Текст книги "Bir səsin faciəsi"
Автор книги: Cəfərzadə Əzizə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Meşə yox idi, meşəyə getsinlər. Dağlıq yox idi, dağa çıxsınlar. Dərələrdə, yarğanlarda, kahalarda gizlənsinlər. Görüşsünlər. Amma sevənlər üçün, özü də bu yaşda görüş yeri, dalda yeri tapmaq çətin olmur. Heç axtarmırlar da. Belə yerlər öz-özünə gəlib çıxır qabaqlarına. Köhnə samanlıqlar, qədim zağalar, atılıb qalmış, yiyəsiz balıstanlar… Bu zağaların birində necə, nə təhər, haçan sözləşdilərsə, haçan görüşdülərsə, haçan ürəkləri bir-birinə xəbər verdisə… Bir o gözəgörünməz, o qadir Allah bilir! Bəlkə, heç, növzənbillah, onun da xəbəri yoxdu. Məhəbbət deyilən o əzəli, o bəşərin davamiyyəti olan bir duyğu onların, o iki gözəl cavanın əlindən tutub apardı o zağaların birinə. Zağaların birində bir-iki dəfə elə-belə görüşdülər. Bir-iki dəfə əl-ələ tutuşdular. Nəfəs-nəfəsə dayandılar. Təmiz saman iyi verən, qızıl kimi par-par parıldayan samanların üstünə, gözərlərin üstünə nə zaman yan-yana oturduqlarını, nə zaman qol-qola olduqlarını özləri də bilmədi. Heç birisi. Nə Səfər Reyhanı rüsvay eləmək haqqında düşünmüşdü, nə də Reyhan Səfərdən ona bəla gələcəyini. Beləcə, günlərin birində qol-boyun, bu zağalardan birində iki sevgili o əbədi, o əzəli, o İNSAN davamiyyətinin amili olan hissin təsiriylə bir-birinə qovuşdular. Bir-birinə qovuşdular. Qovuşdular!!! Amma bir zaman özlərinə gəldilər ki, y-y-y-o-o-o-o!!! Heç özlərinə gəlmədilər! Həmin hiss ürəkciklərinə əbədi hakim kəsildi. Xudavəndi-aləm kimi hakim kəsildi! Pərvərdigari-aləm kimi hakim kəsildi! Heç biri yaman bir şey düşünmədi. Nə əvvəlini, nə axırını! Heç biri yaman bir şey düşünmədən bu şirin, bu dadlı hissin ardınca bir-iki gün, bir neçə dəfə dalbadal həmin zağada görüşdülər. Taleyin hazırladığı gərdək otağı kimi. Zülmün, sitəmin hazırladığı qınaq, danlaq, sərgərdanlıq başlanğıcı kimi!
Gülsənəm qızındakı dəyişikliyi əvvəldən hiss eləmişdi. Arabir pıçıltıyla, “Bala, gözümin işığı, a birdənəm, amandı, Ağa Səfərdən uzaq ol!” – demişdi. Amma deməkdən fayda nəydi? O qızını döyə bilmirdi, söyə bilmirdi. Baxtıkəmin adını dilinə gətirməliydi söyəndə, Baxtıkəmin ruhu inciyərdi döyəndə! Amma hər halda arabir qızı bərk çimdikləyir, çiyinlərini tutub sıxır, “Özünə də, mənə də qara gün ağlama, bala!” – deyirdi. Axır günlərdəysə lap ayrı cür olmuşdu qız. Nə gördüyü işi bilirdi, nə danışdığı sözü. Əlinə nə götürürdü, düşürdü. Gözləri od saçır, bəxtiyarlıqdan par-par yanırdı. Fikriysə yuxulu kimi xəyaldaydı. Kimin xəyalında olduğu Gülsənəmə də, elə kənizlərin, qaravaşların da hamısına bəlliydi.
Arabir Balaxanım arvad da Gülsənəmi yanlayır, pıçıldayırdı:
– Qızdan muğayat ol! Deyəsən, ömbərini bada verib.
– Nə danışırsan, ay xala?
– Xala neynəsin, bala? Gördüyümü deyirəm. Görmürsən, qız özündə-sözündə deyil? Qorxuram, səhv eləməyəm, verib ömbərini bada yazıq.
Belə söhbətlər yandırırdı Gülsənəmi. Onu da deyim ki, Şahnisə xanım özü də oğlundakı dəyişikliyi duymuşdu. Çörək yeyəndə də hərdən xəyala gedirdi. Dindirəndə də gözlərində bir sevinc, bir coşqunluq elə parıldayırdı ki, “hə” deyəsi yerdə “yox” deyirdi. Səadətinə qovuşmuş kimiydi.
Amma Şahnisə xanım Gülsənəm kimi narahat deyildi balasıyçün. Kişi xeylağına belə şeylər ayıb hesab olunmurdu. Dəcəllikdi, vəssalam. “Canı çıxsın, saxlasın özünü”. Bəla qızın bəlasıydı. “Canı çıxsın gözünün içindən. Kor deyil, kar deyil. Eşitmir böyüklər deyəni? Ölsün, saxlasın adını”. Bəli, qızın bəlasıydı. Oğlana nə var ki?! Oğlan belə şeylərdə sudan quru çıxırdı. Günah bilmirdilər. Nadinclik kimi baxırdılar onun günahına. Qız üçünsə… Özü də qulluqçu qızı üçün… Özü də kəniz qızı üçün! Bu, böyük bər-bəlaydı. Gülsənəmi qapıdan qova bilərdilər. Çörəksiz qalardı.
Yavaş-yavaş qızdakı dəyişiklik artdı. Qızdakı dəyişiklik artdıqca ananın da dünyası dəyişirdi. Qızın ürəyi bulananda yeriklədiyi anaya aydın oldu. İki əlilə öz başına qapaz saldı:
– Qoruya bilmədim bircə balanı, Baxtıkəm! Qoruya bilmədim. Nə bəlaydı düşdüm, Allah?! Nə bəlaydı düşdüm, Allah?! Özün qutar bizi.
Anayçün çətin olsa da, Gülsənəm ən ağır işləri gündən kölgələdiyi, yağışdan daldaladığı, ana ürəyində qoruduğu balasına gördürürdü. Ağır satıllar, ağır güyümlər doldurtdurur, ağır taylar verirdi arxasına. Gədələr dəyirmana dən daşıyanda ən ağır tayları qızın belinə qoyurdu. “Qızıl ipə bağlı deyil ki! Allah kərimdi, düşər, canımız qurtarar. Düşər, canı qurtarar bədbəxt balamın”. Çəmən demiş, “Elə bicin ömrü qızıl ipə bağlıymış”. Məhəbbət meyvəsi möhkəm oturubmuş yerində. Heç nə kömək eləmədi.
– A-a-a-az, xanımın pişik balasını niyə belə incidirsən? O ağır tayları nöş verirsən dalına? Qorxmursa-a-a-an? Ağazadəyə zərər toxunar, toxunmaz? Bilmirsən ki, belə ağacın meyvəsi möhkəm bağlanır budağına?
– Çəmən!
– Nə Çəmən, a-a-az? Vaxtında demədim sizə? Sımsığuvuza dəyirdi. “Öl” demirdim, “İt” demirdim, “Qarnı dombalar” deyirdim dənə. “Qaç” demirdim, “Qov” demirdim, gəlin olmamışa “Gözün açılsın” deyirdim.
Çəmən deyirdi bu sözləri, ucarlayırdı, çox söz deyirdi və hamı da ürəyində onun sözünü haqq hesab eləyirdi. Amma deyəsən, elə xanımın da qulağına Çəmən çatdırdı, ya başqası dedi. Elə çatdığı kimi də Şahnisə xanımı od götürdü. Otağına keçdi. Gülsənəmi yanına çağırtdırdı. Qalan kənizləri evdən uzaqlaşdırdı.
– Rədd ol burdan! – dedi.
Sonra incə, mötərizəyə bənzəyən çatma qaşlarını bir qədər də çatıb hirsli-hirsli Gülsənəmin üstünə fısıldadı:
– A köpək qızı, bura qız ərə verməyə gəlmisən? Pişiyüvi xanım eləməyə gətirmisən? Ya çörək yeməyə gəlmisən? Çörəyim səni tutsun! Nöş qorumadın qancığuvu? İtdən törəmövü? Mən sənə nə demişdim, hə? Kürsəyə gəlirdi qancığun? Koriydi gözün? Nöşün demədin mənə əvvəlindən? Yoxsa başını da özün tutmuşdun xanımlığın iddiasıynan? Ağa qayınanası olmaq həvəsiynən? Hə-ə-ə?
Gülsənəm əllərini sinəsində çarpazlayıb bu söyüş-qarğış şarıltısı altında durmuşdu; bir kəlmə danışa, gözlərindən yaz leysan yağışı kimi tökülüb axan yaşları silə, başını tərpədə, kirpiklərini qaldırıb xanımın üzünə baxa bilmirdi.
– Sənnən döyüləm, ay itin qarnından çıxan? Ay it küçükləyən? Qancığı nöş qorumadın? Nöş qorğalamadın? Yükdən, ağır iş-gücdən necə qoruyub qorğalayırsan? Bəs bunnan nöş çəkindirmədin? Səfərə nə var, cavan oğlandı. “Düyə göz eləməsə, kələ sıçramaz”. Küçüyün göz eləyib buğaya gələn düyə kimi, o da sıçrayıb. Bax, bir gör, nökərlərdən ondan o yana kim əl uzadıb sənin haramzadana?
– O haram deyil, xanım.
– Haram döyüldü? Haram döyüldüsə, nöş haram yeyirdi? Nəcisdən mundar qələt eləyib.
Gülsənəm nə cavab verəcəkdi? Gülsənəm inləyirdi. İnildəyirdi. İniltisini də bir özü, bir də Allahı eşidirdi. Göylərdə, başının üstündə uçan Baxtıkəmin ruhuydu. Başının üstündə qanad çalan Baxtıkəmin ruhuydu. Haradasa getdikcə göy gur-gur guruldayır, kükrəyirdi. Deyəsən, guruldayan Şahnisə xanımdı axı:
– Bilirsən, nə var, mənim öyüm4 haram görməyib. Mənim öyüm bəd əməl görməyib. Mənim öyüm pakdı. Yığışdır şələ-şülövü, götür çəngivi də, rədd ol mənim qapımdan.
Dizləri əsdi Gülsənəmin. Taqəti qalmadı ayaq üstə durmağa. Diz çökdü, əllərini aman istər kimi uzatdı:
– Xanım, qurban olum, hara gedə bilərəm? Hara üz tutum?
– Onun day mənə daxlı yoxdu. Özün bilərsən, hansı cəhənnəmə gedirsən, get! Gün axşama gedir, dəymirəm sənə. Nə qədər əlim-ayağım dəyməyib heç birinizə, nə qədər nökər qabağında rüsvay eləməmişəm, sabaynan – obaşdan, gün çıxmamış üzüqaranı da götür, itilin qapımdan. Bir də buralarda görünmə!
Gülsənəmin də, Reyhanın da bundan əvvəl illərlə yaşadıqları o evdə, o imarətin həyətində keçirdikləri son gecə ömürləri uzunu yadlarından çıxmadı sonralar.
Çəmən öyrənmişdi, bilirdi ki, xanım artıq qovub Gülsənəmi də, qızını da. Elə bil bədbəxt Gülsənəmdən, talesiz Reyhandan nəyinsə, kiminsə intiqamını alırdı Çəmən. Əslində, heç nəyin intiqamını almırdı. Sadəcə Çəmənin təbiətində zarafat həddini ötürdü. O zarafatın, şuxluğun qədərini, dərəcəsini bilmirdi.
Kimdisə axşamdan bəri Reyhana sataşmaqda olan Çəmənə dedi:
– Sən özün guya Ağa Səfər kimi novcavanın qabağında duruş gətirərdin? Sən özün duruş gətirərdin Ağa Səfərin qabağında?
Balaxanım dedi:
– İnsafın olsun, a-a-az, oğlu yerindədi ki, Çəmənin Ağa Səfər?!
Bu sözə ən çox hırıldayan hamıdan əvvəl Çəmən özü oldu, dedi:
– No-olsun? Vallah, heçcə yerə “yox” deməzdim. Bilirsən, neynərdim? Çoban döl vaxtı birinci doğulan quzunu qucağına alan kimi çəkərdim onu qoynuma. Başını qoyardım sinəmə. Yaylaq quzusu duz yalayan kimi yalardım onu. Deyərdim: “əm bu ağ dələmələrimi5. Dərdin mənə gəlsin. Mənimçün elə, özünçün öyrən. Ərsəyə çatanda, dişlərin çıxanda gərəyin olar, məni onda yada salarsan”.
Hamı qaqqıltıyla gülürdü. Təkcə küncə qısılmış Gülsənəmlə Reyhandan başqa. Kimsə dilləndi:
– Bu-u-uy… Allah ətüvü töksün.
“Ha-ha-ha” səsləri otağı başına götürmüşdü. Kənizlərdən biri gülə-gülə Çəməndən bir çimdik qopardı:
– Az-z-z, arvadda iştaha bax ha.
– İştah vaxtında mələ.
Çəmən ufuldadı, amma özü də zarafatyana gülə-gülə cavab verdi:
– İştahama korluq verən deyiləm.
Balaxanım arvad bayırdan gələn nökərlərdən birinin sifarişini kənizlərə yetirdi:
– Xanım xəbər göndərib ki, az qaqqıldasınlar. Səhər kim işləməli olacaq? Kəsün səsüvüzü. Baş-beynim dəng oldu. Qulağım getdi. Evdə, həyətdə heç kimi yatmağa qoymursuz.
Elə bil qurbağa gölünə daş atdın. Hamının səsi kəsildi. Gülsənəm və Reyhan bir-birinə qısılıb guya özlərini yuxuya getmiş kimi göstərirdilər. Amma oyaqdılar. O gecə karvanqıranla birlikdə darvazadan çıxanda arabir itlər hürürdü. Kəndin qırağına çatanda çaqqalların, kaftarların səsini eşidəndə canlarına qorxu doldu. Gülsənəmin də, qızın da bağrı yarıldı. Amma neyləmək olardı? Getməliydilər.
Xanımla axırıncı görüşü Gülsənəmin qəlbində, gözlərinin önündə təkrarlanırdı, axşamdan bəri Şahnisə xanım yatağının baş ucundan nəsə götürdü. Bükülü bir kağızdı. Deyəsən, manatlıqdı. Arvad pulu hikkəylə Gülsənəmin qucağına tulladı:
– Ala, başuvu bir yerə soxanacan gərəyin olar.
Gülsənəm sinəsinə tullanan pulun nə qədər olduğunu heç bilmədi. Əyilmədi, götürmədi. Göz yaşlarını yumruğunun dalıyla silə-silə otağı tərk etdi. Divarlardan tuturdu ki, yıxılmasın. Qabağına birinci çıxan Çəmən oldu:
– Hə-ə-ə-ə… Nə sımsığuvu sallamısan? No-oldu? Nə dedi xanım sənə?
Balaxanım özünü yetirdi:
– Aa-a-az rədd ol! Qoy, xalx öz dərdini çəksin.
Çəmən yenə fınxırdı, pıqqıldaya-pıqqıldaya xoruzlandı:
– Başımıza xeyir, bilməmişik. Day heç ağzımızı da açmayacağıq. Başımızın üstünə təzəlikcən böyük xanım yetişib. Təzə xanımlar tikiblər başımızın üstündə.
Gülsənəm otağa çəkilmədi. Birbaşa tövlələrə tərəf getdi. Bu gün nökərlər kərmə kəsirdilər. Kərmə kəsənlərə yardım eləmək borcuydu. Gülsənəm gözünün yaşını yaylığının ucuyla silə-silə nökərlərə kömək etməyə başladı. Heç kəs heç nə deməsə də, heç bir şey elan olunmasa da, artıq bütün həyət adamları hadisənin nə yerdə olduğunu bilirdi.
Karvanqıran6 doğanda Gülsənəm yerindən qalxdı. Hələ dan ulduzuna xeyli vardı. O isə karvanqıranı dan ulduzu saymışdı. Yavaşca balasını tərpətdi. Deyəsən, o da yatmamışdı. Birlikdə, heç kəs duymasın deyə pəncələri üstündə otaqdan çıxdılar. Həyətə endilər. Axşamdan Gülsənəmin gizlətdiyi boğçanı götürdülər. Boğçanın yanında bir-iki dənə kisə vardı. Gülsənəm yola götürmüşdü. Neçə ildən bəri çalışdığı, əmək sərf elədiyi bu yerdən, bu dolu evdən, bu kaşanədən nəydi qazancı? Bu iki boş kisə… Kisələrin dibini deşib oyuq açmışdı. Birini qızın, birini də özünün başına keçirtdi. Səhər ayazından qorunmaqçün. Əyinlərində nə vardı ki? Yavaş-yavaş, daldalarla evdən aralandılar. Hara gedəcək, kimə üz tutacaqdılar? Kimi tanıyırdılar bu göy çadır altında? Bu göy qübbə altında yaşayan minlərlə, milyonlarla insan içində? Hələ ki, heç biri nəsə bilmirdi. Xüsusilə, ana qayğılıydı. Gülsənəm bircə onu bilirdi ki, sığınacaq tapmalıdı. Balasının, özünün başını soxmaqçün. “Bir yandan bağlayan bir yandan açar” deyiblər. Dünya yaxşı insanlardan xali deyil. Elə rast gəldikləri birinci adam, onlara daldalanacaq verən birinci insan elatda el anası sayılan Anaqız oldu.
Anaqız bu kəndlər arasında falçılıq, əbəçilik7, türkəçarəçilik eləyən, tanınmış, hörmətli qadındı. Yaşını bilən yoxdu. Özü yaşdan söz düşəndə deyərdi ki, “tay-tuşlarımdan, həmyaşlarımdan qalan bircə mənəm. Mən də ancaq ona görə qalmışam ki, doğan arvadların, çətinliyə düşən zahıların fəryadına çatım. Azarlıların kürəyinə bardaq qoyum, əmləyim. Ot-ələfdən, tanıdıqlarımdan, bildiklərimdən dərman-dava düzəldib verim. Ona görə qalmışam Allahın köməkliyilə bu dünyada, yəqin ki”.
Əslində, Anaqız Gülsənəmi uzaq-yaxın tanıyırdı. Qapılar gəzən arvad idi. Hansı evdə olmamışdı ki? Bütün el-obanın içində, bütün qonşu, yaxın-uzaq kəndlərdə, demək olar ki, hamını tanıyırdı. Elə vaxtında Reyhanı da o tutmuşdu. Vaxtıyla Baxtıkəm onun qapısını döymüşdü:
– Nənə, ay nənə!
– Can nənə! Qurbanın olum, niyə gəlmisən, demirəm. Azarın var?
– Yox, ay nənə, üzüm ayağının altında. Bizim öy əhlinin vaxtı çatıb, deyəsən.
– Bıy, ba-aşuva dönüm. Tez ol, götür kürsünü cınağuva, gedək, – demişdi Bəxtiyara.
Dünyaya ətirli bir Reyhan gətirmişdi. İndi həmin Reyhan özü ana olmağa hazırlaşırdı. Daldalanacağı ona “nənə” deməyə başladığı Anaqız vermişdi. Ona da, anasına da. Anaqız Gülsənəmin dərdini, iki əl, bir təpə qalmağını başa düşdü.
– Ad deyirəm, ay bala, ad deyirəm, de. Bu dar dünyada kimim-kimsənəm yoxdu. Başqaları kimi Bəxtiyar da balamdı. Sizi çox tez qoydu, getdi. Heç yarı yol eləməmişdi. Çox tez qoydu, getdi. Deyir:
Fələyi dindireydim,
Bilməzin bildireydim.
Sənə yazı yazanda
Qələmin sındıreydım.
– Qızım! Qal burda. Mənə nökər-qulluqçu lazım deyil. Bir parça çörəyimi bir təhər qazanıram. El-camaat sağ olsun. Əlindən gələni sən də elərsən. Baxaq, görək, başımıza nə gəlir. Allah kərim Allahdı.
Azdan-çoxdan kəndin kattasına, onun arvadına əl yetirə-yetirə Gülsənəm özünün, qızının bütün ağırlığının Anaqızın çiyinlərinə düşməyinə razı olmadı. Ola da bilməzdi. Arvad özü nə qazanırdı ki? Əlqərəz, üçlükdə baş-başa verdilər, baş bir yaxadan çıxardılar. Birtəhər evdən çölə ayaq qoymayan Reyhanı qorudular, yad, narahat nəzərlərdən uzaqlaşdırdılar. Söz-sova yer qoymadılar. Üzüqara saysalar da, canına qıymadılar. Bir də ki, əslində, Reyhan özünü üzüqara hesab eləmirdi. Bu elə bir məhəbbət idi ki, bu elə bir dünya idi ki, bu elə bir hiss idi ki, Reyhan bu hissə candan təslim olmuşdu. Bəhrəsini görəcəkdi bu yaxınlarda. Səfərin yadigarını sinəsinə sıxacaqdı, az qalmışdı. Hərdən-hərdən sinəsindən bir az aşağı əlini qarnının üstünə qoyur, çır-çır çabalayan balasını dinləyirdi. Balasını. Səfərin balasını! Hələ bala dadını bilmirdi. Amma bilirdi ki, o bu dadlı günlərin, o dadlı günlərin yadigarıdı. Həm balıdı, həm balasıdı, həm bəlası.
Arabir Gülsənəmlə Anaqız arasında xısıltılı söhbət gedirdi. Reyhanın bundan nə xəbəri? O, öz aləmindəydi. Səfərdən ayrı düşsə də, onunla özü arasında incə bir tel vardı, bətnindəydi, çabalayırdı. O öz aləmində, qadınlar da öz aləmlərindəydilər.
– Səni deyib gəlirdim, yolu Allahım mənə salığ verdi, elə bil Baxtıkəmin ruhuydu bizə yol göstərən o gözəgörünməzin izniylə, nənəcan – deyirdi Gülsənəm.
– Nənən qurban.
– Göydə Allah…
– Növzənbillah… Allah umudunu kəsməsin.
– Göydə Allah, yerdə səndən umudluydum. Bədbəxtdan sən sarıdan o qədər xoş söz eşitmişdim ki…
Baxtıkəmi nəzərdə tuturdu. Hər ikisinin gözləri yaşardı.
– Allah rəhmət eləsin, varsa, günahından keçsin. Özü canlara dəyən igidiydi. Nə günahı vardı? Yanı Allah ona da rəhmət eləyib cənnətlik eləməsə, kimə elər, bilmirəm. Özü bilən məsləhətdi.
– Özü bilən məsləhətdi… – Gözünün yaşını yaylığının ucuyla silən Gülsənəm əks-səda kimi səsləndi.
– Rəhmətlik, balam, Reyhan qız doğulandan sonra hər qış qabağı Əsgərəyə8 gedəndə Allahdan gün oğurlayıb gələrdi. “Nənə, odununu gətirim?” – deyərdi. Deyərdim, “Ay gözümün görəri, qoca arvadam, günüm onun-bunun ocağının qırağında keçir. Öydə də olanda təzəknən-kərməynən keçinirəm. Mənə nə odun? Deyərdi, “Yox, ay nənə! Sən bütün elin nənəsisən. Qoca sümüklərin evdə də yaxşıca qızına, gərək ki, azarrının, zahının, dünyaya gələnin imdadına yetəsən”.
Cənnətlik, malağan furqonu dolusu odunu hardan alıb gətirirdi, neçəyə alırdı, bilməzdim. Bir günün içində yarardı, doğrardı, öz əliylə qurduğu çardağın altına səliqə-sahmanla elə yığardı, qışda, qar-girvədə, şaxtada-sazaqda odunu hasand götürə bilim, çox zəhmət çəkməyim. Əynində köynək elə islanırdı… Sıx-sər. “Ver, qurudum, ay bala”, – deyirdim. Utanardı. Verməzdi. Zorunan üstünə qurama yorğançanı atardım. “Çıxart-çıxart”, – deyərdim, “irağ-irağ sətəlcəm olarsan. Sonra gərək sənə özüm türkəçarə eləyəm, bardağ qoyam. Arvad-uşağının yanında xəcalət ollam”. Çıxardım dəhlizə, mən gələnəcən soyunardı. Qurama yorğançaya bürünərdi, oturub kəklikotudan, qantəpərdən dəmlədiyim çaydan içərdi. O içənəcən mən də köynəyini ocağın üstündə qurudub verərdim… Dünyanın işi belədi, biri yeyir, yağlansın, biri çəkir gödən ağrısın.
Anaqız arvad ildə bircə gün baş verən hadisəni, xatirəni elə canlı, elə yerli-yataqlı təsvir edirdi ki, bütün o sadə, sadə olduğu qədər də anlaşıqlı, doğma hallar, sözlər Gülsənəmin qəlbini titrədir, gah gülümsünür, gah da gözlərindən gilələnən yaşları silirdi. Bütün varlığıyla sevdiyi əri haqqındakı ən sadə hekayəti can-başla dinləyirdi. İnanırdı. Bilirdi. Baxtıkəm elə beləydi. Başqa cür ola da bilməzdi. Kimi dindirsən, kimdən soruşsan, kimlə qohumluğu, iş əlaqəsi olmuşdusa, Şirvan mahalında, şamaxılı qohumlarından üzübəri hamısı Bəxtiyar – Baxtıkəm haqqında belə danışar, belə vaysınar, onun cavan ərinə, beləcə, cənnət arzular, Allahdan rəhmət dilərdilər. Bu dost və tanışların, qohumların bir çoxu barəsində vaxtilə, uzun qış gecələrində Baxtıkəm ona şirin nağıl kimi danışmışdı. Elə buna görə də Gülsənəm “hara üz tutum, Allah?” – deyə ürəyində fəryad edəndə yadına hamıdan əvvəl Anaqız düşmüşdü.
– Mənə gəlməmiş kimə gələcəkdin? Hara gedəcəkdin? Allah da elə məsləhət bilib, salıb ürəyüvə. Qızçün da bu silahdı. Vaxtında. Vədəsində.
– Kaş, o vədə heç gəlməyəydi. İçində boğulaydı.
– Asi danışma, qızım, asi danışma. Necə olsa, Məhəmməd hümmətidi. Atası bəlli, anası bəlli. Neynəyəsən ki, yiyələri namərd çıxdı? Bilmək olmaz. Bəlkə, Allah ürəklərinə rəhm saldı. Aparram. Məhəbbət gözdədi. Şahnisə xanım nəvəsin görər.
Gülsənəm bütün varlığıyla etiraz elədi:
– Yox. Yo-o-ox… Özünü urvatdan salmağa qoymaram səni. Onlar elə adam döyüllər. İllah da ki xanım…
– Bəlkə, Şamaxı qohumları əl yetirə.
– Nə bilim, Vallah. Əvvəli orda qoca anası qalmışdı. Düzdü, ev-eşiyi filan olub, qalıbmış. İndi bu bir neçə ildə kişi rəhmətə gedəndən sonra əlaqəmiz tamam üzülüb. Genə özü sağlığında xəbər tuturdu. Heç day bilmirəm, o qoca anası sağdımı? Nə əl yetirə bilər? Sonra da Şamaxıdan qannılıq üstündə çıxıb axı. Anası bədbəxt qızı heç bircə günlüyə görüşə getməyinə də razı olmurdu. Deməyinə görə günahsızmış, qorxurmuş, o qannılıqla heç bir alağa-salağası olmayan balasına xata-bala toxunmasın. Qannıları çox güclüymüş. Nəsillərində kişi qismindən bir başıpapaqlı qalıbmış, o da bizimki.
– Nə deyirəm, ay bala! Onda başqa fənd quram, gərək.
Anaqızın düşüncələriylə Gülsənəmin düşüncələri arasındə fərq vardı. Əgər Gülsənəm bu çətin vəziyyətdən nə olursa-olsun fikri təkcə qızını xilas etməkdisə, Anaqızı düşündürən həm Reyhanını… Və həm də, ən başlıcası, bəlkə də, daha çox onun həyat verəcəyi körpənin taleyi idi. Anaqız istəyirdi ki, doğulan uşağı… Hələ nə olacaq? Dünyaya kim gələcək? Hansı bəxtikəm oğlan, ya hansı talesiz qız qədəm basacaq bu misilsiz, gözəl dünyamıza? İndidən nə bilmək olar, əziz oxucum? Azca da səbir elə.
* * *
Qonçabəyim təzəcə otuzunu doldurmuşdu. İndiki anlayışla cavan gəlin, o zamankı anlayışla artıq oturuşmağa başlayan arvaddı. Yaşıdları üç-beş, bəlkə, daha çox uşaq sahibi anaydı. Amma Qonçabəyimin övladı olmamışdı. Bədəni gənc qız təravətini saxlamışdı. Qəddü-qamətliydi. Çox zərif, incə vücudu zərxara, kimxa tuman, qanovuz köynək içində alışıb-yanırdı.
Hərdən Murad ağa tovuz quşu kimi otaqlarda qanad gərən Qonçabəyimi məhəbbət gözüylə seyr etdikcə düşünürdü: “Övlad vermədi böyük Allah bizə. Amma sənə baxanda fikrimə gəlir ki, o böyük, o qadir Allah, bəlkə də, səni elə təkcə məhəbbətçün yaradıb?! Qismətimə gözəllərin gözəli, incələrin qönçəsi düşüb. Bu da böyük xoşbəxtlikdir, duyan, gözəlliyin qiymətini bilən ər kişiyçün. Madyan, inək cinsindən deyilsən, mələk soylusan, Tanrım yaradan. Doğmayan, doğulmayan mələyimsən”. Vücudunda gərginlik duyulurdu. Bu gərginlik şirindi, dadlıydı, çağırırdı.
– İnşallah, xeyir olar.
– Nə yuxudu, canım? Danışsana.
– Yuxumda başdan-ayağa yamyaşıl paltar geymiş, yaşıl şal örtmüş arvad xeylağı sağ əlini sənə tərəf uzatdı: “Qonçanı pirə – peyğəmbər qəbrinə9 apar”.
– Amin! Göz üstə. Hardadı o pir?
– Bilmirəm.
– Yanı genə pir qalıb? Xıdır Zində10.
– Aparmısan.
– Sofu Həmid11.
– Getmişik.
– Pir Abdulkərim12.
– Keçən yaz.
– Şeyx Əyyub baba13.
– Ötən yay.
– Pir Xanəgah14.
– O payız.
– Qara Sofu15.
– Görmüşəm, nəzrini də vermişəm.
– Şıx Dursun16.
– Görmüşəm, ziyarət eləmişik.
– Sarı Seydan17.
– Olmuşuq.
– Baba Samit18.
– Qurbanı olduğumun iki dəfə ziyarətinə getmişik.
– Bibi Heybət19.
– Olmuşuq.
– Nənəmə danışdım yuxumu. Dedi, “Həzrət Fatimeyi-Zəhranı görmüsən yuxuda. Xanımlar xanımı, Peyğəmbər salavatullahın qızı. O pir də haradasa bu yaxın tərəflərdədi. Apararsan Qonçabəyimi. Hil-mixəkdən ətir almış tər qoca içəri girəndə ərindəki haləti daxili hisslə duyan, anlayan, anlaqlı qadın, nazla, qıyğacı-qıyğacı, ərkyana təbəssümlə Murad ağaya baxır, sonra da onun açıq qolları arasına şığıyır, gözəl başını kişisinin məğrur, amma ürəkdən bütün vücuduyla sevən sinəsinə söykəyirdi.
– Murad ağa…
– Nədi, canım?
– Bir yuxu görmüşəm.
– Xeyir olsun.
– Tez öyrən pirin yerini ha.
– Gözüm üstə, canım. Lap dünyanın o biri başında olsa da. Qoy bir soraqlaşım, yerin-yurdun öyrənim.
– Gözün ağrı görməsin.
İki bədən bir canda birləşdi…
Səhəri gün obaşdan, hələ gün çırtlamamış faytonçu Sadıq faytonunu darvazanın önündə hazır saxlamışdı. Dal həyətdə çıraq işığına ərzaq tədarükü görülür, kəsiləcək heyvan, təndir çörəyi, orada yuxa bişirmək üçün un, sac, çay üçün samovar, dəm çaydanı, qab-qacaq, paltar-palaz, gecələməkçün yatacaq tədarük edilir, seçilib furqona yığılırdı.
Qoşa at qoşulmuş faytondan çox da geri qalmamaqçün yükü ağır furqona dörd at qoşulmuşdu. Pir üstündə kişi işini faytonçu Sadıqla furqonçu Qasım görəcəkdi. Arvad iş-gücündən ötəri bircə diribaş kəniz Gülnigarı götürmüşdülər. Çöldə-bayırda olanda Murad ağanın etirazına məhəl qoymayan Qonçabəyim özü də iş gücə əl-ayaq verirdi.
Gün çıxmamış üfüqdə xəfif qızartısı bəlirəndə, dan yeri təzəcə-təzəcə qızaranda Murad ağayla Qonçabəyim faytona əyləşdilər. Sadıq kişi dal həyətdəki furqonçu da hərəkət əmrini eşitsin deyə ucadan səsləndi:
– Allah, Məhəmməd, ya Əli… Ağamı Allah saxlasın. Hay… Gözünə döndüyüm – deyə qamçısını atların üstündə havada oynatdı. Qamçı enmədən onu duyan atlar tərpəndi. Hər tərəf hələ qaranlıqdı. Qonçabəyim qaranlıqda sübhün sərin havasını köksünə çəkib əsnədi, bəzəkli başını ərinin çiyninə dayadı. Ürəyinə ümid dolu sükunət çökdü. Arxalarınca qoca Nisə qarının “qırxhaçar camı” dolusu su atıb dediyi sözləri eşitməsə də, duyurdu:
– Allah muradını versin, gəlin! Kaş bu yoldan əliboş qayıtmayasan. Rəbbim, bu rəbbi-qiblə ikinizi də muradınıza qovuşdursun. Amin, ya rəbbül-aləmin!
… Göz işlədikcə uzanan sapsarı, qumlu-torpaqlı çöldə əvvəlcə tünd kölgəli xəyal kimi görünən məscid, əlavə tikililər, xüsusilə, uca çinar, tut ağacları görünəndə Qonçabəyim gözlərini növbəti mürgüdən açıb gülümsədi, Murad ağa onun çutqudan ucları çıxmış cığalarını sığalladı:
– Ay yatdın ha.
– Çox yatmışam?
– Çiynimdən soruş. Deyəsən, o da “yatıb”.
Qonçabəyim “can-can” deyə-deyə ərinin çiynini ovuşdurdu.
– Bəsdi, əlini yorma. Zarafat eləyirəm.
– Murad ağa.
– Nədi, canım?
– Canın ağrımasın. Bu hansı pirdi, dedün? Adı belə bir təhərdi ey… Dilimə yatmayıb hələ.
– Cərcis peyğəmbərin mübarək qəbridi. Deyilənə görə, yüz iyirmi dörd min peyğəmbərdən dördü; İdris, Yunis, Asif, bir də bizim burdakı Cərcis peyğəmbər dörd dəfə kafirlər tərəfindən öldürülüb. Amma böyük Allahın əmrilə yenidən dirilib. Dörd dəfə ölüb dirilənlərdən biridi bu məzarda yatan müqəddəs.
– Can… can… Murad ağa, yanı bizim torpaqda da peyğəmbər olub?
– Nöş olmasın? Bizim torpağa nə gəlib ki?
– Heç nə. Elə.
– Qıza, yanı deyirsən, 124 min peyğəmbərdən birinin qəbri bizim torpaqdadısa, şübhə eləyirsən?
– Buy, Allah, sən saxla! Şübhə zad eləmirəm. Nə karəyəm? Qəbrinə qurban olduğumu indiyəcən yaxşı tanımamışam. Yoxsa nəzir-niyaz, sadağa göndərərdim qulluğuna. Özü də yaxın… Qulağımızın dibindəymiş. Bir günlük yol.
– O uzaq pirlər ki şöhrəti çox yayılıb, odu ki, biz də əvvəl oralara getmişik.
– Neynək, neynək. Səhvimizi canım qurban olduğu yuxumda xəbər verdi mənə.
– Allahdandı o da…
– Allahın özü irasta salsın, nəzrimiz qəbul olsun.
– Olar. Fikir eləmə, canım.
– Daha eləmirəm. Ürəyimə bir umud dolub ki, Murad!
Fayton bir qədər aralı gələn furqon məscidə yaxınlaşdıqca tikililər daha aydın görünürdü. Bu, mərkəzdə dördkünc qübbəli məscid binasıydı, ondan sağ tərəfdə bir neçə kiçik tikili görünürdü. On-on beş kvadrat metr sahəni tutan binaların ətrafını uca çinarlar, bir neçə tut və qarağac əhatə etmiş, sanki səhranın quru küləklərindən, günəşin yandırıcı şüalarından həm burda yaşayanları, həm də gələn zəvvarları qoruyurdu. Həyətin lap aşağı başında qoyun-qurbanlar kəsilməkçün xüsusi yer ayrılmışdı. Qurban qanları xüsusi novla yeraltı quyuya axır, cəmdəklər burada, hasara bənd edilmiş, arxasına tənəkə vurulmuş qənarələrə asılıb soyulurdu.
Uzaqdan ziyarətçilər gəldiyini duyan pir xidmətçiləri – mücəvvürlər hazırlıq görməyə başladılar. Samovarları, ocaqları alışdırmağa cumdular. Zəngin fayton və furqonun fərqinə varmışdılar. Az keçmiş həyəti səs başına götürdü:
– Ya Allah!
– Ya Allah, ziyarətimiz qəbul.
– Allah qəbul eləsin.
– Xoş gəlib, səfa gətirmisiz, ağam!
– Çox sağ olun.
– Ağa mətləbüzü versin.
Aralıdan iki qadın göründü. Yaşmaqlanıb şalının ucunu alnına çəkmiş Qonçabəyimi aralarına alıb yandakı tikililərdən birinə tərəf apardılar. Murad ağa kişilərin əhatəsində qaldı. Az sonra furqon da gəlib çıxdı. Pirin baş xidmətçisi Molla İsa ilk baxışdan zəvvarların gecələyəcəyini anladı. Ən təmiz, səliqəli hücrələrdən birini göz işarəsilə xidmətçilərə nişan verdi. Murad ağanın əşyaları həmin hücrəyə yerləşdirildi. Az sonra əl-üzünü yuyub bir az özünə gəlmiş Qonçabəyim həmin hücrəyə gətirildi. Arvadlar ondan artıq hər şeyi öyrənmişdilər: yuxu məsələsini də, nə diləyə gəldiklərini də. Heç on dəqiqə keçməmişdi, Gülnigar hazır samovarı gətirdi. Ərlə arvad qabaq-qənşər əyləşib çay içməyə başladılar:
– Qonça!
– Can.
– Canın ağrımasın. Molla məsləhət görür ki, əgər çox incığsızsa, bu gün dincəlin, sabah səhərdən ayini icra edək, biri gün qayıdarsız. Yox, əgər yorulmamısızsa, indi başlayaq.
Qonçabəyim tələsdiyindən çeçədi və dərhal yerindən qalxdı, Murad ağanın içindən bir sızıltı keçsə də, gülümsədi:
– Tələsmə, ay dəli qız, hələ bir çayını iç.
– Ömrümdə o qədər çay içmişəm ki! Biri bir az kəm olsun.
– Yaxşı. Deməli, onda mollaya deyim ki, indi istəyirik.
– Hə! Nə qədər tez olsa, o qədər yaxşıdı. Yuxum çin olacaq.
– Olacaq, inşallah. Dərd eləmə, canım!
Qadınlar Qançabəyimi Gülnigarla birlikdə “Suaxan” dedikləri tikiliyə gətirdilər. Xırda, dördkünc otaqçaydı. Ortada, sal daş döşəmənin üstünə iri, Lahıc işi mis teşt qoyulmuşdu. Yüksək sənət əsəriydi: teştin dilik-dilik kənarlarının alt tərəfi gözəl xətt və nəbati ornamentlər, butalarla bəzədilmiş, ayələr yazılmışdı. Xidmətçi arvadlardan birinin əlində “Qırxhaçar camı” vardı. Cama da ornament şəklinə salınmış ayələr yazılmışdı.
Divar boyu ilıq su doldurulmuş üç böyük satıl və sərnic dururdu. Bunlar da Lahıcda ornament, münasib yazılarla bəzədilmiş, kiminsə nəzri, vəqfi olaraq məscidə ehsan verilmişdi.
Gülnigar qapıya yaxın yerdə qoyulmuş taxtın üstündə xanımın zərxara boğçasını açmış, al sərqətvə, qələmkar qətfəsini və şəmsi-qəmər köynəyini qoymuş, gözləyirdi. Qadınların göstərişiylə Qonçabəyim üst paltarlarını bir-bir çıxarıb Gülnigara verir, o da büküb boğçanın açıq qanadı üstünə yığırdı. Nəhayət, Qonçabəyim təkcə ağ, ipək uzunluqda qaldı. Arvadlar onun qolundan tutub “bismillah” çəkə-çəkə teştin içinə saldılar. Qonçabəyim içinə doldurulmuş həyəcan, dərin etiqad və sonsuz ümidlə teştin içərisində diz çökdü. Üzü qibləyə durmuşdu.
Arvadlardan biri birinci satılı irəli çəkdi. Əlindəki camı doldurdu:
– Qızım, hörüklərini aç!
– Baş üstə.
Qonçabəyim az əvvəl məxmər çutqudan çıxardığı və başının ətrafına doladığı hamar, parlaq hörüklərini açdı, ağ uzunluğun üzərinə hər iki tərəfdən qara, qalın hörük sallandı.
– Sidqini dürüst elə!
– Ürəyini qəbrinə qurban olduğuma bağla!
– De ki, cənabət qüslü eləyirəm, paklığım, təmizliyimçün vacibdir, qürbətən illallah.
Qonçabəyim deyilənləri ürəkdən, sidq ilə təkrar edirdi. Sonra arvadın verdiyi camın birini başına, o birilərini sol və sağ çiyinlərinə tökdü. Əllərilə acışan gözlərini sildi. Ayinin birinci pilləsi başa çatdı. Arvadlar ikinci satılı irəli çəkdilər.
– Deyinən, ziyarətə gəlmişəm, ziyarətim qəbul olmaqçün ziyarət-dilək qüslü eləyirəm. Mənimçün vacibdir, qürbətən illallah.
Yenə də Qonçabəyim ayağa qalxıb camlardakı suyun birini başına, digər ikisini sol və sağ çiyinlərinə tökdü. İkinci mərhələ də bitdi.
Qadınlar ayinin üçüncü mərhələsini yerinə yetirməkçün üçüncü sərnici irəli çəkdilər. Qonçabəyimə elə gəlirdi, içində oturduğu teşt aşağıdan altı qızdırılan tava daşlar vasitəsilə qızır. Amma ürəyindəki ümid, etiqad, arzu o qədər güclüydü ki, bütün bunların fərqinə varacaq halda deyildi. Azacıq aralıda durub xanımının yaş ipək içindəki mütənasib vücudunu seyr edən Gülnigarın duakar pıçıltılarından xəbərsizdi: “İlahi, özün kömək ol xanıma! O cuvanəzənə qıyma, muradını ver, ilahi! Naümid qaytarma bu qapıdan, ay Allah! – deyirdi o titrək dodaqlar.
– Hə, xanım qızım, day axır ayindi.
– Sidqini Allaha bağla.
– Ürəyini, sidqini bu bargahın, bu ocağın sahibinə bağla! De ki, dərgahına gəlmişəm, ya nəbiyyi-xuda! De ki, ya Cərcis! Ya Nəbi! Ya Allahımın istəklilərindən istəklisi! Məni qapından, məni dərgahından əliboş, naümid qaytarma!
– De ki, Məhəmməd salavatullahın istəkli qızı, xanımlar xanımı, imam Həsən-Hüseyn anası, həzrəti Fatimə özü göndərib məni bu dərgaha. İndi də mətləbüvü aydın-açıq tut ürəyündə. De ki, mətləb qüslü eləyirəm, ya Allah.
Qonçabəyimin bütün o sözləri titrək dodaqları, çırpınan ürəyilə təkrarlayırdı. Ayağı altında teşt də istiydi, camlarda verilən su da soyuq deyildi, qədərincə istiydi. Amma nə hikmətdisə, yanaqları yandığı halda dodaqları gömgöy kəsilmişdi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?