Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 2

Текст книги "Xoşbəxtlər arasında yaşamaq"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Gücü üzülmüş ürəyinə çatırdı : ” Yük olmuşam sənə, yük. Dayan da , biryolluq!..”

Boğazında nəsə düyünlənmişdi. “Allah yolları açsın!” Deyəsən elə bu söz idi, qısılıb qalmışdı içində, çıxarmağa təpəri yox idi.

Bir səmirə möhtac kişinin qulağı qapının o üzündəydi. Dünənəcən küçə-bacada hay-küy salan dəcəl uşaqların, hər gün pəncərənin altından keçən , guya bir-birini yaxşı eşitmək üçün qışqıra-qışqıra danışıb bazar-dükana gedən qonşu arvadların da səsi kəsilib… Əvvəllər onu cin atına mindirən,“pırrr” eləyib hasara qonaraq qanadlarını həyasızcasına daş-divara çırpan, səsi kallaşmış müğənni kimi bir-iki dəfə boğazını arıtlayıb, sonra da düz on dəqiqə dayanmadan banlayan xoruzun səsi üçün darıxdı. “Bəlkə kəsib yeyiblər?…Ağasəlim haa! Ağlım kəsmir, Ağasəlim, sevimli xoruzunun boğazına bıçaq dirəyə. Ölmüşdü elə!.. Ən əziz qonağına “Quş qripinə qarşı peyvənd eləmişəm”, ya da “Qocalıb ee, kəsib qazana atsaq, gərək bir sutka gözləyəsən ki, bişə” -deyib , axırda da qonağı bir tava pamidor-yumurtayla yola verəndi Ağasəlim– xasiyətinə bələdəm qansızın!..Deyəsən, iş başqadı axı?… ”

Lap dünya dağılsa da , qapı açılmadan ölmək istəmirdi . Ölə bilmirdi!..

“ Demə bu gedişdən dönüş bəxt-ilahiymiş !..Xalxın da uşağı getdi, sağ-salamat qayıdanı da oldu, şikəsti də, şəhid olanı da oldu.Mənimkinin yazısına bax…Yazıq balam. Öldüsündən– qaldısından bixəbər…yaşamaq zülümdü, zülüm!Bu nisgili özümlə qəbrə necə aparım?.. Ondan xəbərsiz getsəm ,yer götürməz məni , gorum yanar…Sən demə qovrulub yansa da , şəhid balasını əlləriylə torpağa tapşıran atalar necə bəxtəvərmiş ! Bu xoşbəxtliyidə mənə çox görürsən, ilahi!”

Üzülmüş qəlbini parçalayan iztirablar səngimirdi. Lənətə gəlmiş qapıdan kiminsə girəcəyinə inanmasa da, hətta qəlbinin dərinliyində gizlənən şübhələri çözələnsə də, ümüdini özündən əvvəl dəfn edə bilmirdi !

…Nə pəncərəni döyəcləyən payız küləyindən, nə də evdə olmadığına əmin olub topun dalıyca hasardan həyətinə düşən uşaqdan xəbəri yox idi. Xəbəri olsaydıda , əvvəlki kimi əsəbiləşməzdi, bir az məzəmmət edib saçını tumarlar, hal-əhval tutar, kimlərdən olduğunu soruşar,yəqin axırda da deyərdi ki, “Ay bala, hasardan niyə aşırsan axı ,oğurluğa gəlmirsən ha, qapı-zad yoxdu bəyəm?” Axı bir aydı bu xaraba qalmışın qapısı heç gecələr də kilid görmür !..

“Allah xeyirə calasın!”– Yenə bayaqkı yuxusunu çək-çevir edirdi ; beş dəqiqə mürgü döyən kimi yuxusuna kəpənəklər doluşurdu. Eynən Məsmənin yuxusuydu, təkrarlanırdı. Yadındadı, ölməmişdən üç gün əvvəl ,Məsmə, səhərin gözü açılmamış onu yuxudan oyadıb başladı ki:“Kişi,qəribə yuxu görmüşəm,yadımdaykən danışım, amma qəribçliyə salıb gülmə yuxuma, sən dədənin goru…Gördüm ki, dağ boyda dəmir qapıdı, bağlı, zəhmi adamı basır. Zindandı nədi, baş açmaq olmur, hər yan qapqaranlıq… Elə dağ boyda da kişilər, əllərində külüng, o nədi, toppuz kimi olur ee…hə, quvaldla çırpa-çırp, düşüblər qapının canına, sındırıb açmaq istəyirlər, ha vururlar, ha döyəcləyirlər, qapı açılmır ki, açılmır.Birdən…a Mərdan, valla görəcəkdi, birdən görürəm ki, minlərlə, sayı-hesabı bilinməz alabəzək kəpənək doldu yuxuma , daha doğrusu, yuxumdakı zülmətə. Valla, ömrümdə bu qədər kəpənək görməmişdim. Heç televizorda da … Kəpənəklər hərəsi bir rəngdə işıq saçır, havada elə rəqs edirldilər ki, qapını sındıran kişilər də əllərini saxlayıb onların tamaşasına durdular. Kişi, Allaha and olsun, qəflətən bir ağ kəpənək, kəpənəklərin ən irisi, dəstədən aralanıb qanad çala-çala özünü çırpdı qapıya , çırpdı, çırpdı… valla inanmazsan, o yekəlikdə qapı taybatay açıldı. Açılan kimi də zülmət işığa qərq oldu.O iri kişlər də işğın içində yox oldular , elə bil əriyib getdilər… Gördüm qapıdan o yana ağappaq yol uzanıb gedir, aləm də nur içində…Məətəl qalmalıdı…”

–Nur yaxşıdı , elə açıq qapı da…Yaxşı xəbər gözlə,– deyib, sakitləşdirmişdi arvadını.

–İnşallah, yuxum çin olar,əli-ayağı üstündə qayıdar balamız, -demişdi Məsmə. Deyə-deyə , sanki ayaqları torpaqdan üzülmüşdü , topa-topa buludların üstündə süzürdü arvad…

Ancaq səhəri gün “yerə endi”, Orxanın adı dilində canını tapşırdı. O gündən həyət-bacada da kəpənək gözə dəymədi, elə bil yuxusuna yığıb aparmışdı…

Oğlunun müharibəyə könüllü getdiyini arvadından gizlətmişdi axı. Fikirləşirdi ki, uzağı bir-iki ilə dava bitər, uşaq qayıdar … day dönəndən sonra öldürəsi deyil ki məni?! İllər ötürdü, nə dava bitirdi, nə uşaq qayıdırdı. “Xaricə pul qazanmağa gedib” deməyi hardan ağlına girmişdi, indi də başa düşmürdü. Uydurduğu bu şirin yalanlarına özü də inana-inana gözlərinin yollarda qalacağını ağlına da gətirməzdi .“Pul qazanan , heç olmasa, ayda-ildə bir kərə gəlib anası canıyanmışı yoluxmaz?“-On il bu cavabsız sual son nəfəsi ağzından çıxanacan bu yalanlarla yaşayan arvadının gözlərində, dil-dodağında ilişib qalacaqmış…

***

Taqətdən düşmüş göz qapağı işığı sozalmış bəbəklərini yariyacan qapadı və o , qorxdu . Qorxdu ki, qapı açılmamış ürəyi dayana ,gözləri həmişəlik yumula. Altımış səkkiz ildə təsəvvürünə gətirmədiyi dəhşət ,bir anlığa bütün hüceyrələrini heydən saldı,qurutdu. Yaşadıqlarının yanında ölüm nəydiki?!

“Niyə mənə əzab verirsən, ö-ölüm?”-deyə pıçıldadı və ilk dəfə içində gəzdirdiyi sözü dilinə gətirdi:“Sən heç məndən ayrı olmusan ki?! ”

Elə bil qənşərindəki onu aparmağa gələn ölümün özüydü, əziz adamı kimi üz-üzə oturub dərdləşər.

Gözünü çəksə də , ürəyi səksəkədəydi ; ağır eşidən sol qulağını yorğanın küncüylə qapadı,daha yaxşı eşitsin deyə sağ qulağını darısqal dəhlizin o başındakı qapıya sarı tuşladı.

Onu dünyanın xeyir-şərindən ayıran qapı vicdansızcasına qapanmışdı…

Onsuz da hər şeyi boz rəngdə görürdü.Birdən, tor gəlmiş gözləri vaxtıyla dördayaqlı rəngli “Tauras” televizoru qoyulan künc divarın yuxarısında asılmış çərçivəyə sataşdı.”Bu nəydi belə?.. Axı, nədi bu?” Gözlərini qıydı. Diqqətlə baxmaq, aydın görmək üçün güclə başını yastıqdan qaldırdı. “Həə…bu ki…?”-deyə bildi.Unudulmuş çərçivəyə indiyəcən fikir vermədiyinə məəttəl qaldı. Əgər taqəti olsaydı, heç olmazsa, üç-dörd addım ata bilsəydi, ona yaxınlaşıb tozunu alar, boş otağın divarlarında yamaq kimi görünən çərçivədən , yəqin ki , cavan Mərdan, onun gözəl arvadı Məsmə və oğlu gülümsəyərdi üzünə, lap televizordakı diktorlar kimi !

Şəkilin tarixçəsini yadına salıb kövrəldi. Əslində, bu şəkil heç olmayıb – kollaj , yamaq idi bu şəkil. Hə, yadına gəlir , çoxdan, əsgərliyə gedəndən sonra , gecələr yuxusundan çıxmayan, oğlunun xiffətini çəkən arvadı ,təsadüfən məhəlləyə gələn şəkilböyüdən cuhuda lap cavan vaxtlarında Bakıda olarkən əriylə çəkdirdiyi yeganə şəkli, bir də oğlunun altıncı sinfdə oxuyarkən məktəbin “Şərəf lövhəsi” üçün çəkdirdiyi fotonu göstərib yalvarmışdı ki , onları birləşdirsin. Ciddi-cəhdlə tapşırmışdı da:“ Sən allah, a qardaş, elə elə ki ,bilinməsin, guya , bir yerdə çəkdirmişik .“ Şəkilböyüdən də on beş manat alıb düz bir həftədən sonra ,diqqətlə baxanda yamağı bilinən, elə yamağı ört-basdır eləməkçin mavi rənglə boyadığı(guya , fon yaratmışdı) portreti arvada təhvil vermişdi.Əvvəllər,əldən-ələ gəzər, öpülüb oxşanardı; gah anasının yastığının böyründə, gah televizorun üstündə, gah da kitab rəfinin ən gözəgəlimli yerində olan , indi toz basmış soyuq şüşənin arxasından ona baxıb gülümsəyən oğlunun təbəssümü onsuz da üzülmüş qəlbini dəlib-deşdi və bir dəfə də olsun oğluyla şəkil çəkdirmədiyinə peşman oldu.

“Görəsən necə baxırlar? Adam kimi yedizdirirlər heç olmasa? Ağlım kəsmir. Cəllad hara, rəhm hara…Faşistdən də betərdilər!.. Guya qırmızı xaçdı-nədi, nəzarət edir əsirlərə. Yalansa!…Gör neçə il keçib. Saqqalına da dən düşüb indi, Allahsaxlamışın…Əmisinə çəkib, tərs oğlu tərs!Evlən, dedik.İki ayağını bir başmağa soxdu ki, evlənmirəm!..Arvad-uşağa başı qarışsaydı, belə etməzdi, üzməzdi bizi. Evlənərdi, indiyəcən iki-üç oğlu da olardı… Yox, iki oğlu, bir qızı…Anası rəhmətlik qız istəyən idi…”

Qapı göz dağıydı, sirinsəyib durmuşdu.

“Gəlsin…Təki Əzrayıl canımı almamış dönsün…Gəlsə…gəlsə, daha heç yana buraxan deyiləm… Tək uşağı əsgər də aparmazdılar. Onda da özü getdi. Kişiyəm, getməliyəm, dedi. ..Davaya da eləcə, xəbərsiz getmişdi.Əl boyda kağıza “inşallah, qələbəylə qayıdarıq” yazıb dostuna vermişdi ki, atama çatdır, narahat qalmasın…Mən cəhənnəm, anan narahat getdi… Heç olmazsa məni naümid qoyma.Heç nə istəmirəm, bircə dəfə qoynuma sarıl , alnımdan öp, …sonda…çiynini tabutuma daya…rahat gedim ananın yanına…”

Soyuq tər basmış vücudu bir anlıq istiləşdi.Dilinə gətirə biləcəyi bu sözlərin təsirindən boynunu qucaqlayacaq əziz balasının tütün qoxulu ilıq nəfəsini duydu.Hətta zəhləsi getdiyi tütün iyi də xoş gəldi ona. “Hələ də…çəkirsən?…Bacar, at o zəhirmarı , oğlum!..”

Ağırlaşmış qollarını tərpətmək istədi ki, onun xəyalını qucsun.

”Oğlum dedim?!”

Heç vaxt onu belə çağırmazdı axı. Həmişə adıyla. Adıyla, vəssalam!

İndisə… elə fərəhlə, elə sevgiylə dedi ki,səsi, hətta ağır eşidən qulağında cingildədi:

“Oğ-lum !…Oğluuum!”

Əvvəllər vahiməli, qətiyyətli , cingiltili olan səsi indi kallaşsa , xırıldasa da pəncərəyə dəyib əks-sədaya döndü. Nəğmə kimiydi , havaya qarışıb səpələnirdi otağa…

Elə bil güclü bir əl onu soyuq, qaranlıq quyudan dartdı, dartdı, çəkib işıqlı dünyaya çıxartdı. “Bu nədi, ilahi?!” Otağa gözqamaşdıran qızılı –gümüşü işıq doldu.Bozarmış divar kağızları al-əlvan rəngə boyandı . Payız olmasına baxmayaraq havadan yasəmən ətri gəlirdi. Dodaqları nəmləndi. Son bir ayda ilk dəfə gözləri güldü.

Sinəsi şıltaq körpə kimi atılıb düşürdü…

Küçədə maşın dayandı…

Ağasəlimin xoruzu banladı…

Deyəsən , cırıldayan qapı idi…

Bir də qulaq verdi…

Bir ağ kəpənək içəri girmək üçün özünü pəncərəyə çırpırdı…

“Ədəbiyyat qəzeti” N-43,17 noyabr 2018 ci il.

Q A Y I D I Ş

(hekayə)

…Onu köhnə “təcili yardım”dan düşürüb Mirmehdi dayıgilin doqqazının ağzına qoyanda, o bir tərəfdən, Sənəm xala da o biri tərəfdən qapağı qaynaq edilmiş sirli qutunu barmaqlarıyla oxşuyub ağlayarkən başa düşmüşdüm ki , onlar da metal tabutu mənim kimi ilk dəfə görürlər.

Əfqanıstandan oğlunun ölüm xəbəri gələndən gecə-gündüz qurumuş canına vay tutan Sənəm xala indi kirimişcə dayanmışdı. Soyuq tabuta elə sığal çəkirdi, sanki nənnisində uyuyan sevimli oğluna layla deyirdi.Lap diqqətlə qulaq versəydim, bəlkə də dodağının altında oxuduğu bayatını da eşidərdim. Yaxınlaşa bilmirdim.

Mən də uşaq ağlımla fikirləşirdim ki, orada meyid varsa, yeşiyi niyə belə qaynaq eliyiblər? Qaçıb eləməyəcəkdi ki!.. “Görəsən onun içindəki Kazımı da babamın meyidi kimi yuyub, kəfənləyiblər? Yuyublarsa, dəmir qutuda niyə gizlədiblər? Qulağına, burnuna pambıq tıxıyıblar, ayaqlarını bağlayıblar?.. Babamı anamın cehizlik xalçasına bükmüşdülər, heç cınqırı da çıxmırdı axı…”

Məni fikirdən qoparan qiyyə olmuşdu –qəfil çaxan şimşək kimi yeri-göyü titrədən qiyyə!

Metalın soyuğumu diksindirdi onu , bayatımı kəsərdən düşdü, bilmirəm. Onu bilirəm ki, Sənəm xala özünü nə qədər aldatdığını, əzizgiramisinin ayağa qalxıb ona sarılmayacağını qəfil dərk elədi, gözləri yuvasında böyüdü, havalı təki tabutdan aralandı,aralandı… və…dodaqaltı hansısa mahnını zümzümə edə-edə qollarını açıb oynamağa başladı -Kazımın toyunda oynayırmış kimi…

Adətən, toylarda əsl rəqqasə kimi süzən Sənəmki ortalığa girərdi, bütün kənd böyüklü-kiçikli qırağa çəkilib heyranlıqla ona tamaşa edib əl çalardılar. İndi də oynayırdı Sənəm, bəlkə əvvəlkindən də gözəl, cazibəli…əhd edibmiş kimi…yerə-göyə sığmadan…Amma nə əl çalan, nə də sevinən vardı bu dəfə.

Hava istiydi, camaatsa qəfil yağışa düşübmüş kimi büzüşüb durmuşdu. Qız-gəlinlər biri-birinə qısılmışdı, cavan oğlanlar döyükmüşdü, dünya görmüş kişilərin matı-qutu qurumuşdu, arvadların əlləri ixtiyarsız olaraq açılmış ağızlarına qapanmışdı. Handan-hana arvadlardan “yazıq Sənəm “ deyənidə oldu, “vax-seey, arvadın başına hava gələcəy!”-deyəni də…

Düz deyirmiş arvadlar…

Birdən dayanıb durdu, dırnaqlarıyla qanı şırıldayıb axana qədər sifətinin dərisini siyirdi, tabutu gətirən zabitin üstünə şığıdı, qanlı əlləriylə paqonlarından yapışdı, silkələyə-silkələyə elə dartışdırdı ki, paqonlar qopub ovucunda qaldı. Tez də, iyrənirmiş kimi onları yerə tulladı və var gücüylə yumruqlarını onun sinəsinə çırpa-çırpa bağırdı:

–Mənim balamı verinnn! Bu mənim uşağım deyil!.. Mənim uşağım hanııı?!… Allah tufağuzu dağutsun! Balamı verin mənə!!! Kazımımııı!.. Ay camaat, neynirəm dəmir qutunu,həə?!

Onun səsi indi də qulağımda cingildəyir…

Zabit dilimizi başa düşməsə də, ana fəryadına dözə bilmədi. Qopardıb yerə tulladığı paqonlara da fikir vermədi. Kövrəldi.“Matuşka…izvinite,radi boqa…i-i-instruksiya…ya toje saldat… ya…ya ne vinavat, ya…”-deyib udqundu, sonra da qana bulaşmış paqonlarını yerdən götürüb əsgərə uzatdı.

Elə bu vaxt Mirmehdi dayı zabitə yaxınlaşıb hikkəylə bağırdı:

–Ne vinovat?!.. Deyirsən, ne vinovat, həəə? Taqda… taqda atkrıvay etu karobku! Atkrıvay daaa!

Zabit və onu müşayiət edən rus əsgərləri çaşıb qaldığından bir-birinə baxdılar. “K-kak?..” – deyib çiyinlərini çəkən zabitin çətin vəziyyətə düşdüyü üzündə yazılmışdı. Vəzifələri dəfndən sonra yaylım atəşi açacaq əsgərlər isə,həqiqətən o qutunun içindəkinin marağındaydılar.Sanki, onlar da lehimlənmiş metal tabutu ilk dəfəydi görürdülər.

Zabit Mirmehdi kişiyə başa saldı ki, bizə elə əmr verməyiblər, ixtiyarımız yoxdu, aça bilmərik…

Mirmehdi əmi də onun şübhəli danışmasından bir az da ürəklənib bağırdı:

–Aç deyirəm sənə, it oğlu it!.. Atkrıvay, atkrıvay dedim sənə!..

Bütün kənd quruyub qalmışdı yerində, zabitin nə edəcəyini gözləyərək bir an cınqırını da çıxaran olmadı.Və qəfil:

–Mən…mən açaram,– Qulaməli oğul dərdinə tablaşmayan Mirmehdi dayıya yaxınlaşdı.-Özünü üzmə,– zabitə işarəylə, -onun da üstünə getmə, sən Allah, -dedi. – O da əmr quludu,yazığın günahı nədi?

Qonşumuz Qulaməli dəmirçiydi.Tabuta diqqətlə baxıb dedi ki, onu həyətə aparın, bu dəqiqə gəlirəm.Cavanlar tez tabutu qaldırıb Mirmehdi dayının həyətinə apardılar. Deyəsən yaman ağır idi. Kiminsə hıqqana-hıqqana, “elə bil daş yığıblar içinə” dediyini eşitdim.On-on beş dəqiqə keçmədi ki, Qulaməli də bir yeşik dəmirçi alətiylə həyətə girdi. Kişilərdən ən yaxınları, daha doğrusu, ən ürəkliləri içəridə qalıb darvazanı bağladılar.

Sənəm xalanın qanlı dırnaqları hələ də sifətinə yapışıb qalmışdı.Arvadın cınqırı da çıxmırdı.Biz də maraqla gözləyirdik, çoxları dua edirdi ki, kaş qutunun içindən Kazım çıxmayaydı, yoxsa, bu arvad dəli olacaq!.. Nə bilmək olardı, bəlkə də Kazımın orda olması yaxşıydı?..

Gah gərginlikdən dodaqlarını saqqız kimi çeynəyə-çeynəyə gömgöy göyərtmiş paqonsuz zabitə, gah bir yerə yığışıb siqaret tüstülədən əsgərlərə, gah da yaşı qurumuş gözlərini darvazaya zilləmiş Sənəm xalaya baxırdım. Arvad tindəki əyri işıq dirəyi kimi quruyub qalmışdı, sanki ürəyi dayanmışdı…

Bir saat keçmişdi ki, həyətdə bir vay-şüvən qopdu, hamı “hiiii” deyib içini çəkdi.Bu tükürpədici səs keçən yaz istədiyi oğlana verilmədiyindən üstünə benzin töküb özünü yandıran bibim qızı Validənin bağırtısının eyniydi…

“Hiiiiii!..”

Darvaza açılan kimi küçədəki kişilər, arvadlar içəri doluşanda əl-ayaq altında qalmayım deyə(boyum balacaydı) divara dırmaşdım.Mirmehdi dayıgilin həyəti millətnən doldu.Tərslikdən, hasarın üstündən də heç nə sezə bilmirdim.Bayaq eşitdiyim inilti, zarıltı daha da çoxaldı. Hasardan endim.Camaatı dəhşətə gətirən nə idisə, onu görmək istəyi məni adamları yara-yara konserva qapağı kimi kəsilib yarıya qatlanmış qutunun qənşərinə gətirdi.Tabutu iri dəmir mizin üstünə qoyduqlarından içindəkini görə bilməsəm də, çatan kimi, dırnaqlarını qaysaqlamamış yaralı sifətinə sancıb bir çəngə ət qopardan Sənəm xala elə bağırdı ki, bayaqdan papiros tüstülədən əsgərlər də qaçaraq tabuta yaxınlaşdı.

–Bəs Kazımım hanııı, a canı yanmışlar, hanı mənim ciyərparaaam?!.. Ölübsə,ölüsünü neyliblər, həəə?!

Hə, indi başa düşdüm ki, qutudakı Kazım deyil.Yəni Allah bizim duamızı eşitmişdi? Yəqin ki, eşidib, yoxsa, tabutun içindən Sənəm xalanın oğlu çıxardı da! İndi hamı bir şey fikirləşirdi: yaxşı, qurban olduğum duamızı eşidibsə, yeşikdən Kazımın ölüsü çıxmayıbsa, doğrudan,bəs Kazım özü hanı? Ən qəribəsi də o idi ki, oğlunun meyidini görməyən Sənəm xala sevinmək əvəzinə, üzünə od tuturdu.Göz yaşını da bir tərəfdən saxlamaq olmurdu.

–Vot eto daa!..

Zabitin gözü kəlləsinə çıxmışdı.Heyrətdənmi, qorxudanmı gah tabuta, gah da camaata baxıb eləcə təkrar edirdi:

–Vot eto daa!…

Ağsaqqallar topalaşıb Mirmehdi əmini sakitləşdirirdilər ki, Allaha şükür, Kazımın ölüm xəbəri yalanmış!

Zabit, raykomun göstərişiylə üzüm yığımında təhkimçi olduğundan dəfn mərasiminə gecikən rayon “vayenkom”unun nümayəndəsinə işin nə yerdə olduğunu başa saldı.Başa saldı ki,bizim vəzifəmiz aeroportdan tabutu təhvil alıb ünvanına çatdırmaq, dəfn mərasimində əsgərin şərəfinə yaylım atəşi açmaqdı, başqa heç nə.Tabutun içindən hərbi forma geyindirilmiş şalbanın çıxmasını birinci dəfədi görür, daha doğrusu, birinci dəfəydi ki, tabutu açıb içinə baxırdılar.

Hamı çaş-baş qalmışdı.Kimsə dedi ki, vallah bu pis əlamətdi.Uşağın qəbrinin ağzı on gündü açıq qalıb, bir yandan da şalban…Bu hökümətin əsgərinin uçotu-muçotu var axı?! Ola bilməz ki, Kazım ölməyə, ancaq tabut göndərələr qapısına.Burda nəsə var…

Ələsgər müəllim, adəti üzrə çoxbilmişdiyin göstərirmiş kimi ağzını açan təki hamının üstünə qaynar su səpdi elə bil.Dedi ki, gərək inahat eləyib açmayaydız, ola bilər,əsgər minaya düşər, tikəsi də ələ gəlməz…Onda neyləsin hökümət,yəqin tabutu beləcə doldurub yiyəsinə göndərirlər…Bu da bir təsəllidi. Elə bunu demişdi, Sənəm xala: “ay Brejnev,evün yıxılsın… balon qabağuva döşənsün!..Döşənsün qabağuvaaa!..” – deyib bir qıyya çəkdi, bir ağız açdı ki, öz səsinin vahiməsindənmi, yoxsa tikəsi ələ gəlməyən birdənəsinin öldüyünə əminlikdənmi qəşş eləyib quru torpağın üstünə sərələndi…

***

Gör nə qədər vaxt ötmüşdü o hadisədən. Nə qədər qoca, cavan köçmüşdü dünyadan. Bəlkə də o səsin ağrısı, o fəryadın cingiltisi çoxunun xatirindən silinmişdi, hətta, oğlunun ölümüylə barışsa da, Kazımın təkcə hərbi forması dəfn edilmiş məzarı başında səssiz-səmirsiz nalə döyən,göz yaşıqurumuş Sənəm xalanın da.... Amma indi,bürküdən boğula-boğula, köhnə “RAF” in içində, Rusiya-Azərbaycan sərhəddini keçərkən, nədənsə, uşaq vaxtı bütün vücudumu silkələyən o ah-nalə yenidən qulağıma dolmağa başladı.Yuxusuzluqdan şişmiş gözlərimi ovucumun içində ovxalaya-ovxalaya darısqal salona göz gəzdirib səs sahiblərini axtarıram.Səslər çox tanışdı -bibim Əfruzun, Sahilənin, balaca Damlanın…İlahi, yeddi yaşlı uşaq da ağız açıb, diz döyərmiş?!. Yəni Damla atasını düz-əməlli tanıyırdıki? Heç Sahiləni demirəm. Bircə ilin gəliniydi.Bircə qarın doğmuşdu. Diləfruz nənə demiş,bir üzü qız, bir üzü gəlin… Səslər gah uzaqdan gəlir, gah qulağımın dibindəcə guruldayır, gah da çilik-çilik olub tökülürdü ayağımın altına… Səslər məni dəli edir…

Nəsə axtarırmış kimi bir də darısqal salona göz gəzdirirəm; on iki saat dayanmadan maşın sürən, yol boyu allahın bir kəlməsini kəsməyən, elə hey başını yırğalayan sürücü Qoçunu görürəm;sərhədçilərin təkər üstü taxta zastavası, at arabasıyla, köhnə “QAZ-24”lərlə Dağıstana mal daşıyan alverçilərin basabası, indicə sənədlərimizi yoxlayıb beş min rubl “qopardan” gömrük işçilərinin başdansovdu tikilmiş yöndəmsiz binası bizdən uzaqlaşdıqca, bir az da o səslərə yaxınlaşıram…

***

Nahaq Comərd əminin sözün qulaqardına vurdu Səlim. Kişi dünya görüb, sovetin torpaqların qarışbaqarış gəzib, insanlarına da bələddi deyə nakam qardaşının sonbeşiyi Səlim deyəndə “gedirəm Rusyətə”, yalvar-yaxar eləmişdi ki, kişi , hələ əlinin xınası solmayan, cavan,həm də qarnı burnunda boylu arvadını xəstə anasının umuduna qoyub getməz.Bir az qılığına girib ağzın arayandan sonra özünün, arvadının nişan üzüyünü dəyər-dəyməzə satıb yolpulu etdiyini biləndə təpəsindən tüstü çıxmışdı Comərd əminin.

–Kişilər Qarabağda qan tökür, -demişdi,-namusun qoruyur, sənsə qaçırsan?! Həm ailəndən, həm də torpağından qaçırsan? Hara?..Əsgərliydə gördüyün başı-götü açıq Valyaların, Qalyaların iyi gəlib burnuva?.. Oğraş!..Gorun çatdasun, a qardaş!..– Axırda da, bəlkə yola gəldi deyə, bəlkə də yandığından arvadına eşitdirmişdi ki, o qoduğa de, əgər məni tapdalayıb getsə, dayı qayıtmasın buralara. Əgər eşitməsə, onu adda qardaşoğlum yoxdu! Vsyo!..

Çox ağır sözlər də demişdi, Səlim eşitməmişdi. Eşitməməzliyə vurmuşdu Səlim.Hələ mən də məzəmmət edib Comərd əmiyə qulaq asmasını xahiş edəndə, incimişdi.

–Sən də lap qocafason danışırsan e, xaloğlu,-demişdi.-Biryolluq ha getmirəm.Bir az pul qazanıb, dönəcəm…Dolana bilmərəm burda, başa düşürsən? Boğuluram…

Dönmədi. Dönə bilmədi, elə bil bataqlığa düşdü Səlim. Sahilə qızını dünyaya gətirdi. Qızın adını da Damla qoydu, böyütdü. Bir gözü yaşlı, biri quru günü günə,ayı ilə caladı.Anası qubar eləyib öldü. “Başında bir qəzyə var yəqin, yoxsa dönərdi” – fikirləşdi zavallı Sahilə.Beləcə yeddi il Damlayla birgə için-için ağladı…Damlalar ümmana döndü…

Və bir gün… məktub gəldi Sverdlovskdan. Özü də Damlanın ad günündə.Üstündəki möhürdə üç ay əvvəlin tarixi olan solğun, əzik məktub Səlimdən idi. Ad günündə hədiyyə alırmış kimi sevinən Damla, açılmamış məktubda üzünü görmədiyi atasının naməlum iyini axtardı.Zərfdən isə rütubətli zirzəmi qoxusu gəlirdi.

Zərfi açmağa məndən özgə heç kəs ürək eləmədi.Kiril əlifbasıyla üç-dörd cümlə yazmışdı Səlim. Ehtiyatla oxudum.

“Salam, ana.Mən yalançı çıxdım.Əclafam…Məktub yetişibsə, bəsimdi. Bağışla… Bəlkə görüşmək qismət olmadı.”

Vəssalam. Nə Sahilədən, nə uşağından bir kəlmə də…

***

…Bilet alıb Sverdlovska gedəndə, Damla belimə sarılıb:“atamı gətirəcəksən?”– soruşmuşdu.Bir də Comərd əmi, əlləri əsə-əsə əsasına söykənib kövrəlmişdi:

–Qurbanın olum, ay Əhməd, tap onu.

Səsi titrəyirdi kişinin.Dilinə gətirməyə cəsarəti çatmasa da, “ölüsünü də olsa,tap, gətir”-demək istədiyini gözlərindən oxumuşdum.Bir də məndən aralananda pıçıltısını eşitmişdim:

–Dilim yanaydı ağzımda…

***

“Tapdım, Comərd əmi, tapdım Səlimi…Gətirirəm…Boz çöllükdə, tikan-çayan içində tapdım… Nə bir sinə daşı, nə ad, nə tarix. Taxta başdaşında “43” yazılan qəbirdə uyuyurdu Səlim… Sağlığına çatmadım…”

Nə zillətnən icazə aldım, qəbrini açdırıb metal tabuta qoydurdum, təyyarəylə gətirməyə o qədər pul istədilər ki, əsasən bazarlarda alver edən azərbaycanlılar, özləri demiş, qulpundan çıxanı verib məni Qoçunun “RAF”ıyla yola saldılar; gücləri buna çatırdı dediylərinə görə…

Yol boyu hey fikirləşirdim ki, dünyanın tarazı əyildikcə əyilir, adamların zayı çıxır get-gedə valla, bu necə olan şeydi, camaat “çörəypulu” deyibən evindən-obasından didərgin düşüb, yəni hərə ancaq canının, öz qarnının hayındadı? Sonra da öz dediyimə qəmiş qoyuram ki, neynəsin millət axı, nə zillət eləsin; torpaqdan pul çıxmır, zavod-fabrik yox, şəhər də bəyənmir kəndçini, qəbul eləmir, elədiyin də elə hala salır, elə rüzgara qoyur, day deməlisi qalmayıb. Yuxarıda oturanların da nə vecinə– öz qarnını otarmaqla məşğuldu, çoxları tək özünü yox ee, nəvə-nəticəsini də düşünür, var-dövlət yığır ki, bizim günümüzə düşməsin. Ortada kim qalır? Yanan da biz, yaman da…Şillə qabağına da, güllə qabağına da biz kasıbları verirlər… Var-yoxuna lənət, deyirsən – döyürlər, demirsən, dərddən əriyə-əriyə toza dönürsən…Başlı başın saxlasındı– bir əncam çəkəni də yox…Səlimin dalısıyca getməzdən bircə ay qabaq iki şəhid gəldi bapbalaca kəndə.İki başdaşından biri qırmızı lentə bürünüb ee, qəbristanlıqda… İmkanlıların uşaqları Londonda, nə bilim, hansı xarabada “oxuyur”, kef eləyir,bir də gördün gələcək ki, hə, bu kreslo mənim dədəmnən əmanətdi…

Qoçu əyləci basdı.“Çatdıq deyəsən”.

…Yol boyu qulağımda cingildəyən o səslər köhnə “RAF”ın rəngi qaçmış qapısında daha gur, daha da yanıqlı eşidiləndə fikirdən yayındım.Ayaqlarım keyiyib, tərpədə bilmirəm ki, tabutu maşından alıb Comərd əminin doqqazınasarı aparan cavanlara əl tutam.Arvadlar diz döyür, kişilər içində göynəyərək tabutun dalınca həyətə doluşurdu. Yaxşı ki mənə fikir verən yox idi.

Bu izdihamdan, ah-nalədən heç nə anlamayan Damla isə camaatı yara-yara həyətdən çıxdı, məni tək görüb bir anlığa darvazanın ağzındaca dayandı, bir mənə, bir maşına baxdı. Sual dolu baxışlarında qalan ümidini qırmayım deyə başımı yana çöndərə bildim. Qəhərdən gözlərim doldu . Özümü gizlətməyə dalda bir yer tapa bilmirdim… Deyəsən gülümsündü, sanki “məni aldada bilməzsən” demək istəyirdi. Nədənsə yadıma Sənəm xala düşdü. Elə bildim Damla indicə hər şeyi anlayacaq, başa düşən kimi də Sənəm xala kimi əl qaldırıb süzəcək, süzəcək…oynayıb, oynayıb da havalanacaq…

Amma o, birdən yüyürərək, gizlənpaç oynayan uşaq axtardığını taparmış təki maşına yaxınlaşdısa da, qəfil dayandı.Elə bil içəri baxmağa ürəklənmirdi. Arxaya çevrilib mənə bir də baxdı, amma nəzərimi ondan gizlətdiyimi hiss edib özünü toparladı, pəncərələri torpaq yolun tozanağında boğulmuş maşının içinə boylandı…

Mən altdan-altdan ona baxır, ürəyim əsə-əsə Allaha yalvarırdım ki, nolardı,Damla həqiqəti dərk edəydi, bu yoxluqla barışıb sakitləşmək üçün hönkür– hönkür ağlayaydı,ağlayaydı…dolu yağdırıb boşalan qara bulud kimi yüngülləşəydi, rahatlanaydı, sonra da saymazyana, heç üzümə də baxmadan yanımdan ötüb həyətə qaçaydı, təki , təki atasını məndən soruşmayaydı…


“Avanqard.net.” ədəbiyyat və mədəniyyat portalı.

QƏLPƏ GƏZDİRƏN

(hekayə)

…Deməsəydilər də, həkimlərin qoyduğu diaqnozun nə olduğunu bilrdi. Həyata inamını itirmədən hospitaldan evə buraxılanda səhər təzəcə açılmışdı. Dəli bir rüzgar elədən-elə, belədən-belə vıyıldayır, qədim şəhərin küçələrində olan-qalan zir-zibili göyə sovururdu. Sanki həmən vıyıltının yarısı onun içindəydi və onun iç-çalatını, beynində olan-qalan nəyi vardısa , onu da bu zir-zibilə qarışdırıb havada oynadırdı…

Son zamanlar belə hallar tez-tez təkrar olduğundan , baş həkim onu tibb bacısıyla birgə ,"Təcili yardım" maşınında evə yola salmağı özünə vəzifə borcu bilmişdi.

Evə dönəndən gözlərini boz tavana zilləyib lal-dinməz uzanmışdı…

Yuxusu yox idi -ərşə çəkilmişdi.Gözlərini qapayıb uzanir, nə illah edirdi, yata bilmirdi. Həkiminin baha qiymətə “tapdığı” dərmanlardan qəbul edir, elə bil arada , beş-on dəqiqə gözlərinin acısını alırdı,amma bu beş-on dəqiqədə gördüyü dəhşətli yuxular onu havalandırırdı.Tez ayağa qalxır, dəhlizdəki şkafın siyirtməsində köhnə pal-paltara büküb gizlətdiyi tapancasını götürür, "İrəli,irəli !…"deyə qışqırır,qışqırır, handan-hana ,harda olduğunu anlayandan sonra sakitləşib silahını sinəsinə sıxaraq uşaq kimi ağlayırdı.Yaxşı ki, tapancanın darağı boş idi.Bu məqamda, bircə dənə patronu olsaydı , vurardı özünü. Gücü ağlamağa çatırdı.Ağlayanda, eyni sözləri pıçıldayırdı:

–İ-la-hiii.., niyə məni öldürmədinnn, ni-yəəə?!…

Özündə-sözündə olanda, yəni ağlı başına gələndə ,“o qədər ölməli adamlar var ,amma ölmür, ölmək istəmir”– desə də ,onlara yox, özünə ölüm arzulayırdı. Əmin idi ki, bu halıyla həmən ölməli adamların gorbagor olacağı günü çətin görə.

Yox, o dəli deyildi. Dəli özünə ölüm arzulamaz axı ? Dəli , hamıdan çox yaşamaq istəyər. Amma çoxları üzünə deməsə də , arxasınca söylənirdilər : ”Başdanxarab…”

Başa düşürdü ki, qəribəlikləriylə hamıdan fərqlənir.”Axı nəyimə gərəkdi?” deyə bilmirdi və onu da anlayırdı ki, dünya necə yaranıb, eləcə də qalır,dərd-sər, ölüm-itim olsa da həyat davam edir, ağlayıb-sıtqamağdan heç nəyi düzəltmək mümkün deyil,birdə ,hamının dərdini qarnına doldurub tuluq kimi gəzdirmək ona qalıb?…

Yəqin dəli olmadığı üçün başa düşürdü bunu, amma onu da yaxşı dərk edirdi ki, həyat davam etsə də, nədənsə çox ədalətsiz,insafsız, yəni, “birinə hər şey, yüzünə heç nə “ prinsipiylə davam edir.Bax onda , beyn qapağının altında soyuq küləklər əsaməyə başlayardı, heç kefi olmurdu .

Tutmaları tutanda heç nəyin fərqində olmurdu. Əvvəllər aradabir tuturdu, yuxusu da pis deyildi, ən azından, şikayət etmirdi.Əsasən qarışıq yuxular görəndə, ya da televizorda müharibə filmlərinə baxandan sonra , son döyüş zamanı gizləndiyi səngərin beş addımlığında partlayan mərmilərin uğultusunu eşidir,döyüş yoldaşlarının yanıb qaralmış bədən hissələri gözünün qabağına gəlirib zarıyırdı.

Şənbə günləri "Şəhidlər xiyabanı"nı ziyarət edirdi. Hamı kimi təqvimə əbədi qara yazılmış günlərdə yox, hər şənbə günü!. Hər məzarın qarşısında dəqiqələrlə dayanıb, sakitcə nəsə pıçıldayırdı. Kənardan baxana elə gələrdi ki,o , dua edir. Tanışlığımızdan sonra bir dəfə onunla ziyarətə gedəndə onun sükuta qərq olmuş məzarlara nə pıçıldadığını öz qulaqlarımla eşitdim və tüklərim biz-biz oldu !Təsəvvür edirsən, hər məzarın qarşısında dayanıb ehmalca səcdə qılır, sonra da məzara tərəf əyilir, sanki şəhidin diri ruhuyla danışırmış kimi deyirdi:

–Sənin yerində olaydım!

–Sənin yerində olaydım!..

–Sənin yerində…

–Sənin.......

Bir dəfə soruşdum :-Niyə ölmək istəyirsən? O mənə fikirləşmədən cavab verdi ki, mən çoxdan ölmüşəm. Sənin gözünə görükürəm.Ha-ha-haaa!

…Gec də olsa, 20 yanvar meydanında abidə qoyulanda uşaq kimi sevinirdi.Amma çox keçmədi, abidənin yan-yörəsini kafelər, çayxanalar, pivəxanalar dövrəyə aldı, isti yay axşamları hava qaralanda, çayxanalarda, pivəxanalarda gün keçirən, əksəriyyəti, sidik kisəsi qaynayanda pullu tualetə getməkdənsə abidənin arxasına boşalıb rahatlıq tapanda, gecikmiş sevincini acı bir kədər yuyub apardı, başa düşdü ki, yox, biz düzələn deyilik,biz ölümüzə, ən uzağı qırx gün hörmət etməyi bacarırıq, qurtardı getdi!…

Deyə bilmirdi ki, bığıburma cavanların əlləri pivə bokalı yox, avtomat, barmaqları duzlu noxud yox, tətik sıxmalı,sinəsiylə küçə fahişələrinin dalını yox, səngəri qucaqlamalıdı.Axı kimə deyəydi, haramı dadıb nakam şəhid abidəsinin arxasına işəyənlərəmi?!…Bir dəfə yox, yüz dəfə demişdi…və cavabını da almışdı:

–Döyüşmüsən, əcəb eləmisən,(“əcəb eləmisən” yox,başqa cürə demişdi,özün başa düşərsən ) minnət qoyma boynumuza…Sağ qalmısan, Allahına şükür elə!..

Belə biganəliyə dözə bilmirdi və içində elə fırtınalar qalxırdı ki, az qala dünyanı başına çevirə.

Daha, nə ölüsünü yerdən götürmək üçün qohum-əqrabasına borclu, minnətli qalıb dəbdəbəli, çil-çıraqlı, yeri xalça , tül pərdəli, ofisiantlı, mikrofonlu molla kürsüsü olan-yas mərasimi keçirənləri, nə də ki, 250 manat məvacib aldığını halda, qaytaracağına ümidi olmadan banklardan külli miqdarda kredit götürüb uşaqlarına maşın, bahalı telefonlar, brend geyim-keçim alan axmaq adamları qınamırdı.Başı çevrilsə də qınamırdı; qanı zəhərləmiş , illər uzunu öz işini görmüş mikrob – paxıllıq, təkəbbür,quru lovğalıq -milli xəstəlik simptomuna çevrildiyindən bu barədə mülahizə yürütmək belə, onu gülüş obyektinə çevirərdi, çünki bu dünyanın adamı deyildi .Bu dünyaya yamaq idi…

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации