Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 3


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Cənab Hacı da “İnsana ancaq öz əməli, öz zəhməti qalar” ayəsinə əməl edərək, Xudavəndi-aləmin onun vücudunda qoyduğu qabiliyyət və istedad sayəsində həmişə hər növ xeyriyyə əməllərində səxavətini əsirgəmirdi. O, tez bir zamanda müsəlman cəmiyyətinin seçilmişi, başçısı oldu, xeyriyyə işlərində və ümumi əməllərdə o cənaba üz tutulurdu. Xülasə, Hacı insana layiq olmayan tənbəlliyi və bekarlığı məzəmmət edər, bir gün də olsun öz işindən və peşəsindən əl çəkməzdi. Yoxsullara və zəlillərə kömək üçün olunan böyük işlər ondan baş verirdi ki, o vaxtın dövlət və qüdrət sahibləri Hacıdan ibrət alırdılar.

Günü-gündən yüksələn o cənabın məqsədi həmişə yuxarı mərtəbələrə çatmaq idi. Bənnalıqdan əl çəkib memarlığa başladı, zəkasının çoxluğundan və fərasətinin artıqlığından memarlıqda daha artıq məharət göstərdi. Elə bil, bu şeirin məzmununu düşünmüş idi:

Hünər ilə çalış ki, dünyada

Şərəf əhli olur hünərzadə,

Bihünər sanki cismi-bicandır,

Eylə can dövləti verər bada.

Kaş bizim vətəndaşlarımız bu cənabın halına diqqət edib, onu müşahidə edə bilsinlər ki, o, maarif yolunda nə cür qeyrət və əzm göstərib zəhmət çəkibdir. O cənabın cavanlıq vaxtından səy və çalışmaları bütün Vətən oğulları üçün böyük örnəkdir. O, heç vaxt tənbəlliyi özünə yaxın buraxmamış, çünki tənbəllik fəaliyyətsizliyin, fəaliyyətsizlik arsızlığın, arsızlıq isə min cür fəsad və eyiblərin mənbəyidir. O cənab bunlara tərəf meyil etməyib və onlar Hacının pak xilqətinə yol tapa bilməyiblər:

Nütfeyi-pak gərəkdir ki, ola qabili-feyz,

Yoxsa hər qırmızı daş lölövü mərcan olmaz.

Gər qara daşı qızıl qan ilə əlvan edəsən,

Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz.

Beləliklə, çox şövqlə memarlıqla məşğul olub və şöhrət tapırdı, lakin bir sənətlə kifayətlənməyib, daha artıq dərəcəyə və yaxşı məşğuliyyətə can atırdı. Özünün sakin olduğu ata evi həddindən artıq dar və qaranlıq idi. On iki nəfər külfəti ilə başqa yerdə yaşamaq iqtidarı olsa da, o, ata və anasının yadigarı olan bu evdə güzəran keçirirdi. Bir neçə ildən sonra Allah-taala ona iki oğul, bir qız bəxş etdi. Birinci oğlu İsmayıl mükəmməl savad aldı, fars, rus, fransız dillərini öyrəndi. Təhsil və tərbiyəsini kamil edəndən sonra İsmayılı özünə köməkçi götürdü, kiçik oğlu Sadıxı mədrəsəyə qoydu ki, öz qardaşı kimi təhsil və mərifət sahibi olsun. Bu vaxt bir nəfər varlı şəxsdən imarət tikməyi podratçılığa götürdü. Hər gün sübh tezdən hazır olub bənnalara rəhbərlik edirdi. İmarət hazır olana yaxın Bakıda bahalıq və qıtlıq başladı, xalqın dolanışığı pisləşdi. Bu cənab dörd yerdə taxtadan anbar düzəltdirib, birini buğda, ikincini un, üçüncünü düyü və dördüncünü arpa ilə doldurub, hər gün imkansız şəxslərə, ev-eşiksiz dul qadınlara və yetim uşaqlara hər kəsin ehtiyacı qədər paylayırdı. O cənabdan elə böyük səxavət müşahidə olundu ki, onu təsəvvür etmək çətindir. Lakin indiki varlılar və millət başçıları ki, qazanclarını möhtəkirlik yolu ilə əldə ediblər, illərlə ucuzluq və bolluq olan şəhərlərdə qıtlıq yaradırlar, xalqa kömək etmək əvəzinə xalqı tələfata sürükləyirlər. Məgər bu bəşər övladları bir-birilərinə kömək və himayə etmək üçün eyni cəmiyyətin üzvləri deyillərmi? Necə ki insanın gözləri, əlləri, ayaqları, qulaqları və bütün başqa üzvləri bir bədəndə cəm olublar, hamısı ruhun ixtiyarında və fərmanının altında bir-birini qorumaqdan boyun qaçırmırlar, eləcə də insanlar bir-birini qoruyub, kömək etməkdə boyun qaçırmamalıdırlar. Onlar öz şəxsi məqsədlərinə çatmaq üçün öz həmvətənlərini incitməməli və cürbəcür müsibətlərə giriftar etməməlidirlər.

Bəni-adəm əzavü əczadılar,

Ki, bir dürdən cəmlə peydadılar.

Bir üzvü əgər dərdə olsa düçar,

Dəxi qeyrilərdə tapılmaz qərar.

Əgər çəkməsən yar ilə sən də qəm,

Eylə bir vücudə səzadır ədəm.

Qıtlıq şiddətlənən vaxtı aclığa və pərişanlığa düçar olan zəif və yoxsul adamlar gəlib o cənabdan öz paylarının alıb gedirdilər. Bu zaman fitnə-fəsad salan qərəzli adamlar ki, həmişə bir şəxsin şikəstliyini və pis olmağını gözləyirlər, yer sahibinin yanına gəlib dedilər: “Bu podratçı şəxs sənin evinin qeydinə qalmır, səndən aldığı pula dörd anbar düzəldib, xalqa buğda, un, düyü, arpa paylayır, sənin malını dağıdır, özünə şöhrət qazandırır.” Yer sahibi çarəsiz qalıb məhkəməyə müraciət etdi. Məhkəmə tərəfindən aparılan təhqiqatdan məlum oldu ki, cənab Hacının vətənpərvərlik və millətsevərlik göstərərək, yoxsullara və zəiflərə kömək etməkdən başqa bir məqsədi və amalı olmayıb. O, öz mərdlik kisəsindən bu qədər xərcləri öhdəsinə alıb ki, əslində dövlətə və millətə xidmət edib, onun işində əsla nöqsan yoxdur. İmarət isə müddətin tamam olmasına qədər tikiləcəkdir. Ərizəçinin və xəbərçilərin həsədləri hamıya aydın oldu. Hacı yenə də əvvəlki kimi, həm yoxsullara kömək edir, həm də imarətin tikilməsi ilə məşğul idi. Nəhayət, 23 ay xalq şiddətli qıtlığa dözəndən sonra Xudavəndi-aləm xeyir və bərəkət qapılarını xalqın üzünə açdı, bolluq yarandı, qiymətlər aşağı düşməyə başladı, imarət isə tikilib başa çatdı. İmarət sahibi xəcalətdən üzr istədi, “həsəd çəkənlər və xəbərçilər məni bu işə vadar elədi” dedi və Hacının yerdə qalan haqqını ödədi. Bir qədər sonra, hicrinin 1291-ci ilində (miladi 1873-cü il) Hacı podratçılıqdan əl çəkib, dövlətdən torpaq sahəsi satın aldı, fəhlələr topladı, ləvazimat aldı və əzmlə neft quyusunu qazmağa başladı. Xudavəndi-aləmin “Möminlər bir-biri ilə qardaşdır” kəlamına əməl edib, fəhlələrlə qardaşcasına, yoldaşcasına rəftar edir, birlik, və mehribançılıq əmələ gətirirdi.

Ey güruhi-milləti-islamiyan,

Noldu bizdə himməti-əhli-Quran.

Nə səbəbdən pozulubdur ittifaq,

Üz veribdir bizlərə bunca nifaq.

Qalmayıbdır ittifaqi-həmrəhi,

Tutmuşuq cümlə təriqi-gümrəhi.

Nə bu imani-vətəndən var xəbər,

Pişəmiz cümlə qərəzdir sərbəsər.

Hər gün digər fəhlə və işçilərlə mehribanlıqla və məhəbbətlə rəftar edər, özünün rəislik vəzifəsini qabartmazdı. Səhər gün çıxmamış öz işinin üstündə hazır olurdu, fəhlələrin çoxu isə hələ heç hazır deyildilər. Məlumdur ki, neft quyusunu qazmaq asan iş deyil və az müddətdə onun nəticəsi görünməz. Hər quyu ən azı 250 sajenədək (1 sajen = 2,1336 m – F.C.) qazılmalı, qazma işini icra edən şəxs bütün fəhlələri ilə iki ilədək qazımaqla məşğul olmalı, qışın soyuğuna və yayın istisinə davam gətirməlidir. Hacının müasirləri ona təəccüb edirdilər, bəziləri səfeh, bəziləri isə acgöz və tamahkar sayırdılar. Paxıllar deyirdilər: “Görəsən, bunun bədəni dəmir və poladdandır ki, bu cür zəhmətli və məşəqqətli işlərə hədsiz səy göstərir?” O, dəfələrlə elə fəlakətlərə düçar və müsibətlərə giriftar oldu ki, heç kəsin bu vəziyyətdən çıxmasına ümidi yox idi. Hətta fəhlələr onun halına təəccüblənərək, çəkdiyi zəhməti faydasız və əbəs hesab edirdilər. Lakin o cənab öz mərdliyi və əzmkarlığı ilə işində sabit və möhkəm durmuşdu. Ümidini itirməyib, məqsədinə çatmaq və nəticə əldə etmək üçün çalışırdı. Bir saat nə özünü, nə özgələri asudə və rahat qoymurdu. Cürətsiz və səbirsiz şərikləri o quyunun mənfəətindən ümidlərini kəsib tənə və məzəmmət dillərini açdılar, axırda məyus olandan sonra öz paylarını satmaq üçün müştərilər axtarmağa başladılar. Hacı şəriklərinin paylarını satın aldı və daha da artıq çalışıb, tək-tənha zəhmətə dözürdü.

Gərm olmuş idi zəhmətlə böylə ol cənab,

Hədsiz edirdi dərdi-məşəqqətlər içrə tab.

İş uzanır, qazdırdığı quyudan isə neft hasil olmurdu. Fəhlələr Hacıya deyirdilər: “Bu qədər zəhmət çəkdiyimiz bəsdir. Bacardığını elədin, indi bir başqa işə başla”. Bu sözlərin cavabında Hacı onlara mülayimliklə cavab verir və muzdlarını artırırdı.

“Nəhayətdə qurtuluş hasil olar” deyirlər. Bir gün xoşbəxtlik qasidi qapını döydü və ağır zəhmət öz bəhrəsini verdi. Həqiqətən də, “Allah səbr edənləri sevir”.

Yetişdi müjdə ki, gəldi zəmani-firuzi,

Yudu bu əbri-səadət ğübari-diruzi.

Bu ruzigar kim keçirir zəhrdən betər,

Gahi olur məzaqə, gah cun şəkər gələr.

Yari-köhəndi səbrü zəfər çox qədimdən,

Çünki cəzayi-səbrdə axır zəfər gələr.

Uzunmüddətli zəhmətin nəticəsi bir saatda hasil oldu, xərclənən külli miqdarda vəsait özünü doğrultdu. Hacı səxavət və kərəm qapısını açıb, fəhlələrin və kargüzarların hər birinə layiqli hədiyyələr bağışladı. Onlar da minnətdarlıq edib, o cənabın dövlətinin çoxalmasını Xudavəndi-aləmdən dilədilər və ömürlərinin qalan hissəsini istirahətdə keçirtdilər.

Cənab Hacının qüvvəsi və sərvəti günü-gündən artdıqca, o, həmvətənlərinin tərbiyə və tərəqqisinə, əziz Vətəninin vacib işlərinə diqqət yetirməyə, ehtiyaclarını aradan qaldırmağa başladı. O böyük xidmətlər həmişəlik tarix səhifələrinə yazılacaq və millət oğullarının dillərində xatırlanacaq.

Qərilər lazımdı ta dərya dili peyda ola,

İlləri keçmək gərək ta pəşmi-poşti-mişədən

Bu – Sədi Tusidən, ya çun Üveysi əz Qərən

Abidə xirqə ola, ya ki, himar üçün rəsən.

O, başa düşürdü ki, heç bir millət cəhalət binasını söküb elmin barını gətirən ağacları əkmədən, onların kökünü millət övladlarının qəlblərində sabit etmədən qüdrətin, insaniyyətin və mədəniyyətin son məqamına, ali mərtəbələrinə çata bilməyib. Heç bir böyük dövlət elmin qapılarını təbəələrinin üzünə açmadan öz məqsədinə çata bilməyib. Cənab Hacı öz millətinin tərəqqisi yolunda səxavət nümayiş etdirib, hər il 20 nəfərədək tələbəni dünyəvi və texniki elmlərə yiyələnmək üçün müxtəlif universitetlərdə oxutdurur və hər il onlara 7500 rubl xərc çəkir. Təhsillərini başa vuranların yerinə yeni tələbələr göndərir. Hacının tələbələrə çəkdiyi ümumi xərc 65000 rubla çatıb. Sonradan onlar müxtəlif müəssisələrin və idarələrin rəhbərləri olub, xalqa xidmət edirlər.

Bununla belə, cənab Hacı dörd məktəbin hamisi vəzifəsini qəbul edib. Hər cür ianə və himayə ilə məktəb şagirdlərinin qeydinə qalır. Şəhərdə təhsil işlərinə qayğısından başqa Hacı kənd əhalisinin də tərəqqi və tərbiyəsinə diqqət yetirdi və Bakı kəndlərinə öz səxavətini yönəldib, yetim uşaqların təlim və tərbiyəsi ilə məşğul oldu. Məlumdur ki, kənd uşaqları təmiz havada daha çox vaxt keçirdiklərinə görə salamat olurlar və hər cür istedad onlarda qərar tutur. Ona görə Hacı belə istedadlı uşaqlardan neçəsini ali məktəblərə və uca dərəcələrə yetirdi, onlar isə həmvətənlərinə nümunə oldular.

İlk olaraq cənab Hacı Bakıdan 3 mil aralıda yerləşən Mərdəkan kəndində 50 nəfər yetim uşaq üçün şəhər məktəbi nümunəsində bir məktəb tikdirdi, onun binasının inşasına 30000 rubladək xərclədi və hər il orada oxuyan uşaqların ehtiyaclarına 7000 rubl sərf etdi. Həmin məktəbdə uşaqlara şəriət, Azərbaycan və rus dilləri tədris edilir, əkinçilik, bağçılıq vərdişləri öyrədilirdi.

Hər yana nuri – elmi ru etdi,

Gülxəni baği – xoşnəmu etdi.

Qıldı viranəni qəmu abad,

Cümlə pislikləri niku etdi.

Oğlanların təhsil və tərbiyə işi ilə məşğul olmaqla bərabər Hacı qadınlarla kişilər arasında fitnə-fəsadı, nifrəti aradan götürmək barədə fikirləşirdi. Ərlə arvadın ömürlərinin çoxu davada və bəhsdə keçdiyindən onların uşaqlarının tərbiyəsi kifayət qədər olmur, ailələr dağılır. Cənab Hacı bu qədər rəzaləti görüb, Bakı şəhərində müsəlman qızları üçün böyük məktəb tikdirdi və onun təsis edilməsini Əlahəzrət İmperator Nikolay Aleksandroviçin tacqoyma gününə həsr etdi. Məktəbə İmperatriçə Aleksandra Fyodorovnanın adını verdi. Bu məktəbə Hacı 500000 rubl xərc çəkdi.

Qızların təhsil müddəti dörd ildir. Onlara şəriət, Azərbaycan və rus dilləri, hesab, uşaqlarla iş, tikiş, toxuma, kulinariya, evdarlıq öyrədilir. Cənab Hacı məktəbdə oxuyan hər uşağa ildə 8000 rubl xərcləyir, hər tədris ilinin xərci isə 32000 rubla başa gəlir. Məktəbi bitirənlər rəsmi şəhadətnamə alır, kamala və mərifətə yetirlər. Həqiqətən, heç kimlə şərik olmadan, heç kimin ianəsi yetmədən bu ağır işləri öhdəyə götürmək böyük mərdlikdir. Doğrudan da, vətənə səxavət və səadət qapısını açan, milləti əzizlik və şərafətə yetirməyə çalışan bu cənaba bənzər daha birisini müsəlmanlara yetirməyə illər, zaman lazımdır. O cənabın qədrini bilmək və onun əməllərinə lazımınca qiymət vermək gərəkdir.

Xülasə, uşaqların təhsil almasına lazımi işlər gördükdən sonra Hacı böyüklərin və gənclərin əxlaqi tərbiyəsi üçün bir məclis yaratmaq qərarına gəlir. Avropada bunun üçün teatrlar mövcuddur. Teatr vasitəsilə səxavətli insanların yaxşı əməllərini təbliğ edib və pis adamların dəhşətli əməllərini göstərib, cəmiyyəti bundan ibrət götürməyə çağırırlar. Bu fikirlə cənab Hacı Bakıda ilk teatr binası tikdirdi ki, orada yaxşı əməllər, habelə ictimai qüsurlar göstərilsin. O istəyirdi ki, teatr böyüklər üçün ibrət məclisi olub, insanları biabırçı əməllərdən uzaqlaşdırsın və xeyirli işlərə sövq etsin. Məsələn, Paris teatrında böyük var-dövlət sahibi olan mərhum Alfred Nobel haqqında tamaşa göstərilir. O, vəsiyyət etmişdir ki, ölümündən sonra bütün var-dövləti bəşəriyyətin ehtiyaclarına sərf olunsun və beş hissəyə bölünsün: birinci hissə – təbiət elmləri, ikinci – əczaçılıq, üçüncü – tibb sahəsində yeni ixtiralar edənlərə, dördüncü – yeni ədəbi əsər yazana, beşinci – dövlətlər arasında sülh və dostluq yaradan şəxslərə verilsin. Nobel öz vəsiyyətində həmin insanların hansı millətə mənsub olmasını göstərməmişdir. Beləliklə, teatrda bu cür tamaşaların göstərilməsi ibrətamiz və ümdə vasitədir.

Bundan əlavə gözəl əməllər təbliğ etmək və pis işlərin yaramazlığını xalqa göstərmək üçün qəzet lazımdır. Qəzet insanların həmfikir olmasında, xəbər paylaşmasında, dövlət və millətin tərəqqiyə yetməsində bir vasitədir. Həqiqətən də, teatr və mətbuat hər millətin və dövlətin nöqsanlarınının göstərilməsi üçün yeganə imkandır.

Ah nəvisəndədən yandı qəmu mehr-mah,

Əşki-nigarəndədən oldu bu kağız siyah.

Nə ilə mühəqqər olub bu neçə milyon nüfus,

Nə səbəbə dövləti-millət olubdur təbah,

Harda qalıbdır bizim izzəti-dirinəmiz,

Şövkəti-əsliyəmiz ta bizə etsin nigah.

Xülasə, cənab Hacı 100000 rubladək xərcləyib, teatr binası tikdirdi. Millət və dövlət üçün başqa xidməti Bakıdakı “Kaspi” qəzetinin mətbəəsini 57000 rubla satın alması oldu. Bununla əlaqədar əksər millətlərdən təbrik məktubları gəldi və cənab Hacı onlara öz təşəkkürünü bildirdi.

Şərif edər bu təni elm can adəmlik,

Nə ki libasdı yektaa nişan adəmlik.

Əgər bu canü dəhan guşilə ola adəm,

Nə fərqi nəqşilə ya bu miyan adəmlik.

Əgər təbiəti-dərəndə fövt ola təndən,

Taparsan aləm-ara bir rəvan adəmlik.

Səxavəti günbəgün artan Hacı tərəqqinin qarşısını alan maneələrin aradan qaldırılmasına çalışırdı. Qafqazda Azərbaycan dilində çap əsərlərinin olmadığını görən Hacı kitab çapına diqqət yetirdi. O cənabın fikrindən xəbər tutan dövrün alimləri, arifləri və müdrikləri ədəbiyyat və təlim-tərbiyəyə dair Azərbaycan dilində yazdıqları əsərlərini ona təqdim etdilər. Hacı həmin kitablarla tanış olduqdan sonra onların çapına razılıq verdi. Beləliklə, neçə-neçə kitabı Bakıda çap etdirib və əvvəlcədən müəlliflərin razılığını alıb, onları şagird uşaqlara pulsuz paylatdırdı. Həmin kitablar bunlardır: 1) çox hörmətli cənab Axund Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs” və “Nəhi-müskirat” (“İçkilərin qadağası”) əsərləri; 2) görkəmli alim Həsən Əlqədari əl-Dağıstaninin “Asari-Dağıstan” kitabı (1); 3) Axund Yusif Talıbzadənin “Türk dilinin sərfi-nəhvində təhsilül-qəvaid” (“Türk (Azərbaycan) dilinin qrammatik qaydaları”), “Tərbiyəti-nisvan” (“Qadınların tərbiyəsi”) və “Hədiyyeyi-nisvan” (“Qadınların hədiyyəsi”) əsərləri; 4) Mirzə İlyas bəyin Azərbaycan, fars, ərəb dillərində danışıq kitabı; 5) Nəriman bəy Nərimanovun Nadir şahın həyatı haqqında kitabı; 6) İsmayıl bəyin təbiətşünaslıq və coğrafiyaya dair “Kəbir-nəbir” (“Böyük-nəvə”) kitabı, rusca tərcüməsi ilə birgə; 7) Soltanməcid Qənizadənin “Allah-təalanın hüzurunda” kitabı; 8) Ağa Seyid Əzim Şirvaninin (2) öyüd-nəsihət qəzəllərindən ibarət külliyyatı.

Bu kitabların çapına 9000 rubladək vəsait sərf olunub. Kitabları nəşr edilən müəlliflər xoşhal olub Hacıya təşəkkür etdilər. Kitablar Qafqazda mövcud olan məktəblərə paylanıldı və müsəlman uşaqları onlardan faydalanıb bəsirət sahibi oldular.

Hacı hər gün dörd saat özünü gələn ziyarətçilərdən asudə edib, fars, ərəb, rus, fransız dillərində çıxan qəzet və jurnalları oxutdurur, oxuyan mirzələrə diqqətlə qulaq asıb, lazım olan yerdə öz rəyini bildirir. Tərcüməçilər hər kəs öz vaxtında gəlir. Əvvəlcə cənab Mirzə Sadıq Qafqaz, İran, Hindistan və Osmanlıda Azərbaycan, türk, fars və ərəb dillərində çıxan məqalələri oxuyub tərcümə edir. Mütərcim Hacının diqqətini ən çox ümumi mənafeyə dair mətləblərə, məsələn, xeyriyyə cəmiyyətlərinin və məktəblərin təsisi, mehmanxanaların və xəstəxanaların tikilməsi kimi məsələlərə yönəldir və oraya lazım olan himayəni əmələ gətirir.

Bundan sonra mütərcim müsyö Kadusli rus və fransız qəzetlərində çıxan məqalələri oxumağa başlayır, Avropanın işlərindən, siyasətdən Hacını agah edir. Hacının zəkası və yaddaşı çox güclü olduğundan o, hər mətləbi hansı qəzetdə və nə vaxt oxuduğunu xatirəsində saxlayır. Beləliklə o, dünyada baş verən bütün hadisələrdən xəbərdar olur və ümumi xeyirli işlərdən kənarda qalmır.

Tez-tez qəzet səhifələrində bu cənabın ianələri haqqında məqalələr dərc olunur. Bakıda yeni açılan Kommersiya məktəbinə (3) 50000 rubl hədiyyə etmişdir ki, orada müsəlman uşaqlarına Azərbaycan dili tədris olunsun. Həmin məktəbin pedaqoji şurası cənab Hacını fəxri hami seçmişdir. Həmçinin Peterburqda təsis olunan Müsəlman Xeyriyyə Cəmiyyəti üçün 11000 rubl ianə etmişdir. Cəmiyyətin üzvləri Hacıya qəzetlər vasitəsilə təşəkkürlərini bildirərək, onu fəxri üzv seçdilər. Hacı aşağıda sadalanan işlərə də maliyyə yardımı göstərmişdir: Yetim Erməni Uşaqları Cəmiyyətinə – 3000, Bakıdakı Nina qız məktəbinə – 1000, Dağıstan məscidlərinin təmirinə – 5000, Bakıdakı qəbiristanlığın hasara alınmasına – 5000, Tərxan məscidinin təmirinə və hasara alınmasına – 12565, Tehranda “Rəşidiyyə” mədrəsəsinə – 5000, “Səadət” mədrəsəsinə – 500, Bakıda hər millətdən olan yetim uşaqlara, dul qadınlara, korlara – 8400 rubl.

Hacının mühasibi Konstantin Nikolayeviç (4) otuz ildir ki, onun kontorunda işləyir, bütün mühasib və mirzələr ona hesabat verirlər. Peterburq Universitetini bitirən bu cənab Hacıya sədaqətlə xidmət edir və işində heç bir qüsur olmayıb. Buna görə Hacı hər il mühasibin məvacibini artırıb, həmçinin 18000 rubl dəyərində ona ev hədiyyə edib.

Cənab Hacı hər il fars, Azərbaycan, ərəb, rus və fransız dillərində çıxan qəzetlərin nəşrinə böyük məbləğ sərf edir və onları bir çox alimlərə pulsuz göndərir.

Xülasə, ümumi xeyir üçün bu qədər çalışmaq və səy göstərmək kifayət edər ki, Hacının mübarək adı illər boyu millətin yaddaşında həkk olunsun və tarix səhifələrinə yazılsın. Necə ki Edinburq şəhərində heykəli qoyulan ingilis Con Daltnerin adı əbədi olaraq xatırlanır…

Hicrətin 1192-ci ilində (miladi 1776-cı il) Hindistan padşahının yeganə övladı – qızı ağır xəstəliyə tutulmuşdur. Bir çox yerdən həkimlər çağırılsa da, uşaq nə qədər müalicə olunsa da, zəifliyi artır və xəstəliyi şiddətlənirdi. Vəzirlər ingilis həkimi Con Daltneri hökmdara məsləhət gördülər. Qızının sağalmasına ümidini itirən padşah həkimə dedi ki, əgər qız sağalsa, onda onu ingilisə ərə verər və Daltneri özünə kürəkən edər. Daltner qızın xəstəliyinin səbəbini tapıb onu müalicə etdi və sağaltdı. Bundan hədsiz sevinən padşah həkimi yanına çağırtdırıb, ona “oğul” deyə müraciət etdi və vədəsinə əməl olunacağına söz verdi. Daltner fikirləşmək üçün üç gün möhlət istədi. Daltner düşündü ki, padşahın qızına evlənsə və Hindistan taxt-tacının vəliəhdi olsa, onda vətəni İngiltərəyə xəyanət edər, onun siyasətinə mane olar: “Mən öz dövlətimdən və millətimdən necə əl çəkib, ona yağı ola bilərəm? Padşah da, onun gözəl qızı da vətənimin bir ovuc torpağına qurban və fəda olsunlar”, – deyə fikirləşib, padşahın yanına gəldi və üzr istəyib İngiltərəyə dönmək istədiyini bildirdi. Siyasi işlərdə təcrübəsi olmayan padşah Daltneri böyük hörmətlə və hədiyyələrlə yola saldı.

Elə ki, bu hadisə məşhurlaşdı, hamı Daltnerin qeyrətinə və mərdliyinə heyran qaldı, ingilis hökuməti onu xüsusi hədiyyələrlə və izzətlə təltif etdi. Həmçinin bizim də oxuyan həmvətənlərimiz daim Vətən və millət üçün xeyirli işlər görməli, əziz Vətən övladlarının cəhalət dəryasında qalmamasına, köhnəlmiş adətlərin aramızdan tədricən götürülüb yeni əməllərin intişar tapmasına çalışmalıdırlar.

Cənab Hacı gördü ki, neftin mənfəəti artıq heç kəsə yetmir və o qədər fəhlə saxlamaq lazım gəlmir. Daha çox xeyir gətirmək üçün bez fabrikini açdırdı ki, həm özü, həm də həmvətənləri bundan külli miqdarda mənfəət götürsünlər, kasıblar və işsizlər xəcalət və bekarlıqdan qurtarsınlar. Bu fikirlə o, hicrətin 1315-ci ilində (miladi 1897-ci il) neft zavodunu ingilis-amerikan-alman şirkətlərinə satıb, fabrik tikdirməyə başladı. Bu arada bəzi paxıllar satış bazarlarında rəqabətin yaranmasından qorxaraq, fitnələr törətməyə başladılar. Lakin Əlahəzrət İmperatorun xüsusi mərhəməti sayəsində fabrikin tikilməsinə icazə verildi, çünki bu, dövlətin və millətin xeyrinə olan bir işdir. Hacı 3,5 milyon rubla yer alıb, fabrikin inşasına başladı, işi Bakı sakini Hacı Hüseyn Tağıyevə tapşırdı. Tikinti üç il davam etdi və təxminən 3 milyon rubl da fabrikin başqa tikililərinin sona çatdırılması üçün sərf olundu. Mühəndislər fabrikin tam tikilib başa çatmasını hicrətin 1322-ci ilində (miladi 1904-cü il) nəzərdə tutublar.

Fabrikdə pambıq toxuyurlar və yeddi rəngdə çit parça istehsal edirlər. Müəssisə 12 min fəhlə üçün nəzərdə tutulub və şəhərcik kimi tikilib. Fabrik, fəhlələrin mənzilləri, yollar elektrik enerjisi ilə işıqlandırılır, buraya su kəməri çəkilib.

İnsafən demək lazımdır ki, 12 min əhalini himayə etmək necə böyük xeyirdir. Nəzərə alsaq ki, onların hərəsinin ən azı iki və ya üç nəfər ailə üzvü var, onda bu say 50 minə çatar. Beləliklə, bir nəfər vətənpərvər şəxs 50 min nəfərə qayğı göstərib zillətdən qurtarırsa, əlbəttə, bu şəxsə təşəkkür etmək vacibdir. O cənabın qəlbinin genişliyini, əziyyətlərə qatlaşıb səbr etməyini və axırda var-dövlətinin bütöv qalmağını təsəvvürə gətirəndə, insan təəccüb edir.

Əvvəldə xatırlatdığım kimi, cənab Hacı öz atasından miras qalan evdən köçmürdü. Lakin ailəsinin artması, övladlarının böyüməsi onu təzə evə köçməyə məcbur etdi. Ata evini isə bir nəfər kasıba bağışladı. Lakin bu evi o qədər çox sevirdi ki, bir gün bir nəfərlə yanından keçəndə demişdir: “Bu, mənim atamdan miras qalan evimdir. Mənim böyük imarətlər alıb və evlər tikdirməyə qüdrətim olsa da, yenə o evə səbr və qənaət edib əyləşirdim. Axırda ailəmin böyüməsi məni oradan köçməyə vadar etdi. Əgər indi bu evi bağışlamamış olsaydım, onun ətrafına qızıldan hasar çəkərdim ki, görənlər üçün mənim səbrim ibrət olsun, onlar da qənaətin mənasını bilsinlər. Əgər mən o vaxtlarda bu kiçik evlə kifayətlənməsəydim, əlbəttə, bu böyük evə və imarətə yetişə bilməzdim”.

Hacının indi yaşadığı imarət Bakının mərkəzində yerləşir, dörd tərəfdən yola çıxışı var (5). Hicrətin 1316-cı ilində (miladi 1898-ci il) 270 nəfər mühəndis, memar, bənna, dülgər, nəqqaş və digər işçilər binanın inşasına başlamış və 1902-ci ilin sonunda başa çatdırmışlar (6). İmarətin xarici və daxili tamamilə yonulmuş daşdan və sementdəndir ki, onu palçıq edəndən sonra 18 saat ərzində dolanıb daş olur. Evin ləvazimatı Rusiya, Fransa, Amerika və Almaniyadan gətirilib. İmarətin hər mərtəbəsində daxili isitmə və soyutma sistemi quraşdırılıb ki, yayda otaqları sərin, qışda isti saxlayır. İmarət hər dörd tərəfdən üçmərtəbəlidir: yuxarı mərtəbələr aşağıdakılardan geniş və cəlallı, otaqları böyük və mənzərəlidir. Evin hər bir tərəfində 5-6 böyük otaq vardır və o otaqların hər birinin hündürlüyü təxminən 12 arşın şahıdır. Otaqların tavan və divarları bəzəklidir və hər tavanın rəsminə Amerikanın mahir ustaları təxminən 40000 rubladək qızıl işləyiblər. İmarətin sütunları şüşə almazdan və şəffaf güzgülərdən, döşəməsi isə ağ rənglə və iynəyarpaqlı ağacların şirəsindən hazırlanan sarı rəngli maddə ilə boyanmış hamar taxtalardan düzəldilib. Bu imarət üçün stullar, stollar, kürsülər, qapılar Amerikadan, müxtəlif şəkillər və zərli parçalar isə Almaiyadan gətirilmişdir.

Evin ikinci mərətbəsindəki otaqlar elə üslubda tikilib və naxışlarla bəzədilib ki, görənləri heyrətə gətirir. Tavanlar təmiz almaz, sadə və xalis qızılla, müxtəlif naxışlarla işlənib. Otaqlar elektrik çıraqlarla işıqlandırılır, isti və soyuq su ilə təmin olunurlar.

İmarətin bütün xərci (xaricdən gətirilən ev əşyaları və ləvazimatdan başqa) 1200000 rubla başa gəlib. Cənab Hacı Bakıda çox böyük və bahalı evlər alıbsa da, şəhərdə bu cür imarət görünməyib və tikilməyib.

Lakin bizim məqsədimiz Hacının malını-mülkünü, imarətini tərifləmək deyil, əgər bunu istəsək, xüsusi kitab yazmalı olacağıq. Ancaq bu hekayətdə Hacının öz həmvətənləri üçün etdiyi bəzi xeyirli işləri xatırlayıb, tərcümeyi-halından ona görə bəhs etdim ki, o cənabın həyatı və fəaliyyəti tarixin səhifələrində yadigar qalsın. İnşallah, ümidvaram ki, əziz vətəndaşlar o cənabdan nümunə götürüb, yaxşı sifətlərə və gözəl davranışa adət edər, qərəzsiz xeyirxahlığa qədəm qoyar, mərifət və bəsirətin qapılarını öz vətəndaşlarının üzünə açarlar. Məsələn, son illərdə Bakıda əhali sayının artması ilə şəhərdə içməli suya tələbat artmış, su çatışmazlığı xalqı əziyyətə düçar etmişdir. Hökumət su mənbələrinin tapılıb Bakıya gətirilməsi üçün peşəkar mütəxəssisləri ətrafa göndərmişdir. Bu ümumi problem cənab Hacının da fikrində dolanmağa başladı və o, hökumətə bildirdi ki, bu xeyirli işdə iştirak edərək, hər cür xərcləri çəkməyə hazırdır. Hacı 25000 rubl ianə ayırdı. Mütəxəssislər müxtəlif yerlərdə, o cümlədən, Şahdağ ətəyində su mənbəyini axtarmağa başladılar. Belə qərarlaşdırıldı ki, su tapılsa, Hacı 25000 rubldan əlavə 1000000 rubl da ayıracaq ki, o su şəhərə gətirilsin. Əgər su tapılmasa, Hacı həmin 25000 rublu geri götürməyəcəkdir (7).

Bəzi şəxslər o işi əfsanə sayıb, səmərəsiz hesab edirdilər. Ancaq əgər onlar bir italyanın öz dövlətinə və millətinə etdiyi bəxşiş və ianələrini görsəydilər, onda bilərdilər ki, o, öz vətəndaşları üçün nə cür səxavət göstərib, milyonlar xərcləyib, dövləti və milləti yolunda pul verib, məktəb və xəstəxanalar açıb, qiyamətəcən adını tarix səhifələrində yadigar qoyub. Ümidvaram ki, o cür əliaçıq və qeyrətli şəxslərin nümunəsi yerdə qalanlara da təsir edəcək. Onlar da çalışacaqlar ki, həmvətənlərinin xatirəsində qalıb adları tarix səhifələrinə yazılsın və dillərdə əzbər olsun.

Səadət evində əgər olsa kəs,

Olur bu sözüm ol niku rayə bəs.

Qeyd və şərhlər:

1. Həsən Əlqədari əl-Dağıstani (1834-1910) – Dağıstan alimi, şair, maarifçi. Tarix və şəriətə dair bir sıra əsərlərin müəllifidir. Dağıstan xalqlarının çoxəsrlik tarixini əks etdirən “Asari-Dağıstan” əsəri ilk dəfə Bakıda, 1903-cü ildə Azərbaycan dilində nəşr olunmuşdur. H.Z.Tağıyevə öz minnətdarlığını bildirən H.Əlqədari yazırdı: «Sağ ol, çox-çox sağ ol ki, sən mən bədbəxti sevindirmisən, sənin sonsuz səxavətin nəticəsində mənim tarix kitabım dünya işığı görmüşdür. Sən mənim bu kitabımdan min nüsxə müxtəlif yerlərə göndərmisən, müxtəlif şəhərlərdə insanlara bağışlamısan. Min nüsxə də mənə bağışlamısan. Allah sənin səxavətini artıq eləsin. Mən sənə heç nə ilə təşəkkür edə bilmərəm, dua etməkdən başqa. Mən sənə, Allahın verdiyi səxavətinə görə dua edirəm» (Hacı Zeynalabdin Tağıyev. Müəllif heyəti: N.Vəlixanlı, N.Tahirzadə, F.Cabbarov, M.Məmmədov. İstanbul, 2010, s. 105).

2. Seyid Əzim Şirvani (1835-1888) – Azərbaycan şairi və maarifpərvəri. Qəzəllər, öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr, ictimai məzmunlu satiralar şairin yaradıcılığında müstəsna mövqe tutur. S.Ə.Şirvani Azərbaycanda yeni təlim üsuluna əsaslanan ilk məktəblərin yaradıcılarından biridir.

3. H.Z.Tağıyev 1900-cü ildə Bakıda Kommersiya məktəbinin açılması məsələsini qaldırdı, bina üçün yer aldı, 1901-ci ildə isə tədris müəssisəsinin ehtiyaclarına 50 min rubl ayırdı. O, 1910-cu ildə həmin məktəbin fəxri hamisi oldu. Hal-hazırda məktəbin binasında Azərbaycan Dövlət Pedaqoji Universiteti yerləşir.

4. Burada söhbət H.Z.Tağıyevin mühasibi yox, işlər müdiri Konstantin Aleksandroviç İretskidən (1842 (1844)-1918) gedir. K.A.İretski Bakı şəhər dumasının üzvü və müxtəlif illərdə şəhər başçısı, daha sonra isə H.Z.Tağıyevin işlər müdiri olmuşdur.

5. Hal-hazırda həmin binada Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi yerləşir.

6. Əslində binanın üzərindəki yazılar onun inşasına 1895-ci ildə başlandığını, 1901-ci ildə isə tikintinin başa çatdığını göstərir.

7. H.Z.Tağıyev Bakının su təchizatı mənbəyinin axtarışı üçün hidrogeoloji işlərin və Şollar-Bakı su kəmərinin inşasının maliyyələşdirilməsində fəal iştirak etmişdir. Bakı şəhər dumasının üzvlərinin əksəriyyəti Şahdağın ətəyindəki mənbədə kifayət qədər su olmasına şübhə ilə yanaşmış, Şollar-Bakı su kəmərinin tikintisinin mühəndisi Uilyam Lindleyin layihəsini rədd etmişdi. 1901-ci ilin iyununda H.Z.Tağıyev şəhər idarəsinə ərizə yazaraq, U.Lindleyin fikrinə inandığını və kəmərin çəkilişinə təcili başlamaq üçün öz hesabından 25 min rubl pul ayırdığını bildirir. Şəhərə borc şəklində ayrılan bu vəsaitin şərtini H.Z.Tağıyev öz ərizəsində belə izah etmişdi: əgər işlər uğurla nəticələnərsə və U.Lindley Quba qəzasındakı Şahdağın ətəyində içməli su mənbələrini taparsa, onda şəhər idarəsi həmin 25 min rublu H.Z.Tağıyevə geri qaytarır. Əks halda o, bu vəsaitdən imtina edirdi. Məhz bu ərizədə H.Z.Tağıyev sonralar məşhur kəlama çevrilmiş sözlər işlətmişdir: “bu [Şollar – F.C.] suyun bol ehtiyatlara malik buzlaqlı Şahdağın mövcud olacağı əbədi zamanlara qədər şəhəri təmin edə biləcəyinə tam əminəm” (Azərbaycan Respublikası Dövlət Tarix Arxivi: fond 389, siyahı 10, iş 13, vərəq 77-78). Şollar su kəməri 1917-ci ildə istifadəyə verilmiş və dağ qaynaqlarından susuzluqdan əziyyət çəkən şəhərə nəhayət ki, içməli su gətirilmişdi.

NAĞI BƏY ŞEYXZAMANLI “MİLLƏT ATASI” HAQQINDA

XX əsr milli istiqlal hərəkatının fəal iştirakçılarından biri Nağı bəy Salah bəy oğlu Şeyxzamanlı (Keykurun) 1883-cü ildə Gəncədə anadan olmuşdur. Gənc yaşlarından Azərbaycanda baş verən siyasi proseslərə qoşulan N.Şeyxzamanlı ilk milli siyasi təşkilatlar olan “Difai” və “Müsavat”ın fəal üzvlərindən biri idi. 1919-cu ilin avqustundan 1920-ci ilin martınadək Azərbaycan Xalq Cümhuriyyəti Əks-İnqilabla Mübarizə Təşkilatının rəisi olmuş, ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir. 1920-ci il Aprel işğalından sonra Azərbaycanı tərk etməyə məcbur olan Nağı bəy əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə getmiş, İstanbulda məskunlaşmış və ömrünün sonunadək (1967) burada yaşamışdır.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации