Электронная библиотека » Xan Abdulla » » онлайн чтение - страница 1

Текст книги "Məsihin qanı"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Xan Abdulla


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Xan Abdulla

Məsihin qanı


Buraxılışa məsul:             Nizami Əlisoy

Redaktor və korrektor:            Sevinc Paşayeva

Mətn tərtibatı:                   Yusif Əsgər

Yekun oxunuş:                  Günel Haşımlı

Xan Abdulla. Məsihin qanı.

Bakı, “Köhlən” nəşriyyatı, 2022, 206 səh.

© Xan Abdulla / 2015

© Köhlən Nəşriyyatı / 2021            İSBN: 978-9952-****-*-*


Müəllifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəlliflik hüququ qanunvericiliyinə əsasən qadağandır!


İÇİNDƏKİLƏR

Məsihin qanı

Çürük diş

Pradosunu satmış rahib

Yataq otağında fəlsəfə

Mən necə kafir oldum

İlk öpüş və göz yaşının tamı

Cənnəməkanın hekayəsi

Mən toxunulmazam

Gombulun xəyal qırıqlığı

Hacı

Aboş

Məsihin

qanı

I

İnsan yaşa dolduqca xatirələri tez-tez xatırlayır. Uşaqlığı gözünün qabağına gəlir. O zamanlar necə xoşbəxt olduğunu dərk edə bilir. İnsan bir nəsnənin dəyərini anlaması üçün onu itirməlidir. Müvəqqəti yox, əbədi. Uşaq ikən böyüməyə can atırsan, böyüdükcə də hər şey əllərindən uçub gedir. Həyat xəyal qırıqlıqları ilə doludur. Nəsə xoş bir xatirəni xatırlayanda gülümsəyirsən, gülürsən, ağlayırsan. Qəribədir. Mən deyərdim ki, acı xatirələri yada salanda da eyni hal təkrarlanır. İnsan elə bir xilqətdir ki, onu tam dərk etmək mümkün deyil. Etdiyin səhvləri, etməli olub da etmədiyin şeyləri düşünürsən, vicdan əzabı çəkirsən. Dahilərdən biri deyib ki, xatirələr istər acı olsun, istərsə də şirin, onlar insana əzab verir. Xoş xatirələri yada salanda ona görə əzab çəkirsən ki, sən onları bir daha yaşamayacaqsan, bizi onlardan aylar, illər ayırır. Sən onlar kimi yerində saymırsan. Onlar orda ulduzlar kimi əlçatmaz, parıltılı və gözəldir. Acı xatirələrin də nəyə görə insana əzab verdiyini izah etməyə gərək yoxdu. Adətən yaşlı, həyatın hər üzünü görmüş yazıçılar xatirələrini qələmə alır. Düşünməyin ki, altmış yaşım var və gənclik xatirələrimi sizlə bölüşürəm. Xeyr, iyirmi yaşım var və yaşayacaqlarım hələ qabaqdadır. Ancaq, bunu da bilin ki, hal-hazırda o qoca yazıçılar kimi qoca hiss edirəm özümü. İnsan həyatın mənasız olduğunu anladığı an qocalır. İndi yazmasaydım, mütləq bir gün yazacaqdım. O yüzlərlə acılı-şirinli xatirələrdən birini xatırlayıram. Ən acı, zəhərli xatirə. O xatirəni, ümumiyyətlə həyatımın o dövrünü xatırladıqda boğazım közərir, acı çəkirəm.

Bir müəllimimdən danışacağam. Tarix müəllimim Məsih müəllimdən. Altmışa yaxın yaşı olardı. Yarıyacan tökülmüş və tam ağarmamış saçları, qalın qaşları, Stalinsayağı bığı, iri, çopur burnu, qonur, solğun gözləri, üzündəki mülayim, bəlkə də yazıq ifadə, orta boyu, əyri ayaqları, nataraz yerişi, yay-qış əynindən çıxarmadığı kostyumu, hər daim özü ilə daşıdığı və özündən yarım metr hündür olan Yer planeti xəritəsi ona gülünc görkəm verirdi. Çoxları onun dəli olduğunu zənn edir, hərəkətləri, danışığı insanlarda gülüş doğururdu. Şagirdlər ona hörmət qoymaz, dərsindən qaçar, onu ələ salar, təhqir edərdilər. Hətta müəllim yoldaşlarından da onu ələ salanlar olurdu. Görürdün, Məsih müəllim, arxasında da bir dəstə şagirdlə gəlir. Şagirdlər qışqırır:

– Dəli Məsi, dəli Məsi, dəli Məsi, dəli Məsi…

Əl çalıb, gülüşürlər. Hətta, ayağına badalaq verənlər, belinə şapalaq vurub qaçanlar, başına “iki” tutanlar da olurdu. Yuxarı siniflərdən bir şagird Məsih müəllimi videoya çəkmişdi. Məktəbdə tez-tez bir qrup şagirdin o videoya baxıb güldüyünü görmək olardı. Məsih müəllim danışarkən jestlərdən, əl hərəkətlərindən çox istifadə edirdi. Həmin şagird müəllim dərs izah edərkən telefonunun kamerası ilə çəkmiş, daha sonra isə o vaxt dəbdə olan Dəyirman qrupunun “Ya Qarabağ, ya ölüm” mahnısı ilə uyğunlaşdırmışdı. Videoda Məsih müəllim rep deyirdi. Etiraf edim ki, mən də ilk dəfə bu videonu görəndə gülmüşdüm.

Məsih müəllim bunların heç birinə reaksiya verməzdi. Heç nə olmamış kimi davranardı.

Səkkizinci sinifdə oxuyanda bizim sinfə tarix fənnini Məsih müəllim tədris etdi. Bu bir il ərzində ondan çox şey öyrəndim. Dostlaşdıq onunla. Deyəsən onun da məndən başqa dostu yox idi. Gördüm ki, bu adam qeyri-adi biliyə, savada malikdi. Şişirtmirəm, o canlı kitabxana idi. Dediyinə görə, on min kitab oxumuşdu. Hansı mövzudan desəydin, sənlə saatlarla danışa bilərdi. Söhbətindən doymaq olmazdı. Baxmayaraq ki, danışıq tərzi yorucu idi. Sözün son hecasındakı saitləri uzadır, danışarkən tez-tez fasilələr edir və bu fasilələr bəzən beş deqiqəyə kimi çəkə bilirdi. Daha sonra deyəcəyi sözü tapanda, misdən qızıl düzəltməyin formulunu tapmış kimyagər kimi sevinərək söhbətinə davam edirdi. Sözlərin sonunda gələn “b” səsini “bı” kimi tələffüs edirdi. “Görübı, veribı, ölübı, olubı, deyibı”. Bütün bunlara baxmayaraq çox maraqlı söhbətləri var idi. Ədəbiyyatı da çox sevirdi. Mən onun bu qədər informasiyanı beynində necə saxlamsına heyrət edirdim. Tarixi şəxlərin həyatlarından, yunan allahlarından, misir piramidalarından, Mayya təqvimindən, qədim türklərdən, Renesans dövründən, rəssamlıqdan, heykəltəraşlıqdan, memarlıqdan, ADR-dən, qısacası məni maraqlandıran hər şey barədə ona suallar verərdim. O da danışırdı, dinləyirdim. Olduqca mehriban, səmimi adam idi. Bir zamanlar ona güldüyüm üçün də vicdan əzabı çəkirdim. Danışarkən diqqətlə gözümü ona zilləyib ona baxdığım halda mənə tez-tez “Bala, qulaq as, fikrin yayınmasın, diqqətlə qulaq as” deyirdi. Məndən başqa kimsə onu dinləməzdi. Səs-küydən müəllimin səsini güclə eşidirdim. Söhbət edən kim, mahnı oxuyan kim, güləşən kim, arxa sırada porno-videolara baxan kim, pişik səsi çıxaran kim. Məsih müəllimin adı pişik adına oxşadığı üçün belə edirdilər. Ancaq yenə də o dərsini keçməyə davam edərdi:

– Gözəl balalar, bax, bu Şirvanşah İbrahim var a, çox müdrik adam olubı. Çox müdrik adam olubı. Çox müdrik… Bax, təsəvvür edin, Əmir Teymur o vaxt Azərbaycana hücum edəndə, hücum edəndə, İbrahim çox ağıllı davrandı. O vaxt bir kimsəyə qul hədiyyə edən zaman gərək doqquz nəfər qul verəydin. Sən bundakı bicliyə bax, Teymura səkkiz nəfər qul aparıb, doqquzuncu kimi də özü qulların sırasında durubı. Bu hərəkət də, bu hərəkət də Teymurun xoşuna gəlibı. Balalar, sizə bir şey də deyim. Bilirsiniz, Teymura niyə Teymurləng deyiblər? Bilirsiniz? Bilmirsiniz. Teymur dəmir deməkdi. Teymur da axsaq olduğu üçün ona Teymurləng deyiblər. Yəni, ləng dəmir.

Zaman keçdikcə müəllimim daha da doğmalaşırdı mənə, daha çox sevirdim onu. Ona qarşı nəsə hörmətsizlik olunanda atama, babama olunmuş kimi hiss edirdim. Onu ələ salan hər kəsə nifrət edirdim. Bəzi insanlar haqda deyirlər ki, peyğəmbər kimi insandı, qarışqanı da incitməz. Məsih müəllim də elə bir insan insan idi. Bəlkə də, ana-atası bunu hiss edərək adını Məsih qoymuşdular. Bəlkə də yuxularına bir ağ saçlı qoca girib demişdi ki, sizin oğlunuz belə bir insan olacaq, adını Məsih qoyarsınız.

Bir gün məktəb kitabxanasından çıxarkən Məsih müəllimlə qarşılaşdım. Conatan Sviftin “Qulliverin səyahəti” və Herriyet Biçer Stounun “Tom dayının daxması” əsərlərini götürmüşdüm.

– Salam, oğul-bala, necəsən? Yaxşısan? Bu nə kitablardı? Ver baxım. Ver…

Xəritəsini dizlərinin arasına sıxıb kitabları məndən götürdü.

– Hə, hə. Oxumuşam ki. Maraqlı kitablardı. Oğul-bala, sənin neçə yaşın var?

– On beş.

– Sən Qulliveri iyirmi beş yaşında bir də oxuyarsan, yaxşımı?

– Yaxşı.

– Xudahafiz, ağıllı bala.

Bunu deyib, qəribə yerişi və qocaman xəritəsi ilə dərs deyəcəyi sinfə girdi. Məsih müəllim sinfə girən zaman üç oğlan sinifdən çıxdı. Biri çəkdiyi siqaretdən son nəfəsini alıb, kötüyünü sinfə tulladı və Məsih müəllimə nəsə təhqiredici bir söz söyləyib qapını çırpdı. Üçü də gülə-gülə yanımdan keçdilər. Qəzəbimdən ağlamaq istəyirdim. Oğlanlar məndən böyük idilər. Çox təəssüflənirdim ki, onlar kimi böyük, güclü deyiləm. Yoxsa, ağızlarının payını verərdim. O gün nə dərs oxuya bildim, nə də bədii kitab. Bütün gün müəllimimi düşündüm.

Məsih müəllim dərsdə öyrətdiklərin dən əlavə çox daha vacib bir şey öyrətdi mənə. Həyatda güclü olmağın zəruri olduğunu. O, bunu mənə susaraq öyrətdi. Öyrətdi ki, ən çox əzilənlər daha çox susanlardı. Bu bilik mənim həyatımı dəyişdi.

Aprel ayı idi. Səbirsizliklə dərsin bitməsini gözləyir, evə tələsirdim. Oxuduğum kitab çox xoşuma gəlmişdi. Davamını oxumaq üçün səbirsizlənirdim.

Bizim məktəbin ikinci mərtəbəsində Qarabağ müharibəsində şəhid olmuş əsgərlərin fotoşəkillərindən təşkil olunmuş guşə var idi. Hansılar ki, vaxtilə bizim məktəbdə oxumuşdular. Dərs bitdi, evə gedirdim. Dəhlizdə Məsih müəllimlə qarşılaşdım. Müəllimlər üçün nəzərdə tutulmuş ayaqyolundan çıxanda görmüşdü məni.

– Salam, balası. Necəsən? Yaxşısan? Bu nə kitabdı? Baxım. Hə, “Ovod”. Çox dəyərli kitabdı. Çox dəyərli kitabdı. Çox dəyərli. Oğul-bala, dərsin qurtarıb? Evə gedirsən? Gəl səni bir yerə aparım.

– Yaxşı.

Məsih müəllim məni həmin guşəyə apardı. Şəhidlərin fotoşəkillərini göstərdi.

– Bax, bu uşaqların çoxuna dərs demişəm. Məni elə çox istəyirdilər, elə çox hörmət eləyirdilər ki. Allah onlara rəhmət eləsin.

Səsi titrəyirdi. Dolmuş gözləri ulduz parıldayırdı. Hiss etdim ki, ağlamaq istəyir, ancaq özünü sıxır. Həm də, şagirdlərinin ona hörmət etməsi, onu çox istəməsi qəribimə gəlmişdi. Məsih müəllim Qarabağ müharibəsi haqqında danışırdı ki, kimsə kimsə “i”-ni uzadaraq dedi:

– Məsi…

Tanıdım, həmin siqaret çəkib, kötüyünü sinfə atan oğlan idi.

– Neynirsən burda? Necəsən? Arvad-uşaq necədi?

Məsih müəllimi ilk dəfə qəzəblənmiş gördüm. Üzü qızarmış, qaşları alnında düyünlənmiş, yumruqlarını sıxmışdı.

– Oğul-bala, mənlə işin olmasın, çıx get. Çıx get, çıx get.

– Nə deyirəm ki? Hal-əhval soruşmaq da olmur səndən. Bu nə kitabdı?

“Ovod”-u Məsih müəllimin əlindən aldı.

– Məsi, az oxu. Oxumaqdan ağlın qaçıb.

İyrənc bir qəhqəhə çəkdi. Yerimə mıxlanıb oğlana baxırdım, yumruğumu sıxmışdım. Gözlərim dolmuşdu. Onu öldürməyə də hazır idim.

– Oğul-bala, kitabı qaytar.

– Qaytarmıram.

– Sənə deyirəm qaytar.

– Qaytarmasam nə edəcəksən, Məsi?

Gözləmədiyim bir hadisə oldu.

Məsih müəllim oğlana güclü şillə çəkdi. Oğlan səntirlədi, ancaq özünü saxladı, yıxılmadı. Kitab oğlanın əlindən düşdü. Üzündə qəribə bir gülümsəmə var idi. Nədənsə, şillə yeyən insanların hamısı ilk öncə gülümsəyir. Məsih müəllim isə heç nə olmamış kimi şəhidlərin fotoşəkillərinə baxırdı. Oğlan şaşqınlıq içində idi, belə bir şey gözləmirdi. Mən də heç zaman düşünməzdim ki, belə bir şey ola bilər. Oğlan dodağının qanını sildi, bir müddət kinlə və yaşla dolu gözlərini müəllimə dikib qəzəblə bağırdı:

– Ə oğraş, kimi vurursan?

Məni kənara itələyib müəllimin üstünə şığıdı, dalbadal yumruqlar vurmağa başladı, mən araya girdim, bir neçə yumruq mənə dəydi. Məni yenə qırağa itələyib yenidən müəllimin üstünə cumdu, yerə yıxıb, üstünə çıxdı, yumruqlamağa başladı. Mən var gücümlə oğlanın sifətinə təpik ilişdirdim. Müəllimin üstündən yıxıldı. Bir müddət yerdə üzünü tutub it kimi zarıdı. Durub mənim üstümə cumdu, əlbəyaxa olduq. Bu zaman başqa müəllimlər səs-küyə gəldilər. Oğlanı polislə hədələdilər. Qaçıb getdi. Bir daha onu görmədim. Məktəbdən çıxdı. Məsih müəllimi ayağa qaldırdıq, qoluna girib ayaqyoluna apardıq. Üzünün qanını yudum. İki qabaq dişi düşmüşdü. Qaşı da partlamışdı, burnunun qanı dayanmırdı. Ayaqyolundan çıxıb qaça-qaça guşəyə getdi. Üzünü rəsmlərdən birinə dayayıb ağlaya-ağlaya nəsə pıçıldamağa başladı. Daha sonra isə qaça-qaça məktəbin həyətinə düşdü. Arxasınca getmədim. Atamın təzə aldığı köynək müəllimimin qanına bulaşmışdı. Anam nə qədər elədisə ləkəni çıxara bilmədi. Bir az da kötəkləndim buna görə. Ancaq, yalvardım, o köynəyi atmağa qoymadım. Məsih müəllim, bu hadisədən sonra bir ay məktəbə gəlmədi. Bir aydan sonra onu görəndə çox sevindim.

Salamlaşdıq. Qabaq dişləri yox idi.

– Salam, oğul-bala. Necəsən? Dərslər necədi? Necədi dərslər? Bax yaxşı oxu ha, yaxşı oxu.

Gələn ildən təqaüdə çıxdı. Onu bir daha görmədim. Bizim sinfə bir qadın müəllimə dərs deməyə başladı. Elə o müəllimədən öyrəndim ki, Məsih müəllim elə onun özünə də dərs deyib. Arvadını oğlunun doğumundan bir il sonra itirib. Oğlu da Qarabağda şəhid olub. O vaxtdan onda dəyişikliklər başlayıb, bu hala düşüb. Yoxsa, əvvəl məktəbdə ən hörmətli müəllim imiş. Direktorun özü də onla iki əllə görüşürmüş. Düşündüm ki, yəqin o vaxt qanlı üzünü dayayıb nəsə pıçıldadığı fotoşəkil oğlunun fotoşəkli imiş. Oğlana da şilləni ona görə vurmuşdu ki, oğlunun qarşısında onu təhqir etmişdi. O rəsm qarşısında döyülmək Məsih müəllimin faciəsi idi. Məncə, arvadını, oğlunu itirməkdən az təsir etməmişdi ona.

On birinci sinifdə oxuyanda öyrən dim ki, Məsih müəllim intihar edib. Asıb özünü. Hadisə isə bir həftə sonra bilinib. Bir həftə tavandan asılı qalıb Məsih müəllim.

Məsih müəllimi tez-tez xatırlayıram. Kitab oxuyanda, o qanlı köynəyə baxanda, filmlərdə kimsə kimisə döyəndə, mırıqdiş bir uşaq görəndə.

Çürük diş

I

Bəzən, anama nifrət edirəm. Buna görə vicdan əzabı çəksəm də, hisslərimə qarşı gələ bilmirəm. Bəzən də, onu qucaqlayıb saatlarla ağlayıram, üz-gözünü dəfələlə öpürəm. Yəqin ki, o mənim kim olduğumu və nə etdiyimi anlamır. Bəlkə də, anlayır, dəqiq bilmirəm. Anam ruhi xəstədi, həm də ayaqları yoxdu, yataqdan qalxa bilmir. Gününü gözlərini tavana zilləyib nəsə pıçıldayıb, səssizcə gülərək keçirir. Nə pıçıldamağı, kimə və yaxud nəyə güldüyü mənə həmişə maraqlı olub. Özünə də dəfələrlə sual vermişəm:

– Axı nəyə gülürsən? Gülməli nə var?

Cavab verməyib. Üzündən əsgik olmayan gic təbəssümü ilə bir müddət üzümə baxıb və yenə pıqqıldayaraq gülüb. Heç zaman cavab almayacağıma əmin olduğum gündən bəri bu sualı ona vermirəm.

Anam çox az danışır. Nitqi isə bir sözdən artıq olmur.

– Su… Dərman… Yemək… Batırdım…

Körpə uşaqlar kimi “r” səsi yerinə “y” səsi işlədir və hər sözün sonuna qırıq bir gülüş yapışdırır. Lakin, nədənsə “batırdım” sözünü deyəndə qəhqəhə çəkir. Heç zaman tualetə istəyini bildirmir, bildirsə mənim üçün də rahat olar. Bunu dəfələrlə ona başa salmışam, acılamışam, söymüşəm, hətta bir dəfə özümdən çıxıb qarnına yumruq da vurmuşam. O isə bir az ufuldayıb və yenə gülməyə davam edib.

O hər dəfə “batırdım” deyib qəhqəhə çəkəndə məni ağlamaq tutur. Çünki anamın naməhrəm yerlərini görməyə, onlara toxunmağa məcbur oluram. Nəcisini yuyuram. Nədənsə bu işi edəndə ilk dəfə edirmiş kimi, anamın əzalarına ilk dəfə toxunurmuş, ilk dəfə görürmüş kimi, o kəsif qoxunu ilk dəfə duyurmuş kimi hiss edirəm. O qıdıqlanırmış kimi qəhqəhələr çəkir, mən isə ağlaya-ağlaya işimi tezcə sonlandırmağa çalışıram. Bitirdikdən sonra o yenə uzanıb tavana baxır, mən isə əlimi yumağa gedirəm. Nədənsə anamı yuduqdan sonra əlimə baxa bilmirəm. İyrənirəm. Ümumiyyətlə, həyatımın özü də mənə iyrənc görünür. Günümü evdə keçirirəm, heç bir işlə məşğul olmuram, heç bir dostum yoxdu, həyatımda maraqlı heç nə yoxdu. Monotonluq, can sıxıntısı, bədbinlik, yalnızlıq və ən əsas da anamın gülüş səsləri bəzən məni intihar həddinə çatdırır. İntihar, bəlkə də, mənim üçün xilas olar. Bu həyatdan canımı qurtarmaq üçün canımdan da keçməyə hazıram. Lakin, anam öz əcəli ilə ölməyənə qədər buna haqqım yoxdu. Mənə nəsə olsa o, uzağı bir həftə yaşayacaq. Mən isə onun yaşamasını istəyirəm. Çünki, həyatda ondan başqa sevməyə, nifrət etməyə, danlamağa, qucaqlayıb ağlama, bəzən gülüşündən əzab çekməyə heç kimim yoxdu.

O, mənim anamdı. Mənim onun üçün etdiklərimi o da nə zamansa mənim üçün edib və yəqin ki, mənim kimi şikayətlənməyib. Sevinc duyub. Mən nə qədər onun üçün əziyyət çəksəm də, ona olan borcumu qaytara bilməyəcəm. Belə fikirlərlə özümü ovutmağa, bədbəxtliyimi və öhdəliklərimdən duyduğum mənəvi ağrını sıvamağa çalışıram. İşə yarayır.

Bəzən də, dəli olmaq həddinə çatıram. Evin ortasında yüksəkdən ağzıma gələn söyüşləri söyməyə başlayıram. Həyatıma, məni bu həyata gətirdiyi üçün anama, avtomobillə qəza törədib kiçik bacımı və özünü öldürən, məni sağ qolumdan, anamı da ayaqlarından və ağlından, ailəmizi isə xoşbəxtliyimizdən məhrum etdiyi üçün atama və bunların hamısı üçün allaha. Ən çox da allaha söyürəm. Baxmayaraq ki, artıq ona inanmıram, ancaq söymək az da insanı olsa rahatladır. Anam isə tavana baxıb gülür.

Anam öz dünyasındadı, heç nə anlamır, heç nə vecinə deyil. Heç nəyi dərk etmir. Heç bilmir mən kiməm, nəçiyəm. Bəlkə də, ağlı kəssəydi o da mənim kimi ölmək istəyərdi. Dəli olduğu üçün anama paxıllığım tutur. O məndən min dəfə çox xoşbəxtdir.

Anamın və mənim əlilliyə görə aldığımız müavinətlərlə yaşayırıq. Özümün də çox şanslı olduğumu düşünürəm. Əgər qəzada qolumu itirirdiyim üçün müavinət ala bilməsəydim, acından öləcəkdik. Onsuz da, anamı tək qoyub işləyə bilməyəcəkdim.

Qəzadan dörd ildən çox zaman keçib. O zaman mənim on yeddi, kiçik bacımın isə on bir yaşı var idi. Uzaq bir qohumun toyundan evə qayıdarkən yolda qəzaya uğradıq. Alçaq atam içmişdi. Ona həmişə nifrət etmişəm, indi də nifrət edirəm. Hadisəni anbaan yaşadım. Huşumu çox gec itirdim. Dəmirin qolumun qabağından girib arxasından çıxmasını, sümüyümün xırçıltısını, atamın yerə tökülmüş beynini, bacımın qırılmış dişlərini və ağzından bulaq kimi tökülən qanı görsəm də anamı görmədim. Var gücümlə “Səadət” deyə bağırdım. Bu anamın adıdı. Özümə də maraqlıdı, niyə o an “ana” yox, “Səadət” deyə bağırmışdım.

Sonra huşumu itirdim. Oyanandım. Xəstəxanada idim. Bu dəfə “ana” deyə qışqırdım. Dedilər ki, anan sağdı, atan və bacın ölüb. Əlimin kəsildiyini biləndədə reaksiya verə bilmədim. Bu şəhadət və baş barmağını itirmiş adamın sonradan kiçik barmağını da itirməsini öyrənməyinə bənzəyirdi. Daha sonra isə anamın ağlını itirdiyini və ayaqlarının kəsildiyini öyrəndim. Barmaqlarımdan birini də itirdim.

Həyatım yönünü dəyişdi. O qəzada təkcə atamı, anamı, bacımı, əlimi itirmədim. Arzularımı, planlarımı, xəyallarımı, həyat sevgimi, uşaqlığımı zibil qutusuna atdım. Dünyam da zibil qutusu qədər kiçildi və iyrəncləşdi. Məncə, bədbəxt doğulanların acısı, sonradan bədbəxt olanların acısından çox daha azdı. Kor doğulan heç zaman sonradan kor olmuş adam kimi görməyi arzulaya bilməz.

Bütün günahlar atamdadı. Alçaq oğlu alçaq. O lənətəgəlmiş içkini içməsəydi biz yenə də xoşbəxt yaşayırdıq. Bacım yenə sevdiyim qızlarla maraqlanacaqdı, anam dadlı yeməklər bişirəcəkdi, məni əzizləyəcək, saçlarımdan öpəcəkdi. Saçlarımdan öpməyi çox sevirdi. Bəlkə indi də sevir, ancaq özü bunu bilmir.

Görəsən içkini hansı vicdansız kəşf edib? Görəsən, neçə adam bu murdar mayeyə görə canını, sağlamlığını, ailəsini itirib, neçə adamı bedbəxt edib?

Xəyal qururdum ki, universitetə qəbul olaram. Ədəbiyyatı çox sevirdim. Yaxşı oxuyurdum. Piano çala bilirdim. Aytəni sevirdim. İndi sevmirəm, özümə sığışdırmıram, layiq bilmirəm. Necə də gözəl idi. Necə də gözəl gülürdü. Hətta ona şeirlər də yazırdım. Qəza olmasaydı, sabahkı günü sevgimi etiraf edəcəkdim…

Dörd ildir ki, həyatım nəcis qoxan evimizdə kitab oxumaq, yemək yemək, anamı yedirmək, yuyundurmaqdan ibarətdi. Kitab oxumağı uşaqlıqdan çox sevmişəm. Evdən ancaq bankomatdan müavinət, marketdən ərzaq və kitabxanadan kitab almaq üçün çıxıram. Evdən çıxanda özümü sudan çıxmış balıq kimi hiss edirəm. Nimdaş paltarlarımdan və şikəstliyimdən utanıram. Köhnə dostlarımı, tanışlarımı görəndə yolumu dəyişirəm. Kimsə mənə acıyırmış kimi baxanda əsəbimdən az qalıram həmin adamın üstünə şığıyım.

II

Küçəmizdə bir it var, adına Topuş deyirlər. Çox qocadı, dişləri çürüyüb, tükləri tökülüb, pəncəsinin arxasında da qaz yumurtası boyda şiş var. Gəzəndə ayağına dolaşır. Bir də görürsən, uşaqlar quyruğuna konserv qutusu bağlayıblar. Yazıq it qaçdıqca çıxan səsdən ürküb daha da bərk qaçır, ayağı o biri ayağındakı yekə şişə ilişib yıxılır, acıqlı səslə zingildəyir. Ya da görürsən bir neçə uşaq Topuşu tutub, əllərindəki bağban qayçısı ilə itin qulağını kəsirlər. Ümumiyyətlə uşaqlar qəddar olur. Məni görəndə də arxamca söz atırlar, fikir verməməyə çalışıram.

Topuş hər gecə hürür, pəncərədən onun hürməyini izləmək xoşuma gəlir. Yağan yağışa, qara, ulduzlara hürür. Axmaq it, qocalıb bu yaşa çatıb hələ də anlamır ki, qara, yağışa, ulduzlara hürməklə deyil. Onsuz da qar yağacaq, ulduzlar parlayacaq.

Bir həftə qabaq marketə gedəndə gördüm ki, Topuş yerdə uzanıb can verir. Qarnından yaralanıb. İz bıçaq izinə oxşayır. Bəlkə də silahla vurublar. Bizim məhəllədə ovçular çoxdu. Yəqin kimsə maraq xatirinə vurub. Bəlkə də özünün günahıdı, yemək üçün harasa soxulanda olub. Qarnına da üç küçük soxulub döşlərindən süd əmir.

Hava toranlaşırdı və bir saata yaxın can verən Topuşu və küçükləri seyr edirdim. Topuş öldü, küçüklər də analarının döşlərindən süd yox qan gəldiyini görəndə əmməyi dayandırdılar. Analarının ağzının qıraqlarını və çürümüş dişlərini yalamağa başladılar. Yağış yağırdı. Küçüklərdən ən çox xoşuma gələni qucağıma götürdüm, erkək idi. Sonra onu yerə qoyub ən çirkinlərini götürdüm. Küçük də olsa istəmədim ona qarşı görünüşünə görə ayrıseçkilik olunsun. Talelərimiz də demək olar ki, çox bənzəyirdi. Adını Zevs qoydum. Evə apardım. Düşündüm ki, mənlə dostluq edər, həyatıma rəng qatar…

Sabahsı gün kitabxanadan qayıdanda gördüm ki, anam qəhqəhə çəkib gülür və üzündə it nəcisi var. Ev də alt-üst olub. Anam güldükcə də nəcis tərpənir və dodaqlarına dəyir. Kitabları yerə atıb dəli kimi küçüyü axtarmağa başladım, çarpayının altından tapdım və çölə çıxıb var gücümlə divara çırpdım. İtdən tükürpədici səs çıxdı və öldü. Evə qayıdanda gördüm ki, anam nəcisi saçlarına yaxıb. Əvvəl anamı sonra özümü öldürmək istədim. Sonra fikrimdən daşındım, oturub axşama kimi anamın gülüş sədaları altında hönkür-hönkür ağladım. Sabah isə hər şey qaldığı yerdən davam etməyə başladı.

Yaşamağım Topuşun ulduzlara hürməyinə bənzəyir. Nə olacaq, necə olacaq bilmirəm. Bəlkə də, gün gələcək bezib anamı da, özümü də öldürəcəm. Hər şeyin günahkarı şərəfsiz atamdı…

Pradosunu satmış rahib

I

Yemək yemə tərzi olduqca iyrənc idi. Xiyarı diri-diri, bütöv şəkildə ağzına dürtür, üstündən də bir qurtum şirin çay içib, daha sonra qızardılmış kartofu ağzına təpirdi. Bu səbəbdən də qarnı az qala dizinə dəyir, döşləri qoca qarı döşləri kimi sallanır, buxağı boğazının hulqumunu görünməz edirdi. Buna baxmayaraq, ona çirkin demək də düzgün olmazdı. Bütün kök insanlara xas olan şirinlikdən Şəmsəddin də öz payını ala bilmişdi. Nazik bığları da bu şirinliyə şirinlik qatır, incə səsi, gözəl dişləri, məsum gülüşü də bu şirinliyi pik həddə çatdırırdı. Bu məsum görünüş bəzi əməllərini həyata keçirmək üçün Şəmsəddinə Tanrının hədiyyəsindən başqa bir şey deyildi.

Yeməkdən başını qaldırıb ətrafı nəzərdən keçirdiyi zaman gözü oğlunun əlindəki kitaba sataşanda sanki ilan gördü, diksindi, loxması az qaldı boğazında qalsın.

Ə bu nə kitabdı oxuyursan?

“Ferrarisini satmış rahib” kitabıdı, dədə.

– Sənə yüz dəfə demişəm ki, belə səy-səy şeylər oxuma. Oxumaqdan kimə xeyir gəlib? Ver görüm bura.

Kitabı oğlundan alıb evdən çıxdı. “Prado”suna mindi. Şəmsəddinin ağırlığından maşın sola əyilib, təzədən dirçəldi. Ofis şəhərdən kənar, gözəbatmaz, gündəyməz bir yerdə idi.

Şəmsəddinin əlinin altından, bəlkə, onlarla, yüzlərlə ofis gəlib-keçmişdi. Bu “Prado”-nu, şəhərdəki üç, rayondakı bir evi, bütün malını-mülkünü həmin ofislərdə qazanmışdı. Həmçinin bir marketi, çörək sexi, meyvə-tərəvəz dükanı da var idi. İşinin adı dəllal (makler) olsa da onun bu ofisdə nə iş gördüyündən şeytanın özü belə baş aça bilməzdi. Şeytana başmağını tərs geydirərdi, Şəmsəddin. Şeytana fırıldaqçılıqdan dərs keçər, dərslərdən geri qaldığı üçün məzəmmət belə edə bilərdi. Kimisə aldatmaq onun üçün şərəf, pul atmaq baş ucalığı, soymaq şücaət, dolandırmaq mərdlik idi. Sənə elə kələk gələ bilərdi ki, ayaqların göydə qalardı. Sən hələ də Şəmsəddinin ovu olmadığın üçün, bilirsən mi, necə şanslısan? Bunu da unutma ki, sıra sənə də gələ bilər, ehtiyatlı olmalısan. Əgər ehtiyatı əldən versən və bir gün Şəmsəddinlə qarşılaşsan, onunla salamlaşsan görəcəksən ki, barmaqlarından ən azı biri yoxdu. Şəmsəddin işinin maestrosudu, karifeyidi, ustadıdı. Şəmsəddin canlı əfsanədi. O işini dərinliklərinə qədər bilən, peşəkar bir adamdı.

Şəmsəddinin günü ofisdə keçir. Səhərdən axşama qədər telefonu susmur, sonra ora get, bura qayıt, bunu ona çatdır, onu buna çatdır, bundan al ona ver, ondan al buna ver, ondan yüz, bundan min, o birindən on min… Düzdü, arada kompyuter arxasında gic-gic oyunlar oynamaqdan, çay gətirməkdən, dalını burcutmaqdan başqa əlindən heç nə gəlməyən iridöşlü, saxta sarışın katibəsi ilə stres atdığı da olur. Ancaq, gəlin bunu ona çox görməyək, dostlar. Günü beləcə keçib gedir bizim biçarə Şəmsəddinin. Axı o avtomat deyil, robot deyil, o da insandır. Yorulub, əldən düşüb, o da dincəlmək istəyir, rahat, firavan ömür arzulayır. Nə qədər söyüş yiyəsi olasan? Nə qədər çirkaba batasan? Arada özü ilə baş-başa qaldığı zamanlarda öz-özünə düşünürdü:

“Özüm ölüm, belə həyat olmaz. Adam nə qədər zülm çəkər, adam nə qədər qorxu çəkər? Bir gün kimsə anamı ağlar qoyacaq. Bir il də keçsin, arvad-uşağı da götürüb gedəcəm rayona”.

Sonra aldatdığı adamları, qazandığı pulları düşünüb arsız-arsız hırıldayır, etdiyi əməllərdən sadistcəsinə zövq alırdı.

Bu gün nəsə sakitlik idi. Telefonuna zəng gəlmir, katibəsi də kiminləsə telefonla danışırdı. Nəsə onunla mazaqlaşmağa da həvəsi yox idi. Səhər oğlundan aldığı kitabı vərəqləməyə başladı. Yəqin ki, axırıncı dəfə məktəbdə əlinə kitab almışdı. Bununla belə, oxumaq qərarına gəldi. Həm etməyə başqa işi yox idi, həm də bilmək istəyirdi ki, qırışmal oğlu nə kitabı oxuyur?

Kitabda bir vəkildən söhbət gedirdi. Hansı ki, gərgin iş rejimindən sonra məhkəmədəcə infakt olub. Milyoner vəkil xəstəxanadan çıxdıqdan sonra bütün malını-mülkünü, “Ferrarı”-sini satıb Hindistana gedib. Orda Yoq Raman adlı bir kahindən xoşbəxtliyin sirlərini öyrənib. İyirmi yaş cavanlaşıb, vətənə tamam başqa bir insan kimi qayıdıb. Kitab olduqca maraqlı idi. Oxuduqca oxumaq istəyirdi. Qəlbinə sakitlik, hüzur dolurdu. Kamilləşirdi, Şəmsəddin. Qiraətin şirin yerində telefonuna zəng gəldi. “Qoymazlar kitabımızı oxuyaq” deyərək “yes” düyməsini basdı.

– Alo…

Həmişə “alo” deyəndə uşaq səsi çıxarırdı ki, namünasib adam olanda kim olduğunu dana bilsin.

– Şəmsəddin, salam.

Müsahibin səs tonundan anladı ki, xəyirli adam deyil. Uşaq ləhcəsiylə danışmağa başladı:

– Salam, əmican. Şəmsəddin deyil.

Mənim adım Qələndərdi. On yaşım var. Məktəbə gedirəm. Sinif yoldaşlarımı çox sevirəm.

– Bura bax, Şəmsəddin, mənim əsəblərimlə oynama. Pulumu qaytar. Yoxsa özüm tapacam səni. Tapanda belə danışmayacam.

Şəmsəddin işin fırıq olduğunu anladı.

– Kimdi danışan?

– Məciddi.

– Hansı, Məcid?

– İyirmi min pul atdığın Məcid. Bir ildi süründürdüyün Məcid. Sən necə adamsan, Şəmsəddin? Biz də pul atmışıq, ancaq belə yox. İnsaf da dinin yarısıdı. Pulumu qaytar, Şəmsəddin. Yoxsa, sonun yaxşı olmayacaq.

“Üzünü mürdəşir yumuş, nömrəmi bir həftə qabaq dəyişmişəm, hardan tapıb görəsən? Nömrə dəyişməkdən, obyekt dəyişməkdən bezara gəlmişəm alçaqların əlindən” deyə düşündü.

– Qardaş, narahat olma. Pulun çatacaq. Bu nə söhbətdi eləyirsən? Heç sənə yaraşdı mı? Kişiyik, söz kəsmişik. Çatacaq dedimsə, çatacaq. Ürəyini buz kimi saxla.

– Şəmsəddin, məni oyuna gətirmə. Bir ildi eyni şeyi deyirsən. Mən bilmirəm. Bu gün gələcəm ofisə. Çatdırmasan məndən incimə.

“Onsuz da ofisimi tanımır” deyə ürəkləndi.

– Danışığına fikir ver ə xotux. Buna bax, mənə hədə-qorxu gəlir. Atamın goru haqqı, başına oyun açaram.

– Şəmsəddin əzrayilin olacam, yortacam səni, görərsən.

Məcid bunu deyib dəstəyi asdı. Şəmsəddinin qanı qaraldı. Bayaqkı sakitliyindəndan əsər-əlamət qalmamışdı. Belə hədə-qorxuları çox eşitmişdi. Hətta öyrəşmişdi bunlara. Ancaq yenə də dilxor oldu, kitabı kənara atdı.

– Seva, mənə çay gətir. Tez ol.

Bir neçə saat sonra ofisdən çıxdı. Maşına minirdi ki, bu tükürpədici səsi eşitdi.

– Salam, Şəmsəddin. Tanıdın?

– Məcid… Qardaş…

Yazıq görkəm aldı. “Qardaş”-ın ikinci hecasındakı “a”-nı bir xeyli uzatdı.

– Pulu doğ, Şəmsəddin.

Səsində qətiyyət var idi, əlində də bıçaq. Şəmsəddinin ayaqları arasından isti maye axaraq şalvarının balaqlarından yerə axdı. Nə edəcəyini bilmirdi. Çıxılmaz bir vəziyyət idi. Qaçmaq istədi, Məcid yaxasından yapışıb bıçağı qarnına soxdu. Şəmsəddin yerə sərildi. Qarnından axan qan sidiyinə qarışdı. Məcid qaçıb getdi. İt kimi zarımağa başladı. Yaxşı ki, qarnında illərin əməyi və bəhrəsi olan piy qatı var idi. Yoxsa çoxdan cəhənnəmdə iblislərlə qucaqlaşmışdı, Şəmsəddin.

Gözlərini xəstəxanada açdı. Xəyali olaraq olanları xatırladı. Məcidin nəslinə yağlı bir söyüş söydü. Sonra otaqda səssizcə öz işini görən, Şəmsəddinin oyanmağından xəbərsiz olan tibb bacısının yançaqlarına baxdı.

“Mala bax, mala. Gərək, buna girişim”, deyə düşündü. Bir neçə saat sonra arvad-uşaq görüşünə gəldi. Öğluna tapşırdı ki, “Ferrarisini satmış rahib” kitabını gedib ofisdən gətirsin. Xəstəxanada qaldığı bir həftə müddətində kitabı oxuyub bitirdi. Qərara aldı ki, xəstəxanadan çıxıb Hindistana getsin. Bir az dincəlsin. Bu kitab ona o qədər təsir eləmişdi ki, Məcidlə bağlı ifadə almağa gələn müstəntiqə “Oğraşın mənə borcu var idi, mən də adam balası kimi tələb edəndə bıçağı soxdu qarnıma” deyərkən vicdan əzabı da çəkdi. Ancaq, tezcənə də keçdi. Xəstəxanadan çıxdıqdan sonra “Prado”-sunu, rayondakı evini satdı, arvad-uşaqla sağollaşıb, başını keçəl qırxdırıb Hindistana yola düşdü.

II

Şəmsəddin!!!

Yoq Raman!!!

Sən necə bir məxluqsan, Şəmsəddin? Sən nə cür insansan? Etdiklərin bəs deyil indi də arvadımla yatırsan?

Raman, əsəbləşmə. Məni də başa düş. İki aydı əlim arvad əlinə dəymir. Nə etməliydim?

Ya sən, Minetra? Necə edə bildin bunu? Özü də bizim qızılgül komamızda, bizim yatağımızda? Necə etdin?

Yoq Raman uşaq kimi ağlamağa başladı.

– Raman, sənin yüzdən çox yaşın var.

Şəmsəddin əsl kişidi.

Bu yaşına qədər dərd-qəm nədir bilməyən, özünü dünyanın ən xoşbəxti sayan, dağlardan daha təmkinki, quşlardan daha azad, çaylardan daha təmiz

Yoq Ramanın dünya başına yıxıldı, dərddən az qaldı bağrı çartlasın.

– Şəmsəddin, sənə yalvarıram çıx get bu məbəddən. Sən gələndən bəri əmin-amanlığımız, sakitliyimiz qalmayıb. O gün iki rahib bir-birini bıçaqladı. Kimi nəşə çəkir, kimi araq içib dava salır, oğurluq baş alıb gedir. Hamı it-pişik kimi rəftar edir bir-biri ilə. Beş min ildi biz kin, nifrət nədir bilməmişik. Əcdadlarımızın bizə öyrətdiyi sirlərlə xoşbəxt yaşamışıq. Ancaq sən… Sən necə murdar məxluqsan ki, bu beş min illik ənənəni darmadağın elədin.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации