. Zəhməti sayəsində özünə bir gün qazanmışdı. Ata-anam məni ərköyün böyütməyib, istəsəydilər də bunu edə bilməzdilər. Yaxama gözmuncuğu da salmayıblar. Buna ehtiyac yox idi. Arıq, qarabuğdayı oğlandım. Çit köynəkdə… Yeməkdən qıtlıq çəkirdik. Əsas xörəyimiz darı sıyığı idi, onunla böyümüşdük. Bunu mədən idarəsi bizə pulsuz verirdi.

O zaman hamımız başa düşürdük ki, ölkəmiz ağır imtahanlardan çıxıb, xalq təsərrüfatı bərbad halda idi. Ehtimal edirdik ki, təxminən on ildən sonra, otuzuncu illərin ortalarında iqtisadi vəziyyətimiz yaxşılaşacaq. O zaman hamı eyni şəraitdə yaşayırdı. Hər cür azğınlığa, feodal dövrünə xas olan cəhalətə, tayfaların “qan davası”na son qoyulmuşdu. Atam deyərdi: “İndi gecələr rahat yatıram”.

Lenin, Nərimanov və başqa partiya rəhbərlərinin hər sözü ürəyimizdən xəbər verirdi. Ümumiyyətlə, iyirminci illərin fərəhli, şən günləri, ruh yüksəkliyi uşaqlıq xatirəmlə bağlıdır. Bakı neftçilərinin beşillik planı iki il yarımda yerinə yetirməsi respublikamızda böyük bayram təntənəsinə çevrilmişdi. Bu zaman Azerneft idarəsi və bir qrup partiya təsərrüfat sənayesinin işçiləri Lenin ordeni ilə təltif olunmuşdu. Ölkəmizin hər bir nailiyyətinə ürəkdən sevinirdik.

Otuzuncu illərdə sənayemizdə müəyyən irəliləyiş olsa da, əhalinin ərzaqla təmin edilməsində dönüş yaranmadı. Ancaq dözməli, “müvəqqəti çətinliklərə” sinə gərməli idik.

Kəndimizdə bir neçə xüsusi ərzaq dükanı vardı. Burada təzə ət və başqa yeyinti məhsulları satılırdı. Ancaq onların qiyməti baha idi. Çox vaxt ərzağı nisyə alırdıq. Dükançıların qalın, boz rəngli dəftəri yaxşı yadımdadır. Onlar köhnə əlifba ilə yazırdılar. Filan gün filankəs iki girvənkə ət, yarım girvənkə pendir aldı… Anam ən çox soğan bozbaşı bişirərdi. Bu adi kasıb xörəyinin ləzzəti indi də damağımdadır. Su satan köşklərdə kisel satardılar. Onu bir tikə çörəklə yeyərdilər. Bu, qəlyanaltı sayılırdı.

Otuzuncu illərdəki aclıq, bir parça çörək həsrətində olduğum günləri də heç zaman unuda bilmirəm. Çörək dükanlarının qabağında gecədən növbə tutardıq. Növbənin ucu-bucağı görünməzdi. Ertəsi günü böyük müsibətdən sonra bir kömbə çörək alıb evə gətirəndə özümüzü xoşbəxt sayardıq. Çörək kartoçka sisteminə keçəndə (işləməyənə 400 qram, fəhləyə isə bir kilo verirdilər. Çörək ona görə çox yeyilirdi ki, başqa ərzaq yox idi). Ramana mədənində fəhləliyə başladım.

Həmid Sultanov adına Ramana qəsəbə klubunun nəzdində ədəbiyyat dərnəyi vardı. Ona görkəmli ədibimiz Seyid Hüseyn rəhbərlik edirdi: Ona bir neçə hekayə oxudum. Hekayələrdən “Əmanət kassası” nisbətən xoşuna gəldi, mənə bir neçə məsləhət verdi. Yazım üzərində yenidən işlədim. Onun köməyi ilə hekayə “Hücum” jurnalının Oktyabr inqilabının 15 illiyinə həsr olunmuş 10-11-ci nömrəsində (1932) “Gənc kadrlarımız yazır” başlığı altında şəklimlə birlikdə çap olundu. Onda 16 yaşım vardı. Özümə belə sual verdim: “Görəsən, niyə məhz “Əmanət kassası” Seyid Hüseynin nəzərini cəlb etdi?” Bu haqda düşünəndə çox şey mənə bəlli oldu.

Hekayə ailəmizdə baş verən bir əhvalata həsr edilmişdi. Atam əmək haqqını alıb şəhərə getmişdi, bizə hədiyyə almaq istəyəndə görür ki, cibindən pulunu çıxarıblar. Bu, evdə böyük qanqaralığa səbəb oldu. Mən onda əməyin qiymətini bilirdim. Atama təskinlik verib öz-özümə deyirdim: “Elə bir hekayə yazmaq lazımdır ki, cibgirlər müflis olsun”. Başıma belə bir fikir gəldi: pulu əmanət kassasında qorumaq! Ancaq bunu bədii əsərdə söyləmək bəsit və sadəlövh görünməzmi? Əlbəttə, burada dərinliyə getməyə heç bir ehtiyac yoxdur. Hekayə təbliğat məqsədi daşımalıdır. Belə də oldu.

“ Kəllə qənd” hekayəm də uşaqlıq xatirəmlə bağlıdır. O da olmuş bir hadisənin əsasında yazılmışdı.

Atam xəstə idi, qızdırma içində yana-yana arzuladı: “Qəndlə bir stəkan çay içsəydim, özümə gələr, ayağa qalxardım. Mən anama baxdım. O məni başa düşdü. Dolabın üstdə göy lentə bağlanmış kəllə qəndi götürüb dedi: “Bu, Süleymanın sənə hədiyyəsidir”. Atamın gözləri sevincdən yaşardı. Əlbəttə, o dəqiqə başa düşdü ki, bu qəndi necə almışam. Atamın hərdənbir mənə verdiyi qəpik-quruşu yığıb “Qara gün” üçün saxlardım. Elə bil hiss etmişdi ki, bu pul bir gün kara gələr. O zaman bu sözü tez-tez eşidirdim. Çünki fəhlələrin, kasıbların həyatda fərəhli günləri çox az olurdu. Atam kəllə qəndi görərkən özünü xoşbəxt saydı. Onun sevincindən parlayan gözləri indi də yadımdan çıxmayıb. Atam bir dəfə aclıqdan gileylənəndə ona təsəlli vermək istədim:

– Ata, bu, müvəqqəti çətinlikdir. Deyirlər ki, ikinci beşillikdən sonra ölkəmiz daha qüdrətli olacaq. Kapitalist ölkələrini ötüb keçəcəyik. Mağazalarda nə desən olacaq…

Atam istehza ilə gülümsündü, sanki mənə demək istədi: “Çox gopa basma”. Bir atam deyil, hamının əhvali-ruhiyyəsi belə idi. Adamlar bir tikə çörəyə həsrət yaşayırdı. Axşamlar itlər ulayırdı. Ramana qəbiristanlığı böyürürdü. Ancaq mədəniyyət ocaqlarının divarlarına vurulan: “Həyat yaxşı olub, şən olub” şüarını görəndə heç kəs bir söz deyə bilmirdi. Mətbuatda “Firavan yaşayırıq” sözünə tez-tez rast gəlirdik. Həyatla söz arasındakı belə kəskin ziddiyyətə hamı laqeyd idi. Kim bilir, bəlkə mənə belə gəlirdi. O zaman “Stalinin 6 göstərişi” (kitabça kimi çap olunmuşdu) dəbdə idi. Onu hamı əzbər bilməli idi, xüsusən fəhlələr.

1934-cü ildə Lökbatanda “Neft zərbəçisi” adlı çoxtirajlı qəzet nəşr olunurdu. Qəzetin redaktoru Saleh Hüseynov Ramanadan idi. Onun tövsiyəsi ilə həmin qəzetdə ədəbi işçi kimi çalışdım. İşə qəbul olmamışdan rayon partiya komitəsinin katibi Vorensə Stalinin 6 göstərişindən imtahan vermişdim. (1937-ci ildə Vorens, sonralar onu əvəz edən ramanalı Məmmədqulu Quliyev və başqaları “xalq düşməni” elan olundu). O zaman Lökbatanın şöhrəti bütün ölkəyə yayılmışdı. 45 nömrəli quyu gündə 25-30 min ton neft verirdi. SSRİ Xalq Ağır Sənaye komissarı Serqo Orçonikidze Lökbatana gəlmişdi. Qəzetimiz onun neftçilərlə söhbətinə xüsusi səhifə həsr etmişdi.

Lökbatanın zəngin neftinə görə mağazaları ərzaqla yaxşı təmin olunurdu. Mən həftədə bir dəfə Ramanalı dülgər Əhməd Məcidovla oradan evimizə ərzaq daşıyardıq. O zaman Lökbatandan şəhərə dar dəmir yolu işləyirdi. (Kukuşka deyirdilər). Bəzən elə olurdu ki, oradan şəhərə piyada gəlib, elektrik qatarı ilə Sabunçuya, təzədən piyada Ramanaya gedərdik.

Atam o zaman təqaüdə çıxmışdı. İş yoldaşları ilə əvvəlki kimi tez-tez görüşürdü. Bircə, onlardan məsul vəzifə sahibi olanların yanına getməyi xoşlamazdı. Özünü ağır tutardı. Bir dəfə cümə günü Həmid Sultanovun gözlənilmədən bizim evə gəlməsi atamı son dərəcə sevindirdi. Həmid Sultanov Azərbaycan baş yollar nəqliyyatı idarəsinin rəisi idi, onun şəxsi maşını vardı. Heç o da lazımı olmamışdı.

O, atamla görüşündən sonra mənə əl verib gülümsündü.

– Böyük oğlan olmusan…

Həmid Sultanov cüssəli adamdı, enli kürəyi əzəmətini daha da artırırdı.

O, ərkyana giley-güzar elədi:

– Meşədi Vəli, bizi yamanca yaddan çıxarmısan. Niyə heç görünmürsən?

– Bilirəm ki məsul vəzifədəsən, işin çoxdur, başın qarışıqdır. İstəmirəm ki, gəlib səni narahat edim.

– Səninlə görüşməyə həmişə vaxt taparam. Bilirəm ki, şəhərdə qohumların var, oraya yəqin gedirsən, kiçik qardaşını da unutma.

– Yaxşı, gələn dəfə unutmaram.

– İşin-gücün necədir?

– Allaha şükür, yaxşıdır.

– Nəyə ehtiyacın var?

– Heç bir şeyə, təqaüdə çıxmışam. Uşaqlar da oxuyur… Yəqin sənin Ramanada bir işin də var…

– Heç bir işim yoxdur, mən yalnız səni görməyə gəlmişəm. Bunu çoxdan arzu edirdim, vaxt tapmırdım. İcazə versən, axşam da sizdə qalacağam. Mənə vaxtilə verdiyin kiçik evdə. O günləri xatırlamaq mənə xoşdur…

Anam bu zaman əl-ayağa düşdü, ət almaq üçün məni dükana göndərdi. Lobyalı plov bişirdi. (Bu Həmidin xoşladığı xörək idi). Atam “Bığlı ağanı”da qonaq çağırdı.

Mən yemək vaxtı onların danışığına qulaq asmırdım. Ancaq hiss edirdim ki, söhbətləri çox şirin keçir. Doğrudan da, Bakıxanov demişkən, səmimi dostların görüşündən də böyük zövq ola bilməz. Həmid gedəndən sonra atam anama dedi:

– Həmid nəsib insandır. Çörəy itirən deyil.

Sonralar atam şəhərə gedəndə hərdənbir Həmidə zəng vurur və bəzən də onunla görüşürdü. Məni isə iki dəfə özü ilə Həmidin yanına aparmışdı.

Mən 1935-ci ilin əvvəllərində “Bığlı ağa” povestimin ilk variantını yazıb qurtarmışdım. Bir ümumi dəftərdən ibarətdi. O zaman elə zənn edirdim ki, yazım pis deyil. Bu, təcrübəsizliyimdən irəli gəlirdi. Atam istəyirdi ki, Həmid bu məsələdə mənə kömək etsin.

Biz nədənsə Həmidgilin evinə səhər getdik. (Bünyad Sərdarov küçəsində yaşayırdı) Həmidin arvadı Ayna xanım Sultanova bizi üzügülər qarşıladı, çaya dəvət etdi. (O, Azərbaycan SSRİ xalq ədliyyə komissarı və Azərbaycan SSRİ Ali məhkəməsinin sədri idi).

Atam mənim yazım haqqında söhbət açanda Həmid dedi:

– Süleyman çalışqan oğlandır, amma yazısı haqqında bir söz deyə bilmərəm. O, təcrübəli bir yazıçının yanına getməli, ondan məsləhət almalıdır.

Həmid Azərbaycan Yazıçılar İttifaqının sədri Ələkbərliyə məktub yazdı.

Biz ayağa qalxanda Ayna xanım əlini çiynimə qoyub dedi:

– Oğlum, çox mütaliə et, biliyini artır, Füzuli deyib ki, elmsiz şeir özülsüz divar kimidir.

Mən ertəsi günü Azərbaycan Yazıçılar İttifaqına getdim. (Onda Yazıçılar İttifaqı indiki “Araz” kinoteatrının binasında yerləşirdi) Həmid Sultanovun məktubunu və əlyazmanı Ələkbərliyə verdim. O, məni Əbülhəsənlə tanış etdi:

– Bu cavan oğlan neftçilər haqqında nəsə yazıb. Xahiş edirəm ona baxıb kömək edəsiniz.

Əbülhəsən məni öz otağına apardı, yazımın bir neçə səhifəsini nəzərdən keçirib dedi:

– Bunu gərək özüm diqqətlə oxuyam. Sonra rəyimi sənə deyərəm.

Yenidən görüşmək üçün vaxt təyin etdi. İki gündən sonra məni mehriban qarşılayıb dedi:

– Yazının mövzusu və sujeti maraqlıdır. Bir sözlə, kökü, iskileti var. Ancaq onu ətə-cana gətirmək, sürətlər üzərində mükəmməl işləmək, qəhrəmanların mənəvi aləmini dərindən açmaq lazımdır.

Ümumi dəftərimin sonuncu vərəqində əsərimi yenidən işləmək üçün öz qeydlərini yazdı. Onlar çox karıma gəldi.

Sonra atam məni, hələ inqilabdan əvvəl Nalçikdə tanış olduğu dostu Abdulla Şaiqin yanına apardı. Abulla Şaiq həlim, xoşsifət bir adam idi. Üz-gözündən elə bir nur tökülürdü. O da “Bığlı ağa”nı oxuyub mənə məsləhətlər verdi…

Həmid Sultanovla 1937-ci ilin əvvəllərində də görüşdüm. Bu dəfə atamla, onun işlədiyi idarəyə getmişdik. (O, Azərbaycan SSRİ Xalq kommunal komissarı idi).

Həmid o zaman mənə tamam başqa cür göründü. Əvvəlki mehriban, üzügülər adam deyildi. Olduqca yorğun idi. Elə bil bütün gecə yatmamışdı. Atam onun yanına bir məsələ üçün məsləhətə gəlmişdi. Böyük qardaşım Əmiraslanı haqsız olaraq partiyadan çıxarmışdılar. Kimsə yazmışdı ki, atam inqilabdan əvvəl onu incidib, döyüb…

Əmiraslanın partiyaya keçməsinə qocaman fəhlələrdən Abbas Əlican (“Bığlı ağa”), Əkbər Əkbərovdan başqa Həmid Sultanov da zəmanət vermişdi. Odur ki, atamın Əmiraslan haqqında dediyi bəd xəbər onu daha da əsəbiləşdirdi:

– Biabırçılıqdır. Kimin ağlına nə gəlir yazır… Vicdansızlar da öz işində…

Atam nəsə dedi, ancaq onun fikri başqa yerdə idi. O, nəhayət, əlinə qələm alıb atam haqqında harasa məktub yazdı. (Atamın qocaman fəhlə olması, inqilabçılara kömək etməsi haqqında). Sonra əlavə olaraq kiməsə zəng vurdu.

O bizi yola salanda atama dedi:

– Əmiraslana deyin, onlara bildirsin, Stalin yoldaş deyib ki, oğul ataya cavabdeh deyil…

Həmid Sultanov o zaman da atama öz köməyini göstərdi. Ancaq onun əhvali-ruhiyyəsi atamı mütəəssir etmişdi. O, qüssəylə mənə dedi:

– Həmidin ya işi çoxdur, ya da qanını qaraldıblar…

“BIĞLI AĞA”NIN TALEYİ

1935-ci illərdə həmkarlar ittifaqının təşkil etdiyi “İşçi müəlliflər kabineti” (o zaman fəhlə əvəzinə işçi deyilirdi) yeni başlayan yazıçıların “ilk universiteti” idi. O, mərkəzi ədəbi dərnək, yaradıcılıq labaratoriyası sayılırdı. Burada Yusif Vəzir Çəmənzəminli, Soltan Məcid Qənizadə, Bəkir Çobanzadə, Həmid Araslı kimi yazıçı və alimlər bizə ədəbiyyat əlifbasını öyrədirdilər. “İşçi müəlliflər kabineti”nin idarəsi Xaqani küçəsində, Azərbaycan Bəstəkarlar İttifaqının indi yerləşdiyi binada idi. Dərnəkdə həftədə bir dəfə məşğələ olurdu. İdarənin mühasibi Bakı qəsəbələrindən gələn müdavimlərə ayda bir dəfə yol pulu verərdi. Mən fəhlə yoldaşım Pəhləvan Hüseynovla (o, şer yazırdı) Ramanadan gəlib məşğələlərdə iştirak edirdik. İndiki kimi elə o zaman da Ramanadan Sabunçuya avtobus, oradan da şəhərə elektrik qatarı işləyirdi. Biz avtobusa minməzdik, iki qəsəbə arasındakı yolu piyada gedirdik, cavan və sağlamdıq. Ancaq əsas məsələ bunda deyildi. Etiraf edim ki, “İşçi müəlliflər kabinetindən” aldığımız yol pulu, çörək və ərzaq almaq üçün karımıza gəlirdi. Çünki dolanacağımız çətin idi. Bir tikə çörəyin, bir qəpik pulun qədrini bilirdik.

Qəribədir ki, belə ağır şəraitdə həvəsdən düşmür, “İşçi müəlliflər kabineti”nin bir məşğələsini belə buraxmazdıq. Bəzən çörək yeməmiş tələm-tələsik oraya getməyə can atardıq. O zaman bizə elə gələrdi ki, bir dəfə oraya geciksək, geridə qalarıq, qələm sahibi olmarıq, sonra “yazıçı böhranı” baş verir. Zarafatyana deyilən bu sözdə həqiqət də vardı. Bu, gənclik sadəlövhlüyündən irəli gəlirdi. Sonralar o günləri yadımıza salanda gülürdük.

“İşçi müəlliflər kabineti” taleyimdə böyük rol oynadı. Onun rəhbəri Hidayət Əfəndiyev (Ə.Hidayət) “Bığlı ağa” povestimi oxuyub mənə məsləhətlər verdi. Mən əsərin üzərində yenidən işlədikdən sonra “Rote fane” (indiki “Nizami”) parkının qiraət salonunda onun müzakirəsini təşkil etdi. Daha sonra Azərnəşrin ədəbiyyat şöbəsinin müdiri Mehdi Hüseynlə məni tanış elədi. Mehdi Hüseyn əsərimi oxuyub bəyəndi və 1937-ci ilin planına daxil etdi. O zaman planların təsdiqi uzun çəkmirdi. “Literaturnı Azərbaycan” jurnalının 1936-cı il, 4–5-ci nömrəsində dərc olunan “İşçi müəlliflər kabinetində” adlı məqalədə yazılmışdı:

“… Burada ədəbi təhsil alıb yetişən gənc müəlliflərdən Süleyman Vəliyevin “Bığlı ağa” povesti və Böyükağa Qasımzadənin uşaqlar üçün yazdığı poeması Azərnəşr tərəfindən qəbul olub nəşr ediləcəkdir. Süleyman Vəliyev komsomolçudur, qocaman neftçi oğludur. Özü də Lenin rayonunun mədənində çilingər vəzifəsində işləyir. O, povestində Bakı proletariatının neft sahibkarları ilə apardığı mübarizəni təsvir edir. O bu əsəri yazmaq üçün uzun müddət material toplamışdır…”

Azərnəşr “Bığlı ağa” kitabımın əlyazmasını 1936-cı ilin axırında “Qızıl Şərq” mətbəəsinə göndərdi. Onun taleyindən xatircəmdim. Yaradıcılıq işlərim də yaxşı gedirdi. Ancaq dolanmaq məsələsi əvvəlki kimi çətindi. Bu hələ dərdin yarısı idi. 1937-ci ildə “tuthatut” (o zaman belə deyirdilər) başlandı. Hər yerdə olduğu kimi, Ramana qəsəbəsinin sakinləri də bundan böyük ziyan çəkdi. Azərbaycan daxili işlər idarəsinin bir neçə əməkdaşı bura gəlib kəndimizin mərkəzi, meydan qabağında “müqəddəs ocaq” sayılan Qurban məscidində özlərinə kabinet düzəldərək adamları dindirib divan tutdular. Bağlı, qara maşınlar işə düşdü. Gecə vaxtı “şübhəli” adamları evdən aparmağa başladılar. Sonra bildik, elə bir ailə yox idi ki, bu tufan onun qohum-əqrəbasından yan keçsin. “Xalq düşməni” elan olunan adamların arasında neftçi fəhlələr də vardı. Misal üçün onlardan biri kimləsə mübahisə edəndə yaxşı mənada demişdi ki, “…Elə Stalin də səhv buraxa bilər…” O bu sözün qurbanı olub on il həbs cəzası aldı və vətənə qayıtmadı. Qanunun pozulduğu günlərdə qəzet və jurnallarda Stalinin bu sözlərini yazırdılar: “İnsan – ən dəyərli kapitaldır” və ya “bizim ölkə dünyada ən demokratik ölkədir.

1937-ci ilin ortalarında “Bığlı ağa” kitabımın siqnal nüsxəsi çap olundu. Kitabın birini mənə verdilər. Gənc müəllif üçün ilk əsərinin çap olunmasından fərəhli hadisə ola bilərmi? Elektrik qatarı ilə Sabunçuya, oradan avtobusla doğma yurdum Ramana qəsəbəsinə gedərkən tez-tez kitabıma baxırdım. O, sanki mənim səadət quşum idi. Təzə kitabın mətbəə iyi məni valeh edirdi. Mənim nəzərimdə o, dünyanın ən gözəl ətri idi.

Evə gəlib kitabımı ata-anama göstərdim. Onların sevinci hədsizdi. Ancaq ertəsi günü vəziyyət dəyişdi. Hidayət Azərnəşrdə məni görən kimi kənara çəkib həyəcanla dedi:

– İşlər pisdir. “Bığlı ağa”nın çapını dayandırmışam.

Bu xəbər məni sarsıtdı. Demək ilk əsərimin sevinci yarımçıq qaldı. Kitabım bağlandı. O, keçirdiyim həyəcanı duyub əlavə etdi:

– Bir tədbir görmək lazımdır. Kitab çap olunmalıdır. Ortaya elə məsələ çıxıb ki, onu yalnız Məmmədsadıq Əfəndiyevlə birlikdə həll edə bilərik (o zaman Məmmədsadıq mətbuat məsələlərinə rəhbərlik edirdi). Mən onunla danışaram. Sən də bəlkə yanına getdin.

Kitabın çapının saxlanmağının səbəbini bilmək istədikdə o, yavaşcadan dedi:

– Sənin əsərindəki inqilabçılardan Həmid Sultanov xalq düşməni elan olunub

– Necə,necə? Həmid?..

O, əlini çiynimə qoydu:

– S S… Özünü ələ al. Onun həyat yoldaşı Ayna Sultanova da həbs olunub… Yaxşı ki, kitabın yalnız 90-cı səhifəsində Həmid Sultanovun familyası gedib, qalan səhifələrdə isə Həmiddir. Mən Məmmədsadıqla danışıb razılaşdıqdan sonra, mətbəə işçisindən xahiş edərəm ki, Sultanovun familyasını çıxarıb səhifəni təzədən yığsın. Onda hər şey öz qaydasına düşər. Bu barədə heç kimə bir söz demə. Əgər səndən soruşsalar, deyərsən ki, Həmid ümumiləşmiş obrazdır. Bunun Həmid Sultanova qətiyyən dəxli yoxdur. Sən onu heç tanımırsan. Aydındır?

Mən susdum. Ancaq çox pərtdim. Necə ola bilər ki, mən Həmid Sultanovu tanımağımı inkar edim? Axı, o, Ramanada atamın dostu olub. O, tərəddüd etdiyimi hiss edib dedi:

– Başqa cıxış yolu yoxdur. Əgər tədbirimiz baş tutsa, kitabın çap olunacaq.

Mən suyu süzülmüş halda evə getdim. Ata-anama bu haqda bir söz demədim. Ancaq onları aldatmaq çətindi. Hiss etmişdilər ki, nəsə bəd xəbər eşitmişəm.

Atam məndən heç bir söz soruşmadan dedi:

– Oğlum, həyatda hər şey olur. Gərək səbirli olasan, ruhdan düşməyəsən. Belə bir məsəl var. Hər gecənin bir gündüzü var. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.

Gecə səhərə kimi gözümə yuxu getmədi. Müəllif üçün ilk dəfə çıxan kitabını “dəfn etmək” böyük faciə idi. Əgər əlyazması xoşa gəlməsəydi, dərd yarı olardı. Bəlkə də çıxış yolu tapmaq mümkün idi. Əsəri yenidən işlər, nöqsanlarını düzəldərdim. İndi isə nə işıq vardı, nə ümid.

Atam Həmidin faciəsini eşidəndə büsbütün sarsıldı. O, “Bığlı ağa”ya dedi:

– Xalqın mərd oğlu namərd əlinə düşdü. Allah bu zülmü yerdə qoymaz…

Bir neçə gündən sonra “Bığlı ağa” çap olundu, ancaq Sultanovsuz. Kitabın bir vərəqini çıxarıb onun yerinə başqasını yapışdırmışdılar. Bu dərhal nəzərə çarpırdı. Xoşbəxtlikdən, o zaman Həmid Sultanovla bağlı məni sorğusuala tutmadılar.

Kitabım satışa buraxıldıqda elə bildim ki, üstümdən ağır yük götürüldü, “Bığlı ağa” sanki yenidən dünyaya gəldi, elə mənim özüm də. Təəssüf ki , Sultanovsuz… Bu haqda düşünəndə kədərlənirdim. Onu da qeyd edim ki, əsərim üçün zəhmət çəkən, həyəcan keçirən, kitabın redaktoru Hidayətin adı yazılmamışdı. Bu mənə qəribə görünürdü. Sonra bildim ki, 1937-ci ildə xüsusi tapşırığa əsasən redaktorların adını kitaba yazmırdılar. Qorxurdular ki, onlar birdən “xalq düşməni” çıxar. O zaman “Bığlı ağa” kitabımı mağazadan alıb qələm dostlarımdan Abdulla Şaiqə, Hidayət Əfəndiyevə, Həmid Araslıya, Abbas Zamanova bildiyimə görə onların evində bu kitabım qorunub) və başqalarına yadigar verdim.

“Bığlı ağa” üçün mənə 900 manat verirdilər. Bu o zaman mənim üçün böyük pul idi. Həyatımda ilk dəfə idi ki, belə qonorar alırdım. Azərnəşrin Hamən adlı kassiri mənə yüz manat artıq pul vermişdi. Mən bunu evdə bildim. Bu haqda atama dedim, hər ikimiz həyəcan keçirdik. Ertəsi gün səhər Hamənin yanına gəlib dedim ki, mənə yüz manat çox vermisən. O dedi ki, elə şey yoxdur, pulu gərəy burada sayaydın. Mən yüz manatı ona qaytaranda o çox həyəcanlandı, mənə dərin minnətdarlığını bildirdi. Bu haqda Azərnəşr divar qəzetində də yazdılar.

Tale “Bığlı ağa”nın da üzünə gülmədi. Müharibə illərində ağır şəraitdə yaşamış və acından ölmüşdü. Onun arvadı və qızlarının qəbri Ramana qəbiristanlığındadır.

1957-ci ildə, iyirmi ildən sonra “Bığlı ağa”nın yenidən çapa hazırlayanda Həmidin familiyasını bərpa etdim. Ürəyim təskinlik tapdı. Bu əsərim sonralar dəfələrlə Azərbaycan, rus və başqa dillərdə kütləvi tirajla çap olunmuşdur.

Oxucular mənə tez-tez belə bir sual verirlər: “Sizin yeni əsərləriniz çap olunanda daha çox sevinirsiniz, yoxsa təkrar nəşr ediləndə? Sizin üçün hansı əzizdir?” Mən bu suala belə cavab verirəm: “Əsərlərimin təkrar nəşr olunduğunu bildikdə sevinirəm ki, o yaşayır, oxucusunu tapır. Övladını həmişə xoşbəxt görən valideyn kimi. Təzə əsər isə yeni doğulan uşağa bənzər. Bunun nə qədər fərəhli olması bəllidir. Ancaq nigarançılığı da var. Valideyn düşünür ki, o fərasətli çıxacaqmı, uzun ömür sürüb, xoşbəxt olacaqmı?” Odur ki, yarım əsr bundan əvvəl çap olunan “Bığlı ağa” povesti ilk övladım olduğundan, mənim üçün olduqca əzizdir. Ancaq qeyd edim ki, elə o vaxtdan ədəbiyyat tarixində “Bığlı ağa”nın adını çəkməkdən ehtiyat ediblər, elə sonralar da. Hələ də açılmamış “düyünlər” var. Çox qəribədir ki, elə indinin özündə də Moskva və başqa şəhərlərdə (o cümlədən xaricdə) nəşr edilən əsərlərim bəzilərini qıcıqlandırır…

“Bığlı ağa” çap olunanda iyirmi bir yaşım hələ tamam olmamışdı. 1939-cu ildə “Şor cüllütü” povestim nəşr edildi… O zaman bütün cavanlar kimi xoş arzularla yaşayırdım.

LVOV… DOSTLUQ YADİGARI

Mən hələ kiçik yaşlarımdan bütün uşaqlar kimi hər şeylə maraqlanardım. Elə vaxt olur ki, coğrafiya xəritəsini qarşıma qoyub baxır, şəhər, dəniz, çay və körfəzlərin adlarını yadımda saxlamağa çalışırdım. Coğrafiyaçı olacağımı qət etmişdim. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.

Müharibə məni uzaq yerlərə aparıb çıxardı. Dünyanın bir çox şəhər, dəniz və çaylarını xəritədə deyil, həqiqətdə gördüm.

Hər şeyin ilki maraqlı olur. Bakıdan sonra birinci gördüyüm şəhər Nikolay Ostrovskinin vətəni Şepetovkadır. Mən əsgərliyimi burada keçirmişdim. 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə Nikolay Ostrovskinin ildönümü münasibətilə dərc edilən “Gözsüz görən” adlı hekayəm Şepetovkada çıxan “Şlyax jovtnya” qəzetində 1938-ci il 22 dekabrda çap olunmuşdu. Bu, Ukrayna dilində dərc olunan ilk hekayəm idi.

(Həmin hadisələrdən yarım əsr sonra Şepetovkadakı Nikolay Ostrovski müzeyinin əməkdaşı mənə məktub yazaraq qəhrəman yazıçı ilə bağlı olan xatirələrimdən yazmağımı xahiş etdi. Bu xahişi yerinə yetirdim. Sonra onunla müntəzəm sürətdə məktublaşdıq. Ukrayna dilində çıxan “Bığlı ağa”, “Şor cüllütü” povestlərimi və “Mübahisəli şəhər” romanımı və başqa hekayələrimi müzeyə göndərdim. Bu yaxınlarda mənə xəbər verdilər ki, muzeydə mənə həsr edilmiş guşə açılmışdır. Burada kitablarım, o cümlədən Nikolay Ostrosvki ilə bağlı hekayələrim və başqa maraqlı sənədlər qorunur).

1939-cu ildə məni SSRİ Yazıçılar İttifaqına qəbul etmişdilər. Üzvlük kitabçamı Səməd Vurğunun tapşırığı ilə mənə bura göndərmişdilər. Bu, həyatımın xoş, əlamətdar günlərindən biri idi.

Qərbi Ukrayna sərhədini keçməyə hazırlaşarkən Səməd Vurğuna tələsik bir məktub yazıb rica etdim ki, Yazıçılar İttifaqı ata və anama maddi yardım göstərsin. Kağızımı üçkünc qatladım, yoldan keçən bir ukraynalı kəndlisinə verib dedim: “Xahiş edirəm poçt qutusuna atın”. Etiraf edim ki, əvvəllər məktubumun çatıb-çatmamısından nigaran idim. Sonra hər şey mənə aydın oldu: Səməd Vurğun kağızımı aldıqdan sonra atamla görüşüb, ona böyük qayğı göstərib. Atam deyərdi ki, Yazıçılar İttifaqına gedəndə Səməd Vurğun ona çay verməmiş buraxmazdı.

* * *

1939-cu il sentyabrın 17-si tarixi gün idi. Döyüşçülərimiz Zburuc çayının o tayı olan Qərbi Ukraynanın sərhədini keçərək onu azad etməyə başladılar… Bir həftədən sonra Lvov şəhərinə yetişdik.

Lvov yeddi yüzillik tarixində birinci dəfə şən və təmtəraqlı günlər keçirirdi. Şəhər faşist zülmündən qaçan yazıçı, jurnalist, incəsənət ustaları, ictimai xadimlər və qərb mədəniyyətinin tərəqqipərvər ziyalıları ilə dolu idi. Lvov belə adamların pənah gətirdikləri ocağa çevrilmişdi.

Hər şey öz yoluna düşürdü. Müəssisələr, idarələr, klublar, teatrlar işləyir, qəzet və jurnallar vaxtında çıxırdı.

Lvovda Qərbi Ukraynanın Ukrayna Sovet Sosialist Respublikasına qoşulmasının elan olunmasına həsr edilən nümayiş çox təntənəli keçdi. Burada adamların sayı-hesabı yox idi. Bayraqlar, rəhbərlərin şəkilləri və plakatlar başımız üzərində yüksəlirdi. Plakatlarda “Xay jive radyanski soyuz!” və bu kimi şüarlar yazılmışdı. Hər tərəfdən musiqi və şən səslər eşidilirdi.

Bütün dəstələr şəhərin Legion (indiki 1 May küçəsi) qarşısındakı meydançaya doğru irəliləyirdi. Parad burada qəbul olunurdu. Hərbi dəstələr – zenit topları, tanklar, piyadalar bir-birinin ardınca ötüb keçirdi.

Xitabət kürsüsündə N.C.Xruşşov, marşal C.K.Timo-şenko və başqa yoldaşlar nümayişi qəbul edirdilər. N.C.Xruşşov o zaman Ukrayna KP MK-nın birinci katibi idi. Mən döyüşçülərimizlə birlikdə xitabət kürsüsünün qabağında, Nikita Sergeyeviçlə üzbəüz durmuşdum. O, orta boylu, dolğun, qıvraq bir adam idi. Saçı həm seyrək, həm də ağarmışdı. Ancaq gözlərində cavanlıq eşqi vardı. Şən və üzü gülərdi. İlk dəfə idi ki, böyük vəzifəli adam görürdüm, həm də lap yaxından. Etiraf edim, cavan olduğum üçün o zaman elə bilirdim ki, ali rütbə sahibləri qürurlu, təkəbbürlü olarlar. Səhv etmişdim. N.C.Xruşşov mənə və əsgər yoldaşlarıma xeyirxah bir insan kimi xoş təsir bağışladı. O, sadə, təvazökar, mehriban adam idi.

N.C.Xruşşov qısa, mündərəcəli nitq söylədi. O, xalqlar dostluğundan, Lenin milli siyasətindən, Qərbi Ukraynanın çoxmillətli Sovet xalqının mehriban ailəsinə daxil olunmasından hərarətlə danışdı.

Şəhərdə “Vilna Ukrayna” qəzeti çap olunurdu. (1940-cı ilin əvvəllərində burada mənim “Şevçenko və Qafqaz” adlı məqaləm çıxdı).

Mən Yazıçılar İttifaqının Kostyuşko küçəsində olan klubuna tez-tez gedirdim. Burada yeni məlumatlar öyrənir, maraqlı adamlarla görüşürdüm. Klubda Vanda Vasilevskaya ilə tanış oldum. O, qızı ilə Varşavadan Lvova piyada gəlmişdi.

Vanda Vasilevskaya bura necə gəlib çıxdığını ötəri danışdı. Görünür, çəkdiyi əzab-əziyyəti, başına gələn hadisələri təfsilatı ilə nağıl etməyi xoşlamırdı. Ancaq Qərbi Ukraynanı azad edən Qızıl Ordunun əsgər və zabitləri ilə görüşməsindən həvəslə danışırdı.

Vanda Vasilevskaya ilə tez-tez görüşə bilirdim. O müasir sovet ədəbiyyatını maraqla izləyən yazıçılardan biri idi. Bu barədə onunla tez-tez söhbət edirdik. Mən görkəmli Azərbaycan yazıçıları haqqında Vanda Vasilevskayaya qısaca məlumat verdim…

Bir dəfə Vanda Vasilevskayadan ayrılarkən dedim:

– Mən hər dəfə sizinlə görüşəndə vaxtınızı alıram, məni bağışlayın.

O belə cavab verdi:

– Sovet yazıçısı ilə söhbət mənə xoşdur, xüsusən Qızıl Ordu döyüşçüsü ilə. Axı, siz bizim xilaskarımızsınız.

Mən 1937-ci ildə çap olunan ilk povestim “Bığlı ağa” kitabımı ona yadigar verdim. O da mənə avtoqrafla “Torpaq əsarət altında” romanını təqdim etdi.

Vanda Vasilevskayaya onun bir kitabını Azərbaycan dilinə tərcümə etməyə söz verdim. Ordu sıralarından qayıdandan sonra vədimi yerinə yetirdim. Vanda Vasilevskayanın uşaqlar üçün yazdığı “Söyüdlü yol” kitabını tərcümə edib “Uşaqgəncnəşr”də iki dəfə (1941, 1962) çap etdirməyə nail oldum.

Vanda Vasilevskaya elə ilk görüşdə məndə xoş təəssürat yaratmışdı, qayğıkeş, təvazökar, səmimi, böyük istedada malik, son dərəcə ziyalı bir qadın idi. Ancaq sonralar o, bəzən həzin və kədərli bir səslə danışardı. Onun həyatı ağır keçmiş, çoxlu çətinliklərə rast gəlmişdi. Vanda Lvovnanın əri Marian Boqadko Krakov fəhlə hərəkatının qabaqcıl xadimlərindən biri idi. 1940-cı ilin əvvəllərində əks-inqilabi banda xaincəsinə onu öldürdü… Fəhlə sinfinin düşmənləri Vandanı da aradan götürmək istəmişdilərsə, buna nail olmamışdılar.

Bir dəfə Vanda Lvovna Aleksey Tolstoyun Lvova gələcəyini və ədəbiyyatçılarla görüşəcəyini mənə söylədi.

Bir neçə gündən sonra A.N.Tolstoyun Yazıçılar İttifaqının klubunda görüş gecəsi keçirildi. Mən də burada iştirak etdim. Klub adamla dolu idi, necə deyərlər iynə atmağa yer yox idi.

Qərbi Ukrayna Yazıçılar İttifaqının sədri Oleksa Desyank (ondan qabaq Petro Panç idi) görüş gecəsini açaraq, Aleksey Tolstoyu buradakılarla tanış edib, ona söz verdi. Həssas nəzərlər böyük rus yazıçısına zilləndi. Xarici ölkələrdə ikən adını eşidib görmədikləri və hərədə xüsusi bir təsəvvür yaradan Aleksey Tolstoyu hamı diqqətlə dinləyirdi.

Böyük ustad deyirdi:

– Mənim əziz qələm yoldaşlarım, mən bu şəhərə ikinci dəfədir ki, gəlirəm. Birinci gəlişimdə bu şəhər çox tutqun və qüssəli idi. Bu gün isə mən burada böyük bir şənlik görürəm. İndi Lvov şəhəri üzərindən qara kabus bu-ludları həmişəlik çəkilmişdir. O azad nəfəs alıb, bahar sevincilə gülümsəyir. İndi siz yaradıcı qüvvələrin də bayramıdır. – O xitabət kürsüsündən düşüb səhnənin yanı ilə bir neçə addım gedərək durdu, adamlara baxıb sözünə davam etdi:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации