Электронная библиотека » Евгений Тарле » » онлайн чтение - страница 2

Текст книги "Napoleon"


  • Текст добавлен: 19 декабря 2022, 09:01


Автор книги: Евгений Тарле


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Napoleon Parisə çatar-çatmaz yeni böyük müharibəyə başlamaq üçün Direktoriyadan razılıq almağa çalışdı: o, İngiltərəyə qarşı döyüşəcək ordunun generalı kimi qərara almışdı ki, Fransa donanması zəif olduğundan düşməni La-Manşdan yox, başqa yerdən təhdid etmək lazımdır. Beləliklə, Bonapart Misiri ələ keçirib, oradan İngiltərənin Hindistandakı hökmranlığına təhlükə yaratmağı təklif etdi.

“Bu adam dəli olmayıb ki?” – 1798-ci ilin yayında, artıq iş-işdən keçəndən sonra Avropada çoxları bu sözləri söyləyirdi. Çünki həmin vaxta kimi Bonapartın İngiltərəyə qarşı planı hamıdan gizli saxlanılmışdı.

Misirin işğalı və Suriyaya hərbi yürüş

Misirə hərbi yürüş Fransanın müstəmləkə işğalları tarixində xüsusi yer tutur. Bu, eyni zamanda Napoleonun karyerasında ikinci böyük müharibədir. Marsel burjuaziyasının və Fransanın cənub ərazilərində yaşayan əhalinin Balkan yarımadası, Suriya və Misirlə uzun illər davam edən əlverişli ticarət əlaqələri vardı. Bu ərazilər o dövrdə Osmanlı imperiyasının torpaqları sayılırdı. Fransanın hakim dairələri isə Misirə Hindistanla İndoneziyadakı ticari və siyasi rəqiblərini təhdid edə biləcəkləri strateji yer kimi baxırdılar. Məşhur filosof Leybnits2121
  Leybnits – alman filosof və riyaziyyatçısı Qotfrid Leybnist (1646-1716)


[Закрыть]
bir vaxtlar XIV Lüdovikə hollandiyalıların bütün Şərqdə mövqeyini laxlatmaq üçün Misiri işğal etməyi məsləhət görmüşdü. XVIII əsrin sonunda isə başlıca düşmən hollandiyalılar yox, ingilislər idi. Deməli, Fransanın siyasi rəhbərləri Misiri ələ keçirməyi təklif edən Bonaparta heç də dəli kimi baxmırdılar. Təəccüblü deyil ki, hətta ehtiyatlı, hər şeyə şübhə ilə yanaşan Xarici İşlər naziri Taleyran2222
  Fransız siyasətçisi və diplomatı Şarl Moris de Taleyran-Periqor (1754-1838)


[Закрыть]
da bu planı qətiyyətlə müdafiə edirdi.

Beləliklə, Kampo-Formiodan sonra indi başlıca düşmən İngiltərə idi. Bonapart bütün gücünü Misiri işğal etmək üçün Direktoriyadan donanma və ordu almağa yönəltmişdi. Şərq onu həmişə özünə cəlb eləyirdi. Sonralar Misir səhrasında gəzərkən yoldaşlarına yarızarafat, yarıciddi demişdi ki, heyif, çox gec doğulub, bir vaxtlar Misiri tutmuş Makedoniyalı İsgəndər kimi özünü Tanrı, ya Tanrının oğlu elan eləyə bilməz.

Direktoriyanı yola gətirmək üçün Bonapart çox da əziyyət çəkməli olmadı. Bunun da bir neçə səbəbi var idi. Birincisi, Direktoriyanın özü də iqtisadi, hərbi, siyasi baxımdan bu istiladan fayda güdürdü. İkincisi, səfərin uzaq və təhlükəli olması Bonapartın qəfil məşhurlaşmasından narahatlıq hissi keçirənlərin (o cümlədən Barrasın) işinə yarayırdı.

Nəhayət, yürüşə icazə verildi, Bonapart isə baş komandan təyin edildi. O dərhal hazırlıqlara başladı. Gəmilərə baxışdan tutmuş əsgərləri seçməyə qədər bütün işlərlə özü şəxsən məşğul olurdu. O, əsgərlərin çoxunu tanıyırdı. Ümumiyyətlə, Napoleonun yaddaşı ətrafındakıları həmişə heyrətə salırdı. Məsələn, o bilirdi ki, filan əsgər dözümlü və qoçaq olsa da əyyaşdır; digəri çox ağıllı və fərasətlidir, ancaq tez yorulur, çünki yırtıq xəstəliyindən əziyyət çəkir. Bonapart sonralar marşalları yaxşı seçdiyi kimi, kapralları, əsgərləri də dəqiqliklə seçirdi. İndi isə Misir yürüşündə ona əlli dərəcə istidə döyüşməyi, səhrada susuz qalmağı bacaran adamlar lazım idi.

1798-ci il mayın 19-da Bonapartın donanması Tulondan yola düşdü. 30 min adamın yerləşdiyi 350 irili-xırdalı gəmi, az qala, bütün Aralıq dənizi sahili boyunca üzməli və admiral Nelsonun eskadrasından2323
  Eskadra – eyni və ya müxtəlif növ hərbi gəmilərin böyük birləşməsi


[Закрыть]
yayınmalı idi.

Fransanın dəniz ekspedisiyasına hazırlıq gördüyündən, demək olar, bütün Avropa xəbərdardı. Bu ölkənin cənub limanlarında qızğın iş getdiyini, bura axın-axın əsgərlərin göndərildiyini, ekspedisiyanın başında isə Bonapartın dayanacağını İngiltərədə də yaxşı bilirdilər. Bəs ekspedisiya hara üz tutacaqdı? Bonapart şayiə buraxmışdı ki, məqsədi Cəbəlütariqdən2424
  Cəbəlütariq – Atlantik okeanı ilə Aralıq dənizi arasında boğaz, su keçidi


[Закрыть]
keçib İspaniyanı dolanaraq İrlandiyaya qoşun çıxarmaqdır. Bu şayiə Nelsonu çaş baş saldı: fransız donanması limandan çıxıb şərqə – Maltaya yönələndə, o, Napoleonu Cəbəlütariqdə gözləyirdi.

General Bonapart Maltaya yaxınlaşıb adanın təslim olmasını tələb etdi və buna nail oldu. Buranı Fransanın torpağı elan edib, bir neçə gündən sonra Misirə doğru üzdü. 30 iyunda öz ordusu ilə İsgəndəriyyə şəhəri yaxınlığında lövbər saldı. Buradaca məlum oldu ki, iki gün əvvəl ingilis eskadrası şəhərə yaxınlaşaraq Bonapartı xəbər alıb. Vəziyyət təhlükəli idi. Deməli, Nelson fransızların Maltanı tutduğunu eşidincə aldandığını anlayaraq Misirə doğru tələsib. İstəyi də budur ki, fransız donanmasını quruya çıxmağa macal tapmadan dənizdəcə batırsın. Ancaq məhz bu tələskənliyi ona ziyan vurdu; İsgəndəriyyədə ona deyəndə ki, Bonapart adlı adamı tanımırlar, Nelson Konstantinopola üz tutdu. Bu da fransız ordusunu xilas etdi. Qeyd etdiyimiz kimi, həmin dövrdə Misir türk sultanının torpağı sayılırdı. Lakin ölkəni idarə edən məmlük bəyləri sultana xərac versələr də, faktiki olaraq Konstantinopoldan2525
  Konstantinopol – İstanbul


[Закрыть]
asılı deyildilər.

Misirə yürüş edən Bonapart özünü elə göstərirdi ki, guya türk sultanı ilə vuruşmaq niyyətində deyil. Əksinə, onunla dostluq əlaqəsi saxlayır və ərəbləri məmlük bəylərinin əsarətindən xilas etməyə gəlib. Napoleon həmçinin islam dininə hörmətlə yanaşdığını deyirdi. Sonra isə ona tabe olmayana qarşı ciddi ölçü götürəcəyini söyləyirdi.

Bonapart İsgəndəriyyənin ardınca Qahirəyə doğru irəlilədi. Qorxmuş əhali baş verənləri dinməzcə seyr eləyirdi. Onlar Bonapart haqqında heç nə eşitməmişdilər, bura niyə gəldiyini, hətta kiminlə vuruşduğunu belə bilmirdilər.

Daha sonra Napoleon Suriyaya yürüş etmək üçün hazırlığa başladı. Fransadan gətirdiyi alimləri özü ilə ora aparmaq istəmirdi. Bonapart müasiri olan alimlərə dərin hörmət bəsləmirdi. Lakin onlara konkret tapşırıqlar verdikdə böyük faydalarının dəyə biləcəyini gözəl anlayırdı. Bu səbəbdən də ekspedisiyaya daxil etdiyi alimlərə ayrıca diqqət göstərirdi. Bonapartın məmlüklərlə bir döyüşdən əvvəl verdiyi əmr xeyli məşhurdur: “Eşşəklər və alimlər ortaya!” O bu əmrlə yürüş zamanı əsgərlərə əvəzsiz köməyi dəyən uzunqulaqlarla elm nümayəndələrinin təhlükəsizliyini təmin etmək məqsədi güdürdü.

Qeyd etmək lazımdır ki, Bonapartın hərbi yürüşü misirşünaslığın inkişafında böyük rol oynadı. Onunla gələn alimlər insan sivilizasiyasının beşiyi olan bu qədim diyarı elm üçün kəşf etdilər.

1798-ci ilin oktyabrında Qahirədə üsyana cəhd edildi. İşğalçı ordunun bir neçə əsgəri hücuma məruz qaldı və öldürüldü. Üsyançılar üç gün ərzində bəzi məhəllələrdə ciddi müqavimət göstərdilər. Qiyam amansızcasına yatırıldı. Hətta sonrakı günlərdə də hər gün on-on beş adam edam edilirdi.

Çox keçmədi ki, Qahirədəki üsyan yaxınlıqdakı kəndlərə də sıçradı. General Bonapart elə ilk üsyandan xəbər tutan kimi əmr etdi ki, həmin kəndləri mühasirəyə alıb bütün kişiləri qırsınlar, evləri isə yandırsınlar. Əmr dəqiqliklə yerinə yetirildi.

Bu arada Bonapart iki təhlükə ilə hesablaşmağa məcbur idi. Birincisi, admiral Nelson, nəhayət, fransız eskadrasını haqlayıb tamamilə məhv etmiş, admiral Briey isə döyüşdə həlak olmuşdu. Beləliklə, Misirdə döyüşən ordunun Fransa ilə əlaqəsi kəsilmişdi. İkincisi, Osmanlı sultanı Suriyaya ordu yollamışdı.

Bonapart türklərin qarşısına çıxmaq üçün Suriyaya doğru irəlilədi. Şəhərlər bir-birinin ardınca fransızlara təslim olurdu. Napoleon Süveyş boğazından keçib 1799-cu il martın 4-də Yaffa şəhərini mühasirəyə aldı. Şəhər təslim olmaq istəmədi. Belədə elan edildi ki, Yaffa hücumla tutulsa, bütün əhali qılıncdan keçiriləcək, hətta bir nəfər belə əsir götürülməyəcək. Yaffa yenə təslim olmadı. Martın 6-da şəhərə hücum başladı. Tezliklə Yaffaya soxulan əsgərlər heç kimə rəhm etmədilər. Evlər, dükanlar yağmalandı. Qarət başa çatanda Napoleona xəbər verildi ki, əsasən, albanlardan ibarət 4 minə yaxın silah-sursatlı Osmanlı əsgəri həyatları bağışlanacağı təqdirdə təslim olacaqlarını bildirirlər. Fansız zabitləri də buna razılıq veriblər.

Napoleon bu xəbərə bərk qəzəbləndi: “İndi mən onları yedizdirmək üçün ərzağı haradan tapacam?” Gəmi də yox idi ki, Osmanlı əsgərlərini dəniz vasitəsilə Misirə göndərsinlər. Napoleon dörd gün tərəddüd eləyəndən sonra həmin döyüşçülərin güllələnməsinə qərar verdi. Sonralar bir fransız zabiti yazmışdı: “Bu güllələnmə səhnəsini görməyi heç kimə arzulamıram”.

Bundan dərhal sonra Napoleon Akka qalasına doğru hərəkət etdi. Akkanın mühasirəsi iki ay sürdü və uğursuzluqla nəticələndi. Mühasirə zamanı fransızlar üç min əsgər itirdilər və təzədən Misirə qayıtmağa məcbur oldular.

Geriyə qayıdan ordu daha böyük çətinliklə üzləşdi. Çünki mayın axırı, iyunun əvvəlləri idi və bu vaxtlar həmin yerlərdə dözülməz istilər olurdu. Onu da qeyd edək ki, Suriyadan Misirə qayıdarkən Bonapart bu yürüşün bütün məhrumiyyətini əsgərləri ilə birgə yaşamışdı. Baş komandan olduğu üçün ona ayrılan ekipajdan belə imtina etmişdi. Bütün arabalar, ekipajlar sadəcə yaralıları daşımaq üçün ayrılmışdı.

1799-cu il iyunun 14-də Bonapartın ordusu Qahirəyə qayıtdı. Bu vaxt heç kimin gözləmədiyi bir hadisə baş verdi. Uzun aylardır Avropadan məlumatı olmayan Napoleon təsadüfən əlinə düşən qəzetdən xəbər tutdu ki, Avstriya, İngiltərə, Rusiya və Neapol krallığı Fransaya qarşı müharibəyə başlayıb. Hətta rus generalı Suvorov İtaliyada fransızları darmadağın edib. Fransanın özündə isə qarışıqlıq idi, Direktoriyaya qarşı narazılıq artmışdı. “Yaramazlar! İtaliya itirilib! Zəhmətim hədər gedib! Mən dərhal yola düşməliyəm!” – Napoleon qəzeti oxuyan kimi belə demişdi.

Ordunun komandanlığını general Kleberə həvalə edən Bonapart dörd gəmini səfər üçün hazırlamağı əmr etdi. Sonra isə 500 seçmə əsgər və zabiti özü ilə götürərək 1799-cu il avqustun 23-də Fransaya yola düşdü.

On səkkiz brümer

Napoleonun Misirdən Fransaya yola düşməsinin bircə səbəbi vardı: Direktoriyanı devirib dövlətin başına keçmək!

1799-cu il oktyabrın 8-də onun gəmiləri Frejüs burnuna tərəf yan aldı. Həmin gündən Napoleonun Fransa hökmdarı olacağı 9 noyabra kimi ölkədə hansı vəziyyət hökm sürürdü?

Direktoriya artıq öz dayaqlarını itirmişdi. İri burjuaziya diktatorun – ticarəti bərpa, sənayeni inkişaf etdirəcək, Fransaya ləyaqətli sülh və daxili “qayda-qanun” gətirəcək adamın arzusunda idi. Xırda və orta burjuaziya da (xüsusilə, torpaq sahibi olmuş varlı kəndlilər) – eyni şeyi istəyirdi.

Kütləvi şəkildə tərk-silah olunduqdan və terrora məruz qaldıqdan sonra Paris fəhlələri də iri burjuaziyanın, möhtəkirlərin, dövlət malını talayanların mənafelərini qoruyan Direktoriyanı müdafiə etməyə əsla meyilli deyildilər.

Ordu haqqında isə ümumiyyətlə danışmağa dəyməzdi. Əsgərlər xeyli vaxtdır Misirdə olan Bonapartın xiffətini eləyir, talançıların ucbatından aclıq çəkdiklərinə, nahaq yerə ölümə göndərildiklərinə görə şikayətlənirdilər.

Bu arada Vandeyada monarxiyaçılar hərəkatı qəfil alovlanmışdı. Həmin hərəkatın nümayəndələri o qədər cəsarətlənmişdilər ki, hətta küçələrdə “Rədd olsun respublika!” deyə qışqırırdılar. General Massenanın 1799-cu ildə İsveçrədə Korsakovun qoşununu darmadağın etməsi, rus çarı I Pavelin (1796-1801) Suvorovu geri çağırması da Direktoriyanın nüfuzunu bərpa edə bilməmişdi. İndi Direktoriya əsgərlərin gözündə ordunu çörəksiz və çəkməsiz qoyan, bir vaxtlar Bonapartın qazandığı uğurları düşmənə peşkəş edən bir ovuc xəyanətkardan ibarət idi. Artıq diktatura qurmaq üçün əla zəmin yaranmışdı.

Oktyabrın 13-də Direktoriya Konventin aşağı palatasına – Beşyüzlər Şurasına general Bonapartın Fransaya qayıtdığı barədə məlumat verdi. Deputatlar ayağa qalxıb bu xəbəri alqışlarla qarşıladılar. İclas yarımçıq kəsildi. Şahidlərin sözlərinə görə, deputatlar küçəyə çıxıb aldıqları xəbəri yayan kimi paytaxtı sevinc sədaları bürüdü: hər yerdə Banapartın adı dolaşırdı. Parisə gələrkən generalın yolboyu kəndlərdə, şəhərlərdə necə hərarətlə qarşılandığından indi paytaxt hər kəs xəbərdar idi. Nəinki Napoleon özü, ümumiyyətlə, heç kim bu cür təntənəli qarşılanma gözləmirdi. Paytaxt qarnizonu Bonapartın gəldiyini eşidəndə musiqi sədaları altında küçələrdən keçməyə başladı. Onlara bu əmri kimin verdiyi isə məlum deyildi. Bəlkə də, heç bu barədə əmr verilməmişdi…

General Bonapart oktyabrın 16-da Parisə çatdı. Direktoriyanın mövcudluğuna son qoyulmasına hələ üç həftə qalırdı. Di gəl, siyasi məhvini gözləyən Barras da, Bonapartın mövcud rejimi dəfn etməsinə yardım əli uzadanlar da hərbi diktaturanın qurulmasına sayılı günlərin qaldığından xəbərsizdilər.

Bir andaca aydınlaşdı ki, əgər Napoleon dərhal çevriliş etmək istəsə, Direktoriyada ona mane olacaq kimsə yoxdur. Yalnız iki direktorla – Barras və Siyeslə hesablaşmaq lazım gələcəkdi. Siyes Fransa iri burjuaziyasının nümayəndəsi və ideoloqu idi. O, Bonapartın gəlişinə ümidlə baxır, ancaq generalla bağlı düşüncəsində səhvə yol verirdi. “Bizə qılınc lazımdır”, – deyən Siyes elə bilirdi ki, Bonapart yalnız döyüş meydanında qələbə qazana bilər, yeni rejimin siyasi qurucusu isə o özü olacaq.

Barrasa gəlincə, o, Siyesdən daha ağıllı idi. Həyatını təhlükəyə atmaqdan qorxmur, düşmənin üstünə getməyi bacarırdı. Bilirdi ki, monarxiyaçılar da, yakobinlər də ona nifrət edir və qalib gəlsələr, onlardan rəhm gözləməyə dəyməz. Bununla belə, yenə də onlara aman vermirdi.

Əslində Barras kimilər Napoleona lazım deyildi. Həyasızcasına edilən oğurluqlar, açıq-aşkar rüşvətxorluq, fırıldaqçılıq, ac kütlələrin gözü qarşısında qurulan kef məclisləri – bütün bunlar Barrası çürüməkdə olan Direktoriya rejiminin simvoluna çevirmişdi. Siyes isə öz adını ləkələməmişdi və Bonapartın tərəfinə keçməklə baş verənlərə “qanuni don” geyindirə bilərdi.

Həmin günlərdə generalın yanına öz adlarını onun karyerası ilə bağlamağa nail olacaq daha iki nəfər – Taleyranla Fuşe2626
  Fransız siyasətçisi və dövlət xadimi Jozef Fuşe (1759-1820)


[Закрыть]
də gəldilər.

Bonapart Taleyranı çoxdan tanıyırdı. Tamahkar, rüşvətxor, eyni zamanda ağıllı və mənsəbpərəst adam olduğunu bilirdi. Onun lazım gəlsə hamını sata biləcəyinə şübhəsi yox idi. Lakin əmin idi ki, Taleyran indi onu Direktoriyaya satmaz, əksinə, Xarici İşlər naziri kimi sonacan xidmət etdiyi Direktoriyanı fikirləşmədən sata bilər. Taleyran ona son dərəcə qiymətli məsləhətlər verib işi tələsdirir, Bonaparta qulluq edəcəyini isə heç kimdən gizlətmirdi.

Fuşe də eyni yolla getdi. O, Direktoriya dövründə polis naziri idi, Bonapartın dövründə də həmin vəzifədə qalmaq istəyirdi. Odur ki keçmiş yakobin və terrorist olan, XVI Lüdovikin ölüm hökmünü səsə qoymuş bu adam yeni hökmdara heç vaxt xəyanət etməzdi.

Bonaparta qeyri-məhdud səlahiyyətlər verən dövlət çevrilişi, adətən, qısaca 18 brümer (9 noyabr) çevrilişi adlanır. Əslində isə hadisə 18 brümerdə başlayıb, 19 brümerdə (10 noyabr) sona çatmışdı.

Beləliklə, noyabrın 9-u səhər saat 6-da Bonapartın evi ilə ona yaxın küçələr general və zabitlərlə dolub-daşmağa başladı. Paris qarnizonunun əsgərləri hazır vəziyyətə gətirilmişdi. Səhər tezdən Bonapart etibar etdiyi generalları (bacısı ilə evlənmiş Murat, ondan başqa, Lekler, Bernadott və Makdonald), zabitləri ətrafına topladı. Napoleon onlara dedi ki, respublikanı xilas etməyin vaxtı çatıb. Gələcək hökmdar tələm-tələsik çağırılmış Ağsaqqallar Şurasından çıxacaq dekreti gözləyirdi.

Ağsaqqallar Şurası, əsasən, orta və iri burjuaziyanı təmsil edirdi. Şurada Bonaparta sadiq olan Korne söz alıb “terroristlərin dəhşətli qəsdindən” – respublikanı məhv etmək istəyindən danışdı. Təklif olundu ki, “dəhşətli qəsdin” yatırılması Bonaparta tapşırılsın, o, Parisdə və paytaxt ətrafında yerləşən bütün silahlı qüvvələrin komandanı təyin edilsin. Bu təklifə etiraz etməyə heç kimin cürəti çatmadı. Beşyüzlər Şurasında etiraz edənlər isə zala girən draqunlar tərəfindən dağıdıldı. Axşama yaxın deputatlar təzədən toplandı və çıxarılan dekret dərhal Bonaparta göndərildi.

Dekretə görə respublikada hakimiyyət konsul adlanan üç şəxsə verilirdi. Bu vəzifələrə Bonapart, Siyes və Roje-Düko təyin edildi. Bonapart hələ ki, təkbaşına hökmran olmağı məqsədəuyğun saymırdı. Lakin öz konsulluğunun əvvəl-axır diktatura olacağına qəti qərar vermişdi.

Artıq Fransa Bonapartın ayaqları altında idi.

Diktaturaya doğru ilk addımlar

10 noyabr axşamı general Bonapart 15 il müddətinə Fransa xalqının qeyd-şərtsiz hökmdarına çevrildi. Napoleon ilk beş ili özünü “konsul”, son on ili isə “imperator” adlandırdı və buna uyğun olaraq Fransa əvvəl respublika, sonra isə imperiya oldu.

O bütün gücünü və istedadını yeni dövlətin hakimi-mütləq hökmranı olmağa yönəltdi. Napoleon dövlət idarələrini yenidən qurur, onların adını, funksiyasını dəyişdirirdi. Lakin bu qurumların mənası və məqsədi dəyişməz qalırdı: onlar bütünlüklə dövlət aparatını bir nəfərin iradəsini yerinə yetirən alətə çevirməli idi.

İndiyə qədər həyatı ancaq müharibələrdə keçən, İtaliyanın və Misirin istilaçısı, respublikanın qanuni hökumətini bir zərbə ilə məhv etmiş 30 yaşlı general 19 brümer axşamı, əslində yaxşı tanımadığı, daha doğrusu, buna macal tapmadığı Avropanın böyük dövlətlərindən birinin hökmdarı oldu.

Xarici məsələlərə gəlincə, birinci konsul burada da son dərəcə mürəkkəb və təhlükəli vəziyyətlə üzləşmişdi. O, Misiri istila etdiyi vaxt ikinci Avropa koalisiyası İtaliyanı fransızlardan geri aldı. Suvorovun yürüşü Bonapartın 1796-1797-ci illərdə qazandığı zəfərlərin bəhrəsini məhv etmişdi. Doğrudur, koalisiya qüvvələri Alp dağlarını aşandan sonra Fransaya soxulmağa cürət etmədi. Ancaq onlar qılınclarını qınına qoymamışdılar və yazda yenidən Fransa sərhədlərində peyda ola bilərdilər. Xəzinədə pul yox idi, bəzi ordu hissələri aylarla dövlətdən vəsait almırdılar. Odur ki siyasi xadimlər hərbi təcrübəsi olsa da, siyasi təcrübəsi olmayan gənc korsikalının bu mürəkkəb vəziyyətdən necə çıxacağını maraqla gözləyirdilər.

Siyesin hazırladığı yeni konstitusiya çevrilişdən üç ay sonra hazır oldu. Bonapart layihəni müəllifin gözləmədiyi halda “cəfəng” adlandırıb sənədə bir xeyli düzəliş etdi. Konstitutsiyaya görə, respublikaya üç konsul başçılıq edəcəkdi; bütün hakimiyyət birinci konsula verilirdi, digər ikisi isə məşvərətçi səsə malik olacaqdılar. Senat konsullar tərəfindən təyin olunurdu, o da öz növbəsində qanunverici korpusun üzvlərini və əhali tərəfindən seçilmiş bir neçə min nümayəndənin içindən Tribunatın2727
  Tribunat – 1799-cu il konstitusiyasına görə Fransadakı dörd idarəetmə orqanından birinin başçısı


[Закрыть]
tərkibini müəyyənləşdirirdi.

Beləcə, bütün hakimiyyət Napoleonun əlində cəmləndi. Siyes çaşıb qalmışdı. Ancaq Napoleon onu yaxşıca mükafatlandıraraq aktiv fəaliyyətdən həmişəlik kənarlaşdırdı.

Bonapart tənqidə qarşı da dözümsüzlik göstərirdi. Konsul konstitusiyası tətbiq edilməyə başlayanda o, ölkədə çıxan 73 qəzetdən 60-nı bağladı, qalan 13 qəzet isə (bir müddət sonra onların 9-u da bağlandı) polis nazirinin ciddi nəzarətinə verildi. Napoleon “mətbuat azadlığı” barədə eşitmək belə istəmirdi.

Napoleon bu fikirdə idi ki, hakimiyyəti ona qrenadyorlar verib, odur ki yalnız onlara borcludur. “Böyük batalyonlar həmişə haqlıdır” – bu, Napoleonun ən sevimli sözlərindən idi. Çünki “böyük batalyonlar” 18-19 brümerdə ona Fransanı qazandırmışdı. Daha əvvəl isə onların sayəsində İtaliyanı, Misiri istila etmişdi. Bu səbəbdən də heç kim hakimiyyəti onunla bölüşə bilməzdi. Bunu hamıdan əvvəl Siyes anladı, bir müddət sonra isə 18 brümer sui-qəsdinin bütün iştirakçıları başa düşdülər.

Bonapart haqqında şair Höte yaxşı demişdi: “Napoleon üçün hakimiyyət, böyük artist üçün musiqi aləti kimi bir şeydir”. O həmin aləti dərhal işə saldı. Hər şeydən əvvəl Fransanın qərbindəki vətəndaş müharibəsinə, cənubda və şimalda baş alıb gedən quldurluğa son verməyi qarşısına məqsəd qoydu. Napoleon çox tələsirdi: bu tapşırıqları qısa müddətdə – yaza qədər yerinə yetirmək lazımdı, çünki yazda müharibə yenidən başlayacaqdı.

Quldur dəstələri Fransa üçün sosial fəlakətə çevrilmişdi. Onlar günün günorta çağı dilicanları2828
  Dilican – dördtəkərli poçt və ya minik arabası


[Закрыть]
və karetləri saxlayır, çox vaxt soyğunçuluqla kifayətlənmir, qarət etdikləri insanları öldürürdülər. Bəzən kəndlərə, şəhərlərə hücum etməkdən belə çəkinmirdilər. Bu quldur dəstələri guya devrilmiş kralın qisasını alırdılar.

Birinci konsul hər şeydən əvvəl onların axırına çıxmağa qərar verdi. Görülən tədbirlər amansızdı. Həbs etməmək, ələ keçən quldurları yerindəcə öldürmək, onlara sığınacaq verənləri də edama yollamaq – göstəriş belə idi.

Fransanı quldurlardan təmizləyən Bonapartın diqqəti bir yandan da Vandeyaya yönəlmişdi. Orada zadəganlar və ruhanilər kəndlilərin bir qismini yoldan çıxara bilmişdilər. Onları ingilislərin gətirdikləri yaxşı silahlarla təchiz etmişdilər. İndi həmin kəndlilər meşələrdə, bataqlıqlarda gizlənərək hakmiyyətə qarşı partizan müharibəsi aparırdılar.

Bonapart bu zadəgan və ruhanilərə qarşı başqa taktika yürütdü: bir yandan onlara qarşı döyüşən ordunu gücləndirdi, digər tərəfdən də dərhal təslim olanları bağışlayacağını vəd etdi. Bütün bunlar, üstəlik, kilsəyə qarşı siyasətin yumşaldılması partizanların döyüş qabiliyyətini zəiflətdi.

Digər təxirəsalınmaz işlər də vardı. Yazda baş verəcək döyüşlərə hazırlaşan çoxsaylı ordunu yedizdirmək, geyindirmək, silahla təhciz etmək lazımdı, xəzinədə isə pul yoxdu. Napoleon bu məsələni yoluna qoya biləcək yaxşı mütəxəssisə ehtiyac duyurdu. Nəhayət, belə bir adam tapıldı: Qoden adlı həmin şəxs maliyyə naziri təyin edildi.

Martın ortalarında Bonapart Ədliyyə Nazirliyinin yaradılması ilə bağlı daha bir qanun imzaladı. Söhbət siyasi rəqiblərinin məhv edilməsindən gedəndə o, məhkəmə hakimiyyətinin müstəqilliyinə əhəmiyyət vermirdi. Lakin siyasətə dəxli olmayan məsələlərdə qanunların əsas götürülməsini tələb edirdi. Napoleon təyinat üçün yanına gələn hakimlərə deyirdi: “Ədalət axtarmaq üçün yanınıza gələn adamın hansı partiyanın üzvü olduğuna fikir verməyin”.

Bonapart polis qüvvələrini qəsdən parçalamışdı ki, yalnız vətəndaşları nəzarətdə saxlamasınlar, həm də bir-birlərini güdsünlər. Polis nazirliyinin başında isə diribaş hiyləgər provokator, xəfiyyə Fuşe dururdu. Bonapart hesab edirdi ki, Fuşe nəinki onu, lazım gəlsə atasını belə pul müqabilində satmağa hazırdır. Bu səbəbdən birinci konsul etibar etdiyi xəfiyyələrə Fuşenin özünü də izləməyi tapşırmışdı. Fuşe bundan xəbər tutub onları satın ala biləcəyi təqdirdə həmin xəfiyyələri də başqaları təqib edəcəkdi.

Beləliklə, Bonapart 1800-cü ilin yazına qədər bütün təxirəsalınmaz işlərin öhdəsindən gəldi: yeni dövlət mexanizmi yaratdı, quldur dəstələrinin çoxunu zərərsizləşdirdi, Vandeyada vəziyyəti yüngülləşdirmək üçün bəzi tədbirlər gördü, ölkə bir mərkəzdən idarə olunmağa başladı, dövlət qurumlarındakı rüşvət və mənimsəmə hallarının qarşısı alı


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации