Текст книги "Dastanlaşmış ömürlər"
Автор книги: Əli Şamil
Жанр: Историческая литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Əli Şamil
Dastanlaşmış ömürlər
DASTANLAŞMIŞ ÖMÜR…
Pasportlaşdırmanı folklorun qızıl qanunu adlandırmaq olar. Oxucuya ilk baxışda elə gələcək ki, «Dastanlaşmış ömürlər» kitabında bu qanuna əməl edilməyib. Ayrı-ayrı adamların söylədiyi xatirə, rəvayət, şer parçası, qəzet-jurnallardan, kitablardan alınmış parçalar publisistik məqalələrin içərisində «əridilib». Bir az diqqətli və ayıq gözlə baxan oxucu folklorumuza böyük məhəbbətin, vətəndaş yanğısının şahidi olacaq.
Müəllif özü danışanda yazılı ədəbi dil normalarına əməl edir. Topladığı materialları isə söyləyicinin danışdığı ləhcədə, onun dünyagörüşünə uyğun şəkildə təqdim edir. Anlaşılmasının çətinlik törədə biləcəyi şübhə doğura bilən hər hansı bir fakt, rəqəm informatora əlavə suallar verilməklə dəqiqləşdirilir. Sənətkarlarımızın yaratmış olduğu bədii nümunələrə böyük qayğı və diqqətlə yanaşılır. Müəllif hər kiçik detalın konkret bədii, tarixi funksiya və vəzifə daşıdığını, mühüm məna və əhəmiyyət kəsb etdiyini çox aydın dərk etdiyindən yaddaşlarda qorunub saxlanılan xırda bir təfərrüata, kiçik bir şer parçasına biganə qalmır.
Rusiyanın Qafqazı işğalı bölgədə yaşayan xalqların hamısı tərəfindən eyni qarşılanmadı. Xüsusən tüklər işğalçılara qarşı uzun müddətli mübarizəyə başladılar. Bunun ən geniş formalarından biri də qaçaqçılıq hərəkatı idi. XIX-XX yüzilliklərdə Qafqazda yaşamış və döyüşmüş qaçaqların siyahısı tərtib edilsə orada yüzdə doxsanının tüklər olduğunu görərik. Bu da səbəbsiz deyil. Son illərdə yaxın tariximizə dair yazılmış elmi əsərlərdə məsələyə geniş və obyektiv qiymət verildiyindən mövzu üzərində dayanmayıb ona yalnız folklor yönündə nəzər salacağıq.
Yüzillər boyu davam edən türk dastançılıq ənənəsi tarixin gedişi nəticəsində öləziyirdi. Dramaturgiyanın, bədii nəsrin inkişafı daha qabarıq ön plana çıxırdı. Lakin bu dastan yaradıcılığını da tam dayandıra bilməmişdi. Son yüzilliklərdə dastan yaradıcılığımızı öləziyən, nəsr və dramaturgiyamızı isə alovlanan ocağa bənzədə bilərik.
«Qaçaq Nəbi», «Qaçaq Kərəm», «Qandal Nağı», «Dəli Alı» və b. buna nümunə ola bilər. «Dastanlaşmış ömürlər» kitabına daxil edilmiş məqalələri oxuyanda bu siyahının daha geniş olduğunu görürük.
«Şərq qapısı» («Sovet Naxçıvanı») qəzetində müxbir işləyən Əli Şamil də 1980-ci illərdə qaçaqlar haqqında söylənən rəvayətləri və xatirələri toplayıb çap etdirməklə sanki öləzimiş ocağı yelpikləmiş oldu. Xatirələr oyandı. Naxçıvanda folklorumuzun toplanmasının yeni dalğası başladı. Toplanan materialların bir qismi «Sovet Naxçıvanı» qəzetində «Elimizin söz boğası» səhifəsində çap olundu. Ə.Şamilin hazırladığı bu səhifədə verilən folklor nümunələrində pasportlaşdırmaya ciddi diqqət yetirildi. Rayon qəzetləri də öz səhifələrində folklor nümunələrinə yer ayırdı. Beləliklə, peşəkar və həvəskar folklorçular az müddətdə olduqca maraqlı nümunələr topladılar. Bu nümunələr sonralar «Naxçıvan folkloru» kitabında nəşr olundu.
Əli Şamilin «Dastanlaşmış ömürlər» kitabı folklorçularımızın, tarixçilərimizin daha geniş araşdırmaları üçün bir ipuçu ola bilər. Müəllif xatirə və rəvayətləri söyləyənlər haqqında ya mətn içərisində ya da məqalənin sonundakı qaynaqlar və notlarda bilgi verir. Bu da folklorun pasportlaşdırmasını əvəz edəcək bir üsuldur.
Hüseyn İsmayılovfilologiya elmləri namizədi
ÖN SÖZ
On illər boyu dünyanı qorxu içərisində saxlayan, 160-a yaxın xalqın «həbsxanası»na çevrilən nəhəng Sovetlər Birliyi çox qısa vaxtda çökdü. Onun sərhədlərini illərlə dünyaya bağlayan «dəmir pərdələr» dağıldı. Xalqlar yüzillik əsarətdən qurtardı, illər boyu bir-birinə həsrət qalan ana oğula, bacı qardaşa qovuşdu. Sərhədlər açılandan sonra Azərbaycana nəinki İran İslam Respublikasından, Türkiyə Cümhuriyyətindən, hətta Avropanın, Amerikanın, Avstraliyanın müxtəlif guşələrindən soydaşlarımız gəlməyə başladılar. Taylı-tayını tapar deyiblər. Mənimlə görüşən, dostluq edən, əlaqə qurmağa çalışanların əksəriyyəti də folklorumuzu, tariximizi, mədəniyyətimizi araşdıranlar oldu.
Naxçıvanın Türkiyə və İranla yaxın olması, bu yerlərin adamlarını bir-birinə daha sıx bağlamışdı. Rusiya Qafqazı işğal etdiyi ilk onilliklərdə Türkiyə və İranla sərhədləri möhkəm bağlaya bilməmişdi. İcazəli-icazəsiz gediş-gəlişlər 1950-ci illərədək davam etmişdi. Xüsusən qaçaqlar çar Rusiyasının təqiblərindən yayınmaq üçün tez-tez İrana və Türkiyəyə keçməli, müvəqqəti orda daldalanmalı olur, ara sakitləşən kimi yenidən dönüb doğma yerlərdə fəaliyyətlərini davam etdirirdilər.
«Şərq qapısı» qəzetində işlədiyim illərdə (1973-1992) folklor nümunələri toplayır, Naxçıvan bölgəsinin yaxın keçmişini öyrənir, əldə etdiyim materiallar əsasında məqalələr çap etdirirdim. Amma bu məqalələri olduğu kimi çap etdirə bilmirdim. Həmişə müxtəlif əngəllərlə rastlaşır və məqalələrin ixtisarla çap olunması zorunda qalırdım. Məqalələrim çap olunandan sonra haqlı irad tutanlar, əlavə bilgi verənlər də olurdu. Beləliklə, unudulmaqda olan insanlar yenidən xatırlanır, xatirələr yenidən dilə gəlirdi.
Sərhədlər açılandan sonra İrandan, Türkiyədən gələn, eləcə də əsli oralardan olub, Avropada, Amerikada yaşayan araşdırıcılar XIX-XX yüzillikdə Naxçıvan və İrəvan bölgələrində yaşamış qaçaqlar, el şairləri, sənət adamları ilə bağlı bilgi istəyəndə həvəslə eşitdiklərimi onlara söyləyir, mən də onlardan əlavə bilgilər almağa çalışırdım. Qəzet və jurnallarda çap olunmuş məqalələrin surətlərini də onlara verirdim. Aradan bir-iki ay keçəndən sonra bəzən giley dolu məktublar alırdım. Araşdırıcılar şifahi verdiyim bilgilərə məqalələrdə rast gəlmədiklərini yazırdılar.
Qəzet və jurnallarda çap olunmuş məqalələri toplayıb kitab halında çap etdirməkdən xoşum gəlməsə də, bu işi görmək zorunda qaldım. Çünki kirill əlifbası ilə çap olunmuş yazıları Quzey Azərbaycanından kənarda yaşamış soydaşlarımız ya heç oxuya bilmir, ya da çox çətinliklə oxuyurdular. Haqqında şerlər qoşulmuş, dastanlar söyləmiş qaçaqlar və xalq sərkərdələri haqqında olan məqalələri bir yerə topladım. Onları yenidən gözdən keçirdim, bir vaxt ixtisar olunmuş parçaları bərpa etdim. Beləliklə, məqalələrdən ibarət «Dastanlaşmış ömürlər» kitabçasını ərsəyə gətirdim. Məqalələr üzərində yenidən əl gəzdirsəm də, sonunda qəzet və jurnallarda çap olunduğu, radioda səsləndiyi tarixi qoydum.
Quzey Azərbaycanda rus və Avropa dillərindən gəlmiş bəzi sözlər xalq ağzında dəyişik, dilimizin qanunlarına uyğunlaşdırılıb işlədilir. Onları deyildiyi şəkildə yazmışıq. Həmin sözlər bizə aydın olsa da, Azərbaycan Respublikasından kənarda yaşayan oxucular və araşdırıcılar üçün çətinlik törədəcəyini nəzərə alaraq sözlərin üzərində (*) işarəsi qoyub səhifənin ətəkyazısında onların qarşılığını və izahını verdik. Söylənilən şer və söhbətləri isə ədəbi dilə uyğunlaşdırmadıq. Qoy ləhcə və şivələrimiz haqqında da aydın təsəvvür olsun. Lazım gəlsə dialektoloqlarımız da bu yazılardan qaynaq kimi istifadə edə bilsinlər.
Yer, şəxs adları, qaynaq kitablar haqqında isə mötərizə içərisində göstərilən rəqəmə uyğun olaraq hər məqalənin sonundakı “qaynaqlar və notlar”da bilgi verdim. Səhifələrin ətək azısında, eləcə də məqalələrin sonunda qaynaq və notlarda bir dəfə verilən izahatları sonrakı səhifələrdə təkrarlamağa ehtiyac görmədik.
DEMƏYİN MEYDANNAN QAŞDI MİRZALI
Axtarış: On ilə yaxındı Mirzalı haqqında eşidirəm. Eşitdiklərim məni yeni adamlarla görüşməyə, Mirzalı haqqında daha çox məlumat toplamağa sövq edir. Şahbuz (1) rayonunda11
İlçə, bəxş.
[Закрыть] az-az məclis olar orada Mirzalıdan söhbət getməsin. Həmişə də qocalar yaddaşlarından gileylənər, bəzən də ötən zəmanəni yamanlayarlar. Axı çarizmə,22
Tezarlıq.
[Закрыть] xan-bəy üsul-idarəsinə qarşı vuruşan bir adam haqqında o vaxt danışmaq çox çətin idi.
Mirzalı haqqında söyləmlər yalnız yaddaşlarda yaşamışdır. Qocalar, qarılar bu dünyadan köçdükdə özləri ilə bərabər bildiklərinin bir çoxunu da aparmışlar. Bizim günlərə qədər gəlib çatan az-çox rəvayətlər isə bugünkü qocaların ata-babalarından eşitdikləridir. Belə qocaların, qarıların neçəsi ilə görüşüm? Onuiləmi, iyirmisiləmi bilmirəm. Əksəriyyəti də eyni rəvayəti, hadisəni müxtəlif çalarda, müxtəlif variantda xatırlayır. Odur ki, eşitdiyim rəvayətləri qruplaşdırmağa çalışdım.
Mirzalının yaxın qohumlarından olan Qara kişi Kolanı kəndində33
Köy
[Закрыть] doğulsa da, 40 ildən artıqdır Naxçıvan (2) şəhərində yaşayır. Yaşı 80-i keçib.
Birinci rəvayət – xatirə və ya Qara kişinin dedikləri:
Kolanı (3) kəndi 3 tayfadı: qazaxlı, kolanı, gülümlü. Mirzalı qazaxlı tayfasındandır. Atamın dayısıdır. Mirzalıya qoşulmuş şerdə adı çəkilən Nənəş mənim doğmaca nənəmdir. Onu yaxşı xatırlayıram. Birinci erməni-müsəlman davasında sağıymış. İkinci erməni-müsəlman davasında ölmüşdü. Deyirlər, öləndə 150 yaşı varmış. Qardaşı haqqında yana-yana, kövrələ-kövrələ danışırdı.
«Böyük aclıq ili» camaat bərk aclıq çəkirmiş. Keşiş44
Papaz.
[Закрыть] də Gömür (4) kilsəsinə çoxlu taxıl yığıbmış. Ətraf kəndlərin erməni və müsəlmanları keşişdən borc istəyirmiş, o da vermirmiş. Gözdüyürmüş qiymətlər qalxsın, baha qiymətə satsın Belədə Mirzalı bir neçə yoldaşı ilə kilsəyə hücum edir, keşişi dirəyə sarıyır, taxılı camaata paylayır. Buna görə də qaçaq düşür…
Mirzalının tutulmasına isə Molla Cəfər səbəb olur. Molla Cəfər bir cadu yazır. Onun təsirindən Qarabağda qaçaqlıq edən Mirzalı oradan bir günə Kolanıya gəlir. Tozanaq qar yağdığından izindən Mirzalının kəndə gəldiyindən xəbər tuturlar. Hökumət adamları onu tutmaq üçün kəndə gəlirlər. Atışma olur. Mirzalının atdığı güllə Molla Cəfərə dəyir, onu öldürür.
Deyirlər qubernat55
Vali.
[Закрыть] da Mirzalının qoçaqlığından çox eşidibmiş. Ona görə İrəvandan (5) Əşrəf ağa və başqalarını Naxçıvana göndəribmiş. Tapşırıbbış Mirzalını vurmağa qoymasınnar, onu diri tutsunnar. Mirzalının gizləndiyi evə heç kim yaxın düşə bilmir. Qardaşı Ağanı dilə tutur, yarızor, yarıxoş Mirzalının yanına göndərirlər. Onunla danışıb, qollarını bağlayıb bayıra çıxarmağı tapşırırlar. Ağa deyilənlərə inanıb içəri girir. Qardaşının qollarını bağlayıb bayıra çıxaranda Molla Cəfərin qohumları Şəmi və Şəmşimalı xəncərlə onu doğruyur.
Müəllifdən: Yaşlı nəslin yaddaşında 19061907-ci illər birinci erməni-müsəlman davası kimi, 1918-20-ci illər isə ikinci erməni-müsəlman davası kimi qalıb. Buradan belə qənaətə gəlmək olar: Nənəş 1907-1917-ci illər arasında ölüb. Onun 150 yaşında ölməsini isə dəqiq fakt kimi qəbul etmək olmaz. Adətən yaşı yüzü keçən adamlardan söz düşəndə həmişə rəqəmin şişirdilməsinin şahidi oluruq. Nənəşin 150 yaşında öldüyü ilə razılaşsaq, onda doğum tarixi 1757-67-cı illər arasına düşür. Qoy Mirzalı da bacısından 10-15 yaş kiçik olsun. Lap 30-40 yaşlarında da qaçaqlıq etsin. Bu da 1822-ci ili keçmir. Rusiya isə İrəvan və Naxçıvan xanlığını 1828-də işğal edib. Mirzalı ilə bağlı söhbətlərdə adı çəkilən vəzifələr Rusiyanın Qafqazı işğalından sonra yaranıb. Bunlardan belə qənaətə gəlmək olar: Mirzalı 1820-30-cu illərdən öncə deyil, sonra qaçaqlıq edib.
İkinci rəvayət: – Bunu da Aşağı Qışlaq kəndində yaşı 80-ni keçmiş Əziz Mahmud oğlu danışdı:
– Quş Mirzalı cavanlığında cəld və zarafatcıl bir adam kimi ad çıxarıbbış. Bir gün quzu növbəsinə gedibbiş. Axşamüstü çöldə bir dovşan qaçır. Dovşan hansı tərəfə qaçırsa, Mirzalı qabağını kəsib qaytarır quzunun içərisinə. Bu minvalla dovşanı sürü ilə gətirir kəndə. Camaat çəpişini, quzusunu seçib aparmağa gələndə Mirzalı dovşanı göstərərək zarafatla deyir: – Bu çər dəymiş çəpiş kimindi? Qoymayıb bu gün bir az dincimi alım. Sabah onu çölə aparmayacam.
Yuxarı Qışlaqlı Abbasəli Abdullayev (6) Quş Mirzalı ilə bağlı rəvayətlərlə yanaşı, şerləri də yaxşı xatırlayır. Bu şerlərin biri Quş Mirzalının dilindən sevgilisinə müraciətlə söylənən gəraylıdır. Gəraylının bəzi misralarında vəzn və qafiyə pozuqluğu var. Gəraylıda deyilir:
Cavan ömrüm bada getdi,
Salmadı yar yada məni.
Fələk görün nələr etdi,
Yar gətirdi dada məni.
Ömrüm getdi hədər yerə,
Qan ağlar kim məni görə.
Dost gəlmədi bu dar günə,
Yar salmadı yada məni.
De, bu dərdə dözüm necə,
Dərdim bilən yoxdu bircə,
Can vermərəm yar gəlincə,
Cəllad çəksə dara məni.
İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Remeşin (7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir:
Çərşənbə günündə çıxdım səfərə,
İçdiyim şərbətim döndü zəhərə,
Qəfil gülləm dəydi Molla Cəfərə,
Deməyin meydannan qaşdı Mirzalı,
On arşın divarı aşdı Mirzalı.
Ağa qardaş qollarımı bağladı,
Şəmi vurdu, Şəmşimalı doğradı,
Nəsir ağa başa döydü, ağladı,
Deməyin meydannan qaşdı Mirzalı,
On arşın divarı aşdı Mirzalı.
Şerin misralarının başqa variantlarında deyilir:
Nənəş bacım birçəyimi oxşadı.
və ya
Eşidənnər deyir: ağlı zayıldı,
Görənnər deyir: quşdu Mirzalı.
Üçüncü rəvayət: Bunu da yaşı 100-ü haqlamış, Zərnətündə (8) böyüyüb boya-başa çatmış, hazırda Naxçıvan şəhərində yaşayan Fətulla Musayev (9) danışdı:
– Quş Mirzalı Kömür kilsəsini dağıdandan sonra xeyli qaçaqlıq edir. Mirzalının bir bacısı Məşədi Gilə Ağcabədi (10) rayonunun Qaravəlli kəndində yaşayırmış. Mirzalı Qaravəllidən bir günə Kolanıya gəlib çatmışdı. Onun belə qoçaqlığına mahnı qoşmuşdular. Yadımda bunnar qalıb:
Sübh çağı Xan (11) bağınnan yığdım üzümü,
Günorta Şahbulaqda (12) aşdım onun üzünü.
Danışırdılar ki, Mirzalı dəfələrlə həbsdən qaçıb. Qubernat da Mirzalının həbsdən qaçmasıynan çox maraqlanırmış. Bir gün eşidir ki, Mirzalını tutub İrəvan həbsxanasına gətiriblər. Özü durub onun yanına gəlir. Öyrənmək istəyir Mirzalı həbsxanadan necə qaçır. Qubernat Mirzalını bir neçə dustaqla birgə uca hasarlı, üstüaçıq həbsxana meydanında gəzintiyə çıxardıqlarını görür. Tərcüməçi vasitəsilə Mirzalıdan silahlı nəzarətçilərin, uca divarların olduğu bir yerdən necə qaça bildiyini xəbər alır. Həbsxananın naçalniki66
Naçalnik (rus) – polis, jandarma komutanı.
[Закрыть] və başqaları da qubernatın yanındaymış. Mirzalı gülümsəyərək: «Çox sadəcə» deyib, «qaçmağını» göstərir. Mirzalı geri çəkilib divara doğru qaçır. Ayağının birini yerə vurub sıçrayıb o birisini divarın bir metr ucalığına vurur. Yerə düşüb bir də geri çəkilir. İkinci dəfə qaçıb ayağının birini yerə vurduqda ikincisini bayaqkından xeyli yuxarı vurur. Üçüncü cəhddə Mirzalı sıçrayıb ayağını divarın adam boyundan çox uca yerinə vurur və əlini atıb divarın üstündən tutur. Bir anın içərisində qubernatın, naçalnikin və başqalarının gözü qarşısındaca divarı o üzə aşır. Keşikçilər bu tamaşadan ayılıb Mirzalının qaçdığını yəqinləşdirənə kimi o aradan çıxır.
Çayxanada söhbət: Bir payız günü Aşağı Qışlaq kənd çayxanasında ağsaqqalları yenə də Mirzalıdan söhbət etməyə sövq etdik. Fikirlər şaxələndi. Mübahisə qızışdı. 105 yaşlı Zal Rüstəm oğlu hadisələrə daha obyektiv yanaşmağa, özündən kiçik və yaşıdı olan qocaların sözlərinə düzəliş verməyə çalışırdı. Qocalar deyəndə ki, Mirzalını Molla Cəfər cadu ilə bir günə Qarabağdan Kolanıya gətirdi. O, gülərək:
– Ay oğul, bunların sözünə inanma – dedi. – Mirzalı ilə Molla Cəfər bərk dost olub. Hökumət Mirzalını tuta bilmədiyini görəndə Kolanıdan, bizim kənddən və Yuxarı Qışlaqdan Mirzalıya yaxın olan 15 ailəni Sibirə (13) sürgün edəcəyini bildirir. Bu ailələr arasında Molla Cəfər və onun qohumlarının da ailəsi var imiş. Molla Cəfər də vəziyyəti məktub vasitəsilə Mirzalıya bildirir. Ona görə də Mirzalı bir payız günü – yerə yenicə qar düşəndə Kolanıya gəlir. Onu tutmaq istəyənnər düşünürlər ki, neyləyək-neyləməyək? Axşam olsa Mirzalı qaçıb aradan çıxacaq. Biçənəkli (14) Kəblə Mustafa da atıcılıqda ad çıxarıbbış. Naçalnik onu gətirdir ki, Mirzalını vursun. Mirzalı da uzaqdan Kəblə Mustafanı görən kimi işi başa düşüb onun tüfəngini vurur. Kəblə Mustafaya təzə tüfəng verib yenə Quş Mirzalının üstünə göndərillər. Bu dəfə Quş Mirzalı Kəblə Mustafanın özünü vurur. Şerdən göründüyü kimi, Mirzalı Molla Cəfəri qəsdən yox, təsadüfən vurmuşdu.
Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi:
– Nəbinin (15) qaçaqlıq elədiyi yuxu kimi yadıma gəlir. Nəbi yoldaşlarıynan bizim evə gəlmişdi. Xurcunlarına çörək, yemək yığıb getdilər. Amma Quş Mirzalının qaçaqlığı mənim yaşımnan qabaq olub. Onun haqqında böyüklər danışanda eşitmişəm. Mirzalıdan, onun qoçaqlığından söz düşəndə bir də onu deyirdilər: O zaman pristav77
Pristav (rus) – məhəlli polis məmuru.
[Закрыть] Qarababada (16) otururmuş. Mirzalıya bir məktub verib İrəvana aparmasını tapşırır. Səhəri gün axşam pristav Mirzalını görəndə hirslənir. Ondan nə üçün tapşırığını yerinə yetirmədiyini soruşur.
Mirzalı deyir:
– Dünən tezdən məktubu vermişdiniz, mən də tənbəlliyimdən Kolanıya qayıtmayıb elə ordan İrəvana getdim. Bu gün də qayıdıb gəlmişəm.
Pristav hirslənərək deyir:
– Bəs nə üçün cavabı gətirməmisən?
Mirzalı deyir:
– Sizin dediyiniz vaxta hələ iki gün var. Vədənin tamam olmasını gözləyirdim ki, gəlib Sizə xəbər verim.
Pristav gülərək Mirzalının qoçaqlığına heyran qalır və təşəkkürünü bildirir.
Deyillər bu hadisədən bir xeyli sonra yolda poştu soyullar. Nə qədər axtarıllarsa, poştu soyanı tapa bilmirlər. Çuğullar xəbər verir ki, poştu soyub belə cəldliklə aradan çıxan Quş Mirzalı olar. Ona görə də pristav Mirzalını həbs etmək haqqında əmr verir.
– Zal əmi, Quş Mirzalının şairliyi, şer deməyi olubmu? – sualıma: – A bala, bildim nə deyirsən. Quş Mirzalının şairliyi, aşıxlığı olmayıb. Məncə, onun dilində söylənən şerləri qışlaqlı Molla İsmayıl deyib – cavabını verdi.
Dördüncü rəvayət: Bunu da 1903-cü ildə Sisian (17) uyezdinin88
Uyezd(rus)–qəza
[Закрыть] Şükar kəndində doğulmuş, daşnakların (18) Zəngəzurda (19) nahaq qanlar axıtdığı dövrdə – 1918-1920-ci illərdə qaçıb Şahbuz rayonunun Aşağı Remeşin kəndinə gəlmiş Tahir Allahyar oğlu danışdı.
– Ay oğul, uşağın yaddaşı iti olar. Uşaqlıxda eşitmişəm bunnarı. Bir çoxu da yadımdan çıxıb.
Elə ki, Mirzalı gecə Kolanıya çatır, kəndə girməyə ehtiyat edir. Kəndin üst tərəfində bir dəyirman varıymış, girir dəyir-mana. Hava soyuq olduğundan, su donduğundan dəyirmanı gecələr işlətmirlərmiş. Mirzalı dəyirmanın pərdilərindən söküb çelvarda (təndirin yarısı qədər olan ocaq – Ə.Ş.) ocaq qalayır. Undan xəmir yoğurub özünə kömbə99
Ocaqda, xəmrəsiz (mayasız) bişirilmiş çörək növü.
[Закрыть] bişirir.
Səhər dəyirmana adam gələcəyindən ehtiyatlanıb, Hindizan məhləsinin yuxarısındakı Sarı yoldakı mağarada daldalanır. Kimi deyirdi dəyirmançı gecə ocaq qalanıb kömbə bişirildiyindən duyub ki, Mirzalı gəlib. Kimi də deyirdi ki, sübh tezdən su gətirməyə gedən bir gəlin Mirzalını görüb qorxub. Qorxusundan hay-haray salıb.
Kənddə olan, Mirzalının gəlişini səbirsizliklə gözləyən Əşrəf yüzbaşının dəstəsi onu mühasirəyə alır. Mirzalı yerinin o qədər də münasib olmadığını görüb, İsmayılın evinə qaçıb (Kolanıda kəndin sakinləri həmin evin təxmini yerini bizə göstərdilər. İndi həmin yerdə Bayram Nəcəfov yaraşıqlı ev tikib, bağ salıb – Ə.Ş.) girir. Tək olmasına baxmayaraq, bir nəfəri də qoymur evin həndəvərinə gəlsin. Əşrəf yüzbaşı Quş Mirzalını döyüşdə məğlub edə bilməyəcəyini, gecə düşən kimi qaranlıqdan istifadə edib mühasirədən çıxıb qaçacağını görüb hiyləyə əl atır. Mirzalının qardaşı Ağanı al dilə çəkir. Ağa da evə girib Mirzalının qollarını bağlayır. Lakin namərdlər verdikləri vədə əməl etmillər. Qolubağlı igidi, görda1010
Görda – birağızlı əyri qılınc, yatağan.
[Закрыть] və xəncərlə doğrayırlar.
O ki, qaldı Molla Cəfəri vurması. Onu da qəsdən vurmayıb. Şerdə də deyib:
Mirzalı ölüm ayağında çox şer deyib. Huşumda ilişib qalan bu azacıqdı:
Əşrəf ağa çapar saldı hər yana,
Kazak1212
Rusiyada yaşayan əhalinin bir qrupuna verilmiş ad. Bəzi araşdırıcıların fikrincə türk mənşəli olub sonradan ruslaşan bu xalq azadlıqsevərliyi və döyüşkənliyi ilə seçildiyinə görə Rus çarları XVIII yüzildən başlayaraq onlardan xüsusi ordu yaratmışlar. Bu ordudan daha çox cəza dəstəsi kimi istifadə edilmişdir.
[Закрыть] düzdü, məni qatdı meydana,
Doğradılar, batdım qızılı qana,
Haray, bizim ağır ellilər, haray!
Ağa qardaş qollarımı bağladı,
Mirzə Nəsir dəsmal çəkdi ağladı,
Kəlməm deyilməmiş Şəfi məni doğradı,
Haray, bizim ağır ellilər, haray!
Müəllifdən: Rəvayətlər, söhbətlər ziddiyyətli və bir az da əfsanəvidir. Bu da təbiidir. 19-cu yüzildə qaçaqlıq etmiş el qəhrəmanı haqqında xalq məhəbbətlə rəvayətlər yaratmış, şerlər qoşmuşdur. Yaradılmış rəvayətlər və şerləґ pərakəndə halda bizim günlərə gəlib çıxmışdır. Şerləri kim qoşmuşdu, dastanı kim yaratmaq istəmişdi? Suallarımız cavabsız qaldı.. Naxçıvanı, İrəvanı bürümüş, xalq arasında «böyük aclıq ili» kimi məşhurlaşmış ili də müəyyənləşdirə bilmədik.
15.X.1983.
Qaynaqlar və notlar
1. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında rayon.
2. İndiki Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Respublikasının paytaxtı. Miladdan öncə 2-1-ci minilliklərə aid maddi mədəniyyət nümunələrinin tapılması şəhərin üç min ilə yaxın tarixindən xəbər verir. Səlcuqların Azərbaycandakı canişininin iqamətgahı (12-ci yüzil) burada yerləşirdi. Uzun illər Naxçıvan xanlığının mərkəzi olub. Rusiya 1828-ci ildən bu yerləri işğal edib. 1841-ci ildən Naxçıvan qəzası elan edib və Gürcüstan-İmeretiya quberniyasına qatıb. 1849-cu ildən İravan quberniyasının tərkibində olub. 1918-ci ildə Güney Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan Respublikası yaradılanda ermənilər Naxçıvanı işğal etməyə çalı-şıblar. Əhalisinin çoxunu tüklər təşkil etdiyinə görə güclü müqa-vimətlə rastlaşıblar. Ermənistan respublikasının silahlı dəstələri, eləcə də Andranik Ozanyanın başçılığı ilə Türkiyədən qaçan ermənilər Naxçıvan kəndlərində qırğınlar törətsələr də tam qələ-bə çala bilməyiblər. Naxçıvan 1918-ci ildə yaradılmış Araz Türk Respublikasının tərkibinə daxil olub. Bu respublikanın ömrü qısa olsa da əhali iki il ermənilərə qarşı müqavimət göstərib.
1920-ci ildə Rusiya bolşeviklərin rəhbərliyi ilə Qafqazı işğal edəndə Naxçıvanı Ermənistan Respublikasına qatmaq istəyib. Yerli əhalinin əksəriyyətini tüklər təşkil etdiyindən güclü müqa-vimətlə rastlaşıblar. 1921-ci ildə Karsda (mart) və Moskvada (oktyabr) bağlanmış anlaşmaya əsasən Naxçıvan Sovet Sosialist Respublikası (Azərbaycan respublikasının tərkibində olmaqla) elan edilib. Sovetlər Birliyi Qafqazda mövqelərini möhkəmlət-dikdən sonra uluslararası anlaşmanı kobud şəkildə pozaraq 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Res-publikası yaratdığını elan edib. 1929-cu ildə isə birtərəfli qay-dada Naxçıvana bağlı 9 kəndi Ermənistana verib. Beləliklə Na-xçıvanı Azərbaycandan ayıran Meğri dəhlizini böyütmüş olub.
3. Şahbuz rayonunda kənd.
4. Naxçıvana bağlı Şahbuz rayonunda ermənilərin yaşadığı dağ kəndi. Yerevan şəhərində və ətraf qəsəbələrdə daha rahat şərait olduğuna görə 1950-ci illərdə ermənilər kəndi tərk edib oraya köçmüşlər.
5. Son yüzillikdə Yerevan-Erivan şəklində yazılır.
6. Abdullayev Abbasəli Məhəmməd oğlu. 1904-cü ildə Yuxa-rı Qışlaq kəndində anadan olub. Kənddəki molla məktəbində üç il təhsil alıb. Şahbuz rayonunda müxtəlif vəzifələrdə işləyib. 6 sentyabr 2000-ci ildə doğulduğu kənddə vəfat edib.
7. Bu kəndlər Naxçıvana bağlı Şahbuz rayonundadır.
8. Şahbuz rayonunda kənd. 1950-ci illərdə əhalisi yaxın-lığındakı Biçənək kəndinə köçürülüb.
9. Musayev Fətulla. 1887-ci ildə Şahbuz rayonunun Zərnətün kəndində doğulub. Savadsızdır. 1987-ci ildə Naxçıvan şəhərində vəfat edib.
10. Qarabağ bölgəsində rayon.
11. İndiki Dağlıq Qarabağ vilayətinin mərkəzi Stepanakertin əski adı. Xankəndi olmuş, kənd yaxınlığındakı bağ Xanbağı adlanmışdır.
12. Keçmiş Qarabağ xanlığının Zəngəzur qəzasında (indiki Ermənistan Respublikasında) bulaq adı.
13. Sibir – Türklərin savir, sabir tayfasının adı ilə bağlı bölgə. Rusiya bu yerləri 18-ci yüzildə işğal etmiş və yerli əhalini sıxışdırmaq üçün hökumətdən narazı insanları daima buraya sürgün etmişdir. Qışı olduqca soyuq və uzun keçdiyinə, sərt təbiətinə görə bura Rusiya hökumətinin cəza bölgəsi – sürgün yeri olmuşdur.
14. Şahbuz rayonunda kənd.
15. Qaçaq Nəbi (1854-1896) nəzərdə tutulur.
16. Şahbuz rayonunda kənd.
17. Keçmiş Qarabağ xanlığında kənd İndiki Ermənistan Res-publikasında rayon mərkəzi.
18. Ermənilərin 1890-cı ildə Tiflisdə yaratdıqları Sosialst tə-mayüllü partiya. Bu partiyanın üzvlərinin 1905-07-ci illərdə və 1917-21-ci illərdə törətdikləri qırğınlar, əsasən də dinc müsəlman əhalisinin məhvində fəal iştirakı onu irqçi bir təşkilat kimi tanıtdı. 1918-ci ildə yaradılan Ermənistan Respublikasının hökumətində Daşnaksütun partiyası aparıcı – iqtidar partiya idi.
19. Keçmiş Qarabağ xanlığında qəza. 1920-ci ildə ruslar bolşevizm adı altında Qafqazı yenidən işğal edəndən sonra Zəngəzur qəzası ləğv edildi və Ermənistan Respublikası yaradılmaq üçün bölgənin çox hissəsi oraya qatıldı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?