Текст книги "Əmim Hamlet"
Автор книги: Eldəniz Qurtulan
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
Əsədullah, Məhəmməd Əmin Rəsulzadənin bu arzusuna çox da müsbət baxmadığı halda, hörmətsizlik olmasın deyə yüngülcə:
– İnşallah, – dedi və “Cavad atamın adıdır, bir neft quyusunda fəhlə idi. Kürəklə, yəni əllə quyu qazan bir fəhlə. Heç günəş üzü görmədi, oğlum Cavadın günəşli günlər görməsini arzu edirəm!” – deyə içindən keçirdi.
Nəysə… Yığıncağın gedişi aralarındakı söhbətin uzanmasının qarşısını aldı. Günün gedişini formalaşdıran ortaq problemlər müzakirə edilir, söhbətlər daha çox bolşevik-menşevik görüşləri üzərində cəmləşirdi.
Məhəmməd Əmin Rəsululzadə çarlıq əleyhinə olan milli müxalifət orqanı “Təkamül”qəzetini təmsil edirdi. Ortaq dil rus dili idi. O da zəif ruscası ilə təmsil etdiyi milli müqavimət hərəkatının anladığı taktika olaraq baltanı çarizmin kökünə vuran baxışına üstünlük verdiyini anlatmağa çalışırdı. Bunu həzm etməyən ozamankı menşevik Vışinski, onun ruscasındakı qrammatik səhvlərini düzəldərək:
– Dostumuzun dilini çox da anlamaq olmur, – deyə sataşdı.
Koba bu münasibətə hirslənib dərhal:
– Yaxşı, yoldaş Vişinski! İndi sən çıx kürsüyə və bu xalqın dilində danış, baxaq, görək, dediklərini anlaya biləcəyikmi? – dedi.
Kobanın bu sözü salonda alqışlarla qarşılandı. Saatlar keçdikcə Məhəmməd Əmin ürəyində bolşeviklərə qarşı bir istilikmi, ya da nə isə sezibmiş kimi yanında oturan Əsədullah Axundova bir az da yaxınlaşaraq:
– Sizinlə əməkdaşlıq etdiyim üçün peşman deyiləm, – dedi.
– Mən də çox məmnunam. Ümumi xüsusiyyətlər daşıdığımıza inanıram. Ona görə də daha çox bir araya gəlib, görüşməmizdə fayda görürəm.
– Hansı sahələrdə?
– Məsələn, sistemin siyasi quruluşuna qarşı çiyin-çiyinə mübarizə etdiyimiz kimi, mürtəcelər, fundamentalistlər, fanatik cahillərə qarşı da birlikdə hərəkət edib-etməyəcəyimizi müzakirə etmək kimi…
– Xalqın rəyini əvvəlcədən araşdırmaq lazımdır.
– Araşdıraq. Amma nəticə nə olursa-olsun, bir həqiqətdir ki, çarizm fundamentalistləri qorumaqdadır və İrandan sürüylə Molla ithal etməkdədir. Bu vəziyyətə qarşı birlikdə olmağımızı vacib bilirəm.
– Başqa ağlınıza gələn nə əngəllər var?
– Çox var. Başqa bir nümunə, bəzi ziyalılarımız bizim türk olduğumuzu nəşrlərində israrla ifadə edirlər…
– Mən də ifadə edirəm…
– Lap yaxşı! Amma Osmanlıca yazmaq türklüyə nə dərəcədə lazımdır? Anlamıram. Danışdığımız dil türkcədir, şübhəsiz, bu, inkar edilə bilməz. Bəs Osmanlıca? Baxın, biz mollaxanada təhsil aldığımıza görə fars və ərəb dillərini bilirik. Osmanlıya gəlincə, Fars qrammatikası ilə ərəb sözləri… Belə şey olar? Çox uydurma və gülüncdür. Halbuki, bizim dilimiz son dərəcə təmizdir. Biz bu dilimizlə mədəniyyətimizi də dəyişdirə bilirik.
Həqiqətən də, mübahisə edəcəkləri mövzu çox idi, amma görüşləri üçün əlverişli yer çətinliklə tapılırdı. Saatçı-zərgər mağazasına edilən basqında polislər o qədər ağılagəlməz miqdarda qənimət əldə etmişdilər ki, hətta ortaya çıxan bir çox qadağan olunmuş materiala belə göz yummuşdular. Əsədullah mağazasına edilən basqından, daha doğrusu, soyğundan sonra, bütün var-dövlətini itirməsi bir yana, üstəlik, işsiz də qalmışdı. Odur ki, o, öz dolanışığını təmin etmək üçün başqalarının atelyelərində, hətta bir müddət keçmiş müdirinin yanında belə köməkçi olaraq işləməyə məcbur oldu.
Əsədullah, Tiflisdə məşhur ədib Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən ilk satirik jurnal olan “Molla Nəsrəddin”in Bakıda yayılaraq ünvanlara çatdırılmasını öz öhdəsinə götürəndə də, yenidən Oxrana tərəfindən izləndi, evinə basqın edilib, kitabları müsadirə edildi və özü də bir müddət həbsdə qaldı. Həbsdən çıxan kimi, partiyanın əmrilə ilk leqal bolşeviklərin həftəlik “Dəvəti-Qoç” qəzetini nəşr etməyə başladı. Qəzet iki dildə, Azəri türkçəsi və ermənicə çap olunurdu. Bəzi dairələrdə, xüsusilə fəhlələr arasında çox təsirə malik olan bu qəzet, on doqquz sayı nəşr olunduqdan sonra bağlandı. Onun arxasınca “Təkamül” qəzeti də nəşrini dayandırdıqdan sonra, məşhur bolşeviklədən Orcanakidze, Şaumyan, Caparidze və Koba ilə birlikdə “Qudok” adlı rusca qəzetin işlərinə qoşuldu. Nəşr olunan qəzet və jurnallar siyasi mövqelərinə görə bağlayırdılar, amma buna baxmayaraq dərhal onların boş qalan yerlərini dolduran qəzet və jurnallar ortaya çıxırdı. O ilin ortalarında Əsədullah Axundov “Hümmət” cəmiyyətinin qərarı ilə redaktorluğu, yazarlığı və nəşrini öz üzərinə götürərək Azərbaycan türkcəsində həftəlik leqal “Yoldaş Bolşevik” qəzetini də çıxarmağa başladı.
* * *
Osmanlı İmperiyasında Gənc Türklər İnqilabı baş verincə ətrafdakı bütün müstəqillik yolunda olanlar, xüsusilə Qafqaz müsəlmanlarının fikir və siyasi fəaliyyət mərkəzi olan Bakıda gündəmdə olan mövzu həmin inqilab haqqında idi. Koba, Məhəmməd Əmin Rəsulzadəni axtarıb tapdı və ona:
– Osmanlı inqilabına aid bizim jurnal üçün bir məqalə yaza bilərsiniz? – deyə soruşdu. O, bizim jurnal deyərkən, Sənaye İşçiləri İttifaqının orqanı, rusca çıxan “Qudok”u nəzərdə tuturdu.
Məmməd Əmin bu təklifə razı oldu.. Onsuz da hadisələr maraq mərkəzində idi. Heç tərəddüd etmədən:
– Əlbəttə, yazaram, – dedi, – özü də ürəkdən və elə bu günlərdə.
Koba gülümsəyərək:
– Əminəm. Mən də səbirsizliklə gözləyəcəyəm. – Bir az düşundükdən sonra, – Hər mətbu orqanda olduğu kimi, redaksiyanın da iki üzü var. Biri rəsmi, hökumətdən icazə alan və onların qarşısında məsuliyyət daşıyan jurnalın sahibi və məsul katibi Saşa Sarmatsev, o birisə, yəni, ondan sonra jurnalın gizli və əsl redaksiya heyəti məndən və Timofeyev adlı partiyalı bir ziyalıdan ibarətdir. Yazınızı biz dəyərlindərəcəyik.
–Bitirəndə gətirərəm.
Rəsulzadə, Osmanlı İmperiyasında baş vermiş Məşrutiyyət hərəkatı haqda yazdığı məqaləni, bir çəkməçi dükanının bez pərdə ilə ayrılan arxa tərəfində toplanan jurnal redaksiya heyətinə oxudu. Məqalə bir xeyli müzakirə edildi. Xüsusilə, Timofeyev məqaləni şiddətlə tənqid etdi və dedi:
– Öz burjuaziyamızı tənqid edib yerin dibinə soxuruq. Yaxşı, elə isə onda niyə Osmanlı burjua inqilabını tərifləyib göylərə qaldıraq? Rəsulzadə bu hərəkatı tərif edə bilər, bu, onun problemidir. Özümüzdə xoş görmədiyimiz bir şeyi nə üçün xoş görüb, idealizə etməliyik? Yox, məncə, bu məqalə “Qudok”da çap oluna bilməz!
Koba müdaxilə etdi:
– Yoldaş Timofeyev, yanılırsınız, çünki məsələni çox bəsitləşdirirsiniz. Bizim şəraitlə Osmanlıdakı şərait bir-birindən fərqlənir: bizdə reaksiya deyə hesab olunan hadisə ora üçün bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsində yürüdülən mühakimə doğrudur, üstəlik, çıxardığı nəticə çox yerindədir, ona görə məqalə çap olunmalıdır.
Əlbəttə ki, məqalə çap olundu.
Əslində, bəlkə də, Timofeyev haqlıydı, amma Koba öz xarakteri ilə daban-dabana zidd olduğu halda, Rəsulzadənin yerli müsəlmanların arasında böyük təsirə malik olan bir öndərin bütün xüsusiyyətlərini daşıdığını yaxşı bilirdi. Bu səbəbdən ona qarşı böyük hörmət bəsləyirdi. Doğrudan da, yeri gəldikcə o, bu hörmətin səmərəsindən çox faydalandı.
Rusiya, Qafqaz, əsasən də Bakı qorxunc bir anarxiyanın burulğanındaydı. Leqal və qeyri-leqal cəmiyyətlərlə qruplar sürətli hərəkətdəydi. Yəni, ümumi xeyriyyə funksiyası və mədəniyyət yönümlü olan cəmiyyətlərlə birlikdə, gizli siyasi-ideoloji təşkilatlarından başqa, rəhbərliyin zəifliyindən faydalanan saysız qarətçi qruplar da iş başında idilər. Fərqli düşüncələrər adından soyğunluqlar törədən bu quldur dəstələri dövlətliləri sıxışdıraraq pul toplayır, ya da qaçırıb istədikləri pulun qarşılığında sərbəst buraxır, hətta böyük təşkilatlara göndərdikləri hədə-qorxu məktubları ilə onları xərac verməyə məcbur edirdilər. Bakının məşhur varlılarından Musa Nağıyev bunlardan biri idi. O, əvvəlcə qaçırıldı və ancaq tələb olunan pulu ödəyəndən sonra xilas ola bildi.
Kobanın da bu metodlardan istifadə edərək partiya üçün pul əldə etdiyini hər kəs bilirdi.
Polis və jandarma təhlükəsizliyi təmin edə bilmirsə, böyük məbləğlərlə bu işə cəlb olunan özəl mühafizə işciləri lazım olanı edirdilər. Qədim zamanlardan bəri Bakının başına bəla olan qoçu dəstələri indi şəxsi mühafizə işçilərinə çevrilmişdilər.
Günlər keçdikcə partiyanın xərclərinin ödənilməsi daha da çətinləşirdi. Gəlir gətirən yeganə qurum sədri Məhəmməd Əmin Rəsulzadə, mühasibi Əsədullah Axundov olan “Nicat” mədəni-maarif cəmiyyəti idi.
Partiya maliyyə komissiyası üzvlərindən bir neçə adam sədrin yanına getdi:
– Bir təklifimiz var: ortaq şəkildə bir partiya təsis edək, – dedilər. – Siz rəsmi ünvanınızı verərsiniz, biz də lazımi işçilərlə təmin edərik; məşhur aktyorları, aktrisaları və faydalı ola biləcək hamını… Öhdəsindən gələcəyimizdən əminik!
Məhəmməd Əmin Rəsulzadə bir az düşündükdən sonra onların təklifini qəbul etdi: yalnız:
– Belə bir təşəbbüsün qabaqcadan bəzi xərcləri olur, –dedi, – ən azından, ilk addımda beş min rubl lazım olacaq.
Əsədullah Axundov dərhal razılaşdı:
– Beş min rublu mən taparam.
– Nə? Sən? Sənin var-dövlətini əlindən almadılarmı? Bildiyim qədəriylə, bir elə babat işin də yoxdu. Necə, hardan tapacaqsan?
– Evimi ipotekaya qoyaram… Hə? Buna nə deyirsiniz?
Rəsulzadə çox təəccübləndi, digərləri sevindilər. Əsədullah davam etdi:
– Ortaya gələcək qazancdan evi xilas edərik, geri qalan pulu da partiya ilə cəmiyyət arasında bərabər bölərik.
– Yaxşı.
* * *
Lazım olan hazırlıqlar yekunlaşdı. “Garden parti” üçün götürülən qubernator evinin məşhur bağçası kağız, rəngarəng şarlar və Yapon fanarları ilə bəzədildi. Proqramda bir çox işlər nəzərdə tutulmuşdu: səhnələrdən parçalar, tamaşalar, konsertlər, sərgilər, lotereya və bir sıra mədəni incəsənət və ictimai fəaliyyətlər. “Garden parti” əyləncə formasında üç gün davam etdi. İlk gecə Üzeyir bəy Hacıbəylinin, ilin sonunda səhnəyə qoyulacaq olan “Leyli və Məcnun” operasından bir neçə səhnə müvəffəqiyyətlə canlandırıldı və hararətlə alqışlandı. Ayvazovskinin yağlı boya ilə işlənmiş dəniz mənzərəsi əsərini açıq auksionda Hacı Zeynalabdin Tağıyev min rubla satın aldı. Sergey adlı bir uşaq Şopendən piano musiqisi ifa etdi. Bir sözlə, qeyri-adi mənzərə idi. İşdi, irəlidə bir əngəl çıxmasa və iş bu qayda ilə getsə, gözlənildiyindən daha artıq bir qazanc əldə bilərdi. Buna heç kimin şübhəsi yoxdu.
İkinci gün də hər şey yolunda getdiyi zaman partiyanın maliyyə komissiyasının üzvü Serebryakov sədr Rəsulzadəyə yaxınlaşdı:
– Kobanı tanıyırsınız, sizə çox hörməti var…
– Hə, sağ olsun. Nə olub ki?
– Həbs olundu!
– Necə?.. Həbs olundu? Sən bir işə bax!.. – Ortalığı səssizlik bürüdü… Sonra Rəsulzadə, – Harda yatır? – deyə soruşdu.
– Bayıl həbsxanasında.
– Hə, tanıyıram oranı… Mən də yatmışam orda. Bakının Bayıl burnu deyilən bir yerdə üç tərəfi dəniz bir qaladır.
– Bəli, əlçatmaz bir qaladır.
– Elədir.
– Amma qərar vedik, onu ordan qaçırmalıyıq!
– Bu ki çox çətindir! Qaçıra bilərsiniz?
– Pulun qarşısında çətinliyin yeri yoxdur. Sözü belə gedə bilməz. “Garden parti” yaxşı qazanc gətirdi; payımıza düşəndən bir az nəğd pul versəniz, iş hazırdır!
– Çox gözəl, amma pul məndə deyil, bir neçə nəfərin əlindədir. Qoy “Garden parti” başa çatsın, gəlir-çıxarlar hesablansın, əldə qalan mühasibə təhvil verilsin, o zaman payınıza nə düşürsə hamısını götürərsiniz.
– Çox şey istəmirik, sadəcə iki yüz rubl məbləğində bir avans versəniz minnətdar olarıq. Koba bizə xüsusi olaraq sizinlə görüşməyi məsləhət bildi. Həm də işimiz təcilidir. Bu gecə həll olunmalıdır. Yoxsa sabahkı məhbus qəfil naməlum bir yerə sövq ediləcək. Pul bizə mütləq bu gecəyə lazımdır. Siz indi verin, payımızdan çıxarsınız. Bu qədər sadə!
– Bəli, çox sadədir, amma bir az gözləyin, tənzimləmə komissiyası üzvləriylə görüşüm.
Komissiya üzvü və cəmiyyətin mühasibi Əsədullah Axundov heç bir problem görmədi:
– Koba mənə də çox yaxındır. Mən zamin dururam, istədiklərini verin, lütfən.
Məhəmməd Əmin Rəsulzadə iki yüz rublu öz cibindən verdi. Alıb getdilər.
“Garden parti”nin axırıncı günündə də lazımi qədər gəlir əldə edildi.
Proqram sona çatdı. Sənətçilər uzun müddət ayaqda alqışlandı, sonda qonaqlar yavaş-yavaş qubernator evinin bağçasını boşaltmağa başladılar. Cəmiyyətin sədri Məhəmməd Əmin Rəsulzadə Garden partidə məsul şəxsləri toplayıb onları təbrik edərək təşəkkürünü bildirdi və Əsədullah Axundovla birlikdə üç günlük gəliri, sənədləri, lotereya üçün aldıqları qiymətli əşyaların artıq qalanlarını nizamladılar, sonra komissiya üzvlərindən biri olan Madam Baykovanı da özləriylə götürərək, üçü bir yerdə madamın evinə getmək üçün faytona mindilər. Mühafizə işçisi də faytonçunun yanında əyləşdi. Açıq yaxasında iri zümrüd daşlı pandatifi, barmağında eyni zümrüddən olan üzüyü, qulaqlarında iri brilyant sırğaları ilə gözəl Madam Baykova faytonda tam aksessuarlı jaket geymiş iki yaraşıqlı gəncin arasında oturanda üzündə güllər açdı. Ürəyində “Görəsən, məni hansı bəyəndi? – demək istədi, ancaq:
– Tanrı sizi qorusun, bəylər! – dedi. – Bu günə gədər çox baloda oldum, amma heç biri sizin təşkil etdiyinizə çata bilməz. Aman Tanrım, nə çox əyləndiyimi söz ilə ifadə edə bilmirəm. Keçən il Tiflisdə…
Birdən susdu. Tiflis xatirəsini danışa bilmədi. Üzü ağappaq oldu, gözlərinə inana bilmədi. Qabaqda oturan mühafizə işçisi tapançasını faytonçunun gicgahına dayamışdı. Fayton dayandı. Bir neçə quldur dərhal onların üstünə cumub, bir anda pul və əşyaya əl qoymaqları bəs etmirmiş kimi, madamın zinət əşyalarını, hətta Əsədullahın qalstukundakı brilyantı belə alıb aradan çıxdılar…
Bir anda dünyanın sərvəti quş olub, ovuclarından ucdu, buxar olub, havaya qarışdı. Əvvəl-əvvəl nə olduğundan baş aça bilmədilər Təəccüb dolu gözlərlə bir-birinin üzünə baxdılar.
– Nə edəcəyik indi?
– Heç… Əlimizdən nə gəlir ki?
Madama baxdılar. O, qorxu və kədərdən şoka girmək üzrəydi. Və elə bu cür, çarəsiz bir halda Madam Baykovanın evinə doğru yollarına davam etdilər. Evdə qazancın protokolu yerinə, soyğunun protokolunu tərtib edərək polisə xəbər verdilər.
Bir gün Əsədullah Axundov cəmiyyətin mühasibi olaraq hesabları yoxlayarkən, bir anlıq da olsa “Garden parti” aksiyasında əldə olunan pulun quldurların əlinə keçdiyini deyil, seyfə qoyulduğunu təsəvvür etdi. O anda sanki başına bir güllə sıxdılar, qəzəbini gizlətmədən qabağına kim çıxdısa hirsini onun üstünə tökdü. Dostu Məşədi Əzizbəyov onu sakitləşdirməyə çalışdı:
– Bu qəzəbin yersizdir, yoldaş Əsədullah Axundov!
– Yersizdir? Necə yersiz olur? Biz ortaq şəkildə bu işi gördik. Mən evimi ipotekaya qoydum. Rəsulzadə cibindən pul verdi, Madam Baykovanın dəyərini ölçə bilmədiyimiz zinət əşyaları, üstəlik, “Garden parti”nin üç günlük gəliri, aldığımız əmanətlər, çəkilən xərclər, bu aksiyada iştirak edən sənətçilərin əməyinin qarşılığı və, və, və… İndi deyirsən, qəzəbin yersizdir?
– Yaxşı, yaxşı! Bəsdir, özündən çıxma. Bolşevik partiyasının mövcudiyyatı, inqilabın reallaşması üçün biz bunu etdik… Özünü ələ al, biz bir müharibənin içərisindəyik. Müharibədən qalib çıxacağıq və hər şeyi artıqlamasıyla qaytaracağıq, əmin ol! İndi qulaq as, xüsusilə səni maraqlandıran bir məsələdən söz açıram: ətrafımızda neçə müddətdən bəri İran hadisələri dərin əks-səda oyandırmaqdadır. İzləmiş olarsan. Mətbuatımız bu mövzunu gen-bol işıqlandırır. Bildiyin kimi, inqilabçı gənclik də İran hərəkatına dəstək olmaq üçün axın-axın ora getməkdədir. Artıq Bakı, İran inqilabçılarının qərərgahı halını almış vəziyyətdədir…
– Bunların, xüsusilə məni maraqlandırdığına şübhə edirəm.
– Məni axıradək dinləsən, maraqlandırdığına şahid olacaqsan.
– Dinləyirəm!
– Nə deyirdim? Hə, İranda xalq ayağa qalxıb, Tehran hökumətinə qarşı hərəkətə keçməyə hazırlaşır. Partiyanın Baki Komitəsinin qərarıyla yoldaş Orcanakidze ilə birlikdə ora gedəcəyik, üsyançılara dağıtmaq üçün özümüzlə çoxlu silah götürəcəyik.
– Bir yerdəmi gedəcəyik?
– Bəli, üçümüz bir yerdə. Öncə orada saxta bir “müəssisə” təsis edəcəyik. Əlbəttə ki, kağız üzərində; tikinti, mühəndislik, layihə-filan idarəsi…
– Buna nə gərək var? Tikinti işləri, mühəndislik?
– Mənim Peterburq texnoloqu olduğumu unudursan.
– Unutmuram, amma bu, bizə nə kimi faydalar gətirə bilər?
– Tikinti vasitələri altına silahlar yerləşdirərək buradan gəmiylə Ənzəliyə yola salınacaq. Oradakı müəssisədə bir çox fəhlə çalışacaq. Görəcəyimiz işlər üçün iş yerləri açılacaq. Hər yerdə işçilərlə üz-üzə olacağıq. Və gecə-gündüz onları maarifləndirəcəyik. Burjua çevrilişini fəhlə inqilabına çevirəcəyik. Aydın oldumu?
– Aydın oldu, buradakı inqilabımızı buraxıb, İran inqilabını gerçəkləşdirməyə gedirik…
– İmkanlar əl versəydi bütün dünyada inqilab edərdik.
– Nə olardı?.. – istehza ilə deyən Əsədullah qalxıb otaqdan çıxdı, cəmiyyətin binasını tərk edərək dəniz sahilindəki bulvara getdi. Boş bir skamya axtardı… Bulvar İrandan – Güney Azərbaycandan yorğanını çiyninə alıb, iş axtarmağa gələn, hakim dairələrin təzyiqindən qaçan və canını qurtarmış yığın-yığın yorğun insanlarla doluydu. Axırda boş bir skamya tapıb oturdu. Nə isə axtarırmış kimi qıyılmış gözlərini uzun-uzun üfüqə dikdi. Dəniz də, göy də boz-bulanıqdı… Sakit, kədərli…
Bu son hadisə onu çox sarsıtmışdı. Silahdaşlarını haqlı sanmırdı. Kimsənin üzünə baxacaq gücdə deyildi. Bir sözlə, cinayət etmişdilər. Ən yaxşısı, elə çıxıb getmək idi. Bəlkə də, bilərəkdən ona bu vəzifəni tapşırmışdılar. Getməli, hadisə unudulana qədər gözlərdən uzaq qalmalı idi. Onsuz da iş yox, güc yox… Bu yaşdan sonra bir tikə çörək üçün onun-bunun əlinin altında şagird, ya da köməkçi olmağı özünə yaraşdırmırdı… Evdə xanımı Səriyyə zahı yatağında idi; üç qız doğandan sonra ikinci oğlunu – Əli Abbası təzəcə dünyaya gətirmişdi. İndi nə etsin? Hələ qundaqdakı körpəsini əməlli-başlı bağrına basmadan, üstəlik, məqsədi bilinməyən bir ovuc iranlı burjuanın istiqlalı uğrunda mübarızə aparmaq üçün qalxıb İrana getsin?
Ən çox Səriyyə qarşı idi bu səfərə:
– Bizə nə özgələrin inqilabından! Gəl, oturub öz həyatımız haqqında doğru-düzgün bir yol seçək. Anan haqlı imiş, bu işlərə baş qoşandan bəri evdə heç dincliyimiz qalmayıb. Olan-qalan o zərgər dükanı da bu işlərin ucbatından bağlandı. Evə polis basqın etdi, kitablarını toplayıb apardılar, həbsxanalarda yatdın… “Garden parti” deyib evdən uzaq düşdün, təkbaşıma uşaq doğdum. Hələ də özümdə deyiləm. Südüm olmadı, uşağı necə saxlayacağımı bilmirəm… İndi də durub İrana gedirsən…
Əsədullah səssiz durduqca arvadı daha da özündən çıxırdı. Üstəlik, dili bir o qədər də şirin deyildi Səriyyənin. O, ağlamağa başlayanda isə artıq gec idi: Əsədullah çamadanını götürüb, qapını səssizcə örtüb çıxıb getmişdi. Tez limana üz tutdu. Limanda “Elevina” gəmisi toz-duman qaldıraraq öz yerində durmuşdu…
Xəzər gecə qaranlığında sakitcə ləpələnirdi. Hər tərəf neft və tullantılarla dolu idi. Neft ləkələrində əks olunan gəminin fənər işıqları gah mavi, gah qırmızı, gah yaşıl mənzərələr əmələ gətirirdi. Gəminin bacasından qəflətən yüksələn qapqara duman qağayıları ürkütdü, amma onlar uzağa uçmadılar, yalnız uzun-uzun qaqqıldadılar. Gəmi yavaş-yavaş limandan ayrıldı… Ayrılarkən üç dəfə fit verdi, sonra mühərikkinin cansıxıcı gurultusu eşidildi. Bir müddət sahil boyu irəlilədi… Və bulvardan uzaqlaşdı. Bibiheybət geridə qaldı. Bayıl burnunun önündən keçərkən, adamlar qaranlığa qərq olan Bayıl qalasını görməyə çalışdılar. Onlar da yüzlərcə ziyalı kimi sıralarını tərk edərək, bu qalanın məhbusları olaraq qandallanmışdılar.
Sergo Orcokinidze içini çəkdi:
– Bu qala, – dedi, – Bakıya heç yaraşmır. Bir gün xalq ayağa qalxıb, Bastiliya kimi dağıdacaq buraları…
Məşədi Əzizbəyov heç düşünmədən Orcokinidze ilə razılaşdı. Əsədullah Axundovsa məsələyə başqa cür yanaşdı:
– Dağıtmaq nəyə lazımdır ki? – deyərək onlara etiraz etdi. – Xeyirli məqsədlər üçün istifadə edə bilməzlər? Şəxsən mənim vətənimdə bir daşın belə yerindən oynadılmasına razı olmaram.
Əzizbəyov, Əsədullahın bir müddətdən bəri inadcıl və narahat olduğunun, deyilən hər sözə qarşı çıxdığnın fərqində idi. Susdular, sonra salona keçdilər. Salonda Rəsulzadə öz dostlarından icazə alaraq onlara qoşuldu. Yenə ilk söz alan Orcanakidze oldu:
– Əsrlər boyu imperiyalar qurub ətrafına qorxu salan İran indi başqa imperialist dövlətlərin müstəmləkəsi halına düşdü.
Rəsulzadə dərhal müdaxilə etdi:
– Mənə görə, – dedi, – Səfəvilər zamanında Cənubi Qafqazı tərkibinə qatan İran İmperiyası öz mənşəyi baxımından bir Azərbaycan dövləti idi. Uzun sürən müharibələrdən sonra Çar Rusiyasının Cənubi Qafqazı öz torpaqlarına qatması nəticəsində Qərb imperialistləri İranı yarı müstəmləkə vəziyyətinə saldılar. Qısası, İranı bu hala gətirən də elə Çar Rusiyasıdır.
Əsədullah heç rahat deyildi:
– Yaxşı, bu vəziyyətdən qurtulmaq üçün, – dedi, – İranın öz xalqının bir təşəbbüsü yoxdurmu?
Məşədi Əzizbəyov ona belə cavab verdi:
– Əlbəttə, var. Doğrusu, bu vəziyyətin nəticəsi, yəni imperialist təzyiqlər inqilab üçün lazımi mühiti hazırlamaqdadır. Xüsusilə bizdəki hərəkatın İran xalqına təsir etməsi danılmaz bir həqiqətdir. Bunu Təbriz üsyanı da təsdiq edir.
– Hakim dairələrin, daha doğrusu, Şahın üsyanlara qarşı mövqeyi necədir?
– Müzəffərəddin şah üsyanı yatızdıra bilməyincə Məclisi toplayaraq, yeni bir nizamnamə ilə birlikdə Məşrutiyyəti qəbul etdiyini elan etdi.
Əsədullah Axundov məsələnin nə yerdə olduğunu bildiyi halda yenə soruşdu:
– Xalqın istədiyi elə bu idi?
– Bəlkə də… İşə bax ki, dörd gündən sonra Müzəffərəddin öldü, yerinə Məhəmmədəli oturdu. Yeni Şah konstitusiya düzəlişinə qarşı idi. Odur ki, Məclisi topa tutaraq bu işə son qoydu.
– Vay-vay, onların vəziyyəti lap cığırından çıxıb ki… Bəs fəhlə, kəndli sinfi? Geri çəkilmədilər, elə deyilmi?
– Qətiyyən, çünki arxalarında biz durmuşuq. Təbriz üsyanı buna canlı örnəkdir. Bir-iki ildən bəri davam edən daxili mübarizənin mərkəzidir Təbriz. Öndərləri də Səttar xan və Bağır xandır… Onlara olan güvən və dəstək üçün… Odur ki biz buradayıq.
* * *
Səhər günəş çıxmadan Elevina gəmisi Ənzəli limanının sahilinə yanaşdı. Əsədullah səyahətinin bir neçə saatını göyərtədə keçirmişdi. Şəhərə yaxınlaşdıqca ürəyi tez-tez döyünür, həyəcanlanmışdı. Bu, onun ilk səyahəti idi. Qazamatda keçən günlərini nəzərə almasaq ilk dəfə ölkəsindən, ailəsindən ayrılmışdı. Gözləri yaşardı. Əli Abbas təzəcə dünyaya gəlmişdi. O, necə bir dünyada yaşayacaq, görəsən? Bu müharibədə qələbə çala biləcəyikmi? İnsanlarımız xoşbəxtliyi dadacaqmı? Bu limanın arxasındakı boş ərazidə bir bulvar salınmalıdır. Sağdakı ağaclığın yaxınlığında da bir teatr. Yoox, hər şeydən qabaq məktəb, kitabxana…
Gömrük nəzarətindən sonra İran torpağına ayaq basdılar. Hər kəsin ayrıca bir qarşılayanı vardı. Əsədullahı Nobel Neftin Reşt şəhərindəki təmsilçisi Rəhim xan Xəlilov qarşıladı. O, Qaziyan səmtində geniş bağçalı, iki mərtəbəli, lazımi əşyalarla təmin edilmiş bir ev kirayəyə götürmüşdü; iş otağı, arxiv…
Nobel müəssisələri üçün bir neçə yerdə depo və yataqxana tikiləcək. Dərhal işə başlanıldı.
Bir həftə sonra Rəhim xan Xəlilov bağçada quzu kəsdi, əla bir ziyafət verdi. Orcokinidze və Əzizbəyov gətirdikləri silahları təhvil vermiş, öz vəzifələrini yerinə yetirmişdilər. Bir azdan vidalaşacaqdılar. Əsədullah Axundov bu məsələlərdə özünü bir az kənarda tutulduğunu hiss etdi, amma səs çıxarmadı. Ziyafətdə yeyildi, içildi və bölgə məsələləri müzakirə edildi.
– Gilanlılar farslardan çox fərqlənir: bir az Şimali Qafqazlıları xatırladırlar; bədən quruluşları, boy-buxunları, xüsusilə ağbəniz, sarışın və mavi gözlülərin daha çox olması…
– Buna baxmayaraq çox primitiv, heç bir ictimai fəaliyyətləri yoxdur, üstəlik, fanatik və cahildirlər; danışdıqları dildə heç bir kitab, qəzet və sənədə imza atmayıblar.
– Gəlin, məsələyə belə baxmayaq. Hakim dilin farscada da heç bir mədəni fəaliyyəti yoxdur burada. İşləyənlər istismar edildiklərinin, yaşayanlar yaşadıqlarının fərqində deyil. Ancaq ilk baxışda, düyü və çay plantasiyası, sitrus meyvələri, zeytun bağları sayəsində buranın qeyri-adi məhsuldar bölgələrdən biri olduğu sayılır… İpəkqurdu yetişdirmək, ipək toxuculuğu da öz yerində…
Danışıqlar Rəhim xan Xəlilovu coşdurdu, araq qədəhlərini doldurduqdan sonra o da söz aldı:
– Sizə haqq verməmək mümkün deyil, – dedi. – Bəli, Rusiya İmperiyası Qafqazı istismar edirsə, Gilanı da İran İmperiyası istismar edir.
– Nə zamandan bəri?
– Ərəblərin İslam adı altında etdikləri fəthlər bizim işimizə yarıyıb, müstəqil olmuşuq, uzun və davamlı bir müddətdən sonra Səfəvilər torpaqlarımızı işğal edərək İrana qatmışlar. Bilirsiniz nə vaxt? On altıncı əsrdə!
– Belə çıxır ki, gec-tez ayrılmalı olacaqsınız.
– Elə şey demədim. Yetər ki, bizi rahat buraxsınlar…
– Bu, sistemin problemidir… Əməyə qarşı sərmayəni əsas götürən sistemlər istismar yolunu tutur. İstismar edən sərmayəyə hakim olandır, ondan qurtulmadıqca belə gəlmiş, belə də gedəcək…
Bu günə yaxınlaşdıqca görürük ki, Səfəvilərdən sonra Ənzəliyə Birinci Pyotr qoşun çıxardı, Pirbazar Rəşt və Lahican kimi Gilanın ən iri şəhərlərini işğal etdi, on ilə qədər əlində saxladı. Bir çox çətinliklərdən sonra bu gün artıq Gilan çarizmin əsarəti altındadır, Ənzəli də onlar üçün giriş qapısıdır.
1908
Şərqşünas macar İqnas Qoldzer Güney Azərbaycandakı Səfəvi dövrünün tarixi abidələrini araşdırmaq üçün çıxdığı səyahət məqsədilə Bakıdan mindiyi Evelina gəmisində Məhəmməd Əmin Rəsulzadə ilə tanış oldu və onun bu sahədə geniş məlumata sahib olduğuna heyran qalaraq, onunla bir yerdə səyahət etməyə qərar aldı. Və beləliklə, bir yerdə Ənzəlidən at arabasıyla Qəzvin istiqamətinə yola çıxdılar.
– Qəzvin monqollara qarşı müqavimət göstərən nadir yerlərdən biridir.
– Müqavimət göstərərək istiladan yayına bilibmi, yəni?
– Xeyr, azad ola bilməyib. Üstəlik, müqavimət göstərdiyinə görə yerlə yeksan edilib. Daş üstündə daş qoymamışdı monqollar. Nəysə… Sonralar yenidən dirçəldi və on altıncı əsrdə Səfəvi dövlətinin paytaxtı oldu.
– Bu, çox yaxşı haldır, dəməli, o dövrün tarixi abidələrini araşdırmağa imkan tapa biləcəyik.
– Bəli, o dönəmdən bəzi mühüm tarixi abidələr Qəzvində hələ də durur: Böyük Məscid, Xumardaş Gümbədi və indi xatırlaya bilmədiyim bir sıra digər abidələr…
– Ora çatanda istədiyimiz kimi gəzə biləcəyikmi?
– Elə bilirəm, hə. Ancaq həmişə gecə vaxtı səyahət etməliyik. Bir də heç kiminlə o qədər də təmasda olmadan… Elə zənn edirəm, səhvə yol vermərik.
Qəzvini heç bir problem olmadan gəzib dolaşdılar. Bundan sonra qüzeyə – Ərdəbilə tərəf yola çıxacaqdılar. Bu dəfə bir qatırçıyla getməyi qərara aldılar. Onlar qatırın belində səyahətə başlayanda qatırçı Qulam Rza səyahətçilərin maraq dairəsinin Səfəvi ilə bağlı olduğunu hiss etdi və səyahət boyunca o dövr şairlərindən, xüsusilə Şah İsmayıl Xətainin şeirlərindən yüzlərcə misra əzbərdən dedi. Səyahətçilər onun yaddaşına heyran qaldılar, dediyi kəlamlardan vəcdə gəldilər.
– Olmaz belə bir şey, – dedilər, – oxumağı, yazmağı bacarmır. Bəs bu qədər şeirsevərliyi hardan qaynaqlanır? Bu qədər şeir əzbərləmək mümkündürmü? Aman Allah, bu nə yaddaşdır?
– Təsəvvür etmirəm, bir ingilis qatırçısı, görəsən, Şekspir, ya da bir alman sürücüsü Hötedən bir-iki bənd şeir əzbər deyə bilərmi? Vətənimə qayıdandan sonra kənd-kənd dolaşıb, bir sorğu-sual aparacağam və bizdəki şeir sevgisinin mənasını araşdıracağam.
Ərdəbildə Şeyx Səfi türbəsini gəzdikdən sonra qaldıqları ünvanda dincəlmək istəyirdilər ki, jandarma tərəfindən şübhəli bilinərək həbs olundular. Uzun sürən sorğu-sualdan sonra qatırçı Qulam Rza və qatırları azad edildi. İqnas Qoldzer ilə Məhəmməd Əmin Rəsulzadə əli-qolu bağlı olaraq Rəştə gətirildilər. Buradakı sorğulama qısa sürdü. Azadlığa buraxılandan sonra şərqşünas öz ölkəsinə geri qayıtdı. Məhəmməd Əminsə Ənzəlidəki “Hümmət” qrupunun üzvləri və yerli inqilabçılarla birlikdə yol boyunca nələrisə müzakirə edə-edə Tehrana yola düşdülər.
– Qafqaz bizim İranın bölünməz bir parçasıdır. Aralıq sakitləşincə gəlib oranı zəbt edəcəyik. Qafqazı Səfəvilər fəth etmişdi.
– Dinləyin, dostlar! Bir yeri işğal etməklə oranın sahibi ola bilməzsən. Necə ki, Böyük İsgəndər İranı və bütün Yaxın Şərqi fəth etmişdi. İndi makedoniyalılar durub “İran bizimdir!” deyirlərmi? Ya da Napoleon Şərqi Avropanı, Rusiyanın yarısını almışdı, fransızlar “Rusiya bizimdir!” deyirlərmi? Qafqaz iki qitə arasında olduğuna görə bəzi ölkələrin işğalı altına düşə bilər. Buna baxmayaraq tarixin müxtəlif mərhələlərində müxtəlif adlarla müstəqil və suveren bir bölgə olub. Məsələn, romalılar zamanında Albaniya olaraq, orta əsrlərdə Arran və Şirvan dövlətləri vardı. Səlcuqlar dönəmindəsə ölkəni Azərbaycan Atabəyləri idarə etdilər. Səfəvilər hər iki Azərbaycanı bir araya gətirib, bütöv Azərbaycan yaratdılar. Sonra xanlıqlar quruldu, bunlar da yerli idarə üsulu idi. İndi də Çar Rusiyasının işğalı altındadır. Amma onun heç vaxt dəyişməyən bir dəyəri var: Azərbaycan azərbaycanlılarındır!
Yol yoldaşları bir-birinin üzünə baxaraq susmağı üstün tutsalar da, buna ürəklərində əsla razı deyildilər.
Tehranda Məhəmməd Əminin ulduzu tez parladı. Görkəmli istiqlalçı Abulziya, sahibi olduğu “İran-e Nov” qəzetinin redaktoru vəzifəsinə təyin etdi. Məhəmməd Əmin qəzeti çağdaş formaya gətirərək davamlı yazılarını çap etdirirdi. Farsca yazdığı yazıların tək hədəfi Çar Rusiyası idi və öz düşməninə sosialist düşüncələriylə hücüm edirdi. Bu səbəbdən, ətrafında olan bəzi sosialistlərin diqqətini öz üstünə yönəldirdi. Onlarla mübarizəsi üç il davam etdi. Axırda demokrat hökumətin yerinə sosialistlər gələndə, rus konsulu, İranın Baş qərargah rəisi Məhəmməd Vəlixandan Rəsulzadənin ölkədən çıxarılmasını tələb etdi. Qanunla o, bunu edə bilərdi, çünki Rəsulzadə Rusiya vətəndaşı idi.
Rəsulzadə yır-yığış edərkən çox savaşlarda silahdaşı olmuş, beş il bundan qabaq Bakıda tanış olduğu Heydər Əmioğludan ayrılmaq məcburiyyətində olacağına görə kədərlənirdi. Səttar Xanın təklifilə Xoy valiliyinə təyin olunan Heydər Əmioğlu İran Məşrutə Hərəkatının ən güclü insanlarından, bəlkə də, Güney Azərbaycanın ən inanılmış, sadiq öndərlərindən biri idi.
Rəsulzadə oradan İstanbula keçdi. Osmanlı İmpreiyasındakı qarışıqlıq zənn edildiyindən daha çox idi. Məmməd Əmin bir il yarım ağır iqtisadi şəraitdə yaşadığına baxmayaraq fəaliyyətini davam etdirdi. Axırda isə nə Bolşeviklər Partiyasının, nə də onun mətbu orqanı olan “Hümmət”in ölkəsinin gələcəyini bir yana çıxara biləcəyinə inanmadığını yazdı Bakıdakı dostlarına.
Bakıda Təzə Pir Məscidinin yanında Abbasqulu Kazımzadəni dəftərxana dükanı vardı. Rəsulzadə ölkədən ayrıldıqdan sonra milliyyətçi gənclər bu dükanın arxasındakı otaqda toplaşırdılar.
Bir sərin payız günü Tağı Nağıyev, Məmməd Əli Rəsulzadə dükanda görüşdülər. Abbasqulu İstanbul məktublarını müzakirə mövzusu etdi. Ondan sonra Tağı söz aldı:
– Güney Qafqazda gürcü, erməni və rusların siyasi partiyaları varkən bizimki niyə olmasın? Məhəmməd Əminin məktublarında həmişə buna bir işarə var. Tam vaxtıdır indi. Gəlin yaradaq partiyamızı, – dedi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?