Электронная библиотека » Balasaqunlu Yusif » » онлайн чтение - страница 2

Текст книги "Qutadğu bilig"


  • Текст добавлен: 27 декабря 2022, 08:00


Автор книги: Balasaqunlu Yusif


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

MƏRHƏMƏTLİ, MEHRİBAN TANRININ ADI İLƏ

Həmdü səna, şükürlər və alqışlar olsun ən əziz, ən ulu Tanrıya ki, böyüklük sahibi, ən qüvvətli padşahdır, yeri-göyü yaradandır, bütün nəfəs alanlara ruzu verəndir. O nə istəsə qılar, nəyi istəsə yerinə yetirər, yafəlü ma yaşay və yahkəmu ma yurid (Yəni nəyə istəsə qəsd edər, nəyə ixtiyar qılsa hökm edər). Beləliklə, adamlar arasında əzəmətlə ucalmış Tanrının rəsuluna sansız salamlar olsun. Rəsulun səfdaşları olmuş əziz və qiymətli səhabələr üzrə, rizvan allahu əleyhüm əcməinə (yəni onların hamısının üstünə Tanrının razılığı saçılmışdır).

Bu kitab olduqca əzizdir. Çin alimlərinin məsəllərilə yaradılıb. Maçin şairlərinin şerləri ilə bəzənmiş bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan kişi kitabdan da əzizdir. Maçin alimləri, şairləri bu qərara gəldilər ki, Gündoğan vilayətində, Türküstan ellərində Buğraxan dilində bircə kimsə bu kitabdan yaxşı kitab yaza bilməz. Bu kitab hansı padşahlığa, yaxud hansı iqlimə yetsə, hədsiz yaxşılığından, son dərəcə cazibəli olduğundan həmin ellərin alimləri qəbul edib hər birinə müxtəlif ad, ləqəb verdilər. Çinlilər "ədəblər mülkü" dedilər. Maçin malikinin nədimləri "Məmləkətin aynası" adlandırdılar. Gündoğanlılar "Zinətül üməra", İranlılar "Türkün şahnaməsi" adı verdilər. Bu yolla bəziləri bu kitabı "Məmləkətin nəsihətnaməsi", turanlılar isə "Qutadqu bilik" (səadət gətirən elm) adlandırıblar. Kitabın tərtibçisi Balasaqunda doğulan, pəhriz sahibi (yəni dözümlü, səbrli, qənaətcil bir kişidir). Kitabı Kaşğarda bitirib Gündoğan məliki Tavğaçxan dərgahına gətirmişdir. Məlik onu əzizləyib, dəyərləndirib öz sarayında Xas Hacib etmişdir. Buna görə Yusif ulu Xas Hacib adı məşhur olub dünyaya yayılmışdır. Kitab bu fəzilətlərilə qiymətlidir. Biri – ədl, ikincisi – dövlət, üçüncüsü – əql, dördüncüsü – qənaət. Yəni bunların hər birinə Türkcə bir ad verilib. Yazar ədlə Gündoğdu adı qoyub ki, padşahdır, dövlətə Aydoldu adı verib ki, vəzirdir, əql üçün Ögdülmüş adını seçib ki, vəzirin oğludur, qənaətə Ozğurnuş adı qoyub ki, Ögdülmüşün qardaşıdır. Böyləliklə onların arasındakı hekayəni sual-cavab şəklində qurmuşdur. Qoy oxucunun könlü açılsın, müsənnifi özgü dualar ilə yad qılsın, inşallah.

 
1. Hamıdan, hər kəsdən üstündür xuda,
Tək ona yaraşır dua-səna da.
2. Böyüklük sahibi zülcəlal odur,
Yaradan, törədən, pürkəmal odur.
3. Odur yerin-göyün, xəlqin yiyəsi,
Nuş elə sənindir min bir töhfəsi.
4. Ondan ruzu alar aləmdə hər kəs,
Hamını yedirər, tək özü yeməz.
5. Yedirər, içirər, ac qoymaz heç vaxt,
Hər nəfəs sahibi onunla xoşbəxt.
6. O kimi istəsə şan-şöhrət verər,
Ləyaqət, əzəmət, şücaət verər.
7. Seçmə rəsulunun minnətdarıyam,
Dörd böyük kimsəyə salam, ehtiram.
8. Məhəmməd peyğəmbər xilqətin başı,
Göz-qaşı, varlığı, can çırpınışı.
9. Bu kitab nə qədər müqəddəs, əziz,
Biliklər dənizi, ən təmiz dəniz.
10. Ondadır bərəkət, hər qədri qiymət,
Ülviyyət, səadət, şükrü qənaət.
11. Gör necə düzülüb alimlər sözü,
İnci sandığıdır, zəka güzgüsü.
12. Məşriq məlikləri, Maçin bəyləri
Seçib bircə-bircə dürrü, gövhəri.
13. Kitabmı, sal qaya, yoxsa xəzinə?
Dürdanə taparsan, düşsən izinə.
14. Alimdən alimə irsdi, nə yaxşı,
Min dəfə oxuya, anlamaz naşı.
15. Al oxu, bərq vursun ovcunda almaz,
Heyif, bəzi türklər vecinə almaz.
16. Kitabdan feyz alan – özgə bir cahan!
Bu həddə bəlkə də ucalmaz yazan.
17. Bu kitab göz nurun, könül çırağın,
Hər iki dünyada arxan, dayağın.
18. Maçin alimləri, Çin həkimləri,
Onun heyranıdır haçandan bəri.
19. Dolaş Türküstanı, Məşriqi çox-çox,
Cahanda bu qədər ülvi kitab yox.
20. Kitabın qədrini bilənlər bilər,
Hardandır nadanda o cürə hünər?
21. Ey dost, hər naşıya vermə kitabı,
Vermə, yoxsa onda eşq inqilabı.
22. Onu biliksizlər dərk edə bilməz,
Əzizlər, oxşayar zəka saçan kəs.
23. Buğraxan dövründən alıb sürünü,
Xan dili, xan ruhu, xan ölçüsünü.
24. Bu cür kitabı heç olubmu yazan?
Kimdə var bu ilham, bu ruh, bu lisan?
25. Kimin bal saçılıb qaymaq dilindən,
Əyilib öpərəm onun əlindən.
26. Başda bir ad verib ona hər şəhər,
Yerdəki, göydəki ariflər, ərlər.
27. Hər elin, hər yurdun biliciləri,
Alıb sapa düzmüş bu inciləri.
28. Çinlilər ad verib "Mülkün ədəbi"
Maçunlı "Ənisul məmalik" deyib.
29. Şərqdə heyranları görün nə qədər,
"Zinətül ümara” demiş çinlilər.
30. "Şahnamə" söylədi İranlı ona,
"Qutadqu bilik"dir şöhrət Turana.
31. Dildə, təfəkkürdə min-min möcüzə,
Gəlib bu kitabda çıxmışdır üzə.
32. Zor imiş kitaba ad verən ustad,
Tanrısı yar olsun, açsın qol-qanad.
33. Türkcənin qüdrəti, cürəti, əzmi,
Bu gözəl kitabın bayramı, bəzmi.
34. Bu kitab hər kəsin dərdinə qara,
Dayaqdı illah ki, hökmdarlara.
35. Mülk alan sultanlar daim qayğılı,
Nə cür oturmalı, nə cür durmalı?
36. Dövləti qurmağı öyrənməlidir,
Ona nələr məchul, nələr bəllidir.
37. Qalxır, abad olur, sökür də dövlət,
Tərəqqi, tənəzzül ən böyük heyrət!
38. Nə cür qanad tapır qəhrəman ordu
Nə cür xilas edir əzilən yurdu?
39. Açıb bu kitabda yerin dibini,
Vermişəm hər şeyin öz tərtibini.
40. Dövləti ucaltmaq istəyən kişi,
Yalnız müdriklərə tapşırar işi.
41. Gərəkli, ürəkli, səxavətli ər,
Min-min şüa saçan qəmərə bənzər.
42. Qüdrətli şahlarda xalqın haqqı var,
Xalqı ucaldanlar daim ucalar.
43. Şaha qüdrət versin rəiyyət gərək,
Şah xəlqi qorusun göz bəbəyitək.
44. Döyüşə mərdanə qılınc tutmağı,
Ordunu qaldırıb cəngə atmağı
45. Nə cür darmadağın edib atmağı,
Əzməyi öyrətdim, başa düş məni.
46. Göstərdim kitabda hər bir tədbiri,
Xalqı xilas edən hərbi tədbiri.
47. Qüdrətli sultanı çox sevər ellər,
Üzünü görməyi təbərrik bilər.
48. Şah gərək ucaltsın xidmət əhlini,
Dərgahdan qovlasın illət əhlini.
49. Tanısın dürüstü, nadürüstü də,
Alov boğulmasın küldə, tüstüdə.
50. Burda yırtıcı da, baş kəsən də var.
Canını verməyə tələsən də var.
51. Cəsur, vəkalətli, qəhrəman ürək,
Nə umar: dağ boyda xəzinə gərək.
52. Şahın rəiyyətə varsa rəğbəti,
Gedər əziyyəti, olmaz möhnəti.
53. Sultan, ucuz tutma nəsihətimi,
Dua qıl, alqışla bu adətimi.
54. Nəzər sal, anla ki, kitab yazan ər,
Ən böyük sərvərdi, ən böyük hünər.
55. Şah bəxtiyar olar, gedər irəli,
Dərk etsə öydüyüm fəzilətləri.
56. Anlayar cahanda nədir kişilik,
Mərdlik, pakizəlik, əndişə, bilik.
57. Əslimdən, nəslimdən söz açır dilim,
Nə cür çiçəkləndi vətənim, elim.
58. Öz doğma elimdən çıxandan bəri,
Yazdım, tamamladım bu şah əsəri.
59. Yetirdim kəmala Kaşğar elində,
Verdim hər vəsfini ana dilində.
60. Xanlar xanı Tavğac Qara Buğranın,
Önündə səsləndi şerim, dastanım.
61. Verdi qələm haqqı, ənam mükafat,
Məni əzizlədi o qüdrətli zat.
62. Mənə xas haciblik ünvanı verdi,
Yaxınlıq, doğmalıq imkanı verdi.
63. Yusif xas hacibi əzizlədilər,
Sayıldı hünərvər, müdrik, mötəbər.
64. Bu kitab – şairin müqəddəs yükü,
Xəlqə nişan verir dörd təbərrükü.
65. Birinci ədalət – haqqın əsası,
İkinci dövlətdir – iqbal arxası.
66. Üçüncü – idrakdır insana şöhrət,
Dördüncü – qənaət, məğzində səhhət.
67. Mənəm nişan verən nədir səadət -
Ədalət, qənaət, təfəkkür, dövlət.
68. Verdim ədalətə Gündoğdu adı,
Şahlıq, sultanlıqdır onun muradı.
69. Vəzirlik mövqeyi tutan Aydoldu,
Doğrudan dövlətin dayağı oldu.
70. İdraka vermişəm Ögdülmüş adı
Vəzirin oğludur, əqlin ustadı.
71. Ozğurmuş adını aldı qənaət,
Yaxındır vəzirə bu ülvi xilqət.
72. Kitabın məğzidir bu dörd fəzilət,
Yazıb bitirmişəm, qanımda qeyrət.
73. Ərəbcə, tacikcə bu cür kitab çox,
Bizim dilimizdə heyhat misli yox.
74. Bunun qiymətini bilənlər bilir,
Bu cür zəkalara arif deyilir.
75. Türkcə təranələr qoşmuşam sənə,
Oxu da, unutma, dua qıl mənə.
76. Mən ötdüm aləmdən, sən eşit özün,
İbrət al, qüdrət ol, açılsın gözün.
77. İlahi, aləmdə hər kəsə yar ol,
Möminə ruzu ver, ilk pərəstar ol.
 

FƏSİLLƏR SADALIĞI:

 
1. Kitabın başlanğıcı, yeddi planet, on iki bürc.
2. İnsanın qədri, qiyməti.
3. Dilin xislətləri, faydası, zərərləri.
4. Kitab yazarı öz üzrünü bildirir.
5. Öyüdünü, nəsihətini söyləyir.
6. Bilik, oxu fəzilətlərini, faydasını anladır.
7. Kitabın düzülüşünü, yazarın yaşını aytır.
8. Qılıq, əhval pozuqluğunun zərərlərini aytır.
9. Kitabın başı, Gündoğdu, ədalət üstünə söz.
10. Aydoldu Gündoğdu hüzuruna gəlmiş.
11. Aydoldunun Gündoğdu xaqanla görüşü.
12. Aydoldu dövlət xadimi olduğunu bildirir.
13. Yenə dövlətin sifətlərini, fəzilətlərini aytır.
14. Dövlətin vəfasızlıqı, gəldi-gedər olması.
15. Gündoğdu Aydolduya özünü tanıtdırır.
16. Gündoğdu ədl sifətini biliyilə nişan verir.
17. Aydoldunun Əlik bəyə sualı.
18. Əlik bəyin Aydolduya cavabı.
19. Danışmaq yaxşımı, yoxsa susmaq?
20. Qutun ağmalığını, dövlətin vəfasızlığını aytır.
21. Aydoldunun oğluna nəsihəti.
22. Aydoldunun Əlik xaqana öyüd kitabı.
23. Əlik xaqanın Ögdülmüşü öz hüzuruna çağırması.
24. Əlik xaqanın ögdülmüşə sualı,
25. Ögdülmüşün Əlik xaqana cavabı.
26. Oxunun (mütaliənin) yeri.
27. Bəylər necə olmalıdır.
28. Vəzirlər necə olmalıdır.
29. Qoşun başçıları necə olmalıdır.
30. Haciblər necə olmalıdır.
31. Pərdədərlər necə olmalıdır.
32. Elçilər nccə olmalıdır.
33. Baş katib – yazıçı necə olmalıdır.
34. Xəzinədar necə olmalıdır.
35. Dəstirxançılar necə olmalıdır.
36. Şərabçılar necə olmalıdır.
37. Bəylərin xidmətkarlara borcu.
38. Əlik bəyin Ögdülmüşə sualı.
39. Gündoğdunun Ozğurmuşa məktub göndərməsi,
40. Ögdülmüşün Ozğurmuş ilə konuşması.
41. Dünyanın fəzilətləri, faydası, zərərləri.
42. Dünyanın qüsurları, eyibləri.
43. Fani dünyada baqiliyi qazanmaq yolları.
44. Əlik məktubunun cavabını göndərir.
45. Əlikin Ögdülmüşü Ozğurmuşun yanına ikinci
gəz göndərməsi.
46. İkinci konuşmanın bəyanı.
47. Bəylər xidmətinin qanun-qaydaları.
48. Saraydakı qapıçılar ilə rəftar.
49. Evlənmə, oğul-qız tərbiyəsi necə olmalıdır.
50. Rəiyyətlər ilə rəftar.
51. Qonaqlığa getmək, getməmək haqqında.
52. Süfrə başında ədəb qaydaları.
53. Yığıncağa dəvət qaydaları.
54. Fani aləmdən üz döndərib baqiliyə can atma.
55. Qafillikdən oyanmağın boyanı.
56. Əlik Ögdülmüşü ziyarət üçün adam göndərir.
57. Ozğurmuşun Əlik hüzuruna gəlişi.
58. Ozğurmuşun Əlik bəyə öyüdü.
59. El abadanlığının mənfəətləri.
60. Ögdülmüşün vaysınıb tövbəyə dayanışı.
61. Yaxşılığa yaxşılıq.
62. Ozğurmuş xəstələnir. Ögdülmüşü çağırtdırır.
63. Ozğurmuşun yuxu görməsi,
64. Ögdülmüşün qardaşına sarı getməsi.
65. Fani dünyaya vurulub yaşayışı zay etmək haqqında.
66. Dövranın gəldi-gedərliyi, dostların cəfası.
 

MƏRHƏMƏTLİ, MEHRİBAN TANRININ ADI İLƏ

 
1. Yüz min alqış sənə, ey pərvərdigar,
Vahid, ulu Tanrı, fənadan kənar.
2. Sehrinlə yaratdın ənginlikləri
Ərzi, al günəşi, ayı, ülkəri.
3. Qadirsən, "Ol" dedin, oldu bu dünya,
Yer-göy, varlıq, hər şey hökmünlə əhya.
4. Bütün varlıqların dərdi var ikən,
Dərdsiz və şəriksiz yalnız özünsən.
5. Ey qadir, ey azad, əbədi ustad,
Səndən özgəsinə yaraşmır bu ad.
6. Böyüklük, qadirlik yalnız sənə xas,
Vahidsən, ölməzsən, mislin tapılmaz.
7. Varmı tayın, mislin? Yox… yeganəsən,
Əzəllər əzəli, sonsuzsan, əhsən.
8. Sıqmır təsəvvürə yeganəliyin,
Hər kəsə pay verir azadəliyin.
9. Şəksiz yeganəsən, ey ölməz ata
Nə təftişə sığdın, nə kainata.
10. İç sirri, dış sirri göstərən mayak,
Könlümə yaxınsan, gözümdən uzaq.
11. Ay və Günəş gibi işıq saçırsan,
Varmı varlığını dərk edən insan?
12. Şeyxlər yığını yox, vahidsən ey pir,
Özün yaratmısan, hər şey sənindir.
13. Hər şey gəldi-gedər… sənsə daim sağ,
Yaradan, yaşadan özünsən ancaq.
14. Hər bir yaranmışın yanında şahid,
Özün şahidsizsən, ey ulu vahid.
15. Tanrının oxşarı, tayı, misli yox,
Hansı idrak onu qavramış az-çox?
16. Nə gəzər, nə yatar… daim oyaqdır,
Misli, bənzəri yox… olmayacaqdır.
17. Nə sağda, nə solda, nə əvvəldədir,
Nə altda, nə üstdə… yersizmi o pir?
18. Məkanı yaratdı… öz məkanı yox,
Onsuz heç bir kəsin bir imkanı yox.
19. Ey hər sirrə yaxın, hər qəlbə əziz,
Surətlər, şəkillər səndədi şəksiz.
20. Sənin yaratdığın dağlar, dənizlər,
Ucalar, çökəklər, çöllər nə qədər!..
21. Sənindir göy səma, min-min Ay, ülkər,
Qaranlıq gecələr, aydın gündüzlər.
22. Uçanlar, gəzənlər, nəfəs alanlar,
Səndən ruzu tapıb oldu bərqərar.
23. Ərşdən başlamış nəm torpağacan,
Atam, sən vermisən hər canlıya can.
24. İmanı kamil tut, ey haqqa tapan,
Bir olan Tanrıya elm ilə inan.
25. Sən soruşma onun necəliyini,
"Amin!" de, dərk elə incəliyini.
26. Hardadır, nə cürdür, sorma maraqla,
Yerdəmi, göydəmi, özünü saxla.
27. Əfv et suçlarımı ey ucam-ulum,
Sən dərdsiz ağamsan, mən dərdli qulun.
28. Sənə sığınmışam, sənsən pənahım,
Darda əlimdən tut, ey qibləgahım.
29. Yetirsin peyğəmbər mənə özünü,
Yapışsın qolumdan qiyamət günü.
30. Salam, dörd eşinə, yüz min salamlar,
Onlara həmişə məhəbbətim var.
31. Göstər qiyamətdə o pak üzləri,
Bizə yol göstərsin müdrik sözləri.
32. Vəsfinə acizəm, ey canım-gözüm,
Həmdini özün qıl, tükənir sözüm.
 

PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN FƏZİLƏTLƏRİ

 
33. Tanrı elçisiydi Həzrət peyğəmbər,
Xəlq içrə mötəbər, kişilikdə ər.
34. Məşələ çevirdi zülmət gecəni,
Hüsnünün nuruna qərq etdi səni.
35. O xəbər gətirdi pərvərdigardan,
Doqru yola çıxdın, sən ey qəhrəman.
36. Ata-anasını fəda qıldı o,
Yalnız ümmət üçün açdı doğru yol.
37. Nə gündüzlər yedi, nə gecə yatdı,
Tək səni tanrıdan sordu, ucaltdı.
38. O sənin uğrunda çox çəkdi nalə,
Sən ona həmd qıl, səadət dilə.
39. Bütün qayğıları ümmət üçündü,
Ümmətin uğrunda, məşələ döndü.
40. Atadan, anadan yaxın, mehriban,
Ümməti sorardı yalnız Tanrıdan.
41. O el səadəti, allah zəhməti,
Tanrı vergisiydi xülqü, xilqəti.
42. İpək təbiətli, əliaçıq, mərd,
Qılıqlı, mehriban Həzrət Məhəmməd!
43. Hanı yerdə, göydə o qədər əziz?
Tanrı qarşısında hörməti hədsiz.
44. Bütün başçılara bir göz işığı,
Bütün peyğəmbərlər ondan aşaqı.
45. Mən onun yoluna könül bağladım,
Qövmünü, hökmünü bərk qucaqladım.
46. Özün ehtiyat tut mənim könlümü,
Onunla oyanım qiyamət günü.
47. İlahi, əlimdən özün yapış gəl,
Bədirlənmiş Ay tək gördüm üzünü.
 

PEYĞƏMBƏR SƏHABƏLƏRİNİN, RİZVANALLAHİ ƏLEYHİM FƏZLLƏRİ

 
48. Alqışa layiqdir onun dörd eşi -
Məsləhət məbədi, ülfət günəşi.
49. İki qaynatası, iki damadı,
Xəlqin sevimlisi, qolu, qanadı.
50. Hamıdan birinci, öndəydi Atiq,
Gözü-könlü doğru, Tanrıya sadiq.
51. Malım da, canım da qurbandır! – dedi,
Yalnız rəsuluna sevinc dilərdi.
52. Hələ xalq əsilli Faruq adlı ər -
Dilində yaşardı qəlbindəkilər.
53. Xəlqə şəriəti nişan verərək,
Qaldırdı pərdəni, göstərdi örnək.
54. Sonra Osman gəldi, o ülvi xilqət,
Kişilər kişisi, əliaçıq, mərd.
55. Cüt qızını verdi peyğəmbər ona,
Osa canını da öz rəsuluna.
56. Hələ həzrət Əli – mərdlik məşəli,
Əqlinə təslimdi qılınclı əli.
57. Comərd, əliaçıq, himməti uca,
Bilikli, tədbirli, gənc ikən qoca.
58. Dinin, şəriətin dayağıdılar,
Onlara zülm etdi kafər o ki var.
59. Bu dörd eş mənimçin dörd mizac gibi,
Verdilər qəlbimi, diriliyimi.
60. Üzümü tutmuşam pərvərdigara,
Min salam yetirir məndən onlara.
61. Onlara səadət, sevinc verim mən,
Qiyamət günündə tutun əlimdən.
 

ŞÖVKƏTLİ, ZƏFƏRLİ, MƏDƏDLİ, HƏQİQƏT VƏ DİN DAYAQI TAVĞAÇ ULU BUĞRA QARA XAN ƏBA ƏLİ HƏSƏN BİNNİ ARSLAN XAN RƏHMƏTULLAHİ ƏLEYHİM ŞƏNİNƏ

 
62. Öncə Şərqdən əsdi bahar yelləri,
Sonra ətir saçdı cənnət gülləri.
63. Deyəsən bir azca boz idi dünya,
Əlvan rənglər ilə bəzəndi dünya.
64. Çəkdi dövlət yayı səfalı bahar,
Qışa hökm elədi: – kənar ol, kənar.
65. Günəş şölə çəkdi, qayıtdı yenə,
Balıq quyruğundan Quru bürcünə.
66. Necə ətir saçdı ağaclar, ləklər,
Al, sarı, qırmızı, yaşılca rənglər.
67. Yaşıllıq pərdəsi tutdu hər yanı,
Tavğac yola saldı Çin karvanını.
68. Necə zənginləşdi dərələr, dağlar,
Al, yaşıl geyindi bağçalar, bağlar.
69. Güldü, qah-qah çəkdi türlü çiçəklər,
İpar, kafur ətri dənizlər qədər.
70. Qərənfil nəfəsli səba küləyi,
Daqıtdı aləmə mişk, ipar iyi.
71. Tutmuş yeri-göyü qırqovul, ağquş,
Qaz, ördək sədası nə xoş olurmuş.
72. Göydə cəh-cəh vurur duma qatarı,
Dəvə karvanımı nazlı uçarı?
73. Eşini çağırır ilarquş yalqız,
Yoxsa sevdiyini haraylayır qız?
74. Kəklik qəhqəhəsi düşür dağlara,
Ağzı qan gibidir, qaşı qapqara.
75. Göydə qağıldayan qara qarğalar,
Yerdə qəmzə satan qızamı oxşar?
76. Gülşəndə sonalar-bülbüllər ötər,
İbrani surunu çalar sərasər.
77. Əliklər, cüyürlər çəmən nəfəsli,
İnəklər, buğalar ülfət nəfəsli.
78. Göylər göz yaşıyla dedi sözünü,
Güllər qah-qah çəkib açdı üzünü.
79. Mənə tənə vurdu dünya gülnəfəs,
– Xaqanın üzünü görmədinmi bəs?
80. Bəlkə yuxlayırsan, dur, aç gözünü,
Bəlkə eşitmirsən, eşit sözümü.
81. Neçə ildən bəri məyus, dul idim,
Atdım dul donumu, ağ libas geydim.
82. Ulu xaqan oldu bəyim… bəzəndim,
Uğrunda canım da qurbandır, dedim.
83. Bulud gumbuldadı, davul döyərək,
Xaqan qılıncıtək bərk vurdu şimşək.
84. Qılınc yıldırımlar sıyırdı qından,
Dağlar silkələndi qışqırığından.
85. Aləmi fəth etdi Tavğac Buğraxan,
Ona peşkəş olsun qoy iki cahan.
86. Ey dinin şövkəti, haqqın qılıncı,
Dövlətin dayağı, millətin tacı!
87. Bayat hasil etdi diləklərini,
Bayat mədədkarın hifz etsin səni.
88. Ey dünya cəmalı, dövlət dayağı,
Arslan tərpənişli haqqın bayrağı!
89. Bəxt sənə əl verdi, fələk qılınc – qın,
Bəxtini, təxtini Tanrı saxlasın.
90. Aləm aram tapdı xaqanı görcək,
Rəng-rəng ərməğanlar göndərdi fələk.
91. Çıxdı od yuvadan aləm quş təki,
Rumun qeysərləri, hindin rajlakı.
92. Mədh edib, şad olub qucaqlaşdılar,
Sevinc taxta çıxdı, aşıb-daşdılar.
93. Bürüdü aləmi nə qədər çiçək,
Dağ-dərə, çöl-çəmən çiçəkdən göyçək.
94. Xoşdur qönçə-qönçə ətir saçanlar,
Yaşıla ağ üzlə qapı açanlar.
95. Çiçək var – alovlu qəlyan çəkmədə,
Çiçək var, göbəyi mişg tökmədə.
96. Şərqdən ərmağanlar daşıyan da var,
Qərbdən xidmət üçün gələn can da var.
97. Bəxt gəlib qapıya xidmət etməyə,
Qapılar açılır, hörmət etməyə.
98. Yazın xidmətilə fəxr etdi topraq,
Düşmən boyun əydi, təslim olaraq.
99. Xaqan davulları kükrədi, daşdı,
Görməyən gözlərin uyğusu qaçdı.
100. Aləm aram tapdı, yol açdı bəxtə,
Xaqan ədaləti çıxardı təxtə.
101. Səxavət üzünə tamarzı qalan,
Qoy gəlib xaqanı görsün yaxından.
102. Cəfasız, vəfalı kişi istəsən,
Onun gözlərinə diqqət yetir sən.
103. Nəf umsan, düşmədən borca, ziyana,
Bəri gəl, xidmət qıl, könül ver ona.
104. Xoşrəftar, mülayim, mehriban, adil,
Aqil ər özüdür, özgəsi deyil.
105. Ey gözəl xilqətli, müqəddəs uruğ,
Var olun, qalmasın aləm qupquru.
106. Ey Türklərin bəxti, şükr etmək gərək,
Sənə dövlət verdi, çin verdi fələk.
107. Atalar sözündə bir təbir də var:
Atanın köhləni övlada qalar.
108. Min hədiyyə vermiş sənə bu aləm,
"Qutadqu bilik"dir mənim hədiyyəm.
109. Növ-növ ərmağanlar keçəri, əbəs,
Mənim ərmağanım əbədi, ölməz.
110. Mal-dövlət tükənir axar su gibi,
Söz əbədi qalır, gəzir aləmi.
111. Yazıldı kitaba xaqanın adı,
Demək, kitabla bir əbədi qaldı.
112. Ya rəbb, mədədkar ol hər işdə ona,
Daim dövlət quşu qonsun başına.
113. Dostunu uca tut, düşmənini yıx,
Sevinci bol olsun, dərdi azacıq.
114. Qoy yağsın yağışlar, güllər açılsın,
Bağlar yaşıllansın, ətir saçılsın.
115. O tapsın bəxtini, sınmasın qaşı,
Əyilsin önündə düşmənin başı.
116. Boz yer olmayınca mis gibi qızıl,
Ovcu lalə-lalə, bağrı yamyaşıl.
117. Türk təxti, türk bəxti yaşasın, gülsün,
Onu görməyənin gözü tökülsün.
118. Gözündə qalmasın bir dilək, arzu,
Ucaltsın başını mədədkar özü.
119. Xalqına fəxr ilə həmdəm kəsilsin,
Bir Loğman ömrünü yaşaya bilsin.
 

YEDDİ SƏYYARƏ VƏ ON İKİ BÜRC

 
120. Yaradan, boy verən, əfv edən ağam,
Mübarək adınla sözə başlaram.
121. Könlüncə yaratdın sonsuz aləmi,
Günəş, Ay – işıqlı cüt salxım gibi.
122. Yaratdın fələyi – dolanar, dönər,
Ulduzu gah yanar, gah lapdan sönər.
123. Özünsən xəlq edən min-min ülkəri,
Zülmət gecələri, ağ gündüzləri.
124. Bu mavi səmada ulduzlar rəng-rəng,
Biri yolgöstərən, biri bərbəzək.
125. Biri bəşər üçün yaranmış ancaq,
Biri yol itəndə olur şam-cıraq.
126. Biri lap zirvədə, biri aşağı,
Biri od, birinin kəmdir işığı.
127. Hamsından ucada Zühəl-Sekantir,
Bir bürcdə iki il səkkiz ay gəzir.
128. İkinci ulduzun adı Onaydır77
  Onay – Müştəri.


[Закрыть]
,
Bir bürcdə duruşu ən iki aydır.
129. Üçüncü adlanır Körüd-Mərrix, Mars,
Hara baxsa görər yaşıl, göy, ətlaz.
130. Dördüncü adlanır Yaşıq, ya da Şəms,
Gözü qamaşdıran, özü müqəddəs.
131. Beşinci Nahiddir, ya Zöhrə, Sevil,
Sevib baxsa, şad ol, özünü ovut.
132. Yanında dörd tarid – Arzu ulduzu,
Kimə yaxınlaşsa bənd olur özü.
133. Altında Ay gəzər – ilk adı Yalçıq,
Günəşi görəndə tapar aydınlıq.
134. On iki bürc də var, hərəsi bir zər,
İki xanəlilər, tək xanəlilər.
135. Quru – Yaz ulduzu, Ud da çırağban,
Erəndız – Jevzadır, Kürük – Səratan,
136. Sünbülə Arslana – Şirə həmnəfəs,
Ülgü – Mizan, Çazan – Əqrəb, Yay da Qövs.
137. Oqlaq-Jadiy, Qonaq-Dəvə, Balıq-Hut,
Doğarkən görünməz saf göydə bulud.
138. Üçü-yaz ulduzu, üçü yayınkı,
Üçü-payızınkı, üçü qışınkı.
139. Üçü-od, üçü su, üçü-havadır,
Üçü topraq oldu, dərdə şəfadır.
140. Bir-birinə yağı ulduzlar da var.
Gah hücum çəkdilər, gah barışdılar.
141. Qarışmaz, yarışmaz yağı ulduzlar,
Görüşməz… yadların qisas hissi var.
142. Gör yaradan Tanrım necə yaratdı,
Aləm yaraşıqlı… əlvan həyatlı.
143. Yetər… izn verin insandan deyim,
İnsanın sambalı – idrak və elm.
 

İNSANIN QƏDRİ ELMİ İLƏ BİLİNİR

 
144. Mükəmməl yaratdı insanı Tanrım,
Ona bəxş elədi hünər, bilik, fəhm.
145. Ona könül verdi, bir də rəvan dil,
Əndişə, xülq, həm də gözəl qılıq, fel.
146. İnsan tilsimləri sındırsın deyə,
Ona fəhm, bilik verdi hədiyyə.
147. Bayat kimə verdi əql, idrak, bilik,
Çıxdı ürcahına min-min gözəllik.
148. Biliyi qudrət say, fəhmi də ulu,
Ən böyük insana döndərir qulu.
149. Mən isbat edirəm, diqqət kəsil sən,
Dinlə nə deyirəm, söz götür məndən.
150. Zəka kimdədirsə ulu da odur,
Bilikli bəşərin böyük oğludur.
151. Elminə, fəhminə söykənir deyə,
İnsan çata bilir min-min diləyə.
152. Bilikli kişidən bəla uzaqdır,
Heç vaxt dar ayaqda qalmayacaqdır.
153. Elmsiz kişini tez haqlayır dərd,
Ölür, yox olmursa dərd, ələm, illət.
154. Gəl-gəl, ey biliksiz, öz çarəni bil,
Elmsiz alçaqsan, elmli – aqil.
155. Elm – barlı bağdır… ona yetiş sən,
Çatarsan nə qədər mətləbinə sən.
156. Qalxır, zəka əhli ucalır qat-qat,
Elmilə sayılır ən əziz ustad.
157. Bəylər nə cür aldı dövranı ələ -
Yalnız zəka ilə, yalnız elm ilə.
 

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации