Текст книги "Gözəlçə"
Автор книги: Süzanna Şaybler
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Süzanna Şeybler
Gözəlçə
I fəsil
Filip Stakinin Hollivuddakı villasında ziyafət idi. Bu ziyafət adi kübar məclislərindən o qədər fərqlənmirdi. Bağa yığışmış şıq geyimli xanımlar və cənablardan kimisi terrasda, kimisi geniş çəmənlikdə İsveç masalarının böyründə yerini rahatlamışdı. Hamı yeyib-içir, söhbətləşirdi.
Dəvətlilərin əksəriyyəti cavan, ya da cavan görünməyə can atan qonaqlar idi. Kişilər açıqrəngli kostyumlar və eyni çalarlarda köynəklər geyinmişdilər. Belə kostyum-köynəklər onların Kaliforniya günəşi altında yanmış dərilərinin tunc rəngini daha qabarıq nəzərə çarpdırırdı. Kişilərin xarici görkəmlərindən onların hər gün tennis kortunda, idman klubunda və üzgüçülük hovuzunda xeyli vaxt keçirməklə özlərini formada saxlamağa çalışdıqları hiss olunurdu. Qüsursuz saç düzümləri və makiyajları olan xanımlardan ətrafa «Dior», «Armani», «Jivanşi» və «Unqaro» ətirlərinin başgicəlləndirici rayihəsi yayılırdı. Qadınların nəfis bər-bəzəklərini görənlər o dəqiqə anlayırdılar ki, bunları məhz Rodeo Drayvdan – bütün Qərb sahilindəki ən dəbdəbəli və yəqin, ən bahalı ticarət küçəsindən alıblar.
İspan üslubunda qurulmuş köşkdə bir dəstə qonaq Filip Stakinin onları əyləndirmək üçün pulla tutduğu hoqqabazı dövrəyə almışdı.
– Əziz xanımlar, – hoqqabaz arıq barmaqlarını iki qadının qabağa uzatdıqları ovucları üzərində sürətlə oynadırdı, – mənim sözlərimə diqqət verməyin: pul sözdən irəlidir! Təsəvvür edin ki, bank kreditlərini siz idarə edirsiniz. Nə varsa, sizin əlinizdədir, məndə heç nə yoxdur!
Bunu deyib o, gənc reportyor Süzan Braysonun ovcuna üç qızıl sikkə qoydu.
– Bir, iki, üç, – iri sikkələri saydıqdan sonra hoqqabaz Süzanın ovcunu yumdu və dördüncü sikkəni yanında durmuş qırmızı paltarlı qadının ovcundan götürdü.
Hoqqabaz hamının sikkəni görə bilməsi üçün onu başının üstünə qaldırdı və ətrafdakılara nümayiş etdirdi. Sonra o, ovcunu yumub açdı – sikkə yoxa çıxdı.
– Nə varsa, sizin əlinizdədir, məndə heç nə yoxdur! – hoqqabaz bayaqkı sözlərini təkrar edib Süzanın barmaqlarını araladı. Doğrudan, qızıl sikkələrin dördü də qızın ovcunda idi.
Ətrafdakılar gülüşdülər. Hoqqabaz isə doğurduğu təəssüratdan məmnun qalıb oyunu davam etdirdi:
– Amma, deyəsən, sizə qızılı etibar etmək olmaz. Bir pens də bəsdir.
O, Süzanın ovcundakı dördüncü sikkəni götürüb çevik hərəkətlə bir əlindən o birisinə atdı. Qızılı iri mis pula «döndərdi» və onu dərhal qırmızı geyimli qadına verdi, gülümsəyib sözünə davam etdi:
– Əlbəttə, siz qızıl sikkənin harada olduğunu bilmək istəyirsiniz. Diqqət!
Möcüzə baş verdi: qızıl sikkə Süzanın qulağının dibindən çıxdı.
Qonaqlar ürəkdən güldülər və hoqqabazı alqışladılar. Yığışanlar gözəl əhvali-ruhiyyədə idilər. Bu zaman yaşı otuzu keçmiş, qarnı pırtlamış və başı dazlaşmağa başlamış ev sahibi Filip Staki onların arxasında peyda oldu.
– Bir qulağa görə bir pens? Əladı ki! – hoqqabazın son əməlini görən Staki güldü. – Bəs qalanı neçəyədir?
Yaraşıqlı sarışın Süzan bu atmacaya cavab verməyə macal tapmamış Staki yanındakı cavan kişiyə tərəf döndü.
– Edvardı görməmisən, Mark? – soruşdu.
Mark başını buladı.
– Təəssüf ki, yox. Əntiqə məclisdir, Filip!
Staki cavab əvəzinə yüngülcə gülümsədi, hərçənd tərifdən xoşlandığı aydın görünürdü.
– Arvadın, mənim arvadımın əməyinin bəhrəsidir. Heç bilmirəm, bu qədər işin öhdəsindən necə gəlib? Təsəvvür edirsiniz, məclislərdə xidmət göstərən firmanın nömrəsini yığanadək nə qədər əziyyət çəkib? – bu yerdə Filip özündənrazı halda güldü. – Bağışlayın, – dedi və qonaqların arasında yoxa çıxdı. Başqa bir tanışı barda gözünə dəymişdi, onunla da bir-iki kəlmə danışmaq istəyirdi.
– Salam, Hovard! Hə, işlər necədir? – Filip qoşadüyməli boz yüngül kostyum geyinmiş cənabla salamlaşdı.
Cənab söhbət etdiyi cavan xanımdan üzr istəyib Stakiyə tərəf çevrildi:
– Hər şey normaldır, Fil. Sizin kontorda nə var? Eşitmişəm, Edvard indi də «Mors İndastriz»lə maraqlanır.
– Bura günəş vannası qəbul etməyə gəlməyib ki, – deyə Staki başı ilə təsdiqlədi.
– Bəlkə, şərik olaq?
– Buyur. Sən zəng vur! Mənə zəng et! – Staki həmsöhbətinin çiynini döyəcləyib ondan ayrıldı və qonaqların arasından sivişib başqa bir qaraşın cənabın yanına tələsdi.
– Xoş gördük! Mən Filip Stakiyəm, – deyə özünü təqdim etdi, – Edvard Lyüisin vəkili.
– Xoş gününüz olsun! – yaşlı kişi Filipin əlini sıxdı. – Maraqlıdır, bu məclisin fəxri qonağı hara yoxa çıxıb? – o, Stakidən soruşdu.
Yaşlı kişi «fəxri qonaq» deyəndə müflisləşmə həddinə düşmüş «Mors İndastriz» şirkətini almaq üçün Nyu-Yorkdan bura gəlmiş «Lyüis Enterprayzis»in başçısı Edvard Lyüisi nəzərdə tuturdu.
Edvard ilə Filip təkcə dost deyildilər. Staki uzun illər idi ki, Edvardın firması üçün vəkillik edirdi və dostunun işgüzar duyumu və uğurlu sazişləri sayəsində böyük pullar qazanırdı.
Staki ətrafa boylandı, amma dostu nə köşkdə, nə terrasda, nə də qonaq otağında gözə dəyirdi. O, kinayə ilə gülümsədi.
– Kimi də olmasa, Edvardı mən yaxşı tanıyıram… Mərc gələrəm ki, hansısa xəlvət guşədə bir quşcuğazla şirin söhbətdədir.
Filip yaşlı kişinin üzünə bir daha gülümsədi və onun yanındakı çox gözəl gənc qızın yanağından öpdü.
– Necəsən, balaca? – deyə o, qızın halını soruşdu, amma cavab gözləmədən digər qonaqlarını yoluxmağa getdi.
Nümunəvi ev sahibi kimi Staki hər kəslə kəlmə kəsməyə, hamının üzünə gülümsəməyə, yaxud uzaqdan da olsa, başı ilə salamlaşmağa çalışırdı. Arada qonaqlardan birinin yanında ayaq saxlayır, nəzakət qaydalarına uyğun olaraq onunla ayaqüstü söhbətləşirdi.
Amma Edvard Lyüis dostu Filip Stakinin güman etdiyi kimi hansısa küncdə özünə qız tapıb əylənmirdi. O, Stakinin kabinetində qarağacdan nəhəng yazı masasına söykənib telefonda Nyu-Yorkla danışırdı. Onun düzgün cizgilərə malik, cazibədar sifətindən dilxor olduğu sezilirdi. Edvardın qıcıqlandığı səsindən də hiss edilirdi.
– Mənim katibəm hər şeyi həll etməli idi. O sənə zəng vurmamışdı?
– Zəng vurmuşdu, – deyə xəttin o başından əsəbi qadın səsi cavab verdi. – Niyə səndən çox, katibənlə danışıram.
Edvard hirsini boğdu. Cessika ilə münasibətləri çoxdan davam edirdi, uzun müddət birgə yaşamışdılar, lakin son zamanlar qız onu bezdirmişdi. Görünür, eşq macərasının sonu gəlmişdi.
– Hə, yaxşı, – o, kabinetin iri pəncərəsindən günəş şüalarına bürünmüş təpələrə baxa-baxa mızıldadı.
– Hər halda, mənim də öz şəxsi həyatımı qurmağa ixtiyarım çatır, – Cessika onun heç vaxt həzm edə bilmədiyi qəzəbli tərzdə ağlamsındı.
– Los-Ancelesdəki bu həftə mənim üçün çox vacibdir, – Edvard səsini mümkün qədər yumşaltmağa cəhd göstərdi və qızı dilə tutmağa başladı. – Sən indi mənə burada lazımsan.
– Xəbərdarlıq edə bilərdin, – Cessika fınxırdı. – Yoxsa elə bilirsən, bircə fit çalmağına bəndəm, o dəqiqə küçük kimi qaça-qaça dalınca gələcəyəm?
– Cessika, – Edvard inildədi, amma dərhal özünü ələ aldı, sakit və səbirli tərzdə sözünə davam etdi, – niyə elə fikirləşirsən ki, fitə gələn küçüyə bənzəyirsən?
– Sən daim bunu mənə hiss etdirirsən. Məncə, çamadanlarımı yığışdırıb sənin mənzilindən köçsəm, yaxşı olar.
– Əgər qərar vermisənsə, buyur! – Edvard, nəhayət, ürək sözünü deyib rahat nəfəs aldı.
Cessika incidi:
– Sən Nyu-Yorka qayıdanda bu barədə danışarıq.
Amma Edvard xoşagəlməz, sonu, çox ehtimal ki, qalmaqalla bitəcək vacib söhbəti sonraya saxlamaq istəmirdi. Ona görə də səsinə soyuqluq qatıb dedi:
– Əgər söhbət etmək istəyirsənsə, elə indi də münasib məqamdır, başqa məqamı gözləmə.
– Lap yaxşı, mənə də belə sərf edir, – Cessika titrək səslə cavab verdi. – Salamat qal, Edvard!
Qız dəstəyi atdı.
Edvard telefonun dəstəyi qulağında bir müddət beləcə dayandı. Qızın artıq onu eşitmədiyini anlasa da, «Salamat qal, Cessika» dedi və dərindən nəfəs alıb dəstəyi yerinə qoydu.
«Cessika ilə eşqimiz də bitdi», – Edvard düşündü. O, əlini qısa vurulmuş, yüngülcə qıvrılan, arasında tək-tək ağ tüklər görünən tünd saçlarına çəkdi, tünd-boz pencəyinin ətəyini dartdı və Filin kabinetindən çıxdı.
Pilləkənlə aşağı düşərkən Edvard villanın arxa həyətində əylənən qonaqlara göz gəzdirdi. Onlara qoşulmaq heç ürəyincə deyildi.
«Bu Cessika işləri korladı!» – Edvard düşündü. Düzdür, son zamanlar onların münasibətləri pisləşməyə doğru gedirdi, amma yenə də qızın qəfildən «əlvida» deməsi kişinin kefini pozmuşdu. Əlbəttə, o başa düşürdü ki, iztirab çəkmək üçün səbəb yoxdur, ancaq, nədənsə, qanı qaralmışdı. «Qadınlar heç cür anlaya bilmirlər ki, kişinin qəhrəman aşiq rolunu oynamaqdan da vacib məşğuliyyəti ola bilər?»
Bir cavan oğlan pilləkənlə qalxırdı. O, «Lyüis Enterprayzis»in Los-Anceles şöbəsinin əməkdaşlarından biri idi. Vens adlı bu oğlan müdirini görəndə rahat nəfəs aldı:
– Filip sizi axtarmağı tapşırmışdı…
– Filip? Yəni mənim vəkilim Staki? – Edvard əsəbi halda Vensin sözünü kəsdi.
– Bəli, şef, – müdirinin qəribə davranışı Vensi heyrətləndirdi.
Edvard pilləkəndə ayaq saxladı və Vensin gözləmədiyi sual verdi:
– İndi Tokio birjasında «Mors İndastriz»in səhmləri neçəyədir?
– Bilmirəm.
Edvard saata baxdı və üzünü turşutdu:
– «Bilmirəm» nə deməkdir? Artıq saat yarımdır ki, Tokioda hərrac başlayıb. Siz bilməlisiniz!
Vens «farağat» komandası gözləyən əsgər kimi dabanlarını cütləşdirməyə hazır vəziyyətdə tələsik cavab verdi:
– Bu dəqiqə öyrənərəm, ser!
Edvard bir az yumşaldı, başı ilə ona «gedə bilərsən» işarəsi verdi və qarşısında peyda olmuş iki xanımın üzünə gülümsədi. Onlardan biri sevincək civildədi:
– Salam, mister Lyüis!
Edvard hər iki xanımın əlini elə hərarətlə sıxdı ki, sanki qadınlar şəxsən onun, özü də ən əziz qonaqları idilər.
– Sizi görməyimə şadam! – deyə o, bir daha gülümsədi və üzünü Vensə tutdu:
– Morsun işini mümkün qədər tez bitirmək istəyirəm. Bazar günü Nyu-Yorka qayıdıram. «Metropoliten»ə biletim var!
– Başa düşürəm, – cavan oğlan şefin ardınca qonaq otağına tərəf getdi.
Edvard Lyüis qonaq otağına keçmədən vestibüldə ayaq saxlayıb başı ilə Venslə sağollaşdı. Yalnız bundan sonra oğlan özünə gəldi.
Edvardın daha məclisdə qalmaq fikri yox idi, otelə qayıtmağa qərar vermişdi.
Qapıçı onun qabağına yüyürdü.
– Sizin plaşınız, ser.
– Çox sağ olun, – Edvard açıq-boz rəngli gen biçimli plaşını alıb qapıçıya minnətdarlıq etdi, çıxışa üz tutanda arxadan kiminsə onu səslədiyini eşitdi. Süzan Brayson qonaq otağından ona tərəf gəlirdi. Edvardın üzü güldü.
– Xoş gördük, Süzi, – o, qızı gördüyünə sevindi və onun yanaqlarından öpdü.
Süzan kədərlə dedi:
– Başın sağ olsun, Karter haqqında eşitdim, təəssüf edirəm…
– Mən də, – Edvard quru cavab verdi. Bir neçə həftə əvvəl dünyasını dəyişmiş Karter onun atası idi. Edvard mövzunu dəyişmək üçün soruşdu:
– De görüm, doğrudan, ərə getmisən?
Qız güldü və sol əlində parıldayan nişan üzüyünü göstərdi:
– Hə, ərə getmişəm. Əsrin sonunadək səni gözləyə bilməzdim ki…
– Hm, – Edvard nə deyəcəyini bilmədi, telefonda Cessika ilə bayaqkı söhbəti yadına düşdü və hələ də beynini məşğul edən sualı Süzana vermək qərarına gəldi:
– Süzan, səndən soruşmaq istəyirdim…
– Nəyi? – qız maraqla onu süzdü.
– Biz görüşdüyümüz zamanlarda sən kiminlə daha çox danışırdın: mənimlə, yoxsa mənim katibəmlə?
Süzan mənalı-mənalı güldü:
– O mənim toyumda gəlinin rəfiqəsi idi.
– Hətta belə? – Edvard təəccübləndi. O, qızın dediyinin məğzini tutmuşdu. Ötəri tanışı toyda gəlinin rəfiqəsi seçməzlər. Deməli, onların eşq macərası davam edən vaxt ərzində Süzanla Edvardın katibəsi dostlaşıblarmış. Buradan da belə nəticə çıxır ki, Edvard daim məşğul olduğu üçün qadınlar telefonla öz aralarında daha çox danışırlarmış…
Edvard yüngül vicdan əzabı keçirdiyini hiss etdi və Süzana tərəf əyilib onun yanağından öpdü:
– Hər necə olubsa, daha keçib, amma sənin ərinə paxıllığım tutur. Xoşbəxt ol!
– Çox sağ ol. Sən də xoşbəxt ol, Edvard! – Süzan səmimiyyətlə cavab verdi.
Edvardın getməyə hazırlaşdığı Filipin arvadı Elizabetin gözündən yayınmadı. O, ərini axtarmağa başladı. Filipi qonaqların arasında tapmayanda isə belə məntiqi nəticəyə gəldi ki, ərini xəlvəti bir otaqda, özü də tək yox, hansısa suyuşirin qadınla birgə yaxalaya bilər.
Elizabet haqlı idi: Filip arxa otaqlardan birində kürən saçları parıldayan gözəl xanımın yanında oturmuşdu, qadının qara corabının üstündən yumru dizini sığallayırdı. Amma Elizabet buna görə ərinə nəsə acı bir söz deməyi lazım bilmədi.
Staki cütlüyünün arasında heç vaxt dilə gətirilməyən razılaşma var idi: Fil nəhəng pullar qazanırdı, Elizabetin istədiyi kimi yaşamasına imkan verirdi, o da halalca ərinin aradabir kənarda başqa qadınlarla əylənməsinə göz yumurdu.
Elizabet yaxşı bilirdi ki, boşanmış qadınların Hollivudda dəyəri yoxdur: onları kimsə saymır, böyük ziyafətlərə və məclislərə dəvət etmir. Bir sözlə, onlar cəmiyyətdə heç bir rol oynamırlar.
Buna görə də Elizabet ərinin kredit kartlarından istifadə imkanının qarşılığında Filin kiçik xətalarını görməzliyə vururdu. Əvəzində Elizabetin gündəliyi dəvət edildiyi ziyafətlər barədə qeydlərlə həmişə dolu olurdu və o da öz dəvətlərinə heç vaxt kimsədən imtina cavabı almırdı. Beləcə, Elizabet həm Hollivudda, həm də Beverli Hillzdə hörmətli şəxs sayılan missis Staki olaraq qalmağa üstünlük verirdi.
Təbii ki, Elizabet fəxri qonağın məclisi belə erkən tərk etməsini öz şəxsi məğlubiyyəti kimi qiymətləndirirdi. Buna görə də ərinin kürən saçlı qadınla intim münasibətlərinə müdaxilə edərkən xeyli həyəcanlı idi. Qadının soyadı Elizabetin yadında deyildi, adı isə, deyəsən, Ellison idi.
– O gedir! – deyə Elizabet qışqırdı. – Edvard gedir!
Cəmi bir dəqiqə əvvəl Fil ehtiraslı nitqləri ilə Ellisonu onunla daha yaxından tanış olmağa razı sala bilmişdi. O, qınayıcı nəzərlərlə arvadına baxdı, amma otağı təcili tərk etməli olduğunu anlayıb Ellisondan üzr istədi və tələsik ayağa qalxdı. Hərçənd belə bir şəraitdə iki qadını otaqda təkbətək qoymaq heç münasib deyildi. Qaşlarını düyünləyib əllərini belinə dayamış Elizabetin Ellisonu başdan-ayağa necə süzdüyü Filipin diqqətindən yayınmamışdı. «Aman Tanrım, Elizabet qısqanclıqdan həngamə qoparmaz ki?» Ancaq Staki bu ani fikri tez beynindən çıxardı: indi münasibətləri ayırd etməyin vaxtı deyildi. Üstəlik, o bilirdi ki, arvadı belə məsələlərə görə qalmaqal salmağa adət etməyib.
Eyni vaxtda Edvard Lyüis öz maşınına çatmağa çalışırdı. Oteldə onun ixtiyarına sürücüsü ilə birlikdə gümüşü metal rəngli limuzin vermişdilər. İndi həmin limuzin Stakinin villasının qarşısındakı digər avtomobillərin arasında sıxılıb qalmışdı. Onun yerindən tərpənməsi mümkün deyildi. Burdakı maşınlardan təkcə biri, eynilə gümüşü rəngli «Lotus-Esprit» idman avtomobili duracaqdan maneəsiz çıxa bilərdi.
Edvard maşın sahiblərinin açar saxladıqları qutunun böyründə iki yapon xidmətçini gördü. O, «Lotus»u göstərib soruşdu:
– Mister Stakinin maşınıdır?
Xidmətçilər çaşdılar, əvvəl baxışdılar, sonra eyni vaxtda başlarını tərpətdilər. Onlardan biri nəzakətlə cavab verdi:
– Bəli, ser, mister Stakinin maşınıdır.
Edvard «Lotus»a yaxınlaşanda arxadan Filin səsini eşitdi. Vəkil tövşüyə-tövşüyə çıxış zolağı ilə qaçır və nəsə qışqırırdı:
– Sən hara? Nədir, gedirsən?
Edvard etiraz qəbul etməyən tərzdə əlini vəkilə uzatdı:
– Zəhmət olmasa, maşınının açarını ver.
– Nə üçün? – Fil heyrətini gizlətmədi. – Səninkinə nəsə olub?
– Heç nə olmayıb, sadəcə, onu araya alıblar. Derril çıxa bilmir, – deyə Edvard yaxınlıqda divara söykənib həmkarlarından biri ilə söhbət edən qırmızıdərili sürücüsünü göstərdi. Sürücü Edvardla Filipin ona baxdıqlarını görüncə təəssüflə çiyinlərini çəkdi.
– Zəhmət olmasa, açarları ver, – Edvard xahişini təkrar etdi.
Stakinin etiraz cəhdi uğursuz oldu.
– Al, – deyə o, Edvardı dilə tuta biləcəyinə ümid yeri qalmadığı üçün açarları verdi. – Amma yaxşı olar ki, maşını özün sürməyəsən, iş səni çox yorub. Bəlkə, heç mənim maşınımda işin olmasın? Yaxşısı budur, deyim, səni gətirən maşın üçün yolu açsınlar.
– Haydı, tez yolu açın! – deyə o, yerində donub-qalmış yapon xidmətçilərin üstünə qışqırdı. – Bu avaraları görüm lənətə gəlsinlər.
Edvardın artıq «Lotus»un sükanı arxasına keçdiyini görən Filip özünü maşının üstünə atdı:
– Dayan, Edvard, xahiş edirəm! Sən, heç olmasa, sürəti dəyişməyi bacarırsan?
Edvard motoru işə saldı.
– Niyə bacarmıram?
– Bunda avtomat sürət qutusu deyil, adi mexanikadır! Sən axı, deyəsən, heç belə maşın sürməmisən, – Filip sakitləşmək bilmirdi. Edvard onun canfəşanlığını görüb qımışdı:
– Birtəhər baş açaram.
– Ehtiyatlı ol, yalvarıram! Maşın təptəzədir.
Edvard sürətlər qutusunun dəstəyindən yapışıb yana çəkəndə xırçıltı səsi eşidildi. Filipi az qaldı ki, iflic vursun.
– Tanrı xatirinə, durrr… Sən qalsan, yaxşı olar… – o, əllərini sinəsində çarpazlayıb yalvardı.
Edvard zəhləsini tökən milçəyi qovurmuş kimi əlini yellədi:
– Hər şey yaxşı olacaq, narahat olma.
Güclü motor nərildədi və maşın yerindən qopdu. Darvazaya çatanda «Lotus» dayandı. Filip Staki maşına tərəf yüyürdü.
– Araban xoşuma gəlir! – Edvard pəncərədən qışqırdı.
– Mənim də! Bax ha, ehtiyatlı ol! Axı sən onun dilini bilmirsən…
Sürətlər qutusunun içindəki çarx bir də vəhşicəsinə dişlərini xırçıldadanda Filip başını tutdu və qışqırdı:
– Sən qaranlıqda azacaqsan!
Maşının təkərləri vıyıldadı. O, yola çıxdı və… doğrudan da, Edvardın qaldığı mehmanxanaya əks istiqamətdə şütüdü.
– Ora yox! Beverli Hillz yamacdadır!..
Amma Edvard artıq Filipi eşitmirdi. «Lotus» nərildəyə-nərildəyə dolanbac dar küçə ilə uçurdu.
Edvard Lyüis həqiqətən mexaniki sürətlər qutulu avtomobilə alışmamışdı. Ümumiyyətlə, o, maşını yaxşı idarə edə bilmirdi, buna görə də, adətən, şəxsi sürücüsünün, reaktiv təyyarəsinə minməli olanda isə pilotunun xidmətindən istifadə edirdi. Təəccüblü deyildi ki, o, bir neçə dəfə döngəni həddən artıq yüksək sürətlə buruldu, əyləci basanda az qaldı ki, motoru söndürsün. Bir yerdə isə «Lotus» elə sıçradı ki, o, Edvard şosedən çıxıb maşını saxladı.
– Lənətə gəlmiş öküz arabası! – deyə o, yenidən şoseyə qayıtmaq üçün maşını arxaya verdi və nisbətən aşağı sürətlə yoluna davam etdi.
Hava tamam qaralmışdı, Edvard isə yanlış istiqamətə getdiyinin fərqinə varmırdı.
II fəsil
Vivyen Uordun çarpayının yanına qoyduğu zəngli saatı axşam səkkizin yarısında cingildədi. Dərin yuxudan oyanan qız gərnəşdi, şirin-şirin əsnədi və gözlərini açmadan əlhavasına saatın səsini kəsdi.
Beləcə, gözüyumulu bir-iki dəqiqə uzanandan sonra Vivyen qalxıb yatağında əyləşdi, ayaqlarını döşəməyə salladı və hətta yatanda da çıxarmadığı parikinin kəkilini düzəltdi. O, Kit de Luka adlı rəfiqəsi ilə birgə yaşadığı tör-töküntülü mənzilini süzdü.
Vivyenin paltarlarının bir hissəsi döşəmədə, bir hissəsi üzlüyü sürtülmüş kreslonun üstündə atılıb qalmışdı.
Çarpayının baş tərəfində onun köhnə dostlarının və tanışlarının tələsik çəkilmiş, sonra da sifətləri səliqə ilə kəsilmiş fotoşəkillərinin yapışdırıldığı divar qəzetinə oxşayan bir şey asılmışdı.
Pəncərədən şəhərin hay-küyü eşidilirdi. Maşınların siqnalları ulaşır, hansısa xala cır səslə çığırırdı. Sonra sürətlə uzaqlaşan polis maşınının sirenası eşidildi.
Vivyenlə Kitin otaq kirələdiyi mehmanxana Hollivud bulvarının yan küçələrindən birində idi. Onun iki addımlığında isə məşhur «Uolk of Feym» mehmanxanası yerləşirdi. «Uolk of Feym»in qarşısındakı səkidə dünyaca məşhur adamların ulduzlarla haşiyələnmiş adları yazılmışdı. Bu küçə hər gün Hollivuda turist axını cəlb edən tələlərdən biri idi.
Bulvarın Vivyen yaşayan tərəfində diqqət çəkən başqa heç nə yox idi. Burada ucuz bar və restoranlar, varyete və porno-kinoteatrlar bir-birini əvəzləyirdi. Küçənin asfalt örtüyünə ulduz haşiyədə məşhurların adları döşənmiş hissəsi müştəri ovuna çıxan fahişələrin sevimli yeri idi.
Küçə və restoranlarda narkotik satanlar, qadın alverçiləri və qeyri-leqal mühacirlər, hər növ xırda fırıldaqçılar və avaralar, eləcə də bütün rəngarəngliyi ilə bulvarda təmsil olunmuş əyləncə industriyasının saysız-hesabsız zəhmətkeşləri qaynaşırdılar. Səsgücləndiricilərdən ətrafa rok və blüz sədaları yayılır, yeniyetmələr dəstə ilə səkilərdə gəzişir, yoldan ötənlərin arasından sivişə-sivişə skeytbord11
Skeytbord (ing. skateboard) – diyircəkli lövhə
[Закрыть] sürür, küçə gözəlçələri maşınların pəncərələrindən içəri boylanıb kişiləri yoldan çıxardırdılar:
– Ey, dost, bir az əylənmək istəmirsən?
– Bu gün təksən? Gözəl qız səni darıxmağa qoymaz. Bax gör, pis deyiləm, hə?
Vivyen vanna qəbul edib geyinməyə başladı. Əvvəl qara, tor alt tumanını və büstqalterini, kapron corablarını geyindi, sonra çiyinlərini və qarnını açıqda qoyan, öndən və arxadan iki metal halqa ilə birləşdirilmiş iki parça tikəsindən ibarət dar köynəyini, nəhayət, yalnız rəmzi olaraq ətək adlandırıla bilən üçüncü parça tikəsini əyninə keçirdi.
Vivyen boy-buxunlu, gerçəkdən gözəl idi: onun uzun qıçları, iri və ifadəli gözləri, yumşaq cizgili dodaqları vardı. Cazibədar sifətinin və incə qollarının dərisi gündən yüngülcə yanmışdı.
Qız üz-gözünə boya yaxmaq üçün güzgünün qabağına keçdi. Kontur qələminin və mavi kölgənin köməyi ilə gözlərini daha da ifadəli etdi. Dodaqlarını al-qırmızı rəngə boyadı.
Sonra budlarına qədər qalxan hündürdaban uzunboğazlarını geyindi. Çəkmələrin zəncirbəndlərinin dilləri çoxdan qopmuşdu, Vivyen uzunboğazları bağlamaq üçün sancaqdan istifadə edirdi. Onun libasını ucuz bər-bəzək tamamladı: klipslər, hər addımda yüngülcə cingildəyən bilərziklər.
O, dimdikli kepkasını başına basıb qırmızı jaketini çiyninə atdı, çantasını götürdü və qapıya tərəf getdi.
Qız nömrədən çıxarkən aşağıdan səs eşitdi. Vivyen dayandı, pilləkəndə çöməlib nəfəsini qısdı və aşağıda baş verənləri izləməyə başladı.
Miskin mehmanxananın sahibi yamaykalı mühaciri qapının ağzında yaxalamışdı:
– Bir dur, dur! Mən görürəm ki, sənə deyiləni anlamadın. Mən ayın axırında pulu yığıram. Pulunu ver, yoxsa səni burdan rədd elərəm!
Vivyen sakitcə qalxdı və barmaqlarının ucunda nömrəyə qayıtdı. Vanna otağında su çəlləyinin qapağını qaldırdı və pul saxladığı plastik sabunqabını çıxardı. Amma sabunqabıda cəmi bir dollar vardı.
Boşalmış sabunqabıya heyrətlə baxan Vivyen onun qapağını örtüb yerinə qoydu. O, sakinlərdən pul yığan zəhlətökən mehmanxana sahibi ilə qarşılaşmadan otaqdan necə çıxacağını təsəvvür etmirdi. Birdən ağlına fikir gəldi. Vivyen otağının pəncərəsini açdı və yanğın nərdivanının metal məhəccərli dar meydançasına hoppandı. Bu, riskli iş olsa da, başqa çıxış yolu yox idi. Həm də qız öz qüvvəsinə inanırdı. O, ətrafa boylandı və sürətlə aşağı enməyə başladı.
Küçədən keçən cütlük pişik çevikliyi ilə nərdivanla enən Vivyeni görmədi. Üçüncü mərtəbənin pəncərəsindən qaraşın bir qadın boylandı, Vivyeni görəndə gözlərini bərəltsə də, ağzını açmadı.
Nərdivan yerdən kifayət qədər hündürdə qurtarırdı. Vivyen çantasını yerə atıb aşağı tullandı.
– Hər şey qaydasındadır! – deyə o, çantasını yerdən götürüb mehmanxananın həyətini küçədən ayıran məhəccərin altından keçdi.
Vivyen yoldan ötənlərə qarışdı və bulvaradək getdi.
Yolayrıcında ala-bəzək toxunma papaqlı, sürtülmüş qəhvəyi pencəkli gənc bir zənci avtobusdan enən turistləri salamlayırdı. O, sözlərini əl-qol hərəkətləri ilə müşayiət edirdi:
– Hollivuda xoş gəlmisiniz! Xoş gəlmisiniz! – gənc qışqırırdı. – Bura gələn hər kəsin öz arzusu var! Sizin arzunuzu bilmək olarmı? Bəs sizinkini? Ey, mister, sizin hansı arzunuz var?
Vivyen bu zəncini tez-tez görürdü. Düzdür, hər gün bulvarda dolaşan, qarşısına çıxan hər kəsi söhbətə tutmağa çalışan zəncinin adını buralarda bilən yox idi. Bu oğlan dinc və daim şən görünürdü, hamıdan hansı arzunun ardınca Hollivuda gəldiyini soruşurdu.
Vivyen işıqforun yaşıl işığını gözləyib iti addımlarla küçəni keçdi. Bir oğlan artıq nəşədən hallandıqları hiss olunan iki yeniyetmə qızın böyründə skeytbordunu saxladı. Bu səhnə Vivyenin gözündən yayınmadı.
– Qızlar, əntiqə mal var! İstəyirsiniz? – deyə müştərini hiss edən oğlan qızları yanladı.
Balaca zərf və üç-dörd dollarlıq əsginas dəyişdirildi. Oğlan qızlara vaxtlarını xoş keçirməyi arzulayıb yerindən götürüldü.
İbarə ilə danışan zənci turistlərin ardınca düşmüşdü. Ensiz fasadlı evin qarşısında nəsə olmuşdu. Adətən, çəkməsilənin əyləşdiyi tində «təcili yardım» və polis maşınları dayanmışdı, uniformalı bir neçə nəfər cansız bədəni dövrəyə almışdı. Tamaşaya yığışanların sayı artırdı.
Bir qadın soruşdu:
– Nə olub?
– Heç, fahişə gəbərib, – kimsə cavab verdi.
Polislərdən biri zəncinin çiynindən yapışıb onu saxladı:
– Müfəttiş Elbertson, – deyə polis özünü təqdim etdi və saymazyana soruşdu:
– Ölən barədə nə deyə bilərsən?
Vivyen həmin anda tinə yetişdi və cavabı eşitdi:
– Mən heç nə bilmirəm, ser, – zənci şübhəli adam kimi dartınır, əl-qol atırdı. – And içə bilərəm. Düz sözümdür, bu qızı tanımıram.
– Bəsdir nağıl danışdın! Biz onu həyətdə, zibil yeşiyində tapdıq. O nə işin sahibi idi?
– Toz üçün işləyirdi. Halı lap pis idi. Kokain üçün işləyirdi. Gecə-gündüz küçədən yığılmırdı, özünü lap ucuz satırdı.
– Bəs sən neyləyirsən? – müfəttiş soruşdu.
Zənci əllərini qaldırdı:
– Mən təmizəm, ser! And içirəm!
– Sən dedin, mən də inandım! – asayiş keşikçisi burnunu çəkdi. Müfəttiş zənciyə bir-iki sual da verməyə hazırlaşırdı ki, tində toplaşanlardan iki nəfər onun diqqətini çəkdi. Polis qışqırdı:
– Ey, siz! Neyləyirsiniz orda?
O, meyitin üzərinə əyilmiş qadınla kişiyə yaxınlaşdı. Qadın dayanmadan fotoaparatını şaqqıldadırdı. Müfəttiş gözünü onlara dikdi:
– Mətbuatdansınız?
Bir anlığa əl saxlayan qadın geri döndü:
– Mətbuatdan deyilik. Orlandodan gəlmişik.
Müfəttiş hirslə həmkarına – ikinci polisə tərəf döndü:
– Ağlagələn iş deyil! Bu turistləri gördün? Meyitin şəklini çəkirlər, görünməmiş şey tapıblar!
İkinci polis sensasiya həvəskarlarını kənara sıxışdırdı. Vivyen isə bu yerdən uzaqlaşmağa tələsdi. Ölən qızı tanıyırdı. Qarşılaşdığı mənzərədən tükləri biz-biz olmuşdu. Tindən təzəcə aralanmışdı ki, meyitin «təcili yardım» maşınına qoyulub aparıldığını gördü.
Vivyen addımlarını sürətləndirdi, küçənin qarşı tərəfinə keçdi və giriş qapısının üstündə neon hərflərlə «Mavi banan klubu» sözləri yazılmış bara daxil oldu. Qapının yanında mopedlər düzülmüşdü, pəncərələrdən gur musiqi səsi gəlirdi. Hiss olunurdu ki, gecə həyatı başlayır.
Ağzına kimi dolu salonu tüstü bürümüşdü, elə bil tülkü boğurdular. Bar Vivyeni səslərin kakofoniyası, sınan şüşənin cingiltisi, şaqqanaqla qarşıladı. Səsgücləndiricilərdən tanış mahnının sədaları yayılırdı:
Bu sərsəm dünyada
Sənə aşiq olmağım
Heç qəribə deyilmiş…
Bir neçə nəfər ortalıqda rəqs edirdi, qalanlar bütün salonboyu uzanan piştaxtaya yapışmışdılar. Vivyen adamları yara-yara özünü yaşlı barmenə yetirdi.
– Xoş gördük, Pope! Təsadüfən bilmirsən, Kit hardadır?
Qoca başı ilə pilləkənə işarə etdi:
– Yuxarıda, bilyard salonunda. Dostları da yanında.
Vivyenin mənzil yoldaşı Kit de Luka masanın arxasında tək deyildi. Kit düzgün biçimli, balaca uşaq kimi hamar üzlü, miniatür və qəşəng qız idi. Vivyen salona qalxanda o, tünd-şabalıdı rəngli gur saçlarını darayırdı. Rəfiqəsinin yaxınlaşdığını görüncə qız qara eynəyini çıxardı.
– Viv! – Kit sevincək ciyildədi. – Xoş gördük, gözəlçə…
Vivyen birbaşa mətləbə keçdi:
– Pul hanı? – deyə o, mənzil yoldaşının sözünü kəsdi. Kit sanki sualı eşitmədi, əl-qol ata-ata yanında oturmuş kişiyə tərəf döndü:
– Karlos, sən Vivyenlə tanışsan…
Sonra o, yanlarında oturmuş yeniyetməni göstərdi. Vivyen bayaq küçədə skeytbord sürən oğlanı tanıdı. Masa arxasında əyləşmiş dördüncü adam isə onlarla eyni peşənin sahibi başqa bir qız idi. Vivyen bu qızı da tanıyırdı.
– Bu da Enceldi, – deyə Kit həmkarını təqdim etdi və yenə nəsə demək istədi, amma Vivyenə baxan kimi xırp səsini kəsdi.
Vivyen hirsindən özündə deyildi.
– Biz tanışıq! Sən de görüm, pulu neyləmisən?
– Karlos azca toz tapmışdı mənimçün, biz də balaca məclis qurduq, – Kit lağlağıya saldı. – Görürsən də, qonaqlarım var…
– Sən bizim pulumuzu bu nəcisə vermisən? – Vivyen dəhşətlə Kitə baxdı. – Ağlın çaşıb sənin!
O, Kiti qamarlayıb masadan qaldırdı və silkələdi. Əllərini qızın yaxasından çəkəndə isə Kit müvazinətini saxlaya bilməyib döşəməyə sərildi və günahkar nəzərlərlə rəfiqəsinə baxdı:
– Başa düş, Viv, mənə təcili doza lazım idi…
– Sənə doza lazım idi, hə də… – Vivyenin sinəsi enib-qalxırdı. – Bəs mənzilin pulunu kim verəcək?
Karlos ayağa qalxıb qızların arasına keçdi.
– Yaxşı, sakit ol, gözəlçə, – o, yumşaq, riyakar səslə dedi.
Karlos əyninə qara köynək, dar şalvar geymiş, başına şlyapa qoymuşdu. İspanlara oxşayan bu yaraşıqlı gənc titrəyən əli ilə ondan yapışan Kiti itələdi, başını bulayıb əlavə etdi:
– O, hələ iki yüz də verməlidir…
– Eeee… Karlos, – Kitin dili ağzında dolaşdı.
Vivyen qəzəblə ona baxdı:
– Hələ iki yüz də?..
– Aha… mən əvvəllər də ondan toz almışdım… – Kit təsdiqlədi.
– Düz deyir. O mənə iki dənə yüzlük borcludur, – Karlos bunu deyib həyasızcasına Vivyeni süzdü. – Yox, əgər sən onun borcunu qaytarmaq istəyirsənsə, razılaşa bilərik.
Vivyenin dodaqlarının necə əyildiyini görən Kit işə qarışmağa tələsdi:
– Yox, yox, təklifinə görə sağ ol, Karlos, biz hələ o yerə gəlib çatmamışıq.
Kit ayağa qalxdı və rəfiqəsinin əlindən dartdı:
– Getdik, balaca, çıxaq burdan. Aşağı düşək.
Amma Vivyen elə bil yerə mıxlanmışdı:
– Sənin borclarını işləyib vermək?.. Başın xarabdı? Siz özünüzü nə hesab edirsiniz?!
Bayaqdan bəri səsini çıxarmadan olanlara qulaq asan Encel birdən hırıldadı. Nəhayət, Kit rəfiqəsini sürüyüb pilləkənin başına qədər apara bilmişdi.
– Sən onda nə görmüsən, Karlos? – deyə Encel qadın alverçisindən, yeri gəlmişkən, həm də keçmiş oynaşından soruşdu.
Karlos baxışları ilə Vivyeni xeyli ötürəndən sonra cavab vermək əvəzinə fınxırdı.
Vivyen isə heç cür sakitləşmək bilmirdi. O, yenidən Kitin üstünə düşdü:
– Mən yatanda pulu çırpışdırmısan? Elə olub, hə?
Kit çiyinlərini çəkdi:
– Sən yox idin. Səndən soruşa bilmədim.
Birinci mərtəbəyə enən kimi Kit bara tərəf getdi.
– Ey, hara? Bəlkə, bəsindi? Çıxaq burdan, – deyə Vivyen onun arxasınca qışqırdı.
Kit başını buladı:
– Mən nəsə yeməliyəm. Həm də unutma ki, o mənzil mənimkidir.
Kit rəfiqəsindən incimirdi, bununla belə, Vivyenə göstərmək istəyirdi ki, onu idarə etməsinə imkan verməyəcək. Kit barın piştaxtasına qoyulmuş boşqabdan üç-dörd şəkərli meyvə götürüb onları salfet kağızının üstünə qoydu.
– Sənsə yaddan çıxarma ki, mən də orada yaşayıram, – Vivyen əsəbi halda cavab verdi.
– Sən bura qara qəpiksiz gəlmişdin. Mənimsə mənzilim, pulum vardı. Sənə babat iş tapdım. Amma neyləyim ki, bu Karlos məni sıxışdırır. Ağzına nəsə atmalı oldum. Tanrı xatirinə, məndən əl çək. Ədalətsizlikdir bu!
Barmen Pope şəkərli meyvələrin bir-birinin ardınca Kitin ağzında necə yoxa çıxdığını qaşqabaqla seyr edirdi. Nəhayət, barmen dözməyib donquldandı:
– Bizdə özünəxidmət deyil.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?