Текст книги "Şah Abbas"
Автор книги: Cahid Aydoğmuşoğlu
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
III FƏSİL
Şah I Abbasın ilk hakimiyyət illəri
Qızılbaş əmirləri ilə mübarizə
Qızılbaş əşirətləri2828
Əşirət – bir əsildən törəyib birlikdə yaşayan və köçəri, bədəvi həyat sürən ailələr toplusu; qəbilə, oymaq (red.)
[Закрыть] Səfəvi dövlətinin qurulmasında əhəmiyyətli rol oynayıblar. Şah I İsmayıl məhz bu əşirətlərə arxalanaraq dövlət yaratmışdı. Ona dəstək olan və Səfəvi dövlətinin qurulmasını qaçılmaz zərurətə çevirən başlıca türk boyları ustaclı, şamlı, rumlu, təkəli, avşar, qacar, dulqədir və varsaq boyları idi. Adları çəkilən boylar içində xüsusilə ustaclılar və şamlılar hələ Səfəvi təriqəti zamanında Şeyx Cüneyd və Şeyx Heydərin Anadoludakı müridlərinin mühüm hissəsini təşkil edirdilər.
Bununla belə, qızılbaş oymaqlarının ölkənin ictimai-siyasi həyatına təsir imkanları hakimiyyətə gələn şahlara görə dəyişirdi. Məsələn, Şah I İsmayıl zamanında ən yüksək məqamları şamlı, ustaclı, təkəli, rumlu və dulqədir oymaqları tuturdular. Əfşarlar isə yalnız Şah I Təhmasib zamanında aparıcı mövqelərə sahib ola bilmişdilər. Sonra isə təkəli və türkmən boyları dövlət strukturlarında və orduda həlledici rol oynamağa başladılar.
Ustaclı və şamlı oymaqları Şah I Abbas hakimiyyətinin ilk dövrlərində saray və orduda əhəmiyyətli yerə sahib idilər. Ancaq bu, gənc hökmdarın apardığı islahatlara qədər belə davam etdi. I Abbas Heratda, şamlılar arasında böyümüşdü. Bu səbəbdən də şamlı tayfaları toxunulmazlıq statusu qazanmışdılar. Hətta dövlətin öz gücünü və qüdrətini göstərməsi əksər hallarda məhz uctaclılarla şamlılar sayəsində mümkün olurdu. Çünki bu oymaqların həm əhalisi çox idi, həm də başçıları təcrübəli idi. Söylədiklərimizin daha aydın başa düşülməsi üçün bir faktı xatırladaq: Heratda Abbas Mirzənin adından valilik edən lələsi Əliqulu xan şamlı oymağından; Abbas Mirzəni Qəzvində taxta çıxaran Mürşidqulu xan isə ustaclı oymağından idi.
Yaxşı, bəs Şah I Abbas tərəfindən zərərsizləşdirilən yeddi qızılbaş əmiri hansı boylardan idi? Bu suala cavab tapmamışdan öncə vacib bir məqamın üzərində dayanmaq yerinə düşərdi. I Abbasın hakimiyyətə gəldiyi ilk dövrlərdə yüksək vəzifələr tamamilə qızılbaş rəislərinin əlində idi. Onlar dövlətin qurulmasında xüsusi əməyi olan türk oymaqlarının başbilənləri idi. Nəzarətlərində özlərinə aid ayrıca döyüşçü dəstələri var idi. Odur ki şahın qərarlarına təsir edə bilirdilər. Bununla yanaşı, qızılbaş oymaqları arasında, əsasən də təkəli, türkmən, ustaclı və şamlılar arasında qızğın rəqabət gedirdi. Qanlı savaşlara və qardaş qırğınına səbəb olan bu rəqabət, eyni zamanda Səfəvi dövlətinin nüfuzuna da xələl gətirirdi. Şərqdə özbəklər, qərbdə osmanlılar kimi güclü rəqiblərlə mübarizə aparan Şah I Abbas üçün isə həm mərkəzi hakimiyyəti gücləndirmək, həm də daxildə asayişi bərpa etmək son dərəcə vacib idi. Ona görə də həm özünün, həm də dövlətin nüfuzuna zərbə vura biləcək qədər güclənən qızılbaş əmirlərinin ən xırda nöqsanını belə bağışlamır, həmin əmirləri aradan götürürdü.
I Abbas istər Heratda vali olarkən, istərsə də atasının və əmisinin hakimiyyəti illərində qızılbaş əmirlərinin Səfəvi dövləti üçün təhlükəyə çevrildiyini anlamışdı. Dövlət onlar üçün nüfuz dairələrini genişləndirmək və qazanc əldə edə bilmək üçün fürsət idi. Məhz bunun nəticəsi idi ki, Səfəvi xanədanı həm ölkə daxilində, həm ölkə xaricində gücünü, nüfuzunu itirmiş, əvvəl də vurğuladığımız kimi, dağılmaq həddinə çatmışdı. Bu səbəbdən də I Şah Abbasın hakimiyyətə gəldikdən dərhal sonra asayişi gücləndirmək istəməsi tamamilə başadüşüləndir. Xüsusilə 1590-cı ildə Osmanlı dövləti ilə bağlanan sülh müqaviləsi gənc hökmdara həmin niyyətini həyata keçirmək üçün yaxşı fürsət yaratdı. Bütün diqqətini ölkə daxilinə yönəltmək imkanı qazanan şah ağıllı və müdrik qərarları sayəsində Səfəvi dövlətini həm fitnə-fəsaddan xilas etdi, həm də əmin-amanlığın, firavanlığın əsasını qoydu. Yeddi qızılbaş sərdarının aradan götürülməsini də həmin addımlardan biri kimi qiymətləndirmək mümkündür. Bir çox qızılbaş əmiri isə vəzifələrindən uzaqlaşdırıldı. Nəticədə dövlətin idarə olunmasında türkmənlərin rolu azaldıldı. Eyni zamanda türkmən əşirətlərinin öz aralarında baş verən çəkişmələri sona çatdı. Təsadüfi deyil ki, həmin dövrün Osmanlı salnaməçilərindən biri yazmışdı: «Məhəmməd Xudabəndənin fərsizliyindən istifadə edən qızılbaş əmirləri dövlət idarəçiliyini tamamilə ələ keçirib hakimiyyəti öz aralarında bölüşmək məqsədi güdürdü. Lakin Abbas şah olduqdan sonra həmin əmirlərin çoxunu qırıb ölkənin təkbaşına hakimi oldu. İşi belə görən digər əmirlər dövlət işlərinə müdaxilə etmək niyyətindən əl çəkdilər».
Şübhəsiz ki, qızılbaş əmirləri içində ən böyük nüfuza sahib Şah I Abbası Səfəvi taxtına çıxaran, bu məqsədlə Xudabəndə və ətrafı ilə mübarizədə ona kömək edən Mürşidqulu xan idi. Bir sözlə, I Abbas hökmdarlığını xaraktercə hədsiz dərəcədə acgöz, lakin bir o qədər də ağıllı olan Mürşidqulu xana borclu idi. Xan, həqiqətən də, böyük zəhmət və fədakarlıq hesabına Abbas Mirzənin hakimiyyətə gəlməsini təmin eləmişdi. Lakin bununla onun özü dövlət idarəçiliyində müstəsna səlahiyyət sahibinə çevrilmişdi. Həmzə Mirzənin qətlində əli olan qızılbaş əmirlərinin edam olunmasından sonra Mürşidqulu xanın səlahiyyətləri daha da genişləndi. O, şahdan icazə almadan fərmanlar imzalayır, əmrlər verirdi. Bu fərmanları, əmrləri boynundan asdığı dövlət möhürü ilə təsdiqləyən Mürşidqulu xan hətta xəzinənin açarlarını da özü ilə gəzdirirdi. Baş vəzir bununla kifayətlənməyib əsas vəzifələrə öz qohum-əqrəbalarını və yaxın adamlarını gətirirdi. İş o yerə çatmışdı ki, hətta İsfahandakı şahlıq mülklərini də öz əlinə keçirmişdi.
Mürşidqulu xan Şah I Abbasın tay-tuşları ilə ova çıxmasına, oturub-durmasına belə imkan vermirdi. Çünki hökmdarın başqalarının təsiri altına düşəcəyindən qorxurdu.
Bütün bunlar, təbii ki, 18 yaşlı hökmdarı ciddi narahat edirdi. I Abbas anlayırdı ki, baş vəziri aradan götürmədən dövləti müstəqil şəkildə, öz iradəsinə uyğun idarə eləyə bilməyəcək. Odur ki Mürşidqulu xandan xilas olmaq üçün əlverişli zamanın yetişməsini gözləməyə başladı. Mürşidqulu xan isə bundan xəbərsiz halda səltənət sahibi kimi davranmağa davam edirdi. Nəticədə ilk olaraq ordudakı qızılbaş əmirləri arasında baş vəzirdən narazılıqlar meydana çıxdı. Həmin əmirlər şahın da Mürşidqulu xana yaxşı münasibət bəsləmədiyindən xəbərdar idilər. Onların narazılığı o həddə çatdı ki, Abbasın taxta çıxdığı birinci ildə Qəzvində aralığı qarışdırdılar. Şah sarayını mühasirəyə aldılar. İşi belə görən I Abbas şahsevənlərə2929
Şahsevənlər – Azərbaycan və İranda yaşayan oğuz əsilli türk boyu
[Закрыть] səslənərək onlardan kömək istədi. Şahsevənlər bu çağırışa cavab olaraq saraya axın etdilər və gənc hökmdarın ətrafında cəmləşdilər. Şahın yanından ayrılmayaraq sarayda keşik çəkməyə başladılar. Beləliklə, qiyam uğursuzluqla nəticələndi. I Abbas ordudakı üsyançı qızılbaş rəislərini edam etdirdi. Qaçıb qurtula bilənlər isə ya Gilan hökmdarı Xan Əhmədin, ya da Osmanlı dövlətinin himayəsinə sığındılar. Qətlə yetirilənlər arasında 10-12 nəfər olduqca bacarıqlı, təcrübəli qızılbaş əmiri də var idi.
Şah I Abbas bununla da kifayətlənməyib qızılbaş əmirlərini qiyama təhrik edən saray əyanlarından tacik əsilli Mirzə Abdulla ilə Mirzə Nizamülmülkə ağır pul cəzası kəsdi.
Təcrübəli qızılbaş əmirlərinin qətlindən sonra onların yerinə çoxu şahın uşaqlıq dostu olan, gənc və etibarlı qızılbaş bəyləri sərdar3030
Sərdar – burada: qoşun başçısı
[Закрыть] təyin edildi. Bu, qızılbaş əşirətləri üzərində şahın nüfuzunun və təsir gücünün artmasına səbəb oldu. Baş verənlər eyni zamanda hökmdarın Mürşidqulu xandan üzülüşməsini təxirə saldı.
Hadisələrin sonrakı gedişi isə şahla baş vəzir arasında münasibətləri kəskinləşdirdi. Belə ki, Mürşidqulu xan bir tərəfdən 18 yaşlı hökmdarla uşaq kimi rəftar eləməyə davam edir, onu tam nəzarətdə saxlayırdı, digər tərəfdən isə öz bildiyi kimi davranaraq dövləti çətin vəziyyətdə qoyurdu. Belə ki, onun Osmanlı imperiyası ilə sülh anlaşmasını gecikdirməsi ucbatından Səfəvi torpaqlarının bir hissəsi əldən çıxdı. Bu da azmış kimi, özbəklərin hücumu zamanı Herata yardım göndərməyi gecikdirdi, nəticədə şahın çox sevdiyi, böyük hörmət bəslədiyi şəhər valisinin – Əliqulu xanın ölümünə səbəb oldu. Hətta Səfəvi xanədanından Həmzə Mirzənin qızı ilə evlənmək fikrinə düşdü. Bu, Şah I Abbası hiddətləndirdi. Gənc hökmdar Heratı özbəklərdən geri almaq üçün çıxdığı hərbi səfər zamanı münasib vaxtın yetişdiyini hiss etdi. Dörd nəfər gənc qızılbaş döyüşçüsünə naibüs-səltənəti öldürməyi əmr elədi. Mürşidqulu xandan zəndeyi-zəhləsi gedən əmirlər şahın buyruğunu can-başla yerinə yetirdilər. Beləliklə, 1588-ci il avqustun 3-də, cümə axşamı gecəsi baş vəzir öldürüldü. Şah I Abbasın başqa bir əmri ilə xanın bütün mal-mülkü Məşhəd hakimi təyin edilən Ümmət bəyə bağışlandı. Mürşidqulu xanın qətlində iştirak edən Ümmət bəyə həmçinin «xan» titulu verildi. Qətlin digər icraçılarından Həsən «xan» ünvanı almaqla bərabər qaravulu-hassi (şahın ox və yayını gəzdirən), Məhəmməd bəy Saruqçi İsfahan hakimi, Allahverdi bəy isə əmir təyin olundu. Beləliklə, Mürşidqulu xanın yorucu himayəsindən qurtulan gənc şah bütün hakimiyyəti öz əlinə aldı və Səfəvi dövlətini müstəqil şəkildə idarə etməyə başladı. Eyni zamanda ustaclıların Səfəvi tarixində oynadığı əhəmiyyətli rol zəifləmiş oldu.
Bəzi tarixi qaynaqların yazdığına görə, əslində, şahın ustaclılardan xoşu gəlmirdi, hətta onlara nifrətlə yanaşırdı. Yəqin, elə buna görə Şah I Abbasın ömrünün sonlarında vur-tut üç əyalətin rəhbəri ustaclı əmiri idi. Onun zamanında sarsıdıcı zərbə alan və dövlət idarəetməsində rolunu itirən başqa bir boy isə təkəlilər oldu. Belə ki, 1596–1597-ci illərdə təkəlilərin çoxu Həmədan bəylərbəyi Kürd Çəkəni Həsənəli bəy tərəfindən öldürüldü.
Beləliklə, Şah I İsmayılın zamanında Səfəvi hökmdarına sidq ürəkdən bağlı olan qızılbaş tayfalarını Şah I Abbasa bağlayan qorxu hissi idi.
Ustaclı və türkmənlərə qarşı həyata keçirilən sərt tədbirlərin əksinə, gənc hökmdar şamlı boyundan çıxan bəylərə etibar edirdi, bu səbəbdən də aparıcı əyalətlərin idarəçiliyini onlara tapşırmışdı.
Onu da deyək ki, I Abbas taxta çıxandan qısa müddət sonra Kirman, Şiraz, Yəzd, İsfahan və Həmədan hakimləri də üsyan qaldırmışdılar. Həmin üsyanlar özbək hücumlarının artdığı, qızılbaş əmirlərinin isə aranı qızışdırmağa çalışdığı vaxta təsadüf eləyirdi. Gənc hökmdar bu qiyamları yatırmaq üçün ya şəxsən özü gedir, ya da aparıcı sərkərdələrindən Qaramanlı Fərhad xanı göndərirdi. Müxalif qüvvələrlə mübarizə bəzi hallarda uğursuzluğa düçar olsa da, sonda I Abbas istəyinə çatdı. Ölkədə asayiş tamamilə bərqərar edildi.
Bir sözlə, Səfəvi dövlətinin gənc şahı hakimiyyətinin ilk illərində bir yandan özbək hücumlarının qarşısını almaqla, o biri tərəfdən isə müxalif qızılbaş əmirlərini zərərsizləşdirməklə keçdi. O, istər daxili, istərsə də xarici qüvvələrlə mübarizədə ciddi uğur qazandı.
Gilan məsələsi
Gilan əyaləti Xəzər dənizinin cənubunda, Elbrus dağlarının şimalında yerləşirdi. Mərkəzi şəhəri isə Rəşt idi. Bu əyalətin hakimi Xan Əhməd idi. O, Şah Abbasın zamanında Osmanlı dövlətinin himayəsinə sığınmışdı.
Bu barədə danışmamışdan öncə qeyd edək ki, Gilan əyaləti hələ xeyli əvvəldən iki hissəyə ayrılmışdı. Bunlardan biri mərkəzi şəhəri vaxtilə Şah I İsmayılın gizləndiyi Lahican olan Biyə Piş, digəri isə mərkəzi şəhəri Rey olan Biyə Pes idi. Biyə Piş Gilanın şərqini, Biyə Pes isə qərbini əhatə edirdi.
1537-ci ildə Biyə Pişin idarəçiliyi o zaman cəmi bir yaşı olan Xan Əhmədə keçmişdi. Şah I Təhmasibin hakimiyyəti dövründə Biyə Pesin hakimi Müzəffər sultan Təbrizdə öldürüldü. Bundan sonra Gilanın qərbi də Xan Əhmədə tapşırıldı. Beləcə, çox kiçik yaşlarında Xan Əhməd bütövlükdə Gilanın hakimi oldu.
Lakin sonradan Səfəvi sarayı ilə problem yaşayan Xan Əhməd zindana atıldı. 1568-ci ildən etibarən o, 10 il boyunca Qəhqəhə və İstəxr qalalarında saxlanıldı. Bu isə onunla Səfəvi dövləti arasında düşmənçilik yaratdı. Xan Əhməd şaha qarşı özbəklərlə gizli müttəfiqliyə can atmağa başladı.
Şah Məhəmməd Xudabəndənin tacqoyma mərasimi zamanı Xan Əhməd zindandan azad edildi. Bunda şahın xatunu həlledici rol oynadı. O, qohumu olan Xan Əhmədə zamin durmuşdu. Azadlığa çıxdıqdan sonra, 1578-ci ildə Xan Əhməd yenidən Gilan hakimi oldu. Hətta Xudabəndə bacısı Məryəm sultanı ona ərə verdi. Beləcə, Xan Əhməd həm Səfəvi xanədanının kürəkəni, həm də təkrarən Gilanın hakimi oldu.
Gilan strateji cəhətdən olduqca əhəmiyyətli bölgədə yerləşirdi. Osmanlı ticarət karvanlarının keçib getdiyi bir bölgə, eyni zamanda ipəkçilik mərkəzi sayılırdı. Əhalisinin xeyli hissəsi sünni olduğundan osmanlıların Gilanla yaxşı münasibəti var idi. Üstəlik, Osmanlı – Səfəvi müharibələri zamanı gilanlılar məhz məzhəb təəssübkeşliyindən çıxış edərək osmanlıların tərəfini tuturdular. İş o yerə çatmışdı ki, Gilan hakimliyində möhkəmləndikdən sonra Xan Əhməd həddini aşaraq I Abbasa məktub yollamış və Osmanlı ilə sülh anlaşması əldə etmək üçün ona məsləhətlər vermişdi. Şah bundan qeyzləndi və Gilan hakiminin məktubunu cavabsız buraxdı. 1590-cı ildə Osmanlı ilə İran arasında sülh müqaviləsi imzalandı. Beləcə, Xan Əhməd ortalıqda qaldı. O, faktiki olaraq Osmanlı sarayının dəstəyindən məhrum qalmışdı. Bununla belə, Gilan hakimi yumşalmaq bilmir, şahın müxaliflərinə sığınacaq verir, saraydan həmin müxaliflərin mərkəzi hakimiyyətə təslim edilməsi barədə gələn tələbləri isə rədd edirdi. Bir sözlə, Xan Əhməd I Abbasa açıq-aşkar meydan oxumaqda idi.
Gilan hakiminin hələ 1589-cu ildə vəzirlikdən azad etdiyi Xoca Məsih Qəzvinə gəldi və Gilanı ələ keçirmək üçün şahı dilə tutmağa başladı. Əslində, I Abbasın da fikri bu idi. O, qiyamçı qızılbaş əmirlərinin iradəsini qırdıqdan sonra indi də müəyyən əyalətlərdə müstəqil hərəkət etməyə çalışan hakimləri yerində oturtmaq barədə düşünürdü. Bu, ona məmləkətdə yeganə nüfuz sahibinin məhz özü olduğunu göstərmək üçün vacib idi. Hadisələrin belə istiqamətdə cərəyan edəcəyini lap əvvəldən təxmin edən Xan Əhməd əl-ayağa düşdü. Osmanlı ilə bağladığı sülh müqaviləsindən sonra I Abbasın Gilan üzərinə yeriyəcəyini yaxşı bildiyi üçün İstanbula elçi göndərdi.
Xan Əhməd həmin elçi vasitəsilə Osmanlı padşahına göndərdiyi məktubunda yazırdı: «Əgər siz Xəzər dənizindən gəmilərlə Gilana gəlsəniz, buranı çox asanlıqla ələ keçirə bilərsiniz. Mən Lahicanı sizə verməyə hazıram. Lahicandan Qəzvinə isə az bir yol qalır. Bu minvalla nəinki İraqı, hətta, bəlkə də, bütün Səfəvini fəth edə bilərsiniz».
Şah I Abbas İstanbula göndərilən elçi barədə xəbər tutanda çox qəzəbləndi. Xan Əhmədin belə bir addım atmasının səbəbini və məqsədini öyrənmək üçün onun yanına adam yolladı. Gilan hakimi isə elçini Həcc icazəsi almaq üçün göndərdiyini, başqa heç bir niyyətinin olmadığını söylədi. Şah onun sözlərinə inanmadı. İstanbuldakı casusları vasitəsilə elçinin nə məqsədlə göndərildiyini öyrəndi. Osmanlı dövlətinin Gilanı tutacağı təqdirdə bunun Qəzvin üçün böyük bir təhdidə çevriləcəyini bilən və qorxuya düşən I Abbas diplomatiya yolu seçdi, Osmanlı sarayı ilə yazışmalara başladı. Həmin əsnada Xan Əhməd İstanbula ikinci elçini yolladı. O, Gilanı Osmanlı dövlətinə bağlamaq niyyətində qəti idi. Bunda məqsədi isə, şübhəsiz ki, ilk növbədə öz iqtidarını qoruyub-saxlamaq idi.
1591-ci ilin sentyabrında Xan Əhmədin ikinci elçisi İstanbula yetişdi. Elçi Gilan hakiminin öz əli ilə yazdığı məktubu Osmanlı sarayına çatdırdı. Həmin məktubda Xan Əhməd hakimi olduğu əyalətin torpaqlarının yarısını Osmanlı sultanına hədiyyə etdiyini bildirir, bunun əvəzində isə digər torpaqların özünə və övladlarına qalması üçün zəmanət istəyirdi. Lakin osmanlılar bu təklifə isti yanaşmadılar. Onlar sülh anlaşmasını pozmaq və Səfəvi dövləti ilə yeni ixtilaf yaşamaq fikrindən uzaq idilər. Odur ki Xan Əhmədin elçisini Divana3131
Divan – burada: Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və b. vəkillərdən ibarət dövlət şurası (red.)
[Закрыть] qəbul etmədən geri, Gilana göndərdilər.
Tezliklə Səfəvi şah ilə Xan Əhməd arasında münasibətlər daha da gərginləşdi. Buna isə baş verən bir hadisə səbəb oldu. Şah I Abbas oğlu Səfi Mirzəni Gilan hakiminin kiçik qızı ilə nişanlamaq, bununla da Xan Əhmədi cilovlamaq fikrinə düşdü. Əvvəl buna razı olmayan Xan Əhməd Osmanlı sarayından müsbət cavab ala bilməyincə qızını Qəzvinə göndərmək məcburiyyətində qaldı. Gilan hakiminin şahla qohumluğa könülsüz razılaşması I Abbasın qüruruna toxundu. Bunun ardınca isə bəzi müxalif əmirlər şahın təqibindən qaçaraq Xan Əhmədin yanına getdilər və onun himayəsinə sığındılar. Onlar Şah Məhəmməd Xudabəndəyə yaxınlığı ilə tanınırdılar. I Abbas məsələdən hali olunca Xan Əhməddən həmin əmirləri, eləcə də bəzi müxalif qızılbaş rəislərini Qəzvinə qaytarmağı tələb etdi. Buna cavab olaraq isə Gilan hakimi Səfəvi hökmdarından asi əmirlərin bağışlanmasını xahiş edə-rək onları Qəzvinə göndərdi. Lakin əmirlər Qəzvinə daxil olmadan qətlə yetirildi, cəsədləri isə təhqir edildi. Xan Əhməd bundan çox məyus oldu, eyni zamanda şaha nifrəti daha da artdı. Əli Osmanlı sultanından üzüldüyü üçün bu dəfə Rus çarına elçi yollayaraq I Abbasa qarşı ondan kömək istədi. Bütün bu baş verənlər isə sonda, təbii ki, qanlı qarşıdurmaya gətirib çıxardı.
Beləliklə, I Abbas İstanbula elçi göndərərək Gilanın Səfəvi mülkü olduğunu və Xan Əhmədin bu əyaləti idarə eləməyə haqqı çatmadığını bəyan elədi. 1592-ci ilin yazında isə Xan Əhmədə həddini bildirmək və Gilanı tamamilə hakimiyyəti altına almaq üçün hərəkətə keçdi. Bu məqsədlə şah özünün təcrübəli sərkərdələrindən olan, eyni zamanda vəkili-səltənət (şahın vəkili) vəzifəsini tutan Qaramanlı Fərhad xan və qardaşı Zülfüqar xanın başçılığı altında Gilana ordu göndərdi. Xan Əhməd baş sərkərdəsinin xəyanəti nəticəsində ordusunun dağıldığını öyrənincə gəmi ilə Osmanlı hakimiyyəti altında olan Şirvana qaçdı. Beləliklə, I Abbas Gilanı mərkəzi hakimiyyətə tabe etdi. O, xanın əsir alınan şahzadələrini bağışladı, əyalətin idarəçiliyini isə Mehdi xan Şamlıya tapşırdı.
Gilanda işləri yoluna qoyan Səfəvi ordusu özbəkləri geri oturtmaq üçün Xorasana doğru hərəkətə keçdi. Lakin bir müddətdən sonra xəbər çıxdı ki, Gilanda Şah Mələk adlı bir nəfər üsyan qaldırıb. I Abbas üsyanı yatırmaq üçün orduya geri dönmək əmri yolladı. Qısa vaxtda Şah Mələk öldürüldü, üsyan isə yatırıldı.
Gilanın ardınca dağlıq bir ərazi olan Deyləm3232
Deyləm – Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı (red.)
[Закрыть] bölgəsi də Səfəvi dövlətinə birləşdirildi.
Bu zaman Xan Əhməd osmanlıların Şirvan naibi3333
Naib – burada: yerli inzibati idarə rəisi (red.)
[Закрыть] Həsən paşaya sığınmışdı. Həsən paşa isə öz növbəsində İstanbula məktub yazaraq bundan sonra necə hərəkət etməli olduğunu soruşmuşdu. Ona göndərilən cavabda Xan Əhmədə Şirvanda məskunluq verilməsi, xərclərinin də bölgə xəzinəsindən ödənilməsi əmr edilmişdi. Bundan sonra Osmanlı ilə Səfəvi dövləti arasında Xan Əhmədin aqibəti ilə bağlı yazışmalar başladı. Öncə I Abbas eşikağası Seydi bəy vasitəsilə İstanbula, Osmanlı sarayına bir məktub yolladı. O həmin məktubda Gilanın lap əvvəldən Səfəvi torpağı olduğunu xatırladaraq Xan Əhmədin itaətsizlik göstərməsindən, xalqa zülm etməsindən və bu səbəblə də onun üstünə qoşun çəkmək məcburiyyətində qalmasından yazırdı. Arxasınca isə əlavə edirdi ki, belə bir vəziyyətdə Xan Əhmədin aradan çıxıb Osmanlıya sığınması iki ölkə arasındakı sülh şərtlərinə ziddir və dostluq münasibətlərini korlaya bilər. Ovaxtkı Osmanlı sultanı III Murad 1592-ci ilin iyulunda şaha cavab məktubu yazaraq Xan Əhmədi əfv etməsini və onu Gilan hakimliyinə geri qaytarmasını məsləhət gördü. Bundan sonra I Abbas sultana ikinci məktub yolladı. Xan Əhmədin geri dönməsinə etiraz etmədiyini, ancaq onun yenidən Gilan hakimi olmasının qeyri-mümkünlüyünü vurğuladı. Səbəb olaraq isə xalqın Xan Əhməddən cana doymasını göstərdi. Bununla belə, həmin məktubda şah Gilanın keçmiş hakiminin üzünə bütün qapıları bağlamamışdı. O yazırdı ki, Xan Əhməd geri qayıdacağı təqdirdə, Gilandan başqa istənilən vilayəti idarə edə bilər.
Şirvanda uzun müddət qalmaq istəməyən Xan Əhməd İstanbula getməsi üçün icazə verilməyini gözləyirdi. Nəhayət, belə bir icazə aldıqdan sonra İstanbula yollanan Gilanın keçmiş hakiminin niyyəti xanlığını geri almaq üçün sultandan kömək istəmək idi. 1592-ci ilin sonlarında İstanbula çatan Xan Əhməd Osmanlı padşahı III Murada sığındı. 1593-cü il yanvarın 13-də Divana qəbul edildi və vəziri-əzəm Sinan paşanın3434
Sinan paşa (1520 – 1596) – Osmanlı padşahlarından III Murad və III Mehmedin hakimiyyətləri dövründə ayrı-ayrı vaxtlarda cəmi 5 dəfə olmaqla ümusmilikdə 8 il 5 ay sədrəzəmlik etmiş məşhur dövlət xadimi. «Qoca Sinan paşa» kimi də tanınır (red.).
[Закрыть] hüzuruna çıxdı. Sədr-əzəm ona təsəlli verməklə kifayətləndi, dəstək barədə heç nə demədi. Belədə əli hər şeydən üzülən Xan Əhməd çox məyus oldu və Məşhəd ziyarətinə getmək üçün icazə istədi.
Gilanın keçmiş hakiminin indi də Osmanlı sarayına sığındığını öyrənən I Abbas dərhal növbəti məktubu yazdı. Lakin həmin məktub Sultan III Murada yox, onun müəllimi, eyni zamanda Osmanlı şeyxülislamı3535
Şeyxülislam – İslam dininin yayıldığı ölkələrdə XI əsrdən başlayaraq görkəmli ilahiyyatçıların (üləmaların), sonralar isə ali ruhani xadimlərin fəxri titulu. Osmanlı dövlətində şeyxülislamlar XVI əsrin ortalarından 1924-cü ilədək sultan tərəfindən təyin edilib və müsəlman ruhanilərin fitva vermək hüququna malik başçısı funksiyasını yerinə yetirib (red.).
[Закрыть] Sadəddin Əfəndiyə (1536/1537 – 1599) ünvanlanmışdı. Səfəvi şahı ona Xan Əhmədin xalqına və dövlətinə xəyanət etdiyini bildirdi, belə bir adamın Osmanlı sarayında qəbul edilməsindən məyusluğunu dilə gətirdi. Eyni zamanda bunun Osmanlı və Səfəvi dövlətləri arasında sülh müqaviləsinə zidd olduğunu təkrarladı. Xan Əhmədin geri qaytarılmasının iki ölkə arasındakı əlaqələr baxımından faydalı olacağını vurğuladı, əks halda, bunun dostluq münasibətlərinə zərər verəcəyini qeyd etdi.
«Bir caninin Osmanlı padşahının himayəsində olması caiz3636
Caiz – hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən
[Закрыть] deyildir… Əgər iki ölkənin dostluq münasibətlərini qorumaq istəyirsinizsə, Xan Əhmədin ölkənizdə yaşamasına izin verməyin» – I Abbas sultanın müəlliminə məktubunu bu sözlərlə tamamlamışdı.
Sadəddin Əfəndinin şaha cavabı isə belə oldu: «Bizim sarayımıza bir müsafir sığınarsa və bu adam müsəlman olarsa, şəriətimizə görə onu qəbul etməliyik. Məktubunuzda bizi sülh anlaşmasını pozmaqda ittiham edirsiniz. Biz müqavilənin şərtlərini heç bir zaman pozmamışıq. Biz belə hesab edirik ki, qonaq Allah qonağıdır. Qonağı evdən qovmaq dinimizə yaddır. Xan Əhməd seyiddir, şairdir, ən önəmlisi isə Tanrının bir quludur. Əgər bir yanlışlığı olubsa, bu artıq keçmişdə qalmışdır. Hazırda o öz ölkəsinə bağlı bir adam kimi sizdən əfv istəyir. Onun məqsədi siz onu bağışlayanadək hökumətimizin kölgəsində yaşamaqdır. Mən sizi şah olmaqla yanaşı, şair və dərviş ruhlu bir adam kimi tanıyıram. Odur ki onu əfv edəcəyinizə inanıram. İstənilən halda Xan Əhmədin geri qayıtması onun öz istəyinə bağlıdır».
Beləliklə, I Abbasla Sadəddin Əfəndi arasındakı yazışmalardan bir nəticə hasil olmadı. Bundan bir qədər sonra, 1593-cü ilin aprelində Osmanlı dövlətinin icazəsi ilə Xan Əhməd Kərbəla ziyarətinə yollandı. Bir müddət İraqda qalan Xan Əhməd şiələrin müqəddəs məkanı sayılan Nəcəf və Kərbəlanı ziyarət etdi. Həmin vaxt Osmanlı dövləti Səfəvi şahından zəmanət aldı ki, Xan Əhməd geri qayıdarsa, ona toxunulmayacaq. Gilanın keçmiş hakimi isə fərqli plan qurmuşdu: o, indi də özbəklərlə işbirliyi yaratmaq üçün gizli fəaliyyətə keçdi. Bu məqsədini həyata keçirməkdəb ötrü onlarla rahat əlaqə yarada biləcəyi yer axtarışına başladı. Belə münasib yer isə ailəsini qoyub gəldiyi Şirvan ola bilərdi. Odur ki Xan Əhməd Kərbəladan Şirvana yola düşdü. Lakin Gəncəyə çatanda hadisələrin axarı dəyişdi: Gilanın keçmiş hakiminin özbəklərlə bağlı niyyətindən xəbər tutan bəylərbəyi Mahmud paşa onu zindana saldırdı. Osmanlı dövlətini bu addımı atmağa vadar edən Səfəvi dövləti ilə bağlanan sülh anlaşmasının pozula biləcəyinə dair narahatlıq idi. Əslində, bu təhlükəni biryolluq aradan qaldırmaq üçün Xan Əhmədi öldürmək də olardı. Lakin onun seyid olması belə bir qərarın verilməsini əngəllədi. Xan Əhmədin öncə Tokatda, sonra isə İstanbulda yaşamasına icazə verildi. Gilanın keçmiş hakimini Osmanlı paytaxtına gətirməkdə əsas məqsəd onu ciddi nəzarət altında saxlamaq, nə vaxtsa ehtiyac duyulacağı təqdirdə Səfəvi dövlətinə qarşı istifadə etmək idi.
Ancaq yaşadığı təbəddülatlar Xan Əhmədin daha çox yaşamasına imkan vermədi. O, 1597-ci ildə, 63 yaşında İstanbulda vəfat etdi.
Xan Əhmədin ölümü ilə iki dövləti – Osmanlı və Səfəvini uzun müddətdir məşğul edən Gilan məsələsi də təbii şəkildə həllini tapmış oldu.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?