Электронная библиотека » Редьярд Киплинг » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Редьярд Киплинг


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

LİSPET

O, dağlı Sonu ilə arvadı Cadehin qızıydı. Bir il qarğıdalının məhsulu pis oldu; onların Kotqarx tərəfdə, Setlec vadisindən yuxarıda yerləşən yeganə xaşxaş tarlasında isə iki ayı gecələmişdi. Buna görə də qışda Sonu ilə arvadı xaçpərəst oldular və öz qızlarını xaç suyuna çəkmək üçün xaçpərəst missiyasına gətirdilər. Kotqarxın keşişi qızın adını Yelizaveta qoydu, ya da dağlı paxarilərin çağırdığı kimi – Lispet.

Bundan bir neçə il sonra Kotqarx vadisinə vəba baş çəkdi, Sonu ilə Cadehi apardı, Lispet isə Kotqarx keşişinin arvadı üçün yarıqulluqçu, yarıortaq kimi bir şey oldu. Bu, Moraviya missionerlərinin oralara sahiblənməsindən sonra, amma Kotqarxın “Şimal dağlarının sahibi” şöhrətini itirməsinədək baş verdi.

Bilmirəm Lispeti xristianlıqmı belə təkmilləşdirmişdi, yoxsa ölkəsinin ilahiləri ona elə xarakter bəxş etmişdilər ki, böyüyüb qəşəng bir qıza çevrilən kimi istənilən şəraitdə özünü büruzə verirdi. Əgər dağlı qızı gözəldirsə, ona baxmaq üçün əlli mil daş-kəsəkli yoldan ötməyə dəyər. Lispetin klassik yunan sifəti vardı – insanların tez-tez çəkdiyi, amma gec-gec gördüyü sifətlərdən biri. Üzünün rəngi fil dişi kimi solğun idi və qız öz qəbiləsi üçün qeyri-adi, çox uca qamətə malikiydi. Onun gözləri də ecazkar idi və əgər missionerlərin sevdiyi sarsaq çit paltarlardan geyməsəydi, siz onunla qəflətən dağda qarşılaşanda romalıların ova çıxmış Dianası sanardınız.

Lispet yaxşı xristian idi və böyüyəndən sonra bir çox dağlı qızların etdiyi kimi, xristianlıqdan dönmədi. Yerlilərinin onu görməyə gözü yox idi, çünki özlərinin diliylə desək, “ağdərili qadın” olmuşdu və hər gün çimirdi. Kapellanın arvadı isə bilmirdi ki, onunla nə etsin. Beş fut on düym boyu olan mükəmməl ilahəyə qab-qaşıq yudurda bilməzsən axı. Lispet kapellanın uşaqlarıyla oynayır və bazar günləri məktəbində təhsil alırdı; evdə nə qədər kitab varsa, hamısını dəfələrlə oxumuşdu və günbəgün nağıllardakı şah qızları kimi gözəlləşirdi. Kapellanın arvadı deyirdi ki, Lispeti Simlada dayə kimi, ya da başqa “səviyyəli” yerdə işə düzəltmək lazımdır. Lakin Lispet kiməsə qulluq etmək istəmirdi. O elə indi yaşadığı yerdə də xoşbəxt idi.

Səyyahlar – həmin vaxt onların sayı elə də çox deyildi – Kotqarxa gələndə o, adətən, öz otağına qapanırdı – qorxurdu ki, onu Simlaya, yad adamların yanına apararlar.

Bir dəfə, artıq on yeddi yaşı olanda Lispet gəzməyə çıxmışdı. O, evdən ingilis xanımları kimi bir mil, mil yarım uzaqlaşıb sonra da geriyə faytonda, ya da at belində qayıtmırdı. Lispetin başmaqseyri Kotqarxla Narxund arasındakı iyirmi-otuz mil məsafə idi – gəzəndə belə gəzirdi. Bu dəfə o artıq qaş qaralanda qayıtdı – əlində nəsə ağır bir şey, dik yamacdan enirdi. Yükün ağırlığından əldən düşən Lispet nəfəsini zorla dərərək ayaqlarından daş asılıbmış kimi içəri girəndə keşişin arvadı qonaq otağında mürgü döyürdü. O, yükünü mizin üstünə qoyub sakitcə dedi:

– Bu mənim ərimdir. Onu Baqi yolunun üstündə tapdım. Əzilib. Sağaldarıq onu, düzələndə sizin əriniz kəbinimizi kəsər.

İlk dəfəydi Lispet evlilik haqda fikirlərini bölüşürdü və kapellanın arvadı dəhşətdən çığırdı da. Lakin hər şeydən əvvəl divanın üstündə uzanmış insanla məşğul olmaq lazım idi. Bu, cavan bir ingilis idi – onun başında açıq yara vardı, Lispet dedi ki, onu yamacda taparaq evə gətirib. O, çətin nəfəs alırdı, huşu üstündə deyildi.

Oğlanı yatağa uzatdılar və təbabətdən bir balaca başı çıxan keşiş yarasını sarıdı, Lispet isə qapının arxasında durmuşdu ki, köməyinə ehtiyac yaransa, özünü yetirsin. O, keşişə izah etdi ki, bu şəxsə ərə getmək niyyətindədir, keşişlə arvadı isə qıza belə ədəbsiz davranışla bağlı moizə də söylədilər. Lispet onları sakitcə dinləyib fikrinin qəti olduğunu söylədi. Bu cür, məsələn, ilk baxışdan vurulmaq kimi vəhşi şərqli instinktlərinı üstələmək üçün çox böyük miqdarda xristian hissiyyatı lazımdır. Lispet onun sitayişinə layiq bir adam tapmışdı və indi anlamırdı ki, öz seçimini nədən gizlətməlidir. O həm də Kotqarxdan getmək istəmirdi. Bu ingilisə sağalanadək, onunla evlənmək halına çatanadək qulluq etmək istəyirdi. Onun proqramı belə idi.

Yarasının iltihabıyla bağlı ikihəftəlik yüngül qızdırmadan sonra ingilisin huşu başına qayıtdı və o göstərdikləri mərhəmətə görə kapellana, onun arvadına və Lispetə minnətdarlığını bildirdi. Danışdı ki, Şərqə səyahətə çıxıbmış – o vaxtlar “Şərq gəmiçilik şirkəti” hələ təzə yaranmışdı, gəmisi az idi və “qlobetrotter44
  Qlobetrotter – səyahətçi, turist


[Закрыть]
” termini kimsəyə tanış deyildi – və Dera Denadan Simla dağlarına bitki və kəpənək nümunələri yığmağa gəlibmiş. Ona elə gəlirdi ki, çürük ağacın gövdəsində bitən, qıjıkimilər fəsiləsindən qəribə bir nümunəyə əlini çatdırmaq istəyəndə qayadan düşüb, yükünü daşıyan nökərlər isə onun baqajını da özləriylə götürərək aradan çıxıblar. Bir az sağalandan sonra təzədən Simlaya qayıtmaq niyyətindəydi, amma daha dağlarda dolaşmaq istəmirdi.

İngilis getməyə tələsmir və çox gec sağalırdı. Lispet keşişlə arvadının nəsihətlərinə qulaq asmaq istəmirdi deyə arvad ingilislə danışıb Lispetin qəlbindəkiləri ona açdı. O, bir xeyli güldü. Deyirdi ki, bu, çox şirin, romantik bir hisdir, amma onun evdə artıq nişanlısı var və ümid edir ki, hər şey yaxşı qurtaracaq və təbii ki, o özünü son dərəcə ləyaqətli aparacaq. Oğlan bu vədini yerinə yetirdi. Lakin Lispetlə söhbətlər onu əyləndirirdi: tam sağalacağı vaxtın intizarında qulaqlarına gözəl sözlər pıçıldaya-pıçıldaya, ona cürbəcür nəvazişli adlar qoya-qoya bu qızla gəzməkdən zövq alırdı. Onun üçün bunun heç bir əhəmiyyəti yox idi, Lispet isə bunu əsl həyat sayırdı. Həmin o iki həftə ərzində qız özünü nəhayətsiz dərəcədə bəxtiyar sayırdı, çünki sevə bildiyi bir insana rast gəlmişdi.

Anadan vəhşi doğulan bu qız öz hislərini gizlətməyə çalışmırdı, bu isə ingilisi əyləndirirdi. Missiyanı tərk edəndə Lispet onu Narxund dağlarından ötürməyə getdi; o, kədərli görünürdü. Keşişin arvadı mərhəmətli bir xristian, qalmaqalın qoxusu belə gələn yerdən uzaq olmağa çalışan adam kimi – Lispet artıq onun nəzarətindən tamam çıxmışdı – ingilisdən xahiş etdi ki, qıza evlənmək üçün qayıdacagını söyləsin.

– O hələ lap uşaqdır, – keşişin arvadı deyirdi, – və mən qorxuram ki, qəlbən hələ bütpərəst olaraq qalıb.

Beləliklə, dağ yollarıyla keçdikləri on iki mil boyunca ingilis bir əliylə Lispetin belini qucaqlayıb onu əmin etməyə çalışırdı ki, qayıdıb evlənəcək onunla; Lispet isə oğlanı bu şirin sözləri təkrar-təkrar söyləməyə vadar edirdi. Qız Narxund aşırımında durdu və ingilis Muttian keçidində gözdən itənədək ağladı.

Sonra göz yaşlarını qurudub Kotqarxa döndü və keşişin arvadına dedi:

– O qayıdıb mənimlə evlənəcək. Özününkülərin yanına getdi ki, bunu onlara söyləsin.

Keşişin arvadı isə Lispeti sakitləşdirməyə çalışır, deyirdi:

– Qayıdacaq, mütləq qayıdacaq…

İki ay keçəndə Lispet nigaran qalmağa başladı, ona söylədilər ki, ingilis artıq dənizlərin o üzünə – İngiltərəyə yola düşüb.

Qız İngiltərənin harada olduğunu bilirdi, çünki coğrafiya üzrə ibtidai kurs keçmişdi, lakin əsl dağlar qızı kimi dənizin nə olduğunu təsəvvürünə gətirə bilmirdi. Evdən yarımkürələrin köhnə xəritəsi tapıldı. Lispet hələ uşaq ikən bu xəritəylə oynamağı çox sevirdi. İndi isə həmin xəritəyə yenə baxır, axşamlar qarşısında açaraq ağlayır, sevgili ingilisinin harada olduğunu təsəvvüründə canlandırmağa çalışırdı. Lakin bu boyda məsafələr və gəmilər haqda heç bir anlayışı olmadığından təsəvvürü son dərəcə qarışıq bir şeyə çevrilirdi. Ancaq bu təsəvvür lap dəqiq olsaydı belə, böyük fərq etməzdi, çünki ingilisin qayıdıb bu dağlar qızıyla evlənmək fikri qətiyyən yox idi. O, Assamda kəpənək qovaraq qızı tamamilə unutmuşdu. Sonralar həmin oğlan Şərq səyahəti haqda kitab da yazdı, amma orada Lispetin adına rast gəlmək mümkün deyil.

Üç ay keçəndən sonra Lispet hər gün Narxunda getməyə başladı – baxırdı ki, bəlkə, onun ingilisi yolda göründü. Bu onu sakitləşdirirdi, keşişin arvadı isə qızın keyfi açıldığını görəndə fikirləşirdi ki, yəqin, “bu vəhşi və qeyri-etik sarsaqlığı” artıq beynindən silinib. Lakin artıq az sonra bu gəzintilər belə Lispetə rahatlıq gətirə bilmirdi və qız əsəbiləşir, özündən çox tez çıxırdı. Keşişin arvadı əlverişli bir məqam tapıb ona əsl həqiqəti açmaq istəyirdi: ingilis yalnız qızın qəlbini qırmamaq üçün onu sevəcəyini söyləmişdi və beynində başqa heç nə yox idi. O ki qaldı Lispetin yüksək irqin nümayəndəsinə, üstəlik də özünə bab birisiylə artıq nişanlı olan bir adama ərə getmək kimi sarsaq, hətta tərbiyəsiz fikrinə – bu barədə heç danışmağa dəyməzdi. Qadının bu sözlərinə Lispet yalnız onu dedi ki, bu ola bilməz, çünki ingilis təzə gedəndə onun özü qızı inandırdı ki, oğlan mütləq qayıdacaq.

– Sizin və onun dedikləri necə yalan ola bilər? – Lispet soruşurdu.

– Biz bunu yalnız səni sakitləşdirmək üçün dedik, – keşişin arvadı cavab verirdi.

– Deməli, yalan söyləyirdiniz, – Lispet yekunlaşdırdı, – hər ikiniz?

Keşişin arvadı başını aşağı salaraq daha heç nə demədi. Lispet bir müddət susdu, sonra vadiyə yollandı. Qayıdanda əynində ağlasığmaz dərəcədə kirli dağlı paltarı vardı, lakin nə burnunda, nə də qulaqlarında üzük gözə dəymirdi. Saçını qara iplə bağladığı bir neçə hörüyə düzmüşdü – eynən dağlı qızlar kimi.

– Mən öz xalqımın içinə dönəcəyəm, – dedi. – Siz Lispeti öldürdünüz. İndi qalan yalnız Cadehin keçmiş qızıdır – paxari və Tarka Deviyə iman gətirən biri. Siz ingilislərin hamısı yalançıdır.

Lispetin öz anasının inancına dönməsi haqda bəyanatından sarsılan kapellan arvadı özünə gələndə artıq qızın izi-tozu belə qalmamışdı və onu bir daha onların ailəsində görən olmadı.

O, natəmiz xalqını ehtirasla sevdi, sanki ondan ayrı yaşadığı itirilmiş illərinin əvəzini çıxmaq istəyirdi və bir müddətdən sonra bir odunçuya ərə getdi. Həmin odunçu isə onu paxarilərin adət-ənənəsinə uyğun olaraq tez-tez döyürdü deyə qadının bənzərsiz gözəlliyi də az sonra soldu…

– Elə bir qanun yoxdur ki, bu bütpərəstlərin bütün divanəliyini qabaqcadan söyləməyə imkan yaratsın, – keşişin arvadı deyirdi, – və mən əminəm ki, Lispet qəlbən həmişə bütpərəst olub.

Lispetin anqlikan kilsəsinin qoynuna beşhəftəlik ikən qəbul olunduğunu nəzərə alsaq, elə bilirəm belə bəyanat ruhani arvadına heç də başucalığı gətirmirdi.

Lispet qocalıb qarıyandan sonra dünyasını dəyişdi. O, ingiliscə həmişə əla danışırdı və bir az vurandan sonra bəzən özünün ilk məhəbbət tarixçəsindən danışmağa razılıq verirdi.

Onda adam heç cür təsəvvürünə də gətirə bilmirdi ki, bu ikiqat olmuş, üzü qırış-qırış, nimdaş əsgini xatırladan məxluq həmin o “Kotqarx missiyasından olan Lispet”dir.

MİKROB QIRICISI

Ümumi qaydalara əsasən, məmurların sizin əvəzinizə dövlət işləriylə məşğul olduğu üçün yüksək maaş aldığı bir ölkədə bu işlərə qarışmaq qətiyyən olmaz.

Bu hekayə həmin ümumi qaydalara bir istisnadır ki, axtarsan, onun izahını da taparsan.

Məlum olduğu kimi, biz hər beş ildən bir yeni vitse-kralın gəlişini gözləyirik, hər vitse-kral isə özünün çoxsaylı yükləri arasında şəxsi katibini də gətirir.

Biri vardı-biri yoxdu, bir vitse-kral vardı ki, özüylə çox narahat bir katib gətirmişdi – sərt, eyni zamanda olduqca yumşaq xasiyyəti, işə hədsiz dərəcədə həvəsi olan birisini. Bu katibin adı Uonder, Con Uonder idi. Vitse-kralın isə adı yoxdu, əvəzində bir düjün rütbəsi, qraflığı vardı. Məhrəm söhbətlərində deyirdi ki, özünü qızıl administrasiyanın qızıl suyuna çəkilmiş başı sayır və Uonderin qətiyyən aidiyyəti olmayan işləri öz əlinə necə almaq istədiyinə altdan-altdan göz qoyub əylənir.

– Əgər biz hamımız məlaikə olsaq, – bir dəfə zati-aliləri sözə başladı, – və dostum Uonder baş mələk Cəbrayılın lələklərini yolmaq, müqəddəs Pyotrun açarını oğurlamaq məqsədilə yaranmış işbirliyinin başında dursa, onu sataram.

Baxmayaraq ki vitse-kral öz katibinin qızğınlığını cilovlamaq üçün heç bir şey etmirdi, başqaları onun barəsində yaman xoşagəlməz şeylər danışırdılar. Bəlkə də, ilk danışanlar şura üzvləri idi, amma hər necə olsa, bütün Simlanın yekdil rəyi belə idi ki, bu idarəçilikdə Uonderin payı həddindən artıq, vitse-kralınkı isə həddindən azdır. “Zati-aliləri” ifadəsi Uonderin elə bil dilində bitmişdi. Zati-aliləri oradan gəldi, zati-aliləri buradan getdi, zati-aliləri dedi və sairə və ilaxır. Vitse-kral isə elə hey gülümsünür, amma bir söz demirdi.

Həmin il Simlaya başında yalnız bir fikir olan cansıxıcı adamlardan biri gəlmişdi. Bu qəbildən olan insanlar dünyanı irəli aparırlar, amma onlarla söhbət həmişə xoşagələn olmur. Bu şəxsin adı Melliş idi. O, düz on beş ilini özünün Aşağı Benqaliyadakı torpaqlarında yaşayaraq vəba xəstəliyini araşdırmağa sərf etmişdi. Belə hesab edirdi ki, vəba rütubətli havada embrionlarını hər tərəfə yayır və bu embrionlar ağac budaqlarına lap mamır kimi yapışır.

– Embrionun inkişafını dayandırmaq olar, – deyirdi, – bunun üçün ən yaxşısı mənim icad etdiyim tünd-bənövşəyi tozun tüstüsüdür. Bu elə-belə şey deyil, on beş illik zəhmətimin bəhrəsidir, ser!

Bu ixtiraçıların, əslində, hamısı bir-birinə bənzəyir. Onlar mütləq ucadan danışır – xüsusilə də “inhisarçıların işbirliyindən” söhbət düşəndə yumruqlarını masaya çırpırlar, yanlarında da öz kəşflərindən nümunə olur.

Melliş əmin edirdi: Simlada bir səhiyyə “dərnəyi” var ki, ona rəhbərlik edən müfəttiş, çox güman, Avropanın bütün hospitallarının həkimləriylə cinayətkar əlaqədədir. Bunu necə isbatladığı artıq yadımda deyil, amma fikri-zikri öz kəşfini “yuxarılara çıxarmaq” idi – Melliş birbaşa vitse-kralın özüylə, “Ülyahəzrətin birbaşa nümayəndəsiylə, ser!” əlaqəyə girmək istəyirdi.

Nəhayət, Melliş artıq vəba embrionlarını tüstüylə boğmaq üçün hazırladığı ecazkar maddəsindən qırx səkkiz funt ağırlıqda bir bağlama düzəldərək Simlaya yollanır ki, vitse-kralı ziyarət etsin və öz kəşfinin bütün üstünlüklərini şəxsən ona göstərsin.

Lakin vitse-kralı görmək onunla söhbət etməkdən qat-qat asandır. Təbii ki, əgər siz Mədrəsdən olan başqa bir Mellişe kimi mühüm şəxs deyilsinizsə. Həmin o ikinci Mellişe altı min rupi məvacib alırdı və o dərəcədə əsilzadə adam idi ki, qızlarına heç vaxt ərə getmək nəsib olmurdu – onlar yalnız “izdivaca girirdilər”. Onun özü maaş deyil, yalnız ödəmələr alır, ölkədəki gəzməkləri isə “müşahidə səfərləri” adlanırdı.

Vəzifəsi Mədrəsdəki xalqı barmağının bir işarəsi ilə tərpətmək idi. Özü də xalq ondan işarə alan kimi heyrətə gələrək bu sözləri çığırmalıydi: “Bax buna deyərəm inkişaf, buna deyərəm maarifləndirmə! Baxın, məgər gözəl deyil?!” Bunun dalınca da Mellişeyə heykəllər qoyur, çələnglər təqdim edir və tez bir zamanda canlarının ondan vitse-kralla məsləhətləşmələrdən sonra qurtaracağına böyük ümid bəsləyirdilər.

Mellişe vitse-kralla məsləhətləşmək üçün Simlaya gəldi. Belə məsləhətləşmələr onun üçün dolayı gəlir mənbələrindən biri idi.

Vitse-kral mədrəsli Mellişe barədə o qədər də məlumatlı deyildi. Bildiyi yalnız bu idi ki, Mellişe ortaçaplı dahilərdən biriydi. Onun mövcudluğu, görünür, bu burjuaziya cənnətində ruhi müvazinət üçün zəruri idi deyə Mədrəsdəki bütün ictimai müəssisələr onun əliylə canlanır, onun tərəfindən təmin edilirdi. Bu, isbat edir ki, dumanlı şəkildə olsa da, zati-aliləri altı min rupilik bu insanın əhəmiyyəti haqda az-çox məlumatlı idi.

Benqallı Mellişin tam adı E.Melliş, Mədrəsdəkinin isə Mellişe – E.S.Mellişe idi. Onların hər ikisi eyni hoteldə qalırdı və görünür, Hindistan imperiyasının taleyinə yazılıbmış ki, bu işdə bir dolaşıqlıq yaransın – katib Uonder mədrəslinin adının axırındakı “e” hərfini səhvən buraxır, vitse-kralın kuryeri isə məktubu elə yazıldığı kimi də ünvanına təqdim edir:

“Mikrob qırıcısının ixtiraçısı Mellişə.

Əziz mister Melliş! Sabaha digər dəvətlərinizi təxirə salıb bizimlə səhər yeməyi yeyə bilərsinizmi? Zati-alilərinin sizə bu saatda vaxt ayırmaq imkanı var”.

İxtiraçı heyranlıqdan, qürurdan az qaldı ki, ağlaya və təyin olunmuş saatda cibində həmin tozla dolu böyük bir paket Peterqofa gəldi. Bəxti gətirmişdi və indi bu fürsətdən bəhrələnmək niyyətindəydi.

Mədrəsli Mellişe, adətən, öz görüşlərini elə dəbdəbəli şəraitdə keçirirdi ki, Uonder də onun üçün xudmani bir səhər yeməyi tədarük etmişdi və orada nə zati-alilərinin yavəri olacaqdı, nə də Uonderin özü – heç kəs. Təkcə vitse-kral və qonağı. Hərçənd ki zati-aliləri mədrəsli böyük Mellişe kimi azğın despotlarla təkbətək qalmaqdan qorxaraq həmişə şikayətlənirdi.

Lakin qonaq vitse-kralı üzmədi. Əksinə, hətta başını da qatdı bir az. Benqallı Melliş mətləb üstünə imkan daxilində tez gəlmək istəyirdi deyə ağlına gələni üdüləyib-tökürdü və nəhayət, zati-aliləri onu siqar çəkməyə dəvət etdi. Vitse-kral Mellişin açıq danışmasından, onunla alverə girişməməsindən məmnun idi.

Elə ki siqarların tüstüsü tavana dirəndi, Melliş cəsarətlə mətləbə keçdi; əvvəlcə on beş illik elmi təcrübəsinə əsaslanaraq vəba haqda nəzəri görüşlərini bölüşdü, Simladakı tibb dərnəyinin fırıldaqlarından danışdı və yalnız sonra öz kəşfindən söz açdı. Vitse-kral isə ona gözləri yarıyumulu halda qulaq asaraq düşünürdü: “Bəllidir ki, bu mənim gözlədiyim həmin pələng deyil, amma hər nədirsə, yaman məzəli məxluqdur”.

Mellişin həyəcandan başındakı tükləri biz-biz durmuşdu və o kəkələyirdi. Bu dəm başladı ciblərini eşməyə və vitse-kral elə indicə qarşısında baş verəcək olayları təxmin etməmişdən ixtiraçı öz tozunun düz bir torbasını masanın üstündəki yekə, gümüş külqabına tökdü.

– Özünüz baxın, ser, – Melliş dedi. – Zati-aliləri hər şeyi mütləq öz gözüylə görməlidir. Bu, həqiqətən, ecazkar bir vasitədir!

O, siqarının tüstüləyən ucunu toza toxundurdu və külqabı vulkan kimi tüstüləyərək ətrafa ağır, sarı, yağlı tüstü burumları yaymağa başladı. Bir neçə dəqiqənin içində otaq nəfəskəsən, kəskin, murdar qoxulu qatı tüstüylə doldu. Külqabındakı toz fısıltı və fışıltıyla yanır, ətrafa yaşıl qığılcımlar uçuşurdu, tüstü isə getdikcə daha yüksəklərə qalxırdı və bir azdan otaqda elə bir vəziyyət yarandı ki, nə nəfəs çəkə bilirdin, nə də gözünü aça. Lakin Melliş buna artıq adət etmişdi.

– Stronsium! – deyib qışqırırdı. – Barium, sümük unu və sairə! Tozun bir kubdüymü minlərcə kubfut tüstü yaradır! Bircə dənə rüşeym belə canını qurtara bilməz. Bircə dənəsi də sağ çıxmayacaq, zati-aliləri!

Lakin zati-aliləri artıq qaçmaqda idi və həmin an o, pilləkənin başında öskürəkdən boğulurdu. Bütün Peterqof isə arı pətəyi kimi uğuldamağa başlamışdı. Qırmızı uniformalı olanlar hər tərəfdən yardıma tələsirdilər; ingiliscə danışan baş kuryer qaçıb gəldi, əsadaşıyanlar özlərini yetirdilər, pilləkənlə üzüaşağı “Yanğın! Yanğın!” – deyib çığırışan qadınlar yüyürürdü. Tüstü bütün binanı ağzına almışdı və indi pəncərələrdən çölə çıxmağa can atır, aynabəndlərə sərilərək burula-burula saray bağlarına dolurdu. Külqabındakı zad büsbütün yanıb qurtarmayanadək kimsə Mellişin həmin zada durmadan tərif yağdırdığı otağa girə bilmədi.

Nəhayət, vitse-kralı axtaran yavər içəridəki tüstüyə baxmayaraq, kabinetə girdi və Mellişi çəkib qəbul otağına çıxardı. Vitse-kral gülməkdən ayaq üstə zorla duraraq əlində başqa bir paket ona yaxınlaşmağa can atan Mellişə “Yaxın gəlmə!” – deyib əl yelləyirdi.

– Əladır! – zati-aliləri az qala nəfəsi kəsilə-kəsilə dilləndi. – Bir dənə rüşeym belə sağ çıxmaz! Buna mən də and içə bilərəm. Böyük uğurdur.

Xiyabanda elə indicə Mellişe ilə rastlaşan Uonder içəri girəndə vitse-kralın gülməkdən gözləri yaşarmışdı – artıq sevinirdi, çünki bilirdi ki, bu insidentdən sonra Uonder mütləq gedəcək. İxtiraçı Melliş də, öz növbəsində, razı qalmışdı, çünki “tibb dərnəyinə” sarsılmaz zərbə endirməyə müvəffəq olmuşdu.

Kefi kök olanda bu hadisəni kimsə zati-aliləri qədər həvəslə danışa bilməzdi. Onun sevimli Uonderin toz düzəldən dostu haqda hekayələri bütün Simlanı dolaşdı və Uonder dostlarının tikanlı zarafatlarından qurtulmaq üçün hələ uzun müddət yollar aramağa məcbur qaldı.

Nəhayət, bir gün Uonderə elə gəldi ki, zati-aliləri bu əhvalatdan yaman çox danışır. Məsələ sipahilərin təbiət qoynundakı yığıncağında baş vermişdi. Onda Uonder düz vitse-kralın arxasında oturmuşdu.

– Doğrudan ha, bir anlıq mənə elə gəlmişdi ki, dostum Uonder yanıma muzdlu qatil yollayıb. Elə bildim kraliyyət taxtına aparan yolu özü üçün təmizləmək istəyir, – zati-aliləri xüsusi məzəylə danışırdı.

Hamı güldü, amma vitse-kralın ahəngində elə notlar vardı ki, bunları yalnız Uonder hiss edə bilərdi.

Həmin hadisədən sonra Uonder qəflətən hiss etdi ki, səhhəti tamam korlanıb və vitse-kral onun istefasını qəbul edərək əlinə elə bir attestat verdi ki, Uonder ondan öz vətənində gözəl istifadə edə bilərdi.

– Günahkar yalnız özüməm, – zati-aliləri həmsöhbə

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации