Текст книги "Amerika faciəsi "
Автор книги: Теодор Драйзер
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 13 страниц)
Lakin həyatda yüksəlmək üçün nə qədər çoxlu imkan var, onun ətrafında nə qədər firavan yaşayan xoşbəxt insanlar var. İndi o, nədən başlamalıdır, nəyə əl atmalıdır? Özünə nə cür yol seçməlidir? Hansı iş, hansı sənət onun irəli getməsinə, yüksəlməsinə kömək edə bilər? O cavab tapa bilmirdi. O nə edəcəyini bilmirdi. Onun ata-anası olan bu qəribə adamlar isə kifayət qədər məlumatlı və bilikli olmadıqlarından ona heç bir məsləhət verə bilmirdilər.
III FƏSİL
Bir hadisə Qrifits ailəsinə son dərcə ağır təsir göstərərək Klaydı məhz o əməli bir qərara gəlmək istədiyi zaman daha da pərişan etdi: onun bacısı Esta (Klayd ilə bacısı arasında xasiyyətcə ümumi cəhətlər az olduğuna baxmayaraq, o, bacısına son dərəcə bağlı idi) yerli teatra, qastrola gələn və ötərgi bir hiss ilə Estaya bənd olan bir aktyora qoşulub evdən qaçdı.
Demək lazımdır ki, Esta ciddi əxlaqi tərbiyə və bəzən hətta dini vəcdə qapıldığına baxmayaraq, nə istədiyini özü də bilməyən, öz hisslərinin əsiri olan zəif iradəli bir qız idi. Estanı əhatə edən mühit ona tamamilə yad mühit idi. Adamların dinə yalnız sözlə riayət edən böyük əksəriyyəti kimi Esta özü belə hiss etmədən lap uşaqlıqdan dinin bütün ehkamlarını əzbərləmiş, lakin hər gün təkrar edilən bu sözlərin mənasını bu günə qədər başa düşməmişdi. Ata-anasının öyüd-nəsihətləri, qanun və “dini ehkamlar” onu müstəqil düşünmək zərurətindən azad edirdi və digər nəzəriyyələr, digər mülahizələr, xarici və daxili təkanlar, bütün bunlarla üz-üzə gəlib toqquşana kimi Esta kifayət qədər möhkəm müdafiə altında idi. Lakin əvvəlcədən demək olardı ki, belə bir toqquşma baş verən kimi, onun öz daxili əqidəsinə əsaslanmayan və onun xasiyyətindən nəşət etməyən bu dini etiqadlar ilk zərbəyə belə davam gətirə bilməyəcəkdir. Qardaşı Klayd kimi Estanın da fikri və hissləri, dini cəfakeşlik və fədakarlıq ideyaları ilə heç uyuşa bilməyən eşq və məhəbbət, xoş və yüngül həyat ətrafında dolaşırdı. Onun bütün daxili aləmi, bütün arzuları dinin bu tələblərinə zidd idi.
Lakin Estada Klaydın təbiətinə xas olan qüvvət və müqavimət göstərmək qabiliyyəti yox idi. Esta passiv təbiətə malik bir qız idi, onu yalnız dumanlı bir sürətlə qəşəng paltarlar, şlyapalar, tuflilər, lentlər və bu qəbildən digər şeylər cəzb edir, dini etiqadlar isə ona belə şeyləri arzulamağı yasaq edirdi. Səhərlər və gündüzlər dərsdən sonra, yaxud axşamlar Esta uzun və gurultulu küçələrdən keçib gəlirdi. Qol-qola gəzən və gizli sirlərini bir-birinə söyləyən qızlar onun xoşuna gəlirdi, gənc oğlanlar da onun xoşuna gəlirdi, bu gənclərin dəcəlliyi və əyləncəli nadincliyi gənc bir məxluqun fikir və hərəkətləri altında gizlənmiş sövqi-təbiidən xəbər verir, özünə tay axtarıb tapmaq istəyən inadlı bir sövqi-təbii hissinin qüvvətini büruzə verirdi. Esta bəzən tin başında və yaxud qapı ağzında cüt-cüt dayanmış aşiqləri gördükdə və yaxud macəra axtaran birisinin ehtiraslı və sınayıcı baxışlarına rast gəldikdə, onun öz varlığında bütün gözlə görünən və cismən hiss edilən, göylərin vəd etdiyi qeyri-cismani şeylərdən tamamilə uzaq olan həyati sevinclər üçün tutqun bir həyəcan və əsəbi bir titrəyiş baş qaldırırdı.
Gənclərin baxışları isə gözə görünməyən şüalar kimi onun bütün varlığına nüfuz edirdi, çünki o, yaraşıqlı bir qız idi və gündən-günə daha da cəlbedici olurdu. Gənclərin əhvali-ruhiyyəsi onun qəlbində öz əks sədasını tapır və onun daxilində dünyadakı bütün əxlaqlı və əxlaqsız hərəkətlərin əsasını təşkil edən dəyişdirici kimyəvi reaksiyalar doğururdu.
Bir dəfə o, məktəbdən evə qayıdarkən, şıq görkəmli bir gənc onunla danışmağa başladı, sanki Esta bütün görkəmi ilə o gənci belə bir hərəkət etməyə dəvət edirdi. Estanı bu hərəkətdən saxlaya biləcək qüvvələr çox zəif idi. Çünki o, ehtiraslı olmasa da, tez güzəştə gedən bir qüvvətə malik idi. Bununla belə evdə ona ismətini qoruması üçün, təmkinli və məsum olması üçün, elə bir ciddi tərbiyə verilmişdi ki, hər halda o, indi o saat günah işləmək təhlükəsindən uzaq idi. Lakin bu birinci hücumdan sonra digər hücumlar başlandıqda Esta artıq ona göstərilən bu nəvazişləri qəbul edir və yaxud əvvəllərdə olduğu kimi tez qaçıb getmirdi, beləliklə, aldığı tərbiyənin onunla həyat sevincləri arasında yüksəltdiyi təmkinlik hasarı yavaş-yavaş uçub dağılmağa başladı. Esta yavaş-yavaş sirlərini ürəyində saxlamağa və sərgüzəştlərini ata-anasından gizlətməyə başladı.
Bəzən elə olurdu ki, gənclər onun etirazlarına qulaq asmayaraq Estanı evlərinə qədər ötürür, onunla söhbətə girişirdilər. Bu gənclər onları özündən rədd etmək üçün əvvəllər Estaya kömək edən həddindən artıq qorxaqlığa, ürkəkliyə qələbə çaldılar. Esta yeni görüşlər arzulamağa, gözəl, qayğısız, sevincli bir məhəbbətin həsrətini çəkməyə başladı.
Beləliklə, bu arzular onun üzərində yavaş-yavaş, lakin qarşısıalınmaz bir şiddətlə, getdikcə dərindən kök salmağa başladı və axırda da bu aktyor meydana çıxdı, bu aktyor isə şöhrət düşkünü, yaraşıqlı və qaba kişilərdən biri idi ki, belələri yalnız yaxşı geyinməyi bacarır, zahirən gözləri qamaşdırır, lakin heç bir əxlaqa, zövqə, nəzakətə heç olmasa, həqiqi bir şəfqət hissinə belə malik olmurlar, lakin bu aktyor bir kişi kimi cazibədar idi və buna görə də bir neçə görüşdən sonra bircə həftənin içərisində Estanı elə sərməst etdi ki, qız tamamilə aktyorun iradəsinə tabe oldu. Aktyor isə əslində, Estaya qarşı, demək olar ki, laqeyd idi. Bu bayağı adam üçün Esta sadəcə bir neçə incə sözlə yoldan çıxarılması mümkün olan bir çox yaraşıqlı, hissiyyatsız, təcrübəsiz, yelbeyin qızlardan biri idi, bunun üçün yalnız aşiq donuna girmək, yağlı dil tökmək, evləndikdən sonra xoşbəxt, firavan bir həyat sürəcəklərini və müxtəlif yerlərə səyahət edəcəklərini vəd etmək kifayət idi.
Lakin eyni sözləri həmişə sadiq qalan həqiqi bir aşiq də deyə bilərdi. Aktyor isə Estanı inandırmağa çalışdı ki, o ancaq hər şeyi buraxıb onunla getməli və yubanmadan dərhal onun arvadı olmalıdır. Aktyor qızı dilə tuturdu: bir-biri üçün yaradılmış iki adam bir-birinə rast gələrkən işi uzatmağın nə mənası var? Burada, bu şəhərdə onların evlənmələri üçün maneçilik törədən əngəllər vardır – o, bu maneçiliklərin məhz nədən ibarət olduğunu izah edə bilmir, bu məsələ onun dostları ilə əlaqədardır; lakin Sent-Luisdə onun keşiş bir dostu vardır – bu keşiş onların kəbinini kəsə bilər. Estanın hələ heç vaxt görmədiyi yeni, qəşəng paltarlara sahib olacaq, xoş macəralar və məhəbbət görəcəkdir. Esta onunla bərabər səyahətə çıxacaq və bu böyük dünyanı gəzəcəkdir. Estanın heç bir qayğı və nigarançılığı olmayacaq, o yalnız öz ərinin qayğısını çəkəcəkdir… Esta üçün bütün bunlar həqiqi bir ehtirasın sözlə ifadəsi idi və bu sözlər ona bir həqiqət kimi görünürdü, aktyor üçün isə bu sözlər qızları yoldan çıxarmaq üçün işlətdiyi köhnə və əlverişli bir üsul idi ki, o əvvəllər də bundan müvəffəqiyyətlə istifadə etmişdi.
Buna görə də gah səhər, gah gündüz, gah da axşamlar fürsət tapıb görüşdükləri bu bir həftə ərzində çox da böyük məharət tələb etməyən bu cadugərlik müvəffəqiyyətlə başa çatdı.
Bir dəfə aprel ayında, şənbə günü, Klayd axşam evə çox gec qayıtdı (o hər şənbə günü keçirilən dua yığıncağında öz vəzifəsindən canını qurtarmaq üçün bu gün xeyli gəzmişdi) və ata-anasını böyük təlaş içərisində gördü: Esta yox olmuşdu, bugünkü dua yığıncağında Esta həmişəki kimi orqan çalmış və elə bil, özünü həmişəki kimi aparmışdı. Sonra o əhvalının pis olduğunu söyləyib bu axşam tez yatacağını bildirmiş və öz otağına çəkilmişdi. Gecə saat on birdə Klayd evə qayıdan zaman ana təsadüfən Estanın otağına baş çəkmiş, qızı nə onun öz otağında, nə də başqa bir yerdə tapa bilməmişdi. Otaqdakı bəzi dəyişikliklər – paltarların, bəzi xırda-para şeylərin, köhnə çamadanın yox olması – ananın diqqətini cəlb etmişdi. Bütün evi axtardılar, Estanı heç bir yerdə tapa bilmədilər, o zaman Eysa çölə çıxdı, küçənin o başına gedib geri qayıtdı. Esta bəzən təkbaşına gəzməyə çıxar, yaxud boş vaxtlarında missiyanın pəncərələri altında oturardı.
Lakin bu axtarışlar da bir nəticə vermədi. Klayd atası ilə bərabər tin başına və oradan da Missuri avenü xiyabanınadək getmişdilər. Esta heç bir yerdə yox idi. Gecəyarısı ata və oğul evə qayıtdılar. Təbiidir ki, evdəki nigarançılıq və təlaş daha da artdı.
Əvvəlcə belə təxmin etdilər ki, Esta heç kəsə demədən hara isə gəzməyə çıxıb getmişdir, lakin saat birin yarısını, bir az sonra biri, daha sonra ikinin yarısını vurduqda və Esta hələ də gəlib çıxmadıqda onlar artıq qızın itməsi barəsində polisə xəbər vermək istədilər. Lakin bu zaman Klayd bacısının otağına girərək, kiçik taxta çarpayı üstündə, balışa sancılmış kiçik bir məktub gördü – bu məktub ananın gözündən qaçmışdı. Klayd ürəyinə nə isə dammış kimi irəli atıldı, çünki o özü, əgər ata-anasından gizli olaraq evdən çıxıb gedərsə, onları bu barədə nə cür xəbərdar edəcəyini çox fkirləşmişdi: o bilirdi ki, ata-anası bu məsələni ən xırda təfərrüatına qədər ölçüb biçməsələr, heç vaxt onun özxoşuna evdən çıxıb getməsinə icazə verməyəcəklər. İndi budur, Esta yox olmuşdu, bu da onun məktubudur, əlbəttə, Klaydın özü də belə bir məktub qoyub gedə bilərdi. Klayd məktubda nə yazıldığını oxumaq üçün tez onu əlinə aldı, lakin bu zaman anası otağa girdi, Klaydın əlindəki məktubu görüb qışqırdı:
– O nədir? Məktubdurmu? Esta yazmışdırmı?
Klayd məktubu anasına uzatdı, ana kağızı açıb dərhal oxudu. Klayd anasının həmişə qırmızı-tutqun rəngdə olan enli sərt üzünün bir anda dönüb qapıya tərəf gedərkən necə ağardığını gördü. Onun iri ağzı, qabarıq, müstəqim bir xətt şəklini aldı. Kiçik məktubu tutan iri, qüvvətli əli, azacıq titrəyirdi.
Eysa, – deyə o, qonşu otağa girib ərini səslədi. Eysa bu zaman qonşu otaqda oturub arvadını gözləyirdi, onun ağarmağa başlamış qıvrım saçları dəyirmi başında bir-birinə qarışmışdı, – bir bunu oxu!
Anasının dalınca o biri otağa keçən Klayd onun əllərilə məktubu necə əsəbi halda qapdığını və onun qocalıqdan qırışmış, həmişə rəngsiz dodaqlarının necə qəribə bir şəkildə tərpəndiyini gördü. Onu yaxşı tanıyan hər bir adam deyə bilərdi ki, Eysa talenin ağır zərbələrini həmişə məhz bu cür qəbul etmişdir.
O, əvvəlcə yalnız:
– Ts! Ts! Ts! – deyə səslədi. Bu səs Klayda çox mənasız göründü. Bir azdan sonra Eysa yenidən “Ts! Ts! Ts!” – deyə səsləndi və başını o tərəf bu tərəfə bulamağa başladı. Sonra dönüb gözlərini arvadına zilləyərək: “Sən bilən Esta nə üçün evdən getmişdir?” – deyə soruşdu. Ana heç bir cavab verməyərək ümidsiz bir görkəmlə ərinə baxırdı. Eysa əllərini belinə çataqlayıb otaqda o yan-bu yana gəzməyə başladı, o, qısa ayaqları ilə qeyri-təbii şəkildə böyük addımlar ataraq başını bulayır və yenə də eyni mənasız nidaları təkrar edirdi: “Ts! Ts! Ts! ”.
Missis Qrifits hər şeyi ərinə nisbətən daha dərindən hiss edir, hadisələrə daha coşqun bir münasibət bəsləyirdi. İndi də, bu ağır sınaq anlarında da o, özünü başqa cür, həyata daha artıq bağlı olan adam kimi aparırdı. Nə isə bir qəzəb, həyata qarşı küskünlük hissi və açıq-aydın özünü göstərən cismani bir iztirab – sanki bir kölgə kimi onun üzündən süzülüb keçdi. Əri ayağa qalxan kimi əlini uzadıb məktubu ondan geri aldı, gözlərini yenidən məktuba zillədi, onun üzündə sərt, lakin eyni zamanda iztirablı bir ifadə əmələ gəldi. Bu saat o hansı bir kələfi isə açmağa çalışan, lakin bunu bacarmayan, özünü ələ alıb şikayət etmək istəməyən, amma buna baxmayaraq, yenə də acı-acı və qəzəblə şikayət edən son dərəcə həyəcanlı və acıqlı bir adamı xatırladırdı. O, ömrünün uzun illərini kor-koranə iman gətirdiyi etiqadlara və dini xidmətə həsr etmişdi, buna görə onun məhdud ağlı belə təsəvvür edirdi ki, o ədalət naminə bu dərddən, bu fəlakətdən xilas edilməlidir. Bəs bu cür müsibət baş verdiyi, ona bu cür pislik edildiyi vaxt onun Allahı, onun İsası harda idilər? Nə üçün Allah anaya kömək etmədi? İndi o, bu müsibəti nə cürə izah edə bilər? Onun Tövratda verdiyi vədlər necə olmuşdur? Onun dillərdə əzbər olan rəhm və mərhəməti harada qalmışdır?
Klayd görürdü ki, belə böyük bir bədbəxtlik qarşısında anası dərhal öz suallarına cavab tapmaqda çətinlik çəkir. Lakin Klayd bunu əvvəlcədən bilirdi ki, anası əvvəl-axır, şübhəsiz, bu suallarına cavab tapacaqdır. Zira bütün mütəəssib dindarlar kimi Klaydın atası və anası da kor-koranə olaraq Allahı hər bir şər işdən, səhv və bədbəxtliklərdən inadla ayırır, kənar tuturdular, lakin eyni zamanda heç bir şübhəyə yol vermədən Allahı ən yüksək bir qüdrət kimi qəbul edirdilər. İndi onlar bu bədbəxtliyin kökünü nə isə başqa şeydə, Allahın iradəsi və qüdrətinə zidd olaraq insanları azdırıb yoldan çıxaran məkrli, xain və yalançı bir qüvvədə axtaracaqdılar və nəhayət, baş verən bütün bu bəlaları Allahın yaratdığı, lakin idarə etmək istəmədiyi insan qəlbinin günahlı və pozğun olması ilə izah edəcəklər.
Lakin indi ananın qəlbində yalnız ağrı və qəzəb coşub-daşırdı, buna baxmayaraq, onun dodaqları Eysanın dodaqları kimi rəşələr içərisində titrəmirdi və onun gözlərindəki qədər dərin bir məyusluq yox idi. O, bir addım geri çəkildi, təzədən qəzəbli bir hal ilə məktubu oxudu və Eysaya dedi:
– O kimə isə qoşulub qaçmışdır, ancaq o adamın kim olduğunu yazmır…
Ana birdən uşaqlarının, Klaydın, Culiyanın və Frenkin burada olduqlarını xatırlayıb sözünü kəsdi, uşaqlar hamısı burada idi və hamısı gərgin bir maraqla, etimadsızlıq hissilə analarına baxırdılar.
– Bura gəl, – deyə o, ərinə müraciət etdi, – mən səninlə danışmalıyam. Siz gedib yatsaydınız, daha yaxşı olardı, – deyə o, uşaqlara tərəf dönüb əlavə etdi, – biz bu vaxt qayıdacağıq.
O, Eysa ilə bərabər missiyanın zalına bitişik kiçik otağa keçdi. Uşaqlar o biri otaqda elektrik düyməsinin vurulduğunu, ata-analarının pıçıltı ilə danışmağa başladıqlarını eşidərək mənalı-mənalı bir-birinin üzünə baxdılar. Frenk çox kiçik olduğu üçün (onun yalnız on yaşı vardı) baş verən hadisəni çox da yaxşı anlaya bilmirdi. Hətta Culiya belə baş verən əhvalatın mənasını tamamilə başa düşmürdü. Lakin həyatla daha artıq tanış olan Klayd anasının “o kimə isə qoşu
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.