Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 3

Текст книги "Mir Cəlal xatirələrdə"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

İyrimi franka deyilən paltarı bəzən danışıb, on franka alanlar olur. Sovet adamları mağazda şeyin müəyyən qiyməti olduğunu bildikləri üçün belə danışıqları artıq sayırlar. Mağaza sahibi müştərini aldatmağa aldatmaq yox, “ticarət məharəti” adı verir.

Oğurluq, ancaq xırda oğurluq yoxdur. Biz orada olan günlər böyük bir oğurluqdan qəzet yazır, adamlar qəzəblə danışırdılar. Pijen adlı milyarderin dördyaşlı Erik adlı uşağını oğurlamışdılar. Atasına məktubla bildirmişdilər ki, yarım milyon frank verməsən, oğlunun üzünü görə bilməyəcəksən. Ata yazıq tələb olunan məbləği verməyə məcbur olmuşdu.

Soruşacaqsınız ki, pulu verəndə oğruları ələ keçirmək mümkün olmazdımı? Yox, olmazdı! Çünki oğrular düşündüyümüz qədər də aciz və köməksiz deyillər. Oğrular həmin məbləği müəyyən bir oteldə, müəyyən adam vasitəsilə milyarderdən almışlar və zərərdəyəni inandırmışdılar ki, pul verdiyin adamın başından bir tük əskik olsa, oğlunu da, özünü də, oğurlanmış bil!

Pulu verəndən sonra saat 4-də ata vəd olunan yerə getmiş, orada uşağını oturub ağlayan görmüşdü.

Mətbuat bu hadisədən ağızdolusu bəhs edir. Pijenin hətta istənilən pulu verəndən sonra da qorxuya düşdüyünü, polisə lənətlər yağdırdığını yazırdı.

Marselin yaxınlığında tarixi yerlərdən sayılan, vaxtilə məhbuslar saxlanan İf sürgün yeri imiş. Bir metroluq daş daxmada bir əsgərin on beş il sərasər əzab çəkdiyini danışırdı. “Unutma yeri” deyilən daş otağın pəncərəsindən oraya atılmış adama bir müddət çörək, su verir, sonradan “unudurmuşlar”. Dəmir maska geyinməyə məcbur olan əkiz qardaş (kralın qardaşı) burada ömür sürmüşdür.

Yollar boyu səliqəli əkin, bağ, bağçalar görürsən, fransız kəndliləri ailə üzvləri ilə birlikdə öz tarlalarında işləyirlər. Qəribədir, burada bağlardakı tənəklər kol kimi bəslənib becərilir. Tənəyin boyu yarım adam boyudur. Yuxarısına qədər budaqlardan təmizlənmişdir. Başında isə bütün budaqlar buraxılmışdır. Tənək bizim bəzi gül kollarına bənzəyir. Ancaq neçə-neçə hektar bağlarda bütün tənəklər möhkəm cərgələrlə əkilmişdir. Ərik, alma, armud ağaclarının da cərgə ilə əkildiyini gördük. Ən səfalı, tamaşalı yol Nisse şəhərindən sonra, sahildən, kurort şəhərlərindən ayrılaraq, ölkənin içərlərinə doğru getdiyimiz yoxuş, “üçmərtəbə” yol idi. Bu yol hər an bizi dənizdən uzaqlaşdırır, yüksəklərə, həm də abad villaların, bağ-bağçanın içindən keçirdi. Burada mən istər-istəməz Soçini, Qara dəniz sahillərinin yaşıl meşələri arasında keçən qıvrımlı yolları xatırladım. Sağımızda adamı valeh edən dumduru mavi dəniz, solumuzda isə yaşıllaşmaqda olan yamaclar görünürdü. Hər neçə kilometrdən bir abad düşərgə – kafe, restoran, əyləncə mağazalarına rast gəlirdik.

Fransa yolları ilə hər markadan olan maşınlar gedir. Ölkə səyyahlarından milyard məfəət götürürlər. Bu işi sadələşdirmək, asanlaşdırmaq üçün bir sıra Avropa ölkələrindən gələnlərdən (İtaliya, İspaniya) xüsusi icazə tələb olunmur. Maşnların çoxunun dalında təkərli qoşqu var. Maşın sahibləri bu “təkərli otaqlara” bütün ailə üzvlərini doldurub, istədikləri yerlərə aparır, istənilən müddət dayanıb yaşayırlar. Həmin “otaqların” üstündə isə yük bağlamaq üçün münasib dəmir kəmərlər düzəldilmişdir. Kann şəhərində plyajda minlərlə adamın dincəldiyini görürdük. İki nəfər əlcazirli ərəb qardaş da çiyinlərin də xalça, palaz, əllərində dəsmal, portmanat satır, birtəhər gün keçirirlər.

Reklamların birində Sibir sözü oxudum. Bunun, Fransada buzxana demək olduğunu öyrəndim. Bu söz buz maşını satan bütün mağazalarda yazılmışdı. Sonra latın hərfləri ilə yazılmış Buxara (Bixaçça) sözü diqqətmizi cəlb etdi. Güman etdim ki, bu, dəri mağazasıdır. Sən demə, Buxara burada xalça-palaz deməkdir. Həmin mağazada dünyanın hər yerindən gətirilmiş fərş görmək olardı.

Gözəl yaylaq şəhəri olan Nitsa eramızdan 350 il əvvəl yunanlar tərəfindən salınmışdır. Qaribaldinin vətənidir. Onun adına küçə var. İndi şəhərdə iki yüz min əhali yaşayır. Gül-çiçək bağları çoxdur. Güldən alınan mənfəət milyonlara bərabərdir. Nitsada gül təsərrüfatı və ətriyyat sənayesidə vardır. Mehmanxana və salonların çoxu mətahını burdan aparır. Nissedə bizə Turgenevin yaşadığı mehmanxananı göstərdilər. Keçdiyimiz yerlərin çoxu tarixi şəhərlər idi. Fevral ayında Platin qırılıb, kəndləri dəhşətli sel aparıb, minlərlə adam ölüb. Platin tikən mühəndisləri məhkəməyə veriblər. Məhkəmə prosesləri indi də qurtarmayıb, yollarda uçan binaları, kökündən qopan nəhəng ağacları, sel basan kəndləri, hələ də qurumamış gölməçələri gözümüzlə gördük.

Nim şəhərinin yollarında sərv ağaclarının yaraşıqlı xiyabanı var. Bu ağacların lap cavan olduğu məlumdur. Bunları xüsusilə əzizləyir, hətta bir qədər müqəddəs də sayırlar.

Sovet şairi Dolmatovski Fransanı gəzərkən “Sovet səyyahının mahnısı” şeirini yazmışdır. Həmin şeir fransız dilində də nəşr olunmuşdur.

Burada yolların mühüm bir qismi xüsusi kompaniyanın əlindədir. Hərəkət zamanı baş verən hadisələrə kompaniya cavabdehdir. Yolda Nim şəhərini keçəndən sonra böyük qəza baş vermiş, iki maşın toqquşmuşdu. Odur ki, polislər bütün sürücülərdən ehtiyyatlı olmağı tələb edirdilər.

Eks deyilən köhnə, balaca bir şəhərdən keçdik. Bura XV əsrdən universiteti olan şəhərdir. Universitetdə yalnız hüquq fakültəsi var. Eksdə məşhur müalicə suyundan istifadə olunur. Salon adlı balaca şəhərin (on yeddi min əhalisi var) XVI əsrdən suvarma sistemi məşhurdur. Arlda isə şəhər meydanında yaşıl göbələk şəklində böyük qəribə bir heykəl var.

Nimə, qədim şəhər olduğu üçün Fransa Roması deyirlər. Burada iki min əvvəl tikilmiş üçmərtəbəli bir körpü gördük. Bu körpü doğrudan da böyük sənət abidəsidir. “De qardo” körpüsünü 49 metr hündürlüyü, 270 metr uzunluğu vardır. Möhkəmliyinə isə söz ola bilməz. Sonra Nim şəhərində köhnə sarayların qalıqlarına, Qız qalasına oxşayan hündür minarə uçqunlarına tamaşa etdik. Kilsələrin hansında isə səsin böyük və davamlı əks əsdası var idi. Biz bir sıra şəhərlərdə muzey, kilsə, saray, qəbiristan, körpü xarabalarına baxmaqdan bezmişdik.

Ayın 19-da Fransanın məşhur şəhəri, bir çox tarixi hadisələrin məkanı Versala getdik. Bu, Parisin həvalisidir. 70 min əhalisi var. 1883-cü ildə, Amerika-İngiltərə müqaviləsi, Birinci Cahan müharibəsindən sonra, 1919-cu il (28 iyul) sülh müqaviləsi burada bağlanmışdır. Versal lap əvvələr ovçu evi, sonra kralların iqamətgahı olmuşdur. XIII Lüdovik buranı dövlət sarayına çevirmişdir. İndisə məşhur muzey kimi səyyahların çox gəlib-getdiyi bir yerdir.

Vaxtilə qırmızı kərpicdən tikilmiş bu sadə saray Kral XIV Lüdovikin evi idi. 600 xidmətçi yaşayırdı. Qapıda 2000-nə qədər yəhərli at dayanırdı. Kralın mətbəxi kənarda idi. Oradan buraya gələnə qədər xörək soyuyurdu. Sonralar sağ-solda binalar artırıblar. Krala yaxın olanlar burada yaşamaq istəyirlər. Lap yuxarı çardaqda isə kimi desən, tapardın.

1789-cu ildə Parisdən bura üsyançı qadınlar gəlib kralı xalqdan ayırılmaqda təqsirləndirmişdilər. Məşhur general La Fayet kraliçanı camaat arasına çıxarmış, hərəkatı yatırtmışdı.

Sonra kral adamları ilə parisə köçdü və Versal sarayını bağladılar. Versal birdən-birə tikilməyib, tədricən inkişaf etmişdir. 1918-ci ildə bir milyarder yüz milyon pul xərcləyib sarayı əsaslı təmir etdirmişdir. Əfsanəvi simaların adına təntənəli zallar tikilmişdir (Venera, Diana, Merkuri). Bu zallar müəyyən məqsəd güdürdü. Məsələn, Murano zalı qəbul üçün təyin olunmuşdu. Həftədə iki dəfə burada iki min şam yanardı. Kral camaatı qəbul edər, onların yanında əyləşib nahar edərdi. Camaat ona baxardı.

Zalların birinin küncündə 1919-cu ildə Almaniyanın məğlubiyyətindən sonra müttəfiqlərlə bağlanan sülh müqaviləsindən yadigar kiçik bir stol qalmışdı. Bunun ətrafında böyük diplomatik söhbətlər getmişdi.

Dəhşətli, mühribələrə, qırğınlara son qoymaq kimi müqəddəs bir amalı düşünəndə, doğrudan da, bu yerin tarixi əhəmiyyəti adamın gözündə böyüyür. Ancaq tarix və hadisələr göstərdi ki, Versal kürsüsünün ömrü və gücü az oldu. Kapitalist dövlət başçılarının qanlı qırğın siyasətləri sonralar da şiddəti ilə davam etdi.

Tarixi hadisələri xatırlamaqdan başqa muzey xadimləri bu sarayda əcaib və gülünc mətləbləri də böyüdüb danışırlar. Kralın yatağında nələr olurdu: yorğan-döşək salıb-yığmaq mərasimi necə keçrilirdi. Kimsə bu otaqda qara çiçək tutub öləndə xitmətçilər necə kənara qaçıb, saray adamlarının “Öküz gözü” salonundakı qeybəti (bu salonun yuxarı, dairəvi pəncərəsi öküz gözünə çox oxşayır) necə yayılır, təsir bağışlayırdı. Kraliça Mariyanın oynaşı ilə gəzib kef çəkməsi tarixi hadisə kimi səyyahlara bütün təsnifatı ilə danışılır. Qəribədir ki, indi də Kraliça adına küçə var.

Versalın gözəl parkı var. Bunun arxitekturasına da söz yoxdur. Burada üç min gül növü yetişdirilir. Böyük kanal, zəngin restoran, tamaşa yerləri var.

Per-Laşez deyilən məşhur Paris qəbiristanlığına getdik. Kommunalardan xatirə lövhəsinə baxdıq. A.Barbüsün, Jolio-Küri, Marsel Kaşenin, Dmitrovun müdafiəçisi Marşal Vlaarın, faşist cəlladlarının qurbanı olan bir çox fransız vətənpərvərlərinin məzarını ziyarət etdik. 1940-cı ildə alman-faşist işğalından sonra Fransanın çəkdiyi iztirabları bu qurbanların xatirəsində də aydın görmək olar. Faşistlər vətənpərvər qadınları 1944-cü ildə dəstə-dəstə qırmışlar, Fransanın indiki baş naziri De Qollun qızı da bu qurbanların içində olmuşdur.

Faşistlər Maut Hauzen Konslagerində 12.500 adam öldürmüşlər. Burada dustaqların necə işgəncə ilə saxlandığını göstərən bir heykəl var. Fransız dustaqlar 186 daş pilləkəndən qalxmalı, çiynində ağır daş daşımalı idi. Sənətkar Şuşenin yaratdığı bu heykəl olduqca canlı və təsirli idi. Ona görə təsirli idi ki, həmin qurbanların ana-bacıları, arvadları əzizlərinin qəbri ətrafında əkilən gülləri sulayır, dəhşətli günlərin on beş illiyini qeyd etməyə hazırlıq görürdülər. Həmin qadınlar bizi tanıyanda, böyük bir ölkədən, xalqları faşist zülümündən xilas edən qüdrətli Sovet İttifaqından olduğumuzu biləndə minnətdarlıq hissi ilə köyrəldilər, gözləri yaşardı, bizim də gözlərimiz yaşardı. Biz onlarla səmimi görüşdük.

Kommunaların divardakı sadə xatirə lövhəsi Günəş, yağışlar nəticəsində solub, silinib getməkdədir. Qəbiristanlığın ən təntənəli, abad hissəsi varlıların sərdabələri olan yerdir. Buna baxmayaraq, böyük tarixi simaların məzarları da abaddır. Barbüsün qəbrinin qırmızı mərmərini Ural fəhlələri vermişlər. Fransızlar bunu təşəkkürlə yad edirlər. Bizim səyahət proqramımız çox gərgin idi. Hər iki tərəf (sovet-fransız turist təşkilatları) çalışırdı ki, az vaxtda çox mətləb əhatə edilsin.

Vaxt azlığından çox yerə getmək mümkün olmur. Proqramda Parisin Sorbon darülfünunu yox idi. Ancaq bizim dəstədə alimlər olduğu üçün oraya getməyi təkid etdik və getdik. Təəssüf ki, Pasxa bayramı münasibətilə bütün Fransa məktəbləri, universitetlər müəyyən müddətə bağlanmışdı.

Sorbon Parisin sıx küçələrindən birində, köhnə stildə tikilmiş ağır bir binadır. Balaca, səliqəli həyəti var. Dərs zallarından birinə baxdıq, bu, divarları qırmızı taxta ilə örtülmüş 400 adam tutan bir zal idi. Opera teatırı stilində, sıralar mərkəzdən uzaqlaşdıqca yuxarı qalxırdı. Mühafizəçi hamıdan aşağıda, tələbələrin əhatəsində durmalı olurdu.

IX Lüdovikin ruhanisi Robert Sorbon tərəfindən 1253-cü ildə düzələn bu universitet əvvəl kasıb tələbələrin və müəllimlərin yurdu idi. Burada dini dərslər və ibadət öyrədilirdi. XIII əsrdən rühani hazırlayan məktəb olub, 1808-cil ildə Napaleon bu binanı universitetə verib, incəsənət muzeyi kimi saxlayıblar. 1469-cu ildə kitab çapı da bu müəssisənin təşəbbüsü ilə olub. 1821-ci ildə müstəqil dini məktəb olub. Sonralar ədəbiyyat, təbiət fakültəsi qalıb. Deyildiyinə görə, buarada 3 min tələbə oxuyur. Parisdə 3 universitet hüquq, tibb, təbiət, ədəbiyyat, əzcaçılıq fakültələri var. Bunlarda 61 min tələbə təhsil alır. Bu məktəblərdə dini fakültələrdə mühüm yer tutur, katolik, protestant və s. Demək lazımdır ki, Sorbon bizim qiyabi nəzərimizdəki əzəmətindən çox aşağı, köhnəlmiş bir binadır. İndi Parisdə yeni universitet tikilməkdədir. Sorbon isə tarixi əhəmiyyəti olan bir yer kimi qiymətlidir. Sorbonda həyətdə və otaqlarda bir çox böyük simaların, o cümlədən, Hüqonun, Molyerin, Paskalın, Zolyanın heykəl və büstləri saxlanır.

Luvr Parisin ən məşhur mənzərəli yerlərindən biridir. Şəhərin mərkəzində yerləşir. Bura XII əsrdə normandlardan qorunmaq üçün qala olub, sonra kral sarayına çevrilib. Fransa inqilabından sonra isə muzey olub, Mürəbbe şəklində tikilmiş sarayın qabağında general La Fayetin at üstündə heykəli qoyulmuşdur. 1515-ci ildə saraya hər iki tərəfdən yeni qanadlar – hissələr tikilib əlavə olunub. Fransa renessansının cürbəcür əlamətlərini bu tikintidə görmək olur.

Naxışların bəzilərində simfonik hərflər nəzərə alınıb, hərflər də başqa-başqa tərəflərdən müxtəlif cür oxunur.

Bu naxışı latın əlifbasında həm D, həm H kimi oxumaq olar və hər ikisi düzdür, burada kiminsə xatirəsi nəzərdə tutulmuşdur.

Luvr sarayı 600 il müddətində tikilib, 1793-cü ildən xalq muzeyi adlandırılıb. Burada dünyanın ən yaxşı sənət abidələrindən nümunələr tapmaq olar. Antik sənətin bəzi şah əsərləri (Venera) burada saxlanılır.

Veneranı 1820-ci ildə yunan adasında kotan sürən bir türk kəndlisi tapıb. Kotan heykəlin bəzi yerlərini zədələyib. Fransa konsolu adadan keçəndə heykəli görüb – Venera Milosskaya mərmərdən düzəlmə bir heykəl olaraq gözəllik nümunəsidir. Bu, yunan sənətinin Elinist nümunəsi sayılır.

Luvrda bir-birindən gözəl, zəngin sənət zalları var. Bunların hamısına ecazkar sənət nümunələri düzlmüşdür.

Uşaq atasının ayağından tikan çıxarır. Bu heykəli iki min il bundan əvvəl Roma sənətkarları elə canlı yaradıblar ki, daşa yox, diri, iztirab çəkən insana baxdığını güman edirsən.

Antik “Telefon” adlandırılan iki hovuza baxdıq. Bunlar bir-birindən çox uzaqda olsa da, birinə deyilən söz o birisində eşidilir. Hovuzların biri hökmdar xanımın yanında, o birisi isə qulların yanında imiş. Qullar hovuza baş əyib əmr gözləyirlərmiş.

Sarayda zəhmət çəkən, kömək edən adamların da heykəlləri, şəkilləri burada var. Uca gözəl rəsm zalının uzunluğu 257 metrdir. Burada İtaliya, İspaniya, Fransa rəssamlarının əsərləri çoxdur. Dahi rəssam Leonardo da Vinçinin on səkkiz məşhur əsərindən altısı buradadır. Məlum olduğu üzrə, Leonardo İtaliyadan qaçmış, əsərlərini Fransaya gətirmişdir. Luvr böyük bir ansambıldır, arxitektor Petro, Levo, Lesko və başqalarının əli ilə əsrlər boyu tikilmiş, zənginləşmişdir. Hər hakim bu saraya bir şey əlavə etməyi özünə həm dövlət, həm də vətəndaşlıq şərfi saymışdır.

Bizim səyahətimizdən iki həftə əvvəl fransızlar Sovet dövlətinin nümayəndələri ilə görüşmüşdülər. Bu görüşün təsirini biz kitablar, qəzetlər, lövhələr, şəkillərdən başqa sadə insanların, fransız zəhmətkeşlərinin simasında, hərəkət, rəftarında, qonaqpərəstliyində də görürdük. Biz iftixar hissi ilə deyə bilərik ki, həm Parisdə, həm də başqa şəhərlərdə sovet adamlarına dərin hörmət edirlər. Fransız xalqının sülh və amanlıqda yaşamaq arzularının hər şeydən güclü olduğuna bir daha inandıq.

Bizim yoldaşların bəziləri özləri ilə Sputnik, Kreml, Qızıl Meydan, Sülh göyərçini suvunirləri aparmışdılar. Bunları tanış olduğmuz fransızlara bağışlayırdılar. Yerlilər həmin suvinirləri böyük sevinclə qəbul edirdilər.

Cənubdan Parisə qayıtdığımız qatarda bizə xidmət edənlərə hədiyyə verəndə aşpazı da unutmadıq. Aşpaz iş paltarında qarşımıza çıxdı. Sovet səyyahlarını bir-bir qucaqlayıb öpdü, aldığı nişanı döşünə taxdı.

Səyahətimiz sona çatırdı. Aprelin 21-də Prisdə son günümüz idi.

Biz uşaqdan böyüyə qədər fransız zəhmətkeşlərinin hamısında qüdrətli Vətənimizə, xalqımıza dərin bir hörmət, dostluq hissi duyaraq səhərçağı Parisdən, Fransa torpağından ayrıldıq.

Ölkəmizdən gələn rahat hava gəmisinə – “İL-18” təyyarəsinə əyləşdik.

– Dostlar, hələlik!

– Hələlik, dostlar!

MÜƏLLİMLƏR MÜƏLLİMİ

Xalid Əlimirzəyev

filologiya elimlər doktoru, professor

Keçən əsrin əllinci illərində indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində o dövrün tanınmış, adlı-sanlı, milli filoloji elmin başında dayanan, ədəbi-ictimai fikrimizə istiqamət verən çox görkəmli ziyalılar – dilçi, ədəbiyyatşünas alimlər fəaliyyət göstərirdilər. Onlar auditoriyalarda yüksək səviyyədə dərs deməklə yanaşı, həm də tədris etdikləri fənlərin yaradıcıları, çoxsaylı dərsliklərin, proqramların, dərs vəsaitlərinin, sanballı əsərlərin, kitab və monoqrafiyaların müəllifləri idi. Onların əksəriyyəti təkcə universitetdə, respublikamızda deyil, həm də onun hüdudlarından kənarda – o vaxtkı Sovet İttifaqında, yaxın qonşu ölkələrdə tanınır, hörmətlə qarşılanırdılar. O vaxt filologiya fakültəsində Mikayıl Rəfili, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Əli Sultanlı, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Məmməd Hüseyn Təhmasib, Hidayət Əfəndiyev, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Səlim Cəfərov, Hadi Mirzəzadə kimi müəllimlərimiz xüsusilə böyük nüfuz və şöhrətə sahib idilər. Çünki bunlar təkcə istedadlı alim, gözəl müəllim deyil, eyni zamanda hər biri ayrıca çəkisi olan, fərdi xarakterlərinə görə seçilən bütöv, kamil şəxsiyyət, yüksək intellekt, saf, təmiz əxlaq, mənəviyyat sahibi, millətini, onun tarixini, mədəniyyətini ürəkdən sevən əsl vətəndaş idilər.

Ən vacib cəhət bu idi ki, adlarını çəkdiyim müəllimlərin mühazirələri heç vaxt yekrəng olmurdu: dərsdən-dərsə dəyişir, kamilləşir, vahid sistemə çevrilir, yeni məzmun və məna çalarları ilə zənginləşir, yüksək elmi səviyyə ilə yanaşı, ictimai-tərbiyəvi mahiyyət kəsb edirdi. Onlar tədris etdikləri predmetlərin mütərəqqi, humanist, demokratik dəyərlərinə, milli-bəşəri məzmununa, ölməz tarixi abidələrimizə, “Dədə Qorqud”, “Koroğlu” kimi dastanlarımıza, xüsusilə N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, S.Vurğun kimi söz və sənət korifeylərinin ədəbi irsinə, ana dilimizin tarixi varlığına, kamilliyinə, tükənməz elmi, poetik imkanlarına, çoxçalarlı təsvir və ifadə vasitələrinə söykənərək Sovet rejiminin qoyduğu antimilli, antidemokratik qadağaları, bir qədər ehtiyatla, üstüörtülü formada olsa da, ustalıqla pozur, gənclərimizdə azad fikir, vətənpərvərlik, milli qürur, şəxsi ləyaqət, müstəqillik və milli mənlik şüurunu tərbiyə edirdilər. Elə buna görə də ilk dərslərdən tələbələr onları sevir, pərəstişkarlarına çevrilirdilər.

Əlamətdar cəhətlərdən biri də o idi ki, bu müəllimlər üçün tələbələrlə münasibətdə ögey-doğmalıq, yerlilik, qohumbazlıq anlayışları mövcud deyildi. Onlar dərs dediyi gənclərə kimliyindən, haradan gəldiklərindən asılı olmayaraq, öz doğma övladları kimi baxır, hamısına eyni qayğı və məhəbbətlə yanaşırdılar. Onlar tələbələri təkcə yüksək biliklərilə deyil, həm də nümunəvi davranışları, alicənab hərəkətləriylə tərbiyə edirdilər.

Bu böyük şəxsiyyətlərin bir ziyalı, müəllim, tərbiyəçi kimi ümumi insani keyfiyyətlərilə yanaşı, hər birinin özünəməxsus fərdi, orijinal hərəkət və ədaları, xüsusi dərs demə, tədris üsulları vardı. Əli Sultanlı səliqəli geyimli, şax duruşlu, tədris etdiyi obrazların psixologiyasına, daxili aləminə uyğun, aktyorluq səviyyəsinə qalxan, ləngərli, enib-qalxan, çoxçalarlı nitqilə, Cəfər Xəndan klassik və müasir şairlərimizin, xüsusilə Səməd Vurğunun şeirlərini əzbərdən deməsi, gözəl, böyük emosional təsirə malik diksiyası, sözün əsl mənasında, yüksək natiqlik bacarığı ilə, Məmməd Arif ağır, təmkinli yerişi, sakit danışığı, ağsaqqal davranışı, problemləri yüksək səviyyədə ümumiləşdirmə, dərin, fəlsəfi mühakimə bacarığı ilə, Həmid Araslı ağayana ədaları, alicənab, humanist təbiəti, vüqarlı yerişi, yüksək mədəniyyəti, klassik irsimizə dərin məhəbbəti və bu irsi bütün incəliklərinə qədər dinləyicilərinə çatdırmaq məharətilə seçilir, yadda qalırdılar.

Yuxarıda dediyim kimi, adlarını çəkdiyim müəllimlər olduqca humanist və xeyirxah idilər. Tələbə-müəllim münasibətlərində heç vaxt zora, təzyiqə, hədə-qorxuya əl atmazdılar. Məhz bu xüsusiyyət tələbələrə güclü təsir göstərir, onlarda həm özləri, həm də müəllimləri qarşısında böyük məsuliyyət hissi oyadırdı.

Kiçik bir haşiyə. Rus ədəbiyyatı tarixindən bizə Məmməd Arif müəllim dərs deyirdi. Mən hələ texnikumda təhsil aldığım vaxtdan rus ədəbiyyatının klassikləri sayılan Puşkinin, Lermontovun, Qoqolun, Çexovun, Tolstoyun, Qorkinin əsas əsərlərini oxumuşdum və arxayın idim ki, imtahanda heç bir çətinliyim olmayacaq. Ancaq imtahanda elə suallar düşdü ki, onların heç birini oxumamışdım, elə-belə, ümumi məlumatım vardı. Arif müəllimdən təkidlə xahiş elədim ki, mənə iki yazsın, gedim hazırlaşıb gəlim. O isə tamam başqa cür hərəkət elədi.

– Yox, yoldaşlarından geri qalmamaq üçün sənə beş yazıram. Düzü, heç gözləməzdim, – dedi.

Bununla, Arif müəllim məni həm yaxşı mənada cəzalandırdı, həm də boynuma böyük bir borc qoydu. Uzun müddət xəcalətdən özümə gələ bilmədim. Semestr müddətində hər şeyi kənara qoyub yenidən rus ədəbiyyatını oxudum. Dərslər başlanan kimi Arif müəllimin yanına gedib bildirdim ki, mən onun yanında xəcalətliyəm, borclu qalmışam, gəlmişəm onu ödəməyə. Cavabı bu oldu ki, bunu başa düşmüsənsə kifayətdi. Get bir də belə səhvə yol vermə. Bax, bizim o dövrki müəllimlərimiz belə yüksək əxlaq, mənəviyyat sahibi idilər.

Haqqında danışdığım işıqlı ziyalılar içərisində Mir Cəlal müəllimin xüsusi yeri və daha böyük hörməti vardı. O, sözün əsl mənasında, müəllimlər müəllimi idi. Çünki o biri müəllimlərimiz daha çox görkəmli ədəbiyyatşünas alim, tədqiqatçı kimi tanındıqları halda, Mir Cəlal həm mötəbər alim, həm də istedadlı yazıçı, böyük sənətkar kimi məşhur idi. Hələ üzünü görməmişdən əvvəl tələbələr onu duzlu-məzəli hekayələr və xüsusilə, o dövrdə gözəl sənət nümunəsi kimi geniş şöhrət qazanmış “Bir gəncin manifesti” romanının müəllifi kimi tanıyır, sevirdilər. Universitetə daxil olduqdan sonrasa onunla şəxsən tanış olduqlarına, üz-üzə, nəfəs-nəfəsə oturub şirin, müdrik kəlamlarını dinlədiklərinə görə özlərini xoşbəxt hesab edir, ürəklərində gizli iftixar hissi keçirirdilər. Mir Cəlal müəllim təkcə tanınmış elm xadimi, maarifçi ziyalı, müqtədir yazıçı deyil, həm də son dərəcə nəcib, ali insani keyfiyyətlərin daşıyıcısı olub. Onun bir fərdi şəxsiyyət kimi simasını, xarakterini müəyyənləşdirən əsas ali keyfiyyətlərdən biri, bəlkə də, birincisi sadəlik idi. Hər cür adilikdən, bəsitlikdən uzaq olan bu sadəlik sırf fitri xarakter daşıyırdı, sadəlikdə alicənablığın, müdrikliyin, təmiz mənəviyyatın, yüksək əxlaqi məziyyətlərin təzahürü kimi meydana çıxırdı. Bu xüsusiyyət – sadəlikdə böyüklük, müdriklik, nəciblik Mir Cəlal müəllimin ümumi həyat tərzi, oturuşu-duruşu, insanlara, ailəsinə, tələbələrinə münasibəti, bütünlükdə elmi, pedaqoji, bədii yaradıcılığı üçün eyni dərəcədə xarakterik olmuşdur.

Məhz bu sadəliyə görə Mir Cəlal müəllim tezliklə tələbələrin inam və məhəbbətini qazanır, zaman keçdikcə rəsmi müəllim-tələbə münasibətləri çərçivədən çıxaraq, əsl mənada mənəvi yaxınlıq, qarşılıqlı etimad, ağsaqqal-övlad münasibətlərinə çevrilirdi. Təsadüfi deyil ki, bu gün yaşından, kimliyindən, ictimai mövqeyindən, vəzifəsindən asılı olmayaraq, vaxtilə universitetin filologiya fakültəsində oxumuş insanların hamısı onu böyük ehtiramla yad edir, xüsusi iftixar və qürur hissilə: “Mən Mir Cəlal müəllimin tələbəsi olmuşam” deyir. Belə bir hörmət, minnətdarlıq hər müəllimə, ustada qismət olmur.

Mir Cəlal müəllim sadə olduğu qədər də təvazökar insan idi. Sadəliklə təvazökarlıq onun varlığında daxili vəhdət təşkil edirdi, biri digərini tamamlayan vahid əxlaqi məziyyət kimi üzə çıxırdı. O, heç vaxt, heç yerdə şəxsiyyətini qabartmağı, özünü tərifləməyi xoşlamazdı, “mənəm-mənəm”lə danışmazdı. Artıq doğma vətəni Azərbaycanda deyil, həm də ondan çox-çox kənarlarda tanınmış, sevib-seçilən bir ədib, görkəmli elm və maarif xadimi olduğuna baxmayaraq, “mənim əsərlərim”, “mənim dərsliyim”, “mənim kitabım” sözlərini işlətməzdi, ancaq nadir hallarda yaradıcılığının zirvəsi olan “Bir gəncin manifesti” romanını xatırlayardı və hiss olunurdu ki, ədəbiyyatımızın qızıl fonduna daxil olmuş bu əsərə görə daxilən gizli qürur, iftixar hissi keçirir.

Mir Cəlal müəllim olduqca saf, təbii insan idi. Bu saflıq, təbiilik onun bütün əməl və düşüncələrinin əsasını, mayasını təşkil edirdi. Onun məddahlıqdan, saxta, yalançı təriflərdən, riyakarlıqdan zəhləsi gedirdi. O, belə yaramaz əməlləri əsl insan üçün əskiklik, naqislik, mənəvi qəbahət hesab edirdi. Onu əhatə edən mühitdə, rəhbərlik etdiyi kafedrada, iş yerində belə sifətdə insanlarla qarşılaşanda açıq-aşkar əsəbiləşir, onları özünəməxsus ironiya ilə, sətiraltı ifadəylə ələ salırdı. O, xüsusilə yaltaqlıq və riyakarlığın qatı düşməni idi. Buna istənilən qədər misal çəkmək olar.

Yadımdadır, bir dəfə aspirantlarımızdan biri kişiyə yaraşmayan formada əzilə-əzilə, büzüşə-büzüşə kafedraya daxil olanda Mir Cəlal müəllim salamını almadan kinayəli tərzdə ondan soruşdu:

– Filankəs, sən də imtahan verməyə gəlmisən?

– Yox, müəllim, mən minimumlarımı çoxdan verib qurtarmışam. Artıq müdafiəyə hazırlaşıram, – deyə aspirant cavab verdi.

– Onda niyə içəri girəndə əyilə-əyilə gəlirsən, belin ağrıyır?

Bir anlığa araya sükut çökdü. Aspirantın, hədəfi sərrast vuran, çoxmənalı sual qarşısında özünü tamamilə itirdiyini, çaşıb qaldığını görən kafedramızın ağsaqqal müəllimi Kamil Mirbağırov (o, həmişə düz danışan və çox hazırcavab bir insan idi) araya söz atdı:

– Mir Cəlal müəllim, bu gül oğlanı çox bərkə çəkmə. Onun xəstəliyi bel ağrısı deyil, vəzifə təmənnasıdır. Müdafiədən sonra kafedrada qalmaq istəyir. İndidən rəğbətini qazanmaq üçün sənə xod gedir.

Bu sözlərdən sonra Mir Cəlal müəllim daha da əsəbiləşdi və insanlara münasibətində çox az-az hallarda təsadüf olunan sərtliklə o adamı kafedradan qovdu.

– Qardaş, get özünə başqa yerdə iş axtar. Bura sənin yerin deyil. Sən ünvanı səhv salmısan.

Həmin aspirant suyu süzülə-süzülə gedəndən sonra Mir Cəlal müəllim üzünü kafedra üzvlərinə tutaraq dedi:

– Bax, cəmiyyəti korlayan belə adamlardır. Öz mənafeləri xatirinə hər cür cildə girirlər, simasızlıq edirlər. Qapıdan qovursan pəncərədən içəri soxulurlar. Nə abırları var, nə də həyaları. Təhsil sistemini belələrindən qorumaq lazımdır. Kim ali məktəblərdə yaltaqlıqla, riyakarlıqla baş saxlamaq istəyirsə, getsin özünə başqa sənət seçsin. Elm aləmi, təhsil ocağı yaltaqların, dələduzların yeri deyil. Burada savadla yanaşı, həm də gözütox, sözübütöv, əqidəsi təmiz, əməlisaleh adamlar işləməlidir. Belə olmasa, gələcəkdə inkişaf, tərəqqi əvəzinə olan-qalanımızı da itirirərik. Təhsil-tərbiyə müqəddəs işdir. Ona xəyanət etmək millətin belini sındırmaq deməkdir.

Mir Cəlal müəllimin bu hərəkəti, dediyi müdrik sözlər bizim üçün həmişəlik ibrət dərsi oldu.

Mir Cəlal müəllim əsl insan sərrafı idi. Onda xüsusi həssaslıq, dərin müşahidə qabiliyyəti vardı. O, riyakarlıqla səmimiyyəti, saxtakarlıqla həqiqəti bir-birindən ayırmağı çox yaxşı bacarırdı. Elə buna görə onun qarşılaşdığı adamalara verdiyi qiymət sonralar tamamilə özünü doğruldurdu. Bu nəcib şəxsiyyətin həssaslığına, insanları yaxşı tanımağına misal olaraq şəxsən şahidi olduğum bir neçə faktı qeyd etmək istərdim.

Bir arada Mir Cəlal müəllimin yanına cavan, boylu-buxunlu, yaraşıqlı bir qadın gəlirdi. O, zahirən abır-həyalı, ismətli, çox utancaq xanıma oxşayırdı. Kafedraya gələndə çəkinə-çəkinə içəri girir, özünü son dərəcə nəzakətli aparırdı. O, xüsusilə Mir Cəlal müəllimlə görüşəndə daha çox əzilib-büzülür, guya utandığı üçün tez-tez üzünü əllərilə örtür, səsi titrəyə-titrəyə danışır, yanaqları qızarır, yeri gələndə ustalıqla, pərdələnmiş formada, naz-qəmzəsindən də geri qalmırdı. Ləyaqətli, tərbiyəli qızlarımıza, qadınlarımıza qayğı ilə yanaşan Mir Cəlal müəllim ilk görüşlərdə bu xanımı da özünəməxsus nəzakətlə qarşılayır, axıra qədər dinləyib yola salırdı.

Bu hadisədən bir qədər keçəndən sonra bir gün Mir Cəlal müəllim məni yanına çağırıb soruşdu:

– Xalid, son vaxtlar yanıma gəlib-gedən o xanım haqqında nə fıkirləşirsən?

– Nə mənada? – mən də suala sualla cavab verdim.

– Sən bilən, onun hərəkətləri, əzilib-büzülməyi riyadandı, yoxsa həyadan?

– Düzünü deyim?

– Əlbəttə. Düzünü bilmək istəməsəydim soruşmazdım ki.

– Mən bilən, riyadandı. Onun haqqında yaxşı danışmırlar. Deyilənə görə, bir neçə il bundan əvvəl kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsini bitirib. Sonralar hara getdiyini, nə işlə məşğul olduğunu bilən yoxdur. İndi hardansa peyda olub, gəlib çıxıb bura.

– Hə?.. Bəs niyə bunu mənə vaxtında deməmisiniz?

– Kafedrada hamı sizə inandığına və bunu şəxsi məsələ hesab etdiyinə görə heç kim bu işə qarışmaq istəmirdi.

– Çox nahaq. Qardaş, bura mənim şəxsi mülkiyyətim-zadım deyil. Biz bir ailəyik. Kafedranın şərəfinə, saflığına hamıdan çox siz cavanlar cavabdehsiniz. Onun ləyaqətini ilk növbədə siz qorumalısınız. Gələcəkdə burada siz oturacaqsınız, siz işləyəcəksiniz.

– Mir Cəlal müəllim, axı, biz hələ dəqiq bilmirik o xanım sizdən nə istəyir. Əsas təmənnası nədi.

– Kafedramızda laborant işləmək istəyir. Yuxarılarda da çoxlu adamları var, xahiş xahişin dalınca gəlir. Özü də səfeh-səfeh sözlər danışır. Qırsaqqız olub yapışıb yaxamdan. Guya, mənə müqəddəs, ideal bir insan kimi baxır. Rəhbərlik elədiyim kafedrada işləməyi, mənimlə bir yerdə nəfəs almağı özünə şərəf, xoşbəxtlik hesab edir.

– Mir Cəlal müəllim, bilmək olmaz, bəlkə, doğru deyir.

– Qələt eləyir. Qardaş, getsin öz tay-tuşu ilə oturub-dursun. Bura lotu-potu yeri deyil (Mir Cəlal müəllim əxlaqi cəhətdən naqis adamlara kişiliyindən, qadınlığından asılı olmayaraq “lotu” deyirdi). Onu vaxtında buradan rədd eləmək lazımdır. Durduğumuz yerdə biabır olarıq…

Bu söhbətdən sonra Mir Cəlal müəllim həmin xanıma nə üz göstərdisə, o bir daha gözə görünmədi, ayağı həmişəlik kafedradan çəkildi.

Mir Cəlal müəllimin əlinə vəzifə, imtiyaz keçən kimi cildini dəyişən, ikiüzlü təbiətə, sürüşkən xarakterə malik adamlardan heç xoşu gəlməzdi. Eqoist, özündən müştəbeh, çoxsifətli adamların yuxarı vəzifələrə seçilməsini cəmiyyət üçün böyük qəbahət, qüsur sayırdı. Bunu cəlladın əlinə balta vermək kimi qorxulu bəla hesab edirdi. Son vaxtlar vəzifə ilə, idarəçiliklə insanlıq borcu arasında vəhdətin pozulduğundan şikayətlənirdi. Ümumiyyətlə, o, insanlıqda yüksək mənəvi-əxlaqi dəyərlərdən məhrum hər cür fəaliyyəti rədd edirdi. Belə fəaliyyət nə qədər işgüzar, təmtəraqlı görünsə də, nəticədə millətə xeyirdən çox zərər vurduğunu deyərdi.

Başqa bir misal. Sovet dövründə dəbdə olan növbəti partiya iclaslarından birində Mir Cəlal müəllimlə yan-yana oturmuşduq. Yaxın vaxtlarda universitet rəhbərliyinə irəli çəkilmiş müəllimlərimizdən biri əvvəllər ona xas olmayan bir tonda özündənrazı, son dərəcə ədalı, amiranə bir formada çıxış edirdi. O, təhsildən, nizam-intizamdan, müəllim kollektivi qarşısında duran vəzifələrdən uzun-uzadı danışandan sonra fikirlərini təxminən belə yekunlaşdırdı:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации