Электронная библиотека » Məsud Doğan » » онлайн чтение - страница 1

Текст книги "Unudulmuş səslər otağı"


  • Текст добавлен: 16 ноября 2022, 07:41


Автор книги: Məsud Doğan


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Məsud Doğan

UNUDULMUŞ SƏSLƏR OTAĞI

hekayələr

Məsud Doğan

Məsud Doğan 1968-ci ildə Türkiyənin Afyonqarahisar vilayətində doğulub. Bursa Təsərrüfat Liseyi və Mərmərə Universitetinin İqtisadiyyat fakültəsinin məzunudur. Mərmərə Universiteti Bank və Sığorta İnstitutunu fərqlənmə ilə bitirib. 1988–1993-cü illərdə İstanbulda müxtəlif tibb müəssisələrində çalışıb. 1996-cı ildən Əskişəhərdəki dövlət xəstəxanasının müdiridir. Xəstəxananın ilk dəfə olaraq Avropa Keyfiyyət Mükafatı alması münasibəti ilə Paris və Bilbao şəhərlərində keçirilən mərasimlərdə xəstaxanasını təmsil edərək mükafat alıb. Uzun illər Keyfiyyət İdarəetmə təlimləri verib, konsultasiya ilə məşğul olub.

Şeirləri və məqalələri Bursada “Sənət-ədəbiyyat”, “Qardələn”, “Dərgah”, “Şadırvan”, “Ardıc”, “Məmləkənd”, “KeyDər öncə keyfiyyət”, “İstanbul bir nöqtə” və “Heca hekayə” jurnallarında, hekayələri isə “Türk ədəbiyyatı”, “Məhəllə məktəbi”, “Hekayə” qəzetlərində nəşr olunub. Evlidir, üç övladı var.

Nəşr olunmuş kitabları:

– “Yalnızlığım yetmir həyatı anlatmağa” (Şeir), (“Qardələn” nəşrləri, 1991);

– “Ağzı qərənfilli dost” (Şeir), (“Bəyan” nəşrləri, 1997);

– “Çin qədər uzaq, can qədər yaxın şəhərlər” (Səyahət), (“Oxucu” kitabxanası, 2012);

– “Xəyalların son sığınacağı Əndəlüs” (Səyahət və araşdırma), (“İz” nəşrləri, 2014);

– “Divanələrin vəzifələri” (Hekayə), (“Heca” nəşrləri, 2016).

İÇİNDƏKİLƏR

DAİRƏ..............................................................................................................

EYVANDA.....................................................................................................

BƏYAZ MƏLƏK............................................................................................

BİR EVİN QAPISINI DÖYMƏK...................................................................

MAVİ..................................................................................................................

MƏN ATAMIN TAM ƏKSİYƏM...................................................................

ŞİMALI GÖSTƏRƏN HƏR ŞEYƏ.................................................................

HEKAYƏNİN ADIMI? ....................................................................................

YAĞIŞ YAĞDIRAN..........................................................................................

BİR KİŞİNİN ÜÇÜNCÜ ARVADININ OĞLU..............................................

TORPAQ YOLDAN GƏLƏN........................................................................

DÜNYANI GƏZƏN....................................................................................

UNUDULMUŞ SƏSLƏR OTAĞI....................................................................

QUYUDAKI ADAMLAR..............................................................................

ARXAMIZ UZUN ÖNÜMÜZ QISA..........................................................

TƏKRARLANAN ............................................................................................

TƏFSİR.............................................................................................................

BİZƏ KİM BAXACAQ? ................................................................................

DAİRƏ

Heç özümlə baş-başa qalmamışdım. Heç güzgüdə özümə müştəri gözü ilə baxmamışdım. Yoxsa elə formasız, işəyaramaz bir tamı izləmişəm?! O tamın içində nəfəs alıb-verən, o tamı arxasınca alıb aparacaq hissəni necə olub ki, görməmişəm? Hər şeyi solduran, sıxan, əzən dairənin içində yaşamaqdaydım. Öz səsimi və sərhədlərimi hər gün üzümə vuran bu dairə məni içində dondurub saxlayarkən onun xatırlatdığı səslərdən və üzlərdən canımı qurtarmaq istəyirdim.

Həyatla aramdakı məsafə həddindən artıq artmışdı. Özümə qayıtmaq, kiçilən varlığımı başqa şeylərlə müqayisə etmədən onu təbii halı ilə qəbul etmək istəyirdim. Beş uşaqdan bunu bacaran birinci ola bilmək isə işin ən çətini idi. Qısa bir andı. Hər insanın təvəzökarlığını göstərdiyi o anla mən də qarşılaşdım. O qısa anı tutsam, içimdəki parçanın tamın bütün sərhədlərinə kimi böyüyəcəyini, hətta bəlkə də, öz tamını yaradacağını hiss edirdim. Əlim titrəyərək yumruğumu masaya vurdum. Vurdummu?

Səhərin sirli dumanı və ağaclara düşən şeh damcıları, onları oxşayan, artıq əvvəlki gücü qalmayan günəşin şüalarıyla incə sis halında təkrar göy üzünə qarışarkən torpaqda, otların üzərində xışıldaması getdikcə zəifləyən, yaşıl və qəribə bir işıq pərdəsi altında başqa həyatlara öz varlığını əlavə edən yarpaqların qaçılmaz döngüsünü seyr edirdim. Hər bir ağacın yarpaqları öz dibinə düşür və torpağa qarışıb çürüyürdü. Bir ağacın budağında doğulub dibində çürümənin çarəsizliyini düşündüm kədərlə. Birdən “Onun bilmədiyi bir yarpaq da ağacdan düşməz” ayəsini xatırladım. Soyuq bir külək sovururmuş kimi sarsıldım. İçimdə qəribə və cılız ümid işığı göründü. Anam hər zamankı kimi toyuqlara süfrədən artıq qalan çörək qırıntıları atmaq bəhanəsi ilə özündən xəbərsiz bir kölgəyə dönüb yanımda peyda olanda baxışlarındakı məqsədsizlik niyə kədərləndiyini duman kimi arxasında gizlətmişdi. Bir atanın nə söyləyəcəyini əvvəldən bildirərək lakmus kağızı kimi üzə çıxan qəzəb, təlaş və hirs onda ola bilməzdi. Duyğusuz bir üz ifadəsi ilə baxışları torpağı eşələyircəsinə baxırdı. Bu baxışlar nələri gizlətdiyində bulanıq axan çay kimi ruhumu sıxacaq və boğacaq. Baxışları ilə önəmli hadisəni aşkara çıxarırmış kimi edərək bir neçə addım irəlini tutmaq üçün çırpındığım o çətin anı məsafədən tutduğunda. Bütün qadınlarda olduğu kimi ən önəmli şeyləri ən önəmsiz zamanda… Söylədiyi bir şeyi əsla təkrarlamadığında. Onun ayda ildə bir dəfə dediyi sözlərin atamın hər gün qışqıra-qışqıra dediklərindən daha çox içimi göynətdiyində. Sözləri görünüşünün və üzünün önünə keçib onları bir pərdənin arxasında gizlətməsində. Sınıb tökülən həyat yamaq vuran səbir və səssizliyi ilə məni hər zaman qorxutduğunda. Məhz belə bir zamanda, belə bir anda yanımda peyda oldu anam. Bir müddət boşluğa baxandan sonra dilə gəldi. Dediyi sözlər özünə aid deyildi. Bu sözləri hər zaman, elə bil, toz çırpırmış kimi deyib tezcənə canını qurtarmasından başa düşürdüm.

– Pis uşaq! – dedi mənə qolu ilə itələyərək. – Böyük şəhərdə nə işin var? Neçə il oxudun, gəzdin, əlimizə su da tökmədin. Boğazımda uda bilmədiyim bir şey düyünləndi. Sağ əlimlə qırtlağıma toxundum. Getmədi.

– Burada yanımızda qalırsan, nə gözəl. Mağazadan geninə-boluna alıb, yeyib-içirik. Evin var. Nəyin çatmır? Atanla əl-ələ ver, mağazada işlə – dediyində də elə bir zaman idi. Qulaqlarım uğuldayırdı. Başım hərlənməyə başlamışdı. Anamın səsi uzaqdan qırıla-qırıla gəlirdi:

– O körpələr necə olacaq, bağçada kim baxacaq onlara? Yanımızda qalırdılar, böyüdürdük.

Elə bil, yuxuda idim. Bəlkə də, kabus görürdüm. Artıq səsləri eşitmirdim. Amma hiss edirdim. Mənasız kimi görünən bir neçə kəlmənin arasını səssizliyi ilə uzadaraq ruhumda dərin quyular açırdı. Gözləri görməyən adam kimi onları axtardığında əlimə batan, qanadan acı sözləri. Atamdan daha öncə dəfələrlə eşidib önəm vermədiyim o qəribə sözlərə də toxundu. Birinci, “Gəzən ayağa daş dəyməz” – dedi. Sonra, “Ağılsız baş ayağa dinclik verməz” – deyə ah çəkdi. “Tələsən təndirə düşər” – deyərək başını kədərli şəkildə əllərinin arasına aldı. Atam öz cəhdləri alınmayanda anamı göndərərdi. Anamın yol çəkən gözləri ətrafımı yumşaq bir tor kimi əhatələyir, alaq otları kimi sürətlə yayılır, içimə ərimiş qurğuşun kimi tökülür, çiyinlərimi, boynumu əzib çökdürürdü. Amma yenə başım hərləndiyi və boşluğa düşdüyüm bir anda öz sözlərini dilucu deməyə davam edirdi anam. İfadələri tam olaraq eşitməsəm də, onların özünə aid olduğunu dərhal anladım. Alacağımı aldım.

Atamın o heç qocalmayan, inadcıl, qəzəb və təhdidlə başlayıb sağa-sola çırparaq su kimi yavaşlayıb nəsihətə çevrilən səsi, uzun danışıqlar boyu üzümə və dodaqlarıma hopan və gələcəyimi quran, onları bəzəyən xəyalları, incə bir təbəssümə çevirdiyindən çox zaman xəbərsizdi.

Anamın danışdıqları isə tam əks təsir göstərərdi. Adi, sadə ifadələrdən ibarət söhbətində sözarası, ya da sonunda elə müəmmalı kəlmə işlədərdi ki, bütün ruhum alt-üst olar, molyuskların içinə dolan qum dənəsi kimi ömür boyu içimə batardı.

Təzə evlənmişdim. Kiçik bir rayonda valideynlərimlə yaşayırdım. Həyat yoldaşım çox uzaq bir şəhərdən quş kimi mənə güvənib gəlmişdi. Pinqvin balası kimi hər zaman əllərini qarnında birləşdirib üşüdüyünü göstərməməyə çalışdığında. Hər gün dodaqlarını həsrət ifadə edərcəsinə dişləməsi, kövrək, xəyal qırıqlığı ilə dolu gözlərlə mənə baxdığında. Söyləmədiklərini anlayanda. Bəlkə də, anladığımı düşünəndə. Utandığımdan gizlənəcək yer axtaranda.

Evlilikdən əvvəl ona söz vermişdim. Böyük şəhərdə yaşayacaqdıq. Amma indi divar dibi ilə gedən, əyilmiş, daha böyük kölgəyə təslim olmuş yumruq boyda adam idim. Hər axşam işdən evə gələndə oğlum mənə yad adam kimi baxır, qorxub qaçırdı. Atam gəldikdə isə məhəbbətlə ona doğru qaçar, hər zaman mağazadan cibində gətirdiyi şirniləri almağı çox sevərdi. Oğluma bir şirni belə ala bilməyəndə. Oğlum boş ciblərimi hər yoxlayanda. Hər ayın əvvəli anamın qolu ilə məni itələyib başı ilə yan tərəfi göstərəndə, maaşımı bütövlüklə atama verməli olduğumu başa düşəndə. Sonra atamdan müxtəlif yalanlarla kiçik xərclik qoparanda. Həyat yoldaşım bəzi axşamlar nəmli gözlərlə anidən məni qucaqlayanda.

Nəhayət, həyat yoldaşım təyinat aldı. Artıq o da məmur olacaqdı. Atam son dəfə böyük bacımın evində ailə məhkəməsi qurmuşdu. Böyük bacım məni əvvəlcədən evə çağırdı. Dar ağacı hazır idi. Əvvəldən hazırlıq həmişə belə olurdu. Bütün günahları qəbul etdirib atama bir şey saxlamazdı. Eynən tərs bir qoyunun əhliləşdirilərək boğazına ip salınıb qəssabın yanına könüllü aparılması kimi mən də səsimi çıxarmadan arxasınca gedərdim. Bir az keçmiş atam gəldi. Bacım prokuror kimi çalışırdı. Elə hey atam üçün əlləşərdi. Bizə bir çöp belə verməzdi.

Atam qəzəblə dayanmadan danışanda. Bacım onu dəstəkləyərək başını aşağı-yuxarı tərpədəndə. Başım irəli, dilim səssiz, içimdəki bir uşaq dayanmadan ağlayanda. Çiyinlərimi sallayıb edam məhkumu kimi evdən çıxanda. Parkda bir stol, bir ağac, bəlkə də, bir daş olmağa can atanda. Həyat yoldaşım bu halımı gördüyü zaman titrəyən dodaqları və kirpikləri ilə qorxaraq uzaqlara baxanda.

Bir axşam atam bizi yanına çağırdı. Həyat yoldaşıma nisbətən daha yaxın oturmuşdu.

– Qızım, bu adamı ikimiz islah edək, yola gətirək. Bu dəlidir. Yaxşı atadan pis övlad, pis atadan yaxşı övlad, – dedi. Həyat yoldaşım ağlamsınaraq mərhəmət hissi ilə üzümə baxdı. Artıq özündən gedirdi. Çarəsiz idi. Arxasında güclü sel ilə qarşısında daldalana bilmədiyi zəif bir liman arasında qalmışdı. Atam hər zaman verən əl olmaq üçün inadla bizi dar bir dairəyə salanda. Bütün övladlarını çevrəsində görmək üçün çırpınanda. Hamı onun əlinə baxanda. “Mən öləndə hər şeyim sizə qalacaq; sənin pulun mənim pulum, mənim pulum sənin pulun!” – deyərək dayanmadan qışqıranda.

Qaranlıqda pilləkənin başında qorxaraq dayananda. İki uşaq kimi əlimizi, ayağımızı hara qoyacağımızı çaş-baş salanda. Qısa bir anın gəldiyini anlayanda. Həyat yoldaşım sual verən gözlərlə son dəfə gözümün içinə baxanda. Yandıranda. Alovlandıranda. Ondan son cavab gözlədiyimi anladığında. Səsi titrəyərək, “Gedək” – deyə ağladığında. Yumruğumu masaya vurmaq üçün qaldıranda.

Əsəbi şəkildə həbsxanada olduğu kimi… Qorxa-qorxa udqunaraq oğru kimi əşyalarımızı yüklədik. Hər addım atdığında ürəyimə atmış kimi hiss edirdim. Belə zamanlarda anamın cılız kölgəsi çöldəki su damcıları kimi bizə dayaq olur, cəsarət verirdi. Gedib canımı qurtarmağıma. Yük maşınının hərəkətə başlayacağı an belimə daş kimi dəyən səsi eşitdiyimə, eşidəcəyimə. Boynumdan soyuq tər axırdı. Dayandım.

– Orada dolana bilməyəcəksiniz, son dəfə düşün, peşman olacaqsan iki balaca uşaqla. Sənə heç vaxt kömək etməyəcəm, – dedi.

Udqundum. Çox çətin idi, uda bilmədim. Başımı aşağı saldım. Bir an özümü təpənin başına atılan, yüksəkdə olduğuna sevinən, amma bir müddət sonra gəldiyi yerə yuvarlanacaq bir daş kimi narahat və çarəsiz hiss etdim. Maşında boş kisə kimi büzüşdüm.

Həyat yoldaşım ilk maaşını alanda. “Birdən verməsə” – deyə içimdə qorxu baş qaldıranda. Amma “verməyini istəmirəm” deyib özümü aldadanda. Gəldiyində. Bir uşaq kimi gözlərimə baxdığında. Əlindəki bütöv maaşı gülümsəyərək astaca cibimə qoyduğunda. Bir ovuc alov qoyar kimi yananda. Kədərlənəndə. Tüklərim biz-biz olanda. İçimi suya atılan bir daş kimi ömür boyu bulandıran titrəmə saranda. Bəlkə də, dairədən qaçdığıma ilk dəfə inananda. Təpəyə atılan daş orada özünə möhkəm bir çuxur tapıb yerini bərkidəndə. Gerisini anlatmağa taqətim qalmayanda…

EYVANDA

Budur, o iri qara üzüm kimi gözləri ilə tam qarşımda oturub. Tarakanların gəzdiyi masada meyvə qabına baxıram. İri üzüm dənələri uzadıram. Biri, ikisi, daha biri. Gülümsəyir. Üzümlər ağzında səssizcə əzilir. Bir anlıq böcəklərə görə utanıram. Amma o fikir vermir.

Əlindəki kitabla sehrli bir anın içində qeyb olub, ya da küləyin orxideya çiçəyinə səssizcə toxunduğunda. Kitabın səhifələrinə çaylar kimi axan qapqara saçların və baxdığı hər şeyi əridib möhürləyən iri qara gözlərinlə. Pəncərə kənarında bənövşələr, meşənovruzları, reyhanlar və hindqərənfilləri arasında. Bir mərmərdən daha bəyaz barmaqlarınla səhifələri çevirdiyində aramıza sonsuz məsafələr qoyardın. Eyvanda görünəndə yay idi. Aylarla yayın gəlməyini gözləyərdim. Ətrafında xoşbəxtlikdən donan bir zamanın səssizcə titrəməsinə fikir vermədən kim bilir, hansı hekayəyə qarışıb gedərdin. Gizlincə divarın arxasından tamaşa edərdim. Başını bir anlıq qaldıranda görəcəyini düşünüb qorxu ilə gözləyərdim. Başqa planetdən dünyamıza gəlmiş kimiydin. Bütün rənglər incə parıltıları ilə ətrafında nəfəs alıb-verərkən sənə yaxın olmanın şövqü ilə qar dənəcikləri kimi əridiyində necə də gözəldin. Divarın arxasında utandığımdan qızarır, davamlı bu kiçik yerdə qalmağıma heyfsilənirdim. Sənin böyüməyini və güllərə su verməyini istəmirdim. Böyüyən zaman sənə çatmayacaqdım. Yayda səni eyvanda görməyəcəkdim. Bu yaşımda mənə yaraşmayan bu qəribə, uşaqlara xas vərdiş böyüdükcə, onsuz da, günaha çevriləcəkdi.

Hər axşam işıqlı pəncərələrinizə baxıb biz insanlara oxşamayan çox daha müəmmalı və üstün işlər gördüyünüzə inanırdım. Bütün gecə o işləri düşünərdim. Görəsən, divanda necə oturmusunuz, necə yemək yemisiniz? Gecənin ağır quş kimi uçan saatlarında zamanı necə keçirirdiniz? Nə zaman yatırdınız? Başınızın üstündə hansı kitablar var? Səhər neçədə oyanırsınız? Üzünüzü yumanız, güzgüyə baxmanız, nahar etməniz… Bir çox şey ağlımı məşğul edirdi. Bütün bunları düşünmək o qədər dərinə getdi ki, həyatınızın hər bir detallarını tam olaraq bilirdim. İnsan bir şeyi bilmək istəsə, qapıların necə açıldığını, iki ürəyin fərqində olmadan eyni ritmlə həyata döyündüyünü, qapıların və pəncərələrin arxasını görmənin nə qədər asan olduğunu məhz belə öyrəndim.

Hər axşam səninlə kitab oxuyurdum. Yanınızdaydım. Amma sən görmürdün. Davamlı tərliklərinizin səsini, paltarınızın bir evi sahiblənən və ona həyat verən xışıltısını dinlədim. Hər səhər oyanıb səninlə nahar etdim. Boşqabları, çörəyi, çəngəl-bıçaqları uzun barmaqlarınızla yataqxanadan qalma təcrübəsizliklə masaya qoymağına gülərək seyr etdim. Çayı çox sevirdiniz. Üç nöqtə, üç hərf.

Sonra yay bitdi. Mən də məktəb yataqxanasına qayıtdım. Bəlli ki, sizə çox öyrəşmişdim. Məktəbi bitirmiş olmalı idiniz. Kim bilir, hansı uzaq şəhərdə işləyirdiniz. Hər gün boş eyvanı gözləyirdim. Çiçəklər yorğun arzular kimi solmuşdu. Bağça səssiz idi. Bütün rənglər, səslər və qoxular bir-birinə qarışıb qurumuş ağacların qaranlıq koğuşunda lazımsız tullantı kimi tökülüb qalmışdı. Soyuq külək çiçəkliklərin üzərində sirli ayrılıq dumanını çoxaldır, ətrafa damcı-damcı kədər saçırdı. Ay gecələr pəncərələrin qaranlıq çərçivələrində azmış balıq kimi çırpınırdı. Pəncərədəki siluetiniz hər keçən gün oyuna qatılmayan gəlincik kimi köhnəlib yox olurdu.

İndi mən də yay boyu evimizin eyvanında oturub sənin kimi kitab oxuyurdum. Sağ əlimi üzümə qoyub sənin gözlərinlə səhifələrə baxırdım. Eyvanımda nə reyhanlar var, nə də hindqərənfili. Artıq mən də yazmağa başlamışam. Bu yaxınlarda kitabım çıxacaq. Bəlkə də, divarın dalından məni seyr edirsən. Hər gün o tərəfə baxıram. Amma çox yaxşı gizlənmisən. Görə bilmirəm.

Mən də ona tamaşa edərdim evlərinin hasarından. Onu gizlincə izlədiyim zaman anası otların üzərində ləyəndə çimdirərdi. Anası ilə göz-gözə gələrdim. Bir-birimizə gülümsəyərdik. Amma onun gözünə görünməzdim. Anası ilə sözsüz razılaşma var idi aramızda. Necə də əsəbiləşərdi ləyənin içində. Gözlərini yaşıl sabunun köpüyü yandıranda. Dayanmadan anasını məzəmmət edib məni soruşardı. Onu görə biləcəyimdən qorxardı. Anası da mənə baxıb gülümsəyər, hər dəfə də “O nə gəzir burada?” deyə onu sakitləşdirəndə divarın arxasında məni də gülmək tutardı. Görünür, məni hiss edirdi, əlləri ilə boşluğu hiss edən kimi.

İllər sonra eyni yerdə işlədiyimizi biləndə. Telefonda titrəyib kəsilən bir səs tonu ilə otağa girib çaşqınlıqla yad adam kimi mənə baxanda. Gözləri iri-iri açılanda. Bir anlıq ürküb çaşanda. İnana bilməyəndə. Bir anlıq fikri uzaqlara gedəndə. Donub qalanda. Otağı elə onda meşənovruzu, reyha


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации