Текст книги "Əmim Hamlet"
Автор книги: Eldəniz Qurtulan
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
Bir həftəlik mübahisə və fəalliyətin sonunda “Müsavat” partiyasının əsası qoyuldu. Bu partiyanın məqsədi müstəqil yaşayan müsəlmanların istiqlaliyyətini qorumaq və itirilmiş olanların yenidən qazanmalarına yardımçı olmaq, müsəlmançılığı müdafiə etmək və qorumaq təməli üzərində idi.
Müsavat partiyası sürətlə üzvlərinin qeydiyyatına başlamaq məqsədilə Qafqazın hər tərəfinə nümayəndələr yolladı.
Abbasquluya görə, Balkan müharibəsi başlayanda Qafqaz müsəlmanları arasında izahedilməz miqyasda böyük bir həyəcan dalğalanırdı.
– Bir partiya olaraq bu həyəcanı Osmanlı müsəlmanlarının xeyrinə istifadə etmək lazımdır.
Tağı Nağıyev isə hazırlıqsızdı:
– Bəylər, gəlin boyumuzu aşan işlərə girişməyək! Yoxsa ifşa olunarıq, polis hamımızı həbs edib, axırımıza çıxar.
– Həbs olunmaqdan qorxuruqsa, gəlin elə bu başdan işə son qoyaq, qurtarsın getsin!
– Xeyr, o mənada demədim. Nə deyirsiniz edək. Amma elə edək ki, hər şey qaydasında olsun, yəni məxfilik sərhədini aşmayaq.
Axırda oturub bir plan hazırladılar. İlk növbədə bir müraciət yazmaq qərara alındı.
– Mən Məhəmməd Əmin Rəsulzadənin məktublarına istinad edib müraciəti hazırlayaram. Məsələ məlumdur, bizimkilərin Osmanlı müsəlmanlarına yardım etmələri…
– Bəs çapı? Hansı mətbəə bizim müraciətimizi çap edər?
– Hər halda gedib, “gəl, qardaş, bu müraciəti bizim üçün çap elə” deyəcək deyilik, hər işin bir yol-yolağası var…
– Ha, ha, ha…
– Niyə gülürsən?
– Sözüm bu məclisdən uzaq, siçovullar pişiyin acgözlüyündən canlarını qurtarmaq üçün yığışıb qərar qəbul ediblər: əgər pişiyin boynuna bir zınqırov taxarlarsa, onun gəldiyini eşidib qaça biləcəklər. Mətbəxi, döşəmənin altını axtarıb, axır ki, münasib bir zınqırov, bir də gözəl lent tapa biliblər. Hə-ə, indi zınqırovu pişiyin boynun kim taxacaq?..
Bəllidir ki, bəziləri üçün siyasi fəaliyyət həyəcanverici bir macəradan irəli deyildi hələ. Nə isə, müraciəti “Orucov Qardaşları” mətbəəsində, sahiblərindən gizli olaraq, Abbasqulunun dostu Seyid Hüseynin köməyilə və partiya üzvü olan yığıcıların əlbirliyi ilə çap olundu. Abbasqulu gizlincə müraciəti Tiflisə apardı və ordan lazım olan ünvanlara göndərdi. Bu fəaliyyətin nəticəsində xalq arasında istənilən ajiotaj yaradılmışdı. Qafqaz müsəlmanları Bakıdakı Osmanlı konsulluğunun önünə yığışaraq Osmanlı müsəlmanlarına “Hilal-i Ahmer” (Qızıl ay) yoluyla kömək əlini uzatmaq istədiklərini bildirdilər. Bu aksiyadan qorxuya düşən Çar hökuməti konsulluğu bağladı və bunun arxasınca gecədən xeyli keçmiş Məmməd Əlinin evinə polis basqın etdi, amma heç bir sənəd tapa bilmədi.
– İstanbulda olan qardaşınız Məhəmməd Əmin Rəsulzadə sizə bir müraciət göndərib, siz də onu müsəlmanlar arasında dağıtmısınız, – deyə polis Məmməd Əlini ittiham edirdi.
– Bilin ki, mənim xaricdə qardaşım yoxdur. Məmməd Əminə gəlincə, qohumumdur. Əmim oğludur. O da qətiyyən mənə müraciət-filan göndərməyib ki, mən də onu harasa dağıtmış olum.
– Yoxsa inkar edirsən?
Təzyiqlər, hədə-qorxu, işgəncə… Amma fayda yox…
Məhəmmədəli bir yol tapıb, Bakıdan Xəzər Dənizi vasitəsilə Türküstana – Buxaraya qaçdı.
Hardan biləydilər ki, Yusif Ziya Talıbzadə adlı bir müsavatçı bildirişi özüylə İstanbula aparıb və orda “Sebilür-Rəşad” dərgisi bildirişi olduğu kimi çap edərək, Qafqaz müsəlmanlarına heyranlıqlarını könül borcu hesab etmişdi.
Məmməd Əlini Buxarada təqib edən gizli polis onu həbs edə bilmədi, Məhəmmədəli yenə Bakıya qayıtdı, yalnız bu dəfə iş çox təhlükəli olduğu üçün Bakıdan İrana qaçmalı oldu.
1913
Romanovlar sülaləsinin üç yüz illiyi bütün Çarlıq əyalətlərində böyük şənliklərlə qeyd edildi və hakim dairələr hər cür məhbusu, vicdan məhbuslarını belə əfv etmək qərarı aldı. Nəticədə hər bir siyasi düşüncə sahibi şəxslər yenidən üsyana başladılar.
Abbasqulunun dükanının arxa otağında İstanbuldan gələn Şərif bəy danışırdı:
– Mənim, “şöyləli, böyləli”, yəni Osmanlı ağzıyla danışdığıma baxmayın. Mən əslən Şirvanlıyam, amma İstanbulda oxumuşam, indi də müəllimlik etdiyimdən bu cür danışmağa adət etmişəm. Məni İttihad və Tərəqqi partiyası göndərib. Müsavat Partiyasının liderlərilə görüşməliyəm.
– Buyurun, mən Abbasqulu Kazımzadə, bu da Məhəmməd Əmin Rəsulzadədir. Hər ikimiz də partiyanın qurucularındanıq. Buyurun əyləşin. Sizi dinləyirik.
– İttihad və Tərəqqi firqəsi fəaliyyətinizi diqqətlə izləyir. Bu arada sizdən bəzi istəkləri var.
– Nə kimi?
– İndi sizə başa salaram. Öncə Tərək çayının üstündəki körpünün uçurulması!
Abbasqulu ilə Məhəmməd Əmin təəcüblə bir-birinin üzünə baxdılar. Aydındır ki, ondan belə bir söz gözləmirdilər. Məhəmməd Əmin yavaş bir səslə:
– Başqa? – deyə soruşdu.
Şərif bəy:
– Bir də Qafqazda geniş miqyasda bir üsyan… – dedi.
Abbasqulu:
– Hə-ə? – deyə təəccübünü gizlətmədi.
Şərif bəy sözünə davam etdi:
– Xərclər qarşılanacaq! Yəni, lazım olan pul hazırdı! Ödəməni mən edəcəyəm. Partlayıcı və silahlar İran yolu ilə alman səfirliyi vasitəsilə sizə göndəriləcək!
İkisi də təəcüblü olduqlarını ifadə etməməyə çalışdılar. Axı ,onlar partiya qurmuşdular. Odur ki, mübarizə yollarında hər şeyi təcrübədən keçirmək lazım gəlirdi. Bələliklə, o işə də qol qoydular.
Şərif Bəyin verdiyi bir yığın kağız pulun yanında bir də “parol” vardı. Əvvəlcə İranda Rəşt kəndindən olan Ağabala Əlizadə adlı müsavatçının dostlarının köməyi ilə paroludan istifadə edərək Tehrandakı alman səfirliyi ilə əlaqə quruldu. Bombalar Ənzəliyə, oradan da gəmi ilə Bakıya gətirildi.
– Biz indi bu bombaları hara qoyacağıq?
– Neçə dənədir?
– Beş.
– Yaxşı, oldu, bura gətirin.
Bombalar Abbasqulu Kazımzadənin dəftərxana dükanının arxasındakı toplantı otağına aparıldı və malların altında gizlədildi.
– Bomba üstündə müştərilərə dəftər-qələm satmaq, bomba üstündə oturub toplantı etmək sizə o qədər də asan gəlməsin!.. Heç ağıla sığan şey deyil…
Abbasqulu bombaların dükanda gizlədilməsinə də qarşı çıxırdı, amma başqa əlac yox idi. Onları götürüb evə də apara bilməzdi.
Dərhal Quzey Qafqazdakı partiyalılara xəbər edildi. Dağıstanlı rəhbərlərlə əlaqə yaradıldı. Axırda ortaya çıxan Uzun Xoca bu işi boynuna götürdü. Tərək çayının üstündəki körpünü Uzun Xoca partladacaqdı.
– Sabah dərhal inanılmış bir müsavatçını Dağıstana, Uzun Xocanın yanına göndərəcəyik.
– Mütləq bu işlərdən başı çıxan biri olmalıdır. Çünki bu, aksiyanın ən həssas nöqtəsidir. Üstəlik, o adama pul da verməliyik.
– İnşallah, üzü ağ çıxarıq bu təcrübədən. Bizim üçün bu, çox vacibdir.
Üç gündən sonra bombalar, bir neçə sandıq silah, xeyli miqdarda pul Uzun Xocaya çatdırıldı. Hər şey qaydasında olduğunu düşünərkən xeyli gözləməli oldular. Üç gün, beş gün, bir həftə, həftələr keçdi, səs-səda çıxmadı. Bir ay sonra göndərilən kuryer geri qayıtdı. Abbasqulunun dəftərxana dükanının arxasında onunla görüşdülər.
– Uzun Xoca məni Mahaçqalanın girişində böyük qonaqpərvərliklə qarşıladı. Amma bombaları, silah-sursat sandıqlarını və pulları alar-almaz ortalıqdan qeyb oldu, yağlı əppək olub göyə çəkildi, axtar ki axtarasan. Hər gün körpünün partladılmasını görmək üçün dağın ətəyində durub, saatlarca oturub gözlədim. Nə gələn var idi, nə gedən. Körpü də göz dağı kimi öz yerində dururdu. Axır ki, ötən həftə onunla bazarda rastlaşdıq. Əvvəlcə özünü elə apardı ki, guya, məni birinci dəfə görür, sonra hər şeyi etiraf etdi, bu işdən vaz keçdiyini, bomba və silahların əldən çıxdığını dilə gətirdi… Eh, mənə də geri dönmək qaldı. Çox narahatam, tapşırığı yerinə yetirə bilmədim.
İlk aksiyanın uğursuzluqla nəticələnməsi müsavatçıları ruhdan salmadı. Düşmənə qarşı nə olursa-olsun, bir zərbə endirməyin yollarını axtardılar. Elə bu vaxt onların qulaqlarına bir xəbər çatdı və nə edəcəklərini fikirləşdilər.
– Eşitdiyimə görə, Tiflisdəki Çar ordusu Dəvəboynu sərhəd bölgəsində manevr edərək Osmanlı ordusunu o nöqtəyə çəkib, başqa bir yerdən hücüma keçəcək, yəni Osmanlı ordusuna qəfildən zərbə vuracaq.
– Çox maraqlıdır. Gəlin fikirləşək, bunu Osmanlılara xəbər etmək lazımdır.
– Xəbər verək, amma necə?
– Mən bu tapşırığı öz üzərimə götürürəm.
– Bir planın varmı?
– Osmanlılara burda əlimiz çatmırsa, əlaqə yarada biləcəyimiz yerlər var. Məsələn, Tehranda. Yaxşı, mən Tehrana gedirəm.
– İndi göstər özünü!
Bakı qubernatorluğunda çalışan bir nəfərin köməyi ilə Abbasqulu Kazımzadəyə o vaxtlar tacirlər üçün nəzərdə tutulan müvəqqəti pasport verildi. Çətin bir səyahətin sonunda Abbasqulu Tehrana çatdı. Ancaq təəssüf ki, orada Osmanlı səfirliyi fəaliyyətini dayandırmışdı. İndi nə etsin? Uzun-uzun fikirləşəndən sonra çarəni Amerika Birləşmiş Ştatlarının səfirliyində tapdı. İçəri daxil oldu, səfirliyin məsləhətçisi ilə görüşüb, hadisəni bacardığı qədər anlatmağa çalışdı.
Məsləhətçi:
– Vallah, bilmirəm nə deyim, – dedi, – vallah, bilmirəm. Əhəmiyyətli hadisədir. Siz çox haqlısınız. Amma bizim də əlimizdən heç bir şey gəlmir. Ən yaxşısı, siz başqa bir yol axtarın, Osmanlı Dövləti ilə başqa bir yolla əlaqə yaradın.
Nəticəsi isə məlumdur. Artıq güc qalmamışdı. Partiya üzvləri çaşqın, rəhbərlər kefsizdi. Belə bir vəziyyətdə Məhəmməd Əmin Rəsulzadə ümümi əfvdən yararlanaraq ölkəsinə qayıtdığı zaman həbs olundu. Ancaq hərbi məhkəmədə mühakimə edildikdən sonra azad edildi və Müsavat partiyasında yaxşı bir nizam-intizam yaratdı.
Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının konqresində deyirdi:
– İslam ümməti olaraq yalnız din birliyini əsas götürməklə indiki vaxtda bir milləti formalaşdırmaq olmaz. Milliliyi önə çəkən ortaq əlamətlərin başlıcası dil, adət-ənənə və mədəniyyətdir. Bu baxımdan bütün Türklər bir ulusdur. Biz də bu ulusdan olan bir xalq. Dövlətin milli kökü varsa, dövlətdir. Millilik dinə deyil, dilə və mədəni dəyərlərə söykənir. Bugünkü halı ilə dağınıq olan böyük Türk dünyasının vaxt gələcək birləşərək və bir-birinə daha sıx bağlanaraq bir millət kimi formalaşdıracağına inanıram…
Məhəmməd Əminin nitqi ayaqda uzun-uzun alqışlandı, sonra o, yekdilliklə partiyanın başqanı seçildi.
* * *
Əsədullah Axundovun İran səfəri çətin keçirdi. Buna səbəb onun sağlamlığının pozulması idi. Çiyinlərində, qollarında, boynunda heç cürə sakitləşə bilməyən ağrıları vardı. O, evdən bayıra az çıxır, işlərə nəzarət edə bilmir, bu səbəbdən də fəhlələrlə olan münasibətlərini genişləndirməyi yoluna qoya bilmirdi. Hər şey onu özündən çıxarır, özündən asılı olmadan hirsləndirirdi. Bu isə ətrafındakı adamların narahatlığına səbəb olurdu.
Bir gün yorğun-arğın, yağışlı bir bahar axşamı erkəndən yatağa uzandı. Dolabında bir neçə maraqlı kitab vardı. Onların arasından “Müalicə Kitabı” adlı maraqlı bir kitab seçib vərəqləməyə başladı. Bəzi hissələri oxumağı qərara aldı. Sonra kitabı bağladı, yavaş-yavaş dolabın üstünə qoydu. “Yoxsa, diabetdi?.. Hə, elədir… Davamlı olaraq su içirəm, amma susuzluğumu hec cürə söndürə bilmirəm. Görəsən, nə qədər çəkər? Məncə, çox deyil, gözlərin və böyrəklərin sıradan çıxmasından sonra o qədər də yox… Bəs uşaqlar? Axı, hamısı balacadır. Onlar üçün necə də darıxıram…”
Beləcə, ilk fürsət düşən kimi Bakıya qayıtdı. Gəmi sisli-dumanlı bir səhər çağı Bakı limanına daxil oldu. Sahildə iranlı hamballar onun çamadanlarını daşımaq üçün bir-birlərini öldürməyə hazır idilər; əksəriyyəti də ərdəbilli, sarablı, yəni Güney Azərbaycanlı idi. Öz aralarında bir-birlərini “həmşəhri” dediklərindən, onları “həmşəri” deyə çağırırdılar. Əsədullahı evə bir fayton gətirdi. Evdə özünü saxlaya bilmədi, gözləri yaşardı və uşaqları bir-bir bağrına basdı.
Dərhal arayıb tapdığı da “Müalicə Kitabı”nın müəllifi Dr. Əbdülxaliq Axundov oldu və onun özünə qoyduğu diaqnozu doktor da təsdiq etdi:
– Baxmayın kitabda yazdıqlarıma, – dedi, – lazımi qədər pəhriz saxlasanız bir ziyan olmaz. Şirin şey, xəmir yeməkləri yeməyin. Gündə bir neçə dilim kəpəkli çörəklə kifayətlənin. Hələlik, əlimizdə hər hansı bir dərman yoxdur. Şəkər xəstəliyinin dərmanı pəhrizdir.
– Kitabda katarakta var, böyrəklərin iflası var…
– Başınızdan çıxardın, bunlar hamıda olmur. Üstəlik, dərhal katarakta olmursan ki! Siz, sadəcə, pəhriz saxlamalısınız… Unutmayın, stressdən də uzaq durmaq lazımdır. Ən vacibi, ayaqlarınıza diqqət edin. Şəkər xəstəliyində ayaq yaraları yaxşı sağalmır.
Verilən məsləhətlərin heç bir faydası olmadı. Ağrılar gündən-günə çoxalır, çoxaldıqca da o, günün çoxunu evdən kənarda – partiyada, dərnəkdə, kitab mağazasında keçirmək istəyirdi.
Bircə dolanışıq problemi vardı… Güzaranını keçindirmək üçün hərdən keçmiş patronu Əlibala Əliyevin, bir də məşhur zərgər Çinçaradzenin yanında işləməyə məcbur idi. Belə bir vaxtda, qəflətən partiya ondan İstanbula getməsini, oradaki Gənc Türklər Hərəkatını yaxından araşdırmasını istədi.
Təklif birbaşa Nəriman Nərimanovdan gəldi:
– Vaxt itirmədən Batuma, oradan da gəmi ilə İstanbula getməlisən, hadisələrin hansı yöndə inkişaf etməyini görməyin bizim üçün çox vacibdir.
Nərimanov danışarkən gözlərini ondan qaçırırdı. Sanki cümlələrinə sözləri güclə yerləşdirirmış kimi bir halı vardı. Əsədullah bunun fərqindəydi, ürəyində: “Yoxsa məndən canlarını qurtarmaq istəyirlər? Artıq partiyaya çox da faydalı ola bilmirəm… Xəstəyəm, bir də özümdən aslı olmadan hər şeyə acığım tutur, hamıyla qovğa edirəm…” – deyə düşündü.
Nəriman Nərimanov sözünü bitirərək, onu cavabını gözlədi. Əsədullah bilərəkdən susdu və bir müddətdən sonra:
– Belə başa düşürəm ki, oradakı hadisələrin hansı tərəfə inkişaf etməsi maraq doğurur … – dedi.
– Bəli.
– Top-tüfəng də götürəcəyəm?
Nərimanov sanki onu eşitmədi.
– İstanbulda çox yaxşı alman həkimlər var. Bu, bir fürsətdir, yerində olsaydım, ora getmişkən onlara da baş çəkərdim.
Bir-birindən soyuq vidalaşmayla ayrıldılar.
Səfərin ağır şərtləri və pəhriz saxlamamaq qisa müddət ərzində xəstəliyini ağırlaşdırdı. Təcili geri qayıtdı. Qayıdan kimi də Partiyanın Mərkəzi Komitəsində köhnə günlərini xatırladan ümumi yığıncaqlarda verdiyi hesabatla yanaşı səyahət zamanı müşahidə etdiklərini də anlatdı.
– Osmanlılar İttifaq Dövlətlərilə qarışılıqlı anlaşma yollarını tutsalar da hadisələrin gedişi imperialist güclərin əlindədir. II Məşrutənin elanından bəri ortaya çıxan Osmanlı millətçiliyi o mühitdə yox kimidir. Ermənilərin muxtariyyət tələbindən sonra, ərəb millətçilik axınları da gündəmə gəlmiş vəziyyətdədir. Militarist Turançılıq ideologiyası getdikcə formalaşarkən almanların bank oyunları və bir qədər irəlidə ingilislərlə Çarlığın razılaşması Osmanlının məhvini reallaşdırır. Hesab edirəm ki, bu regionda ortaya çıxa biləcək hər hansı bir savaşın nəticəsində altı yüz illik Osmanlı imperiyası adında geridə heç bir şey qalmayacaq.
– Bizi təəccübləndirirsiniz, Əsədullah Axundov. Bu sahədəki düşüncələrinizə dair çox müzakirələrimiz olacaq.
– Yaxşı, müzakirə edərik. Fikirlərimi hesabatımda daha ətraflı qələmə almışam. Əvvəlcə, yaxşıca araşdırılması lazımdır.
– Əlbəttə ki, araşdırılacaq.
– Ümid edirəm.
– Yoldaş Axundov, bizə bir az da ictimai hərəkətlərdən danışa bilərsinız?
– Bəli. Belə deyə bilərəm: son beş ildə sosialist ziyalılarının ilk siyasi təşkilatlanma addımlarını atdığını görürük, – deyə bu mövsuda söz açan Əsədullah Axundov danışdıqca yorğunluğu və ağrılarının artdığını hiss edir, getdikcə cümlələrini qura bilmir və səndələyib yerə yıxılaraq hamını qorxutdu.
Bir də gözlərini xəstəxanada açdı.
Oğlu, üç qızı, həyat yoldaşı ətrafındaydı. Hamısı da gözü yaşlı baxırdı ona. Bəlkə də, özünə gəlməyəcəyini zənn edirdilər. O, gözünü açan kimi otağın içində sanki canlanma baş verdi. Bir-biriylə xısın-xısın danışanlar…
Həkim Əbdülxaliq onun üstünə əyilib gözlərini yoxlayırdı.
– A mənim gözəl qardaşım! Niyə bu qədər özünü yorursan? Bax, coluq-çocuğun da narahatdır… Özünə yazığın gəlmirsə, heç olmasa, onlara yazığın gəlsin.
Əlacı olsaydı qalxıb hamısına bir-bir sarılar, öpərək oxşayardı…
Yorğun idi. Yumdu gözlərini. Gözlərini yumunca da başı fırlanmağa başladı. Sanki havada uçurdu. Yüngülləşmişdi. Sudaymış kimi… Amma suda deyildi. Yüksəlirdi, bədənindən zərrə-zərrə nələrsə ayrılıb yüksəlirdi… “Möhkəm olmalıyam! – deyə bildi ürəyində. – Evin xəbəri varmı? Az əvvəl gördüm hamısını… Nə vaxt? Elə indicə. Cavadın, zavallı Cavadcığın solğun bənizi… Törənin islaq burun dəlikləri… Səriyyə? Səriyyə də buradaydı? O da çox yorğundu, qurtular mənim yükümdən…”
Açdı gözünü. Atasını boyu uzunu otağın orta yerində uzandırmışdılar. Hamı ağlaşırdı… O isə ağlaya bilmirdi. Kaş ki, ağlayaydı, boğazındakı düyün açılaydı. Ağlaşanların hamısı əl-ələ verib, onu da atasının yanına uzatdılar. Atası qırx beş, özü qırx yaşındaydı …
* * *
Heç gözləmirdi, ancaq müqavimət göstərə bildi. Həm də sürətlə sağala bildi. Xəstəxanadan çıxan kimi Buzovnadakı bağ evinə köçdülər. Bir çox kitab oxudu, qeydlər etdi. Demək olar ki, heç kimlə görüşmədi.
Uzun bir zamandan bəri marksist fəlsəfəyə dair yazmağı düşündüyü məqalələrini qələmə almağa başladı. Yazı yazmaq onu fiziki ağrılarından və ruhi sıxıntılarından uzaqlaşdırır, getdikcə yaşamaq sevincini canlandırırdı. Bircə şeyi çatışmırdı – bu sevinci heç kimlə paylaşa bilmirdi…
Otağında saatlarla, hətta günlərlə oturub oxusun, ya da yazı yazsın, yorulub yuxulasın, ya da özünü unutsun… Bir dəfə də olsun, onu yoxlamaq, nə vəziyyətdə olduğuna baxmaq, bir ehtiyacı varmı deyə maraqlanmaq gəlmədi həyat yoldaşının ağlına. Bəlkə də ölsə, günlərlə bu otaqda qalıb iylənərdi.
Bir vaxtlar kitabda maraqlı bir fikir tapanda, ya da ən önəmlisi gözəl bir yazı yazanda, həyat yoldaşı ilə bu gözəlliyi paylaşmağa can atardı; onun biganəliyini, hətta laqeydliyini dəf etməyə çalışırdı ümidini itirmədən.
Bir gün qalxıb şəhərə getdi. Yazdığı məqaləsini qəzetə verdi. Partiya mərkəzinə baş çəkdi, dostlarıyla görüşdü, çətinliklərini dilə gətirdi. İkinci dəfə təcili tapşırıqla İstanbula göndərilmək məsələsi ortaya çıxandasa ona elə gəldi ki, onu başdan eləmək üçün bu üsula əl atırlar… O, bu səfərində bir təsadüf nəticəsində Məhəmməd Əmin Rəsulzadəyə rast gəldi. Rəsulzadə onu Türk Ocağına apardı. Orda həmvətənləri Əhməd bəy Ağaoğlu və həkim Əli bəy Hüseynzadə ilə görüşdü. Və dövrün görkəmli ziyalılarından Ziya Göyalp, Yusuf Akçura və Həmdulla Sübhi ilə tanış oldu.
Həmdulla Sübhi:
– Mən, daha doğrusu, biz hamımız Azəriləri çox sevirik, – deyə sözə başladı. – Sizi aramızda görmək, sizinlə bir məkanda olmaqdan xoşbəxtik. Bura, yəni Türk Ocağı İkinci Məşrutədən bəri formalaşan Türkçülük hərəkatları ərəfəsində qurulan, millətçilik anlayışına bağlı bir mədəniyyət cəmiyyətidir. Bu cəmiyyət Osmanlı İmperiyasının Balkan Savaşında düşdüyü ağır məğlubiyyətdən sonra, ərəblərin, kürdlərin, rumların və ermənilərin qurduğu yarısiyasi, yarımədəniyyət cəmiyyətləri ilə bir vaxtda Ziya Göyalp, bəndəniz və bəzi dostlarımız tərəfindən quruldu. Elə o vaxtdan da gənclərimizin diqqətini özümüzə cəlb edə bildik. Odur ki, qısa müddətdə ölkənin hər yerində şöbələr aça bildik. Bir də “Türk Yurdu” adında jurnalımız var; görüşlərimizi əks etdirir. Böyük bir fərəhlə qeyd eləyim ki, yurddaşımız Məhəmməd Əmin Rəsulzadə də yazılarını bu jurnalda nəşr etdirir.
Ziya Gökalp çox qısa danışdı. Əhməd Ağaoğluna növbə gələndə, onun söbəti bir qədər uzun çəkdi. Əsədullah hər müsahibini səbirlə dinləyərək heç kimlə mübahisə etməməyə çalışırdı. Ancaq onların fikirlərilə razılaşmadığı üz ifadəsindən aydınca sezilirdi. O, özünü onlardan daha ayrı bir yerdə, bəlkə də, daha irəlidə görürdü.
Bir Ramazan günü idi. İstanbul başdan-başa niyyətliydi. Hamı oruc tururdu. Günortayadək heç kim evindən bayıra çıxmır, işə getmirdi. Kafelər, qəhvəxanalar bağlı idi… Ancaq gün batdıqca insanlar yavaş-yavaş küçəyə çıxmağa başlayırdılar. Beləcə, iftardan sonra hər yan canlanırdı. Məscidlər, işıq saçan minarələriylə səhərədək möminlərlə dolub-daşırdı.
Bizimkilərə gəlincə, molla məktəbində oxuduqları, həm də hafizlik rütbəsinə çatdıqlarına baxmayaraq, nə oruc, nə namaz, nə də başqa bir dini vecibəylə maraqlanır… üstəlik, ətrafdan çox fərqli, olduqca şıq və gözəl geyinməyə üstünlük verirdilər.
Top atılmasını gözlədilər. Top atıldı. Hamı Bəyazitdəki Küllük qiraətxanəsinə gələrək boş stullarda əyləşdilər. Küçə smitçisi, kətəçisi, qutabçısı da onlarla birlikdə içəri doluşmuşdu. Hamısı da gətirdiklərini bir göz qırpımında satırdılar. Hər kəs tələsik orucunu pozur, iftarını açırdı. Bir az kənarda qəhvəçi, divar dibinə düzdüyü qəlyanların içindəki təmbəkilərin üzərinə kömür yerləşdirməklə məşğul idi.
Rəsulzadə maraqla ətrafı seyr edərək, gözlərini müsahibinə çevirir:
– Nəticədə, “Turan” düşüncəsi bəlkə irəlidə gerçəkləşəcək bir xəyaldır. Nə deyirsən bu haqda? – deyə sözə başladı.
– Xəyaldır, amma bununla birlikdə, Türkçülüyün son hədəfi olaraq Turançılığı yaşayırmış kimi çox yaxında görürlər.
– Xeyr, bu, çox yaxında ola bilməz. Ziya bəy Turançılıqdan əvvəl, siyasi, sosial, mədəni və bənzər səbəblərə görə Türkiyəçilik, Türkmənçilik mərhələlərindən keçməyi də önə çəkər…
– Hər halda bunlar, bəlkə də, xoş və gözəl xəyallardır. Amma təbii ki, elə xəyal olaraq qalmağa da məhkumdur. O, heç bir vaxt reallaşmayacaq.
– Niyə?
– Bəlkə, düşüncələrimi söyləməyim yersizdir, amma sən maraqlandığın üçün deməyə məcburam…
Qəhvəçinin köməkçisi tələsik masanın üstünə iki tas ayran qoydu. Yaşlı bir kişi smitini onlarla paylaşmaq istəyirdi… O elə zənn edirdi ki, onlarda oruc açırlar. Rəsulzadə qəhvəçinin köməkçisinə dönərək:
– Ayran istəmədik, – dedi, – qəhvə…
Əsədullah ona haqq verdi:
– Sadə olsun… – ikisi də qəhvəçinin getməsini, smitini paylaşmaq istəyən qocanın geri dönməsini gözlədi. Əsədullah davam etdi, – Osmanlı İmperiyası yıxılırmı? Bəli, yıxılır! Yəni, artıq Osmançılıq konsepsiyası ilə İmperiyaya bağlı olan xalqları bir yerdə tutmaq imkansızdır… Nə etməli imperiyanın ömrünü uzatmaq üçün? Adlarına “zorakı Türk” deyilən xalqları bir bayraq altınamı toplamaq lazımdır?
– Bax, burada yanılırsan. Niyə onlara zorakı Türk deyirsən?
– Hə-ə… Səhv anlama, bu, mənim fikrim deyil. Bir yerdə oxumuşdum ki, Türk ordusunda bir Paşa əsgəri yoxlamaq üçün ondan soruşur:
– Haralısan, əsgər?
Əsgər:
– Osmanlıyam, Paşa həzrətləri! – deyərək cavab verir.
Paşa hirslənib deyir:
– Türkəm desənə!
Əsgər:
– Əstəğfurullah, Paşa həzrətləri, – deyə ona cavab verir.
– Mən də bilirəm bu lətifəni, – deyən Məhəmməd Əmin Rəsulzadə qəhqəhələrlə güldü və, – haqsız deyilsən, – deyə əlavə etdi, – türkcə danışdığımız, Türk olduğumuz qəbul… Türkçülüyə gəlincə, bütün Türkləri “Turan” adı verilən bir dövlətdə birləşdirmək praktikada qeyri-mümkündür, məncə. Bu da bir imperiya olar, azlıqda olan millətlər bunu qəbul etməzlər. Bu haqda yaxşı-yaxşı düşünüb daşınmalıyıq. Haqlısan.
– Amma haqqında düşünməli olduğumuz daha çox həll olunmalı məsələlər var.
– Doğrudur.
Küllük qəhvəsində həzin-həzin saz dillənirdi.
Axundov Bakıya dönüncə nə görüşdüyü Türkçülərdən söz açdı, nə də ayaqlarında açılan yaralardan kimsəyə bir şey dedi. Səriyyə çox uşaq doğduğuna görə xəstə idi. O, bir dəri, bir sümük və olduqca dəymə-düşər olmuşdu… Ev işləri, uşaqların qayğıları, tərbiyəsi, bir də ərinin diabeti…
– Mənə dinləmirsən, – ailə dostu həkim Akop Mesropyan ona deyirdi. – Bütün bu problemlərin həlli, xüsüsilə sənin diabetin üçün bir diyet mütəxəssisi, bir də tibb bacısına ehtiyacınız var. İcazə ver, bu işi mən öz üzərimə götürüm. Bu işi həlli etmək üçün bir şəfqət bacısına ehtiyac var…
Bir yad adamın ailəyə girməsi Əsədullahın ağlına batmırdı.
– Bu, necə olur?
– Qorxma, bir şey olmaz. Həftədə bir neçə dəfə gələcək sadəcə. Yaralarına baxacaq, yeməklərini hazırlayacaq. İstəsəniz uşaqların dərslərinə də köməklik edər, ortalığı belə sahmana salar, ev-eşiyi belə yığışdırar… Beləcə, Səriyyə bacı da bir az dincələr… Hə? Gəl, qəbul elə!
Həkim çox haqlı idi. Bu cür birisinə təcili olarak ehtiyacları vardı. Ancaq Səriyyənin reaksiyası necə olar, görəsən? Bir yerə çıxara bilmirdi Əsədullah bütün bunları.
Nəysə… Uzun çək-çevirdən sonra o, həkim Mesropyana onun məsləhətini qəbul etdiyini evə yeni çəkilmiş telefonla bildirdi. Növbəti həftə sanki Dostoyevskinin romanları arasından Mariya Pavlova adında bir qız gəldi; iri, mavi gözləri, uzun, sarı saçları, balaca çənəsi, xırda burnu… Tərbiyəli, kübar bir tibb bacısı. Azərilərin dediyi kimi, əsl “şəfqət bacısı”. O, ağappaq kraxmallı önlüyü ilə hər səhər tezdən gələr, xəstəsinin ayaqlarını ilıq su və sabunla yuyar, yaralarına dərman çəkər, yeməklərini hazırlayardı. “Otur” dəsələr oturar, səs salmadan kitab oxuyardı. İşlər bitəndəsə izn alıb, evinə gedərdi.
Qonşu qadınlar işin əvvəlində dedi-qodu etməkdən özlərini saxlaya bilmədilər.
– Ay Səriyyə bacı, – dedilər, – güllə yarası deyil, bıçaq yarası deyil, axı nə lazımdır, dərənin urusunu soxursunuz evə. Üstəlik, evdə gənc oğlan da var.
– Gənc oğlan dediyiniz Cavad hələ yeddi yaşındadır, nə boş-boş danışırsınız! Yaraya gəlincə, bəli, güllə, ya da bıçaq yarası deyil, amma yaranın ətrafı döyənək kimi şişib, ortası suluqlayıb, dəri qurumur, qabıq gətirmir, üstəlik də, qan heç dayanmır. Tibb bacısı tez-tez qayçıyla qabaran ətləri kəsir, yaranın ortasını qazaraq təmizləyir… Ta sümüyə kimi… Mən bacarmaram. Baxmağa belə urəyim gəlmir. Həm də o nə sözdür deyirsiniz? “Dərənin urusu” dediyiniz adamlarla uzun illərdi bir yerdə yaşamırsınız? İndi yadınıza düşdü, nədi?
Cavadla əlaqədar, bəlkə də, çox da haqsız olmaya bilərdilər. Marina gələndən sonra, Cavad ev tapşırıqlarını onun köməyilə edir, vaxt qalarsa onunla şahmat da oynayırdı.
* * *
Avropa bir çox ölkələrlə apardığı müharibənin top səslərilə sarsılarkən, Azərbaycanın paytaxtı Bakıda ziyalılarımız dil məsələsilə bağlı amansız bir mübahisəyə girişmişdilər. Bir yandan Osmanlı dilini müdafiə edib, “Qafqaz dilində yazmağın əsasən mümkünsüz olduğunu” irəli sürənlər ilə onların qarşılarında Osmanlıcanı tənqid edib, “Osmanlıca qarışıqdır, Türkcəyə çevrilmədən başa düşülmür” deyənlərin iddiaları bir-birinə düyünlənmişdi.
Mübahisəyə qoşulan Məhəmməd Əmin Rəsulzadə:
– Dil canlı varlıqdır, – dedi, – onun əhəmiyyətini qavrayaraq ümumi funksiyasını dərk etmək üçün, hamı tərəfindən başa düşülməlidir. Məsələyə bu cür yanaşdıqda sizin dediyiniz tezislərin ikisi də çürük görünür. İkisini də rədd edirəm. Şivələr heç vaxt müstəqil dil ola bilməz. Osmanlı dilinə gəldikdəsə, bunun türkcə ilə qətiyyən heç bir əlaqəsi olmadığı fikrindəyəm. Mən sadə və təmiz bir türkcəni müdafiə edirəm.
Rəsulzadə fikirlərini daha geniş kütlələrə çatdırmaq üçün “Açıq söz” adlı qəzetini nəşr etməyə başladı.
“Açıq söz” qəzeti gələcək müstəqil Azərbaycan dövlətinin təməl daşlarını yerləşdirərkən, ətrafındakı geniş xalq kütlələrini öz fikirlərinə bağlaya bildi. Yalnız Azərbaycan və Qafqaz şəhərlərindəki məktəblərdə deyil, bəzi rus universitetlərində oxuyan tələbələr arasında da yaydığı millətçi fikirlər ətrafında bir sıra müstəqil cəmiyyətlər yaratdı. Bu cəmiyyətlər get-gedə böyüdü, birləşdi və böyük inqilabdan sonra qanuni bir konqresdə Müsavat partiyasının sıralarına qoşuldular.
Doğurdan da, “Açıq söz”ün nəşr edilməsinədək, bəzi nəşrlərdə araşdırılmış olsa da, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin şərhlərinədək, liberal və inqilabi milliyyətçilər belə Türk mədəniyyəti, Türk dili və Türk birliyi ideallarına xidmət etdikləri halda, özlərinə “Müsəlman milləti” deməzdilər, mühafizəkar din xadimləri də millət ifadəsini işlətməzdilər, sadəcə “Müsəlman ümmətindənik” deməklə kifayətlənirdilər. Rəsmi Çarlıq yazışmaları da cənubi-şərq Qafqazda yaşayan xalqa hələ də “tatar” deməklə kifayətlənirdi.
– Ancaq səsini hiss etdirmək, milli varlığını başqalarının təzyiqindən qurtarmaq, hər cür haqqını, xüsusilə azadlığını qazana bilmək üçün millilik fikri ətrafında birləşmək, yəni təşkilatlanmaq lazımdır!
Bu sözləri burda toplaşanlar arasında çox axıcı türkcəsi, güclü natiqlik bacarığıyla dilə gətirən gənc, idmançılara bənzəyən bədən quruluşlu, qara, buruq saçlı Əjdər Babazadə idi. O, “Açıq söz” qəzetinin yaratdığı hərəkatın sadiq tərəfdaşı və Rəsulzadənin heyranı idi. Gimnaziyada oxuduğu halda onun dostları məktəbdən deyildi, yaşadığı Çəmbərəkənd məhəlləsindəki gənclərlə, xüsusilə həmişə birlikdə idmana gedib, güləşdiyi və üzdüyü xalasının nəvəsi Məmməd Bibioğlu ilə yaxından dostluq edirdi. İdmanın bu iki növündə ikisi də iddialı idi… Fürsət düşdükcə Nargin adasına qədər birlikdə üzərdilər.
Nargin – Bakının dörd kilometr yarım uzaqlığında bitki örtüyü az olan qorxulu bir adadır. Onun əsas xüsusiyyətlərindən biri də Osmanlı-Rus müharibəsində əsir düşmüş Osmanlı əsgərlərinin əsir saxlanıldığı açıq həbsxana olması idi. Çox ağır şəraitdə, ac-susuz ölümə məhkum edilmiş, gündə qırx, qırx beş nəfərin öldürüldüyü bu əsirləri xilas etməyə, sağaltmağa çalışan gənclər bir komitə yaratmışdılar. Bunlar çox acı bir həqiqət idi…
Axşam qaranlığında adaya doğru üzən Əjdər və Bibioğlu xüsusi su keçirməz torbalarla əsirlərə dərman, siqaret və yemək daşıyır, onları paylayandan sonra da, qaçmağa gücü yetən kim varsa gözətçilərin gözlərindən yayınaraq üzə-üzə şəhərə gətirirdilər. Bəzən də Əjdər onların aralarına qatılar, onlarla diz-dizə oturub və çox bəyəndiyi Anadolu Türkcəsini uzun-uzadı dinləyər, anlamadığı sözləri qeyd edər, mənasını öyrənərdi. Qayıdanda da yaddaşına həkk etdiyi bu yeni sözləri işlətməyə səy göstərirdi. Əslində, qaçırma əməliyyatı Rus qarnizon zabitlərinə rüşvət verərək, xəstələri müalicə etdirmək bəhanəsilə Bakıya gətirmək şəklində gerçəkləşərdi. Bakıya gətirilən əsirlər dərhal hamama, bərbərə aparılır, oradan da İçərişəhərin dar və dolanbac küçələrində aradan çıxarıldıqdan sonra təhlükəsizlikləri təmin edilir, istəsələr vətəninə göndərilir, istəməzlərsə Azərbaycana yerləşdirilir, onlardan ordu və təhsil sahələrində istifadə edilirdi.
Nargin Xəzər dənizində Bakı körfəzindəki adalar qrupunun ən böyüyü idi. Sanki yonulmamış böyük bir qaya parçasıydı. Əsirlər taxtadan düzəltdikləri sığınacaqlar və daxmalarda həyatlarına əlverişsiz bir şəraitdə xəstəliklərlə can çəkişirdi… Nargin gündüzləri çox isti, gecələri həddən artıq soyuq… sürülərlə zərərli böcək, xüsusilə ağcaqanad və əqrəb yuvası ilə dolu bir ada idi. Əjdərin ürəyi bu məzlum insanlara rəva görülən zülmü tədbiq edənlərə qarşı kinlə doldu. O, Məmməd Bibioğluya sarı çevrilərək:
– Niyə bu insanlar ölkələrindən, ailə-ocaqlarından uzaq savaşırlar? Kim qazanır bu müharibədən? Bizim gördüyümüz nəticəni daha əvvəl heç görən olmayıbmı? – deyə onların dərdinə yandı.
– Nəticə belə də ola bilər, başqa cür də. Ən başlıcası savaşda qəhrəmanlıq göstərə bilməkdir.
– Uğrunda döyüşüləcək bir şey varsa, əlbəttə… Yoxsa bir serb millətçisinin Avstriya-Macarıstan vəlihədini öldürdüyünə görə Avropanın ikiyə bölünüb bir-birilə vuruşmalarını ağlıma sığışdırmıram. Sən nə deyirsən?
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?