Текст книги "Bəla"
Автор книги: Cəfərzadə Əzizə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Xeyrənisa Bəyim tamam bədəninin bütün hüceyrə-ləriylə duyduğu hislərdən coşub-daşır, zövq alır, zövq ve-rir, şahı bəxtiyar, özünü ikiqat xoşbəxt edirdi. Susuz ahu su içən kimi içirdi bu şərbəti. Sarmaşıq kimi sarılmışdı Xudabəndəyə.
“Bu zərif qollarda nə qədər qüvvət var, İlahi!” – dü-şünürdü ər. Və bacardıqca, eyni qüvvətlə cavab verməyə çalışırdı. Çalışmaq heç lazım da deyildi. Xeyrənisa Bəyi-min odlu nəfəsindən qalxan alov onu elə yaxıb-yandırırdı ki!..
Deyəsən, bu gecə heç biri yatmadı. Hər ikisi gələcək günlərin, qayğılı, zəhmətli günlərin əvəzini indidən çıxır-dı sanki.
ELÇİLİK
Şah Təhmasibin qızı, hazırkı İran hökmdarı Məhəm-məd Xudabəndənin bacısı Fatimə Soltan bəyimə elçi gələ-cəyini Xeyrənisa Bəyimin qulağı çalmışdı. Baldızına kim-lərin elçi düşdüyünü də uyufnan anlamışdı. Elə “qulaqçı-ları” da belə xəbər vermişdi. Türkman tayfasından Əmir-xan Türkman – tayfanın başçısı, tanınmış, hörmətli əmir-lərdən biriydi. Hər yerdə sözü keçirdi.
Bəyim anlayırdı ki, bu yolla oğlunu padşahın bacı-sıyla evləndirməklə sarayda nüfuzu daha da artacaq; el, tayfalar arasında yeri, hörməti çoxalacaq, tayfası güclənə-cəkdir. Bütün əmirlərin arzusu elə bundan ibarətdi: öz tayfasını gücləndirmək, sarayda nüfuzu çox olan şamlu və ustaclıları ötmək, nüfuz dairəsini genişləndirmək, saraya – ölkəni idarəyə əl ilişdirmək. Özü də möhkəm qohumluq yoluyla. Belə siyasi nikahlar çoxdanın mövcud əməliydi. İndi bu yoldan Əmirxan Türkman da istifadə etməyi qə-rarlaşdırmışdı.
Rədd cavabı alacağı ağlına da gəlmirdi. Düzdür, o, baş hərəmin tayfasına münasibətini bilirdi, amma hər halda Əmirxanın bu addımı Xeyrənisa Bəyimin özüylə də yaxın-laşmaq, bir növ “barışıq aşı” bişirmək kimi bir şeydi.
Bir daha hələ elçi sifətilə getsə də, xüsusi dəbdəbə ilə, şahın adına layiq gedirdi. Adlı-sanlı əmirlərdən, ağsaq-qallardan yığmışdı elçi daşının üstündə əyləşməyə. Ge-yimlərinə, yaraqlarına xüsusi fikir vermişdi. Nişan söh-bəti olmasa da, şahənşah və baş hərəm, eləcə də istənilən qızın adına layiq hədiyyələr hazırlamışdı. Bu hədiyyələri bir neçə qulam və kəniz başlarında, çiyinləri üstündə, qoşa əllərində götürəcəkdi. Qoy o ölkəni idarəyə burnunu soxan baş hərəm bilsin ki, elə-belə, cənə-cünə adam gəlmir şah qapısına. Şah İsmayılın nəvəsi, Şah Təhmasibin qızı, Məhəmməd Xudabəndənin bacısına layiq gəlir gələn el-çilər.
Ən qabaqda ağsaqqallar, ondan arxada əmirlər, dalca da hədiyyələr gətirən qulamlar gedirdi. El-camaat elçilər şah qapısına çatanacan yolun hər iki tərəfində yığılıb dəb-dəbəli tamaşaya baxırdılar.
Yığılanlar arasında müzakirələr gedirdi. Kimin kimə elçi düşdüyü, neyçün düşdüyü, Fatimə Soltan Bəyimin verilib-verilməyəcəyi söhbətlərin əsas mövzusuydu.
Adına layiq…
– Həm özünün, həm də…
– Kişi, Əmirxan cənə-cünə adam deyil axı. Kimin qapısına getdiyini yaxşı bilir.
– Vallah, inanmıram ki, o baş hərəm var ha…
– Gədə, səsivi kəs… Arvad xaylağıynan nəyşün var?
– Bu tayfaynan arası yoxdu axı… Onunku elə bir dədəsi yurdu Mazandarandı. Bir də o təciklər-farslar…
– Dərdi sənə qalıb?
– Kişi, mən nə deyirəm ki?
– Canuva dərd deyirsən. Öz dilünnən öz başuvu cidaya keçirmə! Qoy qarnundakı qarnunda qalsın. Tama-şovu elə, vəssalam!
– Vallah, doğru deyirsən. Tamaşavı elə, vəssalam.
– Hən daaaa… Zənənnən neyşün var? Sözün ayrıdı, söz danış.
– Mən onu bizim Zülqədər tayfasıynan davaya ge-dəndə görmüşəm. Ona zənən deyəllər? At belində, dəbil-qəli, niqablı, qılınclı, qalxanlı. Vallah, dədəm, deyirəm, əmirlər onnan tük salırdı dava vaxtı… Bir fərmannar ve-rirdi ki!!! Allah onun kişiliyini gərək ərinə verəydi…
– Sənnən məsləhətləşməyib, növzənbillah Allah. Gə-rək sənin ağzuvu arayaydı…
– Dədəm canı, gördüyümü deyirəm. Əsl paccah odu…
– Sərkərdə də…
– Kişilər, qoyun tamaşamızı eləyək axı. Nə baş-beynimizi apareysuz? O paccah bir Allah bəndəsidi, ağzı dualı, əli dəstəmazlı, dini-islamın dayağı. Qurbanı oldu-ğum Həzrət Əli nəsli… Hikmətdə babasına, babalarına çə-kib.
– Allah qulluğunda deyə bilmərəm. Bəlkə də elədi. Amma qılınc vurmaqda, paccahlığı dolandırmaqda deyə bilərəm. Verib ölkənin cilovunu arvadın əlinə… O da bil-diyin eləyir. Hələ deyirlər, hərəmxana xəzinəsini də ata yurdu Mazandarana daşıdacaq.
– Daşıdacaq yox eyyy. Ay kövdən, daşıdıb!
– Atasının da qanın aldı…
– Aldı da sözdü? Hər addımda bütün qızılbaş tayfa-larına qan uddurur.
– Uddurar da… Atasını elə gorbagor eləyib, elə bo-ğazlamadılar ki, bir işə də oxşasın…
– Pay atonnan, 20 ildən soora da…
– Seyid peyğəmbər övladı…
– Ata qanın almaqçun nə 20, heç iki igirmi də, əlli də çox döyü ki, azdı.
– Elə düşmanları da özündən geri qalan cüvəllağılar döyü…
– Bura bax ey!!! Ağzuvu dağıtma! Sən indi elə ağız-burun bəhəm eləmisən ki, qızılbaş əmirlərinə cüvəllağı deyirsən? Vallah, qəməni dəstəyinəcən soxaram qarnu-va!..
– Allah, sən saxla!
– Bu neyə coşdu?
– Qızılbaşdı daynan axı…
– Belə de…
Elçi karvanı, dəvələr deyil, insan karvanı öndəki ağsaqqal sarvanın çəkdiyi ovsarın ardınca, elə dəvələr ki-mi, nərlər kimi aramla, təmkinlə, öz ləyaqətini nümayiş etdirə-etdirə irəliləyirdi.
Padşahın qəbul otağında bir neçə adam toplanmışdı. Şah hələ otağa daxil olmamışdı. Elçilər gələndən sonra içəri girəcəkdi və hamı bir nəfər kimi ayağa qalxıb baş əyəcək, sonra da diz çöküb “zəminbus” edəcəkdilər.
Xeyrənisa Bəyim də hələ gəlməmişdi. Şahla eyni vaxt-da, qonşu qapıdan daxil olacaqdı. İndi hələ özünə zinət verənlərin əlindən arabir çıxır, əlvan şüşəli pəncərələrə yaxınlaşır və saray meydanına daxil olan elçi karvanına baxırdı.
Düşünürdü: “Əmirxan yamanca özünə güvəncə gəlir. Dəbdəbəyə bir bax! Kimə görkəzir bu dəbdəbəsini?.. Yoooox, görkəzmir. Axı şah nəvəsi, şah qızı, şah bacısına elçi gedir. Dərbara layıq olmaq qəsdidi. Elə güman edir ki, onun öz tayfasını gücləndirmək qəsdi bizə əyan deyil. Olsun. Baxarıq!.. Buna bax… Hələ elə bil ki, “Hə” alıb, gör bir nə şəstnən gəlir? Nə qədər xonça gətirir?! Sən öləsən, meyidüvü görüm, o xonçalar boğazunda qalmasa, onda mən, mən deyiləm. Əskik bir kənizəm…”
Neçə gün idi ki, bu elçilik söhbətini qulağı çalandan bəri ərinin qulağını doldurmaqdaydı. Əmirxanın törət-diklərini, törədə biləcəklərini xısın-xısın şaha danışır və onun oğlunu kəmağıl adlandırıb, Fatimə Soltan Bəyim ki-mi bir cana, bir gözələ, bir şah əsilli məlakəyə layiq olma-dığını söyləyirdi. Məsləhətçiləriylə də dilləşmişdi. Mazan-daranlı dostları, əqrəbasının hamısı, dostları Hüseyn Şira-zi, Əfzəl Münəccim Qəzvini, Mirzə Salman, əlbəttə, məsə-lədən hali edilmişdi. Sonuncular indi Şahənşahın qəbul otağında Şahbanudan sol əldə əyləşib şirazi qəlyan sümü-rürdülər. Elə özləri də Xeyrənisa Bəyim deməsəydi də, məsələdən haliydilər. Bu boyda cidanı çuvalda gizlətmək olmazdı. Və əlbəttə ki, hər üç dost Şahbanuyla həm-fikir-dilər. Onlar da Türkman tayfasının, Əmirxan Türkmanın qüvvətlənməsini istəmirdilər.
Saray darvazasında bu gün Buğlu Çavuşun dəstəsi növbət çəkirdi. Qızılbaşlara, elə Əmirxan Türkmana da rəğbət bəsləyən Buğlu Çavuş sevinc içərisində gələn kar-vana tamaşa edirdi. Eşik ağası ona yaxınlaşıb, heç kəs duymadan böyrünə bir dürtmə ilişdirib Buğlu Çavuşu özünə gətirdi; vəzifəsini ona xatırlatdı. Bayaqdan bəri fə-rəhindən buğlar basmış ağzı, cəhəngləri qulağının dibi-nəcən gedən Buğlu Çavuş özünə gəldi. Səhv iş tutduğunu anladı. Yaxasına-başına əl gəzdirib nizə kimi, ox kimi dimdik dayandı. Tabeliyində olan qarovulçulara da göz ağardıb vəzifə başına dəvət etdi. Yoxsa hamısı iş-gücünü, buraya neyçün gəldiyini unudub, tamaşaya elə qapılmış-dılar ki, vəzifə-zad yadlarından çıxmışdı. Axı hər gün belə dəbdəbəli elçilik karvanı görmək olmur…
Elçilər “Qırx sütun” sarayının geniş, yaraşıqlı həyəti-nə – bir meydan kimi böyük həyətinə daxil oldular.
Eşikağası, saray xidmətçiləri qəbul otağının qapısını taybatay açıb əlləri sinədə baş əydilər və…
Və elçilər qəbul otağına daxil oldular. Ağsaqqallar, qızılbaş əmirləri və Əmirxan Türkmanın adamları salon-da – salonun sədrində, padşahın oturmalı olduğu yerdə taxtın sağ əlində daha kiçik bir taxt qoyulduğunu və bu taxtın da ədəb məqamı yerində şirazlıları, isfahanlıları, ta-cik, fars əmirlərini görəndə qanları qaraldısa da, özlərini o yerə qoymadılar.
Vəziri-əzəm elçilərə sədrdəki taxtın sol tərəfində yer göstərdi. Elə elçilər təzəcə yanlarını yerə qoymuşdular ki, xüsusi, qızıl lövhəciklərə tutulmuş yaraşıqlı qapı açıldı. Əvvəlcə Məhəmməd Xudabəndə, ardınca da Şahbanu içə-ri daxil oldular. Hər ikisi rəsmi qəbul geyimindəydi. “Cəmşid cəlallı şah”ın başında qədim, babasından qalma, on iki guşəli tac, əlvan pəncərələrdən düşən əlvan işıqlar altında göz qamaşdırırdı. Şahın öz gözləriysə, bunsuz da qamaşırdı. Kirpiklərini tez-tez çala-çala irəlilədi; cəld qar-şısına qoşan vəziri-əzəmin yardımı ilə sədrdəki “məs-nədi-şahənşahi”yə əyləşdi.
Baş hərəm, Şahbanu Xeyrənisa Bəyim bu gün xüsusi dəbdəbəylə geyinmişdi. Cıqqasının üstündən üzünü ör-tən nazik niqabın altından qara qoyma qaşları, nazik, əsə-bi dodaqları ayrıca nəzərə çarpırdı.
Məhdi-Ülyanın məclisə gəlməsi heç kəsdə təəccüb doğurmadı. Dövlət işlərini Məhəmməd Xudabəndədən çox, o, idarə edirdi. Həm də bu gün əlində xüsusi bəhanəsi vardı: elçilərə cavabda onun iştirakı təbii görünə bilərdi.
Şah və Şahbanu qızıllı qapıdan görünən kimi, indicə yerə çökmüş, diz üstə əyləşib əllərini dizlərinin üstünə qoymuş elçiləri sanki birə sancdı; cəld yerlərindən qalxıb sağ əllərini döşlərinə – solda, ürəklərinin üstünə qoyub baş endirdilər. Və bu vəziyyətdə xeyli qaldılar. Nəhayət, şah icazə verdi:
– Əyləşin, ağalar, əyləşin!
Hamı yerində oturdu. Şah gözlərini tez-tez qırparaq gələnləri nəzərdən keçirir, kimliklərini müəyyənləşdirmə-yə çalışırdı. Əslində, onların hamısını tanıyırdı. Amma in-di bir qədər aralı əyləşdiklərindən tanımağa çətinlik çəkirdi. Vəziri-əzəm yardımına qoşdu:
– Əmirül-üməradan Türkman tayfasının rəisi Əmir-xan cənabları tayfasının ağsaqqalları və qızılbaş əmirlər…
Şah adların sadalanmasına icazə vermədi, vəzirin sö-zünü kəsdi:
– Görürəm, tanıyıram, vəzir…
Sonra üzünü vəzirdən çevirib Əmirxan Türkmana deyil, bütün məclisə müraciətlə soruşdu:
– Buyuracaqsız, ağalar! Allah xeyir eləsin. Nə vaqe olub?
Əmirxanın qoca əmisi, təkcə tayfanın deyil, bir çox-larının hörmət bəslədiyi, cavanlığında – hələ Şah Təhma-sib vaxtında olduqca igid bir sərəsgər olan Qara Bağır Türkman hamıdan əvvəl danışmağa izn istəyib sözə baş-ladı:
– Xeyr olar, inşaallah, qibleyi-aləm! Başımızı əlimizə alıb dərgaha üz tutmuşuq, Şah İsmayılın, Şah Təhmasibin, Şahi-aləmpənah Xudabəndənin ətəklərini öpməyə, zəmin-bus olub dilək diləməyə gəlmişik…
– Nədir diləyiniz? – şah soruşdu.
– Ey qibleyi-aləm, sənin hərəm xəzinəndə bir gövhər, bir giranbəha inci var. Nəsəbi ali, özü ismətdə pərilər şa-hı… Biz İsmayılın nəvəsi, Təhmasibin qızı, sizin bacınız…
Məhdi-Ülya səbrini basa bilmədi, üz-gözünü turşu-dub ağsaqqalın sözünü kəsdi:
– Uzatma, kişi! Qibleyi-aləmi vacib dövlət işlərindən ayırıb uzun-uzadı vaxtını alma!
Sözlər hamıya, şahın özünə də sillə kimi dəydi, amma Şahbanunun xasiyyətinə bələd olduqlarından heç kim bir söz demədi. Yalnız Əmirxan Türkman özündən asılı olma-dan, şah hüzurunda olduğunu unudub, əlini belindəki mürəssə dəstəli qəməyə atdı. Bu da bir an oldu. Çünki ağılbənd qoca sanki Bəyimin təhqiramiz sözlərini eşitmə-dən xahişinə davam etdi:
– Təsəddüqün olum, Fatimə Soltan Bəyimi möhtərəm qardaşım oğlu Əmirxanın oğluna diləyə gəlmişik.
Şahbanu yenə də dilləndi:
– O əməziyə?..
Padşah söhbətin daha kəskin şəkil alacağından ehti-yat etdi. Əlini qaldırdı. Hamı susqun şəkildə onun nə deyəcəyini gözləyirdi. Xudabəndə həmişəki həlim, qal ya-tırdan səsilə dedi:
– Xoş gəlib, səfa gətirmisiz. Gözəl diləkdir. Şahzadə xanıma da şərəf gətirən elçilikdir. Amma…
– Nə amma?
Sualı kimin verdiyini heç kəs anlamadı. Hamının ürə-yinə Xudabəndənin sözlərindən dadlı bir ümid doğmuş-du. Şah isə sanki sualı eşitmədi; sözünə davamla dedi:
–Amma təəssüf edirəm ki, bu şərəfli qohumluq baş tutmayacaq. Çünki elə dünən Fatimə Soltan Bəyimi istə-yən başqa bir hörmətli nəslə söz vermişəm…
– Məhdi-Ülyanın əmisi oğluna?..
Yenə də sualın kim tərəfındən verildiyi anlaşılmadı. Vəziyyət elə gərgin, rədd cavabı elə təhqiramiz şəkil almışdı ki, belə şeylərə baş qoşmaq macalı qalmamışdı. Amma sualda da bir istehza vardı. Hamı bilirdi ki, Məh-di-Ülyanın Əmirxan Türkman tayfasını görəsi gözü yox-dur. Bununla belə üzlərini daha çox şaha tutur, Məhdi-Ülya ilə – zənənlə danışmağı kişiliklərinə sığışdırmırdılar. “Zənən” isə o zənənlərdən deyildi:
– Əmim, ya dayım oğluna… Hər halda Əmirxan Türkman tayfası Şahənşahla qohum olub, səltənəti idarə eləyə bilməyəcək…
Ədəb gözləmək məqamı deyildi. Bu sözlərdən sonra elçilər dərhal kin-küdurət və qəzəb içində yerlərindən qalxdılar:
– Mürəxxəs olaq, hökmdar!
– Mürəxxəssiniz… – deməkdən başqa Xudabəndənin ayrı çarəsi yox idi. O, əllərin qəmələrdə, xəncərlərin dəs-təsində olduğunu görmürdü. Kirpiklərini çala-çala otur-muşdu. Məhdi-Ülya isə görürdü. Gedənlər arxalarınca onun istehzayla dediyi bir cümləni eşitdilər:
– Qəmələrdən yaxşı yapışın, bərk yapışın, gərəyiniz olar.
Elçilik belə qurtardı. Xudabəndə hökmranlığına, da-ha doğrusu, Xeyrənisa Bəyimin, onsuz da çox olan düş-mənlərinə biri də əlavə oldu. Həm də ən qorxunc, ən güc-lü düşmənlərdən biri… Bəlkə də, birincisi…
Qoca əmi şahın münasibətindən quruyub qalmış, don-muşdu sanki. Bircə dodaqlarından bu sözləri eşitdi əqrə-bası: “Arvadağız”.
ANA VƏ BALA
Bir neçə gün idi ki, Xeyrənisa Bəyim ana qəlbilə eşit-diklərini götür-qoy eləyirdi. Ona “qulaqçıları”, “güdükçü-ləri” demişdilər ki, Həmzə Mirzə rumlu tayfasının başçısı Dədə Budaq Rumlunun kiçik qızı Əsma xanıma vurulub. Heyran-heyran Əsma eşqilə dolaşır, yanır-yaxılır qızın dərdindən. Qız da qızdı ha… Hələm-hələm qızların tayı deyildi. At minənlə at minən, at çapanla at bağrı çatladan, oxundan bir cüyür yayınmayan, qılıncı ər əmirlərin qılın-cına bərabər, hərbi təlim görmüş ordu nəfəridi.
Başqaları da deyirdi ki, yooox, qız şair təbiətli, incə-ürəkli, danışanda dəhanından dürr tökülən, hürufilərdən İmadəddin Nəsimi Şirvaninin, Səfəvilərdən Şahənşah şair Şah İsmayıl Xətainin, zəmanəsinin möcüzəsi, imam Hü-seyn Xuddamı, Bayat tayfalarından Molla Məhəmməd Füzulinin şeirlərini sinəsinə çin-çin qatlamış, elə özü də möcüzə kimi bir xilqətdir. Qarabuğdayı gözəl bu üç bö-yük nəzm ustadının tərənnüm etdiyi dilbər, nazəndə bir canalandır.
Bütün bunları ayrı-ayrı adamlar onun qulağına oxu-yur, dəng elədikcə, qəlbini təşviş, hələ görüb-tanımadığı gözələ qarşı nifrət hissi doldururdu. Leyə bənzəyirdi Məhdi-Ülya. Amma ley cumanda cücəsini qoruyan to-yuqlar kimi gözün oyardı. Əslində Məhdi-Ülya özü bala-sını qırğıdan qoruyan anaydı. Və… Və heç də bu məhəb-bətin kökünü necə kəsəcəyini bilmirdi. Əmirlər, məliklər deyildi ki, bir kəlmə əmriylə yer üzündən götürə bilsin. Balasıyla öz arasına inciklik düşməsini istəmirdi. İstəyirdi ki, oğlunu bu sevdadan onun özünü başa salmaq, yola gətirməklə uzaqlaşdırsın. Ya da qızı ortadan götürsün ki, Həmzə Mirzə burada anasının – Məhdi-Ülyanın əli oldu-ğunu bilməsin, duymasın. Bu da ki, saray mühitində müm-kün olan şey deyildi. Bu işi kimə tapşırsaydı, gec-tez üstü açılacaq, ya eləyənin öz dilindən çıxacaq, ya anayla oğulun arasını vurub gələcək hökmdar, İranın gələcəkdə, Məhəm-məd Xudabəndədən sonra padşahı ola bilən Həmzə Mirzə-nin gözünə girmək, ürəyinə yol tapmaq istəyənin birisi bu sirri açacaqdı. Sarayda sirr heç vaxt sirr olaraq qalmır; gec-tez üstü açılır. Kim açır, harda açılır, kimə açılır – bilən də olmur çox vaxt. Odur ki, Məhdi-Ülya Əsmanın atası, Dədə Budağ Rumlunu çağırtdırıb, “başına ağıl” qoymazdan əvvəl özü öz oğluyla danışmağı məsləhət bildi. Padşahın özünün, Məhəmməd Xudabəndənin də rəyini öyrənmişdi: ağzı zikirli Allah bəndəsi, qatı şiə ata əlbəttə, sünnidən gəlin gətirməyi, qanını “onların qanına” qatmağı məsləhət bilməmişdi. Sonra da sünnilər saraya yol tapardı. Babası qoyan yolla getməliydi Xudabəndə.
Bu tərəfdən də arxayın olan Xeyrənisa Bəyim, günlə-rin birində işi elə qurdu ki, Həmzə Mirzəylə təkbətək qal-dı. Hərəm ağasına da tapşırdı ki, Həmzə Mirzə getməyin-cə, onun yanına heç kəs buraxılmasın.
Ana-bala baş-başa qaldılar. Yan-yana əyləşmişdilər. Məhdi-Ülya balasının əlini, çiynini sığallayırdı. Lap uşaq-lıqdan sevdiyi bu nəvazişi Həmzə Mirzə çoxdandı ki, ana-sından görməmişdi. Elə ona görə də uşaqlıqda olduğu ki-mi, ara-sıra etdiyi kimi başını anasının dizinə söykəyib lap körpə kimi nazlandı.
Məhdi-Ülya sözə haradan başlayacağını artıq bir neçə gün idi ki, əzbərləyib hazırlamışdı.
– Oğul, şahzadəm, nə balaca uşaq kimi yalmanırsan anana? Maşallah, bəs-böyük oğlansan, şirbiləkli, qurd-ürəkli, oxundan yağı yayına bilməyən, qılıncı rəqibini tən iki bölən igid deyirlər sənə. Elə özüm də məşğələlərində görmüşəm səni. Neçə at bağrı çatlatmısan? Neçə cüyür çəkmisən şişə? Neçə qız-gəlin ürəyini yerindən oynatmı-san?
– Ay ana, lap ağı deyən yedici arvadlar kimi düzdün tərifi tərif dalına.
– Buy Allah, sən saxla! Ağzından yellər aparsın, o nə sözdü dedin? Yedici hardan ağlına, dilinə gəldi?
– Kəndlərimizdə, hüzürdə qarıları görmüşəm. Öləni elə sözlərnən oxşayırlar ki, elə bil tərifləyib taxt üstünə çıxardacaqlar.
– Allah, sən saxla. Ya rəbbim! Xeyirə ağız açdığım və-də bu nə şeydi düşdü ağzına?
Şahzadə güldü, yanpörtü anasının dizi üstündə çevri-kib Şahbanunun gözlərinə baxmağa başladı. Gülə-gülə tə-zəcə baş vermiş nazik buğlarını oynatdı; məzələnə-mə-zələnə gülümsədi:
– Allah xeyirə calasın, kimi gözaltılamısan, ana?
– Əh, təki sən “Hə” de. Nə çoxdu əqrəbamızda, pay-taxtımızda gözəl qız-gəlin. Hansını işarə eləsən, hansına damdan bir alma atsan, göydə verərlər sənə. Verməzlər, dədələrini yandırıb allam.
– Genə də olsun, ana…
– Nə deyim?
– Kimi, haranı, hansı soyu məsləhət görürsən?
– Nə çox gözəl, nə çox arxalı-köməkli, adlı-sanlı bəy-xan, əmir ailəsi. Elə Mazandaranımızı götürək…
Şahzadə qaqqıltıyla güldü:
– Yoxsa əmün nəvələrindən kimisə ürəyin tutub, hə, ana?
Bəyim də güldü:
– Yooox, heç subay əmim nəvəsi yoxdu ki! Heç qo-yarlar yerdə qalsın? Hamısı şirin nar dənəsidi. Ağızdan düşsə, əllər qoymaz.
Şahzadə ciddiləşdi, yavaşca anasının ona süd verən sinəsinə üz sürtə-sürtə soruşdu:
– Ana, Rumlu Dədə Budağın qızını görmüsən?
– O sünni tayfanın?
Həmzə Mirzə “sünni” sözünü qulaqardına vurdu; eh-malca anasının sinəsinə sürtünməkdə davam edərək dedi:
– Hə… Rumlu dədə Budağın qızı Əsmanı görmüsən? Lap sən deyən igid qızdı. Mən yuxudan durmamış dura, mən atımı yəhərləməmiş o atlana, mən düşmana çatıncan, o yağı boynu vura. Lap sənin kimi…
– Uzaq olsun. İmam Həsənin qatili, ikiminci imamı-mıza zəhər verən Əsma…
– Nə danışırsan, ay ana? O haçan olub? Neçə yüz il öncə. Bu dünənki uşaq…
Məhdi-Ülya oğlunun sözünü kəsdi:
– Yiyəsi ada, ad sahibinə oxşar…
– Ay ana, vallah o ad “Qurani-Kərim”də var.
– Nə? Ola bilməz. İmam qatilinin, Həzrət Əlinin, cə-nab Fatimə peyğəmbər salavatullah qızının balası imam Həsəni zəhərləyənin adının “Quran” varaqları qurban ol-duğumda nəyşi var?
– Ana, “Qurani-Kərim” yazılanda, Əsmanın heç ba-bası dünyaya gəlməmişdi. O Əsmanı deyirəm ey! Amma bu ad doğrudan da “Quran”da var. İnanmırsan, bax, val-lah “Quran”ın Bəqərə surəsinin 29-cu ayəsində deyilir: “Əlləmməl Əsmaə”… Böyük Pərvərdigarın öyrətdiyi ad-lardan biridi.
– O mollaqulağ buları öyrədir sənə?
– Hə, bunu da…
– Yoxsa “Ümmül-kitab” olmaq fıkrindəsən? Qoy bu, o mollalara qalsın. Sən hökmdar olmağı, məmləkəti-İranı bəlalardan qorumağın qaydalarını öyrən.
Şahzadə anasının lazım olanda, qatı dindar, kefınə yatmayanda mollaların bərəksi olmağını bilirdi; amma indi, o halda deyildi. Əsma uğrunda anası olsa da, çarpış-malı, sevgisini, canından əziz sandığı gözəli müdafiə et-məliydi. Bircə bunu düşünürdü ki, o gözəlliyə məftun ol-duğunu anasına necə anlatsın:
– O çox gözəldir, ana, ürəyimi yaman ovlayıb.
– Cadı-pitik eləyib. “Quran”da cadı eləyənləri Allah da, onun rəsulu da tanımaq istəmir.
– Bilirəm, “Qul, əuzi” surəsini deyirsən. Amma burda caduluq bir şey yoxdu, ana! Belə gözəllik “Qurani-şərif”in özündə də təhsinlərlə xatırlanır. İnanmırsan, müqəddəs kitabımızın 95-ci surəsinin 4-cü ayəsinə bax: “Əhsəni təq-vim…” Gözəl yaradıb səni Allah…
– Bəs dinimiz? Axı onlar sünnidi? Şah baban buna razı olar? İllər uzunu şiəliyin möhkəmlənməsinə can qoyan ulu baban necə? Onun ruhu səndən inciməz? Razı qalar?
– Ana, Allah “ləhmikə-ləhmi” deyib. Yəni əti ətimiz-dəndi. Sünni olsalar da, bir olan Allaha, onun rəsuluna, onun “Quran”ına səcdə edirlər. Rəsuli-xuda hələ şiəlik yaranmamışdan əvvəl hansı yolu qoyubsa, onunla gedir-lər. Sünni olsalar da, dini dinimizdən, dili dilimizdən, qa-nı qanımızdandı, düşməni düşmənimizdi. Yağılardan və-tən torpaqlarını, babamın birləşdirdiyi böyük vətən tor-paqlarını bizimlə birlikdə qoruyur, bizimlə birlikdə qan tökür, lap bizimki kimi qızıl qan, ana… Əsmanı mənə olan məhəbbətüvə bağışla, ana!
– Mən inanmıram ki, sənin şah baban bu izdivaca razılıq verə.
– Sən istəsən, verər, verdirərsən…
– Axı sən bir şeyi dərindən dərk eləmirsən.
– Nəyi, ana?
– Onu ki, o köpəy oğlu Dədə Budağ rumludu. Rumlu tayfasına yol açmaqçün, dərbara soxulmaqçün qızını sənə sırıyır… Sənin şiə təriqətli sarayında, şiə bargahında sünninin nə ölümü var?
– Ana, mən inanmıram ki, Dədə Budaq kimi mərd, cəngavər bir əmir, qızını hərraca qoya…
Səsdə elə bir küskünlük vardı ki, bütün “gələcək gəli-nə” nifrətinə baxmayaraq ananın ürəyindən bir ağrı keçdi: “Kaş, sünni olmayaydı, kaş lap o zəhləmgetmiş qızılbaş əmirlərindən birinin qızı olaydı. Amma sünni?”
– Bura bax, gələcək qayınatanı nə təmizə çıxardırsan? Nə yaman sünnipərəst olmusan? Yoxsa sən də sünni-şiə bəlasına qurban getmiş əmin İsmayıl təki məmləkətini sünnilüyə çevirmək kimi xam xəyaldasan? Sən şiəliyin intişarı uğrunda tökülən qanları heçə endirmək istəyir-sən? Mənə inan ki, bunu sənə heç kim bağışlamaz, heç imkan da verməzlər.
Çox sərt danışdığını anladı, səsinin tonunu bir qədər yumşaltdı:
– Oğul, ananın nəsihətlərini yaxşı eşit, yaxşı öyrən, yaxşı da çinlə ürəyinə. Orada qoy sünniyə yer qalmasın. Dünyanın hansı gözəlini istəsən, sənə “yox” demərəm. Amma sünni?.. Bu olan iş deyil, bala! Özünü bəlalara sal-ma. Mənə də inan. Mən bu fani dünyada filan qədər ömür eləmişəm. Mən yəqin bilirəm ki, şiə ruhaniləri, şiəliyin başçıları, qızılbaş əmirləri bir yana dursun, heç sünni ru-haniləri də buna yol verməz. Sənə düşmən kəsilərlər, ci-yərparam! Axı mən sənə yad deyiləm, bətnimdə yetişdir-diyim, döşlərimdən süd verdiyim, boyuna sevindiyim, bütün ümidlərimi sənin şah olacağın dövrə bağladığım ba-lamsan. Sənə yamanlıq istəmərəm. İstəmərəm nədi? Heç qoymaram. Sənə gələn qadalar mənə gəlsin. Özün öz tut-duğun ağacı öz əlinlə baltalama, bala!
Həmzə Mirzə söhbətin mövzusunun dəyişməyinə se-vindi. Çünki o, artıq anasının sevgili Əsma haqqında da-ha ağır bir söz deyəcəyini eşitmək istəmirdi. Qəlbini yara-layırdı bu sözlər. Ürəyində “eh, ana, bilmədin könlümdən keçənləri, duymadın. Uşaqkən ən xırdaca arzumu, istəyi-mi gözlərimdən oxuyurdun. İndi nə oldu sənə? Niyə bu bir milləti iki bölən təriqətbazlıq gözlərini qapayıb? Özü də elə qapayıb ki, daha heç nə görə bilmirsən? Axı sən məni həmişə əzizlərdin”…
Həmzə Mirzə söhbətin istiqamətinin dəyişməsinə se-vindiyi halda, anasını bir daha sakitləşdirmək, öz amal-larından xəbərdar etmək istədi:
– Bizim millətə, insanlığa və dövlətimizə nə lazımdı, ana? Mən öyrənməyə səy eləyirəm. Boşboğaz danışıqlar-dan xilas olmaq, dövləti qüvvətləndirmək, acları doyur-maq, yalavacları donatmaq, geyindirmək, bu yolla da bü-tün məmləkəti, dövləti gücləndirib onun sərhədlərini ge-nişləndirmək. Ata-babalarım kimi, İslama rövnəq vermək. Məmləkətin rifahiyçün verilən qanunları qorumaq, izlə-mək ki, o verilən qanunlar yerinə yetirilsin. Onlardan öz mənfəətinə istifadə edən olmasın – varsa, cəzalansın. Məmləkəti yaşadan qanunlar mütləq yerinə yetirilsin, po-zulmasın, unudulmasın. Bax, ana, mən indi dövləti idarə üsullarının yazıldığı kitabları da oxuyuram və qocaman, ağılbənd vüzəradan, ağılbənd, ermiş dədələrdən öyrəni-rəm. Çox şey öyrənirəm.
Bu sözlər qismən də olsa, Məhdi-Ülyanı sakitləşdirdi; amma bir çoxlarından, xüsusilə şəxsi vəziri Mirzə Sal-mandan eşitdikləri də xatirindən çıxmırdı. O demişdi: “Şahzadə Həmzə Mirzə sünni-şiə təəssübünün ləğv olun-masına səy göstərir”.
Ana qorxurdu ki, bu bəla balasına toxuna; sünni və şiə təəssübkeşləri birləşə və Həmzə Mirzəyə bir xətər yetirə. Həmzəyə söykənc olmuş sinəsi alışıb yanırdı bu ehtiyat-dan.
Həmzə Mirzə anasını sakitləşdirmək, lap özünə gətir-mək üçün əllərindən tutdu, öz sinəsinə sıxdı:
– Hə, necədi, ana, razı qaldınmı məndən?
– Allah razı qalsın səndən, oğul, mən olmasam da olar. Amma bu fıkirlər ki, səninlədi, inşaallah ki, hamı, bütün tayfa səni gözü kimi istəyəcək; inşaallah tacqoyma mərasi-mini də görəcəyəm. Böyük arzumdu, oğul!
– Şah babam sağ olsun, mən də onun kölgəsində, ana! Mənə o varkən, taxt-tac gərək deyil.
– Elə mən də o fıkirdəyəm. Amma Allah verir, Allah da alır. Dünyanı heç birimiz tutub qalmayacağıq. Allahın hökmündədi hər şey, bala! Amma bircə mənə dəğdəğə verən o təriqət məsələsinə toxunmasan, bu fikirlər ki, indi dedin, səndə var, Allah köməyin olar.
“Bir an belə yadından çıxmır”, – düşündü şahzadə. Şahzadə haqlıydı; görəcəyik bunu. Onda da, indi də.
OVDA
Arabir görüşürdülər. Seyrə, ova birlikdə çıxdıqları da olurdu. Gözlərdən iraq amma. Türk qızı, Dədə Budağın qızı Əsma ova tək də çıxırdı hərdən. Biləngi igid oğlanlar biləngindən zəif deyildi. Səma kimi gözəl Əsma, Həmzə-nin ürəyini yaman dağlamış, ovlamış Əsma! Əsmanın kirpiklərindən qalxan oxlar Həmzənin qəlbini elə dəlmə-deşik eləmişdi ki, özü demişkən aşsüzəndən də keçmişdi.
“Gözəlim, deyirdi qıza, sən bixəbərsən mənim sənə olan məhəbbətimdən. Sən bilmirsən, mən sənsiz günləri-mi necə keçirirəm”.
Dünən axşamdan qulağı çalmışdı ki, Əsma bu səhər şikara çıxacaq. Bunu bilən kimi dəllək Rzaqulunu hüzu-runa tələb etdi. Dəllək hazırlaşdıqca, şahzadə Həmzə Mir-zə məxmər üzlüklü kətilin üstündə oturub, dəlləyin hərə-kətlərini izləyirdi. İçindəki sevinci boğa bilmir, bunu dəl-ləyə sataşmaqla pərdələmək istəyirdi:
– Gədə, Rzaqulu, budu deyirəm sənə: əgəm yuxulu-yuxulu, tələm-tələsikdə ilişsən, üzümü cızıb-eləsən ha… Dədənin goru haqqı başını üzəcəm.
Gəvəzə dəllək yavaşca hırıldadı:
– Ağam, Şahzadəm, İranın gözünün giləsi! Məgər mən sənün neyçün, hara getdiyüvü bilə-bilə üzünü cızaram? Dədəmin goruyçün, elə iş baş versə ha… öz ülgücümnən öz boğazımı özüm üzərəm, sənnən qabaq. Sənə ziyan vur-manam. Axı mən yaxşı bilirəm ki, ağam hara gedir… – dəl-lək yenə yavaşca hırıldadı.
– Hara gedirəm?
– Eheyyy!!! Şahzadəm. Bu bargahda dəlləyin bilmədi-yinə qurd düşər…
– Genə olsun.
– Şahzadəm, bir nazənin sənəm, fəriştə güftar… Bir gözəllər gözəli intizarındadı, ağam…
– Gədə, kəsss!… üzümü yox ha… səsini kəs!
– Bəçeşm, gözüm qurban.
– Şahzadə dəlləyi azad edib, gecədən yavərinə tapşır-mışdı ki, “gedən yerim var, sübh tezdən atı hazırlasınlar”. Yavər onun həmsöhbəti, xas nökəri və demək olar ki, həmyaşıdı, dostuydu. Cavan yavər şahzadəni, hara getsə də, kölgəsi kimi aralıqdan onu izlərdi. İndi də hara ge-dəcəyini təxmin eləyirdi. Deyəsən, Əsma Türkmanın şika-ra çıxacağını o da eşitmişdi. Təbəssümlü dodaqlarıyla “çeşm”, yanı “göz üstə”, – deyib çıxdı. Yatmalıydı, elə şahzadənin də yatmaq vaxtıydı – axı sübh tezdən, səhər namazına çağıran əzan səsindən də əvvəl oyanmalıydı.
Səhər, dan yenicə atanda yavər şahzadənin otağına qədəm basdı. Yavaş-yavaş yatmışları oyatmamaq, heç kə-si bu sirrə vaqif etməməkçün, lap uşaqlıqda “gizlən-qaç” oynadığı kimi ətrafına göz gəzdirdi. Hərəm ağalarından heç kəsi görmədi, sinə-sinə şahzadənin yatacağına yaxın-laşdı. Narın bir pıçıltıyla:
– Şahzadəm… vaxtdı, oyan…
Şahzadə sanki heç yatmamışdı, dərhal qalxdı.
– Sabahın xeyir, Şahzadəm!
– Aqibətin xeyir… Hazırdı?
Əlbəttə, şahzadəm, indicə yoxlayıb gəldim…
… Tək çıxdı yola. Ona elə gəldi ki, tək çıxıb yola. Əslində, yavər ondan bir qədər sonra atlandı. Şahzadəsi-nə, dostu və həmfıkri olan Həmzəyə, gələcək hökmdara bildirmədən, ona məhəbbət dolu qəlbiylə atlandı. Xeyli aralıdan qırğı gözləriylə qara verə-verə, aram addımlarla yola çıxdı. Əsmanın haralarda şikar etdiyini hər ikisi də yaxşı bilirdi.
Həmzə Mirzə də aramla irəliləyir, dörd bir tərəfə nə-zər yetirə-yetirə sevdiyi Füzulinin bir qəzəlini zümzümə edirdi:
Öylə rənadır, gülüm, sərvi xuramanın sənin
Kim, görən bir göz olur, əlbəttə, heyranın sənin.
Qız hələ ətrafda görünmürdü. Amma Həmzə Mirzə-nin qəlbi Əsmanın eşqilə elə dolmuşdu ki, heç onun gö-zündə başqa şey yox idi. Yalnız və yalnız hər tərəfdə: ara-lanan sabahın dan üzündə onu, qızaran üfüqlərdə onun yanaqlarını, uzaqlaşan qaranlıqda saçlarını görür, oyanıb səhranı öz mahnılarıyla doldurmağa başlayan quşların səsində Əsmanın bir nəğmə kimi ürəyə işləyən səsini eşi-dirdi.
Sübhün mahnısı elə gözəl, elə ahəngdar, elə can alıcıy-dı ki!.. Ürəyinə işləyirdi bu mahnı. Bu səhər nəğməsi, bu badi-səbanın – səhər mehinin indi həmin ahəngləri Əsma-nın da qulaqlarına çatdırdığını düşündükcə, Füzuli dillən-dirdi onu:
Arizin görsə fələk mehr buraxmaz ayə,
Zərrə-zərrə qılıb anı buraxar səhrayə.
Səhra məhəbbətlə doluydu, daşırdı Həmzə Mirzəy-çün. Birdən uzaqdan ona bu hisləri aşılayan Əsmanı gör-dü. Əsma onu görə bilməzdi, Həmzə Mirzədən sol tərəf-də, dağlara sarı gedirdi. Görünür, qız da tələsmirdi, atını aram-aram sürürdü. Günəş Əsma tərəfdən tulu etdikcə, narın, amma göz qamaşdıran şüaların qənşərində qız bir xəyala bənzəyirdi. Amma Həmzə Mirzə başqası deyildi ki! O, Əsmanı görkəmindən, gecənin qaranlığında da, nəinki günəşin təzəcə boy verən şüaları altında, hətta dan uldu-zunun xəfıf göz qırpımında da tanıyardı. Gözlərinə inan-masaydı da, qəlbinə inanırdı. Ürəyi ona xəbər verərdi ki, bu gördüyün, başqalarıyçün xəyaldır, səninçün xəyal de-yil! Səninçün candan əziz Əsmadı, Əsma! Yüz dəfə anan Şahbanu Xeyrənisa Bəyim onu imam Həsəni zəhərləyən Əsmaya bənzətsə də, yad tayfalardan başqa, şiəlik düşmə-ni təriqətdən olduğunu söyləsə də, “unut onu, oğul, unut!.. Ağlına, ürəyinə əmr elə, unut onu, oğul, unut”, – deyəndə, sən nə cavab vermişdin? Səni Füzuli baban necə dilləndir-mişdi? Sən özündən heç nə quraşdırmadan, heç bir cavab axtarmadan demişdin:
Ana!
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Bu gecə sanki məhəbbət gecəsiydi… Bu səhər sanki şikar gündüzü deyil, Füzuli eşqinin gecə və gündüzüydü. Səhərmi, sübhün gözəlliyi, quşların ahəngi, o uzaqlaşdıq-ca, günəş şüaları altında daha yaxın, doğma, daha əziz görünən gözəlin, Əsmanın gözəlliyimi təlqin edirdi, de-ditdirirdi bu sabahın özü kimi gözəl və ahəngdar misrala-rı?
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?