Электронная библиотека » Elşən Bayramzadə » » онлайн чтение - страница 5

Текст книги "Amerika Prezidentləri"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Elşən Bayramzadə


Жанр: Учебная литература, Детские книги


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

MARTİN VAN BUREN
(MARTIN VAN BUREN)
(1837-1841)


Dünyanın bir çox dillərində özünə vətəndaşlıq hüququ qazanmış «Okey» sözünün qəribə yaranma tarixçəsi var. İstər xalq, istərsə də siyasi dairələrdə böyük nüfuza malik Ceksonun prezidentlik müddəti bitdikdən sonra növbəti prezidentin kim olacağı ictimaiyyət arasında geniş muzakirə edilir, qəzetlər ətraflı şərhlər verirdilər. Ceksonun yaxın ətrafına daxil olan Martin Van Buren bu vəzifəyə ən şanslı namizəd hesab edilirdi. Hətta qəzetlərdən biri ona Kinderhuk şəhərində anadan olduğu üçün «Qoca Kinderhuk» («Old Kinderhook»), və ya sadəcə «O. K» ləqəbi verir. İlk anda «ən uğurlu variant» mənasında işlənən «O. K» hərf birləşməsi sonradan «hər şey əladır» mənasını alır.

Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York yaxınlığındakı Kinderhuk şəhərində anadan olub. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiyini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi. Anası Mariya van Alen (Hoes) həmçinin holland əsilli olub tanınmış ailədən çıxmışdı. Martin ailənin beş uşağından üçüncüsü, eyni zamanda böyük oğul idi. İbtidai təhsilini əsasən latın dilini tədris edən məktəbdə alaraq, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlayır. O, dövrün tanınmış vəkillərindən biri Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyət göstərir. 1803-cü ildə məhkəmədə işləməyə başlarkən, artıq yerli siyasətdə Cefferson tərəfdarı kimi tanınırdı.

1807-ci ildə anasının uzaq qohumu Hanna Hoeslə ailə həyatı qurmuşdur.

30 yaşında Nyu-York senatına seçilən Van Buren doğma ştatın siyasi həyatında əhəmiyyətli rol oynayır. 1821-ci ildə Nyu-York Konstitusiya konventində ştatın siyasi sisteminin demokratikləşməsi uğrunda fəal mübarizə aparır. Elə həmin il ştatı Vaşinqtonda təmsil edəcək iki senatordan biri seçilir.

Prezident Adamsın yeritdiyi siyasi kursa müxalif olması onu Ceksonla yaxınlaşmağa sövq edir. 1828-ci ildə yenidən senator seçilsə də mandatdan imtina edərək Nyu-York qubernatoru seçkilərində namizədliyini irəli sürür. Bu siyasi gedişdə onun məqsədi, paralel olaraq keçirilən prezident seçkilərində Ceksonun namizədliyini təbliğ etmək idi. O, qubernator seçilsə də, 1829-cu ilin martında Ceksonun qurduğu kabinetdə xarici işlər naziri vəzifəsini tutur.

Prezidentin yaxın silahdaşı kimi 1831-ci ildə istefaya gedərək ona kabineti yenidən qurmaq imkanı yaradır. Van Buren İngiltərədə səfir təyin edilsə də, senatda olan müxalif qüvvələr buna razılıq vermir. Lakin çox keçmir ki, Ceksonun Van Buren haqqında daha ciddi fikirdə olduğu aşkar olur. Prezident onu özünün siyasi varisi görmək istəyirdi. 1836-cı ildə Ceksonun arzusuna uyğun olaraq Van Buren və Kentukki ştatından Riçard Consonun uyğun olaraq prezident və vitse-prezidentliyə namizədlikləri irəli sürülür.

Cekson və Van Burenin siyasi rəqibləri artıq viqlər partiyasında birləşsələr də seçkilərə vahid namizədlə gedə bilmədilər. Belə ki, 1836-cı il seçkilərində Ohayo ştatından olan U.H.Harrisonla birgə Tennessili H.L.Uayt, Massaçusetsdən D.Uebster, Cənubi Karolinadan U.P.Manqam da seçkiyə qoşuldular. Səslərin bölünməsi Van Burenin qələbəsini təmin etmiş oldu.

Bəziləri Van Burenin gələcək fəaliyyətini sadəcə Ceksonun üçüncü prezidentlik müddəti olacağını deyirdilər. Lakin verilən proqnozların əksinə olaraq, Van Buren bir çox məsələlərin həllinə özünəməxsus tərzdə yanaşırdı. Müharibələrin artıq tarixə çevrilməsi onu İngiltərə ilə mülayim davranmağa sövq edirdi.

1837-ci ildə baş vermiş iqtisadi böhran onun nüfuzuna böyük zərbə vurmuşdur. Qırxıncı illərə qədər davam etmiş iqtisadi böhran, onun növbəti seçkilərdə uğur qazanmamasının başlıca səbəbi olmuşdur. Buna baxmayaraq Van Buren prezidentliyi dövründə qarşıya çıxan bir çox problemləri müvəffəqiyyətlə həll edir. 1837-ci ilin qışında Niaqara çayında, 1838-ci ilin qışında isə şimal-şərq sərhəd zolağında İngiltərəylə, hər ikisi müharibə ilə nəticələnə biləcək qarşıdurma yaranır. Hər iki halda general Uinfild Skottun rəhbərliyi altında qoşunları Kanada ilə sərhəd bölgəsinə göndərən prezident ona münaqişədən yayınmaq və dostluq münasibətləri yaratmağı tapşırır. Bununla o, nəinki labüd müharibənin qarşısını alır, eyni zamanda Birləşmiş Ştatlarla Kanada arasında mübahisəli sərhəd problemini birdəfəlik həll edir.

Təəssüf ki, Van Buren bu uğurlardan səmərəli yararlana bilmir. 1840-cı il seçkilərində demokratların güclü köməyinə baxmayaraq viqlər partiyasının nümayəndəsi Uilyam Harrisona məğlub olur. Ümumi səsvermədə 46,8 % səs toplasa da, seçimçilər kollegiyasındakı səsvermədə pis nəticə göstərir (60: 234).

Belə ağır məğlubiyyətə uğraması onu heç də ruhdan salmır. Nyu-Yorkdakı fermasında yaşayan Van Buren yenidən siyasətə qayıtmaq haqqında düşünür. Bu məqsədlə 1842-ci ildə Birləşmiş Ştatlara səfərə çıxır. Lakin Texasın ilhaq edilməsinin əleyhdarı olması onun 1844-cü il prezident seçkilərində qələbə çalacağını şübhə altına salır və demokratlar ehtiyat varianta əl ataraq C.Polkun namizədliyini irəli sürürlər.

Van Buren yenidən öz malikanəsinə çəkilir. C.Polkun siyasi xəttinin cəmiyyətdə birmənali qarşılanmaması, quldarlığın ləğvi ilə əlaqədar partiya daxilində ikitirəliyin yaranmasına biganə qala bilməyən qoca siyasətçi 1848-ci il prezident seçkilərində namizədliyini irəli sürür. O, seçkilərdə yalnız üçüncü yeri tutsa da, nəticədən razı idi. Məhz onun sayəsində quldarlıq problemi ilk dəfə olaraq seçkiönü mübarizənin əsas amilinə çevrilirdi. Bu, eyni zamanda Şimal və Cənub arasında münaqişələrin başlanmasına rəvac vermişdir. Quldarlığın barışmaz əleyhdarı olan Van Buren ümumilikdə 10 % səs toplasa da Cənub ştatlarında bir səs belə ala bilmir.

Bu, Van Burenin milli siyasətdə sonuncu böyük çıxışı idi. 1853-55-ci illərdə Avropaya səyahətə çıxır və eyni zamanda tamamlaya bilmədiyi bioqrafiyasını yazmaqla məşğul olur. Burada o, siyasi partiyalara və müasir partiyalı dövlətə olan inamını bir daha təsdiq edir.

Ömrünün son illərini Kinderhukdakı Lindenvald malikanəsində keçirir. O, 24 iyul 1862-ci ildə, vətəndaş müharibəsinin qızğın vaxtında vəfat edir.

UİLYAM H.HARRİSON
(WILLIAM H. HARRISON)
(1841-1841)


XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış ingilis əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, varli quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək prezidentin atası Bencamin Harrison İstiqlaliyyət Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781-84-cü illərdə isə Virciniya qubernatoru olmuşdu.

Britaniya vətəndaşı kimi doğulmuş sonuncu prezident Uilyam Henri Harrison 1783-cü il 9 fevralda Virciniyanın Çarlz-Siti şəhərində dünyaya gəlib. Elmə xüsusi marağı ilə seçilməyən balaca Uilyam ibtidai təhsilini yerli Hempton-Sidni kollecində alır. Kolleci bitirən ərəfədə atasını itirən Uilyam ailənin digər üzvlərinin təkidi ilə tibbi təhsil almaq üçün Filadelfiyaya göndərilir. 17 yaşlı Harrison Kvaker-Sitidə tibb kollecinə daxil olur. Lakin növbəti il kollecdən çıxaraq hərbçi olmağa qərar verir.

1791-ci ildə orduya daxil olan gənc Harrison Virciniya qubernatoru R.H.Linin himayədarlığı ilə ABŞ ordusunun praporşiki olur. 22 yaşında ikən daşınmaz əmlak ticarətçisi və hakim Con Simmsin qızı Anna Tothil Simmslə ailə qurur. Gələcək karyerasında əhəmiyyətli rol oynamış uğurlu nikahdan onun doqquz övladı olmuşdur. Qeyd edək ki, oğlu Con Skott hələlik prezident oğlu və atası şərəfinə nail olmuş yeganə amerikalıdır. Belə ki, Con Skottun oğlu Bencamin Harrison 1888-ci ildə ABŞ prezidenti seçilmişdir.

23 illik hərbi karyerası ərzində əsasən hindularla çoxsayli döyüşlərdə iştirak edərək general-mayor rütbəsi alır. 1811-ci ildə Tippekenu-Krik yaxınlığında hindularla aparılan amansız döyüşlərdəki qələbəsi ona «Qoca Tippekenu» ləqəbini qazandırır. Hərbi nazirlə arasındakı ixtilaflar 1814-cü ildə onun istefasıyla sonuclanır.

İstefadan sonra siyasətlə məşğul olur. Əvvəl Ohayo ştatının Nümayəndələr Palatasında, sonra ştatın Vaşinqtonda, senatda nümayəndəsi kimi fəaliyyət göstərir. Adams administrasiyasında dövlət katibi olan H.Kley 1828-ci ildə onu Kolumbiyaya səfir göndərir. Harrisonun səfirliyi uzun çəkmir, yeni seçilən prezident Cekson onu geri çağırır və Harrison Ohayodakı Bend fermasına qayıdır.

Böyük külfətini dolandırmaq məqsədilə 1834-cü ildə yerli məhkəmədə katib işləməyə başlayır. 1836-cı il prezident seçkilərində Kley onun xalq arasında milli qəhrəman nüfuzunu nəzərə alaraq, viqlərin namizədi olmasına köməklik göstərir. Harrison seçkilərdə viqlərin üç namizədindən biri olur. Köhnə siyasət ustası, şöhrətpərəst Kleyin üç namizədlə seçkilərə getməkdə məqsədi, 12 il əvvəl olduğu kimi, demokratların nümayəndəsi Van Burenə zəruri minimum səs toplamaqda mane olmaq, seçkiləri Nümayəndələr Palatasına keçirmək idi. Lakin Van Burenin inamlı qələbəsi Kleyin məqsədini puç etdi.

1840-cı il seçkilərində Van Burenin iqtisadi böhran səbəbindən nüfuzunu itirməsi viqlərə qələbə imkanı yaratdı. Partiyanın namizədi olmaq istəyən Kley partiyadaxili müxalifətin ona mane olması səbəbiylə bu dəfə də istəyinə çatmır və partiyanın Harrisberqdə keçirilən konventində keçmiş seçkilərdə təcrübə toplamış Harrison namizəd göstərilir.

Bu dəfə tale üzünə gülür və o, böyük üstünlüklə prezident seçilir. Lakin seçkilər Harrisonun qələbəsindən daha çox M.Van Burenin acınacaqlı məğlubiyyəti ilə yadda qalmışdır. İqtisadi böhranın qarşısını ala bilməməsi ona inamı azaltmış, hətta doğma ştatı Nyu-Yorkda belə seçkiləri uduzmuşdu.

U.H.Harrison ABŞ prezidentlik tarixinə bir neçə rekord yazmışdır. Onların heç də hamısı müsbət işarəli olmamışdır. Əvvəla o, prezident seçilmiş ən yaşlı (67 yaş) şəxs idi (Onun bu rekordunu 1980-ci ildə prezident seçilən 70 yaşlı R.Reyqan təzələdi). İkincisi, onun prezidentliyi çox qısa, vur-tut bir ay sürmüşdür. İlk dəfə olaraq prezident, səlahiyyətlərini icra edərkən vəfat edir. 4 mart 1841-ci ildə qeyri-adi, saatyarımlıq inauqurasiya nitqi söyləyir. Soyuq və rütubətli mart havası səhhətinə mənfi təsir göstərir və o, sətəlcəm olur. Bir ay sonra 4 aprel 1841-ci ildə elə bu xəstəlikdən də vəfat edir.

CON TAYLER
(JOHN TYLER)
(1841-1845)


ABŞ Konstitusiyasına əsasən prezident seçkilərində qalibdən sonra ən çox səs toplamış şəxs vitse-prezident sayılmalı idi. Bu maddə elə ilk seçkilərdən özünü doğrultmadı. Belə ki, uzun müddət bir-biri ilə siyasi rəqabətdə olmuş iki şəxsin sonradan iş birliyində olması qeyri-mümkün idi. 1804-cü ildə Konstitusiyaya edilmiş düzəlişlə (bu düzəlişə əsasən prezident və vitse-prezidentliyə namizədlər əvvəlcədən müəyyənləşir və onlar uyğun vəzifələr uğrunda birgə mübarizə aparırlar) yaranmış presedent aradan götürüldü. Prezident öldükdə, vəzifəsindən kənarlaşdırıldıqda və Konstitusiyada nəzərdə tutulan digər hallarda səlahiyyətlərini icra edə bilmədikdə, ona məxsus bütün səlahiyyətlər vitse-prezidentə verilir. İlk belə vəziyyət Harrison qəflətən vəfat etdikdə yarandı və vitse-prezident Con Tayler prezidentlik səlahiyyətlərinin icrasına başladı.

İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Uilyamsburqda anadan olub. Atası Con Tayler varlı plantator və quldar olmaqla yanaşı ölkənin siyasi xadimləri, xüsusilə T. Ceffersonla dostluq əlaqələrinə malik idi. O, 1809-11-ci illərdə Virciniyanın qubernatoru, sonra isə ştatın federal məhkəməsinin hakimi olmuşdu.

Con Tayler ilk olaraq nüfuzlu «Uilyam Ənd Meri» kollecində oxuyur. Kolleci bitirdikdən sonra o dövrün aristokratik ənənələrinə uyğun olaraq vəkillik sənətinə yiyələnir. O, hüquqşünaslığı bu elmin görkəmli nümayəndələrinin rəhbərliyi altında öyrənir: əvvəl atası, sonra isə C.Vaşinqton administrasiyasında ədliyyə naziri olmuş məşhur Edmund Rendolf onun müəllimi olur. Özəl vəkillər kontoru açaraq qısa müddətdə varlanır. 23 yaşlı Con Virciniya müstəmləkəçisinin qızı Letisiya Kristianla evlənir. Onun vəfatından iki il sonra, 1842-ci ildə, özündən 30 yaş kiçik Culiya Qardinerlə ailə qurur. Taylerin iki nikahdan on dörd övladı olmuşdur.

Gənc yaşlarından siyasi fəaliyyət göstərməsi 21 yaşında Virciniya parlamentinə seçilməsi ilə sonuclanır. 1816-21-ci illərdə Konqresin Nümayəndələr Palatasının, 1827-36-cı illərdə isə senatın üzvü olur. 1825-27-ci illərdə Virciniya qubernatoru vəzifəsini tutmuşdur. Taylerin zəngin siyasi təcrübə toplamasına baxmayaraq konkret partiya mənsubluğu olmamışdır.

1836-cı il prezident seçkilərində bəzi ştatlarda H.Uaytla, digərlərində isə U.Harrisonla yanaşı vitse-prezidentliyə namizəd kimi çıxış edir. O, əsl cənublu kimi quldarlığın məhdudlaşdırılmasının, ittifaqın silah gücünə qorunub saxlanılmasının əleyhinə çıxır. Bununla o, Ceksonun rəqibinə çevrilir və nəticədə viqlər partiyasına yaxınlaşır. Partiyanın 1839-cu ildə keçirilən Konventində H.Kleyin namizədliyini müdafiə etsə də, Harrisonun namizədliyi göstərilir. Viqlərin Cənubda qələbəsinə kömək göstərəcəyini nəzərə alıb, Tayleri vitse-prezidentliyə namizəd göstərirlər.

4 mart 1841-ci ildə vəzifəsinin icrasına başlasa da, hökumətin formalaşdırılmasına təsir göstərə bilməyəcəyini anlayaraq Uilyamsburqdakı malikanəsinə çəkilir. Aprelin 5-də səhər tezdən prezidentin vəfatı xəbərini alaraq Vaşinqtona tələsir və növbəti gün ABŞ-ın 10-cu prezidenti kimi and içir.

Bəzi problemlərin həllində onun, hələ Harrisonun qurduğu kabinet üzvləri ilə ciddi fikir ayrılığı əmələ gəlir. Xüsusilə, prezidentin ABŞ Xəzinə Bankının yaradılması haqda qanun layihəsinə veto qoyması 1841-ci il 11 sentyabrda dövlət katibi Uebsterdən başqa bütün nazirlərin istefaya getməsi ilə nəticələnir. Eyni zamanda Tayler yeni üzv olduğu viqlər partiyasından xaric edilir.

Tayler iki gün ərzində Şimal və Cənubdan dəvət etdiyi tanınmış siyasətçi-viqlərin köməyilə yeni kabineti qurur. Dövlət katibi Uebster istefa verdikdə isə o, Con Kalxaunu bu vəzifəyə təyin edir. Bu öz növbəsində prezidentin Cənub ştatlarından olan demokratlarla yaxınlaşmasına səbəb olur. Tayler növbəti seçkilərdə Demokrat partiyasının namizədi olacağına ümid bəsləyir. Lakin özünə sadiq və etibarlı komanda yarada bilməməsi onun bu ümidlərini də heçə çıxarır.

Prezidentlik müddəti bitdikdən sonra Virciniyadakı malikanəsinə qayıdır. Demokratlarla sıx əlaqə saxlasa da aktiv siyasi fəaliyyət göstərmir. Son illər Uilyamsburqdakı kollecdə kansler kimi çalışır.

Yalnız hər an başlaya biləcək vətəndaş müharibəsi təhlükəsi, onu dinc kənd həyatından ayırır. Virciniya parlamentinin təşəbbüsü ilə müharibənin qarşısını almaq məqsədilə Vaşinqtonda aparılan danışıqlarda iştirak edir. Müharibənin labüdlüyünü başa düşərək doğma ştata İttifaqdan ayrılmağı məsləhət görmüşdür. Noyabr ayında İttifaqdan ayrılmış ştatların Nümayəndələr palatasına üzv seçilsə də, orada fəaliyyət göstərmək ona nəsib olmur. Con Tayler 1862-ci il 18 yanvarda 72 yaşında vəfat edir.

Onun adı ABŞ tarixində ən uğursuz prezidentlər sırasındadır. Xarici müşahidəçilər bunu hətta ABŞ Prezidentlik İnstitutunun böhranı kimi dəyərləndirirdilər. Lakin əslində belə deyil. Sadəcə Taylerin, şəxsi keyfiyyətlərinin naqisliyi ucbatından, bəzi tanınmış siyasi xadimlərlə dil tapa bilməməsi, onun yeritdiyi siyasi kursun Konqresdə dəstəklənməməsi ilə nəticələnmişdir. Prezidentlik İnstitutu belə siyasi çəkişmələrdən daha da təkmilləşmişdir.

CEYMS N.POLK
JAMES KNOKS POLK
(1845-1849)


ABŞ-ın 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Tennessiyə qayıdaraq Neşvilldə vəkillər kontorunda işləyir. 1824-cü ildə varlı biznesmen, böyük torpaq sahibi mayor Coel Çayldresin qızı Sara ilə ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Saranın atası vəfat etdikdən sonra, onun bütün varidatı, Tennessi və Alabamada malikanələr, çoxsaylı qullar Polklara çatmışdır.

E.Ceksonun və demokrat partiyasının inanılmış tərəfdarı olan Polk parlaq natiqlik bacarığı ilə hətta rəqiblərinin də hörmətini qazanmışdı. 1823-25-ci illərdə Tennessi parlamentinin üzvü olur. Onun çoxlu tanışları olsa da, onların çox az hissəsi ilə dostluq əlaqələri qurmuşdu. Endrü Cekson onun ən yaxın dostlarından biri idi. Məhz onun yaxından köməyi və himayədarlığı sayəsində Polk böyük siyasətə gəlmişdi.

Ştatın tanınmış şəxsləri ilə isti münasibətdə olması onun yerli milisin polkovniki və qanunverici orqanın üzvü seçilməsinə kömək etmişdi. 23 yaşında ikən Konqresə seçilir və 1825-39-cu illərdə burada fəaliyyət göstərir. Son dörd ildə Nümayəndələr Palatasının spikeri seçilmiş və burada demokratlar fraksiyasına rəhbərliyi ələ almışdı.

1839-41-ci illərdə Tennessinin qubernatoru kimi siyasi təcrübə toplayan Polk məğlub olduğu iki ardıcıl seçkidən (1841, 1843) sonra Vaşinqtona qayıdır. 1844-cü ildə demokratların Baltimorda keçirilən partiya konventində onu prezidentliyə namizəd göstərirlər. Bunun başlıca səbəbi partiyanın görkəmli xadimləri M.Van Buren, L.Kass və C.Bükenenin arasındakı qarşıdurma olur. Onlar qarşıdurmanı kəskinləşdirməkdən çəkinərək Polkun şəxsində ortaq məxrəcə gəlirlər.

Siyasi xadim olmaqla yanaşı, quldar olan Polk Cənubda böyük nüfuza malik idi. Cənublular onun prezident olacağı təqdirdə vergiləri azaldacağına, bankların özbaşınalığına qarşı çıxacağına ümid bəsləyirdilər. Viqlər demokratların seçiminə istehza ilə yanaşır, «Ceyms Polk kimdir axı?» kimi istehzalı şüarla çıxış edirdilər. Lakin Polk özünü seçkiönü mübarizənin bacarıqlı strateqi kimi göstərdi və müxtəlif regional maraqlardan öz xeyri üçün istifadə etdi. Belə ki, Texasın ilhaq edilməsi planı demokratlar arasında ikitirəliyin yaranmasına səbəb olmuşdu. Polk Şimalda seçiciləri Texasın ABŞ-a birləşdirilməsinin onların da marağı çərçivəsində olduğuna inandırmaq istəyirdi. O, senator Robert Uolkerlə birlikdə Cənubda qullar və quldarlar arasında başlaya biləcək hər hansı konfliktin Şimala da yayılacağını bildirirdi. Bunun qarşısını isə yalnız ABŞ ərazilərini genişləndirməklə almaq olardı. Polk quldarlığın əleyhinə olmasa da, onun ABŞ-a daxil edilmiş yeni ştatlara yayılmasının tərəfdarı deyildi.

Mühafizəkar viqlərdən fərqli olaraq Polk ictimai rəyin ərazilərin genişləndirilməsi tərəfində olduğunu yaxşı başa düşür və bundan səmərəli istifadə edirdi. Uğurlu seçkiönü kampaniya təşkil edə bilməsi, nəticədə onun viqlərin namizədi H.Kleydən daha çox səs toplaması ilə nəticələndi. Seçimçilər kollegiyasında Kleyə böyük fərqlə qalib gəlsə də (170:105), əhalinin seçkilərdə iştirak səviyyəsinin yüksək olmasına (79,9 %) baxmayaraq, yalnız 49,6 % səs topladı. 1824-cü ildən sonra ilk dəfə prezident 50 %-dən aşağı səs toplamaqla seçilirdi.

Nazirlərin təyin edilməsində Polk yüksək siyasi və inzibati bacarıq göstərmişdir. Dövlət katibi vəzifəsini tutan Ceyms Bükenenlə yanaşı Uilyam L.Mersi (hərbi), Robert Uolker (maliyyə), Corc Bankroft (hərbi-dəniz donanması) kimi yüksək səviyyəli mütəxəssislər kabinetə daxil edildilər. Onlar prezidentin demokratik prinsiplərini müdafiə etsələr də, icraedici hakimiyyətin siyasi kursuna əhəmiyyətli təsir göstərə bilmədilər. Çünki əsas kursu Polk özü müəyyənləşdirir və həyata keçirirdi. Bu isə onun prezidentliyi üçün bəzi problemlərin yaranması ilə nəticələndi.

Prezidentin gömrük xidmətini təkmilləşdirmək üçün vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsinə veto qoyması qərb demokratlarının partiyadan uzaqlaşmasına səbəb olur. Onlar Polku cənub ştatlarının mənafeyinə xidmət etməkdə günahlandırırdılar.

Prezident kimi fəaliyyətində əsasən ölkə ərazisinin genişləndirilməsi kursunu götürən Polk 1845-ci ilin dekabrında Texasın 28-ci ştat kimi ABŞ-a birləşdirilməsinə nail olur. Bunun ardınca o, həmin vaxt Meksikaya məxsus olan Nyu-Meksiko və Kaliforniyanı da İttifaqa daxil edir. Beləliklə Polkun prezidentliyi dövründə Birləşmiş Ştatların ərazisi 2/3-si qədər artırılır.

Səhhətində əmələ gələn problemlər üzündən Polk demokratların 1848-ci il prezident seçkilərinə namizədi olmaqdan imtina edir. Digər tərəfdən partiyadaxili müzakirələrdə onun artıq ikinci müddətə prezidentlik üçün yaramadığı fikri səslənirdi. Belə ki, partiyanın Şimal qanadı onun cənubluların mövqeyində dayanmasından narazı idi. Prezidentlik müddəti başa çatdıqdan sonra Tennessiyə qayıdaraq Neşvilldə yaşayır. Bir neçə ay sonra, 15 iyul 1849-cu ildə 53 yaşında vəfat edir.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации