Электронная библиотека » Peyami Safa » » онлайн чтение - страница 3

Текст книги "Yalnızıq"


  • Текст добавлен: 16 ноября 2022, 07:20


Автор книги: Peyami Safa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 23 страниц)

Шрифт:
- 100% +

“Nəhayət, budur, o… Onun kölgəsi… Heç aldanmadım indiyə qədər… Yenə də yanılmamışam… Şüşənin üstünə düşək əksi böyüməyə başlayır. Odur… Bu dəfə mütləq odur. Lakin gözlərimin gördüyü rahatlığa mənən də qovuşmaq üçün qapının heç bir hərəkətini gözdən qoymamağa çalışıram. Əvvəlcə, kiçik bir aralıq açılır… Sonra onun əli, biləyi və mavi geyiminin qolu görünür. Yerimə mıxlanıb qalmışam. O mənim görüş bucağıma daxil olan kimi məkanın içərisində açıq-aydın görünür… Necə əzəmətli olduğunu ona sezdirib qürurunu yolundan azdırmamaq üçün ruhumun kəpənəklərini sakitləşdirib yerə endirirəm: qarşıma baxıram. Ancaq yaxınlaşdığı zaman başımı qaldırıram. O mənim üzümə deyil, heç bir şey görmürmüş, ən əsası, məni görmürmüş kimi sağ və sol tərəfə baxmaqdadır. Özümdə təbii olduğunu düşündüyüm hiss coşqunluğunun onda olduğunu bilsəm, bunu ona bağışlamaram. Çünki görüş anının ən böyük ümidlər və qorxularla dolu olan həyəcanı onun üzündən mənim üstümə bir eşq şəlaləsi kimi tökülməlidir.

Lakin üzü nə qədər donuqdur. Sanki onu istəyinin əksinə gedərək tale özü itələyib mənim yanıma gətirmişdi. Addımlarında nə qədər ağırlıq var!.. Hər an geri çevrilib çıxıb gedəcəkmiş kimi bir təəssürat yaradan bu istəksizlikdə, bəlkə də, iradəsini əldən salan bir zəhmət, gizli tutulan müdhiş bir həyəcan gizlənib… Lakin bu “bəlkə”lər o anın sevincini bulandıran, ona kölgə salan qorxunc etibarsızlıqdan başqa bir şey deyil…

Yaxınlaşır. Yerimdən qalxıram. Başını aşağı salaraq, gözlərini qarşısına dikərək əyləşir. Baxışlarım ona zillənib. Bu fərq iki cinsin təbiəti, yoxsa hislərimizin dərəcəsi ilə bağlıdır? Görüş anının ilk müəmması budur”.

“Üzümə baxır. Gözləri həm boşdur, həm də müxtəlif mənalarla dolmuş kimi gülümsəyir… Lakin bu da dəqiq deyil. Gec gəlməsini gündəlik həyatın bəsit maneələri ilə izah edərkən səsinin təbiiliyi aramızdakı münasibəti adi ruh təmaslarının sadəliyi içinə salır”.

***

– Aman, Bəsim!

– Qoy görək… İmkan ver oxuyaq da… Bir neçə dəqiqə içində aləm bir-birinə qarışır. Qəzetdə Üçüncü Dünya müharibəsinin başladığını oxusam, bəlkə də, abim qədər həyəcan hiss etmərəm. Sən heç aşiq oldunmu, abla?

– Təbii ki, oldum… Fazilə dəli kimi vurulmuşdum.

– O zaman bu cür həyəcan keçirmisənmi heç?

– Aaaa… Əlbəttə… eynilə… eynilə… Axşamlar evə gələcəyi saatlarda mən də belə olurdum…

– Çox qəribədir....

***

“– Necəsiniz?

– Mersi, siz?”

***

– Abla, mən qalib gəldim.

– Niyə?

– Bir-birlərinə “siz” deyirlər. Ağabəyim Səlminlə belə rəsmi danışmır.

– Əşşi, o elə-belə, …

– Xeyr, əfəndim.

– Vallah, billah, naz xatirinə elə danışıblar… Mən ərimə hər kəsin içində “sən” deyərdim, tək qalanda isə “siz”… Rəsmiyyət hər kişinin qürurunu oxşayır… Həm də onu hərəkətə gətirir… Aradakı məsafəni çoxaldır.

***

“– Dünən gecə gözümə yuxu getmədi.

– Niyə?

– Yaşıl məsələsinə görə…

– Yaşıl?

– Xatırlamadınızmı? Maşının yaşılını bəyənməmişdiniz.

– Xatırladım.

– Yaşıl rəngi heç vaxt sevməmisiniz?

– Sevmirəm.

– Səkkiz ay əvvəl isə sevirdiniz.

Kiprikləri çırpındı.

– O yaşıl başqa… Badamı ilə tirşe10 arasında bir tondur. Çox sevirəm onu, amma maşındakı yaşıl deyildi”.

“İzah mükəmməldir, – gülümsədim. Dünən gecə bu nüansı nə üçün qaçırmışdım? İçimdəki müxalifətin oyunudur bu… Qəlbə qarşı çıxan bu müxalifətin ağıldan və qürurdan qaynaqlandığı düşünülür. Məncə, bu, qəlbin özünümüdafiəsidir. Sevgilidə qeyb olmamaq üçün nifrət etməyə səbəb axtarır, tapa bilmədikdə də özü yaradır. Bax beləcə, özünü aldatdığını anlayınca utanır və ona daha çox bağlanır. Öz yalanlarını özünə bağışlaya bilməyən qəlbin özünə verdiyi cəza…”

“Aşiqlərə bir xəbər vermək istəyirəm. Qəlbin bütün məsələləri yalnız qəlbdə həll edilir. Çünki bir hissin öhdəsindən yalnız başqa hiss gələ bilər. Ümidsiz eşqin əks zəhəri nifrətdir. Fikirlər isə yalnız bu müqavimət hislərini yaradan təhrik və təlqin ünsürləridir”.

***

“Əlini öpdüm.

– Bəlkə, sevgilinin böyük təsiri altında olduğumuz üçün, yaxud bəlkə də… Onunla danışarkən sürətlə dəyişən təsir məqamları içində diqqətimizi yalnız bir nöqtə üzərində cəmləşdirdiyimiz üçün qavaraya bilmədiyimiz təfərrüat ondan ayrılar-ayrılmaz yeni bir məna işığı altında görünməyə başlayır.

Onu yaşadığı küçənin tinindən ötürüb geri qaydarkən birdən-birə xatırladım: səkkiz ay əvvəl sevdiyim yaşıl rəngin bir nümunəsini ona göstərmək üçün axtararkən gözlərim əlindəki şeir kitabının üz qabığına sataşmışdı. Daha doğrusu, orada əks olunmuş çizgiyə… Bu, badamı ilə tirşə arasında bir ton deyildi. Maşının rəngi ona daha yaxın olardı… O da o vaxt zövqümü dəstəkləmişdi.

Bunu xatırlayınca məsələ daha əhəmiyyətli rəng qazandı… Az qala, bütün düşüncələrimi qəsb etdi. Başa düşdüm ki, kipriklərinin çırpındığı an içində ildırım sürətilə işləyən yalan industriyasının bu “ton” izahını dərhal axtarıb tapıb. Ürəyimdə kədər uğultuları baş qaldırdı. Qatarda yanımda əyləşmiş Ələddin bəyin danışdığı əhvalatları…


***

– Mən uddum, abla, mən uddum. Bax, qızı küçənin tinində qoyub. Özü isə qatara minib. Deməli, fərqli yerlərdə yaşayırlar.

– Səlminin bəzən İstanbulda, həftələrlə yengəsinin yanında qaldığını yadından çıxarırsan axı… Təbii ki, məhz o zamanlarda görüşməyə üstünlük verəcəklər.

– Sənin öhdəndən gəlmək mümkün deyil. Qərarını vermisən də artıq… Oxuyaq, görək nə olur.

***

“Artıq dinləmirdim. İzah edərkən niyyətim yaxşı olsa belə, məni incitməmək üçün dediyini güman etdiyim bu yalan şübhələrimi daha da artırırdı… Yalan sevdası vardı ürəyində… Bu isə ən qorxunc inamsızlıqdan belə betər idi. Onun söylədiyi yalanın bir rəng vasitəsilə gizlədildiyindən əmin olmaq mümkün deyildi. Aramızdakı bütün fikir və zövq münaqişələrini xatırlamaq lazım gəlirdi.

Lakin Ələddin bəy nə dərəcədə diqqətli olduğumu anlamaq üçün danışdığı əhvalatların mənə olan təsirini arayan suallar verirdi. Kəndə çatana qədər onun məni rahat buraxdığı çox qısa anlar içində bu münaqişələrdən bəzilərini xatırladım. Lakin onlar haqqında çox düşünə bilmədim. Evə gəlincə süfrədə Bəsimin boşboğazlıqları və Məfharətin son günlərdə məni həddindən artıq göz dustağı edən və bir an belə gözdən qoymayan baxışları rahat düşünməyimə imkan vermədi. Yeməkdən sonra otağıma çəkildim”.

“Bu dəftərdəki ilk xatirələrimi oxudum. Onların arasında diqqətimi çəkən birinin üzərində dayandım. Bir yaz axşamı, Möhürdardan dənizi seyr edərək Kadıköy istiqamətində gəzərkən onunla birlikdə alçaq səslə bir musiqi mızıldanmışdıq. O vaxt bir neçə anlıq dayanmış: “Ah, nə gözəldir!” – demişdi. Onda mən bu həyəcanın sol tərəfimizdəki dənizdə salxımlanan qürubun narıncı rəngindənmi, söylədiyimiz havadanmı gəldiyi haqda xeyli fikirləşdim. Amma heç bir şey soruşmadım. Təxminən on gündən sonra – xatirələrimə, adətən, bir tarix yazmıram – boğazda bir dəfə də gəzdiyimiz zaman bu havanı yenə də dodaqaltı mızıldandım… Bax bu məqamda ondan heç gözləmədiyim bir diqqətsizlik gördüm. O, bu duyğu dolu anları məhv edən əhəmiyyətsiz bir şey soruşdu. Mən də Möhürdardakı həyəcanının daha çox qürub mənzərədən qaynaqlandığı qənaətinə gəldim. O vaxtlar kiçik bir kədər hissi ilə diqqətimi çəkən bu detalı yanlış mənalandırdığımı anladım. Yaşıl məsələsi qədər olmasa da, hər halda, bu da bir hiss yalanına bənzəyirdi”.

“Bu seriyaya daxil olan aldanmalardan ibarət bir ümid boşluğu və təhlükələr haqda düşünməyə başlayınca getdikcə içimdə daha da dərinləşən kədər hissi ilə çarpayıma uzandım. Onunla iki gün sonra görüşəcəkdik. Onun izahını tələb edən ehtiyac hissinin iki saat belə dözməyə səbri yox idi. Evə zəng vurmaq haqqında düşünürdüm. Əgər dəstəyi özü qaldırmasa idi, başqaları səsimi tanıyacaqdılar”.

***

– Gördünmü, Bəsim? Mən sənə demədimmi? Səlminin yengəsinin də evində telefon var.

– Yalnız oradamı telefon var?

– Diqqət et, “ev”ə deyir, “evinə” demir. Bu ifadədə aralarındakı yaxınlığın daha çox olduğu hiss edilir, elə deyilmi? Özünün də qohumu olduğu bir evdən söhbət gedir…

– Hə… Sənin də ağabəyimdən bir fərqin yoxdur. İynə ilə quyu qazırsan.

– Oxu, oxu, özü də görəcəksən. Axır-əvvəl mən deyənə gələcəksən…

***

“Fikrimi dəyişdim… Gözlərimi qapadım. Simeranyada belə bir məsələnin nə dəyəri ola biləcəyi haqqında düşünməyə başladım. Qeyd dəftərçəmi açdım. Elə birinci cümlədəncə aramızdakı bütün mübarizənin mahiyyətini başa düşmüşdü”.

“Sizi eşq institutuna aparacağam, – dedi, – orada “qədim dünya problemləri” şöbəsi var. Sizin problemləri bilirlər və hər şeyi izah edərlər”.

Bələdçim məni küçələrdən sonra xüsusi olaraq izah etmək istədiyim yepyeni bir üsulla keçirdi. Bir bağçanın içərisində tamamilə fərqli memarlıq üslubunda tikilmiş böyük binaya girdik. Birinci mərtəbədə, kiçik və boş otaqda böyük, rahat kreslo var idi. Bələdçim mənə:

– Sizi indi tək qoyacağam, – dedi, – bu kresloda rahatlanın, gözlərinizi qapayın, sizi narahat edən məsələ haqqında hündürdən danışa-danışa eyni zamanda da düşünün. Yanınızdakı qurğu səsinizi qeydə alacaq. Sonra ayağa qalxın və çölə çıxın. Mən dəhlizdə gözləyəcəyəm. Sabaha qədər probleminiz araşdırlacaq. Sonra sizi çağıracaq və problemin nədə olduğunu izah edəcəklər.

Ertəsi gün eyni binada, başqa bir otaqda məni qəbul edən yaşlı, ciddi və sevimli bir adam bələdçimin tərcümə etdiyi bu sözləri söylədi:

– Məsələniz araşdırıldı. Tipik haldır. İnstitutumuzun “qədim dünya problemləri” bu cür bir çox müşahidələr aparmış, müxtəlif faktlar toplamışdır. Hadisəni sizin psixoloqlarınızın elədiyi kimi, sadəcə, elmi cəhətdən və psixologiyanın işığında aydınlaşdırmağa imkan yoxdur. Qədim dünya elminin ən böyük xətalarından biri də “bütün”ü gözdən qaçırdıqları üçün heç bir hadisəni əsaslı və doğru izah edə bilmədiklərini anlamamasıdır. Simeranya elmində “fiziki hadisə”, “bioloji hadisə”, “sosial hadisə” deyə bir-birindən ayrı hadisələr seriyası yoxdur. Bu hadisələrin hamısı “bütün”ün işığı altında aydınlaşdırılır. Bir şeyin içərisində hər şey mövcud olduğu üçün bir məsələ başqa məsələni öz daxilində daşıyır. Məsələn, insan ruhunu anlamadan atomu


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации