Текст книги "Kəndimizdə bir gözəl var"
Автор книги: Salam Qədirzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Əkrəm istehza ilə gülümsündü. Bircə anda bütün bədənini isti tər basdı; xəcalətdən qüssələndi.
Özü istəmədən leytenantın qəlbinə toxunduğunu duyan faytonçu çıxılmaz vəziyyətdə qaldı. Əkrəmin kor olduğunu o, ancaq indi bilmişdi.
− Başqa sözüm yoxdur: allah düşməni xəcil eləsin!.. – deyə faytonçu sərt bir hərəkətlə dönüb atları qırmancladı.
Daha heç kəs danışmırdı. Hər üçü pərt, məyus və fikirli idi. Haçandan-haçana Əkrəmin ürəyini almaq məqsədi ilə qadın söhbətə başladı:
− Bağışlayın, leytenant…
− Adım Əkrəmdir.
− Çox gözəl. Mənimki də Fəridədir. Deyirəm, sizdən qabaq evinizə mən qaçacağam. Gəldiyinizi xəbər verib, muştuluq alacağam.
Fəridənin şirin dillə, xoş niyyətlə söylədiyi bu sözlər nə qədər səmimi də olsa, Əkrəmi fərəhləndirmədi. Əksinə qadını fikrindən daşındırmaq üçün bəhanə axtardı.
− Bilirsinizmi, evdə təkcə yoldaşım olur. Yəqin indi o da işdədir… – Əkrəm azacıq susub əlavə elədi. – Əlbəttə, muştuluğunuz məndə! Sizin bu yaxşılığınızı unutmayacağam…
Faytonçu indi böyük bir qəbahət etmiş kimi arxaya dönməyə, onların söhbətinə qarışmağa utanırdı.
− Fəridə xanım!
Qadın leytenantın dilindən öz adını eşitcək, diksindi:
− Bəli.
− Siz məni tanıyırdınız, yoxsa… elə rast gəldiyiniz bu gün birinci kərədir?
− Niyə soruşursunuz ki?
− Sadəcə maraqlanıram.
Fəridə onu başa düşürdü. Yad bir qadının göstərdiyi bu qayğıkeşlik yəqin ki, Əkrəmə təəccüblü görünürdü.
− Xeyr, tanımırdım.
Sərnişinlər Təzə pirin qabağında faytondan düşdülər.
− Qoyun sizi qapıya qədər ötürüm, − deyə Fəridə leytenantın qolundan yapışıb səkiyə çıxaranda o dilləndi:
− Xatircəm olun. Bu küçədə hər şey mənə doğmadır. Divarlara əlimi toxunduran kimi bir-bir daşlarını tanıyacağam.
− Onda salamat qalın… Həmişə evinizdə-eşiyinizdə…
− Sizə çox-çox minnətdaram, Fəridə xanım.
Ayaq səslərindən qadının uzaqlaşdığını yəqin edən Əkrəm, dayanıb bir an fikrə getdi. Sonra çamadanını götürdü və sağ əlini divarda gəzdirə-gəzdirə ehtiyatla irəlilədi. Birinci qapını keçdi… ikinci qapını keçdi… Bunlar qonşu həyətləri idi. Üçüncü, geniş darvazaya çatanda uşaqlıq dostu Sərdar yadına düşdü. Əkrəm onun xətrini dünyalar qədər istəyirdi. Həmişə gəzməyə bir yerdə çıxardılar. Saatlarla üz-üzə oturub şahmat oynardılar.
“Eh!.. Gör, o vaxtdan neçə illər ötdü! Heyf, çox heyf, qayğısız, kədərsiz uşaqlıq çağlarından! Nə tez gəldi, nə tez də getdi!..”
Əkrəm cəbhədə olanda Sərdardan dalbadal üç məktub almışdı. İkisi zarafatla dolu idi. Axırıncısı isə çox qısa və ciddi yazılmışdı. İkicə kəlmə ilə əsgərliyə çağırıldığını xəbər verirdi. Ondan sonra daha Sərdardan soraq çıxmadı…
“Bura bizim həyətdir!” – deyə Əkrəm, hündür bir qapının qabağında duranda ürəyi çırpındı və çox qəribə hisslər keçirdi. Sevindi, həyəcanlandı, qüssələndi. Xəyalında Yeganə ilə danışa-danışa tələm-tələsik içəri girmək istəyirdi ki, ayağı nəyəsə ilişdi, üzüqoylu yerə sərildi. Əkrəm möhkəm əzildiyinin və dizlərinin gizildədiyinin fərqinə varmadan cəld qalxdı, üstünü çırpdı. “Kaş görən olmayaydı!” – deyə əlindən düşən çəliyini axtardı, lakin tapmadı. Pilləkənədək yolu çətinliklə gedəcəkdi. Əkrəm nə vaxt çığırdı, özü də bilmədi:
− Yeganə!!!
Elə bu an o, sifətində ilıq bir nəfəsin gəzdiyini duydu və çəliyinin dəstəyi barmaqlarına toxundu.
− Buyurun, − deyə yenə bayaqkı qadının tanış, mehriban səsi eşidildi.
Əkrəm qulaqlarına inanmadı.
− Siz hələ burdasınız?
− İndi daha gedirəm…
…Həyətdə də Yeganədən cavab gəlmədi. Əkrəm pilləkənin sürahisindən yapışıb, asta-asta aynabəndə qalxanda aşağı mərtəbədə, tanımadığı bir arvad kiminsə ünvanına nalayiq sözlər yağdırırdı. Çox güman, sonradan gəlmiş həmxanalardan idi. Leytenantın bu giley-güzara məhəl qoymadığını görəndə o, daha da qızışdı. Elə bil odun üstünə barıt atdılar.
− Belə biabırçılığa kim dözər, ay camaat! Binamus qızının o birilərdən gözü doymadı, indi də korları, şilləri evinə buraxır… Allah ona gözəllik əvəzinə azacıq həya versəydi, biz də bu həyətdə abırdan düşməzdik.
Əkrəm yerində mıxlanıb qaldı! Sanki daş-divar, yer, göy başına fırlandı. Axı, bu sözlər kimin ünvanına deyilirdi?! Yeganəninmi!?
ÜÇÜNCÜ NOVELLA
Teatrda Fransa həyatından bəhs edən bir tərcümə əsərinin ilk tamaşası olacaqdı. Zal adamla dolu idi. Əkrəm dostu Sərdarla dördnəfərlik lojada oturmuşdu. Yerlərdən ikisi hələ tutulmamışdı. Bir azdan, tavandan asılmış nəhəng çilçıraq söndü. Səhnənin qırmızı məxmər pərdəsi üzərinə rəngbərəng işıq zolaqları tuşlandı. Aşağıdan orkestrin musiqisi eşidiləndə Əkrəmgilin lojasının qapısı ehtiyatla açıldı; qəşəng geyimli, uca boylu, qara saçlı, şux qamətli bir qız, pəncələri üstə içəri girib “bağışlayın” – deyə pıçıldayaraq arxada əyləşdi. Ətrafa xoş ətir yayıldı. Qızı görcək, Sərdar yavaşca əyilib dostunun böyrünü dümsüklədi:
−Arada bir dala da bax!..
Əkrəm onun nəyə işarə vurduğunu başa düşsə də, qımıldanmadı. Sərdar ikinci kərə dilləndi:
−Eşitmədin, nə dedim?
Əlacsız qalan Əkrəm azacıq qanrılıb gözünün ucu ilə qıza ötəri nəzər saldı. O, həqiqətən gözəl idi. Əynindəki çəhrayı, zərli paltarı qaranlıq lojaya işıq salırdı. Sərdar bu dəfə ağzını Əkrəmin qulağına söykədi:
−Necədir?
−Gözəldir!
Artıq pərdə açılmışdı, maraqlı bir tamaşa başlanmışdı. Lakin Əkrəmin fikri səhnədə yox, qızın yanında idi. Bir daha geri çevrilib ona baxmaq, danışdırmaq istəsə də, cəsarət etmirdi, ağır söz eşidib, pərt olacagından qorxurdu. Ürəyi elə tez-tez döyünürdü ki…
Beş dəqiqə… on dəqiqə keçdi, Əkrəm sakit otura bilmədi. Qəribədir, birdən sanki ikiəlli çiyinlərindən tutub, onu arxaya döndərdilər.
−Orda sizin üçün narahatdırsa, yerimizi dəyişəyin, − deyə dikəlib qıza təklif etdi.
−Xeyr, zəhmət çəkməyin. – O bu hörmətdən məmnun bir tərzdə gülümsədi. – Siz yaxşı-yaxşı baxın. Mən bu tamaşanı görmüşəm.
Sərdar dizi ilə dostuna toxunub, göz vurdu: “Deyinən, öz üstüvə! Necə yəni “mən bu tamaşanı görmüşəm?” Məgər bu gün premyera deyil?!”
Əkrəm yaylığını çıxardı, alnının tərini qurulayaraq fikirləşdi: “Bizi xam sayır, nədir?.. Eybi yox, fasilədə cavabını verərəm…”
Birinci şəkil qurtaran kimi Sərdar dostunu qabaqlayıb, üzünü qıza tutdu:
−Bağışlayın, siz hansı kənddənsiniz?
Əkrəm məsələni o dəqiqə duydu. Qız isə bu qəfil sualdan heç nə başa düşmədi; qaşlarını qaldırıb, istehza ilə dodaqlarını büzdü.
−Siz məni kiməsə oxşadırsınız, mən, şəhərin özündənəm.
−Elə biz də şəhərliyik! – deyə Sərdar söhbətə ikicə kəlmə ilə yekun vuraraq acıqla döndü. Nə qəbahət etdiyini bilməyən qız, pörtmüş halda təzədən dilləndi:
−Sizin sualınızdan da, verdiyiniz cavabdan da heç nə anlamadım.
O bu sözləri təkcə Sərdara deyil, hər ikisinə müraciətlə söylədi. Oğlanların susduğunu görcək, özünü haqlı sanıb səsini bir az da qaldıraraq dil-dil ötdü:
−Məncə üç-dörd saatı bu lojada intriqasız da keçinmək mümkündür. Yerinizi darısqal eləyirəmsə, gedə bilərəm. “Siz hansı kənddənsiniz?..” Danışıqda məntiq yaxşı şeydir! Teatrdakı öz intriqamız bizə artıqlaması ilə kifayətdir, başqalarının əlavəsinə ehtiyacımız yoxdur!..
Sərdar dostuna baxaraq narazılıqla başını yırğaladı: “Adə, bu nə yaman hikkəli imiş!” Əkrəm odla su arasında – çıxılmaz vəziyyətdə qalmışdı. Heç birindən keçə bilmirdi. Dostunu müdafiəyə qalxsaydı, qızın üzü ondan dönəcəkdi. O isə bunu istəmirdi. Sərdarı da ayağa vermək kişilikdən deyildi. Burada bir balaca liberallıq lazım idi. Ona görə də Əkrəm dala çevrilib aram-aram sözə başladı:
−Bilirsiniz, xanım qız, məncə bizim lojada bir balaca anlaşılmazlıq oldu. Siz deyəndə ki, bu tamaşanı görmüşəm, düzü elə mənə də qəribə gəldi. Axı, öz aramızdır, premyera indidir. Ona görə mənim təmizürəkli..− Əkrəm Sərdarın kürəyinə şappıldatdı – bu dəliqanlı dostum da elə bildi ki, siz bizi teatrdan bixəbər adam hesab edirsiniz… Bir qədər xətrimizə dəydi. Əgər buna ehtiyac varsa, mən üzr istəməyə hazıram… Nahaq yerə əsəbiləşməyin.
Əkrəmin etirafı qızın xoşuna gəldi. Ancaq öz xisləti xilafına getməyərək, yenə kinayə ilə dilləndi:
−Əvvəla, izahatınız üçün təşəkkürlər. Sonra sizə, həm də yanınızdakı “təmizürəkli, dəliqanlı dostunuza” bir daha eşitdirirəm: Bəli, mən bu tamaşaya baxmışam! Aydındır?
−Xeyr! – Sərdar tapança kimi açıldı.
Pərdə işıqlandı, söhbət kəsildi, mübahisə yarımçıq qaldı. Əkrəm bu odu söndürməyə çalışdığı halda, onu bir az da üfləyib alovlandırmışdı.
Lojanın sürahisinə dirsəklənmiş Sərdar fısıldayır və qəsdən Əkrəmə tez-tez söz ataraq, qıza eşitdirirdi:
−Nə yaxşı sakit oturmuşduq… Hamısı sənin dilinin bəlasından oldu. Mən belə bilsəydim bu axşam heç buraya gəlməzdim.
Əkrəm gülməyini güclə boğaraq çənəsinin altından tutub, dostuna yalvarır, susmasını təvəqqe edirdi:
−Sən canın, bəsdir!
İkinci şəkil başlanmışdı. Səhnədə, papiros tüstüsündən dumanlanmış Paris kafelərindən birində əyyaşların qadınlarla əyləndiyi göstərilirdi. Orkestrdən qopan oynaq ahəngli musiqi sədaları bu dəqiqə kiminsə ortaya atılıb, rəqs edəcəyini xəbər verirdi.
Bayaqdan lojada arxada oturmuş o dilavər qız indi, nə üçünsə lap qabağa keçib narahat halda ayaq üstə dayanmışdı. Özü də hər şeyi unudaraq bütün diqqəti ilə səhnəyə baxırdı. Bu vaxt kafeyə kiminsə gəldiyini görən fransalılarda fövqəladə bir şənlik yarandı, çəpik vuruldu.
“− Ey… italiyalı şansanetka!..”
“− Sərxoşların ruhunu oxşayan çevik rəqqasə!..”
“− Bizim “Tarantello” üçün kalvados gətirin!” – deyə yerbəyerdən qarışıq səslər ucaldı.
Sinəsi, qolları, dizləri açıq, sarı paltarda olan, pərişan saçları çiyinlərinə səpələnmiş girdə sifətli, cazibədar gözlü bir qaraçı qızı şaqraq qəhqəhələrlə kafeyə girdi; ərköyün addımlarla stolların arasında gəzişdikdən sonra fransalılardan birinə yaxınlaşıb dayandı və razılıq almadan onun qabağındakı şərab dolu qədəhi götürərək başına çəkdi. Fransalı cənab əsəbi halda yumruğunu stola vurub “Sən kimsən?!” – deyə ucadan soruşanda, qız əllərini əda ilə sağrılarına qoydu, çiyninin üstündən etinasız, qıyqacı baxışlarla onu süzərək cavab verdi:
“− Mən hələ cocuq ikən Romada atadan-anadan yetim qalmış ərköyün bir qaraçı qızıyam. “Tarantello” rəqsi ilə şəhərlər, ölkələr adlayaraq Fransaya gəlmişəm. İndi isə Parisin küçələrində, kafelərində, kabarelərində sərxoş kişiləri əyləndirən kimsəsiz, şıltaq bir şansanetkayam!..”
Qaraçı qızı bu sözləri deyən kimi paltarının ətəklərini qaldırıb, sağ ayağını zərblə döşəməyə vuraraq yerində fırlandı və məşhur “Tarantello” italyan rəqsinə başlayınca, hər tərəfdən üstünə pul, təşəkkür, öpüş yağdırıldı. Eyni zamanda həm səhnədə, həm də tamaşa zalında qopan gurultulu alqışlar teatrın divarlarını titrətdi. Sərdar da, Əkrəm də əl çaldı. Lakin yanlarındakı qız hərəkətsiz dayanmışdı, çox düşüncəli idi.
… Fasilə zamanı Sərdar bir papiros çıxarıb, lojanı tərk etdi. Əkrm də qalxdı, üzünü qıza tutaraq gülümsəyə-gülümsəyə dedi:
−İnadkarlıq yaxşı şeydir, ancaq … yerində.
Qız uzun qara kirpiklərini qaldırıb qıyqacı Əkrəmi süzdü, sonra ibarəli cümlələrlə cavab verdi:
−Məlumunuz olsun ki, mən bu teatrın aktrisasıyam – bu bir! Srağagün tamaşanın daxili baxışında iştirak etmişəm – bu iki! Üçüncüsü…
Əkrəm onu yarıda kəsib, əllərini yuxarı qaldırdı:
−Üçüncüsü – mən təslim!
−Bəs o, “təmizürəkli, dəliqanlı dostunuz?”
−Onun da rəyini öyrənib, sizə deyərəm.
Qız üşüyürmüş kimi sinəsini qucaqladı və tuflilərinin dabanlarını döşəməyə döyəcləyərək soruşdu:
−“ Tarantello” rəqsi xoşunuza gəldi?
−Çox gözəldir! Düzü, mən lap valeh oldum! – deyə söhbətə mövzu tapdığına sevinən Əkrəm, qızın getməyə hazırlaşdığını görüb tez əlavə etdi: − Yəqin tənəffüsdən sonra yenə bu lojada oturacaqsınız, eləmi?
−Xeyr!
−Nə üçün?
−Bu gün mənim ad günümdür, evdə qonaqlarımız var, tələsirəm.
−Sizi yaxından tanımasam da, təbrik edirəm. Böyük, ağıllı qız olasınız.
−…
O çıxmaq istəyəndə Əkrəm səsi qırıla-qırıla dilləndi:
− Təəssüf ki, çox tez gedirsiniz…
Qız qapının dəstəyindən yapışdı, nə fikirləşdisə, bir an yubanıb gülə-gülə Əkrəmə baxdı:
−Sabah gündüz bu tamaşada mən də oynayacağam. Maraqlansanız, buyurub gələ bilərsiniz.
−Hansı rolda?
−Qaraçı qızında. “Tarantello” rəqsində!
Ertəsi gün Əkrəm dostunu teatra aparmaq üçün onu nə qədər dilə tutdusa, yola gətirə bilmədi.
−Mübahisədə uduzmuşuq. O qızı görsəm, qanım qaralacaq. Gərək yaxınlaşıb təqsirimi boynuma alam. Xasiyyətimə bələdsən – onu da mən bacarmayacağam.
Əkrəm isə əsl həqiqəti gizlətsə də, dünənki cavan aktrisanın “Tarantellonu” necə oynayacağı ilə maraqlandığını bəhanə edərək, hökmən teatra getmək istəyirdi.
Saat on ikiyə hələ xeyli qalmış o, özünü səliqəyə salıb evdən çıxdı. Əslində Əkrəm bir şeydən nagüman idi. Bilirdi ki, bir para şıltaq təbiətli qızlar yeri düşəndə sadəqəlbli oğlanları aldatmaqdan xoşlanırlar. Ancaq nə etməli, yarıkönül də olsa, ayaqları onu çəkib teatra aparırdı.
Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar bir tilsimdir. Hərcayi ehtirasın hökmü ilə o tora düşməyə məhkum edilən günahsız müqəssirlər sonradan iztirabları, işgəncələri görcək, oradan yaxa qurtarmağa can atsalar da, bacarmırlar.
Əkrəm zala girəndə istər-istəməz əvvəlcə dönüb, dünən əyləşdikləri lojaya baxdı. O, tamaşanın proqram vərəqəsindən bu gün “Tarantello”nu oynayacaq aktrisanın adını da oxuyub öyrənmişdi – Yeganə. Lakin doğrudanmı Yeganə o qız idi, yoxsa…
Hər şey bir azdan aydınlaşacaqdı.
Keçib yerini tutduqdan sonra Əkrəm, nə üçünsə, səbəbini özü də bilmədən, gələcək həyatı barədə fikirləşdi. Bu il o, universitetin fizika fakültəsini bitirib, astronomiya elminin ardınca gedəcək, rəsədxanalarda tədqiqat aparacaqdı; göylərin əlçatmaz, qaranlıq dərinliklərində yeni işıqlar – ulduzlar axtarıb tapacaqdı.
Anası Cavahir ona neçə yol demişdi:
“ − Ay bala, bu gün-sabah dərsini bitirib bir qulluqdan yapışacaqsan. Maşallah, hər şeyi başa düşürsən… Daha qədim zəmanə deyil ki, mən durum sənə qız axtarım. Bax, gör, kimi xoşlayırsan, ya gedək qapılarına hərisini alaq, ya da özünüz dilbirləşin, toyunuzu edək… Utanma, əgər qıraqda-bucaqda gözaltın varsa, de, biz də işimizi bilək. Mənim ömrümə çox etibar yoxdur, hay-hayım gedib, vay-vayım qalıb. Heç olmasa, nəvə nübarının dadını görüm…”
Anasının bu sözlərinə Əkrəm haqq qazandırırdı. Bir azdan o, işə başlayanda xəstə arvad həftələrlə, aylarla tək evdə necə qalacaqdı? Axı, onun bircə oğuldan savayı heç kəsi yox idi. Düzdür, Əkrəmin xalası hərdən gəlib Cavahirə baş çəkirdi. Ancaq bu qayğıya da həmişəlik ümid etmək olmazdı.
Bəli, deyəsən, subaylığın daşını atmaq, ailə qurmaq vaxtı yetişmişdi.
Əkrəm kiçik yaşlarından atasız böyüsə də, ehtiyac çəkməmişdi. Qabarlı əllərinin zəhməti ilə, alnının təri ilə halal çörək qazanan Mirqasım kişi onlar üçün iki göz otaqdan ibarət mənzil, səliqəli həyət-baca və az-çox vəsait qoyub getmişdi. Sonralar isə anası Cavahir dərzilik etməklə oğlunu oxutdurub, boya-başa çatdırmışdı. Hələ yeri düşəndə Əkrəmin təqaüdündən, özünün maaşından qənaət edərək bəzi xırda-para “lazımlı şeylər” də alıb dala atmışdı.
Eh!.. Doğrudan da, onun boynunda valideynlərinin nə qədər haqq-sayı vardı! Bu ülvi, müqəddəs borcları heç bir yaxşılıqla ödəmək mümkün deyildi.
Əkrəm fikirdən ayrılanda qarşısındakı səhnədə başqa bir həyatın mənzərəsi canlandı. Burada kübar təbəqəyə məxsus adamlar ömrün mənasını var-dövlətdə axtarır, yaşamağın nəşəsini əyləncələrdə, şərabda və ehtiraslı qadın dodaqlarında görürdü. Budur, şahzadələr sarayını xatırladan geniş otaqda qıçını qıçının üstünə aşırıb, ağ örtüklü yumşaq kresloya yayxanmış şişman gövdəli, sallaq buxaqlı bir avropalı zadəgan, əylənmək üçün yanına gələcək xanımın yolunu gözləyərək ovcundakı qızıl pulları cingildədə-cingildədə deyir:
“ – Dövlət və xoşbəxtlik! Bunlar lap əzəldən əkiz yaranmışdır. Sərmayəsiz insanın həyatı ilə heyvan güzəranı arasında fərq axtarmaq, mənim əqidəmcə, ən böyük axmaqlıqdır. Səadəti dövlət daima yedəyinə alaraq öz arxasınca çəkib gətirmişdir. Cibi boş yaşamaq, ağır əzab yüklərinin altında çabalamaq deməkdir. Mənə bu dünyanın hər cür gözəlliklərini, şirin nemətlərini bəxş edən mənim milyonlarımdır. Onlar olmasaydı, zamanın ayaqları altında xırda bir qarışqa təkin tapdalanıb yer üzündən silinmişdim, getmişdim. Şan-şöhrət, məslək, əqidə, rütbə, məhəbbət… Hər nə varsa, hamısı puldur! Bir azdan gözlərində nəvaziş, dilində mehribanlıq, dodaqlarında şəhvət gətirərək, ətir saça-saça içəri girəcək mademauzelin ürəyində mənə qarşı sevgimi vardır? Xeyr! Bizim aramızda məhəbbət yaradan bax, bunlardır!..”
Avropalı zadəgan ovcunda oynatdığı qızılları gərəksiz bir matah kimi qarşısındakı alçaq mizin üstünə atıb, ayağa durcaq, bəzəkli bir xanım özünü əsdirə-əsdirə içəri daxil olur.
“ – Müsyö, elə bilirəm vədələşdiyimiz vaxtdan tez gəlməyimi heç də başqa cür qiymətləndirməzsiniz. Sizə təslim olan ürəyimin məni narahat edən çırpıntılarını sakitləşdirmək üçün yanınıza tələsməyə məcbur idim…”
İkinci şəklin ortasında:
“ – Ey italiyalı gözəl şansanetka!..
−Sərxoşların ruhunu oxşayan çevik rəqqasə!..
−“Tarantello” üçün kalvados gətirin!..” – deyə yerbəyerdən fransalıların sərxoş səsləri ucalanda, pərişan saçları çiyinlərinə dağılmış, girdə sifətli, cazibədar gözlü, sarıpaltar qaraçı qızı qəhqəhə çəkə-çəkə səhnəyə atıldı.
“Odur!.. Özüdür!..” – Əkrəm dünən lojada onlarla mübahisəyə girişən qızı həmin dəqiqə baxışlarından tanıdı. “Tarantello” qabarıq sinəsini qabağa verərək, stolların arasında gəzindi, sonra kafedəkilərdən birinə yaxınlaşıb dayandı; razılıq almadan qarşısındakı şərab dolu qədəhi götürüb başına çəkdi. Onun bu hərəkətindən qeyzlənən fransalı yumruğunu stola çırpdı və: “Sən kimsən?!” – deyə çımxıranda, Yeganə əllərini əda ilə belinə qoyub çiyninin üstdən etinasız baxışlarla kişini süzərək cingiltili səslə cavab verdi: “ – Mən hələ cocuq ikən Romada atadan-anadan yetim qalmış ərköyün qaraçı qızıyam. “Tarantello” rəqsi ilə şəhərlər, ölkələr adlayaraq Fransaya gəlmişəm. İndi isə Parisin küçələrində, kafelərində, kabarelərində sərxoş kişiləri əyləndirən kimsəsiz, şıltaq bir şansanetkayam!..” – O, ətəklərini qaldırıb sağ ayağını zərblə döşəməyə vurdu və yerində fırlanaraq “Tarantello” italyan rəqsinə başladı…
Cavan aktrisa qaraçı qızının rolunu elə məharətlə ifa edirdi ki, adam bir anlığa səhnədə tamaşaya baxdığını unudurdu. Gah barmaqlarının ucunda yüngül sıçrayışlarla tullanan, gah ilan kimi sağa-sola qıvrılan, gah da çılpaq çiyinlərini tül kimi əsdirən şansanetkanın təkcə bədəni, əlləri, ayaqları deyil, bütün əzaları, hətta gözləri, qaşları, baxışları belə rəqsə qoşulmuşdu.
Bu dəfə “Tarantello”ya zaldan yağdırılan alqışlar daha uzun çəkdi…
Tamaşadan sonra Əkrəm teatrın qabağında gəzinərək ürək döyüntüsü ilə Yeganəni gözlədi. Bayırda sakit, mülayim hava vardı. Buludsuz səma nəhəng bir aynanı xatırladırdı. Dəniz tərəfdən sərin yel əsirdi.
Teatrdan dəstə-dəstə çıxıb evlərinə dağılışan adamlar tamaşadan, aktyorlardan danışır, hərə öz fikrini deyirdi:
“ – Mənim, milyonçu zadəganın oyunu çox xoşuma gəldi”.
“ – Sən öləsən, Ələsgər Ələkbərovdan olmaz. Zalım oğlundan bir dənədir!”
“ – Afərin o cavan aktrisaya, adını da bilmirəm, “Tarantello”da qiyamət qopardı”.
Əkrəmi də düşündürən həmin cavan aktrisa idi. “Görəsən, dünən o məni bugünkü oyununa baxmağa adi bir tamaşaçı kimi dəvət elədi, yoxsa… ürəyində başqa niyyəti vardı? Ancaq, hər halda, sayıb gəlməkdə yaxşı iş gördüm. Bir dəstə gül də alıb gətirsəydim, lap yerinə düşərdi; indi teatrdan çıxanda ona yaxınlaşıb iki kəlmə danışmağa da dilim gödək olmazdı. Nə isə, keçib… Ağıllı qızdırsa, elə şeylərə fikir verməz. Əcəb də adı var: Yeganə”.
Əkrəm asta addımlarla gəlib səkinin başına çatanda yenə geri döndü. Teatr binasının tinindəki dəyirmi saatda beşə az qalırdı.
“Belə baxıram, daha gözləməyin mənası yoxdur, − deyə Əkrəm tərəddüd elədi. – Mən getməliyəm. Bəlkə o, heç tək olmayacaq…”
Teatrın aktyorlara məxsus arxa qapısından danışa-danışa üç nəfər – iki qadın, bir kişi çıxdı. Əkrəm qıraqda gələni o dəqiqə tanıdı: Yeganə idi. Qara saçları çiyinlərinə tökülmüşdü. Uzaqdan girdə, göyçək sifəti apaydın görünürdü; gözləri, dodaqları fərəhlə gülümsəyirdi. Yanındakı yaşlı aktyorun qoluna girmiş qadın qucağında gül dəstəsi tutmuşdu. Tinə yetişəndə dayandılar. Deyəsən, ayrılacaqdılar. Əlini sinəsinə qoyub Yeganənin qarşısında təzim edən aktyor, astadan nə pıçıldadısa, ucadan qəhqəhə çəkdilər. Əkrəm həyəcanlanmışdı. Ona elə gəlirdi ki, özünü çıxılmaz bir vəziyyətdə qoymuşdur. “Axı, burada məndən savayı heç kəs heç kimi gözləmir”, − deyə fikirləşdikcə bədənini isti tər basırdı. İndi daha yayınmaq da mümkün deyildi; Yeganə gülə-gülə bu səkiyə tərəf addımlayırdı. Əkrəm utana-çəkilə qabağa çıxcaq, qız köhnə tanışı ilə görüşürmüş kimi şən bir səslə dilləndi:
− Düzü, mən heç inanmırdım ki, siz bu gün də teatrda olarsınız.
Hər ikisi yavaşıdı, üz-üzə dayandılar.
− Sizi, Yeganə xanım, səmimi-qəlbdən təbrik edirəm. Oyununuz mənim, həqiqətən, çox-çox xoşuma gəldi. – deyə Əkrəm centlmencəsinə ayaqlarını cütləyib, azacıq əyilərək qızın ona sarı uzanan əlini sıxdı. – Ancaq, gərək bağışlayasınız. Bu təbrik bir növ, necə deyərlər, elə-belə, gözlənilməz oldu.
Qız minnətdarlıq etdi:
− Xoşdur. Zəhmət çəkib gəlmisinizsə, kifayətdir.
Çiyin-çiyinə yola düzəldilər. Bir müddət danışmadılar. Haçandan-haçana Yeganə xəbər aldı:
− Bəs nə əcəb o “təmizürəkli, dəliqanlı dostunuz” yoxdur?
− Onun bu gün işi vardı. Həm də… dünən tamaşaya baxmışdı.
− Bəs siz baxmamışdınız?
Əkrəm güldü:
− Hər şeyi soruşmazlar ki?! Mən ayrı, o ayrı…
Qız nazlana-nazlana üzünü yana çevirdi.
Teatrın küçəsindən sağa buruldular. Böyük qastronomun bəzəkli vitrinlərinin qarşısından keçəndə Əkrəm nə gördüsə, Yeganədən üzr istəyib bir anlığa ondan ayrıldı və becid addımlarla geri qayıtdı. Səkinin qırağında qoyduğu kiçik səbətdə ağ, qırmızı, çəhrayı qızılgül satan çalpapaqlı kişiyə yaxınlaşdı.
− Əmican, neçəyədir bunların biri?
− Oğul, səninçün hovayi, − deyə gülsatan kişi zarafat eləməyə adam axtarırmış kimi, qıvraq səslə elə bərkdən dilləndi ki, Yeganə gülməkdən özünü güclə saxladı. – Bohasinə bir köpük pul verməmişəm. Nərdaranda həyətciyəzimdən dərmişəm. Götür, desgirəsiynən peşkeşdür sənə.
Əkrəm güllərin hər rəngindən üç-dördünü ayırıb ona bir qırmızı otuzluq uzatdı.
− Al, çıx haqqını.
− Adə, bayaq didim ki, hovayidür, dayi bu nədür uzadırsan mənə? – Kişi pulu qara sətin pencəyinin döş cibinə basıb, səbətdə qalan gülləri də dəstələyərək Əkrəmin qucağına dürtdü. – Həlal xoşun! Bulari də apar, dayi mən məhtəl olmiyim. – O, qıraqda dayanmış Yeganəyə işarə ilə əlavə etdi. – Bir də, adam hələnçilik ceyran qıza canını da peşkeş elər…
Əkrəmin danışmağa başqa sözü qalmadı:
− Sağ ol.
− Belə, öyün abadan! Cibüvə min bərəkət! – deyə, kişi boş səbətini götürüb əlində yellədə-yellədə axşam gəzintisinə axışan adamların arasında gözdən itdi.
− Buyurun, Yeganə xanım! – Əkrəm qıza yetişcək, gülləri ona uzatdı. – O gün olsun səhnədə ulduz kimi parlayasınız. Ayrı nə deyim…
Yeganə sevincini gizlədə bilmədi:
− Siz mənə lap xəcalət verirsiniz… – O, təzəcə açılmış simuzər qönçələri sinəsinə sıxıb, hərisliklə qoxladı; rayihədən göy, badamı gözləri xumarlanıb süzüldü və dərindən sinədolusu köks ötürdü. – Ah!.. Nə gözəldir!..
Əkrəmin ürəyinə haradansa cəsarət doldu; nə vaxt qızın qulağına pıçıldadı, özü də bilmədi:
− Siz daha gözəlsiniz…
Yeganə özünü eşitməməzliyə vurdu.
− Bəs, heç siz demədiniz, adınız nədir?
− Adım – Əkrəmdir.
− Danışmağınızdan belə görünür, ya şair, ya jurnalistsiniz…
− Xeyr. Adi tələbəyəm. Universitetdə oxuyuram.
Əkrəm yarışlarda dəfələrlə iştirak etmiş, qələbə çalmış yaxşı şahmatçı idi. Qəzetlərdə, jurnallarda dönə-dönə şəkli çıxmışdı. Haqqında məqalələr yazılmışdı. Lakin indi bu barədə söhbət salıb, öyünməyi yersiz bildi.
− Astronom olmaq istəyirəm, − dedi. – Bu mənim çoxdankı arzumdur.
− Oho!.. Demək, göydə ulduzlar kəşf edəcəksiniz? Maraqlıdır… Heç təzə bir şey tapmısınızmı?
− Hələlik bircə ulduz kəşf eləmişəm. Onu da göydə yox, yerdə!
Bəli, o gün Əkrəm Yeganəyə ətirli qızılgül dəstəsi verdi, sonra isə… öz ürəyini bağışladı. Gəncliyin odlu, ehtiraslı, gələcəyin şirin arzuları, ömrün intəhasız diləkləri ilə aşıb-daşan ürəyini!
Tezliklə məhəbbət iki qəlb arasında körpü saldı. Yeganənin adı Əkrəmin dilindən düşmədi; özünü bircə an onsuz təsəvvür etmədi. İndi bütün aləmdə bu qızdan qiymətli, bu qızdan əziz ikinci varlıq yox idi Əkrəm üçün.
Lakin bir dəfə…
Hava təzəcə qaralmışdı. Şəhərin işıqları hələ yanmamışdı. Sevgililər uşaq təkin əl-ələ tutub astadan söhbətləşərək sahildə gəzişirdilər. Xəzan fəsli ağaclardan qopardığı saralmış yarpaqları xiyabanlarda ayaq altına səpələmişdi.
Dəniz vağzalına çatmağa az qalmışdı ki, Yeganə, həsir şlyapalı, tosqun bir kişinin tələsik addımlarla onlara tərəf gəldiyini görüb, özünü itirdi. Əkrəm ovcunda tutduğu əlin tir-tir əsdiyini hiss etdi. Dönüb heyrətlə qıza baxdı. Onun sifəti müdhiş bir görkəm almışdı; qorxudan rəngi ağappaq ağarmışdı.
− Sənə nə oldu, Yeganə?!.
Oğlanın sualı cavabsız qaldı. Həsir şlyapalı kişi bir az da yaxınlaşanda, qız şaşqın halda çırpınıb Əkrəmin əlindən çıxdı və yaydan atılan ox kimi götürüldü… Sonra istiqamətini azdırmaq üçün ağacların arasına atılıb, yoxa çıxdı…
Bu nə mübhəm, nə anlaşılmaz sirr idi?!
Yeganənin qəribəliyi təkcə Əkrəmi deyil, gəmiyə tələsdiyindən saatı soruşmağa y axınlaşan kişini də təəccübləndirmişdi…
DÖRDÜNCÜ NOVELLA
Bir axşam Əkrəmin yenə geyinib hara isə getməyə hazırlaşdığını görən Cavahir oğluna yanaşıb ehtiyatla dedi:
− Bala, səninlə çoxdandır bir söhbət eləmək istəyirəm. Gəl ürəyini aç, sirrini məndən pünhan saxlama. O şəklini cibində gəzdirdiyin qızla evlənmək fikrin var, yoxsa elə-belə…
Əkrəm tutuldu, bu gözlənilməz sualın qarşısında aciz qaldı.
− Sən nə danışırsan, ana?! Hansı qız?! Nə şəkil?!..
Arvad gülümsər baxışlarla mənalı tərzdə oğlunu süzdü:
− Ay saqqalı ağarmış, məndən də gizlədirsən? Hər şeyi bilirəm…
Bu məsələ iki ay əvvəl açılmışdı. Cavahir əkrəmin pencəyinin qopmuş düyməsini tikirdi; yerə nəsə düşdü. Arvad əyilib baxanda döşəmədə, açılmış cib dəftərçəsinin arasında rəngli bir fotoşəkli gördü. “Bu kimdir?!” – deyə o, şəkli qaldırıb diqqət yetirdi. Lakin tanımadı. Növrəstə, göyçək bir qız idi. Gözləri sürməli, dodaqları boyalı… Əcnəbi kinoaktrisalarına oxşayırdı. Həm də şəklini qarşıdan yox, yandan çəkdirmişdi, qara tellərini darayıb çılpaq kürəklərinə tökmüşdü. Sol çiyninin üstündən geri qanrılıb ağ dişlərini göstərərək gülürdü. “Utanmaz!” – deyə Cavahir rişxənd elədi, şəkli acıqla yenə dəftərçənin arasına dürtüb, pencəyin cibinə qoydu. – “Bu artistlərdə də abır yox, həya yox!..” Sonra ürəyində oğlunu danladı: “Əkrəmdən görünməyən iş. Belə şəkli cibində niyə gəzdirir?!.” Qadın fövrən nə xatırladısa, diksinən kimi oldu. Və şəkli çıxarıb bu dəfə arxaına baxdı. Bəli, səhv etməmişdi. Bu hansı qızınsa oğluna töhfəsi idi. Orada qırmızı mürəkkəblə, zərif xətlə yazılmışdı: “Əkrəm, mən həmişəlik səninəm! Yeganə. 12 aprel, 1940-cı il”.
Cavahirin fərəhdənmi, həyəcandanmı ürəyi çırpındı; şəkildəki qızın sir-sifəti, qaş-gözü bu dəfə ona ayrı cür göründü. Daha o, əcnəbilərə də oxşamadı. “Yeganə!.. – qadın öz-özünə pıçıldadı. − Mənim xəbərim yox, sən demə, Əkrəmin gözaltısı varmış!..”
O gündən sonra Cavahir neçə kərə bu barədə oğlu ilə söhbət açmaq istəmişdisə, məqam tapmamışdı.
İndi Əkrəm də çəkinmədi:
− Ana, düzünü de, bəyənirsənmi o şəkildəki qızı?
Arvadın dərdi açıldı:
− Şəkildə ürəyi görünmür, bala. Təki qəlbi təmiz olsun, ağıllı, tərbiyəli cavənəzən olsun. Onunla sən bir yastığa baş qoyacaqsan. Gözün tutubsa, xasiyyətinə bələdsənsə, allah xeyir versin. – O, bir qədər susub, xəbər aldı. – Yaxşı, barı öyrənmisənmi kimlərdəndir?
Əkrəm bu suala çox məyus cavab verdi:
− Heç kəsi yoxdur, ana, tək qızdır. Lap balaca vaxtdan, deyir, yetim qalmışam.
− Atası, anası kim olub?!
− Onu soruşmamışam.
Arvad oğlunu məzəmmətlədi:
− Doğru demişlər: məhəbbətin gözü kor olar! Necə yəni onu soruşmamışam. Bəs, mən bilməyim ki, evimə gətirəcəyim gəlin hansı yuvanın quşudur?..
Cavahir yenə arxayınlaşmadı:
− Özü nəçidir?
− Tələbədir, texnikumda oxuyur.
− Nə çox texnikum! Axı, qurtarıb nə olacaq?
Əkrəm anasının xasiyyətini bildiyindən, işin xatirinə yalan danışmağa məcbur idi.
− Mədəniyyət sahəsində çalışacaq…
Arvad bir az yumşaldı:
− Mən şəklinə baxanda, dedim, bəs artistdir.
Söhbət bununla da bitdi.
Axşam Əkrəm Yeganə ilə gəzməyə çıxanda xırda-xırda yağış çiləyirdi. Azacıq sonra leysan başladı. Onlar islanmamaq üçün dalda bir küncə qısılıb gözlədilər. Lakin deyəsən, burda dayanmaq da əbəs idi. Yağış ara vermək bilmir, getdikcə şiddətlənirdi. Əkrəm dönüb Yeganəyə baxanda qızı su içində gördü. Paltarı çiyinlərinə yapışmışdı, saçlarına mirvari gilələr düzülmüşdü, qulaqlarında damcılar sırğalanmışdı.
Oğlan pencəyini çıxarıb Yeganəyə geydirdi. Dəsmalı ilə onun üzünü, gözlərini sildi.
− Soyuqdurmu sənə? – Xəbər aldı.
Qız titrəyə-titrəyə başını tərpətdi:
− Bir balaca üşüyürəm.
− Onda gedək. Burda gözləməyin mənası yoxdur.
Yeganə Əkrəmin qolundan tutdu və qaça-qaça evə yollandılar.
− Bu gün bizimki gətirmədi! – deyə, Təzə pirin alt küçəsinə çatanda oğlan dilləndi. – Mən istəyirdim səninlə ciddi bir söhbət eləyim…
− Nə barədə?
− Heç… Sonraya qalsın.
− Elə zarafat yoxdur! Danışacaqsan! Yoxsa səni buraxmayacağam. Yeganə onun dirsəyini bərk-bərk sıxdı. Əkrəm qızın şıltaqlığından xoşlansa da, küçədə dayanıb dərdləşməyi münasib sanmadı.
Yeganəgilin qapılarında yavaşıdılar. Yağış kəsmişdi. Göydə təkəm-seyrək ulduzlar parlayırdı. Hava yüngül və təmiz idi. Küçələrdəki balaca gölməçələrdə titrək işıqlar yuyunurdu. Əkrəmin görüşüb ayrılmaq istədiyini hiss edən qız bir addım dala çəkildi. Qaşqabağını sallayaraq, çiyinlərini əsdirdi:
− Getməyəcəksən! – dedi. – Pencəyini də verməyəcəyəm.
Oğlan onu dilə tutdu:
− Axı, yaxşı deyil burda dayanmaq, Yeganə. Görən nə deyər?
− Gedək evdə oturaq.
− Sizdəmi?
− Bəli, bizdə. Adama bir stəkan çay da içərik, canımız isinər…
Bu təklif Əkrəmin ürəyincə idi. Ancaq razılıq verməkdə çətinlik çəkdi.
O, özlüyündə xeyli ölçüb-biçdi, axırda tərəddüdlə dedi:
− Bilirsənmi, gedərdim… Qonşularınızı tanımıram, qorxuram bizim haqqımızda ayrı cür fikirləşərlər…
Qız onun əlindən yapışıb, ərklə qapıya sarı çəkdi:
− Əvvəla, qonşular nəkarədir?! İkincisinə qalanda, qoy nə fikirləşirlər, fikirləşsinlər! Mənim ixtiyarım onlarda deyil! Nə edərəm, özüm billəm!
Yeganənin dilindən eşitdiyi bu sözlər Əkrəmə çox qəribə gəldi. Həm də, o dəqiqə qəlbində gizli bir ikrah hissi oyandı. “Nə edərəm, özüm billəm!” Qızı yaşına, ismətinə uyuşmayan bir qəbahətlə, belə açıq-saçıq danışmağa nə vadar edirdi ki?
… Onlar küçə qapısından kiçik bir həyətə girdilər. Sağ yanda divar boyu əkilmiş səhər-axşam sarmaşıqları daşlara dırmaşaraq lap yuxarıya qədər qalxmışdı. Sol tərəfdə dörd pəncərə, iki qapı görünürdü. Qarşıdakı taxta pilləkənə çatanda Yeganə sürahidən tutub dayandı və geri çevrilərək soruşdu:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?