Электронная библиотека » Yanuş Korçak » » онлайн чтение - страница 1

Текст книги "Uşağı necə sevməli"


  • Текст добавлен: 29 ноября 2022, 15:40


Автор книги: Yanuş Korçak


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Yanuş Korçak
Uşağı necə sevməli

UŞAQ AİLƏDƏ
1. NECƏ, NƏ VAXT, NƏ QƏDƏR, NIYƏ?

Cavab gözləyən xeyli sayda sualın, həllini tələb edən çox sayda şübhənin olacağını qabaqcadan hiss edirəm. Cavabı da verirəm:

– Bilmirəm.

Kitab, sən hər dəfə onu kənara qoyaraq, fikirlərinin saplarını toxumağa başlayanda məqsədinə çatır. Yox, əgər, səhifələri vərəqləyərək, dəqiq göstərişlər və reseptlər axtarışı ilə, bu göstərişlərin azlığına dilxor olursansa, bilməlisən: bu kitabda məsləhət və təlimatlar varsa da, onlar müəllifin iradəsindən asılı olmayaraq meydana çıxıb.

Tanımadığım valideynlərin naməlum şəraitdə mənə tanış olmayan uşağı necə tərbiyə edə biləcəyini, bunu necə bacaracaqlarını bilmirəm və bilə də bilmərəm .

“Bilmirəm” kəlməsini, elm üçün həqiqətə getdikcə yaxınlaşan yeni fikirlərin yarandığı, doğulduğu dumanlığa bənzətmək olar.

“Bilmirəm” – bu, analitik fikirləşməyə öyrədilməmiş ağıl üçün qorxuducu boşluqdur.

Mən uşaq haqqındakı müasir elmin sirli, həyatla və heyrətləndirici gözlənilməzliklərlə dolu yaradıcı “bilmirəm”ini anlamanızı və sevmənizi istəyirəm.

Anlamanızı istəyirəm: heç bir kitab, heç bir həkim sizin öz ciddi fikrinizi, öz diqqətli baxışınızı əvəz edə bilməz.

Analığın qadını nəcibləşdirdiyini, onun yalnız ana olaraq, mənən yetişdiyini tez-tez eşitmək olar. Həqiqətən, analıq öz parlaq alovu ilə qadının mənəvi varlıq vəzifələrinə aydınlıq gətirir, lakin bu vəzifələri nəzərə almamaq, qorxaqcasına sonraya saxlamaq, onları paket halında pulla əldə edə bilməməkdən incimək də mümkündür.

Sənə lazım olan fikirləri hasil etməyi kiməsə tapşırmaq öz körpəni doğmağı kənar qadına tapşırmaq kimidir. Özünün əzablarla doğurmalı olduğun fikirlər kateqoriyası mövcuddur, elə onlar da ən qiymətli fikirlərdir. Onlar sənin ana olduğunu, körpəyə döş, yoxsa əmcək verəcəyini, onu insan, yoxsa dişi kimi tərbiyə edəcəyini, ona rəhbərlik edəcəyini, yoxsa zorla cilovlayıb, ardınca çəkəcəyini, onunla oynayıb-oynamayacağını, ona olan zərifliyinlə biganə, yaxud səni sevməyən ərin əzizləməsinin yerini doldurub-doldurmayacağını, böyüyəndə isə taleyin öhdəsinə atıb-atmayacağını həll edir.

2. SƏN, “MƏNIM KÖRPƏM” DEYIRSƏN

Bu söz birləşməsini hamiləlik zamanı işlətməyə daha çox haqqın var. Şaftalı tumu kimi xırdaca ürəyin döyünməsi sənin nəbzinin əks-sədasıdır. Sənin tənəfüsün ona oksigen verir. Hər ikinizdə ümumi qan axır və bu qanın hər damlası sənin, yoxsa körpənin olacağını bilmir. Sənin çeynədiyin çörək dilimi onun qaçmasına yardımçı olacaq ayaqlarının, onu qoruyacaq dərinin, görəcəyi gözlərin, fikirlərini doğuracaq beynin, sənə uzadacağı əllərin, sənə “Ana!” deyə səslənəcəyi təbəssümün tikinti materialıdır.

Hələ hər ikinizin qarşısında duran o həlledici dəqiqəni birlikdə yaşayacaq, ağrıdan iztirab çəkəcəksiniz. Bir gün zəng çalınacaq: “Vaxtdır”. Bətnindəki körpə də elan edəcək: öz həyatımla yaşamağa hazıram və sən də ona səslənəcəksən: artıq özün yaşaya bilərsən, yaşa balası.

Onun üçün ağrılı olduğunu düşünmədən, güclü ürpəşmə ilə onu özündən dünyaya doğru qovacaqsan və o da, sənin üçün ağrılı olduğunun qayğısına qalmadan, qüvvətlə və cəsarətlə irəli atılacaq..

Amansız aktdır.

Xeyr. Sən də, o da onun səndən öz hissəsini götürərək, əbədi və ümumi həyat qanununa görə, ona düşəndən daha artığını götürməməsindən ötrü, birlikdə yüz minlərlə gözə görünməyən, xırda, heyrətləndirici dərəcədə tərtibli hərəkətlər edəcəksiniz.

– Mənim körpəm.

Yox. Nə hamiləlik aylarında, nə də doğuş saatlarında körpə sənin olmur.

3. DOĞDUĞUN KÖRPƏNIN 10 FUNT ÇƏKISI VAR

Onda səkkiz funt su və bir ovuc da karbon, kalsium, azot, kükürd, fosfor, kalium, dəmir var. Sən səkkiz funt su və iki funt kül doğmusan. Körpənin hər bir damlası yağış damcısı, qar dənəsi, duman, şeh, su, şəhər kanalındakı çöküntü olub. Karbon, yaxud azotun hər bir atomu milyonlarla müxtəlif maddələrlə birləşmiş, ya da bu birləşmələri dağıtmışdır. Sən yalnız olanları bir yerə toplamısan.

Sonsuzluqda asılı qalmış Yer.

Yaxın ulduza – Günəşə qədər 50 milyon mil var.

Balaca Yerimizin diametri cəmisi on millik soyumuş nazik qabıqlı 3000 millik od kürəsidir.

Alovla dolu nazik qabıq üzərində okeanlar arasında quru adacıqları var.

Quruda, ağacların və kolların, milçəklərin, quşların, heyvanların arasında insanlar qaynaşır.

Milyonlarla insan arasında sən də dünyaya nə isə gətirmisən. Bəs nə? Saplaq, tozcuq – heç nə.

O, hətta 1000 dəfə böyüdülsə belə nöqtə böyüklükdə olacaq bakteriyanın öldürə biləcəyi qədər zəifdir…

Ancaq bu heçnə dəniz dalğasıyla, küləklə, ildırımla, Günəşlə, Kainatla eyni cismdəndir. Bu tozcuq taxılla, otla, palıdla, palma ilə, quşlarla, şir balası ilə, dayça ilə, küçüklə qan qohumudur.

O, hiss edən, görən, iztirab çəkən, sevinən, sevən, ürək qızdıran, nifrət edən, inanan, şübhə edən, cəzb edən və itələyən bir varlıqdır.

Bu toz dənəsi ulduzları və okeanları, dağları və uçurumları – hər şeyi öz düşüncələriylə qucaqlayır. Ruhun məzmunu yalnız başqa miqyaslarda olan bütöv bir kainat deyilsə, bəs nədir?

Heçlikdən yaranan və daxilində Tanrını yaşadan insan təbiətinin əbədi ziddiyyəti belədir.

4. SƏN, “MƏNIM KÖRPƏM” DEYIRSƏN

Yox, bu körpə hamınındır – ana və atanın, baba və ulu babalarındır.

Kiminsə əcdadlar arasında yatan uzaq məni, kiminsə çürümüş, çoxdan unudulmuş səsi birdən-birə sənin körpəndə səslənib.

Üç yüz il əvvəl, müharibə, ya da sülh zamanı, çarpazlaşmış irqlər, xalqlar, siniflər kaleydoskopunda – qarşılıqlı razılıqlamı, zorlamı, ehtiras dəqiqəsindəmi, sevgi həzzindəmi – kimsə kimisə əldə edib, aldadıbmı, tovlayıbmı – heç kəs bilmir, kim, nə vaxt, necə, ancaq Allah bunu talelər kitabına yazıb və artıq, antropoloq onun kəlləsinin formasına, yaxud saçlarının rənginə görə təxminlər etməkdədir.

Bəzən körpə özünün atılmış, doğma ata evində yad olduğunu uydurur. Elədir ki, var: onun obrazını təkrar etdiyi şəxs bir əsr əvvəl ölüb.

Körpə xırda yığcam ieroqliflərlə doldurulmuş papirusdur, onların yalnız bir hissəsini oxuya bilərsən, bəzilərini isə pozub qaralaya və öz məzmununla doldura bilərsən.

Dəhşətli qanundur. Yox, əladır. O sənin hər bir körpəndə ölməz nəsillər zəncirinin birinci həlqəsini yaradır. Bu “yad” körpədə özünün yatmış hissəni axtar. Bəlkə də onu tapacaqsan, hətta, bəlkə inkişaf etdirə biləcəksən.

Körpə və sonsuzluq.

Körpə və əbədiyyət.

Körpə – boşluqdakı tozcuqdur.

Körpə – zamandakı andır.

5 .SƏN: “O… (ETMƏLIDIR) … ONUN … (ETMƏSINI) ISTƏYIRƏM..” – DEYIRSƏN

Sən onun oxşar olmalı olduğu nümunə axtarırsan, ona layiq həyat modelləşdirirsən.

Nə olsun ki, ətraf ortabablıq və adilikdir. Nə olsun ki, ətraf bozluqdur.

Adamlar əlləşir, eşələnir, vurnuxurlar – xırda qayğılar, əhəmiyyətsiz canatmalar, bayağı məqsədlər.

Aldadılmış ümidlər, boş-boşuna kədər, əbədi sıxıntı.

Ədalətsizlik zəfər çalır.

Buz kimi biganəlik səbəbindən soyuyursan, ikiüzlülük üzündən nəfəsin kəsilir.

İynə və caynaqlarla təchiz olunanlar hücum edir, sakit təbiətlilər özünə qapılır.

Axı adamlar yalnız əzab çəkmir, həm də ləkələnirlər.

Uşaq necə olmalıdır?

Mübariz, yoxsa əməkçi, rəhbər, yoxsa sıravi? Bəlkə, qoy, sadəcə, xoşbəxt olsun?

Xoşbəxtlik haradadır, nədədir? Ona doğru yolu bilirsənmi? Bilənlər varmı?

Bununla bacararsanmı? Hər şeyi əvvəlcədən görmək, onu hər şeydən qorumaq mümkündürmü?

Sənin pərvanən qaynayan həyat axınının üzərindədir. Uçuşunu endirmədən möhkəmliyi ona necə verməli, qanadlarının uclarından kəsmədən onları necə möhkəmlətməli?

Necə kömək etməlisən – öz fərdi nümunənləmi, yoxsa sözlərlə, öyüd-nəsihətlə?

Əgər onları rədd edərsə?

15 il sonra o, gələcəyə baxacaq, sən isə keçmişə boylanacaqsan.

Səndə – xatirələr və təcrübə, onda – qeyri-sabitlik və ötkəm ümid. Sən tərəddüd edirsən, o gözləyir və inanır, sən ehtiyatlanırsan – onun heç nə vecinə deyil.

Əgər gənclik istehza etmir, nifrət etmirsə, həmişə keçmişin səhvlərini düzəltməyə can atır.

Belə olmalıdır.

Ancaq hər halda… Qoy axtarsın, lakin azmasın, qoy zirvələrə hücum etsin, ancaq əzilməsin, qoy kökündən qopsun, amma yaralanmasın, qoy vuruşsun, yalnız ehtiyatla – üsulluca.

O deyəcək:

– Ancaq mən başqa cür fikirləşirəm. Mənə qəyyumluq etmək yetər.

– Deməli, mənə inanmırsan? Deməli, sənə gərək deyiləm? Mənim sevgimdən sıxılırsan? Ehtiyatsız uşaq. Yazıq, həyatı bilməyən. Nankor!

6. NANKOR

Məgər işıq saçdığına görə yer günəşə, toxum böyüdüyünə görə ağac torpağa təşəkkür edir? Məgər bülbül nə vaxtsa onu bədəni ilə qızdırdığına görə öz cəh-cəhlərini anasına həsr edir? Özün valideynlərindən aldığını uşağına verirsən, yoxsa faizləri diqqətlə nəzərə alaraq və hesablayaraq, müəyyən müddətə borc verirsən?

Məgər sevgi ödənişli xidmətdir?

“Qarğa dəli kimi vurnuxur, az qala, oğlanın çiyninə oturur, dimdiyilə onun dəyənəyini dəlir, onun üstündən asılır və başını çəkic kimi kötüyə döyür, xırda budaqları qoparır və xırıltı ilə, ağır-ağır, quru-quru və ümidsizliklə qarıldayır. Oğlan balaları tullayanda qarğa sürünən qanadları ilə torpağın üstünə atılır, dimdiyini aralayır, qarıldamaq istəyir – ancaq səsi yoxdur və yenə ağlını itirmiş və gülünc halda oğlanın ayaqları yanında qanadlarını çalır və tullanır… Bütün balaları öldürüləndə ağaca uçur, boş yuvaları axtarır və onlar üzərində hərlənərək, öz dərdini çəkir”. (Jeromski).

Ana məhəbbəti təbiət hadisəsidir. Adamlar onu özlərinə məxsus şəkildə dəyişmişlər. Bəzi mədəniyyətlərin daşıyıcıları istisna olunmaqla, bütün dünya körpəni öldürmə praktikasına malikdir. On iki uşağı ola biləcək, amma iki uşağı olan ər-arvad aralarında, ola bilsin, məhz yeganə, “onların uşağı” olan doğulmamış on uşağı öldürmüşlər. Bəlkə doğulmayanların arasındakı ən əzizini öldürmüşlər?

Bəs nə etməli?

Böyütməli. Olmayanları deyil, doğulmuş və yaşayacaq uşaqları.

Qeyri-yetkinliyin özünəinamı. Doğulmalı olan uşaqlar barəsində haqq-hesab və qayğının zəruri olduğunu uzun müddət anlamaq istəmədim. Məhkum Polşanın təəbəsi olaraq mən, uşaqlarla birlikdə məktəblərin, iş yerlərinin, xəstəxanaların, mədəni həyat şəraitinin də doğulmalı olduğunu biganə şəkildə nəzərdən qaçırmışdım. İndi düşüncəsiz məhsuldarlığı şər və yüngülxasiyyətlilik kimi qəbul edirəm. İndi yevgenika (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə – tərc.) və demoqrafik siyasətin diqtə etdiyi yeni hüququn yaranması ərəfəsində olduğumuz mümkündür.

7. O, SAĞLAMDIRMI?

Hələ onun özbaşına olduğuna bu dərəcədə vərdiş edilməyib. Axı hələ lap bu yaxınlarda ikiləşmiş həyatlarında ona görə qorxu qismən özünə görə də qorxu idi.

Qadın bu vaxtın qurtarmasını necə arzu edir, bu nəhs dəqiqənin geridə qalmasını necə də istəyirdi. Bu vaxt keçən kimi bütün qorxu və narahatlığın dağılacağını fikirləşirdi.

Bəs indi?

Qəribə şeydir: əvvəl körpə onun daxilində idi, daha çox ona məxsus idi. Qadın onun təhlükəsizliyinə daha arxayın idi, onu daha yaxşı başa düşürdü. Onun barəsində hər şeyi bildiyini, hər şeyi bacaracağını güman edirdi. Özgə – peşəkar, ödənişli, təcrübəli əllər onun üzərindəki qəyyumluğu qəbul edəndən və özü ikinci plana keçəndən bəri qadın rahatlığını itirib.

Artıq dünya onu qadının əlindən alır.

Uzun yuxusuzluq saatlarında istər-istəməz bir çox suallar meydana çıxır: ona nə verdim, necə bəslədim, necə qorudum?

Sağlamdırmı? Niyə ağlayır?

Niyə arıqdır? Nədən pis əmir? Yatmır? Bu qədər çox yatır? Niyə başı böyükdür? Ayaqları əyritəhərdir? Yumruqları sıxılıb? Dərisi qırmızıdır? Burnunun üstündə ağ sızanaq var? Nədən çəp baxır, hıçqırır, asqırır, boğulur, niyə səsi batıb?

Belə də olmalıdırmı? Bəlkə nəyisə qadından gizlədirlər?

O yeni doğulmuş, bu qədər köməksiz, küçədə və bağda rastlaşdığı xırda və dişsiz körpələrdən heç birinə bənzəməyən öz canının bir parçası olan varlığa baxır.

Doğrudanmı, onun körpəsi üç-dörd aydan sonra, həqiqətən, onun kimi olacaq?

Bəlkə onlar səhv edirlər? Bəlkə təhlükəni hiss etmirlər? Ana həkimi inamsızlıqla dinləyir, onu gözlərindən, alnındakı qırışlardan öyrənir, çiyinlərini çəkməsinə, qaşlarını qaldırmasına əsasən ona hər şeyi danışıb-danışmadığını, tərəddüd edib-etmədiyini, qədərincə diqqətli olub-olmadığını tapmağa çalışır.

8. – ”BƏS SƏNIN KÖRPƏN GÖZƏLDIRMI?”
– “MƏNIM ÜÇÜN FƏRQI YOXDUR”

Səmimi olmayan analar tərbiyəyə olan münasibətlərinin ciddiliyini göstərmək istəyərək, belə cavab verirlər.

Bununla belə, gözəllik, cazibə, qamət, xoş səs – körpənə bağışladığın kapitaldır və sağlamlıqla ağıl kimi, onun həyat yolundakı hərəkətini yüngülləşdirir. Digər keyfiyyətlər olmadıqda, gözəlliyin əhəmiyyətini şişirtmək lazım deyil, o, ziyan gətirə bilər. O səndən körpəyə daha böyük diqqət tələb edir.

Gözəl və kifir uşaqları müxtəlif cür tərbiyə etmək lazımdır. Uşağın iştirakı olmadan tərbiyənin mümkün olmadığı nisbətdə, gözəlliklə bağlı problemləri də utancaqlıqla ondan gizlətmək bir o qədər gərəkli deyil – məhz bu onu korlayır.

Gözəlliyə saxta biganəlik orta əsrlərin qalığıdır. Məgər çiçəyin, kəpənəyin, peyzajın gözəlliyinə həssas olan şəxs insan gözəlliyinə biganə qala bilərmi?

Uşaqdan onun gözəl olduğunu gizlətmək istəyirsən? Evdə onu əhatə edənlərdən heç kəs bunu ona deməsə də, küçədə, mağazada, bağçada, olduğu hər yerdəki yadlar bunu ona bildirəcəklər, böyüklər, yaxud yaşıdları səslənmə ilə, təbəssümlə, baxışla ona başa salacaqlar. Yaraşıqlı olmayan, çəlimsiz uşaqlara biganəlik də onda bu fikirləri doğuracaq. O, əlinin onun öz əli olduğunu və ondan istifadə etmək lazım gəldiyini başa düşdüyü kimi, gözəlliyin imtiyaz olduğunu da başa düşəcək.

Zəif uşaq normal inkişaf edə bilər, möhkəm də bədbəxt hadisənin qurbanı ola bilər. Gözəl uşaq da, beləcə, bədbəxt ola bilər, kifirlik, ifadəsizlik, nəzərə çarpmazlıq zirehi altındakı uşaq isə xoşbəxt həyat yaşaya bilər. Çünki sən həyatın istənilən əlavə üstünlüyü satın almaq, axtalamaq, yaxud oğurlamaq istədiyini yadda saxlamalısan, buna borclusan. Titrəyişlərin mində bir hissələrini nəzərə alan bu həssas tərəzidə tərbiyəçiləri karıxdıran gözlənilməzliklər baş verir: niyə?

– Onun gözəl olub-olmamasının mənim üçün fərqi yoxdur.

Sən yanılırsan və körpənlə münasibətə yalanla başlayırsan.

9. O, AĞILLIDIRMI?

Əgər ana lap əvvəldə həyəcanla bu sualı verirsə, uşağının qarşısına öz tələblərini qoyacağı saat uzaqda deyil. Hətta toxsansa da, yemək səndə ikrah doğurursa da, ye. Yuxusuz daha bir saat usanmalı olsan da, göz yaşları ilə olsa da, yatmağa get.

Çünki bunu etməlisən, çünki sağlam olmanı istəyirəm.

Qumla oynama, bədəninə oturan şalvar geyin, saçlarına toxunma, çünki sənin gözəl olmanı istəyirəm.

– O hələ danışmır… O… daha böyükdür… bununla belə, hələ də… O, pis oxuyur…

Görüb anlamaqdan ötrü müşahidə etmək əvəzinə, ilk ağla gələn “müvəfəqiyyətli uşaq” nümunəsi götürülür və uşaq qarşısında tələb qoyulur: düzlənməli olduğun nümunə budur.

İmkanlı valideynlərin oğlunun incəsənət adamı olması mümkünsüzdür. Daha yaxşısı qoy bədbəxt məktəbli və mənəvi təməli olmayan insan olsun. Burada birinci yerə uşağa sevgi deyil, valideynlərin eqoizmi, şəxsiyyətin xoşbəxtliyi deyil, ailə birliyinin ambisiyaları, öz yolunun axtarışları deyil, şablonun dəmir iradəsi çıxır.

Ağıl fəal və passiv, canlı və ləng, qapalı və şıltaq, hərəki və inadkar, yaradıcı və epiqon, səthi və dərin, konkret və məcazi, praktiki və poetik olur, yaddaş sıradan olmayan və ortabab ola bilər. Biri əldə olunmuş informasiyadan məharətlə faydalanır, digəri həyalı və qərarsızdır. Anadangəlmə despotizm və reflektorluqla tənqidilik. Vaxtından qabaq və ləng inkişaf, dar və müxtəlif yönlü maraqlara rast gəlirik.

Amma bunun kimə nə dəxli var?

Qoy lap dörd sinif bitirsin – taleyə boyun əymiş ata və ana bu cür düşünür.

Cəmiyyətdə fiziki əməyin nəzərəçarpan dirçəlməsini müşahidə edərək, in bütün sinif və təbəqələr arasında onun entuziastlarını görürəm. Bununla yanaşı olaraq isə valideynlərin və məktəbin müstəsna olanla, tipik olmayan hər şeylə, əqli cəhətdən zəif inkişaf etmiş, yaxud heç inkişaf etməmişlərlə mübarizəsi davam edir.

Ağıllı olmaq nədir axı? Kimə görə ağıllı?

Ailəni könüllü olaraq, ağır qurban verməyə səsləmək sadəlövhlükdür. İntellektin öyrənilməsi və psixotexniki sınaqlar təbii, xudbin səyləri ehtiva edir. Əlbəttə, bu, kifayət qədər uzaq gələcəyin mahnısıdır.

10. YAXŞI UŞAQ

“Yaxşı”nı “rahat”la qarışdırmamaq gərəkdir.

Az ağlayır, gecə oyatmır, sadəlövhdür, sözəbaxandır – yaxşıdır.

Şıltaqdır, səbəb olmadan qışqırır, onun ucbatından anası işıq üzü görmür – pisdir.

Özlərini necə hiss etmələrindən asılı olmayaraq, yeni doğulanlar doğuşdan etibarən böyük və kiçik dözümə malik olurlar. On vahid qışqırıqla reaksiya verməsindən ötrü birisinə xoşagəlməz hissiyyatın bircə vahidi kifayətdir, başqası nasazlığın on vahidinə bir vahid ağlayışla reaksiya göstərir.

Biri yuxuludur, hərəkətləri tənbəldir, asta əmir, qışqırığı enerjili, coşqulu deyil.

İkincisi tez həyəcanlanır, hərəkətlidir, ayıq yatır, acgözlüklə əmir, göyərə-göyərə qışqırır.

Özündən çıxır, boğulur, onu özünə gətirmək lazım gəlir, bəzən həyata çətinliklə qayıdır. Bilirəm: bu, xəstəlikdir, onu fosforla, südsüz pəhrizlə müalicə edirik. Amma bu xəstəlik körpənin güclü iradə, sarsıdıcı mətanət və dahiyanə ağıl payı almış yaşlı insana qədər böyüməsinə mane olmur. Napoleonun körpəliyində çığırmaqdan özündən gedən vaxtları olub.

Müasir tərbiyə uşağın rahat olmasını tələb edir. O, uşağın addım-addım neytrallaşdırılmasına, iradə və azadlığını, mətanətini, tələb və səy qüvvəsini boğmağa və məhv etməyə aparır.

Üzüyola, tərbiyəli, xeyirxah, rahat.

İradəsiz və həyata uyğunlaşmamış böyüyəcəyi böyüklərin ağlına belə gəlmir.

11.KÖRPƏ ÇIĞIRTISI – GƏNC ANANIN QARŞILAŞDIĞI XOŞAGƏLMƏZ GÖZLƏNILMƏZLIKDIR

Əlbəttə, o, uşaqların ağladığını bilirdi, amma öz körpəsi barədə fikirləşərkən, bunu hesaba almırdı, ondan yalnız heyranedici təbəssümlər gözləyirdi.

Qadın onun istəklərinə qulaq asacaq, onu ağılla, müasirliklə, təcrübəli həkimin rəhbərliyi altında tərbiyə edəcəkdi.

Onun körpəsi ağlamamalı idi.

Ancaq bir dəfə gecə… Hələ özünə gəlməmişdi, əsrlərlə uzanmış həmin qorxunc saatların əks-sədası hələ canlı idi. Qayğısız həyatın şirinliyini, yerinə yetirilmiş işdən, zərif, saf həyatında ilk ümidsiz səydən sonra istirahət həzzini yenicə dadmışdı. “Başqa məni” artıq özü yaşadığına görə onda hər şeyin keçdiyi illyuziyası indi-indi oyanmışdı. O, lal xatirələrə dalaraq, yalnız, cavab tələb etmədən, təbiətə sirli pıçıltılar dolu suallar verməyə qadirdir.

Birdən…

Nə isə tələb edən, nədənsə şikayət edən körpənin despotik çığırtısı kömək əldə etməyə çalışır – qadın isə başa düşmür.

Diqqətlə qulaq as!

– Bəs bacarmıramsa, istəmirəmsə, bilmirəmsə?

Gecə lampasının işığındakı bu ilk çığırtı iki həyat mübarizəsinin elan olunmasıdır: biri – yetkin, güzəştlərdən, məğlubiyyətlərdən, qurbanlardan yorğundur, müdafiə olunur; digəri – yenidir, gəncdir, öz haqlarını əldə edir.

Bu gün onu hələ günahlandırmırsan: o anlamır, iztirab çəkir. Ancaq bil: zaman siferblatında bu sözləri deyəcəyin saat var – məni də ağrıdır, mən də əzab çəkirəm.

12. ELƏ KÖRPƏLƏR VAR KI AĞLAĞAN DEYIL, BUNDAN DAHA YAXŞI NƏ OLA BILƏR

Amma çığırtıdan alnındakı damarları şişənlər, əmgəyi gərilənlər, sifətini və başını qırmızılıq bürüyənlər, dodaqları göyərənlər, dişsiz çənəsi əsənlər, qarnı şişənlər, yumruqları qıc olub sıxılanlar, ayaqları havanı təpikləyənlər də var. Birdən gücdən düşmüş halda, tam itaət ifadəsilə susur, “məzəmmətlə” anasına baxır, yuxu barədə yalvararaq, gözlərini qapayır və bir neçə dəfə nəfəs alıb, yenə də oxşar, yaxud daha güclü ağlayış hücumuna atılır.

Xırda ağ ciyər, balaca ürək, yenicə formalaşmış beyin buna necə dözür?

Həkimin köməyinə tələsirsiniz!

O, gəlib çıxana kimi yüzillər keçir, etinasız təbəssümlə qadının qorxularını dinləyir, qadının körpəsi belə yad, əlçatmaz peşəkar üçün minlərdən biridir. O, bir dəqiqə sonra başqa iztirablara doğru getməkdən, başqa şikayətləri dinləməkdən ötrü gəlib, indi, günəşli küçə ilə adamlar getdiyinə görə hər şeyin şən göründüyü gündüz vaxtı gəlib, körpənin, çoxsaatlıq yuxusuzluqdan tamamilə əldən düşərək, elə bil acığa düşərək yuxuladığı, sonsuz dəhşətli gecənin izlərinin artıq geridə qaldığı vaxtda gəlib.

Ana həkimi dinləyir, bəzən diqqətsiz qulaq asır. Onun dost, müəllim, ağır səyahətdə bələdçi kimi görmək istədiyi həkim xəyalı məhv olur.

Qadın zəhmət haqqını ona təqdim edir və yenə də həkimin biganə, onu anlamayan kənar adam olduğu barədə acı hissiyyatı ilə təkbətək qalır. Üstəlik, həkim özü də heç nəyə əmin deyil, konkret heç nə deyə bilmir.

13

Əgər gənc ana bu ilk günlərin və həftələrin bu günkü körpənin sağlamlığından daha artıq, hər ikisinin gələcəyi üçün necə əhəmiyyətli olduğunu bilsəydi…

Həm də onları korlamaq necə də asandır!

Qadın: Bunu başa düşərək, başqa heç kəsə deyil, yalnız özünə arxalana bilmmək yerinə, həkim üçün onun körpəsinin yalnız gəlir mənbəyi, yaxud şöhrət hissinin təmin olunması vasitəsi olduğu kimi, dünya üçün də heç nə olduğu, bircə ona əziz olduğu fikrilə barışmaq yerinə;

– axtaran, anlamağa can atan, öyrənən və irəli hərəkət edən, kömək göstərən, amma təminat verməyən elmin müasir səviyyəsilə barışmaq yerinə;

– xoşagəlməz əyləncə deyil, yuxusuz gecələrin səylərini, ağır yaşantıların kapitalını və xeyli sayda düşüncəni ortaya qoymağı gərəkdirən bi iş olan uşağın tərbiyəsini mərdliklə öz üzərinə götürmək yerinə;

– bütün bunları hisslər ocağında əridib, uşaqcasına hıçqırmasız və xudbin incikliklərsiz ayıq anlayışa çevirmək əvəzinə körpəni dayə ilə birlikdə ən uzaq otağa keçirməyə qadirdir (bilirsiz, o “körpənin iztirablarına baxa bilmək, onun xəstəhal çığırtılarını eşitmək qüvvəsində deyil”).

O, məhv olmuş, sarsılmış, kütləşmiş halda təcrübəsini zərrə qədər zənginləşdirmədən, həkimi dəfələrlə çağıracaq.

Ananın körpənin ilk anlaşılmaz nitqini, qısaldılmış və tam tələfüz olunmamış sözləri anladığı sevinci necə də sadəlövhcəsinədir.

Yalnız indimi?

Yalnız bunumu?

Artığı yoxmu?

Bəs ağlama və gülmə dili, baxışlar və mimika dili, hərəkət və əmmə dili?

Bu gecələrdən əsla imtina etmə. Onlar kitabların, heç bir məsləhətin verməyəcəyini verir. Çünki onların dəyəri yalnız bilgilərdə deyil, həm də ola bilən, olmalı olan, yaxşı ola bilən barədəki səmərəsiz düşüncələrə qayıtmağa imkan verməyən, mövcud olan şəraitdə hərəkət etməyi öyrədən dərin mənəvi çevrilişdədir.

Bu gecələr zamanı möcüzəli tərəfdaş, körpənin qoruyucu mələyi – ana qəlbinin intuisiyası oyanır, bəsirət gözü açılır, saf analıq hissindən qaynaqlanan iradə və müşahidə duyğusu doğulur.


Страницы книги >> 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации