Электронная библиотека » Cahid Aydoğmuşoğlu » » онлайн чтение - страница 1

Текст книги "Şah Abbas"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Cahid Aydoğmuşoğlu


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Cihad Aydoğmuşoğlu
Şah Abbas

Şah Abbas məmləkətin abadlığı və rəiyyətin asayişi sarıdan gördüyü işlərlə bütün dünyada məşhurdur.

Abbasqulu ağa Bakıxanov

I FƏSİL
Səfəvi dövlətinin quruluşundan Şah Abbasa qədər

Səfəviliyin meydana çıxması

Səfəvilər bir təriqət olaraq meydana çıxsalar da, bir müddət sonra siyasi təşkilat yaratmağa nail olan xanədana çevrildilər. Bu təriqətin meydana gəlməsi XIII əsrə təsadüf edir. Həmin dövrdə İranda türkmən şeyxlərinin nüfuzu yüksəlməyə başlamışdı. Belə ki, monqollar hədsiz dərəcədə qəliz ibarələrlə islam dəyərlərini öz mədəniyyətləri ilə əlaqələndirməyə çalışan fars alimləri ilə müqayisədə daha sadə dildə danışan türkmən dərvişlərinə üstünlük verirdilər. Üstəlik, monqollar qəbilə ənənələri baxımından türkmənləri özlərinə daha yaxın sayırdılar.

Səfəviyyə təriqətinin başçısı Şeyx Səfiəddin-Ərdəbili (1252 – 1334) idi. O, 1252-ci ildə Xəzər dənizinin cənub-qərb sahillərinə yaxın Ərdəbil şəhəri ətrafında dünyaya gəlmişdi. Altı yaşında yetim qalan Səfiəddin ilk gənclik illərindən dinə qarşı böyük maraq duymuş və öz dünyagörüşünə uyğun mürşid11
  Mürşid – dini-fəlsəfi, ictimai-siyasi cərəyanın, birliyin və ya cəmiyyətin rəhbəri, müridin müəllimi (red.)


[Закрыть]
axtarmağa başlamışdı. Uzun axtarışlar nəticəsini verdi və o, Şeyx Tacəddin Ceylani ilə rastlaşdı. Səfiəddin sonralar həmin şeyxin qızı Bibi Fatimə ilə evlənəcəkdi.

Şeyx Tacəddindən aldığı biliklər sayəsində dini baxışlarını təkmilləşdirən Səfiəddin ruhani həyat yaşamağa başladı, digər müridlər22
  Mürid – bir müsəlman təriqət şeyxinə və ya mürşidinə tabe olaraq ondan təriqətin üsul və mərasimlərini öyrənən adam; şagird (red.)


[Закрыть]
arasından seçilib şöhrət qazandı. Qayınatasının vəfatından sonra onun yerinə Səfiəddin keçdi. Bununla da Səfəvi təkkəsi33
  Təkkə – təriqət mənsublarının bir araya yığışdığı, təlimat aldığı, ilahi hikməti və Allah sеvgisini öyrənib anladığı məkan (red.)


[Закрыть]
meydana çıxdı, eyni zamanda Səfəvilər tarixi başlamış oldu. Müridləri Səfiəddinə «Ey piri-türk» deyə müraciət edirdilər.

Elxanilər44
  Elxanilər (və ya Hülakülər dövləti) – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258 – 1265) tərəfindən yaradılmış dövlət. 1357-ci ildə süquta uğramışdır. (red.)


[Закрыть]
dövründə Səfiəddinin bir övliya kimi nüfuzu bütün Ərdəbili bürümüşdü. Fəaliyyəti hətta Dəşti-Qıpçaq və Krıma qədər uzanan Şeyx Səfiəddin sayəsində Səfə-viyyə təriqəti çox geniş əraziyə yayılmışdı. Azərbaycan başda olmaqla, Gilan, Mazandaran, Xorasan, Buxara, Anadolu və Rumeli bölgələrində minlərlə mürid onun təkkəsinə qoşulmuşdu.

1334-cü ildə Şeyx Səfiəddin 85 yaşında dünyasını dəyişdi. Onun yerini isə öncə oğlu Sədrəddin (1392-ci ilədək), ardınca nəvəsi Xoca Əli (1429-cu ilədək) tutdu. 1429 – 1447-ci illərdə təriqətə Səfiəddinin nəticəsi Şeyx İbrahim rəhbərlik etdi. Həmin dövrdə səfəvilik dini hərəkata çevrildi, xüsusilə Anadolu və Suriyada geniş yayıldı. Türkiyənin görkəmli tarixçilərindən Faruk Sümərin yazdığına görə, tamamilə sünni təriqət kimi meydana çıxan bu hərəkat Şah İsmayılın babası Şeyx Cüneydin zamanında şiəliyə meyil etməyə başladı.

Şeyx Səfiəddinin nəvəsi Xoca Əli görkəmli sərkərdə Əmir Teymurla (1336 – 1405) yaxın münasibətlərə və onun üzərində ciddi təsirə malik idi. Səfəvi şeyxinə böyük rəğbət bəsləyən Teymur ondan iltifatını əsirgəməmiş, hətta ətraf ərazilərlə birlikdə Ərdəbili ona bağışlamışdı. Bundan başqa, Ankara üzərinə hərbi yürüşdən (1402-ci il) qayıdarkən əmir Ərdəbilə gəlmiş, Anadoludan gətirdiyi 30 min əsiri Xoca Əlinin xahişi ilə ona bağışlamışdı. Teymur gedəndən sonra həmin əsirlər səfəviyyə təriqətinə daxil olmuşdular.

Xoca Əli 1429-cu ildə Qüdsdə vəfat edincə yerinə, yuxarıda da yazdığımız kimi, onun oğlu, Səfiəddinin nəticəsi İbrahim keçmişdi. «Şeyx Şah» kimi də tanınan Şeyx İbrahim 1447-ci ildə dünyasını dəyişdikdən sonra qardaşı Cəfər təriqət başçısı elan edilmişdi.

Cəfərin şeyx elan edilməsindən bir müddət sonra Şeyx İbrahimin altı oğlundan böyüyü Şeyx Cüneydlə əmisinin arasında dini baxışlar səbəbindən fikir ayrılıqları yarandı. Bu isə onların münasibətlərinin soyumasına gətirib çıxardı. Belə ki, Şeyx Cüneyd şiəliyə meyillənmiş, rafizə55
  Rafizə – şiələrdə təriqət adı (red.)


[Закрыть]
tərəfdarı kimi çıxış etməyə başlamışdı.

Əmisi ilə arası dəyən Şeyx Cüneyd atasının müridlərindən bir qismini başına yığıb Aran, Azərbaycan və Şərqi Anadolu bölgələrində yaşayan köçəri türkmən yurdlarına yollandı. Onun burada apardığı aramsız təbliğat sayəsində tərəfdarları xeyli artdı və böyük şöhrət qazandı. Bununla da Səfəvi tarixində yeni bir dövr başladı. Şeyx Cüneyd təkcə dini baxımdan güclü şəxsiyyət deyildi, eyni zamanda maddi gücə sahib idi, üstəlik, siyasi iddia ortaya qoyur, hakimiyyəti ələ keçirmək barədə düşünürdü. Həmin vaxt indiki İranın böyük hissəsində iqtidar sahibi olan Qaraqoyunlu hökmdarı Cahan şah (1397 – 1467) bu təhlükəni sezdi. O, yaxın dostu Şeyx Cəfərin tövsiyəsi ilə Şeyx Cüneyddən başının dəstəsini dağıtmağı və Qaraqoyunlu torpaqlarını tərk eləməyi tələb etdi. Cüneyd bununla razılaşmalı oldu və ata yurdundan ayrılıb Anadoluya yollandı. Öncə ovaxtkı Osmanlı padşahı II Murada, sonra isə Qaramanoğlu İbrahim bəyə sığınmaq istədi. Bu cəhdləri nəticəsiz qaldıqda Toros dağlarında yaşayan varsaq türklərinə, ardınca da Suriyaya üz tutdu. Lakin həmin səyləri də boşa çıxdı. Axırda bütün ümidini Qaraqoyunluların rəqibi olan Ağqoyunlulara bağladı və Uzun Həsənə66
  Uzun Həsən (1423 – 1478) – Ağqoyunlular sülaləsinin IX hökmdarı. 1453-cü ildən 1478-ci ilə qədər hakimiyyətdə olmuş, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur (red.).


[Закрыть]
pənah apardı.

Qatı şəkildə sünni olmasına baxmayaraq Uzun Həsən şiə tərəfdarı kimi tanınan Şeyx Cüneydi əldən buraxmaq istəmədi. Bunun isə bircə səbəbi var idi: ondan rəqibi Cahan şaha qarşı istifadə eləmək! Çünki Şeyx Cüneyd ətrafına nə az, nə çox, düz iyirmi min silahlı adam toplaya bilmişdi.

Beləliklə, Cüneydi himayəsinə alan Ağqoyunlu hökmdarı hətta bacısı Xədicə Bəyimin 1458-ci ildə onunla evlənməsinə icazə verdi. Bu izdivac Şeyx Cüneydə Ağqoyunlu ölkəsində sərbəst fəaliyyət göstərmək imkanı yaratdı. Nəticədə isə şiəliyin siyasiləşməsinə və gələcəkdə yeni şiə dövlətinin meydana çıxmasına yol açdı.

Anadolu türklərinin böyük bir qismini tədricən səfəvi təriqətinə bağlayan məhz Şeyx Cüneyd olmuşdur. Həmin dövrdən etibarən səfəvilər Anadoluda dini və siyasi məqsədlərlə qızılbaş türklərini yetişdirməyə başladılar. Sonradan isə qızılbaşlar77
  Qızılbaşlar – XV–XVI əsrlərdə Azərbaycan, Anadolu və İran ərazisində məskunlaşmış türk tayfaları ittifaqı. Öncə şamlu, rumlu, ustaclı, əfşar, təkəli, qacar və zülqədər tayfalarından ibarət olan qızılbaşların tərkibinə sonralar bayat, baharlı, alpaut və b. tayfalar da qatılıb. Bu tərkibdə yeganə irandilli tayfa talışlar olub. Qızılbaşlar 12 şiə imamının şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma bağladıqları üçün belə adlandırılıblar (red.).


[Закрыть]
Anadoludan İrana axın etdilər.

1460-cı ildə Şeyx Cüneyd dünyasını dəyişdi. Onun yarımçıq qalan fəaliyyətini isə Uzun Həsənin bacısından olan oğlu Heydər davam etdirdi. Şeyx Heydər ilk vaxtlar Anadoludakı tərəfdarlarının sayını artırmaqla məşğul oldu. Bir müddət sonra dayısı Uzun Həsənin Dəspinə xatundan88
  Dəspinə xatun (1438 – 1507) – Trabzon imperatoru olan IV İohannın qızı idi. Atası onu Ağqoyunlularla ittifaq bağlamaq məqsədi ilə 1458-ci ildə Uzun Həsənlə evləndirmiş, lakin bu, Trabzon imperiyasının 1461-ci ildə Osmanlı dövlətinə birləşdirilməsini əngəlləyə bilməmişdi (red.).


[Закрыть]
olan qızı Aləmşah bəyimlə evlənən Şeyx Heydərin həmin izdivacdan üç oğlu dünyaya gəldi. Bunlar Sultan Əli, İsmayıl və İbrahim idi.

Zaman keçdi və iş o yerə çatdı ki, Şeyx Heydər Anadoluda mövqelərini gücləndirmək üçün yerli əhali arasında təbliğatı sürətləndirdi, hətta üsyanlar qaldırmaqdan çəkinmədi. Uzun Həsənin vəfatından sonra onun yerinə keçən Sultan Yaqub (1464 – 1490)99
  1478-ci ildə taxta çıxan Sultan Yaqubun hakimiyyəti 12 il sürmüşdür (red.).


[Закрыть]
getdikcə böyüyən səfəvi təhlükəsini görərək Şeyx Heydərdən itaət və sədaqət andı içməyi tələb etdi. Qazı hüzurunda and içən Şeyx Heydər Ərdəbilə qayıtdı. O, buranı sözün həqiqi mənasında hərbi-siyasi qərargaha çevirdi. Məqsədi atasının hakimiyyət uğrunda yarımçıq qalmış mübarizəsini başa çatdırmaq, eyni zamanda onun qisasını Şirvanşahdan almaq idi1010
  Məsələ burasındadır ki, Şeyx Cüneyd öz təsir dairəsini genişləndirmək məqsədi ilə Şirvanı zəbt etmək fikrinə düşmüş və 10 min tərəfdarı ilə hərbi yürüşə başlamışdı. İşi belə görən Şirvanşah Xəlilüllah böyük ordu ilə onun qarşısına çıxmış, 1460-cı ildə baş verən döyüşdə Cüneyd öldürülmüş, tərəfdarları ağır məğlubiyyətə uğradılmışdır. Bəzi mənbələrə görə isə o, öncə əsir alınmış, daha sonra Şirvanşahın əmri ilə edam edilmişdir (red.).


[Закрыть]
. İş o yerə çatmışdı ki, hətta təkkənin otaqları belə silah anbarını xatırladırdı.

1486-cı ildə Şeyx Heydər on min nəfərlik ordusu ilə Dərbəndi aşaraq dağlı xalqlar üzərinə yürüş etdi. Bu səfərdən altı min xristian əsir və bol qənimətlə geri dönən şeyxin uğurlu hərbi yürüşü onun şöhrətini xeyli artırdı.

1488-cı ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun icazəsi ilə yenidən «kafir» çərkəzlər üzərinə yürüşə çıxan Şeyx Heydərin aqibəti faciəli oldu. Əslində, atasının intiqamını almaq istəyən şeyx Şirvanşah Fərrux Yasar tərəfindən öldürüldü. Bu xəbəri eşidən Səfəvi təkkəsinə bağlı müridlər Ərdəbildə Şeyx Heydərin böyük oğlu Əlinin başına toplaşdılar. Hadisələrin belə inkişafını təhlükə olaraq görən Sultan Yaqub həm Əlini, həm də onun iki qardaşını – İsmayıl və İbrahimi, eləcə də onların anasını həbs etdirib Şiraz yaxınlığındakı İstəxr qalasına saldırdı.

1490-cı ildə Sultan Yaqub öldü. Bundan sonra hakimiyyət onun azyaşlı oğlu Sultan Baysunqura ötürülsə də, cəmi iki il sonra vəziyyət tamamilə dəyişdi. Uzun Həsənin başqa bir nəvəsi Rüstəm 1492-ci ildə hakimiyyəti ələ keçirdi. Ağqoyunlu şahzadələrindən Maqsud Mirzənin oğlu olan yeni hökmdar taxta çıxdıqdan bir il sonra Şeyx Heydərin arvadını və övladlarını zindandan azad etdi. Aradan bir müddət keçdi və səfəvilərin şeyxi Sultan Əlinin nüfuzu görünməmiş şəkildə artmağa başladı. Bundan qorxuya düşən Sultan Rüstəm onu həbs etdirmək qərarına gəldi. Lakin hər şey o qədər də asan olmadı – Əlinin rəhbərlik etdiyi səfəvilər Ağqoyunlu qoşunu ilə döyüşə çıxdılar. 1494-cü ildə baş verən həmin döyüşdə Əli həlak oldu, dəstəsi isə dağıldı.

Rüstəm bəy Sultan Əli tərəfindən xələf olaraq seçilən İsmayılı da ələ keçirmək fikrində idi. Lakin bu alınmadı. Belə ki, İsmayılı Ərdəbildəki Məhəlleyi-Rumiyanda (Anadolulular məhəlləsi) yaşayan Aba və ya Əbə adlı bir qadın gizlətmişdi. Sonra isə şamlı boyundan olan Lələ Hüseyn bəy, dulqədirli Dədə Abdal bəy və anadolulu Göy Əli onu Gilana qaçırtmağı bacarmışdılar.

Şah I İsmayıl

Sultan Rüstəmin 1497-ci ildə öldürülməsindən iki il sonra İsmayıl babası Uzun Həsənin qurduğu dövlətə sahib çıxmaq üçün Lahicandan (Gilan əyalətində şəhər – red.) yola çıxdı. Bu vaxt onun cəmi 12 yaşı vardı. İsma-yılın gəlişindən xəbər tutan səfəvi tərəfdarları Anadolu və Suriyadan Ərdəbilə axışdılar.

Beləcə, ətrafına böyük qüvvə toplayan İsmayılın ilk işi babasını öldürən Şirvanşah Fərrux Yasara hücum çəkmək oldu. 1501-ci ildə onu məğlub edərək öldürtdürən, cəsədini isə yandırtdıran İsmayıl ardınca Ağqoyunlu hökmdarı Əlvənd Mirzəyə qalib gəldi. Bu zəfərdən sonra İsmayıl Təbrizə daxil oldu, hökmdar tacını başına qoydu, öz adına sikkə kəsdirdi və «Şah» ünvanını aldı.

Beləliklə, Şah İsmayıl Azərbaycanda Səfəvi dövlətini qurmuş oldu. 1509-cu ildən etibarən isə o artıq bütün İranı, Azərbaycanı, İraqı və Şərqi Anadolunu, eləcə də başqa əraziləri əhatə edən qüdrətli bir dövlətə sahib idi. Səfəvilər dövlətinin sərhədləri ümumilikdə Şərqi Anadoludan Orta Asiyaya qədər uzanırdı.

Bu qüdrətli imperiya 1514-cü il avqustun 23-də Osmanlı ordusu ilə Çaldıranda baş verən tarixi döyüşdə ağır zərbə aldı. Həmin savaşda mərdliklə vuruşan Səfəvi ordusu odlu silahlarının olmaması səbəbindən məğlubiyyətə uğradı. Şah İsmayıl İranın içərilərinə doğru geri çəkilmək məcburiyyətində qaldı. Osmanlı hökmdarı I Səlim (və ya Yavuz Sultan Səlim) 1514-cü il sentyabrın 5-də Səfəvilərin paytaxtı Təbrizə daxil oldu. Burada cəmi səkkiz gün qalandan sonra şəhəri tərk elədi, həmin qışı Azərbaycanda keçirib Osmanlı ordusu və sarayı daxilində baş qaldıran bəzi narazılıqlar səbəbi ilə geri qayıtdı.

I Səlim Təbrizi tərk etdikdən təqribən bir ay sonra Şah İsmayıl paytaxta döndü. Çaldırandakı məğlubiyyətdən tərəfdarları arasında nüfuzu azalan və əhval-ruhiyyəsi sarsılan hökmdar bir daha döyüş meydanına girmədi. Hər ili ayrı bir şəhərdə yaşayaraq ömrünü beləcə başa vurdu. Onun bu laqeydliyi üzündən Bəlx və Qəndəhar Səfəvi hakimiyyətindən çıxdı. Şah İsmayılın son zamanlarında baş verən əhəmiyyətli hadisələri aşağıdakı kimi sıralamaq olar:

• Özbəklərin yenidən Xorasanı ələ keçirməsi;

• Şah İsmayılla Şirvan hakimi Şeyx Şah arasında sülh müqaviləsinin bağlanması;

• Şah İsmayılın Osmanlılara qarşı alman imperatoru Şarldan yardım istəməsi…

O. 1524-cü il mayın 23-də Sərab (indiki İran ərazisində qədim şəhər – red.) yaxınlığında vəfat etdi. Cənazəsi Ərdəbilə gətirildi və ulu babası Şeyx Səfiəddinin (və ya qısaca Şeyx Səfinin) yanında dəfn edildi.

Şah İsmayılın vəfatından sonra Səfəvi xanədanına dəstək verən türkmən boyları öz aralarında qovğaya girişdilər. Bu qovğa hakimiyyət dairələrində də özünü göstərməyə başladı: farslarla türklər arasında çəkişmələr getdikcə şiddətləndi.

Şah I Təhmasib

On yaşında atasının yerinə keçən və sayca ikinci Səfəvi hökmdarı olan I Təhmasib (1514 – 1576) yetkinlik çağına çatana qədər qızılbaş əmirlərinin himayəsində oldu. Bu isə, təbii ki, mərkəzi hakimiyyətin sarsılmasına gətirib çıxardı. Çünki həmin dövrdə qızılbaş əmirləri arasında özbaşınalıq adi hal almağa başlamışdı. Əvvəllər şaha qeyd-şərtsiz itaət edən əmirlər indi mövqe, mənsəb, sərvət, mal-mülk davasına qalxmışdılar. Onlar istədiklərini əldə edə bilməyəndə üsyan qaldırır, Səfəvi dövlətindən üz döndərərək Osmanlı imperiyasına sığınırdılar. Bu vəziyyətdən məharətli şəkildə yararlanan ovaxtkı Osmanlı hökmdarı Sultan I Süleyman1111
  Sultan I Süleyman (1494 – 1566) – Osmanlı imperiyasının 10-cu padşahı. Qərb dünyasında «Möhtəşəm Süleyman», Şərqdə isə ədalətli idarəçiliyinə görə «Qanuni Sultan Süleyman» olaraq da tanınır. 1520-ci ildən ölümünə qədərki müddətdə, təqribən 46 il sultanlıq etmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan və ən çox hərbi səfərə çıxan sultanıdır (red.).


[Закрыть]
Azərbaycan, İraqi-Əcəm və İraqi-Ərəbə üç dəfə yürüşə çıxdı, həmin ərazilərin bir qismini ələ keçirdi.

Şah I Təhmasibə qarşı üsyan edən və I Süleymana sığınan Təbriz bəylərbəyi Üləma xan Osmanlı hökmdarının Səfəvi dövləti üzərinə səfərə çıxmasının başlıca səbəbkarı olmuşdur. 1533-cü ildə vəzir-i-əzəm1212
  Vəzir-i əzəm (və ya sədr-əzəm) – Osmanlı dövləti dönəmində padşahın adına dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi ünvan. Bugünkü baş nazir vəzifəsi ilə eynidir (red.).


[Закрыть]
İbrahim paşanın başçılığı altında doxsan minlik Osmanlı ordusu Səfəvi sərhədlərini keçdi. Həmin vaxt daxili çəkişmələr girdabında çabalayan və xaos içində olan Səfəvi dövlətinin hökmdarı vur-tut yeddi min əsgər toplaya bildi. Üstəlik, Şah I Təhmasibin hətta bu sayda qoşunun belə sonadək sədaqət nümayiş etdirəcəyinə şübhəsi var idi. Bütün bunlar isə onunla nəticələndi ki, Osmanlı ordusu asanlıqla Təbrizə daxil oldu. Lakin qışın sərt keçməsi səbəbindən burada qalmadılar. Növbəti il Osmanlı ordusu yenidən Azərbaycanın bir sıra şəhərlərini ələ keçirərək Bağdada doğru irəlilədi. Bu hərbi yürüş nəticəsində Bağdad ələ keçirilsə də, Avropa cəbhəsində yaşanan hadisələr Osmanlı ordusunu geri qayıtmağa məcbur elədi.

1548-ci ildə Şah I Təhmasibin Osmanlı sarayına sığınan qardaşı Alxas Mirzənin israrı nəticəsində Sultan I Süleyman yenidən Səfəvi dövləti üzərinə yeridi. Van və ətraf ərazilər Osmanlı torpaqlarına qatıldı. 1548-ci ilin sonu, yaxud 1549-cu ilin əvvəlində Təbriz yenidən Sultan I Süleymanın qoşunları tərəfindən işğal edildi.

Təbrizin növbəti dəfə işğalı, ümumiyətlə isə, Osmanlı hərbi yürüşləri qarşısında müdafiəsiz qaldığını görən Şah I Təhmasib paytaxtı ölkənin içərilərinə, daha təhlükəsiz və etibarlı yerə köçürmək qərarına gəldi. Şahın bu qərarına uyğun olaraq paytaxt 1548-ci ildə indiki İranın cənub-şərqindəki Qəzvin şəhərinə köçürüldü. Həmin tarixdən etibarən Səfəvi dövləti Osmanlı hücumlarının qarşısını almaq üçün yeni taktika həyata keçirməyə başladı. Belə ki, Şah I Təhmasib rəqiblə arada uzun məsafə saxlamağı, Səfəvi ordusunun keçib getdiyi yerlərdə tarlaları yandırmağı, ərzaq və qida məhsullarını yox etməyi, yolları, körpüləri dağıtmağı əmr eləmişdi. Bu taktika müəyyən qədər işə yaramış, Osmanlı ordusunun uzaqlaşdığını fürsət bilən Səfəvi qoşunları hətta Qars, Ərzurum, Əhlət, Bayburt kimi şəhərləri talamışdılar.

1554-cü ildə Sultan I Süleyman növbəti səfərə çıxdı: bu dəfə onun ordusu Gürcüstan istiqamətindən Naxçıvan üzərinə yönəldi. Rəvan, Qarabağ və Naxçıvan ələ keçirildi. Osmanlı sultanı bu fəthlərdə şəxsən iştirak edirdi. Lakin o həmin torpaqlarda çox qala bilmədi. Çünki Səfəvi qoşunları onun ordusunu geri çəkilməyə məcbur eləməyi bacarmışdı.

Bununla belə, Sultan I Süleymanın aramsız səfərləri səfəvilərdə xüsusilə onlar üçün müqəddəs şəhər statusu daşıyan Ərdəbilin taleyi baxımından narahatlıq doğururdu. Qorxurdular ki, bu yürüşlərin sonunda Ərdəbil də ciddi şəkildə zərər görər. Odur ki Şah I Təhmasib Osmanlı sultanına elçi göndərib sülh təklif etmək qərarına gəldi. Onun bu addımı müsbət nəticələndi – Sultan I Süleyman sülh təklifi ilə razılaşdı. 1555-ci ildə iki ölkə arasında barışıq müqaviləsi bağlandı. Həmin müqaviləyə görə Osmanlılarla Səfəvilər arasında 37 ildən bəri fasilələrlə davam edən müharibəyə son qoyuldu. Bundan başqa, anlaşmanın şərtlərinə əsasən Təbriz də daxil olmaqla Azərbaycan, Qərbi Gürcüstan, Şərqi Anadolu və İraqi-Ərəb Osmanlı sərhədləri içində qalırdı. Tarixə «Amasya sülhü» kimi düşən bu barışıq Şah I Təhmasibin ömrünün sonuna qədər, yəni təxminən 20 il qüvvədə qaldı. Səfəvi hökmdarının sülhsevər, ağıllı və ədalətli siyasəti nəticəsində imzalanan həmin müqavilə ölkədə iqtisadi cəhətdən canlanma yaratdı, firavanlığa və əmin-amanlığa yol açdı.

Ümumiyyətlə, Şah I Təhmasib hakimiyyətinin ilk illəri daxili çəkişmələr, qızılbaş əmirlərinin dövlət üzərində söz sahibi ola bilmək uğrunda amansız mübarizə, eləcə də osmanlılara və özbəklərə qarşı mücadilə şəraitində keçmişdir. O, mütləq hakimiyyətə ancaq şamlı tayfasının başçısı Hüseyn xan Şamlını edam etdirdikdən sonra qovuşmuşdur.

Şah I Təhmasibin zamanında səfəvilər Şirvan və Şəkini ələ keçirərək gürcü knyazları ilə təmasa keçdilər. Bəzi gürcü tavatları1313
  Tavat – gürcü zadəganı, knyaz (red.)


[Закрыть]
itaət göstərməyə razılaşsalar da, bəziləri xərac verməkdən boyun qaçırdılar. Həm bu səbəbdən, həm də gürcü feodalları arasındakı çəkişmələrdən istifadə edən Səfəvi ordusu Gürcüstana yürüş təşkil etmiş, bu yürüşlər talanla, yağma ilə müşahidə olunmuşdu. Səfəvilər Gürcüstandan çox sayda əsir və böyük miqdarda qənimətlə qayıtmışdılar. Qeyd etmək lazımdır ki, 1569-cu ilə qədər Səfəvilər Şirvanla sərhəddəki gürcü knyazlıqlarına qısa fasilələrlə ümumilikdə yeddi yürüş həyata keçiriblər. Həmin vaxt indiki Gürcüstan torpaqları uğrunda Osmanlı ilə Səfəvi dövləti arasında ciddi mübarizə gedirdi. Gürcülər bu mübarizədən öz xeyirlərinə yararlanmaq üçün gah osmanlılara, gah da səfəvilərə sığınırdılar. Yeri gəlmişkən, tərəflər problemi yoluna qoymaq üçün Amasya müqaviləsinə ayrıca maddə əlavə etdilər, beləliklə, Gürcüstan Osmanlı və Səfəvi dövləti arasında bölüşdürüldü. Lakin bu, müvəqqəti həll yolu idi. Belə ki, gələcəkdə Rusiyanın da bölgədəki nüfuz savaşına qoşulması ilə vəziyyət daha da mürəkkəbləşəcəkdi…

Şah I Təhmasibin zamanında Səfəvi dövlətinin qərb sərhədləri boyunca Osmanlılarla müharibə apardığını fürsət bilən özbəklər hərəkətə keçdilər. Onlar Herat, Qəndəhar, Məşhəd və Nişapur şəhərlərini tutdular. Osmanlı ilə sülh müqaviləsi bağlayandan sonra I Təhmasib bütün hərbi gücünü şərqə yönəltdi və 1566-cı ilə qədər həmin şəhərləri geri qaytardı.

Amasya müqaviləsi nəticəsində iki ölkə (Osmanlı və Səfəvi) arasında yaranan dostluq havası bir müddət sonra pozulmağa başladı. Belə ki, Sultan I Süleymanın kiçik oğlu şahzadə Bəyazid atasına qarşı çıxdı və onun qəzəbindən qurtulmaq üçün Səfəvi sarayına sığındı. Bu, Osmanlı sultanının qəzəbinə səbəb oldu. Lakin 1562-ci ildə şahzadə Bəyazid Qəzvində boğularaq öldürüldü, bununla da münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq məsələ yoluna qoyulmuş oldu. Qanunidən sonra taxta çıxan II Səlimə nüfuzlu elçilər vasitəsi ilə qiymətli hədiyyələr göndərən I Təhmasib onu təbrik elədi. Səfəvi elçiləri İstanbulda yüksək səviyyədə qarşılandı, bu isə tərəflər arasında dostluğun bərqərar edildiyinə işarə idi.

Lakin bu da diqqətdən qaçmamalıdır ki, Şah I Təhmasibin zamanında bəzi Avropa dövlətləri Səfəvi dövləti ilə Osmanlı arasındakı düşmənçiliyi yenidən alovlandır-maq, səfəviləri osmanlılara qarşı mübarizəyə təhrik eləmək üçün əllərindən gələni əsirgəmirdilər. Xüsusilə İnebahtı dəniz müharibəsindəki qələbədən ruhlanan Roma papası V Piy Səfəvi hökmdarına məktub yollaya-raq onu İraq və Suriyanı osmanlılardan almağa həvəsləndirmək istəmişdi1414
  1571-ci il oktyabrın 7-də Osmanlı imperiyası ilə xaçlı donanması arasında dəniz döyüşü baş vermişdir. Osmanlı padşahı Sultan II Səlimin hakimiyyəti dövrünə təsadüf edən həmin döyüşdə türklər məğlubiyyətə uğradılar, onların donanmasına ağır zərbə dəydi. Yeri gəlmişkən, məşhur ispan yazıçısı Servantes də həmin döyüşdə iştirak eləmiş, əlindən və sinəsindən yaralanmışdır (red.).


[Закрыть]
. Bunun ardınca Portuqaliya da iki nümayəndə heyəti göndərərək Səfəvilərlə diplomatik əlaqələr yaratmaq istədiyini bəyan etmişdi. Lakin I Təhmasib və ətrafının xristianlara qarşı mənfi münasibəti səbəbindən həm Roma papası, həm də portuqaliyalılar rədd cavabı almışdılar. Elə ingilislər də yenə eyni səbəblə Səfəvi hökmdarının rədd cavabı ilə üzləşmişdilər. Belə ki, onların iqtisadi əlaqələr yaratmaq barədə təklifini Şah I Təhmasib «münkirlərin dəstəyinə möhtac deyiləm» – deyərək rədd eləmişdi.

1571-ci ildə Deqli Alessandri adlı venesiyalı elçinin səyi də nəticəsiz qalmışdı: Səfəvi hökmdarı heç bir halda osmanlılarla imzalanan Amasiya müqaviləsini pozmaq fikrində olmadığını söyləmişdi. Bir sözlə, atası Şah İsmayıldan fərqli olaraq Şah I Təhmasib müharibələrə meyilli deyildi, sülhü və əmin-amanlığı daha üstün tuturdu. Onu da deyək ki, ortaboylu, sağlam cüssəli, qarabuğdayı, qalındodaqlı, qıvrımsaqqallı, gözəl sifətli biri olan bu Səfəvi hökmdarının mənfi cəhətləri də az deyildi. Xüsusilə xəsisliyi və var-dövlət hərisliyi ilə məşhur idi. Ölümündən sonra 80 milyon dukat1515
  Dukat – İtaliyada orta əsrlərdə dövriyyədə olmuş gümüş, sonralar isə qızıl sikkə. İlk dəfə 1140-cı ildə Venesiyada kəsilən gümüş. Dukat 1284-cü ildən 3,4 q ağırlığında qızıl sikkəyə çevrilib (red.).


[Закрыть]
dəyərində qızıl-gümüş və daş-qaşdan ibarət sərvəti ortaya çıxmışdı. Ölkəsində uyuşdurucu maddələri və spirtli içkiləri qadağan eləyən I Təhmasib qadınlarla əyləncəyə hədsiz meyilliliyi ilə də tanınırdı. O, 1576-ci il mayın 14-də vəliəhd məsələsinə görə qızılbaş bəyləri arasında yaranan qovğa səbəbindən zəhərləndirilərək öldürülmüşdü.

Şah I Təhmasibin ölümündən sonra ölkəni yenidən xaos bürüdü. Yeni hakimiyyətdə daha güclü mövqelərə malik olmaq istəyən türkmən, tacik və Qafqaz mənşəli qruplar arasında amansız mübarizə başladı. Bu mübarizəyə hərəm də qoşulunca vəziyyət daha da qəlizləşdi. Belə ki, mərhum hökmdarın çərkəz və gürcü mənşəli xanımları öz oğullarını iqtidara gətirmək üçün ciddi mücadiləyə girişdilər.


Страницы книги >> 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации