Электронная библиотека » Məlahət Həsənova » » онлайн чтение - страница 2

Текст книги "Leykoz"


  • Текст добавлен: 29 ноября 2022, 15:40


Автор книги: Məlahət Həsənova


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Bütün düşüncələrəmiz, fikrimiz ancaq balamızla bağlı idi. Onu düşünür, ancaq onun sağlamlığı haqda fikirləşir-dik. Balamızın müalicəsi üçün böyük maddiyyat lazım idi. Bunun üçün də yoldaşım və oğlum ancaq bu haqda danışır, nə olursa olsun bu müalicəni başa çatdırmaq lazım olduğunu fikirləşirdilər. Buna görə narahat deyildim, dediyim kimi yoldaşım dedisə, o nəyin bahasına olursa olsun dediyi sözün üstündə dururdu.

Bu şəhərdə mənim tanışım, belorus millətindən olan bir qadın yaşayırdı. O, bu gün bizə qonaq gəldi. Özü və qızı çox mədəni və mehriban idilər. Həyat amansız olsa da, hələ də gözəl və mədəni insanlar var. Mənə mağazaya çıxmağı təklif etdi. Əslində mənə də lazım idi. Qızımın bir neçə istədiyi şeylər var idi. Biz bir yerdə alış-veriş etdik. Gəldiyim gündən heç yerə çıxmamışdım. Ehtiyacımız olanları aldıqdan sonra evə qayıtdıq.

Çay dəmlədim, oturub söhbət etdik. O mənə bu xəstəlik haqqında danışmağa başladı. Mən də internetdən oxumuşdum. Ancaq o mənə ətraflı izah etdi. Bu xəstəliyin müalicəsinin olduğunu duyduqca özümdə inam daha da artırdı. Ancaq bizi uzun bir yol gözləyirdi. Çünki bu xəstəlik amansız olduğu qədər də, yolu da çox amansız və uzun idi. Biz bu yolda balamıza dəstək olmalı, onun yanında olmalıyıq. Səbrlə, təmkinlə hər işin öhdəsindən gəlməliyik.

Hər bir millətin yaxşısı da var, pisi də. Sanki onunla çoxdan tanış idim. Çox savadlı və ağıllı qadın idi. Mənə ürək-dirək verir, hər şeyin yaxşı olacağına inandırırdı. Bir xeyli söhbət etdikdən sonra evinə getdi.

Mən elə bil yenidən doğulmuşdum, məndə sanki bir inam, bir iradə baş qaldırmışdı. Balamın sağalacağına inanırdım. Biz həmişə mən də, yoldaşım da xeyirxah olmuşuq. Ələlxüsus da yoldaşım heç kimin malına gözünü dikməyən insandır, əlindən həmişə yaxşılıq gələr. Həmişə kasıba, yetimə əl tutar. Ailələrində də hamı ondan məsləhət alır, onsuz bir iş görmürlər. İndi düşünürəm ki, belə bir insan, hamının problemini həll edən indi özü həlli tapılmayan bir problemlə üzləşmişdi.

Deyirlər Allah həmişə sevdiyi bəndəsini sınağa çəkər. Bu da bizim üçün bir sınaq idi…

Hər gün yemək hazırlayıb balamın yanına gedirdim. İndi gündüz özüm gedirdim. Deyirdim qoy günorta Vüqar bir saat yatsın. Yol çox uzaq idi. Çox vaxt maşınsız gedirdik. Piyada yol isə çox uzaq idi. Sonra trolleybusa minib, 9 nömrəli xəstəxananın yanında düşürdük. Yolu tanımaq çox çətin olmadı. Bir neçə dəfə yoldaşımla gedəndən sonra özüm tək getməyə başladım. Trolleybusa bizim ölkədə sovet dövründə minmişdik. İndi bizdə trolleybuslar yığışdırılıb.

Oktaybr ayının 22-si idi. Bu gün bizim ailə ildönümüzün 25 illiyi idi. Demək olarki, gümüş toyumuzdur. Əslində kimin yadına düşür ki. Balam bu xəstə halı ilə səhər mənə mesaj yazdı.

– Ana mənim təbriklərimi qəbul elə.

– Ana qurban mənimçün əsl təbrik sənin sağalmağın olacaq.

– Bilirəm ana, indi hər ikiniz ancaq mənim sağalmağımı düşünürsünüz.

– Hə, ana qurban, doğrudur. Bizim xoşbəxtçiliyimiz də, hər şeyimiz indi səndən asılıdır qızım. Sən özündə iradə tapıb qalib gəlməlisən.

– Ana, axşam ata ilə gələcəksiniz?

– Əlbəttə.

Axşam yoldaşımla balamızın yanına getdik. Bu gün kimya terapiyanın 7-ci günü idi. Çox ağır vəziyyətdə idi. Onun əhvalı çox pis idi. Yoldaşım balamızın əhvalını qaldırmaq üçün pəncərə qarşısında yerdə jim belə etdi. Tək bircə gülüşünü görmək üçün idi bütün bunlar…

Hava çox soyuq idi. Ancaq heç birimiz bu soyuğu hiss etmirdik. Gözümüzü ancaq 8-ci mərtəbəyə dikmişdik. O 8-ci mərtəbə… İndi o bizim hər şeyimiz idi. Orda işığın yanması demək ümid demək idi. Ordan balamın baxması demək yaşam demək idi.

Bizə əl edərək gedin dedi. Yatmalı dincəlməli idi. İynələr, kimyaterapi onu çox yorurdu. Bütün bunlara onun balaca ürəyi necə dözürdü İlahi?! Bu balaca ürək o qədər byük arzularla, ümüdlərlə dolu idi ki… Mən onu gördükcə hər gün ölürdüm. Hər gün də Allahıma yalvarırdım ki, balama kömək ol…

Hər günüm necə keçirdi heç bilmirdim. Özümü hər şeydən uzaqlaşdırmışdım. Nə televizor, nə də ki başqa bir məşğuliyyət fikrində deyildim. Ancaq balama qulluq haqqında düşünürdüm.

Qaynım gəldi. O, Minsk şəhərindən bir az kənar, başqa şəhərdə yaşayırdı. Hərdən gəlib bizə baş çəkirdi. Bu gün onunla getdik balamızın yanına. Qızım əmisini gördü, çox sevindi. Amma bilinirdi ki, əmisinin xətrinə dəyməməkdən ötrü özünü gümrah aparır. Onun immunitetini qaldırmaq lazım idi. Əmi o qədər zarafatyana hərəkətlər etdi ki… Qızım gülürdü, bu onun xeyrinə idi.

Axşam evə gəldik. Bu gün yoldaşıma balamın sevgisiylə əlaqədar onunla danışmaq istədiyimi bildirdim. O mənə səbirlə qulaq asdı. Elə bildim hirslənər, ancaq gördüm yox. Gözlədiyim, istədiyim cavabı aldım. O mənə bundan sonra balam necə istəsə, elə də olacaq dedi. Bundan sonra balamın ürəyi istədiyi insanla ailə quracağını dedi. Bu cavabı əslində qızıma günlər öncə demişdim. Fikirləşdim ki, mən deməli yalandan and içməmişəm. Sabahdan qızımın reanimasiya günü başlayır. Gözləyirik immunitet artsın. Bu vacib idi. Kimyaterapi bitmişdi. Hər gün bir az da olsa, immunitetin artmasını gözləyirdik. Əhvalımız immunitetdən asılı idi. İmmunitetin qarşısında diz çökməyə hazır idim. Gecə yatdığım yerdə də : “Allahım immuniteti artsın balamın”deyərək yalvarırdım.

Səhəri evdə təmizlik işi gördüm. Dediyim kimi, evdə çoxdan heç kim yaşamadığından natəmiz idi. Hər gün bir iş görürdüm ki, təmiz olsun.

Bu gün demək olar ki, dərindən təmizlik etdim. Halsız olduğumdan deyil, sadəcə üst-başım təmiz olmadığından evdən çıxmadım. Balamın yanına yoldaşım getdi. Yeməyi apardı. Mən isə evdə qaldım. Əlimdən ancaq dua etmək gəlirdi. Ancaq dua etmək…

Bu gün 3-cü gün idi, immunitet hələ da qalxmamışdı. Hələ gözləyirdik. İmkanım olsaydı immunitetin ayaqlarına düşüb yalvarardım. Qalx deyə, yatma deyə… Balamın sənə ehtiyacı var… Bu anda düşündüyüm şey ancaq immunitet idi. Hamı əlindən gələni edir. Balamı şənləndirməyə çalışırdıq. O, 8-ci mərtəbədən bizə baxır, biz də hər gün yanına gedib o sehrli pəncərəyə baxırdıq. O pəncərədə işıq görəndə məndə inam hissi oyanırdı.. Balam yaşayırsa, mən də yaşayıram demək idi. Mənim üçün o pəncərədə işıq həyat demək idi. Nəfəs demək idi.

Bu gün balaca bir qonağımız var. Adı Alesyadı. Bu illərlə qaynımın himayəsi altında olan balaca yetim qızdı. Tətil vaxtlarında gəlir, onlarla bərabər olurdu. Qaynım onun ehtiyaclarını təmin edirdi. Necə də savab işdi. Bəli savab işdi. Allah belə savab işləri görür və nə vaxtsa mükafatlandırır.

Hər gün qızımın yanına gedir. Gələndən sonra da ancaq Alahıma dua edirdim. Bayırda yağış dayanmaq bilmirdi. Yağış bir növ də insanların inancına görə Allaha yaxın olmaq deməkdi. İnsanların duaları tez çatır Tanrıya. Mən yağışlı havanı çox sevirəm. Qızım da sevir. Biz həyətimizdə yağış yağanda həmişə islanmaqdan qorxmaqzdıq… Sonra tez qaçaraq evə gələrdik və ikimiz də bir-birimizin islanmış halına baxıb gülərdik. Mən qızımı islanmış vəziyyətdə görəndə hind filmləri yadıma düşərdi. Deyərdim ki…

– Nəmiş, o hind kinolarında yağış altında mahnı oxuyurlar var haaa.. Bax, o qızlara oxşayırsan.

– Hə, anaaa?

– Hə qızım, elə gözəl görünürsən ki balam.

– Mən gözələm ana?

– Sən dünyadakı bütün qızlardan gözəlsən ana qurban.

Elə nazlanardı ki…

İndi bu yağışa baxdıqca xəyalım məni taa evimizədək apardı…

İndi mən qızımın çirkin olmasına belə razı idim. Təki salamat olaydı, sağ və salamat…

Hələ də bir xoş xəbər yox idi. Balama qan vururdular. Günlər ötür, hələ immunitet qalxmırdı. Hər şey onun əhval-ruhiyyəsindən asılı idi. Gözləməkdən başqa çarə yox idi.. Səbir, ancaq səbirlə gözləmək.

Hər günü səbirsizliklə gözləyirdik. Günlərim isə balama yemək hazırlamaqla, onun istəklərini yerinə yetirməklə keçirdi. Mənə tez-tez yazırdı..

Ana, gələndə onu gətir, ana, gələndə bunu gətir. Yox, qətiyyən bütün bunlar bezdirici deyildi. Onun hər istəyini canla-başla yerinə yetirirdim. Təki əhvalı pozulmasın, təki gülümsəsin. Mən onun necə əziyyət çəkdiyini anlayırdım, duyurdum, hiss edirdim. Mən anayam, məndən başqa bunu duyan olmaz. Bala ananın bir parçasıdı… Gecə mən onun ağrı çəkdiyini hər an hiss edirdim. Çünki həmin anda mənim canım da sıxılırdı. Öz-özümə deyirdim: Deyəsən, Nəmişim oyaqdı, yatmayıb. Bizim oyaq qalmamğımız üst-üstə düşürdü hər zaman. Bu sınanmışdı dəfələrlə.

Universitetin birinci kursunda qızım Nərgiz adlı bir qadının evində kirayə qalırdı. Gecə saat 03:30-04:00 olardı mənə sms yazdı.

– Ana yata bilmirəm ürəyimə gəldi ki, sən də oyaqsan.

– Hə, qızım oyağam.

– Paltar ütüləyirsən?

– Hə, nə bildin?

– Hiss elədim.

Mən də dəfələrlə ona yazıb deyərdim:

– Qızım, deyəsən oyaqsan həəə?

– Hə ana.

– Niyə?

– Gündüz yatmışam, sabah kurs işim var onu yazıram.

Belə hallar çox olmuşdu. Hətta bir-birimizə verdiyimiz sualların cavabını belə qabaqcadan bilərdik. Biz bir bütöv idik. Biz ayrıla bilməzdik.. Ona görə gecə-gündüz yalvarıram Allahıma, bu bütöv varlığı ayırmasın.

Oktyabr ayı da belə bitmək üzərəydi. Sonuncu gün ayın 31-i balamın yanına getdim. Qanıqara idi. Səbəbini bilirdim, tibb bacısı bu gün onun saçlarını kəsdiyini dedi. Doğrusu, pis oldum balam saçlarını çox sevirdi. Vaxtlı-vaxtında qulluq edərdi. Saçlarını həmişə təbii üsullarla yuyardı bitkilərlə, ya da cürbəcür bitkilərin yağlarından istifadə edərdi. İndi isə saçlarını kəsmişdilər. Onun bikef olduğunu görüb bilməzliyə vurdum özümü. O, pəncərədən mənimlə az danışdı. Hava çox soyuq idi. Şaxta var idi.

Evə gəldim, yoldaşıma dedim. Ancaq dedim ki, birdən telefonla danışsa, bildiyini deməsin.

Qızım bizim skaypa gəlməyimizi istədi, bizə sürprizi varmış.

Biz skaypı açdıq. Qarşımıza saçsız halda çıxdı. İkimiz də şokda olduq. Onun saçının kəsildiyini bilirdik. Ancaq saçsızlıq bu qədər bir insana necə yaraşarmış, İlahi?! O bir mələk kimi görünürdü. O qədər gözəl görünürdü ki…

Deyəsən, özünün də xoşuna gəlmişdi. Ən əsası odur ki, bunu qəbul etmişdi.

Belə halı bizə çox pis təsir etmişdi. Sanki belə halda bizə baxıb deyirdi: “Baxın, görün məni nə hala salmısınız?” Balam belə düşünməzdi heç vaxt, bu bizim düşüncələrimiz idi. Birdən-birə belə halda qarşımıza çıxması və bunu sürpriz adlandırması. İnanın ki, hansı ana bunu görsəydi bağrı çatlayardı. Mən isə dözdüm və balamın üzünə gülümsəyərək dedim:

– Qızım daha gözəl saçların olacaq…

– Hə, ana, yadına gəlir sənə deyirdim yayda, gəl ikimiz də saçımızı kəsək, yeni saçlarımız çıxar.

Qızım doğru deyirdi. Yayda qızımla bu haqda düşünmüşdük. Dedik kim biləcək, şal örtərik. Yeni saçların çıxması üçün saçımızı kəsmək istəyirdik.

– Qızım, istəyirsən ana da başını qırxsın? İkimiz də elə gəzək.

– Ana, bayırda şaxta varee, nə danışırsan? Soyuqlamaq istəyirsən? Sən xəstələnsən, mənə kim baxar?

Susduq… Bir xeyli yoldaşımla baxdıq balamıza. Ancaq yoldaşım özünü güclə saxlayırdı.

– Mən elə bildim atanın acığına gələr.

– Niyə ki qızım?

– Sən həmişə saç kəsməyimin əleyhinə idin.

Nə deyəsən, söz tapmadı yoldaşım.

Həmin günümüz ürək ağrısı ilə keçdi.

Yeni aya qədəm qoyduq. Noyabr ayı. Burda havalar necə də soyuq keçir. Şaxtalı idi hava. Biz isə heç nəyin fərqində deyildik. Ancaq xəbər gözləyirdik. İmmunitet isə qalxmaq bilmirdi.

Hamı bizə təsəlli verirdi: qohum, tanış, dostlar. Mesajlar yazılır, zənglər olurdu. Kimin əlindən nə gəlir, edirdilər. Dua edirdilər, nəzir verirdilər. Qurban kəsirdilər. Hamı halımıza yanırdı. Onlar halımıza yanırdı, bizim isə canımız yanırdı. Bizim ən yaxın ailə dostumuz var, bəlke də dostdan da irəli deyə bilərdim. Rasim müəllim və həyat yoldaşı Lətafət xanım. Onlar bizə zəng edir, bizimlə skaypla əlaqə saxlayır. Bizə ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdilər. Mənim qızım onları çox istəyirdi. Rasim müəllim demək olar ki, mənim yoldaşımı kiçk qardaşı bilirdi. Mən isə onun həyat yoldaşı Lətafət müəlliməni özümə bacı bilirdim, bacılarımdan ayırmırdım. Çünki bacı qədər əziz idi mənə. Tanıdığımız bu az müddətdə bizə onlardan yaxını olmamışdı. Çox mehriban, alicənab, qonaqpərvər insanlardı. Hələ onların bir gəlini var Sevinc. Elə gözəl xasiyyətli gəlindi ki… Sevinc həm də jurnalistdi. O qızımla yaxın rəfiqədi. Biz o qədər maraqlı söhbət edirdik ki. Həmişə onlardan ayrılanda insan vaxtın necə keçdiyini bilmirdi, heç ayrılmaq istəmirdik. Qızım bir dəfə mənə dedi:

– Ana, nə yaxşı bu insanları tanıdıq hə, onlarla yaxın olduq.

– Hə qızım, düz deyirsən, mən də çox istəyirəm Lətafət müəlliməni, Sevinci.

– Ana bilirsən, mən Rasim müəllimi Edisson əmim qədər çox istəyirəm.(Edisson əmisi qızımın ən sevimli əmisi idi) İnan o qədər çox istəyirəm ki, Lətafət xanımı, Sevinci. Sevinc elə bilirəm böyük bacımdı.

Ürəyinə yatmışdı bu insanlar, onlar da bizi çox istəyir, öz dualarını bizdən əsirgəmirdilər. Ən çox bizə zəng edib bizimlə maraqlanır, bizə dəstək olurdular.

Burda isə bizə ən böyük dəstək qaynım idi. Onun zəhməti böyük idi. Hər şey onun boynuna idi. Hər işini atıb bizimlə idi. Biz isə yoldaşımla hər gün xəstəxanaya gedir, balama yemək ve ehtiyacların aparırdıq. Qızım yaxşı qidalanmalı idi. Qidalanmasına fikir verirdik. Nə soyuğa baxmırdıq, nə şaxtaya. İki dəfə yoldaşım, axşam isə ikimiz gedirdik.

Bizimkilər toya hazırlaşırlar. Sabah hamı toyda olacaq. Qaynım oğlunun toyunda. Qoy toylarını eləsinlər. Allah xoşbəxt eləsin. Nə deyək ki. Bizə zəng elədilər ki, ürək ağrısı ilə bu toya gedirik. Başım ağrıdığından çox danışmadım, cavab verəsi halda deyildim. Oğlumun zəngi əhvalımı dəyişdi bir az.

– Salam ana.

– Salam oğlum, necəsən?

– Mən yaxşıyan ana, sən necəsən? Bacım necədir?

– Yaxşıyıq oğlum, bacın da yaxşıdı. İmmunitetin qalxmasını gözləyirik.

– Darıxmışam ana, sizinçün.

– Biz də balam, çox darıxmışıq səninçün.

Ürəyim ağrıdı. Balamın biri uzaqda. Bilmirəm nə yeyir, nə içir. Xəbərim yox. Mənsiz necə dolanır. Heç xəbərim yox.

Biri də burda ağır xəstə. İlahi, bu nə dərddi mənə verdin?! Günahım nə idi?! Əgər mənim günahım var idisə, mənim özümü cəzalandırardın. Balamın nə günahı var idi?! Ağlamıram, ancaq dua edirəm. Gümanım ancaq Allahımadı…

Hər günüm belə keçirdi. Məni, bizi maraqlandıran sadəcə balamın sağalıb ayağa durması idi. Xəyallar qururdum. Evimizə necə qayıdacağımızı, dost, qohum, tanışın bizi necə sevinclə qarşılayacaqlarını. O günü elə səbirsizliklə gözləyirdik ki…

Bakıdan telefonumuza toy şəkilləri yollamışdılar. Baxdıq, qızıma da yollamışdılar. Gözəl görünürdülər. Allah hamını xoşbəxt eləsin, mənim balalarım da onların içində. Amin! Allahım, məni darda qoyma, ilahi…

Bu gün qaynım Polşadan gəldi. Nərminə çoxlu hədiyyələr almışdı. Yoldaşım hədiyyələrin şəklin çəkərək qızıma yolladı. Qızım da çox bəyəndi. Dedim inşallah evə gələndə geyinərsən mənim balam. Hətta, onları skaypda da qızıma göstərdi. Qızım gözəl geyinməyi çox sevirdi. Hər şeyi bəyənməzdi, həmişə deyirdi ki az olsun yaxşı, keyfiyyətli olsun.

Havalar çox soyuq keçirdi. Hər gün balamın yanına növbə ilə gedirdik. Balam üçün çox darıxırdıq, axı biz onu görə bilmirdik. Onun palatası 8-ci mərtəbədə idi. Qapıdan yeməyi verib, düşürdük xəstəxananın həyətinə, ancaq pəncərəyə baxırdıq. Ordan balamızı görür, danışığımız isə telefonla olurdu. Buna da şükür edirdik. Onu ordan salamat görmək özü də bir xoşbəxtlik idi.

Noyabr ayının əvvəli… Vaxt gedir yavaş-yavaş . Balamın immunniteti qalxmağa başlayanda bir bədbəxçiliklə qarşılaşdıq. Balam pnevmaniyaya tutuldu.

Dərd dərd üstə gəlir. Bu xəbəri eşidəndə yoldaşım başını tutdu. İlahiii…

Özümə yer tapa bilmirdim. Nə edək necə edək. Yanına üçümüz də getdik.

1 saatdan çox qapıda gözlədik. Həkimlər əlindən gələni edirdilər. Qan vurulur.

Nə lazımsa olunurdu. Analizlərin cavabını gözləyirdik. Həkim bizə cavabını deyəcəkdi. Axşama doğru balamın əhvalı yaxşılaşmağa başladı. Allahın mənə yazığı gəldi. Hamımız ac-susuz ancaq xəbər gözləyirdik. Həkim bizə narahat olmamağımızı dedi. Sevindik… Bunu da atlatdıq balam. Bu imtahandan da keçdik. Hələ bizi necə imtahanlar gözləyir, nə biləydik. Yorğun halda evə gəldik. Mən tez bir yeyəcək şeylər hazırlayıb, onlara yemək verdim. Bu gün hamımız üçün çətin bir gün oldu. Heç kimin gözünə yuxu getmirdi. Hamı halsız idi. Bugünki xəbər hamını sarsıtmışdı.

Səhərin necə açıldığını bilmədik. Qəribə yuxular görmüşdüm. Ancaq bu yuxular yaxşı tərəfə yozuldu. Bu gün eşitdik ki, immuniteti qalxır balamın və bir neçə günə müalicənin 1-ci kursu bitəcək, 2 həftəlik evə buraxılacaq.

Sevinirdik, elə sevinirdik ki… Balam özü də sevinirdi. Bu gün bizə skaypa gəlin dedi.

Biz də sanki uçaraq gəldik.

– Ataaaaa

– Can ata

– Sabah evə gəlirəm eeee

– Əlaaaaaa

– Ana qurban, sən bilsən səni necə səbirsizliklə gözləyirik..

– Mən də, ana.

Adi bir görüşün bu qədər məna daşıyacağı heç vaxt ağlıma gəlməzdi. Çox zaman sevdiyimiz insanlarla birlikdə olmağın əslində ən böyük bayram olduğunun fərqinə varmırıq.

Evi elə tər-təmiz etdim ki. Onun toxunacağı hər yeri dizenfeksiya etdim, paltarları ütülədim.. Balama yeməklər bişirdim. Hazırlıq gördüm. Axı canımız, ürəyimiz bizimlə olacaqdı… Gecənin bir vaxtı yadıma düşdü ki, balamın yatacağı otağın pəncərəsinin şüşəsini silməmişəm. Durdum sakitcə otağa keçdim və əlimə təmiz bir bez alıb şüşəni silməyə başladım. Düşəcəyimdən qorxsam da, görəcəyim işi bitirməliydim. Tər-təmiz pəncərəni sildim. Heç kimin xəbəri belə olmadı. Pərdələrini öncədən yuyub ütüləmişdim. Hə deməli, “indi hər şey ürəyimcə olduğundan yata bilərəm” – deyə öz-özümə danışdım.

Səhər yoldaşım, qaynım və mən getdik xəstəxanaya. O uzun koridoru necə getdimsə qaça-qaça. Qapıya yaxınlaşıb balamın paltarlarını tibb bacısına verdim. Oturub gözlədik. Balamın analizləri alındı. Cavab gözləməli idik. Analizləri yaxşı çıxsa, evə buraxacaqdılar. Qapıda çox gözlədik. Ancaq mən nə qədər olsa, gözləməyə hazır idim. Təki balam bu qapıdan sağ-salamat çıxsın.

Birdən qapı açıldı, qapıda balam görsəndi!!!. Sevincimdən ağlayırdım. Balam görməsin deyə, göz yaşlarımı gizlətdim. Balamı bərk-bərk bağrıma basdım, qucaqladım. Həsrətini elə çəkirdim ki.. Sözlə ifadə ediləcək deyildi. Onun qoxusunu içimə çəkdim. Qaynım isə sevindiyindən ağlayırdı. O qaçaraq gəlib balamın qarşısında diz çökdü. Qucaqladı balamı, qucağına alıb qaldırdı.

– Əmi dur, neynirsən?

– Əmi sənə qurban olsun.

– Qızım hər şey yaxşı olacaq.

– Gedək evə ata, mən burdan getmək istəyirəm.

– Gedək qızım.

Çox xoşbəxt idik. Evimizə getdik. Hava şaxtalı idi. Hamımız soyuqdan balamızı qorumağa çalışırdıq. Maşına oturduq və evə gəldik. Elə sevinirdi ki…

– Hayıf deyil ev, xəstəxanada insanın ürəyi partlayır.

– Hə qızım doğrudu, xoş gəlmisən.

Qızım yemək yedi, rahatlandı və bir az istirahət etmək istədi. Onun otağı hazır idi. Əmisi ona rahat çarpayı nə lazımdısa, hamısını almışdı. Otağını çox bəyəndi. Axşam isə hamımız oturub söhbət etdik, çay içdik, televizora baxdıq. Çox xoşbəxt idik. Sanki bütün bunların heç biri olmamışdı. Qızım heç xəstə deyildi. Çox gümrah görünürdü. Ürəyimdən elə balamı beləcə götürüb evimizə getmək keçdi. Amma yox, gərək müalicəni axıradək davam etdirək. Yoldaşım söhbət əsasında Azərbaycana getməli olacağını dedi. Çünki müalicələrə böyük məbləğdə pul lazım olacaqdı. Burda qalmaqla heç nə edə bilməyəcəyini dedi.

– Qızım, ata getsin Bakıya?

– Narahat olma ata, sen get anam, əmim burdadı.

– Gedim qızım, ancaq bil ki, ata sənin müalicəni axıradək davam etdirəcək.

– Get, sən nigaran qalma.

Bir də ki, oğlumuz tək idi. Onun yanında da olmaq lazım idi.

– Hələ getmirəm, 2-3 gün yanınızda olacam.

Günlərimiz şən keçirdi. Hava yağışlı olsa da, gündə havaya çıxır, çətirlə yağışın altında gəzirdik. Qızım şəkil çəkməyi sevirdi. Gah çayın kənarında, gah körpünün üzərində şəkillər çəkirdik. Söyüdlərin arasında çəkilən şəkillər daha gözəl idi. Payızın havası elə gözəl idi ki… Qızım bu gözəl havanı ciyərlərinə çəkirdi. Mən isə ona soyuq olacağından çox qorxurdum… Ancaq özü…

– Anaa

– Can ana

– Qorxma e, soyuq olmaz mənə

Mən yenə də ehtiyat edirdim. Qızım çayın qırağında uçuşan quşlara çörək atır, onların uçmaqlarını seyr edirdi.

– Gedək evə, ana qurban?

– Yooo, bir az da gəzək.

– Soyuqdu, sənə soyuq olar

– Ata, getməyək dəəə, bir az da gəzək

– Yaxşı, amma bir az gəzək, sonra evə qayıdaq yorularsan.

– Yaxşı ata.

24 gün xəstəxana palatasında qalan balam sanki hava üzünə həsrət qalmışdı. Elə sevincli idi ki. Evə getmək istəmirdi. Biz israr etməsəydik, bəlkə də hələ də qalardı.

Evə gəldik. Yemək yedi, otağına dincəlməyə getdi.

Sabah yoldaşımı yola salacaqdıq. Bilet alınmışdı, gecə uçacaqdı.

Ancaq balamı düşündüyümdən hər kəsi unutmuşdum. Qızım:

– Ana, ata gedir, Diloşa hədiyyə alaq?(Diloş Dilbərə deyirdi)

– Ayyy, ana qurban tamam unutmuşam eeee

– Bəlkə mən də gəlim gedək alaq?

– Yox, sən getmə mən gedib alaram.

– Yaxşı ana, al. Ata gedir, aparsın Diloş üçün.

Diloş yəni ki, Dilbər qızımın universitetdən qrup yoldaşı idi.

Yayda biz ailəlikcə oturub söhbət əsasında oğluma evlənmək təklifini etdik. Qızım da Dilbəri çox təriflədi.

– Ana, mən Dilbəri 3 ildi tanıyıram.

– Hə, nə gözəl.

– Mən düşünürəm ki, həm yaraşıqda, həm də ağılda, kamalda qardaşıma ondan başqa yaraşanı olmaz.

– Qızım sən belə düşünürsənsə, biz başqa söz deyə bilmərik.

Oğlum nədənsə etiraz etmədi. O da düşünürdü ki, əgər bacısı belə məsləhət görübsə… Seçımini hörmətlə qarşıladı.

Onlar görüş təyin etdikdən sonra bacısına seçimində yanılmadığını dedi. Mən də bəyənmişdim. Bir də ki, oğlum bəyənmişdi, bizə də hörmətlə yanaşmaq düşürdü. Elçi getdik, söz kəsdik. Demək, Dilbərin ailəsinin qızımıza çox hörməti var imiş. Mənim isə sevicimin həddi-hüdudu yox idi. Sevinirdim ki, həm özümə belə gözəl xasiyyətdə qudalar rast gəlib. Həm də oğlum belə gözəl qız bəyənib, daha doqrusu, gözəl gəlinim var. (hər mənada)…

Yaxınlıqda olan ticarət mərkəzinə getdim. Gəlinimə hədiyyələr aldım. Bir də qaynanama və anama hərəsinə bir qutu şokolad aldım. Gəldim evə.

Yoldaşıma qızımın düşüncəli olduğunu, onun mənim yadıma saldığını dedim.

Hər dəfə yenidən balamıza heyran olurduq.

Qızım atasına: – Ata, mən deməsəydim ana unutmuşdu gəlinini – Hə qızım. Anan indidən qaynanalıq edir də. – Yox eee, almaq istəmədiyindən deyil, unudub da yəqin. – Hə sənin yada salmağın doğru oldu. – Ata gedirsən, universitetə də dəyərsən yaxşı? – Mütləq gedəcəm. Vaxtı, tədris vaxtını uzadacam. Sən heç narahat olma mənim qızım. – Diloşgilə tez-tez get yaxşı? – Olur, qızım mütləq.

Suallar, istəklər yoldaşımın üzərinə yağdıqca yoldaşım hamısına cavab verir, baş üstə deyirdi.

Mən onun getmək istəmədiyini bilirdim. Ancaq neynəmək olardı, getmək lazım idi. Qarşıda bizi nələr gözləyir bilmirdik. Bizə müalicə üçün nə qədər maddiyat lazım olacaq onu da bilmirdik. Ancaq onu bilirdik ki çox lazım olacaq. Bunun üçün də yoldaşım getməli idi. Oğlumla bərabər öhdəsindən gəlməli idilər. O mənə arxayın idi. Bilirdi ki, mən burda balama baxa biləcəm, onun qayğısına qala biləcəm. O barədə arxayın olsa da yenə yarıcanı qalacaqdı. Biz burda ikimiz olduğumuz ərəfədə mənə bankdan pul almağı, xəstəxanaya ödəniş etməyi hamısını yoldaşım mənə başa salmışdı.

Mənim sinif yoldaşım xarici ölkədə yaşayır. O bu gün qızıma hədiyyə olaraq pul yollamışdı. Mən düzü almaq istəmirdim, heç kimdən yardım almayacağımızı demişdim. Ancaq o bunu yardım məqsədi ilə deyil, sadəcə qızıma qarşıdan yeni il gəldiyindən, hədiyyə kimi qəbul etməyimi deyirdi. Biz yoldaşımla banka gedib, onun göndərdiyi pulu almışdıq. Əvvəllər bu cür bankdan pul almaq, hansısa ödəmələr etməyi etmədiyindən bütün bunlardan xəbərsiz idim. Sadəcə marağında olmamışam. Çünki bunları edəcək yoldaşım, oğlum var idi. İndi bütün bunları da mən özüm etməli idim. Yoldaşım mənə hər işdə ehtiyatlı olmağımı dedi.

Çünki yad ölkə, tanımadığım şəhər.

Hərdən öz-özümə burda necə baş çıxaracağımı fikirləşirdim. İnsan çətin günə düşəndə hər şeyin öhdəsindən gələ bilər ancaq.

– Sən narahat olma get salamat, bütün dediklərin yadımdadır. Hər şeyi vaxtlı-vaxtında edəcəm.

– Mən məcbur olmasam getmərəm bilirsən, balamın yanında qalmaq istərəm.

– Bilirəm.

– Gedim işlərimi sahmana salım, gələcəm. Bizə balamızı müalicə etmək üçün böyük pullar lazım olacaq. Lazım gəlsə hər şeyi satarıq, balamıza hər şey qurban olsun.

– Hə, doğru, heç nə gözümdə deyil, təki balam sağalsın. Sən mənə söz vermisən, nə olur olsun balamız sağalacaq, əlindən gələni edəcəksən.

– Hə edəcəm lazım gəlsə, böyrəyimi də sataram. Sən ancaq balamdan muğayat ol. Özündən də muğayat ol. Buranın qışı çox sərt olur, qalın geyinmək lazımdı.

– Heç narahat olma.

Həmişə bizim qayğımıza qalardı. Nəyəsə ehtiyacımız olanda ilk imkan daxilində alardı. Özündən çox bizi düşünürdü.

Fəsillər başlayan müddətlərdə həmişə bizə pul ayırırdı. Qışa nəsə alarsınız və ya yaza nəsə alarsız. Qızım deyirdi ata özünə də bir şey al da. Hərdən özünə nəsə alanda mənə baxırdı və qızına deyirdi:

– Deyəsən, bir nəfərin ürəyi partlayır e…

– Yox ata, ananın elə deməyinə baxma, niyə, o da istəyir sən özünə nəsə alasan.

Bir dəfə işi ilə əlaqədar yoldaşım Türkiyəyə getmişdi. Ordan qızıma, oğluma, mənə hədiyyələr almışdı. Özünə isə çox az bir şey almışdı.

Qızım soruşanda ki:

– Ata özunə niyə belə az almısan?

– Ay qızım bilmirsən ki, özümə nəsə alsam bir nəfərin ürəyi partlayar?

Belə zarafatlaşardı. Təbii ki, bu belə deyildi. Sadəcə zarafat edərdi. Bu da qızımın çox xoşuna gələrdi. Həmişə zarafat etdikdə qızım atasının tərəfini saxlayardı.. Mən də deyirdim qızlar anasının tərəfini saxlamaqdan, sən atayla bir olmusan.

Deyirdi : Axi ay ana, ata düz deyirdəəə

Mən həyatımda bu qədər atasına bağlı, atasını çox istəyən bir qıza rast gəlməmişdim.

Bizdə atamızı çox istəmişik, amma o daha çox bağlı idi atasına.

İndi də ataya çox inanırdı. Bilirdi ki ata nə olur olsun onu bu bəladan qurtaracaq.

Mən özüm də ona çox güvənirdim, inanırdım. Hamımız ümidli idik.

Hamımız evdə idik. Axşama yır-yığış edirdim ki, yola salaq heç nə unutmayaq. Qızım, yoldaşım, əmisi söhbət edirdilər. Minskdə bir tanış ailə var idi, bizi evinə qonaq çağırırdı. Bağ evlərinə. Qar yağanda oranın çox gözəl olacağını deyirdi. Qızım üçün dincəlmək yaxşı olacaqdı. Dəvətində israrlı idi.

Onların da balaca uşaqları bu xəstəlikdən əzab çəkirdı. İndi də onlarda müalicə davam edirdi. Yoldaşım qızıma dedi:

– Gedim gəlim, gələn müalicə kursundan sonra gedərik qızım.

– Hə, ata, olar gedərik, inşallah sən sağ-salamat get. Ata gələrsən də hə?…

– Gələcəm qızım, mütləq gələcəm

– Narahat olma ata, mən burda tək deyiləm ki…

Axşam sağollaşmaq vaxtı gəldi. Balasını bərk-bərk qucaqlayan yoldaşım onu buraxmaq istəmirdi. Canından can ayrılacaq kimi onu sinəsindən ayırmırdı. Düzünə qalsa, onun getməyini istəmirdik. Amma yox, neynəmək olar getməliydi.

Biz “atamızı” yola saldıq. Atamız dedim ona görə ki, hərdən uşaqlarımla bir yerdə mən də deyirdim “ata gəldi”, “ata getdi”. Həqiqətən o, ümumilikdə evimizin atası idi. Darıxacaqdıq onunçün.

– Oğlumdan muğayat ol. Oğlumu sənə, səni də Allahıma tapşırıram.

– Salamat qalın.

Və getdiiiii....

Qaldıq qızımla evdə tək. Özünü gümrah aparsa da pərişan olduğu anlaşılırdı. Mən isə onun əhvalını yaxşılaşdır-maqdan ötrü əlimdən gələni edirdim.

Qaynım evə idman velosipedi gətirmişdi. Balamın istəklərini yerinə yetirməyə çalışırdı. Balamın hər istəyini əmisi də yerinə yetirməyə çalışırdı. Xəstəxanada vurulan iynələrdən zəifləmişdi, çəkisi azalmışdı. Onun çəkisini bərpa etməli idik. Hər dəfə yemək yeyəndən sonra tərəziyə çıxır…

– Anaaaa, artmışam e…

– Hə mənim balam nə gözəl…

– Sənin sayəndə.

– Mən nə etdim ki… Sənin özündən çox asılıdı, sən iradəlisən, sən güclüsən, sən çox yeməlisən ki, çəkin bərpa olunsun.

Mən bu xəstəliyi tək balamınki saymırdım. Xəstəlik haqda danışanda bizimdir, biz öhdəsindən gələcəyik, biz baca-racayıq deyirdim. Bu cür balama dəstək olmağa çalışırdım. Bu xəstəlik təkcə balamın deyil, özümünkü də sayırdım.

Çalışırdım günlərimiz şən keçsin. Ancaq balamı çox havaya çıxarmaqdan qorxurdum. Özü isə çölə can atırdı.

– Anaaaa

– Nədi, ana qurban?

– Gedək də çayın qırağına

– Axı hava soyuqdu, canım qızım

– Soyuq deyil ki, qalın geyinəcəm.

– Yaxşı.

– Bəlkə özüm gedim?

– Tək?!

– Elə dedin ki, elə bil uşağam e, gedim də nə olar?!

– Yaxşı, get, ancaq ehtiyatlı ol.

Qalın geyindirdim, isti şərfi də boynuna bağladım. Qzım həyətə düşdü, özü ilə quru çörək də götürdü. Hər gün çayın qırağında onu quşlar gözləyirdilər. O çay qırağındakı quşlara çörək atır, onların necə uçduqlarına tamaşa edirdi. Mən isə evin bütün pəncərələrini açdım. Evə tər-təmiz buz kimi hava doldu. Hava o qədər təmiz idi ki… Mən heç soyuq olduğunu hiss etmədim. Qzım gəlincə pəncərələri açıq saxladım, soyuq olsa da təmiz havanın evə dolmasını qənimət bilirdim. Yarı canım balamın yanında qalmışdı. Ancaq tez-tez pəncərədən baxırdım. Əl ilə işarə edirdim “evə gəl”.. “Nə olar, bir azdaaaa” dediyini açıqca anlayırdım.

Çox qorxurdum soyuq olar. Pəncərədən : “Gəl evə ana qurban”– dedim.

– Gəlirəm ana – dedi.

Səsi əks– səda verdi. Körpə uşaq kimi havada oynayırdı. Onun bu hərəkəti mənə Nəmişimin balacalığını xatırlatdı.

Bir dəfə qızım dedi ki, “anam bizi heç vaxt qarda oynamağa qoymazdı. Biz pəncərədən qara həsrətlə baxardıq. Qar yağardı, həyətə düşməzdik. Gün-günorta olandan sonra anam bizi həyətə qoyardı. Onda da qar ərimək üzərə olurdu”.

Düzdü, mən balalarımı balaca vaxtı çox qarda oynamağa qoymazdım. Ən qorxduğum şey soyuq dəymək idi. Soyuqdan qorxduğum kimi, heç nədən qorxmazdım. Ona görə də onları şaxtalı havada bayıra qoymazdım. Məktəbdə oxuyanda da dərsə özüm aparardım, özüm də gətirərdim.

Keçən il Bakıda möhkəm qar yağmışdı. Gecə saat 11-12 olardı. Qızım:

– Qaqa, qara baaax, – dedi.

– Hanı?– deyərək oğlum pəncərəyə yaxınlaşdı.

– Gedək qar topu oynamağa?

– Gedək bacı.

– Gecə vaxtı ? Özü də bu soyuqdaaaa… – deyə mən dilləndim.

– Anaaa, uşaq vaxtı bizi qoymadın, indi də bizi qardan məhrum etmə…

Balaca deyildilər ki, danlayım. Bir söz deyə bilmədim. Ancaq boyunlarına tez şərf bağlaya bidim. Bir də, ikisinin də əlcəyini tez tapıb verdim. Balaca uşaqlar kimi elə həvəslə oynayırdılar ki. Öz –özümə: “gör nədən məhrum etmişəm balalrımı”– dedim. .... Əslində bəlkə də məhrum etməmişdim, məqsədim onları soyuqdan qorumaq idi…

Qapının zəngi çalındı. Qızım idi.

– Ana eşitmirdin?

– Fikrə getmişdim.

Sonra nə düşündüyümü dedim. Yadına düşdü, güldü.. Mən balamın yeməyini verdim. Bir az dincəlmək istədi. Görünür, havada olmaq onu möhkəm yormuşdu.

Təmiz havalı otağına çəkildi və bir-iki saat yatdı.

Bu gün Kanadada yaşayan sinif yoldaşımla skaypla danışdıq. O mənim qızımı çox istəyir. Hər dəfə bizimlə skaypda danışanda mənə ürək-dirək verir. Ümidimi itirməməyi-mi, bu xəstəlikdən çoxlarının xilas olduğunu deyirdi. Mən özüm də ümidli idim. İnternetdə bu xəstəlik haqqında araşdırır, oxuyurdum. Və çoxlarının bu xəstəlikdən sağaldığını gördükcə məndə daha da inam artmışdı. İnam olmasa, yaşamaq olmaz ki. İnsanı yaşadan inamdır.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации