Текст книги "Şerlok Homs və doktor Vatson"
Автор книги: Артур Дойл
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +6
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 9 страниц)
– Maraqlıdır, – gülümsəyərək dedim. – Mənə Edqar Allan Ponun[12]12
Edqar Allan Po (1809–1849) – ABŞ yazıçısı, detektiv janrda yazan ilk Amerika yazıçılarından biri. Onun yaratdığı Kavaler Ögüst Düpen isə ədəbiyyatda ilk xəfiyyə obrazı sayılır.
[Закрыть] qəhrəmanı Düpeni xatırladırsınız. Mən elə bilirdim, bu cür adamlar ancaq romanlarda olur.
Şerlok Holms qalxıb qəlyanını yandırdı.
– Yəqin, Düpenlə müqayisə edərkən mənə kompliment dediyinizi düşünürsünüz, – ev yoldaşım yenidən sözə başladı. – Məncə, sizin o Düpen çox dardüşüncəli adamdır. On beş dəqiqəlik sükutdan sonra həmsöhbətini “yeri gəlmişkən” ifadəsi ilə çaşdırmağa çalışmaq çox düşük fənddir. Lakin Ponun təqdim etmək istədiyi qədər olmasa belə, onun müəyyən analitik qabiliyyəti var.
– Qaborionun romanını oxumusunuz[13]13
Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.
[Закрыть]? Necə bilirsiniz, həmin romanın qəhrəmanı Lekok əsl xəfiyyədir?
Şerlok Holms öncə kinayə ilə gülümsündü, sonra isə acıqla dedi:
– Lekok burnufırtıqlı miskindir. Zəhmətkeşdir, vəssalam. Başqa heç bir bacarığı yoxdur. Ümumiyyətlə isə, Qaborionun romanı ürəyimi bulandırır. Həbsxanaya salınmış cinayətkarın şəxsiyyətini müəyyən eləmək – problemə bax da! Mən bunu vur-tut iyirmi dörd saata bacarardım. Lekok isə budan ötrü, az qala, yarım il eşələnir. Qaborionun kitabını oxuyan kimsə heç vaxt xəfiyyələrlə işləmək istəməz.
Mən ev yoldaşımın sevimli ədəbi qəhrəmanlarımı özündənrazı halda aşağılamağa başladığını görüb əsəblərimi cilovlaya bilmədim. Pəncərəyə yaxınlaşıb arxamı Holmsa çevirərək küçəyə tamaşa etdim. “Yaxşı da, başa düşdük, ağıllı adamsan, – ürəyimdə dedim, – lakin bu qədər də yekəxanalıq olmaz!”
– İndi nə mürəkkəb cinayətlər baş verir, nə də gerçək canilər qalıb, – Holms deyinməyə başladı. – Nə qədər qabiliyyətli olursan ol, bizim peşəmizdə buna dəyər verən yoxdur. Başa düşürəm, hər bir halda şöhrət qazana bilərəm. Dünyada xəfiyyəçilik sarıdan mənim qədər bacarıqlı, çalışqan adam yoxdur və olmayıb. Lakin nə olsun? Üzərində çox baş sındırmalı cinayət yoxdur. Uzaqbaşı hansısa dələduzluq, fırıldaqçılıqla qarşılaşıram. Bunları elə Skotlənd-Yardın[14]14
Skotlənd-Yard – London polis idarəsi
[Закрыть] əməkdaşları da əlüstü aşkarlaya bilərlər.
Bu cür özündənrazılıq tonu qəti ürəyimdən olmadı. Mövzunu dəyişməyə qərar verdim.
– Maraqlıdır, görəsən, o nə axtarır? – küçənin əks tərəfi ilə tələsmədən addımlayaraq binaların nömrəsinə baxan yekəpər adamı göstərib soruşdum. Adamın əlində iri, mavi zərf vardı, yəqin, qasid idi.
– İstefada olan hərbi dəniz donanması çavuşunu deyirsiniz? – Şerlok Holms sualıma sualla cavab verdi.
“Təkəbbürlü adam! – mən ürəyimdə dedim. – Dəqiq bilirəm ki, bunu öyrənmək mümkün deyil!”
Elə bu zaman həmin adam yaşadığımız evin qapısı üzərindəki nömrəni görüb tələsik küçəni keçərək biz tərəfə gəldi. Öncə bərk tappıltı, ardınca isə kobud bir səs, lap axırda da addım səsi eşidildi. Pilləkənlə ağır-ağır yuxarı, yanımıza qalxan naməlum qonaq əlindəki zərfi ev yoldaşıma uzadıb dedi:
– Cənab Şerlok Holms sizsiniz? Bu məktub sizə çatacaq.
Ev yoldaşımın təkəbbürünü beşiyində boğmaq üçün əlimə yaxşı fürsət düşmüşdü! Axı bir qədər əvvəl o, gələn adamı hərbi dəniz donanmasının istefada olan çavuşu adlandırmışdı. Lakin belə görünür, Holms yanılırdı. Bu çavuş yox, poçt işçisi idi. Hər halda, mən fürsəti fövtə vermək istəmədim və Şerloku pərt eləmək üçün qasiddən mehriban səslə soruşdum:
– Zəhmət olmasa, deyin görək nə işlə məşğul olursunuz?
– Qasidlik eləyirəm, – adam qaşqabaqla cavab verdi. – Formam üzərimdə deyil, çünki dərziyə vermişəm ki, bəzi yerlərinə əl gəzdirsin.
– Bəs əvvəl nə iş görmüsünüz? – mənalı nəzərlərlə Holmsa baxıb yenidən soruşdum.
– Kral ordusunun dəniz qoşunlarında çavuş olmuşam, cənab. – Qasid belə deyib üzünü Holmsa çevirdi. – Cavabı indi yazacaqsınız, yoxsa sonra gəlim? Aydındır, cənab. Sonra gələrəm.
Bundan sonra qasid dabanlarını yerə vurub yüngülcə təzim edərək getdi.
Üçüncü fəsil
Loriston-Qardensin sirri
Ev yoldaşımın nəzəriyyəsi özünü doğrultduqca heyrətim artırdı. Onun istedadı, doğrudan da, hörmətə layiq idi. Amma hərdən də ağlıma gəlirdi ki, bütün bunlar məni təəccübləndirmək üçün əvvəlcədən hazırlanmış bir oyundur…
Şerlok Holms qasidin gətirdiyi məktubu oxuyub bitirdikdən sonra dinməzcə dayandı. Onun dalğın və sönük baxışları gərgin düşüncələrə qərq olmasından xəbər verirdi.
Mən sakitcə soruşdum:
– Necə bildiniz?
Holms qaşqabaqlı halda dilləndi:
– Nəyi?
– Onun istefaya çıxmış hərbi donanma çavuşu olduğunu.
– Boş şeylər barədə danışmağa həvəsim yoxdur, – Holms laqeydliklə cavab verdi. Sonra gülümsəyib əlavə etdi: – Kobudluğuma görə bağışlayın. Fikrimi dağıtdınız, ancaq düz elədiniz… Deməli, bayaqkı adamın keçmişdə çavuş olduğunu anlaya bilmədiniz, doğrudurmu?
– Qətiyyən.
– Mənim üçün isə bunu müəyyənləşdirmək su içimi kimi asandır, izah eləmək isə çox çətin! Təsəvvür eləyin ki, iki dəfə ikinin dörd olduğunu sübut etmək istəyirsiniz. Əslində, sübuta ehtiyac yoxdur, lakin qarşınızdakı adamı inandırmaq üçün xeyli əziyyət çəkməlisiniz. Deməli belə… Qasidə baxarkən onun qolundakı döyməni – iri, göy lövbəri gördüm. Üstəlik, o, hərbçi qaməti ilə gəzirdi, bundan başqa, hərbçilərə xas bakenbardı vardı. Bəyəm bundan sonra hər şey aydın deyilmi!
– Möcüzədir! – mən ucadan səsləndim.
– Eh, boş şeydir, – Holms əlini yellədi. Lakin üz-gözündən aydın hiss olunurdu ki, mənim heyrətim onun ürəyincədir. – Bir az əvvəl dedim ki, indi həqiqi, mahir cinayətkarlar yoxdur. Deyəsən, yanılmışam. Alın oxuyun!
Şerlok Holms belə deyib qasidin gətirdiyi məktubu mənə uzatdı. Mən onu oxuduqdan sonra:
– Qulaq asın, bu ki dəhşətdir! – deyib köks ötürdüm.
– Hə, deyəsən, adi cinayət hadisəsi deyil, – Holms soyuqqanlılıqla söylədi. – Zəhmət olmasa, məktubu bir daha və ucadan oxuyun.
Mən məktubu yüksək səslə oxumağa başladım, orada yazılmışdı:
“Hörmətli, cənab Şerlok Holms!
Bu gecə Brikstoun-rouddakı Loriston-Qardens, 3 ünvanında iyrənc bir cinayət hadisəsi baş verib. Gecə saat iki radələrində polis işçilərimizdən biri növbədə ikən həmin ünvandakı evdə işıq görüb. Binada yaşayış olmadığından bu onu şübhələndirib. Qapı açıq imiş. Əməkdaşımız içəri daxil olduqda ilk olaraq yaxşı geyinib-kecinmiş bir kişinin cəsədini aşkarlayıb. Onun cibindən vizit kart tapıb: “Enox C.Drebber, Klivlend, Ohayo, Birləşmiş Ştatlar”. Cəsədin üzərində heç bir soyğunçuluq, ya da zorakılıq əlaməti aşkar edilməyib. Döşəmədə qan ləkəsi olub, intəhası meyitin üzərində heç bir yara yoxdur. Böyük ehtimalla, cəsəd həmin evə başqa yerdən gətirilib. Lakin başa düşə bilmirik ki, bu necə ola bilər… Bir sözlə, əməlli-başlı ilişmişik. Saat 12-yə qədər gəlsəniz, sizinlə hadisə yerində görüşə bilərik. Gələ bilməsəniz, onda mən işin gedişatı barədə sizə xəbər verərəm. Hər bir halda, fikirlərinizi mənimlə bölüşsəniz, çox şad olaram.
Sizə hörmətlə, Tobias Qreqson”.
Mən məktubu oxuyub bitirdikdən sonra dostum dedi:
– Qreqson Skotlənd-Yarddakı ən bacarıqlı xəfiyyələrdən biridir. O da, Lestreyd də digərlərindən fərqlənirlər. İkisi də diribaş və enerjili adamlardır, lakin heyrət doğuracaq qədər bayağıdırlar. Gözəllik yarışına çıxan qızlar kimi bir-birilərinin paxıllığını çəkir, yola getmirlər. İkisi də eyni vaxtda izə düşsə, bax bu çox maraqlı olardı.
Holms təəccüb doğuracaq şəkildə mızıldanaraq danışırdı. Lakin mən buna bir o qədər də əhəmiyyət verməyib dedim:
– Zənnimcə, bir dəqiqə də vaxt itirmək olmaz. Gedib sizə fayton çağırım?
– Hələ gedib-getməyəcəyimə qərar verməmişəm. Mənim kimi tənbəl yer üzünə gəlməyib. Buna baxmayaraq, tənbəllik üstümə hücum çəkəndə ondan qurtulmağın da yolunu bilirəm.
– Siz ki belə bir mürəkkəb cinayət hadisəsini çoxdan arzulayırdınız!
– Əzizim, bunun mənə xeyri var? Tutaq ki, mən həmin qətlin üstünü açdım. Axı faydasını Qreqsonla Lestreyd görəcəklər, onların şan-şöhrəti artacaq. Mənim məsləhətlərimin həlledici rol oynaması isə kimsənin vecinə olmayacaq.
– Hər halda, sizdən kömək istəyən birindən yardım əlinizi əsirgəməməlisiniz.
– Qreqson ağıllı adamdır, bilir ki, mən onsuz da bu işdən xəbər tutacağam, ona görə də qabaqdangəlmişlik eləyib və özü məlumat verib… Bir halda ki getmək lazımdır, onda bir yerdə gedib görək nə məsələdir.
Bunu deyib Holms həyəcanlı halda paltosunu götürməyə getdi. Tezliklə öz otağından səsləndi:
– Siz isə şlyapanızı götürün.
– Mən də sizinlə gəlim?
– Başqa işiniz yoxdursa, əlbəttə, gəlin.
Bir dəqiqə sonra ikimiz də faytonla üzü Brikstoun-rouda tərəf gedirdik.
Hava tutqun, dumanlı idi. Buna baxmayaraq, yoldaşım kefikök görünürdü. O, yolboyu elə hey kremon skripkalarından[15]15
Kremon skripkaları – İtaliyanın Kremon şəhərində istehsal edilən skripkalar
[Закрыть] danışır, Stradivariusla Amatinin[16]16
Stradivarius (1644–1737) və Amati (1505–1577) – söhbət məşhur italyan skripka ustası Amati və onun davamçısı Stradivariusdan gedir.
[Закрыть] skripkaları arasındakı fərqi izah edirdi. Mən isə susurdum: tutqun hava kefimi pozmuşdu, üstəlik, hadisə yerinə yaxınlaşdıqca qanım lap qaralırdı. Nəhayət, onun musiqi tarixi ilə bağlı mühazirəsini kəsib dedim:
– Elə bil bu iş sizi qətiyyən düşündürmür.
Holms tövrünü pozmadan cavab verdi:
– Məsələnin mahiyyətini bilmədən hər hansı fərziyyə irəli sürmək yanlışdır. Ortada vur-tut ölüm hadisəsi var. Biz bunun hətta qətl olub-olmadığı barədə də məlumatsızıq. Odur ki bəri başdan ciddi götür-qoy eləməyə, mülahizələr yürütməyə dəyməz. Bu, işin sonrakı gedişatına pis təsir eləyə bilər..
– Hər halda, bir azdan hər şeyi öyrənəcəksiniz, – mən belə deyib işarət barmağımı irəli uzatdım. – Bu da Brikstoun-roud! Səhv eləmirəmsə, cəsədin tapıldığı evə çatmışıq.
– Doğrudur. Hey, faytonçu, dayanın! – Holms tələm-tələsik səsləndi.
Bundan sonra ev yoldaşımın təkidi ilə nəyə görəsə faytondan enib sonuncu yüz yardı piyada getdik.
Dalanda yerləşən Loriston-Qardens, 3 ünvanındakı binanın vahiməli görünüşü var idi. Elə ilk baxışdan buranın təhlükəli bir yer olduğu qənaətinə gəlmək olardı.
Küçədən bir qədər aralıda ümumilikdə dörd bina var idi: onların ikisində yaşayış olsa da, digər ikisində heç kəs yaşamırdı.Cəsədin tapıldığı bina həmin iki boş binadan biri idi və onun pəncərələri küçəyə baxırdı. Bəzi pəncərələrə üzərində “Kirayə verilir” yazılan kağızlar vurulmuşdu. Binanı küçədən seyrək və quru kolların sarmaşdığı alçaq taxta çəpər ayırırdı. Çəpər boyu dar cığır uzanırdı. Gecə yağış yağdığından ətrafda gölməçələr əmələ gəlmişdi. Küçə boyu isə üstündə taxta barmaqlıq olan üç fut hündürlüyündə kərpic hasar uzanırdı. Ətrafda maraq üçün toplaşan xeyli adam var idi, bir nəfər yekəpər polis onların daha da irəli getməsinə mane olurdu.
Elə bilirdim, hadisə yerinə çatan kimi Şerlok Holms vaxt itirmədən binaya girib təhqiqata başlayacaq. Lakin belə olmadı. Deyəsən, ev yoldaşımın iş prinsipləri tamamilə fərqli idi. O, soyuqqanlı şəkidə irəli-geri addımlayır, ətrafa nəzər salır, dalğınlıqla səmaya baxır, üzbəüz evlərə boylanırdı. Adama elə gəlirdi ki, cəsəd və onun tapıldığı yer Holmsu qətiyyən maraqlandırmır…
Müşahidələrini bitirdikdən sonra ev yoldaşım tələsmədən dar cığırla, daha doğrusu, cığırın kənarındakı otluqla yeriyərək diqqətlə yerə baxmağa başladı. Bu müddətdə Şerlok iki dəfə dayandı; hər dəfə də onun yüngülcə qımışdığını gördüm. Nəmli torpaqda xeyli ayaq izi var idi. Bunların bəzilərinin polislərə aid olduğunu müəyyənləşdirmək hətta mənim üçün belə çətin deyildi. Aydın görünürdü ki, həmin izlər polis çəkmələrinindir. Ümumiyyətlə isə, bu qarışıqlıqda Holmsun diqqətini çəkəcək nəsə olacağını düşünmürdüm. Buna baxmayaraq, ev yoldaşımın ağlına bələd idim və mənim gözümdən yayına biləcək şeyləri onun asanlıqla görə biləcəyinə şübhə etmirdim.
Evin qapısı önündə bizi ucaboylu bir nəfər qarşıladı. Həmin adamın işıqlı siması vardı, saçları kətan rənginə çalırdı, əlində isə qeyd dəftərçəsi gözə dəyirdi. O bizi görən kimi irəli çıxıb Holmsun əlini sıxaraq dedi:
– Yaxşı ki gəldiniz! Heç kəs heç nəyə toxunmayıb, hər şey necə var, eləcə də qalıb.
Bu yerdə Holms cığırı göstərərək razılaşmadı:
– Oradakı izlərdən başqa… Öküz sürüsü keçsə belə, yerdə bu qədər iz qalmazdı! Yəqin, cığırı tapdamamışdan əvvəl oranı diqqətlə təhqiq eləmisiniz.
– Açığı, mənzildə işim çox idi, – xəfiyyə qeyri-müəyyən tərzdə cavab verdi. Aydın görünürdü ki, o, Holmsun iradından pərt olub. – Həmkarım cənab Lestreyd də buradadır. Güman eləyirdim, bu məsələlər onun nəzarətindədir.
Holms mənə baxıb göz vurdu. Sonra ucaboy adama – Qreqsona baxaraq qaşlarını çatıb kinayə ilə dilləndi:
– Siz və Lestreyd kimi peşəkarlardan sonra, yəqin, burada mənlik bir iş qalmaz.
Qreqson ev yoldaşımın istehzasını anlamayaraq özündənrazı halda dedi:
– Hə, deyəsən, nə lazımdırsa, eləmişik. Lakin onu da yaxşı bilirəm ki, mürəkkəb cinayət işlərindən xoşunuz gəlir. Sizi dəvət etməyimin bir səbəbi də budur.
– Bura faytonla gəlmisiniz? – deyə Holms söhbətin istiqamətini dəyişdi.
– Yox, piyada gəlmişik, cənab.
– Bəs Lestreyd?
– O da…
– Elə isə, indi də gedək cəsədin tapıldığı otağa baxaq, – Holms bunu deyib binaya girdi. Qreqson ev yoldaşımın qəribə davranışları qarşısında təəccüblənərək qaşlarını çatdı və onun arxasınca getdi.
Geniş mətbəxə və digər otaqlara aparan dəhliz natəmiz halda idi; aydın hiss olunurdu ki, xeyli vaxtdır silinib-süpürülmür. Sağ və sol tərəflərdə iki qapı vardı. Qapılardan biri, deyəsən, çoxdandır açılmamışdı, çünki cəftəni və açar yerini toz basmışdı. Digər qapı isə cəsədin tapıldığı yemək otağına açılırdı. Holmsun arxasınca mən də həmin otağa daxil oldum. Burada heç bir mebel yox idi, odur ki iri, kvadratşəkilli otaq daha da geniş görünürdü. Parlaq, zövqsüz divar kağızları kifləmişdi. Bəzi yerlərdə kağızlar qopduğundan sarımtıl suvaq izləri görünürdü. Qapı ilə üzbəüz ağ mərmər üzlüklü, üstündə rəf olan soba vardı. Rəfin küncündə bir hissəsi ərimiş şam gözə dəyirdi. Yeganə pəncərədən süzülən zəif işıqda hər şey boz rəngə çalır, yerdən qalxan toz isə buna əlavə çalar qatırdı.
Bütün bunlar bir qədər sonra diqqətimi çəkdi. İlk gördüyüm döşəməyə uzanmış cəsəd olmuşdu. Meyitin donuq, ifadəsiz gözləri tavana dikilmişdi. Bu, 33–34 yaşlarında, enlikürək, qara qıvrımsaçlı, qısa saqqallı kişi cəsədi idi. Onun əynində qalın parçadan tikilmiş jilet, açıq rəngli şalvar və ağ köynək vardı, jiletin üstündən isə pencək geyinmişdi. Azacıq aralıda isə silindr[17]17
Silindr – təpəsi hündür, kənarları (dövrəsi) bərk şlyapa
[Закрыть] atılıb qalmışdı.
Cəsədin qolları yana açılmış, barmaqları ovcunun içinə sıxılmışdı. Ayaqları əzabdan qıvrılan adamın ayaqları kimi qıvrılmışdı. Sifətində dəhşətli, nifrət dolu bir ifadə donub qalmışdı. İri bədəni ilə uyuşmayan kiçik alnı, yastı burnu və çıxıntılı çənəsi, bir sözlə, yöndəmsiz görünüşü cəsədi qorillaya bənzədirdi.
Həmin vaxtadək mən çox meyit görmüşdüm. Lakin onların heç biri mənə London ətrafındakı boş bir binadan tapılan cəsəd qədər dəhşətli təsir bağışlamamışdı.
Görünüşcə dələyə oxşayan sısqa vücudlu Lestreyd qapıda dayanmışdı. O, Holmsla və mənimlə salamlaşıb dedi:
– Ürəyimə damıb ki, bu hadisə səs-küysüz ötüşməyəcək, cənab. Belə şeylə ilk dəfə qarşılaşıram. Hələ mən köhnələrdənəm…
Qreqson əlavə etdi:
– Üstəlik, əlimizdə heç bir məlumat yoxdur.
– Bəli, yoxdur, – Lestreyd onun fikirlərini təsdiqlədi.
Şerlok Holms cəsədə yaxınlaşdı. Dizi üstə çöküb diqqətlə baxmağa başladı. Sonra isə meyitin ətrafındakı qan izlərini göstərib soruşdu:
– Cəsədin üzərində heç bir yara izi olmadığından əminsiniz?
– Sözsüz! – hər iki xəfiyyə eyni anda cavab verdi.
– Deməli, meyitin yanındakı başqa adamın qanıdır. Əgər bu naməlum kişi öz əcəli ilə ölməyibsə, yəni öldürülübsə, çox güman ki, qan qatilə aiddir. Bu hadisə vaxtilə Utrextdə baş vermiş bir hadisəni, Van Yansenin ölümünü yadıma saldı. Həmin işi xatırlayırsınız?
– Yox, cənab.
– Kriminal xronikaları oxuyun, həm də çox oxuyun, düz sözümdür, oxumağa dəyər. Nə isə… Demək istəyirəm ki, əvvəl də belə cinayətlər olub. Bir sözlə, tanış üsuldur.
Mən Holmsun dediklərindən heç nə anlamadım. Onun barmaqları fasiləsiz olaraq cəsəd üzərində gəzişir, meyitə bəzən astaca, bəzən də bərk toxunurdu. Həmin vaxt ev yoldaşımın gözlərindəki ifadəsizlik isə artıq mənə tanış idi…
Nəhayət, Holms burnunu cəsədin dodaqlarına yaxınlaşdırıb qoxuladı, sonra onun laklı ayaqqabılarının altlığını gözdən keçirdi.
– Cəsədi yerindən tərpətməmisiniz ki? – o, üzünü digər iki xəfiyyəyə tutub soruşdu.
– Yox, – Qreqsonla Lestreyd cavab verdilər.
– Meyiti morqa göndərə bilərsiniz, – Holms dedi. – Daha baxmalı bir şey qalmadı.
Əlində xərək olan dörd nəfər otağın qapısı ağzında hazır dayanmışdı. Qreqson onları çağırdı, adamlar cəsədi xərəyə qoydular. Bu zaman bir üzük döşəməyə düşüb dığırlandı. Lestreyd üzüyü götürüb baxdı.
– Burada qadın olub! – o, qəfildən və heyrətlə çığırdı. – Bu ki qadın nişan üzüyüdür…
Lestreyd sözünü bitirdikdən sonra üzüyü bizə tərəf uzatdı. Çox güman ki, bu qızıl üzük bir vaxtlar təzə evlənən gəlinin barmağını bəzəmişdi. Qreqson dedi:
– Əcəb işdir! Lap tapmacaya bənzəyir.
Holms etiraz etdi:
– Bəlkə, bu üzük hər şeyi asanlaşdıracaq? Cəsədin cibindən nəsə tapılıb?
– Hər şey buradadır, – Qreqson belə deyib bir kənara yığılmış şeyləri göstərərək bir-bir sadalamağa başladı. – Londonun “Baro” firması tərəfindən istehsal olunan 97163 nömrəli qızıl saat. Qızıl zəncir. Üzərində mason emblemi olan başqa bir qızıl üzük. Qızıl sancaq – yaqut gözlü buldoq başı. Vizit kartları və başqa sənədləri yığmaq üçün kisəcik. Kartların üzərində yazılıb: Enox C.Drebber, Klivlend. Yeri gəlmişkən, bu, mərhumun alt paltarındakı E.C.D. nişanı ilə uyğun gəlir. Pulqabı yoxdur, lakin cibindən 7 funt 13 şillinq çıxıb. Bir də, Bokkaççonun[18]18
Covanni Bokkaçço (1313–1375) – italiyalı yazıçı və şair. "Dekameron" romanı ilə məşhurdur.
[Закрыть] cib kitabı formasında çap edilmiş “Dekameron” əsəri. Kitabın titul vərəqinə “Cozef Stencersona” yazılıb. İki məktub da tapılıb. Biri C.Drebberə, digəri isə Cozef Stencersona ünvanlanıb.
– Ünvan göstərilib?
– Strend, Amerika birjası… Hər iki məktub “Qiyon” gəmiçilik şirkətindən göndərilib və gəmilərin Leverpuldan yola düşəcəyi vaxt yazılıb. Görünür, bu bədbəxt Nyu-Yorka qayıtmağa hazırlaşırmış.
– Stencersonun şəxsiyyətini müəyyən eləməyə başlamısınız?
– Bəli, cənab. Bütün qəzetlərə elan göndərmişəm. Adamlarımdan biri isə Amerika birjasına gedib, lakin hələ qayıtmayıb.
– Klivlendə sorğu göndərmisiniz?
– Səhər teleqram yollamışıq.
– Teleqramda nə yazmısınız?
– Stencersonla bağlı məlumat göndərməklərini xahiş etmişik.
– Başqa heç nə? Sizcə, Drebber barədə öyrənməyə gərək yoxdur?
– Vacib bildiyim hər şeyi soruşmuşam, – Qreqson incik tonla cavab verdi.
Şerlok Holms gülümsədi. Nəsə demək istədi, bu vaxt bayaqdan bəri diqqətlə otağı gözdən keçirən Lestreyd özündənrazı halda, əllərini bir-birinə sürtərək danışmağa başladı:
– Cənab Qreqson, elə indicə mühüm bir şey kəşf eləmişəm! Divarları yaxşıca nəzərdən keçirmək fikri ağlıma gəlməsəydi, yəqin ki, heç nə öyrənə bilməzdik!
Mən fikir verdim ki, Lestreydin gözləri parıldayır. Deyəsən, Qreqsondan cəld tərpəndiyi üçün ürəyində bayram edirdi.
– Buraya buyurun, – Lestreyd bunu deyib bizi divarlardan birinin qarşısına apardı. – Burada dayanın!
O daha sonra kibrit çöpünü alışdırdı və divara yaxınlaşdırdı.
– Baxın! – Lestreyd yenidən təntənə ilə dedi və divar kağızının qopduğu yerdəki suvaq yerini göstərdi. Orada qanla “Rache” yazılmışdı.
Lestreyd tamaşaçı qarşısına çıxmış şoumen kimi lovğalanaraq sözlərinə davam etdi:
– Gördünüz? Qatil hər kimdirsə, bunu öz qanı ilə yazıb. Hətta qan divardan aşağı süzülüb. Döşəmədə də qan ləkəsi var. Qatil nəyə görə buranı seçib, indi onu da deyərəm. Sobanın üstündəki şama baxın. Şübhə eləmirəm ki, həmin şam yanarkən daha çox buranı işıqlandırırmış.
Qreqson etinasızlıqla soruşdu:
– Yaxşı, bəs bu yazının mənası nədir?
– Mənası? İndi deyərəm. Qatil divara qadın adı olan “Reçel” yazmaq istəyib, lakin nəyə görəsə tamamlamağa imkan tapmayıb. Yəqin, kimsə və ya nəsə mane olub. Sözlərimi unutmayın: əvvəl-axır bu işdə Reçel adlı qadının əli olduğu üzə çıxacaq. Nə qədər istəyirsiniz gülün, cənab Şerlok Holms, ancaq mən buna adım kimi əminəm. Doğrudur, siz ağıllı və savadlı adamsınız, ancaq qoca xəfiyyə Lestreyd, hər halda, sizdən bir neçə addım qabaqdadır!
Kinayəli təbəssümü ilə balacaboy adamı qəzəbləndirən Holms dedi:
– Üzr istəyirəm, cənab Lestreyd. Əlbəttə, bu tapıntıya görə sizə təşəkkür etmək lazımdır. Lakin mən hələ otağı gözdən keçirməyə imkan tapmamışam, icazənizlə oraya indi baxmaq istəyirəm.
Bunu dedikdən sonra Holms cibindən ruletka[19]19
Ruletka – burada: fırlanan oxa sarınmış ensiz metal lentdən ibarət uzunluq ölçü aləti
[Закрыть] və iri, girdə lupa çıxarıb otağın hər tərəfini yaxşıca gözdən keçirməyə başladı. O gah ayaq üstə dayanır, gah da dizi üstə çökürdü. Hətta bir dəfə döşəməyə sərilib bir neçə dəqiqə künc-bucağa baxdı. Holms bütün diqqətini öz işinə cəmlədiyindən bizim otaqda olduğumuzu belə unutmuşdu. Biz hərdən onun donquldandığını, gah təəssüflə, gah da sevinclə mızıldandığını eşidirdik. Mən ev yoldaşımı meşəni dolaşaraq ovun izinə düşmək üçün tələsən yaxşı təlim görmüş tazıya bənzədirdim.
Holms, az qala, iyirmi dəqiqə boyunca otağı gözdən keçirdi. Sonra nəyə görəsə döşəmədəki ayaq izləri arasındakı məsafəni ölçdü. Ardınca isə yenə anlamadığım şəkildə ruletka ilə divarlarda nəyisə ölçüb özü üçün qeyd etdi. Döşəmənin bir tərəfindəki boz külü çimdikləyib yığaraq cibindən çıxardığı zərfə boşaltdı. Axırda da lupanı götürüb divardakı yazıya yaxınlaşdı və hər bir hərfi diqqətlə nəzərdən keçirməyə başladı. Deyəsən, nəticələr ürəyincə idi, çünki ruletka ilə lupanı yenidən cibinə qoyduqdan sonra məmnun halda dilləndi:
– Deyirlər, dahi olmaq həm də kifayət qədər səbirli olmaqdır. Məncə, çox uğursuz kəlamdır, bununla belə, sanki xəfiyyələrin əyninə biçilib.
Qreqsonla Lestreyd öz həmkarlarının hərəkətini sonsuz maraqla izləyirdilər. Görünür, onlar Holmsu hətta mənim qədər də tanımırdılar və buna görə də onun bəzi davranışlarını anlamaqda çətinlik çəkirdilər. Axı ev yoldaşım həmişəki kimi ilk baxışdan əhəmiyyətsiz görünən şeylərə də hədsiz diqqətlə yanaşırdı.
– Fikriniz nədir, cənab? – Qreqsonla Lestreyd eyni vaxtda soruşdular.
– Bu işlə bağlı qalibiyyət çələngini əlinizdən almaq istəməzdim, – Holms dedi. – Odur ki sizə məsləhət vermək fikrində deyiləm. Hər ikiniz çox yaxşı işləyirsiniz, mane olmaq günahdır. – Bu yerdə mən ev yoldaşımın səsində kinayə hiss elədim. O isə eyni qaydada sözlərinə davam edirdi: – Təhqiqatın gedişində hər hansı çətinliklə üzləşsəniz, sizə kömək etməkdən məmnun olardım. Hələlik isə cəsədi tapan polislə görüşüb danışmaq istəyirəm. Mümkünsə, onun adını və ünvanını mənə verin.
Lestreyd qeyd dəftərçəsinə baxıb dedi:
– Həmin polisin adı Condur. Con Rens. O, Odli-kort, 46 ünvanında yaşayır.
Holms ünvanı öz dəftərçəsinə qeyd etdikdən sonra mənə dedi:
– Gedək, doktor. Vaxt itirmədən ona baş çəkək.
Bundan sonra ev yoldaşım üzünü yenidən xəfiyyələrə tutdu:
– Sizə bir şey demək istəyirəm, bəlkə, işin gedişatına kömək eləyər. Mən şübhə etmirəm ki, bu, qətldir və qatil – kişidir. Onun boyu altı futdan bir az hündürdür. Gəncdir. Boyuna görə yekə ayaqları var. Kvadrat burunlu çəkmə geyir, siqar çəkir. O, bura öz qurbanı ilə birlikdə dördtəkərli faytonda gəlib. Fayton üç ayağında köhnə, birində isə təzə nal olan ata qoşulubmuş. Qatil qırmızıyanaq imiş, sağ əlinin barmaqlarında isə uzun dırnaqları olub. Əlbəttə, bunlar xırdalıqlardır, lakin sizə gərək ola bilər.
Lestreydlə Qreqson gülümsünüb bir-birinə baxdılar. Aydın məsələdir ki, onlar Holmsun söylədiklərinə şübhə ilə yanaşırdılar. Qreqson soruşdu:
– Yaxşı, qatil qurbanını necə öldürüb?
– Zəhərləyərək, – Holms dilucu cavab verib qapıya tərəf getdi. Qapıya çatdıqda isə geri çevrilib əlavə etdi: – Hə, cənab Lestreyd, bir də, nəzərə alın ki, “Rache” almanca qisas deməkdir. Ona görə də əziyyət çəkib vaxtınızı Reçel adlı xanımı axtarmağa sərf eləməyin.
Holms sözünü bitirdikdən sonra otaqdan çıxdı. Digər iki xəfiyyə ağzıaçıq halda, heyrətlə onun arxasınca baxırdı…
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.