Электронная библиотека » Eldar İlqaroğlu » » онлайн чтение - страница 2

Текст книги "Qızlar oxumasın"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Eldar İlqaroğlu


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

ARZUOLUNMAZ NIŞAN

Sevdiyi bu qız ona heç əhəmiyyət vermirdi. Onun biganəliyi Elmuradı daha da coşdurur, daha çox sevməyə başlayırdı. Rədd cavabı almasına baxmayaraq hər gün məhlələrinə gəlir, heç bir oğlanın ona baxmasına izn vermirdi. Günel isə öz növbəsində onun bu cür hərəkətlərindən bezir və daha çox qıcıqlanırdı. Qohumlardan, qonşulardan, hər tərəfdən Günelə xəbər göndərən Elmurad artıq müxtəlif təzyiqlərə başlamışdı…Ən pisi də bu idi ki, ata-anası qızılarını bu varlı ailədən olan Elmurada verməyə “beş əlli” hazır idilər. Günelin özündən böyük bacılarını da artıq evləndirib yerbəyer etmişdilər. Güneli qısa bir zamanda ərə vermək ata-anasının tamamlanmamış əsas həyat missiyaları idi. Həyat məqsədləri yalnız oğul evləndirib qız köçürtmək olan nə çox valideynlər var imiş, İlahi.

Söhbət nədən düşsə idi, axırı gəlib Elmurada çıxırdı. Günelin zəhləsi gedən bu mövzu bitmək bilmirdi. Elmurad elçi gəlmək üçün üst-üstə xəbər göndərir, Günel isə hər dəfə rədd edir və evdəki dava-qırğına səbəb olurdu. Əməlli-başlı insanların dilinə düşmüşdü, bu abırlı, həyalı qızın söz-söhbəti. Ən çox onu evdə anası əsəbiləşdirir, öz keçmişdən qalma fikirlərini yeri gəldi-gəlmədi Günelin beyninə yeridirdi. Günel onsuz da 9-cu sinfi bitirdikdən sonra onu təhsilə davam etməyə icazə verməyən valideynlərindən qəlbi qırılmışdı. Son danışıqlarında isə çox pis olmuşdu. Anasının sözləri onu çox sarsıtmışdı:

– Bircə səni ərə versəydim, rahat olardım, nə vaxta kimi evdə qalacaqsan, nə vaxta kimi atan sənin üçün pal-paltar alacaq? Elə ömür boyu yük olub üstümüzdə qalmayacaqsan ki? Gül kimi fürsət düşüb, çıx get də…

Bəzən anasının dilindən bu mövzu ilə bağlı elə qəribə sözlər eşidirdi ki, əli yerdən-göydən üzülürdü. Bütün ana-atalarmı övladlarına belə münasibətdə olurlar? Suallar, düşüncələr Güneli tarimar edirdi. Valideynlərinin nəzərində özünün lazımsızlığını duymaq, onun hislərinin, arzularının gərəksizliyini, onlar üçün iki qəpiyə dəymədiyini müşahidə etmək Günel üçün çətin deyildi. Anası Günelin ərə getməyini artıq arzulamaqla, təkid etməklə qalmırdı. Özü bildiyi üsullarla “ikiəlli çırmalanıb” bu işə girişmişdi.

Qız biləndə ki, anası onu ərə verməkdən ötrü falçıya, nə bilim dua yazana gedir, Günel dəhşətə gəlirdi.

–Yəni bunlar məndən o qədər beziblər? –deyə düşünürdü.

Bu dünyada özünə təkcə yaxın bildiyi valideynləri də indi onun çıxıb getməsi üçün çalışırdılar. Başqa çıxış yolu yox idi.

Yox, yox onun başqa bir sevdiyi, xoşladığı da yox idi. Heç yazıq qızın sevgi haqda düşünməyə macalı oldu ki? Sinifdəki qızların hərəsini bir oğlan istədiyi vaxtda Günelə kasıb, nimdaş geyiminə, sadə bəzək-düzəksiz görüntüsünə görə heç kim yaxın düşməmişdi. Artıq 9-cu sinfi bitirib məktəbdən uzaq düşmüş Günel “ev qızı” olmuşdu. Evin bütün işlərini istəsə də, istəməsə də, etməyə məhkum idi.

Universitetin sonuncu kursunda olan Elmurad isə ilk dəfə o vaxt 17 yaşı olan Güneli qohumlarının birinin toyunda görmüşdü. Həmin toya digər qızlar kimi Günel də gözəllik salonunda bəzənib gəlmişdi. Nədənsə evdəkilər onun toya bəzənib getməsi üçün həmişə pul tapırdılar. Düzünə qalsa, ayda-ildə bir dəfə olurdu belə qohum toyları. Günel də hər toya getmirdi, onsuz da …

Elmurad ağıllı, savadlı, həyatı dərk edə bilən bir gənc idi. Həm də çox diqqətli və həssas idi. Toyda onun diqqətini cəlb etmişdi ki, hamı rəqs etmək üçün canfəşanlıq etdiyi halda bir qız heç yerindən durmur, güclə də rəqsə dəvət edirdilər, getmirdi. Utancaqlığı al yanaqlarından hiss olunurdu, abırı və Şərq qadınına xas həyası simasından bəlli idi. Elmurad bu utancaq qızın gözlərinə baxdıqda isə vicuduna adını bilmədiyi bir həyacan hakim kəsilirdi. Bir neçə dəfə baxışları toqquşsa da Günel hər dəfəsində başını aşağı dikirdi. Şəlalə kimi uzun, dalğalı saçları çiyinlərindən süzülüb sinəsinə tökülmüşdü. Üzündəki məsum gülüşü, mənalı baxışı, hətta ciddi siması belə çox füsnkar idi. Hər göz qırpmasında uzun kipriklərinin qovuşması Elmuradın qəlbinə od salırdı. İndiyə qədər heç vaxt yaşamadığı bir hiss onu ağuşuna almışdı. Elə toydaca bu qız haqda maraqlanıb hərtərəfli məlumat öyrəndi. Günelin haqqında bütün eşitdikləri, onun illərdir axtardığı, arzuladığı və xəyal qurduğu kimi idi. Toydan bir neçə gün keçmişdi. Elmuradı yer-göy tutmurdu. Elə Günelgilin məhləsində ağac olub bitmişdi. Bir dəfə Güneli marketə gedərkən görüb yaxınlaşmışdı. Günel isə ona heç əhəmiyyət vermədən bütün suallarını cavabsız qoyub, tələsik ondan uzaqlaşmışdı.

Görkəm olaraq Elmurad heç də eybəcər filan deyildi, ipək kimi yumşaq və həmişə səliqəli daranmış saçları, dəbə uyğun və çox da abardıcı olmayan geyimi, normal bədən quruluşu. Bir sözlə, əksər qızların arzuladığı oğlan siması vardı. Günelin rədd cavabı verməsinin səbəbi isə onun zahiri görkəm və səthi istəklərə əhəmiyyət verməməsi, ciddi sevgi və evlilik mövzusunda isə özünəməxsus fikirləri və arzuları olması idi. Soruşanlara oğlanın özünü yaxşı apara bilməməsini, kişi ağırlığı deyə mənalandırılan o xüsusiyyətlərinin olmamasını, yüngüllük və ən əsası da sırtıqlıq etməsini bəhanə olaraq deyirdi. Halbuki, Elmurad tamamilə ciddi, sözünün və özü nün yerini bilən biri idi. Sadəcə son zamanlar ona nə olmuşdusa, özü də özündən baş açmırdı.

Universitetdə nə qədər qızdan xoşu gəlmişdi, hətta qızların ona dostluq təklif etməsi də olurdu, amma o heç vaxt indiki qədər həyacanlı, nə edəcəyini bilməyəcək halda olmamışdı. İkinci kursda bir müddət Pərvanə adlı bir qızla tez-tez görüşmüşdülər. Özünü heç vaxt qızların önündə asılı, aciz göstərməmişdi. Nədənsə, bu ailəcə kasıb, orta məktəbi bitirməmiş Güneldə nə var idisə, onu bütün varlığı ilə özünə əsir etmişdi. Onun üçün nəinki var-dövlətini, özünü də qurban verməyə hazır hiss edirdi. Ağlını başından alan bu alovlu məhəbbət onun bütün xarakterini, ideologiyasını alt-üst etmişdi. O, indi nəyin doğru, nəyin yanlış olduğunu düşünəcək halda deyildi. Bircə fikri var idi: Günellə evlənib xoşbəxt olmaq. Buna görə hər şeyə hazır idi. Elmuradın kifayət qədər sanballı, imkanlı valideynləri oğlanlarının kasıb ailədən olan bu qızla evlənməyinə könüldən razı olmasalar da, o, öz ata-anasını asanlıqla razı sala bilmişdi.

Eşidənlər, bilənlər hamısı Günelə tənə vururdular. Məxsusən, böyük bacısı Günay.

– Başın işləmir e sənin. O cür ailədən, o cür savadlı, gözəl-göyçək oğlanı rədd edirsən? Qalıb evdə neyləyəcəksən bundan yaxşısını tapacaqsan? İndi bacısından başqa da çox adamlar ona ağıl verirdilər. Elə yad adamlar bu mövzuda eyham vururdular ki, Günel bəzən anlamırdı ki, bu səmimiyyət necə yaranıb o yadlarla arasında.

Bütün bunlara baxmayaraq Günel tamam baqa düşüncədə idi. Heç vaxt anası, bacıları, yaxud gördüyü-tanıdığı qohum-qonşu gəlinləri kimi, qul-kölə təfəkkürü ilə istənilən fiziki işlərə razı olan gəlinlik və ən əsası, kortəbii analıq, valideynlik etmək istəmirdi. Yaxşını, pisi anlayan gündən bütün rəftarları, davranışları diqqətlə müşahidə edir, uşaqlıqdan başa düşürdü ki, uşaqların düzgün tərbiyyə almasında analar əvəzolunmaz rola malikdir. Daha sonralar böyüyüb bu qənaətə gəldi ki, ana olmaq uşaq doğurmaq, süd vermək, yemək vermək və paltar yumaqdan ibarət deyil. Yaxşı, savadlı, şəxsiyyətli bir övlad yetişdirmək üçün savadlı, intelektual, düşüncə üfüqləri geniş olan bir ana olmaq lazımdır. Elə bir ana ki, övladın hər halından anlayan, daim dəstək olan, yol göstərən olsun… Elə bir ana yox ki, ev işləri, qonşunun toyu, telefondakı söhbətlər, serialın hansısa personajı övladdan daha maraqlı olsun ona.

Heç kimə anlada bilmirdi ki, mənim ailə haqqında heç doğru-düzgün bir təsəvvürüm, bilgim, hazırlığım, məlumatım ən əsası da, gücüm yoxdur. Mən hələ özüm uşaq təfəkkürlü biriyəm, ailə qurub onu necə idarə edəcəyəm? Doğulacaq uşaqlarımı hansı təfəkkürlə böyüdəcəyəm? Onu narahat edən bu düşüncələr idi. O evliliyə çox ciddi yanaşırdı, yoxsa çox qızlar kimi elə gəlin paltarında şəklim olsun deyə evlənməyə nə var idi ki ? Əksəriyyəti də 1 il keçməmiş boşanırdı. Axı o bunları kimə danışacaqdı, kimə deyə bilərdi düşündüklərini? Bir hal da ki, onu evdə yad bir adam kimi hesab edirdilər, sözünə nəinki əhəmiyyət vermirdilər, hətta ona qulaq asmırdılar. Danışmaq istəyəndə ağzından vururdular. Əksər ailələrdə bu tendensiya var: kişi əsəbləşib arvada qışqırır, arvadı söyür. Arvadı da əsəbləşir uşaqları söyür, onlara qarğış edir. Uşaqlar da böyükdən balacaya kimin kimə gücü çatır ona qışqırır. Nəhayətdə, sonuncu uşaqda bitir, bircə o heç kimə qışqırıb əsəblərini sakit edə bilmir. Günel də evin sonuncusu olduğuna görə elə uşaqlıqdan həmişə o günahkar olurdu. Həmişə onu döyürdülər, söyürdülər, danlayırdılar. İndi də böyüyüb evlənəcək yaşda olsa belə, azacıq dəyişilik olsa da, demək olar ki, yenə eyni ab-hava hökm sürürdü.

Nəhayət, Günel bütün basqılara, sərt danışıqlara, dedi-qodulara son qoymaq üçün bu taleyüklü qərarını verdi. Evlənmək qərarı onun üçün asan deyildi. Amma bir təsəllisi var idi, hər gün min cür acı sözlər eşitdiyi, sevilmədiyi bir yerdən sevildiyi bir yerə gedəcəkdi. Elə razılıq verən kimi bir həftə keçməmiş nişanı etdilər. Toyun da vaxtını bildirdilər. Elmurad xoşbəxtlikdən uçurdu. Günelin isə heç ürəyi açılmırdı.


Doğru yolu seçən yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz… (İsra surəsi 15)

FƏRQLI TOY

Elmurad, ali təhsildən öncə hərbi xidməti başa vurduğu üçün universiteti bitirən kimi elə həmin yayda da toyları oldu.

Toy tam Elmuradın fikirlərinə, arzularına uyğun keçirildi. Ailəsindəki müstəqil mühit buna imkan verirdi. Valideynləri öz ahiman bir oğullarının toyunu dəbdəbəli, öz istəklərinə münasib toy keçirmək istəsələr də, Elmuradın fikirlərinə razı oldular. Atası oğluna demişdi ki, hər kəsin həyatda bircə dəfə toy etmək şansı olur, özün ağıllı, ali təhsilli, hər şeyi başa düşən bir yaşdasan. Necə istəyirsənsə, biz hər bir halda sənin yanındayıq, sənin xoşbəxtliyin, sevincin bizim üçün hər şeydən öndədir.

Bu ailənin övlada dəyər verməyi Günelin elə ilk günlərdən çox xoşuna gəlmişdi. İndiyə qədər ətrafında həmişə camaatın, el-obanın dediklərini, düşüncələrini övladlarının fikirlərindən üstün tutuan ailələr görmüşdü. Xeyirdə-şərdə, ümumiyyətlə, hər addımında ətrafdakıların necə düşünəcəyini, nə deyəcəklərini meyar tutub ailə üzvlərini, övladlarını, hətta toyu olan oğlunu-qızını gözü yaşlı edən valideynlər həddindən çox idi.

Günelin elə uşaqlıqdan qonaqlıqlar, toylar barədə fikirləri mənfi idi. Heç bir şadlıq evində, heç bir toy mərasimində səmimi münasibət, xoş ab-hava müşahidə etmirdi. İçkinin təsirindən keflənib atdanıb-düşən kişilərdən tutmuş özünün qır-qızılını, təzə aldığı pal-paltarı gözə soxmağa çalışan, bir-birlərinə acıq verən, toydan sonra da bir-birinin arxasınca qeybət edən qohum-əqrabalar çox zaman elə yalnız üzdə gülüb “Allah xeyir versin” deyə bilirdilər. Yadından çıxmamışdı, o uşaq olarkən evə gələn qohumların, dost-tanışların toy dəvətnaməsi evlərində əlavə qəm-qüssə, deyingənlik, söz-söhbət yaradırdı. Elə toy yiyəsi olduqları iki bacısının da toyları ailə üçün çox gərgin, stress, dava-dalaş içində keçmişdi. Toydan bir həftə öncədən, toydan bir həftə sonraya qədər evdə hər kəsin hüzuru qaçmışdı. Ən çox da evin kiçik qızı olan, yazıq Günelin halı çox pis idi. Hər kəs ona iş buyurur, hər kəs onu çağırır, nəsə əksik oldusa, nəsə bir problem çıxdısa, hər kəs onun üstünə qışqırırdı. Öz-özünə düşünürdü ki, bir toy ki, kimlərinsə əziyyətinə, əsəbinə, probleminə, qəlb qırıqlığına səbəb olursa, onun harası həyatın ən xoş günü olur ki? Başqalarının əziyyət və stresdə olduğu gün mənim xoşbəxt günüm ola bilməz axı… Demişdi ki, mənim üçün toy-filan etməyəsiz. Qəti istəmirdi.

Elə də oldu. Günelin toyunu etmədilər. Sadəcə yüngülvari xına mərasimi keçirib səhəri gəlinlik libasını geyindirib yola saldılar. Heç kimi incitmədi. Elmuradla evlənəcəyinə qərar verdikdən sonrakı ilk görüşdə bütün fikirlərini təklikdə onunla danışmışdı. Hətta cer-cehiz üçün də ata-anasının pulu olmadığını, ondan əvvəl iki bacısını gəlin köçürtdüklərini və hələ də banklarda kredit borclarının davam etdiyini Elmurada demişdi. O da tamamilə razı olmuşdu. “Onsuz da evimizdə istifadə edəcək hər şey var, nə də lazım olsa, alacağam, narahatçılıq yoxdur” demişdi. Bu Günelin çox xoşuna gəlmişdi, tam da arzuladığı kimi, gəlin köçərkən də ata-anasına yük olmamaq onun ən əsas istəyi idi. Şükürlər olsun ki, Elmurad və ailəsi də cer-cehizə, par-parçaya görə söz-söhbət salacaq qədər cılız düşüncəli deyildilər.

Elmuradın toyu, sırf onun istəyinə uyğun, şadlıq sarayındakı iki ayrı salonda baş tutdu. Bütün tədarükü eyni səviyyədə görülən salonların birində ancaq kişilər digərində isə ancaq xanımlar idi. Günel xanımlar olan salonda, Elmurad isə kişilər olan salonda səbəbkar kimi bəy və gəlin kürsüsündə oturmuşdular.

Günel, ömründə ilk dəfə belə fərqli toy mərasimi görsə də, çox bəyənmişdi. Hətta öncədən də Elmuradla toy haqqındakı danışıqları zamanı, onun bu cür toy xəyal etdiyini, təfərrüatlarını dinləyib təqdir etmişdi. Xüsusən, bütün servis personalının, musiqiçilərin, aparıcının, hətta kameramanın da xanımlardan olacağı Günelə çox maraqlı və kreativ bir ideya kimi görünmüşdü. Əslində, Günel üçün toyun necə olacağı o qədər də önəmli deyildi. Odur ki, nə deyirdilərsə, razılığını bildirirdi. O, bu ərəfələrdə ən çox gələcəkdə ailədəki rolunu, necə bir həyat yoldaşı, necə bir gəlin, ən əsası da necə bir ana olacağını düşünürdü. Əksər qızların 2-3 saatlıq geyinəcəyi gəlinlik libasının seçiminə saatlarla, hətta bəzən günlərlə zamanını, vaxtını israf etməsi ona çox məntiqsiz görünürdü. Adətən bütün bər-bəzəkli, zahirdə maraqlı “cool” görünən çox şeylərin 24, ya 48 saat sonra dəyərsiz olduğunu müşahidə etmşdi.

Amma Elmuradın toy günü, yəni gəlin keçdiyi gün hamı kimi onun üçün də maraqlı keçdi. Gəlin maşını ilə birbaşa şadlıq evinə getsələr də, Elmurad onu xanımlara aid mərasim zalında oturdub özü isə yanaşı olan digər zala keçmişdi. Günel, indiyə qədər çox toylarda müşahidə etmədiyi aramlıq, sakitlik, bəhs-bəhsdən qıraq bir ortamı açıqca müşahidə edirdi. Rəqs etmək istəyənlər elə də çox deyildi. Aparıcı xanım bəzilərini zorla rəqsə dəvət etsə də, bir az qol qaldırıb oynayıb otururdular. Əsasən, klassik və lirik musiqilər səslənirdi. Bu da Günelin çox xoşuna gəlmişdi. Qonaqların beyni dincəlirdi. Elə yanbayan salondakı kişi məclisində də vəziyyət eyni cür idi. Məclis, tar, kaman ifaçıları və məşhur xanəndə Mirələm Mirələmova tapşırıl mışdı. Əsasən, muğam dinləməyə üstünlük verən kişilər sonda səslənən milli musiqilərə durub rəqs edirdilər. Məclis tam Elmuradın ürəyincə olmuşdu. Elə atası da Elmurada qulaq asıb bu cür toy etməyə razılıq verdiyi üçün çox məmnun idi. İştirak edən hər kəs öz minnətdarlığını bildirirdi.

Toydan bir neçə gün keçməsinə baxmayaraq hamı bu toydan danışırdı. Evə gedib-gələn qonaqlar da xoş təəssüratlarını bölüşürdülər. Elmuradla Günel də bu toy haqqında çox söhbət etdilər.

– Bu cür toy keçirmək, yəqin ki, illərdir gördüyün, oxuduğun, yaşadığın təcrübələrin nəticəsi idi, hə? – Günel sual dolu baxışlarla soruşmuşdu.

– Əslində, bəli, hər təcrübənin, yaşadığımız, görüb şahid olduğumuz hər şeyin bizə mütləq bir mesajı olduğunu düşünürəm – Elmurad davam etdi – “heç bir şey təsadüfi baş vermir” deyiminə inanan insanlardanam. O üzdən hər nə olursa olsun, “bu olayın mənə hansı mesajı var?” deyə sual verirəm. Həyat da bu mesajlarla qəşəng dərslər verir. Elə ləzzət də bundadır ki, bir ömür mesajları ala-ala yaşayıb öyrənirsən və öyrənib yaşayırsan. Toy barədə isə hamı kimi mən də hələ uşaqlıqdan xəyallar qurardım. Hamı kimi ən dəbdəbəli, ən çal-çağırlı, ən üstün toyun mənim toyumun olmasını arzulayırdım. Yavaş-yavaş həyatın verdiyi dərslər mənə arzularımı, xəyallarımı təftiş etməyi, yaşamış olduğum ali məqsədlərin ziddinə hərəkət etməyin doğru olmadığını öyrətdi.

Elmurad davam edirdi: 6 ya 7-ci sinifdə oxuyarkən rayonda olan qohumların toyuna getmişdik. “Palatka toyu” deyirdilər o vaxt, məclisdə hamı ailəsiylə oturmuşdu. Çoxu bizi tanıyırdı, tanımaynlar da bizə “şəhərdən gələn qonaqlar” kimi baxırdı. Nisbətən geyim-keçimimiz də fərqli idi. Anam kənd qadınlarının geyiminə uyğun geyinmədiyi üçün hər kəs ona baxırdı. Əslində mən də toyda fərqinə varmışdım ki, anam dar və dizdən yuxarı ətək geyinib. Uşaq olduğum üçün ortalıqda tullanıb-düşür, digər qohum uşaqlarla oyun oynayırdıq. Arada durub biz də camaata qatılıb rəqs edir, sonra həmin o qohum uşaqların stollarına gedir, müxtəlif qazlı sulardan, şirələrdən süzüb içirdik. Anam rəqs edəndə kişilərin hamısının ona necə baxdığını görüb hirslənmişdim. Hətta stolların yanından keçərkən, əlində “rumka” olan bir “dayday”ın anamın rəqsinə ağzı sulana-sulana baxıb ədəbsiz söz işlətməsini də eşitmişdim. Rayondakı həmin o toy heç yadımdan çıxmır. Hələ toyun axırında gördüm həmin o içkili “kişilər” başqa qadınlara da baxır, söz atır, öz aralarında iyrənc söhbətlər edirlər. Uşaq olduğum üçün mənə heç kim fikir vermirdi, amma mən hər kəsə fikir verirdim. Nə isə, elə ondan sonra da eyni şeyləri bir az fərqli motivlərdə digər şəhər toylarında da müşahidə edirdim. Artıq gənclik illərimdə toylardan uzaq qalmağa başladım, getməməyi qərara aldım. Özüm üçün də bacardığım qədər münasib bir toy etməyi düşünürdüm həmişə. Elə bir toy ki, o toyda kiminsə namusuna baxmaq imkanı olmasın. Elə bir toy ki, heç kim içkidən partlayanacan içib gedib evdə ailəsini narahat etməsin. Və başqa məsələlər də var. Nəhayət ki, Allaha şükürlər olsun, o toy nəsib oldu. Çox şadam həm istədiyim qadın, həm də istədiyim toy nəsib oldu. Allaha sonsuz şükürlər olsun.


“…Ancaq ağıl sahibləri ibrət alar!” (Zümər surəsi 9)

SAVADSIZ ANA

Toydan sonra Günel yavaş-yavaş Elmuradı sevməyə başlamışdı. Elmuradda olan insani keyfiyyətləri yeni-yeni kəşf edirdi. Onun danışığı, davranışı, baxışı, duruşu, çox vaxt da mənalı susqunluğu Günelin qəlbinə elə yol tapmışdı ki, evdən çıxan kimi onun üçün darıxmağa başlayırdı. Elmurad bir ay idi ki, atasının “Binə” bazırındakı mağazasını işlədirdi. Məişət və mətbəxə aid müasir texnikaların satışı, sifarişlə xarici ölkələrdən gətirilməsi ilə məşğul idilər. Dükanlarında bu texnikalardan yaxşı başı çıxan bir usta və bir də satıcı olsa da Elmurad əsasən sifarişlərin qeydə alınması, vaxtında ölkəyə gətizdirilməsi, müştərilərə çatdırılması və ümumiyyətlə dükanın işinə nəzarət edirdi. Onun fikrinə görə insan sərbəst olaraq öz işində işləməsi çox yaxşıdır, nəin ki başqasının əmrinin altında. Əslində atası onun dövlət işində işləməsini istəyirdi. Bunun üçün kifayət qədər pulu və tanışı da var idi. Ancaq Elmurad razı olmadı. Rüşvətin və “dayday”ın hesabına vəzifə alanların özlərinin də məcburi rüşvətə bulaşmalı olduğunu çox yaxşı bilirdi. Qohumlardan bəzisinin belə “zibil”ə düşdüyünü, işdən çıxmaq istəsə də bunun müəyyən “bədəl ödəmədən” mümkünsüz olduğunu görürdü.

Günel hər gün səhər onu işə yola salar, günortadan sonra yolunu gözləyərdi. Qəribə hislər, xoş duyğular həyatını rəngarəng etmişdi. Bircə ayın içində elə sevməyə başladı ki, elə bil Elmuradı illərdir sevirdi. Elmurad da öz növbəsində ona hədiyyələr alır, birgə gəzintilərə gedirdilər. Bir sözlə, Günelin əvvəlki həyatından əsər-əlamət qalmamışdı. Əksinə sevimli həyat yoldaşı ilə xoşbəxt, firavan günlər keçirirdilər. Elmuradın dilinin əzbəri olan bir cümlə var idi: “Ən gözəl günlər qabaqdadır”. Həmişə gülər üzlə, baxışlarında parlayan ümidlə bu cümləni deyərdi…

Günel ən çox onun mənalı söhbətlərini sevirdi. Hər dəfə Elmuradı dinləməkdən xüsusi zövq alırdı. Onun intellekti, dünyagörüşü, hadisələrə özünəməxsus baxışı heyranedici idi. Lakin Günel bu münasibətlərin qarşılığında özündə bir boşluq hiss edirdi – savadsızlıq boşluğu… Hansı ki, bu boşluq sonradan onun həyatını bərbad hala gətirəcəkdi. Özü də narahat idi.

Elmurad çox istəyirdi onu da oxutdursun, hətta universitetə ödənişli əsaslarla da olsa, oxumağına razı idi. Amma Günel 9-cu sinfi bitirdikdən sonra məktəbə getmədiyi üçün “Attestat” almamışdı. Universitetə girmək üçün mütləq onbirillik təhsili bitirmək, tam orta təhsil haqqında şəhadətnamə əldə etməl lazım idi. Bu yaşda yenidən orta məktəbə qayıtmaq da olmazdı. Həm də o artıq gəlin idi və bir neçə aydan sonra ana olacaqdı. Elmurad da çox heyfislənirdi onun təhsil məsələsini həll edə bilmədiyi üçün…

– Bu qədər həvəsin ola-ola axı niyə oxumadın orta məktəbi?

– Bizdə ailədə nifrət etdiyim bir söz var idi: “Qız hara, oxumaq hara?” Bacılarım da hamısı doqquzuncu sinfədək oxudular.

– Bu nə təfəkküdür axı, başım çıxmır… ?

–Guya qızlar universitetə girəndən sonra artıq ailənin nəzarətindən azad olmaq, özü hər şeyə qərar vermək, müstəqil addımlar atmaq istəyirlər. Valideynlərimin düşüncəsinə görə “hamısı pozğun olur, özbaşınalıq edirlər və. s”

– Valideyn univeristetə qədər elə tərbiyə etməlidir ki, artıq bəlli yaşa çatdıqda qızından və ona verdiyi ədəb-ərkandan, əxlaqdan arxayın olsun. Əks halda valideynin özündə tərbiyəvi boşluqlar var.

–Bunu kaş o vaxtı gəlib qaynanan və qaynatana başa salaydın.

–Nə isə, boşla getsin, o qədər istiqaməti və baxış tərzi kor-koranə olan valideynlərin ucbatından övladlarının həyatları məhv olub ki… Sə nin bu cür keçmişin üçün çox üzülürəm, amma oxumaq heç bir zaman gec deyil. Bu heç də universitet oxumaqla məhdudlaşmır. Oxumaq bütün həyat boyu davam edir. Elə deyərdim ki, həyat bizə daim oxumaq, öyrənmək, kəşf etmək üçün verilib. Amma, əzizim, əgər bizim qızımız olsa, nəinki təhsil almasına, hətta öz ayağı üstdə dura bilməsi üçün bütün bacarıqlara yiyələnməsinə var gücümlə çalışacağam. Karate, cüdo, boks kimi döyüş növlərindən hansını istəsə, məşğul olmasını təmin edəcəyəm. Çünki bir qız, bir qadın və gələcəyin anası təhsilli olması ilə yanaşı həm güclü iradə, həm də lazım olan situasiyalarda özünü müdafiə edəcək qədər fiziki hazırlıqlı olmalıdır. Kiməsə, yad kişilərə, yad adamlara möhtac olmamalı, kiminsə onun qadınlıq kimi zərif və incəlik cəhətlərindən istifadəsinə icazə verməməlidir. Yeri gəldiyi zaman sözünü deməli, haqqını tapdayanlara açıq şəkildə etirazını bildirəcək özgüvənə sahib olmalıdır. Xüsusilə, qızlarımız-qadınlarımız addımbaşı müxtəlif təcavüzlərə məruz qaldığı indiki zamanda mütləq bir qız uşağının incəliyini, zərifliyini, qadınlıq həyasını qorumaq şərti ilə hərtərəfli potensiala malik olması labüddür.

Ailə qurandan sonra onların belə dialoqları sıx-sıx olurdu. Elmurad bəzən qadınlar haqqında danışanda sanki Günelin illərlə ürəyində qalan tikanları çıxarırdı. Bir dəfə kəndə qohumlarıgilə bir həftəlik dincəlməyə gedib orda yer şumlayan, balta ilə odun doğrayan, un kisəsini başına qoyub aparan, arabaya kərpic yığıb daşıyan, tövlədə işləməkdən peyin qoxusu verən qadınları görüb əsəbindən qala bilməmiş, həftə tamam olmamış Bakıya dönmüşdü. Elmurad qayıtdıqdan sonra evdə çığıraraq hirsini dağıdırdı:

– Niyə bu qadınlar özlərinə dəyər vermirlər, niyə kişilərdən özlərini daimi alçaq tuturlar, niyə kölələr kimi yaşamaqdan zövq alırlar, niyə Allahın zərif-incə məxluq kimi yaratdığı varlıq özünü azacıq hörmət qazanmaq üçün ən dözülməz əzablara vadar edir? Özü də çox vaxt onları heç kim məcbur etmir, özlərində yaratmış olduqları dəyərsizlik sindromu, xanımlığa xas çatışmazlıqları – boşluqları belə fiziki işlər görməklə doldurmaq istəyirlər. Əksinə özləri də bilmədən bir az da dəyərdən düşürlər. Ən acınacaqlısı da budur ki, o qadınlar heç vaxt əlinə kitab alıb oxumaq istəməyən, vurma cədvəlini düz əməlli bilməyən, savadsız və savadlanmağı istəməyən qadınlardır. Onların ailədə övladlarına yemək bişirməkdən və paltar yumaqdan başqa verəcək nələri olacaq ki?

Düzdür, bu sözlər Günelin ürəyinə, yayın qızmar istisində ciyəri yanan adamı sərin su sərinlədən kimi yayılırdı. Amma içində bir sızıltı da yaratmışdı. Axı o da savadsız idi…

Onun da hal-hazırda bətnində olan, 3 ay sonra bu kəşməkəşli dünyaya gələcək oğluna verəcək heç nəyi yox idi. Olmaya Elmurad bu sözləri ona da eşitdirmək məqsədiylə deyirdi, həm də belə əsəbi və həyacanlı halda. Hər bir halda Elmurada haqq verirdi. Axı elə o da bunları illərdir düşünürdü. Həmən gecə fikirdən gözünə yuxu gəlmirdi. Yatağında o tərəfə-bu tərəfə çevrilə-çevrilə qalmışdı. Nə vaxt yatdığını bilmədi.

“Oğlu artıq dördüncü sinifdə oxuyurdu. Məktəbdən gəlib dərslərini hazırlayırdı. Otağından çıxıb yanına gəlir və deyirdi: “ana, bu misalı həll edə bilmirəm, kömək edə bilərsən?” Günel baxır və çarəsiz halda deyir “qoy qalsın atan axşam gələr, kömək edər.” Köməksiz qalan uşaq öz otağına gedib bir az sonra yenidən qayıdır: “ana, müəllimə bir məsələ də verib, həll edə bilmirəm” Günel bu dəfə hirslənib uşağın başına çığırır: “Cəhənnəmə verib, gora verib, dedim axı mən heç nə bilmirəm, atan gələr, kömək edər.” Bundan pərt olan uşaq gözüyaşlı halda otağına geri qayıdır.

Hövlnak şəkildə ayılan Günel bunların yuxu olduğunu anlayıb ağlamağa başlayır. Bu cür hadisələri o da uşaq vaxtı çox yaşamışdı. O da ilk vaxtlar anasından kömək istədikdə xəyal qırıqlığına uğramışdı. Ümidləri sönmüşdü, bir müddət özünə gələ bilməmişdi. O vaxt bu ağrıları yaşamasın deyə özünə söz vermişdi ki, mən oxuyacağam, bilikli olacağam, mən “savadsız ana” olmayacağam. Amma sözünü tuta bilmədi, oxuya bilmədi. Qorxduğu, nifrət etdiyi məqamlar indi artıq onun kabusuna dönmüşdü. İndi o da artıq ailə qurmuşdu və ana olmağa hazırlaşırdı. İndi o da öz anası kimi olacaqdı, içində qınadığı, həmin o qorxduğu “savadsız ana”. Belə çıxır ki, bu elə belə də dövr edəcəkdi? Onun da övladları dilə gətirməsə də, onu qınayacaq, sonra nəvələri, sonra nəticələri…


Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı sahibləri dərk edərlər! (Bəqərə surəsi 269)

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации