Электронная библиотека » Cəlil Məmmədquluzadə » » онлайн чтение - страница 2

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Cəlil Məmmədquluzadə


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 44 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +
II

Günortadan yarım saat keçirdi ki, Xudayar bəy yetişdi şəhərə.

Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçərnik istəyib. Amma yalan deyirdi, nəçərnik istəməmişdi, özgə mətləbi var idi. Əgər nəçərnikdən ötrü Xudayar katda şəhərə gəlirdi, lazımdı ki, bir az tez gələydi. O, özü bilirdi nəçərnik ancaq günortaya kimi divanxanada olar, günorta olcaq divanxana bağlanır. Xeyr, özgə mətləbi var Xudayar bəyin.

Eşşəyi qatıb karvansaraya Xudayar bəy üz qoydu bazara. Yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxıb Buzxana məhəlləsini tutub başladı getməyi. Bir qədər gedib, çöndü sol küçəyə. Bu küçəni başa kimi gedib, genə çöndü sol səmtə. Bir dar küçəynən gedib və arxı tullanıb, bir alçaq qapının yanında durub qəndi qoydu yerə və başladı üst-başının toz-torpağını təmizləməyi. Sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini, bu tərəfini çırpıb qoydu başına. Qəndi vurdu qoltuğuna, bir öskürüb dəqqülbab elədi. Həyətdən bir övrət səsi gəldi:

– O kimdi?

Xudayar bəy bir də qapını döydü. Bir az keçdi, dörd-beş yaşında bir qız uşağı qapını açıb və Xudayar bəyi görən kimi qapını örtüb qaçdı həyətə. Həyətdən qızın bu cür səsi gəldi:

– Buy ana, qapıda bir yekə kişi durub!

Xudayar bəy qızın sözlərinə bir qədər gülüb çağırdı qızı:

– Ay qız, qazı ağa evdədi?

Qız o qədər Xudayar bəydən qorxdu ki, cürət eləmədi cavab versin. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlayıb təəccüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.

– Qazı ağa evdədi?

– Evdədi, sözünü de.

– Qazı ağanı görmək istəyirəm.

Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu; sonra gəldi, qapını açdı və dedi:

– Gəl.

Xudayar bəy başını əyib, qapıdan içəri girib, iki pillə yendi həyətə. Görükən budur ki, qazının övrəti həyətdə paltar yuyurdu; çünki oğlan qapını açmamış xəbərdarlıq verdi:

– Xanım, kənar ol, adam gəlir.

Həyətin bir səmtində var idi əngənək1111
  Saxsı ləyən, paltar yumaq üçün təknə


[Закрыть]
, yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapının yanında göl durmuşdu. Xudayar bəy girdiyi yer əsla həyətə oxşamırdı; çünki burda dörd divardan savayı bir şey yox idi. Həyətin eni on addım və uzunu on beş addım ancaq olardı. Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic. Vəssəlam. Bəlkə bura qazının dal həyətidir; çünki bu şəhərdə ev yoxdur ki, onun bağçası olmasın. Qərəz, əgər qazının bağı-bağçası olmuş olsa, Xudayar bəy bu girdiyi dal həyətdən savayı qeyri bir şey görmədi.

Oğlan həyətin sağ səmtindən girdi bir dar yola, yox oldu. Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə:

– Sözün nədir, dadaş?

– Əmi, qazı ağanı görəcəyəm, işim var.

– Sən haralısan, əzizim?

– Mən Danabaş katdası Xudayar bəyəm, qazı ağanı görmək istəyirəm.

– Geymənin altındakı nədir, qadan alım?

– Qənddir, gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var onda, bu da ağız şirinliyidir.

Qoca kişi gəldiyi yol ilə qayıtdı getdi. Bir neçə dəqiqədən sonra cavan oğlan dar yoldan çıxıb, əli ilə Xudayara işarə elədi gəlsin. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib, girdi qəhvəxanaya və başmaqlarını çıxardıb, oğlanın dalısınca girdi qazının otağına.

Xudayar bəy içəri girən kimi belə döyükdü ki, salamı da yadından çıxardı. O çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. Söz yox, əlüstü başa düşdü ki, qoca kişi elə qazının özüdür. Qazı çoxdan duymuşdu ki, bu kişi xam düşübdür. Bu səbəbə nəinki Xudayar bəyin salam verməməsindən rəncidə olmadı, hələ bəlkə özü ayağa durub salam verib, bəyə yuxarı başda yer görsətdi.

Xudayar bəy dübarə salam verib, keçdi yuxarı başa və oturub qəndi qoydu yerə.

Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdür bir neçə samovar, sandıqca, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş-on taxça doludur boxça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb pürbaha qalı və qalçalar1212
  Xalı və xalçalar


[Закрыть]
.

Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyuca qalanıbdı çox qalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəbə bükülü qoyulub cərgə ilə dörd-beş dəst yorğan-döşək.

Qazı məxmər döşək üstə oturub dayanmışdı cüt yastığa.

Elə ki, Xudayar bəy qəndi çıxardıb qoydu yerə, qazı gülə-gülə üzün tutub Xudayar bəyə dedi:

– Bəy, bu qənd nədi, bu nə işdi?

Xudayar bəy gülə-gülə cavab verdi:

– Qazı ağa, bir xeyir işimiz var. Bu qəndi gətirdim ağız şirinliyi olsun.

– Ay şirin kam olasan, mənim qardaşım. Yəqin ki, kəbin kəsdirəcəksən.

– Xeyr, qazı ağa, kəbin deyil, siğədir.

– Nə eybi var, siğə dəxi yaxşı… Çox gözəl, çox gözəl. Allah mübarək eləsin. Siğəni sən özün eləyirsən, ya özgəsi eləyir?

– Xeyr, qazı ağa, özüm eləyirəm əgər iş düzəlsə.

Qazı üzünü qapıya səmt tutub, nökərini çağırıb ona buyurdu ki, qəndi ortalıqdan götürsün, qəlyan doldursun və çay gətirsin. Sonra genə üzünü tutdu Xudayar bəyə:

– Necə buyurdun, iş düzəlsə?

– Bəli, qazı ağa, əgər işi bir tövrnən yoluna qoysanız, biz sizə duaçı olarıq.

– Dəxi nə tövrü var ki! Siğədi, oxuyuram qurtarıb gedər da.

– Yaxşı buyurursan, qazı ağa, amma lazımdı ki, övrət tərəfindən bir vəkil olsun.

– Əlbəttə, mən demirəm ki, vəkil olmasın. Vəkil də gərək olsun, şahıd da gərək olsun. Vəkilsiz, şahıdsız siğə oxunmaz ki.

Xudayar başını saldı aşağı, bir qədər fikir eləyib cavab verdi:

– Bəli, belədi.

Qazı dübarə üzünü tutdu Xudayar bəyə:

– Pəs hanı sənin vəkilin və şahıdların?

– Hələ ki, nə vəkil var, nə şahıd. Görək necə olacaq.

Qazı çox təəccüb elədi:

– Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?

– Bəli, belədi, qazı ağa, belədi.

– Vallah, mən sənin sözlərindən baş açanmıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfindən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğə oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən.

Xudayar bəy qazının sözlərindən sonra bir qədər də xamuş olub və sonra dikəlib və qapıya səmt baxıb alçaq səs ilə dedi:

– Doğrudan doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun.

– De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!

Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib, birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarə elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:

– Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim; amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə bəlkə bir çarə tapasınız.

Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:

– Dədə, anam burdadı?

Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb, üzünü tutdu qonağa.

– İndi pəs nə tövr deyirsən eləyək?

– Başına dönüm, qazı ağa, hər necə olmuş-olsa, gərək düzəldəsən bu işi.

Qazı qəlyana bir bərk qüllab vurub, başını bulaya-bulaya deyir:

– Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!

Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:

– Bax, ey qazı ağa, and olsun o bizi yaradan Allaha, sən əgər mənim bu işimi aşırsan, mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyəm.

– Bəradərim, mənə sənin başın lazım deyil, Allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu.

Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük kəllə qəndin boyuca qaldırmışdı yuxarı. Sözünü deyib qurtardı, amma əlini çəkmədi. Bu halətdə saxlayıb diqqət ilə baxırdı Xudayar bəyin üzünə. Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq cavabı verdi. Xudayar bəyin cavabı bu oldu:

– Qazı ağa, fikrini hara dağıdırsan? Mən bir para adamlardan deyiləm ki, söz deyim, vədə verim, dalısında durmuyum. Kişi börkü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. Pəs şəxsi ki, üzdə bir söz dedi, çıxdı eşikdə özgə söz danışdı, dəxi onda kişilik sifəti qalmadı ki! Sən bir kəllə rus qəndi deyirsən, mən on bir kəllə gətirim. Ürəyini niyə sıxırsan. Pulum yoxdu mənim? Xeyr, dövlətindən o qədər varımdır, heç sənin təki ağaların yanında xəcalət qalmaram. Heç fikrini özgə yana dağıtma.

Xudayar bəy sakit oldu. Qazı başladı:

– Allah səni xəcalət eləməsin öz birliyi xatirinə. Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdır. Mən indi müsinn1313
  Yaşlı


[Закрыть]
adamam. Mənim olar həştad və bəlkə dəxi də artıq yaşım. Özümə görə də təcrübə hasil eləmişəm. Mən şəxsin üzünə baxan kimi bilirəm ki, nə tövr adamdır. Və bir də zahir batinin aynasıdır. Mən sənin üzünə baxan kimi yəqin elədim ki, sən necə adamsan. Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən… Amma xeyr, maşallah artıq ləyaqətli adamsan. Mən də səninlə elə rəftar eləmərəm ki, axırda sənin yanında xəcalət olum. Mənə nə lazımdır on bir kəllə qənd. Sən mənə iki kəllə qənd gətirsən, birini doğrayıb paylaram füqərayə, ancaq, ağız şirinliyindən ötrü, – necə ki, özün də buyurdun, – bir kəllə rus qəndi səndən alacağam. Vəssəlam. Mənim yoxsa artıq təməim yoxdur. Söz yox, əgər qəndin yanınca bir girvənkə çay gətirsən, nə sözüm var?

– Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə…

Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür tamam elədi:

– Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim işimi nə tövr sazlayacaqsan?

Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib “ya Allah” dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb, üzünü tutdu Xudayar bəyə:

– Bilirsən, bəy, bu məsələ çətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur.

Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincək kitabı bükdü qoydu qabağına.

– İnşallah kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm, lap asan vəchlə kəşf edəcəyəm. Bəy, buyur görək qənd və çay nə vaxt gələcək?

– Qazı ağa, elə bu saat, elə deyirsən durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?

– Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəxsə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssalam. Mən də siğəni oxuram, qurtarıb gedər.

– Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura. Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?

Bu sözləri deyib Xudayar bəy durdu ayağa.

– Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcəyəm.

Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:

– Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki… Əlbəttə alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.

Xudayar bəy:

– Baş üstə, – deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.

– Əzizim, mən ərz elədim iki vəsiyyətim var; birini dedim, birini də deyim, ondan sonra azadsan.

– Buyur, qazı ağa.

– İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın.

– Ay qazı ağa, uşaqsan? Məni elə nadan bilmə.

– Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala.

– Necə gərək qala?

– Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssəlam. İndi gedə bilərsən.

– Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə belədi.

Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb, üz qoydu getməkliyə.

III

Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb, üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub, getdi girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı. Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb, tutdu Karapet ağanın qabağına.

– Zəhmət olmasa bir ispiçkə çək, bu qovu yandırım.

Karapet ağa qeyznən cavab verdi:

– Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!

Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb atsın.

Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.

Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb, bu cür Karapet ağanın cavabını verdi:

– Xozeyin, sən nahaq yerə çığırırsan. Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam.

– Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan. Mən duraram sənin əllərindən öpərəm.

Xudayar bəy çubuğun tənbəkisini doldurdu kisəsinə və çubuğunu taxdı belinə və cavab verdi:

– Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyən adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə kəllələrdən.

Karapet ağa bir az yavaşıdı:

– Mənim gözüm üstə. Mən nə deyirəm ki! Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan. Mən onu deyirəm ki, sən yaxşı eləmədin mən yazı yazan vaxtda qovu uzatdın mənim qabağıma. Mən indi yazıda qələt düşdüm. Mənim indi zəhmətim lap çox oldu. Gərək sən gedəndən sonra bu yazdığımı bir də yazam.

– Qərəz, ta indi keçib. Hər nə olub, olubdu. Qəndi indi neçəyə verəcəksən mənə?

Karapet ağa qəfəsənin taxtasını qovzayıb çıxdı kənara və gəldi qalanmış qəndin yanına və əlini kəllələrin birinin üstünə qoyub başladı:

– Bax, qardaşım bəy, bu qənd lap elə yaxşı qənddi. Bu qəndi sənə verəcəyəm yeddi manat iki şahıya. Bu lap yaxşı qənddi.

–A kişi, zarafat eləyirsən? Qəndi indi yeddiyə hər yanda verirlər da. Gözün məni gördü?

– Harda yeddiyə verirlər? Heç belə şey olmaz, məzhəb haqqı. Yeddi iki şahıdan bir qəpik əskiyə verməzlər.

Xudayar bəy bir az dinməyib, genə həmin çubuğu çıxardıb başladı doldurmağı. Karapet ağa cibindən bir spiçka çıxardıb yandırdı. Xudayar bəy çubuğu alışdırdı və dedi:

– Yaxşı-yaxşı! Mən çoxdan bilirdim ki, sən bahacılsan. Heç sənnən bacarmaq olmaz. Yaxşı-yaxşı! Götür bir kəllə çək, görək nə qədər gələr.

Karapet ağa yekə kəllələrin birini qucaqlayıb qoydu tərəziyə.

– Bu on, bu da on – iyirmi. Bu beş, bu üç, bu iki, bu da yarım. Bəli, düz otuz girvənkə yarım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, çıxaq doqquz şahısını, qalar beş manat on bir şahısı.

Karapet ağa qəndi tərəzidən götürüb qoydu yerə.

– Karapet ağa, indi Allaha şükür, məni tanıdın ki?

– Necə yəni tanıdım?

– İndi bildin mən kiməm da?

– Sən kimsən?

– Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.

– Mən də ikinci gild kupets Karapet ağayam.

– Ay atana Allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər Allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə üç il. Amma Allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bu gün iş belə gətirdi, yanımca şəhərə pul götürməmişəm. İndi mən qəndi aparıram, inşallah sübh tezdən sənin beş manat on bir şahını burda hazır elərəm.

Karapet ağa bu sözləri eşitcək cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını görsətdi.

– Di get, çıx get! Tez ol get burdan! Elə bu saat çıx get.

Xudayar bəy dinməz-söyləməz dükandan çıxıb üz qoydu getməyə. Axşam azanına ancaq yarım saat qalırdı ki, Xudayar bəy gəldi çıxdı haman karvansaraya ki, eşşəyi qatmışdı.

Xudayar bəy karvansaranın qapısına yetişcək içəridən bir alçaq qədək arxalıqlı, boz papaq, ağ tuman kişi çıxıb qaşqabaq ilə üz tutdu Xudayar bəyə:

– A kişi, Allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən Allah, gedim ulağı çıxardım, götür apar.

Bu sözləri deyib güdək kişi, – ki karvansaranın odabaşısı olsun, – istədi qayıda karvansaranın həyətinə. Xudayar bəy onu çağırıb saxladı:

– Yavaş görüm, hara gedirsən? Necə bəlanı gətirib qatmışam tövləyə? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?

Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı:

– A kişi, sən Allah zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. Eşşəyini çıxardım, götür apar.

Xudayar bəy qayım səslə cavab verdi:

– Rəhmətliyin oğlu, bir sözünü mənə de görüm ki, axı nə olubdu?

– Nə olacaq, yekə kişi! Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyə? Görək mənnən qəsd-qərəzin var?

– Ə, dəli olmamısan ki! Ya keflisən? Mən niyə xalqın eşşəyini oğurluyuram? Vallah heç artıq-əskik danışma ki, peşman olarsan.

– Yaxşı, rəhmətliyin oğlu, özgə eşşək tapa bilmirdin, getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqala?

– Necə qalmaqala qoymuşam mən səni?

– Necə qalmaqal olacaq? Sən elə eşşəyi tövləyə qatıb oyza1414
  O üzə, o tərəfə


[Закрыть]
cummuşdun, Məhəmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya ki, eşşəyi aparacağam. Mən də nə tövr verəydim? Dəxi nə deyim, başına dönüm! Bu oğlan özünü çırpır yerdən yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam. Axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə.

– Heyf, heyf, heyf ki, mən burda olmamışam! Vallahi ki, ölüsünü qoyardım oğlanın burda! Onu mən sağ ötürərdim kəndə? Sən pəs niyə məni gəlib çağırmadın?.. Qərəz, keçib. İndi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. Mən özüm də gərək qalam, eşşək də gərək qala. Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi.

– Qonaqsan, gözüm üstə yerin var. Əlbəttə, indi da getmək olmaz. Hava lap qaranlıqlayır. Di burda niyə durubsan? Buyur gedək mənzilə.

Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi. Hücrənin fərşi ibarətdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüleyin və süpürgə. Çirkli divarların nə tağları var idi, nə taxçası. Xudayar bəy palaz üstə oturub dalını dayadı yükə və çubuğunu cibindən çıxardıb başladı doldurmağı. Sonra üzünü Kərbəlayı Cəfər əmiyə tutub dedi:

– Gəl otur görək, Kərbəlayı Cəfər əmi. Gəl mənə bir od da zəhmət çək ver. Gəl, gəl otur söhbət edək bir az.

Kərbəlayı Cəfər əmi də həmçinin başmaqlarını çıxardıb, keçdi oturdu bir tərəfdən və bir spiçka çəkib tutdu Xudayar bəyin çubuğuna. Xudayar bəy çubuğu alışdırdı.

– Kərbəlayı Cəfər əmi, sən gərək bu əhvalatı mənə deməyəydin. Sən mənim ürəyimə bir ox vurdun. Allah görüm Məhəmmədhəsən əminin atasına lənət eləsin! O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım.

Xudayar bəy sözünü deyib və dikəlib çubuğu uzatdı verdi Kərbəlayı Cəfər əmiyə. O da “ya Allah” – deyib çubuğu aldı və bir sümürüb dedi:

– Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmmədhəsən əmi neyləsin? Onun nə günahı var? Sən eşşəyi gətirəndə ona xəbər versəydin, heç belə olmazdı. Onda bilərdilər ki, eşşəyi sən gətirmisən, da oğlunu göndərməzdi.

– A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A kişi, niyə inanmırsan?

– Niyə də inanmıram? Xeyr, inanıram.

– Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulağ da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?

– Xeyr, inanıram da! Niyə inanmıram?

Kərbəlayı Cəfər dikəlib çubuğu verdi Xudayar bəyə. Xudayar bəy bir-iki sümürüb genə başladı:

– İndi sən görərsən, Kərbəlayı Cəfər əmi. Mən qisasımı Məhəmmədhəsən əmidən almasam, mən bu saqqalımı qırxdırram!

Kərbəlayı Cəfər əmi bir az gülümsündü və bir qədər dikəlib sual etdi:

– Yaxşı, sən nə eliyə bilərsən ona?

– Mən onun gözünə ağ sallam! Nə eliyəcəyəm ona? Mən onun böyüyü deyiləm? Gün olmaz ki, onun mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstə, ayaqlaram. Nə eliyəcəyəm?

On-on iki yaşında bir oğlan sol əlində bir çölmək sallaya-sallaya girdi içəri, çölməyi qoydu yerə və üzünü tutdu Kərbəlayı Cəfərə:

– Dadaş, bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

Kərbəlayı Cəfər qeyznən cavab verdi:

– Ay ananın dədəsinin gorunu… Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

Oğlan başını aşağı əyib dedi:

– Yox, dadaş, vallah anamın heç günahı yoxdu. Bu gün getmişdi hamama. Qonçaya da tapşırmışdı hərdən-birdən ətə baxsın. Qonçanın da başı nə bilim nəyə məşğul olubdu, əti yandırıb.

– Niyə, hamam ananın başına uçsun! Elə gərək bu gün anan gedəydi hamama?

Oğlan təəccüblü cavab verdi:

– Pəs havaxt gərək gedəydi?

Xudayar katdaya aclıq çox kar eləmişdi; çünki səhərdən, kənddən çıxandan bir tikə çörək yeməmişdi, savay qazının bir stəkan çayından. Oğlan çölməyi içəri gətirən kimi bozbaşın qoxusu Xudayar bəyə belə xoş gəldi ki, könlündə Kərbəlayı Cəfərin övrətinə iki min yaman dedi. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək, amma onun ürəyi də gedir acından; bu səbəbə ortalığa söz atdı ki, bəlkə söhbət qurtara. Çölməyi dığırladaraq:

– Kərbəlayı Cəfər əmi, vallah hər nə deyirsən de, amma deyirəm ki, oğlanın xəbəri yoxdu. Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir.

Kərbəlayı Cəfər durub bucaqdan bir sarı qaşıq tapıb, gəldi çömbəldi çölməyin başında. Çölməyin qapağını götürüb, bir qaşıq ətin suyundan götürüb içdi və ağzını marçıldadıb, qaş-qabağını turşudub, üzün tutdu Xudayar bəyə:

– Xeyr, bu əti yemək olmaz.

Qərəz, Kərbəlayı Cəfər bir qədər də övrətindən giley elədi, bir qədər də söyüşdən, lənətdən dedi. Axırı laəlac qalıb, gətdi süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə və sağ qolunu çərməyib çölməyi üzüquylu elədi sininin üstə, sonra ətləri bir-bir seçdi qoydu çölməyə. Hər iki əli ilə çörəyi qarışdırıb Xudayar bəyə təklif elədi:

– Bismillah, Xudayar bəy, irəli çəkil görək. Hərçənd ət də yanıbdı, amma baxtından küs, xa-xa-xa…

Xudayar bəy irəli çəkilib əlini uzatdı. Bir neçə tikə götürüb dedi:

– Kərbəlayı Cəfər əmi, and olsun Allaha, sən lap nainsaf adamsan. Kişi, kim deyir ki, bu ət yanıb? Vallah əgər bir tikə da yanıbdı. Ta bundan yaxşı ət bişməz.

Xudayar bəy lap yalan deyirdi. Əvvəla ondan ötrü ki, çox acmışdı. Ac adama yanmış ət də xoş gələr. Və bir də ki, bura şəhərdi, genə necə olsa, şəhər bozbaşı ilə kənd bozbaşı bir olmaz. Genə şəhər bozbaşının yanmışı kənd bozbaşının lap yaxşısından ləzzətdi olar.

Bəli, Kərbəlayı Cəfər və Xudayar bəy hər ikisi məşğul oldular yeməyə. Oğlan bir az durdu, sonra çıxıb getdi. Xudayar bəy sol qıçını qabağına uzadıb, sağ qıçını dikəltmişdi. Belə ki, sağ qıçı süfrənin içində idi. Amma Kərbəlayı Cəfər diz üstə oturub, üzüquylu düşmüşdü çörəyin üstə. Belə ki, az qalırdı burnu dəyə siniyə.

Çörəyi yeyib qurtardılar. Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. Hər ikisi əllərini silib çəkildilər kənara. Xudayar bəy bir kəhildəyib, götürdü çubuğunu və doldurub alışdırdı və bir qədər çəkib, uzatdı Kərbəlayı Cəfərə səmt.

– Kərbəlayı Cəfər əmi, mənə bir yeddi manat lazımdı. Gərək hər necə olmuş olsa, tapıb mənim işimi düzəldəsən.

Kərbəlayı Cəfər əlüstü cavab verdi:

– Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə elərdi?

– Özündə yoxdu, özgədən tap. Qərəz, onu-bunu bilmirəm, gərək nə yolnan olsa, tapıb verəsən.

Kərbəlayı Cəfər bir az fikirdən sonra dedi:

– Vallah, yaxşı deyirsən. Amma indi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki, adamın əlini tutsun? İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdı, deyəcək gətir yanımda on yeddi manatlıq bir şey zaloq1515
  Girov


[Закрыть]
qoy.

– Heç zərər yoxdu, nə eybi var. Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum. Genə sözün var?

Kərbəlayı Cəfər genə bir qədər fikir eləyib cavab verdi:

– İndi sənin yanında nəyin var ki, zaloq qoyasan?

– O sənə borc deyil. Sən pulu tap, gör qoyaram, ya yox.

– Axır necə ola bilər ki, mən bilmiyim, sən necə şey girov qoyacaqsan?! Bəlkə pul sahibi sən qoyduğun şeyi qəbula götürmədi.

Xudayar bəy bir qədər duruxdu. Çubuğu götürüb başladı doldurmağa. Üzünü Kərbəlayı Cəfərə tutub alçaqdan dedi:

– Kərbəlayı Cəfər əmi, sən hər kəsdən olmuş olsa, mənə yeddi manat tap, gətirdiyim eşşək olsun zaloq. Nə vaxt mən sənin pulunu gətirib verdim, sən də mənim eşşəyimi qaytarıb verərsən özümə.

– Xa-xa-xa! Xa-xa-xa!.. Xudayar bəy sənin dəstgahın varmış… xa-xa-xa! A kişi, sən zarafat eləyirmişsən… xa-xa-xa…

– Qardaş, daxı niyə gülürsən? Hansı məlun zarafat eləyir?!

– Xa-xa-xa… A kişi, eşşək sənin deyil ki, onu girov qoyasan! Söz yox, qoyarsan. Amma sabah olcaq eşşəyin sahibi gəlib eşşəyi aparacaq da!.. Xa-xa-xa…

– Yavaş, qoy görək, a kişi, bir az yavaş gül, qoy sözümü deyim. And olsun Allaha, mən zarafat eləmirəm. Yaxşı, eşşəyin sahibi nə deyib səndən eşşəyi istəyəcək? Eşşəyin sahibi sənə kimin yanında eşşək tapşırıb? Bəli, gəldi dedi “mənim eşşəyim burdadı, eşşəyimi ver”. Deyərsən “kimin yanında sən mənim karvansarama eşşək qatmısan?” Ya xeyr, sənə dedi “pəs eşşək necə oldu?”, sən də de ki, “eşşəyi hər kəs gətirib bura qatmışdı, haman adam da eşşəyi çıxardıb apardı”. Onnan sonra mən bilirəm, eşşəyin sahibi bilər. Dəxi sənə nə dəxli var?..

Bu sözləri deyəndən sonra Xudayar bəy çubuğu uzatdı Kərbəlayı Cəfərə. O da çubuğu alıb, məşğul oldu çəkməyə. Bunların söhbəti çox uzun çəkdi. O, belə dedi, bu belə dedi. Axırı bu cür şərt bağladılar: Kərbəlayı Cəfər Xudayar bəyə yeddi manat versin və eşşək qalsın onun ixtiyarında. Hər nə eləyir eləsin: ya satsın, ya gizlətsin, ya nə eləyir eləsin. Xudayar bəy də kəndə qayıdıb xəbər versin ki, eşşək karvansaradan oğurlanıb. Hərgah Məhəmmədhəsən əmi çox atılıb düşsə və şıltaq eləsə, Xudayar and-aman içsin ki, mirovoy suda ərizə verib, karvansaraçıdan eşşəyi istəyər. Əgər Məhəmmədhəsən əmi şəhərə gəlib, Kərbəlayı Cəfərdən əhvalatı soruşsa, Kərbəlayı Cəfər and içsin, aman eləsin ki, həqiqətdə eşşək oğurlanıb; yəni Xudayar bəyin bu işdə heç günahı yoxdu.

Bu cür tədbiri tökən kimi Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi oturdu və cibindən bir beşlik və iki təklik çıxardıb, qoydu Xudayar bəyin qabağına. Xudayar pulu götürüb qoydu cibinə, bir qədər dikəldi. Sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:

– Ver əlini mənə.

Kərbəlayı Cəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə.

– Kərbəlayı Cəfər əmi, Allah sənin oğlunu saxlasın və səni səlamət eləsin. Allah öz birliyi xatirinə sənə bu sövdədə xeyir versin.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации