Текст книги "Şlyapalı Mauqli"
Автор книги: Salam Qədirzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 3 страниц) [доступный отрывок для чтения: 1 страниц]
SALAM QƏDİRZADƏ
ŞLYAPALI MAUQLİ
hekayələr
1
Şlyapalı Mauqli
Səbəbkarın evi abad! Təzə mənzilə köçmüşdük, qonşularımı hələ yaxından tanımırdım.
Həmişə əynində boz kostyum, başında yaşıl şlyapa, qoltuğunda qovluq, gözündə çeşmək olan birisi zahirən çox təkəbbürlü adama oxşayırdı.
Çallaşmış saçları arxadan az qala çiyinlərinə dəyirdi. Bu, təxminən qırx beş-əlli yaşlarında ucaboy, pəhləvan cüssəli bir kişi idi.
Uzun burnu, ağ, ətli sifətini arakəsmə kimi iki hissəyə bölmüşdü. Hərdən onunla salamlaşsam da, kim olduğunu, harda işlədiyini bilmirdim. Ancaq maraqlanırdım.
Bir dəfə pilləkənlə çox ciddi tərzdə, aram-aram aşağı endiyini görüb onu saxladım.
– Salam, qonşu, – dedim.
Könülsüz ayaq saxladı. Qalın qovluğunu sağ qoltuğundan sol qoltuğuna ötürüb burnunu dikəltdi.
Astadan hakimanə bir tərzdə cavab verdi:
– Əleykəssəlam, qadan alım. – Ancaq üzümə baxmadı.
– Mənə sözün vardı?
– Xeyr… Elə belə… Yaman fikirlisiniz.
– Ta onu demə, qadan alım, işim çoxdur. Bu saat heç başımı qaşımağa vaxtım yoxdur.
Mən zarafata keçdim:
– Qonşuluqda adam adama nə gündə gərək olar?! Sizin vaxtınız yoxdur, gəlin, başınızı mən qaşıyım.
Bir balaca eyni açıldı, xəfifcə qımışdı:
– Hankı mərtəbədə olursuz?
– Odur ey… – qapımızı göstərdim, – üçüncü mərtəbədə.
Ayrıldıq. O, həyətə düşdü, mən yuxarı qalxdım. Bir istirahət günü evdə oturub üzümü qırxırdım.
Zəngimiz çalın-dı. Dəhlizə çıxdım. Gələn o idi. Elə astanada tanış olduq:
– Salman.
Qonşum adını “Canəli müəllim” söylədi.
– Əyləşin, – dedim. – Bu dəqiqə saqqalımı təraş eləyim, sonra sizin qulluğunuzdayam.
Canəli şlyapasını çıxarıb mənə uzatdı. Başının ortasında təmiz, sürüşkən bir meydança parıldadı. O, evə məhrəm adam kimi keçib yuxarı başda divana yayxandı. Eynəyinin üstündən kitab rəflərinə ötəri nəzər saldı.
– Məndə sizdəkindən çoxdur.
– Nə?
– Kitabı deyirəm.
– Hə… Bizim də dövlətimiz bunlardır.
– İndi ta zamana dəyişib, qadan alım. Ticarət işçisinin də evində öz kitabxanası var.
– Kimdir ticarət işçisi?
– Sən…
– Səhv edirsiniz, Canəli müəllim.
Bir an ikimiz də susduq. Qonşum tərəddüdlə dedi:
– Bə kimsə dedi ki, üçüncü mərtəbədə yaşayan univermaqda işləyir, özü də karlı adamdır.
Fikirləşdim, belədirsə, gedim kişinin qulluğuna bir salam verim…
Mən qarşımdakı aynadan ona diqqət yetirirdim.
– Univermaqda işləyən bizimlə üzbəüz qapıda olur. Mən jurnalistəm.
Qonşum dizini sığalladı.
– Hə? Nə olar, qadan alım. Elə jurnalistə də salam verməyinə dəyər.
Bu söz mənə yaman yer elədi. Xasiyyətimdi: qəlbimə toxunanın qulluğunda xəcalətli qalmazdım.
Gec-tez bu hayıfı ondan çıxmalıydım, məqam axtarırdım.
– Ə, Salman, sənin bu üzqırxan maşınından nə qəribə səslər çıxır…
Fürsət idi. Əks hücuma keçdim:
– Bunu təzə alanda yaxşı musiqi çalırdı. İndi bir az köhnəlib, xaric notlar vurur.
2
Canəli mənə tərəf çevrilib gözlərini döydü:
– Bıy! Məgər musiqi çalan üzqırxanlar da var?
Özümü itirmədim. Səsimə ciddilik qatdım:
– Bəs bunu siz bilmirsiz?
– Yoox…
– Xətrinizə dəyməsin, Canəli müəllim, geri qalmısınız…
– Qadan alım, başım elə qarışıb ki, vallah dünyadan xəbərim yoxdur. Adı nədir o üzqırxanın?
– “Aqidel”.
Duymuşdum: hərif zahirən zəngin görünsə də, daxilən boş adama oxşayırdı.
– Yaponlarınkıdır, – dedim. – “Aqidel” onların bir musiqisidir. Necə bizdə “Qaytağı” yoxdur, bu da elə… Təzə vaxtında mən bununla üzümü qırxanda uşaqlar şıdırğı oynayırdılar. İndi səsi bir az xırıldayır…
Canəli əllərini şappıldadıb heyrətləndi:
– Pa atannan! Yaponlara bax ey! Gör nələr icad edirlər! Ondan gərək birini də mən alam.
Hirsim tamam soyumamışdı. Üzümə odekolon püskürdüb ayağa qalxdım.
– Əşi, bu harasıdır?! Yaponlar üzük buraxırlar, qaşında televizor ekranı. Küçədə gedə-gedə bax özünçün, darıxma.
– Sən nə danışırsan, qadan alım!
– Bəli…
– Rənglimi göstərir?
– Bəli. Özü də yeddi-səkkiz kanallı. Birində futbol, digərində kino, üçüncüsündə, canım sənə desin həkim məsləhəti. Nə bilim, multfilm… heyvanlar aləmində… hansını xoşlayırsan, tut, tamaşa elə.
– Ə, səndə əntiqə söhbətlər varmış, ay Salman, mənim xəbərim yox…
– Gəlib-getmirsiz də…
– Bundan sonra ta hər vıxadnoy sizdəyəm, qadan alım.
O gün Canəli harasa tələsirdi. Çayını yarımçıq içib çıxdı. Onu ötürəndən sonra mən dəhlizdə ayaq üstə donub qalmışdım. Fikirləşirdim, dünyada necə nadan adamlar varmış!
Canəli ilə ikinci görüşdə xoruz səsi eşitməmiş uydurmalar toqquşdurmuşdum. Demişdim ki, 1925-ci ildə Braziliya futbolçuları italiyalılarla oynayanda Peleni meydançada yıxıblar. O da hirsindən rəqib darvazasına elə öldürücü bir zərbə vurub ki, qapıçı kosqarışıq toru yırtaraq on iki metr havaya qalxıb.
Ordan da kəlləmayallaq arxa tribunada oturan tamaşaçıların üstünə düşüb. İkisi ölüb, səkkizi möhkəm əzilib.
İnanmışdı. Daha ağlına gətirməmişdi ki, adamda elə zərbə olmaz, 25-ci ildə isə Pele heç dünyaya gəlməmişdi. Demişdim ki, Fransa səyyahı Lope de Veqa Mərakeş cəngəlliklərində meymunların şahmat oynadığını öz gözlərilə görüb.
İnanmışdı. Daha bilməmişdi ki, Lope de Veqa Fransa səyyahı deyil, İspaniya dramaturqudur.
Mərakeşdə heç cəngəllik varmı? Oradakı meymunların şüurları nə qədər inkişaf edib ki, şahmat da oynasınlar?
Demişdim ki, keçən il qəzetlərdə oxumuşam, Pirşağıda dəniz sahilində otuz yaşlı bir cavan qayaların üstündə dayanıb balıq tuturmuş, bəxtindən tilovuna su adamı gəlibdir. Çıxarıb onu sahilə, alıb qucağına, aparıb evlərinə.
İndi iki uşaqlı arvadını boşayıb onu almaq istəyir. Amma ata-anası qoymur… Bu dəfə Canəli özünü xam göstərməmək üçün başını tərpədib demişdi:
– O əhvalatı mən də oxumuşam.
Ağıllını aldatmaq çətindir, naşıya isə hər yalanı satmaq olar.
Dünyadan bixəbər Canəli mənim nəzərimdə meşədən təzəcə tutulmuş mauqli kimi bir şey idi. Fərq təkcə orasındaydı ki, bu, meşədə yaşamırdı, çılpaq gəzmirdi. Əynində kostyum, başında şlyapa vardı, qoltuğunda qovluq gəzdirirdi. Həm də adam kimi danışırdı.
Özündən soruşub öyrənmişdim: Canəli hələ evlənməmişdi. İt saxlayırdı. Səbəbini də belə izah edirdi: “Ağıllı kişinin arvadı da gərək ona bərabər olsun, qadan alım. Ürəyim istəyən ideal qız tapmaq çətindir.
Sabah mən dünyanın keçmişindən, gələcəyindən danışanda həyat yoldaşım ağzını açıb gözlərimin içinə baxacaq. Mənə elə qadın lazım deyil, qadan alım”.
Son zamanlar Canəliyə yaman bağlanmışdım. Onsuz darıxırdım.
3
Həmişə də təzə yalanlarım beynimdə hazır idi. Bir sözlə istirahət günlərində – boş vaxtlarım çox məzəli, əyləncəli keçirdi.
Arabir bizim üçün çay gətirəndə arvad hap-goplu söhbətlərimin ucundan – qulağından eşidirdi.
Əhvalatın nə yerdə olduğundan xəbərdardı. Onun üçün də məni məzəmmət edirdi:
– Salman, heç utanmırsan, o boyda vidli-fasonlu kişini barmağına dolamısan?! Meymun-zaddı bəyəm səninçün oynadırsan onu?!
– Ay qız, axı mən neyləyim? – deyirdim, – Sazan balığı kimi özü tilova gəlir. Mən zarafatsız keçinə
bilmirəm.
* * *
Növbəti görüşümüzdə Canəli bir qədər dəyişmişdi. Yəqin düşünmüşdü ki, həmişə mən Salmanın sözlərinə heyranlıqla qulaq assam deyər, özü qəzet, jurnal oxumur, heç nə bilmir, danışmağa sözü yoxdur.
Ona görə bu dəfə dünyanın məşhur alimlərindən, yazıçılarından söz salmışdı. Arada bir Şekspirin adını çəkəndə əlüstü, söhbətə qarışmışdım:
– Bilirsiz Şekspir nə millətidir?
– İngilis deyil?
– Xeyr, canım! Çoxları elə bilir, – Uyduracağım yalana bu başdan gülməyim tutduğundan özümü zorla saxladım, – Şekspir xalis müsəlmandır.
– Müsəlmandır?!
– Bəli, əsl adı da Şeyxi-Pirdir. Yəni pirin şeyxi. On altıncı əsrin əvvəllərində bir tədqiqatçı onun haqqında monumental əsər yazıb. Kitabının adını qoyub “Şeyx iz pira” Ondan sonra ingilislər kişinin ismini dəyişərək Şekspir eləyib, öz adlarına çıxarıblar.
Canəli qoyun kimi şüursuz bir görkəmdə gözlərini döydü.
– Qadan alım, bə o müsəlman, İngiltərəyə necə gedib çıxıb?
– Çox asan. O zaman bir şeyx kimi ingilis ruhanilərinin həyatı ilə maraqlanıb.
Qiyafəsini dəyişərək turistlərlə birlikdə salıb özünü Londona. Orada işin üstü açılandan sonra kişini verbovat eləyib, cibinə zorla ingilis pasportu basıblar. Gözünə döndüyüm şeyx ikicə aya onların dilini öyrənərək başlayıb yazmağa. Gecədə bir komediya – necədir sizin üçün?! Ölənəcən alt-üst eləyib höküməti də, quruluşu da…
Canəli yerində qurcalandı:
– Ə, bunu yaz da, qadan alım! Nəyi gözləyirsən?! Hazır bişmiş dissertasiyadır ki!
– Var elə bir fikrim. Ancaq mən ölüm, başqa yerdə bu barədə danışmayın. Adamlara etibar yoxdur.
Buraya qədər dediklərimi Canəlinin yediyini görüb fantaziyama güc verdim:
– Hə… Şekspir müsəlmandır, ona şübhə-filan ola bilməz! Atası da Muğandandır.
– Muğandandır! Onda biz eloğluyuq ki!
– Nə bilmək olar! Sabah onun sehrli sandığı açılandan sonra bəlkə lap qohum çıxdınız.
Canəli bu yerdə təbiətinə rəğmən gürşad bir qəhqəhə çəkib güldü.
Mauqli qonşumun bugünkü normasını da belə verdim, getdi.
* * *
Bazardan qayıdan arvad başılovlu içəri girdi.
– Ay Salman, heç bilirsən neyləmisən?! Abırdan saldın bizi bu qonşuların arasında! İndi müəllimin üzünə necə baxacağıq?! Ayıb deyil?
– Müəllim kimdir? Nə xəbər eşitmisən? Açıq danışsana, nə olub?! – deyə arvadın belə həyəcan keçirməsindən heç nə anlamadım.
– Daha nə olacaq?! İndicə qonşulardan öyrəndim: sən demə, bizə gəlib-gedən o şlyapalı kişi ali məktəb müəllimidir! Özü də elmlər namizədi!
Əvvəl bu sözə şübhə elədim. Sonra tərəddüd içində qaldım. Axırda inandım.
Bizdə məgər qoltuğundakı qovluğu dolu, şlyapalı başı Canəlininkinə bənzəyən “alimlər” azdırmı?
Biri də mənim qonşum!
4
ƏR-ARVAD TƏLÜKƏSİZLİYİ ONGÜNLÜYÜ
Yaxşıxanımla Canəli evlənəndən bir neçə il sonra elə bil qəfildən aralarında pişik asqırdı. Əvvəlki mehribanlıq yox oldu.
Ərlə arvadın giley-güzarı, savaşı başlandı. Canəlinin qaşqabağı yer süpürdü, axşamlar işdən gec gəldi; Yaxşıxanım mısmırığını salladı, tez-tez ərini acıladı.
Evin səliqəsi pozuldu. Ailəyə soyuqluq çökdü… Tədricən bu qanqaralıq Canəlinin müavinlik etdiyi idarədə də öz təsirini göstərdi: işçilərlə rəftarı dəyişdi, haqq-nahaq onları danladı.
Kişinin qan təzyiqi artdı. Belə vaxtda, heç olmasa Yaxşıxanım dilini saxlasaydı, dərd yarı idi. Di gəl, Canəli birini deyəndə o, beşini qaytarırdı.
Qapı-qonşu, qırx beş-əlli sində Cəbrayıl adlı şirin söhbətli, zarafatcıl, baməzə bir kişi yaşayırdı.
Özü də gecələr elə ucadan səbir gətirərdi ki, blokdakılar diksinib yuxudan oyanardılar. Kimin nə işi olsaydı, məsləhətə onun yanına cumardı, heç kəsə xeyirxahlığını əsirgəməzdi.
Yoldaşı Fəxrəndə də əhvallı qadındı. Bir axşam Canəli dərdini danışmağa qonşuya getdi. İçəri girən kimi məsələdən agah olan Cəbrayıl onun könlünü almağa çalışdı. Elə ayaqüstü gülməli bir əhvalat söylədi:
– Bayaq işdən gələndə tramvayda iki dənə yüksək keyfiyyətli səbir gətirdim, – dedi, – Bu vaxt o tərəfdən kimsə mənə sataşdı. Astadan üç dəfə asqırdı. Cin vurmadımı təpəmə! Canınçün, eləmədim təmbəllik, açdım ağzımı göyə, burda bir partapart saldım ki… Acığına düz on iki dəfə dalbadal səbir gətirdim. Tramvaydakılar əl çaldılar.
Canəli qəhqəhə çəkdi. Keçib stol arxasında üz-üzə əyləşdilər. Bir azdan Fəxrəndə əlində dolu padnos içəri girdi.
– Axşamınız xeyir, Canəli qardaş. Xoş gəlmisiz, – dedi və armudu stəkanlardakı ətirli çayı, vazalardakı qəndi, konfeti süfrəyə düzdü. Çıxanda şıltaqlıqla ərinin dazını çırtmalayıb əlavə etdi:
– Soyutmayın, için, te-de-dir.
Canəlinin bu sözə mat qaldığını görən Cəbrayıl xırdaladı:
– Te-de – təzə dəm deməkdir. Biz evdə arvad-uşaqla həmişə belə yığcam danışırıq. Məsələn, mən hamamdan çıxanda Fəxrəndə deyir – he-te – yəni: həmişə təmizlikdə. Mən də cavab verirəm: Çe-çe –
Çox sağ ol. Axı, hər şeyi uzun-uzadı söyləməyə adamın hövsələsi çatmır. İdarədə kassirdən maaş alanda qısaca deyirəm: A-be-ve!
– Allah bərəkət versin? – deyə Canəli soruşdu.
– Hə… görürsən, sən də öyrəndin… Çe-se – çayını soyutma.
Cəbrayılın söhbətlərindən Canəlinin kefi xeyli duruldu. Özlüyündə bu mehribanlığa həsəd apardı və
inandı ki, dərdini danışsa, qonşusu onun da tez-tez hirslənməyinin qabağını almağa bir yol göstərəcəkdir.
– Bilirsən, Cəbrayıl, sənin yanına gəlməkdə məqsədim…
–
Bilirəm!
–
deyə
kişi
sözü
onun
ağzından
qapdı.
–
Aa-he-de – arvadın arvadıma hamısını danışıb. Son vaxtlar Yaxşıxanımla yola getmirsiz. Sözünüz çəp gəlir. Sən də hər şeyi ürəyinə salırsan, hirslənirsən. Ancaq fikir eləmə. Sənin əsəblərini sakitləşdirmək mənim boynuma!
– Axı, necə?
Cəbrayıl əlini qaldırıb yuxarıdan-aşağı dazını sığalladı:
– Bunu görürsən? Hamısını səhhətimə qurban vermişəm. Diqqətlə qulaq as: evdə, idarədə xətrinə
toxunan bir söz desələr, tez özündən çıxıb cavab qaytarma.
– Bəs neyləyim?
– Əvvəlcə yüz əlli qram su iç. Başının ortasından bir tük çəkib çıxar. Sonra da lopuq vur, vəssalam!
Hirsin soyumasa gəl çe-qe-ke – çək qapazı kəlləmə.
Cəbrayıl bu sözləri elə ciddi deyirdi ki, inanmamaq olmazdı. Canəli gözlərini döydü.
– Axı, yüz əlli qram suyun, başdan tük çıxarmağın, lopuq vurmağın hirsin soyumasına nə dəxli var?
– Var! – Cəbrayıl qətiyyətlə cavab verdi. – Onunçun ki, əvvələn, suyu içəndə daxildəki bütün hirsin sıxılıb qalxır gələndə. Çıxardığın tükün yerində balaca bir deşik açılır. Elə ki, ovurdunu şişirib guppuldadırsan… yüksək təzyiq nəticəsində hirsin o xırdaca deşikdən yol tapıb fısqırır bayıra. Olursan rahat…
5
– Bəlkə saçımı dartanda tükün ikisi-üçü birdən qopdu?
– O daha yaxşı! Deşiklərin sayı nə qədər çox olsa, hirsin də o qədər tez çıxar bayıra.
… Evə qayıdandan sonra Canəli ha gözlədi ki, Yaxşıxanım ona bir ağır söz desin, olmadı, Cəbrayılın üsulunu təcrübədən keçirmək sabaha qaldı.
* * *
Səhərisi istirahət günü idi. Canəli şuluqluq salmağa bir bəhanə axtarırdı. Nahar eləyəndə hər ehtimala qarşı stəkanı su ilə doldurub yanında hazır qoymuşdu. Yaxşıxanımın tərs-tərs ona baxaraq ətrafında dolandığını görən kişi, qəsdən dilinə acılıq qatıb dedi:
– Nə olub, yenə sir-sifətin qıcqırmış xəmirə dönüb?
Arvad fövrən doxsan dərəcə fırlanıb gözlərini bərəltdi:
– Elə bu qalmışdı? Piyaniskələr kimi təkbaşına oturub araq içəsən? Heç utanmırsan?
Canəli heyrətdən az qala divara yapışdı:
– Aaz… sən nə danışırsan? Gəl dadına bax, gör, bu araqdır? Məni niyə hövsələdən çıxarırsan?
Arvad dediyindən dönmədi:
– Yəni o zəhrimarın iyini də hiss eləmirəm? Burnum xarab olub?
– Sənin burnun yox, hələ axtarsan…
Canəli sözünün dalını yaman qəliz gətirəcəkdi, uddu.
– Üzünü o yana çevir! – deyə qışqırdı. Kişi yaman hirslənmişdi. Tez stəkanı qaldırıb suyu içdi.
Başından tük çəkdi. Lopuq vurdu. Sonra gözlərini yumaraq bu eksperimentin nəticəsini gözlədi. Cəbrayıl düz deyirmiş: yavaş-yavaş hirsi yatdı… İçərisində sanki nanə-cövhərli konfet əridi, sərinliyi canına yayıldı…
O gündən başlayaraq Canəli evdə, işdə bu orijinal müalicə üsulunu tez-tez tətbiq etdi və həmişə də
müsbət təsirini gördü. Əsəbləri sakitləşdi, qan təzyiqi qaydasına düşdü. Ancaq Yaxşıxanım əvvəlki vəziyyətdə qalmışdı. Nəhsliyindən əl çəkmirdi. İndi Canəlinin arvadına yazığı gəlirdi.
… Bir dəfə hər şey korlandı. Təqsir Yaxşıxanımda oldu. Canəli yenə hirslənmişdi. Növbəti müalicə
üsulunu tətbiq etmək istəyəndə, arvadın üstünə çımxırdı:
– Üzünü o yana çevir! İşim var!
Yaxşıxanımın tərs damarı tutmuşdu.
– Çevirmirəm! – dedi.
Müalicəni gecikdirdi. Canəli suyu içmişdi. Ancaq arvadın gözləri qabağında başından tük dartmağı, lopuq vurmağı arına sığışdırmadı. Rejimi pozuldu. Qan təzyiqi yenə kəlləçarxa qalxdı. Belə hikkəli arvadı olan kişi üçün Cəbrayıl binəva neyləyə bilərdi?!
* * *
Yaxşıxanımdan çıxmayan iş. Bir axşam heç gözlənilmədən gəlib əri ilə üzbəüz oturdu. Qaşqabağını gizlətməyə çalışaraq gülümsündü:
– Səndən bir xahişim var, – dedi.
Canəli ehtiyatı əldən vermədi:
– Gözlə, bu dəqiqə gəlirəm. – O, cəld qalxdı, mətbəxə keçdi, stəkanı su ilə doldurub geri qayıtdı. –
Hə, indi de görüm xahişin nədir?
Qadın udqunub sözə başladı:
– Gəl, bilirsən neyləyək… evdə… ər-arvad təhlükəsizliyi aylığı keçirək.
– O nə olan şeydir?
– Bir ay bir-birimizin xətrinə dəyməyək. Can deyib, can eşidək. Hansımızın nə xahişi olsa, sözsüz yerinə yetirək. Misal üçün, səhər sən evdən çıxanda mən tapşıracağam: “Canəlican, işdən gələndə bir dəstə qızılgül alıb gətirərsən”. Sən də gülə-gülə cavab verəcəksən: “Yaxşıxanım xanım, belə mənim bu gözlərim üstə!”
Canəli fikrə getdi:
– Düzünü de, dünən-bu gün Cəbrayılgildə olmamısan?
6
Qadın təbəssümünü güclə gizlətdi:
– Nə bildin?
– Belə şeylər ondan çıxar. Aaz, ağlını başına yığ. Ər-arvad təhlükəsizliyi aylığı nədir?
Yaxşıxanım çox təkid elədi. Axırı Canəlinin saqqızını oğurladı.
– Bir aya mən əldən düşərəm. Otuz gün sərasər sənə necə “can-can” deyim? Elə bir dənə ongünlük keçirək qurtarsın, getsin, – deyə kişi bu başdan şərt kəsdi.
– Ona da razıyam!
– Ancaq daha orda-burda danışmayasan ha! Görən, eşidən deyər dəli olublar.
– Yaxşı! Başlayaq?
– Qoy bu gün hələ köhnə qayda ilə yaşayaq. Sabahdan…
* * *
Hava təzəcə işıqlanırdı. Yaxşıxanımın çarpayısı səmtdən nazik səsi eşidildi:
– Canəli can!
Kişi gözünün bir tayını açıb yuxulu-yuxulu kobud tərzdə cavab verdi:
– Nə var? Qoymazsan yataq?
– Elə yox, Canəli can! Denən, bəli, Yaxşıxanım xanım!
– Bu da təzə çıxdı?
– A… Əzizim, olmaya sən tamam unutmusan… Bəs ər-arvad təhlükəsizliyi ongünlüyü harda qaldı?
Axı, bu gündən başlayırıq!
Kişi dünənki söhbəti xatırlayıb candərdi dilləndi:
– Bəli… Yaxşıxanım xanım. Nə buyurursan?
– Gecəni necə yatmısan?
– Çox pis!
– Elə yox, qadası. Denən, səhərəcən süd gölündə üzmüşəm.
Canəli hirsini güclə boğdu. Az qala yenə gedib bir stəkan su içəcək və Cəbrayılın müalicə
əməliyyatını tətbiq edəcəkdi. Lakin bu dəfə dözdü…
* * *
Ər-arvad təhlükəsizliyi ongünlüyü başlanmışdı və davam edirdi. Yaxşıxanım Canəliyə, Canəli Yaxşıxanıma şirin dillə dalbadal müxtəlif sifarişlər verir, hamısı da can-başla yerinə yetirilirdi.
– Mamulya, axşama bir-iki kündə qutab bişirsən, sənə əziyyət olmaz ki?
– Bu nə sözdür, Canəli? Xətrin nə istəsə mən hazır!
– Sabah istirahət günüdür, papulya, bilet alarsan, sirkə gedərik.
– Bəs necə, heç qoyaram səni evdə oturub darıxasan?
– Axşam işdən sonra iclasımız olacaq, Yaxşıxanım, çox güman evə gec gələcəyəm.
– İstəyirsən, qadası, heç səhərəcən evə gəlmə, mən sənə inanıram.
Əvvəllər pinti gəzən Canəlini son günlər tanımaq olmurdu. Səliqə ilə ütülənmiş, nişastalı, təmiz köynək geyir, al-əlvan qalstuklar bağlayır, cibindən çıxardığı süd kimi ağ dəsmalı burnunun o yan-bu yanına sürtərək sonra yenə dörd qatlayıb cibinə qoyurdu. Sanki bu hərəkəti ilə bildirmək istəyirdi:
“Baxın, arvadım məni belə saxlayır!”
Yaxşıxanım da ərinə “baş üstə”, “can-can” dedirtdirə-dedirtdirə istədiyini elətdirirdi. İnsafən, təhlükəsizlik ongünlüyündən Canəli razı idi. Heç nişanlı gəzən vaxtlar belə mehriban olmamışdılar. İş o yerə çatmışdı ki, Canəli bəzən çaşıb idarədə işçilərə də “can-can” deyirdi. Kişinin təbiətindəki bu dönüşə
çoxları məəttəl qalmışdı.
* * *
Bu dəfə Cəbrayılgilə ər-arvad qoşa getdilər.
– Ay qonşu, axı, yenə məsləhətə gəlmişik yanına.
– Xeyir ola?
7
– Xeyirdir, inşallah, – deyə Canəli cavab verdi. – Bizim təhlükəsizlik ongünlüyümüz qurtarıb, ancaq
mehribançılığımız
elə
davam
eləyir.
Buna
görə
səndən
çox
razıyıq!
Qonşu maraqlandı:
– Bəs istədiyiniz nədir?
Yaxşıxanım ərini qabaqladı:
– Cəbrayıl qardaş, necə bilirsən, istəyirik bu təşəbbüsü geniş yayaq. Mən evlər, ailələr arasında Canəli də hələlik öz idarəsində… Qoy hamı mehriban olsun. Bir-birinə ürəkdən “can” deyib, “can”
eşitsin…
Cəbrayıl qımışdı:
– Ye-fe! – Yaxşı fikirdir!
8
BIĞ
Bir bığ nə olan şeydir ki, onun üstündə başım bu qədər bəlalar çəksin!? Danışsam, həm qəşş edib güləcəksiz, həm də halıma yanacaqsız…
Keçən ay, hardan beynimə girdi, bilmədim, bığ qoydum.
– Vay! Vay! Vay! Ətin tökülsün, Əzim… Sənə əsla yaraşmır, – deyə bu yeniliyə birinci uşaqların anası Cəmilə bəd vurdu. – Tez qırx getsin!
Fikir vermədim. Sonra qayınanam bizə gəlmişdi, üzümə baxcaq sir-sifətini turşutdu:
–Ay Əzim, bu nə bığdır!? Vaxsey! Heç özünə oxşamırsan. Sən Allah, qırx getsin…
Qulaq asmadım. Mən hər deyilənə əməl edə bilməzdim. Ona qalsa, elə başımın da biçimi qayınanamın ürəyincə deyildi. Guya uzunsovdu. Kəsib atmalıydım?! Bu bığ azından iki həftəlik zəhmətin bəhrəsi idi. Neçə vaxtdı ülgüclə, qayçı ilə ora-burasını düzəldib səliqəyə salırdım. Ancaq evdə, küçədə, işdə kim məni görürdüsə şəbədə eləyirdi. “Bığların yöndəmsizdir”, “Bədrəngdir”, “Sənə yaraşmır”, “Qırx getsin”…
Bir axşam da qonşumuzun qızı Züleyxa bizdə idi. Mətbəxdə Cəmiləyə kişmişli şirin çörək bişirmək öyrədirdi. İnsafən, yaxşı kulinardı. Beş-altı aydı onu öz yanımda işə düzəltmişdim. Mən fəhlə
yeməkxanasında aşpazdım, o isə iki köməkçimdən bir idi.
Evlərinə gedəndə Züleyxa bığım barədə öz fikrini deməkdən çəkinmədi:
– Acığınız gəlməsin, bu nədir ey… qoymusuz. Sizi çox yaşlı göstərir. Bığsız daha qəşəng idiniz.
Məncə, qırxsanız yaxşıdır.
Səhər ayna qabağında oturub diqqətlə özümə baxdım. Doğrudan, nahaq yerə tərslik edirdim.
Sarımtıl, seyrək bığlarım dodağımın üstünə yapışmış qırxayağa oxşayırdı. Daha çox fikirləşmədim.
Tələsirdim. Elektrik üzqırxanımı çıxartdım. Uzun söz-söhbətə səbəb olan bığciyəzimi dibindən biçdim.
Bir anda sifətim açıldı. Cavanlığım geri qayıtdı. Hələ uşaqlar yatmış ikən köhnə “Moskviç”imi işə salıb həyətdən çıxdım. Axşamçağı evə qayıdanda hava çovğun idi, qar yağırdı. Avtobus dayanacağında Züleyxanı bir qızla büzüşərək dayanmış gördüm. Maşını saxladım.
– Əyləşin, – dedim. Bu təklif onlar üçün göydəndüşmə oldu. Keçib arxada oturdular.
Rəfiqəsi yarı yolda bizdən ayrıldı. Züleyxanı isə lap həyətimizə qədər aparmalıydım. Evə çatmağa az qalmışdı ki, küçədə Cəmilə ilə qarşılaşdım. Oğlumu bağçadan gətirirdi.
Maşına minəndə qonşumuzun qızını arxada küncə qısılmış görcək heyrətdən gözləri kəlləsinə çıxdı.
Əsl teatr da bundan sonra başlandı…
Cəmilə evdə meydan sulayırdı.
– Hə, indi hər şey aydın oldu. Anam dedi, mən yalvardım, küllü-aləm car çəkdi ki, ay Əzim, bu bığ
sənə yaraşmır! Qırxdır, getsin… Yoox… hamısının sözünü elədin bir köpüklük… Amma dünən o Züleyxa oxlanmış balaca işarə vuran kimi səhərisi yolub tökdün yerə. Özünü də maşınında gəzdirirsən! Heç eybi yoxdur! Onun bizə gəlib kişmişli çörək bişirməsi də bəhanə imiş!
– Ay Cəmilə, sən nə danışırsan… Mən bığımı Züleyxanın sözünə görə yox…
– Yalandır! Ancaq ona görə özünü cavanlaşdırırsan. Əgər düz adamsan… bəs mən deyəndə niyə
qırxmırdın bığlarını! Hə?! Xəbər alıram da! Elə onu öz yanında işə götürməkdə məqsədin varmış!
– Axı sən niyə elə…
Cəmilə sözümü yarıda kəsib, qəti ultimatum verdi:
– İndi ki, belədir, sabahdan o eybəcər bığlarını təzədən uzatmalısan, vəssalam!
– A başına dönüm, bəs özün demirdin yaraşmır sənə, qırxdır?
– Elə yaraşmadığı üçün də məcburən saxlatdıracağam! Hamının gözündə eybəcərləşdirəcəyəm!
Dedim:
– Lap yaxşı. Qoy bu camaat mənə baxıb, sənə gülsün…
O gündən sonra dirçəlməyə başlayan bığlarıma ülgüc, qayçı toxundurmaq mənə qadağan edildi…
* * *
9
Aradan on-on iki gün ötmüşdü. Qızımı məktəbdən qış tətilinə buraxmışdılar. Sabah uşaqlar anaları ilə Şamaxıya, qayınanamgilə getməyə hazırlaşırdılar. Mən bazarlıq eləməkdən qayıdıb evə girəndə
gördüm ki, Cəmilə yol çamadanına pal-paltar əvəzinə maşın hissələri qablaşdırır. Quruyub qaldım.
– Niyə təəccüblənirsən?! – deyə o üzümə baxmadan məsələni anlatdı. – “Moskviç”in nömrələri ilə
rotorudur. Çıxarmışam, özümlə aparacağam.
– Aaz, sən dəli olmusan, nədi?
– Xeyr. Mən nə elədiyimi yaxşı bilirəm. Biz qayıdınca maşın sürdü yoxdur! Başa düşdün?
– Bəs mən işə necə gedib-gələcəyəm? Yolum uzaqdır…
– Sən camaatdan artıq deyilsən ki. Atanın heç arabası da olmayıb.
Cəmilə hirslə çamadanı bağladı. Açarı cibinə qoydu. Sonra gözlərini yenə əvvəlki həddinə çatmış
bığlarıma zillədi.
– O Züleyxanın da canı çıxar, basa-basa avtobusa minib gələr.
Deməyə söz tapmadım.
Ertəsi gün onları taksiyə əyləşdirib yola saldım. Maşın yerindən tərpənəndə Cəmilə başını pəncərədən çıxartdı. Şəhadət barmağını silkələyə-silkələyə dedi:
– Baax… Əzim, bığlarını qırxsan, özün bil. Mərəkə qopacaq.
* * *
Mətbəxdə işin qızğın çağı idi. Nahara az qalmışdı. Bir azdan fəhlələr yeməkxanaya doluşacaqdılar.
Bu vaxt müdirimiz məni çağırtdırdı. Qaynar xörək qazanlarını Züleyxaya tapşırıb tələsik getdim.
– İndicə həyat yoldaşın Şamaxıdan zəng vurmuşdu, – deyə müdir yeşiyindən çıxardığı kağız-qələmi qabağıma qoydu. – Məndən çox xahiş elədi ki, ərini təcili məzuniyyətə buraxaq. Darıxırıq onunçün, Əzim, onsuz da il qurtarır. Ərizəni yaz, sabahdan çıx get arvad-uşağının yanına. Özün də yorulmusan, bir az dincəl.
– Baş üstə.
Ayrı nə deyəydim? Hər şey mənsiz həll olunmuşdu.
– Yerinə Züleyxanı qoysaq, bacarar?
– Niyə bacarmır?!
… Gecə işığı söndürüb yatmağa hazırlaşırdım. Telefon cingildədi. O biri otağa keçib dəstəyi götürdüm.
– Allo, kimdir?
– Mənəm… – Səsindən o dəqiqə tanıdım: Cəmilə idi. – Məzuniyyətə buraxdılar səni?
– Bəli. Sabahdan çıxıram.
– İndi neyləyirsən?
– Adam bu vaxt neyləyər?
– Bəs telefona niyə gec gəldin?
– Qaranlıqda şapşuplarımı axtarırdım.
– Məzuniyyət pulunu haçan verəcəklər?
– Bilmirəm. Uşaqlar necədi?
– Babat. Yaxşı, yıxıl yat. Sabah zəng çalaram.
İşin axırında mətbəxi Züleyxaya təhvil verəndə o, sifətimə baxıb irişdi.
– Nə var, ay qız, nəyə gülürsən?! – soruşdum.
– Yenə bığ qoymusuz…
– Yaxşı, yaxşı, öz işində ol! – dedim.
Qızlardan birini ona köməkçi təyin elədim. Məzuniyyət haqq-hesabımı alıb payi-piyada evə sarı yönəldim. Yol boyu elə bilirdim ki, Cəmilə arxadan məni izləyir. Beynimdə iki söz dolaşırdı: “Züleyxa”,
“bığ”. Mən bunlardan birincisini özümdən uzaqlaşdırmalı, ikincisini qoruyub saxlamalı idim. Ona görə də
avtobusa minməyə ehtiyat edirdim. Züleyxa ilə qarşılaşmaqdan qorxurdum.
Mənzilin qapısını açıb içəri girəndə telefonun səsini eşitdim. Tez irəli cumdum. Hələ heç dəstəyi götürməmiş dedim:
– Bəli… Bəli…
O tərəfdən Cəmilə soruşdu:
10
– Aldın?
– Nəyi?
– Məzuniyyət pulunu.
– Hə… hələ yox…
Yalan danışmağa məcbur idim. Desəydim ki, almışam, səhər tezdən, bəlkə də elə bu gecə Şamaxıya getməliydim. Cavabım Cəmiləni açmadı. Yüz iyirmi kilometrlik məsafədən fısıltısını eşitdim.
– İstəyirsən mən burdan onlara bir gəlmə gəlim, tez versinlər.
– Yox… yox… Sən canın, lazım deyil. Sabaha boyun olublar. Mütləq alacağam.
– Onda belə edərsən. Pulu cibinə qoyub evə qayıdandan sonra paltar şkafını açarsan. Deyinən: “hə”.
– Hə.
– “Moskviç”in rotoru ilə nömrələrini orda gizlətmişəm. Götürüb maşını qaydaya salarsan, minib gələrsən.
– Yox… İstəmirəm… Mən elə avtobusla…
Sözümü başa vurmağa qoymadı:
– Nə deyirəm, ona qulaq as! Burda maşın mənə lazım olacaq!
– Aydındır.
– Yenə o Züleyxa ilançalmışa görə bığlarını qırxdırma-mısan ki?
– Yox! Yox!
– Gələndə yolda yubanma!
Cəmilə kimi zəhmli arvaddan yaxşı idarə rəhbəri olardı. İşçilər bir sözünü iki eləməzdi. İllik planı da altı ayda doldurardı. O gedəndən bəri üzümü qırxmamışdım. Qorxurdum ki, birdən əlim əsər, elektrik maşını ilə bığlarımı ütərəm. Ondan sonra gərək qaragünlüyümü qablaşdıraydım…
Elə saçım da uzanmışdı. Boynumu tük basmışdı. Yola çıxırdım, bir dəfəlik başımı düzəltdirib, üzümü də qırxdırmalıydım. İşimizin yanındakı həmişə getdiyim dəlləkxanaya girəndə ustam gülərüzlə
məni qarşıladı:
– O… Zahid müəllim… Xoş gəlmisən… Necəsən? Buyur, əyləş.
Cavanlığına baxmayaraq bu çox huşsuz adamdı. Müştəridən bir sözü azından beş dəfə xəbər alardı.
Neçə yol adımı soruşmuşdu, demişdim “Əzimdir” yenə “Zahid müəllim” çağırırdı.
Kresloda oturan kimi məni ağ mələfəyə bürüdü. Saçımın harasından nə qədər qayçıladığı ilə o qədər də maraqlanmadım. Üzümü sabunlamağa başlayanda tapşırdım:
– Usta, bığımdan muğayat ol, ha…
– Nədən?
– Bığımdan. Çalış ona heç toxunma.
– Belə mənim bu gözlərim üstə! İxtiyar sahibisən. Mən nəkarəyəm ki, müştərinin bir tükünü artıq götürəm? Azından on ilin dəlləgiyəm, hələ indiyəcən əlimin altından heç kəs narazı çıxmayıb.
O, danışa-danışa ülgücünü bülövə elə xarta-xartla çəkirdi ki, qıraqdan baxan olsaydı deyərdi ki, yəqin bu dəqiqə öküz kəsəcək.
Usta arada bir dönərək çəpəki üzümə nəzər saldı.
– Zahid müəllim, xətrinə dəyməsin, ancaq…
Sözünü sona vurmadı. Soruşdum:
– Ancaq nə?
– Saxlamalı bığ deyil. Saç qara… Qaş qara… Göz qara. Bığ isə sarı. – O, dodaqlarını büzüb nırçıldadı. – Sifətinə yaraşmır.
– Onu bilirəm. Mən də elə yaraşmadığı üçün saxlayıram.
Usta qiyməkeşə oxşar ülgücünü cəllad kimi başımın üstündə hazır tutub bir də xəbər aldı:
– Yaxşı, nə qərara gəldik, qırxım, qalsın?
Tez cavab verdim:
– Qalsın! Qalsın!
– Necə məsləhətdir.
O, üzümü qaşımağa başlayanda istər-istəməz yenə Cəmilənin hökmü barədə fikirləşirdim. Məni təcili məzuniyyətə buraxdırıb Şamaxıya dartmaqda əsasən iki məqsədi vardı. Birincisi Züleyxadan uzaqlaşdırmaq idi. Sonra isə gedib onlara gündə üç dəfə ləziz xörəklər bişirəcəkdim. Neçə illərdi, 11
evimizdə də bu işi həmişə mən görürdüm. Cəmilə qayğanaqla kartof qızartmasından savayı heç nə
hazırlaya bilmirdi.
Birdən… ustanın əlindəki ülgüc qızmar neştərə dönüb sifətimi yandırdı.
– Saxla! – çığırdım. Yerimdə çırpınıb ayağa qalxdım.
Usta qorxudan dala sıçradı.
– Nə oldu?
Aynaya baxdım. Məni tər basdı. Bığlarımın tən yarısı getmişdi!
– Daha nə olacaq? Evimi yıxdın!
– Üzünü kəsmişəm?
– Lap başımı da kəssəydin bundan yaxşı idi! Ay huşsuz, sənə demədim ehtiyatlı ol?
– Axı… Zahid müəllim, nə ehtiyatsızlıq eləmişəm? Qan çıxarmışam?
– Hanı mənim bığımın yarısı?!
– Qırxdım… Özün demədin…
– Daha sənə sözüm yoxdur!
O biri ustalar da işlərini buraxıb məni dövrəyə aldılar. Neçə-neçə göz sifətimə dikildi. Hərə bir söz dedi:
– Əşi, nə böyük şeymiş ki!
– Artıq tükdür də…
– Bilmirəm bu camaat bığ nədir qoyur?
Səsimi qaldırdım:
– Onun sizə heç dəxli yoxdur!
İçəri otaqdan çıxan dəlləkxana müdiri özünü qabağa verdi.
– Niyə çığırırsan? Nə istəyirsən, ay yoldaş?!
– Şikayət dəftərini!
Usta and-aman elədi:
– Bu canım ölsün, özü dedi ki, yaraşmır mənə, qırx getsin, mən də qırxdım.
Müdir də onun tərəfini saxladı:
– Birincisi, bu bizim ən yaxşı ustamızdır. İkincisi tutaq ki, lap taxsırkardır. Heç onunçün qan qaraltmağına dəyər? Üçüncüsünə qalırsa, biz planı tük hesabı yox, adam hesabı doldururuq. Dördüncüsü, peşkəşdir sənə bığlarım.
– Xahiş eləyirəm, mənə şikayət dəftərini verin!
– Verməyəcəyik!
– Niyə?
– Ona görə ki, usta haqsız olsa da, bu bığa şikayət düşmür. Əlli faizini qırxıb, yarısı durur.
– Heç eybi yoxdur! Dəvədən böyük fil var! – dedim. Hirslə kresloya oturdum. Ülgücü götürüb ustaya uzatdım – Al, o biri yarısını da qırx!
– Xeyr. Onu bacarmayacağam. Müdir də ustanı ayıq saldı:
– Adə, Qafar, hərif olma! Məqsədi başqadır.
Qan beynimə vurdu:
– Bəs mən küçəyə bu kökdə çıxım?
Kimsə arxadan mızıldandı:
– Tamam bığsızlıqdansa, yenə elə yaxşıdır. Deyərlər bu da təzə dəbdir. Qət eləmişdim. Burdan birbaş dəlləkxanaların tabe olduğu idarəyə gedəcəkdim. Ustaya da, müdirə də töhmət verdirməyincə əl çəkməyəcəkdim. Yoxsa Cəmilənin dava-dalaşından qurtara bilməzdim. Deyəcəkdi, yenə Züleyxaya görə
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?