Текст книги "Nağıllar harada yaşayır"
Автор книги: Zachris Topelius
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Zachris Topelius
Nağıllar Harada Yaşayır
(Bir payız günü Cırcıramanın körpə Məryəmlə söhbəti)
– Salam, Məryəm!
– Salam, Cırcırama!
– Payız gəldi!
– Hə, artıq payız özünü göstərir, Cırcırama!
– Yarpaqlar saralır, axşamlar isə çox qaranlıq olur!
– Amma sənin işin-peşən budaqdan-budağa atılmaqdır. Payız, yoxsa Yazın gəlməsinin sənin üçün nə fərqi var ki…
– Hər şey ona görədir ki, mən təbiətin qoynunda böyümüşəm və orada elə isinmişəm ki, daha heç vaxt donmuram. Üstəlik, bu gün bizdə Müqəddəs Britanın “yay” günüdür.
– Nə demək istəyirsən?
– Oktyabrın yeddisi isveçrəli Müqəddəs Britanın günüdür. O, inanclı və xeyirxah idi. Bu səbəbdən təbiət öz sevimlisinin anım gününü qeyd etmək üçün özünün ən gözəl libaslarını geyinir. Hər Payız hamının Qışın bu qədər yaxın olduğunu düşünən zaman, Müqədəs Britanın doğum günündən öncə bir neçə günəşli və mülayim gün olur. Havadan isə Baharın ətri gəlir. Payız özünün ən bər-bəzəkli paltarlarını geyinib köçəri quşların vida görüşünü qəbul edir. O zaman Yay özünün nimdaş yaşıl ov paltarında bir daha qapıdan içəri boylanır və payızdan soruşur:
– Gəlmək olar?
– Hə, buyur, – Payız cavab verir. – Gəl bu mamır bağlamış skamyada əyləş, əziz xalaqızı. Düzdür, sübh çağı buralar hələ səliqəyə salınmayıb.
– Yox, təşəkkür edirəm, – Yay cavab verir. – Bu, sadəcə, fransızsayağı təşrifdir. Mənim, qətiyyən, vaxtım yoxdur. Axı Şimal Qütb qatarı Misirə axşam saat yeddidə yola düşür.
– Tələsməyə heç gərək yoxdur, – Payız deyir, – Müqəddəs Brita da həmin qatarla Roma Papasına baş çəkməyə gedir. O isə hələ uşaqlarına alma soyur.
– Hə, əgər belədirsə, bir az ayaq saxlaya bilərəm, – Yay razılaşır. – Baxım görüm mənim kələmlərimə necə qulluq etmisən və georginlərim hələ də çiçək açırmı…
Və Yay iri bir kəsəyin üstünə əyləşir. Payız onu alma, mərsin və qızardılmış göbələyə qonaq edir.
Birdən fit səsi gəlir və Şimal Qütb qatarı öz sərnişinləri yalançı bülbüllər və alacəhrələrlə Afrikaya yola düşür. Qatar elə sürətlə gedir ki, havanı yararaq fit səsi çıxarır. Qarğa da bu qatarla getməyə hazırlaşırdı. O, yerli iqlimdən şikayətlənirdi və Estoniyaya köçmək fikrinə düşmüşdü. Lakin, həmişəki kimi, gecikmişdi. Qışa yuva kirayələyən Sağsağan ağacın budağında oturub qarğaya gülür.
Payız isə bu zaman həyət-bacanı süpürməyə başlayır. Onun süpürgəsi dənizdə və quruda gəzişir və qarşısına çıxan hər şeyi süpürür: ağacların yarpaqlarını, gölməçədəki ördəkləri, böyürtkən kollarındakı uşaqları.
Dərs oxumaq və kolbasa hazırlamaq zamanı gəldi…
– Bir də nağıl danışmaq zamanı, Cırcırama! Yadına sal ki, sən mənə nağıl danışmalısan!
– Nə? Danışdıqlarım bəs etmədi? Sən “Yatmış gözəl”i, “Adalminanın incisi” və yüzlərlə digər nağılları unutmusan?
– Yox, amma…
– Özün mənə nəsə danış!
– Mən heç nə bilmirəm!
– Yoxla görək!
– Amma mən ətrafda heç nə tapmıram.
– Sən nağıl tapmağı öyrənmək istəyirsən?
– Hə də, Cırcırama, istəyirəm!
– Onda qulaq as! Biri var idi, biri yox idi, bir ölkədə kiçik uşaqlar var idi. Onlar püşk oyunu oynayırdılar. Qərara gəldilər ki, uduzan qalanlarının çiyələklə süd içmələrinə tamaşa edəcək. Orada püşkü uduzan bir oğlan nağıl danışmalı idi. Lakin o, bir dənə də olsun nağıl bilmirdi. O zaman oğlan məktəbdə bir müəllimin yanına gedib dedi:
– Hörmətli cənab müəllim. Zəhmət olmasa, mənə bir nağıl öyrət, yoxsa mən çiyələklə süd görməyəcəm.
– Belə de! – müəllim dedi və soruşdu: – 9-u 7-yə vuranda neçə edir?
– Axı bu, nağıl deyil! – oğlan hiddətləndi.
– Yox, nağıldır, özü də əla nağıldır, – müəllim dedi. – Mənim başqa nağılım yoxdur.
Oğlan nağıl axtara-axtara general əmisinin yanına gəlib çıxdı.
– Daha nə? – general dedi. – Sən bilirsən ki, “Tüfəngi çiynindən as!” nə deməkdir?
– Axı bu, nağıl deyil! – oğlan dedi.
– Yox a! – general təəccübləndi. – Bu, əla nağıldır və “Hərb işinə hazırlıq” adlanır. Buna qane ol, çünki mən başqa nağıl bilmirəm.
Oğlan yoluna davam etdi və mülki müşavir olan xaç atasının yanına gəldi.
– Əziz xaç atam! Mənə bir nağıl bağışla, yoxsa çiyələklə südə həsrət qalacam!
– Məmnuniyyətlə, – xaç atası cavab verdi. – Bax bu, ikinci dərəcəli Stanislav ordenidir.
– Axı bu, nağıl deyil! – oğlan ağlamsındı.
– Əlbəttə, – xaç atası dedi. – Bu, mənim xidmətlərimə görə verilən ordendir. Mənim başqa nağılım yoxdur. Buna qane ol!
Oğlan yoluna davam etdi və bazarda ət alveri edən qəssaba rast gəldi.
– Həvəslə sənə kömək edərəm, – qəssab oğlanın xahişinə cavab olaraq dedi. – Düzdür, qazancım çox azdır. Bax bu, qaxac düzəltmək üçün bud, bu isə xaş bişirmək üçün baş-ayaqdır. Başqa heç nəyim yoxdur!
– Axı bu, nağıl deyil, – oğlan dedi.
– Bundan artıq nə istəyirsən? – Qəssab soruşdu. – Yaramır? – Axı bu, donuz ətidir!
Oğlan bir də evdən çıxdı və bibisi Ullanın yanına gəldi. Ulla bibi kitab yazırdı və oğlan bu dəfə yaxşı nağıl eşidəcəyinə əmin idi.
Ulla bibi çox düşünmədən oğlana “Düşünən gənclər üçün” adlı qalın hekayələr kitabı verdi.
– Axı bunlar nağıl deyil, – oğlan dərindən ah çəkdi.
– Sənə bundan artıq nə lazımdır? – Ulla bibi soruşdu. – Yaramır? Axı bu kitab ən gözəl öyüd-nəsihət kitabıdır!
Yazıq oğlan tamamilə çaşbaş qaldı və meşəyə üz tutdu. Orada odun doğrayan bir kəndliyə rast gəldi.
– Odunçu əmi, xahiş edirəm mənə bir nağıl danış, yoxsa südlə çiyələyə həsrət qalacam, – oğlan dedi.
– Yaxşı, odunçu razılaşdı. – Burada çətin bir şey yoxdur. Meşədə bir qədər dolaş. Ətraf nağılla doludur. Orada hər budaqda bir nağıl bitir!
Oğlan meşəyə getdi və ətrafa boylandı. Orada, həqiqətən də, ağacların budaqlarında nağıl bitirdi. Onlar tozağacı ağaclarının yarpaqları arasından boylanır, küknar ağaclarından qoza kimi sallanırdı. Mərsin kollarında isə o qədər gözəl nağıl və əhvalatlar bitmişdi ki, onların arxasından giləmeyvələr görünmürdü. Oğlan nağılları toplamağa başladı və tezliklə ciblərini ağzınacan doldurdu. Cibləri dolandan sonra qucağına da nağıl doldurub apardı.
“Qəribədir, – oğlan fikirləşdi. – Nə müəllim, nə əmisi, nə xaç atası, nə qəssab, nə də bibisi meşədə bu qədər nağıl olduğunu təsəvvür edə bilməzlər!”
– Bilirsən, – hər şeyə rişxəndlə yanaşan Mərsin kolu dedi. – Bu insanlar, yəqin, toxdurlar və heç vaxt çiyələkli süd arzulamayıblar!
– Amma müəllim çox arıqdır. O, yəqin, heç vaxt doyunca yeməyib, – oğlan etiraz etdi.
– O öz elmi ilə toxdur, – Mərsin kolu qürurla dedi və bic-bic iynələrini çıqqıldatdı.
Sonra oğlan yükünü götürüb evə yollandı. Onu çiyələkli südə qonaq etdilər. Nağıl o qədər idi ki, bütün uzun qışa bəs etdi.
– İndi isə mən sənə nağılları mərsin kolları arasından başqa digər yerlərdə də axtarmağı öyrədəcəm.
– Xahiş edirəm, Cırcırama, danış!
– Yayda səhər şeh götürülməmiş evdən çıx və ləklərin arasını axtar. Orada minlərlə nağıl ətrafa inci kimi səpələnib. Sonra gölün sahilinə çıx və günəşdə bərq vuran xırda ləpələrə tamaşa et. Bunlar mavi hərflərlə yazılmış nağıllardır. Sən onları oxumağı öyrənməlisən! Payızda hündür küknarların xışıltısını dinlə. Onlar sənə qədim zamanların nəhənglərindən nağıllar söyləyəcək. Ya da çöllərdə süpürgə kollarının arasında ara. Süpürgə kolları da çox bilir. Payızın xəzan yarpaqları ondan da çox bilir. Amma onların nağılları solğun qırmızı hərflərlə yazılıb. Bu nağıllar kədər gətirir. Qışda qırovun pəncərə şüşələrində çəkdiyi çiçəklərin incə naxışlarını gözdən keçir və onlara tamaşa edərək şaxtanın meşə ağaclarının budaqlarında çəkdiyi bütün gözəl mənzərələri canlandır. Yenidən Yaz gələndə qürub çağı rənglərin oyununa tamaşa et. Sən orada pərilərin qızıl kimi bərq vuran qəsrlərini görəcəksən. Payızda, Qışda və Yazda isə daha çox ulduzların gümüşü nağıllarını oxu. Onlar təbiətdə ən pak və ən əzəmətlidirlər. Bu ondan irəli gəlir ki, Tanrı Özü onları mavi axşam səmasında çəkib.
Əzizim Məryəm! Bir bilsən əzəmətli, zəngin və gözəl təbiət sənə nə qədər nağıl söyləyə bilər! Mənim indi sənə dediklərimdən qat-qat çox. Bütün dağlar və daşlar, bütün ağaclar, kollar və xırdaca bitkilər, meşədəki, havadakı və dənizdəki heyvanların hamısının öz əhvalatı var. Təbiətdə hər şey canlıdır, nəfəs alır, hiss edir, düşünür və danışır!
Sən dağları, daşları, kolları, xırdaca bitkiləri və meşədəki heyvanları dinləyə bilsən, ürəyinə və önlüyünə o qədər nağıl yığarsan ki! Əgər bir gün təbiət sussa və sən onun səsini eşitməsən, deməli, artıq qocalmısan və sənin qəlbin saçların kimi ağarıb! Qəlbini qocaltmaq nəyə lazımdır? Əzizim Məryəm, yellənən kresloda əyləşən nənən kimi yaşlı və ağ saçlı olsan belə, qəlbin həmişə cavan qalsın! O zaman sən daim təbiətin səsini eşidəcək, Yaradana mədhiyyələr oxuyan mələklərin səsini eşidəcək və heç vaxt məişət bataqlıqlarına enməyəcəksən. Hər şey bax belə baş vermişdi!
DƏMİRÇİ PAAVO QATARI NECƏ NALLADI
Bu nağılda dünyanın qurtaracağında yaşayan iki troll haqqında danışılır. Dünyanın qurtaracağının harada olduğunu heç kim bilmir. Amma o, həqiqətən olsaydı, yəqin, Berinq boğazı yaxınlığında, Köhnə Dünya ilə Yeni Dünyanın bir-birinə baxdığı yerdə olardı. Mən oralarda olmamışam, amma Nurdenşöld deyir ki, o yerlər çox uzaqdır.
Deyirlər ki, orada bir-birinə bənzəməyən iki troll qardaş yaşayırdı. Burrebur adlı qardaş Asiyanın qurtaracağında Ostkap burnunda yaşayırdı. Burrebir adlı qardaş isə Amerikanın başlanğıcında Uels Şahzadəsi burnunda məskunlaşmışdı. Qardaşlar arasındakı məsafə elə idi ki, biri asqıranda digəri ona “Sağlam ol!” deyə bilirdi. Qardaşların gözləri pişik gözü kimi yamyaşıl idi.
Qardaşlar üzdə mehriban idilər. Balinaya minib bir-birinə qonaq gedirdilər. Balinaları elə sürətlə idarə edirdilər ki, sular şahə qalxırdı. Hər biri dünyanın parasına sahib olsa da, bir-birinə paxıllıq edir və bir-birinin qanını qaraltmağa çalışırdılar. Hər biri hündür bir dağın zirvəsində əyləşib ölkəsini idarə edirdi və bir gözü də qonşusunun ölkəsində idi. Onlar bir-birinin gözünə qum və çınqıl tökməkdən ötrü boğazda fırtına yaradırdılar. Biri digərinin inəklərinə ağ ayıları qısqırdırdı. Belə zəngin ağaların mal-qarası olmasın, bəs kimin olsun! Donuz əvəzinə onların mamontları, inək əvəzinə balinaları, qoyun əvəzinə isə suitiləri var idi.
Gözəl günlərin birində Burrebur və Burrebir başqa kiçik trollarla birlikdə Müqəddəs Lavrenti adasında ziyafət təşkil etdilər. Bu ada okeanın tən ortasında Berinq boğazından cənubda yerləşirdi. Ətrafda ucsuz-bucaqsız okean suları və bu sularda oynaşan balina sürüləri görünürdü. Trollara belə sakitlik darıxdırıcı gəldi. Belə aydın havada onlar necə əylənsinlər? Trollun biri fınxırdı və dərhal, fırtına uğuldadı, qatı duman ətrafı bürüdü. Görünür, hava dözülməz idi, çünki balinalar suyun altına enib yatışdılar. Trollar isə özlərini əla hiss edirdilər. Onlar oynamağa başladılar. Bir-birinə qaya parçalarını giləmeyvə kimi atır, ayaqları ilə ağacları aşırır, onlardan tonqal qalayır, ocaqdakı kösövlərlə bir-birinin saqqalını yandırırdılar. Sonra güclərini yoxlamaq istədilər. Çiyinləri ilə dağları yerindən oynadır, okeanın bütün suyunu içməyə cəhd edirdilər. Sonra ötüşməyə başladılar. Adada olduqlarını unutdular və şappıltı ilə suya düşdülər.
– Yox, – Burrebir dedi və saqqalını silkələdi, – burada ötüşmək olmaz, çox darısqallıqdır. Gəl görək hansımız Günəşə çata bilər!
Bütün trollar bunun əsl oyun olduğunu dedilər. Günəşə çatıb yaxasından yapışmaq və kisəyə basmaq lazım idi. O zaman ətraf əla zülmətə qərq olacaq və gün işığından gözlərini qıymalı olmayacaqlar.
– Gəl dünyanın yarısından mərc gələk! – Burrebir dedi. – Günəş dağın arxasından qalxanda mən ona çatacam.
– Bundan asan heç nə yoxdur! – Burrebur razılaşdı. – Dağın başında yatmaq lazımdır ki, gün qalxan kimi yaxasından yapışasan. Mən gün batanda onu tutmağı söz verirəm, çünki bu, daha çətindir.
Onlar dünyanın yarısından mərc gəldilər. Qardaşlar hərəsi öz evinə gedib sehrli çəkmələrini geyindilər.
“Mən Şərqə Şimali Amerikadan qaçacam, – Burrebir fikirləşdi. – Günəşə Alyaska dağlarında çata bilməsəm, Qayalı dağlarda dəqiq tutacam”.
“Mən Qərbə Asiyadan qaçacam, – Burrebur qərara gəldi, – ona Böyük Sibir düzənliyində çata bilməsəm, axmaqlıq olar…”
Qardaşlar hərəsi bir tərəfə götürüldü. Yalnız çəkmələrinin cırıltısı eşidildi.
Var gücü ilə qaçmaq necə də ləzzət edirdi! Əvvəl sizə Burrebir haqqında danışacağam. O, böyük Alyaska düzənliyindən Şimali Amerikaya qaçdı və dağa çıxıb pusquda dayandı. Düzənlikdə qaçmaq boş şey idi, amma dağa dırmanmaq qat-qat çətin idi…
– O…o...f! – Burrebir dağın zirvəsinə qalxıb nəfəsini dərdi. – Bura qalxmaq çətin oldu. Bir az dincəlib Günəşi güdəcəm.
Və o, dağın zirvəsində əyləşib əli ilə altına şibyə yığdı. Axı dağ çox sərt idi. Bundan sonra yuxuya getdi. Orada nə zəngli saat, nə də səhər qəhvəsi var idi. Burrebir oyananda Günəş artıq zirvədə idi və onun gözünü qamaşdırırdı.
– Məni ələ salırsan? – Burrebir mızıldandı. – Darıxma, sabah səni Qayalı dağlarda yaxalayacam.
Burrebirin Şərqə qaçmaqdan və birnəfəsə ən yüksək zirvəyə qalxmaqdan başqa çarəsi qalmamışdı.
“Daha yatmayacam, – Burrebir fikirləşdi. – Saqqalıma arı yuvası, çəkmələrimin hər birinə isə qarışqa topası atacam…”
Dediyi kimi də etdi. Burrebir bütün gecəni gözünü yummadı. Səhər səması Şərqdə qızaranda Burrebir kisəsinin ağzını açıq tutub pusquda dayanmışdı.
– Bir, iki, üç!.. – Burrebir ona qədər sayınca Günəş göründü. – Ay səni!
Birrebir cəld Günəşdən yapışdı.
– Ay ay ay!
Burrebirin barmaqları, saqqalı, burnu və gözləri yandı. Bütün bədəni kömürə döndü. Burrebir yumaq kimi dağdan uzuaşağı yuvarlandı və var gücü ilə qaçmağa başladı. Böyük Ayı gölünə düşənə qədər qaçdı. Bu gölü sən xəritədə tapa bilərsən. Amerikalı bir həkim bədbəxt trollu tapıb ucqar xəstəxanaların birinə apardı. Bəlkə də Burrebir hələ də həmin xəstəxanada yatır. O, yanmış saqqalının uzanmasını gözləyir, çünki bu vəziyyətdə kiçik trolların gözünə görünməkdən utanır.
Bəs Burreburun başına nə gəldi? İndi deyəcəm. O vaxtlar Paavo adlı bir dəmirçi ailəsi ilə birlikdə Uleaborqanın cənubunda yerləşən Kempel şəhərində yaşayırdı. Elə həmin vaxt dəmir yolu tikirdilər və Paavo gecə-gündüz dəmirçixanada tər tökürdü. Bir axşam o, yorğun-arğın halda uşaqları ilə birlikdə şam edirdi. Böyük oğlu Oyva dedi:
– Ata, qapımızı it cırmaqlayır.
– Aç görək, – Paavo dedi.
Oyva qapını açdı və onların daxmasına yaşlı, saqqallı, cır-cındır içində troll girdi. Uşaqlar qorxudan qışqırışdılar.
– Ay səni! – dəmirçi dedi, – sən kimsən belə?
– Mən Birreburam, – troll cavab verdi. – Üç həftədir Günəşə çatmaq üçün sehrli çəkmələrdə bütün Şimali Asiyanı qaçmışam və indi canavar kimi acam. Yuyunub daranmağa vaxtım yoxdur. Birinci axşam Günəş Lena çayına girdi, ikinci axşam Ob çayında gecələdi. Bu axşam isə sənin evinin arxasına keçdi. Elə bilirəm ki, o, sənin evinin çardağında gizlənib. Fənəri ver, gedib onu çardaqda axtarım!
– Hələ bu, nə deməkdir, – dəmirçi təəccübləndi, – Günəşə çatmaq nə axmaqlıqdır?!
– Nə cürətlə mənim ən gözəl sehrli fikrimə axmaqlıq deyirsən? Mən Burrebirlə dünyanın yarısından mərc gəlmişəm ki, Günəşi tutub kisəyə basacam! Fənəri bura gətir, yoxsa… Eşidirsən, axı mən trollam.
Və Birrebur sanki zarafatla ayağı ilə evin bir divarını aşırtdı.
– Bura bax, – dəmirçi dedi, – əgər belə davransan, lensmanı çağıracam. Sən niyə Günəş Lenaya, ya da Ob çayına girəndə tutmadın?
– Çünki saqqalımı islatmaqdan qorxuram.
– O zaman Günəşi bizim kənddə də tuta bilməyəcək-sən. Çünki Günəş bu gün axşam mənim evimin arxasına yox, Botnik boğazına batıb.
– O zaman sabah Botnik boğazının ətrafından keçib Günəşi İsveçrədə, ya da Norveçdə yaxalayaram.
– Yox, əzizim. Orada sənin işlərin lap pis olacaq, çünki Günəş Atlantik okeanına batır.
– Bəs onda mən nə edim? – troll dərindən ah çəkdi. – Axı okean başdan-ayağa sudur.
– Qulaq as, – dəmirçi dedi, – əvvəl, zəhmət olmasa, divarı yerinə qoy. Sonra isə sənin dərdini çözərik. Bəlkə, səni sıyığa qonaq edim, əzizim troll?
Troll qulağının arxasını qaşıdı, divarı yerinə qoydu və sıyıq yemək üçün masa arxasına oturdu. O, əvvəl sıyığı, sonra boşqabı və qaşığı, yağqabını və çörəkqabını, sonra isə masanı yedi. Dəmirçi çaşqın halda ona tamaşa edirdi. Lakin trollun hələ doymadığını və acgözlüklə uşaqlara baxdığını görən Paavo onu dəmirçixanaya aparmağı qət etdi.
– İçəri keç, – Paavo dedi. – Bəlkə, burada dadlı bir şey tapdın.
– Hə, – Burrebur cavab verdi, – Asiyaya səyahətdən sonra iştaham artıb. Qonaqlığa görə təşəkkür edirəm.
Burrebur burada iki maşa, sonra çəkic, gürz, at nalı, mismar və kömür yedi.
“Maraqlıdır, – dəmirçi fikirləşdi, – görəsən, bu yekəpər zindanı da yeyə bilər?”
Və özü ona zindanı təklif etdi:
– Nuş edə bilərsən.
– Yox, çox sağ ol, – Burrebur cavab verdi. – Hələlik bəsdir. – Sonra ocaqdan bir necə köz çıxarıb saqqalını yandırmamaq üçün ehtiyatla ağzına dürtdü. – Çoxdandır belə yaxşı yeməmişdim. Səhərə yaxın acsam, çox güman, zindanı və uşaqları yeyəcəm.
– Lap elə? – dəmirçi hirslə soruşdu.
– Sən narahat olma. Daha yaxşı bir şey olmadığı üçün onlar da yetər. Bəs mən bu Günəşi necə tutum? – troll dərindən köks ötürdü.
– Sehrli çəkmələr olan yerdə bu, çətin məsələ deyil, – dəmirçi dedi.
– Hə, Günəş dənizə enməsəydi, çətin olmazdı. Amma bilirsən, sehrli çəkmələr öz-özünə qaçır.
– Doğrudan?
– Aydın məsələdir! Hə, yaxşı yadıma düşdü. Dünən Ural dağlarından atılanda çəkmənin sağ dabanı aralandı. Səhərə qədər onu yerinə mismarla. Mən isə yorulmuşam və yatmaq istəyirəm.
Burrebur sağ ayağındakı çəkməni çıxartdı və dərhal xoruldamağa başladı. Belə yalnız üç gün sehrli çəkmələrdə Asiyada qaçan xoruldaya bilərdi.
Dəmirçi fikrə getdi.
– Səhər naharına zindanı və mənim uşaqlarımı yeyəcək? Yox, troll, alınmayacaq. Sən onsuz da evimi alt-üst etmisən. Yatdığn yerdə səni çəkiclə vurub öldürüm? Yox, sən çağırılmamış olsan da, qonaqsan… Ya da o biri ayağındakı çəkməni də çıxarıb qaçıb buralardan gedim? Əla olardı, amma bu, oğurluq sayılır. Paavo isə dürüst insandır. Nə edəcəyimi bilirəm. Qoy çəkmələr trolda qalsın və mən onun sağ dabanını təmir edəcəm. Oyva, get anana de ki, mən səhərə qədər dəmirçixanada işləyəcəm. Qoy anan troldan qorxmasın. O, ölü kimi yatıb.
Dəmirçi trollun sağ çəkməsini götürüb dabanını qopardı və adi dəmirdən yeni daban düzəltdi.
“Qoy indi troll yeddi mil təkayaqlı qaçsın, – dəmirçi öz-özünə dedi. – Belə-belə işlər, – dəmirçi sehrli çəkmənin dabanına baxaraq fikirləşdi, – deməli, sən sürətlə qaçan dəmirdən düzəldilmisən? Sən elə bizim qatara tam uyğunsan”.
Məhz həmin gecə dəmirçixanada qatarın sınıq təkərini təmir edirdilər. Paavo xəlvətcə ora gedib qatarın təkərinə sehrli çəkmənin dabanını yapışdırdı.
“Hə, indi quş kimi uçarsan!” – dəmirçi fikirləşdi və güldü.
Səhəri gün qatarı sınaqdan keçirəndə o elə sürətlə getdi ki, heç bir əyləc onu saxlaya bilmədi.
– Bu qatara nə olub belə? – qatar sürücüsü qışqırdı. – Əvvəllər o, eşşək arabası kimi sürünürdü. İndi isə quş kimi uçur.
– Qatar sizin çox yavaş idarə etdiyinizi düşünür və qatarların İngiltərədə necə idarə olunduğunu göstərmək istəyir, – Paavo dedi.
– Dayan! Dayan görüm! – qatar sürücüsü qışqırdı.
İşə bir bax! Sehrli çəkmənin dabanı əmrə itaət edərək geri çəkildi və yeni əmrə hazır dayandı.
– Bu ki dünyanın ən ağıllı qatarıdır! – qatar sürücüsü sevinclə dedi.
– Əlbəttə! O, bütün Asiyanı üç günə dövrə vura bilər, – Paavo dedi.
Birrebur ayılanda artıq sağ çəkmədə yeni daban hazır idi. O, çəkməsini geyinib Günəşi təqib etməyə hazır idi. Lakin o, bir addım atan kimi sol ayağı güllə kimi götürüldü, sağ ayağı isə onun ardınca süründü. Necə də narahat idi! Birrebur təngnəfəs olub dəmirçixanaya qayıtdı. O, belə vəziyyətdə Günəşə necə çata bilərdi? Dəmirçi Paavo əcinnədən canını qurtarmışdı deyə sevinirdi. Amma onu yenidən görüb qorxdu. İndi onun uşaqları və zindanı necə olacaqdı?
– Əzizim troll. Məgər sən Günəşin elə indicə buludun arxasında gizləndiyini görmədinmi? – dəmirçi soruşdu.
– Gördüm. – O, tez-tez gizlənir, – troll ah çəkərək dedi.
– Qulaq as! Sən kisəni dəmirçixanada unutmusan. Mən də sənə yaxşılıq etmək istədim. Ağacın başında məftildən tələ qurdum və Günəşi tutub sənin kisənə saldım.
– Mənim kisəmə? Bilirsən, sənin kimi dəmirçini bütün dünyanı gəzsən, tapa bilməzsən. İndi sevincimdən səni yeyəcəm. Təkayaqlı qaçmaqdan qarnım quruldadı.
– Nə etməli. Buna görə də çox sağ ol, – dəmirçi cavab verdi. – Amma əvvəlcə Günəşi necə gizlətməyimə baxmaq istəmirsən?
– Aydın məsələdir ki, baxmaq istəyirəm, əzizim mənim. Bəs kisə haradadır? Mən Günəşin ciyiltisini eşidirəm (Paavo kisəyə çoşqa qoymuşdu). Hə, hə, əzizim, ürəyin istədiyi qədər ciyildə. Nəhayət ki, mən bütün dünyaya sahib oldum! İndi hər yeri qaranlığa qərq edəcəm və trollar bütün dünyanı idarə edəcək.
– Hələ sən gəl buna bax! – dəmirçi trollu cırnadırdı. O, kisənin ağzını azacıq açdı.
– Sən neynirsən? Günəş ordan çıxa bilər. Mən özüm kisəyə girərəm, – troll dedi.
Bir, iki, üç!.. Troll kisəyə girdi, Paavo isə bərk-bərk onun ağzını bağladı.
“Yaxşı ki, trollar səfehdirlər”, – dəmirçi fikirləşdi və daha dəqiq olsun deyə kisəyə bir düyün də vurdu.
Kisədən qıy-qışqırıq səsi gəldi.
– Ay aman! O dişləyir! – troll qışqırdı.
– Sən də onu dişlə! – dəmirçi dedi. O, dəmiçixananın qapısınıı bağlayıb gecə sərgüzəştlərindən dincəlmək üçün evə getdi. “Bəs niyə divarı uçuran troll ayağı ilə kisəni yırta bilmədi? Mən hardan bilim? Yəqin, təkayaqlı qacdığı üçün ayaqları ağrıyırdı”.
Birreburun kisədə nə qədər qaldığını bilmirəm, çünki qəzetlər bu barədə yazmamışdı. Bircə onu bilirəm ki, Paavo öz əsirini sakitləşdirib qatarla Berinq boğazına yola salacağını vəd edib. Axı ora çox uzaqdır və təkayaqlı ora gedib çıxa bilməzsən.
Mən uşaqların güzgü ilə Günəşi tutub divarda rəqs etdirməsinə baxanda Burrebir və Burreburu xatırlayıram. Bacarırsansa, Günəşi tut!
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?