Текст книги "Hekayələr"
Автор книги: Cəfər Cabbarlı
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
– Mənim olmağımla təbiət əsla gözəlləşmir, xəta edirsiniz. Mən zənn edirəm ki, mənsiz təbiət daha gözəl olar, – deyə Gülzar naz ilə gülümsədi.
– Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz.
Gülzar gözlərini süzüb dedi:
– Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm ki, bir baxışla gözləriniz insanı məftun edir.
Fərhad Gülzarın fikrini anlayıb dedi:
– Ox, mən çox şad olub, özümü xoşbəxt hesab edirəm. Əgər siz mənə məftun olsaydınız… – Fərhad peşman olmuş kimi diksindi, – yəni onu demək istəyirəm ki, mənə heç kəs məftun olmaz.
Gülzar eşq və həvəsin kəsrətindən özünü tamamilə itirib, bir əlini Fərhadın dizi üstə və bir əlini o biri tərəfə uzadıb yerə uzandı:
– Ax, bu gün o qədər gəzmişəm ki, lap yorulmuşam.
Gülzar əlini Fərhadın dizi üstə qoyanda sanki Fərhadın bədəninə elektrik qüvvəsi keçdi. Fərhad tez Gülzarın qolunu qaldırıb üzünə tərəf apardıqda, Gülzar işvə ilə qalxıb gözlərini süzdü, Fərhadın üzünə baxdı. Onun gözlərində bir təbəssüm parladı. Fərhad Gülzarın əlini bəxtiyar dodaqlarına apardı. Gülzar əsla etiraz etmədi. Nazla gülərək:
– Ox, Fərhad, dinc dayan, – deyə başını Fərhadın çiyninə qoydu. Fərhad huşa gəlmiş kimi, tez əlini çəkdi.
Amma Gülzarın başını öz çiynində və yumşaq yanaqlarını üzünə yapışmış görəndə, daha dayana bilmədi. Gülzarın təbəssümlərlə oynayan gözlərinə bir də baxıb, hər iki qolunu onun boynuna salaraq, qanı axacaq qədər zərif olan dodaqlarını öz dodaqlarına sıxdı. Gülzar isə həvəs və eşqdən bihuş bir halda özünü Fərhadın ağuşuna atdı…
Xəyanət! İkitərəfli bir xəyanət! Bəli, bu gərdişin məlunanə hərəkəti! Zənnimcə, Fərhad kimi həris və məlun bir insandan belə bir xəyanətin baş verməsini gözləmək imkan xaricində deyildi. Biz Fərhadı çoxdan tanıyırıq və onun belə bir xəyanətini görəndə bizə təəccüb gəlmir. Amma Aslan, o zəhmətkeş və mərhəmətli insan, o insan surətində göydən enmiş mələk, Fərhadın xəbisliyini bilmədiyi üçün və ona başqa bir nəzərlə baxdığı üçün min nəfər də and içsəydi, belə bir işə inanardımı? Əsla! Aslan elmli deyildi, amma insaniyyətin tam mənası ilə axırıncı pilləsinə yetişdi və hamını özü kimi zənn edirdi. Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil zənn edirdi. Odur ki Fərhadın belə bir xəyanət edəcəyini ağlına da gətirmirdi.
Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. Aslan mərhəmətli və əxlaqı düzgün bir şəxs idi. Həmişə təcrübə olunsa görünər ki, insan, ola bilər ki, ziyalı olsun, mədəni olsun və bununla belə pozğun bir əxlaqa malik olsun. İnsan, ola bilər ki, aqil olsun, əqlən və fəhmən mükəmməl olsun, lakin əxlaqı pozğun olsun. Dərin bir ağla malik olan, elm və bilik sahibi olan bir şəxsə demək olmaz ki, hökmən bu şəxs əxlaqən və vicdanən düzgündür. Ola bilər ki, insan aqil və bilikli olsun, amma öz əql və biliyini pislik tərəfinə çevirsin. Azmı aqil var, oğurluğa və xəyanətə irişib, öz iti ağlını özü üçün bir alət edib, ondan sui-istifadə edir?! Əksərən də belədir. Bütün aqil və alim insanların çoxusu özü nəşr etdiyi qanuna özü riayət etmir, xalqa göstərdiyi yolla özü getmir, büruzə çıxardığı və xalqa tövsiyə etdiyi bir məsləkə özü boyun əymir. Onu demək istəyirəm ki, insan ola bilər ağıllı, elmli, bilikli olsun, amma insan olmasın. Əksi də ola bilər; elmsiz biliksiz və çox da dərin bir ağla malik olmayan bir şəxs Aslan kimi olsun. Bir kəlmə, alim olmaq asandır, insan olmaq çətin! Oxuyub Fərhad kimi vicdansız bir mühəndis olmaq asandır, amma Aslan kimi insan olmaq çətindir.
Bir neçə gündən sonra Aslangil şəhərə köçdülər. Artıq Gülzar Aslanı görmək istəmirdi. Bütün fikri-zikri Fərhadda idi. Fərhad da bir tövrlə Aslanı evdən rədd etmək istəyirdi ki, Gülzar ilə vaxt keçirməyə daha geniş bir fürsət tapsın. Bu aralıq biçarə Züleyxa evinə gəldi. Onu demək gərək ki, Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə rəftar edərdi ki, bu, döyməkdən də, söyməkdən də, betər idi. Çox olurdu ki, həftələrlə evə gəlmirdi. Bir dəfə qonşuluğunda olan iki nəfər arvad (ki, Züleyxa onları özündən çox istəyirdi) Züleyxagilə qonaq gəlmişdi. Züleyxa çox şad olub onları qonaqpərvərliklə qəbul etdi. Necə oldusa, xanımın balaca oğlu Əsgərin stol üstündə olan kağızına toxundu. Bundan ötrü Əsgərin əsəbi məcazlığı cuşə gəlib, dərhal xanımları evdən qovdu. Bu, Züleyxa üçün ölümdən betər deyildimi?! Bunu nəzərə almayan Əsgər başqa yerdə pul uduzar, lakin acığını Züleyxadan alardı. Odur ki Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. Aslan Züleyxanı çox şadlıqla qarşılayıb, üzündən öpərək dedi:
– Qorxma, bacım, bilirəm çoxdandır əzab içindəsən, amma indi şükür olsun Allaha ki, bizim də işlərimiz çox yaxşıdır. Mən ayda yüz manata kimi qazanıram. Fərhad da üç yüz manat alır, məgər biz ölmüşük ki, sən əzab və məşəqqət çəkəsən? Eybi yoxdur, həmişə qardaşların evində böyüksən, anam öləndə səni mənə tapşırıb, mən də razı ola bilmərəm ki, sənə bir kəlmə ağır söz deyilsin.
Doğrudan da, Aslan bacısına bir gül qədər də ağırlıq düşməsinə razı deyildi. Amma Fərhad da bunu istəyirdimi? Yox. Məlumdur ki, Züleyxa evdə olanda Fərhad Gülzara yavuq düşə bilməyəcəkdi. Odur ki Züleyxanın evdə olmasına razı ola bilməzdi.
Züleyxa iki gün qardaşının evində qalandan sonra Fərhad mütləq geri qayıtmağını tələb etdi və Züleyxanın məlul-məlul baxan ala gözlərindən bahar buludu kimi yaş tökülməsinə baxmayaraq, məcburi Əsgərin evinə göndərdi. Bu iş Aslana nə qədər əzab versə də, bir şey edə bilmədi, zira o, Fərhadı da çox istəyirdi. Hətta o qədər istəyirdi ki, əgər bir şəxs Fərhadın adına onun canını istəsəydi, yəqinən ki, Aslan əsirgəməzdi. Bu məhəbbətlə Aslan Fərhadın xəyanətini xəyalına belə gətirə bilərdimi?
Axşam vaxtı Fərhad ilə Gülzar xəlvət evdə oturub, bir-birinə öz məhəbbətlərini izah edirdilər. Hər iki xəbis, öz xainanə və çirkin məhəbbətlərini yek-digərinə söyləyirdi: bu xainanə məhəbbətin ən dərin yerində, bir zamanda ki, Gülzarın nazik beli Fərhadın qolları arasında və dodaqları Fərhadın dodaqlarına sıxılmış idi, Aslan qapını açıb içəri girdi. Sanki bütün ev Aslanın başına fırlandı, gözləri qaraldı, bütün əzası lərzəyə düşüb titrəməyə başladı.
– Fərhad, – dedi, – illərlə çəkdiyim zəhmətlər unuduldusa, barı qardaşlıq vəzifəsi… Ox, Fərhad, mənə xəyanət…
Bu iş Aslanın zəif əsəblərini elə titrətdi ki, bihuş olub yerə yıxıldı. Fərhad bir də Aslanın üzünə baxa bilməyəcəyindən geyinib evdən getdi. Gülzar artıq öz canı üçün qorxurdu: zira, müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. Gülzar öz evlərinə getməyə də qorxurdu, çünki atası və qardaşı bu işdən hali olsaydılar, onu öldürərdilər.
O hara gedəcəyini, nə edəcəyini fikirləşirdi. Bu halda Aslan huşa gəldi və Gülzara tərəf gəldikdə, Gülzar qorxusundan stəkanda olan karbola kislotasını qapıb Aslanın üzünə atdı. Bu əcza qulluqçu naxoş olanda alınmışdı və təbib tövsiyə etmişdi ki, məbadə bu əcza üzünüzə və gözünüzə dəysin, bu, insanın ətini yandırar, gözünə tökülsə, kor edər. Gülzar öz canının qorxusundan belə müdhiş bir əczanı götürüb, ömründə bir dəqiqə rahatlıq bilməyən Aslanın gözlərinə atdı.
Əvvəl Aslanın gözləri cızıldadı. Aslan buna baxmayaraq hövlnak Gülzarın dalınca yeridi. Gülzar evə girib qapını bağladı. Aslan bir qədər çalışdıqdan sonra daha durmaq mümkün olmadığını hiss etdi: gözlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki bir kürə od onun gözlərinin içinə tökülüb yandırdı. Aslan gözləri yumulu çalışırdı ki, tez özünü həkimə yetirsin. Amma gah bu divara, gah o divara toxunurdu. Axırda qulluqçu onun əlindən tutub bayıra çıxardı və Aslanın xahişinə görə bir fayton çağırıb onu mindirdi. Aslan həkimə gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da gözlərinin sancısından zar-zar ağlayırdı.
Fərhad həmin gün özünə bir evdə ev tutub, ahəstəcə bir arvad göndərib, Gülzarı qurtarmaq üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər axtardılarsa, tapa bilmədilər.
Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: qardaşını gözləri bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb:
– Ah, qardaş, axır qəza səni nə bəlalara saldı!.. Can, əziz qardaşım! – deyə ağlamağa başladı.
Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı:
– Ah, bacı, görürsənmi mənə nələr edirlər?.. – deyə ağlamaqdan axıb bacısının qucağına yıxıldı.
Altı ay Aslan xəstəxanalar küncündə çürüyüb, olan-olmaz pullarını həkimlərə verdi. Amma gözləri bir də günəşin zərrin şüalarını görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib sağalda bilmədilər. İndi Aslanın ürəyində heç bir şey yox idi, ancaq gecə-gündüz Allaha yalvarıb, barı bir gözünə zəif də olsa, işıq gəlməsini təmənna edirdi. Amma əfsus!.. Zaman dolanır, lakin Aslanın gözlərinə işıq gəlmirdi. Axırda Aslan bir tərəfdən tamam pullarının qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir həmdəm yox… İndi Aslan Allahdan ancaq ölüm istəyirdi.
Züleyxa tez-tez gəlib Aslana baş çəkirdi. O da dərddən lap sınıxmışdı, gözləri çuxura düşmüş, yanaqları saralmışdı.
Əsgər, Aslanın bu fəlakətini eşidib, nə qədər onu görmək istəməyirdisə də, indi ona rəhmi gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun.
– Əsgər, əzizim, ola bilər ki, məni sevməyəsən, amma necə olsa, mən sənin övrətinəm, barı oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, başına dönüm…
Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. Ancaq Aslan əvvəlki adam deyildi. Gecələri o, ağır yuxular görürdü. Biçarə, hövlnak ayağa qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: “Ox, xain qardaş, mənə xəyanət, mənə zülm… Mən ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”.
Züleyxanın balaca oğlu Kamil ilə o, bir tövr gününü keçirirdi. Amma Əsgər daima deyinir, bir iş olcaq qışqırır, bağırır, heç şey üstə Züleyxanı söyür, incidirdi. Aslan bunları eşidirdi, bacısının bu qədər əzab çəkdiyini görəndə ruhu inciyirdi. Lakin nə etməli idi?! Pullar qurtarıb, göz yox, dolanacaq yox, məcburən səbir etməli idi. Biçarə zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədərli bir görkəm almışdı.
Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün nağıl danışıb güldürürdü. Kamil isə Aslanı ürəkdən sevirdi. Bir dəfə Əsgər çay içəndə Aslan gözü yumulu gəlib, birdən çaya toxundu. Çay Əsgərin üstünə dağıldı. Əsgər bundan təngə gələrək, o saat yerindən durub, Aslanın üzünə bir şillə vurdu. Aslan bir söz deməyib ağlamağa başladı və əlini göyə qaldırıb dedi:
– Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin?
Əsgər bunu görüb:
– Evimdə qaldığın bəs deyil, hələ bir məni qarğıyırsan da, – deyib Aslandan evdən getməsini tələb etdi. Züleyxa nə qədər yalvardısa, mümkün olmadı. Əsgər Züleyxanın da yalvarmasından təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman qardaşının əlindən tutub, bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər.
Aslan gün-gündən zəifləyirdi. Züleyxa da hər gün ağlayır, Fərhada qarğıyırdı ki, nə üçün onları bu qədər bəlaya saldı. Hərdən Züleyxa Kamili küçədə görür, bağrına basıb ağlayırdı. Zalım Əsgər ananı öz balasından ayırdığı bəs deyil, Kamili anasının yanına getməyə də qoymurdu.
Aslan bütün olan-olmazını xərcləmişdi. Züleyxa hərdən ev şeylərindən satıb xərcləyirdi. Fərhad isə özünü Gülzarla bir xəlvətə çəkib rahat yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə də, amma Gülzarın harada olduğunu heç kəs bilmirdi. Fərhad qulluqdan çıxanda daha bir yana əyilməyir, tez evə qayıdırdı. Gülzar isə qorxudan əsla bayıra çıxmırdı. Bir dəfə qarı arvad Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi:
– Dünən Gülzar xanımgildə idim. Fərhad da… – Birdən işin gizli olduğunu düşünüb, səsini kəsdi. Gülzarın qardaşı bunu eşitcək tez qarıdan tələb etdi ki, Gülzarın yerini desin. Qarı əvvəl demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağını alcaq Əhməd çox şadlandı, bu gecə nə sayaq olsa üstlərinə atılan bədnamlığı bacısının qanı ilə yumağa qərar verdi.
Qarı bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. Gecədən bir qədər keçmiş Əhməd əlində bıçaq Gülzargilin evinə gəldi. Yavaşca özünü hazırlayıb qapını döydü. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. Əhməd içəri gircək dörd tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri yıxıldı. O birilər tez yüyürüb Əhmədi tutdular. Bu anda onun üzü bir yerdə duran Gülzar ilə Fərhada sataşdı, hirsindən başı hərləndi:
– Binamus bacı, namussuz qardaş, heç tələsməyin, həyatda nə qədər mən varam, ləkələnmiş namusumun intiqamını sizdən alacağam. Əgər intiqam almamış ölərsəm, qoy xalq desin ki, namusu ləkələnmiş bir binamus dünyadan getdi.
Əhmədi birbaş həbsxanaya apardılar. İndi Gülzar ilə Fərhad heç kəsdən qorxmurdu. Bir Əhməd idi, o da həbsxanaya düşdü. Hökumət adamını öldürdüyü üçün neçə il həbsxanada yatacaqdı. Amma onları vicdan həmişə narahat edirdi. Bir şadlıq vaxtında Aslan yadlarına düşür, hər ikisinin rəngi saralıb sustalırdı.
Kamil on iki yaşında idi – məktəbə gedirdi.
Aslan ilə Züleyxa min əziyyət ilə dolanırdılar. Kamil gizlindən onların yanına gəlirdi. Aslan naçar qalıb evi satdı. Qeyri şeylərindən də çox qalmamışdı. Yavaş-yavaş hər şey qurtarırdı. Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının yanına gəlirdi.
Əsgər də özünə bir arvad almışdı. Arvad Kamili incitdiyindən Kamil qüssə edirdi, hər gün xəlvəti anasının yanına gəlirdi. Atasından aldığı xərcliyi gizlin anasına verirdi, hərdən də anasının ağladığını görüb deyirdi:
– Ağlama, ana, məktəbi qurtaran kimi səni hər dərddən xilas edəcəyəm, hələ indi mən də atamın əlinə baxıram.
Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir gün o da naxoşladı.
Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtarıb tapdığı tör-töküntüdən bacısına verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı Fərhad yol ilə gedəndə dilənçiyə pul vermək istədikdə, birdən hövlnak geri atıldı, bu sifətdən dönmüş zəif dilənçini tanıdı, – o, ömrünü qardaş yolunda sərf edən Aslan idi. Tez bir beşlik verib, ətrafa baxaraq qaçıb getdi.
O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi:
– Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. İndi sənin halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub.
Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də qalxdı:
– Ah, xain qardaş, – dedi, – ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım… Daha tab gətirə bilmirəm…
Qonşu arvad getdi.
Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu:
– Qardaş, – dedi, – heç fikir eləmə. Allah özü onlara cəza verər.
Aslan dedi:
– Yox, bacı, daha bəsdir mən bu qədər əzabla dünyada qaldım, sənə də əzab verdim. İndi mən gedirəm… anamın yanına… Səndən çox razıyam. Anama deyərəm ki, bir Züleyxa sənin sözlərinə əməl etdi. Məni, halal et, bacım, – deyə yerə yıxılıb öldü.
Züleyxa özü naxoş, bilmirdi ki, nə etsin. Tamamilə özünü itirmişdi. Anası yadigar qoyduğu örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. İçəri gircək, Gülzar illərdən bəri görmədiyi və görmək istəmədiyi Züleyxanı görüb, “burada bir iş var ki, bu bizə gəlib”, – deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib:
– Qardaşımın evidir, gəlmişəm, sənə nə var, – dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa başladı.
– Ah, nə səbəbə əziz qardaşımın intiqamını xain qardaşımdan almayım, – deyə yaxında olan aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək istəyir” deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb ona verdi. Züleyxa yavaş-yavaş Gülzargilə gəlib xörək otağına girdi və şam etmək üçün hazırlanmış qablara bir qədər zəhər tökmək istədikdə, Fərhad qapını açıb içəri girdi. Şüşəni onun əlindən alıb, üstündə zəhər adını görcək çığırıb dedi:
– Mənimi zəhərləmək istəyirsən?!
– Səni zəhərləmək istəyirəm! Səni!
Fərhad Züleyxanın boğazından yapışıb stol üstünə yıxdı və bir vaxt buraxdı ki, Züleyxa ölmüşdü. Fərhad bacısının tappıltı ilə yerə dəydiyini görüb, özünü itirdi və titrəməyə başladı. Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib qalxdı, dal-dalı otaqdan çıxdı. Sabahısı qəzetlərdə yazıldı ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü öldürmüşdür.
Kamil bunu eşitcək tez məhəlli-hadisəyə gəldi. Şüşənin üstündə aptekin adını oxuyub, tez aptekçinin yanına getdi ki:
– Nə haqla anama zəhər satmışsınız?
Aptekçi məlum etdi ki:
– Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm.
Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki:
– Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır.
Züleyxanın boğazındakı nişanın Fərhadın mürəkkəbindən olduğunu sübut etdilər. Kamil bu məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi.
İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar.
Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı.
Lakin insanlar məhkəməsindən özünü pul ilə xilas edən Fərhad, vicdan və həya məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat!..
Həya və vicdan Fərhadı içindən bir vəhşi kimi çeynəyir, iti çəngəlli bir pələng kimi onu didirdi. Fərhad hara gedirsə, bu hal onu təqib edirdi. Nə qədər şad və fərəh-əfza bir yerdə olsa, Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif boğazından yapışdığı gözünün qabağına gəlirdi. Fərhad dərhal hövlnak geri çəkilir, çırpınmağa başlayırdı, adamlar onun başına yığılırdı. Fərhad bir azdan sonra yenə ayılırdı. Bu, bir dəfə olmadı. Camaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər xəyalından keçəndə öz-özünə deyirdi: “Ah, bu qədər də vəhşilik olarmı ki, mən etdim! Bu nə vicdansızlıqdı! Həyatını yolumda sərf edən əziz qardaşımı günəşin ziyasından məhrum edib, dilənçiliyə qədər endirdim. Yadımdadır o gecə… Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən yolla gedirdim, gördüm, iki gözdən kor olan qardaşım əllərini açıb yalvarır: “Din qardaşlarım mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi öz əlimlə boğub öldürdüm… Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm?..”. Fərhad tamamilə özünü itirirdi. Bir gün qəbiristana getdi. Yanyana qazılmış iki qəbrin arasında oturub ağladı: “Ah, bağışlayın məni, mən sizə zülm etdim… Bağışlayın bir günahkarı ki, dizi üstə çöküb sizdən üzr istəyir…” Fəqət məqbərələrdən heç bir cavab almadığı üçün kor-peşman evə qayıtdı. Qulluğa gedirdisə də, gördüyü işlər nəzərindən keçirkən, durub o tərəf-bu tərəfə çırpınırdı. Gah da yalvarıb zarıldayırdı. Fərhadın artıq işə yaramadığını görüb, qulluqdan xaric etdilər. O tamamilə dəyişib, üzünü tük basmışdı, başının saçları ağarmış, gözləri çuxura düşmüş, sanki bir qədər bundan irəli şad, məsud və məşhur bir mühəndis olan Fərhad bu deyilmiş, bu ancaq bir dəli imiş.
Həmişə şad bir həyat sürməyə adət edən Gülzar buna davam edə bilməyib, Fərhada:
– Mən sənin evində bu qədər əzab arasında qala bilmərəm, al bu sənin uşağın! – deyə balaca uşağı Fərhadın üstünə atıb getmək istədikdə, Fərhad diqqətlə Gülzarın üzünə baxdı, zira, onu görmək istəmədiyindən çoxdan onun üzünə baxmamışdı: o saatda, bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu:
– Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim evimizi yıxdı. Bu bəs deyilmiş kimi, indi qeyrisinin də evini yıxmağa gedirsən. Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün, bu qədər əzaba düçar olduğum üçün erkən solmuş xoşbəxt ailəmizin intiqamını səndən alacağam, xainliyinin cəzasını öz əlimlə verəcəyəm! Fərhad bunu deyib, Gülzarın boğazından yapışdı, boğub uşağın üstünə yıxdı: – Gör, bu da cəza… ədalət… mükafat… intiqam… – deyə məcnunanə addımlarla otaqdan çıxdı.
Fərhadı tutub həbsxanaya apardılar.
Bir neçə gündən sonra Kamil, yurist vəzifəsində gəlib, bütün anası barəsində cəm etdiyi məlumatı ədalət məhkəməsinə verdi, işin təzədən təhdid edilməsini tələb etdi. Mühakimə edilərkən Fərhaddan soruşdular: – Sənə isnad verirlər ki, Züleyxanı da sən boğub öldürmüşsən, nə ilə özünü safa çıxara bilərsən?
Fərhad əsə-əsə ayağa durub dedi:
– Bəli, doğrudur, mən öldürmüşəm, mən bədbəxt! Züleyxanı da mən öldürmüşəm, qardaşımın da gözlərinin kor olmasına mən bais olmuşam. O zamanlar mənim ürəyim daş kimi idi. Sonra həyatın iti pəncələri altında əzildim, didildim, özümün bu hala düşməyimə səbəb oldum. Məndən savayı bir xain də vardı ki, mənim bu hala düşməyimə çoxu o səbəb olmuşdu. Amma mən ondan öz intiqamımı aldım. İndi də xahiş edirəm ki, bacımla qardaşımın intiqamını məndən alasınız, – deyə Fərhad taqətdən düşüb, yerə yıxıldı.
Bir az keçəndən sonra ədalət məhkəməsinin üzvləri çıxıb məşhur mühəndis Fərhadın iyirmi il katorqa cəzasına məhkum edildiyini bildirdilər.
Fərhad, Züleyxa adını eşidəndə, yenə həmin müdhiş dəqiqələr gözü önündə durdu. Dizi üstə düşüb dedi:
– Bacım, Züleyxa bağışla məni!.. Gəlirəm qara üzlə sənin yanına… Bağışla məni… Oh, Züleyxa, günahkaram, bağışla!.. Ey məndən intiqam alan cavan, səndən çox razıyam ki, mənim tez həlak olub, əzablardan xilas olmağıma səbəb oldun. Barı gəl bu yaxşılığına görə üzündən öpüm.
Kamil Fərhadın acı halını görüb, imtina etməyib, yanına gəldi.
– Mən həmin qətlə yetirdiyin Züleyxanın oğlu Kamiləm, – dedi.
Bunu eşitcək Fərhad geri çəkildi.
– Get, mənim əllərim qanlıdır, sənin pak və müqəddəs bədəninə dəyməsin! Ancaq qiyamət günü anandan öz günahkar qardaşının əfv edilməsini xahiş edərsən. Get, əllərini mənim napak olan bədənimə vurma! Çəkil!.. – Fərhad əsərək, birdən yerə yıxılıb, ruhdan ayrıldı.
Axırıncı nəfəsdə Fərhadın ağzından ancaq bu sözlər eşidildi:
– Bağışla, Aslan!.. Bağışla, bacım Züleyxa!.. Gəlirəm… günahkaram… bağışla!
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?