Электронная библиотека » Aydın Balayev » » онлайн чтение - страница 3

Текст книги "Əhməd bəy Ağaoğlu"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Aydın Balayev


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

«Gənc türklər» hərəkatının baş ideoloqu olan Ə.Rıza öz siyasi baxışlarının doğruluğuna sarsılmaz inamı və dürüstlüyü ilə seçilirdi. Bu isə gənc və idealist Əhməd bəydə ona qarşı dərin hörmət oyatmışdı. Belə ki, Parisdə maddi sıxıntılar içərisində yaşamasına baxmayaraq Ə.Rıza Fransanın bir çox məşhur şəxslərinin, o cümlədən onu yaxından tanıyan ölkənin gələcək baş naziri Jorj Klemansonun (1841–1929) himayə və yardımından imtina etmişdi. Həmçinin Sultan II Əbdülhəmid Parisdəki səfiri vasitəsilə ona siyasi fəaliyyətdən əl çəkəcəyi təqdirdə 100 min frank təklif etmişdi. Lakin Rıza sultanın həmin təklifini də rədd etmişdi. Onun bu davranışı isə Əhməd bəydə unudulmaz təəssürat yaratmışdı.

Əhməd Rıza ilə ilk görüşə böyük həyəcanla getdiyini xatırlayan Əhməd bəy tərcümeyi-halında yazırdı: «Mənzilin zəngini basarkən əlim titrəyirdi. Qapı açıldı. Qarşıma uzunboylu, bəyaz üzlü, azca ağarmış saqqalı olan bir insan çıxdı. Bu, Əhməd Rıza idi. Kəkələyərək gəlişimin səbəbini anlatdım. Əlimdən tutdu, içəri çəkdi. Kiçik bir otaqda qarşı-qarşıya oturduq. Məndən məmləkətimi, təhsilimi bitirdikdən sonra nə işlə məşğul olacağımı soruşdu…

«Yaxında, lap yaxında Türkiyədə hürriyyət olacaq! O zaman mən İstanbula dönəcəyəm. Məni mütləq axtararsınız», – deyə bildirdi.

Birdən gözlərim ayaqlarına dikildi. Corabları bir-birinə uyğun gəlmirdi. Baxdığımın fərqinə vardı. Gülərək «hürriyyət bu qədər məhrumiyyətlərə dəyməzmi?» – dedi».

Biri rusların əsiri olan Qafqazdakı türk diyarından, digəri isə vaxtilə qüdrətli türk dünyasının sonuncu müstəqil parçası olan Osmanlı dövlətindən Fransa paytaxtına gəlmiş bu iki ruh arxadaşı asanlıqla ümumi dil tapa bildi. Çünki onları yalnız qürbətçilik hissi deyil, həm də ümumi ideallar, sarsılmaz azadlıq eşqi və xalqlarının tərəqqisinə yardımçı olmaq istəyi birləşdirirdi. Bu səbəbdən də azadlıq və bərabərlik ideallarının təntənəsi üçün bu qədər qanların axıdıldığı əsrarəngiz Parisdə əsası qoyulan həmin dostluğa Ağaoğlu və Rıza bütün ömürləri boyunca, sonuncunun 1930-cu ilin fevralında vəfatınadək sadiq qaldılar.

Lakin həyatının Paris dönəminin ən önəmli nəticəsi, heç şübhəsiz ki, Ağaoğlunun mükəmməl təhsil alması və onun akademik dairələrlə yanaşı, fransız ictimaiyyətinin də diqqətini cəlb edən ilk elmi əsərləri idi. Hətta müsəlmanlara və islama elə də rəğbət bəsləməyən, ümumiyyətlə, tərif söyləməkdə çox xəsis olan Renan belə Ağaoğlunun tədqiqatlarını yüksək dəyərləndirərək onun bir alim kimi parlaq gələcəyi olduğunu deyirdi.

Renan Əhməd bəyə təhsilini başa vurduqdan sonra həmişəlik Avropada qalmağı məsləhət görmüşdü: «Sən dünya miqyaslı alim olmaq imkanına malik bir insansan, məmləkətinə qayıtma. Şərq səni udacaq». Ə.Ağaoğlunun sevimli müəlliminin bu təklifinə cavabı isə qısa və qəti olmuşdu: «Şərqin də oxumuş insanlara ehtiyacı var. Sizdən öyrəndiklərimi məmləkətimdəki soydaşlarıma öyrədəcəyəm».

* * *

1894-cü ilin başlanğıcında Əhməd bəy atasının vəfatı xəbərini aldı. Odur ki Şuşaya dönmək qərarına gəldi. Lakin vətənə dönərkən təxminən dörd ay İstanbulda ləngiməli oldu və burada liberal baxışlı ziyalılar, hökumət rəsmiləri, eləcə də Parisdən tanıdığı dostları ilə görüşdü.

Bu, Ağaoğlunun İstanbula ilk səfəri idi. Lakin tezliklə ona bu şəhərdə uzun illər ərzində yaşayıb-yaratmaq və elə burada da həyatla vidalaşmaq qismət olacaqdı.

Bu da çox simvolikdir ki, Əhməd bəyin məzarı iki tam fərqli sivilizasiyanın – Qərblə Şərqin qovuşduğu Bosfor kənarındakı bu gözəl şəhərdə yerləşir. Axı Ağaoğlu bütün həyatını sarsılmaz inad və qətiyyətlə, bədxahlarının tənqid və istehzalarına baxmayaraq bir-birinə daban-dabana zidd olan bu iki mədəniyyətin üstünlüklərini üzvi surətdə özündə birləşdirən türk-islam dünyasının inkişaf konsepsiyasını işləyib-hazırlamağa həsr etmişdi…

Vətənə dönüş

Təxminən altıillik ayrılıqdan sonra, 1894-cü ilin mayında Ə.Ağaoğlu həmin dönəmdə gerilik və ətalət məngənəsində çapalayan türk-islam dünyasını, nəyin bahasına olursa olsun, oyatmaq və dirçəltmək əzmi ilə vətənə dönür. Öncə Tiflisdə yaşamağa qərar verir. Əhməd bəy yerli gimnaziyada fransız dilindən dərs deyir, eyni zamanda «Kavkaz» qəzeti ilə əməkdaşlığını davam etdirir. Xatırladaq ki, həmin dönəmdə Tiflis Azərbaycanın formalaşmaqda olan ziyalı təbəqəsi nümayəndələrinin cəmləşdiyi əsas mərkəzlərdən biri idi. Lakin Əhməd bəy öz durumundan heç də məmnun deyildi. Çünki Tiflis Qafqazın siyasi və mədəni mərkəzi kimi bir sıra üstünlüklərə malik olsa da, Azərbaycanın hüdudlarından kənarda yerləşirdi. Əhməd bəy isə vətəninə Parisdə əldə etdiyi biliklərdən öz soydaşlarının faydası üçün istifadə etmək istəyi ilə dönmüşdü. Bunun üçün isə xalq kütlələrinin içində, onlarla birbaşa təmasda olmaq gərək idi. Görünür, elə bu səbəbdən də o, iki il Tiflisdə yaşadıqdan sonra, 1896-cı ildə doğma Şuşaya qayıtmaq qərarına gəldi.

Əhməd bəy Şuşada yenidən doğma mühitə düşərək yerli realnı məktəbdə müəllimlik etməyə başladı. Həmin illərdə bu məktəbdə təhsil alan Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminli yazırdı ki, təhsil müəssisəsində «direktor və bütün müəllimlər rus idi. Yalnız fransız dilindən Əhməd bəy, alman dilindən isə bir erməni müəllim dərs deyirdi. Müəllimlərin arasında erməninin olması tamamilə təbii idi, çünki onlara icazə verilirdi, türklər isə belə bir hüquqa malik deyildilər. Bu səbəbdən Əhməd bəyin müəllimliyi istisna idi».

Ağaoğlu pedaqoji fəaliyyətlə kifayətlənməyərək şəhərin ictimai və mədəni həyatında fəal iştirak edir. İmkanı daxilində xalq kütlələrinin maariflənməsinə və yerli müsəlman toplumunun tərəqqisinə yardım göstərməyə çalışır. 1896-cı ildə Şuşanın türklər yaşayan hissəsində ilk qiraətxana və kitabxananın əsasını qoyur. Bu fəaliyyətinə və yenilik tərəfdarı olduğuna görə həmyerliləri onu «Firəng Əhməd» deyə çağırırlar.

Aydındır ki, Ağaoğlunun bu fəaliyyəti patriarxal1010
  Patriarxal – vaxtı ötmüş köhnəliyə, ənənəyə sadiqlik, köhnəpərəstlik


[Закрыть]
adət-ənənələrin hələ də hökmranlıq etdiyi Şuşa kimi bir əyalət şəhərində din xadimləri və varlı təbəqənin nümayəndələrini qıcıqlandırmaya bilməzdi. Xüsusilə də ona görə ki Avropada təhsil almış Əhməd bəy dini məsələlərdə həmin islam «bilici» və «mütəxəssis»lərinə dərs vermək fürsətini əldən qaçırmırdı. Üstəlik, Əhməd bəy, sadəcə, savadlı və zəkalı deyildi, həm də istənilən situasiyada özünü müdafiə etmək iqtidarında olan fiziki cəhətdən güclü bir insan idi.

Y.V.Çəmənzəminli yazırdı ki, Əhməd bəy «islam və türk tarixinə hər kəsdən artıq vaqif idi… Məclisdə danışanda hеç bir mоlla cəsarət еdib оnun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və əsəbi bir adam idi, bəylərin qudurğanlıqlarına dözə bilməzdi, оnlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazır saxlayardı». Bu bəylər əqli, mənəvi və fiziki baxımdan özlərindən qat-qat üstün olan Əhməd bəylə açıq və təkbətək qarşıdurmada gücsüz olduqlarını yaxşı anlayır və müxtəlif iyrənc üsullarla ondan intiqam almağa çalışırdılar. Belə ki, bir gün оnu təhqir еtmək məqsədilə klubdan şapkasını və paltоsunu оğurlatmışdılar. Nəticədə Əhməd bəy еvinə başıaçıq dönməyə məcbur оlmuşdu.

Əhməd bəy Qarabağın tanınmış nəsillərindən birinin nümayəndəsi olan Əbdürrəhman Vəzirovun qızı Sitarə xanımı məhz bu dönəmdə Şuşada görüb sevmişdi. Lakin Sitarə xanımın anası olduqca tərs qadın idi. O öz qızını adət-ənənələrə, eləcə də mövcud dini normalara qarşı çıxan «Firəng Əhməd»ə verməkdən qətiyyətlə imtina etdi. Beləcə, bu izdivac yalnız Sitarə xanımın anasının vəfatından sonra, 1902-ci ildə baş tutdu.

Sitarə xanım ömrünün sonunadək Əhməd bəyə sadiq və vəfalı həyat yoldaşı oldu. Baxmayaraq ki onlar tamamilə fərqli xarakterlərə malik idilər. Sərt, əsəbi, şıltaq xasiyyətli Əhməd bəydən fərqli olaraq Sitarə xanım yumşaq və üzüyola təbiətə sahib idi, öz hiss və həyəcanlarını cilovlamağı bacarırdı. Sitarə xanım məhz bu keyfiyyətləri sayəsində ərinin mürəkkəb təbiəti səbəbindən mütəmadi olaraq ortaya çıxan problemləri yoluna qoymağı, ailədə rahatlıq və hüzuru təmin etməyi bacarırdı. Üstəlik, Əhməd bəyin oğlu Səmədin vurğuladığı kimi, «otuz üç illik yoldaşlığında ta gözlərini əbədi olaraq qapamasından yarım saat əvvəlinə qədər ərinin ən qüvvətli mücadilə dayağı oldu». Səməd Ağaoğlu yazırdı ki, «anam hamımız üçün fırtınalı dənizlərdən qaçaraq sığındığımız xoşbəxtlik və dincəlmə limanıydı».

Ağaoğlu Bakıya köçür

Təbii ki, kiçik əyalət şəhəri olan Şuşa Ə.Ağaoğlunun böyük gözləntilərini tam təmin etmək iqtidarında deyildi. Şuşanı nə qədər sevsə də, doğma şəhərinə nə qədər bağlı olsa da, Əhməd bəy Ağaoğlu məhəlli miqyaslarla məhdudlaşmaq niyyətində deyildi. O öz ideya və arzularını gerçəkləşdirmək üçün daha geniş meydan və daha təsirli vasitələr axtarışında idi. XIX əsrin II yarısındakı «neft bumu» nəticəsində sürətli inkişaf dövrünü yaşayan, tədricən Azərbaycan türklərinin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Bakı şəhəri Ə.Ağaoğlu üçün məhz belə bir meydan oldu.

Avropanın azadlıq və demokratiya dəyərlərini mənimsəmiş Azərbaycan aydınları yaxşı anlayırdılar ki, həmin dönəmdə milli oyanışı təmin etməyin və cəmiyyətdə yenilənmə proseslərinə təkan verməyin ən təsirli vasitələrindən biri dövri mətbuatdır. Lakin problem onda idi ki, 1891-ci ilin oktyabrında «Kəşkül» qəzetinin qapadılmasından sonra Azərbaycan dilində dövri nəşrlərin yaradılması hakimiyyət orqanları tərəfindən qeyri-rəsmi şəkildə yasaqlanmışdı. Bu səbəbdən XIX əsrin sonlarında gürcü və erməni dillərində Rusiyada 19 qəzet nəşr olunduğu halda, Azərbaycan türklərinin ana dilində bircə qəzeti belə yox idi. Bu, çarizmin Azərbaycan türklərinə olan «xüsusi münasibət»inin göstəricisi idi. Bu baxımdan Məhəmməd ağa Şahtaxtinskinin (1846–1931) Azərbaycan dilində qəzet buraxmaq üçün hakimiyyət orqanlarına etdiyi müraciətə Rusiya imperiyasının Mətbuat üzrə Baş İdarəsinin rəisi Solovyovun cavabı çox səciyyəvidir: «Azərbaycan dilində qəzet sizin xalqın nəyinə lazımdır? Sizin ziyalılar rus dilində oxumalıdırlar, sadə azərbaycanlılar isə qoy gedib qoyunlarını otarsınlar».

Doğrudur, ХIХ əsrin sonu – ХХ əsrin başlanğıcında bu sahədə yaranan boşluğu Bakıda rus dilində çıxan «Кас

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации