Текст книги "Mənim mübarizəm – 9"
Автор книги: Seymur Baycan
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
HƏYAT VƏ YARADICILIĞIMIN GÖZÜMDƏN DÜŞMƏSI HAQQINDA
…Anaid, xadimələrdən birinə çay gətirməsini əmr etdi. Bir gözü divara bərkidilmiş televizorda, bir gözü isə İsmətdə idi.
– Hə, İsmət, tanış et görüm bu xanım kimdir? Mənim yanıma niyə gətirmisən?
İsmət böyük həvəslə Pərvanə haqqında danışmağa başladı:
– Bax, Anaş, bu qız mənim klientimdir. Təzə tanış olmuşuq.
Anaid qızı başdan ayağa süzüb, saymazyana soruşdu:
– Ailəlisən?
Qadının hökmlü səsindən Pərvanənin canına üşütmə düşdü. Cavab verməzdən öncə İsmətə baxdı. İsmət isə öz növbəsində ona ürəkli olmasını işarə etdi.
– Yox, ayrılmışam.
– Uşaq var?
– Bir qız, bir oğlan.
– Harda işləyirsən?
– İşləmirəm, evdə oturub uşaqlara baxıram.
– Hmm, – deyə Anaş toppuş əlini qarşısındakı çərəz dolu billur qaba uzatdı. Bir neçə kişmiş və fındığı qamarlayıb ağzına apardı. Ağzını saymazyana marçıldadaraq sözünə davam etdi:
– İşləmirsənsə, bəs pulu hardan alırsan?
Pərvanə utanaraq gözünü yerə dikdi. Bunu görən İsmət, tez onun yerinə cavab verdi:
– Canlara dəyən sevgilisi var, baxır da qızımıza necə lazımdır.
– Onda bura niyə gəlib?
– Evdə oturmaqdan darıxır. Dedim gəlsin sənin yanında işləsin. Öz pulunu qazansın.
– Axmaq olma! Qoy otursun evində! Mənə problem lazım deyil.
Bu zaman Fatma əlində qızıl sini içəri girdi. Gətirdiyi çayı birinci Anaidin qarşısına qoyub, ürkək baxışlarla sahibəsinə baxdı. Anaid süni təbəssümlə əlini onun saçına toxundurdu. Yanında əyləşməyə işarə etdi. Sonra üzünü Pərvanəyə tutub, Fatmanı göstərdi:
– Bu qızı görürsən? Adı Gülyadı. Yetim qızdı. Avtovağzaldan tapıb gətirmişəm. Artıq bir aydır ki, yanımda işləyir. Nə savadı var, nə sübutu. Amma mən ona sənət öyrətdim. Massajist işləyir. Yaxşı da pul qazanır. İş belə qızlara lazımdı. Oynaşı olanlara nə iş?
Anaidin sözləri Pərvanəyə şillə kimi dəydi:
– Anaş xanım.
– Anaş yox, Anaid! – deyə, salon sahibəsi qətiyyətlə qızın sözün kəsdi.
– Bağışlayın, İsmət Anaş dedi deyə, elə bildim adınız Anaşdı.
– Adım Anaşdı, amma hamı üçün yox!
– Başa düşdüm Anaid xanım, bağışlayın. Sözlərinizə razıyam, amma mən həmin adamdan ayrılmaq istəyirəm.
– Niyə? Qudurmusan?
Nazlı Çələbi, “Həzz” romanından
Son vaxtlar başıma xüsusi əziyyət verməmək üçün daha çox yüngül, düşünməyi tələb etməyən əsərlər oxuyuram. Nazlı Çələbinin “Həzz” romanını da bu məqsədlə oxumağa başladım. “Həzz” romanına “beyin üçün saqqız” kimi baxırdım. Lakin elə ilk səhifələrdəcə əsərə qarşı münasibətimi dəyişməyə məcbur oldum. Elə ilk səhifələrdəcə müəllifin zəngin həyat təcrübəsinə malik olduğunu hiss etdim.
Əsərin süjeti haqqında heç nə yazmayacam. Yaxşısı budur gəlin, əvvəlcə əsərdəki əsas qüsurlar, müəllifin buraxdığı əsas səhvlər haqqında danışaq:
1– Ədəbiyyat mövzusunda yazdığımız digər yazılarda da qeyd etdiyimiz kimi, müəllif hər bir obrazı yaşına, peşəsinə, səviyyəsinə, mənsub olduğu təbəqəyə uyğun danışdırmağı bacarmalıdı. “Həzz” romanında dialoqlar çox oxunaqlı, çox dinamik olsa da, Nazlı xanım dialoqlarda bütün obrazların əvəzinə özü danışır. Obrazların danışıq tərzi xeyli dərəcədə yeksənəkdir. Nazlı xanımın dialoqları mənə türk mətbəxini xatırlatdı. Yemək (obraz) boldur, amma sanki yeməklərin hamısı bir qazanda bişib. Bir yeməkdən başqa yeməyə keçid etdikdə, fundamental dad fərqini o qədər də hiss etmirsən.
2– Müəllif təsvirlərdə vaxtı keçmiş qəliblərdən, bədii klişələrdən həddindən artıq çox istifadə edir. Üstəlik, müəllifin söz bazası zəifdir, dili kasaddır. Nazlı xanım bir müddət Azərbaycan ədəbiyyatını oxusa, bir yazıçı kimi söz bazasını xeyli artıra bilər. Ümumiyyətlə, yerli ədəbiyyatı oxumamaq bir çox yazıçılarımızın ciddi qüsurudur. Bəyənsələr də, bəyənməsələr də, yerli yazıçılar yerli ədəbiyyatı oxumaq məcburiyyətindədirlər. Əks halda yazdıqları əsərlərdə boşluqlar, fəsadlar bu və ya digər formada mütləq özünü büruzə verəcəkdir.
3– Nazlı xanım geniş nəfəsə, güclü təxəyyülə malik yazıçıdır. Həqiqətən Nazlı xanımın geniş nəfəsi, güclü təxəyyülü məni hər şeydən əvvəl bir oxucu kimi heyrətləndirdi. Bu qədər gözləmirdim, buna hazır deyildim. Lakin Nazlı xanım əsərdə süjeti çox şaxələndirib, mövzunu çox yayıb. Bir yazıçı kimi gücünü, nəyə qadir olduğunu dəqiq hesablaya bilməyib və əsərin sonunda süjetin başını-ayağını bir yerə yığmaqda çətinlik çəkib.
Əsərdə obrazlar rahatlıqla bir-birlərini tapırlar, çox asanlıqla bir-birləri ilə qarşılaşırlar. Adama elə gəlir ki, onların hamısı bir küçədə yaşayırlar. Pasternakın “Doktor Jivaqo” əsərində obrazların asanlıqla, tez-tez qarşılaşmasını əsərin qüsuru kimi xarakterizə edirlər. Bəzi tənqidçilər isə “Doktor Jivaqo” əsərində obrazların tez-tez, asanlıqla qarşılaşmasını əslində eyni taleli adamların qarşılaşması kimi yozurlar. Təəssüf ki, bu yozumu, yəni obrazların tez-tez, asanlıqla qarşılaşmasını, eyni taleli adamların qarşılaşması kimi qiymətləndirməyi, “Həzz” romanına aid edə bilmərik. “Həzz” əsərində obrazların asanlıqla, əsaslandırılmamış şəkildə bir-birləri ilə qarşılaşması ciddi qüsurdur.
4– Nazlı xanım əsərdə bəzən “həyatın mənası nədir” kimi ağır suallara cavablar axtarır, heç bir gərək olmadığı halda, lazımsız yerə ruh, kainat, o dünya, bu dünya mövzularına girir. Bu zaman müəllif axsamağa başlayır, əsərin yüksək tempi aşağı düşür. “Həyatın mənası nədir” kimi ağır suallara cavab axtarmaq, ruh, kainat, o dünya, bu dünya mövzularına girmək, bir müəllifin öz ayağı ilə bataqlığa girməsi deməkdir. Hər bir yazıçı üstün və zəif cəhətlərini dəqiq müəyyən etməlidir. Hər bir yazıçı zəif cəhətlərini ustalıqla gizlədib, üstün cəhətlərini maksimum irəli çıxartmalıdır. Nazlı xanım zəngin həyat təcrübəsinə malikdir. O, “həyatın mənası nədir” kimi ağır suala cavablar axtarmaq əvəzinə, sırf həyatdan gələn, həyatdan qaynaqlanan həqiqətləri, dəqiq bildiyi, bələd olduğu şeyləri yazmağa üstünlük verməlidir.
Folkner müsahibələrindən birində belə demişdir: “Yazıçıya üç şey lazımdır. Təcrübə, müşahidəçilik və təxəyyül. Ancaq bəzi vaxtlarda bu üçlüyün iki komponenti üçüncünün çatış-mazlığını örtə bilir”.
“Həzz” romanının kəskin süjeti, romanda toxunulan mövzuların aktuallığı, yüksək dinamika yuxarıda sadaladığım qüsurları xeyli dərəcədə ört – basdır edir. Çoxdandır belə canlı, kəskin süjetli, aktual Azərbaycan romanı oxumamışdım. “Həzz” romanı son vaxtlar oxuduğum ən canlı, ən aktual Azərbaycan romanıdır. İçi mən qarışıq, ədibi mühitimizdə üzdə olan yazıçıların demək olar ki, hamısının yaradıcılığı Nazlı xanımın təkcə “Həzz” romanının fonunda çox sönük və köhnə, nimdaş, həyatdan uzaq görünməkdədir. Papaq altında oğlanlar var imiş, xəbərimiz yoxdur. Nazlı xanımın qarşısına bir yazıçı kimi olsa-olsa ancaq Ələkbəri çıxartmaq olar. Hazırda ağlıma ikinci bir ad gəlmir. Şəxsən mən hər səhifəsindən həqiqət, real həyat səhnələri fışqıran “Həzz” romanını oxuduqca həyatdan nə qədər uzaqlaşdığımı, hekayələrimdə nə qədər köhnə, nimdaş movzulara toxunduğumu, nə qədər miskin, mənasız hekayələr yazdığımı dərindən dərk edirdim. Avtomatik olaraq həyat və yaradıcılığım gözümdən düşürdü. İndi özümü ciddi boşluqda hiss etməkdəyəm. Nazlı xanımın “İblisin məşuqəsi” adlı romanı var. Oxumamışam. Ən qısa vaxtda əsəri tapıb mütləq oxuyacam. Eşitdiyimə görə həmin əsərdə Nazlı xanım daha yüksək performans nümayiş etdirib.
* * *
Azərbaycan qızları çox infantildir. İki, üç, bəzən dörd uşaq dünyaya gətirsələr də, mama sözü dillərindən düşmür. Mama zəng etmişdi… Mama gecə yata bilməyib… Mamanın təziqi qalxıb… Mamanın şəkəri düşüb… Mamanın başına xına qoymaq lazımdı… Mama, mama, mama… Hələ gedib günlərlə mamasıgildə qalanlar var. Bu infantillərə heç cür başa salmaq olmur ki, sən artıq uşaq deyilsən, ərli arvadsan, sən özün ikiqat, üçqat, dördqat mamasan. Xeyiri yoxdu.
Hər səhifəsindən həqiqi həyat səhnələri fışqıran “Həzz” romanını oxuduqca, ürəyimdə istər-istəməz, özümdən aslı olmayaraq, “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin qəhramanı Holdenin arzusuna bənzəyən, həyata keçməsi heç cür mümkün olmayan bir arzu baş qaldırırdı. Düşünürdüm ki, kaş adamın imkanı ola, qızlar üçün qəşəng, böyük bir seminariya aça və Nazlı xanımı ora direktor, ən aşağısı baş tərbiyəçı təyin edə. Nazlı xanımın zəngin həyat təcrübəsi qızlara infantillik daşını atmaqda müstəsna köməklik göstərə bilər. Nazlı xanım bizim milli sərvətimizdir. Onun qədrini bilməliyik. Bu xanımın zəngin həyat təcrübəsindən mütləq bəhrələnməliyik. Fürsətdən istifadə edib hər kəsə Nazlı xanımın “Həzz” romanını oxumağı şiddətlə tövsiyyə edirəm. “Həzz” romanını oxuduqca məndə belə bir fikir hasil olurdu ki, dəyəsən Azərbaycanda vəziyyət biz düşündüyümüzdən də ağırdır.
Adətən oxucu romanın sonlarına yaxınlaşdıqda yorulur. “Həzz” romanının sonlarına yaxınlaşanda əsla yorulmadım. Tam tərsinə, romanın sonuna yaxınlaşdıqca vücudumu kədər bürüyürdu. Romanın bitməsini istəmirdim. Hər səhifəsindən canlı həyat fışqıran, bu canlı, diri romanı oxuyub bitirdikdə düşündüm. Kaş bu əsər beş il əvvəl yazılardı və mən də bu əsəri beş il əvvəl oxuyardım. Ümumiyyətlə, ağlım kəsəndən bəri özümü həyata, həyatın bütün sahələrinə, hər şeyə beş il gecikmiş adam kimi hiss etmişəm. Yadımdadır, bir dəfə avtobusla Şəmkirə gedirdim. Qabaqda, sürücünün yanında oturmuşdum. Avtobusun hayı gedib, vayı qalmışdı. Cındırından cin hürkürdü. Səs-küydən qulaq tutulurdu. Sürücüyə dedim ki, qardaş, bu nə avtobusdur belə, niyə bu avtobusa baxmırsan? Sürücü qayıdıb nə desə yaxşıdır? Dedi ki, müəllim, kaş sən bu avtobusu beş il əvvəl görəydin…
SEYMUR BAYCAN: “NAZLI HƏKIMƏ CIDDI MAYA QOYDUM” – MÜSAHIBƏ
Yazıçı Seymur Baycanın xanım yazar Nazlı Çələbinin “Həzz” romanı haqqında yazdığı yazı oxucular tərəfindən birmənalı qarşılanmayıb. Kulis.az bu münasibətlə Seymur bəyə suallar ünvanlayıb. Həmin suallar əsasında ərsəyə gələn söhbəti təqdim edirik.
– Seymur bəy, müasir yerli müəlliflərdən nadir hallarda yazırsınız. Necə oldu ki, birdən-birə Nazlı xanımın kitabından yazdınız?
– Bacardığım qədər ədəbi prosesi diqqətlə izləyirəm. May ayında iki həftə ancaq yerli yazıçıların hekayələrini oxudum və təəssüratlarım haqqında “Yazıçılarımız necə yazırlar” adlı yazı yazdım. Məsələn, indi Əjdər Olun “Lo” romanını oxumaqdayam…
Xoşuma gələn, bəyəndiyim xarici müəlliflərin əsərləri haqqında tez-tez yazılar yazaraq, əsəri oxumağı oxuculara tövsiyə edirəm. Hansı əsər haqqında yazı yazıramsa, zövqümə, obyektivliyimə inanan adamlar kitabı alıb oxuyurlar. Buna çox sevinirəm. İnsanların inamını, etimadını qazanmaq həddən ziyadə gözəl bir hissdir. Bəli, çox düz dediniz, yerli müəlliflər haqqına nadir hallarda yazıram. Ona görə ki, mətnə qarşı çox tələbkaram. Söhbət sırf mətndən gedirsə artıq ölçü hissini bir qədər itirmişəm.
Nazlı həkimin “Həzz” romanı haqqında yazmağımın çox sadə bir səbəbi var. Roman mənə çox diri, canlı təsir bağışladı. Romanda aktual mövzulara toxunulub. Təsəvvür edin, “patı”, “şüşə” adlı bir bəlanı cəmiyyətimiz indi müzakirə etməkdədir, amma Nazlı həkim artıq romanda “patı”nın, “şüşə”nin necə bir dəhşətli bəla olduğu haqqında yazıb, bu ağrılı mövzuya toxunub. Nazlı həkimin çox güclü təxəyyülü, geniş nəfəsi var. Bizim yerli yazıçılar arasında belə güclü təxəyyülə, geniş nəfəsə rast gəlmək çətin məsələdir. Bir də ki, yazı başdan-ayağa təriflərdən ibarət deyildi. Romandakı əsas qüsurları da yazıda qeyd etmişdim. Nazlı həkimin dili kasaddır. Bir müddət ancaq Azərbaycan yazıçılarının əsərlərini oxumalıdır. Əli Vəliyevdən, İlyas Əfəndiyevdən tutmuş, düz İsi Məlikzadəyə, Əkrəm Əylisliyə qədər hamını. “Subyektiv siyahı” adlı yazımda Azərbaycan ədəbiyyatından oxunması vacib olan əsərlərin, yazıçıların siyahısını vermişəm. Həmin siyahıdakı əsərləri oxusa Nazlı həkimin dili xeyli inkişaf edə bilər. Həmçinin, Nazlı həkim əsərlərində ruh, kainat, qara və ağ qüvvələr kimi mənasız söhbətlərdən qaçmalıdır. Parapsixologiya haqqında quru, statistik məlumatları əsərdə vermək doğru deyil. Parapsixoloji vəziyyətlər, situasiyalar yaratmaq lazımdır. Yəni, Nazlı xanımın parapsixologiya haqqında düşüncələri, fikirləri əsərdə bədii həllini tapmayıb. Nazlı xanımın peşəsi daima adamlarla ünsiyyətdə olmağa imkan verir. Fikrimizi yumşaq ifadə etsək, bildiyi, dəqiq bələd olduğu məsələlərdən yazmalıdır. Onun əlinin altında həyat materialları kifayət qədərdir. Bu həyat materiallarını əsərlərində əritməlidir. Özündən Hindistan kəşf etməyə ehtiyac yoxdu. Bu, hər şeydən əvvəl onun özünə ziyandır. Həkimlərdən yaxşı yazıçı çıxır. Mövzuları bol olur. Çexov, Bulqakov da həkim idi. Nazlı həkim göstərdiyim iradlar üzərində düşünsə, nəticələr çıxarsa, yaradıcılığında xeyli irəliləyiş olacaq. Ona istiqamət verən, yol göstərən adam olmayıb. Lakin bu işin təhlükəli tərəfi də var. Bəzən təcrübə artanda insan qorxaqlaşır. Məsuliyyətin artması insanı bəzi hallarda qorxaqlaşmağa vadar edir. Ağıllı fikirləşincə, dəli vurur çayı keçir. Yaxınlarda rejissor Mixayel Seqalın müsahibəsinə qulaq asdım. Deyir ki, sənətkar cövhərinin nədə, harda olduğunu bilməməlidir… Lap o məşhur çin məsəlində olduğu kimi. Qırxayaqdan soruşurlar ki, bu qədər ayaqla rəqs etməyi necə bacarırsan? Qırxayaq baxır ayaqlarına, fikrə gedir, çaşır, sonra daha oynaya bilmir.
– Deyirlər, bir kitabın piarı üçün Seymur Baycanın yazısı ciddi faktdır…
– Razıyam, loru dildə desək və hər şeyi öz adıyla çağırsaq Nazlı həkimə ciddi maya qoydum. Qazdan verirəm, axırı nə ola-ola.
– Yazıda işlətdiyiniz “Milli sərvət” sözünü kinayə kimi qəbul edənlər də oldu.
– Azı otuz adam soruşub ki, yazını ciddi yazmışam? Yazıda tərifin barıtın bir az çox eləmişəm. Salman Rüşdini tənqid elə, Sartrı, Borxesi, Ceyms Coysu yazıçı hesab eləmə və birdən durub ədəbi mühitdə o qədər də tanınmayan bir adamın kitabını təriflə. Ola bilsin, yazını ciddi yazmağıma qarşı şübhələrin yaranmasında bu amillərin rolu olub. “Milli sərvət” sözünü isə daha çox Nazlı həkimin həyat təcrübəsinə istinad edərək işlətmişəm. “Canlara dəyən sevgilisi var, baxır da qızımıza necə lazımdır”– cümləyə bax, sən Allah! Cümlədən həyat fontan vurur. Bu cümləylə Nazlı həkim adamı həyatın içinə soxur. Bir həftədir bu cümlə mənə babat kef verir. Nazlı həkim həyat məktəbi açmalıdır. Biz hamımız, yəni ədəbi mühitin üzdə olan isimləri gedib həmin məktəbdə şagird kimi Nazlı həkimdən həyat dərsləri almalıyıq. Bu həyat dərsləri yaradıcılığımıza öz müsbət təsirini mütləq göstərəcəkdir.
– Müəllif sizə qısa da olsa yazı ilə cavab verdi. Orda tənqidlərinizlə bağlı bir çox məsələyə aydınlıq gətirməyə çalışdı. Bu haqda nədir təəssüratınız?
– Çox sevincli görünürdü. Açığı Nazlı həkimə görə bir az narahat oldum. Qorxdum ki, sevindiyindən dondurma kimi əriyəcək. Belə sevincli görünməyə haqqı vardı. Onun yerində kim olsaydı sevinərdi. Havayı deyil, Seymur Baycan kimi bir adam onun kitabı haqqında yazı yazıb.
– Ümumiyyətlə, sizcə “qadın yazıçı” ifadəsi doğrudurmu? Bəzən düşünənlər olur ki, nəsr bizim Azərbaycan xanımlarında elə də uğurlu alınmır…
– Söhbət təkcə bizim xanımlardan getmir. Bu ümumi problemdir. Hər yerdə nəsr qadınlarda uğurlu alınmır. Qadınların təbiəti onların ciddi sənət əsəri yaratmasına mane olur. Ciddi sənət əsəri yaratmaq istəyən adamlar daima içlərində qazıntı, kəşfiyyat aparmalıdırlar. Adidən də adi bir misal… Kişi bir yerə gedəndə beş dəqiqəyə, uzağı on dəqiqəyə hazır olur. Qadın dayanır şkafın qabağında, bilmir hansı paltarı geyinsin. Onu geyinir, bunu geyinir. O sırğanı taxır, bu sırğanı çıxarır. Bu pomadanı dodağına yaxır, o pomadanı dodağından silir… Nə olub? Onlar çox narahatdırlar. Əslində narahatlıq yaxşı şeydi. Pis olan odur ki, qadınların narahatlığında bəşərilik çatışmır. Bir yerə gedəndə şkafın qabağında dayanıb nə geyinmək haqqında dərin düçüncələrə dalan adam necə ciddi sənət əsəri yarada bilər? Üstəlik, onlar öz vəziyyətləri, təbiətləri ilə razılaşmırlar. Ciddi, ağır söhbətlərə iddia edirlər və ciddi, ağır söhbətlərə girəndə gülməli görünürlər. Halbuki, öz təbiətlərin-dən, həyata baxışlarından, həyat fəlsəfələrindən, şkafın qabağında dayanıb dərin düşüncələrə dalmaqlarından səmimi tərzdə yazsalar ortaya çox maraqlı mətnlər çıxar. Amma bunları yazmaq çox çətindi. Bunları yazmaq üçün gərək vəziyyətlə üzüsulu barışasan, eqonu tam öldürəsən. Bu da hər kəsin bacaracağı iş deyil…
Bax elə dünən özümə şalvar almaq üçün geyim mağazasına getmişdim. Yekə bir geyim mağazası təsəvvürünüzə gətirin. Kişi bölümündə tam sakitlik hökm sürürdü. Kişilər xoşlarına gələn paltarları götürüb əyinlərinə olub-olmadığını yoxlamaq üçün geyinmə otağına gedirdilər. Bəziləri heç otağa getmirdilər. Seçdikləri paltarı götürüb kamali-ədəblə birbaşa kassaya tərəf addımlayırdılar. Mən də paltar alanda əynimə olub-olmadığını yoxlamıram. Balaca olanda münasib dost-tanışlardan birinə hədiyyə edirəm. Yekə olmağının da qorxusu yoxdur. Nəsə, geyim mağazasının kişi bölümündə o qədər sakitlik idi ki, qu desəydin, qulaq tutulardı. Qadın bölümünə isə sanki bir sürü ac və qəzəbli qara qarğa doluşmuşdu. Biri anasına zəng edir, biri xalasına zəng edir, biri rəfiqəsinə zəng edir, biri qonşusuna zəng edir… Adi bir paltarı almamışdan əvvəl paltarın şəkilin çəkib azı on adama göndərirlər. Yaraşır, yoxsa yaraşmır, alsam necə olar, almasam necə olar, bahadır, yoxsa ucuzdur və sairə və ilaxır. Bu qədər əhəmiyyətsiz şeylərə bu qədər ciddi yanaşan varlıqların içində Bethovenin, Tolstoyun, Çarli Çaplinin, Tomas Mannın yetişməsi çətindir. Problemi tarixdə, kişi hökmranlığında-zadda axtarmaq boş söhbətdir. Problem özlərindədir, təbiətlərindədir.
– Xanımlar arasında bəyəndiyiniz və ciddi hesab etdiyiniz nəsr yazan heç yoxdur?
– Sırf ədəbiyyat nöqteyi-nəzərdən oxuduqlarım arasında Jorj Sand ən güclü qadın yazıçıdır. Amma onun nəsri qadın nəsri deyil, kişi nəsridir. Kişi kimi yazıb əsərlərini. Jorj Sandın əsərlərin oxuyanda mənə elə gəlir ki, onun penisi olub. Nə bilmək olar, bəlkə həqiqətən də olub.
– Bəs Virciniya Vulf?
– Virciniya Vulf çox mənasız qadındı. Havayı yerə özünə əziyyət verib, əbəs yerə yerlə-göylə əlləşib. Həm də yaradıcılığında əziyyətlərinin bədii həllini verə bilməyib. Onun əsərləri mənasız, lazımsız gərginliklərdən ibarətdir, əsərlərində ədəbiyyat azdır. Halbuki, hikkəsini, mənasız iddialarını kənara qoymağı bacarsaydı, yaxşı əsərlər yaza bilərdi. Amma sonu faciə ilə bitsə də, onun oyunçuluğuna hörmət etməyə məcburam, xeyli adamı barmağına dolamağı bacarıb. Bunun özü də balaca iş deyil.
– Sizin Kulisdə gedən “Maraqsız sevgi əhvalatı” hekayəniz Fb-də müzakirələrə səbəb oldu. Qəribədir, Nazlı Çələbiyə dil, söz ehtiyatı, üslub və redaktə ilə bağlı tutduğunuz iradları sizin özünüzə tutmuşdular.
– Azərbaycanda mənim nəsrim haqqında fikir bildirəcək adamların sayı beşdən artıq deyil. “Onun Xallı adlı qara rəngli, qoca bir iti vardı. Bu qoca it öz damında hey büzüşüb yatırdı. Arabir hürmək istəsə də gücü çatmırdı”, “Ona Dərbəndə qaçmağı təklif etdim. Soruşma niyə məhz Dərbəndə? Özüm də bilmirəm. Nədənsə, mənə elə gəlirdi ki, qaçmalı olsaq, biz ancaq Dərbəndə qaçmalıyıq”, “Havadan at iyi gəlirdi” – bu cümlələr “Maraqsız sevgi əhvalatı” hekayəsindəndir. Bu cümlələrin ağırlığın başa düşməyən adamlara heç nə izah edə bilmərəm. Bu cümlələrdəki enerji hansısa bir qüvvəyə çevrilsə, həmin qüvvə doqquzmərtəbəli bir binanın altını-üstünə çevirər. Bura gəlib çatmaq asan olmayıbdır. Kobud, zövqsüz adamların dilində belə bir cümlələr yazmaq faciədir. Mənim nə yazdığımı bir, uzağı iki adam başa düşəcək. Bu bir, iki adamın başa düşməsi qalanlarının başa düşməməsindən üstün olacaq. Amma həmin adamlara yazığım gəlir. Onlara çox çətin olacaq. İtin əzabın çəkəcəklər həyatda. Nə etməli, həyat belədir, sistem belə qurulub. İtin əzabını çəkməsən, idrak ağacının meyvələrini dərib, dadına baxa bilməzsən. Necə deyərlər, bir dərdim var, min dərmana dəyişməm. Vəziyyət belədir, hər kəs öz seçimini etməlidir.
– Bu dəfə də çox zaman səslənən və sizin də qəbul etmədiyiniz fikir səslənmişdi: publisistikada daha ustadır! Sizcə, niyə bu fikri həmişə deyirlər?
– Bir mahnını bu qədər təkrar oxumaqdan yorulmadılar? Hər ikisində ustayam. Həm publisistikada, həm də nəsrdə.
– Ad çəkməkdə ehtiyatlı davranan Seymur Baycanın ədəbi camedə o qədər də tanınmayan bir xanıma ayrıca yazı həsr etdi…
– Qayıtdıq söhbətin əvvəlinə və yaxşı ki, qayıtdıq. Yazmayanda deyirlər, niyə yazmırsan, yazanda da deyirlər, niyə yazmısan? Yaxşı, mən nə edim? “Həzz” romanının təxminən ortasına çatanda, mütaliəni dayandırdım, girdim internetə, dedim, görüm, bu müəllif kimdir, nəçidir? Qarşıma bir video çıxdı. Nazlı həkim bir verilişdə heç bir elmi əsası olmayan fikirlər səsləndirirdi. Verilişin aparıcısı, həm də qonaqlar ona kinayə ilə baxırdılar. Bu səhnə mənə pis təsir etdi. Həmin anda Nazlı həkim gözümə çox köməksiz göründü. Ürəyim ağrıdı. Bilmirəm, nədənsə son vaxtlar mərhəmətli, sentimental olmuşam. Hər şey çox sürətlə baş verdi…
– Lakin düşünənlər var ki, Nazlı xanım haqda yazı bir az da həmkarlarınızı qıcıqlandırmaq üçün yazılıb.
– Belə bir fikrin yaranmasına görə çox kədərlənirəm. Nazlı xanım həkimdir, videolar çəkir, veriliş aparır. Ən əsası ədəbi tənqid, ədəbi mühit tərəfindən ciddi bir diqqət olmadığı halda yeddi kitab yazıb. Asan deyil. Şəxsən mən bunu bacarmazdım. Başım çıxmır bu qədər gücü, enerjini, həvəsi hardan alır? Bu qədər işin-gücün içində yeddi kitab yazmağa görəsən onu nə məcbur edib? Nazlı həkimdən mütləq müsahibə almaq lazımdır. Qoy bizi öz yaradıcılıq mətbəxi ilə tanış etsin.
– Bildiyimiz qədər, yeni hekayələr yazırsınız… İş nə yerdədir? Yeni kitab gələcəkmi?
– Hə, indi mənasız hekayələr yazıram. Ədəbiyyatın nirvanasındayam. Bilmirəm bundan o tərəfə nə yazmaq olar. Bundan o tərəfi yoxdur. Məni qane etməyən yeganə məsələ sürətin aşağı olmasıdır. Mart ayından bəri cəmi dörd hekayə yazmışam. Halbuki, səkkiz hekayə yazmalı idim. Mütaliə yazı prosesinə ciddi mane olur. Deyirəm, bu kitabı oxuyum bitirim, sonra hekayəni yazaram. Kitabı oxuyub bitirirəm, hekayəni yazmıram, keçirəm başqa kitaba. Bunu bir növ yaradıcı fərarilik də adlandırmaq olar.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?