Электронная библиотека » Süleyman Rəhimov » » онлайн чтение - страница 1

Текст книги "Həyat yolu"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Süleyman Rəhimov


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

SÜLEYMAN RƏHİMOV

HƏYAT YOLU

“Xatirə Ədəbiyyatı “silsiləsindən 54-cü kitab

Əyin kəndi qartal qanadları yanlara gərilən tutaş meşəli “Səngər” dağının ətəyindədir, ətrafından duru, sərin bulaqlar, çeşmələr qaynayıb çıxmaqda, şırıltı ilə axmaqdadır… Bu kəndin meşələrində öz-özünə bitib boy atan meyvə ağaclarına, şırım-şırım uzanan almalığa, armudluğa, fındıqlığa, əzgilliyə, zoğallığa, alçalığa rast gəlmək olar. Əyinin meşələrində həm də irigövdəli palıd, ulas, vən, ağcaqayın ağaclarını görə bilərsən. Əyinin qışı sərt, yayı mülayim olur. Bu kəndin zəngin təbii mənzərələri mənim təsəvvürümdə məşhur rəssamların yaratdıqları sənət lövhələrindən daha artıq təsir buraxmışdır…

Mən indiki Qubadlı rayonunun həmin Əyin kəndində, 1900-cü ilin mart ayının 22-də anadan olmuşam.

Mənim sarışın atam Hüseyn valideynlərini erkən itirdiyindən ucaboylu, qollu-qanadlı əmisi Allahverdi Kərbəlayı Qəhraman oğlunun himayəsində qalmışdır. Allahverdi əmim kəndin yəhərli at minənlərindən, sayılıb-seçilən əlli-ayaqlı kişilərindən biri idi. O, XIX əsrin ikinci yarısında şöhrəti Qafqaz dağlarını bürüyən, çara, yerli mülkədarlara, bəylərə qarşı amansız mübarizə aparan Qaçaq Nəbinin yaxın dostlarından olmuşdur… Düzdür, əmim birbaşa Nəbi hərəkatına qoşulmamışdır, ancaq Nəbini də, onun igid xanımı Həcəri də çox zaman öz evində gizlicə saxlamışdır. Atam Hüseyn nağıl edirdi ki, o, bəzən evdə deyil, meşədə dayanan Nəbigilə çörək aparar, meşənin sərt-sıldırım yerlərində onlara çatdırardı.

Yadımdadır, qış fəslində qapı-bacanı qalın qar alan zaman qonum-qonşu bizim dörddirəkli, hündür bacalı damda toplanar, baş-başa qoyulan tirlərdən gur-gur yanan orta ocağın qırağında kişilər dövrə vurar, arvadlar isə geridə bir-birinə söykək verib oturar, yavaş-yavaş söz-söhbət qızışar, Nəbi və Həcər barəsində qızğın nağıl başlanardı. Burada Nəbinin, Həcərin, onların atlılarının misilsiz döyüşləri, Nikolay qoşununu necə qırıb aradan çıxmaları barəsində müxtəlif rəvayətlər söylənərdi. (Bunların hamısı xalq yaradıcılığını öyrənmək mənasında indi də mənə xeyli kömək edir.) O vaxtlar mənim atam Hüseyn də, anam Gülsabah da ağsaqqal saydıqları Allahverdi əmimin hörmətini saxlar, onun dediklərinin birini iki eləməzdilər. Əmim arvadı Kərbəlayı Xatun bizim evin hörmətə layiq ağbirçəyi, mötəbər anası idi. Atam bu böyük evin təsərrüfat ağırlıqlarını öz arğaz omuzlarında çəkər, gecə də, gündüz də qan-tərə bata-bata işlərdi… Anamın nə vaxt yatdığını, nə vaxt durduğunu mən çətin görə bilərdim. Ucaboylu, iri alagözlü anam Gülsabah Kərbəlayı Məmməd qızı da evin tək gəlini kimi hər cür ağır işləri görər, hey çatma çatıb, nehrə çalxalayar, yağ-ayran elərdi. Yadımdadır, mən yoğun palıd gövdəsindən düzələn nehrənin üstünə minməyi, yelləncək kimi yellənən qatıq nehrəsinin üstündə yırğalanmağı çox xoşlardım. Buna görə də anam həmişə məni nehrənin üstünə mindirər, mən də sicimdən bərk-bərk tutar, o da mənimlə əylənə-əylənə işlərdi. O zaman bizim evin xeyli mal-qarası, inəyi, camışı vardı. Odur ki, yaz çıxıb, yay gələr-gəlməz, biz Əyindən çıxıb daha yuxarılara, otlu-çiçəkli dağlara qalxardıq. Mən evin tək oğlu kimi ərköyün böyüyür, bir cüt meşə göyərçini (alabaxta) balasını əzizləyib saxlayır, onlara dən-su verib, yavaş-yavaş əhliləşdirirdim. Bəzən də alaçığımızın çətənindən nazicək bir qamış çəkib, iti bıçaqla xəlvəti əlləşər, əlimi kəssəm də, özümə bir islıq düzəldər, ovurdlarımı şişirdə-şişirdə hey çalar, ətrafa səs salar, dağlardan qayıdan əks-sədalara qulaq asardım.

Yadımdadır, biz təkevli kimi, ayrıca düşərdik. Öz mal-qarasını yam-yaşıl otlaqlarda otaran tək alaçığın Sarıbaş adlı möhkəm zəncirdə saxlanan havalı bir köpəyi vardı. Bəzən mən bu köpəyə ehtiyatla yal tökər, tezcə də qaçıb bir kənarda dayanardım. Başqalarına azar verməsin deyə, gündüzləri Sarıbaş zəncirdə saxlanar, qaranlıq qovuşandan sonra açılıb buraxılardı. Bu havalı köpək bizim alaçığın həndəvərinə nəinki oğru-əyrini buraxmaz, az qala, bir quşun belə səkməyinə yol verməz, necə deyərlər, qurd basardı. Yalquzaqla üzləşən Sarıbaşın yaralı qayıtdığı vaxtlar da olardı…

Bizim Əyində cəmi on-on iki ev-tüstü vardı. Buradakı evlər də, tüstülər də iki yana bölünmüşdü. Orta bulağın sağ yanında yoxsullaşan hacılı bəyləri, sol yanında isə rəiyyət tərəfi yaşayırdı. Bizlərin – rəiyyət tərəfin tutduğu torpaq bu ətrafın böyük mülkədarlarından sayılan Danzaver Sultanovlara məxsus idi. Sultanovların Əyindən başqa bir neçə kəndi, bir də Qafanda mis mədənləri vardı…

Bir gün – təqribən mənim altı-yeddi yaşım tamam olar-olmaz əmim kəndin “qurd ağzı mollası”nı çağırdı, bizim qara damın böyründəki təkpəncərəli balaca otaqcanı göstərib:

– Bax, Molla Kərim, – deyə öz qərarını bildirdi, – mən buranı bizim Süleymanın xətri üçün məktəbə verirəm. Süleymanı da oxut, bu obadan kim istəsə, onun uşağını da!..

Yadımdadır, əmimin açdığı bu “mədrəsə”yə hər evdən bir nəfər olmaq şərtilə on-on iki baldırıaçıq uşaq toplandı. Molla Kərim dərsə başladı… Biz dizüstə höccələyə-höccələyə çərəkədən dərs keçir, sirinsəmiş gərməşov çubuğunun gücünə “Quran”ın cüzlərini – ayələrini əzbərləyirdik. Mən zehinli idim… Molla deyəni hamıdan tez alırdım. Bir neçə ilə “Quran”ı qurtarandan sonra Şeyx Sədinin “Gülüstan”ınından dərs keçməyə başladıq. Dörd il sonra bir gün molla mənim əlimə bir qarğı qələm verib, bu sözləri yazdırdı, daha doğrusu, şəklini çəkdirdi:

“Məşq-biqond bi bina başəd,

Gərçi övlad-Mustafa başod” – yəni qəndsiz, şirnisiz məşq binasız olar, gərçi peyğəmbər övladı olmuş olsa da…

Molla mənim baş barmaqlarımı nazik sapla bir-birinə bitişdirib çataqladı, cızılan kağız parçasını da barmaqlarımın üstünə qoyub, məni əmimin yanına göndərdi. Əmim əlimin daha qələm tutduğunu başa düşüb, xeyli sevindi. Barmaqlarımı açdı, ovcuma bir göy beşlik qoydu. Mən də qaça-qaça gəlib beş manatı mollaya verdim. Axşamına əmim plov bişirtdirib molla Kərimi qonaq çağırdı. Söhbət mənim oxumağımdan, yazmağımdan getdi. Bir müddət sonra molla əmimə bildirdi ki, daha mən Süleymanın dərsini çatdıra bilmərəm.

– Niyə, molla Kərim?

– Düzü, Allahverdi, mənim bildiyim buracandı!

Əmimi nigarançılıq götürdü. O, özgə molla axtarmağa başladı. Nəhayət, fars dilindən başqa, az-çox ərəbcə də bilən, ancaq rəsmi ruhanilik vəsiqəsi olmadığına görə, başqası kimi rəsmi ruhanilik eləyə bilməyən Səfər adlı ikinci bir müdərris tapdı. Mən bir ilə yaxın molla Səfərin yanında ərəb dilindən, daha doğrusu, sərf-nəhvə aid kitabdan, bir də Hafiz Şirazidən dərs keçdim. Bu dəfə daha öz otaqcamızda yox, bizdən yuxarılarda, dağlarda yerləşən Maç kəndində, əmimin Əsmər adlı bacısının evində qalmaqla oxudum. Əsmər mamanın oğul-uşağı çox idi. Ev qarma-qarışıqlıq idi. Ocağın üstündən sac düşməmiş çörək qurtarırdı. Kim davakardısa, keyfi sazdı, kim mənim kimi fağırdırsa, ac qalırdı. Mən nə ev sahibinin üzlü uşaqları içində baş çıxara, nə də özüm üçün qaçacaq yol tapa bilirdim. Bir gün necə oxuduğumu bilmək üçün əmim Maç kəndinə gəlmişdi. O, mənim korluq çəkdiyimi, ayaqüstə güclə durduğumu görüb acıqlandı, məni də götürüb birbaşa Əyinə döndü.

– Səni Qubadlıya, rus şkoluna aparacağam! – deyə yolda – at üstündə fikrini bildirdi.

1911-ci tədris ilinin payızında – sentyabrın axırı, ya oktyabrın əvvəlində əmim məni yeni səfərə hazırladı. İri, qırmızı xoruzu tutub ayaqlarını bağladı, yəhərin qaşından asdı, atına minib, məni də tərkinə aldı. Biz Əyin kəndindən çıxıb, Sangər dağının ətəyi ilə üzüaşağı düşdük, Bərgüşad çayının sol sahilində yerləşən Qubadlı kəndinə doğru yollandıq. Bu kənd aran olduğuna görə Əyin kimi sərin deyil, bürkülü və isti idi. Xırmanlarda çələklənmiş kehrə hərlənir, ağzı kəmli, yüngülayaqlı dana-dunaların mic dırnaqları sarı bəlimi əzir, arpa, buğdaya nisbətən gec yetişən çəltik tayaları da döyülürdü. Əmim atını ara yolla keçirib qonaqçısı Müseyib Mehralı oğlunun həyətində düşdü. Bizi ilk qarşılayan birçəyi hənalı, donqabelli bir qarı oldu. Hal-əhvaldan sonra əmim xoruzu qucağıma verdi. Biz xırmanların arasından ötüb Qubadlı kəndinin kənarındakı məktəb binasının yaxınlığında ikimərtəbəli evdə yaşayan, Qori seminariyasını bitirmiş Qubadlı kəndinin sakini Həsən bəyin evinə yetişdik… Ucaboylu, qarabığlı, sıx qarasaçlı Həsən bəy bizi evinin üst eyvanında qarşıladı:

– Xeyir ola, lələ?

– Uşağı oxutmağa gətirmişəm, Həsən bəy!

– Niyə bəs belə gec, ay lələ? Nə vaxtdır dərs keçirik, özü də rus dərsi!..

Danışıq qızışınca içəridən göy mahud çuxalı, qırmızıbığlı, topasaqqallı, ucaboylu mötəbər bir kişi çıxdı. Bu kişi əmimi görüncə gülümsədi, onunla salamlaşıb görüşdü, əhvalatı bilib, işə qarışdı:

– Götür, ay Həsən, – deyə qırmızısaqqal kişi təkid etdi. – Allahverdinin uşağını şkolaya götür!

– Axı çox gecdir, Hacı!

– Gec ya tez, Allahverdinin uşağını yanına salıb geri qaytarmaq olmaz ki…

– Bəs uşağ oxuya bilməsə necə, Hacı?.. Dərsini çatdıra bilməsə nə təhər?! Onda bizi yoxlamağa gələn Zəngəzur inspektoruna nə deyək? Bəlkə, uşaq qala gələn ilə, ay lələ?!

– Yox, uşağın vaxtı keçir, – deyə əmim irisümüklü əlini mənim arğaz çiynimə qoydu, – Onsuz da beş ildən artıqdır o mollanın, bu mollanın yanında dərs keçir, hələ də düz-əməlli yazı-pozu bilmir!

Çox çək-çevirdən sonra Həsən bəy mənim ikisinifli, beşillik rus məktəbinə qəbul olunmağıma razılıq verdi… Mən də qucağımdakıları, xoruzu yavaşcadan endirib pilləkənin ayağında yerə qoydum. Biz Müseyib Mehralı oğlunun evinə döndük. Xınalı saçı qıpqırmızı qızarıb, bir qədər də qabaran, qırış sifəti də qapqara qaralan Bahar qarı döşü ata-ata soruşdu:

– Allahverdi qardaş, necə oldu uşağın işi?

– Uşağı şkola götürdülər, Bahar bacı!

– Fikrin nə ola indi?

– Fikrim Süleymanı sənə, səni də bir Allaha tapşırmaqdır.

Mən qarının turşuyan sifətini görüb, mırıltılı səsini də eşitdim… Əmim fərqinə varmadı. O, gecəni Qubadlıda qaldı, sabahı yəhərli atını minib kəndimizə qayıtdı. Mən Maçdan sonra yenə Qubadlıya – “qürbətə” düşdüm. Bu xoşbəxt düzəlişməyin üstündən bir neçə ay keçməmiş, əmimlə atamın arasında ixtilaf başlandı… İkinci cavan arvadından uşaqları olan əmim yosmapapaq qardaşı oğlu Hüseyni özündən ayırdı, ona ağır evdən yüngül bir pay, böyük naxırdan da beş-altı baş mal-qara verdi. Qardaşoğlu ata dam-daşından çıxıb, obanın ucqarına, bir zaman ilin payız fəslində zəvvarları Kərbəla ziyarətinə aparan çavuş Kərbəlayı Heydərin çoxdan xaraba qalan, yanı tövləsiz, qabağı eyvansız tək damına köçdü. Mən hər cümə axşamı dərs qurtarar-qurtarmaz qıjıltılı axan Bərgüşad çayının üstündən asılan qoşa tirli sürüşkən körpünü titrəyə-titrəyə keçib, üzüyuxarı – Əyinə doğru dırmanır, yolumu gözləyən anam Gülsabahın yanına dönərdim… Anam əyin-başımı yuyar, paltarımı dəyişər, şiv qalxan oğlunu öz baxışları ilə oxşayıb sevər, şkolda oxuyan arıq, sarışın oğlu ilə öyünərdi.

Onu da deməliyəm ki, belə gözlənilməz ayrılıqdan sonra mən ilk dönüşümdə ərklə əsl evimizə – əmimin yanına getdim. Ancaq havanı xeyli dəyişən, özümü üşüdən gördüm. Sonra Qubadlıdan gələndə daha birbaş çavuş evinə – öz ata-anamın yanına, çalsız-çəpərsiz sınıq-sökük evə getməli oldum. Bilib başa düşdüm ki, indi daha mən adlı-sanlı Allahverdi Kərbəlayı Qəhrəman oğlunun “tək oğlu”, ya onun “qardaşı oğlu” deyil, ayağı çarıqlı, başı yosmapapaqlı, əyni şal paltarlı, əlləri dür-düyünlü, ovurdu ovurdundan keçən sarışın bir kəndçinin oğluyam…

Acığa düşən əmim torpağın “ətlisini”, münbitini özünə götürüb, daş-kəsəyini qardaşı oğluna vermişdi. Atam indi daha çox çalışıb-çabalamalı idi.

“Oxuyum, oxumuyum?”

– Daha bu gündən, səni özüm oxudacağam! – deyə tərəddüdümü duyan atam inadla səsini qaldırdı. – Biz bir tikə çörəyə möhtac olsaq da, sən uşkoldan qalmayacaqsan!

Anam kədərləndi, atam qəzəbləndi, xırda bacılarımın gözləri mənə zilləndi. Mən dərin fikrə getdim, çünki gözlənilmədən çarx tərsinə çevrilmişdi; mənim kimisi üçün belə bir məktəbdə oxumaq, müəyyən miqdarda pul xərc etmək çox-çox çətin idi.

Daha bizdən yağlı sovqat almayan Bahar qarı evinin yumru çaylaq daşından hörülən divarlarını gəmirməyə başlamışdı. Mən Bahar qarının qeyri-insani, eybəcər sifətini, indi ayrı-ayrı cizgilərdə deyil, bütünlükdə görürdüm. Qarı bişirdiyi aşın bulanıq həlimini belə, mənə vermir, öz evindən qaçırmaq üçün bu qatı həlimi bayıra axıdırdı. Bahar qarı gündə mənə tağalağ boyda bir kömbə verir, onda da üzümə çəmkirib mır-mır mırıldanırdı. Ancaq mən qarının zülmünə dözüb tablaşır, məktəbdən geriyə dönüb Əyinin qalın meşələrinə qaçmır, aclığımı da oxumaqla ötüşdürürdüm. Mən böyük bir dairəni əhatə edən bir neçə yüz bəy, kəndxuda, hampa balalarının içində yaxşı oxuyanlardan biri idim. Görünür, elə bu mənəvi üstünlük də məni tutub burada saxlayırmış… Düz iki il yay tətilini də mən bekar qalmayıb, Bahar qarının özü kimi qapqara mal-qarasını qızmar günəş altında otarmalı oldum… Düz iki il mən cəhənnəmin özünü gördüm, kirpiklərimlə od götürdüm. Külfətinin vəziyyətini ağır görən, oğlunu şkoladan geriyə çəkmək istəməyən inadkar atam, baltasını daha da ovxarlayıb, meşənin dərininə girdi, xərmən kimi açıq bir dairədə qırdığı odunlardan vağ basıb, kömür yandırdı, palıd ağaclarından taxta çıxardı. Atı olmadığına görə öküzlə taxılı, dəni bol olan aşağı aran kəndlərinə daşıyıb, baha-ucuzuna baxmadan dəyər-dəyməzinə satdı, külfətini ac-yalavac qoymaq istəmədi… Ancaq meşəbəyi də aman vermədi, atamla əlbəyaxa vuruşub, üstəlik, boynuna bəsdi dəyincə akt bağladı. Yadımdadır, atamı həftəbaşı Qafan şəhərinə məhkəməyə çağırar, hey onu cərimə edərdilər. Atamın üstünə bağlanan akt nəticəsində minlərlə manat qızılı aşıb ötdü. Yadımdadır, bir gün məktəbdən evimizə dönmüşdüm. Qış tətili idi. Qəflətən bizim yaşadığımız çavuş evinin üstünü yanı yasovullu məhkəmə pristavı aldı. Onlar bir an içində bu evin olub-qalanını töküb-töküşdürdülər. Ancaq bu “variyyətin” içindən pula gedən bir şey tapmadılar. Hər hansı ehtimala qarşı atam bir cüt öküzünü başqa adamın tövləsində gizlicə saxlamışdı. Onlar bizim mal-qara yerləşən bu kəndi qoyub, bəyin əlindən Zəngilan tərəfə qaçan Səfərəli kişinin eynən çavuş daxmasına oxşayan damından bizim bir arıq inəyimizi, iki də arıq danamızı çıxardıb qabaqlarına qatdılar. Bizim kənddə bu heyvanları alacaq müştəri olmadığından, görünür, hara isə satmağa apardılar. Bu heyvanlar bir qədər aralanmışdılar ki, qar tığına batıb yerlərindəcə ilişikli qaldılar. Məhkəmə pristavı ilə yasovul atlarını geriyə səyirdib, atamın üstünə düşdülər. Endirilən şallaqdan kişinin köhnə şal çuxasının tozanağı göyə qalxırdı.

– Birdəfəlik Nikolaya yazmaq lazımdır ki, Hüseyn Rəhim oğlunun Əyin kəndində heç bir xarabası yoxdur!.. Yoxsa, daha bu tüstü nədi, buradan dağa doğru ucaldırsan? Padşah xəzinəsi də elə sayır ki, bəs onun neçə-neçə kisə qızılı Hüseyn Rəhim oğlunda yatır, – deyən atlılar dönüb uzaqlaşdılar.

– Mən istəmirəm ki, ay Süleyman, – deyə atlılar rədd olub uzaqlaşandan sonra qar kimi ağaran, rəngi avazıyan atam qolumdan yapışdı, – sən də mənim kimi bu kəndin içində dost-düşmən gözünün qabağında döyüləsən!.. Mən istəyirəm ki, sənin əlin yaxşı bir qələm tutsun! Ya bu arada mirzə olasan, ya da Bakıya – xalan uşağının yanına gedib, nöyüt mədənlərində telefonçu deyilən dilbilən bir qulluğa girəsən! Ya da hər yerdə ağız dolusu səni tərifləyən Həsən bəy özü səni götürüb apara lap Gürcüstan torpağına! Orada uştellik oxuyub, bu zülmdən öz canını biryolluq qurtarasan! Buna görə də sən bu rus şkolundan ikiəlli yapış! Bil ki, şkolu qoyub, buraya qayıtsan, bir gün sənin də kürəyində qartmaqlı ilana oxşayan bu qara tatarılar gəzəcəkdir! Meşəbəyi köpəkoğlu haqq-nahaq sənə də akt bağlayacaqdır! – Gorus şəhərinə gedib orada dilbilən vəkilə Nikolay padşahın özünə, Qədim dayısayağı ərizə yazdıran atam yanıxa-yanıxa söyləndi. – Məgər padşah bu ərizənin birisini oxumurmu, onun gözləri görüb ağlı kəsmirmi? Axı Hüseyn Rəhim oğlu özünün bir tək baltası ilə od olsa da, bu qədər meşəni qıra bilməz! Görükəni budur; ya mənim vəkil Xanlar bəyə yazdırdığım o tabaq-tabaq ərizələrin heç bircəsi padşaha çatmır, ya da padşahın da başı bizim Sultanovların başı kimi odlu arağa qızışıbdır!

Bəli, üçüncü təhsil ili çatanda inada düşən atam məni sir-sifətindən zəhər damcılayan Bahar qarının zülmündən xilas edib, həmin kənddəki dəmirçi Ağaməmməd uşağının evinə adlatdı. Bu ailədə beş-altı qardaş var idi. Məmmədrza, Əlirza, Ağamirzə, Məhəmmədqulu, Həsənqulu… Elə bil ki, mən birdən-birə cəhənnəmin zəbanə çəkən yaşıl alovundan qurtarıb, cənnətə düşdüm. Buradakı Şəhrəbanı nənə məndən ötrü doğma ana kimi mehriban və əziz oldu. Atam meşədən daşıdığı mis səsi verən ulas kömürü ilə dəmirçi kürəsini bol-bol təmin edir, gecə də, gündüz də, burada haylı-küylü, cingiltili iş gedirdi. Ərik-örüklü kürə hey alovlanır, qızarırdı. Görünür, elə bu mis səsi verən, dəmiri əridən qara kömür də bu ailədə mənə bir ağ gün doğurmuşdu. Mən dərsdən dönəndən sonra belə qaynar işin içində həvəsə düşüb yayxana-yayxana körük basır, xəmir kimi yumşalan dəmir böyük bir zindanın üstünə qoyular-qoyulmaz körüyün arxasından cəld çıxır, başqa bir çəkicdən yapışıb usta Əlirza ilə birlikdə döyəcləməyə başlardım. Bizim qalxıb-enən çəkiclərimiz əsla bir-birinə dəyib toxunmur, ahənglə səslənirdi. Burada öz zəhmətimlə bir yerə gəldiyimə görə, məndə tükənməz bir həvəs özünü bildirdi. Bu evdə mənim qolumun qüvvəsi yamanca artırdı.

Mən dərsdə – Qubadlı məktəbində birinci gözədəyənlərdən idim. Yaxşı oxuduğumu bilən evin böyük oğlu Məmmədrza mənə qarşı ata qədər qayğıkeş olmağa başlamışdı.

– Süleyman, oxu, sən oxu! – deyə o, məni diqqətlə süzüb oxşayır, özümü oda-közə atdığımı, minnətsiz çörək yemək istədiyimi hiss edib, gülümsəyə-gülümsəyə ürək-dirək verirdi. – Sən təkcə Hüseyn Rəhim oğlunun yox, biz qardaşların da oğlusan! Biz hamılıqla köməkləşib səni oxudacağıq! Həsən bəy özü də biz qardaşların xətir-hörmətini sizin o yuxarılardan boylanan Səngər dağınca istəyir. Pul-pənədən düzəldərik, təvəqqə edərik lap Həsən bəyə, səni öz oxuduğu Gürcüstana aparar, özü oxuyan şəhərdə sən də onun kimi uştellik dərsi oxuyub, qayıdarsan buraya, gözümüzün qabağına.

Mübaliğəsiz deyirəm, getdikcə məktəbdə mənim şöhrətim artır, oxumaqda adım-sanım çıxırdı. Buna görə də anam Gülsabah mənim ilk müdərrisim Kərimə bir neçə nəzər duası yazdırıb arxalığımın kürəyinə tikmişdi.

– Qoy yaman gözə iti bıçaq batsın! – deyə anam öz gələcək səadətinə inanmır, ürəyinə dammış kimi ağlayırdı. Yəni odunçu, kömürçü oğlundan uştel olar, ya mirzə çıxar?!

Beləliklə, iki il mən dəmirçi qardaşların evində qaldım. Həsən bəy də, buraya dərs deməyə gələn Nadejda adlı arğaz vücudlu, uzun, qara tumanlı müəllimə də məni başqalarına nümunə göstərir, qiymətləndirirdilər. Puşkinin, Lermontovun, Krılovun IV-V sinif dərsliyinə daxil edilən şeirlərindən Nadejda bizə oxutdururdu. Mən Puşkinin “Qafqaz” şeirini daha gözəl oxuyurdum.

– Bax belə, qoçaq Süleyman! – deyə Nadejda daraqlı başını tərpədirdi. – Ot-liç-no!..

Beşinci ilə adlayanda atam da, ev sahibləri də gördülər ki, daha belə hay-küylü dəmirçixanada dərs hazırlamaqla məktəbi əla qiymətlə qurtarmaq çətindir. Buna görə də atamla Məmmədrza məsləhətləşib, məni məktəbin yaxınlığına, Həsən bəyin öz hesabına tikilən yataqxanaya köçürdülər. Yataqxana deyilən yer, içi torpaq, cərgə ilə uzanan dörd-beş göz otaqcadan ibarət idi. Burada nə dəmir, nə də taxta çarpayı var idi. Hər kəs öz evindən gətirdiyi palaz parçasını (varlı uşaqlar xalçasını) yerə sərib oturar, gecələri də öz yorğan-döşəyini buraya sərib yatardı. Bu mənzildə gündə birimiz növbətçi olar, çay hazırlar, sil-süpür edərdik. Əlbəttə, burada mənzil edib oxumaq nə qədər asan olsa da, yoxsul balası üçün varlı evin uşağı ilə bir yerdə qalmaq çox çətin idi. Çünki varlı evlərdən vaxtaşırı barxana gətirilir, onların uşaqları üçün bir toy-bayram başlayırdı. Bu uşaqlardan hansı birisi məni öz süfrəsinə dəvət etsə, hörmət etsə belə, yenə də mən sıxılırdım. Əksərən belə yemək-içmək zamanı mən gözdən yayınmağa, mənzildən bir kənara çıxıb dərslərimi hazırlamağa başlayar, yoxsulluğu özümə dərd edib, bədbinliyə qapılmazdım. Lakin hər şeydən artıq məni sıxan o idi ki, başqalarının ataları buraya kişnər köhlən belində, geyimli-gecimli, mahud çuxalı, uzunboğaz çəkməli, yanı tazılı-tulalı, əllərinin üstündə qızıl quş gəldiyi halda, atam çiyni xurcunlu, əli ağaclı gələr və onun yırtıq-yamaqlı pal-paltarı məni məngənə arasına alıb sıxardı. Burada mənim üçün vahid təsəlli yuxarıdan Zəngəzur qəza inspektoru gəldiyi zaman qabağa verilməyim, məktəbin üzünü ağardan şagirdlərdən biri olmağım idi.

Varlı uşaqlarının cibində kişmiş-noxud, mənim kimi tək-tək yoxsul balalarının cibində buğda qovurğası olardı. Xatırımdadır, məktəbdə forsla geyinib gəzinən cır-cır çəkməli bəy balaları ilə ayağı çarıqlı rəiyyət uşaqları arasında bəzən dava düşərdi. Ancaq məktəb müdiri Həsən bəy duyuq düşüncə, belə savaşa yol verməz, dava-şavanın qabağını alar, şagirdləri kim olduqlarına görə yox, məhz necə oxuduqlarına görə qiymətləndirər, bir sinifdə iki, bəzən üç il qalan bəy balalarını xoşlamaz, bir çox halda, xüsusi ədavətə səbəb olsa belə, ədabazları məktəbdən çıxarıb qovardı. Həsən bəy əlaçı şagirdləri öz doğma övladı kimi sevər, yoxsul balalarını ictimai işlərə cəlb edər, məktəbin səliqə ilə salınan yeni gözəl meyvə bağında çalışanda, onlardan bəy balalarının üstünə başçı təyin edərdi. Müəllimlərdən birisi xəstələnəndə aşağı siniflərdə onu əvəz eləyən şagirdlərdən birisi də mən idim. Elə bu hal da mənə mənəvi zövq, möhkəm qol-qanad verib, gözü-könlü tox edirdi.

1917-ci ilin qış tətili bitincə mən məktəbə dönüb gördüm ki, gündə qarşısında dayanıb, “əziz ömrünə” bir ağızdan dua oxuduğumuz Nikolay padşahın şəkli məktəbin zirzəmisinə atılıbdır!.. Həmin ili başa vurmamış məktəb yarımçıq bağlandı, sevimli müəllimimiz Həsən bəy bir il sonra, “boğaz ağrısı” deyilən xəstəlikdən öldü… Mən oxumaqdan ümidimi üzməli, daha da yoxsullaşan atamın təsərrüfat işinə kömək etməli oldum; Əyində yerləşdiyimiz çavuş komasında qaldım. Savadım heç yanda kara gəlmədi. 1917-ci ilin yazından 1920-ci ilin payızına qədər öz kəndimizdə, elə də qaçqın olduğumuz zaman, Qubadlı, Qazıyan, Sarıl, Məmmədbəyli, Ağalı, Dəmirçi-Dondarlı, Xallava və Qayalı kəndlərində naxırçılıq edib, dərə-təpədə mal-qara otarmalı oldum. Bu illər bizdən ötəri olduqca ağır keçdi. Anamız Gülsabah öz gözəl qızı Səriyyə ilə Qubadlıda – vaxtilə mən qaldığım dəmirçi evində yatalaq xəstəliyindən öldü, biz öksüzləşdik, böyüklü-kiçikli yetim qaldıq. Bu dar gündə Allahverdi əmimlə yaxınlaşdıq, ötənləri unudub barışdıq, təzədən bir yerə qarışıb, bir ailə olduq… Bu vaxtlar əmim yenə mehribanlıq edir, sanki öz hərəkətlərinin peşmançılığını çəkirdi. Biz – böyük ailə bir neçə il bir yerdə mehriban yaşadıq, kəndimizə dönəndən sonra da mehribanlıqla ayrıldıq, hərə özünə yenidən yurd-yuva düzəltdi. Bundan sonra mən də, atam da qocaman əmimizə çox hörmət edər, ona dayaq durardıq.

Bəli, bu ağır illər ərzində mən nə əlimə qələm götürdüm, nə bir qəzet-jurnal üzü gördüm, nə də bir dəftər-kitab səhifəsi açıb vərəqlədim… Mənim idarə işim dağda-daşda, pöhrəlikdə, meşəlikdə mal-qara otarmaq oldu. Bəzən məktəb yoldaşlarımdan birini yəhərli atın üstündə yoldan əda ilə keçən görürkən, əynimin cır-cındırını ona göstərməmək üçün cəld qaçıb uzaqlaşdığımı, kol-kosa dürtülüb gizləndiyimi heç vaxt unuda bilmərəm. Mənim günümü belə görən bisavad naxırçı yoldaşlarım bu qəribə vəziyyətə qarşı hiddətlənib kədərlənirdilər.

– Qulluğa get, Süleyman, bir dəftərxanada mirzəlik eləyib, bunların acığına sən də yəhərli at min! – deyə məni dövrəyə alır, fərasətsizlikdə müqəssir görüb, mətləbin dərininə enmək istəmədən, az qala, məni didirdilər. Kim bilir, bəlkə də, mənim naxırçı qardaşlarım təəssübkeşlik göstərirdilər. – Yoxsa belə fağır olsan, dünyaca savadın olsa da, nə o meşədən, nə də bu kol-kosdan yaxanı qurtara bilməyəcəksən!..

Ancaq nə bu xəlvətlərdən çıxmaq, nə də bu cır-cındır ilə qənşərə durub, mirzə olmaq istəyirdim. Həmin bu illər təkcə məndən ötəri yox, bütün ailəmiz üçün çox ağır illər kimi gəlib keçdi. Mən taleyin ədalətsiz hökmünə nifrət bəslədim, ancaq tək-təkinə nə edə bilərdim?!

Nəhayət, 1920-ci ilin payızına dönən baş əmimgillə Qayalı kəndində olduğumuz zaman, axşam ocağı dövrəyə aldığımız bir vaxtda atam söz açıb bildirdi ki, bəs günü sabahdan səni Qubadlıya, təzə divan dəftərxanasına aparacağam.

– Nəyə? Nədən ötrü? – Qoca əmim maraqlandı, – Xeyir ola, Hüseyn?

– Deyirəm, Süleyman şura qulluğuna getsin!

– Bəs bu dana-dunaları kim otaracaqdır? – Mən atamın birdən-birə araya atdığı bu təklifin müqabilində heyrətlə dilləndim. Sanki həyatda özüm üçün gərəkli bir iş tapdığıma görə, başqa bir söz eşitmək istəmirdim. – Mənsiz canavarlar heyvanları pardaxlayar, – deyə əlavə edib udqundum, bir növ sarsılıb dayandım.

– Biz səni naxırçılıq üçün oxutmamışıq! – deyə əmim başını qaldırdı. – Dana-dunanı özümüz yola verərik.

Orta ocağın yan-yörəsini bürüyən bacılarımın, əmim qızlarının arasında danışıq getdi. Kərbəlayı Xatun nənə qarışıq hamı atamın sözünə qüvvət verdi. Zarafat deyildi, çölün naxırçısı divan dəftərxanasına – hökumət qulluğuna gedirdi.

Görünür, bizim ailəyə görə bu addım, böyük külfətdən bir adamın meydana çıxması, uçub tökülən barının bərpa olunub, yenidən ucalmağı idi! Nə isə, mən bütün gecəni yatmadım, düşündüm: “Nə mirzə, hansı mirzə? İndi mən nəyi bilirəm, nəyi unutmuşam?” Sübhə yaxın arğaz vücudla büzüşüb yenicə yuxulamışdım ki, atam məni dümsükləyib qaldırdı. İkimiz də astaca geyindik. Əmim də qurcalanıb yerindən qalxdı, pal-paltarını əyninə aldı, xeyir-dua əlaməti olaraq bizi – ata ilə oğulu yola saldı.

Hava işıqlananda Mahmudlu kəndinin alt qırağından ötüb Bərgüşad çayının kənarı ilə gah atamla yanaşı, gah da atam irəlidə, mən geridə addımlayıb, payızın solğun günəşi seyrək dumanın içindən qalxınca, neçə il əvvəl oxuduğum məktəb binasının indi uçan divarlarının yanından ötüb özümüzü kəndin ortasındakı balaca otaqcada yerləşən Nahiyə İnqilab Komitəsinin həyətinə yetirdik. İşə yenicə gələn qarabənizli İlyasoğlu bizi həyətdə qarşılayıb:

– Deməli, Hüseyn, oğlunu götürüb gəlmisən? – deyə məni ayaqlarımdakı köşəli çarıqlarımdan tutmuş, ta boz quzu dərisindən tikilən yosma papağıma qədər süzdü.

– Gətirmişəm, Qara qardaş! Buna da öz yanında mirzə qulluğu ver!.. Elə mən neçə aydır fikir verirəm ki, Şura hökuməti beləsi üçün gəlibdir!

– Savad barəsində necəsən? – deyə İlyasoğlu üzünü mənə tutdu. – Yazmaq-pozmaq barəsində nə təhərsən?

– Düzü, dörd ildən artıqdır ki, Süleyman əlinə nə qələm götürüb, nə də dəftər-kitab açıb, – deyə mənim tutulduğumu görən atam dilləndi. – Heç bilmirik, yadında nə qalıb, nə çıxıbdı.

– Bəs belə nə üçün? – deyə İlyasoğlu başını buladı.

– Savad gərəyinə gəlməyibdir, – deyə Hüseyn qeyzləndi. – Bir də zəmanə! Ay Qara, özün də əcəb bilirsən ki, o, bizim başımızı o qədər bu daşdan-o daşa çırpıb!.. Hamımızı yurd-yuvamızdan elə didərgin eləyib, dərbədər saldı ki… Ancaq indi-indi, şura gələli dirçəlirik…

İki qızını, bir də anamız Gülsabahı itirən atam ötən günlərə qarşı kükrəyib, yeni günəşi alqışladı.

– Allaha min şükür olsun ki, bu şura lap özcə vaxtında biz qaçqınların dadına çatdı! Mən elə bax, sizin bu qapının başına sancılan bu qırmızı bayrağın üstündəki oraq-çəkicdən bilmişəm ki, bu hökumət yer üzündə bizim üçün əmələ gəlibdir!

Söhbət edə-edə biz otaqcaya girdik. İlyasoğlu bir parça ağ kağızı mənə tərəf uzadıb dedi:

– Al, bir ərizə yaz görək.

Mən kağızı titrəyən əlimlə tutub:

– Nə yazım, Qara əmi? – deyə udquna-udquna soruşdum.

– Yaz ki, mən, Süleyman Hüseyn oğlu Nahiyə İnqilab Komitəsində qulluq eləmək, oraq-çəkic nişanlı fəhlə-kəndli hökumətinin dəftərxanasında sidqi-ürəklə mirzə olmaq istəyirəm!..

Bu sözlərdən gözlərim yaşarıb toranlaşdı. Mən qorxdum ki, hər şey birdəfəlik yadımdan çıxmış ola, açılan mirzəlik qapısı birdəfəlik üzümə bağlana! Dörd ildən artıq xaraba yerlərdə mal-qara otarmaq, alaqaranlıqdan kövşənə dana-duna qovlamaq, ailəliklə bir cır-cındır yorğanın altında büzüşüb yatmaq, kimi desən savaddan, kitab-dəftərdən uzaqlaşdırmazdımı? Yox, yox, mən qələmi qorxa-qorxa mürəkkəbə batırıb, kağızın üstünə gətirdim. Qara əmi deyən sözləri iri qarışıq hərflərlə də olsa, yazdım. İlyasoğlu kağıza baxıb başını bulayınca, – Zəmanə gör-götür zəmanəsidir, – deyə Hüseyn ayaqlarını yerə dirədi, – dəftərxana məktəbxanadır, Qara qardaş!

– Bəlkə, ay Hüseyn, hələlik uşaq uçrevkomun yabılarına baxa, – deyə İlyasoğlu əllərini ovuşdurdu. – Düzü, Süleymanın bu cızma-qarasından heç yanda baş çıxaran olmaz!

– Onda elə Süleyman özümüzün beş-üç dana-dunamızı, qayalıqdakı qonum-qonşunun dana-dunasını otarar, – deyən atam irəliyə addımladı. – Yox, yoldaş Qara, yox! Bax, bu qapı üstündəki bayraqda çəkicdən savayı, oraq da vardır!..

– Axı bisavaddan mirzə olmaz! – deyə atamın hirsləndiyini görən İlyasoğlu kişinin qəlbinə toxunmamaq üçün gülümsədi. İlyasoğlunun ərəbə oxşar dodaqları arasında dümağ dişləri cərgələndi. – Fəhlə-kəndli hökumətinə də savadlı mirzə gərəkdir, Hüseyn!

– Nə qədər ki, hökumət bizimdir, biz özümüz bilərik! Süleyman da bu dəftərxanada yaza-yaza öyrənər. Yoxsa indi də savadı olan bəy balası mirzəliyə soxulsa, bu dəftərxanalara da bəy balaları doluşsa, daha bu qan-qada nədən ötəri idi?!

Xülasə, İlyasoğlu məni işə götürdü. Mənim vəzifəm idarəyə gələn kağızları böyük bir dəftərə salmaq, sonra da iri bir cildin arasına yığıb İlyasoğluna təqdim etmək, burada qalası kağızları işə tikmək, bir də kənd inqilab komitəsinə aid bəzi kağızları yazıb, İlyasoğluna imza atdırıb, aidiyyəti üzrə yola salmaqdan ibarət idi. Əvvəlcə mənə Qubadlı məktəbini qurtarıb, Bakıda bir az işləmiş öz kəndlimiz Hüseynəli kömək etdi. Bu iş çətin olsa da, mirzəlikdən əl çəkmədim, yavaş-yavaş işə alışdım, əlimə düşən kitablardan, bizim Nahiyə İnqilab Komitəsinə gələn broşürlərdən oxudum. Mən Şura hökumətinin birinci böyüyü Leninin dediklərini oxuyub öyrənmək istədim. Leninin şəklinə baxır, onun yazdıqlarından ağır-ağır, düşünə-düşünə oxuyurdum. Mən o zaman Lenini yaxşı-yaxşı oxuyub, layiqincə başa düşə bilməsəm də, onun dedikləri mənə çatırdı. Burada mən tədriclə də olsa, yenidən dirçəlib dilavər oğlan oldum. Pal-paltarımı da dəyişib, saçı səliqə ilə daranan şura mirzəsinə çevrildim.

1921-ci ilin may ayında bir dəstə adamı Xanlıq kəndində (o zaman Xanlıq kəndi Qubadlı qəzasının mərkəzi idi) sınıq-salxaq, üstüaçıq bir maşına doldurdular. Maşın Kəyan deyilən düzənə tərəf dırmanıb, güc-bəla ilə Cəbrayıla – böyük çinarın dibinə çatdı. Biz burada gecələyib, sabahı günü taraq-turuqla yol gedib, axşamüstü Qaryaginə, üçüncü gün isə Ağdama yetişdik. Ağdam deyilən şəhər bir neçə ikimərtəbəli binadan, bir də qamışdan qurulan xırım-xırda dəyələrdən ibarət idi. Bizim maşın “iki ayağını bir başmağa dirəyib” Qarqar çayının lilinə batdığı üçün, biz buradan o yana kəl arabası ilə Şuşa şəhərinə üz tutduq, Xanlıqdan çıxanın dördüncü günü dağ üstündə dayanan Şuşa şəhərinə yetişdik. Burada bizi ətraf rayonlardan göndərilən müdavimlərlə birlikdə siyahıya alıb, altıaylıq kursa qəbul etdilər. Şuşa şəhərində açılan bu kursda biz həvəslə oxumağa, deyilənləri öyrənib, əzbərləməyə başladıq. Bizim burada korluq çəkdiyimiz, bəzən ac qaldığımız günlər də az olmurdu. Nə etmək? Çarə axtardıq, Cıdır düzü tərəflərdə dikələn meyvə ağaclarına göz yetirdik. Yox-yox, ağına-bozuna baxmadan, yaşıl yarpaqlar arasında güclə seçilən çiçəkburnu meyvələrdən yoluşdurub, turş-göy almaları yeməyə başladıq. Gündə bir dəfə bizə verilən bir çömçə lobya suyu ilə ötüşə bilmirdik. Yay fəsli girəndə Şuşa şəhərinin ətrafında qaralıb, yetişən böyürtkənlər bir növ dadımıza çatdı. Üstəlik, Xan qızının ehsan üçün qoyub getdiyi tut ağacları da bizim gərəyimizə gəldi. Biz irigövdəli tut ağaclarına dırmanır, qanadlı quş kimi budaqdan-budağa atılır, ağ-göy tutları dənləyib yeyir, qabağımıza düşənlə qarnımızı doldurub, aclığa aman vermir, dərsdən qalmır, oxuyurduq. Mən altıaylıq Şuşa pedaqoji kurslarında yaxşı oxuyan, axıra yaxın əla qiymətlə nümunə dərsi deyən müdavimlərdən biri oldum. Bir neçə aydan sonra vəziyyətimiz yaxşılaşdı, biz aclığın daşını atdıq. Əyin-başımızı da düzəldib, sir-sifətə gəldik. Düz altı ay sonra bizə müəllimlik vəsiqəsi verib, Mahbəyli arabasına doldurub geriyə göndərdilər. Vəsiqəmlə tanış olan Qəza Maarif Şöbəsi müdiri Ağalar Hacızadə məni Qubadlı qəzasının mərkəzi sayılan Xanlıq kəndində yeni açılan məktəbdə saxladı. Mən atamın, dəmirçi qardaşlarımın arzu etdikləri “uştel” oldum. Bu zaman Əyindən Xanlıq kəndinə mənimlə görüşməyə gələn atamın bir gün məktəb həyətinin bir kənarında dayandığını, boylanıb açılan pəncərədən gəzinə-gəzinə necə dərs dediyimə zənlə baxdığını gördüm… Düzü, atamın bu işindən xoşlanmadım, qıvrım saçlı başımı buladım, tənəffüs zamanı onunla yaxınlıqdakı mənzilimizə girdim.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации