Электронная библиотека » Ataqam » » онлайн чтение - страница 2

Текст книги "Qanadlı körpü"


  • Текст добавлен: 6 октября 2022, 13:20


Автор книги: Ataqam


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Gecəgörənlər

Bir-birimizi “dostcan” çağırırıq. Bizim dünyamızda adın dəyəri yoxdu, çünki ad insanları ayırmaq üçündü.

Yay aylarında gecədən xeyli keçmişə qədər yataqxananın yanındakı parkda gəzib söhbətləşməkdən doymuruq. Bizi içində “dünya” sözü olan suallar birləşdirib.

– Dostcan, dünyada ən qoca ağac hardadı, bilirsən? – bugünün ilk sualını verir.

Bu sualı bir dəfə radioda eşitmişəm, cavabını bilirəm, amma söhbəti korlamamaq… ah, yox, söhbətin tamını qaçırmamaq üçün deyirəm:

– Bilmirəm, dostcan, hardadı? – və onun qımışdığını, üzünə uşaq sevinci qonduğunu hiss edirəm.

– Livanda[21]21
  Livanın Əl-Bətrun bölgəsindəki altı min beş yüz illik on altı zeytun ağacı. O ağaclara “Nuhun Zeytun Bacıları” da deyirlər.


[Закрыть]
– deyir, “Nuhun zeytun bacıları”nı adbaad sadalayır, enboylarını metrinə qədər söyləyir.

Cavabdan məəttəl qaldığımı sezdirmək üçün içimi çəkirəm.

Qaydamız var: indi sual vermək sırası məndədi.

– Dostcan, dünyada ən gözəl insan səsi hansıdı?

O, hörüb sinəsinə salladığı bir tay qulac saçını arxaya atır. Saçının ucu üzümə dəyir.

– Mənimki baritonlarla tutur – deyir, – bas səs məni darıxdırır, soprano qıcıqlandırır.

– Bilirsənmi, baslar əyyaş, baritonlar şorgöz olur? – gülürəm.

– Hə, eşitmişəm. Tenorların da abdal olduğunu deyirlər. Baslarla baritonlar tenorlara həmişə paxıllıq eləyir.

O, parkın hər daşını tanıyır, çünki çoxdan burdadı. Mən isə yataqxanaya təzə gəlmişəm. Sənədlərimi tanışlıq üçün yataqxana müdirinə verib.

Hə, gizlətmirəm, səsinə vuruldum; alabəzək gözək kimi bir-birinə sarınmış üçqatlı səsi Baxın “Fa minor xoral prelüdiyası”nın orqan borusunda boğulan son notuna bənzəyirdi. İndiyə qədər də onun səsinin bütün çalarlarını sezmək üçün çənəmi qabağa uzadıb boynumu qısıram.

Adamların çoxu təksəs olur. Heyf. Nə qədər ağıllı, amma ölüsəs adama rast gəlmişəm! Onları dinləmək cəhənnəm əzabıdı.

Həyatın yalnız səslərdən ibarət olduğunu qavrayıb qəbul eləyəndən sonra yaşadığım yeni hisslər içində ən gözəli çoxsəsli adamların cazibəsi oldu.

“İnsanları bir-birinə çəkən onların səsidi. Səsi keyimiş, yanmış, solub bozarmış adamlar var, amma səssiz adam yoxdu. Səadət də elə gözəl səslərin qarşılıqlı köklənməsidi” – dostcandan bunu ilk dəfə eşidəndə dodağım qaçmışdı. Sonralar səsin tilsimini özüm öz canımla duydum.

Yaxınlıqda bir park da var, amma bu park ondan qat-qat rahatdı, çünki burda daşları yerə səliqəli düzüblər; hamar, çıxıntısız, daşların arası sıx. Ayağımız bir dəfə də ilişmir. Gülləri də qəşəngdi. Parkda bir dənə də qızılgül kolunun olmaması ikimizi də sevindirir.

Qoca çinarın yanından keçəndə dayanırıq. Çinarın xışıltısı ayrı cür gəlir. İkimiz də səsin fərqli olduğunu əlbəəl duyuruq. Üstəgəl, ətrafdakı qoxu da fərqlidi. “Dostcan, ehtiyatlı ol, – deyib qolumdan dartır, – deyəsən ustaçalar çalanın ağzını yenə açıq qoyublar, – şikayətlənir, – mənə baxma, mən yolları şeir kimi əzbərləmişəm, tək çıxanda çubuğunu götür”. Dalınca da azaylanır: “Dünyanın heç yerində acıağız ağac tapmazsan, dostcan. Ağacların ən fağırı isə çinardı. Onları dinləmək üçün ürəyinin qapısını açan az adam tapılar”.

Sevimli oturacağımıza yanaşırıq. Tutulub. Dayanırıq. Oturanlar bizi görüb gülür. Uzaqlaşırıq. Onlar daha bərk gülür. Yuxarı sinif şagirdləridi; oğlanla qız; gülüşlərinin tembrindən bilinir. Ayrılıqda şirin gülüşləri var, amma bir yerdə güləndə, səslərinin amplitudu bir-birini döyüb gülüşü qağayı qığıldaşmasına çevirir. Birləşsələr, ömürləri qovğa içində çürüyəcək.

O biri oturacaq çayxananın şüşə divarına bitişikdi, yerindən tərpətmək də olmur, ayaqlarını betonlayıblar. Küylü, ruhsuz, maqnitsiz yerdi. Səsin qədrini bilməyəndə küyə çevrilir. Bir neçə dəfə orda otrumağa məcbur olmuşuq. Çayxanada bütün danışıqların bomboz olduğunu bilirik.

Burda bizi yaxşı tanıyırlar. Bizə hələ ad da qoyublar – “yarasalar”. İncimirik.

Bir uşaq şüşəni taqqıldadıb cır səslə bizi içəri çağırır. “İlahi, belə acı səslə bu uşaq həyatda özünə necə yer tapacaq?!” – dostcan qulağıma pıçıldayır. “Tanrı səsini yetirsin! – deyirəm. – Bişər səsi, inşallah”.

Uşağa “yox” deyirik.

Bir az keçmiş uşaq qarşımızda dayanır:

– Əmi, müdirimiz İcra başçısının şərəfinə iftar süfrəsi açıb, bir azdan başçı özü də gələcək. Müdir tapşırdı, sizi də çağırım.

– Lütfü artıq olsun müdirin, cocubala, qoşularıq, – deyirəm.

“Dostcan, gedim baxım görüm bizim oturacaq boşalıbmı?” – deyib qalxır, tezliklə də qayıdıb cavanların getdiyini bildirir.

Qapalı dünyamızın kiçik duracağına qayıdırıq. Yerimizi tutan kimi soruşur:

– Dostcan, bütün dünya indi professor Herminder Duanın tapıncından danışır, sən nə düşünürsən? Səncə, bizi ayrı dünyaya aparmaq mümkün olacaqmı?

– Bilmirəm, – professorun beşqatlı gözdə tapdığı altıncı qatın nəyisə dəyişəcəyinə inamsızlığımı gizləyib dostcanın umudunu qırmamaq üçün səsimin enerjisini majora kökləməli oluram, – hər halda, həbsxana divarının bir kərpici də götürülmüş olur.

– Mən başqa dünyaya qayıtsam, tetraxromat[22]22
  Göz rəng məlumatını üç müstəqil sensor kanalı (üçxromatlıq) ilə emal edib beyinə ötürür və insan bir milyona qədər rəng çaları görə bilir. Qadınların (ancaq qadınların!) cüzi bir hissəsi isə dörd sensor kanalına (dörd/tetra/xromatlıq) malikdirlər və onlar yüz milyon rəng çalarını seçə bilirlər.


[Закрыть]
olmaq istərdim, – ulduzlarla danışırmış kimi üzünü göyə tutur.

– Hə, dostcan, heyf ki, ancaq qadınlar tetraxromat ola bilər. Mənim şansım yoxdu. Eybi yox, mənə üçxromatlıq da yetər… Daltonik olmağa da hazıram.

Son cümləni nahaq yerə dediyimi dərhal anlayıram. Axı mən təzəyəm. Başqa dünyadan bu dünyaya ikicə il öncə, dostcandan otuz bir il sonra gəlmişəm. Bu dünyanın qaydaları ilə hələ də barışa bilmirəm. Dostcan isə elə bu dünyada doğulub, burda deyilən hər sözün çəkisini ürək ülgüsü ilə ölçür. Yaxşı ki üzə vurmur. Qadınlar qəribədi. Bizim dünyanın qadınları isə ikiqat qəribədi; hisslərdən tor qurmağın sirrini Tanrı qədər dərindən bilirlər.

“Məncə, Tanrı qadındı, dostcan”, – susub susub deyir.

Bayaqdan bununçün susurmuş demək; neştəri aortama yeritmək üçün ən iti silah axtarırmış.

“Müdir sizi çağırır, deyir gəlin, iftarımızı açırıq, başçı da çatır”, – uşaq çanağına mikrofon yapışdırılmış saz səsilə canımı dostcanın çaynağından qurtarır.

* * *

İftar süfrəsinə çox adam toplaşıb. Onların kimliyini bilmək asan deyil, çünki səsləri çürük sap kimi dolaşıb düyün düşüb, çözmək olmur.

Bardaş qurub otururuq. Ətrafı dinləyirik.

Dostcan yavaşca qoluma toxunur, daha doğrusu, barmağını çiynimə dayayıb qolum boyu aşağı çəkir. Bu, bizim dünyamızda istehza işarəsidi.

– Nədi, dostcan? – soruşuram, – iftarın ruhu səni tutub? – mən də istehzaya salıram.

– Eşidirsən? – qulağıma deyir, – o başda bizdən danışırlar.

– Doğrudan? Nəyimizdən danışırlar? – boynumu qısıb çiyinlərimi qaldırıram. Biçimsiz küyü əlçimləyib səsləri ayırmaq istəyirəm, alınmır. Mən hələ bunu bacarmıram. Öyrənə bilməmişəm. O isə istədiyi səsin ucunu qulağının membranına bağlayıb asanca özünə tərəf çəkə bilir.

– Orda iki qara səs var, dostcan, – deyir, – biri çox iyrəncdi, bəlğəmi yara-yara gəlir. O biri səs isə ömür boyu gündən qaranlığa qaçan adamın səsidi, dinlə bir!

– Tuta bilmirəm, bağışla, dostcan, – deyirəm. Əlbəəl də acıqlandığını duyuram.

– Sənin siqaret yandırmağına gülürlər. Deyir, siqareti damağına qoyursan, iki barmağınla siqaretin ucundan tutursan, çeçə barmağınla çaxmağın alovunu tapırsan, siqaretin ucunu ora aparıb alışdırırsan.

Dinmirəm. Mən bilən, doğru təsvir eləmir, iftardan sonra yoxlayaram.

Çayçı stəkanlara çay süzür. Kiminsə stəkanı aşır. Onun acıqlı “korsan?!” səsi çayçının “bağışla”sının kürəyini yerə vurur. Yeməkdən iyrənən adam kimi üzümü turşudub başımı geri atıram.

Sakitlik yaranır. Dostcan qoluma toxunur: “Biz dünyanın üzdə olan vacib örnəkləriyik, gəl fəxr eləyək!” – kədər qarışıq istehza ilə deyir.

İki qonşum qadınların iftara oturmalarının şəriətdə məqbul sayılıb-sayılmaması barədə yarıpıçıltı mübahisə eləyir. Söhbət tezliklə namaz qılan fahişələrın Allah yanında yerlərinin olub-olmadığına burulur. “Fahişələr bunlardan xoşbəxtdi” – həmsöhbətlərdən biri “bunlardan” sözünü burnuna salıb deyir. Əminəm ki, o, başı ilə bizi göstərir.

* * *

Kiminsə “Başçı gəlir!” deməsi ilə söhbət yekunlaşır. Otağı bardaş qurub oturmuş iftarçıların ayağa durarkən diz tağalaqlarının şaqqıltısı bürüyür.

Başçı hamını salamlayır. İftarçılar təlim görmüş əsgər alayı kimi xorla “Əleyküm salam!” deyir.

Müdir qonşu otaqdakılara “kətil verin!” bağırır. Daş döşəmə üzərində xırçıltı ilə sürüşən kətilin səsi qulağımı deşib ətimi çimçəşdirir.

Müdir kətili işçisinin əlindən qapıb alan kimi tövşək səslə lütfkarlıq bildirən sözləri dalbadal düzür, hıqqıldaya-hıqqıldaya kətili başçının altına çəkir.

Başçı “bismillah” deyir. Ağzında nəsə çeynədiyindən, “s” səsi tüpürcəkli çıxır.

İftarçılar nizamsız çapana bənzəyən diz şaqqıltılarının müşayiəti ilə oturub yeməyə girişirlər.

– İftar yeyək, dostcan? – o, pilə kimi yumşaq təbəssümü ilə qulağıma pıçıldayır.

Nə dediyini anlayıram.

Məclisin o biri başında kimsə ramazan ayında tutulan orucun fəzilətləri haqda hədis danışır, amma onun səsi qulağıma ayran hortulutusuna, qaşıq çingiltisinə bükülüb boğuq-boğuq, buruq-buruq çatdığından, diqqətimi cəmləyib o səsi küydən ayıra bilmirəm.

Qonşularım yenə sözlərin bəzilərini burunlarına sala-sala danışırlar. “Deyəsən başçı xubdu, bayaqdan xurmaya girişib”. O biri təsdiqləyir: “O həmişə hallı olur, bax, gör arada sifətini necə ləzzətlə ovuşdurur! Gözləri də qıpqırmızıdı”.

Bir azdan qaşıqların boşqaba dəyən son cingiltisi kəsilir, hədis danışan adamın dediklərini aydın eşidirəm. O, şəriət buyruqlarının gözəlliyindən danışır, bunu qanmayanları günahlandırıb kafir adlandırır, tez-tez də başçıya tərəf baxır. Bunu başçının marçıltıya bənzəyən təqdir səsindən anlayıram.

– Allah kəbirdi, şəriət buyruqlarını pozan nankorların cəzasını tezliklə verəcək, – hədisçi belə deyir.

Yerdən “amin!” səsləri ucalır. Amin deyənlər arasında başçının da səsi var.

Hədisçi daha bəlağətlə danışır. Arada başçı onun sözünü kəsir:

– Elə korafəhimləri biz özümüz də cəzalandıra bilərik.

Hədisçi başçının şəninə uzun-uzadı təriflər yağdırdıqdan sonra yenə ürəklərini, gözlərini qapayıb ilahinin qüdrətini görməyənləri lənətləyir.

Birdən başçı qəhqəh çəkir. Hamı susur. Nə baş verdiyini anlamağa çalışıram. Başçının qəhqəhəsi çox uzun sürür. O, arada sakitləşir, nəsə demək istəyir, amma beyninin qoşa gülüş oyuqcuğu yenidən qıcıqlanır və onu şaqqanaq çəkib gülməyə məcbur edir. Axırda gülməyini birtəhər qısır, pıqqıldaya-pıqqıldaya: “Rəhmətlik atam deyərdi ki, kor Allaha necə baxırsa, Allah da kora elə baxır” – deyir.

Beynimdə başçının sözünə səmimi gülən iftarçılarla süni gülənlərin nisbətini hesablayıram.

Dostcan qoluma çırtma vurur. Bu, “getdik” işarəsidi.

Yavaşca ayağa dururam. Yandaşım qolumdan yapışır: “Məclis hələ bitməyib, başçı durmamış hara durursunuz?!”

Onun əlini qolumdan aralayıram.

Çıxışıda ayaqqabılarımızı axtarıb tapana qədər iftarçılar sakitləşir.

Başçının yenidən qəhqəh çəkdiyini eşidirəm.

– Gecənin bu aləmində nə ədəbazlıqdı belə?! Ey, sizinləyəm, qara eynəklilər!

Sualın bizə aid olduğunu indi anlayıram.

Biz eynəklərimizi çıxardırıq. Eynəkli əllərimiz bir-birinə toxunur.

Başqan içini çəkir:

– Siz ki korsunuz!!!

Mən gözlərimin yerində iki boş dərin oyuq görən başçının ağzının necə əyildiyini aydın görürəm.

– Biz kor deyilik, cənab başçı, – dostcan üçqatlı səsi ilə cavab verir və mən onun səs çalarlarının ayrıldığını, hər bir çaların partlamaq həddinə qədər şişdiyini duyuram, – biz gecəgörənlərik!

İftarçıların narazı küyünü eşidirik.

Çıxırıq. Arvadını oynaşla tutub kimi birinci öldürəcəyini götür-qoy eləyən kişi kimi qəzəblə susuruq.

O, məni evinə qonaq çağırır. Bu, bilirəm, sadəcə, xorun anlaqsızlığını birlikdə dəfn etmək üçündü.

Otağa girən kimi işığı yandırır.

– İşıq nəyə lazım, dostcan?.. Artıq xərcdi? – deyirəm.

– Nə danışırsan, dostcan?! – mən həmişə işığı yandırıram, sən də yandır, yoxsa dünya bizi ölmüş bilər.

Bakı, 2013

Okeanda iki maymaq

Dürres limanından üç gün idi çıxmışdıq. Göyərtədə durub dənizə baxmaqdan bezmişdim.

Gündüzləri birtəhər yola vermək olurdu; Mixayla söhbət eləyirdim, yorulanda da trümdə çığır-bağırla pivə içib qumar oynayan uşaqlara qoşulub vaxtı öldürə bilirdim, gecələrsə müharibə günlərindəki kimi ləng keçirdi.

Doğrusu, qumar oynamağa pulum da yox idi, elə belə, kənarda durub uduzanlara baxırdım.

Bu gəmiyə düşmək üçün tarımı, iki il öncə iş yoldaşlarımın otuzilliyimə bağışladığı ipək xalçanı, Sabunçuda evində kirayə qaldığım tatar arvad rəhmətə gedəndə mənə vəsiyyət elədiyi sarı labradoru, bir də dalğıc kostyumumu satıb Priştinaya yolpulu ilə Afrim Dalipinin istədiyi yeddi yüz dolları birtəhər düzəltmişdim.

Daşaltıda ölən xalaoğlumun mənə bağışladığı oyma işləri satmağa aparanda qəhərləndim, ağlayacağımdan qorxub bir neçə dəfə dərindən nəfəs alıb özümü toxdatdım. Onun ştixellərini[23]23
  Ştixel – taxta üzərində oyma işi üçün nəqqaş bıçağı.


[Закрыть]
də almaq istəyən oldu, satmağa əlim gəlmədi. Kitablarımı isə alan olmadı – indi hamı kirildən üz döndərib latına keçir, köhnə əlifbada kitablar kimin nəyinə lazımdı?! – o səbəbdən xeyli borc da eləməli oldum.

Gəmiyə minməzdən qabaq cibimdə qalan on beş dolları lekə[24]24
  Lek(ё) – Albaniyanın pul vahidi.


[Закрыть]
çevirib bir beşkiloluq torba dolu qaxac çörək, su, siqaret, ərinmiş pendir, bir də şirinçayı əvəz eləyəcək limonad almışdım. On günə bəs eləməliydi. Afrim məni Prizrendən dağlarla Kükesə keçirib Tiranaya gətirəndə yolda and içib söz vermişdi: “Zoti[25]25
  Zoti – cənab (alban.)


[Закрыть]
Turan, – Afrim verdiyim yeddi bencini[26]26
  Benci – 100-lük dollar üzərindəki Bencamin Franklinin şəklinə işarə.


[Закрыть]
 qımışa-qımışa sayıb pencəyinin döş cibinə dürtüb demişdi, – narahat olma, Allah haqqı mən beş ildi bu yolu gedib-gəlirəm, uzaqbaşı on günə hamınız sağ-salamat Nyufaundləndə[27]27
  Nyufoundlənd (Newfoundland) – Atlantik okeanında Kanadaya məxsus ada.


[Закрыть]
çatacaqsınız! Ordan da, – dua eləyirmiş kimi əllərini göyə açdı, – kismet[28]28
  Kismet – qismət (alban.)


[Закрыть]
, Ontarioya iki addımlıq yoldu”.

Mən Afrimə inanırdım. İndi mən hamıya inanmağa məcbur idim. İçimdəki şübhələri basıb aparıb lap dərinlərdə, özümün də əlim çatmayan yerlərdə gizlətmişdim.

“Mənimki sizi traulerimlə Madeyraya[29]29
  Madeyra (Madeira) – Atlantik okeanında Portuqaliyaya məxsus ada.


[Закрыть]
çatdırmaq, ordan da “Miraj” quruyük gəmisinə mindirib Nyufaundləndə yola salmaqdı”, – Afrim Tiranadakı “Tefay” mehmanxanasının bar-kafesində ekspressosunu qurtumlaya-qurtumlaya bizə – gözlərinə ümidlə qorxunun qarışığı hopmuş on bir nəfərə gedəcəyimiz yolu başa salır, son göstərişlərini verirdi.

Afrim fincanın dibində qalan qəhvəyə son qurtum vurub ayağa durdu. – Mire[30]30
  Mire – yaxşı, oldu (alban.)


[Закрыть]
, rregul[31]31
  Rregul – oldu, qaydasındadır (alban.)


[Закрыть]
, mən getdim, sabah Dürresdə görüşərik.

“Falemnderit[32]32
  Falemnderit – təşəkkür (alban.)


[Закрыть]
, zoti Dalipi”, – deyib sağollaşıb boynumuzu bar-kafenin pəncərəsindən uzadıb onun tini dönüb gözdən itməsini gözlədik.

Həmin an Afrim gözümdə Xilaskar İsa kimi möcüzələr yarada biləcək qüdrətli bir adam qədər böyüdü.

Uşaqlardan ayrılıb Rinas hava limanına gedən yolda Afrimin məsləhəti ilə günü üç yüz lekə kirayələdiyim kasolleyə[33]33
  Kasolle – daxma (alban.)


[Закрыть]
qayıtdım.

* * *

Yüngül külək əsirdi. Dalğalar gəmini aramla yırğalayırdı. Kapitan kayutunun sol tərəfində divara bərkidilmiş narıncı penoplast xilas halqasına – Pirşağıdakı keçmiş xilasedici yoldaşlarımın dediyi kimi – “batmaz”a söykənmişdim. Yıxılmamaq üçün hər ayağımı trümün havalandırma borularından birinə dirəmişdim. Qara yağmurluğumun zəncirbəndini axıra qədər çəkib. papağını başıma keçirdib bağlarını düyünləmişdim. Çevrilib kapitan kayutunun pəncərəsində özümə baxdım. Bircə gözlərim görünürdü. Yağmurluğum minaya düşmüş yoldaşlarımızın meyitini büküb daşıdığımız kadaver torbasına oxşayırdı.

Afrim Dalipi pivə içir, sükandan yapışmış köməkçisi ilə albansayağı, az qala qışqıra-qışqıra danışıb nə haqdasa mübahisə eləyirdi.

Dalğalar hərdən gəminin gövdəsini aşır, su göyərtə boyu axırdı. Ayaqlarım islanmasın deyə, hər dəfə leyersiz batmazın qarmağından yapışıb döşəməyə bərkidilmiş kompressorun üstünə çıxırdım.

Trauler çox köhnə idi, hər yeri pas atmışdı. Üstü mamırlamış pasın altından “Ənvər Xoca” sözlərini hələ limanda birtəhər oxuya bilmişdim. Gəminin arxasındakı hər iki barabandan çürük tor qalıqları sallanırdı. Trümün divarlarına kəsif balıq iyi hopmuşdu.

Cəbəllütariq boğazına yaxınlaşırdıq. Bu gecə Tərifəni[34]34
  Tərifə (Tarifa) – İspaniyanın cənubunda kiçik sahil şəhəri.


[Закрыть]
keçib açıq okeana çıxacaqdıq…

Gəmiyə mindiyim ilk gün möhkəm yorulmuşdum. Afrimin göstərişi ilə hərəmiz özümüzə bir yer seçmişdik. Mən trapla trümə enən kimi sol divarda ərəbcə “Allahu-Əkbər” və oxuya bilmədiyim bir neçə ad yazılmış küncü seçdim. Trüm iki yerə bölunmüşdü: bir yarısına divar boyu taxtalar düzülüb döşəməyə bərkidilmişdi, o biri yarısına rezin qayışlarla divara bağlanmış ağzıbağlı plastik çənlər düzülmüşdü. Çənlərin içində nə olduğunu öyrənmək istədim, amma yorğunluq güc gəldi, isti paltarlarımdan birini çantadan çıxarıb kürəyimə saldım, taxtaların üstünə uzanıb mürgülədim.

– Ey, – kimsə çiynimə toxundu, – dur, şam eləyirik, qoşul bizə.

– Sağ olun, yemirəm, ac deyiləm, – gözüyumulu cavab verdim.

Acmışdım, amma yuxu mənə daha şirin gəldi. Dedim, həm də yatıb bir övnəyə qənaət eləyərəm.

* * *

Ertəsi gün uşaqların səsinə oyandım. Kif balıq iyinin üstünə pivə qoxusu ilə siqaret iyi də gəlmişdi. Hava dözülməz idi. Gözümü açan kimi durub göyərtəyə qalxdım. Dəniz sakit olsa da, göydə qara bulud topaları vardı. Ürəyim sıxıldı. Siqaret yandırdım.

Biz azdan uşaqlar da bir-bir göyərtəyə qalxdılar. Danışıqlarından serbləri, bolqarları, Moldova rumınlarını ayırd eləyə bilirdim, amma qıvrım saçları çiyninə tökülən xəstəhal arıq adamın hansı millətdən olduğunu tapa bilmirdim, çünki o heç kimə qarışmır, eləcə siqareti siqaret dalınca yandırıb sümürür, gözünü bir nöqtəyə zilləyib durub baxırdı. Hərdən göyərənə qədər öskürür, öz dilində acıqla astadan kiminsə, ya nəyinsə qarasınca mızıldanırdı. Tez-tez də əlini toqqasından sallanan kiçik dəri torbaya sürtürdü. Uşaqlar bir neçə dəfə onun torbacığına sataşıb “pulları bərk qoru, Ontarioda yanına borca gələcəyik” deyib onu danışdırmaq istəmişdilərsə də, laqeydliklə havaya üfürülən siqaret tüstüsündən başqa bir cavab ala bilməmişdilər.

Göyərtəyə qalxanların hamısı sola burulub mənim dayandığım yerə yaxın qoruyucu dəmir barıya söykənib yarımçıq pivələrini içdikləri vaxt, o qıvrımsaç siqaretin kötüyünü dənizə atdı, təzəsini yandırıb kapitan kayutunun sağ tərəfinə keçdi.

Onunla tanış olmaq istədim. Səbəbini bilmirdim, məni çəkən bəlkə onun dərdini öyrənmək marağı, bəlkə də təxminən mən yaşda olması, ya da rənginin buğdayılığı idi. Adam öz dərdini yüngülləşdirmək üçün bəzən dərdi özününkündən çox olanla söhbətə ehtiyac duyur.

Kapitan kayutunun sağ tərəfinə keçib ona yaxınlaşdım.

– A jeni shqiptare?[35]35
  A jeni shqiptare? – Albansan? (alban.)


[Закрыть]
– onun alban olub-olmadığını soruşdum.

Əslində, onun kim olduğunu öyrənməklə, özümün kim olacağıma aydınlıq gətirmək istəyirdim. Əgər o, “po, unë jam shqiptare”[36]36
  Po, unë jam shqiptare – hə, albanam. (alban.)


[Закрыть]
deyib alban olduğunu təsdiq etsəydi, işim qəliz olacaqdı, çünki mən özümü alban kimi qələmə vermək istəyirdim. Özümə ad da götürmüşdüm – Samet. Samet Taçi. Afrimdən də xahiş eləmişdim məni Turan Məlikli yox, Samet Taçi çağırsın.

Bu adı Tiranada qaldığım kasolle olan məhəllədə eşidəndə, sinif yoldaşım Səməd yadıma düşmüşdü. O, 93-də Hadrut səmtindəki döyüşlərin birində yaralanıb əsir aparılmışdı. Əsirlikdə Səmədin damarına kerosin vurub öldürülməsi xəbəri Cəbrayıla yayılanda, atası İslam kişinin başına hava gəldi. Biz, Səmədin sinif yoldaşları, hələ də sağ olduğumuz üçün İslam kişi ilə rastlaşmaqdan qaçırdıq, amma onun gözündən yayınmaq həmişə alınmırdı. Bir dəfə Qalalı məhləsinin hər iki tərəfdən hasarlanmış dar küçəsi ilə üzüyuxarı, evimizə tərəf qalxanda, İslam kişi qəflətən qarşımda peyda olmuş, “Səməd, balam!” deyib boynumu qucaqlayıb uzun müddət əzizləmişdi. İndi özümə Səmədin adını götürməklə, onu bir neçə gün yaşatmaq istəyirdim…

* * *

– Yox, – qıvrımsaç başını bulayıb ingiliscə cavab verdi, – Roma.

– Roma?! – təəccübləndim, axı italiyalının qaçaq yolla Kanadaya getməsinə nə lüzum var? – rahatca öz pasportu ilə gedə bilərdi. Onun rumın ola biləcəyini düşünüb soruşdum:

– İtaliyalısan, yoxsa rumın?

– Yox, – gülümsündü, – italiyalı olsaydım nə dərdim olardı?! – o, ingiliscə danışanda feilləri məsdərdə deyirdi, – Rumın da deyiləm, – yenidən siqaret alışdırdı, – Romayam. Romale, hə, hə, Romale… Qaraçı!

Onu öskürək tutdu. Mən onun qolundan yapışıb belini ovxaladım. Deyəsən köməyi oldu. Mənə baxıb, başını tərpədib gülümsədi.

Qaraçıların öz kimliyindən utanmalarını eşitmişdim, ona görə də üzümdə səmimi təbəssüm yaradıb onlara xüsusi rəğbətimi bildirmək istədim. Əslində, səmimi təbəssüm yaratmaq çətin olmadı, çünki onun alban olmadığını biləndə, çox sevindim. Özümə təzə ad uydurmalı olmayacaqdım.

– Sizin millət çox bacarıqlıdı, – mən onun könlünü almaq üçün dedim, – əla mahnılarınız var.

O, bir qədər susdu.

– Sofia Kovalevskaya, Antonio Solario, – onun mənimlə razılaşmasına çalışıb, bir neçə yadımda qalan qaraçı məşhurlarının adını çəkdim, – hələ Çarli Çaplini demirəm…

– Çarli Çaplin, deyəsən, yəhudidi axı, – o, siqaretinə dərindən qullab vurub dedi.

– Yox, hamı onu yəhudi bilir, amma o, əsl Romaledi! Vest Midlandda qaraçı karvanında doğulub. Dəqiq bilirəm!

– Ola bilər, – o başını tərpətdi, – gülməli adamdı, mənim də xoşum gəlir.

“Gicbəsər!” – öz-özümə düşündüm, – bu ki, heç öz millətinin qaymaqlarını tanımır?! Dayaz adamdı! Eh, cəhənnəm olsun, onun millətindən mənə nə?”

– Samet Taçi, – özümü təqdim edib əlimi ona uzatdım.

– Mixay Pollak, – o da əl uzatdı, – Slovakiyadanam, – əlimi əlində saxlayıb əlavə etdi, – qaraçı olduğumu uşaqlara deməyin. Olarmı?

Ona yazığım gəldi. Əlini bərk sıxdım:

– Arxayın olun, demərəm, soruşan olsa, deyəcəm slovakiyalısız.

O, başı ilə razılıq bildirdi.

Biz xeyli söhbət elədik. Əslində, mən danışırdım, o qulaq asırdı. Özüm haqda neçə ay bundan qabaq quraşdırdığım nağılın bir hissəsini ona danışdım, sonda da guya “Koha Jonё”[37]37
  “Koha Jonё” – Tiranada qəzet (“Bizim Zaman”)


[Закрыть]
qəzetində işlədiyim vaxtlarda baş verən bir neçə gülməli əhvalat söylədim.

* * *

Səfərimizin ikinci gününün axşamı artıq uydurduğum nağılı Mixaya tamam danışıb qurtarmışdım. O da arvadı Kristina və beşyaşlı qızı Jasmina ilə yaşadığı kiçik Zvolen qəsəbəsindən, uşaq vaxtı Zvolen qəsrinin divarlarına dırmaşmalarından, dostları ilə hər gün çex məhəlləsində dava salmalarından, Hron çayında çimməklərindən, hətta Fero Veleki[38]38
  Fero Veleki (František Velecký) – slovak kino aktyoru.


[Закрыть]
ilə şəkil çəkdirdiyindən uzun-uzadı danışdı.

Gecə pis yatdım. Başımda bərk uğultu vardı. Yuxuda kol basmış tut bağlarının üstü ilə elə hey uçurdum. Buralar mənə tanış gəlirdi, amma hara olduğunu heç cür tapa bilmirdim.

Yuxudan ayıldım. Hamı yatmışdı. Mixayın xorultusu gəlirdi. Ehmalca durub dəvdənib trapın sürahisini tapdım. Göyərtəyə qalxıb barıya söykəndim. Dan sökülməyinə hələ bir neçə saat qalırdı. Dənizdə ağlagəlməz sakitlik vardı. Uzaqdan Cəbəllütariq boğazına doğru üzən və geri qayıdan tankerlərin, quruyük gəmilərinin, kabotaj laynerlərinin parıltılı işıqları, suda tərsinə çevrilib yüngülcə titrəyən siluetləri görünürdü. Dalğaların zorla eşidiləcək şırıltısı sübh vaxtı çinar ağaclarının xışıltısına nə qədər oxşayırdı!

Yadıma Cəbrayıldakı evimiz düşdü. “Görəsən, heç olmasa, divarları salamat qalıb? Təzə əkdiyimiz tinglər çiçəkləyəndə nə qədər sevinmişdik! Deyirlər, ağacları da kəsib aparıblar. İnanmıram. Kimdi özünə əziyyət verib o qədər ağacı mişarlayan? Amma.. yox, tankla bircə dəfə o baş-bu baş getsələr… Axı onlar hələ körpə idi…” Barıdan yapışıb oturdum. Nə qədər çalışdımsa, özümü saxlaya bilmədim, gözlərim yaşardı. Qaranlıqda ağlamaqdan asan nə var ki!

Uşaqlar göyərtəyə qalxana qədər gözlədim, sonra trümə endim. Oturub başımı trümün divarına söykədim. Vaxtı öldürmək üçün xəyalımda bir zamanlar tora düşmüş balıqların can verdiyi bu anbarın həcmini hesablamağa başladım. Özümü balıq kimi axmaq hiss elədim. Qəhər məni yenə boğdu.

Şərfimi açıb başımı bürüdüm. “Yatmaq! Gəmi boğazı keçib okeana çıxana qədər yatmaq lazımdı!”

* * *

– Ey, Samet! – kimsə kürəyimə bir neçə dəfə astadan vurdu, – niyə yatmısan, nəsə olub?

Mixay idi.

– Yox, – özümü heç nə olmamış kimi göstərdim.

Dikəlib oturdum.

– Göyərtəyə qalxaq? – Mixay siqaretin tüstüsünü kənara üfürüb dedi.

– Yorulmuşam, yatmaq istəyirəm.

– Dur, boğaza giririk, gedək baxaq.

– Yaxşı, sən get, mən gələrəm, – deyib başımı atıb yatmağa çalışdım.

Axşama doğru şimal küləyi başladı. Gəmi dayanmadan yırğalanırdı. Başım gicəllənir, ürəyim bulanırdı. Kinetoza[39]39
  Kinetoz – uzunmüddətli yırğalanma nəticəsində başgicəllənmə və ürəkbulanma ilə müşayiət olunan dəniz xəstəliyi.


[Закрыть]
tutulmaqdan qorxurdum.

Yarım saatdan sonra trümdəkilər qarınlarını qucaqlayıb trapın dəstəyindən tuta-tuta bir-bir göyərtəyə qalxdılar. Mən də onlara qoşuldum. Afrim öyüyənləri gəminin arxasına aparır, bir-iki dəqiqədən sonra qaytarıb gətirir, əlini dostyana onların kürəyinə vurub deyirdi:

– İndi mühacirət üçün tam hazırsan, içində vətəndən heç nə qalmadı, tər-təmizsən! – ardınca da gülürdü.

Dalğalar hirslə qalxıb-enir, gəminin burnuna çırpılıb sönürdü. Sanki, Cəbəllütariqlə Atlantik okeanının gizli sövdələşməsi vardı: boğaz udquna-udquna gəmiləri dartıb okeanın mədəsinə salmalı, okean da köpüklü dalğalarıyla gəmidəkiləri yumşaldıb həzm üçün hazır etməli idi.

– Heey, rəzillər, – Afrim başını kapitan kayutundan çıxarıb bağırdı, – şirindil ontariolu qızlarla əylənmək arzunuz ölməyibsə, tez trümə enin, yoxsa suya düşüb köpək balıqlarına yem olarsız!

Uşaqlar Afrimin sözlərini ləzzətlə təkrarlaya-təkrarlaya tez-tələsik trümə doluşdu.

Coşmuş dalğalar zərblə gəminin dəmir gövdəsinə çırpılır, səs dalğaları divarı keçib trümə dolur, divardan divara dəyib içəridə vahiməli uğultu yaradırdı. Qısa zamanda Tanrıya müxtəlif dillərdəki yalvarışlarımız pıçıltıdan isterik çığırtıya keçib bir-birinə qarışdı. Bir azdan isə bu qarışıq səslər ağlaşmaya döndü.

Mixayla mən bir-birimizə baxır, bir əlimizlə döşəməyə bərkidilmiş taxta yataqlarımızdan yapışıb, o biri ilə başımızı gövdənin dəmir divarına çırpılmaqdan qoruyurduq.

Gecəyarı dalğaların boyu qısalıb gücü səngidi. Su içməyə tələsən sığın sürüsü kimi göyərtəyə cumub siqaret alışdırıb acgözlüklə sümürdük. Dalbadal açılan pivə çənçələrindən qıjıldayıb çıxan köpüklər göyərtəni islatmış duzlu suya qarışdı.

– Bu gecə Tərifəni keçib okeana çıxırıq! – uşaqlar Afrimin təntənəli elanını pivə çənçələrinin toqquşması ilə qarşıladı.

Serblər trümdən daha iki pivə kaseti gətirib ortaya qoydular. Kasetlərdən biri dərhal boşaldı. Bir neçə saatlıq qorxunu siqaret və pivə ilə öldürənlər trümə enib yatmağa getdi. Mixayla mən göyərtədə qaldıq. Yanaşı oturub barıya söykəndik. Pivə ikimizi də tutmuşdu. Ordan-burdan qırıq-qırıq danışırdıq. Üçüncü çənçədən sonra bir neçə saat öncəki qasırğanı da, bura gəlmək üçün borc aldığımız adamların adlarını da unutduq. Dünya gözəl idi, elə bil, Afrimin sınıq-salxaq traulerində qaçaq yolla Kanadaya yox, kruiz laynerində Havay adalarına dincəlməyə gedirdik. Qaradinməz Mixay dil-dil ötürdü; beş yaşlı Jasminasının şıltaqlıqlarından, arvadı Kristina ilə keçirdiyi xoş günlərdən, Kanadaya çatan kimi onları da tezliklə çəkib gətirəcəyindən danışırdı. Hərdən lap ağ eləyib dili dolaşa-dolaşa arvadı ilə necə sevişdiklərini də ətraflı təsvir eləyirdi. Mən onun arvadı haqda dediklərini eşitməmək üçün bir neçə mil aralıdan üzüb keçən nəhəng gəmilərə baxırdım. Mixayın Kanadaya qaçmaq üçün pul yığması, saxta sənədlər düzəltdirməsi, Afrimlə tanışlığı haqda söhbətində isə maraqlı heç nə yox idi: həyatını uduzmuşlar eyni yolu eyni hisslərlə keçir.

Gecədən xeyli keçmiş ayağımız dolaşa-dolaşa trümə endik. Hamı yatmışdı. Biz də bir-birimizə şirin yuxu arzulayıb taxta yatağımıza uzandıq.

* * *

– Sameeet! Sameeeetii! – kimsə bərkdən çağırırdı, səs trümdə əks-səda verirdi.

Elə bildim yuxudayam, İslam kişini görürəm, yenə hər axşamkı kimi Çay Arasında üzü Hərəkülə durub oğlu Səmədi səsləyir.

– Mixaaay! Miiixaaaay!!!

– Turaaaan!!! – bu dəfə bir neçə səs gah Mixayı, gah da məni səsləyirdi. Məni öz adımla çağırırdılar.

Diksindim. Gözümü açdım. Trapın göyərtəyə çıxdığı, bacaya oxşayan yarıqdan trümün ortasına düşən top şüa içərini azacıq işıqlandırırdı. Nə baş verdiyini anlaya bilmirdim. Durub oturmaq istədim, amma dura bilmədim, başım çənə dəydi. Hələ də yuxuda olduğumu düşündüm. Qolumu çimdiklədim. “Yox, oyağam”. Mən öz yerimdə yox, sürüşüb gəlib çənlərin yanına çıxmışdım. Mixay da məndən bir az aralı, başqa çənin yanında yatmışdı.

– Mixay, Mixay, – onun çiyninə bir neçə dəfə vurdum, – burda niyə yatmısan?

Mixay gözlərini açdı, döşəməyə dirsəklənib durmaq istədi, dura bilmədi.

Döşəmə maili vəziyyətdə idi. Ətrafa boylandım, Trümdə Mixaydan başqa heç kəs yox idi.

– Uşaqlar hardadı? – Mixay yarıyuxulu soruşdu.

Öskürək onu tutdu. Taqətdən düşənə qədər öskürdü. Dərindən nəfəs alıb sual dolu gözlərini mənə zillədi.

– Bilmirəm, – dedim. – Kimsə bizi çağırırdı. Adımızı lap aydın eşidirdim. Dur, göyərtəyə çıxaq.

Mixay vahimə içində bağırdı:

– Bəlkə batmışıq?!

Mixayın səsini, dediklərini eşidirdim, amma səs elə bil onun səsi deyildi. Durub divara söykəndim. Başqa cür ayaq üstə durmaq olmurdu. Əlimi uzadıb Mixayı da qaldırdım.

– Gəl, sən birinci çıx, – dedim.

O, çox zəifləmişdi. Sürüşüb trapdan yıxılacağından qorxurdum.

Trap yanğınsöndürən nərdivanı kimi dim-dik idi. Mixayın ayaqlarından tutub onu qabağa itələyə-itələyə birtəhər göyərtəyə qalxanda bizi vahimə bürüdü. Gəminin burnu üfüqün yarısını kəsmişdi, arxası isə kapitan kayutuna qədər suyun içində idi. Barabanlar görünmürdü. Dalğalar çürük toru açıb göyərtəyə yaymışdı. Ayağımız tora ilişməsin deyə, ehtiyatla addımlayırdıq. İkiəlli barıdan yapışıb bir-birimizə baxdıq. Mixayın gözlərindəkı dəhşəti görüb öz sifətimin ifadəsini anladım.

– Mixaaay! Turaaan!

Səsin hardan gəldiyini anlaya bilmirdik.

– Qulaq as, – barıdan yapışıb titrəyən Mixaya dedim, – sən tərpənmə, mən gəminin burnuna tərəf qalxım, görüm uşaqlar hardadı.

Barının millərindən tuta-tuta yuxarı dırmaşıb təzə çıxmış günəş şüalarında parıldayan sonsuz sulara baxdım. Yarım mil aralıda hər iki xilas qayığına doluşub var gücləri ilə sahilə doğru avar çəkənləri görəndə, hər şey mənə okeanı qızıla boyayan gün kimi aydın oldu.

Nə edəcəyimi bilmədim. Xilas qayığında yer olmadığını görürdüm. Uşaqlardan biri hətta batmazı qurşağına keçirib qayıqlardan birindən yapışıb üzürdü. Özümdən asılı olmadan Afrimi səslədim. Səsim boğuq çıxdı. Bir də səslədim, bir də, bir də… Axır ki, məni gördülər.

– Gəmidən aralanın, batacaaaq!

Bu, onların bizə dediyi son söz oldu.

– Nə oldu? Bizi xilas etməyə gəlirlər? – Mixay ümidsizliklə soruşdu.

– Yox, əbləhlər bizi atıb qaçıblar!

Mixayın yanına endim.

– Kefini pozma, qardaşım, – bir əlimlə onu qucaqladım, – biz də xilas olacağıq!

Mixay da məni qucaqladı:

– Yox, onlar bizi atmayıblar, biz özümüz yatıb qalmışıq! – hönkürdü.

– Yaxşı, bəsdi, – onu silkələdim, – özünə gəl, gəmi batar, bizi də çəkib aparar, tez burdan aralanmalıyıq!

Mixay məndən daha bərk yapışdı:

– Mən üzə bilmirəm, Turancan, məni tək qoyma!

– Hə, əlbəttə, Mixay, o nə sözdü, canımızı birlikdə qurtaracağıq! – onun məni öz adımla çağırmasından karıxsam da, özümü toplayıb dedim. – Yaxşı ki, o əclaflar batmazın ikisini də aparmayıblar.

Mixayın kürəyinə bir neçə dəfə yüngülcə vurub onu sakitləşdirdim. Əlini özümdən aralayıb barının sürahisindən bərk-bərk yapışmasını tapşırdım. Özüm isə yarısına qədər suyun içində olan batmazı qarmaqdan çıxarmaq üçün ehtiyatla kapitan kayutuna tərəf üzdüm. Su adamın iliyini dondururdu. Batmazı birtəhər qarmaqdan çıxarıb üzüb geriyə, Mixayın yanına qayıtdım.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации