Текст книги "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"
Автор книги: Hovard Zinn
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Hovard Zinn
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi
HOVARD ZİNN– Boston Universitetinin təcrübəli sabiq professoru. “Library Journal” “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabı haqqında belə yazırdı: “Əksər tarix kitablarının maraq göstərmədiyi cəmiyyətin məzlum təbəqəsinin gözündən yazılmış, Amerika xalqının parlaq və təsiredici tarixidir”. Kitabın bugünədək iki milyondan çox nüsxəsi satılıb.
Zinn elmi ədəbiyyat kateqoriyasında Lannan Fondu Ədəbiyyat mükafatına, yazıları və siyasi fəaliyyətinə görə “Eugene V. Debs” mükafatına və 2003-cü ildə “Monde Diplomatique”-nin Dəyərli Dostu” adına layiq görülmüşdür.
Zinnin qələmindən çıxan bir çox kitablar arasında “Hökumətlərin Aradan Götürə Bilmədiyi Güc” (A Power Governments Cannot Suppress), “Amerika Birləşmiş Ştatları Xalqının Tarixindən Səslər” (“Voices of a People’s History of the United States” Anthony Arnoveile ilə birgə), “Zinn Oxucusu” (The Zinn Reader), öz həyat yolundan bəhs edən “Hərəkət Edən Qatarda Bitərəf Ola Bilmərsən” (You Can’t be Neutral on a Moving Train) və “Marks Sohoda” (Marx in Soho) adlı tamaşa da var.
Bruklində böyüyən Zinn II Dünya Müharibəsində hava qüvvələrinə qoşulmamışdan əvvəl tərsanədə işlədi. Vətəndaş Hüquqları Hərəkatında fəal olaraq iştirak edərkən Spelman Kollecində Tarix kafedrasının müdiri və eyni zamanda Paris Universiteti ilə Bolonya Universitetində qonaq professor kimi işləyirdi. Sonradan Boston Universiteti Tarix Departamentinə baş müəllim kimi keçdi. Bostonda Vyetnam müharibəsinin əleyhinə yaranan hərəkatın liderlərindən biri oldu.
27 yanvar 2010-cu ildə Zinn Kaliforniyanın Santa-Monika şəhərində bir hotelin üzgüçülük hovuzunda üzərkən infarkt keçirərək vəfat etdi. Son müsahibələrindən birində Zinn deyirdi ki, O, “insanlara əvvəllər sahib olmadıqları ümid və güc hissi verən biri” kimi yaddaşlarda qalmaq istəyir.
REBEKKA STEFOV– uşaqlar və gənclər üçün bir çox kitab qələmə alıb və uyğunlaşdırıb. Amerika tarixi ilə bağlı yazdığı saysız-hesabsız məqalə, Şauni qəbiləsinin rəisi Tekumsenin bioqrafiyası və on cildlik tarix atlası ilə birgə Ronald Takakinin asiyalı amerikalılardan bəhs edən mükafatlı tarix kitabı “Fərqli Sahildən Əcnəbilər”i (Strangers From a Different Shore) gənc oxucular üçün uyğunlaşdırdı. İndiana Universitetində bakalavr, Pensilvaniya Universitetində magistr təhsili alan Stefov bu gün Oreqon ştatının Portland şəhərində məqalələrini yazmağa davam edir.
Öz bacarıqlarından istifadə edərək daha yaxşı bir dünya quracaqlarını umduğumuz gənc nəsillər üçün illərdir məndən bu tarix kitabını istəyən bütün valideynlərə və müəllimlərə.
***
Bu kitabın nəşrinə razı olduğu üçün “Seven Stories Press”dən Dan Simona və layihəyə bütün mərhələlərində olduqca diqqətli bir şəkildə rəhbərlik etdiyi üçün Tereza Nola təşəkkürlər.
***
“Bir Xalqın Tarixi:Amerika Birləşmiş Ştatları”nı gənc oxuculara uyğunlaşdırmaq kimi məsuliyyətli bir işi öz öhdəliyinə götürən Rebekka Stefova da xüsusi olaraq təşəkkürlərimi bildirirəm.
Giriş
İyirmi beş il əvvəl “Bir Xalqın Tarixi:Amerika Birləşmiş Ştatları” adlı kitabım nəşr olunduqdan sonra valideynlər və müəllimlər kitabın gənc oxucular üçün uyğunlaşdırılmış bir versiyasının olub-olmadığını soruşurdular. Buna görə də “Seven Stories Press” və Rebekka Stevof bu kitabı gənc oxuculara uyğunlaşdırmaq işini öz üzərlərinə götürdükləri üçün çox şadam.
İllər boyu həmişə bu suallarla qarşılaşmışam: “Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endryu Cekson və Teodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq doğrudurmu? Quldarlıq və irqçiliyə, hindu qətliamına, işçi sinfinin istismarına və ABŞ-ın Amerikanın aborigenlərini11
Aborigen-yerli, yerli mənşəli. Hər hansı bir ölkənin ilk sakinlərinə verilən ad. (red.)
[Закрыть] məhv edərək genişləməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?”
Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərinimi düşünürlər? Mənə görə gənc oxucuların öz ölkələrinin siyasətinə vicdanlı yanaşacaq yetkinlikdə olmadıqlarını düşünmək yanlışdır. Bəli, bu bir vicdan məsələsidir. Necə ki fərdlər olaraq öz xətalarımızı düzəltmək üçün vicdanlı olmağımız lazımdır, milli siyasətimizi qiymətləndirərkən də vicdanlı olmaq labüddür.
Mənə görə vətənpərvərlik hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Hökumətimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət də deyil. Tələbəliyimin ilk illərində hökumətlərin etdiklərini sorğulamayan bir xalqın diktator və totalitar rejimlərin bir işarəsi olduğu öyrədilirdi. Əgər demokratik ölkədə yaşayırsınızsa, deməli hökumətin siyasətini tənqid etmək haqqınız var.
Demokratiyanın başlıca prinsipləri koloniyaların bundan sonra Britaniya idarəçiliyini qəbul etməyəcəyini açıqlayan 1776-ci il tarixli İstiqlaliyyət Bəyənnaməsində qeyd olunub. Bəyənnamə dövlətlərin müqəddəs olmadığını, tənqid edilə biləcəyini, çünki “həyat, azadlıq və xoşbəxtliyin davamı” üçün hər bir fərdin bərabər hüquqlarını qorumaq məqsədilə insanlar tərəfindən yaradılmış süni bir sistem olduğunu açıq bir şəkildə sərgiləyir. Bəyənnaməyə görə əgər hökumətlər öhdəliklərini yerinə yetirməsələr, “xalq hökuməti dəyişdirmə, ya da ləğv etmə haqqına sahibdir”.
Əgər hökuməti “dəyişdirmək və ya ləğv etmək” xalqın əlindədirsə, hökuməti tənqid etmək də, əlbəttə, onların haqqıdır.
Həmçinin tarixi qəhrəmanların xətalarını göstərərək gəncləri məyus etmək məsələsində narahat deyiləm. Qəhrəman olaraq bizə öyrədilən və bu gözlə gördüyümüz insanların əslində bu heyranlığa layiq olmadıqlarını sərbəstcə deyə bilmək haqqımızdır. Kolumbun bu qitəyə qızıl axtarmaq üçün gəlməsi və ətrafı yandırıb dağıtması nəyə görə qəhrəmanlıq olsun? Qitə aborigenlərini öz torpaqlarından qovdu deyə niyə Endryu Ceksonu qəhrəman etməliyik? Teodor Ruzvelt İspaniya-Amerika müharibəsinə daxil olduğu, ispanları Kubadan qovduğu və bu arada ABŞ-ın gələcəkdə Kubanın idarəsini ələ keçirməsini asanlaşdırdığı üçün onu nəyə görə qəhrəman etməliyik?
Bəli, hər birimizin qəhrəmanlara, heyran qalacağımız adamlara və insanlara necə yaşamalı olduqlarını göstərən nümunəvi şəxslərə ehtiyacımız var. Lakin mən Kolumbun Baham adalarındakı aborigenlərə qarşı vəhşicə hərəkətlərini gün işığına çıxardan Bartolome de Las Kasası qəhrəman olaraq görməyə üstünlük verirəm. Ana vətənlərindən qovulmaqlarına müqavimət göstərən çeroki hindularını qəhrəman olaraq görməyi üstün tuturam. Mənə görə Filippin adalarında yüzlərlə insan qətl edən Teodor Ruzvelti qınayan Mark Tveyn də qəhrəmandır. Prezident Vudro Vilsonun amerikalı gəncləri Birinci Dünya Müharibəsinə göndərməsini protest edən Helen Keller də mənə görə qəhrəmandır.
Müharibəyə, irqçiliyə və iqtisadi ədalətsizliyə qarşı olan bir insan kimi bu gün ABŞ-da qarşılaşdığımız vəziyyət keçmişdəkindən heç də fərqli deyil.
“Bir Xalqın Tarixi”nin son nəşrindən beş ildən çox zaman ötüb və gənclər üçün hazırlanan bu nəşr mənə imkan verir ki, kitabın ikinci cildinin son fəslində tarixi qələmə almağı bu günə-Corc Buş hökumətinin ikinci müddətinin yarısına və ABŞ-ın İraq işğalının dördüncü ilinə-qədər davam etdirə bilim.
BİRİNCİ FƏSİL
KOLUMB VƏ ABORİGENLƏR
Aravak xalqı maraqla öz kəndlərindən çıxıb sahilə endilər. Böyük gəmini daha da yaxından görmək üçün üzərək yaxınlığına getdilər. Kolumb və əsgərləri əllərində qılınclarla sahilə çıxdılar, aravaklar isə onları qarşılamaq üçün qaçırdılar. Kolumb sonradan aborigenlərlə bağlı öz gəmi gündəliyi (kapitanların səfərlə bağlı qeydlər apardığı dəftərçə-red.) bunları yazacaqdı:
“Onlar… əllərində tutuquşu, pambıq və nizə kimi əşyalarla yanımıza gəldilər, o əşyaların müqabilində muncuq və şahin zınqırovları almaq istəyirdiər. Sahib olduqları hər şeyi böyük bir həvəslə dəyişdirirdilər. İri ölçülü, qəddi-qamətli və yaraşıqlı idilər. Nə silahlar, nə də silah haqqında məlumatları var idi. Çünki onlara qılıncımı göstərdikdə qılıncı sapı əvəzinə ucundan tutaraq əllərini kəsdilər. Dəmirləri yox idi və nizələri qamışdan düzəldilmişdi. Onlardan yaxşı qul olar. Əlli nəfər ilə onları çox rahat şəkildə əsarətə sala və onlara istədiyimiz hər şeyi elətdirə bilərik”.
Aravaklar Baham adalarında yaşayırdılar. Amerika qitəsində yaşayan digər aborigenlər kimi onlar üçün də qonaqpərvərlik və mübadilə əhəmiyyətli idi. Lakin aravakların qonaqpərvərliklərinə baxmayaraq Qərbi Avropa mədəniyyətinin Amerikaya göndərdiyi ilk elçi olan Kolumb sərvət marağında idi. Adaya gələn kimi daha çox məlumat toplamaq üçün aravaklardan bəzilərini ələ keçirdi. Kolumbun qızılın yerini öyrənmək istəyirdi.
Kolumb İspaniya kralını və kraliçasını bu uzun səfərin xərcini ödəmək üçün razı salmışdı. Digər Avropa ölkələri kimi İspaniya da qızıl axtarışında idi. Hindistan və Cənub-Şərqi Asiyada qızıl olduğu məlum idi. Həmçinin Hindistanda ipək və ədviyyat kimi qiymətli mallar da vardı. Ancaq Avropadan Asiyaya quru yolla səyahət etmək uzun və təhlükəli idi, buna görə də avropalılar Hindistana dəniz yolu kəşf etmək niyyətində idilər. İspaniya Kolumbun bu riskli səyahəti ilə bir növ qumar oynamış oldu. Gətirəcəyi qızıl və ədviyyat müqabilində Kolumb qənimətin on faizinə sahib olacaqdı. Eyni zamanda kəşf etdiyi hər yeni ada və ya torpaq parçasına qubernator (vali) olaraq təyin ediləcək və okeanların admiralı tituluna da sahib olacaqdı. Bu sazişə uyğun olaraq Kolumb Atlantik Okeanını keçərək Asiyaya çatan ilk avropalı olmaq ümidi ilə tabeliyindəki üç gəmi ilə yola çıxdı.
Dövrünün digər təhsilliləri kimi Kolumb da dünyanın kürə formasında olduğunu bilirdi. Bu da o demək idi ki, O, Avropadan qərbə doğru üzərək şərqə çatacaqdı. Ancaq Kolumbun xəyal etdiyi dünya daha kiçik idi. Zənn etdiyindən minlərcə kilometr uzaqdakı Asiyaya heç bir zaman çata biməyəcəkdi. Lakin şanslı idi, çünki bu uzun səyahətin yarısını belə qət etmədən Avropa və Asiya arasında naməlum bir torpağa çatacaqdı.
Avropanın məlum olan dənizlərini keçib getdikdən 33 gün sonra Kolumb və adamları suda üzən ağac budaqları və havada uçan quş sürüləri gördülər. 1492-ci ilin oktyabr ayında Rodriqo adlı matros ay işığının bəyaz bir qumsalda əks olunduğunu görəndə bütün heyətə həyacan içində xəbər verdi. Matrosun gördüyü yer Karib dənizindəki Baham adalarından biri idi. Qurunu görən ilk adam mükafatlandırılmalı idi, lakin Rodriqo mükafat almadı, çünki Kolumb bir gün əvvəl özünün bir işıq gördüyünü iddia etdi və mükafatı da özü aldı.
Aravakların Qeyri-mümkün Vəzifəsi
Kolumbu qarşılayan aravaklar kəndlərdə yaşayır və əkinçiliklə məşğul olurdular. Avropalılardan fərqli olaraq atları, ya da başqa heyvanları və istifadə edə biləcəkləri dəmirləri yox idi. Sahib olduqları ən qiymətli şey qulaqlarını bəzəyən kiçik qızıl zinət əşyaları idi.
O kiçik zinət əşyaları bir növ tarix yazmışdılar. Qızılları gördükdən sonra Kolumb onu qızılın mənbəyinə aparacaqlarını düşünərək aborigenləri əsir almağa başladı. Bu gün Haiti və Dominikan Respublikası arasında bölüşdürülən Hispanyola da daxil olmaqla digər bir çox Karib adasına da getdilər. Kolumbun gəmilərindən biri yararsız hala düşəndə sınıq gəmidən qalan taxtalarla özlərinə Haitidə bir qala tikdilər. Kolumb bu böyük kəşfi xəbər vermək üçün 39 nəfərlik heyəti Haitidə qoyaraq İspaniyaya doğru yola düşdü. Adada qalan heyətə isə qızıl axtarışını davam etdirməyi və tapdıqları qızılı toplamaq əmri verdi.
Kolumbun İspaniya Kral Məhkəməsinə etdiyi məruzənin yarısı həqiqət, yarısı isə uydurma idi. Məruzədə gəmilərlə Asiyaya çatdıqları bildirilir və aravaklardan “hindular” kimi bəhs edilirdi. Kolumba görə səfər etdiyi adalar Çin sahillərinə yaxın olmalı idi və hamısı təbii sərvətlərlə dolu idi.
“Hispanyola bir möcüzədir. Dağlar, təpələr, yaylalar və düzənliklər həm bərəkətli, həm də gözəl… Limanlar hədsiz dərəcədə yaxşı vəziyyətdədir, geniş dərələrin çoxunda qızıl mövcuddur… Həmçinin çoxlu ədviyyat, böyük qızıl mədənləri və başqa metallar var…”
Kolumb kral və kraliçanın köməyi ilə başqa bir səfər də təşkil edə biləcəyini dedi. Bu dəfə İspaniyaya “isdətiyi qədər qızıl… və qul” ilə geri qayıdacaqdı.
Kolumbun bu vədləri nəticəsində ikinci səyahət üçün ona on yeddi gəmi və 1200 nəfərdən çox heyət tabe edildi. Səfərin məqsədi çox dəqiq idi: qul və qızıl. Karib adalarında bir adadan digərinə gedərək hinduları tutdular. Lakin bu davranışları haqda söhbət yerli xalq arasında yayıldıqca getdikcə daha çox boş kəndlərlə qarşılaşmağa başladılar. Haitiyə çatdıqda isə birinci səyahətdən sonra adada qalan dənizçilərin meyitləri ilə qarşı-laşdılar. Dənizçilər qızıl tapmaq üçün qruplara ayrılaraq adanı viran qoymuş, qadın və uşaqları qul etmək istəmiş, amma sonda hindular tərəfindən öldürülmüşdülər.
Kolumbun adamlarının Haitidəki qızıl axtarışları nəticəsiz qaldı, digər tərəfdən də İspaniyaya geri qayıdacaq bütün gəmiləri qiymətli əşya ilə doldurmalı idilər. Buna görə də yerli əhalini kölələşdirmək üçün 1495-ci ildə adalara böyük bir hücum təşkil etdilər. Hücum ərəfəsində topladıqları əsirlərdən beş yüzünü İspaniyaya göndərmək üçün seçirdilər, lakin seçilən hinduların iki yüzü səfər zamanı öldü. İspaniyaya sağ gəlib çatanları da yerli kilsə xadimləri satışa çıxarırdı. Dini söhbətləri sevən Kolumb sonralar öz gündəliyinə qeyd edəcəkdi: “Ata, oğul və müqəddəs ruh naminə sata biləcəyimiz bütün qulları göndərməyə davam edək”.
Fəqət tutduqları əsirlərin çoxu öldü. Kolumb yeni torpaqlar kəşf etdiyi bu səfərini böyük qənimətlərlə bəzəyə bilmədiyi üçün çarəsiz vəziyyətdə qalmışdı. Belə ki, gəmiləri qızılla dol-duracağına dair verdiyi sözün arxasında dayanmalı idi. Haitidə qızılla dolu olduğunu güman etdikləri ərazidə 13 yaşından böyük hər kəsə qızıl axtarmağı əmr etdi. Tapdıqları qızılı ispanlara verməyən hinduların əlləri kəsilirdi.
Hindulara yerinə yetirilməsi mümkünsüz olan bir tapşırıq verilmişdi. Çünkü ətrafda tapa biləcəkləri qızıl sadəcə dərədəki qızıl tozları idi. Bu səbəbdən də hindular qaçırdılar. İspanlar onları itlərlə təqib edərək öldürürdülər. Tutduqlarını ya asaraq, ya da yandıraraq öldürürdülər. İspan əsgərlərinin silahları və süvariləri ilə bacara bilməyən aravaklar zəhər içərək toplu halda intihar edirdilər. İspanlar qızıl axtarmağa başlayanda Haitidə iki yüz əlli min hindu yaşayırdı. İki il davam edən qətliam və intiharlardan sonra isə onların sayı yarıya endi.
İspanlar daha çox qızıl tapılmasının mümkün olmadığını başa düşdükdə yerli xalqı öz hökmləri altında olan geniş ərazidə və mülklərdə qul kimi işlətməyə başladılar. Hindular hədsiz dərəcədə çox işlədilirdi və onlarla pis rəftar olunurdu. Minlərlə hindu öldü. 1550-ci ildə isə adada sadəcə beş yüz hindu qalmışdı, yüz il sonra isə Haitidə bir nəfər belə olsun aravak yox idi.
UŞAQ DƏNİZÇİLƏR
Əksər tarixçilər kimi mən də Kolumb və onun “adamları” haqqında yazıram, lakin 1492-ci ildə Kolumb ilə birgə Ninya, Pinto və Santa-Mariya gəmilərində səyahət edənlərin bir çoxu uşaq idi. Onlardan biri də Santa-Mariya gəmisində Kolumbla bir üzən 12 yaşlı qulluqçu Diyeqo Bermudez olmuşdur. Bu üç gəmidə üzən doxsan nəfərdən təxminən iyirmisi azyaşlı oğlan idi!
Kolumbla səyahət edən bu uşaqlar gəmilərdə yalın ayaq işləyir, sviterlərinin üzərindən başlarından aşağıya vedrə ilə tökülən su ilə yuyunur və gəminin göyərtəsindən kənarda, dənizin üzərində yerləşən tualetdən istifadə edirdilər və hətta kiçik oğlanlar da yeməklərilə tünd ağ şərab içirdilər.
Böyük oğlan uşaqları “criados” – gəmi işçilərinin xidmətçisi – və ya şagird, əlaltı adlanırdılar. Əsasən? onların vəzifəsi kəndirlə yuxarı qalxıb yelkəni düzəltmək olurdu. Bu şagirdlər müxtəlif çətinliklərdən keçərək mütəxəssis olurdular. Onlar işlərini asanlaşdırmaq üçün kəmərlərinə uzun kəndir bağlayır və daimə özləri ilə bıçaq gəzdirirdilər. Dieqo kimi qulluqçu işləyən azyaşlı oğlan uşaqları yemək bişirir və göyərtəni yuyurdu, onların ən əhəmiyyətli vəzifələri isə vaxtı demək idi. Gəmidə saat olmurdu ona görə də onlar “ampolleta” – kiçik şüşə – adlanan otuz dəqiqəyə dolan qum saatlarından istifadə edirdilər. Bütün qum bitən kimi qulluqçu onu tərsinə çevirirdi və göyərtənin arxasına doğru qaçaraq zəngi çalıb dua oxuyurdu. Bu isə növbəti yarım saatın keçdiyini ifadə edirdi. Qulluqçular hər biri iş gününün müxtəlif yarım saatını ifadə edən on altı duanı əzbərləməli idi. Bu da onlardan biridir:
“Tanrının yer üzünə gəldiyi saat müqəddəsdir,
Müqəddəs Məryəm– Ona uşaq verən,
Və Müqəddəs Con-Onun dəyərini qoruyan,
Qarovul keçir,
Qum saatı dolur,
Bizim yaxşı səyahətimiz olacaq,
Əgər Tanrı istəsə.”
Mənbə: Hoose, Phillip. We Were There, Too!: Young People in U.S History. New York: Farrar Straus Giroux, 2001.
Kolumbun Hekayəsini Danışmaq
Bartolome de Las Kasas sayəsində Kolumb Karib adalarına gələndən sonra nələrin baş verdiyini bilirik. Las Kasas ispanların Kubanı ələ keçirməsinə kömək edən gənc bir rahib idi. Bir müddət hinduları qul kimi işlətdiyi bir tarlası da vardı. Sonradan tarlasından imtina etdi və ispanların hindulara etdiyi zülmlərdən bəhs etməyə başladı.
Las Kasas Kolumbun gündəliyini köçürtdü və “Yerlilərin Tarixi” adlı bir kitab ərsəyə gətirdi. Kitabda yerli tayfalar və onların adətləri ilə birgə ispanların yerli hindularla necə rəftar etdikləri də əks etdirilib:
“… Yeni doğulmuş uşaqlar isə çox işlədilən və əksər zamanlarda ac olan analarının onları əmizdirmək üçün kifayət qədər südü olmadığından tez ölürdülər. Mən Kubada olanda üç ayda 7000 körpə öldü. Bəzən analar sırf çarəsizlikdən öz körpələrini boğurdular… Beləliklə, hədsiz işlədilən kişilər mədənlərdə, qadınlar isə işlədikləri zaman öldüyü üçün körpələr də qida çatışmazlığından ölürdü… İnsanlığa sığmayan bu hərəkətləri öz gözlərimlə görürdüm və indi bunları qələmə alarkən belə dəhşətə gəlirəm…”
O illər avropalıların Amerikada tarixinin hələ başlanğıcıydı və bu tarix torpaqların ələ keçirilməsi, quldarlıq və qətliamlarla dolacaqdı. Fəqət illər boyu uşaqlara tədris edilən tarix kitabları bu qətliamlardan yox, qəhrəmanlıqlarla dolu fərqli bir macəradan bəhs edirdi. Hekayənin gənclərə tədris metodu artıq dəyişməkdədir.
Kolumb və hinduların hekayəsi bizə tarixin necə yazıldığını göstərir. Kolumb haqqında yazan ən məşhur tarixçilərdən biri olan Semuyel Eliot Morison onun yolunu izləyərək Atlantik okeanı qət etdi. 1954-cü ildə “Dənizçi Xristofor Kolumb” adı altında məşhur bir kitab ərsəyə gətirdi. Morison Kolumb və onun kimilərinin hinduların “tam mənada soyqırımına” səbəb olduğunu dedi. Soyqırım məqsədli şəkildə bir etnik və mədəni qrupun məhv edilməsi deməkdir. Morison törədilən əməllərə bu ifadəni uyğun görmüşdü.
Morison Kolumb haqqında yalan danışmamışdı. Kitabında kütləvi qətliamlardan bəhs etsə də, bu mövzulara az toxunaraq diqqəti başqa hadisələrə yönəltdi. Soyqırımı digər məlumatların içində gizləyərək, sanki, kütləvi qətliamların əslində çox da əhəmiyyətli olmadığını vurğulamağa çalışırdı. Soyqırımı hekayənin kiçik bir hissəsi kimi göstərərək Kolumb haqqında daha fərqli düşünməyə əngəl oldu. Kitabın sonunda qısaca Kolumbun böyük bir insan olduğunu deyən Morisona görə onun ən vacib xüsusiyyəti dənizçiliyi idi.
Bir tarixçi bir çox məlumat arasından nəyi daxil edəcəyini, nəyi etməyəcəyini və nəyin hekayənin sujet xəttində əsas yer tutacağını seçməyə məcburdur. Hər tarixçinin öz düşüncələri onun dəsti-xəttini formalaşdırır. Yazılan tarix isə oxucuların baxış və düşüncələrinə təsir edir. Morisonunku kimi Kolumb və onun kimilərini böyük dənizçilər və səyyah kimi göstərən, soyqırıma, demək olar ki, toxunmayan bir tarix bu insanların etdiklərinin, sanki, haqq olduğuna eyham vurur.
Əsasən, yazaraq və ya oxuyaraq tarixlə maraqlanan insanlar fəth və qətliam kimi dəhşətli şeyləri inkişafın bir parçası olaraq görməyə vərdiş ediblər. Çünki bu insanların çoxu tarixə fatehlərin və liderlərin hekayəsi kimi baxır. Keçmişə bu nöqteyi-nəzərdən baxanda isə tarixin dövlətlər və ya millətlərdən bəhs etdiyini görürük.Bu tarixin aktyorları krallar, prezidentlər və generallardır. Yaxşı bəs işçilər, əkinçilər, qaradərililər, qadınlar və uşaqlara nə oldu? Onlar tarix yaratmırlarmı?
Hər ölkənin tarixi fəth edənlər və fəth edilənlər, ağalar və qullar, güclülər və zəiflər arasında amansız mübarizədən bəhs edir. Tarix yazmaq hər zaman bir qrupun tərəfini saxlamaqdır. Məsələn, mən Amerikanın kəşfinə aravakların gözündən baxmağı üstün tuturam. ABŞ konstitusiyasının tarixini qulların, Vətəndaş Müharibəsini isə Nyu-Yorkda yaşayan irlandların gözündən yazacağam.
Tarixin bizə gələcək üçün yeni alternativlər fikirləşməkdə kömək edəcəyinə inanıram. Bunu həyata keçirməyin yolu da gizli qalmış səhifələri görməyimizlə mümkündür. Bəlkə də, gələcəyimiz əsrlər boyu davam edən müharibələrdən çox, keçmişin yaxşılıq və cəsarət dolu anlarında gizlənib. Bu isə elə mənim Ko-lumb və aravakların qarşılaşması ilə başlayan Amerika Birləşmiş Ştatları tarixinə yanaşma tərzimdir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?