Электронная библиотека » Arif Əliyev » » онлайн чтение - страница 2

Текст книги "Yalama"


  • Текст добавлен: 29 ноября 2022, 16:02


Автор книги: Arif Əliyev


Жанр: Историческая литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

II. Əsgəran keçidi

«Daxili işlər naziri M.Vəkilova.

…Qoşunun ləng irəliləməsindən narahatıq, bu, Xankəndi və Şuşa üçün faciə ilə nəticələnə bilər… Zəngəzur və Qarabağ erməniləri artıq birləşiblər. Bircə gün gecikən kömək artıq kömək olmayacaq…

Qarabağın general-qubernatoru
X.Sultanov,
parlament üzvü Q.Əliverdiyev.
31 mart 1920-ci il».

Qarabağın yazı başqa aləmdir! Mən bu yerlərdə ancaq bir dəfə, ötən il payızın axırı – bu qışın əvvəlində olmuşdum. Onda da ermənilər Zəngəzurda qiyam qaldırmışdılar. Soyuqdan ayaqlarını hiss etməyəndə, barmağın tətiyə yapışıb qopmayanda gözəllik gözünə görsənmir. Amma indi hər addımda təbiət adamın üzünə gülür. Dağlar qarnını günə verir, keçəl ormanların başına tük gəlir, torpaq kürədən çıxmış əppək kimi buğlanır, sən də kürəyini xan çinara söykəyib gələcək günlər haqqında düşüncələrin canına gətirdiyi istilikdən ləzzət alırsan. Hətta havadakı barıt qoxusu, ara-sıra uzaqdan eşidilən top səsləri də fantaziyalarını zəhərləyə bilmir. Bizim, Quba tərəfin dağları, düzənləri də, sözsüz, gözəldir. Amma buranın təbiətində bir yumşaqlıq, genişlik, şirinlik, romantika var. Yüksəkliklər sərt, zirvələr bizdəki qədər sivri deyil, qadın dizi kimi yupyumrudur. Deyəsən, fərqi tapmışam! Bizim dağlarımız – bəydirlər, Qarabağın dağları – gəlin. Qarabağ – Azərbaycanın gəlinidir! Hansı qeyrətli kişi gəlinini yada verər?

Bu yerlərin insanları da xaraktercə biz tərəflərdəkilərə nisbətən daha həlimdirlər. Neçə illərdir qanın-qadanın içərisindədirlər, hərəsinin min dərdi var, amma yenə göz-gözə sataşanda gülümsəyirlər. Həm də bizimkilərdən varlı yaşayırlar. Müharibə olmasa, lap yaxşı dolanarlar. Özüm şahidiyəm.

Qarabağa, oradan Zəngəzura keçən səfərimizdə mənim xidmət etdiyim bölmə 4-cü Quba alayından 1-ci Cavanşir alayının, bir növ, müvəqqəti tabeliyinə verilmişdi. Quba alayı Dığ əməliyyatına cəlb olunmamışdı, Cavanşir alayını isə ciddi döyüşlərdən əvvəl təcili komplektləşdirmək lazım idi. Biz Gorus istiqamətində, Keçəldağ ətrafında vuruşurduq. Döyüşlər səngiyəndən, hərbi əməliyyatların dayandırılması haqqında Tiflis razılaşması[6]6
  Azərbaycan və Ermənistan hökumətləri arasında bu razılaşma 1919-cu il noyabrın 23-də Tiflisdə imzalanıb.


[Закрыть]
imzalanandan sonra əsas qüvvələr Zəngəzurdan çıxarıldı. Bizim hissəni isə dərhal Qubaya qaytarmadılar, əmin-amanlığa nəzarət etmək üçün yenə də müvəqqəti Qaryaginə[7]7
  Füzuli şəhərinin keçmiş adı


[Закрыть]
göndərdilər.

Ağdamdan Qaryaginə 60 verstlik yol qıvrıla-qıvrıla ermənilər yaşayan kəndlərin arasından keçirdi. Yalnız bu yaxınlarda – müsəlmanlarla düşmənçilik aparan ermənilər Azərbaycan hökumətinə tabe etdirildikdən sonra onu işə salmaq mümkün olmuşdu.

Dəstənin Qaryaginə gəlişi bütün Cəbrayıl qəzasının camaatı üçün toy-bayram idi. Əhali hökumətin və ordunun ona yiyə durduğunu, xalqın dinc həyatının keşiyində dayandığını görüb sevinirdi. Adamlar taxıl kisələri, qovurma küpləri, motal torbalar yüklənmiş arabalarla qarşımıza çıxır, ayaqlarımızın altında qoyun kəsirdilər. Əsgərlərin şux görkəmlərinə, nizamlı sıra ilə addımlamasına baxan yerli partizanlar onları da orduya yazmağı xahiş edirdilər. Gəlişimizdən xəbər tutmuş Hadrut erməniləri əl-ayağa düşmüşdülər, hətta hamımızı bir yerdə qonaq çağırmışdılar.

Hadrut çar vaxtı rusların sərhəd briqadasının dayanacaq yeri olmuşdu. Rus sərhədçiləri buraları tərk edəndə silah-sursatlarını, bütün avadanlıqlarını ermənilərə qoyub getmişdilər. Hadrutdakı iri, rahat kazarmalar kimi kazarmaları heç Ağdamda da görməzdin. Şəhərin bir üstünlüyü də var ki, çox zəngin diyarda yerləşir. Bu diyar – Qarabağın çörək anbarıdır: nəinki vadilər, dağların döşü belə zəmilərdir, mal-qaranın sayı-hesabı bilinmir. Sonuncu payız isə xüsusilə bərəkətli olmuşdu, həm də nisbətən sakit keçmişdi, əhali bol məhsul götürmüşdü. Ancaq gündüzlər tarlaya çıxmaq təhlükəli olduğu üçün adamlar çox vaxt əkin-biçinə gecələr getməyə məcbur olurdular. Ağsaqqalların dediyinə görə, yerli ermənilərdən müsəlmanlara elə də böyük xətər dəyməzdi, əsas nifaq salanlar Ermənistandan gəlib dağ kəndlərində ara qarışdıran emissarlar idi. Bəziləri də özünü «general» adlandırırdı. Bu payız erməni «general» larının başı Zəngəzura qarışmışdı. İlk növbədə, oranı müsəlmanlardan təmizləməyə çalışırdılar. Nəticədə Cəbrayıl qəzasında gərginlik xeyli azalmışdı. Di gəl Qaryagindən tutmuş Arazqırağına qədər müsəlman kəndləri Zəngəzurdan axışan türk və kürd qaçqınları ilə dolmuşdu.

Kürd qaçqınlarının vəziyyəti xüsusilə ağır idi. Andranikin qoşunları Zəngəzurun mərkəzi şəhəri sayılan Gorusun üst tərəfindəki kürd kəndlərinə divan tutmuşdu. Yaba və dəyənəklərlə müdafiə olunan kəndlilər nə qədər bərk dayansalar da, təpədən-dırnağa silahlı düşmənin qabağında tab gətirə bilməmişdilər. Andranik camaatı çapıb-talamışdı, evlərə od vurmuşdu, qırdığını qırmışdı, sağ qalanlar qaçıb dağ yolları ilə Cəbrayıla pənah gətirmişdilər, oradan ətrafa yayılmışdılar. Yerli əhali qaçqınlara pal-paltar verir, onları evlərinə aparır, yemək-içməklə təmin edirdi. Hökumət bacardığı yardımı göstərirdi. Amma kürd kişiləri ərzaq yox, intiqam almağa silah istəyirdilər. Hətta bir neçə gənc orduya yazılmaq üçün bizim hərbi hissəyə gəlib çıxmışdı. Həmin gün mən hissədə növbətçi zabit idim. Gənclərin halına nə qədər yansam, onları çox yaxşı başa düşsəm də, özüm səfərbərlik məsələsini həll edə bilməzdim. Ona görə dedim ki, belə işlərə biz baxmırıq, eşitdiyimə görə, Ağdamda kürd batalyonları yaradılır, ora gedib qərargaha müraciət etməlidirlər.

Sonra elə oldu ki, özümüz Qaryagində və Cəbrayılda kiçik dəstələr saxlayıb Ağdama qayıtmaq əmri aldıq. Səfərbərlik üçün müraciət edən kürdlər bizə qoşuldular. Aralarında 19-20 yaşlarında bir qız da var idi. Çox gözəl və qəmgin gözləri olan bu qızın ikigünlük yolda heç kim səsini eşitmədi. Onun Sultan adlı qardaşı ilə dostlaşmışdım. Anamın toxuduğu yun əlcəklərimi Sultanın cibinə basmışdım ki, bacısına geyindirsin, qızın əlləri donmasın. Ağdamda yollarımız ayrılanda Xaçmazdakı evimizin ünvanını da onlara verdim. Kim bilir, tale insanı haralara aparıb çıxara bilər?! Əvvəl ünvanı kağıza yazdım, amma başa düşdüm ki, heç biri oxuya bilmir, ona görə hər şeyi Sultana sözlə izah etdim. Sağollaşanda Sultanla qucaqlaşdıq, bacısı isə birinci dəfə başını yerdən qaldırıb «Çox sağ ol, qardaş, Allah səni qorusun» dedi.

Ağdamda bizə birgünlük istirahət vermişdilər, səhəri Yevlaxa, oradan eşelonlara doldurub Bakıya yola salmışdılar. Novruz paradına hazırlığa başlamışdıq.

* * *

İki gün idi yağış yağırdı. Martın 27-nə keçən gecədən Ağdamın üstünü almış topa buludlar hərdən qısa fasilə verir, bir anlığa nəfəslərini dərib yeni həvəslə gözlərinin yaşını tökürdü. Yaxşı xəbərlər alırdıq: podpolkovnik Tongiyevin Şəki süvariləri erməniləri Tərtər ətrafındakı Marağalı, Marquşevan, Çaylı və Bruc kəndlərindən çıxarmışdılar. Podpolkovnik Qasımbəyovun rəhbərliyi altında vuruşan Gəncə piyada alayının taboru Goranboyda Yenikəndi, Qaraçinarı, Xarxapurtu götürmüşdü. Cəbrayılda polkovnik şahzadə Xosrov Mirzə Qacarın bölükləri Ermənistandan gələn qüvvələrin qarşısını kəsmişdi. Bizsə Ağdamda ilişib qalmışdıq. Əslində, Əsgəranın üstünə yeriməməyimizin yağışdan da ciddi səbəbi var idi: əlavə qüvvələrin yetişməsini gözləyirdik. Əsgəran qalası ermənilər üçün o dərəcədə böyük əhəmiyyət kəsb edirdi ki, oranı dörd min nəfərlik dəstə qoruyurdu. Dəstəyə təcrübəli və inadkar komandir, Dilican ermənisi Dəli Qazar başçılıq edirdi. Bu qala onlara da, bizə də hava-su kimi lazım idi. Onsuz Dağlıq Qarabağa əlimiz çatmırdı, Şuşa, Xankəndiqarışıq bir çox şəhərlərimizin-kəndlərimizin taleyi tükdən asılı idi, çoxundan heç xəbər tuta bilmirdik. Bu yerlərdə böyük nüfuzu olan Salah bəyin topladığı Ağdam partizanları Əsgəran yolunu açmağa bir neçə dəfə cəhd göstərmişdilər, gücləri çatmamışdı.

Amma yağışa baxmayaraq biz də kazarmalarda oturmamışdıq. Əsgəran yolunun kəşfiyyatını aparırdıq. Dəqiqləşdirmişdik ki, qalanın ətrafında bütün yüksəklikləri ermənilər ələ keçiriblər, bir neçə yerdə pulemyotlar qoyublar, ancaq topları yoxdur. Dəli Qazar Əsgəranın qarşısında, Daşbaşıdan tutmuş Naxçıvanikə qədər 14-15 verstlik bir məsafədə güclü müdafiə xətti qurmuşdu. Səlimov hərbi nazirdən xahiş etmişdi ki, orduda olan zirehli avtomobillərdən birini təcili Ağdama göndərsin. Top təhlükəsi olmadığı şəraitdə zirehli avtomobil çox karımıza gələrdi. Doktor Mirhaşımov 50 çarpayılıq xəstəxana, evakuasiya məntəqəsi yaradırdı, həkim, şəfqət bacıları axtarırdı, dərman, sarğı materialları toplayırdı. Bu gün yeməkxanada doktor sevincdən gözləri yaşarmış halda dedi ki, Gəncədə müsəlman gimnaziyasının 8-ci sinif şagirdləri sanitar dəstəsi təşkil ediblər, Ağdama yola düşməyə hazırlaşırlar.

Axşama daha bir xoş xəbər aldıq. Xankəndi qarnizonunun korneti cəbhə xəttini gizlin keçib Şuşadan, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovdan məktub gətirmişdi. Məktubda nə yazıldığını bilmirdim, amma əsas o idi ki, Şuşada sakitlik hökm sürürdü. Deməli, Zəngəzur tərəfdən gələn erməni qoşunu hərbçilərimizin və partizanlarımızın müqavimətini qırıb Qarabağ üsyançıları ilə birləşə bilməmişdi. Yoxsa, ilk növbədə, Şuşanı hədəf götürərdilər.

Kiçik zabitlər qərargah yerləşən binanın qabağında talvarın altına yığışıb Səlimovun yanında olan kornetin çıxmasını gözləyirdilər. Yağış artıq kəsmişdi, damların, ağacların suyu süzülürdü. Havaya hopmuş nəmişlik adamın sümüklərini gizildədirdi. Solomon əllərini əllərinə sürtdü:

– İndi bir çəllək «Xvankara» içərdim. Elə bil qarnında ocaq qalayırlar, səni içəridən qızdırmağa başlayır…

Hamı udqundu, amma heç kim cavab vermədi.

Nəhayət, binadan ortaboylu, arıq bir kornet çıxdı və bizim əhatəmizə düşüb sual dolu baxışlarımızla üzləşəndə inildədi:

– A kişilər, insafınız olsun, əvvəl, heç olmasa, bir stəkan çay verin…

Biz onu az qala qucağımızda yeməkxanaya apardıq.

Həmin axşam kornet çox maraqlı şeylər danışdı. Ən yaddaqalanı isə Xankəndi uğrunda döyüş oldu, çünki özü bu döyüşdə iştirak etmişdi.

– Bayram günü alçalı qovurmaynan plovdan, şəkərbura-paxlavadan yeyib, kəlləni atıb yatmışdıq. Gecənin bir vaxtı səsə oyandım. Əvvəl elə bildim, vəziyyət xarabdır. Mənim beləliyimə baxmayın, yemək gələndə masadan qoparmaq olmur, sonra əziyyətini çəkirəm. Gördüm, yox, kişnəyən qarnım deyil, bayırda atlardır. Amma yuxum qaçmışdı. Durub həyətə çıxmaq istədim ki, bir az gəzişim, yüngülləşim. Bu vaxt uzaqdan atışma səsləri eşidildi. Həyəcan siqnalı verildi. Ermənilər toplarımız yerləşən məntəqəyə gözlənilmədən hücum etmişdilər. Gözlənilmədən deyirəm, çünki bir neçə saat əvvəl bizimlə bir yerdə Novruzu bayram edirdilər. Hətta keşiş şəhərin hörmətli ermənilərini başına yığıb qarnizon rəisi Əmənulla xan Qacarı təbrikə gəlmişdi. Nə isə… Düşmənə ələ keçirdiyi mövqedə möhkəmlənməyə, topların ağzını kazarmalara tərəf çevirməyə imkan vermək olmazdı. Süvarilərimiz bir həmlə ilə mövqeni geri aldılar. Ermənilər topçularımızı qırmışdılar, amma biz də orada qala bilməzdik. Bir tərəfdən qaranlıq, o biri tərəfdən qatı duman ermənilərin manevrlərini görməyə imkan vermirdi. Topların açarlarını çıxarıb özümüzlə götürdük və kazarmalara doğru çəkildik. General-mayor Qacarın əmri ilə piyadaların cinahlarında müdafiə mövqeyi tutduq. Yarım saat keçməmiş ermənilərin dörd tərəfdən güclü hücumu başladı. Düşmən sayca çox idi, bizi sıxışdırırdı. Yavaş-yavaş səhər açılır, duman çəkilirdi, amma qarışıqlıq yaranmışdı və bu qarışıqlıqda ermənilərin harada, bizimkilərin harada olduğunu dəqiq müəyyənləşdirmək çətindi, bəzən özün-özününkülərin atəşi altına düşürdün. Patronu qurtaranlar süngülərini taxırdılar, çox yerdə əlbəyaxa döyüş gedirdi. Belə şəraitdə süvarilər üstünlük əldə edirlər. Erməni atlıları isə bizdən az deyildilər. Bu vaxt erməni əsgərlərinin ön dəstəsinin yaxınlıqdakı kazarmaya soxulduqlarını və oradan darta-darta üç silahsız əsgərimizi çıxardıqlarını gördüm. Onları divara dirədilər. Erməni komandiri atdan endi və qılıncını çəkib irəli yeridi, ona nəsə deyən, görünür, mane olmaq istəyənlərə əhəmiyyət vermədi. Qan beynimə sıçradı. Nə olacağını fikirləşmədən atın başını çəkdim. Zabit üçüncü əsgərimizi də çapmağa imkan tapmamış qılıncı onun təpəsinə endirdim və çaparaq yanından keçdim. Arxadan ermənicə «Aleksan spanum», «komandir spanum» qışqırıqlarını eşitdim.

– «Spanum» nədir? – deyə içərişəhərli Cəbrayıl bəy soruşdu. Kornetin əvəzinə Cavaxetiyada böyümüş Parmen cavab verdi:

– «Spanum» – öldürüldü, cəhənnəmə göndərildi! Yəni moklulia[8]8
  Cürcücə: «Öldürüldü».


[Закрыть]
!

Kornet təəccüblə gürcü zabitinə baxdı, təsdiq əlaməti olaraq başını tərpədib sözünə davam etdi:

– Bəxtimdən dalımca atılan güllələr məni tutmadı, vıyıltı ilə yanımdan, başımın üstündən keçdi. Vəfalı atım məni bu qovğadan da çıxardı, ancaq özünü yaraladılar. Ermənilərin arasına çaxnaşma düşdü. Onlar Aleksanın meyitini atına çullayıb ruhlanmış döyüşçülərimizin həmlələri qarşısında geri çəkilməyə başladılar. Gecə 2-də başlayan döyüş səhər 6-da bitdi. Ətraf tam işıqlaşanda dəhşətli mənzərənin şahidi olduq. Xankəndi qarnizonundan yarısı qalmışdı. Ermənilərin itkiləri xeyli artıq idi.

– İndi Xankəndi bizdədir? Burda müxtəlif şayiələr gəzir… – kornet sözünü bitirən kimi mən hamımızı maraqlandıran sualı verdim. Hər deyilənə inanmasaq da, iki gündə camaatdan eşitdiyimiz ziddiyyətli xəbərlər ürəyimizə şübhə xalı salmışdı.

– Bizdə olmağına bizdədir. Amma vəziyyət dəyişə bilər. Hər şey ondan asılıdır ki, birinci kimə kömək yetişəcək: Zəngəzur tərəfdən ermənilərə, yoxsa Ağdam tərəfdən bizimkilərə.

Qərargah rəisinin yavəri başını yeməkxananın açıq qapısından içəri salıb bütün zabitlərin Səlimovun yanına çağırıldığını dedi.

İkimərtəbəli binanın birinci mərtəbəsindəki zal adamla dolu idi. Səlimov qabaqda dayanıb bizə baxır, çağırılanların toplaşmasını gözləyirdi. Zabitlərimiz ona pərəstiş edirdilər: kim 38 yaşında general olmaq istəməz? Amma Həbib bəy təkcə rütbəsinə və tutduğu vəzifəyə görə yox, həm də savadına görə böyük hörmətə layiq idi. O, orduda ali hərbi təhsil görmüş barmaqla sayılası zabitlərimizdəndi, hərb elmini və döyüş texnikasını gözəl bilirdi. Çox ağıllı gözləri, məğrur, adamın qəlbinə nüfuz edən baxışları vardı. Sanki bir nəzərlə qarşısındakının kim, nəyə qadir olduğunu müəyyənləşdirməyə çalışırdı. Amma bu baxışlarda zərrə qədər təkəbbür, soyuqluq görməzdin, əksinə, narahatlıq və qayğı hiss edərdin. Həbib bəyi əsgərlərin necə xidmət etdiyi ilə yanaşı, nə geydiyi, nə yediyi, harada yatdığı da maraqlandırırdı. Nazirlikdə ən yüksək mövqelərdən birini tuturdu, eyni zamanda heç vaxt «kabinet generalı» olmamışdı. Mən özüm Səlimovu döyüşdə görməmişdim, ancaq daha təcrübəli zabitlər onu qətiyyətli, cəsur, tələbkar komandir kimi tərifləyirdilər. Bilirdim ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində mərdliklə vuruşub, müstəqil Azərbaycan Ordusuna ən böyük iki hərbi zəfərdən birincisini Muğan-Lənkəran səfərində məhz o qazandırıb. Ordunun ikinci uğuru isə general-mayor Cavad bəy Şıxlinskinin rəhbərliyi altında 1919-cu ilin sonunda həyata keçirilən və Zəngəzurun Azərbaycana qaytarılması ilə nəticələnən Dığ əməliyyatı hesab olunurdu. Fəxrlə təkrar deyə bilərəm ki, həmin əməliyyatda mən də iştirak etmişdim…

Hamı yığışanda Səlimov sözə başladı:

– Cənab zabitlər! Mənim sizi bura toplamağım onun üçündür ki, qarşımızdakı çətin vəzifənin məsuliyyətini hər birinizin dərk etdiyinə əmin olum. Bu çox vacibdir, çünki siz eyni məsuliyyəti əsgərlərinizə də aşılamalısınız. Şuşa qubernatoru Sultanovdan və dəstə rəisi general-mayor Novruzovdan məktub almışam. Yazırlar ki, Bağırbəyli istiqamətində müsəlman kəndləri tutulandan sonra Zəngəzur erməniləri ilə Dağlıq Qarabağ ermənilərinin birləşməsinə heç nə mane olmur və bu baş verərsə, Şuşa ilə Xankəndi son dərəcə kritik vəziyyətə düşəcək. Hər an hücum gözləyirlər, bizdən kömək istəyirlər. Kəşfiyyat məlumatlarına görə, daşnak generalı Dro Zəngəzurda 7 min partizan toplayıb. Gorusda polkovnik Qazarovun rəhbərliyi altında nizami piyada alayı hazır dayanıb. Əsgəran ətrafında Dəli Qazarın güclü dəstəsi mövqe tutub. Bizsə hələ hazırlıqlarımızı yekunlaşdırmamışıq, lazımi qədər qüvvə toplamamışıq. Ancaq şəraiti qiymətləndirdikdən və məsləhətləşdikdən sonra qərara gəldik ki, hərəkətə başlayaq. Əzizlərim! Sabah biz hücuma keçməklə təkcə Şuşanı, Xankəndini, orada darda qalıb kömək gözləyən dostlarımızı deyil, bütün Qarabağı, Azərbaycanımızı qoruyacağıq. Bununsa yalnız bir yolu var – qələbə! Düşmən qüvvəsini parçalayıb əzməliyik. Sözlərimi əsgərlərinizə çatdırın. Sabah saat altıda bütün hissələrdə döyüş hazırlığını şəxsən yoxlayacağam.

* * *

Ertəsi gün səhər Səlimov haqqında dünənki düşüncələrimin bir qismindən imtina etməyə hazır idim.

Ala-toranda hissələrə baxış keçiriləndə bəlli oldu ki, mənim bölüyüm bu döyüşdə əsas qüvvələrin tərkibinə daxil edilməyib. Dedilər ki, Quba alayının digər bölüklərinin hələ gəlib Ağdama yetişmədiyi nəzərə alınıb və məhz bizim dəstəni ehtiyatda saxlamaq məqsədəuyğun hesab olunub. Həmin gün qərargahda növbətçi zabitlərdən biri təyin edildiyimi biləndə isə başa düşdüm ki, ehtiyat qüvvənin döyüşə yeridilməsi, ümumiyyətlə, nəzərdə tutulmur. Bu qərarın həyatımda nə dərəcədə mühüm rol oynayacağını təsəvvürümə belə gətirmirdim. Doğrusu, əvvəl əməlli-başlı hirslənmişdim. Hətta ürəyimdən üsyan eləmək keçirdi: budu sizin tərifli generalınız? Amma sonra, hər şeyi soyuq başla təhlil etmək imkanım olanda anladım ki, Səlimov, həqiqətən, güclü taktik imiş. Martın 29-dakı hücum birbaşa Əsgəranın alınması uğrunda döyüş deyildi, düşmənin diqqətini Şuşadan və Xankəndidən yayındırmaq üçün məharətlə planlaşdırılmış manevr idi.

Hücum saat 7-də Əsgəran cəbhəsinin şimal-şərqindən başladı. Qoşunların qarşısına düşməni Xanabad-Xramort-Fərrux kəndlərindən vurub çıxarmaq, iki mühüm yüksəkliyi ələ keçirmək və bu məntəqələrdə möhkəmlənmək vəzifəsi qoyulmuşdu. Saat 11-də parlament mühafizə dəstəsinin Xramortu götürdüyü barədə xəbər gəldi. Günorta parlament mühafizəçiləri artıq yüksəkliklərdən birinə yaxınlaşmışdılar, partizanlar isə Xanabadın girişində vuruşurdular. Bakı alayının əsgərləri sıldırım qayalarla Daşbaşı yüksəkliyinə qalxa bilmişdilər və kəndə doğru irəliləyirdilər. Tatar alayının süvariləri Fərrux kəndini tutmuşdular. Sonra isə vəziyyət dəyişdi. Artilleriyanın qaçanları təqib etmək üçün yerini dəyişməsindən və əsas qüvvələrimizi dəstəksiz qoymasından istifadə edən düşmən əl qumbaraları ilə bakılıları geri oturtdu. Ermənilər sol cinahdan hücuma keçərək partizanları Xanabad ətrafından, parlament mühafizəçilərini tutduqları yüksəklikdən çəkilməyə məcbur etdilər. Beləliklə, həmin gün qarşıya qoyulan vəzifəni yalnız qismən yerinə yetirmək mümkün oldu: Xramort, Daşbaşı yüksəkliyi, Fərrux bizdə, digər yüksəklik və Xanabad ermənilərdə qaldı. Ümumilikdə isə Əsgərana təxminən 2 verst yaxınlaşdıq.

Hava qaralanda həlak olanları Ağdamdakı məscidə, yaralıları doktor Mirhaşımovun tibb məntəqəsinə gətirməyə başladılar.

İlkin məlumatlara görə, 23 əsgər və Bakı alayının praporşiki Nəcəfəliyev öldürülmüşdü.

Xəstəxana hələ hazır deyildi, binada təcili bir neçə otaq boşaldıb çarpayılar düzmüşdülər. Zabitlərimizdən də üçü yaralanmışdı. Dostum podporuçik Parmen Dauşvilinin onların arasında olduğunu eşidəndə ora yollandım.

Sarıqlı qolu boynundan asılmış Parmen çarpayıda uzanmışdı və başqa bir xəstənin yarasını təmizləyən həkimin yanındakı tibb bacısına baxırdı. Bilirdim ki, həkim məni içəri buraxmayacaq. Qapıda dayanıb onun işini qurtarmasını gözlədim. Həkim güllə kimi otaqdan çıxanda isə arxasınca qapını bağlamaq istəyən qızdan xahiş etdim:

– Bircə dəqiqəliyinə…

Tibb bacısı üzümə baxmadan:

– İcazə yoxdur, – dedi.

Onu gözlərindən tanıdım. İki-üç ay əvvəl mənə «qardaş» deyən qız idi.

– Bəs bacı qardaşa nə gündə lazımdır?

Tibb bacısı diksinib mənə tərəf döndü. Bir neçə saniyəlik tərəddüddən sonra gülümsündü.

– Sultan hardadır? – yavaş

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации