Текст книги "Ağ qoç, qara qoç"
Автор книги: Anar
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Səməd Vurğun bağının düz qənşərində – Bülbül bağında böyük sənətkarın heykəli ucaldılmışdı və üzbəüz duran bu iki heykəl, şairin və müğənninin heykəlləri – sanki bir-birini salamlayırdı.
Qarşısında Əliağa Şıxlının və Səməd bəy Mehmandarlının qoşa heykəlləri ucaldılmış Hərb Akademiyasının yanından Füzuli bulvarına çıxdı.
Füzuli bulvarında Opera teatrının yeni binasına nəzər saldı. Operanın fasadında yeddi iri pəncərədə yeddi rəngbərəng vitraj çəkilmişdi – Leyli və Məcnun, Şah İsmayıl, Aşıq Qərib, Koroğlu operalarına, Qız qalası, Yeddi gözəl, Min bir gecə baletlərinə həsr olunmuş əlvan vitrajlar gecələr daha cazibədar görünürdü. Memar və rəssam bu vitrajları, teatrın qarşısındakı iri hovuzu elə yerləşdirmişdilər ki, rəngli – şüşə şəkillər qarşıdakı hovuzda da əks olunurdu.
Məlik Əbülfəz Elçibəy prospektinə çıxdı, Durnalar parkının yanından keçdi. Durnalar Parkında Vaqif və Vidadinin birgə heykəlləri sanki uzaqlara uçub gedən durna qatarının seyrinə dalmışdı.
Səfəvilər prospektinə çıxdı, Qızılbaşlar meydanından keçdi, Şəhidlər dağı istiqamətində irəlilədi.
Dağın 20 yanvar, Qarabağ şəhidləri və 1918-ci il mart Qurbanları cərgələrindən aşağıda yerləşən Şəhidlər muzeyinin eksponatları, şəkilləri, fotoları, sənədləri XX əsrdə xalqın başına gətirilən bütün müsibətləri əks etdirirdi. 1905, 1918-ci illəri mart, 1920-ci il aprel, 1921-ci il Xiyabani hərəkatının tar– mar edilməsi, 1937, 1946-cı illər 21 Azər, 1990-cı il – Qara yanvar, Baqanis Ayrım, Qukark, Xocalı faciələri…
Ana Yasa küçəsindən bu muzeyə qalxan pilləkənlərın iki tərəfində, açıq havada – terrorçu cinayətlərinin nəticələri – musiqiçi Rafiq Babayev həlak olduğu metro vaqonunun, Sumqayıt yolunda alimlərin tank tırtılları altında əzilmiş Jiqulisinin, Qanlı yanvarda gülləbaran edilmiş təcili yardım maşınının, Yevlax yolunda partladılmış sərnişin avtobusunun qalıqları nümayiş etdirilirdi.
Məlik Şəhidlər dağının yuxarı girişindən yoxuşla iş yerinə çatdı, avtosunun açarlarını qaraj xidmətçisinə tapşırdı, avtomobili içəri salacaqdı. Hələ xeyli vaxtı vardı. Yenicə ucaldılmış və bütün Yaxın Şərqdə ən uca qüllə sayılan TV qülləsinin aşırı sürətli liftiylə yuxarı qalxıb Bulud restoranına daxil oldu.
Bulud restoranı qüllənin ən üst qatında yerləşirdi və aramla hərlənirdi – yarım saat ərzində Bakının və bütün ətrafların mənzərəsini seyr edə bilərdin. Bulud restoranından da yuxarı Buludüstü kafesi vardı, amma o açıq havada idi, hələ bu ilıq mart günündə orada oturmaq olmazdı.
Restoran öz oxu ətrafında dövr etdikcə Məlik səhər yeməyini yeyir, ətirli Astara çayı içir və hər gün seyr etdiyi doğma şəhərinə baxdıqca baxırdı.
Əvvəlcə müştəri gözüylə Azadlıq meydanına baxdı. Bir neçə telekamera bu gün orda qurulmuşdu.
Keçmişlərdə Hökumət evi adlanan bina indi Odlar sarayı adlanırdı. Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı daimi məşəl yanırdı – bu məşəllər Qüzey və Güney Azərbaycanın on altı tarixi ərazisini, – vaxtilə xanlıqlar adlanan əraziləri təmsil edirdi – sağ cinahda Bakı, Gəncə, Qarabağ, Şirvan, Şəki, Naxçıvan, Lənkəran və Quba, sol cinahda Təbriz, Ərdəbil, Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy.
Şəhidlər dağının üstündə də (deyilənə görə, bir vaxtlar burada Kirov adlı bir inqilabçının abidəsi varmış) üç məşəl – Bakının rəmzi – şölələnirdi.
Bulud restoranı aramla hərləndikcə Məlik şəhərin beş girişində də yanan üçlü məşəlləri görə bilirdi. Balaxanı və Suraxanı şoselərinin kəsişdiyi yerdə, Xırdalan şosesində – Sulutəpədə, Lənkəran şossesində – Qaradağda, Sahil yolunda – Türkanda, bir də dənizdə, Böyük Zirə və Kiçik Zirə adalarının arasındakı haçansa Makarov bankası adlanan qaldırımda. Xəzərin səthi yenidən bir qədər aşağı düşəndən sonra bu qaldırım da, Səbayelin qalıqları da üzə çıxmışdı və Üç çırağın birini də bu qaldırımda – şəhərin dəniz qapısında qurmuşdular.
Bulud hərlənib elə bir baxış nöqtəsinə çatmışdı ki, indi Nərgiz adası ovuc içi kimi görünürdü. Məlik xatırladı ki, bir vaxt bu adanın adı haqqında qızğın mübahisələr olmuşdu. Nargin adını dəyişəndə adanın keçmiş adına – Böyük Zirəyə etiraz olundu, Xəzərdə bir neçə Zirə adlı ada var, çaş-baş düşəcək, – dedilər. Sonra kimsə xatırladı ki, indi çoxdan unudulmuş Anar adlı bir yazıçının hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar, deyilənə görə, o vaxt mövcud olan Yazıçılar Birliyinin sədri olub, sonra ömrünün axırınadək Suraxanı– Əzizbəyov avtobusunda konduktor işləyib).
Nə isə bu ad qəbul olundu, həm köhnə Nargin adına yaxın idi, həm də burda hər il Çiçək bayramları keçirildiyinə görə. İndi Nərgiz adası Xəzər hövzəsinin ən məşhur dincərlik və əyləncə yeri idi. Buna da vaxtilə etirazlar olmuşdu. Bu adanın faciəvi keçmişi var, sovet dönəmində nə qədər günahsız insanı burada güllələyib dənizə atıblar, – deyirdilər. Və məhz elə buna görə də bu adada repressiya qurbanlarına abidə ucaldılıb. Bu müddəaya qarşı da dəlil gətirirdilər ki, həmin insanlar elə bu arzularına görə – milləti azad, xoşbəxt, şad görmək istədiklərinə görə qurban gediblər. Bu günün insanları uşaqlar və böyüklər burada xoş istirahət edəcək, əylənəcək, sevinəcəklərsə, elə bu da qurban getmişlərin ruhunu şad edəcək. Hər nəysə təklif qəbul olundu və indi buradakı, uşaqlar və böyüklərçün əyləncə yerlərinə gəmilərlə, katerlərlə, xüsusilə yaz və yay aylarının bazar günlərində minlərlə insan gəlirdi. Adanın ən uca nöqtəsində Şeytan-çarxı – Karusel o qədər böyük idi ki, hətta Xəzər bulvarından, Bayıldan, Zığdan və əlbəttə, bax burdan – “Bulud” restoranından aydınca görünürdü. Şeytan çarxı göy qurşağının yeddi rəngində idi və şəhərdən baxanda yarısı adanın o tərəfində qaldığına görə bu tərəfdən, doğrudan da, yeddi rəngli göy əyrisini xatırladırdı. Çarxda əylənənlər hündürə qalxdıqca bütün ada, dəniz, uzaq şəhər aydın görünürdü. Bu nöqtədən adanın düz yerində əlvan gül-çiçəkdən düzəldilmiş Azərbaycan xəritəsi daha qəşəng görünürdü.
Min bir gecə, Ömər Xəyyam, Bəhlul Danəndə əyləncə mərkəzləri səhərə qədər maraqlı proqramlar, konsertlər təqdim edirdi. Vətəgə restoranında yalnız Xəzərin və Kürün balıqları deyil, dünyanın hər yerindən gətirilən okean, dəniz, göl və dağ çaylarının nemətlərini dadmaq olardı.
Matəm günlərində təbii ki, adada bütün əyləncə yerləri qapanırdı. Bura gələn müxtəlif heyətlər Repressiya qurbanları abidəsi önünə əklillər qoyur, anma duruşunda durur və adanın dörd tərəfindən dənizə çiçəklər səpirdilər.
Adaya şəhərdən adi günlərdə iki saatdan bir, bazar günləri hər saat yola düşən dəniz tramvaylarıyla getmək olardı. Qızıl balıq, Ağ balıq, Ala balıq, Şahmaya, Sazan adlı dəniz travmayları, taksi-katerlər, matorlu, yelkənli və avarlı kirayə qayıqlar şəhərdən-adaya, adadan-şəhərə şütüyürdü. Əlbəttə, şəxsi yaxtaları – təknələri olanlar da istədikləri vaxt adaya gələ bilərdilər, amma küləkli havalarda buna icazə verilmirdi. Şəxsi təknələr Bayıl burnunda yaxt-klubun körpülərində lövbər salmışdı. Bir-birindən fərqli, əlvan və göyçək təknələr gül bağçasını xatırladırdı. Amma bu səmtin ən yaraşıqlı nəhəng gəmisi – üç ağ yelkənli qədim üslubda düzəldilmiş gəmi-otel idi. Adı da elə Yelkən idi. Qapalı yerlərində və göyərtəsində yay və qış restoranları işləyirdi.
Bulud bir qədər də hərlənmiş və indi Bayıl yüksəkliyi aydın görünürdü. Bu yüksəkliyin ən uca yerində möhtəşəm Çənlibel qala-oteli yerləşirdi. Qalanın damında şəhərin və dənizin hər yerindən görünən bir heykəl ucalırdı – Qıratın belində Koroğlu heykəli.
Yalnız Nərgiz adasına deyil, Xəzərin başqa adalarına (onların çoxunda dincərliklər, çimərliklər və dəniz havası müalicəsinə möhtac olanlar üçün xəstələr evləri qurulmuşdu) şəhərin müxtəlif yerlərindən getmək olardı. Hətta bəzi nisbətən iri vapurlar Bakıdan çıxıb Salyana qədər gəlir, oradan Kür boyu Yevlaxadək, ya da Araz boyu üzürdülər. Bu da türistlərin sevdikləri marşrutlardan idi. Xəzərdə üzən iri Azərbaycan gəmiləri Dədə Qorqud, Nizami Həştərxana, Ənzəliyə, Mahaçqalaya, Qazaxstan və Türkmənistana gedib-gəlirdilər. Adi sərnişin daşıyan, yaxud turizm kruizlərinə çıxan gəmilər Bakı dəniz limanından gedib-gəlirdisə, dəniz tramvayları daha çox ya Bayıl burnundan, ya da bulvardakı Xəzər muzey-akvariumun körpüsündən yola çıxırdı. İstifadədən çıxmış böyük şelf-qazma qurğularından biri bura gətirilib sahilə bənd edilmişdi və qurğunun müxtəlif mərtəbələrində Xəzər muzeyinin tarix, gəmiçilik, balıqçılıq, neft bölmələri, suyun altında – divarları sukeçməz qalın şüşəli salonlarda akvarium yerləşdirilmişdi.
Bulud hərlənib baxış nöqtəsini keçmiş İliç buxtası adlanan əraziyə tuşlamışdı. Neftçilərin çoxdan tərk etdikləri bu iri ərazini indi amerikalıların qurduqları Disney nağıl dünyası tutmuşdu. Disney şirkətiylə uzun danışıqlar və müəyyən maddi güzəştlərin hesabına bu yerin adı məhz Azərbaycan tükcəsində qəbul edildi: Disneyland, ya Disneyuord yox, – Disney nağıl dünyası. Məşhur Disney personajlarıyla bir sırada Cırtdanın, Divlərin, Pərilərin, Küpəgirən qarıların, sehrbaz dərvişlərin, Güləndə ağzından gül tökülən Gül Qəh-qəh xanımın, Ovçu Pirimin, Armudan bəyin, Qaraqaşın, Göyçək Fatmanın da məzəli fiqurları elektron idarəetmələr vasitəsilə yüz cür oyun çıxarıb uşaqların sonsuz sevincinə səbəb olurdu.
Burdan Qorqud dağına kanat yolu çəkilmişdi. Qorqud dağının şəhərə baxan yamacında Qızıl çadırda restoran, alaçıq, dəyə, muxuru şəklində içi komfortlu otaqlarda isə Qorqud otelinin ayrı-ayrı nömrələri yerləşirdi. Dağın Şıx çimərliyinə baxan səmtində Ağ Çadırda dastan teatrı və yenə də alaçıq– odalar vardı. O tərəfdəki böyük Təpəgöz mağarası da çocuqların sevimli əyləncə yerlərindən idi. Burada elektron cihazlarla idarə olunan nəhəng Təpəgöz fiqurunu görəndə uşaqlar azacıq vahimələnir, sonra Təpəgözün çıxardığı oyunlardan həzz alıb doyunca gülüşürdülər.
Bulud hərəkət etdikcə Qorqud dağının zirvəsi daha yaxşı görünürdü. Bu zirvədə ucalan nəhəng Dədə Qorqud abidələr kompleksinin siluetləri aydın seçilirdi. Dədə Qorqud kompleksi beş ayrı heykəl-süjetdən ibarət idi. Qopuzlu Dədə Qorqud özü, yağıları at belində zəbun edən Salur Qazan, Qırx incə belli qızla Burla xatun, bağlandığı böyük ağacı köklü-köməcli yerindən çıxaran Qaraca Çoban və Beyrəklə Banuçiçək.
Bulud hərlənir və Məlik burdan görə bilmədiyi, amma qarış-qarış gəzdiyi yerləri xəyalında canlandırırdı. Səngəçaldan çıxan dəniz tramvayları Qaradağ, Şıx çimərliyi, Bibi-Heybət, Bayıl və şəhərin mərkəzindəki duraqlardan keçərək Əhmədli, Günəşli, Zığ, Hövsan, Türkandan ötüb son dayanacaqlarına – Şah dilindəki yüzüncü buruğa çatırdılar. Uzun illər istifadəsiz qalmış 100-cü buruq da turistlər üçün görməli yerlərdən biri idi. Liftlə, ya pilləkənlə buruğun təpəsinə qalxan turistlər dəniz durbinləri vasitəsilə bütün Abşeronu seyr edə bilərdilər. Yaxın vaxtlarda dəniz tramvayları Şah dilini də burulub quzey Abşeron qəsəbələrinə, oradan Corat bağlarına və Sumqayıta qədər işləyəcəkdi.
Məlik Lökbatanın, Çeildağın vulkanlarını təsəvvüründə canlandırdı, təsəvvüründəcə daha uzaqlara –Ceyranbatan qoruğuna çatdı. Bilirdi ki, bu bayram günü orada xüsusi ayrılmış yerlərdə pikniklər –çölçü məclisləri qurulacaq. Özün bişir, özün ye guşələrində manqallardan qalxan tüstü, təndirlərdə yapılan çörəklər, kabab iyi, çal-çağır…
–Burnuna kabab iyi dəyməsin – deyə Məlik öz-özünü xəyallar aləmindən ayırdı, – pendir-çörəyini ye, vaxta az qalıb. Bulud onun baxışlarını şəhər məhəllələrindən bir-bir keçirirdi. Uzaqdan öz otuzmərtəbəlik binalarını da sezdi, Qaçaqlar dağında Razin mağarası da yadına düşdü, Günəşlinin yeni göydələnlərini də gördü, Zığın Zeytun meşəsini də…
Bulud bayaqkı nöqtəsinə gəlmişdi və Məlik yenidən Azadlıq meydanına, Odlar sarayına baxmağa başladı.
Azadlıq meydanının yerinə Şeyx Səfi xalçasının min dəfə böyüdülmüş əksi rəngli daşlarla düzülmüşdü. Meydanın qarşısında, bulvarda çağdaş Azərbaycan istiqlalının beşiyi Gəncədən gətirilmiş, nə bilim neçə əsrlik Xan Çinar, onun iki tərəfindən isə iki çinar pöhrəsi əkilmişdi. Bəzi şərhçilər bu pöhrələri Azadlıq və Məsuliyyət çinarları adlandırırdı ki, Azərbaycanın rəmzi olan Xan Çinar bu iki duyğunun – Azadlıq və Məsuliyyət duyğularının arasında daima baqi qala bilər. Pöhrə çinarlar isə il-ildən ucalaraq haçansa Xan çinara boy verəcəkdi.
Məlikin yadına düşdü ki, elə burdaca Xan çinarın altında bir göstərici qoyulub – məsafə göstəricisi. Yollar bu nöqtədən hesablanırdı.
Göstəricidə bu nöqtədən altı ox – altı istiqamətdə ən ucqar yerlərə olan məsafələr kilometrlər və dəniz milləriylə qeyd olunmuşdu. Şərq istiqamətində –Şah dəniz, Şimal istiqamətində – Dərbənd, Şimal-Qərb istiqamətində –Sınıq körpü, Qərb istiqamətində – Sədərək, Cənub-Qərb istiqamətində Urmiyə, Cənub istiqamətində – Zəncana qədər olan məsafələr.
Odlar sarayının fasadında, haçansa Leninin heykəli ucalan yerdə indi rəmzi bir fiqur ucalırdı: 90-cı illərin meydan günlərində üçrəngli bayrağı bura sancan igidin məşhur fotosuna əsasən yaradılmış heykəl sal divara dırmaşan adam və əlində üçrəngli bayraq. Heykəl daşdandı, əlindəki üçrəngli bayraq isə real bayraq idi, parçadan.
Məmməd Əmin Rəsulzadənin məşhur sözləri də bura həkk olunmuşdu: Bir kərə yüksələn bayraq bir daha enməz.
Odlar sarayının əsaslı rekonstruksiyasından sonra Milli Məclis burada yerləşirdi. Milli Məclisin iclas salonunda Dövlət bayrağı və gerbiylə bərabər Ana Yasanın əsas müddəaları da həkk olunmuşdu:
Birləşmiş Azərbaycan Respublikası Azəri-türk millətinin vahid, azad, müstəqil, demokratik, dünyəvi dövlətidir. Azərbaycan Respublikasının bütün vətəndaşları irqindən, millətindən, dilindən, dinindən, sosial durumundan, sinfi mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. Azərbaycan böyük Türk dünyasının ayrılmaz parçasıdır. Azərbaycan xalqı bütün türk xalqlarıyla və ölkədə yaşayan bütün milli azlıqlarla qardaşdır. Azərbaycan dünyanın bütün xalqlarıyla barış, dostluq, bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamaq niyyətindədir.
Əlbəttə, bu müddəalar müəyyən diskussiyalara, mübahisələrə səbəb oldu, amma Milli Məclisdəki partiyaların və bitərəflərin ümumi razılaşması nəticəsində qəbul olundu.
Sağ və sol partiyalar bir vacib məsələdə də razılığa gələ bildi, dördü birlikdə hökumətə müraciət etdilər. Hökümət bu müraciətə müsbət yanaşdı və indi şəhərin mərkəzində ucaldılmış əzəmətli Panteonda – MİLLİ BARIŞ məqbərəsində dörd böyük siyasi xadimin məzarları yerləşir: Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşinin, Fətəli xan Xoylunun və Nəriman Nərimanovun nəşləri o dövlətlərlə danışıqlar nəticəsində Ankaradan, Parisdən, Tiflisdən və Moskvadan Bakıya gətirilib, burada torpağa tapşırıldı. Seyid Cəfər Pişəvərinin nəşi isə Təbrizə köçürüldü və möhtəşəm türbədə dəfn olundu.
Nəsiminin, Füzülinin Azərbaycana gətirilməsi bir qədər çətinliklərlə üzləşsə də, axır ki, onların da, Mirzə Fətəlinin də nəşləri Bakıya gətirildi.
Şəhərin dağlıq hissəsində Nəsimi, Füzuli və Mirzə Fətəlinin türbələri yanyanaşı ucalırdı, Nəsiminin və Füzulinin türbələri ənənəvi Şərq memarlığı üslubundaydısa, Mirzə Fətəlinin türbəsi ən yeni modern Qərb memarlığı yönündə tikilib və bu da uzun zaman dartışmalara, mübahisələrə səbəb oldu. Amma indi artıq gözlər bu üç türbənin qonşuluğuna çoxdan alışıb və mübahisələr də unudulub gedib.
Bulud hərlənərək baxış nöqtəsini bir qədər də dəyişdi və Məlikin diqqətini indi də Dəyirman univermağı çəkdi. Köhnə dəyirmanın binasında yerləşən bu super dükanın qarşısında bir ay qabaq Abşeron üçün səciyyəvi olan rəngbərəng pərli yel dəyirmanları qoymuşdular və onlar binaya ayrı yaraşıq verirdi. Dəyirman Bakının iki ən böyük univermağından biri idi və Karvan univermağıyla rəqabət aparırdı.
Karvan univermağının damında gecələr işıqlı məftillər vasitəsilə dəvə karvanının ləngərli hərəkətini əks etdirən reklamın qarşısına Dəyirman da indi bu əlvan yel dəyirmanlarını çıxarmışdı.
Dəyirmandan bir qədər bu tərəfə 1918-ci il mart bağı görünürdü. Haçansa 26-lar bağı adlanan bu yerdə 1918-ci ilin mart günlərində minlərlə azərbaycanlı qırmışdılar. İndi burada qoyulmuş Kədər heykəli də, hər saatdan bir səslənən Qara Qarayev rekviyimi də həqiqi ünvanını tapmışdı. O vaxt inqilabçı sayılan və xüsusi əzazilliyiylə fərqlənən bir neçə şəxsin də möcüzəvi şəkildə hifz olunub qalmış heykəllərini, bir çoxların istəyinə uymayaraq məhv etməmişdilər.
Haçansa məşum KQB binasının – indi Repressiya qurbanları muzeyinin həyətinə yığmışdılar onları. Bura ölümə göndərilən insanların yerinə indi özləri – ölümə göndərənlər – heykəl şəklində olsa da – burada dustaq idi, ömürlük – əbədi cəza müddətlərini çəkirdilər.
Məlik saatına baxdı – birin yarısı idi. İlin təhvil olacağı vaxta düz bir saat on iki dəqiqə qalırdı.
Çayçı Məlikin kredit kartını qeyd elədi və o, sağollaşıb liftə girdi, zirzəmi düyməsini basdı, liftdən çıxıb vaqonetə mindi və yeraltı yolun relsləriylə Çağdaşın zirzəmisinə çatdı, buranın liftinə minib yeddinci mərtəbəyə qalxdı. Onun daimi köməkçisi, pult rejissoru Ərxan artıq yerindəydi. Görüşdülər, bir-birinin bayramın təbrik etdilər.
Məlik kürsüsünə əyləşib monitorlara baxmağa başladı. Yanar dağdan Qız qalasınacan yol boyu müxtəlif yerləri əks etdirən görüntüləri bir-bir gözdən keçirdi.
Ərxandan:–Bəs Yanardağ hanı? – deyə soruşdu.
Ərxan: – Odey, birinci monitorda, – dedi.
Məlik:–Bu Yanardağ motelidir, motel mənim nəyimə lazımdır, unutmusan ki, əsas obyekt yerdən çıxan odlardır.
Ərxan: – O da var, – dedi, – ehtiyat monitorda. Elə bildim moteldən başlayacayıq, – bir qədər pərt kimi olmuşdu Ərxan.
Məlikin bu cavan və bacarıqlı köməkçisinə xoş münasibəti vardı, söhbəti zarafata salmaq istədi: – Yəqin – dedi – Yanardağ motelindəki qaraçı rəqslərinin xəyalına dalmısan.
Ərxan: – Yanardağ motelində qaraçı rəqsləri olmur, –dedi –atəş rəqsləri olur. Qaraçılar Qaraçı karvansarasında çıxış edir.
–O haradır elə?
–Qobustanda. Sofi Həmid – qoruq-qəbiristanlığından bir az yuxarıda. Heç olmamısınız?
Məlik: – Yox, – dedi, – elə yerlər siz cavanlar üçündür. –Amma fikirləşdi ki, mütləq macal eləyib bu Qaraçı karvansarasına baş çəkməlidir. – Qobustandadır deyirsən?
–Bəli.
Məlik Qobustana axırıncı dəfə keçən yay İşıq-səs tamaşasına baxmaq üçün getmişdi. Hər bazar günü göstərilən bu, doğrudan da, fantastik tamaşaya baxmağa dəyərdi. Adam əlindən tərpənmək olmurdu. Dəniz tramvayları, avtobuslar, maşınlar, hətta dikuçarlar bura axın-axın tamaşaçı daşıyırdı. Ekzotikanı sevən əcnəbi turistlər isə qədim at arabalarında, faytonlarda, dəvələrin kəcavələrində gəlirdilər.
Ərxan:
–Bu da odlar, – dedi.
İndi birinci monitorda Yanardağın yerdən çıxan atəşləri görünürdü.
–Bir az da iri planda götürsünlər.
On dəqiqədən, yox artıq səkkiz dəqiqədən sonra Ağ atlı, ağ buxara papaqlı, ağ çuxalı oğlan – onun adı mütləq Novruz olmalıydı, bu il lap gül eləmişdilər – adı Novruz, soy adı Bayramlı idi, bəli bu ağ atlı Novruz Bayramlı Yanardağın odlarından məşəl yandırmalı və dördnala çaparaq Bakıya gətirməli idi məşəli, Qız qalasının təpəsinə çıxıb oradakı Böyük Çırağı yandırmalıydı. Özü də düz il təhvil olan anda –dəqiqəsinə yox, saniyəsinə söz ola bilməzdi.
Məlik elektron yaddaş dəftərində xronometraja baxdı. – Hazır olun, başladıq, – dedi.
Ərxanın səsi gəldi: – Hazır, – sonra bir dəqiqədən sonra – Məlik bəy, efirdəsiniz, – dedi.
Məlik:
–Salam, sevgili tamaşaçılar, – dedi, – Bayramınız mübarək. Bu gözəl bayram və bütün gələcək günləriniz, aylarınız, illəriniz xoş keçsin. Qoy qarşıdan gələn ilimiz də yola saldığımız il kimi hamımız üçün, bütün xalqımız, dövlətimiz üçün uğurlu olsun. “Çağdaş” televiziyasıyla bu xoş bayramın bütün həyəcanlı və fərəhli anlarını yaşaya biləcəksiniz. İndi kameralarımız Yanardağdan görüntülər göstərir. Torpağımızın dərinliklərindən qalxan və əbədi yanan bu təbii alovlar vətənimizin Odlar yurdu adlandırılmasına səbəb olub. İndi də bu torpağın özündən alınan alov Bakıya – tariximizin iftixarı olan Qız qalasına çatdırılacaq, – deyəsən, bir az təmtəraqlı oldu, – deyə Məlik öz-özünü qınadı və daha sakit tonla davam elədi: – Burdan alışdırılan məşəli Bakıya ağ atlı oğlan Novruz Bayramlı yetirəcək.
Məlik düyməni basdı və kadr arxasından diktor Novruz Bayramlı haqqında qısa məlumat oxudu, eyni zamanda bu mətn ekranda da yazıldı: Anadan olduğu il, ay, gün, doğulduğu yer, təhsili, peşəsi, ailə vəziyyəti və sairə. At çapma üzrə idman ustası olması da qeyd olundu.
Məlik dünən Novruzun bilgisayarda müxtəlif şəkillərinə baxmışdı, amma nədisə indi monitorda oğlan daha da yaraşıqlı görünürdü – boy-buxun, nazik bığlar, çatma qaşlar. Ağ qiyafəsi də çox yaraşırdı bu 22 yaşlı oğlana. Altındakı ağ cins Qarabağ köhləni yerində oynayırdı.
Düz xronometrajla müəyyənləşdirilmiş anda Ağ atlı oğlan odlara yanaşdı, məşəlini uzadıb alovlandırdı və dördnala çapmağa başladı. Yol boyu düzülmüş kameralar Novruz Bayramlının irəliləyişini addım-addım izləyir, Məlik gah onun keçdiyi yerlərdən, gah da Novruz bayramı haqqında söhbətlər edirdi.
Ağ atlı oğlan Şubanı dağının ətəyindən çapıb qədim Karvan yoluyla Qurd qapısına üz tutdu.
Səkkizinci monitorun düyməsini basdı, ekranlarda Qurd qapısında qoyulmuş Boz qurd heykəli göründü. Məlik şərh etməyə başladı, Boz Qurd toteminin türk xalqları üçün nə anlam daşıdığından danışdı. Sonra kameraları 15 eylül memorialına çevirməyi tapşırdı.
–Əziz tamaşaçılar, bu yerlər, əlbəttə, sizə yaxşı tanışdır. Dəfələrlə bu memorialdan verilişlər vermişik, siz də yəqin dönə-dönə bura ekskursiyalara gəlmisiniz. 1918-ci il sentyabrın 15-də – bilirsiz ki, Türkiyə türkləri sentyabra eylül deyirlər – İslam Qafqaz ordusu məhz bu yerdən Bakıya girmiş və gənc Azərbaycan ordusunun döyüşçüləriylə çiyin-çiyinə şəhəri düşmənlərdən azad etmişdir. İndi bu memorialda, bildiyiniz kimi, Bakı uğ-runda döyüşün diaraması qurulub. Diaramda bu zəfər yürüşünün təşəbbüsçüsü Ənvər paşanın və zəfər komandanları Nuru paşanın, Mürsəl paşanın surətləri var.
Buradan başlanan və bir-biriylə kəsişən üç geniş prospekt də onların şərəfinə adlandırılıb – Ənvər paşa prospekti, Nuru paşa prospekti, Mürsəl paşa prospekti… Ağ atlı Novruz məhz bu prospektlərdən keçəcəkdir. Görürsünüzmü, indi o yoxuşla Qurd qapısına tərəf çapır. Qapını ötdü. Mürsəl paşa prospektiylə 15 eylül meydanına üz tutdu.
Məlik bilirdi ki, bu meydan 15 eylül meydanı adlansa da, camaatın çoxu eylülü iyulla qarışdırdıqları və Bakının Qurtuluş gününün sentyabrda olduğunu bildikləri üçün bu meydana ya Üç paşa meydanı (üç prospekt burda qovuşurdu), ya da meydanda ucalan türk əsgərinin heykəlinə görə Məhmətcik meydanı deyirdilər.
Məlik əlindəki pultun düymələrini bir-bir basmağa başladı, görəsən, o biri kanallar nə göstərir? AZRT – rəsmi təbriklər verirdi, Turan Daşkənddən, Kazandan və Aşqabaddan, Araz Təbrizdən bayram görüntüləri göstərirdi. Hilalda bayramın dini kökləri haqqında danışırdılar. Ulduz Ağ atlının yolunu izləyir, arada reklamlar və kliplər verirdi.
Ağ atlı artıq Azərneft meydanına enirdi. Məlik:
–Azərneft meydanında Buruğu iri planda götür, sonra ayrıca mancanağı, – deyə göstəriş verdi. Efir düyməsini basıb:
– Əziz dinləyicilər, – dedi, – siz indi ekranlarınızda Azərneft meydanındakı buruğu görürsünüz. Bu buruq və onun daima hərəkətdə olan, gecə-gündüz durub dayanmadan qalxıb enən mancanağı (ekranda mancanağın iri planı göstərildi) torpaq və dəniz altındakı neft sərvətlərimizin tükənməzliyinin və onları üzə çıxaran neftçilərimizin şərəfli əməyinin rəmzidir. İndi Novruz Bayramlı bu meydana çıxacaq və meydanda dövrə vurub Xəzər prospektiylə Qız qalasına tərəf çapacaq. Görürsünüz bu an bütün prospektdə nəqliyyat hərəkəti dayandırılıb. Xəzər bulvarından da, qarşı tərəfdən də minlərlə insan Ağ atlının gəlişini gözləyir. – Efirdən çıxıb Ərxana dedi: – Qız qalasını götürün, əvvəl ümumi plan, sonra aşağı panorama.
Yenidən efirə çıxdı: – Neft sərvətimiz kimi mədəni, tarixi sərvətlərimiz də əbədidir. Budur, uzaq minilliklərin yadigarı qədim Qız qalası. Onun ətəyində əlvan paltarlı qırx incə belli qızlar əllərindəki səmənilər, rəngbərəng şamlar, bayram xonçaları bu şənliyə ayrı gözəllik verir.
Qızların arasından biri irəli çıxdı.
Məlik: –Bu da yaşıl paltarlı Bahar xatun. Görürsünüz, Novruz Qız qalasının ətəyində atdan düşür, Bahar xatunun təqdim etdiyi kuzədən şərbət içir, sonra əlindəki məşəli daha da ucaya qaldıraraq qalaya daxil olur.
Ərxan:– Qalanın içiylə, pilləkənlərlə qalxmasını göstərək?–deyə xəbər aldı,–orda da kameralarımız qurulub.
Məlik: – Yox, – dedi, – qalanın içində alaqaranlıq kadrlar nəyimizə gərəkdir. Camaatı göstərin, sonra da qalanın damını, oğlan məşəllə birdən orda görünəndə daha effektli olar. – Mənalı gülümsündü, – sonra da dərhal bizim sürpriz, – dedi.
Sürpriz dedikləri Məlikin kiçik bicliyi idi. Qız qalasının damında Ağ atlı oğlan hər yerdən görünən çırağı odladığı anda– düz ilin təhvil olduğu saniyədə – eyni bir anda Abşeronun dörd qalasının – Nardaran, Ramana, Mərdəkan qalalarının, eləcə də Dərbənddə Narın qalanın, İlisuda Şamil qalasının, Şəkidə Gələrsən Görərsən qalasının, Dəvəçidə Çıraq qalanın, Qarabağda Əskəran, Naxçıvanda Əlincə, Şamaxıda Gülüstan, Lahıcda Niyal, Güneydə Bəzz, Təbrizdə Ərk qalalarının zirvələrində məşəllər alışacaqdı. Bildir də, inişil də belə olmuşdu və Məlik o vaxt operatorlarına hamısını çəkməyi tapşırmışdı, lenti saxlayırdı. İndi Qız qalasında çıraq alışan kimi dalbadal bu ötən illərin görüntülərini göstərəcəkdi, tamaşaçıda elə təsəvvür yaranacaqdı ki bütün bunlar bax indi, bu dəqiqə baş verir. Balaca bicliyi – sürprizi bu idi. Azacıq saxtakarlıq olsa da, yalan şey ki, təqdim etmirdi. Bütün bunlar bildir, inişil olduğu kimi indi də, bax bu dəqiqələrdə də baş verir. – Məlik məmnun-məmnun gülümsədi: Hər halda, o biri kanallara doqquz qoyduq.
Böyük çıraq alışdı, İl təhvil oldu.
Bundan sonra şənliklər başlanacaqdı. Bu səfər Məlik şəhərin müxtəlif yerlərində keçirilən tədbirləri deyil, yalnız İçəri şəhərdəkiləri ekrana gətirməyi qərarlaşdırmışdı.
Qız qalasının arxasında – bazar meydanında o tərəfdən-bu tərəfə çəkilmiş tarım iplərin üstündə kəndirbazlar öz məharətlərini nümayiş etdirirdilər. Bakı xanlarının bərpa olunmuş iqamətgahlarında Köhnə Bakı muzeyi yerləşirdi: mum fiqurları düzəldilmiş qoçu, dərviş, hambal (hambal Dadaş, Qoçu Nəcəfqulu, Lotu Cabbar), eləcə də fayton, qazalaq, konka kimi eksponatları olan, orta əsr Avropa rəssamlarının Bakını təsvir edən qravürləri, əski Bakının ilk foto-mənzərələri, Əzim Əzimzadənin karikatürləriylə süslənmiş muzey. Muzeyin qarşısındakı meydanda Keçəl və Kosa toplaşanları güldürürdü.
Qoşa qala qapısından bura axın-axın insanlar gəlirdi. Şirvanşahlar Sarayında, xalça-palaz döşənmiş hamam hücrələrində güləşlər, qılınc oyunları göstərilirdi.
Dəstə-dəstə turistlər bilmirdilər hara baxsınlar – bu oyunların, tamaşaların hansına? Qarşısında Məşədi İbadın paralon mulyajı qoyulmuş qənnadı dükanınamı baş çəksinlər, ya qarşısında eyni cür Hacı Qara fiquru görünən xırdavat dükanınamı? Bəlkə Dərviş, ya Xarabat meyxanalarında vaxt keçirsinlər?
Məlik: – Proqramın ardını özün apar, – deyə Ərxana lazımı tapşırıqlar verdi. – Mən Türkana getməliyəm, onsuz da gecikirəm. Bir də hamınızın bayramı mübarək.
Avtosunu işə salıb Xəzər prospektinə endi. Prospekt artıq nəqliyyatçün açılmışdı, amma yaman basırıq idi. Azadlıq medanından keçib Qara Şəhərə çıxandan sonra nəqliyyat bir az seyrəldi.
Avtosunun qutusundan kaset çıxarıb maqnitofona saldı, düyməni basdı. Baxın Çakonası səslənməyə başladı. Məlikin ən çox sevdiyi musiqi əsərlərindəndi.
Universitetlər şəhərciyi Hövsan da arxada qaldı, indi sahil yoluyla Türkana tərəf irəliləyirdi. Maqnitofonda Məlikin çox sevdiyi başqa bir əsər – Albinioninin Adajiosu səslənirdi. Məlik bu əsərlərin müəllifləri barədə – Bax və Albinioni barədə düşündü. Bu dahiləri Məlikə bu qədər yaxın, doğma, munis edən nəydi? Onları əsrlərin məsafəsi ayırırdı, zaman, məkan, mühit, adət-ənənələr, mədəni irs, gələnəklər, davranış qaydaları, ədaları, bir söz, hər şey, hər şey tamam başqa idi… Amma Məliki mat qoyan o idi ki, bu kamzollu, dar pantolonlu, yaxası jabolu, başında pudralı parik olan insanlar – Bax, Albinioni, Vivaldi, Korelli, Motsart –onun, Məlikin duyğularını necə də ülvi səslərlə ifadə edə biliblər. Sanki bu uzaq ellərin, uzaq zamanların insanları onun – Məlik Məmmədlinin, XXI əsr Azəri türkünün ən dəruni hisslərini duya və belə ecazkar melodilərlə səsləndirə bilmişlər. Bu möcüzə deyildimi? Uzaq əsrlərin möcüzəsi…
Amma ağlına gəldi ki, bunları burada, avtosunda dinləyə bilməsi də XX-XXI əsrlərin möcüzəsidir. Nazik mixəyi lent dolanmış kiçicik kaseti cihazın içinə salırsan və bir-birindən gözəl səslər, melodilər aləmi canlanır, – yəqin o dövrün insanları da bu möcüzəyə mat qalardı.
Avtonun açıq pəncərələrindən xəfif gilavar Məlikin saçlarını yumşaq-yumşaq tumarlayırdı. Atobanın sağ tərəfində iri hərflərlə yazılmış TÜRKAN sözünü gördü.
Keçmiş qəsəbənin yerində salınmış Türkan şəhəri – müəyyən anlamda Türk dünyasının mənəvi mərkəziydi. Bir çox ümumtürk iqtisadiyyat, mədəniyyət, maliyə, KİV strukturları, müstəqil və muxtar Türk respublikalarının səfirlikləri, daimi nümayəndəlikləri burada yerləşirdi.
Türkanın girəcəyində yol haçalanırdı. Üst yol Dinlər meydanına aparırdı –burada Türkiyə dövlətinin inşa etdiyi əzəmətli Əhməd Yasəvi məscidi, onun yanında xristian qaqauzlar üçün tikdirilmiş kiçik kilsə –sövmiyyə, qarşı tərəfdə yəhudi Qaraimlərin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda məbədi və Yakutların şaman otağı yerləşirdi.
Dinlər meydanından bir az aralı Manas idman komlpeksində qapalı və açıq yarış, oyun meydançaları, üzgüçülük hovuzları vardı. İdman zonasından başlanan – bir ucu Türkan hava alanına, bir ucu Binə hava limanının yaxınlığındakı İpək yolu fuarına – yarmarkasına qədər uzanan Ötükən ormanını Türk dünyasının hər guşəsindən gətirilib burda əkilmiş və nə yaxşı ki, tutmuş müxtəlif ağaclar bəzəyirdi. İpək yolu fuarında yalnız Türk dünyasından deyil, planetin hər yerindən gətirilən mallar nümayiş etdirilir və satılırdı. Nə yoxdu burda –Qazax-qırğız dombralarından tutmuş Dağıstan yapıncılarınadək, Özbək xələtlərindən Türkmən – Ahal-təkə atlarınacan, Çin kaşısı, Kaşan xalçaları, ərəb ədviyyatı, Yapon şirmaları, Hindistan ətirli sandal çubuqları, hətta Afrika maskaları tapmaq olardı burda. Qərbin, Yaponiyanın, Koreyanın ən yeni texnologiyaları müxtəlif şirkətlərin diqqətini çəkirdi. Aral, İssık göl, Altay, Mərmərə, Ağrıdağ restoran, kafe və barlarında qazax Beşbarmağından, özbək plovundan Türkiyə türklərinin imambayıldısınacan hər növ təamı dadmaq olardı, qımız da içmək olardı, Zəm-zəm suyu da, yaşıl özbək çayı da…
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?