Текст книги "Vaqifə 40 dua"
Автор книги: Коллектив авторов
Жанр: Поэзия, Поэзия и Драматургия
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 2 страниц) [доступный отрывок для чтения: 1 страниц]
VAQİFƏ
QIRX DUA
Yaddaşlarda şeir kimi qalmaq
Füzulidə şeir dua, Nəsimidə etiraz – üsyan, Caviddə sevda və dünyada nə varsa, hamısının sintetik analizi, yəni fəlsəfədir. Daha doğrusu şeir insanın Allah, ölüm, zaman və əbədiyyətlə qarşılaşma anından doğan heyrətinin ifadəsidir.
Bu da şeir haqqında tam və mükəmməl tərif deyil…
Günah bəndə ilə Allah arasındakı məsafənin ölçüsü olduğu kimi, şeir də Allah və bəndə arasındakı uçurumların üstündəki uçub-dağılmış körpüdü.
Bütün şairlər zaman-zaman uçrum üstündəki bu körpünü yenidən yapmaq istərlər. Və hər şeir buna yeni bir cəhddir. Canatmalardan ibarətdir, bu dünyada hər şey…
Bütün şairlər içlərindəki şeytanın oyuncağı, içlərindəki uçurumun qurbanıdırlar. Və onlar içlərindəki şeytanı yox etmək üçün özlərini də yox etmək zorundadırlar.
Bütün qəhrəmanlar əfsanələşmək, bütün şairlər əbədiləşmək istər. Əfsanələşmək də, əbədiləşmək də ölümdən və ölüm qorxusundan doğan illüziyadan başqa bir şey deyil. Bunu qəhrəmanlar anlamaz, şairlər anlar, anlar ancaq qəbul etməz. Şairlik də əslində elə budu – bu illüziyanı anlamaq və onu qəbul etməmək.
Mən həmişə düşünmüşəm ki, bütün heykəllər şairlərin daşa dönmüş misraları, bütün şəlalələr şairlərin uçan suda səslənən nəğmələridi. Ondan başqa heç nə.
Uzun illər bundan əvvəl yazmışdım ki, şairlik bütün həyatın boyu özünəbənzər bir adam axtarmaqdı və sonunda da onu tapmamaqdı.
Kim nə deyir, desin, “Tövrat” Musanın, “İncil” İsanın, “Quran” Məhəmmədin, şeir də şairin tənhalığıdı.
… Vaqif Səmədoğlu mənə həmişə səhrada tək başına yüyürən İsanı xatırladıb. Vaqif tək başına bir şairdi.
Biz dua oxuduq, dua,
Dərdli-sevincli bir udum.
Hamı mələklərin xorunda,
Vagif təkbaşına oxudu.
“Millət, dövlət zirvəsindən insana enmək vaxtıdır”, – deyən Vaqif!
Bəndələr arasında unudulmaq əzabından qorxub, səssizcə “Mən burdayam, ilahi” pıçıldayan Vaqif!
“Allah, məni yarı öldür, yarı saxla anlamağa!”…
Vaqif, adamın özünə özündən başqa özü kimi kim ağlaya bilər ki?!
Ancaq sən istisnasan! Vaqif!
Ölümün 40-cı günü nağılların 40-cı otağının sirri kimidi. Ondan o yana sirr içində sirdi hər şey, Vaqif.
Ölümün 40-cı günü 40 qələmdaşın, 40 dua ilə gəlib hüzuruna. Qoy bu dualar Tanrının hüzurunda ruhuna yardımçı olsun!
Vaqif! Sən Azərbaycan ədəbiyyatının tarixində tək və ilk şairsən ki, xalqın yaddaşında şair kimi yox, şeir kimi qalacaqsan.
Məzarın nurla dolsun, Vaqif!
P.S. Sonda bu kitabın ideya müəllifinə, qələm yoldaşımız gözəl yazıçı, şair, alim Şəmil Sadiq əfəndiyə təşəkkürümü bildirirəm. Tanrı yardımçın olsun.
Rüstəm Behrudi
Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi.
O, bizə kişi kimi yaşamağı,
ölümü kişi kimi qarşılamağı öyrətdi.
Anar
Fikrət Qoca
Vaqif Səmədoğluna
Otuz ildən çoxdur
tanışlığımız…
Dalaşdığımız
özümüzlə,
barışdığımız yoxdur.
Danışdığımız
Danışmadığımızdan çoxdur.
Yaxşı gündə, pis gündə
qazancımız bir cüt
ayaqqabı oldu,
o da qaldı
yer kürəsinin üstündə…
Musa Yaqub
Nə olacaq, olacaq
Qoy indidən daş yastığa baş atım,
Hansı daşa yazılacaq daş adım.
Mən ki, daha gur ömrümü yaşadım,
Bundan sonra nə olacaq, olacaq.
Gəlməz daha hər məclisdən sorağım
Kərəntim koş, sünbül kəsməz orağım
Öz-özünə guruldayır qulağım
Bundan sonra nə olacaq, olacaq.
Zəmilərim, xırmanlarım sovrulub
Təndə canım, sacda dənib qovrulub
Xəzəl altda gül otlarım qıvrılıb
Bundan sonra nə olacaq, olacaq.
İncilərim düşüb dərya küncünə,
Qəvvas gərək güvənsin öz gücünə,
Alıb onu çıxarsın el içinə
Bundan sonra nə olacaq, olacaq.
Biganələr iqlimini görmüşəm,
Bədxahların him-cimini görmüşəm,
Mən özümçün başqa yuva hörmüşəm,
Bundan sonra nə olacaq, olacaq.
Mən dərdimi pıçıldadım dağlara,
Dağlar alıb payladı oymaqlara,
Dövrüm verdi haqqımı nahaqlara,
Bundan sonra nə olacaq, olacaq
Bir gölüm var lap dağların dalında,
Mən də elə o billur göl halında
Səbrim daşır tufan qalmaqalında
Bundan sonra nə olacaq, olacaq.
Nə olacaq?… Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram,
Şimşəklərin işığını saxlaram.
Bundan sonra nə olacaq, olacaq.
Təbiətin rəngi axdı gözümə.
Qələmimlə fırçaladım sözümə.
İnanmağa başlamışam özümə.
Bundan sonra nə olacaq, olacaq
Sabir Rüstəmxanlı
Tabut daşımaqdan
Tabut daşımaqdan çiynimiz yara,
Qəlbimiz qançırdı qəm daşımaqdan.
Bu necə peşədi, yorulduq, Allah
Həm əkib, həm biçib, həm daşımaqdan.
Şeir yazanın kim, yer qazanın kim,
Macal vermədi ki, Əzrayıl-qoçaq.
Bir yerə yığılsa bir dağ olardı
Dostların qəbrinə tökdüyüm torpaq.
Yerin altında da dörd divar! Bitdi…
Üç nöqtə kəfənə düşən tərimiz.
Olumla ölümü qoşa həbs etdi
Yerüstü, yeraltı hörgülərimiz.
Yüz tarla, yüz zavod çalışdıranın,
Yeməyi, içməyi, geyəcəyi yox.
Yer altda qurulan bu nə şəhərdi
Bu üzə bir kəlmə deyəcəyi yox.
İçimə axıtdım göz yaşlarımı,
Dənizdi – qəzəbdən boğulub səsi.
Çoxdan ölümümü yaşadıb Tanrım.
Kəfən bu dünyanın son hədiyyəsi.
Haqqa varan vaxtım, danışan vaxtım.
Özümdən çox əvvəl yaşlaşır dilim.
Bir vaxt bağırmaqdan qabardı ancaq
İndi də susmaqdan daşlaşır dilim.
Əlimiz talançı, eivimiz talan,
Yalanlar üstünə gələn yağıdır.
Ürəyin vursa da ölüsə bəzən,
Ölüm savaşlardan yorulmağındır.
Vaqif Bayatlı Odər
Ölümdən sonra başlar şair ömrü
Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Elə bilirdiniz hamının Allahı var?
Diz çökün, cənab Martınov, diz çökün!
Fələyin zülmü çox, Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü –
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.
Gözlər hədəqədə, ölüm sinədə,
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri! Sonra diz çökün!
Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamsına, hamsına şairlər bayıs!
Güllələyin şairləri! Sonra diz çökün!
Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək əsridi,
Güllələyib güllələnin!
Qəbristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Güllələyin şairləri!
Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?
Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından,
Dünyanın tələsik yır-yığışından,
Günahlı, günahsız şairlər ölür.
Güllələyin şairləri!
Ancaq tövbə gecəsi əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə yüyürsün Dantes,
bir kilsə qapısında səhərəcən
böyürsün Dantes;
Bir də yol verin, yol verin cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa…
Ramiz Rövşən
Nə var Allahdan yuxarı?
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı…
Kamal Abdulla
Yerlə göyün arasında
Yerlə Göyün arasında
İlişib qalmışam yenə.
Aşağıdan səslə sən də
Elə deyinə-deyinə.
Nə yerdəyəm, nə göydəyəm,
Hər şey məndən kənardadı.
Hərdən özüm də bilmirəm
Göy hardadı, yer hardadı.
Kimi Yerlə əlləşəndə,
Kimi Göylə vuruşanda,
Mələklərlə birləşəndə,
Şeytanlarla barışanda.
Yerlə Göyün arasında
İlişib qalmışam yenə.
Durub yolun yarısında
Boylanıram mən səsinə.
Üzüm yox Yerə qayıdım,
Gücüm yoxdu çıxım Göyə.
Beləcə birdən ayıldım
Yeri, Göyü söyə-söyə…
Rüstəm Behrudi
Məzarlıqda bitən yovşan
Çox qəribədi… Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir.
Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.
Əlim qoynumda gəlmişəm,
Əfv et, hönkürüb ağlasam;
Öz qəbrim üstə qoyacam,
Sənnən bir dəstə bağlasam,
Məzarlıqda bitən yovşan.
Sən arxasız, mən kimsəsiz,
Sənnən axır göz yaşlarım;
Burda daşlar daş deyil ki,
Bacılarım, qardaşlarım,
Məzarlıqda bitən yovşan.
Bu son bahar da ölmədim,
Ölmədim, yaz, yaz günaha.
Mən öz tabutundan tutub,
Dönən bir ölüyəm daha
Məzarlıqda bitən yovşan.
Məni dərd deyil, adamlar,
Adamlar öldürdü; Sən, sən…
Baş daşıma qoyulacaq
Çiçəklərdən də gözəlsən,
Məzarlıqda bitən yovşan.
Vədə tamamdı, dönəcəm,
Gəlim qarışım
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?