Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 1

Текст книги "Polkovnikin ölümü"


  • Текст добавлен: 16 ноября 2022, 07:01


Автор книги: Артур Дойл


Жанр: Классические детективы, Детективы


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 5 страниц)

Шрифт:
- 100% +

Artur Konan Doyl


POLKOVNİKİN ÖLÜMÜ

hekayələr


İÇİNDƏKİLƏR


Masqreyv ritualı........................................................

Reyqeyt tapmacası..................................................................

Bruk küçəsində cinayət.........................................................

Polkovnikin ölümü................................................................


MASQREYV RİTUALI


Dostum Şerlok Holmsun məni ən çox çaşdıran xüsusiyyətlərindən biri də düşüncə tərzi baxımından, heç şübhəsiz, dünyanın ən sistemli, ən vasvası adamlarından olmasıdır. Geyim tərzində də hədsiz rəsmi və diqqətli olan, bir evdə yaşadığım bu adam vərdişlərində də eyni dərəcədə diqqətsiz və səliqəsizdir. Bunu çox sahmanlı olduğum üçün söyləmirəm. Əfqanıstandakı qarışıqlıq və keşməkeşdən çıxandan sonra bohem həyat tərzinin zirvəsinə çıxdığımı və bir həkimə yaraşmayacaq dərəcədə nizamsız olduğumu qəbul edirəm. Amma nizamsızlığımın bir sərhədi var, siqarlarını kömür vedrəsində, tütününü İrandan gəlmə başmağının içində saxlayan, cavab verilməmiş məktublarını qatlama bıçaqla taxta buxarı rəfinin tam ortasına pərçimləyən adamın yanında aydan arı, sudan duruyam.

Atış təlimlərini açıq hava məşğuliyyəti hesab edirdim. Holms kefinin kök olduğu vaxt kreslosunda oturub yüz ədəd “Bokser” markalı güllə ilə divarı vətənpərvər duyğularla V.R.1 hərfləri ilə bəzəyəndən sonra bunun şərt olmadığını anladım. Bu addımdan sonra otağımızın havası və görünüşünün ürəkaçan olmadığını deməyimə, yəqin ki, ehtiyac yoxdur.

Otağımız daim kimyəvi maddələr və inanılmaz yerlərdən, məsələn, qab-qacağın içindən, ya da çox daha əcaib yerlərdən çıxan cinayət dəlilləri ilə dolu olardı. Ən pisi də sənədlər idi. Sənədləri, xüsusilə araşdırdığı köhnə işlərlə əlaqədar olanları atmaqdan xoşılanmırdı. Sənədi bir-iki dəfə – özündə o gücü tapsa – çıxarıb etiketləməyə, sistemləşdirməyə çalışardı. Daha əvvəl də haqqında danışdığım kimi ona şöhrət gətirən kəşflər edər, iddialarının arxasına düşüb fövqəltəbii enerji xərcləyərdi. Proses yekunlaşanda isə keylik, tənbəllik dövrü gələr, skripkası və kitablarına diqqət kəsilərdi. Divanla masa arasında eşələnməsini nəzərə almasaq, barmağını oynatmayacaq qədər tənbəlləşərdi. Beləcə, kağız-kuğuz aylarla yığılar, otağının hər küncünə qalaqlanardı. Qəti şəkildə yandırılması, sahibinin icazəsi olmadan harasa aparılmasına dözə bilməzdi.

Bir qış gecəsi buxarının qarşısında oturmuşduq, Holms da əlindən yerə qoymadığı kitabının üzərinə bəzi qeydlər etməklə məşğul idi. İşini bitirəndə cəsarətimi toplayıb, bir-iki saat işlərə ara verib otağımızı daha yaşanılacaq hala gətirməyimizin yaxşı olacağını söylədim. Mənimlə razı olduğunu bildirib kədərli üz ifadəsi ilə qalxdı və yataq otağına getdi. Böyük bir tənəkə qutunu sürüyüb gətirdi. Qutunu otağının ortasına qoydu, altına bir kətil çəkib oturdu və qapağını açdı. Üçdə biri qırmızı sancaqlarla bir-birindən ayrılmış kağızlarla dolu idi. Çoxbilmiş təbəssümlə mənə baxdı:

– Burada çox hadisə var, Vatson. Bu qutuda nələr olduğunu bilsəydin, məncə, çöldəkiləri bunun içinə qoymaq əvəzinə içindəki kağızları çıxarmağımı istəyərdin.

– Bunlar köhnə işlərinə dair sənədlərdir? – dedim, – Köhnə işlərinlə tanış olmağı həmişə istəmişəm.

– Bəli, dostum, bunlar sənin həyatımın dastanını yazmağa başlamağından əvvəlki işlərimdir, – kağız dəstələrini bir-bir diqqətlə qutudan çıxardı, – Hamısı uğurlu olmayıb, Vatson. Bəzilərinin içində kiçik sual işarələri qalıb. Bu, Tarlton cinayətlərinin qovluğu, bu, şərab taciri Vamberri hadisəsi, qoca rus qadının macərası, alüminium qoltuqağacı hadisəsi, yastıpəncə Rikoletti və onun iyrənc arvadı… Və bu… İlahi, bu da olduqca nadir hadisədir.

Əlini qutunun lap dibinə salıb sürüşkən qapaqlı kiçik taxta qutu çıxardı. Uşaqların oyuncaqlarını qoyduqları qutulara bənzəyirdi. Qutudan əzik kağız və bürünc suyuna salınmış qədimi açar, ucuna ip bağlanmış taxta parçası və üç ədəd paslı metal disk çıxardı. Mimikama gülüb:

– Hə, dostum, bunlar haqqında nə fikirləşirsən? – soruşdu.

– Maraqlı kolleksiyadır.

– Çox maraqlıdır, amma bunların hekayəsi, tarixi daha maraqlıdır.

– Bunlarda yaşanmış tarix yatır, yəni?

– Yaşanmış tarix? Dostum, bunlar özü tarixdir.

– Nə demək istəyirsən?

Şerlok Holms parçaları bir-bir götürüb səliqə ilə masanın üzərinə düzdü. Sonra kürsüsünə çöküb bir müddət onları qürurla süzdü:

– Bunları, – dedi, – Masqreyv macəramdan xatirə saxlamışam.

Bu mövzudan əvvəllər də bəhs etmişdi, amma detallarını öyrənmək şansım olmamışdı.

– Bu barədə bir az danışsan, xoşbəxt olaram, – dedim.

Səsini yüksəldib zəhlətökən əda ilə:

– Yəni bu töküntülər beləcə qalsın? – soruşdu, – Bu səliqə-sahman marağın təqdirə layiqdir, Vatson. Amma bu hadisəni qeydlərinə əlavə etsən, məmnun olaram. Çünki elə nöqtələr var ki, nə bu ölkədə, nə də dünyadakı cinayət qovluqlarında bənzəri mövcuddur. Bir çox dəyərsiz qələbəmin qeydə alınıb belə nadir işin alınmaması, şübhəsiz, böyük yarımçıqlıq olar.

Qloriya Skot hadisəsinin və sənə haqqında danışdığım o yazıq adamla söhbətlərimin peşəmi seçməkdə necə təsiri olduğundan bəhs etmişdim. Bu gün adım həm xalqdan, həm də qanun adamlarından ibarət çox geniş çevrələrdə tanınır. Müşkül cinayətlərdə müraciət edilən ən son instansiya hesab olunuram. Səninlə yeni tanış olduğum zamanlarda “Qırmızı istintaq“ adı ilə kitablaşdırdığın hadisə əsnasında olduqca əhəmiyyətli çıxış etsəm də, bu işlərdən hələ gəlirim yoxdu. Xatırlayarsan, əvvəllər belə vəziyyət mənə nə qədər çətin gəlmiş və çıxış yolu tapa bilmək üçün necə də uzun müddət gözləmə vəziyyətində qalmışdım.

Londona ilk gəldiyim vaxt Monteqyu küçəsində, muzeyin arxasındakı evdə qalırdım. Orada boş vaxtım çox olur, irəlidə mənə faydası olacaq müxtəlif elm sahələri üzərində çalışaraq keçirirdim. Ali təhsilimin son illərində universitetdə adımdan və üsullarımdan çox danışıldığı üçün o zamanlar, ümumiyyətlə, araşdırma təklifləri köhnə məktəb yoldaşlarımdan gəlirdi. Bu şəkildə gələn işlərin üçüncüsü Masqreyv hadisəsidir. Hansı ki onun özünəxas hadisələr zənciri və təhlükələr səbəbi ilə bu günlərə gəlməyimdə əhəmiyyətli rolu var.

Recinald Masqreyv ilə eyni kollecdə oxumuşduq, az da olsa, münasibətimiz vardı. Tələbələr arasında çox da məşhur deyildi, ümumiyyətlə, qürurlu şəxs tanınırdı, amma məncə, bu soyuq duruşu qürurdan çox, hədsiz utancaq xarakterindən irəli gəlirdi. Görünüşcə həddindən çox əsilzadə idi. Zəif, dik burunlu, böyük gözlü, ağırtəbiətli, həm də nəzakətli idi. Həqiqətən də, krallıqdakı ən qədim ailələrdən birinə mənsub idi. On altıncı əsrdə Şimallı Masqreyvlərdən ayrılıb Qərbi Susseksə yerləşən hərbçi ailəsinin davamçılarındandı. Harlston malikanəsi, ehtimal ki, bölgənin ən köhnə tikilisi idi. Doğulduğu yerin bəzi xüsusiyyətləri insana yapışıb qalır, mən də iti üz ifadəsini gördükcə o boz cizgiləri, mozaik pəncərələri və feodal qalaların insanda hörmət oyandıran qalıqlarını ağlıma gətirmədən dayana bilmirdim. Bir-iki dəfə danışmışdıq, müşahidə və tədqiqat üsullarıma marağını dilə gətirmişdi.

Dörd il boyunca ondan xəbər almamışdım. Bir səhər Monteqyu prospektində qaldığım yerə gəldi. Çox dəyişməmişdi, yenə dəbi yaxından izləyən modabaz görünüşü üzərində idi və yenə özünəməxsus sakit, nəzakətli xarakteri olduğu kimi qalırdı. Səmimi salamlaşmadan sonra:

– Hə-ə, nə ilə məşğulsan, Masqreyv? – soruşdum.

– Atamın vəfatını eşitmisən, yəqin. İki il keçir. O vaxtdan Harlston mülklərini, təbii ki, mən idarə edirəm. Məhəlli idarədə də vəzifəm olduğu üçün işlərim olduqca çoxdur. Deyəsən, sən də məktəb illərində bizi çaşdıran o qabiliyyətlərini praktik həyata daşımısan, Holms.

– Hə, mən də ağlımla pul qazanıram, – dedim.

– Bunu eşitdiyimə sevindim, çünki tövsiyələrinə ciddi mənada ehtiyacım var. Harlstonda qəribə şeylər baş verdi, heç polis də aydınlaşdıra bilmədi. Həqiqətən, qeyri-adi və çətin açıqlanan hadisələrdi.

Bilirsən, onu böyük maraqla dinlədim, Vatson. Onsuz da, o boş keçən aylar boyunca bacardığım qədər hər işə əl atmışdım. Başqalarının aça bilmədiyi düyünləri çözəcəyimə bütün ürəyimlə inanırdım. Artıq qarşıma qabiliyyətlərimi test edə biləcəyim fürsət çıxmışdı.

– Lütfən, hər detalı bilmək istəyirəm, – dilləndim.

Recinald Masqreyv üzbəüz oturdu və uzatdığım siqareti götürüb yandırdı:

– Bilirsən, – dedi, – Subay adamam, amma Harlstonda işlərin yolunda getməsi üçün xeyli miqdarda işçiyə ehtiyacım var. Belə köhnə və səliqəsiz yerin xidmət işləri çox vaxt aparır. Xüsusilə, qırqovul ovu mövsümündə tez-tez evdə məclislər təşkil edirəm. Bu şərtlərdə işləyənləri azaltmaq, onsuz da, mümkün olmur. Səkkiz xidmətçi, bir aşpaz, bir eşikağası, iki xidmətçi, bir də qarsonum var. Əlbəttə, bağça və tövlələr üçün çalışanlar ayrıdır.

Bu işçilər arasında ən uzun müddət xidmətimizdə olan eşikağası Brantondur. Branton atam tərəfindən işə götürüləndə işsiz müəllim imiş. Həm şəxsiyyəti, həm də yüksək enerjisi sayəsində qısa zamanda evdə hədsiz dərəcədə əhəmiyyətli adama çevrilmişdi. Qıvraq, yaraşıqlı adamdı. Parlaq üzü vardı. İyirmi ildir, yanımızda çalışır, amma indi də yaşı qırxdan çox deyil. Bir neçə dil bilməsi, az qala, bütün musiqi alətlərində ifa bacarığı kimi xüsusiyyətləri, anadangəlmə üstün qabiliyyətləri ilə vəzifəsində uzun illər qala bilmiş olması çox gözəldir. Ehtimal ki, özünü bizdə rahat hiss edib və peşə dəyişdirəcək cəsarəti özündə tapa bilməyib. Harlstonun eşikağasısı simasında bizi ziyarət edən hər kəsin ağlında iz qoymağı bacarırdı.

Bu mükəmməl adamın bir qüsuru var. Azacıq Don Juandır. Təbii, onun kimi adam üçün bu rolu oynamaq çox çətin deyildi. Evləndiyi vaxt işlər yoluna düşmüşdü. Elə ki dul qaldı, başımıza açdığı dərdlərin ardı-arası kəsilmədi. Xidmətçilərdən Reyçel Hovels ilə nişanlanınca artıq toxtayar, özünə diqqət edər deyə ümidlənmişdik. Amma vaxt itirmədən onu atıb gözətçinin qızı Cenet Tregelislə oturub-durmağa başladı. Reyçel yaxşı qızdır, qalliyalı olduğuna görə bir az əsəbi görünüşü var. O hadisədən sonra qız şiddətli gərginlik keçirdi, indi evin içində ruh kimi gəzib-dolaşır. Ən azı dünənə qədər elə idi. Bu, Harlstondakı ilk hadisəmiz idi. Amma arxasınca elə şey oldu ki, ötən hadisəni unutdurdu, nəhayət, Brantonun bu son rüsvayçılığından sonra onu işdən çıxardım.

Dedim axı, adam çox ağıllıdır. Başına nə gəlirsə, zəkası ucbatından gəlir. Ona aid olmayan işlərə maraq göstərirdi. Marağının haralara qədər uzandığını təxmin edə bilmirdim, son hadisədən sonra gözüm açıldı.

Dediyim kimi, ev çox köhnədir. Keçən həftə, daha qəti danışsaq, cümə axşamı gecəsi yata bimirdim. Axmaqlıq edib axşam yeməyindən sonra tünd qəhvə içmişdim. Gecə saat ikiyə qədər yuxu ilə mübarizə apardım. Gördüm, ümid yoxdur, bir roman oxuyurdum, ona davam etmək üçün qalxdım, şamdanı yandırdım. Amma kitabı bilyard salonunda qoymuşdum, əynimi geyinib ora yollandım.

Bilyard salonuna getmək üçün pilləkənlərdən enib kitabxana və silah otağına uzanan dəhlizdən keçmək lazımdır. Dəhlizin başına çatanda kitabxananın açıq qapısından çölə işıq süzüldüyünü gördüm. Yatmamışdan əvvəl lampanı söndürmüş, qapını da bağlamışdım. Təbii ki, ilk ağlıma gələn oğrular oldu. Harlstonun dəhlizlərində divarlar boydan-boya antikvar silahlarla doludur. Divarların birindən döyüş baltası götürdüm, şamdanı yerə qoyub barmaqlarımın ucunda dəhlizi keçdim. Açıq qapıdan içəriyə başımı uzatdım.

Eşikağası Branton kitabxanada idi. Əyin-başı yerində tapdığı ilk kürsüdə oturmuşdu. Masanın üstündə xəritəyə bənzəyən kağız parçası vardı. Başı əllərinin arasında düşüncəli şəkildə xəritəyə baxırdı. Qaranlıqda səssizcə dayanıb onu izləyirdim. Masanın kənarına qoyulmuş kiçik şamın işığı geyimli olduğunu göstərməyə çatırdı. Birdən kürsüsündən qalxdı, yan tərəfdəki iş masasına getdi, açarı çevirib siyirmələrdən birini açdı və kağız çıxardı. Yenə kürsüsündə əyləşdi və kağızı masanın kənarındakı şamın yanına qoydu, diqqətlə araşdırmağa başladı. Ailə sənədlərimizi belə soyuqqanlılıqla qurdalamasına dözə bilmədim və ona doğru bir addım atdım. Branton başını qaldırıb məni görəndə ayağa sıçradı. Qorxudan üzü gömgöy göyərmiş, götürdüyü kağızı sinəsinə sıxmışdı.

– Demək, sənə göstərdiyimiz etibarın əvəzini belə qaytarırsan, hə? Sabahdan gec olmayaraq buranı tərk edəcəksən, – dedim.

Tamamilə sarsılmışdı. Başı ilə məni salamlayıb bir söz demədən yanımdan keçib getdi. Şam hələ masanın üstündə yanırdı, şamın işığında Brantonun iş masasından götürdüyü kağıza baxdım. Çaşdım, çünki qətiyyən əhəmiyyətli olmayan sənəddi. “Masqreyv ritualı” adı verilən, sual-cavab şəklində yazılmış köhnə bir ailə sənədinin nüsxəsi idi. Bu, ailəmizə xas ritualdır. Əsrlərdir, Masqreyv ailəsinin yaşı çatan hər fərdi bu ayini oxuyur. Bizə məxsusdur və bəlkə, arxeoloqların da diqqətini çəkə bilər. Xanədan gerblərimiz, silahlarımız kimi… Amma praktikada işə yarayan bir şey deyil.

– Bu kağızdan danışsaq, yaxşı olar, – dedim.

Tərəddüdlə:

– Həqiqətən, lazım görürsənsə… – dedi, – Amma əvvəl bunu izah edim: Brantonun unutduğu açarla iş masasının siyirmələrini yenidən qıfılladım. Geri çevriləndə baxdım ki, eşikağası otağa qayıdıb. Qarşımda dayanmışdı. Gərginlikdən boğuq çıxan səslə:

– Cənab Masqreyv, – qışqırdı, – Bu utanca dözə bilmərəm. Həyatım boyu qürurum mənim üçün hər şeydən üstün olub. Bu utanc məni öldürər. Məni belə əzaba salsanız, inanın, ölümüm sizin əlinizdən olar. Bu hadisədən sonra məni işdə saxlamaq istəmirsinizsə, Tanrı eşqinə, heç olmasa bir ay vaxt verin, öz istəyimlə getmiş kimi edim. Buna dözə bilərəm, amma bu qədər tanışın qarşısında qovulmağıma dözə bilmərəm.

– İstədiyin mərhəmətə layiq deyilsən, Branton, – cavab verdim, – Etdiklərinə görə, onsuz da, kifayət qədər adın çıxıb. Yaxşı ki, uzun zamandır, ailənin xidmətindəsən, səni insanların qarşısında təhqir etmək istəmərəm. Bir ay çoxdur. Bir həftə içində çıx get. İstədiyin səbəbi də uydura bilərsən.

– Bir həftəmi, cənab? – ümidsizliklə dilləndi, – İki həftə… Heç olmasa iki həftə deyin!

– Bir həftə! – təkrarladım, – Eyni zamanda sənə qarşı layiq olduğundan daha insaflı davrandığımı da qəbul et.

Başı sinəsində ayaqlarını sürüyüb uzaqlaşdı, mən də işığı söndürüb otağıma qayıtdım.

Sonrakı iki gün boyunca Branton vəzifələrini daha vasvasılıqla yerinə yetirdi. Mən də olanlarla bağlı kimsəyə bir kəlmə demədim. Etdiyi tərbiyəsizliyin üstünü necə örtəcəyini maraqla gözlədim. Üçüncü gün səhər Branton ortalıqda görünmədi. Halbuki hər səhər yeməkdən sonra yanıma gələr, ogünkü işlərə bağlı təlimat alardı. Yemək otağından çıxanda xidmətçi Reyçel Hovelslə qarşılaşdım. Dediyim kimi, xəstələnmişdi, təzəcə yaxşılaşırdı. Olduqca yorğun, əldən düşmüş, solğun görünürdü. Bu halda işə başladığı üçün bir az danladım:

– Yatağında olmalısan, – dedim, – Özünü yaxşı hiss edənə qədər işləməyəcəksən.

Mənə elə qəribə baxdı ki, yaşadıqlarının beynində qalıcı zədə buraxdığından şübhələnməyə başladım.

– Kifayət qədər yaxşıyam, cənab Masqreyv, – dedi.

– Görək həkim nə deyəcək. Hələlik işi burax, aşağı enəndə də oradakılara de, Brantonu görmək istəyirəm.

– Eşikağası gedib.

– Gedib? Hara?

– Bəli. Görən olmayıb. Otağında da yoxdur. Bəli, bəli, o gedib, o gedib! – dedi. Və arxaya, divara doğru aşdı, qəhqəhə və qışqırıq içində diyirlənməyə başladı. Bu ani hərəkət məni qorxutdu, dərhal zəngi basıb kömək çağırdım. Qızı otağına apardılar, mən Brantonu axtaranda qız hələ də qışqırmağa davam edirdi. Brantonun itməsinə şübhə yox idi. Yatağı pozulmamışdı, gecə otağına çəkiləndən sonra kimsə onu görməmişdi. Səhər bütün qapılar və pəncərələr bağlı idi, evdən necə çıxıb getdiyi məlum deyildi. Paltarları, saatı və hətta pulu otağında idi. Davamlı geydiyi qara paltarı yox idi. Çəkmələrini otağında qoymuş, başmaqlarını götürmüşdü. Gecənin bir aləmi eşikağası Branton hara getmiş ola bilərdi? İndi haradaydı?

Bütün dəlmə-deşiyə baxdıq, amma ondan bir iz tapa bilmədik. Dediyim kimi, ev, xüsusilə də, indi, az qala, istifadə edilməyən ən köhnə binamız labirint kimidir. Evin otaqlarına bir-bir baxsaq da, adamdan bir iz tapılmadı. Sahib olduğu hər şeyi qoyub getməsi inandırıcı deyildi. Yaxşı, bəs indi haradaydı? Yerli polisə xəbər verdim, amma nəticəsi olmadı. Əvvəlki gecə yağış yağmışdı, bağçanı və evin ətrafındakı bütün yolları nəzərdən keçirdik, səylərimiz hədər idi. İşlər bu halda ikən yeni hadisə diqqətimizi əsl müəmmadan kənara çəkdi.

İki gün boyunca Reyçel Hovelsin vəziyyəti çox ağır idi. Əsəb gərginliyi, sayıqlamalar bir-birini izləyirdi. Gecələri yanında qalması üçün tibb bacısı da tutmuşduq.

Brantonun yoxa çıxmasının üçüncü gecəsində xəstəsinin rahat yatdığını görüncə tibb bacısı da kresloda bir az mürgüləyibmiş. Səhər erkəndən oyananda yataq boş, pəncərə açıqmış. Xəstə isə heç yerdə gözə dəymirmiş.

Dərhal hərəkətə keçdik. Özümlə iki xidmətçi götürüb qızı axtarmağa çıxdım. Hansı tərəfə getdiyini anlamaq çətin olmadı, ayaq izləri pəncərənin altından başlayır, bağçadan keçərək gölün kənarına qədər davam edirdi, izlər əraziyə uzanan xırda daş döşənmiş yola yaxın yerdə bitirdi. Gölün dərinliyi iki metr yarım olardı, izləri göl kənarında görüncə ağlını itirmiş yazıq gənc qız üçün nə qədər narahat olduğumuzu təxmin edə bilərsən.

Təbii ki, dərhal tor gətirib bir iz tapa bilmək üçün işə başladıq, amma cəsəd tapılmadı. Başqa tərəfdən sudan heç ağlımıza gəlməyən şey çıxardıq. Bez kisənin içində bir yığın köhnə, paslı, rəngi solmuş metal, tünd rəngli şüşə və daş parçaları çıxdı. Bu qəribə kisədən başqa göldən heç nə tapmadıq. Dünən də ağlımıza gələn hər yeri axtardıq, amma nə Reyçel Hovelsin, nə də Riçard Brantonun aqibətinə dair ipucu tapdıq. Yerli polis də onların izindədir, son çarə kimi sənin yanına gəldim.

– Bax belə, Vatson, – Holms üzünü mənə tutdu, – Bu əcaib hadisələr zəncirini maraqla dinləyəndən sonra parçaları birləşdirməyə çalışdım. Beynimdə hansı ortaq nöqtənin ola biləcəyini tapmağa çalışdım. Eşikağası da, xidmətçi qız da getmişdi.

Qız eşikağasını sevirdi, amma sonra ona nifrət etməsinə səbəb olan hadisələr baş vermişdi. Qalliyalı qanı daşıyırdı, qızğın, ehtiraslı qadındı. Eşikağasının yoxa çıxmasından sonra əsəbləri sarsılmış, içində qəribə şeylər olan kisəni gölə atmışdı. Bu detalları nəzərə almaq lazımdı, amma heç biri məsələnin səbəbini izah etməyə kifayət deyildi. Bu hadisələr zəncirinin başlanğıc nöqtəsi nə idi? O nöqtəni tapsam, düyün də çözülərdi.

– O kağızı görməliyəm, Masqreyv, – dedim, – Çünki bu eşikağası işini itirmə riskini də gözə alaraq o kağızı araşdırmağa vaxt ayırmışdı.

– Bizim bu ritual, həqiqətən, axmaq işdir. Sadəcə adətləri yaşatmaq baxımından əhəmiyyəti var. Bu an əlimdə o sual və cavabların kopiyası var, buyurun, baxın.

Mənə bu kağızı verdi, Vatson, hər Masqreyvin həddi-buluq yaşına çatanda söyləməsi lazım olan sual-cavablardır. Olduğu kimi oxuyuram:

“– Kimindi o?

– Gedənin.

– Kimin olacaq?

– Gələcək olanın.

– Günəş haradaydı?

– Palıdın üstündə.

– Kölgə haradaydı?

– Qaraağacın dibində.

– Ora necə getmək olar?

– Şimala on və on, şərqə beş və beş, cənuba iki və iki, qərbə bir və bir, düz onun altında.

– Onun üçün nə verəcəyik?

– Hər şeyimizi.

– Niyə verməliyik?

– Etibar üçün”.

Orijinalında tarix-filan yoxdur. Yazıya əsasənsə on yeddinci əsrin ortalarında qələmə alındığını demək olar, –Masqreyv bildirdi. Amma qorxuram, bunun məsələnin həllində çox faydası olmasın.

– Heç olmasa, – dedim, – İlkindən daha maraqlı sirr çıxdı. Birini həll edincə digərinin də həllini tapa bilərik. Bağışla, Masqreyv, sənin bu eşikağan olduqca ağıllı adammış, üstəlik sahiblərinin on nəslindən daha güclü ehtimal qabiliyyətinə sahibmiş.

– Nə demək istədiyini anlamıram, – Masqreyv dedi, – Fikrimcə, kağızın heç bir əhəmiyyəti yoxdur.

– Amma məncə, son dərəcə əhəmiyyətlidir. Əminəm ki, Branton da mənim kimi düşünüb. Böyük ehtimalla onu gördüyün gecə bu kağızı ilk dəfə görmürdü.

– Ola bilər. Onsuz da, gizlətmirdik.

– Aydındır, daha əvvəldən gördüyü kağıza bir dəfə də göz gəzdirib, yaddaşını təzələmək istəyib. Belə başa düşdüm ki, əlində bu kağızla tutuşdurduğu xəritə, ya da cədvəl varmış. Səni görəndə cibinə soxub.

– Düzdür. Yaxşı, bu köhnə ailə ritualımızla nə işi ola bilər? Ümumiyyətlə, bu ayin nə mənanı verir?

– Bunu tapmaqda çətinlik çəkəcəyimizi sanmıram. Gəl, ilk qatarla Susseksə gedək, hadisəni yerində və daha dərindən araşdıraq.

günortadan sonra Harlstondaydıq. Bəlkə də, bu məşhur tarixi binanın şəkillərini görmüsən, yaxud haqqında nəsə oxumusan. Qısaca desək, bina “L” şəklində tikilib. “L”-nin qısa qolu binanın əsas hissəsini meydana gətirir. Uzun qol daha sonradan əlavə edilib. Digərinə görə daha müasir sayıla bilər. Bu köhnə hissənin tam ortasında, alçaq, geniş, üstü işləməli qapının üzərində 1607-ci il tarixi həkk olunub. Amma mütəxəssislərin fikrincə, tir və daş işləmələrə baxılsa, tarixi daha da qədim ola bilər. Qalın divarları və kiçik pəncərələri narahatlıq yaratdığından dolayı ailə keçən əsr yeni tikilən hissəyə köçüb. Köhnə bina isə anbar kimi istifadə edilib. Evin dörd tərəfi qocaman ağaclarla dolu çox gözəl parkla əhatə olunub. Dostumun da haqqında danışdığı göl yola yaxın bir yerdə, binadan iki yüz metr məsafədə idi.

Anlamışdım ki, Vatson, burada üç yox, cəmi bir sirr vardı. Bu Masqreyv ayini doğru oxuya bilsəm, eşikağası Branton və xidmətçi Hovels məsələsini də həll edəcək dəlil əlimə keçmiş olacaqdı. Bütün enerjimi buna cəmləşdirmişdim. Eşikağası bu qədim şifrəni həll etməyə nə üçün bu qədər çox həvəs göstərmişdi? Aydındır ki, içində əsrlər boyu kimsənin diqqətini çəkməyən şeylər tapmışdı. Bu tapdığı şey ona nə qazandırmışdı? Bu şeylər Brantonun taleyinə necə təsir etmişdi?

Bu ritual mətnini oxuyanda qərara gəldim ki, sual-cavabla hansısa nüansa işarə edilir. O nöqtəni tapa bilsək, Masqreyvlərin əsrlər boyu nəvələrinə ötürdükləri şifrəni açmış olacaqdıq. Başlanğıc üçün əlimizdə iki açar vardı: biri palıd, biri qaraağacdan. Palıd, onsuz da, məlumdu, evin düz qabağındakı şossenin solunda, o zamana qədər gördüyüm ən böyük palıd ağaclarından biriydi. Yanından keçəndə:

– Yəqin, ritual mətni hazırlananda palıd buradaymış, – dedim.

– Ən azı Normand istilasından2 bəri buradadır, yəqin. Diametri səkkiz metrdir.

Beləcə, ilk nöqtəmizi müəyyənləşdirmiş olduq. Sonra soruşdum:

– Yaxşı, elə bunun kimi yaşlı qarağac varmı?

– Buralarda çox qocaman biri vardı, amma on il əvvəl ildırım vurdu, biz də kəsdik.

– Dəqiq yerini bilirsən?

– Əlbəttə.

– Başqa qaraağac var?

– O qədər qocamanı yox. Burada, daha çox qayınağacı var.

– Həmin ağacın yerinə baxaq.

At arabası ilə gedirdik. Masqreyv evə girmədən bizi qaraağacın on il əvvələ qədər ucaldığı yerə apardı. Qaraağacın yeri, az qala, palıdla ev arasında tam ortadaydı. Doğru yolda olduğumuz şübhəsizdi.

– Məncə, qaraağacın boyunun nə qədər olduğunu bilməliyik, elə deyil? – soruşdum.

– Deyim də, on doqquz metr yarım idi.

– Necə bildin?

– Köhnə müəllimim nə vaxt triqonometriya tapşırığı versə, yüksəkliklərlə əlaqədar şeylər soruşardı. Şagirdlik dönəmində bağça içində nə qədər bina və böyük ağac varsa, hamısının boyunu hesablamışdım.

Bu, gözlənilməz şans idi. İstədiyim məlumatlar ümid etdiyimdən çox asan əlimə keçirdi:

– Yaxşı, deyə bilərsən, eşikağası sənə bununla əlaqədar sual vermişdi? –

Recinald Masqreyv nigaranlıqla üzümə baxdı:

– İndi sən soruşdun, xatırladım. Branton bir neçə ay əvvəl xidmətçilərdən biri ilə mərcə girdiyini bəhanə edib ağacın hündürlüyünü soruşmuşdu.

Möcüzə idi, Vatson! Bu son məlumat doğru yolda olduğumu göstərirdi. Günəşə baxdım, bir az alçalmışdı. Hesabladım, bir saat sonra köhnə palıd ağacının ən üst budaqları bərabərinə gələcəkdi. O zaman kağızda ifadə edilən şərtlərdən biri reallaşmış olacaqdı. “Qaraağacın kölgəsi” deyə nəzərdə tutulan şey kölgənin bitdiyi yer ola bilərdi, başqa cür olsa, ağacın gövdəsi istinad seçilərdi. Deməli, günəş düz palıdın bərabərində olanda qaraağacın kölgəsinin təxminən hara düşə biləcəyini hesablamaq lazım idi.

– Qaraağac artıq olmadığına görə, yəqin, bunu hesablamaq çətin olub, Holms.

– Bəli, amma heç olmasa Brunton bunu etməyi düşündüyünə görə mən də edə bilərdim. Əslində, çox da çətin deyildi. Masqreyv ilə iş otağına getdik, oradan bu taxtanı tapıb yondum, ucuna da uzun ip bağladım. Hər metrdə bir düyün atdım. Sonra boyu iki metr olan qamış götürdüm. Birlikdə palıdın olduğu yerə getdik. Günəş tam palıdın üstünə çatmışdı. Qamışı yerə batırdım, kölgənin istiqamətini işarələyib boyunu ölçdüm – üç metr idi.

Sonrası asan idi, iki metrlik qamışın kölgəsi üç metr gəlirsə, on doqquz yarım metrlik ağacın kölgəsi iyirmi doqquz metr gələcəkdi. İki kölgənin də istiqaməti, təbii ki, eyni olacaqdı. Məsafəni ölçdüm, məsafənin sonu, az qala, evin divarına çatırdı. Tam o nöqtəyə payanı yerləşdirdim. Beş santimetr yanında bir dəlik vardı, bu da məni xüsusi sevindirdi. Dəliyin Branton tərəfindən açıldığını bilirdim. Demək, hələ doğru iz üzərindəydim.

Başlanğıc nöqtəsindən etibarən addımlamağa başladım, istiqamətləri cib kompasımla təyin edirdim. İlk on addım divara paralel getdi. Tapdığım nöqtəni taxta ilə işarələdim. Sonra şərqə doğru beş, cənuba doğru iki addım atdım. Bu da məni köhnə binanın qapısının çölünə gətirdi. Qərbə doğru iki addım daha atınca daş kəmərli koridordan içəri girirdim. Kağızda ifadə edilən yer bura idi.

Heç belə xəyal qırıqlığına uğramamışdım, Vatson. Bir an hesablamalarımda səhv olduğunu düşündüm. Batmaqda olan günəş dəhlizi boydan-boya işıqlandırırdı. Divarda köhnəlmiş boz daşlar vardı və bir-birinə möhkəmcə keçmiş görünürdülər. Əsrlərdir, yerlərindən oynamamışdılar. Branton da burada nəsə etməmişdi. Zəmin boyunca ayaqlarımı yerə vurdum, fərqli səs eşitmədim. Zəmində çatlaq-filan da yox idi. Masqreyv hərəkətimin mənasını qavramağa başlamışdı və ən az mənim qədər həyəcanlanmışdı. Hesablarımı yoxlamaq üçün kağızı çıxardı. Azacıq araşdırandan sonra qışqırdı:

– “Altında” yazılıb. Bunu gözdən qaçırmısan…

O zamana qədər haranısa açacağımızı düşünmüşdüm, səhv etdiyimizi anladım:

– Elə isə buranın altında zirzəmi var! – həyəcanla dedim.

– Bəli, ev qədər köhnə zirzəmi var. Bax buradan, bu qapıdan girə bilərik.

Daşdan tikilmiş dairəvi pilləkənlə aşağı endik. Dostum kibrit çəkib küncdəki vedrənin üstündəki fənəri yandırdı. Bir anda doğru yerə gəldiyimizi və bizdən əvvəl də gələnlərin olduğunu anladım.

Bura odun anbarı kimi istifadə edilmişdi, amma kötüklər kənara yığılmışdı. Beləcə, ortada açıq ərazi qalmışdı. Bu boşluqda böyük, ağır daş, ortasında da paslı, dəmir halqa vardı. Halqaya qalın çoban şalı keçirilmişdi. Masqreyv qışqırdı:

– İlahi! Bu Brantonun şalıdır. And içirəm, bunu onda görmüşdüm. Xain! Burada nə axtarırmış?

Təklifimə görə, iki polis bu vəziyyətə nəzarət etmək üzrə çağırıldı. Polislər gələndən sonra şaldan tutubdaşı qaldırmağa cürət etdim. Tərpədə bildim. Sonra polis məmurlarından birinin köməyi ilə daşı qaldırıb kənara qoymağı bacardıq. İçəri qaranlıqdı. Hamımız içəri doluşduq, Masqreyv də qapağın ağzına çöməlib bizə işıq tutdu.

İki metrdən bir az dərin, dar qazmaydı. Bir küncdə həsir qablı, qapağı açılmış taxta qutu, üzərində də bu əlimdəki açar vardı. Qutunun çölünü qalın toz qatı örtmüşdü. Qurd yemiş, açılan dəlik sayəsində qutunun içində boz göbələklər bitmişdi. Qutudan əlimdəki xırda pul kimi metal disklər çıxdı. Başqa nəsə yox idi.

Amma onda köhnə sandıqla çox maraqlanmırdıq, yanında yatan şeyə diqqə


Страницы книги >> 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации