Текст книги "Miqrant"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Yaşar Bünyad
Hekayələr
İçindəkilər:
Miqrant
Hürməyən küçüyün ariyası
General
Quşlar qayıtdısa
Sükutun rahatlığı
Ata
Qoşalülə
MİQRANT
“Ölümə doğru gedənlər” silsiləsindən.
Ötən əsrin 90-cı illərində Rusiyada millətçilərin
qəddarlığı nəticəsində şikəst olmuş, dünyasını dəyişmiş
bütün həmvətənlərimin əziz xatirəsinə.
–İt uşağı !… Niyə öldürürsüz onu?!… O yazıq sizə neyləyib axı?! Qancığın doğduqları!…
İlk zərbə gözlənilməz oldu. Lap bazarın girəcəyində gül satan Cəbrayılı təpikləyən skinxedləri qarğıyan Nataşa xalanın boğuq naləsi qulağıma çatar-çatmaz gözlərim qaraldı.Papağım meyvə köşkünün üstüylə dığırlandı ayaq altına.Bir andaca, təzəcə səliqəylə yığdığım meyvə-tərəvəzlər taxta yeşikləriylə birgə göyə sovruldu. Elə bil qasırğa keçdi bazardan.Sonra bir… iki.. beş…Zərbələr o qədər insafsızcasına bir-birini əvəz edirdi ki, gödəkçəmi güclə çevirib ciddi-cəhdlə başımı qorumağa macal tapdım.
– Naa! Poluçay, tvayo matt!.. Çernajopı… Poluçayte…Vaşuu mattt!…
–Çıqani neşşastniye… Ub-yuu!.. Naa.. na!…
Heç beş dəqiqə keçmədi ki, başları ülgüclə qırxılmış yekəpər cavanlar bütün bazara hakim kəsildilər; qəzetlərə bükülmüş armaturların küt taqqıltısı, ağır çəkmələrin, yumruqların gubbultusu qulaqlarımda elə dəhşətli uğultu yaratmışdı ki, sandım, bu dəqiqə beynim partlayacaq!
Çoxlarının “siftə”si qəfil hücum oldu.Bazara gəlmiş alıcılar çaş-baş qalıb tez küçəyə qaçışdılar.Belə vaxtlarda it də yiyəsini tanımırdı.
Son vaxtlar hakim orqanlar millətçi qruplaşmaların özbaşınalığına göz yumduqca onların əl-qolu daha da açılırdı.Qeyri slavyanlar işləyən, yaşayan ərazilərə gözlənilməz basqınlar edir, qəddar cəlladlar yığınağı dinc “qara”lara öz gücünü göstərirdilər;xüsusi hərbi təlim keçmiş, nasist əhval-ruhiyyəli, pezəvəng cavanlardan ibarət olan bu dəstələr qarşısına çıxanların heç birinə aman vermirdilər.Üç-üç, beş-beş bölünüb bazarın altını üstünə çevirdilər bir anda.
Narın-narın yağan qar yavaşıyırdı…
Millətçi dəliqanlılar, deyəsən, bizim cərgədən azca aralanmışdı ki, Nataşa xala məni öz köşkünün arxasında gizlətdi.Belə olmasaydı, risk etməzdi. Mənə yardım etməklə özünə ölüm hökmü yazırdı bu qadın.Slavyanlarla işləri olmayan qızğın kütlədən kimsə bunu görsəydi, qadın olduğuna da məhəl qoymayıb onu da təpikləyərdilər bizim kimi. Bir tabutluq vücudumu bu mərd qadının himayəsində hiss etdiyimdən bir az sakitləşdim…
On il üzünü görmədiyim kiçik əmimi o ki var söydüm! Özü eşitməzdi.Bilirəm, eşitsəydi, it balası kimi çırpardı məni.Amma yox, bu dəqiqə yanımda olsaydı, bu vəziyyətimi görsəydi, yazığı gələrdi mənə, bir söz deməzdi yəqin…Doyunca ürəyimi boşaltdım – söydüm, söydüm…
***
Əmimə deyən lazım idi, dədən, baban kənddən qırağa çıxmamışdı, ölmüşdü?!
Deyilənə görə, babamı kənddən arabaya mindirib aparıblarmış müharibəyə. Sağlığında danışdığına görə Berlinəcən gedib. Haralardan keçib, neçə nemes öldürüb deyə soruşanda da başlayırdı: “Ayə, andıra qalmış sapoqun bir tayı barmağımı elə mazol eləmişdi ki, vallah, ağrısından nə vaxt Berlinə çatmışam xəbərim olmub”. Guya ki, müharibə beşgünlüymüş, bir aylığmış… Nənəm hər dəfə babamı çimizdirəndə bədənini qarış-qarış yoxluyub deyirmiş: “Ay, Zülü, – babamın adı Zülfüqar idi,-elə bil müharibədən yox, kolxoz iclasından gəlmisən…Ayə, bu boyda bədənə bir nemis gülləsi də dəymib eee… maaşallah!” Babam da susarmış. Davadan danışmağı xoşlamazdı kişi.Bəlkə də danışmağa sözü yoxmuş?
Qələbənin iyirmi illiyində babama medal vermişdilər; igidliyəmi, yoxsa şücaətəmi görə,bilmirəm. Onda, medalı “yumaq”çun həmyaşıdları böyük əmimgilə yığışmışdı. Məktəb direktoru Əlipaşa müəllim yüz vurandan sonra soruşmuşdu:
–A Zülfüqar, baxıram hökumət də sənə qiymət verir,medal verir yəni… Hə,danış görək döyüş yolundan, qəhrəmanlığından… Ayə, özünlə qəbirə aparacaqsanmı ürəyindəkiləri? Bəlkəçekist olmusan, sekretni işdə olmusan,hə? Bilsək nə olar?!
Babam xeyli fikirləşdikdən sonra neçə illər içində boğduğu sirrini ürək ağrısıyla, yana-yana danışmışdı ilk dəfə:
–Ay əzizlərim, nə sekret, nə çekist?.. Deməyə də dilim çönmür ee…Davanın ilk günündən sonuna kimi qərargah aşbazının köməkçisi qoydular məni. Kartoşka-soğan təmizləyirdim, odun yarırdım.-Kövrəldi, sanki ən alçaq, vecsiz iş görübmüş. -Hamısı da…dil bilməməyimin ucbatından…Rusca kərt-kürt eləsəydim,mən də boyevoyda olardım, nemis öldürərdim!
Kişilər ona ürək-dirək verdilər ki, sən lap vacib iş görmüsən, əsgərlərin qarnını doydurmusan! Qəm yemə əşşi.Biz də deyirik, Zülü davadan gələni niyə bikefdi…
Onda çox balacaydım və çox şeyi başa düşmürdümsə də, babamın uşaq kimi kövrəlməyi yer eləmişdi mənə.Elə onda özümə söz vermişdim ki, rus dilini öyrənəcəm. Çünki, sovetin düşməni çoxdu və istənilən vaxt yenə dava olar.Dil bilməsəm, babam kimi kartof təmizlərəm axı?!…
***
…Nəfəsimi güclə alırdım.Deyəsən ciyərim zədələnib.İçimdə qəribə bir istilik hiss edirəm-nəfəsimlə burnuma dəyir tamı…Qulağımdakı uğultu səngiməmişdi hələ. Nataşa xala da nəhəng bədəniylə köşkün qabağında dayanıb məni gizlədirdi ki, görməsinlər. Başqası olsaydı çoxdan yığışıb getmişdi.Neçə il idi onunla üzbəüz köşkdə alver edirdik. İncikliyimiz olmayıb aramızda.Dediyinə görə, oğlu kimi istəyirdi məni. Deyirdi ki, siz azərilər böyüklərə çox hörmət edirsiz…Cənnətin qapıları üzünüzə həmişə açıqdır!
Neyləmişdim ona? Səhərlər bazara ilk gələnlərdən biri mən idim. Sonra Nataşa xala, əri Andrey əmiylə gəlirdi. Öz malımı boşaltmamış Andrey əmiyə kömək edirdim kənddən gətirdiyi süd, qaymaq bidonlarını daşımağa.Allahtərəfi, yaşlı da olsalar, o qədər təşəkkür edərdilər, utandırardılar məni…
“Cənnətin qapıları…” Hardadı o qapılar, harda?
Başımdakı küt ağrı, hərəkətsizlikdən iliyiməcən işləyən soyuq məni haldan salmışdı.İsti, yumşaq bir yer olsaydı…Nataşa xalanın ayaqları arasından qırıq taxta yeşiklərin, əzik-üzük olmuş xiyar, pomidor, badımcan qalıqlarının altında tapdaq olub əzilmiş boz papağımı gördüm. Qulaqlarım, başım elə üşüyürdü ki!..
***
…Biz kənddə yaşayırdıq.Yeddi yaşım olardı.Kiçik əmim əsgərlikdən gəlmişdi, deyəsən, Sverdlovskidən.Əsgər gedəndə əmim qapqaraydı mənim kimi, atam kimi. Xalalarım deyirdi ki, əsgərlik Səlimə düşüb, kökəlib, həm də ağarıb, maaşallah! Və, o qədər dedilər ki, axırda əmim həmişə ağ qalmaq istədi –yığışıb getdi Rusyətə.
Hə, Rusyətə yola düşməmişdən bir həftə əvvəl Bakıya, bilet almağa gedəndə məni də özüylə apardı.Nəslimizdə, uzağa gəzməyə gedən üçüncü kişi mən oldum.Bilet alandan sonra şəhərdə gəzdirdi əmim. O qısa tumanlı qızlara baxırdı, mən də mağazaların iri vitrinlərinə.İlk dəfə dondurma, peraşki yedim.Deyəsən, çox yedim.Qarnımda sancılar başladı.Əmimə dedim “işim var”. Yaxınlıqda ayaqyolu tapmadı.Mən dözə bilmirdim.Əmimin mənə yazığı gəldi. İşarə elədi ki, parkdakı kolluğa girim…
Hə, bu başqa məsələ! Lap kəndimizdəki kimi, girdim kolların arasına, şalvarımı tez aşağı çəkib çömbəldim. U-uuyy…
Əmim, nədənsə uzaqlaşdı məndən, lap uzaqlaşdı, guya mənim əmim deyil. Yol ilə keçənlər mənə baxıb, rusca nəsə deyirdilər. Çünki, Bakıda demək olarki, hamı rusca danışırdı və mən də babam kimi rus dilini bilmədiyimdən onları başa düşmürdüm.Babama bütün davanı kartof təmizlədiyinə görə yazığım gəlirdi, indi də özümə…
Rahatlandım, kolun yarpaqlarıyla özümü təmizlədin.Nə yaxşı ki, böyürtkan kolu deyildi!.. Şalvarımı düymələyib qaçdım əmimin yanına.Utana-utana soruşdum ki, o arvadlar nə deyirdi mənə? Güldü, cavab vermədi…
***
– Çernajopı… Vaşu matt !.. – yaralı ayı bağırtısına bənzər səslər kəsilmək bilmirdi.Bazara bomba düşmüşdü elə bil, cərgələr dağılmış, şilküt olmuş kişilər orda-burda sərələnmiş qalıb zarıyırdılar.
Bunu artıq düşünməyə dəyməzdi. Ayağımın altındakı bu torpaq heç vaxt mənim olmayıb, heç vaxt! Yanılmışdıq. Sevə-sevə “böyük Vətənimizin paytaxtı Moskvadır” deyəndə də, babalarımız çiyin-çiyinə döyüşəndə də bizim olmayıb.Özgəsiyçin vuruşmuşuq deməli.Bəlkə…
…Qaçıb canını qurtaranlar da olub, yəqin ki, olub. “Qaçmaq da bir igidlikdi”. İçimdə nəsə qırılmışdı elə bil. Bədənim soyuduqca ağrılar şiddətlənirdi.Nataşa xala vəziyyətimin nə qədər ağır olduğunu duyduğundan, “döz…bir azca da döz…”-deyə işarə edirdi. İlahi, bu millətçilərdə bu qədər kin, nifrət, aqressiya hardandı?! Görəsən, babamın qarnını doydurduğu, faşizmi yox edən əsgərin nəvəsinin qəlbində Hitlerə olan məhəbbət hardan doğur? Bəlkə nasistlər gizlincə giriblərmiş Moskvaya, Berlinəcən qovulan heç onlar deyilmiş?!
Tarix müəllimim deyərdi ki, Bakının nefti olmasaydı, Stalin müharibəni uda bilməzdi…Bəlkə nasistlər neftin qisasını alırlar bizdən?! Cəhənnəm olsun nasistlər…
***
…Əsgərliyim Amur vilayətində keçdi.Bərkə-boşa düşdüm.Bir az da kişiləşdim.Hərbi hissəmizdə ruslar çoxluq təşkil edirdi.Qəribədir,bizdə ana söyüşünə görə adam bıçaqlayıb beş il türməyə düşürlər, burda hər kəlmə başı, komandirdən tutmuş sıraviyə kimi bir-birinin anasına söyürdülər və bunu qəbahət saymırdılar, adət etmişdilər bir növ…Bir dəfə, əmrini vaxtında yerinə yetirmədiyimə görə hirslənən komandir anamın atamdan başqa bir kişinin toxunmağa haqqı çatmayacağı yeri söydü.Mənə elə gəldi ki, o söymədi, eləcə, atamın elədiyini elədi, özü də mənim gözümün qabağında! Leytenantı necə vurmuşdumsa, bir həftə hospitalda yatmışdı.
Ştab rəisinə əhvalatı olduğu kimi danışdılar. Rəis dinmədi, heç cəzalandırmadı da məni…
…Şaxtalı dekabr gecəsindən yağan qar ara versə də, havada güllə kimi uçan murdar söyüşlər təpik, yumruq zərbələrinin guppultusundan da tez qulaqlarıma soxulurdu.Tükürpədən qışqırıqlar, köməksiz qalan kişilərin naləsi ondan da betər idi. Sanki yer, göy lərzəyə gəlmişdi. İkiəlli başımı qucaqlayıb dizlərimin arasına sıxdım.Özümə nifrət edirdim!Hamıya nifrət edirdim! Acizliyimə, fərsizliyimə görə.Bu dəqiqə uzaqda, lap uzaqda bizimçin dua edən analarımızın, bacılarımızın ləyaqətini qoruya bilmədiyimə görə.Bir də bu dili bildiyimə görə, necə həvəslə, sevgiylə öyrəndiyimə görə nifrət edirdim özümə! Babamın kövrəlməsinə fikir verməyəydim kaş…Təki kartof təmizləyəydim, odun doğrayaydım…Başa düşməyəydim bu murdar sözləri!..Parkdakı ağız büzən arvadları da yaddaşımdan siləydim kaş…Əmim kimi ağ olmağı arzulamayaydım! Kaş ki…
***
…Leytenanta dəyən zərbədən sonra mənimlə ehtiyatlı dolanırdılar, qorxurdular məndən.Zaman əsgərlikdə elə bil dayanır.Sanki, iki il yox, iyirmi il ötdü.Hər gecə yuxularımda olan kəndimizə qayıdanda atam qurbanlıq qoyun kəsib payladı.Əmilərim bütün kəndi, Bakıda olan qohumlarımızı yığıb bayram etdi. Düz bir ay…
“Gündüz naxıra, axşam axura”-başımda bircə bu fikir fırlanırdı. Kolxoz, kənd həyatı tez bezdirdi məni. İndi yuxularıma şam, ağcaqayın meşələri, “samovolka”da görüşdüyüm Lena girirdi. Yuxularım məni lilli-palçıqlı küçələrdən qoparıb uzaqlara, uzaqlara çəkirdi. Anam duymuşdu.Qız da tapıb məni “kəndirləmək” istəyirdi– əmim kimi qaçmağımdan qorxurdu yazıq arvad…Yazıq anam,ürəyindəkini həyata keçirmək istəyənə kimi əmimin yanına qaçdım.Anam nə istəyirdi axı? Halal südəmmiş gəlin, beş-altı uşaq,vəssalam! Mənsə qaçdım.Söndürdüm atamın çırağını, quru yurdda qoydum. İndi görəsən neyləyir? Oturub doqqazın ağzında, qara su gəlmiş gözlərini ovxalayır, məni ondan alan yollara baxır. Bəlkə…
***
…Ağrıdan nəfəs ala bilmədim. Gözümdən axan acı su dodağıma toxunanda diksindim; istiydi acı su.Bədənimsə buz kimiydi-quyumuzun suyu kimi.
“Qayıdacam! Bax, bu it uşaqları gedən kimi, şələ-küləmi yığıb gedəcəm anamın yanına!..” Beynimdə qırıq-qırıq fikirlər dolanır. Qırx ildə yaddaşımda itkin düşən bu xatirələrdən başqa nəyim vardı ki? Kiməm ki?Ömrü boyu doğma sandığım bir toplum içində öz keçmişiylə pıçıldaşan yad bir varlıq –MİQRANT! Bu kəlmənin dar çərçivəsindəyəm…və başqa heç nə…Ağırlığına tab gətirəcək çiyinlərimi də çox gördüm sənə, ana!..
…Milislər gələr gəlməz Andrey əmi də qayıtdı.Nataşa xala ürəkləndi. “Bayaqdan harda itib batmısan?!”-deyə, ərinə acıqlandı. Piştaxtanın dalına keçdi, qoltuğuma girib məni sinəsinə çəkdi.
–Tez ol, kömək elə maşına mindirək,ölür yazıq…
***
…Təkərli xərəkdə,işıqlı xəstəxana koridoruyla aparırlar məni.Yox, aparmırlar, elə bil uzun tuneldə uçuram…Nataşa xalanın üzündə təlaş var.Yanındakıları kiməsə oxşadıram…Yuxarıdan gözlərimə süzülən ağappaq işıqların şüası gah gurlaşır, gah da yox olur… Üzündəki təbəssümü oğurlayıb qaçandan bu tuneldəymişəm, ana… Az qalıb…Oğlunu qucaqlamağa, saçlarını oxşamağa az qalıb…Ana, heç ağarmadım ki, vallah, atam kimi qapqara qalmışam…Təkcə, saçlarım ağardı, ana…
Göz qapaqlarım ağırlaşır.Nəsə qonur sinəmə, nəsə…daşdı elə bil…
Tunel nə uzunmuş?!..
Bayaqdan gözümü deşən işıq… hara yox oldu?..
Aaa-naa?! Bu s-sənsən?.. Gəlirəm, ana, qucaqla…qucaqla məni…
2002
HÜRMƏYƏN KÜÇÜYÜN ARİYASI
“Bir küçüyün sərgüzəştləri” silsiləsindən birinci hekayə
–Apar azdır… Hardan, necə gətirmisən, eləcə də apar!..
–Niyə? Vallah yaxşı küçüydü, bir azca böyüdü haa, həyət-bacana hayan olacaq.
–Dedim, yox, deməli, yox!
–Ay Kərim, tərsdiyin tutmasın, yazıq heyvandı, süfrənin qır-qırıntısıyla dolanacaq…
–Ayə, nə qır-saqqız olub yapışmısan yaxamdan, balam, ürəyimə yatmır da?! Pah atonnan, gör necə yalvarır e…Bundan, bu qapıya it olmayacaq! Onun gözlərinə bax, sən atoon goru!.. Bax, bax da?!
–Nolub onun gözlərinə, həə?..
–Bu fağırrığında da küçük olar, a rəhmətdiyin oğlu?! Elə bil süddən kəsilmiş uşaq kimi bu saat ağlıyacaq. Bir suyu lap hesabdar Cəbiyə oxşuyur,sən ölmüyəsən!
–Heç zarafatından qalmırsan, ayə…Nə isə,kimə oxşadırsan oxşat, amma yalını bir az çox eləsən, əməlli-başlı köpəy olacaq.Ətə öyrətsən, lap canavara dönər.
–Axmağın biri axmağ, özüm doyunca ət yemirəm, hansısa qancığın doğduğuna ət verəcəm? Belə qudurmuşam?
–Mənə də yox da, ay Kərim. Elə bil külfət basıb səni, ay evi abad olmuş.Guya xəbərim yoxdu ki, günün kafe-restoranlarda keçir? Bütün rayon boşuna kefnəqulu Kərim demirki sənə?!
– Ayə, yaxşı, yaxşı sən canın, əl çək…Evdi də, yəqin ki, arada sür-sümük tapılar…
–Belə de də, ay insafını Allah kəsmiş, lap ürəyimi üzdün ki?!. Ara-sıra sümükdən-zaddan at qabağına, vallah peşiman olmazsan! Heyvandı da…
Bu söhbətdən iki ildən bir az çox keçmişdi.Kərim, əvvəllər hər ayın başı, sonra da demək olar ki, hər gün özünü də, iti ona ürcah eləyən İsfəndiyarı da məzlum-məzlum gözlərini döyüb onun üzünə baxan Generala qatıb, həyatı boyu öyrəndiyi, bildiyi nə qədər söyüş vardısa, dişinin dibindən çıxarıb döşəyirdi onun sifətinə, özü də rusca…Qanmaz heyvan cınqırını çıxarmasa da,beləcə ürəyini boşaldar, rahatlaşardı. “Mən axmağ da ad qoydum da: General! Yox bir, marşal!..Sənə it deməyə də adamın dili dönmür.”
Özü də dəqiq bilmirdi niyə– “general” sözü gurultulu səsləndiyindən, yoxsa, nakam komandirinin ölmüş arzusunu əbədiləşdirmək istəyindən, küçüyə bu adı vermişdi.Bəlkə inanmaq istəyirdi ki, heç olmasa, cinsinə, nəslinə yaraşmayan fağır-füqarəliyini adına görə unudub ödkəmli, zabitəli bir it oldu? Axı əsgərlikdə alkaş komandirindən çox eşitmişdi ki, general olmağı arzulamayan əsgərdən heç vaxt samballı döyüşçü çıxmaz. Düzdür, iki ilini birtəhər başa vurmaqdan savayı heç nə barədə düşünməyən Kərimin generallıq ağlının ucunda da keçməzdi,heç mayor rütbəsinə kimi ucalan komandirinə də general olmaq qismət olmamışdı, çünki içdiyinə görə şələ-şüləsini vermişdilər qoltuğuna…
…O vaxt İsfəndiyar qışlaqdan yaylağa qalxanda gətirmişdi bu küçüyü. “Noolsun ki, arvad-uşağın yoxdu, mal-qaran kolxoz sürüsünü ötüb maşallah, onlara da göz olar…Ayə, kəççinin qapısında it hürər də,”– deyib getmişdi İsfəndiyar.Əslində, İsfəndiyar kəsə yolla, hər dəfə onun qartmaq bağlamış yarasını qopardıb üstünə duz səpir, indiyə kimi evlənmədiyinə, arvad-uşaq sahibi olmadığına işarə edirdi, çünki onun doqqazındakı ölü bir səssizliyə dözə bilmirdi. Axı,pis-yaxşı, Kərim onun uşaqlıq dostu, əsgərlik yoldaşı idi, ataları da əmiuşağı.
“Allah göstərməsin – bu boyda mülkdə bayquş kimi tək-tənha yaşayırsan, – bir gün yatdığın yerdən qalxmasan,bir köpəyoğlu səndən xəbər tutmaz, vallah mındar olub qalarsan evin bir küncündə!Necə olmasa,canlıdı, bir şey olsa, hay-küy salar…Ayə, kef çəkməklə deyil ee, savab iş də görməlisən bu dünyada!”Bunu da İsfəndiyar demişdi və bərk-bərk tapşırmışdı ki, heç olmasa özünə görə küçüyə baxsın…
Hə də, Kərimin bəxtəvər başına,zirzəmidə eşələnib iki köhnə mis tas tapıb qoymuşdu pilləkənin altına– biri su üçün,o biri yal üçün – bişirdiyinin, yediyinin artığını tökürdü o tasın içinə ki, anasını erkən itirmiş küçük yeyib iri, bədheybət köpəyə dönsün. Adını General qoysa da, ona hər baxanda, nədənsə, gah hesabdar Cəbi, gah da arzusu ürəyində qalan nakam komandiri gəlib dururdu gözünün qabağında.
Bəzən, yeyib-içdiyi yolqırağı yeməkxanalardan utana-utana kabab, bozbaş sümüklərindən sellofan paketlərə yığıb gətirərdi onunçun.
***
Kərim elə bil anadan şəhərli doğulmuşdu;uşaqlıqdan nə mal növbəsinə gedər, nə bir dəfə tövləyə girər,nə toyuq-cücəyə dən verər, amma hər səhər anasıyla qaymaq, süd, yağlı pendir davası edərdi. Sən bir işə bax ki, pasportunu alan kimi bu feodal düşüncəli, kənddən baş götürüb Rusiyaya getmək arzusuyla yaşayan Kərim, pasportunu da aldı, əsgərliyini də Qazaxıstanda başa vurdu, olmazın oyunlardan çıxdı və yenə kəndə qayıtdı,təsərrüfat işlərində ata-anasına həyan olan, heyvan-qaranı otaran, ot-ələfin yığan, altını kürüyən böyük qardaşları olsa da,ata-anaları rəhmətə gedəndən sonra dədə ocağında qalan yenə də Kərim oldu-o biriləri dədə mülkünü qoyub şəhərə köçdülər.
Amma Kərim əmin idi ki, şəhərli kimi yaşamaqdan ötəri kənddən köçmək elə də vacib deyil və istəsə şəhər boğanağında itib-batmadan da arzularını reallaşdıra bilər.
Kərimin ata-babadan qalan var-dövləti balaca qoyun sürüsü idi.Sovetin dövründə kolxozda ferma müdürü işləyən İsfəndiyarın sürüsünə qoşmuşdu.Kolxoz dağılandan sonra da onlara özü baxmırdı, fermer Qəzənfərə vermişdi ki, saxla, hər il doğulan balanın yarısı sənin, yarısı da mənim. Doğar qoyunları sürünün yarısından çox idi deyə, Qəzənfər nəfsinə uduzub razılaşmışdı.Qoyun da ki, artımlı heyvandı,yaxşı baxanı olsa beş-on ilə bir də görərsən ki, maşallah,sayı-hesabı bilinmir.
Şəhərli kimi yaşamağın çəmini tapmışdı: əli-ayağı tərtəmiz,həyət-bacası gül kimi, nə tövlə iyi gəlirdi, nə də heyvan-qara səsi; hamamxanası, isti-soyuq suyu, mebelli mətbəxi, daha nə bilim nəyi…Dəblə geyinməyindən də qalmırdı.Bircə evində xanımlıq eləməyə yaxşı qadın, var-dövlətinə sahib durmağa colma-cocuq çatışmırdı. Kərimin xislətinə bələd olanlar bilirdilər ki, evlənməməyinin də bircə səbəbi vardı – o heç kəslə yola getmirdi və onun aləmində kiminləsə bir dam altında iki-üç saatdan artıq olmaq ömürlük sürgünə məhkum olunmaq kimi bir şey idi…
Tək-tənha özü-özüyçün yaşayır, bundan həzz alırdı. Üzünə deməsələr də,arvad sarıdan bəxti gətirməyən, hətta, bəzi bəxti gətirən kişilər də onun sərbəst, kefcil həyat tərzini görəndə ürəklərində paxıllıq edirdilər. Əlbətdə, Kərim öz qismətindən çox razıydı.
İmkanlı olmaq da belə şeydi; zalım oğlu, Türkiyədən vurub Amerikadan çıxır,səsi gah Cənubi Afikadan, gah da Dominikan Respublikasından gəlirdi.Rayonda, bəlkə də Bakının özündə,handa bir özündən deyənin ayağı dəymədiyi çox ölkələr, şəhərlər vardı ki, Kərim oraları Boxçalıdan yaxşı tanıyırdı. Hara da getsəydi yenə Boxçalıya dönər,qərib ellərdə çəkdiyi keflərin donmuş yadigarları olan fotoları yataq otağının divarına yapışdırardı.Və bu nəhəng divar albomunu kimsəyə göstərməzdi.Hər gün yatmadan əvvəl o, şəkillərə baxıb dodaqlarını marçıldada-marçıldada “ötən günlərimi qaytaraydılar…” deyib girərdi yorğanın altına.
Orda-burda çəkdiyi keflər azıymış kimi, ayda bir-iki baş qoyundan-quzudan satdırıb istədiyi vaxt subaylığın dadını çıxarırdı.Ürəyinə qadın düşəndə özünü vururdu ya vağzal bufetində ofisiant işləyən Qalyanın, ya da ki, internetdə tanış olduğu Ceylanın yanına.Əvvəllər,San-Fransisko, Marsel,Monte-Karlo, Neapol, Mayami, Monterrey gözəlçələrinin yerini nə Qalya, nə də Ceyla verə bilmirdi. Amma sürətli internetə qoşulandan sonra, “deyəsən, bizimkilər də xaricilərdən heç geri qalmır” deyərək yeni-yeni eşq macaraları axtarırdı.Burada cavan, ərlərinə xəyanət eləyən evli gəlinlərdən tutmuş, kişilərindən narazı qadınlara qədər, bir saatlıq, bəzən bir neçə günlük ürəyinə yatanını tapmaq sadədən də sadəymiş?! Özü də xaricə getməyə, ətək-ətək pul xərcləməyə də ehtiyac yox idi.
Kərim naşükür adam deyildi:
–İnterneti çıxardanın atasına min rəhmət,-deyirdi.– Ayə, hayıf deyil,girdin, tapdın,yazışdın, beş-on manatlıq kontur yüklədin,oldu sənin,bir ağzıgöyçəyində xəbəri olmur.Yoxsa əvvəllər? Birinin dalısınca düşdün, qapısına ayaq basdın,külli-aləm səndən danışacaq ki, görəsən filankəs filankəsin evinin həndəvərində nə qayırır?!
İsfəndiyar gətirən küçüyün adqoydusundan bir-iki ay keçmiş, bu ipə-sapa yatmaz küçüklə bir həyətdə üz-üzə gəlməkdən təngə gəldiyindən başladı təzə sevgili axtarmağa.Nə olsun ki, yaş o yaş deyil, maşallah, pul-para onda, başqa hər şey də ki, öz yerində. Qalya boş yerə demirdi ona: “Tı kak beşenniy dikar…”
Tanışlıq saytında Selenanın profilindəki yarıçılpaq şəkilləri çox xoşuna gəlmişdi.Canıyanmış elə profilindən adamı o dünyalıq eləyirdi.Hər gecə yazışıb yaxından tanış olandan sonra, nəhayət, telefon nömrəsini aldı.
Zəngləşib görüş təyin etdilər, amma Selena əvvəlcədən onu xəbərdar etdi ki,əgər gecə qalmalı olsa yüz manat ödəməli olacaq, yeyib-içmək də öz yerində. Razılaşdılar və Kərim cibinə xeyli pul qoyub üz tutdu şəhərə.Ən bahalı supermarketdən ən bahalı içki, ərzaq alıb qıza zəng vurdu ki, gəlmişəm.Bir saatdan sonra görüşdülər.Cavan, uzun boylu,nərmənazik, sarı saçlı Selena Kərimi görəndə iri, kobud görkəmindən bir az qorxdusa da, onu gülərüzlə qarşıladı.Yeyib-içəndən sonra yarıqaranlıq yataq otağına keçdilər.Qız nazlana-nazlana soyunduqca Kərim havalanırdı. Beş dəqiqədən sonra qız utanırmış kimi arxasını Kərimə sarı çevirib uzandı, “quc məni” deyib dalını ehtirasdan alışıb-yanan Kərimə sürtüşdürdü. Kərim onu qıllı sinəsinə sıxanda hiss etdi ki, Selenanın döşləri şəkildəkindən çox balacadı. Döşbaz olsa da, daha buna əhəmiyyət verməyib yavaş-yavaş başqa əzalarını əlləməyə başladı;kobud barmaqları paçasının arasına toxunanda elə diksindi ki, lap dəli kimi qışqırmaq istədi,istədi nədi, lap bağırdı da. Tez yerindən sıçrayıb yataqdan durdu, işığı yandırdı və diqqətlə baxdı ki, Selena… Selena,sən demə qız-zad deyilmiş, heç arvad da deyilmiş!
Nə isə, o qədər xərc-xəcalətdən sonra sevgilisinin “oğlan” çıxmasına əsəbiləşdi, qondarma Selenaya tüpürüb kəndə qayıtdı.
Qayıdan kimi həyət-bacanı ələk-vələk elədi, “General,General…” deyib çağırdı, küçükdən səs çıxmadı.Handan-hana onu zirzəminin küncündə qısılıb yatmış tapanda ürəyi yerinə gəldi.Qəribəydi, Selena məsələsindən sonra evdən bayıra çıxmayan Kərim mehrini məzlum küçüyə salmağa başladı və bir daha nootbuka yaxın durmadı.
Hər gün suyunu, yemini verir, qaçmağı, tullanmağı, dükandan aldığı balaca qırmızı rezin topu tapıb gətirməyi öyrədirdi, amma nə illah edirdisə də, küçük onun dediyini, göstərdiyini eləmirdi ki, eləmirdi.
“Yediyin burnundan gəlsin!..Ayə, camaatın iti hürəndə az qala qorxudan iki küçə o yana qaçasan,bu qurumsağ ağzını açmağa da can çəkir!..Demişdim də, İsfəndiyar, a zatı qırıq (lənət sənə kor şeytan!),bundan mənim doqqazıma axran-maxran olmaz!..”
Hər dəfə yedizdirəndən sonra beş-on dəqiqə ki, keçirdi, küçüyün sifətinə– o məzlumluq, qaramatlıq yağan sifətinə baxıb belə deyir, gözləyirdi ki, bəlkə yediyinin xatirinə bircə dəfə “ham” deyə, hürə, yox e, nə hürmək balam, elə bil o, it belindən gəlməyib, qancıq doğmayıb onu, lal ördək balasıdır ki, durub…
Kərim bir il küçüklə bir həyətdə yaşadı. General əməlli-başlı əmələ gəlmiş, ətə-qana dolub iri, adamı vahiməyə salan köpəyə dönmüşdü.Narıncıya çalan tüklərini pırpızlayanda nabələd adamın ürəyi ayağının altına düşürdü. Ancaq bu ilk baxışdan belə görünürdü. Elə ki, onun gözlərinə baxdın, qurtardı da, indi otur, ağla onun halına;nişanı qaytarılmış qız kimi kədərli, məyus baxışlarından yazıqlıq, qaramatlıq yağırdı. Ən dəhşətlisi o idi ki, məhlə-küçədən ötən uşaq, böyük, bir dəfə də Kərimin həyətindən it səsi eşitməmişdi. Ömrü boyu heç kəsin nazını çəkməyən, kefnəqulu Kərim,indi bu yaşında bir itin nazıyla oynayır, amma hürməyi bacarmadığına görə onun yerinə iztirab çəkirdi.
Bu dəfə Qalyanın yanına gedəndə Generalı da özüylə apardı.Fikirləşdi ki, bəlkə dünya görə, gözü-könlü açıla, o da mənim kimi canlıdı, bəlkə ürəyi nəsə istəyir,könlündən nəsə keçir?!
General Qalyanın xoşuna gəldi.Dedi ki, çox maraqlıdı, həyatımda ilk dəfədi lal it görürəm.
Kafenin yaxınlığında dolanan polis, qırmızıgöz bədheybəti görəndə xəbərdarlıq elədi ki,ağsaqqal, iti “namordnik”siz adam içinə çıxarmazlar, Allah eləməsin, kimisə qapar, xətər yetirər…Kərim də qaqqanağ çəkib güləndən sonra cavab verdi ki, Allah saxlamışın nəvəsi, o günə qurban demişəm e,hardandı onda elə kəramət, məndə elə bəxt?! Laldı bu it ee, lal!..
Kərim Qalyanın yanında gecələdi və nə fikirləşdisə, səhərin alatoranında yataqdan durdu, heç Qalyanı da oyatmamış kəndə qayıtdı…
***
…Gecəni ilan vuran yatdı, Kərim yata bilmədi.Elə bil yorğan-döşəyinə bit-birə daraşmışdı,yuxusuna da ilan-qurbağa girmişdi.Səhərəcən qurcalandı, qurcalandı, qonşunun xoruzu banlamağa macal tapmamış yerindən dik atıldı və elə tuman-köynəkdə həyətə çıxdı.İlk dəfə evini, həyətini boş,kimsəsiz görürmüş kimi özünə yazığı gəldi, ürəkdən “ah” çəkərək pilləkənin başında oturub aylı-ulduzlu səmaya baxdı.İsfəndiyarın keçən il dediyi sözləri xatırladı. “Necə demişdi?..Hə, zatıqırıq demişdi ki, bu boyda mülkdə bayquş kimi yaşayırsan,tək-tənha…Düz sözə nə deyəsən, bir iti, lal-dinməz bir iti də saxlamağa fərasətim çatmadı…”
Göydəki ulduzları saymaq istədi, hər saydığının da yanında yeni-yeni ulduzlar peyda olurdu deyə sayı qarışdırdı, gözlərini ova-ova həyətə düşdü, darvazanı açıb küçəyə çıxdı.Fikirləşdi ki, əlli ildə birinci dəfəydi belə mənasız işə baş qoşurdu – göydəki ulduzları sayırdı…
Düzdü, ürəyində ona çox acıdı,tutduğu əməlinə görə özünü qınadısa da, ən çox da çəkdiyi əziyyətinə heyfisləndi. “İtdi də, harda olsa başını girriyəcək.Mənə nə gəlib,onun dərdini çəkim, günümü-güzaranımı, qızıl kimi vaxtımı itə həsr eləyim?!.Özü də sərfəsizin birinə…”
Pah atonnan, Kərim alatoranda qaranlıq fikirlərinə aydınlıq gətirirdi ki, baxıb gördü, budu e, General kəndin içiylə ləhləyə-ləhləyə ona sarı gəlir.Əvvəl elə bildi onu qara basır. Ovucunun içiylə gözlərini ovxalayıb baxdı, baxdı ki, vallah gələn odur. Çox keçmədi düz qənşərində dayanıb durdu, nəfəsini dərib baxdı. Kərim, rayon mərkəzindən kəndə qədər yolu nəfəs almadan qət eləyən Generalı heyrətlə süzdü, insafsızcasına yad şəhərdə onu atıb qaçdığına görə özünü qınadı, itin etibarına məəttəl qalıb yumşaldı, doluxsundu.Bilmirəm General bunu başa düşdü yoxsa yox, pəsdən “mırrr…” eliyə-eliyə özünü Kərimin ayaqlarına sürtdü, amma hürmədi.Elə sakitcə mırıldadı ki, elə bil yuxulu kəndi oyatmaqdan ehtiyat edir.
–Ay insafsız,– Kərim dilləndi,-nə mırıldayırsan,hür da, hürr!..Qoy bütün kənd diksinib ayılsın.Niyə qorxursan hürməkdən?! Səni də Allah hürməkçin yaradıb da!..
Kərim hirslə, hikkəylə demədi bunu, ürəyi göynəyə-göynəyə, az qala ağlaya-ağlaya dedi və əyilib Generalın tərli boynunu qucaqladı…
***
General hürmürdü.Bir Allah bilirdi ki, o bunu bacarmırdı, yoxsa ibnəsi tutduğundan hürmək istəmirdi?!
Kərim də son vaxtlar çox darıxır, çox fikirləşir, ürəyində: “gec də olsa, tənhalığa son qoymağın vaxtıdır, yoxsa, bu itlə bir həyətdə qalsam, doğrudan-doğru dəli olacam” – deyirdi. Bəlkə həyət-bacadan arvad-uşaq səsi gəlsə, General da insafa gəlib səsini səslərə qatar?! Bəzən nədənsə ona elə gəlirdi ki, onun qaradinməzliyi, adamayovuşmazlığı ilk gündən itə də sirayət edib.Axı yazıq it kimə, nəyə hürsün, niyə hürsün?..Sonra da fikirləşirdi ki, bəs camaatın iti niyə boş yerə hürür? Qonşunun dəcəl uşağına, bağına-bostanına oğurluğa girənə,kəndə gələn yad adamlara, lap elə ağzını göyə tutub boş-boşuna hürən o qədər it var ki?!.
İsfəndiyar da sanki küsmüşdü ondan, gəlib-getmirdi ki, dərdi-sərini onunla bölüşsün.
Kərim İsfəndiyarın heç olmasa bu il yaylağdan qışlağa dönərkən ona dəyməsinə ümid edirdi.Bir də ümid edirdi ki, qonşu kənddə dul gəlin var,uşağı-zadı da yox, bəlkə onu özünə arvad eləsin.Əlbət ki, İsfəndiyarın köməkliyi ilə.
İsfəndiyar ilim-ilim itmişdi,yağlı əppəyə dönmüşdü,səs-sorağını eşidən, ondan xəbər-ətər verən də yox idi.
General da bu yandan ağzına su alıb durmuşdu.Bir ara Kərim onu, ata-anasından iraq, Cəbiyə oxşadırdı– hesabdar Cəbiyə.O da, zalım oğlu vəzifədə özündən böyüklərin qabağında başını yellədib “baş üstə!” deyərdi.Elə bil ağzında dili-flanı yox idi Cəbinin, “baş üstə”dən başqa da söz bilmirdi.Bizim tərəflərdə yaman sevirlər lal-dinməzləri, yəni “posluşnıları”. Elə posluşnı olduğuna görə də yavaş-yavaş böyüdü, böyüdü,axırda gedib çıxdı nazirliyə.Amma bəxti gətirmədi yazığın. Yuxarıların göstərişlərinə, yeri gəldi-gəlmədi “baş üstə” deyib, sənədlərə təmənnasız imza atan Cəbi külli miqdarda dövlət əmlakının dağıdılmasına şərait yaratdığı üçün on il həbs olundu. Rayonda başbilənlər deyirdi ki, əgər Cəbi məhkəmədə də “posluşni” olsaydı, bəlkə o qədər iş almazdı.Sən demə məhkəmə vaxtı Cəbinin dili açılıb, nə açılıb! Açıb sandığı, töküb pambığı– hamını qoyub “baqaja”…Ayə, zalım oğlu zalım, ömrü boyu lal olmusan, indi noldu, qeyrətə gəldin?!.Bilmirdin ki, baqaja qoyduqların səni ilim-ilim itirər, göndərər gedər-gəlməzə? Çünki yuxarılar danışanları sevməzlər,əlbəttə ki, tərif deyənlərdən başqa…
–Yox, daha bacarmıram!Ə, it olanda nolar, insafın olsun da?! Gərək Cəbi kimi sənin də o zibilin qapı arasında qalsın, soora hürəsən?!
***
…Evə bir az içib gəlmişdi deyən, pilləkənin altında dünəndən qalma toyuq sümüklərini arsız-arsız, xırçaxırçla gəmirən Generalın mütiliyini görcək əsəbiləşdi.Bir yandan həyatındakı boşluq, vaxtsız gələn qocalıq onu haldan salmış, bir tərəfdən də həyətində bu itin canlı meyid kimi gün keçirməsi onu təngə gətirmişdi.
Axşam düşdü.Nə axtardığını özü də bilmirdi; evə girib ora-bura vurnuxdu, sonra hövlnak həyətə çıxdı.Zirzəmiyə düşüb gəzdiyi kəndiri tapdı, Generala yaxınlaşdı, bir ucunu həlqə edib boynuna keçirdi; General ona səssiz-səmirsiz itaət edirdi.
Kəndirin o biri ucundan yapışıb həyətdən çıxdı.General hara aparıldığından bixəbər onun dalınca addımlayırdı.Qarşıdakı təpədən aşıb torpaq yola çıxdı.Yol uzanır, Kərim öz-özünə deyinir, yırğalana-yırğalana onun dalınca düşən General, kəndirin ucundan bərk-bərk yapışan Kərimin addımlarınınə zaman yavaşıdacağını gözləyirdi; elə bil heyvanın ürəyinə nəsə dammışdı…
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?